b/ Çağ, zaman anlayışlı bəzi deyimlər haqqında
Bir çox xalqların adət-ənənələrinin, qədim inanclarının, şifahi söz sənətinin, dilinin maddi- mənəvi mədəniyyətinin, məişətinin müəyyən məsələlərinin dərindən öyrənilməsində bədii, fəlsəfi təfəkkürdən qabaq mifoloji təfəkkürə əsaslanan alimlər çox doğru, elmi bir yoldadırlar. Zənnimizcə, xalqımızın bir silsilə söz və deyimlərinin bu baxımdan araşdırılması səmərəli olardı.
Atalar sözlərinin, zərbi- məsəllərin, ümumən frazeoloji birləşmələrin özləri ilə bərabər dilimizin qədim qatlarına aid sözləri, ifadələri, cümlə quruluşunu bu günümüzə qədər gətirib çıxara bilməsi bu zəngin söz yatırının etnolinqvistik baxımdan da tədqiqat obyekti kimi işlənilməsini qarşıya qoyur. Məhz bu mənada Z.Əlizadənin aşağıdakı mülahizələrinə də nəzər salmaq işin xeyrinə olardı: «Müxtəlif dillərdə qeyd edilən milli əlamətlər hər dilin özünəməxsusluğu ilə səciyyələnir və bu dilin daxili qanunauyğunluqlarının nəticəsi kimi qiymətləndirilir. Azərbaycan dilində bütün sözlər deyil, məhz bir sıra xüsusi adlar xalqın milli ənənələri,dünyagörüşü, psixologiyası, iqtisadi inkişafı və həyat tərzi ilə müəyyən mənada bağlı olur və bu xüsusiyyələri qabarıq şəkildə əks etdirir: məcazlaşma xüsusiyyəti qazanır, ümumiləşə bilir: konkret zəmindən ayrılır və mücərrədləşir. Bu zərbi məsəllərlə bir xüsusiyyət də nəzərə çarpır ki, o da adların məzmuna qarşı bəzən neytral mövqe tutmasıdır. Məsələn, Azərbaycan dili üçün səciyyəvi sayılan aşağıdakı paremiyalarda bunu müşahidə etmək olar: «Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu», «Bundan Fatıya tuman olmaz», «Bir həsirdir, bir də Məmməd Nəsir», «Əzəldən var idi hüsni- camalı, indi olub dəli Bayramalı», «Araz aşığımızdandır, Kür topuğumuzdan», «Mus- mus deyənəcən, Mustafa de», «Aləmin malı, mülkü, Qənbərin yırtıq Kükü», «Adın nədir Rəşid, birini de, birini eşit», «Adın nədir? – Daşdəmir, yumşalısan, yumşalı», «Ağa Nəzərəm, belə gəzərəm,hər kəsi görsəm, başın əzərəm», «Ölməz Xədicə, görər nəvə, nəticə», «Əli aşından da oldu, Vəli aşından da», «Bir sıfır Baloğlanın xeyrinə», «Əsdi Şirvan, qaldı xırman» və sair».1 Geniş mənada götürsək, müəllifin fikrini bütövlükdə frazeologiyaya şamil etmək mümkündür.
Mifoloji təfəkkürlü qədim Azərbaycan türkü ilk insanlar kimi təbiət, həyat hadisələri qarşısında hələ bir o qədər də müstəqil mühakimə yürüdə bilmədiyindən o, təbəitdə, həyat tərzində sezdiyi,müşahidə etdiyi ağlasığmaz, anlaşılmaz, əsrarəngiz hadisələrə, olacaqlara heyrətlə yanaşır, onları fövqəltəbii şey sanırdı. Qədim insan ətraf mühiti, varlığı, ən çox da tapındığı səma cisimlərini müqəddəsləşdirir, onlara canlı yaşarı bir varlıq kimi yanaşırdı.
Çox güman ki, qədim Azərbaycan türkləri təbiət, məişət, iqlim və kainatla bağlı hadisələrdən, cisimlərdən danışarkən təbii hadisələri canlı varlıq kimi, səcdə kimi qəbul edib söyləmişlər. Bunun izlərinin müasir Azərbaycan dilində işlənən bir sıra deyimlərdə, frazeoloji birləşmələrdə arayıb- axtarmaq yerinə düşərdi. Bizcə, «gün əyilmişdi», «gün qalxmışdı», «gün təzəcə çırtdamışdı», «gün bir boy qalxmışdı», «qaş qaralmaq», «əl-ayaq çəkilmək» və s. vaxt, çağ bildirən bu ifadələr günün müxtəlif vaxtlarını müəyyənləşdirmək məqsədilə ulu babalarımızın ilk, ibtidai mühakimələrinin, özü də münasibətli, inanc mahiyyətli mühakiməsinin məhsuludur.
Mövcud beynəlxalq təqvim yaranmamışdan çox-çox qabaqlar xalqımızın özünəməxsus el təqvimi olmuşdur. Bu xalq təqvimi isə dediyimiz kimi astronomik cisimlərdə, təbiətdə, iqlimdə müşahidə olunan dəyişikliklərə isnadən yaranmışdır. Çox təəssüf ki, dilimizdə zaman və çağ bildirən ifadələrin, anlayışların izahı, etimoloji şərhi bu günədək unudulmuş qalır. Doğrudur, bəzi ifadələr lüğətlərimizə düşübdü. Məsələn, «Azərbaycan dilinin izahlı lüğəti»ndə oxuyuruq: «Quyruq doğmaq /əsli: quyruq donmaq/- yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə. Köçərli. Köçərli dili ilə deyilsə, «Qurruq doğub» havalar sınandan sonra, bu yaylaqların adamları bir-bir yerindən tərpənir, köç üzüaşağı enərdi. S.Rəhimov: Əntiqə yazbaşı yox, yayın axırlarında, «qurruq doğandan» sonra gəlmişdi- Mir Cəlal /ADİL- Ic., s. 565-566/.
Lüğətdə «quyruğ doğmaq» ifadəsinin əslinin «quyruğ donmaq» şəklində olması göstərilsə də, faktlar «quyruq doğmaq» deyiminə gətirilir. Tərtibçilərin əlində tutarlı faktlar, əsas olmadan bu fikri söyləmələri təəccüb doğurur. Azərbaycanın əksər şivələrində, eyni zamanda Dağıstan MR-də yaşayan azərbaycanlıların danışığında həmin ifadə «quyruğ doğdu» şəklində işlənir. Bu deyimin mahiyyətini, ondakı hər iki sözün etimoloji təbiətini, qədimliyini izləyək. Öncə onu deyək ki, «quyruq doğmaq» deyimi at və b. heyvanın quyruğu misallı, şəkilli yeddi ülkərin görünməsi ilə bağlı yaranmışdır. Daha doğrusu, həmin ülkərlərin zəif şəfəqlərinin görünüşü quyruq şəklinə oxşadılıb «quyruq doğdu» deyilmişdir. Bəzi ulduzların, səma cisimlərinin, planetlərin görünməsi ilə əlaqədar təbiətdəki müəyyən dəyişikliklər satronomlar, təbiətşünaslar tərəfindən elmi cəhətdən çoxdan əsaslandırılmışdır. Xüsusilə Zöhrə ulduzunun, Ervanqıran, Tərəzi /Mizan-tərəzi/ ülkərlərinin görünməsi ilə təbiətdə, iqlimdə də dəyişikliklərin əmələ gəlməsini yaşlı maldarlar, əkinçilər də ömür-gün təcrübələrindən bilirlər.
Qədim insan mifoloji təfəkkürdən uzaqlaşdığı ilk dövrlərdə belə rastlaşdığı, gördüyü hər şeyə, xüsusən də ona əsrarəngiz, müəmmalı görünən əşyalara, varlıqlara, hadisələrə canlı kimi yanaşmış, bununla da onları özünə yaxın, mərhəm sanmışdır. Özündə olan keyfiyyətləri, cəhətləri, insana məxsus orqanları, üzvləri, hissələri, eyni zamanda bədən üzvlərinin adlarını da həmin əşya və hadisələrə verib işlətmişdir: qaş qaralmaq, şər qarışmaq, yəni qaranlıq düşmək; şərin gözü qarışmamış, səhərin gözü açılmamış və s. İlk çağlar insanlar qaranlıqdan, şər qüvvələrdən eymənib, qorxub belə məfhumları dillərinə də gətirməyə ürək etmirdilərsə, sonradan hətta onları çağ, zamanın hissələrinə ayırmaq üçün yeni-yeni deyimlər formasında götürüb işlətmişlər.
İlin ayları, fəsilləri, ayrı-ayrı çağları hələ büsbütün dəqiqləşmiş, sabitləşmiş adlar qazanmamışdısa da, oğlaqqıran, qora bişirən ay, boz ay, aralıq ayı, yelqovan ay, qışın oğlan çağı, Xıdır Nəbi, quyruğ doğdu, payızın yelənni çağı və s. kimi zaman bildirən deyimlər olmuşdur. Bunlardan biz «quyruğ doğdu» deyiminin mənasını, etimoloji taleyini ətraflı şəkildə araşdırmağı qarşımıza məqsəd qoymuşuq. Onu da deyək ki, dilimizdə «doğdu» feli ilə «günəş doğdu» //gün doğdu, «ay doğdu» və b. ifadələr də işləkdir. Lakin hər gün çıxan günəş haqqında «gün doğdu» söylənilirsə də, ay haqqında yalnız ayın bədrlənmiş formada görünməsi zamanı «ay doğdu» deyirlər. Maraqlıdır ki, xalq arasında deyilən frazeoloji təbiətcə emosional və ekspressivliyini saxlayan «gün haradan doğdu belə», «ay üzlü», «ay camallı, günəş misallı», «ay parçası» və s. kimi deyimlərdən klassik və müasir bədii ədəbiyyatda gen-bol istifadə olunur. Təsadüfi deyil ki, hələ Nəsimidə də günəşin doğması məcazi mənada götürülüb, bədii məqsədə xidmət etmişdir:
«Bəxtim günəşi toğdivü iqbal ilə gəldi,
Mənisi bu kim, dövləti- bidərümi buludum».
«Quyruq» sözü nə üçün məhz «doğdu» feli ilə işlənmişdir? Əvvəlcə bunu aydınlaşdıraq. Qədim insanlar, bəlli olduğu kimi, heyvanları- atı, öküzü, inəyi, qurdu, keçini, qoyunu və s. totem sanıb onlara tapınmışlar. Məhz bu heyvanlar totem, inanc obyekti olduğundan onlarla bağlı hər şeyi də insanlar müqəddəsləşdirmişlər. Onların bədən üzvlərinin əksini, onların atributlarını gündəlik müşahidələrində, təbiət hadisələrində, yer və göy cisimlərində axtarmışlar. Bu mənada insanlar səma cisimləri üzərində vaxt, çağ məfhumunu müəyyənləşdirmək qəsdi ilə apardıqları müşahidə zamanı ulduzları da quyruğa oxşadıb, onlara ad vermişlər. Ülkərlərin quyruq şəklində görünməsi ilə bağlı yaranan, «quyruq doğdu» deyimindəki «doğmaq» felinin mənasını, etimoloji, mifoloji təbiətini açıb göstərməyə çalışaq.
Müşahidələr göstərir ki, «doğmaq» feli ilk çağlar mifoloji təfəkkürlü insanların dövründə ən müqəddəs varlıqlar haqda söylənmişdir. Fikrimizi «Qədim türk lüğəti», Mahmud Kaşğarinin «Divani- lüğət- it türk» əsəri və b. mənbələrdə «doğmaq» felinə aid olan məlumatlar təsdiqləyir.
Oda, işığa tapınmaq, günəşə, aya, ulduza, ümumən işıq saçan və istilik verən cisimlərə səcdə etmək tarixən qədim türk xalqlarında və başqa xalqlarda da olmuşdur. «Doğmaq» sözünün müqəddəsləşdirilməsini biz lüğətlərin köməyi ilə də müəyyənləşdirə bilərik. «Qədim türk lüğətində» «toğar» sözü gündoğan- şərq mənasında verilir /DTS, 571/, müasir türk- osmanlı dilində «gündoğan» anlamında şərq sözü ilə yanaşı, «toğu» ismi də deyilir. Azərbaycan türkləri isə bildiyimiz kimi, «gündoğan //gündoğar» işlədilir. «Toğmaq» felinin yenidən yaranmaq və sadəcə yaranmaq mənaları da var. Hətta «qohum» sözünün yerinə «toğmuş» deyilmişdir /DTS, 571/.
Qədim türklər günəşin gündoğandan- Toğardan çıxmasını əsas götürüb rəğbətli olduqları, qiymətləndirdikləri, müqəddəsləşdirdikləri şeyləri, varlıqları da toğarla bağlı adlandırıb çağırmışdır.
Belə ki, Şərqdən axan Orxon çayının qoluna türklər «Toğla», Şahinə isə «toğan» demişlər. Zənnimizcə «mərd, igid» mənasında işlənən «toğan ersiq» /DTS, 571/ deyimində də qədim əcdadlarımız öz yüksək hisslərini, münasibətlərini aşkar etmişlər. Göründüyü kimi, «toğ», «toğar», «toğmaq» fövqəltəbii, totem kimi, mif kimi tapınılan varlıqlarla bağlı verilmişdir.
Fəza cisimləri, xüsusən də işıq saçan planetlər- Günəş, ay. Ulduzlar da qədim insan üçün müqəddəs olduğundan bünların görünməsini onlar hər dəfə yenidənyaranma sanıb «doğmaq» adlandırmışlar. O da aydındır ki, ilk, ibtidai insanlar, o cümlədən mifoloji təfəkkürlü qədim türklər ilin, fəslin, ayın, günün çağlarını, mərhələlərini, dəyişmələrini təbiət, həyat tərzi üzərindəki müşahidələrinə isnad edib müəyyənləşdirmişlər. Onlar hər il, hər fəsil, hər ay, hər gün görüb- anladıqları məlumatları, hissləri, təmasları təkrar- təkrar müşahidə edib müəyyən qənaətlərə gəlmişlər. Şəksiz ki, «quyruq doğdu» deyimi yayın isti ayının- qora bişirən ayının ötüşüb nisbətən sərin, son ayının başlanması zamanı quyruq şəklində görünən yeddi ülkərə isnadən yaranmışdır. Bu fikri həmin ülkərlər görünəndən sonra xalq arasında deyildiyi kimi «Quyruq doğdusa hava, su soyuyur, suda çimmək olmaz. Deməli, payız yaxınlaşır. El arasında deyilən «quyruqlu ulduz altında doğulmaq», «hər kəsin göydə ulduzu /bəxt ulduzu/ var» deyimləri də ulduza, deməli işıq saçan cisimlərə sitayiş, pərəstiş, odun, işığın xoşbəxtlik rəmzi olması haqda qədim azərbaycanlıların ilk dövr inanclarını bildirmək, aşkar etmək baxımından qiymətlidir.
Bəzi deyimlərimizin, ümumən frazeoloji xəzinəmizin məna və ifadə zənginliyini, etimoloji mahiyyətini qədim inanclarla, xalqın ilk, təbii, ibtidai, mifoloji təfəkkürü ilə, totemizmlə bağlı aydınlaşdırmaq, üzə çıxarmaq, gördüyümüz kimi, gələcəyi olan, çox düyünləri aça bilən bir məsələdir. Dil sahəsində mifologiyanın izlərini araşdırmaq üçün gələcək axtarışların fayda verəcəyinə inanırıq.
v/ Ana, ana dili, ana südü, ana vətən, dayı və b.
məfhumların etnoqrafik yozumu
Etnoqrafik leksikadan danışarkən alman alimi V.Humboldtun dili xalq ruhunun xarici təzahürü sayması mülahizəsini də xatırlamaq yerinə düşərdi /«xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir- bundan da güclü olan eynilik təsəvvür etmək çətindir»- V.Humboldt/. «Dil elə bir güzgüdür ki, xalqın tarixi, dünyabaxımı, adət və ənənələri öz əksini bu və ya digər şəkildə həmin güzgüdə tapır».1 Bəzi söz və ifadələrin etimoloji açılışında xalqların adət və ənənələrinə, inam və etiqadlarına da isnad etmək kara gəlir. Bu mənada A.Axundovun aşağıdakı fikirləri maraqlıdır: «Doğrudan da dilin leksik quruluşuna daxil olan söz və ifadələrin bir çoxunu həmin xalqın adət və ənənələrinə bələd olmadan izah etmək çətindir. Məsələn, müxtəlif dillərdə evlənmək anlayışının necə ifadə olunduğunu nəzərdən keçirək. Azərbaycan dilində arvad almaq, evlənmək; rus dilində jenitğsə, vstupatğ v brak; türk dilində evlenmek, bir kız almak, nikah kıydırmak, türkmən dilində öülenmek, aəl almak; çuvaş dilində avlan, maşarlan, perleş; qaraçay- balkar dilində k atın alırıqca, öylenirqe, öydeqili bolurq a; ingilim dilində to makky; hind dilində biaxna, vivax /biax, şadi/ karna və s. Türk dilləri ailəsinə daxil olub oxşar adət və ənənələrə malik Azərbaycan, türk, türkmən və qaraçay- balkar dillərində həmin anlayışı ifadə etmək üçün, demək olar ki, eyni dil vasitələri özünü göstərir, xüsusən iki mühüm cərgəyə daxil olan leksik vahidlər təxminən eynidir.
I/ arvad almaq, bir kız almak; aəl almax və katın alırıq a;
2/ evlənmək, evlenmek, öylenmek, öylenirqe».1 Daha sonra müəllif yalnız müxtəlif dillərin faktları əsasında deyil, habelə bir dilin öz materiallarından da çıxış edib etnoqrafik əsasda bir çox söz və ifadələri izah etməyin mümkünlüyünü göstərir: «Xalqın dünyabaxışı, adət və ənənələri ilə bağlı olan söz və ifadələr dildə çoxdur. Məsələn, ad qazanmaq, and içmək, qara ərəb, quyruq doğmaq, dövlət quşu, yerə girəsən, yerində oturtmaq, göz dəymək, səhərin gözü, şər vaxtı və s. onlarca ifadənin konkret tarixi və etnoqrafik izahı vardır».2
«Ana» leksimi ilə işlənən sözbirləşmələrindən qədim dil materialları əsasında bəhs edən S.Əliyarov bəzi maraqlı, orijinal mülahizələr söyləmişdir». «…qadın ana» mənşə etibarilə yalnız «Dədəm Qorqud» boylarında yazıya alınmışdır, qədim run yazılarında da olduğu kimi işlənmiş bir tərkibdir. Nəzərə almaq lazımdır ki, «Kitabi-Dədə Qorqud» boylarında qarşımıza çıxan «qadın ana» sözbirləşməsi run yazılarındakı «əkim qatun»un sadəcə çevriliş şəkli deyildir. Sonuncu ilə yanaşı işlənməkdə olan sinonimdir. Qədim türk yazılarından birində, daha doğrusu, S.Y.Malovun 1910-cu ildə şimal- qərbi Çində «Altun yaruğ» uyğur yazısında «Ana qatun», yəni bilavasitə «Dədəm Qorqud» kitabındakı modelə rast gəlirik».1
Sonra müəllif həmin yazıdan bu cümləni nümunə gətirir: « anası qatun …beş yüz qızlar quvraqin –onun qadın anası …beş yüz qulluqçu /qız/ əhatəsində» /Drevne- törkskiy slovarğ – L., 1969, 449/.
Bu yazı X yüzilliyə aid edilir. Düşünmək olar ki, run yazılarındakı «ögim qatun» birləşməsi, oğuzlar ilə uyğurların söz dünyasında lap ilkindən eyni məna daşıyan qadın ana //anam qatun şəklində işlənmişdir».2 Tədqiqatçı alim fikrinə davam edərək həmin söz birləşməsinin daşıdığı çalar yükünü müəyyənləşdirməyə çalışır: «Qadın ana» /öqam qatun/
-
- matriarxat, anaxanqanlığı qalığıdır.
Əgər «qanım qağan- kaqan ata» elin, imperiyanın siyasi başçısını, dar ölçüdə isə patriarx, patriarxal ailə başçısını bildirirsə, «əgim qatun- qadınım ana», bir vaxt tədqiqatçılardan birinin çevirdiyi kimi/ A.N.Bernştam nəzərdə tutulur- bax Soüialğno gkonomiçeskiy stroy orxonr- eniseyskix törok VI-VIII vekov, M.-L., 1946, s.92/, Ümənim anam» demək deyil, təqribən əlahəzrət, məlikə ana» çalarındadır, yəni titul kimidir /bunu biz yuxarıda «Dədəm Qorqud» kitabından gətirilən parçalarda aydın görə bilərik: «qadın ana, bəy baba deyü bozlatdınmı? « kimi cümlələrdə «qadın», «bəy» sözləri ana və ata ünvanına işlənən silki titul çaları daşıyır/.
Əlbəttə, «qadın ana» tərkibi işləndikdə ilk növbədə ananın cəmiyyətdəki nəsil havadarı, nəsil başbiləni, kağan /və habelə bəy/ ailəsi sistemində nəslin mücəssəməsi olması nəzərdə tutulurdu. Belə bir yüksək şərafətlə o, «kağan ata» ilə yanaşı qoyulur, demək olar ki, sonuncu qədər sonsuz ehtiram və pərəstiş edilən ulu bir şəxsiyyət mərtəbəsinə yüksəlirdi».1
Ana-bala, ana-bacı, ana-qız, ata-ana /yaxud da ana-ata/ ana- bibi, anadil quş, analı-atalı, ana arı, anayolu, ana canavar, ana qoyun, ana yurd, ana vətən…ana qarğa /ana qarğa bala çıxarda bilməz- sizin yanınızda/.
Əvvələn, onu deyək ki, ana sözü ilə olan birləşmələrin sonsuz ehtiram və pərəstiş edilən ulu bir şəxsiyyət mərtəbəsini bildirməsini qeyd etməklə yanaşı, ana-ata, ana-bacı, ana- nənə və s.qəbildəki qoşa sözlərin dilin lap ilkin dövrlərinə aidliyi həqiqətini göstərə bilərik.
S.Əliyarov «qadın ana» sözbirləşməsindən danışarkən həmin sözün çalar yükünün deyilənlərlə bitmədiyini göstərir. O daha sonra fikrini inkişaf etdirərək belə bir sitat gətirir: «Humay bənzərli /və ya humay təkin «qadın ana» cümləsində nəslin ana başbiləni qədim türklərdə üç ilahi /Tenqri, humay və birgə götürülən Sub Yak yəni Su- Yer ilahəsi /ilə yanaşı qoyulur /P.M.Melioranski, V.V.Bartold, A.N.Bernştam və S.Əliyarov özü də məhz bu fikirdədirlər/. «Daha doğrusu, Humay baş ilahi Tenqri /Tanrı/ ilə bərabər, su-Yerdən isə üstün götürülürdü. Qədim run yazılarından 716-cı ilə düşən Tonyukun abidəsinin 38-ci sətrində bu üç ilahi adı məhz aşağıdakı düzümdə yad edilmişdir: «Tenqri, Umay, Iduk Yer sub basa berti erinc- Tanrı, Humay, muqəddəs Yer-Su bizi basıb əzərdilər axı».2
Anaya aid edilən müqəddəslik, tapınma ana dili, ana südü kimi ifadələrdə qorunub saxlanmışdır. Eləcə də ana tərəfdən- ana xətti ilə - süd qohumluğu ilə əlaqədar qohumlara da münasibətdə qalmaqdadır. Müqayisə et, Atalar sözlərindən- «Bacı oğlu dayıya /dayısına/ güllə atmaz», «Qoç igid dayısına oxşar/ bənzər/», «Dirəş-dirəş dayın gəlsin, çömçələrdə payın gəlsin» /Bu gümlə uşaq day duranda- adaq vaxtı –yəni yenicə addım atmaq istəyərkən deyilərdi/ «Dayın qadan alsın» /İndi də Azərbaycanın çox yerlərində dayıya olan böyük hörmət, ehtiram qohumlar arasında dayının şərəfli bir yer tutması dediklərimizə sübutdur/- dayı- ananın qardaşıdır, ana xətti ilə bağlıdır, heç şübhəsiz bu da az söz demir. Atalar sözlərində də dayı ilə əlaqədar fikirlər söylənir: «İşin xatirinə ayıya dayı deyir. «O it o itin dayısı, haraya gedər hamısı». «Şah Abbasın bacısı oğluyam.- Gəl min boynuma!» «Cəhənnəmdə də adamın dayısı gərək», «Adamın mahud çuxalı qohumu /dayısı/ gərək».
İndi də işlənən dayın varmı? – geniş mənada kömək, arxa, havadar, qəyyumluq etmək- dayılıq eləmək. «Aldın payını, çağır dayını».
Təsadüfi deyildir ki, «dayı» sözünə izahlı lüğətdə məcazi mənada belə şərh verilir: «3.məc./dan./ öz hüququndan sui- istifadə edərək birisinə qeyri- qanuni kömək edən, himayəsi altına alan adam haqqında /adətən mənfi mənada/ onun burada dayısı var» /ADİL, Iıc., s.22/.
Ana ürəyi /südü/ KDQ dağ çiçəyi, Ana evin dirəyidir, Ana bala ucundan canını oda yaxar. Ananın ərköyün oğlu hambal olar- Ana qızına taxt verər, ata qızına bəxt. Ana səbri böyükdür. Anadan olmayan qardaş sayılmaz. Analar bizi bu gün üçün doğub// Analı-quzu- xınalı quzu. Anam- bacım kimdir?- Yaxşı qonşum. Anadan əmdiyim süd burnumdan töküldü- Ananın aşı- təndirin başı. Ata- ana sözünə baxan «neyləyim?» deməz. Atasına oğuldur, anasına qul. Ana südü müqəddəsdir. Ana südü, dağ çiçəyi. Ona görə ki, ana haqqı, tanrı haqqı deyiblər /KDQ/. Ana müqəddəsdir, ana südü də müqəddəs olacaq.- Analar bizi bu gün üçün doğublar- deyirlər /çətin, ağır, dar gün üçün/. Ana deyir: Südüm sənə halal olsun. Bəd övlad üçün də bəzən belə deyir: südüm sənə haram olsun, burnundan piltə- piltə gəlsin.
Azsaylı xalqlardan olan qrızlarda da dayıya böyük hörmət, ehtiram bəslənilməsini aşağıdakı etnoqrafik məlumatlardan da görmək olar: «Qrızların toy mərasimi buduq və xınalıqlarla eynidir. Hazırda bu mərasim xeyli dəyişsə də, müəyyən cəhətlərini saxlayıb. Onlar, hər şeydən əvvəl, qızı öz kəndindən, öz tayfasından olan oğlana verməyi üstün tuturlar. Ağsaqqallar qızın ata- anasından razılıq alırlar. Həmin gündən ta gəlini aparanadək olan müddət «cehizə oturma» adlanır. Əvvəllər gəlin bu müddət ərzində xalça, palaz at üstünə örtmək üçün balaca xalça, yun corablar və b. toxumalı idi. Bunun üçün yunu oğlan tərəfi verirdi. Buna görə də hər bir qrızlı qız xalçaçılıq sənətinə yiyələnməli idi. Gəlinin özünün hazırladığı cehizdən başqa dayısı ona bəxşiş verməlidir. Əvvəllər toy mərasimi, adətən 6-7 gün davam edərmiş, indi isə ən azı 3 gün çəkir. Toy mərasimində bəyin dayısı əsas rol oynayır. Bütün qonaqları o qəbul edir və yola salır. Toyun son günü kənd əhalisi, ilk növbədə dayı bəyə bəxşişlər verir. Əvvəllər toy mərasimində oxatma, atçılıq üzrə yarışlar keçirilər və qalibə xonça verilərmiş. Hazırda bütün bunlar unudulmaq üzrədir». 1
Dillərdəki bəzi ifadələrə, məfhumlara etnoqrafik baxımdan, xalqların fərdi, milli, səciyyəvi mövqeyi, yeri cəhətdən yanaşmaq da bəzən maraqlı nəticələrə gətirib çıxara bilər. Burada həm ayrı-ayrı xalqlardakı etnik, psixoloji yaxınlığı, oxşarlığı aşkarlamaq mümkün olur, həm də ayrılıqlar, fərqlənmələr müşahidə olunur. Bəzi faktlara müraciət edək. Azərbaycan dilində deyirik «ana vətən», «ana dili», «ata yurdu», !ata ocağı». Ayrı-ayrı dillərdə ana vətən», «ana dili» məfhumunun necə verilməsinə aid nümunələr gətirək:
Azərbaycanca: ana vətən; Ərəbcə: əl-vətən əl-umm /ana vətən/; Almanca: Vaterland /faterland/ ata ölkə, vətən/; Rusca: otçizna; Gürcücə: deda samşoblo /ana vətən/; fransızca: patrimaternel /ana vətən- hərfi mənada vətən ana/; ermənicə: hayrik – ata ilə bağlıdır/; ingiliscə: matherland /mazelənd/- ana vətən; farsca zadobum
Azərb. Ana dili, türkcə anne dili, fars.zəbane madəri, gürcücə deda ena, fransızca lanq maternel, rusca rodnoy əzık, alm. Muttersprache – mutter şpraxe- ana dili. İng. Matherlaunq- mazələn, ərəbcə əl-luğa əl-umi. Cib yaylığı- rusca: nosovoü platok; can dəsmalı- bannoe plotenüe.
Bəzi dillərdəki qohumluq terminlərinin qarşılaşdırılması göstərir ki, müxtəlif xalqlardakı qohumluq münasibətlərinin vəziyyəti, möhkəmliyi, yetkinliyi, sabitliyi həmin xalqların ibtidai, qədim məişət tərzləri ilə, mənəvi dünyaları ilə daha çox bağlılığı kimi izah oluna bilər. Bəzi müqayisələr aparaq:
Azhərbaycanca Rusca
Xala, bibi /mama/ tetə
Dayı, əmi dədə
Cib dəsmalı nosovoy platok
Ana qəbiləsinin üstünlüyünü, ilkinliyini qoruyub saxlayan, onun izləri görünən ifadələr, frazeoloji birləşmələr bu gün yenə də dilin lüğət tərkibində var, qalır.
Sonradan /bəlkə elə irəlicədən də/ ona müqəddəslik donu geydirilir, ananın varlıq kimi daha ülviliyi, müqəddəsliyi qabardılır: ana, ana dili, ana südü, ana vətən, ana torpaq, ana yurd…
Ana ilə bağlı, yaxud da ana tərəfin qohumluğu ilə əlaqədar süd qohumluğu ilə bağlı deyimlər, zərbi-məsəl, atalar sözü və s.-də yaşayan həqiqətlər, inam və etiqad, ömür-gün təcrübəsi, tarixi keçmş, tarixi-etnik qədimlik danılmaz gerçəklikdir.
Qoç igid dayısına oxşar, xanım qız xalasına. Dayı kimdir? Anannın qardaşı. Ana kimdir? Oğulu /qoç igidi/ dünyaya gətirən, həyat verən, onu dünyaya gətirən.
Niyə demirlər qoç igid əmisinə oxşar. Ona görə yox ki, əmi igid ola bilməz, yaxud pisdir. Çünki dayı ananın qardaşıdır, dayı ana xəttidir, ana nəslinin nümayəndəsidir.
Ana müqəddəsdirsə, ülvidirsə, inancdırsa, ona tapınılırsa, deməli, ananın qardaşı da buna layiqditr. Qardaşın özünə də bu münasibət şəksizdir. Çünki qardaş da eyni anadan, eyni atadandır. Dünyaya isə onu ana- yaradan gətirir.
Dostları ilə paylaş: |