2. Gürcüstanın və Şimali Qafqazın daş dövrü
arxeoloji abidələri
Qafqazda daş dövrü abidələrinin izlərinin axtarışlarına Tbilisi
ərazisində keçirilmiş V Arxeoloji Qurultayın tədqiqat işlərinə hazırlıq
mərhələsində, 1881-ci ildə başlanmışdır. Lakin Qafqazın paleolit dövrünün
araşdırılmasının ilk addımı kimi 1898-ci ildə fransız alimi Cozef de Bay
tərəfindən Şimali Qafqazda-Krasnodar yaxınlığında İl adlı Mustye
düşərgəsinin aşkar edilməsi qəbul olunur. Paleolit dövrü abidələrinin Cənubi
Qafqazda açılması isə bir qədər sonra, fransız alimi Jak de Morqanın Qərbi
Azərbaycan ərazisinə səfəri ilə əlaqələndirilir. Ümumiyyətlə, Qafqazın
paleolit dövrü abidələrini araşdıran arxeoloqların işini dörd əsas mərhələyə
bölmək olar:
I mərhələ XIX əsrin sonlarından 1934-cü ilə qədərki dövrü əhatə edir
və daha öncə aşkar olunmuş abidələrin tədqiqatı ilə xarakterizə olunur. 1925-
ci ildə S.Zamyatn II düşərgəsində araşdırma işlərinə yenidən başlayır.
39
II mərhələ 1934-1941-ci illəri əhatə edir. Bu zaman sovet
qafqazşünaslıq elminin təməli qoyulmaqda idi. Planlı axtarış işləri Qafqazın
Qara dəniz ətrafını əhatə edirdi və bir sıra paleolit abidələri məhz bu
mərhələdə aşkar edilmişdir. Məs., Soçi-Abxaz Qara dəniz ətrafı bölgəsində -
Yaştux, Qvard, Mustye dövrü abidələrindən-Oçamçire, Eşeri, Kelasuri və s.
S.N.Zamyatnin tədqiqatlarının əsas nailiyyətlərindən olan Aşel və
Mustye dövrünə aid iki abidə Qərbi Azərbaycanda (indiki Ermənistanda)
tədqiq olunmuşdur.
III mərhələ 1945-1955-ci illəri əhatə edir. Bu mərhələni
səciyyələndirən ən əhəmiyyətli yenilik erkən paleolit abidələrinin və tədqiqat
zamanı qarşıya çıxan problemlərin həllinə Milli Qafqaz elmi mərkəzlərində
yetişmiş arxeoloq-alimlərin də cəlb olunması idi. III mərhələdə əldə olunmuş
böyük uğur - Qərbi Azərbaycan və cənubi Osetiya ərazisində Aşel və Mustye
mədəniyyətinə aid edilən abidələrin yerləşdiyi iki böyük rayonun aşkar
edilməsi hesab olunur.
IV mərhələ 1955-ci ildən başlayaraq günümüzə qədər davam
etməkdədir. Tədqiqatlar zamanı Aşel mədəniyyətini özündə təcəssüm etdirən
çoxtəbəqəli mağara-məskən aşkar edilmişdir. Bunlar - Kudaro I, Kudaro III
və Cənubi Osetiya bölgəsində yerləşən Tsona abidəsidir.
Hazırda alt paleolit demək olar ki, Qafqazın bütün bölgələrində
müəyyən olunmuşdur.
Cənubi Qafqazın ən mühüm abidələrindən olan Satani-dar, Yerevan I,
Lusakert I, II Azərbaycanın qərb bölgəsində - İrəvan ərazisində yerləşir.
Abidədən əldə olunan Mustye dövrünə aid əmək alətləri Azıx, Tağlar
mağara-düşərgələrindən əldə olunan müxtəlif inkişaf dövrlərinin əmək
alətləri ilə yaxın analogiya təşkil edir. Bu da yəqin ki, təsadüfi olmayıb Azıx
mağarasının ilk sakinlərinin tədricən mağaranı tərk edərək yüksək yerlərdə
məskunlaşması ilə əlaqədar olmuşdur.
Satani-dar (Qərbi Azərbaycan - Şeytan dərəsi). İndiki Ermənistanın
cənub-qərbində Araqaç dağının aşağı ətəklərində yerləşən bu abidədən keçən
yüzilliklərdə xeyli miqdarda çaxmaqdaşı və bazaltdan hazırlanmış əmək
alətləri aşkar edilmişdi. Onların içərisindən 1950-ci ildə M.Z.Paniçkina və
1954-cü ildə D.A.Sardaryan arxaik - şel dövrünə aid əmək alətlərini scçərək
xüsusi bir qrupa aid etmişlər. Şell dövrü əmək alətlərinin çox primitiv üsulla
kobud şəkildə hazırlanması, məhdud funksiyaları daşımaları baxımından
Satani-dar abidəsi üçün elmdə bu günə qədər aktuallığını saxlayır.
Qərbi Gürcüstanın mağara tipli düşərgələrinə Kutaisi yaxınlığındakı
məşhur mağara aiddir. İlk dəfə bu mağara tipli düşərgə 1914-cü ildə Şmidt və
L.Kozlovski tərəfindən öyrənilmişdir. 1926-28-ci illərdə gürcü alimi
Q.K.Nioradze Çxerimel çayı sahilində yerləşən Devis-Xvrali mağarasını
aşkar etmişdir. Bu dövrün abidələr qrupuna Mqvimevi-talvar tipli qayalıqlar
40
və Qərbi Gürcüstanın mağara tipli düşərgələrində 1916-1917-ci illərdə
S.Krukovski tərəfindən aşkar edilən Kvadjila-Klde mağarası da aiddir.
Dmanisi. Dmanisi paleolit düşərgəsi Tbilisi şəhərindən 90 km aralı
olub Çavaxeti dağlarında yerləşir. Abidədə 1980-cı ildən etibarən arxeoloji
qazıntı işləri aparılmışdır. Mağarada 1991-2002-ci illər ərzində aparılmış
qazıntı işləri zamanı dörd metrlik çöküntü qalıqları üzə çıxarılmış, daş
məmulatları, paleoantropoloji tapıntıları qeydə alınmışdır. Abidədə aparılan
kompleks arxeoloji tədqiqatlar nəticəsində 6 təbəqə qeydə alınmışdır. Beşinci
təbəqədən qədim insana məxsus paleoantropoloji tapıntılar əldə olunmuşdur.
Tədqiqi göstərir ki, Dmanisidən tapılan insan sümükləri Şərqi Afrikanın
(Yava-Pitikanrop) qədim insan tapıntıları ilə yaxın analogiya təşkil edir və bu
tapıntılar Homo habilisdən (kamil insan) - Homo erektusa (dik gəzən insan)
keçid mərhələsinə aid olunur. Dmanisi düşərgəsindən aşkar olunmuş qədim
insan qalıqları şərti olaraq Homo Dmanisi adlandırılmışdır. Mağaradan
qədim insanlara aid dörd kəllə və dörd çənə qalığı aşkar edilmişdir. Dmanisi
rayonunda aparılan kompleks elmi tədqiqatlar zamanı burada qədim
insanların 1,7-1,8 mln il bundan əvvəl məskunlaşması müəyyən edilmişdir.
Düşərgədə qazıntı işləri arxeoloq D.Lordkiparidzenin rəhbərliyi ilə
aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı II, III və V təbəqədən
zəngin arxeoloji materiallar tapılmışdır. Maddi-mədəniyyət qalıqları
içərisində əsas yeri çay daşlarından hazırlanmış kobud çapma alətləri təşkil
edir.
Kudaro mağara düşərgələri Böyük Qafqaz dağları ərazisində Cənubi
Osetiyanın Cav rayonunda, Adcori çayının sol sahilində yerləşir. Mağara
dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Kudaro I mağarasının
çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. Abidənin ilk təbəqəsi
Aşel dövrünə aiddir. Abidənin V-VI təbəqələrindən Aşel dövrünə aid olan
maddi mədəniyyət nümunələri tapılmışdır. Düşərgənin əmək alətləri kobud əl
çapacaqları və qaşovlardan ibarətdir.
Kudaro III mağara düşərgəsi Kudaro I düşərgəsinin yaxınlığında olub,
7 mədəni təbəqədən ibarətdir. Abidənin II təbəqəsi mezolit, III-IV təbəqəsi
Mustye, V-VI təbəqəsi isə Aşel dövrünə aid edilmişdir.
Abidədə 1955-1990-cı illər arasında V.P.Lyubinin rəhbərliyi ilə
qazıntı işləri aparılmışdır.
Qafqazın paleolit düşərgələrindən biri də Tsona mağarasıdır. Mağara
Cənubi Osetiya ərazisində olub, Kudaro mağara düşərgəsindən 5-6 km
cənubda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Mağarada
qazıntı işləri 1958-69-cu illər arası A.N.Kalandadzenin rəhbərliyi altında
aparılmışdır. 1977-ci ildə isə bu abidədə qazıntı işlərinə D.M.Tuşabramişvili
rəhbərlik etmişdir. Düşərgənin III-IV-V təbəqələrindən Mustye, VI-VII
təbəqələrindən isə Aşel dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar
41
olunmuşdur. Tsona mağara düşərgəsinin çöküntü qalıqlarının ümumi
qalınlığı 16 m-ə bərabərdir. Abidədən arxeoloji qazıntılar zamanı daş
məmulatları və fauna qalıqları əldə edilmişdir. Əmək alətləri içərisində əl
çapacaqları və kobud çapma alətləri çoxluq təşkil edir.
Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır
mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda
Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə
yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə
alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında
qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir.
Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst
paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət
qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2
təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6
minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur.
Əldə olunan fauna qalıqlarının 90%-dən çoxunu mağara ayılarının sümükləri
təşkil edir. Düşərgənin daş məmulatlarının əksəriyyəti çaxmaq daşından
hazırlanmış alətlərdən ibarətdir.
Kep-Boğaz (və yaxud Apianca mağarası) Abxaziyanın Gülripş
bölgəsinin Çebelda kəndindən 5 km cənubda, dəniz səviyyəsindən 450 m
hündürlükdə Kodora çayının sağ sahilində və Apianca dağının şərq ətəklərinə
yaxınlıqda yerləşir. Mağara 276 m
2
-lik bir sahəyə malikdir. Abidə 1940-cı
ildə L.N.Solovyov tərəfindən aşkar edilmişdi. Mağaranın aşağı qatlarından
tapılan ayrı-ayrı əmək alətləri mustye dövrünə aid edilir. Mağaranın
araşdırılması müasir dövrümüzə qədər davam edir. Bununla belə, elmi
nəşrlərdə mağaradan üst paleolit dövrünə aid xarakterik əmək alətlərinin
tapılması haqqında məlumatlar mövcuddur.
Daş dövründə, həmçinin indiki insan irqlərinin, demək olar ki, hamısı
formalaşmış və inkişaf etmişdir. Yer kürəsinin insan tərəfindən intensiv
mənimsənilməsi prosesi də məhz bu dövrə təsadüf edir. Daş dövründə bir sıra
böyük ixtiralar edilmişdir ki, bu ixtiralar insan cəmiyyətinin sonrakı
inkişafına əsaslı təsir göstərmişdir. Həmin ixtiraların sırasına odun əldə
olunması və onunla davranış üsulu, geyimin kəşf edilməsi və evlərin
tikilməsinin öyrənilməsi, balıqçılıq, ovçuluq və əmək alətlərinin, o cümlədən
də, oxun ixtirası aid edilir. Daş dövrünün sonlarında insanlar artıq qab-qacaq
hazırlamağı, parça istehsal etməyi öyrənmişdilər. Həmçinin, bu dövrdə
müxtəlif materiallar - daş, sümük, ağac, müxtəlif heyvan, bitkilərin xeyirli
cəhətləri haqqında məlumatların toplanması da az əhəmiyyət daşımırdı.
Nəhayət, daş dövrünün sonunda insan tarixinin ən böyük inqilablarından biri
baş verdi. İnsan artıq əkinçilik və maldarlığı mənimsəməklə insehsal
təsərrüfatına keçdi. Daş dövrünün - insan tarixinin bu özülünün əhəmiyyəti
42
müqayisə olunmaz dərəcədə böyükdür. O qədər böyük və əvəzolunmazdır ki,
onsuz insan cəmiyyətinin sonrakı tarixi təsəvvür olunmazdır.
Beləliklə, Qafqazın daş dövrü abidələrinin bir-birindən bəzi
parametrlərə görə kəskin fərqlənməsi üst paleolitin sonlarında artıq nəzərə
çarpır. Ehtimal etmək olar ki, məhz bu zamandan etibarən hər bir mədəniyyət
müstəqil olaraq inkişaf etməyə başlamışdır. Şimali Qafqazla Cənubi Qafqaz
arasında müəyyən fərqli cəhətlər meydana gəlmişdir. Qafqaz sıra dağları bu
əraziləri 2 hissəyə bölmüşdür. Qafqazın Qara dəniz sahillərində və Şimali
Qafqazda ayrı-ayrı insan qruplarının miqrasiyası və mədəni əlaqələri
arxeoloji abidələrdə də öz əksini tapmaqdadır.
Üstpaleolit dövründə Qafqaz dağlarının ətəklərində yaşamağa
başlayan insanların əsasən ovçuluqla məşğul olmaqlarını aşkar edilən
osteoloji qalıqların analizi nəticələrində də sübut olunmuşdur. Bu dövrdə
şərait və məkan imkanı daxilində ovçuluq və yığıcılıq xüsusi məşğuliyyətə
çevrilir.
Aşkar edilən mədəniyyətlərin lokal xüsusiyyətlərinə əsaslanaraq, bir
çox alimlər üst paleolitdə qəbilə-tayfa münasibətlərini bərpa etməyə cəhd
etmişlər. Ehtimal etmək olar ki, etnik və yaxud tarixi-mədəni insan qrupları
zaman getdikcə tayfalarda birləşmişlər.
İnsan cəmiyyətinin paleolit dövrü bir neçə xronoloji mərhələlərə
bölünür - alt, yaxud erkən paleolit 2 mln ildən-100 min ilə qədər; orta
paleolit-100 min ildən-40 min ilə qədər; üst yaxud son paleolit 40 min ildən-
12 min ilə qədər.
Cənubi Qafqazda Aşel dövrünə aid olan mağara və düşərgələrdə
mədəni təbəqənin qalıqları Şel dövrü ilə müqayisədə daha geniş ərazilərdə
(əsasən çay kənarında) təsadüf olunur. Əksər hallarda Aşel dövrünə aid
tapıntılar mədəni təbəqənin II qatında yerləşir. 1934-1936-cı illərdə
S.N.Zamyatnin Qafqazın Qara dəniz sahillərində, Abxaziyada, konkret olaraq
Suxumi yaxınlığında Yaştux dağ yamacında bu tip materiallar aşkar etmişdir.
Abxaziyanın Aşel dövrünə aid tapıntıları (klekton), çay sahilində ayrı-ayrı
təbəqələrdə aşkar edilmişdir. Bu tapıntılar nəticəsində aydın olur ki, 80-100
m-lik çay terrasında aşkar edilən Aşel dövrü əmək alətləri 30-40 m
hündürlükdə olan Mustye tipinə də aiddir. Abxaziyanın Aşel dövrü əmək
alətləri içərisində kobud, iri çaxmaq daşından hazırlanmış alətlər və diskə
bənzər nukleuslara da təsadüf olunmuşdur. Aşkar edilmə şəraitinə görə
Abxaziyanın bu dövr maddi mədəniyyət qalıqları Qərbi Azərbaycandan
(indiki Ermənistan) tapılan analoji əşyalarla eynilik təşkil edir. O cümlədən,
1933-cü ildə ixtisasca geoloq olan A.P.Demexin Arzni çayının qurumuş
hissəsində apardığı tədqiqat zamanı dəvə gözündən hazırlanmış əmək aləti
aşkar etmişdir. 1946-cı ildə Qoqutlu dağının cənub-qərbində də bu cür Aşel
tipli əmək alətləri aşkar edilmişdir.
43
4. Qafqazın mezolit və neolit dövrü arxeoloji abidələri
Mezolit dövrünün başlanğıcı paleolitlə müqayisədə daha əlverişli
iqlim şəraitinə malik olan qolosen-müasir geoloji mərhələsi ilə üst-üstə düşür.
Bu zaman daş dövrünün minilliklər boyu ovçuluq və ilkin ənənələrə
əsaslanan mədəniyyəti yeni bir mədəniyyətlə əvəz olunur. Mezolit üçün
xarakterik cəhət mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin
əsasının qoyulmasıdır. Paleolit insanından fərqli olaraq mezolit dövrü insanı
ətraf təbii resurslardan faydalanırdı. Bu dövrdə balıq ovunun təkmilləşməsi
müşahidə olunur. İnsan ilk dəfə olaraq ilkin materialın ölçülərindən asılı
olmayan yeni və daha böyük həcmli alətlər hazırlamağı öyrənir. Bu dövrdə
mikrolitlər meydana gəlir. Bunlar həndəsi formalı (üçbucaq, trapes şəkilli)
bıçaqlar idilər. Mezolitdə, həmçinin heyvanların əhliləşdirilməsinə başlanılır
və bitkilərin ilkin seleksiyası öyrənilir.
İlk mezolit abidələri 1887-ci ildə fransız alimi E.Pet tərəfindən Maz-d-
Azil mağarasından aşkar edilmişdi. Qafqazda isə yerli paleolit mədəniyyəti
əsasında mezolit mədəniyyəti formalaşmışdı. Bunu Azərbaycan ərazisindəki
Damcılı
düşərgəsinin, Qobustan abidəsinin, Dağıstan ərazisindəki
çoxtəbəqəli Çox yaşayış məskəninin, Soçidəki Asin mağarasının, Osetiyadakı
birtəbəqəli Şau-Leqet düşərgəsinin tədqiqatları zamanı əldə olunmuş dəlillər
sübut edir. Mezolit dövrü abidələri bir-birindən əhatə etdiyi inventarın həcmi
ilə fərqlənir.
Mezolit dövrünün başlanğıcı qolotsen dövrü ilə eyni vaxtda, yəni
iqlim şəraitinin dəyişməsi və böyük buz laylarının əriməyə başlaması
zamanına təsadüf edir.
Mezolit dövrü XII-VIII minillikləri əhatə edir. Arxeoloji tədqiqatlar
nəticəsində Azərbaycan ərazisində mezolit dövrünə aid Damcılı və Qobustan
abidələri aşkar olunmuşdur. Damcılıdan tapılmış əmək alətləri arasında kiçik,
həndəsi formalı bıçaqlar, bizlər, kəsici, deşici alətlər xüsusi maraq doğurur.
Ən müxtəlif və çoxsaylı tapıntılar Qobustandan, daha dəqiq desək, Kiçikdaş,
Böyükdaş və Cıngırdağdan tapılmışdır. Qazıntılar İ.Cəfərzadənin rəhbərliyi
ilə 1940-1965-ci illərdə aparılmış, 55 min maddi-mədəniyyət qalığı və 6 min
qayaüstü rəsm toplanmışdır. Sonradan qazıntı işləri C.Rüstəmov və
F.Muradova tərəfindən davam etdirilmişdir. Həmçinin Qobustanda aparılan
qazıntılar zamanı mezolit dövrünə aid qəbir abidəsi də aşkarlanmışdır. Firuz
adlandırılan düşərgədən tapılan qəbirdə 12 nəfər insan dəfn olunmuşdur.
Mezolit dövrünə aid olan abidələr Qafqazın digər ərazilərində də
araşdırılmışdır. Misal üçün, B.A.Kuftin tərəfindən Trialetidə Barmaqsız dərə
ərazisində Mezolit dövrünün mağara düşərgəsi aşkar edilmişdir.
Mikrolit tipli əmək alətləri ilə zəngin olan digər bir abidə Qərbi
Gürcüstanda, Zuqdidi şəhərinin şimal-şərqində Odişi kəndi yaxınlığında
44
A.N.Kalandadze tərəfindən aşkar edilmişdir. Odişidə mikrolitlərlə yanaşı iri
daş əmək alətləri, yəni makrolitlər də tapılmışdır. Ehtimal edilir ki, bu əmək
alətləri mezolitin sonu, neolitin əvvəllərində erkən əkinçilikdə istifadə
olunmuşdur. Bu faktı sübuta yetirən digər tapıntılardan əkinçilikdə istifadə
edilən xışın bəzi hissələri, daş döyəcəklər, sürtgəclər və s. misal göstərmək
olar.
Ayrı-ayrı mezolit abidələri bir-birindən öz materialları ilə fərqlənirlər.
Misal üçün, Abxaziyada mikrolit alətlərlə yanaşı, çay daşlarından düzəldilmiş
kobud vurma alətlərinə də təsadüf olunmuşdur.
Bəzi fərqlərə baxmayaraq Qafqazın mezolit dövrü abidələri bir bütöv
etno-mədəni birlik təşkil edir. Qafqaz sakinləri dağ keçiləri, ayı, maral, öküz
ovu ilə məşğul olmuşdular. Bunu mədəni təbəqələrdən aşkar edilmiş heyvan
sümükləri sübut edir.
Gürcüstanın paleolit və mezolit dövrü abidələrinin ilk təsvirlərini
1834-cü ildə fransız səyyahı Dyubua de Monperi vermişdir. Lakin çaxmaq
daşından olan əmək alətlərinin əldə olunduğu qazıntılar İsveç geoloqu Ernest
Favr və polkovnik V.Statkovski tərəfindən aparılmışdır. Bizim dövrümüzə
qədər gəlib çatmış materiallar 1914-cü ildə R.Şmidt və L.Kozlovskinin
rəhbərliyi ilə mağaralarda, Barataşvili tərəfindən qayaaltı sığınacağında
aparılan qazıntılar zamanı aşkar olunmuşdur. Nəhayət, 1910-cu ildə
S.A.Krukovski İmeretiyada bir sıra mağaraları tədqiq etmiş və Qvardilas
Klde qazıntılarına başlamışdır. 1924-cü ildə professor-alim S.Zamyatnin
Kutaisi və Çitaur ətrafında mağaraların tədqiqinə başlamışdı. Müharibədən
sonra qazıntı işləri L.A.Maruaşvili tərəfindən aşkar edilmiş Zurtaket
düşərgəsinin tədqiqi ilə yenidən canlanmışdır. XX əsrin 50-ci illərində isə
Saqvardjile mağarasını tədqiq etmək məqsədilə N.Kiladzenin rəhbərliyi
altında ekspedisiya təşkil olmuşdur. Qara dəniz ətrafında başlanmış işləri
1958-ci ildə N.Berdzeneşvilinin rəhbəri olduğu Abxaziya arxeoloji
ekspedisiyası davam etdirmişdir. Şimali Qafqaz arxeoloji abidələrində də
əsaslı işlər gedirdi. 1957-ci ildə S.Zamyatnin və P.Akritas Soskuro
talvarlarını və Boriskov çökəkliyini tədqiq etmişdilər. Dağıstan ərazisində,
Sulak çayı hövzəsində V.Kotoviç 1954-1957-ci illərdə Çox yaşayış məskəni
və Saqa-Çuka bölgəsini tədqiq etmişdir.
Son paleolitin Qafqaz ərazisində mərhələləşməsi işini S.İ.Zamyatn
aparmışdı. O, buradakı son paleolit dövrünü Qərbi Avropa və Rusiyanın eyni
dövrü ilə müqayisə edərək, onu Aralıq dənizi Xəzər hövzəsi mədəni əyalətinə
aid etmişdir. A.Formozov sonralar bu mülahizələri təkzib etmiş və Qafqazın
cənub abidələrini yalnız Yaxın Şərqlə əlaqələndirmişdir. Qafqazın çoxsaylı
neolit və mezolit abidələri Yaxın Şərqlə bir sıra ümumi cəhətlərə malikdirlər.
Qafqazın abidələri məlum əlamətləri daşıyaraq Ön Asiya mədəniyyətinin
inkişaf prosesi ilə əlaqələndirilir. O Şərqdə Orta Asiya və Şimalda cənubi rus
45
çölləri mədəniyyətlərindən əsaslı sürətdə fərqlənir. Qafqazda İmeretiya və
Qub mədəniyyətləri də müəyyən olunmuşdur. İmeretiya mədəniyyəti üçün iti
ox ucluqları, sümük ucluqlar, qarpunlar xarakterikdir. Şimali Qafqazın
qərbini səciyyələndirən Qub mədəniyyəti üçün isə özünəməxsus cilalanma
yolu ilə hazırlanmış iti, kəsici alətlər xarakterikdir. Mezolit dövrünə
xarakterik olan hündür trapesiyaların özünəməxsus formaları, ikitərəfli
sümük ucluqlar geniş yayılmışdı.
Çox yaşayış məskəni və Çox mədəniyyəti mezolit dövrünə aid edilir.
Şimali Qafqazın Şərq hissəsində daş dövrünə aid tam öyrənilən yeganə abidə
Çox yaşayış yeri sayılır. Çox yaşayış məskəni Dağıstanın Quniy bölgəsində
eyni adlı kəndin yaxınlığında Köysu çayının sahilində yerləşir. Abidəni ilk
dəfə V.Q.Kotoviç aşkar etmiş və ilkin qazıntılar nəticəsində 6 mədəni təbəqə
öyrənmişdir. Onlardan 2-si mezolit dövrünə, 4-ü üst paleolitə aid olunur.
Görkəmli rus arxeoloqu A.A.Formozov bu abidənin I-V mədəni
təbəqələrini mezolitin ayrı-ayrı dövrlərinə, VI mədəni təbəqəni isə eneolitin
son dövrünə aid etmişdir. Aparılan analizlər abidənin əsasən qolosen
dövründə fəaliyyət göstərdiyini, son pleystosendə isə artıq yaşayışın
olmadığını sübut edir. Bu xronoloji çərçivəni aşkar edilən mikrolit tipli əmək
alətləri də bir daha sübut edir və qətiyyətlə Çox yaşayış məskəninin mezolit
dövrünə aid olmasını təsdiqləyir.
Şimali Qafqazın mərkəzi hissələrində mezolit dövrünə Sosruko adlı
abidə aid edilir. Abidə Kabardin-Bolqarda yerləşir. Dəniz səviyyəsindən 60-
64 m hündürlükdə yerləşən mağara tipli yer təbii qayanın aşağı hissəsindədir.
Aparılan arxeoloji qazıntılar burada mədəni təbəqənin 14,2 m qədər olmasını
sübut etmişdir. Tapıntılar içərisində az miqdarda üst paleolitə aid əmək
alətləri də qeydə alınmışdır.
Mezolit dövründən sonrakı dövr neolitdir. Təxminən eramızdan VII-
VI min əvvəl yeni daş dövrü-neolit başlayır. Məhz bu dövrdə təsərrüfatda
əsaslı yeniliklər baş verir. İnsanlar daha məhsuldar hesab olunan əkinçilik və
maldarlıqla məşğul olmağa başlayırlar. Əsası qoyulmuş yeni iqtisadiyyat
insanların təkcə maddi istehsal sahəsinə deyil, dini həyatına da təsir
göstərirdi. Dəyişikliklər texnikada da özünü göstərir. Daş baltalar və daşdan
hazırlanan yeni əmək alətləri geniş vüsət alır. Yeni texnika ilə bərabər daş
işlənməsinin köhnə üsulları da təkmilləşir - cilalama, deşmə texnikası və s.
Cilalama yolu ilə bıçaqlar, bizlər, ox ucluqları hazırlanır. Həmçinin əsas
əmək alətləri və silahların köhnə hazırlanma texnikası təkmilləşdirilir.
Burada bıçaqlar, nizə və ox ucluqları, xəncərlər hazırlanırdı. Bu dövrdə hələ
keçmişdə formalaşmış cilalama üsulu geniş vüsət almışdı. Bu üsulla çapacaq,
balta və digər kəsici alətlər hazırlanırdı. Neolit dövrünün əsas
nailiyyətlərindən biri də gil qabların hazırlanmasının öyrənilməsi idi. Bu
qablar sadə formalara malik olub oturacaqları daha dar və iti, yuxarıları isə
46
genişboğazlı idi. Aparılan tədqiqatlar göstərir ki, toxunma səbətlərin üzərinə
əl ilə çəkilən palçığı ocaqda bişirməklə, iri həcmli müxtəlif qablar
hazırlanırdı. Sonralar gil qablar hazırlayarkən əl çarxlarından istifadə
olunmağa başlanıldı. Bu qablar insanlara ərzaq və su ehtiyatı saxlamaq
imkanı verirdi. Qablar ornamentlərlə bəzədilirdi. Ornamentlər əsasən
çökəklər və qırıq-qırıq xətlər şəklində olurdu. III əsas nailiyyət parçanın əldə
olunmasının - toxuculuğun öyrənilməsi oldu. Bunun üçün xammal
bitkilərdən və yundan alınırdı. Neolit dövrü abidələrindən toxuculuğun
inkişafını sübut edən çoxlu sayda toxuculuq aləti qalıqları-mərkəzində
qulpları olan gil və daş şəkilli parçalar aşkar olunmuşdur. Damcılı
mağarasından neolit dövrünə aid əmək alətləri tapılmışdır. Neolit dövrü
abidələrinə Naxçıvandakı Kültəpə, Fizulidəki Şomutəpə, Töyrətəpə və digər
ərazilərdə də rast gəlinir. Bu abidələrin arxeoloji tədqiqinə XX əsrin
ortalarından başlanmışdır.
1945-ci ildə Qərbi Azərbaycanda Boqutlu dağı yaxınlığında erkən
neolit dövrünə aid bir çox tapıntılar olmuşdur. 1946-cı ilə S.N.Zamyatnin və
M.Z.Paniçkina tərəfindən göstərilən ərazidə aparılan kəşfiyyat işləri
nəticəsində neolit dövrünə aid uzunsov, prizma şəkilli nukleuslar hazırlanan
böyük emalatxana aşkar edilmişdir. Buradan tapılan bütün əmək alətləri son
neolit dövründə olan eyni funksiyalı alətlərdən özünün formasına görə çox
seçilir. Boqutlu mədəniyyəti ilə Qafqazda əldə olunan ayrı-ayrı tapıntılar, o
cümlədən Gəncə ətrafında aşkar olunan cilalanmış daş balta, həmçinin 1903-
cü ildə E.Resler tərəfindən Şəmkirdə qazılmış kurqandan aşkar edilən bəzi
əşyalar oxşarlıq təşkil edir.
Hazırda tədqiqatçılar neolit dövrünü iki mərhələyə bölürlər:
keramikasız neolit və keramikalı neolit. Azərbaycanda neolit dövrünə aid
maddi mədəniyyət nümunələri Damcılı mağarasında, Qobustan abidələrində,
Naxçıvan Kültəpəsində, Göygöl ərazisində, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı
Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə də rastlanmışdır.
Maraqlıdır ki, Qafqaz mədəniyyətləri arasında nəzərəçarpan fərqlər
hələ son paleolit dövründən müşahidə olunurdu. Görünür, formalaşdıqdan
sonra bu mədəniyyətlər müstəqil şəkildə inkişaf etmişdi. Xüsusi fərqlər
Cənubi və Şimali Qafqaz mədəniyyətlərinin arasında müşahidə olunurdu.
Onlar bir-birindən Vyurum dövründə buzla örtülmüş Qafqaz yüksəkliyi ilə
ayrılırdı. Qafqazın Qara dəniz sahilində və Şimali Qafqazda əhalinin mədəni
əlaqələrinin izlərinə rast gəlinir.
Dostları ilə paylaş: |