Xəbər bülleteni №19



Yüklə 203,63 Kb.
səhifə1/3
tarix05.03.2017
ölçüsü203,63 Kb.
#10309
  1   2   3
Xəbər bülleteni № 19

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Yanvar 2016

Dənizdə batan iki neftçinin meyiti Bakıya gətirilib

05.01.2016

denizXəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə ötən il dekabrın 4-də baş vermiş qəzada itkin düşən iki nəfərin meyiti yanvarın 3-ü dənizin Türkmənistan sektorunda aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun meyitləri yanvarın 4-də “BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə Bakıya gətirilib.

2015-ci il dekabrın 4-də 10 saylı dərin dəniz özülündə sualtı qaz xəttinin dayaq borusu qırılıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Özüldəki 63 işçidən 33-ü xilas edilib. İndiyədək 10 nəfərin meyiti tapılıb.

Həmin gün “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.

1 dollar 1 manat 56 qəpiyi keçdi

05.01.2016

dollarYanvarın 5-də Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara nəzərən yeni məzənnəsini açıqlayıb. 1 dollar ötən il dekabrın 30-u ilə müqayisədə 1,5594 manatdan 1,5610 manata qalxıb. Avro da isə düşmə qeydə alınıb. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7046 manatdan 1,6895 manata endirib (Məzənnələr).

Ötən il dekabrın 21-dən manat üzən məzənnə rejiminə keçirilib. Həmin gün 1 dolların rəsmi kursu 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. 2015-ci ilin 21 fevral devalvasiyasına qədər isə 1 dolların rəsmi kursu 80 qəpiyə yaxın idi.

“Azadlıq” və “Yeni Müsavat” bahalaşdı

05.01.2016

Azərbaycanın iki gündəlik qəzeti – “Azadlıq” və “Yeni Müsavat” yanvarın 5-dən satış qiymətlərini artırıb. Transparency.az bildirir ki, “Azadlıq”ın satış qiyməti 50 qəpikdən 60 qəpiyə, “Yeni Müsavat”ın satış qiyməti 40 qəpikdən 50 qəpiyə qalxıb.

“Azadlıq”ın redaksiyası 5 yanvar sayında qiymət artımını ötən il dekabrın 21-də baş vermiş devalvasiya ilə əlaqələndirib. Oxuculara müraciətdə qeyd olunur ki, manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb, çap bahalaşdığından vəziyyətə uyğun addım atmaq zərurəti yaranıb: “Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur”.

“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov qəzetin 5 yanvar sayına açıqlamasında qiyməti 50 qəpiyə qaldırmaq qərarının son devalvasiyadan əvvəl verildiyini deyib: “Devalvasiyadan sonra qəzetin 50 qəpik olmasının da elə ciddi bir əhəmiyyəti yoxdur. Ancaq qiyməti bundan çox artırmağı düşünmürük. Çünki bu, oxucuların da alıcılıq qabiliyyətinə bağlı olan məsələdir”.

Ötən il dekabrın 21-dən manat üzən məzənnə rejiminə keçirilib. Həmin gün 1 dolların rəsmi kursu 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu daha yuxarıdır.

Neftin yeni qiymətləri açıqlanıb

05.01.2016



neftDünya birjalarında neft ucuzlaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,95 dollar ucuzlaşaraq 36,82 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar azalaraq 37,28 dollar olub.

AZƏRTAC-ın 5 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,59 dollar ucuzlaşaraq 37,64 dollara düşüb.

Səudiyyə Ərəbistanı və İran: kimin iqtisadi gücü çoxdur?

05.01.2016



seudiyye-iran 1
Yanvarın 2-si Səudiyyə Ərəbistanında 47 məhkum, o cümlədən şiə icmasının liderlərindən olan Nimr əl-Nimr edam edilib. Bu olay İranla Səudiyyə Ərəbistanının münasibətini kəskinləşdirib. BBC-yə istinadla İran və Səudiyyə Ərəbistanı arasında bir sıra göstəricilərə görə müqayisə aparan iqtisadçı ekspert Rövşən Ağayev yazır ki, iki ölkənin ticarət əlaqələri çox məhdud, cəmi 190 milyon dollardır: “111 milyon dollar İranın, 79 milyon dollar isə Səudiyyə Ərəbistanının ixracıdır”.

Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, İran əhalinin sayı baxımından (81,8 milyon nəfər) Səudiyyə Ərəbistanını 3 dəfə üstələyir: “Səudiyyə Ərəbistanının ümumi daxili məhsulu (ÜDM) isə İranın ümumi daxili məhsulundan az qala 2 dəfə artıqdır. Ərəblərin 746 milyard, İranın 416 milyard dollar ÜDM-i var.

İran ordusu heyətə görə (545 min nəfər) Səudiyyə Ərəbistanından 2,1 dəfə irəlidədir. Amma ikincinin hərbi büdcəsi 9 dəfə böyükdür — İran 6,3 milyard, Səudiyyə Ərəbistanı 56 milyard dollar hərbi büdcəyə sahibdir”.

Bina tikintisi ilə məşğul olan şəxslər üçün yeni vergi qaydası təsdiqlənib

05.01.2016

vn 1
Vergilər naziri bina tikintisi ilə məşğul olan şəxslərin ödədiyi əlavə dəyər vergisinin (ƏDV) və sadələşdirilmiş verginin nəzərə alınması qaydasını təsdiqləyib. Transparency.az-ın məlumatına görə, sənəd Vergi Məcəlləsində yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər qanununa əsasən hazırlanıb. Qayda tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin qanun qüvvəyə minənədək ödədiyi ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması üçün zəruri şərtləri və tələbləri müəyyən edir.

Qaydanın mətni

Silahlı Qüvvələrə Yardım Fondunda nə qədər vəsait toplanıb?

05.01.2016



orduMüdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yanvarın 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Məlumata görə, fondda 69 milyon 848 min manata yaxın vəsait var. Transparency.az bildirir ki, bir ayda fondun manat hesabında 1 milyon 135 min manatdan çox artım qeydə alınıb. Ötən ay fondda 68 milyon 710 min manatdan bir qədər çox vəsait vardı.

Silahlı Qüvvələrə Yardım Fondunun hesabında 212 minə yaxın ABŞ dolları, 1794-ə yaxın avro toplanıb. Ötən ayla müqayisədə dollar və avro hesablarında yenilik olmayıb.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Rasim Əliyevin ölüm işi üzrə proses başladı

05.01.2016

rasim aliyev fotoYanvarın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses başlayıb. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra birinci vəsatətin təmin olunmadığı, ikinci vəsatətin isə baxılmamış saxlandığı elan olunub. Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.

Gerçək SSRİ və gerçək Rusiya…

05.01.2016



rovshan-agayev-yeni1
        Rövşən Ağayev

Acemoğlu və Robinsonun “Xalqlar niyə uduzur?” əsərində sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə (1979-cu il) qədər SSRİ-nin iqtisadi imkanları Qərbin gözünə çox böyük görünüb — gerçəkdə olduğundan böyük. Müəlliflər yazırlar ki, sosialist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikalılar gənc diplomat Bullitin və dövrünün ən intellektual, tanınan qəzetçisi Steffensin təmsilçiliyi ilə Rusiyaya nümayəndə heyəti göndərir. Qayıdandan bir müddət sonra Steffens heyranlıqla yazır ki, SSRİ təkamül planı olan inqilabi dövlətdir. Sonralar Steffens yenə SSRİ-də olur və tanışları ona “demək, Rusiyadaydın” deyəndə “Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram” cavabını verir.

1920-30-cu illərdə Qərbin Sovet İttifaqı haqqında təsəvvürü belə idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbi məhv edəcəkləri ilə hədələyəndə bir çox Qərb liderinin dizləri titrəyirmiş. Nobel mükafatı laureatı, iqtisadçı Pol Samuelson yazdığı bir dərslikdə Sovet İttifaqının yaxınlaşan iqtisadi hakimiyyətindən söz açır. O, 1961-ci ildə hazırladığı proqnozlarında göstərirdi ki, 1997-ci ildə SSRİ iqtisadi baxımdan ABŞ-ı üstələyəcək.

Lakin Stalin və ondan sonrakı liderlər ölkəni yalnız kəmiyyətcə böyütmüşdülər, keyfiyyətli, davamlı böyüməni təmin etməyi bacara bilməmişdilər. Sovetlər 30-50-ci illərdə böyüdü, amma bunun əsas səbəbi Qərblə müqayisədə Sovet İttifaqında texnologiyanın çox köhnə olması idi. Hökumət texnoloji geriliyi kompensasiya etmək üçün sənayeyə nəhəng resurslar yönəldirdi. Nəticə səmərəli olmasa da, bu nəhəng resursların müqabilində kəmiyyətcə böyümə baş verdi. Amma bu cür səmərəsiz, bütün nəzarəti dövlətin əlində cəmləyən, insanların bacarığından yetərincə yararlanmayan, doğru təşviqlər tətbiq etməyən, resursları gen-bol xərcləyən iqtisadiyyatlın bir sonu olur. Sovetlər üçün bu son 1970-ci illərdə başlandı. Yalnız hərbi və kosmik sənayedə uğur qazanmaq qüdrətli olmağa yetərli deyil. Sovet İttifaqı yeniliklər və təşviqlər baxımından yoxsul olduğu üçün axırda dirəndi və daha irəliləyə bilmədi.

Bu, Acemoğlu və Robinsonun təsvir etdiyi SSRİ-dir. İndi Rusiya haqda da bu mifi yayanlar var — amma bu dəfə inkişaf eləmiş dünya hər şeyi bilir. Miflər məlumatsız cəmiyyətlərdə işə yarayır. Modern dünyada dövlətin qüdrəti onun hərbi gücündə deyil, iqtisadi qüdrətindədir, vətəndaşına xidmət bacarığındadır. Bunu isə iqtisadiyyatın yaratdığı ümumi daxili məhsulun adambaşına düşən həcmi, ölkənin ixrac potensialı, əməkhaqqı və gəlirlərin səviyyəsi, mərkəzi hökumətin malik olduğu büdcə ilə ölçürlər. Rusiyanı Qərbin ən kiçik dövlətlərindən biri ilə müqayisə edirəm, nəticəni özünüz çıxarın.

Belçikanın cəmi 30,2 min kvadrat kilometr ərazisi var, Rusiya ərazisinin 0,2%-i qədər. Əhalisi 11 milyon nəfərdir, Rusiya əhalisinin 7,6%-i qədər. Adambaşına ümumi daxili məhsulu 48 000 dollardır, Rusiyadan 4 dəfə çox. Əmtəə və xidmətlər üzrə ümumi ixracının həcmi 600 milyard dollardır, Rusiyadan 50 milyard dollar çox. Əmtəə və xidmət ixracı hesabına ölkənin valyuta gəlirlərinin adambaşına həcmi 53 500 dollardır, Rusiyadakı göstəricidən 14 dəfə çox.

İqtisadi təhlillərdə müqayisə zamanı ingiliscə “GDP density” adlanan bir göstəricidən istifadə edilir. Bu göstərici ölkənin coğrafi imkanları ilə iqtisadi potensialı arasında əlaqəni qiymətləndirmək üçündür və ölkənin hər kvadrat kilometrinə düşən ümumi daxili məhsulun həcmini göstərir. Rusiyada hər kvadrat kilometrə 113 min dollar ümumi daxili məhsul düşür. Belçikada bu göstərici 14,5 milyon dollardır, Rusiyadan təxminən 100 dəfə çox.

Belçika hökuməti hazırda təxminən 240 milyard dollar büdcəyə, Rusiya federal hökuməti isə 215 milyard dollar büdcəyə malikdir. Adambaşına büdcə Rusiyada 1500 dollar, Belçikada 21 000 dollardır. Orta əməkhaqqı Rusiyada 450 dollar, Belçikada 3500-4000 dollar ətrafındadır.

Təhsil, elm və səhiyyə sahəsindəki göstəricilərin sivil ölkələrdə necə, Rusiyada necə olduğu hamıya az-çox bəllidir.

Hər bir inkişaf etmiş ölkədə orta ömür uzunluğu Rusiyadakından azı 12-13 il çoxdur. Rusiya boyda ölkənin (Yer kürəsinin ərazicə ən böyük ölkəsinin!) dünyanın 100 universiteti sırasına çıxaracaq bir ali təhsil müəssisəsi belə yoxdur…

Nazir əmr verdi: məktəb direktorları müsabiqə yolu ilə müəyyənləşəcək

05.01.2016



mikayil cabbarov 1
Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb.

Edu.gov.az xəbər verir ki, yeni müsabiqə mexanizminin tətbiqi üçün 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması təlimləri təşkil olunacaq.



Yüklə 203,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin