Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli


Arxeoloji abidələrin aşkar edilməsi və öyrənilməsi



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

Arxeoloji abidələrin aşkar edilməsi və öyrənilməsi 
 
Kəşfiyyat. Bu və ya digər tarixi şəhərin, yaxud da yaşayış məskəninin 
yerləşdiyi  yerin  müəyyənləşdirilməsi  zamanı  bir  sıra  məsələlər  nəzərə 

29 
 
alınmalıdır.  Ümumi  oriyentasiya  üçün  çox  vaxt  qədim  yazıçı  və 
coğrafiyaşünasların əsərlərindən istifadə olunur. Yazılı mənbələrdən istifadə 
edərkən  onları  topoqrafik  məlumatlarla  müqayisə  etmək  gərəkdir.  Belə  ki, 
son  iki  minillikdə  həmin  yerin  fiziki  xəritəsində  baş  vermiş  dəyişikliklər 
nəzərə alınmalıdır. Hər hansı bir ərazidə kəşfiyyat işlərinə başlamazdan əvvəl 
həmin  ərazidə  daha  öncə  aparılmış  tədqiqat  işlərinin  nəticələri,  obyekt 
haqqında  bütün  müasir  ədəbiyyat  ətraflı  şəkildə  öyrənilməlidir.  Bundan 
əlavə,  təsadüfən  aşkar  edilmiş  tapıntılar  da  önəmlidir.  Tapıntılar  arasında 
qədim yazılar və sikkələr xüsusi əhəmiyyət daşıyır. 
Aerofotoçəkilişlər.  Ərazinin topoqrafik mövqeyi ilə yalnız müşahidə 
yolu  ilə  tanış  olmaq  kifayət  deyil.  Həmçinin  burada  geodez  çəkilişlər  də 
aparılmalıdır. Bu tədqiqatçıya, ərazi güclü dağıntılara və dəyişikliklərə məruz 
qaldığı  zaman  çox  kömək  edir.  Belə  ki,  şəhərin  mürəkkəb  planının  tərtib 
olunması  yalnız  texniki  məsələ  hesab  olunmur.  Bəzən  ərazidəki  ən  xırda 
relyef  dəyişiklikləri  belə  tədqiq  olunan  abidənin  arxeoloji  topoqrafiyasının 
öyrənilməsinə təsir edə bilər. 
Şurflaşdırma  -  kəşfiyyat  qazıntıları.  Bu  məqsədlə mədəni təbəqənin 
hər  hansı  artıq  açılmış  hissəsindən  istifadə  olunur.  Kəşfiyyat  işləri  üçün 
dağıntılara  daha  çox  məruz  qalmış  ərazi  seçilir.  Kəsik  boyu  qazıntının 
uzunluğu 4-5 m, eni isə 1-1,5 m olur. Bu zaman tətbiq olunan metodlar adi 
qazıntılar  zamanı  istifadə  olunan  metodlarla  eynilik  təşkil  edir.  Şəhərin 
arxeoloji  topoqrafiyasını  müəyyən  etmək  məqsədilə  kəşfiyyat  qazıntıları 
zamanı  abidə  ətrafında  bir  deyil,  bir  neçə  təmizləmə  işi  aparılır.  Qaydalara 
görə  kəşfiyyat  zamanı  aşkar  olunmuş  bütün  arxeoloji  abidələr  keçilən 
marşrutu təsvir edən xəritədə qeydə alınmalıdır. 
Qazıntı  -  kəşfiyyat  zamanı  aşkar  olunmuş  nöqtələrdə  daha  sonra 
planlı  qazıntı  işlərinə  başlanır.  Qədim  şəhərlərin  arxeoloji  tədqiqatında  son 
mərhələ sözsüz ki, şəhərin bütün ərazisinin aşkar edilməsidir. Burada qarşıda 
duran əsas məsələlərdən  biri  şəhərin müxtəlif  yerlərində  mədəni  təbəqələrin 
formalaşdığı  zaman  onların  xarakterinin  müəyyən  olunmasıdır.  Bu  şəhərin 
ayrı-ayrı  rayonlarının  dəqiq  tarixini  tədqiq  etməyə  şərait  yaradır.  Tədqiqat 
aparılacaq  ərazi  artıq  müəyyən  edildikdən  sonra  arxeoloq  qazıntı  sahəsini 
hissələrə  bölür.  Bunun  üçün  ilk  öncə  sahədə  şimaldan  cənuba  və  yaxud 
şərqdən  qərbə  doğru  əsas  xətt  cızılır.  Hissələrin  künclərinə  dəmir  çüylər 
vurulmalıdır.  Onları  qazıntı  işləri  zamanı  mümkün  olan  qədər  kənarda 
saxlamaq lazımdır.  Sahə hissələrə  bölündükdən  sonra  su  tərəzisinin  köməyi 
ilə hamarlaşdırılır. Hamar sahədə relyef  ölçülərini hər 2 m-dən bir, nahamar 
səthdə  isə  1  m-dən  bir  götürmək  lazımdır.  Ölçmə  işlərindən  sonra  ayrılmış 
hissələrin  sərhədləri  müəyyən  olunur  və  5-7  sm  dərinliyində  qazılır.  Daha 
sonra ətrafına ip çəkilir və bir neçə nöqtədən şəkilləri çəkilir. Bütün tapıntılar 
nəzərə  alınmalı  və  gündəlikdə  qeyd  olunmalıdır  -  kütləvi  materiallar  qrup 

30 
 
şəklində,  individual  tapıntılar  -  hər  biri  ayrıca  qısa  xarakteristikası  ilə 
verilməlidir. 
Yeni  arxeoloji  metodlar.  Arxeologiyada  formallaşdırma  prinsipi 
gözlənilir  -  bütün  əldə  olunmuş  obyektlər  və  materiallar  öz  keyfiyyət  və 
kəmiyyət  əlamətlərinə  görə  təsvir  olunur  və  sistemləşdirilir.  Hətta  ən  erkən 
elmlərdə də tip, sinif kimi açar sözlərdən elementar (sadə) hesablar aparmaq 
məqsədilə  istifadə  olunur.  Tədqiqatların  müasir  mərhələsində  arxeoloji 
materialların  işlənməsi  daha  mürəkkəbdir.  O  özünə  "arxeoloji  mədəniyyət", 
"tipologiya"  kimi  anlayışları  daxil  edir.  Bilgisayarın  arxeoloqun  köməkçisi 
vəzifəsindən  çıxış  etməsi  materialların  araşdırılmasına  çox  az  təsir  göstərir. 
Müasir  texnologiyaların  ən  böyük  özəlliyi  məlumatların  işlənməsinin 
sürətləndirilməsi,  o  cümlədən  də  əlavə  informasiyanın  külli  miqdarda 
olmasıdır. Hazırda alimlər arxeoloji abidələrin məlumat bankını hazırlayırlar. 
Bu  məqsədlə  məlumat  mənbələrinin  idarə  sistemi  proqramı  Dbase4+ 
proqramından  istifadə  olunur.  Proqram  informasiya  ilə  işi  iki  istiqamətdə 
asanlaşdırmağa  imkan  verəcək  -  formallaşdırma  və  analiz.  Proqramın 
əsasında arxeoloji abidələrin sinifləşdirilməsi dayanır. 
Bu  cür  proqramların  yaradılmasının  əksinə  olaraq  yeni məlumatların 
çox  böyük  həcmdə  artması  ilə  rastlaşdı.  Əlamətlər  proqramın  analitik 
funksiyalarının yığılması ilə nəticələndi. Buna iki əsas səbəb göstərmək olar: 
-
 
bu  cür  sistemlər  xüsusi  kataloqlara  çevrilir,  həmin  kataloqlar 
obyektlər haqqında təsəvvür verirdilər. Belə ki, işlənmə məqsədi ilə nə qədər 
çox məlumat yerləşdirilirdisə, o qədər də məhdud axtarış sistemi alınırdı. 
-
 
proqramı  yaradan  tədqiqatçılar  proqram  yaradılarkən  istifadə 
olunmayan yeni hissələrin də zamanla tətbiq olunmasına ümid edirdilər. 
XX  əsrin  80-90-cı  illərinin  proqramında  ən  əsas  problemlərdən  biri 
onun  möhkəm,  sinifləşmə  strukturuna  malik  olması  idi.  Bu,  məlumat 
mərkəzini  yeni  informasiya  ilə  yükləməyə  imkan  vermir,  onun  axtarış 
fayllarını artırmırdı. Belə vəziyyətin səbəbi kimi bir tərəfdən XX əsrin 80-90-
cı  illər  proqramının  texniki  tərəfdən  zəif  olması,  digər  tərəfdən  isə 
tədqiqatçılar  öz  işlərində  sinifləşməyə  əsaslanırdılar.  Bu  gün,  Microsoft, 
Access,  Exsel  və  digər  proqramların  sayəsində  məlumat  mərkəzinin 
yaradılmasında  tamamilə  yeni  səviyyə  əldə  olunmuşdur.  Yeni  mərkəz 
əvvəlkindən  fərqli  olaraq  yeni  məlumatlar  yükləməyə  imkan  yaradır, 
həmçinin  genişmiqyaslı iş  sxemi təqdim  edir.  Abidələrin  sonrakı  "bilgisayar 
işlənməsini"  hazırlamaq  üçün  ilk  və  ən  vacib  mərhələ  materialın  sahədən 
çıxarılarkən  işlənməsi  keyfiyyətinin  yaxşılaşdırılmasıdır.  Əsas  məqsəd 
mümkün  qədər  çox  keyfiyyətli  əlamətlərin  əldə  olunmasıdır  (üçölçülü 
fiksasiya).  Bu  metod  abidələrin  qazıntıları  zamanı  geniş  istifadə  olunur. 
Məhz  bu,  abidənin  sonrakı  tədqiqatı  üçün  imkan  yaradır.  Konkret  bir 
abidənin  qazıntıları  zamanı  materialın  üçölçülü  qeydə  alınması,  məsələn, 

31 
 
küplərin qalıqlarını və mikrostratiqrafiyasını izləməyə imkan yaradır. Qazıntı 
yerində materialın işlənməsinin başqa metodları da var. Məs., bütöv küplərin 
qeydə alınması, torpağın yuyulması və s. 
Bu  cür  metodların  çoxalması  tədqiqat  obyektlərinə  yeni  baxış  açır. 
Xarici,  mədəni  əlamətlərin  əvəzinə  daxili  əlaqələr  üzə  çıxarılır.  Hər  bir 
sümüyün tərkibi, texnoloji kirəmit qruplarının yayılması və s. 
Məlumatların  işlənməsində  digər  istiqamət qrafik  bərpa üsuludur.  Bu 
üsul abidənin xarakterik keyfiyyətlərini nəzərə alır. Bu cür məsələlər Adope 
Photoshop,  Autodesk  (Autodesk  Land  Desktop)  proqramlarının  köməyi  ilə 
həyata keçirilir. 
Qazıntı  zamanı  aşkar  edilmiş  bütün  tapıntıların  təsvirinin  verilməsi 
abidənin  bütövlükdə  ilkin  görünüşünün  bərpasına  gətirib  çıxarır.  Statistik 
işləmlərin nəticələri də keyfiyyətli əlamətlərə çevrilə bilər. 
Kütləvi  artıqlarla  doldurulmuş  arxların  qazıntıları  zamanı  bəzi 
çətinliklər  meydana  çıxır.  Adətən,  arxeoloji  material  qazıntılar  zamanı 
kirəmit, sümük və daşla dolu "çanta"nı xatırladır. Çətinlik isə ondan ibarətdir 
ki,  çöl  şəraitində  qazıntılarda  koordinat  sistemindən  istifadə  olunur.  Buna 
görə  də,  bütün  daxili  əlaqələr  haqqında  suallar  proqram  vasitəsilə 
aydınlaşdırılır. Qaydalara görə iş aşağıdakı ardıcıllıqla aparılmalıdır: 
1.
 
Materialın çöl şəraitində qeydə alınması. 
2.
 
Materialın kamera şəraitində işlənməsi. 
3.
 
Əlamətlər proqramının işlənib hazırlanması. 
4.
 
Əldə olunmuş nəticələrin Autodesk proqramına köçürülməsi. 
Autodesk proqramı (özündə 3D proyektinin imkanlarını birləşdirən və 
AutoCad  proqramı  əsasında  hazırlanan  AndDesktop)  Bu  proqram 
məhsulunun  özəlliyi  yüksək  arsenal  funksiyasına  malik  olmasıdır.  Ərazinin 
relyefinin  verilməsi,  coğrafi  redaktordan  təsvirlərin  (ağac,  daş,  sütunlar) 
köçürülməsi,  üçölçülü  qrafika  və  bir  çox  digərləri  bu  qəbildən  olan 
funksiyalara  aiddir.  Beləliklə,  arxeoloji  materialların  öyrənilməsində  yeni 
metodlardan istifadənin nəticələri aşağıdakılardır: 
1.
 
Bilgisayarın  istifadəsi  çoxlu  miqdarda  əlamətlərin  işlənməsinə 
şərait yaradır. 
2.
 
Çöl  şəraitində  arxeoloji  materialların  qeydə  alınma  üsullarının 
inkişafı. 
3.
 
Laborator şəraitdə materiallardan maksimal dərəcədə məlumatların 
əldə olunması. Bu, arxeoloji abidəni sonrakı tədqiqat mərhələsinə hazırlamaq 
üçün ən vacib və əsas mərhələ hesab olunur. 
Məlumatların  işlənməsi  üçün  bir-biri  ilə  əlaqəli  iki  istiqamət  əsas 
götürülür:  bütün  əlamətlərin  kəmiyyət  əlamətlərinin  keyfiyyət  əlamətləri ilə 
əvəzlənməsi. 
 
 

32 
 
III HİSSƏ. DAŞ DÖVRÜ 
 
III FƏSİL 
 
QAFQAZIN DAŞ DÖVRÜ ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Azərbaycanın daş dövrü arxeoloji abidələri 
 
"Paleolit"  terminini  ilk  dəfə  1865-ci  ildə  ingilis  Lebbok  işlətmişdir. 
Fransız arxeoloqu  Buşe  de  Pert  XIX  əsrdə  elmi  cəhətdən  sübut  etmişdir  ki, 
Avropada  daşdan  hazırlanmış  əmək  alətləri  aşkar  olunmuşdur.  Paleolitin 
tədqiqində növbəti addım Q.Mortilye, A.Beylyanın tapıntıları oldu. Mortilye 
diqqət  yetirmişdi  ki,  daş  əmək  alətləri  biri-birindən  forma  və  hazırlanma 
üsullarına  görə  fərqlənirlər.  O,  paleolit  dövrünü  mərhələlərə  ayırmış  və  bu 
mərhələləri,  dövrü xarakterizə  edən tapıntıların aşkar  olunduğu  yerin  adı  ilə 
adlandırmışdı. Beləcə ən kobud əmək alətləri Şel (Paris yaxınlığında yer adı) 
adını  aldı.  II  mərhələ  Aşel  (Alp  dağlarında)  adı  ilə  adlandırıldı.  Sonralar 
Fransada  Mustye  adlanan  yerdə  mağaradan  orta  daş  dövrünə  aid  alətlər 
tapıldı  və  həmin  yerin  adı  ilə  Mustye  adlandırıldı.  Müasir  arxeologiyada 
paleolit, qədim, orta, son aşel dövrlərinə, mustye və son paleolitə ayrılır. 
Daş dövrü, yaxud paleolit  - əmək alətləri və silahların əsasən daşdan 
hazırlandığı  qədim  tarixi  mərhələdir.  Bu  mərhələ  kalium-karbon  analizinin 
nəticəsinə  görə  2.6  milyon  il  insanın  heyvani  vəziyyətdən  ayrılmasından 
metalın kəşfinə qədər davam etmişdir. İnsan cəmiyyətinin formalaşması uzun 
bir proses  olub,  yüz  minillikləri əhatə  edir.  Bu  proses  Yer kürəsinin  bir  sıra 
yerlərində, daha dəqiq desək, yaşam üçün əlverişli coğrafi şəraitə malik olan 
ərazilərdə  intensiv  getmişdir.  İnsan  cəmiyyətinin  formalaşması  prosesinin 
ilkin  mərhələsində  təbii  şərait,  yəni  coğrafi  mövqe  inkişaf  səviyyəsinə  təsir 
edən başlıca amil olmuşdur. 
İlk insanın yaranması Yer kürəsi tarixinin IV mərhələsinə-pleystosen 
dövrünə  təsadüf  edir.  III  mərhələnin  sonu  (pliosen)  Yer  kürəsində  havanın 
temperaturunun  aşağı  düşməsi  və  bir  çox  ərazilərin  buzlaşması  ilə 
səciyyələnir.  Buzlaqların  şimalda  daha  geniş  vüsət  almasına  səbəb  iqlim 
şəraitinin  kəskin  dəyişməsi  olmuşdur.  Belə  ki,  bu  dövrdə  Avropanın  şimal 
hissəsi,  o  cümlədən  də  Alp  və  Qafqaz  dağları  tamamilə  buz  qatı  ilə 
örtülmüşdü. 
IV dövr - antropogenez eopleytosen, pleystosen və qolosen dövrlərinə 
bölünür.  Eopleystosen  dövründə  güns,  pleystosen  dövründə  mindel,  riss, 
vyurm buzlaşmaları olmuşdur. 
Müəyyən olunmuşdur ki, pleystosen dövründə Avropa ərazisi üç əsas 
buzlaşma mərhələsini keçirmişdir: mindel, riss, vyurm. Bu mərhələlər də öz 

33 
 
aralarında  iki  yerə  bölünür:  mindel-riss,  riss-vyurum.  Sonuncu  mərhələ 
buzlaqların çəkilməsi ilə səciyyələnir. 
Buzlaşma  dövrü  yer  kürəsinin  bütün  ərazilərində  bərabər  səviyyədə 
getməmişdir.  Belə  ki,  bu  dövrdə  quru-kontinental  iqlimə  malik  ərazilərdə 
buzlaq sahələr daha az idi, Afrikanın cənubunda isə ümumiyyətlə, buzlaşma 
dövrü yağışlarla səciyyələnirdi. 
Asiya  və  Avropanın  iri  dağ  massivləri  buzlaqları  şimal  ərazilərinin 
buzlaq  təbəqəsi  ilə  birləşmişdi.  Buna  görə  də,  Qafqazın  buzlaşma  dövrü  ilə 
əlaqəli geoloji terminləri nisbi xarakter daşıyır. 
Erkən  daş  dövründə  Qafqazda  insanların məskunlaşması istiləşmə  ilə 
birbaşa bağlı olmuşdur. Buzlaşmanın sonundan etibarən Ön Asiyanın dağlıq 
və dağətəyi ərazilərindən şimal istiqamətində insanların miqrasiyası başlamış 
və  ehtimal  ki,  bəzi  qruplar  Böyük  Qafqaz  dağ  silsiləsinin  ətəklərində 
yerləşmişlər  (o  cümlədən  Cənubi  Osetiyada  aşkar  edilən  aşel  dövrü 
mağaralarda). 
Buzlaşmanın yenidən başlanması zamanı Qafqazda həyat şəraiti xeyli 
dəyişmişdir.  Qar  kütlələri  aşağılara  qədər  enməyə  başlamış,  bununla  da 
insanlar  dağlıq  əraziləri  tərk  edərək  əsasən  təbii  mağaralarda,  dağlararası 
dərələrdə,  açıq  tipli  düşərgələrdə  məskunlaşaraq,  tədricən  oturaq  həyat 
sürmək  məcburiyyətində  qalmışlar.  Bu  zaman  qar-buz  kütlələri  Şimali 
Qafqazı  Cənubi  Qafqazdan  ayırmışdı.  Bununla  da  üst  paleolitdə  vyürm 
buzlaşması  dövründə  insanların  burada  yaşaması  o  qədər  çətinləşmişdi  ki, 
onlar dağlıq əraziləri həmişəlik tərk etmişlər. 
Qafqazın  buzlaq  ərazilərinin  geoloji  sxemi  və  Qara  dəniz,  Xəzərin 
səviyyəsi, yəni kontinental və dəniz çöküntüləri Abxaziyadan (Qafqazın Qara 
dəniz  sahilləri)  aşkar  olunmuş  arxeoloji  materiallar  nəzərə  alınaraq  tərtib 
olunmuşdur. 
IV mərhələnin  erkən  çağlarında  Cənubi  Qafqazda  insan  cəmiyyətinin 
formalaşması  üçün  əlverişli  şərait  yaranır.  Heç  də  təsadüfi deyil  ki,  Qafqaz 
bölgəsində  insan  mədəniyyətinin  ilk  izlərinə  məhz  Gürcüstan,  Azərbaycan, 
Qərbi  Azərbaycan  -  Zəngəzur  mahalı  (İndiki  Ermənistan)  və  qismən 
Abxaziya ərazisində rast gəlinir. 
Azərbaycan  AMEA  Tarix  İnstitutunun  arxeoloqları  apardıqları 
arxeoloji  tədqiqat  işləri  nəticəsində  bir  neçə  mağara  abidəsi  aşkar  edərək 
tədqiq  etmişlər.  Bunlardan  Daşsalahlı,  Damcılı,  Şuşaqala,  Daşqala,  Azıx, 
Tağlar, Qazma və Buzeyir mağaralarını göstərmək olar. 
Adları  çəkilən  mağara  düşərgələri  bəşəriyyət  tarixinin  müxtəlif 
dövrlərinə aid edilir. 
Bunlardan  Azıx  mağarası  dünya  arxeologiyasında  xüsusi  yer  tutur. 
Mağara  1960-cı  ildə  Məmmədəli  Hüseynov  tərəfindən  qeydə  alınmış  və 
həmin  vaxtdan  burada  arxeoloji  tədqiqat  işləri  aparılmışdır.  Mağaranın 

34 
 
kompleks tədqiqi ilə sonradan D.V.Hacıyev, Ə.Q.Cəfərov və digər alimlər də 
məşğul olmuşlar. 
Azıx  mağarası  Azərbaycanın  Qarabağ  ərazisində  yerləşir.  Azıx 
mağarası  Quruçayın  sol  sahilində  olub,  dəniz  səviyyəsindən  900  m 
yüksəklikdədir. Mağaranın qarşısında olan Quruçay dərəsi Alp çəmənliyi ilə 
örtülmüşdür.  Mağaranın  cənub  və  şimal  tərəfləri  dağətəyi  meşələrlə  əhatə 
olunmuşdur.  Hələ  çox  qədim  dövrlərdə,  pliosenin  sonlarında,  pleystosenin 
əvvəllərində Azıx mağarası ərazisində Quruçay dərəsi yolu ilə müxtəlif iqlim 
şəraitində  çoxlu  heyvanat  aləmi  yayılmışdır.  Eyni  zamanda  2  milyon  il 
bundan  əvvəl  Şərqi  Afrikada  yaşamış  Homo  Habilisə  yaş  etibarı  ilə  yaxın 
olan ilk insanlar burada məskən salmışlar. 
Quruçay  dərəsi  istehsal  alətləri  hazırlamaq  üçün  zəngin  xammal 
mənbəyi  olmuşdur.  Burada  kvars,  kvarsit,  çaxmaqdaşı,  bazalt,  xalsedon, 
felzit,  yaşma  və  s.  minerallar  vardır.  Azıx  mağarası  karst  mənşəli  olub, 
əsasən  son  Ağcagil-Abşeron  dövrlərində  əmələ  gəlmişdir.  Mağaranın 
uzunluğu  600  m-dən  çoxdur.  Ümumi  sahəsi  8000  m
2
  yaxındır.  Mağara 
olduqca  hündür  (20-25  m),  salonlardan  və  içərisi  torpaqla  dolmuş  keçid 
yollarından  ibarətdir.  Mağarada  10  arxeoloji  təbəqə  müəyyən  olunmuşdur. 
Çöküntünün  ümumi  qalınlığı  14  metrdir.  Mağaranın  çöküntülərində  qədim 
paleolitin dövrlərini ardıcıl əks etdirə bilən bütün təbəqələr qeydə alınmışdır: 
şellə  qədər  olan  çay  daşı  alətləri  mədəniyyəti,  ilk  aşel,  orta  aşel,  son  aşel  - 
qədim mustye. Mağara abidələri arasında stratiqrafik quruluşda belə ardıcıllıq 
hələ  ki,  dünyanın heç  bir  yerində  qeydə  alınmamışdır.  Azıx  mağarasının  ən 
aşağı  təbəqələrində  (X-VII)  kobud  və  daha  primitiv  daş  alətlər  çaydaşı 
alətləri mədəniyyəti tapılıb öyrənilmişdir. 
Mağaradakı  bu  tapıntılar  700  min  ildən  artıq  yaşı  olan  altıncı 
təbəqədən  aşağıda  qeydə  alınmışdır.  Təbəqədən  çoxlu  çapacaqlar  və  başqa 
alətlər aşkar  olunmuşdur.  Bunlar  əsasən  protoçopper,  protoçoppinq,  kubvari 
alətlər,  kobud  qaşovlar  və  qəlpələrdən  ibarətdir.  Alətlər  eyni  texniki  üsulla 
hazırlanmışdır. Çay daşından hazırlanmış alətlər içərisində 4-5 kq ağırlığında 
nəhəng  çoppervari  alətlər  xüsusilə  diqqəti  cəlb  edir.  Azıxda  öyrənilmiş  çay 
daşı alətləri mədəniyyəti Şərqi Afrikanın Olduvey Mədəniyyəti kompleksi ilə 
yaxınlıq təşkil edir. Eyni zamanda alətlərin hazırlanmasında fərqli cəhətlər də 
vardır  ki,  bu  da  Azıxın  alt  çöküntülərindən  aşkar  olunmuş  əmək  alətlərini 
Quruçay 
mədəniyyəti 
adlandırmaq 
imkanı 
vermişdir. 
Quruçay 
mədəniyyətinin  yaşı  Xəzər  dənizinin  Abşeron  səviyyəsi  ilə  bağlanılır.  Bu 
nöqteyi-nəzərdən Quruçay mədəniyyətinin yaşı 1 milyon 200 min ildən daha 
qədimlərədək aid edilə bilərdi. 
Azıx  mağarasında  çay  daşı  alətləri  -  Quruçay  mədəniyyəti  dövrü, 
özünün uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur. 

35 
 
Arxeoloji  qazıntılar  zamanı  buradan  külli  miqdarda  daş  məmulatı  ilə 
yanaşı  müxtəlif  heyvan  sümükləri  də  aşkar  olunmuşdur.  Daş  alətlər  əsasən 
kobud və formaca primitiv əmək alətlərindən ibarətdir. Bunlardan çopperləri, 
çoppinqləri, baltavariləri və ibtidai formalı kobud əl çapacaqlarını göstərmək 
olar. Buradan həmçinin külli miqdarda fauna qalıqları da aşkar olunmuşdur. 
Ümumilikdə  bu  kompleksin  qədim  aşel  dövrü  abidələri  arasında 
oxşarı  yoxdur.  Arxeoloji  materiallar  özündən  aşağıdakı  təbəqələrdəki  çay 
daşı alətləri mədəniyyətinə və özündən yuxarıdakı (V təbəqə) orta aşel dövrü 
alətlərinə  yaxındır.  Quruçay  mədəniyyəti  çaydaşı  alətləri  mədəniyyətləri  ilə 
aşel arasında keçid dövrünü təşkil edir. 
Mağaranın  VI  təbəqəsində  ocaq  yeri  qeydə  alınmışdır.  Ocaq  cənub 
hissəsində,  qaya  divarının  yanında  salınmışdır.  Bu  da  mindel  buzlaq 
dövrünün əvvəllərinə aid olmaqla ən qədim ocaq sayılır. Azığın VI təbəqəsi 
tədqiqatçılar tərəfindən mindel buzlağı dövrünə aid edilir. 
Altıncı təbəqə qədim aşel dövrü mədəniyyəti orta aşel mədəniyyətinə 
məxsus (mindel-riss) beşinci təbəqə ilə əvəz olunmuşdur. Arxeoloji qazıntılar 
vasitəsi ilə beşinci təbəqədən tapılmış daş alətlərin əsasını çopperlər və kobud 
hazırlanmış itiuclu alətlər təşkil edir. 
1968-ci ildə aşel təbəqəsindən (V), azıxantrop adlandırdığımız qədim 
adamın  alt  çənəsinin  qırılmış  hissəsi  tapılmışdır.  Çənənin  quruluşundakı 
spesifik  cəhətlərə  əsasən,  bu  tapıntı  bir  tərəfdən  pitekantroplara,  xüsusilə 
mauer  adamı  çənəsinə  yaxınlıq  təşkil  etməklə  yanaşı,  digər  tərəfdən  də  bir 
çox  proqressiv  cəhətlərinə  görə  Fransadakı  Araqonun  aşel  təbəqələrindən 
aşkar olunmuş preneandertallara daha yaxındır. 
Azıxantropun  qalığı  alt  çənənin  sağ  tərəfindən  ibarət  olub,  ağıl  dişi 
bütöv, ikinci azu dişi qırılmış, üçüncü azu dişinin kötük hissəsi qalmışdır. 
Aparılan  arxeoloji  və  paleontropoloji  tədqiqatlar  azıxantropların 
ovladıqları  heyvanların  əksəriyyətinin  mağara  ayıları  və  maral  növlərindən 
ibarət olduğunu göstərmişdir. 
Məhz  bu  dövrdə  ovçuluğun  inkişafı  nəticəsində,  ibtidai  insanlar 
torpaqda  qazma  üsulu  ilə  süni  ocaqlar  qurmağa  başlamış,  onların  ətrafına 
qalın  ocaq  külü  ilə  sədd  çəkmişlər.  Kül  qurşağının  arxasını  isə  sal  daşlarla 
bərkitmişlər.  Təsadüfi  deyil  ki,  orta  aşel  təbəqəsində  üç  ocaq  yeri  qeydə 
alınmışdır. Ocaqlardan biri 10 m
2
 sahəni əhatə edir. 
Qeyd  olunanlarla  yanaşı,  ocaqla  eyni  sahədə,  qaya  divarları  arasında 
xəlvəti  yerin  olması  da  təsadüfi  deyildir.  Həmin  yerdə  mağara  ayılarının 
kəllələri  gizlədilmişdi.  Onların içərisində  yalnız  bir  kəllə  daha  böyük  maraq 
doğurur. Kəllənin üzəri bir-birinə paralel 8 maili xətlə cızılmışdır. 
Ayı  kəllələrinin  gizlədilməsi  Gürcüstan  (Cənubi  Osetiyada)  Kudaro 
mağarasının  aşel  təbəqəsində  və  Cənubi  Fransada  Lazare  mağara 
düşərgəsində qeydə alınmışdır. 

36 
 
Azıx  mağarasının  IV  təbəqəsindən  maddi  mədəniyyət  qalıqları 
tapılmışdır.  IV  təbəqənin  üstündə  III  təbəqə  yerləşmişdir.  Qazıntının 
stratiqrafiyasından  müəyyən  olunur  ki,  orta  aşeldən  sonra  ibtidai  insanlar 
mağaradan çıxıb getmişlər. Odur ki, bu təbəqə lal təbəqə hesab olunur. 
Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da qazıntının stratiqrafik 
kəsiyində  aşel  mustye  ilə  əvəz  olunmuşdur.  Mustye  təbəqəsi  öyrənilərkən 
buradan  iki  mindən  çox  daş  məmulatı  və  külli  miqdarda  müxtəlif  heyvan 
sümükləri  aşkar  olunmuşdur.  Təbəqədən  son  aşel  tipli  əl  çapacaqları  ilə 
birlikdə dişli mustye xarakterli əmək alətləri də tapılmışdır. 
Mağarada  arxeoloji  qazıntı  işləri  1986-cı  ilə  qədər  davam 
etdirilmişdir. 
Mustye  dövrü.  Bu  dövrə  aid  maddi  mədəniyyət  qalıqları  ilk  dəfə 
Fransanın Le-Mustye düşərgəsində müəyyən olunduğuna görə tapıldığı yerin 
adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. 
Bu mədəniyyət əsasən Avropada, Şimali Afrikada, Yaxın və Orta Şərq 
ölkələri ərazisində,  Orta  Asiyada  yayılmışdır.  Aparılan  arxeoloji  tədqiqatlar 
Mustye mədəniyyətinin 120-100 min il bundan qabaq başlanmasını və 35-33 
min il əvvəl sona çatmasını müəyyən etmişdir. 
Bu  dövrdə  qədim  insanların  bədən  quruluşunda,  əmək  alətləri 
hazırlanmasında, təsərrüfatında, həyat tərzində dəyişikliklər baş vermişdir. 
Mustye  dövrünün  sakinləri  olan  neandertallar  düşərgələrdə  yaşayış 
tikililərini əsasən nəhəng heyvan sümüklərindən və ya iri qaya parçalarından 
düzəldirdilər.  Onların  əsas  məşğuliyyəti  ovçuluq  olmuşdur.  Arxeoloji 
qazıntılar  zamanı  Mustye  mədəniyyətinə  aid  olan  düşərgələrdə  neandertal 
tipli insanların qəbirləri aşkar olunmuşdur. 
Mustye  dövrü  orta  pleystosenin  II  yarısına  aid  olaraq  buzlaşma  və 
iqlimin  daha  da  soyuması,  rütubətin  artması  ilə  səciyyələnir.  Mustye 
dövründə  daşın  işlənmə  texnikası  daha  da  təkmilləşdirilir:  daşın  ikitərəfli 
işlənməsi əvəzinə birtərəfli işlənməsi geniş vüsət alır. 
Azərbaycan  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Mustye 
mədəniyyətinə aid  Azıx  (III təbəqə), Tağlar,  Daşsalahlı,  Damcılı,  Qazma  və 
Buzeyir mağara düşərgələri aşkar olunmuşdur. 
Hazırda  respublikamızın  ərazisində  Mustye  mədəniyyətinə  aid  ən 
möhtəşəm  və  ən  zəngin  maddi  mədəniyyət  qalıqlarına  malik  qədim  insan 
düşərgəsi Tağlar mağarasıdır. Tağlar Mustye düşərgəsi Dağlıq Qarabağın ən 
mənzərəli guşələrindən birində Tuğ və Tağlar kəndlərinin arasında yerləşir. 
Mağara ilk dəfə M.Hüseynov tərəfindən 1960-cı ilə qeydə alınmış və 
1963-cü ildə burada ilkin tədqiqat işləri aparılmışdır. Arxeoloji qazıntı işləri 
fasilələrlə  (1985-ci  ilədək)  M.Hüseynovun  rəhbərliyi  ilə  aparılmışdır. 
Arxeoloji qazıntı işləri sonradan Ə.Cəfərova həvalə edilmişdir. Mağara əhəng 
daşlarından təbii yolla əmələ gəlmişdir. 

37 
 
Tağlar Mustye düşərgəsinin çöküntülərində altı mədəni təbəqə qeydə 
alınmışdır. Mağaranın I təbəqəsindən eneolit, tunc və orta əsrlər dövrünə aid 
maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Mağaranın II təbəqəsi və bütün 
aşağı  təbəqələr  Mustye  mədəniyyəti  dövrünə  aid  edilmişdir.  Mağaradan 
levallua və Mustye itiucluları, qaşov tipli alətlər, nüvələr, istehsal tullantıları 
və  fauna  qalıqları  tapılmışdır.  Aşkar  olunmuş  əmək  alətlərinin  əksəriyyəti 
çaxmaq  daşından  hazırlanmışdır.  Alətlər  olduqca  zərif  olub,  bir  neçə  işlək 
ağıza malikdirlər. 
Buradan tapılmış əmək alətləri Tağlar tipli alətlər adı ilə elm aləmində 
tanınır. Tapıntılara əsaslanaraq belə bir fikir irəli sürülür ki, insanlar burada 
yalnız  ovçuluqla  məşğul  olmuşlar.  Mustye  dövrünün  buradakı  mövcudluğu 
120  min  ildən-35  min  ilə  qədərki  dövrü  əhatə  edir.  Maraqlıdır  ki,  Azıx 
paleolit  düşərgəsinin  üçüncü  təbəqəsinin  daş  alətləri  içərisində  də  bir  neçə 
ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır. 
Abidədən  əldə  olunan  heyvan  sümükləri  göstərir  ki,  Mustye 
mədəniyyəti  dövründə  də  qədim  insanların  əsas  fəaliyyəti  ovçuluqla  bağlı 
olmuşdur.  Abidənin  ən  maraqlı  tapıntılarından  biri  də  çox  sayda  ocaq 
laylarının qeydə alınmasıdır. 
1983-cü  ildə  Naxçıvan  ərazisində  M.M.Hüseynov  rəhbərliyi  ilə 
aparılmış  arxeoloji  kəşfiyyat  işləri  nəticəsində  Şərur  rayonunun  Tənənəm 
kəndi  yaxınlığında  Qazma  dərəsində  mağara  qeydə  alınmışdır.  Mağaraya 
Qazma adı verilmişdir. Tənənəm kəndindən 3 km cənub-şərqdə yerləşən bu 
mağara  tunel  formalı  olub,  karst  mağarasıdır.  Qazma  mağarasında  aparılan 
arxeoloji  qazıntılarda  dörd  mədəni  təbəqə  qeydə  alınmışdır.  Mağaranın  I 
təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  orta  əsrlər,  tunc  və  eneolit 
dövrlərinə aid gil  qab  qırıqları  aşkar  olunmuşdur.  II təbəqədən isə  bir ədəd 
mezolit-eneolit dövrünə aid daş alət tapılmışdır. Düşərgənin III təbəqəsindən 
çoxlu  sayda  fauna  qalıqları  ilə  birlikdə  daş  dövrünə  aid  8  ədəd  əmək  aləti 
qeydə alınmışdır. 
1987-1990-cı  illərdə  Qazma  Mustye  düşərgəsində  Ə.Cəfərovun 
rəhbərliyi ilə arxeoloji qazıntı işləri davam etdirilir və nəticədə zəngin maddi 
mədəniyyət  nümunələri  aşkar  olunur.  Qazma  düşərgəsinin  əmək  alətləri 
əsasən  qaşov  tipli  alətlərdən  və  itiuclulardan  ibarətdir.  Əmək  alətləri 
dəvəgözü və çaxmaqdaşından hazırlanmışdır. Mağarada 1987-1990-cı illərdə 
aparılan  arxeoloji  qazıntılar  zamanı  altı  mədəni  təbəqə  qeydə  alınmışdır. 
Mağaradan tapılan sümük qalıqları göstərir ki, Mustye mədəniyyəti dövründə 
Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur. Düşərgənin beş 
və altıncı təbəqələrində bir neçə ocaq yeri aşkar olunmuşdur. 
Son  illər  mağaranın  tədqiqi  A.Zeynalova  həvalə  olunmuşdur.  Uzun 
illər  aparılan  tədqiqatlar  Azərbaycan  ərazisində  neandertal  tipli  insanların 
daha geniş ərazilərdə yaşadıqlarını göstərmişdir. 

38 
 
Daş dövrünə aid daha bir maraqlı abidə Lerik rayonu ərazisində aşkar 
olunmuşdur.  Bu  1985-ci  ildə  Ə.Cəfərov  tərəfindən  aşkarlanmış  Buzeyir 
mağarasıdır. Aşkar olunmuş 6 mədəni təbəqədən IV və VI Mustye dövrünə 
aid  edilir.  Kəlbəcər  rayonu  ərazisindəki  Zar  mağaraları  da  həmin  dövrlə 
əlaqələndirilir. 
Zəngin  paleolit  tapıntıları  (bu,  əsasən  nəsli  kəsilmiş  heyvan 
sümüklərindən ibarət olan qəbirstanlıq şəklindədir) Binəqədi kəndində, Bakı 
yaxınlığında 1938-ci ildə aşkar olunmuşdur. Sümüklər 1 m qalınlığında neft 
hopmuş  təbəqədən  çıxarılmışdır.  Bu  ərazidə  mağara  pələnginin,  canavar, 
tülkü,  mağara  öküzü,  kərgədan  və  maral  sümükləri  müəyyən  olunmuşdur. 
Binəqədidən  həmçinin  bitki  qalıqları  da  aşkarlanmışdı  -  üzüm,  nar,  fındıq, 
armud  və  s.  ağacların  budaqları.  Binəqədi  tapıntılarının  tarixi  40  min  il 
əvvələ aid edilir. 
Beləliklə,  məlum  olur  ki,  Azərbaycan  ərazisində  insanlar  hələ  alt 
paleolit dövründən məskunlaşmışlar. 
1924-cü  ildə  Krımın  Kik-Koba  mağarasında  yaşlı  adamın  və  uşağın 
sümük  qalıqları  tapılmışdır.  1953-cü  ildə  Krımın  Staroselye  düşərgəsində 
uşaq skeleti aşkar edilmişdir. Mustye dövrünə aid maraqlı tapıntı 1938-ci ildə 
Özbəkistanın  Teşik-Taş  mağarasında  qeydə  alınmışdır.  Bu neandertal  oğlan 
uşağının  sümük  qalıqları  idi.  Aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində 
Gürcüstanın  Sakariya,  Gurçula,  Kudaro,  Şimali  Qafqazın  Barakayevsk  və 
digər  Mustye  düşərgələrində  də  neandertal  tipli  insanlara  məxsus  sümük 
qalıqları tapılmışdır. 
 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin