AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR


 Mübarizə aparan tərəflərə münasibətdə mərkəzin antiazərbaycan



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

 
2.2 Mübarizə aparan tərəflərə münasibətdə mərkəzin antiazərbaycan 
mövqeyi, N. Nərimanovun Azərbaycandan 
uzaqlaşdırılması 
 
1922-ci  ildə  Azərbaycan  rəhbərliyində  vəziyyət  gərginləşmişdi.  N. 
Nərimanovun əleyhdarları (sol qrup) BK-nın himayəsi altında daha da fəallaşmışdı. 
Onlara Nərimanov kimi xalqını düşünən bir rəhbərin olması heç cürə sərf etmirdi. 
1921-ci  il  noyabrın  2-də  Q.  Orconikidze  Bakıdan  Leninə  və  Stalinə  teleqram 
vurmuşdu:  «Nərimanov  hələ  yoxdur,  lakin  buradakı  yoldaşları  MK-nın  qərarı  ilə 
tanış  etmişəm,  burada  olmadığım  müddətdə  iş  yoğunlamışdır,  indi  Nərimanovun 
götürülməsini  açıq-aşkar  tələb  edirlər.  MK  direktivlərinin  yekdilliklə,  hətta 
müzakirəsiz  qəbul  edilməsi  hiyləgər  manevrdən  başqa  bir  şey  deyildir.  Bir  neçə 
başqa işçi də götürülməsə, qalmaqal davam edəcəkdir. Nərimanovun məsələsində 
Axundova və Hüseynova inanmaq olmaz. Qarşıya  Nərimanovu devirmək vəzifəsi 
qoyulmuşdu...  Partiyada  aparılan  təmizləmə  ilə  əlaqədar  olaraq  Nərimanovun 
qrupu  mühasirəyə  alınmışdır...  Hüseynovu,  Axundovu  Moskvada  uzun  müddət 
saxlamaq  lazımdır...»  V.  İ.  Lenin  teleqramın  üstünə  yazmışdı:  «Məxfi  Molotov 
yoldaşa.  Siyasi  Büronun  bütün  üzvlərinə  oxutdurmalı  19.XI  Lenin»  (13,  f.268, 
s.26, iş 32, s.144). 

N. Nərimanov Stalinə məktubunda yazırdı: «Özünün «Qafqaz» siyasətinin 
inkişafına  mane  olan  hər  şeyi  məhv  etmək  üçün  Serqoya  məni  Azərbaycandan 
uzaqlaşdırmaq  lazım  idi.  O,  məsləhət  üçün  Mirzoyana  müraciət  etdi,  Mirzoyan 
dedi:  «Bizə  ancaq  sənin  razılığın  lazımdır  və  Nərimanov  burada  olmayacaq». 
Serqo dedi: işində ol» (90, s.56). 
L. Mirzoyan Ə. Qarayev və M. D. Hüseynovla birlikdə bütün qüvvələrini, 
N.  Nərimanovun  uzaqlaşdırılmasına  yönəldirlər.  Onu  Moskvada  yüksək  vəzifəyə 
keçməsi  adı  ilə  çıxarırlar.  Nərimanov  yazırdı:  Mirzoyan  və  Serqo  şadlıq  edirlər: 
məni  çıxartdılar  və  heç  bir  şey  olmadı,  Azərbaycanda  nəinki  üsyan  yoxdu,  hətta 
heç kim Nərimanovun adını çəkməyə cəsarət etmir (90, s.58). 
1922-ci  il  martın  12-də  N.  Nərimanov  Zaqafqaziya  Sovet  Sosialist 
Respublikaları Federativ İttifaqı Sovetinin üzvü seçildi. Martın 2-də Sovetin birinci 
iclasında Rəyasət Heyətinin tərkibinə daxil oldu. 
N.  Nərimanov  İttifaq  sovetinə  daimi  işə  keçməsi  ilə  əlaqədar  olaraq, 
həmin ilin mayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə 
Q.  M.  Musabəyov  təsdiq  olundu.  Nərimanov  yazırdı:  «Partiya  qaydası  ilə  XKS 
sədri  yoldaş  Musabəyovu  seçmək  təklifi  elan  edildikdə  yerlərdən  səslər  eşidildi: 
«Bəs  Nərimanov?  Onlara  cavab  verdilər  ki,  Nərimanov  İttifaq  Sovetinin  sədri 
seçilmişdir,  o  dəqiqə  onların  agentləri  bu  qərarla  razı  olmayanları  dilə  tutub 
sakitləşdirməyə başladılar ki, indi Nərimanov hər üç respublikanın başçısı sayılır. 
Məgər bu yalan deyil?» (90, s.42). 
N.  Nərimanov  1922-ci  il  martın  ortalarında  Moskvada  olmuş,  1922-ci  il 
mayın  28-də  Genuya  konfransından  Zaqafqaziyaya  qayıtmışdır.  İyulun  6-dan 
dekabrın 5-dək beş ay ərzində Nərimanov İttifaq Sovetinin sədrlərindən biri kimi 
Zaqafqaziya  dövləti  hakimiyyətinin  ali  icra  və  sərəncam  orqanının  fəaliyyətinə 
rəhbərlik etmişdir. O, RK(b)P MK-ya, İ. V. Stalinə göndərdiyi məktubda yazmışdı: 
«Tiflisdə  yaşayarkən,  guya  ali  hakimiyyət  kimi  çox  tez-tez  mənə  ASSR  Xalq 
Komissarları  Sovetindən  və  onun  ayrı-ayrı  üzvlərindən  şikayətlə  müraciət 
edirdilər,  lakin  mən  hər  dəfə  izah  etməli  olurdum  ki,  bəzi  məsələlərə  toxunmağa 
mənim hüququm yoxdu və i. a. 
Bu  halda  mən  ya  gərək  özümü  dartıb  üç  respublikanın  başçısı  kimi 
göstərməli və amansız yalan danışmalı, yəni vəd verib lakin heç bir iş görməməli, 
ya da olduğunu deməməliyəm». (90, s. 42). 
N.  Nərimanovun  xalq  kütlələri  arasında  olan  nüfuzu  ilə  idarəetmədəki 
səlahiyyətləri  arasında  tərs  mütənasiblik  vardı.  Birinci  nə  qədər  yüksəkdə 
dayanırdısa,  digəri  o  qədər  məhdud  idi.  Mərkəzin  planında  o,  təlimatlandırılmış 
icraçı kimi qiymətli sayılırdı (33, s. 34). 
1923-cü  il  martın  19-23-də  Zaqafqaziya  Kommunist  təşkilatlarının  II 
qurultayı  keçirildi.  Partiya  quruculuğu  haqqında  məruzəçi  L.  Mirzoyan  idi.  O, 
məruzəsində əsas yeri partiyanın sosial tərkibi, ziyalılar, kommunistlərin tərbiyəsi 
məsələlərinə  vermişdi.  Kəndlilərə  xor  baxmaq  meyli  də  aydın  görünürdü.  L. 

Mirzoyan  diyarın  partiya  təşkilatlarına  dedi-qodu,  dəstəbazlıq,  şəxsi  çəkişmələr, 
intriqaçılıq və digər mənfi halların mövcud olmasından danışarkən bildirdi ki, guya 
bunun başlıca səbəbi kəndlilərin geniş axınla partiyaya gəlməsi ilə əlaqədar olaraq 
partiyanın sosial tərkibinin pisləşməsidir. 
Bu  fikri  qətiyyətlə  pisləyən  İ.  B.  Yujak  açıq  danışdı:  «Dedi-qodu  hər 
şeydən əvvəl yuxarı dairələrin boğuq ab-havasından doğur, mən bunu bürokratizm 
ab-havası  adlandırardım.  Son  2-3  ildə  quruculuğun  müxtəlif  sahələrində  bizim 
yuxarı  dairələrin  tərkibini  yoxlayanda,  ancaq  vaxtaşırı  aparılan  yerdəyişmələrin 
şahidi  olursan,  təzə  işçilərə  rast  gəlmirsən».  N.  Nərimanov  da  dedi-qodunun 
pozucu  təsiri  məsələsinə  toxunaraq  qeyd  etdi  ki,  bunun  başlıca  səbəbi  mərkəzin 
direktivlərini  və  ideyalarını  başa  düşməməkdən,  partiyanın  Mərkəzi  Komitəsinin 
qərarına müxtəlif tərzdə yanaşmaqdan ibarətdir (13, f.268, s.26, iş 32, s.157-158). 
Zaqafqaziya kommunist təşkilatlarının II qurultayında İ. V. Struanın və R. 
A.  Axundovun  çıxışları  yenə  də  Nərimanova  qarşı  idi.  Nərimanovu  necə  olursa 
olsun,  təqsirləndirməyə  çalışan  Strua  keçmişin  hadisələrinə  qayıdaraq  bildirdi  ki, 
«Bakı çəkişməsində» Nərimanov yox, o biri yoldaşlar haqlı idilər. 
R.  Axundov  öz  çıxışını  əsasən  N.  Nərimanovun  və  F.  Maxaradzenin 
dediklərinin  tənqidinə  həsr  etdi.  Mərkəzin  direktivinin  başqa  birisinin  yox,  məhz 
Nərimanovun  başa  düşmədiyini  istehzalı  ifadələrlə  sübuta  yetirməyə  çalışdı. 
Yoldaşların  geri  çağırılması  məsələsini  yenidən  qaldıraraq  bildirdi  ki,  bu  iş 
Nərimanovun  «şəxsi  diktaturasını»  möhkəmləndirmək  üçün  görülmüşdür. 
Mirzoyanın  və  onun  digər tərəfdarlarının  nöqteyi-nəzərini ifadə  edən  Axundovun 
çıxışı  yeni iqtisadi siyasətin siyasi  məzmunu ətrafında  idi.  Yeni  iqtisadi  siyasətin 
mahiyyəti  fəhlə  sinfinin  kəndlilərlə  ittifaqı  və  bu  ittifaqı  möhkəm  iqtisadi  təməl 
üzərinə  qoymaqdan  ibarət  idi.  YİS-in  Lenin  konsepsiyasına  zidd  olaraq  çıxışda 
kəndlilərə etimadsızlıq ifadə edilirdi. Əhalisinin əsas qismi kəndlilərdən ibarət olan 
Qafqazda bu xətt xüsusilə təhlükəli idi (13, f.268, s.26, iş 32, s.160). 
R.  Axundov  gənc  kommunistləri  partiya  veteranlarına  qarşı  qoyurdu: 
«qocalara  bizim  hörmətimiz  var,  lakin  onlar  xırda  burjua  millətçiliyinə  meyl 
eləyəndə, icazə verin, biz tabe olmayaq, nəinki tabe olmayaq, hətta onların özlərini 
partiyanın  ümumi  iradəsinə  tabe  olmağa  vadar  edək.  Əks  təqdirdə  biz  partiyanı 
dağıdar, bir ovuc ötkəm diktatorlar yaradarıq». 
N.  Nərimanov  qurultaydan  sonra  RK(b)P  MK-ya  göndərdiyi  məktubda 
yazırdı:  «...Partiyada  yuxarıdan  və  aşağıdan  parçalanma  gedir.  Yuxarıda  gedən 
parçalanma mərkəzin direktivlərini hərəsi bir cür başa düşən məsul işçilər arasında 
gedir,  aşağıdan  parçalanma  ona  görədir  ki,  sollar  adlananların  diktaturası  gənc 
kommunistlər  arasında  casusluğu,  bəzən  biabırçılıq  dərəcəsinə  çatan  intriqanı 
qızışdırır. Biz canının qorxusundan deyil, vicdanının hökmü ilə işləyə bilən cəsur, 
dürüst  və  vicdanlı  qəhrəmanlar  tərbiyə  etməkdənsə,  qorxaqlar,  yalançılar  və 
satqınlar yetişdiririk» (13, f.268, s.26, iş 32, s.160). 

V. Lenin milli siyasətini ən ciddi şəkildə, RK(b)P X və XII qurultaylarının 
göstərişlərini  ardıcıl  surətdə  yerinə  yetirməyə  çalışan  N.  Nərimanov  V.  İ.  Lenini 
çox təşvişə salmış «Gürcüstan münaqişəsi» məsələsindən də yan keçə bilməzdi. 
N.  Nərimanov  Gürcüstan  partiya  təşkilatının  görkəmli  rəhbərlərinin 
rüsvay  edilməsini,  «millətçilik  təmayülündə»  ittiham  olunmasını,  vəzifədən 
götürülməsini  İ.  Stalinin  və  onun  xəttini  müdafiə  edən  Q.  K.  Orconikidzenin 
özbaşınalığının  və  böyük  dövlətçilik  siyasətinin  təzahürü  kimi  qiymətləndirir,  Q. 
K. Orconikidzeni «Stalinin yanında «general-qubernator» adlandırırdı. 
V.  İ.  Lenin  məxfi  məktubunda  L.  D.  Trotskiyə  belə  müraciət  etmişdir: 
«Sizdən  çox  xahiş  edirəm  ki,  gürcü  işinin  partiya  MK-sında  müdafiəsini  öz 
üzərinizə  götürəsiniz. Hazırda bu iş Stalin və Dzerjinskinin  «təqibi» altındadır və 
mən  onlann  qərəzsizliyinə  bel  bağlaya  bilmərəm.  Hətta  tamamilə  əksinə».  P.  Q. 
Mdivaniyə,  F.  İ.  Maxaradzeyə  və  digər  gürcü  yoldaşlara  məxfi  müraciətində  isə 
(bu  V.  İ.  Leninin  diktə  etdiyi  son  sənəd  idi)  göstərilmişdi:  «Bütün  qəlbimlə  sizin 
işinizi  izləyirəm.  Orconikidzenin  kobudluğu  və  Stalinlə  Dzerjinskinin  buna  göz 
yummaları  məni  hiddətləndirmişdi».  Bu  məsələdə  N.  Nərimanovun  fikri  V.  İ. 
Leninin  rəyinə  uyğun  gəlirdi.  «Gürcüstan  münaqişəsi»  SSR  İttifaqının  təşkili 
ərəfəsində  xüsusilə  şiddətlənib  son  dərəcə  kəskin  şəkil  aldı.  Qafqazın  görkəmli 
partiya  xadimləri  münaqişəni  söndürmək  üçün  var  qüvvələri  ilə  çalışırdılar, 
tərəflərin hamısını qane edib ehtirasları yatıra bilən təkliflər hazırlamışdılar. Bu öz 
ifadəsini  1922-ci  il  24  iyul  tarixli  «Zaqafqaziya  Federativ  İttifaqının  əsasları»nın 
on bir bəndində tapmışdı. Sənədi A. F. Myasnikov, N. Nərimanov, P. Q. Mdivani 
və S. M. Kirov imzalamışdılar (13, f.268, s.26, iş 32, s.162). 
O zaman Azərbaycanda da Gürcüstandakına bənzər vəziyyət yaranmışdı. 
Azərbaycanda  da  sovet  hakimiyyəti  qurulandan  az  sonra  Q.  K. 
Orconikidze  İ.  V.  Stalinin  ortaya  atdığı  və  zorla  qəbul  etdirməyə  çalışdığı 
«muxtariyyətləşmə» ideyasını - yeni meydana gələn müstəqil sovet respublikalarını 
muxtar qurumlar kimi RSFSR-in tərkibinə daxil etmək təklifini irəli sürdü. 
Bu təklifə Azərbaycan, Ermənistan KP MK-ləri qeyd şərtsiz razı oldular. 
Belarusiya KP MK-sı  müqavilə  münasibətlərinin saxlanmasına tərəfdar çıxmışdır. 
Gürcüstan  KP  MK  isə  sentyabrın  15-də  Stalinin  layihəsini  tamam  rədd  etmişdir. 
Ukrayna K(b)P MK isə layihəni müzakirə etməyə macal tapmamış və ona yenidən 
baxılması məsləhət görülmüşdü. 
V.  İ.  Lenin  1922-ci  ilin  sentyabrın  26-da  Siyasi  Büro  üzvləri  üçün 
Kamenevə  yazdığı  məktubda  bildirirdi  ki,  «...məsələ  son  dərəcə  mühümdür. 
Stalində  bir  qədər  tələsməklik  meyli  vardır.  Siz  gərək  yaxşı  düşünəsiniz»...  O 
həmçinin məktubda «muxtariyyətləşməni» millətlərin hüquqlarını tapdalayan səhv 
ideya kimi tənqid etmişdir. O, layihənin RSFSR-ə «daxil olmaq» sözünün əvəzinə 
«RSFSR  ilə  birlikdə  rəsmən  sovet  Respublikaları  ittifaqında  birləşmək»  sözlərini 
yazmağı təklif etmişdi. Onun fikrincə, respublikalar elə formada birləşməlidirlər ki, 
orada  birləşən  xalqların  suveren  hüquqlarına  xələl  toxunmasın,  onların  bərabər 

hüquqluluğu  təmin  edilmiş  olsun.  Bu  məqsədlə  o,  bərabər  hüquqlu  müstəqil 
respublikaların  könüllü  birləşməsi  formasını  irəli  sürmüşdü.  O,  ittifaq 
müqaviləsində  ittifaqdan  təkbaşına  çıxmaq  hüququnu  və  tərəflərin  səlahiyyətinin 
müəyyən edilməsini göstərməyi çox vacib saymışdı (42, s.82) 
Bu da əslində deklarativ xarakter daşıyırdı. ZSFSR-in yaranması 1922-ci 
il  dekabrın  10-da  çağırılmış  I  Zaqafqaziya  sovetlər  qurultayı  ilə  başa  çatdırıldı. 
Qurultayda  ZSFSR-in  yaranması  rəsmiləşdirildi.  Zaqafqaziya  MİK  seçildi. 
ZSFSR-in  yaranması  süni  surətdə  Qafqazı  parçalamaq,  RK(b)P  MK  Qafqaz 
bürosunun  iş  üslubunu  Zaqafqaziya  respublikalarına  köçürmək,  birləşmək  adı 
altında onların suveren hüquqlarını tapdalamaq idi. 
ZSFSR-in  yaranması  ilə  Azərbaycanın  zəngin  ehtiyatları  hesabına 
Gürcüstan  və  Ermənistan  iqtisadiyyatı  bərpa  edilib  dirçəlmişdi.  1936-cı  ildə 
ZSFSR ləğv edilənə qədər bu, davam etmişdi. 
1922-ci  il  yanvarın,  9-da  N.  Nərimanov  V.  Leninə  yazdığı  məktubda 
birləşməyə  öz  münasibətini  bildirmişdi:  «Mən  Kavbüronun  iclaslarında  həmişə 
deyirdim: Birləşmək lazımdır, ancaq tələsmək lazım deyildir. 
Azərbaycan  ta  qədimdən  indiyənə  qədər  bütün  sovet  respublikalarına 
münasibətdə beynəlmiləlçiliyi sübut etdi və edir. Öz varlığını bütün respublikaların 
varlığı  hesab  edir,  o  bunu  sözlə  yox,  işlə  sübut  etdi.  Ermənistanın  xeyrinə  o 
ərazisindən  imtina  etdi.  O  vaxt  ki,  bunu  siyasi  cəhətdən  etmək  olmazdı.  Buna 
baxmayaraq,  heç  bir  sovet  respublikası  bizə  heç  nədə  güzəşt  etmək  istəmir. 
Kav.Büro  bir  qərar  verir,  bunu  yalnız  Ermənistan  ya  Gürcüstan  pozur.  Bu 
respublikaların  heç  biri  bunu  etmək  istəmir.  Azərbaycan  ümumi  işin  xətrinə 
qurbanlar verir. Başlıca anlaşılmazlıqlar bunlardı. Sözsüz, partiya qayda-qanunları 
ilə  biz  hər  şeyi  etdik.  Mərkəzdə  əgər  yoldaş  Serqonun  səyinə  rəğmən  birləşmə 
məsələsi həll olunubsa, ədalətlə düşünmək lazımdır, İttifaq Sovetinin mərkəzi Bakı 
olmalıdır, Tiflis yox. Bu, məsələni bir qədər yüngülləşdirər» (13, f.609, s.l, iş 71, 
s.67-68). 
N.  Nərimanov  RK(b)P  MK-ya  göndərdiyi  məktubda  Zaqafqaziya  partiya 
təşkilatlarında  milli  siyasətin  həyata  keçirilməsində  əyintiləri  aradan  qaldırmaq, 
siyasi ab-havanı sağlamlaşdırmaq üçün bir sıra tədbirlər görməyi təklif etdi. Bunun 
üçün o, hər şeydən əvvəl «Serqo Orconikidzeni dəstəsi ilə birlikdə Zaqafqaziyada 
işdən  götürməyi,  partiyaya  1917-ci  ildən  əvvəl  daxil  olan  qocaman  partiyalı 
yoldaşların əksəriyyətini  Azərbaycan  və  Gürcüstan  mərkəzi komitələri üzvlüyünə 
qəbul  etməyi»  zəruri  sayırdı.  O,  Bakı  Partiya  Komitəsinə  seçkilərdə  də  eyni 
tədbirlər görməyi, onun tərkibini fəhlələr hesabına artırmağı təklif edirdi. Yazırdı 
ki, Orconikidzeni  Zaqafqaziyada saxlamaq köhnə siyasəti  davam etdirmək  demək 
olar,  beləliklə,  partiyanın  XII  qurultayının  milli  məsələyə  dair  qərarı  Zaqafqaziya 
respublikalarında lazımi təsir bağışlamaz (13, f.268, s.26, iş 32, s.162). 
N.  Nərimanovun  «milli  təmayüllü»  siyasəti  «Nərimançılıq»  adlanırdı. 
«1920-ci illərdən başlayaraq doktor Nəriman Nərimanovun Komissarlar Şurasının 

sədri olduğu zamanlarda  «Nərimançılıq»  adı altında  millətçi  bir qrupun  meydana 
çıxdığını  eşitməyən  az  idi.»  M.  S.  Ordubadi  bu  ideyanın  nədən  ibarət  olduğunu 
belə  müəyyənləşdirirdi:  «Onun  bütün  bəhsləri  özünün  təzə  bir  əqidə  müəssisi 
olduğunu göstərirdi.» O, bu əqidəni belə açırdı: «Nərimançılıq deyirdi ki, xalqların 
irq  və  adətləri  müxtəlif  olduğu  kimi  düşüncə  və  zehniyyətləri  də  bir-birindən 
ayrıdır.»  N.  Nərimanovun  sinfi  mübarizəyə  öz  baxışının  olduğu  qeyd  olunurdu: 
«Nərimançılıq» eyni zamanda siniflərin tövsiyyə etmək məsələsini kommunizm ilə 
burjuaziyanı  barışdırmaqla  həll  etmək  istəyirdi.  «Nərimançılıq»  sosializm  və 
kommunizmə  sinfi  mübarizə  yolları  ilə  deyil,  barışdırıcılıq  yolları  ilə  getməyi 
tövsiyə edirdi. Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları 
da öz tərəfinə çəkirdi». 
N.  Nərimanov  Azərbaycandan  uzaqlaşdırılandan  sonra  «sol»  qrup 
tamamilə  qol-qanad  açdı.  Nərimanovun  məsləkdaşlarına  divan  tutuldu.  Bir  qismi 
siyasi  cəhətdən  «öldürüldü»,  partiyadan  çıxarmaq  hədəsi  ilə  büsbütün 
simasızlaşdırıldı, digər qismi isə gizli fəaliyyətə keçməyə məcbur edildi. 
L. Mirzoyan  AK(b)P Bakı Komitəsinin katibi seçildikdən sonra sollar öz 
mövqelərini  möhkəmləndirdilər.  N.  Nərimanov  və  onun  tərəfdarlarına  qarşı 
mübarizəni gücləndirdilər. Onlar Stalinin hədsiz mərkəzləşdirmək, inzibati-amirlik 
metodlarını geniş yaymaq xəttini canfəşanlıqla yeridirdilər. 
Nəriman Nərimanov Azərbaycandan uzaqlaşdırıldı. Nərimanov kimi tarixi 
şəxsiyyətlərin ətrafında  mübahisələrin olması təbiidir. O, kommunizm ideyalarına 
inanaraq azəri türklərinin, Şərq xalqlarının azadlığını bu ideyalarda görür və bu işin 
həyata keçirilməsində milli, dini, etnik, ümumən yerli xüsusiyyətləri ciddi şəkildə 
nəzərə  almaqla  var  qüvvəsi  ilə  çalışır,  azad  və  xoşbəxt  cəmiyyət  quruculuğu 
yolunda  milli-mənəvi  dəyərlərin  qorunub  daha  da  inkişaf  etdirilməsi  uğrunda 
daima  mübarizə  aparırdı.  Bu  da  onun  düşmənlərini  -  daşnakları  və  onların 
havadarlarını  razı  sala  bilməzdi.  Odur  ki,  müxtəlif  bəhanə,  böhtan,  hiylə  ilə 
Nərimanovu  Azərbaycandan  qismən  uzaqlaşdırmağa,  onun  doğma  xalqla  mənəvi 
əlaqələrini  kəsməyə  çalışır,  məqsədlərinə  müəyyən  məqamlarda  nail  olsalar  da, 
onu xalqdan tamamilə ayıra bilmirdilər. 
N.  Nərimanovun  milli  təmayüllü  kommunist  ideologiyasının  platforması 
təxmini doqquz maddədən ibarət idi. 
l.Azərbaycan bütün qəzalarla müstəqil olmalı və SSRİ-yə müstəqil dövlət 
kimi daxil olmalıdır. 
2.Orta sinfə, yəni orta burjua sinfinə maksimum güzəştə getmək lazımdır. 
3.Dövlət idarələri tam  milliləşdirilməlidir, yəni məsul vəzifələrdə çalışan 
dövlət məmurlarının əksəriyyəti milliyətcə azərbaycanlı olmalıdır. 
4.Azərbaycan  dili  dövlət  dili  elan  olunmalı  və  tam  hüquqla  fəaliyyət 
göstərməlidir. 
5.Hərbi qulluq əhalinin tam imkanları əsasında keçirilməlidir. 

6.Bütün  partiya  və  dövlət  siyasəti  Azərbaycanın  milli  adət-ənənələri  ilə 
uzlaşmalıdır. 
7.Din məsələlərində maksimum ehtiyatlı rəftar edilməlidir. 
8.Azərbaycanın iqtisadi imkanlarına və milli sərvətlərinə tam və müstəqil 
şəkildə sərancam verilməli, lazım bilindikdə başqa «qardaş respublikalara» yardım 
göstərilməlidir. 
9.Şərq  xalqlarının  milli-azadlıq  hərəkatına  kömək  edilməlidir.  (13,  f.12, 
s.l, iş 452, s.11-26). 
N. 
Nərimanova  yaxından  bələd  olan  «Müsavat»  partiyasının 
ideoloqlarından  M.  B.  Məmmədzadənin  1923-cü  ildə  «Yeni  Qafqaziya»  mühacir 
jurnalında dərc etdirdiyi «Azərbaycanda vəziyyət» məqaləsi N. Nərimanovla onun 
rəqibləri  arasında  gedən  ideya,  siyasi  və  mənəvi,  psixoloji  mübarizə  barədə 
müəyyən təsəvvür yaradır. Məqalədən məlum olur ki, M. B. Məmmədzadə mayın 
15-də  Bakıdan  Ənzəliyə  gəlmiş  olan  səlahiyyətli  bir  nəfərlə  görüşür. 
Azərbaycandakı  vəziyyətlə  tanış  olduqda  o,  xəbər  verir  ki,  doktor  Nərimanov, 
sabiq  Azərbaycan  Komissarlar  Şurasının  rəisi  hal-hazırda  Müttəhid  Şura 
Cümhuriyyətləri Mərkəzi İcraiyyə Komitəsi divani rəyasət əzası, xəstə olduğundan 
3  aylıq  bir  məzuniyyətlə  Bakıya  gəlmişdir  və  qəribədir  ki,  Moskvanın  bir  sadə 
uşağını  təntənə  ilə  qarşılayan  Bakı  bolşevikləri  Nərimanovun  gəldiyini  qəzetdə 
belə  qeyd  etməmişdilər.  Nərimanovla  kimsə  görüşmür,  görüşmək  istəmir... 
Nərimanov  pək  yorğun  və  cismən  olmasa  da,  ruhən  xəstədir.  O,  bütün  işlərdən 
naümüd və hər şeyə laqeyddir (29, 3.07.1996). 
Araşdırmalar  göstərir  ki,  N.  Nərimanov  xalqdan  uzaqlaşdırılsa  da,  xalq 
onu  unutmamış,  ona  ən  böyük  dərdini,  sirrini  belə  deməyə  cəsarət  etmişdi. 
Nərimanova göndərilmiş məktubların biri bunu daha  aydın sübut edir ki, təqiblər, 
repressiyalar 25-ci ilə qədər və sonralar da davam edir. Məktub 1925-ci il fevralın 
15-də  yazılmışdır:  «...Daim  qorxu  halında  yaşamaqdansa,  birdəfəlik  ölmək 
yaxşıdır. Mənim heç bir günahım yoxdur və heç kimin işinə qarışmamışam. Mən 
siyasi  bitərəfəm,  sovet  hakimiyyətinə  qarşı  özümü  sadəlövh  aparmışam.  Ölümün 
qarşısında bunu deyirəm. Əxlaqi cəhətdən mən təmizəm. Hər kəsin üzünə cəsarətlə 
baxa bilərəm... 
Nə  qədər  ki,  Baqdasarovlar  və  Roxlinlər  bizimkilərə  rəhbərlik  edəcək... 
Azərbaycanda  necə  ki,  ikiüzlü  maskalar  var,  hələ  çox  əziyyət  çəkiləcək  və  gizli  
olaraq  milli  düşmənçilik  ömür  sürəcək.  Püşk  atıb  mən  ölümü  seçmişəm.  Zeyvər.  
16 fevral 1925» (13, f .609, s.l, iş 89, s.188). 
N. 
Nərimanov  yorulmuşdu:  mövqeyini,  prinsiplərini  anlatmaq, 
təsdiqləmək, 
səylərinin 
nəticəsizliyindən, 
siyasi 
dartışmaların 
mənəvi 
zərbələrindən  və  nəhayət,  məhrumiyyətlərə  dözərək  həyatını  sərf  etdiyi,  bir  çox 
dəyərlər bahasına üstünlük verdiyi amalının gerçəkləşmək şansının itirildiyi və bu 
prosesin qarşısını almaq iqtidarında olmadığını dərk etməkdən (47, 13.04.1990). 

N.  Nərimanov  səhhəti  ilə  bağlı  Bakıya  dönmək,  vəzifəsindən  azad 
olunmaq,  ailəsini  saxlamaq  üçün  Bakıda  ədəbi  işlə  məşğul  olmağa  icazə  istədi. 
Məktub Stalinə yazılmışdı. 
N. Nərimanovun  qəfil ölümü  bütün vicdanlı, əqidəli insanlara çox böyük 
təsir  etdi.  O  dövrün  mətbuatını  izlədikdə  çox  təəssüf  ki,  onun  ölümünün 
Azərbaycan  mətbuatında  soyuqqanlı  qarşılandığı  görünür.  Myasnikovun  vəfatı 
barədə  bir  neçə  nömrədə  («Bak.  Raboçi»  qəzetində  -  R.B),  Nərimanovun  vəfatı 
haqqında isə 1 nömrədə material verilmişdi. Onun rəqibləri Orconikidze, Kirov öz 
maskalarını  gizlədərək,  alovlu  nitqlər  söyləyirdilər.  Orconikidzenin  çıxışı  buna 
misaldır.  «Yoldaş  Nərimanov  bizim  partiyanın  Şərqdə  olan  ən  böyük 
şəxsiyyətidir... Bizlər üçün sözsüz ki, yoldaş Nərimanov Zaqafqaziyada yorulmaz 
mübariz  kimi  tanınmışdır.  Azərbaycanda  Nərimanov  yoldaş  bizim  partiyanın  ən 
yaxşı  bayraqdarı  olmuşdur.  Müsavat  dövrünün  ağalığı  vaxtı  Nərimanov  Şərqin 
simvolu idi» (112, 22.03.1925). 
20-ci  illərdə  Azərbaycan  rəhbərliyində  daxili-siyasi  çəkişmələrdə 
mübarizə aparan tərəflərə mərkəz birtərəfli yanaşırdı. 
N.  Nərimanov  Stalinə  yazmış  olduğu  tarixi  məktubunda  göstərirdi  ki: 
«Ucqarlarda milli təmayül mərkəzin özü və  ya onun işçiləri  tərəfindən yaradılır.» 
Bu,  çox  ciddi  və  yerində  vurğulanmış  irad  idi.  Moskvadan  göndərilmiş  vəzifəli 
kommunistlər  yerli  şəraiti  və  milli  xüsusiyyətləri  nəzərə  almayaraq,  idarəçilikdə 
hazırlıqları  və  təcrübələri  olmadıqları  üçün  «ya  işi  korlayır,  ya  da  həmin 
respublikada öz vəziyyətlərini möhkəmləndirmək üçün «milli təmayül» uydururlar 
və  işlə  deyil,  xəbər  gəzdirməklə  məşğul  olurlar.  «Solların»  mənşəyi  də  bundan 
başlayır. 
Çox təəssüflər olsun ki, bu, mərkəz tərəfindən təsdiq edilir. 
Beləliklə,  işimiz  üçün  fəlakətli  olan  yerli  işçilərlə  mərkəzçilər  arasında 
süni surətdə mübarizə yaradılır. İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni 
özünə  tabe  edərək, nəinki  heç  bir şey vermir, hətta  həmin Respublikanın  axırıncı 
tikəsini belə əlindən alır» (90, s.37-38). 
Nəriman  Nərimanov  1924-cü  il  mayın  27-də  «Ucqarlarda  inqilabımızın 
tarixinə dair (İ. V. Stalinə məktub)» adlı tarixi məktubuna əlavəsində daha bir çox 
vacib  məsələlərə  də  toxunur:  erməni  «yoldaşlar»  və  rus  şovinistləri  Bakı 
təşkilatının  rəhbərləri  cinayətkar  siyasət  həyata  keçirir,  keçmişlərindən  qorxan 
müsəlman  işçilərin  qüvvəsindən  istifadə  edərək  öz  məqsədlərinə  -  partiyanı 
parçalamağa nail olmaq üçün solluq oyunu oynayırlar. 
Bir  il  keçdikdən  sonra,  son  dərəcə  dəqiqliklə  qabaqcadan  dediklərimiz 
həyata keçdi. 
Biz  öz  məruzələrimizdə  həmişə  deyirdik  ki,  türk  fəhlələri  arasında  iş 
aparılmadığı  üçün  və  onlara  yanlış  münasibət  üzündən  türk  və  rus  fəhlələri 
arasında  antoqanizm  genişlənir.  Onların  ölkənin  idarə  edilməsində  və  s.  rus 

fəhlələri  ilə  birlikdə  şüurlu  surətdə  iştirak  etmələri  üçün  türk  fəhlələrinin  inkişaf 
səviyyəsini yüksəltmək zəruridir. 
Məruzədə  mən  birbaşa  göstərirəm  ki,  bu  məlum  proqram  üzrə  məlum 
şəxslər  tərəfindən  həyata  keçirilir  ki,  onlar  nəyin  bahasına  olursa  olsun, 
Azərbaycanı  simasızlaşdırmaq,  öz  miskin  məqsədləri  üçün  onu  gücdən  salmaq 
istəyirlər. Bu məqsədə nail olmaq üçün onlar özləri çıxış etməyib, Azərbaycandan 
olan türkləri Azərbaycanın mənafeyini müdafiə edənlərə qarşı çıxış etməyə məcbur 
edirlər. İş «parçala və hökm et» şüarı altında getmiş və gedir» (90, s.55-56). 
N.  Nərimanovu  narahat  edən  bütün  məsələlərə  mərkəz  birtərəfli  yanaşır, 
bəzi  məsələlərdə  açıq-aşkar  qeyri-obyektiv  mövqe  tuturdu.  Mərkəzin  mübarizə 
aparan  tərəflərə  etinasız  mövqe  tutması  1923-cü  ildə  Azərbaycana  Y. 
Yaroslavskinin  başçılığı  altında  göndərilmiş  komissiyanın  mövqeyində  də  öz 
əksini  tapmışdı.  N.  Nərimanovun  milli  məsələ  haqqında  məruzəsinin  ətrafında 
Mərkəzi  Partiya  Yoxlama  Komissiyasının  materialları,  Bakı  özək  partiya 
təşkilatlarının  qəbul  etdikləri  protokolları,  onların  milli  məsələ  haqqında 
qətnamələri,  Mərkəzi  Yoxlama  Komissiyasının  gəlməsinin  məqsədi  və  səbəbləri 
ilə tanış olduqda bunu bir daha aydın görmək olur 
Yoxlama  Komissiyası  1923-cü  ilin  iyulunda  Bakı  partiya,  komsomol 
özəklərində, zavodlarda, fəhlə yığıncaqlarında olmuş və N. Nərimanovun Mərkəzə 
məktubu  ilə  əlaqədar  araşdırma  aparmış  və  yeni  təşkilatlarda  yoxlamalar 
keçirmişdir. 
Komissiyanın  sədri  Y.  Yaroslavski  bildirir  ki,  gəlişimizin  məqsədi  yerli 
təşkilatların  yoxlanılmasıdır.  O,  qeyd  edirdi  ki,  N.  Nərimanov  yerli  təşkilatları 
təqsirləndirməkdən  başqa,  partiyanın  Mərkəzi  Komitəsini  də  ittiham  edir.  Xalq 
Xarici  İşlər  Komissarının  mövqeyini  pisləyir  və  göstərir  ki,  Kominternin  də 
mövqeyi  düzgün  deyil.  O,  Şərq  məsələsində  yalnız  özünü  haqlı  sayır.  Onun 
ərizəsinin  bu  tərəfinə  biz  burada  toxunmayacağıq.  N.  Nərimanov  öz  məktubunda 
yerli  rəhbər  işçiləri  milli  məsələdə  səhvlərə  və  əyintilərə  yol  verməkdə 
günahlandırır  ki,  onlar  milli  məsələyə  əks-partiya,  şovinist  mövqeyilə  yanaşırlar, 
türklər ruslar, ermənilər, yəhudilər tərəfindən hər cürə sıxışdırılırlar. O, iddia edir 
ki,  türkləri  ona  görə  sıxışdırırlar  ki,  onlar  N.  Nərimanovun  tərəfdarıdırlar.  Bütün 
bunların  da  nəticəsində  bir  çox  türk  kommunistlər  partiya  sıralarından  çıxmışlar. 
Onlar öz partiya biletlərini özləri gətirib təhvil veriblər (13, f.609, s.l, iş 117, s.l). 
Y. Yaroslavski Komissiyanın qarşısında qoyduğu məqsədlərdən danışaraq 
bildirdi ki, biz çalışacağıq ki, bir neçə iri istehsalat özəklərinin işlərini yoxlayaraq, 
müəyyən  edək  ki,  onların  milli  məsələ  ətrafında  müzakirələri,  milli  məsələ 
barəsində  ixtilafları,  milli  cəhətləri  bəhanə  edərək  partiya  sıralarından  qanunsuz 
çıxarma hadisələri, millətçilik kəmiyyətinə görə sıxışdırmalar olubmu? Hal-hazırda 
Bakı  Komitəsinin  özəklərə  münasibəti  necədir?  Özəklərlə  BK  arasında  ixtilaflar 
varmı  və  hansı  məsələlər  üzərindədir?  BK-nın  köhnə  tərkibə  münasibəti,  L. 
Mirzoyanla  N.  Nərimanov  arasında  ixtilaflar  necə  olub?  Özəklərin  say  hesabı, 

artımı  və  ya  əskilməsi  hiss  olunurmu?  Özəklərdə  dini  məsələyə  necə  baxırlar, 
bitərəflərin  kommunist  partiyasına  münasibəti  necədir  kimi  suallara  obyektiv 
qiymət vermək (13, f.609, s.l, iş 117, s.2). 
Əslində  Mərkəzdən  gələn  Yoxlama  Komissiyası  özəklərin  işlərinə 
baxandan sonra, raykomların istehsalat özəklərinin məsul işçiləri və nümayəndələri 
ilə  görüşüb  yığıncaqlar  keçirməli,  sonra  şəhər  partiya  komitəsinin  işinə  obyektiv 
baxmalı  və  daha  sonra  ümumşəhər  partiya  komitəsinin  iclasını  çağırmalı,  orada 
Mərkəzi  Yoxlama  Komissiyasının  işinin  nəticələrini  və  eyni  zamanda  bu  sahədə 
komissiyanın  gələcək  işinin  əsas  istiqamətlərini  bəyan  etməliydi.  Ancaq 
hadisələrin  gedişi  göstərdi  ki,  Mərkəzin  və  yerli  qeyri  azərbaycanlı  rəhbərlərin 
marağı  və  mənafeyi  baxımından  hadisələrə  qeyri-obyektiv  yanaşılır.  N. 
Nərimanovun məktubunda göstərilən reallıqdan bacardıqca uzaqlaşmağa çalışılırdı. 
Hadisələrə qeyri obyektiv yanaşılması hər şeyin kağız üzərində qalmasına 
gətirib  çıxartdı.  Protokolların  materillarından  məlum  oldu  ki,  çıxış  edən 
müsəlmanlar  öz  vəzifələrindən,  partbiletlərindən  qorxaraq  həqiqəti  gizlətməyə 
çalışmış,  Nərimanovun,  Sultan  Qaliyevin  və  b.  əleyhinə  böhtanlar  yağdırmaqdan 
belə çəkinməmişlər. 
1923-cü il iyulun 10-da Lenin adına toxuculuq fabrikində keçirdiyi iclasda 
Y.  Yaroslavski  sanki  yığıncaq  iştirakçılarının  diqqətini  Nərimanova  və  onun 
məktubunun  əleyhinə  yönəltmək  məqsədilə  Sultan  Qaliyevin  işi  haqqında  uzun-
uzadı geniş məlumat verərək göstərir ki, o, milli xalq komissarlığının üzvü idi, ona 
böyük  etimad  göstərilmişdi.  O,  isə  gizli  təşkilat  düzəltdi  və  gizli  məktublarla 
basmaçı  rəhbərliklərlə  əlaqə  yaratdı.  Bizim  partiyanın  üzvü  ola-ola  partiya  işini 
eşələməyə  başladı.  Biz  onu  cəzalandırdıq, partiya  sıralarından çıxardıq. O, özünü 
onunla təmizə çıxarmaq istəyir ki, guya o partiyada olan siyasətdən razı deyil. Bəzi 
yoldaşlar  guya  milli  məsələyə  düzgün  baxmırlar.  Türk  fəhlələrinə  lazımi  nəzər 
diqqət yetirilmir, onlar partiya işinə cəlb olunmurlar və s. (13, f.609,  s.l,  iş 117, 
s.7). 
Əvvəlcədən  öyrədilmiş  bir  çox  adamlar,  mənsəbpərəstlər  Nərimanova 
qarşı çıxış etdilər. Məsələn, həmin iclasda çıxış edən fabrik komitəsinin sədri Əsəd 
Əliyev  deyirdi:  «Mən  Aşumov  Molla  Babadan  başlamaq  istəyirəm.  Bizdə  elə 
hallar  olmayıb  ki,  fəhlələr  öz  partiya  biletlərini  cırıb  tullasınlar.  Əgər  ki,  türk 
partiyaya  qəbul  olubsa,  o,  məqsədlə,  şüurla  girib,  heç  bir  şöhrətpərəstlik  naminə 
yox,  ona  görə  o,  partbiletini  asanlıqla  tullaya  bilməz.  Molla  Baba  partiyadan 
çıxarılanda  mənim  yanıma  gəlib  dedi  ki,  Nərimanovu  Azərbaycandan  çıxarırlar. 
Bütün  Azərbaycan  məğlub  olacaq.  Nərimanovun  getməsinə  yol  verilməməlidir. 
Mən düşündüm ki, əgər çıxarırlar belə də olmalıdır. Burada bizim etirazımızın nə 
faydası  var.  «Şaxsey-vaxsey  olanda  Molla  Baba  yolundan  çıxdı  və  «şaxsey-
vaxseyin» rəhbəri oldu (13, f.609, s.l, iş 117, s.8). 
Toxucular  ittifaqının  sədri  Piriverdiyev  də  qərəzli  və  yaltaq  çıxışında 
Nərimanovun  əleyhinə  deyirdi:  «Nərimanovun  vaxtında  heç  bir  iş  görülmürdü, 

yalnız  intriqalar, ixtilaflar  mövcud idi.  İntriqalar bütün vaxtları alırdı.  Nərimanov 
ona  qarşı  duranlara  amansız  olurdu,  qəzalara  göndərərək  öz  nöqteyi  nəzərindən 
uzaqlaşdırırdı.  Nərimanov deyir ki,  fabrik, zavodda  türklər  yoxdu. Bu, düz  deyil. 
Bizim  fabrik  zavod  komitələrində  95%  türk  var.  Biz  Axundovu,  Orconikidzeni, 
Qarayevi  tanıyırıq.  Onlar  sovet  hakimiyyətini  təşkil  etdilər.  Nərimanov  gedəndən 
az sonra nəfəs almaq asanlaşdı. Biz normal işə başlayırıq, partiya sağlamlaşdı» (13, 
f.609, s.l, iş 117, s.9). 
Əlbəttə,  N.  Nərimanovun  yoxluğundan  istifadə  edən  mirzoyanlar,  «sol» 
qrupunun nümayəndələri  hakimiyyəti öz  əllərində  necə cəmləşdirmişdilərsə,  artıq 
onların qarşısında duracaq qüvvə yox idi, ixtilaflar da olmayacaqdı. 
Qara  şəhərin  10-cu  zavod  qruplarının  1923-cü  il  11  iyul  tarixindəki 
iclasında Nərimanovun ərizəsi ilə əlaqədar milli məsələyə dair aşağıdakı qətnamə 
qəbul  edilmişdi:  iclas  Bakı  Komitəsinin  işini  bəyənir,  N.  Nərimanovun  ərizəsini 
pisləyir, türklərin sıxışdırılması haqqında sözlər düz deyil, türklər, ermənilər, ruslar 
və  ayrı-ayrı  fəhlələrin  arasında  qardaşlıq  həmrəyliyi  yaranıb,  partiya  indi  xalq 
təsərrüfatının  bərpa  olunması,  dirçəldilməsi  ilə  məşğul  olmalıdır,  partiya 
imperializmlə  mübarizə  aparanlara  mane  olanları  pisləyir.  Molla  Babanın  və 
Ələkbərin  partiyadan  çıxarılmasını,  onların  əks  hərəkətlərinin  zərərliliyinin 
yoxlanmasını partiya təşkilatlarına tapşırır (13, f.609, s.l, iş 117, s.16). 
Burdan  da  aydın  görünür  ki,  N.  Nərimanovu  müdafiə  edən  fəhlələrin 
aqibəti bu cür olurdu. 
N.  Nərimanovun  məktubu  ilə  əlaqədar  Mərkəzdən  gələn  Yoxlama 
Komissiyası  komsomol  özəklərinin  birgə  iclasında  da  bu  məsələyə  baxdı.  Digər 
iclas protokollarından göründüyü kimi, burada da çıxış edənlər Abdinov, Ağacan, 
Kaminski  və  b.  o  cümlədən,  rayon  istehlak  özəklərinin  Balaxanı,  Sabunçu  və 
Ramanadakı birgə iclaslarında Ağa İbrahimov (ərzaq komitəsinin sədri), Əmənulla 
(zavkomun  sədri),  Mehbalı  Novruz  (Az.MİK  rəyasət  heyətinin  üzvü),  Muxtar 
Fətəli, Mahmudov, Zemlyanski və b. çıxışlarında günahı Nərimanov, Molla Baba, 
Şirvani və b. üzərinə  yıxdılar və BK-nın mövqeyini bəyəndiklərini,  türklərə qarşı 
heç  bir  diqqətsizliyin  olmamasını,  bütün  qazanılmış  uğurların  Orconikidze,  R. 
Axundov, M. D. Hüseynovun zəhməti bahasına başa gəldiyini və onların tanınmış, 
etibarlı rəhbər işçilər olduğunu vurğuladılar. 
N.  Nərimanovun  məktubunda  yazılanların  hamısı  böhtan  hesab  edilir, 
Mikoyan,  Mirzoyan,  Sarkis  və  onların  icraçıları  kimi  fəaliyyət  göstərən  R. 
Axundovun, M. D. Hüseynovun və b. rolu şişirdilir, təriflənirdi. 
Ümumbakı  özəklərinin  konfransı  RK(b)P  MK  və  MY  Komissiyasının 
məruzələrini dinlədi, Bakı təşkilatlarının, MK-nın milli məsələyə dair gördükləri iş 
haqqında  belə  bir  nəticəyə  gəldi:  «Komissiya  tərəfindən,  verilən  özəklərin  işini 
yoxlayaraq yerli şəraitin nəzərə  alınması barədə işləri tamamilə qənaətbəxş hesab 
edirik. 

Konfrans  təsdiq  edir  ki,  türk  fəhlələrinin  partiya,  sovet  işlərinə  irəli 
çəkilməsi güclənib. Əvvəlkilərdən fərqli olaraq türk fəhlələri, erməni,  yəhudi, rus 
fəhlələri  ilə  birləşib  çiyin-çiyinə  çalışır.  N.  Nərimanovun  məktubunda  göstərilən, 
Bakı  Komitəsinə  və  onun  fəal  işçilərinə  qarşı  olan  yersiz  ittihamlar  tamamilə 
əsassızdır,  uydurmadır.  Konfrans  N.  Nərimanovun  çıxışını  partiya  sıralarında 
dağınıqlıq  və  qatma-qarışıqlıq  yaradan,  partiyaya  zidd  bir  akt  hesab  edir,  N. 
Nərimanovun yazdığı məktub düzgün deyil, yalnız inqilabın düşmənlərinin xeyrini 
güdən  və  sovet hökumətinə  zidd, əksinqilabi bir silahdır.  Konfrans Nərimanovun 
ərizəsini  həqiqətə  uyğun  hesab  etmir,  Nərimanovun  mövqeyini  kütlələrdən 
uzaqlaşma  kimi  qiymətləndirir.  Konfrans  belə  çıxışı  pisləyir  və  onu  partiyanı 
dağılmağa  çağıran  bir  çıxış  hesab  edir.  RK(b)P  və  MK-dan  xahiş  olunsun  ki, 
Nərimanovu  cəzalandırsınlar,  həmişəlik  olaraq  bu  zidd  hərəkətə  son  qoyulsun» 
(13, f.609, s.l, iş 117, s.29). 
AzK(b)P-nın  məsul  işçilərinin  iclası  və  Yoxlama  Komissiyası  da 
Nərimanovun  məktubu  ilə  əlaqədar  təxminən  elə  bu  cür  qərar  qəbul  edərək 
bildirdi: 
«Nərimanovun  çıxışı  əslində  partiyaya  ziddir,  partiyanın  dağılması  üçün 
bir  əsasdır.  AK(b)P  məsul  işçilərinin  bir  çoxlarının  onun  tərəfində  çıxış  etməsi 
açığı  millətçilik,  öz  marağını  partiyanın  marağından  yüksək  tutmaq  və  eləcə  də 
fəhlə sinfindən yüksək tutmaqdır. İşin həqiqi olub-olmamasını yoxlayan komissiya 
bir daha aydınlaşdırmışdı ki, məsul işçilərin ünvanına yağdırılan böhtanlar yalandır 
və  komissiya  qərara  gəlir  ki,  belə  yaramaz  hərəkətlərə  həmişəlik  son  qoymaq 
lazımdır. N. Nərimanovun nitqi başdan-ayağa səhvdir, antimarksist xarakter daşıyır 
və  savadsız  bir  sənəddir.  Nərimanov  tərəfindən  yağdırılan  bütün  böhtanlar 
əsassızdır,  bu,  obyektiv  olaraq  düşmənlərin  əlinə  imkan  verməkdir.  Biz  partiya 
üzvlərini kominternin  ətrafında  sıx  birləşməyə  çağırırıq» (13, f.609, s.l, iş 117, 
s.31). 
Əvvəlcədən  düşünülmüş  və  hazırlanmış  bu  yığıncaqların  qərarlarını  və 
təşkilatlarda  keçirilən  yoxlamaların  nəticələrini  ümumiləşdirərək,  Yoxlama 
Komissiyası  Mərkəzin,  xüsusilə  də  Stalinin  və  Orconikidzenin  tapşırığı  ilə 
Nərimanovun mövqeyini qərəzliliklə pisləyib təhrif edən və onu gözdən salan bir 
fikir, qərar ümumiləşdirdi. 
Komissiyanın qərarında  deyilirdi:  «Komissiya ümumiyyətlə  və  tamamilə 
N.  Nərimanovun  RK(b)P  MK-nə  yazdığı  məktubunu  əsassız  hesab  edir.  O, 
məktubu ilə bütün, AK(b)P MK və BK məsul işçilərinə, eləcə də bütün kommunist 
təşkilatının  üzvlərinə  böhtan  atır  və  təhqir  edir.  Komissiya  rəqəmlərlə  və  başqa 
materiallarla tanış olandan, bəzi məsul işçiləri və eləcə də sıravi partiya  üzvlərini 
sorğu-sual  edəndən  sonra,  Bakı  təşkilatlarında  olan  istehsalat  özəklərinin 
ərizələrini və çağırışlarını dinləyəndən sonra, Bakıda olan rəhbər orqanları, partiya 
orqanları  və  eləcə  də  Azərbaycanla  bağlı  Nərimanovun  bütün  böhtanlarını  rədd 
edir.  Komissiya  eyni  zamanda  türk  fəhlələrinin  və  kəndlisinin  sayılmaması, 

sıxışdırılması  fikrini  rədd  edir.  Azərbaycanda  milli-siyasət  qurultayların  qərarları 
əsasında  qurulub  və  işgüzarlıqla  həyata  keçirilir.  Komissiya  xüsusilə  Bakı 
təşkilatlarının işinə müsbət qiymət verir...» (13, f.609, s.l, iş 117, s.33). 
Y.  Yaroslavskinin  başçılığı  ilə  Mərkəzi  Yoxlama  Komissiyasının 
mövqeyi, apardığı siyasət qeyri obyektiv idi. Təbiidir ki, qısa bir müddətdə bu cür 
ciddi məsələyə tam aydınlıq gətirmək olmazdı. 
Komissiyanın  heç  belə  bir  fikri  də  yox  idi.  Odur  ki,  Nərimanovun 
tərəfdarlarından  heç  kimlə  söhbət  aparılmadı.  Əsas  məqsəd  Nərimanovun  haqsız 
olduğunu  göstərməklə,  onun  Azərbaycandan  uzaqlaşdırılmasına  nail  olduqdan 
sonra,  Mirzoyan,  Sarkis,  Orconikidze,  Kirov  kimilərinə  Azərbaycanda  sərbəst 
hərəkət  etmək  üçün  yol  açmaq  idi.  Komissiya  da,  onu  təşkil  edənlər  də,  onlara 
xidmət edənlər də öz məqsədlərinə nail oldular. 
N. Nərimanovun İ. Stalinə  yazdığı tarixi  məktubu çox qiymətli bir sənəd 
olmaqla  yanaşı,  həm  də  1920-1923-cü  illərdə  siyasi  vəziyyəti  daha  dərindən  və 
yaxşı başa düşməyə, həm də dövrün ruhunu, ab-havasını hiss etməyə imkan verir. 
Nərimanovun  mövqeyinin,  onun  Mərkəzə  yazdığı  xəbərdarlıq  məktublarının,  bu 
məktublarla  əlaqədar  olan  çoxlu  digər  sənədlərin,  arxivlərdə  uzun  illər 
tədqiqatçılardan gizli saxlanılaraq və yalnız indi, son 10-15 ildə aşkara çıxarılması 
mümkün  olmuş,  bu  materialların  öyrənilməsi  tədqiq  olunan  illərdə  Azərbaycan 
rəhbərliyində gedən mübarizənin mahiyyətini, Nərimanov üçün yaradılan çıxılmaz 
vəziyyəti,  Mərkəzin  anti-azərbaycan,  şovinist  siyasətini  başa  düşməyə  və 
sənədlərin dili ilə açıb göstərməyə, yeridilən açıq-aşkar hakim millətçilik, şovinist 
siyasətin  bünövrəsinin  məhz  o  illərdə  qoyulduğunu  başa  düşməyə,  tariximizi 
olduğu  kimi  obyektiv  öyrənməyə  kömək  edir.  Həmin  sənəd  sovet  cəmiyyətinin 
həyatında  stalinizmin  sonralar  əmələ  gətirdiyi  fəlakətlərin  səbəblərini 
aydınlaşdırmağa  bilavasitə  kömək  edir.  Nərimanov  istəyirdi  ki,  (bu  məktubu 
yazmaqla)  Azərbaycanda  partiya  quruculuğu  və  milli  siyasət  sahəsində  buraxılan 
səhvlərə  diqqəti  cəlb  etsin  və  həmin  səhvlər  gələcəkdə  təkrarlanmasın.  Sonrakı 
hadisələr  göstərdi  ki,  N.  Nərimanov  yanılmamış,  hələ  1920-ci  illərdə  hiss  edilən 
əyintilər  getdikcə  dərinləşmiş,  dövlət  siyasətinə  çevrilmiş  və  cəmiyyətə  böyük 
fəlakətlər gətirməklə yanaşı, nəticə etibarı ilə sovet cəmiyyətinin özünün məhvinə 
səbəb olmuşdu. 
Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin