Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərir



Yüklə 10,84 Kb.
tarix07.01.2024
ölçüsü10,84 Kb.
#211613
növüYazı
aaaaaaaaa


Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərir. Bu normalarla dialektlərə qarşı duran ədəbi dilin şifahi forması qədim dövrlərdən, yəni eramızdan çox-çox əvəllər, hələ əlifba və yazı meydana gəlməmişdən xalq yaradıcılığı dili kimi insanlar arasında holavarlar, sayaçı sözləri, ağılar, atalar sözləri, zərb-məsəllər, qaravəlilər, tapmaca, nağıllar, bayatılar, mahnılar, xalq oyun- tamaşaları şəklində işlənmişdir. Bugünkü şifahi ədəbi dil ali və orta məktəb müəllimlərinin, səhnədə aktyorların, söz ustalarının, radio və televiziya verilişlərində diktorların və başqa sahələrdə ziyalıların hesabına səlisləşir və zənginləşir. Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, söylənilən, səslənən nitqdir.

O, əl-qol, bədən hərəkətləri, üz, göz, qaş, dodaq, (mimika) hərəkətləri və səsin ahəngi ilə müşayət olunur, başqa cür desək, şifahi nitqdə danışan intonasiyadan, mimika və jestikulyasiyadan istifadə edə bilir. Şifahi nitqin ayrılmaz hissəsi olan səsin ahəngi və bədən üzvlərinin hərəkətləri sözlərlə verilən fikri müxtəlif çalarda çatdırmağa əlavə imkan yaradır. Məsələn: “Bu oğlan əla tələbədir”-cümləsini biz hiss, həyəcanlı, ahəngdar səs tonu ilə səsləndirib sağ əlimizi azacıq qaldıraraq və baş barmağımızı yuxarı tutmaqla bu tələbənin əla, başqalarından çox seçilən bir oğlan olmasına öz rəyimizi bildirmiş oluruq. Əgər həmin cümlənin biz sual intonasiyası ilə deyərək üst dodağımızı burnumuza tərəf qaldırıb, yaxud üz-gözümüzü turşudub əl barmaqlarımızın azca qaldırıb ani tərzdə aşağı salmaqla həmin tələbəyə mənfi münasibətimizi bildirmiş olaraq, həmdə onun yaxşı tələbə olmasını şübhə altına alarıq. Biz bu cümləni adi, nəql edilən intonasiya ilə deyib fikri təsdiqləyiriksə, onda başımızı hörmətlə endirib qaldırırıq. Əgər bu fikirlə (oğlanın əla tələbə olması ilə) razılışmırıqsa, başımızı qismən arxaya aparıb gətiririk, bəzən də dilimiz də mənfi münasibət bildirən “yox” anlamında işlədilən “çık” vokativ səs-sözlə istifadə edirik.

Şifahi nitq eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan səsli nitqdir. Şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti, düşünmə qabiliyyəti ilə idarə olunur, danışıq üzvləri fəallıq göstərir, danışan dinləyicilərinə təsir mexanizmi kimi intonasiya, mimika və jestlərdən istifadə edir. Əgər səsin ahəngindən elə bir ciddi dəyişiklik yoxdursa, nitq adi nəqli cümlə intonasiyasından kənara çıxmırsa, danışan öz nitqinin ünvanladığı şəxsə (şəxslərə) yox, baş aşağı, yerə və ya hər hansı nəmalum nöqtəyə girirsə, mimika və jestlərdən yararlanmırsa belə nitq onun özünə də, onun dinləyənə də sönük və lazımsız görünəcək. İntonasiyanın tərkib hissəsi olan avazlanma, vurğu, fasilə, temp şifahi nitqin xüsusiyyəti kimi çox əhəmiyyətlidir.

Nitq zamanı dinləyici danışana baxıb onun üz və bədən hərəkətlərinə görmürsə, səsinin ahəngini hiss etmirsə, təkcə nitqin məzmununu tutursa, bu artıq canlı danışıq və dinləmə deyil, nyazılı nitqi gözlə oxuma, baxmaq prosesidir. Oxucu yazıda müəllifin və ya personajın monoloqunu oxuyub keçirdiyi hissləri, edəcəyi hər hansı hərəkətini özünün qavrayacağı, anlayacağı şəkildə qiymətləndirir.
Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırmaq olar: 1)Şifahi nitq söylənilir və eşidilir; 2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınaraq aydın, ümumişlək sözlərə üstünlük verilir; Ailə-məişət üslubunda isə əlavəizaha ehtiyac qalmır; 3) Qısa və sadə cümlələr, yarımçıq və elliptik, yaxud söz-cümlələr, replikalar əsas yer tutur; 4) Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir; 5) İntonasiya, fasilə, vurğu və s. kimi vasitələrdən istifadəyə geniş yer ayrılır; 6) Tələb olunan məqamlarda mimika və ya jestlərə yol verilir; 7) Şifahi nitq axını yazılı nitqə nisbətən sürətlidir. Lakin mövzudan, şəraitdən, nitqin məqsədindən, danışanın yaşından, danışığın məcburu yaxud məsləhət xarakterli olması hesabına sürət, temp, sözlərin intensivliyi, fasilə gözlənilir. Şifahi nitqin ən ümdə xüsusiyyəti, ailə-məişət sferası istisna olmaqla, müəyyən məsələ haqqında xüsusi hazırlaşmadan, bədahətən, sinə-dəftər danışmaqdır. Əlbəttə, qeydsiz-filansız nitq söyləmək, çıxış etmək adamdan, sözün həqiqi mənasında, böyük hünər, istedad tələb edən işdir.


Yüklə 10,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin