Xəbər bülleteni №28



Yüklə 3,36 Mb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü3,36 Mb.
#2348
  1   2   3   4   5   6   7   8

Xəbər bülleteni № 28

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Aprel 2016

ABŞ-da yeni görüşlər

01.04.2016

Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə qatılan dövlət və hökumət başçılarının şərəfinə martın 31-i Ağ evdə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın adından nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev həmin gün vitse-prezident Co Baydenlə görüşüb. Co Bayden İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında iki ölkənin yaxşı əməkdaşlıq qurduğunu deyib, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib.

Co Bayden ABŞ-ın Azərbaycanla müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib.

Prezident İlham Əliyev ölkədə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. İlham Əliyev münaqişənin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, bu münaqişənin həll olunmasının vacibliyini vurğulayıb. Dövlət başçısı həmsədr ölkə kimi ABŞ-ın prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib.

Dövlət başçısı Azərbaycanın ABŞ-la siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Söhbət zamanı tərəflər iki ölkə arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib.

Prezidenti İlham Əliyev Nyu-Hempşir ştatının sabiq qubernatoru, ABŞ-ın sabiq prezidenti Corc Buşun aparatının rəhbəri Con Sununu, “Export-İmport” Bankının sədri və prezidenti Fred Hokberq, ictimai xadimlər – “Armitage İnternational” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns, Amerika Birləşmiş Ştatlarının “General Electric” şirkətinin vitse-sədri Con Raysla da bir araya gəlib.





Dollar və avro ucuzlaşıb, rublun kursu qalxıb

01.04.2016

Aprelin 1-də Azərbaycan manatı aparıcı valyutalar qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5421 manatdan 1,5238 manata salıb. Avro da ucuzlaşıb, rublun və gürcü larisinin məzənnəsində isə artım var.

Transparency.az Mərkəzi Bankın məzənnə cədvəlindən seçmələri təqdim edir:

1 ABŞ dolları – 1,5238 manat

1 avro – 1,7331 manat

1 gürcü larisi – 0,664 manat

1 ingilis funt sterlinqi – 2,1843 manat

1 İsveçrə frankı – 1,5859 manat

1 Küveyt dinarı – 5,0465 manat

1 Rusiya rublu – 0,0227 manat

1 türk lirəsi – 0,5395 manat.

“Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm”

01.04.2016




ABŞ-ın aparıcı nəşrlərindən olan “Vaşinqton Post” qəzeti “Azadlıq” radiosunun məhbus əməkdaşı Xədicə İsmayılın “Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin” başlıqlı məktubunu dərc edib.

Azadliq.org-un məlumatına görə, jurnalist yazır ki, cinayət törətmədiyi halda 7 il yarımlıq həbs cəzası çəkir: “Jurnalistəm, yeganə “cinayət”im hökumətlə və prezident İlham Əliyevin ailə üzvləri ilə bağlı korrupsiyanı araşdırmaq olub. İlham Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. 2009-cu ildə konstitusiyanı dəyişib ki, müddətsiz hakimiyyətdə qalsın. Beynəlxalq qurumlar onu “mətbuatın düşməni” adlandırıb. O, həmçinin digər fundamental azadlıqları, insanların həqiqəti bilmək hüququnu pozub.

Əliyev bu həftə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Prezident Obamadan dəvət almaq xətrinə o, bir neçə siyasi məhbusu əfv etməli olub. Onlar həbsdən buraxılsalar da, ölkədən çıxa bilməzlər və beləliklə də, ədalət yerini tapmayıb.

Bu dəvət Əliyevə çox baha başa gəlib. O, illərdir bu məsələ ilə bağlı beynəlxalq təzyiqləri və tənqidləri qəbul etmir. Cavabı belə olur ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ötən ilin dekabrında konqresmen Kristofer Smit “Azərbaycanda Demokratiya Aktı”nı təqdim etdi, insan haqları və azadlıqlarının pozulmasını tanımağa, ayrı-ayrı rəsmiləri cəzalandırmağa çağırdı. Bu layihə qəbul olunmalıdır”.

Jurnalist yazır ki, İlham Əliyevə siyasi məhbusların buraxılması Obamanın əlini sıxa bilmək və ya neftin qəfil ucuzlaşmasından sonra dəyərsizləşən valyutası, axsayan iqtisadiyyatına Dünya Bankından kredit ala bilmək üçün gərəkdir: “Əliyev siyasi məhbuslardan xarici siyasət gündəmində alver predmeti kimi istifadə edir. Onlar da azadlığa çıxdıqlarına görə sevinirlər. Bəzi siyasi məhbusların buraxılmasına görə xoşbəxtəm, çox xoşbəxtəm. Ancaq onların və mənim mübarizəm bitməyib. Mən rəsmilərin heç nə olmamış kimi davranması naminə Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm. Biz həbsxanada və ondan kənarda rejimin girovları olaraq qalırıq. Azadlıq mənim universal və konstitusion hüququmdur, ancaq Əliyev dövlət başçısı kimi onu qoruya bilmədi. Heç vaxt törətmədiyim cinayətə görə əfv istəyən deyiləm. Mən hətta indi, həbsxanada da azadam və azadlığım satlıq deyil.

Beləliklə, prezident Obama, zəhmət olmasa, prezident Əliyevin müstəqil medianı və vətəndaş cəmiyyətini boğmağı dayandırmasını istə. Bir neçə nəfərin mənafeyi naminə “ağ fil” layihələrinə xərclədiyi neft milyardlarının hesabını sor. Ondan soruş ki, nə vaxt azad və ədalətli seçki keçirəcək. Soruş ki, bütün siyasi məhbusları nə vaxt azad edəcək. Soruş ki, fundamental azadlıqlar nə vaxt hüquqa çevrilə bilər, yəni onun verib aldığı hədiyyə olmaqdan çıxar. Bu sualları soruşdum və həbsxanaya düşdüm. Bunlar vacib suallardır. Cavabsız qalmamalıdır. Ədalət tam təmin olunanadək savaşacağıq”.



Xədicə İsmayıl Bakıdakı 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

OPEK yenə neftin qiymətinə görə toplaşır

01.04.2016

Aprelin 17-si Qətərin paytaxtı Dohada neft ixrac edən ölkələri birləşdirən OPEK-in neft nazirlərinin görüşü keçiriləcək. Görüşdə neftin qiyməti ilə bağlı məsələlər müzakirə ediləcək.

AZƏRTAC-ın məlumatına görə, İranın OPEK-dəki keçmiş təmsilçisi Məhəmməd Əli Xətibi bildirib ki, 17 aprel görüşü dünya bazarında neftin qiymətinin yüksəldilməsi məqsədi ilə keçirilsə də, real nəticə verməyəcək: “Çünki neft istehsal edən heç bir ölkə istehsalın azaldılması və ya dondurulması təklifi ilə razılaşmır. Bütün istehsalçı ölkələr ucuzluğa baxmayaraq bazara külli miqdarda neft çıxarır. Belə olan halda neftin qiymətinin artması inandırıcı görünmür”.

Fevralın 16-sı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft istehsalının dondurulması haqqında razılıq əldə ediblər, lakin digər istehsalçı ölkələr bu razılaşmaya qoşulmayıb.

OPEK 1960-ci ildə yaradılıb. Qurumun 13 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador, İndoneziya.

Aprelin 1-i Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 38 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 40 dollara satılır. “AzəriLayt” markalı neftin bir barreli isə 41,29 dollara təklif olunur.

Neftin qiyməti iki ildir düşür. Transparency.az bildirir ki, 2014-cü il aprelin 1-də “Layt” bazarda 101,58 dollara, “Brent” 107,76 dollara, “AzəriLayt” 108,94 dollara gedib.

Jurnalistin ölümünə görə tutulanlara hökm oxundu

01.04.2016



Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə proses yekunlaşıb. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmayıb, onların ittiham olunduqları maddələr 32.5 və 126-cı maddəyə tövsif edilib. Onların hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Transparency.az bildirir ki, Cinayət Məcəlləsinin 32-ci maddəsinin (İştirakçılığın növləri) 5-ci hissəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

126-cı maddə isə qəsdən sağlamlığa ağır zərər vurma barədədir.

ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.

100 milyon dolların cəmi 1 milyonu satıldı

01.04.2016



Aprelin 1-də Mərkəzi Bankın növbəti hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca  100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb, bu vəsaitdən cəmi 1 milyon dolları 1 banka satılıb.

Transparency.az-ın məlumatına görə, Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 254 milyon 326 min dollardır.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

Ali Məhkəmənin sədri illik hesabat verib

01.04.2016


Ötən il Ali Məhkəmədə 2014-cü illə müqayisədə 8,5 faiz çox — 9404 işə baxılıb. 2014-cü ildə bu rəqəm 8668 olmuşdu. Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu faktı Ali Məhkəmənin sədri Ramiz Rzayev aprelin 1-də qurumun ötən ildəki fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Ramiz Rzayev bildirib ki, Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb. Artım mülki kollegiyada 15,2, inzibati-iqtisadi kollegiyada 3,7, cinayət kollegiyasında isə 1,6 faiz səviyyəsində müşahidə olunub. Hərbi kollegiyada baxılan işlərin sayı isə 17,2 faiz azalıb.

Ali Məhkəmənin sədri diqqətə çatdırıb ki, ötən il ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb: “Habelə “Elektron məhkəmə”yə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni “Elektron sənəd dövriyyəsi”nin, məhkəmə kassasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Əvvəlki illərlə müqayisədə 2015-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.

Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də həmin konvensiyanın müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir. Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri təşkil olunur”.

Ukrayna prezidentinin ötən il nə qədər qazandığı açıqlanıb

01.04.2016


Aprelin 1-də Ukrayna prezidenti Pyotr Poroşenkonun 2015-ci il gəlirləri haqda bəyannamə dərc olunub. Novator.az xəbər verir ki, prezident saytında dərc olunan bəyannaməyə görə, Poroşenko 2015-ci ildə 62 milyon 163 min qrivna (2 milyon 371 min ABŞ dolları) gəlir əldə edib.

Rəsmi sənədə əsasən, Poroşenkonun illik əməkhaqqı 121 min 54 qrivna (4 min 617 dollar), dividendləri 12 milyon 375 min qrivna (472 min dollar), digər gəlirləri 49 milyon 375 min qrivna (1 milyon 894 min dollar) olub.

Ukrayna prezidenti qiymətli kağızlar və korporativ hüquqların özgəninkiləşdirilməsindən 1 milyon qrivna (38 min 100 dollar) qazanıb.

Bəyannamədə Poroşenkonun ümumi sahəsi 54364 kvadratmetr olan 6 torpaq sahəsi, 1331,7 kvadratmetrlik yaşayış evi, üç mənzil və 35,3 kvadratmetrlik digər daşınmaz əmlakı olduğu göstərilib.

Sənədə görə, Poroşenkonun adında 3 avtomobil var, onlardan ikisi icarəyə verilib.

Prezidentin bank hesablarında 563 milyon 73 min qrivna (21 milyon 500 min dollar) olduğu qeyd edilir.

Bəyannamədə Poroşenkonun ailə üzvlərinin əmlakı, nəqliyyat vasitələri və gəlirləri də yer alır. Onların illik gəliri 3,3 min dollar olub.

Dollar pəhrizi

01.04.2016



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin