Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə33/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
IV F Ə S İ L
ETNOQRAFİK LEKSİKA VƏ FRAZEOLOGİYA ADƏT- ƏNƏNƏLƏRİ, İNAM VƏ ETİQADLARI YAŞADAN MƏNBƏ KİMİ
a/ Ağaclar haqqında inam etiqadlar

Əvvəlcə onu deyək ki, qədimlərdə də türkdilli xalqlar, o cümlədən də azərbaycanlılar tanrıya, göyə, ağaca, dağa, suya, günəşə, Aya və b. səma cisimlərinə, dəmirə, oda və s. səcdə ediblər, tapınıblar.

Türk tarixçi filoloqu Rəfiq Özdəkin türklərin inamları və dünyagörüşləri haqqındakı mülahizələri bu günə qədər söylənilən ənənəvi fikirlərlə müqayisədə özünəməxsusluğu ilə fərqlənir: «Türklər heç bir zaman bütə tapınmayıblar. Bütlər yaratmamış, öz yaratdıqlarını ilahiləşdirməmişlər. Məlum həqiqətdir ki, bütə inanan qədim millətlər /dövlətlər, imperatorluqlar/ məsələn, şumerlər, misirlilər, yunanlar, romalılar, iranlılar, mayalar, aztəklər və b. ən gözəl, ən böyük heykəlləri, abidələri, məbədləri bütlərə həsr etmişlər və onları qorumaq üçün tikmişlər. Türklər isə cansız bütlərə səcdə qılmadıqları kimi canlı varlıqlara da. məsələn, heyvanlara, qurda, quşa da tapınmadılar. Onun üçün də bütlər və bu bütlərə aid məbədlər tikmədilər. Qədim türklərin tabuları, yəni inancları başqa idi. Türklər yeri və göyü yaradanın dünyanı məskən tutmuş bütlər, ya da yerlə göy arasında dolaşan, insanların xəyali varlıqlar olmadığını sezir, anlayır, bilirdilər».1 Müəllif daha sonra qədim türklərin inandıqları şeylərin adlarını çəkir: «Qədim türklər bəzi coğrafi yerlərin, məsələn, dağların, uca qayaların, su qaynaqlarının, irmaqların, dənizin, ormanın, dəmir qılıncın və s. gizli qüvvəyə malik olduqlarına, ruh daşıdıqlarına inanırdılar. Onlara görə su, günəş, göy gurlaması və şimşəyin də ruhları vardır».1M.İ. Adilovun ən qədim sözlər sırasında orqonların – tanrıların adlarının olması mülahizəsi də diqqəti çəkir: «Məlumdur ki, hər xalqın ən qədim sözləri onların onqoqlarının- tanrılarının adlarından ibarət olur. Dilimizdəki qodu //hodu//kudu//koroz// horaz vahidlərinin kökü qo// ko çox-çox qədimlərdə allah adı, totem adı olmuşdur. Ko adlanan allaha həm də qədim tamil xalqı sitayiş edirdi. Onlarda allahın şərəfinə tikilən binalar Koel /»allah evi»/ adlanır».2

Bəzən canlı və cansız əşyaların təbiətindəki bilməcələr, sirlər, qədim insanlar üçün anlaşılmaz müsbət keyfiyyətlər onlara qarşı qeyri-adi fikir, münasibət yaradıb. Keçmiş insanların mifoloji təfəkkürlərinə görə ilk qida mənbəyi sayılan meyvə ağacları, ümumən isə yaşıllıq böyük səcdəgah olub. Qədim Azərbaycan türkləri daha çox qayın ağacına /torpağın ruhunun sahibinin yoğun qayın ağacında olmasına inanıblar, fındıq ağacına tapınıblar/. Buryatlar və onların türkdilli qonşuları ağcaqayını «ana ağac» adlandırırlar.3 Azərbaycanda bu cür ağac pirlər, xüsusilə çinar pirlər indiyədək qalmaqdadır. Onlar /Azəpbaycan türkləri- İ.M./ sitayiş etdikləri ağaclara and içir, ildə bir dəfə isə qurban kəsirlər.4 Meyvə ağacları qədim insanların, dedik ki, qida mənbələrindən biri olub, hələ qədim əfsanələrdə, əsa­tirlərdə, miflərdə dünya ağacının adı çəkilib. Qədim insanların təfəkkürüncə ağaclardakı ruhlar müqəddəs, ulu ruhlardır, yaradıcı qüvvələrdir. Çox güman ki, bir çox ağaclarda, xüsusən də alma ağaclarında da ağac ruhu qorunaraq saxlanıb. Nağıllarımızı həmişə nağılçılar belə qurtarırlar: «Göydən üç alma düşdü. Biri sənin, biri nağıla qulaq asanın, biri də mənim». Bu cümlədə də ağaclara qədim inamın, pərəstiş izlərini axtarmaq doğru olardı. Ümumən ağacın, dağın, suyun və s.- nin himayəçi olmağı haqqında türkdilli xalqların etnoqrafiyası və mifologiyasında qiymətli faktlar indi də yaşayır. Ağaca, yaşıllığa qədim əcdadlarımız, ulu babalarımız həyat mənbəyi, dirilik mənbəyi kimi baxıblar, tapınıblar.

Ağac zoomorfik totemi türkdilli xalqlarda o qədər geniş yayılmışdır ki, bəzi qəbilələrə, soylara, boylara, adlı-sanlı sərkərdələrə, dövlət adamlarına ağacı /ağac adını- İ.M./ ad qoymuşlar.1 V.L.Seroşevski hələ 1890-cı ildə qeyd etmişdir ki, bir çox türkdilli xalqlarda ağac onqonu da olmuşdur.2

İnam hissi qədim insanlarda birdən- birə yaranmır. Körpə dünyaya göz açanda ətrafındakı ata-anasını, doğmalarını görür. Onlara bağlanır. Onlara isinişir. Vaxt ötdükcə onların özləri kimi, hərəkətləri də, danışıqları da, əməlləri də, arzuları da övladına keçir. Bu varislik nəsilbənəsil davam edib bu günümüzə gəlib çatır. Bu bəlli, sadə həqiqəti yazmaqda başqa məqsədimiz var. Əgər oğul- uşaq ata-anada, ulularda müəyyən varlığa, əşyaya, nemətə səcdə, inam, hörmət görürsə, bu hörmət, pərəstiş övlada da keçəcək, gələcək nəsillərə də ötürüləcək. Bizim bu gün maddi nemətlərə- çörəyə, bar ağaclarına, yaşıllığa, təbiətə, -külli halında bütün yaradılışa məhəbbətimiz, pərəstişimiz, sevgimiz, tapınmağımız qalıbsa, bunlar hamısı ulularımızdan bizə qalan, gəlib çatan miraslar, irs kimi bir şeydir. Qədim insan bilib ki, o bu gün meyvə tapmasa, onu aclıq təhlükəsi ağuşuna alacaq. Qədim insan bilib ki, o yemək üçün /elə yaşamaq üçün də/ vacib olan mer- meyvə, vəhşi heyvanların ovlanması, od əldə etmə işinin öhdəsindən gələ bilməmək də onlar üçün ölüm- dirim məsələləri olub. Məhz elə buna görə də həyat, yaşayış üçün gərəkli olan şeylərin əksəri ilahiləşdirilib, onlara səcdə edilib, müqəddəsləşdirilib /Məs.: müqayisə et, yerə düşmüş çörəyi götürüb üç dəfə öpüb göz üstünə qoymaq, bar verən ağacı kəsməmək və s./

Ağacın, hətta bəzi kiçik meşələrin müqəddəsliyinə inam Azərbaycanda geniş yayılmış imiş və müqəddəs ağacların, meşələrin şərəfinə qurban da kəsilərmiş. Ağaca sitayiş əla­mət­lərinə nadir hallarda indi də Azərbaycanın bəzi bölgələrində, Gürcüstanın sabiq Borçalı mahalında da təsadüf olunur /Marneuli və Qardabani rayonlarının bəzi kəndlərində Novruz bayramı günlərində müqəddəs sayılan Çinar ağacının yanına toplaşıb xalq tamaşaları, oyunları göstərib şənlik edirlər.1

Dilimizdə bir çox ifadələr, deyimlər ağacla, yaşıllıqla bağlı işlənir: «Qədim ağacı əkmək», «çörək ağacı», «Qəlbimdə ümid ağacı göyərdəcəm». Atalar sözlərimiz də az deyil: «Ağac əkənin ömrü uzun olar», «Ağac meyvəsi ilə, insan əməyi ilə tanınar», «Ağacın kökü torpaqdadır, insanın kökü eldə», «Ağaclı kəndi sel basmaz», «Ağac əyildi- sındı, igid əyildi- öldü», «Bar verən ağacı kəsməzlər», «Barlı ağacın başına dolanarlar», «Böyük ağacın kögəsində min qoyun yatar», !Ərik ağacından saz olmaz, gəl zurnadan xəbər al». Belə də deyiblər: «Bağ bağbansız olmaz, dəvə sarbansız», «Bağ belə, bostan belə, tənəkləri şələ- şələ», «Bağa bağ deməyiblər, bax deyiblər», «Bağ salan barın yeyər», «Bağa bax üzüm olsun, yeməyə üzün olsun», «Bağcı bağı ilə, qarpız tağı ilə», «Kamil bağban çəkər bağın səfasın» və s. Belə bir cəhətə də diqqət yetirək ki, bugünkü frazeoloji birləşmələrin, deyimlərin açıqlanmasını çətinləşdirən səbəbləri götur- qoy edərkən təkcə dilçiliyin tarixi frazeologiya sahəsinin / burada tarixi frazeologiya sahəsinin /buradatarixi frazeologiyamızın / tədqiqat obyekti olmaması deyil, həmçinin etnoqrafiyanın, etnolinqvistikanın da dərindən öyrənilməsi də yada düşür. Bu mənada rus dilçisi N.İ. Tolstoyun etnolinqvistikanın pred­metindən danışarkən tarixi frazeologiyanı buraya daxil etməsini təqdir etməliyik.1

Atalarımız bağ haqqında, barverən ağaclar barədə dürlü-dürlü sözlər deyiblər, onları müqəddəsləşdiriblər. Barlı ağacı, yaşıl ağacı kəsməzlər. Dağdağan ağacını kəsmək günahdır. Dağdağan ağacından danışdığımız üçün bir haşiyə çıxaq: Yaxşı yadımdadır. Nənəmin dilindən belə sözlər çıxardı: «Dağdağan ağacının bir parçası, üstəlik də göz muncuğu əgər uşağın üst paltarına tikilərsə, o bədnəzərdən uzaq olar». Neçə-neçə illərdən bəri gəlib bizə çatan bu inamlar olmasaydı, bəlkə də, təbiətdəki bitkilər, ağaclar, yaşıllıqlar qorunub saxlanmazdı. Dağdağan ağacları, bizə ağır da olsa, dözülməz də olsa, azalmaqdadır. Odur ki, bu ağac da başqa ağaclar kimi dövlət tərəfindən qorunmaqdadır. Şair və publisist Məmməd Aslan Türkiyədə olarkən orada saysız- hesabsız dağdağan ağaclarına rast gəldiyini belə təsvir edir: « Bu parkda /Gülxanə parkında – İstambuldadır- İ.M./ mənim nə qədər « tanışlarım» var – dağdağan tanışlarım. Azərbaycanın hər yerinə gedəndə təbiətdə gözüm ən çox sevdiyim dağdağan axtarıb. Gülxanə parkında indiyə qədər gördüyüm dağdağanların ən azmanları göylərə baş alıb gedir. Mənim gördüyüm dağdağanların, adətən, gövdələri kor-kobud, neçə yerdən fırlı, müqayisə qəribə çıxsa da, aloye kollarına oxşar bir şəkildə torpağa söynəkən dağdağanlar olub. Gülxanə parkı dağdağanları isə ərşə bülənd olan dümdüz gövdələri ilə seçilir. İnsan əlinin qayğısındanmı, İstambulun havasından- suyundanmı? Xülasə bu parkın ən ərköyün övladları nərpaça dağdağanlardır…»2

Türkdilli xalqlar tarixən « böyük ağaca da tanrı deyir». Hələ XIX əsrdə də Altayda yaşayan türkdilli xalqlar tək-tənha çinar ağaclarına qurban kəsir və ona sitayiş edirdilər.3

Şərq çinarı / buna Gəncə çinarı da deyirlər/ nar, tut, qovaq, qoz, əncir ağacları da müqəddəs sayılır. Bəzən birisini inan­dırmaq üçün el arasında belə bir adət var: hər hansı bir ağacı yerə qoyub inandırmaq istəyən adam üstündən adlayıb deyir: «Bu ağac mənə qənim olsun ki, belə deyil, yaxud belədir». Meyvələrin müalicəetmə xassaləri, onların xəstələrə şəfa gətirməsi, insanları cavanlaşdırması və s. haqqında Azərbaycan xalq nağıllarında da istənilən qədər məlumatlar tapmaq olar. «Tapdığın nağılı», «Məlik Məmməd», «Qəmər və Şəms» və b. nağıllarda almanın ecazkar gücündən, müalicə, şəfaverici xassə­sindən geniş bəhs edilib.

Xalqımız meyvə ağaclarını, yaşıllıq, gözəllik bəxş edən, torpağımızda qədimdən kök salmış hər cür ağacları qoruya- qoruya bu günümüzə çatdırıb. İndi bunlardan elələri var ki, ciddi qorunsun deyə «Qırmızı kitaba» düşüb /dəmirağacı, qarğı, qaraçöhrə, şabalıdyarpaq palıd və s./. Ağacları müqəddəs­ləşdir­məkdə ata- babalarımız bəlkə də onların ömrünü uzatmağa, nəslini əsrlərlə yaşatmağa və gələcək nəsillərə çatmasına da çalışıblar.

Dağdağan, cəviz, zoğal, çinar və əncir ağacı pir hesab edilir, onları kəsmək və yandırmaq olmaz. İlğın, söyüd ağacları sonsuzluq rəmzi hesab olunur. İlğ ın ağacı ilə heyvanı vursan naxoşlayar. Cəviz və əncir ağacının dibində yatan adam xəs­tələnər, ya da onu vurğun vurar. Bu ağacları qırmaq, yandırmaq olmaz, diblərinə qaynar su, neft tökmək olmaz. Nar, alma və armud ağacı dilək ağacı hesab olunur. Nağıllarda alma dirilik, cavanlıq, həyat meyvəsi kimi təsvir edilir. Əqidələrə görə, ağaclar insan kimi canlıdırlar. Bostan əkiləndə, çiçəkləyəndə, təzə ağac salınanda qayğanaq bişirərlər.


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin