AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR


 Milli dövlət mexanizminin dağıdılması, müstəqilliyin və ərazi



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

 
1.2. Milli dövlət mexanizminin dağıdılması, müstəqilliyin və ərazi 
bütövlüyünün itirilməsi 
 
Aprel  çevrilişindən  sonra  Azərbaycanda  qurulan  yeni  hökumət  dövlət 
quruculuğu  sahəsində  Rusiya  nümunəsini  rəhbər  tutaraq,  fövqəladə  dəyişikliklərə 
üstünlük  verirdi.  EIə  ilk  günlərdən  Azərbaycan  Xalq  Cümhuriyyətindən  miras 
qalmış dövlət idarəçilik sistemi dağıdılmağa başladı. General qubernatorluq, Bakı 
şəhər idarəsi,  quberniya idarəçiliyi,  polis,  məhkəmə  palatası  və  s. ləğv edildi.  Bu 
şəraitdə ilk növbədə yeni hakimiyyəti qoruyan, onun möhkəmliyinə təminat verən 
qurumlar  yaradıldı.  Polisin  əvəzinə  siyasi  prinsip  əsasında  təşkil  edilən  milis 
yaradıldı.  Azərbaycan  İnqilab  Komitəsi  1920-ci  ildə  özünün  ilk  dekretlərində 
torpaqların  (5  may)  meşə,  su,  yeraltı  sərvətlərin  (15  may),  neft  sənayesinin  (27 
may), Xəzər ticarət flotilyasının (6 iyun), bankların (9 iyun) milliləşdirilməsini elan 
etdi. 
Aprel  çevrilişindən  sonra  siyasi,  sosial,  iqtisadi  dəyişikliklər  edilməsinə, 
mütərəqqi addımlar atılmasına baxmayaraq, təəssüf ki, Rusiya Azərbaycana ancaq 
özünün  tərkib  hissəsi  kimi  baxdığından  bütünlükdə  sistem  Rusiyadakının  təkrarı 
idi.  Acınacaqlı  hal  idi  ki,  milli  mənafe,  yerli  şərait,  milli  xüsusiyyətlərin  nəzərə 
alınmaması,  dövlət  və  sosial  quruculuqda  buraxılan  səhvlər,  əsassız  radikallıq 
Azərbaycanda da təkrarlanırdı. Bu da çox şübhəsiz, ciddi partiyadaxili mübarizəyə 
gətirib  çıxaracaqdı.  Çünki  Mərkəzdən  göndərilən  və  idarə  edilən  rəhbərlərə 
Azərbaycanın spesifik milli xüsusiyyətləri yad idi. Mərkəzin mənafeyi baxımından 
bunlar nəinki nəzərə alınmır, hətta addımbaşı tapdanılırdı. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  rəhbər  partiya 
orqanlarının  yeni  təşkilat  strukturu  yaradıldı.  1920-ci  ilin  iyulunda  AK(b)P 
Mərkəzi Komitəsində iki büro - Siyasi Büro və Təşkilat Bürosu, habelə MK katibi 
vəzifəsi təsis edildi. 
Çevrilişdən  sonra  azərbaycanlıların  əsas  rəhbər  vəzifələrə  çəkilməsi  son 
dərəcə  çətin  idi.  Belə  ki,  sovetləşmənin  əvvəllərində  azərbaycanlılara  az  çox  rast 
gəlinirdisə,  20-ci  illərin  ortalarında  artıq  rəhbərlikdə  rus,  ermənilər  daha  çox  yer 
tuturdular.  Bu  da  Mərkəz  üçün  maraqlı  idi:  öz  maraqlarına  münasib  kadrlarla 
işləmək,  xüsusən  də  hər  hansı  tale  yüklü  qərarı  qəbul  etdirmək  üçün  yalnız  öz 
adamları  olmalı  idi.  Siyasət  xatirinə  azərbaycanlılar  da  olmalı,  yalnız  Mərkəzin 
diktəsi  ilə  hərəkət  etməli  idilər.  Çox  təəssüf  ki,  onların  bu  siyasəti  bəzi 

«beynəlmiləlçi»  azərbaycanlı  kommunistləri öz  toruna  sala bilir  və  Mərkəzə tabe 
etdirə bilirdi. Xüsusən məkrli erməni kommunistləri, qanlarında daşnak xofu olan 
Mirzoyan,  Mikoyan  və  onların  asanlıqla  tərəflərinə  çəkə  bildikləri  rus,  eləcə  də 
azərbaycanlı  kommunistlər səhv siyasət  yeridərək,  Azərbaycanın  milli  mənafeləri 
baxımından deyil, mərkəzin, xüsusən də ermənilərin antiazərbaycan siyasətinə bir 
növ rövnəq verməli olurdular. 
MK-nın  Siyasi  bürosuna  N.  Nərimanov,  V.  İ.  Naneyşvili,  M.  D. 
Hüseynov,  A.  İ.  Mikoyan,  V.  Lominadze,  Təşkilat  bürosuna  Sarkis  (S.  A. 
Danielyan),  K.  F.  Sturua,  D.  X.  Bünyadzadə,  Ə.  H.  Qarayev  seçildilər.  V.  İ. 
Naneyşvili AK(b)P MK katibi təsdiq olundu. 
1920-ci ilin sentyabrında V. İ. Naneyşvilinin Bakıdan  getməsilə əlaqədar 
olaraq  MK  katibi  vəzifəsini  müvəqqəti  olaraq  (sentyabrın  9-dan  15-dək)  Yelena 
Dmitriyevna  Stasova,  sentyabrın  15-dən  oktyabnn  24-dək  Vladimir  Yelizbaroviç 
Dumbadze (Lado) icra etdilər. MK katibi vəzifəsində 1920-ci il oktyabrın 24-dən 
1921-ci  ilin  iyulunadək  Qriqori  Naumoviç  Kaminski,  sonra  1926-cı  ilin 
yanvarınadək Sergey Mironoviç Kirov işlədi. 
1920-ci il mayın 8-də AK(b)P Bakı Komitəsinin bürosu yaradıldı. Büroya 
Sarkis,  A.  Mikoyan,  V.  Naneyşvili,  L.  Qoqabaridze,  V.  Lominadze,  V.  Yeqorov, 
N. Tyuxtenev, Ə. H. Qarayev və b. daxil oldular. Sarkis AK(b)P Bakı Komitəsinin 
katibi  seçildi.  BK-nın  aşağıdakı  şöbə  müdirləri  təsdiq  olundu:  təşviqat  şöbəsinin 
müdiri  M.  Kaxiani,  təşkilat-təlimat  şöbəsinin  müdiri  Sarkis,  qadınlar  arasında  iş 
aparan şöbənin  müdiri M.  Kasparova, kənddə  iş aparan şöbənin  müdiri Müzəffər 
Nərimanov,  iməcliklər  bürosunun  müdiri  Puxoviç  (13,  f.268,  s.26,  iş.32,  s.105-
106). 
Sarkisin rəhbərliyi ilə Bakı Komitəsində bir qrup «sol» mövqedə dayanan 
rəhbər işçilər Bakı Komitəsini Mərkəzi Komitəyə, Azərbaycan İnqilab Komitəsinə 
qarşı qoyaraq, onların xəttinə zidd qərarlar qəbul edir, N. Nərimanovun sözləri ilə 
desək «Bakı Komitəsi şəxsində müxalifət» yaradırdı. 
«Müstəqil»  Azərbaycan  dövləti  və  onun  arxasında  duran  Rusiya  üçün 
keçmiş  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ordusunun  mövcudluğu  narahatlıq 
yaradırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsi mayın 7-də ordunun  və 
donanmanın  yenidən  təşkili  haqqında  qərar  çıxartdı.  Qərara  əsasən,  yeni 
yaradılacaq  Azərbaycan  Ordusu  və  Donanması  əslində,  Sovet  Rusiyası  Qızıl 
ordusunun tərkib hissəsi kimi yaradılırdı. Azərbaycanın hərbi bölmələri, bilavasitə 
XI  Qızıl  Ordu  komandanının  hərbi  gəmiləri  -  Xəzər  Donanması  Komandanının 
tabeliyinə  keçirdi.  Azərbaycan  Hərbi  Donanma  komissarının  səlahiyyəti  ancaq 
yeni  hissələrin  yaradılması  və  səfərbərlik  məsələləri  ilə  məhdudlaşırdı.  Beləliklə, 
Müstəqil  Azərbaycan  Sovet  Respublikası  öz  mövcudluğunun  ilk  aylarından 
dövlətçiliyin  mühüm  şərtlərindən  biri  -  ordu  saxlanması  hüququndan  «könüllü» 
surətdə məhrum edildi. 

Azərbaycan ordusunun müstəqilliyinə Ç. İldırım təşəbbüs etmiş, lakin az 
sonra onu hərbi işlərdən uzaqlaşdıraraq, yerinə bu sahədə heç bir səriştəsi olmayan, 
Azərbaycanın yeganə gəmiləri «Ərdahan» və «Astrabad»ı qayıq bilib gözüyumulu 
sənədə imza ataraq Rusiyaya verən Ə. Qarayevi gətirmişdilər (50, s.30). 
Aprel  çevrilişindən  sonra  hər  ay  Azərbaycana  yeni-yeni  hərbi  qüvvələr 
yeridilməkdə idi. Bu ordu hissələri özlərini əvvəlki ordu hissələrinə nisbətən daha 
amansız  aparır,  adamları  qarət,  kəndləri  talan  etməkdən  çəkinmirdi.  Azərbaycan 
kəndliləri  bir  şey  haqqında  xahiş  edir  və  yalvarırdılar:  «nə  varsa  hamısını  
birdəfəlik  alın  və  ailə  ocaqlarımızı  gündəlik  qeyri-mütəşəkkil  və  təhqiredici  
basqınlardan xilas edin» (94, s.14). 
İş o yerə çatmışdı ki, ordu quruculuğu məsələsində rəhbər kommunistlər 
arasında ciddi narazılıqlar yaranmışdı. Ordudakı özbaşınalıqlar, qarətçilik xüsusilə 
əhalidə yeni hökumətə qarşı inamsızlığa və nifrətə səbəb olmuşdu. 
Müstəqil  orduya  malik  olmaq  hüququnu  itirdikdən  sonra  Azərbaycan 
1920-ci  il  sentyabrın  30-da  Behbud  Şaxtaxtinski  və  G.  Çiçerin  tərəfindən 
imzalanan  «qardaşlıq  ittifaqı»  (hərbi-iqtisadi  ittifaq)  müqaviləsinə  görə  iqtisadi 
qaynaq  və  vasitələrini  (yeraltı,  yerüstü  sərvətlər,  sənaye  müəssisələri),  müstəqil 
ticarət  haqlarını  Moskvaya  verir,  eyni  zamanda  müstəqil  maliyyə  və  nəqliyyat-
rabitə hüquqlarından da  imtina  edirdi.  Bu  müqavilədə  konkret  olaraq göstərilirdi: 
«1.RSFSR hökuməti və Azərbaycan hökuməti az vaxt ərzində hərbi təşkilatları və 
hərbi  komandanlığı  birləşdirir.  2.Müqavilə  imzalandığı  vaxtdan  qüvvədədir  və 
xüsusi ratifikasiya tələb etmir» (12, f.410, s.l,iş. 18, s.25). 
Bu müqaviləyə görə, müstəqillik prinsiplərinə əsasən səlahiyyətlərinin bir 
hissəsi  Azərbaycana  aid  edilmir,  hər  iki  respublika  hərbi,  iqtisadi,  təchizat, 
nəqliyyat,  maliyyə  məsələlərində  öz  səylərini  cəmləşdirir,  müvafiq  təşkilatların 
fəaliyyətini  bir  strukturda  birləşdirirdi.  Rusiyanın  müvafiq  hərbi  təşkilatlarının 
aliliyi Azərbaycanın təşkilatlarına şamil edilirdi. 
Yeni  iqtisadi  siyasətə  keçid,  ölkədə  iqtisadi  sabitliyin  bərpa  edilməsi 
siyasi sahədə, dövlət quruculuğu və idarəçiliyində dəyişikliyə gətirib çıxardı. 1920-
ci ilin sonu üçün müəyyən iqtisadi və sosial təmələ malik olan kommunist partiyası 
ilk vaxtlar istifadə olunan sərt, fövqəladə tədbirlərdən tədricən əl çəkməyə başladı. 
1921-ci  ilin  yayında  Azərbaycan  vilayətlərində  inqilabi  və  yoxsul  komitələrdən 
fəhlə-kəndli deputatları sovetlərinə keçid başlandı. 
Azərbaycan SSR-in 1927-ci ilin mayında keçirilən I Sovetlər qurultayında 
İnqilab  Komitəsinin  fəaliyyəti  dayandırıldı.  Onun  yerinə  Azərbaycan  Mərkəzi 
İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti  yarandı. 1921-ci 
il mayın 19-da Konstitusiya qəbul edildi. Hər şeydə olduğu kimi, Konstitusiya da 
RSFSR-in Konstitusiyası nümunəsində təkrarlanırdı. 
Beləliklə,  bolşeviklər  tədricən  hakimiyyətlərinin  ilk  dövründə  istifadə 
etdikləri  sərt  cəza  tədbirlərindən  əl  çəkməyə,  fəaliyyətini  qanun  çərçivəsində 

nizamlamağa  başladılar.  Ali  qanunverici  orqan  olan  Sovetlər  xalq  kütlələri  ilə 
bolşevik partiyası arasında qarşıdurmanı yumşaldırdı. 
Artıq  20-ci  illərin  ortalarında  Azərbaycan  Kommunist  Bolşeviklər 
Partiyası  ardıcıl  olaraq  həyata  keçirdiyi  tədbirlər  nəticəsində  real  hakimiyyəti  öz 
əlində cəmləşdirmiş, hakimiyyətinin möhkəmlənməsinə nail olmuşdu. 
Aprel  çevrilişindən  sonra  Azərbaycan  dövlətinin  və  xalqının  qarşısında 
son dərəcə ağır bir problem  -  ərazi bütövlüyü  məsələsi dururdu. Belə  ki,  1920-ci 
ilin  iyul-avqust  aylarında  Ermənistan  tərəfindən  Azərbaycanın  əzəli  torpağı  olan 
Zəngəzurun  böyük  bir  hissəsinin  işğalı,  xüsusən  də  azərbaycanlıların  doğma  ata-
baba  yurdlarından  vəhşiliklə  qovulması  və  qətlə  yetirilməsi  əslində  formal 
müstəqilliyin  ləğvi  demək  idi.  Xüsusən  1920-ci  il  noyabrın  29-da  Ermənistanda 
sovet hökuməti elan ediləndən sonra Azərbaycanın ərazi bütövlüyü məsələsi daha 
artıq təhlükə altında qaldı. 
Mərkəz,  xüsusilə  də  mərkəzin  respublikada  yüksək  vəzifə  tutan  kadrları 
bütün bu haqsızlıqları görür, bəzən laqeydliklə, biganəliklə qarşılayırdılar. Onların 
içərisində  bu  haqsızlıqlarla  razılaşmayan,  hadisələrə  obyektiv  qiymət  verən 
Kaminski,  Solovyov  kimiləri  də  var  idi.  Xüsusilə  bu  ərəfədə  azərbaycanlıların 
ermənilər  tərəfindən  soyqırıma  məruz  qalmaları  olduğu  kimi  may-iyun  aylarında 
Solovyovun  Leninə  verdiyi  hesabatında  yazılmışdır:»  Ermənistan  respublikası 
yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuşdur, onların hamısı məhv 
edilmiş,  artıq  bir  müsəlman  belə  yoxdur.  «Ermənistanla  sərhəd  müsəlman 
kəndlərində  azərbaycanlıların  silahlarının  əllərindən  alınmasını,  ermənilərin 
Qırmızı  ordu  və  dəmiryol  mühafizəsi  tərkibinə  qəbul  olunmasını  Solovyov, 
müsəlmanların  ermənilər  tərəfindən  qırğına 
məhkum  edilməsi 
kimi 
nəticələndirirdi.  İyulun  6-da  ingilis  kəşfiyyatı  bildirirdi  ki,  Zəngəzur-Qarabağ 
rayonunda  bolşeviklərin erməni əhalisinin tərəfində  olmasına  baxmayaraq, İrəvan 
onların işini müdafiə etmir (33, s.110). 
Çevrilişdən  sonra  Azərbaycan  rəhbərliyində  ixtilaflar,  daxili  siyasi 
çəkişmələr  məlum  səbəblərdən  təbii  idi.  Ancaq  ərazi  məsələsi  ilə  bağlı  olan 
ixtilaflar son dərəcə ziddiyyətli olduğu halda, həm də mürəkkəb xarakter daşıyırdı. 
Azərbaycan  hökuməti,  o  cümlədən  N.  Nərimanov  təkcə  öz  daxili  düşmənlərinə 
qarşı  deyil,  Mərkəzlə  də  qarşı-qarşıya  dayanmalı  olurdu.  Çevrilişdən  sonra  ərazi 
məsələsini  Azərbaycanın  başı  üstündən  həll  etmək  istəyənlər  Moskvada,  həm  də 
Bakıda  az  deyildilər.  Rusiya  bir  çox  hallarda  Azərbaycanın  milli  mənafeləri  ilə 
hesablaşmır,  ərazi  məsələsi  kimi  ciddi  və  mühüm  məsələdə  Azərbaycanın 
mövqeyinə  əhəmiyyət  vermirdi.  Nərimanovla  Çiçerin  arasında  olan  ixtilaflar 
dərinləşirdi.  Çünki  ermənilərin  xeyrinə  olan  Çiçerin-Orconikidze-Leqran 
(Ermənistanın nümayəndəsi) razılaşmaları Nərimanovu qane edə bilməzdi. 
Əslində  Rusiya  üçün  ərazi  məsələsinin  Azərbaycanın  xeyrinə  obyektiv 
həlli heç də maraqlı deyildi. Çünki, M. Ə. Rəsulzadənin sözlərilə desək «...Rusiya 
üçün  bir  qəzanın  ermənidəmi,  yoxsa  türkdəmi  qaldığının  nə  əhəmiyyəti  ola 

bilərdi!... Yetişir ki, bunlar həpsi Rusiyada olsun və ortadakı ixtilaflar həll edilsin» 
(98, s.73). 
Elə buna görə də Rusiyanın xalq xarici işlər komissarı Çiçerin «Qarabağ, 
Zəngəzur,  Naxçıvan  və  Culfa  nə  Ermənistana,  nə  də  Azərbaycana 
birləşdirilməməli,  yerli  Sovetlərin  razılığı  ilə  Rusiya  qoşunlarının  işğalı  altında 
olmalıdırlar»  (87,  s.238)  təklifini  irəli  sürürdü.  Azərbaycanın  ərazi  məsələsinə 
laqeyd  münasibət,  xüsusən  Mərkəzin  siyasi  mənafe  baxımından  yanaşması  yeni 
yaranmış Azərbaycan dövlətinin nüfuzuna çox ciddi zərbə idi. 
Rusiya  hökumətinin  günün  reallığına  uyğunlaşdırılan  qərarları 
Azərbaycana ardıcıl qətiyyətli mövqe tutmağa imkan vermirdi. Çiçerin iyunun 2-də 
Orconikidzeyə  yazırdı:  «Daşnak  hökuməti  ilə  kompromisə  nail  olmaq  bizə 
vacibdir.  Bu  arada  Azərbaycan  hökuməti  nəinki  Qarabağ  və  Zəngəzuru,  həm  də 
Şərur-Dərələyəz  qəzasını  mübahisəli  elan  edir.  Sonuncu  heç  zaman  heç  kim 
tərəfindən  mübahisəli  elan  edilməmişdir,  ...Bakıda  Sizin  nüfuzunuzdan  istifadə 
edib  Azərbaycan  hökumətinin  Şərur-Dərələyəz  qəzasını  deyil,  Qarabağ  və 
Zəngəzuru mübahisəli hesab etməyinə nail olmağı xahiş edirik.» (33, s.107) 
Mərkəzin  mövqeyindən  narahat  olan  N.  Nərimanov  yeganə  ümidini 
Leninə  bağlamışdı:  «Mən  bilmək  istəyərdim  ki,  mərkəz  biz  müsəlmanlara  necə 
baxır  və  belə  mühüm  məsələləri  bizsiz  necə  həll  edə  bilir...  Mən  açığını 
deyəcəyəm,  mərkəz  Qarabağ  və  s.  haqqında  qərarları  ilə  bizim  silahımızı 
əlimizdən  aldı,  hər  zaman  müsəlman  kommunistlərin  Azərbaycanı  Rusiyaya 
satdığını  söyləyən  müsavat  provakasiyasını  gücləndirdi,  əsaslandırdı:  Həmin 
Rusiyaya  ki,  eyni  vaxtda  Ermənistanın  və  Gürcüstanın  müstəqilliyini  tanıyır  və 
nədənsə Azərbaycanda sovet hakimiyyəti qurulanadək mübahisəsiz vilayətləri indi 
mübahisəli hesab edir... Mərkəz bizi şirma olmağa məcbur edir. (13, f.609, s.l, iş 
32, s.47). 
1920-ci il iyulun 10-da N. Nərimanov və başqa məsul şəxslərin imzası ilə 
Mərkəzə göndərilən məlumatın IV bəndində həyəcanla bildirilirdi ki,  «...Zəngəzur 
və  Qarabağın  neytrallaşdırılması,  yaxud  daşnaklara  verilməsi...  xəyanət 
sayılacaqdır...  Keçmişə  gözlənilməz  dönüşü  və  Sovet  hakimiyətinin  Azərbaycanı 
əvvəlki  sərhədləri  hüdudlarında  saxlamağa  qadir  olmamasını  müsəlman  kütlələri 
satqınlıq, ermənipərəstlik,  yaxud sovet  hakimiyyətinin zəifliyi hesab edəcəklər...» 
(131, s.56). 
Təəssüf  ki,  Azərbaycanın  bu  ciddi  narahatlığına  nə  o  vaxt,  nə  də 
ərazimizin  20%  işğal  edildiyi  bir  vaxtda  fikir  verilmədi.  Xüsusən  20-ci  illərdə 
erməni  kommunistlərinin  Rusiya  siyasətinə  güclü  təsirləri  olduğundan  hər  şeyə 
istədikləri kimi nail oldular. 
N.  Nərimanov  V.  İ.  Leninə  yazdığı  məktubda  göstərirdi:  «Əziz  Vladimir 
İliç!  Mənim  teleqramlarımdan  birində  verilmiş  məlumatı  demək  olar  ki,  təkrar 
etmək  lazım  gəlir.  Dəhşətli  vəziyyət  yaranmışdır.  Mərkəz  Gürcüstan  və 
Ermənistanın  müstəqilliyini,  Azərbaycanın  istiqlaliyyətini  tanımış,  lakin  eyni 

zamanda  Mərkəz  Azərbaycanın  tamamilə  mübahisəsiz  ərazilərini  Ermənistana 
verir. Əgər bu ərazilər  Gürcüstana  verilmiş olsaydı,  əfkari  ümumiyyə ilə  birtəhər 
mübarizə  aparmaq  olardı,  lakin  Ermənistana,  daşnaklara  vermək  düzəldilməsi 
mümkün  olmayan,  pis  nəticələr  verə  biləcək  səhvdir.  Bu  barədə  bizim 
nümayəndəmiz ətraflı danışacaqdır...» (90, s.62). 
Məktubda  həmçinin...  Məgər  müstəqil  Azərbaycan  sizin  dilinizdən 
çıxmamışdırmı?  İndi  vəziyyət  belə  bir  şəkil  alır:  həmişə  Denikini  müdafiə  etmiş 
Ermənistan  müstəqillik  qazanmış  və  üstəlik  də  Azərbaycanın  ərazilərini almışdır. 
İndiyənə  qədər  ikili  siyasət  aparan  Gürcüstan  müstəqillik  əldə  etmişdir.  Üç 
respublikadan  birinci  olaraq  Sovet  Rusiyasının  qoynuna  atılmış  Azərbaycan  isə 
həm ərazisini, həm də müstəqilliyini itirir. 
Vladimir  İliç!  Çox  millətli  əhalinin  hüquq  və  hissləri  ilə  belə  zarafat 
etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan 
Bakı deməkdir. Bu  kobud səhvdir. İndi Bakıda  şüurlu  müsəlman  fəhlələrinin  sayı 
iki  dəfə  çoxdur.  Bəs  bütün  Azərbaycanın  kəndliləri?  Mən  qəti  surətdə  bildirirəm: 
əgər  siz  də  dəlillərə  diqqət  yetirməsəniz,  məcbur  olacağıq  ki,  bizim  geri 
çağırılmağımız barədə mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq 
milli  məsələləri  belə  asanlıqla  həll  edənlər  bura  gəlsinlər.  O,  zaman  bilərik  ki, 
bizim  mənasız  -  Şərqə  doğru çığırtımız  nə  deməkdir. Belə olan halda  Şərqə  necə 
gedəcəyik»  (90,  s.62-63).  Zəngəzurun  Ermənistana  verilməsi  1920-ci  il  noyabrın 
30-da  keçirilən  AK(b)P  MK  Siyasi  və  Təşkilat  bürolarının  birgə  iclasının  qəbul 
etdiyi  qərarda  öz  əksini  tapmışdı.  İclasda  3-cü  məsələ  kimi  «Ermənistan  İnqilab 
Komitəsinin  Ermənistanda  Sovet  hakimiyyətinin  elan  olunması  haqqında 
teleqramı» müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdır. 
Həmin  qərarın  «v»  bəndində  yazılırdı:  «...Sovet  Azərbaycanı  ilə  Sovet 
Ermənistanı  arasında  heç  bir  sərhəd  mövcud  deyildir:  «İclasın  və  qərarın  demək 
olar ki,  başlıca məqsədi onun mərkəzi bəndində  («q») öz  əksini tapmışdır. Orada 
deyilirdi  ki,  Zəngəzur  və  Naxçıvan  Ermənistana  keçir.  Digər  bəndlərdə  isə 
yazılırdı:  d)  Qarabağın  Dağlıq  hissəsinə  öz  müqəddəratını  təyin  etmək  hüququ 
verilir;  e)  Sovet  Azərbaycanı  sovet  Ermənistanı  ilə  qırılmaz  hərbi  və  təsərrüfat 
ittifaqı bağlayır (o cümlədən neft haqqında göstərilsin)  «j» və  «i» bəndlərində isə 
Nərimanova  bütün  bunlar  barədə  bəyanat  hazırlamaq  və  onu  Bakı  Sovetinin 
plenumunda elan etmək tapşırılırdı (87, s.266). 
Q.  Orconikidzenin  təkidi  ilə  tarixin  qara  səhifəsinə  düşəcək  bu  bəyanatı 
məhz  N.  Nərimanov  elan  etməli  idi.  Bu  da  düşünülmüş  siyasət  idi.  Sonradan 
ermənilər  tərəfindən  («Dağlıq  Qarabağın  əməkçi  kəndlilərinə  öz  müqəddəratını 
təyin  etmək  hüququ  verilir»  əvəzinə,  Yuxarı  Qarabağın  Ermənistan  sosialist 
respublikasının  tərkib  hissəsi  kimi  tanınması)  təhrif  edilməsinə  N.  Nərimanov 
etiraz etmişdir. 
Rəsmi  dairələrin  ziddiyyətli,  tərəddüdlü  mövqeyi  olduğu  halda  dövrü 
mətbuatda  nikbin  əhvallı  məlumatlar  dərc  edilirdi.  XI  ordu  tərəfindən  müvəkkil 

Bünyadzadə  Nərimanova  teleqramla  elə  məlumat  verirdi  ki,  heç  bir  problemin 
qalmadığı  qənaətinə  gəlmək  olur:  «Erməni-müsəlman  məsələsi  ləğv  olunub. 
Zəngəzur  məsələsi  tezliklə  həll  ediləcək.  Dekretlər  həyata  keçirilir.  Naxçıvanda 
sovet  hakimiyyətidir.  Tam  qayda-qanun  hökm  sürür»  və  s.  İyulun  əvvəllərində 
«Kommunist»  qəzetində  Qarabağ  bölgəsi  üzrə  verilən  məlumatlar  dinc  həyat 
tərzindən,  erməni-müsəlman  dostluğundan,  təsərrüfat  quruculuğu,  mədəni-kütləvi 
planlarından  bəhs  edirdi.  Gerçək  durum  Nərimanovun  Mdivani,  Mikoyan, 
Nuricanyanla  birgə  imzaladığı  teleqramda  belə  ifadə  olunmuşdur:  «Ermənistan 
faktiki  olaraq  Azərbaycanla  müharibə  vəziyyətindədir.»  Daşnak  hökumətinin 
törətdiyi  vəhşiliklər  ittiham  edilir  və  yalnız  «yerli  təşkilatlardan  və  məsuliyyətli 
yoldaşlardan»  daxil  olan  informasiyaya  əsaslanmaq  tövsiyə  edilirdi.  «Öz 
tərəfimizdən,  daşnak  hökumətilə  hər  hansı  danışıqları  və  nəzərdə  tutulan  şəkildə 
Türkiyə  Ermənistanı  məsələsini  vaxtsız  hesab  edirik.  Orconikidze  ermənilərlə 
«zakatalaşina»nın  təkrarlana  biləcəyindən  ehtiyat  edərək  Çiçerinə  təklif  edirdi  ki, 
Azərbaycan nümayəndəsi Moskvaya çağırılsın, onunla Azərbaycan və Ermənistana 
aid məsələlər ikinci ilə müqavilə imzalananadək həll edilsin.» (33, s.109). 
Rusiya ilə sovet Ermənistanı arasında bağlanan hərbi siyasi sazişə əsasən 
Rusiya  İrəvan  quberniyası  və  Zəngəzur  qəzasını  birmənalı  erməni  ərazisi  kimi 
tanıdı. 
Ermənilərin genişlənməkdə olan işğalçı fəaliyyətinə ən böyük maneə yerli 
əhalinin birgə mübarizəsi, gücü olduğundan, Zəngəzur bölgəsini məkrlə parçalayıb 
«Kürdüstan»  yaradılan  hissəsində,  erməni  hücumuna  qarşı  sipərə  çevrilmiş 
Sultanov qardaşlarını məhv etmək planı da həyata keçirilirdi. 
Hələ  Cümhuriyyət  dövründən  qənim  hesab  etdikləri  Sultan  və  Xosrov 
Sultanovları erməni fitnəkarları hər vasitə ilə aradan qaldırmağa çalışaraq, nəhayət, 
istədiklərinə nail oldular. Sentyabrın 18-də AK(b)P MK bürolarının birgə iclasında 
Qaragözovun məruzəsi əsasında «Qarabağ-Kürdüstan məsələsi» müzakirə edilmiş, 
«Sultan bəyi bandası ilə birlikdə məhv etmək» qərara alınmışdı (33, s.l 15). 
Zəngəzurun  inzibati  bölgüsü  ilə  bağlı  Azərbaycan  rəhbərliyində 
narazılıqlar  özünü  göstərməkdə  idi.  Zəngəzurun  Ermənistana  verilməsi  rəsmən 
elan  olunsa  da  qəzanın  onun  idarəçiliyinə  keçməsi  dərhal  baş  vermədi.  AK(b)P 
MK  Siyasi  və  Təşkilat  bürolarının  1921-ci  il  12  yanvar  tarixli  iclasında 
«Zəngəzurun  müsəlman  hissəsinin  inzibati  cəhətdən  təşkili»  haqqında  qərar 
çıxarıldı. Azərbaycan SSR-in inzibati bölgü layihəsinə dair izahat vərəqəsindən də 
göründüyü  kimi,  bir  hissəsi  ermənilərin  işğalı  altında  olan  Zəngəzur  bölgəsini  2 
yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin əsasən kürdlərdən ibarət olmasına 
görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.» (87, s.284). 
Bu  və  ya  digər  səbəblərə  görə  Azərbaycan  SSR-in  yeni  inzibati-iqtisadi 
bölgüsünün  hazırlanması  üzrə  respublika  İnqilab  Komitəsi  idarələrarası 
komissiyanın (sədri Çikalo) iclaslarında inzibati bölgüdə Zəngəzurun yeri məsələsi 
ətraflı  müzakirə  olundu.  Onun  1921-ci  il  2  aprel  tarixli  iclasında  (pr.  №4) 

komissiya  üzvü  Vəkilov  keçmiş  Zəngəzur  qəzasının  iki  yerə  bölünməsinə  dair 
mövcud  olan  təkliflərlə  razılaşmamışdı.  O  bildirmişdir  ki,  müəyyən  mülahizələr 
bölgənin  iki  hissəyə  ayrılması  üçün  heç  də  əsas  vermir,  ciddi  və  tutarlı  dəlillər 
sayıla  bilməz,  yalnız  bəzi  siyasi  mənafe  və  maraqlara  xidmət  edir.  Buna  görə  də 
komissiya  üzvləri  Şimanovski,  Hacıyev  daha  tutarlı  dəlillər  gətirərək  qəzanın 
bölünməsinin  əleyhinə  çıxmışdır.  Komissiyanın  sədri  isə  bölgənin  2  yerə 
parçalanmasını inzibati cəhətdən də məqsədə müvafiq hesab etmədiyini bildirmiş, 
yolların  olmadığı  bir  şəraitdə  qəzanın  idarəçiliyindəki  çətinliyin  onu  bölməklə 
aradan  qaldırılacağının  qeyri  mümkünlüyünü  söyləmişdir.  Müəyyən  fikir 
mübadiləsindən  sonra  komissiya  Zəngəzur  qəzasını  dəyişiksiz  köhnə  inzibati 
sərhədlərdə saxlamağı qərara aldı (87, s.284). 
Moskva  dairələrində  aparılan  müzakirələrdə,  yaxud  Ermənistan-
Gürcüstan-Böyük  Britaniya  diplomatik  məlumatlarında  Azərbaycanın  ərazi  adları 
hallandırılırsa  da,  həmin  yerlərin  aqibəti  həll  olunurdusa  da,  Azərbaycan 
hökumətinin  nə  rəyi,  münasibəti,  nə  iştirakı  yada  düşmür,  nə  də  göstərəcəyi 
reaksiya  nəzərə  alınmırdı.  Əksinə  həmin  ərazilərlə  bağlı  məsələdə  Türkiyənin 
reaksiyası  Rusiya  üçün  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Birincinin  mövqeyinin 
qeyri-müəyyənliyindən  ehtiyat  edən  Stalin  noyabrın  5-də  Leninə  göndərdiyi 
teleqramda  yazırdı:  «...Türkiyənin  mövqeyini  dəqiq  aydınlaşdırmadan, 
Ermənistanla,  ona,  daha  doğrusu,  Antantaya  müsəlman  əhalili  mühüm  strateji 
rayonu verən və bizi Türkiyə ilə konfliktə sövq edən müqaviləni imzalamaq olmaz. 
Ermənistanla  müqaviləni  hələlik  ləngitmək,  onun  üçün  sərfəli  sülh  niyyətində 
olduğumuzu göstərmək lazımdır, sonrası bəlli olar». Batumun Antantaya keçəcəyi 
təqdirdə,  Gəncədə  müsəlman-burjua  hökumətinin  yaranacağı  və  Bakının  əldən 
çıxacağı haqqında xəbərdarlıq edirdi (33, s.l 16). 
Rusiya,  Türkiyə,  Azərbaycan,  Gürcüstan  və  Ermənistanın  1921-ci  ilin 
oktyabrın 13-də imzaladıqları Qars müqaviləsində Naxçıvanın statusu təsdiqləndi: 
«Müqavilə bağlayan tərəflər razıdırlar ki, Naxçıvan vilayəti, bu müqavilənin I (c) 
əlavəsində  göstərilən  sərhədlərdə  Azərbaycanın  protektoratı  altında  muxtar 
ərazidir,  bir  şərtlə  ki,  Azərbaycan  bu  protektoratı  üçüncü  bir  dövlətə  güzəştə 
getməyəcəkdir» (62, s.159). 
Naxçıvan  haqqında  belə  prinsipial  razılığa  gəlinməsinə  N.  Nərimanovun 
təsiri çox böyük olmuşdur. 
Beləliklə, Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı. 
İyunun  27-də  Azərbaycan  K(b)P  MK-nın  Siyasi  Bürosu  və  Təşkilat 
Bürosunun  iclası  keçirildi.  İclas  «Tiflisdə  komissiyanın  işi  ilə  əlaqədar 
Azərbaycanla Ermənistanın sərhədləri haqqında»  məsələyə baxıb aşağıdakı qərarı 
qəbul edir: 
1. Siyasi Büro və Təşkilat Bürosu Dağlıq Qarabağın  Azərbaycana şəksiz 
iqtisadi  meylini  nəzərə  alaraq,  Dağlıq  Qarabağ  haqqında  məsələnin  Bekzadyan 

tərəfindən  qoyuluşunu  qəbuledilməz  sayır.  Məsələ  həmin  mənada  da  həll 
olunmalıdır. 
2. Ona görə də erməni və türk əhalili yerlərin müvafiq olaraq Ermənistana 
və Azərbaycana ayrılması təklifi inzibati və iqtisadi məqsədəuyğunluq baxımından 
qəbul edilə bilməz... (62, s.168). 
1921-ci  ilin  iyulun  4-də  RK(b)P  MK  Qafqaz  Bürosunun  Stalinin  iştirakı 
ilə  keçirilən  iclasında  «Qarabağ  məsələsi  müzakirə  edilərkən,  Azərbaycan 
rəhbərliyi  ilə  Azərbaycanın  taleyüklü  məsələsilə  oynayan  qüvvələr  arasında 
(Kirov, Orconikidze, Myasnikov, Fiqatner) ciddi ixtilaflar yaranır. 
a)
 
Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq; 
b)
 
bütün erməni və müsəlman əhalisinin iştirakı ilə bütün Qarabağda rəy 
sorğusu keçirmək; 
v) Qarabağın Dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək; 
q)  yalnız  Dağlıq  Qarabağda,  yəni  ermənilər  içərisində  rəy  sorğusu 
keçirmək» (131, s.87); 
Qarabağın  Azərbaycan  hüdudlarında  saxlanmasına  N.  Nərimanov, 
Maxaradze və Nazeretyan səs verir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil 
edilməsinə Orconikidze, Kirov, Myasnikov və Fiqatner səs verir. Beləliklə, Qafqaz 
Bürosu qərara alır: «Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy 
sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin» (131, s.91). 
Hələ Qafqaz Bürosunun iclası ərəfəsində  N. Nərimanov birmənalı bəyan 
etmişdir  ki,  Dağlıq  Qarabağ  Azərbaycanın  tərkibindən  çıxarılarsa,  Azərbaycan 
hökuməti istefa verəcəkdir. İclasda qərara alındı: «Qarabağ haqqında məsələ ciddi 
fikir  ayrılığına  səbəb  olduğundan,  RK(b)P  MK  Qafqaz  bürosu  həmin  məsələni 
RK(b)P MK-nın qəti  həllinə  verməyi lazım bilir (131, s.91). Azərbaycanın qədim 
torpaqları  olan  istər  Qarabağın,  istərsə  də  Naxçıvanın  Azərbaycanın  tərkibində 
qalmasında Nərimanovun xüsusi rolu olmuşdur. O hətta Azərbaycan hökumətinin 
istefasını  qoyacağını  bildirərək  Mərkəzi  və  erməniləri  bu  alçaq  siyasətdən  əl 
çəkməyə  vadar  edə  bilmişdi.  Yəqin  ki,  Zəngəzurla  bağlı  belə  qəti  mövqe 
tutulsaydı,  çevrilişdən  sonra  Azərbaycanın  ərazi  bütövlüyünə  zərbə  vurulmazdı. 
Ciddi  ixtilafları  nəzərə  alaraq  iyulun  5-də  Qafqaz  Bürosu,  «Orconikidze  və 
Nazeretyan  əvvəlki  plenumun  Qarabağ  məsələsinə  yenidən  baxmaq  haqqında» 
təklifi adı altında yenidən bu məsələyə baxır. Əslində isə bu, N. Nərimanovun qəti 
tələbi ilə edilmişdir. 
Məsələ üzrə qərara alınır: Yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələrini, 
yuxarı  Qarabağın  Azərbaycanla  daimi  əlaqələrini  və  müsəlmanlarla  ermənilər 
arasında milli sülhün zəruriliyini nəzərə alaraq, Dağlıq Qarabağı Azərbaycan SSR 
hüdudlarında  saxlamaq,  Dağlıq  Qarabağa  Şuşa  şəhəri  inzibati  mərkəz  olmaqla 
geniş muxtariyyət vermək (131, s.92). 
Azərbaycanın  ərazi  bütövlüyünə  növbəti  qəsd  Dağlıq  Qarabağa  Vilayət 
Muxtariyyətinin  verilməsi  olmuşdur.  1923-cü  ildə  Mirzoyanın  təsiri, 

Orconikidzenin  təkidi  ilə  Zaqafqaziya  Ölkə  komitəsinin  iyunun  27-də  keçirilmiş 
iclası  Azərbaycan  hökumətinə  1  ay  müddətinə  Dağlıq  Qarabağa  Vilayət 
Muxtariyyəti verilməsini ciddi tapşırdı. Nərimanov yazırdı:  «Mənim vaxtımda bu 
mümkün olmamışdı, ona görə yox ki, mən bu Muxtariyyətin əleyhinə idim, sadəcə 
olaraq  ona  görə  ki,  erməni  kəndlilərinin  özləri  bunu  istəmirdilər...  Mirzoyan  bu 
müddət  ərzində  erməni  daşnak  müəllimlərin  köməyi  ilə  zəmin  hazırladı...  Daha 
sonra Gəncənin dağlıq hissəsi haqqında  məsələ  gəlir  və i.a. Azərbaycanda daşnak 
siyasəti tam gücü ilə həyata keçirilir» (90, s.60). 
Azərbaycanın  taleyi  erməni  daşnaklarına  həvalə  edildiyindən  təbiidir  ki, 
bu fəlakətlər Azərbaycan üçün labüd idi, sonralar da ağır nəticələrə gətirib çıxardı. 
Aprel  çevrilişindən  sonra  Rusiya-Azərbaycan  qarşılıqlı  münasibətlərində 
normal  və  bərabər  hüquqlu  müttəfiq  kimi  münasibət  müəyyən  müddət  qalırdı. 
1920-ci  il  sentyabrın  30-da  hər  iki  dövlət  arasında  bağlanan  hərbi-iqtisadi  ittifaq 
haqqında  müqavilədə  də  bu  öz  ifadəsini  tapmışdı.  Ancaq  Qafqazda  Rusiya 
hökmranlığını  tam  bərqərar  edəndən  sonra,  xüsusən  Ermənistan  (1920-ci  il 
noyabr),  Gürcüstan  (1921-ci  il  fevral)  işğal  edildikdən  sonra  Rusiya  üçün  hərbi-
iqtisadi ittifaqın əhəmiyyəti azaldı. Demək olar ki, bütün sahələrdə olduğu kimi, bu 
sahədə  də  ciddi  məsələlər  yalnız  Rusiyanın  mənafeyi  baxımından  həll  edilməyə 
başladı. 
Yerli  əhalinin  narazılığı  1921-ci  il  mayın  6-19-da  keçirilmiş  I 
Ümumazərbaycan  Sovetlər  Qurultayının  materiallarında  öz  əksini  tapmışdı. 
Qurultay  nümayəndələri,  xüsusilə  qəzalardan  gəlmiş  nümayəndələr  çoxsaylı 
suallarla  N.  Nərimanova  müraciət  edirlər.  Onlar  soruşurlar  ki,  əgər  həqiqətən 
Azərbaycan  deyildiyi  kimi  tam  müstəqildirsə,  Rusiya  federasiyası  ilə  bərabər 
hüquqlu  respublikadırsa,  onda  nəyə  görə  Rusiya  Azərbaycanın  daxili  işlərinə 
istədiyi  kimi  müdaxilə  edir?  Niyə  Azərbaycan  öz  neftinin  həqiqi  sahibi  deyil  və 
ondan istədiyi kimi istifadə edə bilmir? Soruşulurdu ki, nəyə görə yaxın vaxtlarda 
Azərbaycanda  xarici  işlər,  hərbi  komissarlıqların  ləğv  ediləcəyi  və  Azərbaycanın 
xarici  ticarətinin  RSFSR  xarici  ticarəti  ilə  birləşdiriləcəyi  haqqında  söhbətlər 
gedir? Zaqafqaziya yollarının respublikamızın yolları ilə birləşdirilməsini necə izah 
etmək olar? 
N.  Nərimanov  bu  suallara  cavablarında  sovet  respublikalarının  bəzi 
məsələlərdə  ümumi  bir  mərkəzdən  idarə  olunmasına  haqq  qazandırır  və  bunun 
sosializmin  təbiətindən  irəli  gəldiyini  sübut  etməyə  çalışırdı.  Öz  cavabında  o 
bildirirdi  ki,  «biz  ilk  növbədə  sovet  hakimiyyətinin  mahiyyətini  başa  düşməliyik. 
Biz  deyirik  ki,  nə  qədər  düşmənlərimiz  məhv  edilməyib,  sosialist  respublikaları 
vahid  bir  küll  təşkil  edəcək,  hər  yerdə  və  həmişə  vahid  cəbhədə  çıxış  edəcəklər. 
Belə  bir  vaxtda  hər  hansı  sovet  sosialist  respublikası  tam  suverendir,  ya  yox 
söhbəti ola bilməz, əgər onların hər biri öz küncünə çəkilərsə və hərə öz mühasibat 
hesabını apararsa, onda biz hamımız məhv olarıq» (93, 21-22.07.2001). 

Qafqazda  olan  hər  üç  respublikanı  tabeçilikdə  saxlamaq,  onların  milli 
dəyərlərini arxa plana keçirmək üçün daha  «sərfəli» ideya öndəmə gətirildi ki, bu 
da Zaqafqaziya Respublikalarını vahid dövlət qurumu kimi birləşdirmək idi. 1922-
ci  ilin  martın  12-də  keçirilən  səlahiyyətli  konfransda  ZSFSR-in  yaradılması  ilə 
respublikalarla  Mərkəz  arasında  bir  çox  rəhbər  orqanlar  birləşdirilərək,  xüsusən 
xarici  siyasət,  xarici  ticarət,  nəqliyyat,  rabitə,  iqtisadi  siyasət  və  s.  Qafqaz  Diyar 
Komitəsinin tabeliyinə keçirdi. 
Artıq  1921-ci  ilin  son  aylarında  Azərbaycanda  federasiya  məsələsi  ciddi 
müqavimətə  rast  gəlmirdi.  Partiyadaxili  çəkişmələrə,  intiriqalara  çox  aludə 
olunduğundan  əsil  məsələlər  ciddi  müzakirə  olunmurdu.  Bununla  razılaşmayan 
kommunistləri  isə  federasiya  haqqında  məsələnin  mahiyyətini  başa  düşməməkdə 
və  siyasi  korluqda  təqsirləndirirdilər.  Xüsusən  N.  Nərimanovun  nüfuz  dairəsi 
daralmışdı.  «Etibarlı»  kadrların  rəhbərlikdə  məsul  vəzifələr  tutması  Mərkəzin  bu 
dəfə də öz planını həyata keçirməsinə yardımçı oldu. 
Zaqafqaziya federasiyasının yaradılmasının fəal tərəfdarı M. C. Bağırovun 
tərcümeyi-halını tərtib edənlər onu inqilabi işin alovlu  mübarizi kimi  göstərməyə 
çalışaraq  yazırdılar:  «...1922-ci  ilin  martında  özünün  «Dardüşüncəli  adamın 
fitnəkarlığı  və  ya  ağılsızlığı»  adlı  məqaləsində  yoldaş  Bağırov  sonralar  xalq 
düşməni kimi ifşa olunmuş Həmid Sultanovun millətçi çıxışına kəskin cavab verdi. 
1924-cü  ilin  mayında  AK(b)P-nin  XIII  Ümumbakı  konfransında  Bağırov  milli 
təmayülçü  Həbib  Cəbiyevin  və  «Xanbudaqovçuluğun»  digər  nümayəndələrinin 
partiya əleyhinə fəaliyyətini ifşa etdi» (94, s.31). 
Azərbaycanın müstəqilliyinə növbəti zərbə 1922-ci ilin dekabrında SSRİ-
nin  yaradılması  ilə  vuruldu.  Hətta  Stalinin  ortaya  atdığı  «muxtariyyətləşmə» 
ideyası  respublikalarda,  xüsusən  Gürcüstanda  çox  narazılıqla  qarşılandı. 
Azərbaycanda  da  bu  fikir  birmənalı  qarşılanmadı.  Yerlərdə  zəif  də  olsa 
narahatlıqlar özünü büruzə verməkdə idi. V. İ. Lenin vəziyyəti dərhal başa düşərək
daha çevik siyasət yeridərək respublikaların bərabərhüquqlu müttəfiq kimi SSRİ-yə 
daxil olmasını irəli sürdü. 
Beləliklə  də,  sovetləşmənin  əvvəllərində  milli  dövlət  mexanizminin 
dağıdılması,  müstəqilliyin,  ərazi  bütövlüyünün  itirilməsi  ilə  əyalətin  əyalətinə 
çevrilən  Azərbaycan  da  bu  ittifaqa  daxil  oldu.  N.  Nərimanovun  Azərbaycandan   
uzaqlaşdırılaraq,  MİK-in  dörd  sədrindən  biri  kimi  Moskvaya  çağırılması    ilə 
respublikamızın  formal  müstəqilliyinə  tam  son  qoyuldu.  Sonrakı  illərdə 
Azərbaycanda  inqilabi,  siyasi  və  ictimai  tərbiyə  daha  saxta  və  yanlış  istiqamətdə 
getdi. Yeni  yaranmış quruluşun reallığını  yaşayan,  əsl  həqiqətin acısını dərk edən 
xalq mərkəzdən idarə edilən bolşevik idarəçiliyindən narazı qalmaqdaydı.  
 
 
 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin