VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi



Yüklə 7,05 Mb.
səhifə17/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

Verilən məlumatlardan göründüyü kimi, 2003-cü ildə investisiyaların yalnız 26. 8 %-i qeyri-neft sektoruna yönəldildiyi halda, 2007-ci ildə bu nisbət 49%-ə qədər yüksəlmişdir.

Neft gəlirləri “insan kapitalının” qeyri-neft sektorunun inkişaf etdirilməsinə, mövcud infrastrukturun təkmilləşdirilməsi və yeni infrastruktur obyektlərinin tikiləməsinə, yeni texnologiyaların gətirilməsinə və digər tədbirlərin maliyyələn­dirilməsinə yönəldiləcəkdir.

Dövlətin strateji kursunda yeni mərhələnin əsas hədəfi – uzunmüddətli ümumbəşəri dəyərlər, qlobal proseslər və milli maraqlar nəzərə alınmaqla, ortamüddətli dövr üçün ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Göründüyü kimi, sosial-iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsi üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu baxımdan DİP-in milli və sektor inkişafı çərçivəsində formalaşdırılması mühüm əhəmiyyət kəsb etməklə yanaşı, sektor­lar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və uyğunsuzluqlara yol verilməməsi üçün çox vacibdir. Bir çox inkişaf etməkdə olan və vəsait çatışmazlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, Azərbaycan karbohidrogen ehtiyatlarının istismarından böyük həcmdə gəlir əldə etməyə başlamış və bu gəlirlərin orta müddətdə olan templərlə artması gözlənilir. Dünya təcrübəsi göstərir ki, maliyyə vəsaitlərinin çatışmazlığı şəraitində gəlirlərin səmərəli istifadəsi ilə müqayisədə, böyük həcmdə gəlirlərin istifa­dəsi prosesinin idarə olunmasında daha çətin problemlərlə üzləşilir. Qısa müddətdə iri həcmli gəlirlərin əldə edilməsi səmərəli xərclər həyata keçirməklə yanaşı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatda regionlarla mərkəzin sosial-iqtisadi cəhətdən ahəngdar inkişafı, ümumiyyətlə, tarazlı inkişafın təmin olunması, yoxsulluğun səviyyə­sinin azaldılması, iqtisadi münasibətlərdə ədalət prinsiplərinin gözlənilməsi, bugünkü və gələcək nəsillər arasında gəlirlərin düzgün bölüşdürülməsi kimi mühüm məsələlərin həllini tələb edir.

İqtisad elmi sübut etmişdir ki, investisiya norması (onun ÜDM-da xüsusi çəkisi) ilə iqtisadi inkişaf sürəti arasında sıx əlaqə vardır. ÜDM-u ildə 2. 5-3% artıran inkişaf etmiş ölkələrdə investisiya norması bir qayda olaraq 20-21% təşkil edir. Bu zaman onlar əsas fondları fasiləsiz olaraq yeniləyirlər, onlardan yüksək dərəcədə səmərəli istifadə edirlər.

Hesablamalar göstərir ki, daxili mənbələr və amillər hesabına iqtisadi inkişafın artım sürətini ildə 5-7%-ə çatdırmaq üçün investisiya norması 30-35% olmalıdır. İEOÖ üçün bu xarakterik bir səviyyədir. Onlarda artım sürəti orta hesabla məhz bu qədər olur. Çin ildə 10% sürətlə inkişaf edir. Bunun üçün investisiya norması 46%-ə qədər yüksəldilmişdir. [237, 2008, №1, s. 31-32]

Onu da nəzərə almaq lazımdır ki, investisiya norması nə qədər yüksək olsa da, inkişaf sürətinə onun təsiri, bir qayda olaraq 3-5 ildən sonra özünü göstərir. Şəkil 4. 1-də qabaqcıl dünya dövlətlərində və Azərbaycanda investisiya norması müqayisə edilir.



Azərbaycanda iqtisadi inkişaf sürəti ilə investisiya norması arasında olan əlaqə aşağıdakı rəqəmlərlə xarakterizə edilir. [44, 2007, s. 36]







2000

2001

2002

2003

2004

2005

2006

2007

ÜDM-un illik artım sürəti (faizlə)

11. 1

9. 9

10. 6

11. 2

10. 2

26. 4

34. 5

25. 0

İnvestisiya norması (cəmi kapital qoyuluşlarının

ÜDM-a nisbəti)



20.52

24. 0

34. 8

50. 0

57. 7

46. 07

34. 6

28. 4

Rəqəmlərin təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, 2003-2004-cü illərdə investisiya normasının 50% həddinə çatması 2006-2007-ci illərdə iqtisadi inkişafın artım sürətini rekord səviyyəyə çatdırmışdır. Sonrakı illərdə investisiya norması azalsa da, mütləq rəqəmlərdə kifayət qədər yüksəkdir.




QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN DİNAMİK İNKİŞAFI VƏ SAHƏ STRUKTURUNUN TRANSFORMASİYASI



Azərbaycanın bütün sahələrini inkişaf etdir­məliyik. İqtisadiyyatımızı şaxələndirməliyik ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan xalqı və gələcək nəsillər rahat yaşasın.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
5. 1. Milli iqtisadiyyatın sahə strukturunun transformasiyasının nəzəri əsasları.
Qloballaşma şəraitində hər bir ölkənin xarici dünya ilə əlaqələri onun, istər ümumi iqtisadi siyasətinin, istərsə də xarici iq­­ti­sadi siyasətinin ən həssas hissəsidir. Qlobal proseslər istər inkişaf etmiş sənaye ölkələrinin, istərsə də inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrinin iqtisadi strukturunda ciddi dəyişikliklərə yol açır. İctimai tələbin yeni forma­larının inkişafı, texnika və texnologiyada yeni prinsipial yeniliklərin yaranması və s. iqtisadiyyatda mövcud proporsiyaların dəyişilməsinə gətirib çıxarır. Ölkələrin daxili vəziy­yətinin, onun sosial-iqtisadi və siyasi orientasiyasının həm müsbət, həm də mənfi ünsürləri ən ümumiləşdirilmiş şəkildə özünü iqtisadi strukturda biru­zə verir.

Məlum olduğu kimi müstəqillik əldə etmiş ölkələrin iqtisadi inkişafında baş verən əsas dəyişiklik təkrar istehsal prosesinin bütövlüyü səviyyəsinin tədricən artması və onun getdikcə daha çox milli bazaya əsaslanmasıdır . Milli ehtiyatlar üzərində nəzarəti ələ keçirmiş bu ölkələrdə həmin ehtiyatlardan daha səmərəli isti­fadə olunması və özünü təmin edən təkrar istehsal mexanizminin yara­dıl­ması prioritet əhəmiyyətə malikdir. Bunun üçün milli iqtisadi inkişaf modelinin formalaşmasında və iqtisadiyyatın modernləşmə­sində optimal səmərəli strukturun yaradılmasında müasir iqtisadi nəzəriy­yələrin öyrənilməsi və tətbiqi vacibdir.

Ölkənin iqtisadi inkişafının xarakteri və dinamikası iqtisad elminin daim diqqət mərkəzindədir. İkinci dünya müharibəsindən sonra elmi ədəbiyyatda iqtisadi inkişaf haqqında 4 əsas elmi cərəyan üstünlük təşkil edir: 1. artımın xətti mərhələlər modeli; 2. struktur dəyişiklikləri modeli;3. üçüncü dünya ölkələrinin zəifliyini asılılıq və varlı ölkələrin hökmranlığı ilə izah edən inqilabi nəzəriyyə; 4. azad bazar ideyalarına əsaslanan əksinqilabi neoklassik nəzəriyyə [198, s. 78]. Bu cərəyanlar arasında bizim tədqiqat obyektimiz olan struktur dəyişiklikləri modeli üzərində dayanmağı vacib hesab edirik.

Həqiqətən ingilis alimi Deniz Qulenin ifadəsi ilə desək “əgər biz inkişafın daxili məzmununu dərk etmiriksə, deməli onun haqqında heç nə bilmirik” [198, s. 78]. Nəzəriyyə və təcrübə sübut edir ki, hər bir ölkənin iqtisadi inkişaf perspektivi əhəmiyyətli dərəcədə milli iqtisadiyyatın strukturunda baş verən dəyişikliklərdən asılıdır.

Ölkənin xalq təsərrüfatı sıx sürətdə bir - biri ilə əlaqədar olan çoxsaylı makroiqtisadi ünsürlərdən ibarət olan mürəkkəb sistemdir. Həmin ünsürlər arasında formalaşan nisbət iqtisadi strukturu təşkil edir və xalq təsərrüfatının tarazlığı, onun səmərəliliyi və davamlı artımı üçün böyük əhəmiyyət kəsb edir.

İnkişaf etmiş sənaye ölkələrinin təcrübəsi göstərir ki, onların sürətli inkişa­fının əsasında istehsalın dinamikliyini və digər müsbət keyfiyyət göstəricilərini təmin edən dərin struktur dəyişiklikləri dayanır. Cənub - Şərqi Asiyada yeni sənaye ölkələrinin sürətli inkişafı, hər şeydən əvvəl həmin ölkələrdə onlar üçün ənənəvi olmayan yeni sənaye sahələrinin inkişaf etdirilməsi və bunun nəticəsində xalq təsərrüfatının strukturunun kəskin surətdə dəyişməsi nəticəsində baş vermişdir.

Sovet dövlətinin təcrübəsi isə göstərdi ki, bu ölkədə ilk illərdə sürətli sənayeləşmə əsasında iqtisadi strukturda dərin struktur dəyişiklikləri aparıldı. Bu dəyişikliklər qısa müddət ərzində həyata keçirildi və SSRİ-ni aparıcı mövqelərdən birinə çıxartdı. Lakin həyat göstərdi ki, belə iqtisadi struktur heç də optimal deyil və sənaye istehsalında hasilat sənayesi və silah hazırlanması əsassız olaraq yüksək mövqe tutdu. Nəticədə təsərrüfat strukturu öz mütərəqqi sosial təmayülünü get­dikcə daha çox itirməyə başladı. Kənd təsərrüfatı və xalq istehlak malları istehsalı tələbatı ödəməkdən çox-çox uzaq idi. Həmin proseslər ölkənin iflasa uğramasında başlıca amillərdən biri idi.

Təsadüfi deyildir ki, struktur nəzəriyyəsi iqtisad elmində mühüm yer tutur. Həmin problemə tanınmış iqtisadçılardan V. Leontyev, S. Kuznetç, C. Qelbreyt öz tədqiqatlarında mühüm yer ayırmışlar.

Rus əsilli amerikan iqtisadçısı V. Leontyev öz tədqiqatlarında iqtisadi sis­tem­lərin fəaliyyəti nəzəriyyələrini iqtisadi modelləşdirmə üsulları ilə birləşdirərək iqtisadiyyatın sahələrarası balansını işləyib hazırlamışdır. Həmin balans sahə strukturunun nisbətini, iqtisadi əlaqələri əks etdirən göstəricilər sistemidir və iqtisadi böyüklüklər arasında mövcud olan qarşılıqlı əlaqələri və iqtisadi vəziyyəti öyrənməyə imkan verir. [183, s. 11-15]

İqtisadi nəzəriyyə struktur dəyişikliyinin struktur effekti adlanan müsbət nəticələrinin meyarlarını işləyib hazırlamışdır. Bu göstərici struktur dəyişiklikləri (əsasən sahələrarası) indeksi ilə iqtisadi inkişafın əsas göstəriciləri arasındakı əlaqəni əks etdirir.

Struktur dəyişikliyi indeksi – K aşağıdakı düsturla müəyyən edilir[266, s. 231-232]


Burada xalq təsərrüfatı sistemində struktur ünsürünün xüsusi çəkisində mütləq böyüklüyü əks etdirir; struktur ünsürlərinin sayıdır.

Məlumdur ki, xalq təsərrüfatının dinamikası tam şəkildə struktur dəyi­şikliyinin dərinliyi ilə müəyyən edilə bilməz. Bununla yanaşı iqtisadi inkişafa təsir göstərən amillər çoxluğundan struktur dəyişikliyi amilinin məntiqi olaraq ayrılması mümkündür. Deməli, struktur effektini təxmini də olsa müəyyən etmək mümkündür. Bu göstərici o vaxt müsbət olur ki, struktur dəyişikliyi indeksinin əhəmiyyətli artımı yüksək iqtisadi artım sürəti ilə müşayiət olunur. Və əksinə, əgər struktur dəyişikliyi indeksi aşağıdırsa, o mənfidir.

İnkişaf etmiş sənaye ölkələrində sahə strukturundakı ciddi dəyişikliklərin qanunauyğunluqları xammal sahələri və kənd təsərrüfatı sahələrinin xüsusi çəkisinin sürətlə azalması, sənayenin texniki cəhətdən modernləşdirilməsi və xidmət sahələrinin sürətlə artmasında özünü göstərir. Ən radikal dəyişikliklər alt sahələrdə də özünü göstərir. Bu sahələrdə elm tutumlu sahələr yüksək artım dinamikasına malik olurlar.

Yeni sənaye ölkələri adlanan Cənub-Şərqi Asiya ölkələrində iqtisadiyyatın sahə strukturu radikal şəkildə dəyişir. Bu ölkələr getdikcə daha çox texniki cəhətdən mürəkkəb və elmtutumlu istehsal sahəsində ixtisaslaşırdı və məhsulun keyfiyyətinə və işçilərin yüksək ixtisaslaşmasına xüsusi diqqət verirlər. Sadə əmək tutumlu məmulatların (məsələn, toxuculuq, paltar, ayaqqabı) istehsalına üstünlük yalnız ucuz işçi qüvvəsinə malik olan ölkələrdə verilir. Lakin əməktutumlu məhsullarla elmtutumlu məhsulların istehsalı arasında optimal nisbəti yaradan ölkələr iqtisadi tərəqqidə daha çox nailiyyətlər əldə edirlər.

İqtisadiyyatın sahə strukturu problemi inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrində, xüsusən xammal istehsalı və ixracı sahəsində ixtisaslaşmış ölkələr qarşısında daha kəskin dayanır.

Təsadüfi deyildir ki, struktur dəyişikliyi nəzəriyyəsi zəif inkişaf etmiş üçüncü dünya ölkələrinin iqtisadiyyatının daha inkişaf etmiş optimal struktura malik təsərrüfatlara diqqət verilməsini əsaslandırır. Tədqiqat üçün burada neoklassik qiymət anlayışından və ehtiyatların bölgüsü mexanizmindən, müasir iqtisadi üsullardan istifadə edilir.

Nobel mükafatı laureatı Artur Lyuisin işləyib hazırladığı izafi əmək ehtiyatlarına malik olan iqtisadiyyatların iki sektorlu inkişaf modeli struktur nəzəriyyələrinin ən geniş yayılmış cərəyanlarındandır[198, s. 82-84]. Bu əsas etibarı ilə natural istehlakçı iqtisadiyyatlarda struktur dəyişikliklərinin nəzəri əsaslarının təhlilinə yönəldilmişdir. Bu nəzəriyyədə geri qalmış ənənəvi kənd təsərrüfatı ilə inkişaf etmiş müasir iqtisadiyyat sahələri arasında qarşılıqlı əlaqələrin nəzəri əsasları verilmişdir.

Həmin nəzəriyyə əsasında sonralar yaranmış digər nəzəriyyə inkişaf formalarının təhlili modeli adlanır. Bu nəzəriyyə də diqqəti ənənəvi geridə qalmış kənd təsərrüfatının yeni sənaye sahələrinə çevrilməsini təmin edən iqtisadi in­dustrial və təsisat strukturlarda zəruri olan ardıcıl dəyişikliklərə yönəldir. Lakin Lyuis modelindən fərqli olaraq mərhələli artım nəzəriyyəsində yığım və investisiyanın artımı zəruri hesab edilərsə də iqtisadi artım üçün onun kifayət etmədiyi xüsusi vurğulanır. Ənənəvi iqtisadiyyatdan müasir iqtisadi sistemə keçmək üçün fiziki və insan kapitalının yığımı ilə yanaşı ölkə iqtisadiyyatında qarşılıqlı əlaqədar olan dəyişikliklər seriyası tələb olunur. Bu dəyişikliklər əslində bütün sahələri - istehsalı, istehlak tələbini, xarici ticarəti, ehtiyatların bölgüsünü, sosial-iqtisadi amilləri (məsələn, urbanizasiyanı, əhalinin artımını və məşğulluğun strukturunu) əhatə edir.

İnkişaf etməkdə olan ölkələrin “özünütəmin edən inkişaf ” konsepsiyası Massaçuset texnoloji institutunun professoru U.Rostou tərəfindən 1956-cı ildə irəli sürülmüşdür. Konsep­siya­nın əsas ideyası bu ölkələrin ənənəvi cəmiyyətdən Qərb tipli müa­sir cəmiyyətə keçməsini təmin etməkdir. Bu ölkələrdə inki­şafın öz-özünü avtomatik tənzimləməsi üçün bir sıra şərtlərin ye­rinə yetirilməsi vacibdir . [258, s. 448 - 450]:

1. milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisinin kəskin şəkildə artırılması ;

2. sənayenin bir neçə sahəsinin sürətli inkişafı ;

3. iqtisadiyyatın modernləşdirilməsi ideyası tərəfdarlarının cəmiyyətdə və hakimiyyət strukturlarında üstünlük təşkil etməsi;

Nəzərə almaq lazımdır ki, XX əsrdə Qərb iqtisad elmində əsas prinsipial dəyişiklik ondan ibarət olmuşdur ki, neoklassik siyasi iqtisadın “avtomatik taraz­laşdırma” haqqında olan bir çox müddəalarından uzaqlaşılmışdır . Bu dəyişikliyə görə iqtisadi “tarazlıq” yaradılmasında, iqtisadi strukturun tənzimlənməsində dövlət ciddi rol oynamalıdır

Struktur dəyişikliklərinin empirik tədqiqi göstərir ki, inkişafın həm daxili, həm də xarici məhdudiyyətləri mövcuddur. Daxili məhdudiyyətlər iqtisadi və təsisat xarakterli olmaqla iki yerə bölünür. Birinci məhdudiyyətlər ölkənin resurs potensialı, onun böyüklüyü və əhalisinin miqdarı ilə, ikincisi isə - dövlət siya­sətinin məqsəd və vasitələri ilə əlaqədardır. Xarici məhdudiyyətlər isə xarici investisiya, texnologiya və bazarlarla əlaqədardır. Üçüncü dünya ölkələrinin qeyri - bərabər inkişafı məhz bu amillərlə əlaqədardır. Beləliklə, mərhələli artım nəzəriyyəsi üçüncü dünya ölkələrini qarşılıqlı asılılıq şəraitində olan beynəlxalq təsərrüfat sisteminin tərkib hissəsi hesab edir. Bu sistem bu və ya digər inkişaf etməkdə olan ölkənin inkişafını ləngidə və hətta, zəiflədə bilər [198, s. 87-88].

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, tarazlı sənayeləşmə strategiyası bu ölkələrdə əsasən iki istiqamətdə aparılır: idxalı əvəzetmə siyasəti və ixrac yönümlü sənayeləşmə strategiyası.

İdxalı əvəz edən sahədə artım. Bu prosesi izah etmək üçün hər şeydən əv­vəl fərz edək ki, məsələn, ABŞ-da kapital amili sürətlə inkişaf edir və idxal ilə rə­qabət vəziyyətində olan (yəni həmin mal həm xaricdən idxal edilir, həm də öl­kədə istehsal edilir) mahud istehsalında bu amildən intensiv istifadə edilir. Eyni za­manda fərz edək ki, ixrac malı olan buğda istehsalında əkilən torpaq və digər amillərin miqdarı dəyişmir. Bu zaman idxal (mahud) sahəsində intensiv istifadə olu­nan kapitalın artımı bu kapitalın gəlirliliyini azaldır. Kapital ucuz olduğu üçün tə­biidir ki, istehsalçılar istehsalın həcmini genişləndirməyə çalışırlar. Lakin is­teh­sa­lın artım sürəti müxtəlif sahələrdə (yəni mahud və buğda istehsalında) eyni də­rə­cədə olmayacaqdır. İstehsal xərclərinin tərkibində kapital amilinin xüsusi çəkisi ma­hud istehsalında buğda istehsalına nisbətən çox olduğu üçün kapitalın ucuz­laş­ması mahud istehsalçıları üçün daha əhəmiyyətli olacaqdır. Bunun nəticə­sin­də isə bu ölkədə mahud istehsalı buğda istehsalına nisbətən daha sürətlə ar­ta­caq­dır. Mahud istehsalının artımı isə həmin malın idxalını azaldacaq, daha doğ­ru­su idxalı əvəz edəcəkdir. Bununla da ölkənin dünya bazarından bu məhsul üz­rə asılılığı azalacaqdır. Bu proses əgər böyük miqyasda həyata keçmiş olarsa dün­ya ticarətinə (müvafiq olaraq qiymətlərin, habelə onun ticarətinin azal­ma­sı­na) da təsir göstərəcəkdir.

Dünya iqtisadi konyukturuna təsir edə bilməyən kiçik iqtisadi potensiala ma­lik olan ölkələrdə idxalı əvəzetmə siyasətinin elmi əsaslarla aparılması bu öl­kə­də beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə edilməsi və iqtisadi inkişafın sürətləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycan ki­mi keçid dövründə olan və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən keç­miş­də səmərəli şəkildə istifadə olunmamış ölkələrdə idxalı əvəzetmə siyasətinə da­ha böyük ehtiyac vardır. Məsələn, zəngin təbii sərvətlərə və əlverişli iqlim şə­ra­itinə malik olan respublikamızda əhalinin istehlak mallarına olan ehtiyacının xeyli hissəsinin qiymətli valyuta ilə xaricdən alınması getdikcə azaldılır.

İxracatın genişləndirilməsi sahəsində artım. İndi fərz edək ki, ixracat sahə­sin­də, yəni buğda istehsalında istifadə olunan yaxşı torpaq sahəsində artım möv­cud­dur. Bu zaman tutaq ki, kapital və digər amillərin təklifi dəyişməz qal­mış­dır. Ay­dındır ki, əlavə torpaq sahələri icarə haqqının azalmasına səbəb olacaqdır ki, bu da fermerləri buğda sahələrini genişləndirməyə sövq edəcəkdir. Belə və­ziy­yət­də ölkədə buğda istehsalının artımı mahud istehsalına nisbətən sürətli ola­caq­dır. Əla­və istehsal olunan buğdanın müəyyən hissəsi ixraca yönələcəkdir. Bu və­ziy­yət buğ­danın istehsal xərcləri dünya qiymətləri səviyyəsinə qədər yük­sə­lə­nə­dək da­vam edəcəkdir. İxrac olunan buğda istehsalının ABŞ-da artması (əgər bu böyük miq­yasda olarsa) dünya ticarətinin həcmini genişləndirəcək və buğ­da­nın dünya qiy­mətlərinin aşağı düşməsinə səbəb olacaqdır. Az iqtisadi potensiala ma­lik olan öl­kələrdə də ixracı genişləndirmə siyasəti dünya miqyasında mü­qa­yi­sə­li üs­tün­lük­lər­dən səmərəli şəkildə istifadə olunması nəticəsində bu ölkələrin iq­tisadi inki­şa­fı­nın (digər amillərin sabit qalması şərtilə) sürətləndirilməsinə gətirib çıxaracaqdır.

Bu zaman belə bir cəhəti nəzərə almaq lazımdır: dünya təsərrüfat sis­te­min­də getdikcə daha layiqli yer tutan yeni sənaye ölkələrinin təcrübəsi göstərir ki, ix­ra­cat potensialının genişləndirilməsi siyasəti yeridilərkən o dövlətlər daha çox iq­ti­sa­di nəticə əldə edir ki, bu dövlətlər bütün qüvvələri yalnız hər hansı bir mal nö­vü­nün ixracat potensialının genişləndirilməsinə yönəltmirlər. Daha çox mal qrupunun ixracının genişləndirilməsi inkişafın daha zəmanətli inkişafı üçün əl­verişli şərait yaradır. Bu baxımdan Azərbaycanda da ixracat potensialının ge­niş­ləndirilməsi sahəsində görülən işlər ümidvericidir. Həyat çoxtərəfli ixracat siyasətinin yürüdlməsini tələb edir. [178, s. 260].

İstehsal amillərinin qeyri-bərabər artımı bir sıra digər iqtisadi nəticələr də doğurur. Hər han­sı bir istehsal amilinin sürətli artımı, onun in­tensiv istifadə olunduğu iqti­sa­diy­yat sahəsində xüsusi çəkisinin çoxalmasına sə­bəb olur. Bu bütün digər şərtlər da­xilində digər istehsal sahəsinin nisbi azal­ma­sına gətirib çıxarır. Çünki ucuz­laş­mış istehsal amilindən daha çox istifadə olunan sa­hə, həm də başqa istehsal amillərini di­gər sahələrdən özünə daha çox cəlb edir. Rıb­çinski nəzəriyyəsinin mahiyyəti on­dan ibarətdir ki, qiymətlərin sabit qalması və iq­ti­sadiyyatda yalnız iki sahənin möv­cud olduğu şərti daxilində hər hansı bir is­teh­sal amilinin artımı mallardan bi­ri­nin istehsalının azalmasına səbəb olur.

Yeni faydalı qazıntıların kəşfi, məsələn, Kanada və Böyük Britaniyada oldu­ğu kimi, emaledici sənaye və digər mühüm sahələrin inkişafının zəifləməsinə gə­ti­rib çıxara bilər. Yaxud emaledici sənayenin sürətli inkişafı dağ-mədən sə­na­ye­sinin inkişafının zəiflə­məsinə və xammal üzrə dünya bazarlarından asılılığın art­masına səbəb ola bilər. Bu və ya digər istehsal amilindən intensiv istifadə olun­ması nəticəsində yeni ixracat imkanlarının açılması da ölkədə bir sıra mü­hüm problemlər yaranmasına səbəb olur. Bunlardan iqtisadi ədəbiyyatda “Hol­landiya xəstəliyi” və “Kasıblaşdırıcı iqtisadi artım” adı ilə daxil olmuş problemlər diqqəti cəlb edir.

“Kasıblaşdırıcı artım” hər hansı bir ölkədə bu və ya digər mal ixracının sü­rət­li artımı dünya ticarətində qiymətlərin azalmasına təsir etdiyi hallarda baş ve­rə bilər. Çünki bu halda ticarət şərtləri bu ölkələrin əleyhinə dəyişər və nəticədə onun vəziyyəti pisləşə bilər. “Hollandiya xəstəliyi” isə Şimal dənizində təbii qaz ya­taqlarının istismar olunması ilə özünü göstərmişdir. Həqiqətən bu ehtiyatlar döv­riyyəyə cəlb olunduqca və xaricdən daha çox valyuta və qızıl daxil olduqca elə fikir yaranırdı ki, Hollandiyanın sənaye ixracı daha çox tənəzzülə uğrayır.

Belə bir iqtisadi vəziyyətin yaranmasının həqiqətən əsasları vardır. Çünki yeni tə­bii sərvətlərin dövriyyəyə böyük miqdarda və gözlənilmədən daxil olması is­tehsal amil­lə­rinin emaledici sənaye sahələrindən bu yeni sahələrə cəlb olun­ma­sına, nəti­cə­də isə emal­edici sənaye sahələrində mənfəətin və istehsalın azal­­masına səbəb ola bi­lər. Bu­nun qarşısını isə əsaslandırılmış müvafiq təş­viq­edi­ci iqtisadi siyasətlə almaq mümkündür.

Xammal ixracının nəticələri. Sonralar iqtisadçılar müqayisəli üstünlüyün müəy­yən şərtlər daxilində mənfi nəticələr doğura bilməsi ehtimalı üzərində də dü­şün­məyə başladılar. Xammal ixrac edən ölkələrdə bu xüsusən narahatçılıq do­­ğu­rur. İnkişaf etməkdə olan ölkələrin mənafeyini təmsil edən argentinalı iqti­sad­çı Raul Prebiş və başqaları haqlı olaraq belə bir fikri müdafiə edirlər: xammal ix­rac edən zəif inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı və təbii xammalın ix­ra­cı­nın geniş­ləndirilməsi onlar üçün iqtisadi cəhətdən sərfəli deyildir. 1876-1948-ci il­lə­rə aid uzun dövr üçün aparılmış hesablamalar göstərir ki, beynəlxalq ticarət şərt­ləri kənd təsərrüfatı malları və xammal ixrac edən inkişaf etməkdə olan ölkə­lə­rin əleyhinə dəyişmiş və qiymət indeksi 147-dən 89-a enmişdi. Həmin alimlər in­kişaf etməkdə olan ölkələrə tövsiyə edirlər ki, onlar xammal ixracını daha çox ge­nişləndirmək əvəzinə ehtiyatları ciddi şəkildə müasir emaledici sənaye sa­hə­lə­rinin inkişafına yönəltsinlər. Onlar həmçinin tövsiyə edirlər ki, bu ölkələr idxalı əvəz­etmə siyasəti yeritməklə sənaye məhsullarının idxalını məhdudlaşdırsınlar. Bu tövsiyələr Azərbaycan kimi keçid iqtisadiyyatı şəraitində olan və ixracatının təx­minən 80 %-ni xammal təşkil edən ölkələr üçün də olduqca aktualdır. [303, s. 105-106].

İkinci dünya müharibəsindən sonra postsənaye ölkələrində ASK-nin inkişafı bir sıra sosial-iqtisadi proseslərin qarşılıqlı təsiri altında olduqca sürətlənmişdir: 1) Kənd təsərrüfatının texniki bazasının yenidənqurulması, onun sənayeləşməsi və təxminən manufaktura istehsalına uyğun vəziyyətdən sənaye, sonra isə iri maşınlı sənaye mərhələsinə daxil olması; 2) Kənd təsərrüfatını maşın, gübrə, tikinti materialları və digər mallarla təmin edən, onun məhsullarını emal edən sənaye sahələrində, habelə ərzaq məhsullarının ticarəti ilə məşğul olan, kənd təsərrüfatına nəqliyyat, maliyyə-bank və digər xidmət göstərən sahələrində kapitalın təmərküzləşməsi və inhisarlaşması prosesi baş verir; 3) yüksək təmərküzləşmiş sənaye və bank kapitalı sürətlə aqrar sferaya daxil olur; 4) qloballaşma prosesi dərinləşdikcə dövlətlərüstü və beynəlxalq inteqrasiya beynəlxalq qurumların vahid aqrar siyasət yeritməsi (məsələn, Avropa Ittifaqı və dünyanın digər birləşmələrində olduğu kimi) getdikcə real məzmun alır və daha da intensivləşir. Onu da göstərmək lazımdır ki, ABŞ kənd təsərrüfatında elmi-texniki tərəqqi 30-cı illərdə, Qərbi Avropa ölkələrində isə 60-cı illərdə baş vermişdir. ABŞ-dan fərqli olaraq Avropada elmi-texniki tərəqqi kənd təsərrüfatında xırda əmtəə istehsalçılarının üstünlük təşkil etdiyi və təsərrüfatın və əməyin təşkilinin köhnə formalarının kifayət qədər qaldığı bir şəraitdə baş vermişdir. Avropa ölkələrində kənd təsərrüfatının geriliyi Avropada inteqrasiya prosesini stimullaşdıran və sürətləndirən başlıca amillərdən biri olmuşdur. Təsadüfi deyil ki, bəzən “yaşıl avropa . . . burada siyasi birliyin özülü” [248, s. 5 ] hesab edilir.

Postsənaye ölkələrində texniki tərəqqi öz ifadəsini onun yüksək dərəcədə mexanikləşdirilməsində, kimyalaşdırılmasında, elektrikləşdirilməsində, yeni texnika və texnoloji proseslərin intensiv tətbiqində, irriqasiyanın, müasir nəqliyyat şəbəkələrinin sürətli inkişafında informasiya texnikası və texnologiyasının geniş tətbiqində tapır. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının sənaye əsasına keçirilməsini təmin edir. Kənd təsərrüfatının mexanikləşdirilməsi öz ifadəsini yalnız kənd təsərrüfatında tətbiq edilən maşınların sayca artmasında tapmır. Həmin proses kənd təsərrüfatı istehsalında bu sahəni sənaye üsuluna keçirən mürəkkəb avtomatlaşmış maşın və mexanizmlərin tətbiqində əks olunur.

Kənd təsərrüfatında texniki və texnoloji sıçrayışların sövqedici amilləri ərzaq və kənd təsərrüfatı xammalına tələbin sürətlə artması, bu sahədə müəyyən kapital yığımının olması, üstəlik dövlət subsidiya və yardımlarının artması, aqrar bölmənin vahid iqtisadi sistemə uyğunlaşması və bərabər şərtlərlə qoşulması zəruriliyidir.

Kənd təsərrüfatına keyfiyyətcə yeni texnika və texnologiyanın daxil olması bu sahədə aşağıdakı bir sıra yeni cəhətlərin meydana çıxmasına səbəb olmuşdur. Məhsul istehsalı sürətlə artdığı halda məşğulluq və bir çox hallarda əkin sahələri və bəzən heyvanların sayı azalır; adambaşına hesabı ilə əsas kapitalın sənayeyə nisbətən daha yüksək səviyyəsinə nail olunmuş; sənaye və iqtisadiyyatın digər sahələrinə nisbətən əmək məhsuldarlığının daha yüksək artım tempi əldə edilmiş; xammal və ərzaq istehsalı artdığı halda məcmu daxili məhsulda və məşğulluqda kənd təsərrüfatının payı sürətlə azalmışdır. Əsas fondların tərkibində onun aktiv hissəsinin, yəni maşın və avadanlığın payı passiv hissəyə (bina, tikili və s. ) nisbətən artır. Canlı əməyin maşın və texnika ilə silahlanması və əvəz olunması əmək məhsuldarlığının və sahənin səmərəliliyinin sürətlə artmasına gətirib çıxarmışdır.

Kənd təsərrüfatı istehsalının səmərəliliyinin artması bu sahənin iri inhisarçı birliklər üçün əlverişli kapital qoyuluşu sferasına çevirmişdir. Kənd təsərrüfatı məhsullarını emal edən sənaye sahələrinin inkişafı xüsusən əlverişli sahəyə çevril­mişdir. Nəhəng soyuducular, elavatorlar, tərəvəz ambarları transmilli kor­porasiyaların investisiyaları əsasında yaradılmış və kənd təsərrüfatı istehsalını keyfiyyətcə ciddi sürətdə dəyişdirir. Aqrar bölmə vahid iqtisadi sistemin mühüm tərkib hissəsinə çevrilmiş, kənd təsərrüfatı məhsullarını emal edən sənaye sahələri ilə birlikdə aqrar-sənaye kompleksini təşkil edir.

Kənd təsərrüfatının sürətlə sənayeləşməsi külli miqdarda kapital qoyuluşu tələb edir. Təbiidir ki, bu tələbatı aqrar bölmə müstəqil olaraq öz mənbələri hesabına təmin etmək iqtidarında deyildir və kənd təsərrüfatı müəssisələrinin cəlb olunan borc vəsaitinə ehtiyacı daha çoxdur. Bu cəhət kənd təsərrüfatının aqrar-sənaye kompleksinin ayrılmaz tərkib hissəsinə çevrilməsi üçün mühüm şərtlərdən biridir.

ASK-nin yaranması və inkişafını şərtləndirən mühüm amillərdən biri də iqtisadiyyatın digər sahələrində, daha dəqiq desək, kənd təsərrüfatını istehsal vasitələri ilə təmin edən, onun məhsullarının emalı üzrə ixtisaslaşan sahələrdə təmərküzləşmə və rəqabətin öz yüksək həddinə çatmasıdır.

Ərzaq ticarətində də inhisarlaşma yüksək səviyyədədir. Yuxarıda göstərilən proseslərin təsiri altında müasir dünya iqtisadiyyatında vahid aqrar-sənaye kompleksi formalaşıb yüksək sürətlə inkişaf edir.

Elmi ədəbiyyatda ASK üç tərkib hissəyə ayrılır: 1). kənd təsərrüfatı üçün istehsal vasitələri istehsal edən maşıqayırma sənayesi; mineral gübrələr və kimyəvi vasitələr istehsalı üzrə sənaye sahələri; mikrobiologiya sənayesi; meliorasiya texnikası sənayesi və s. 2). bitkiçilik, heyvandarlıq və meşə təsərrüfatını birləşdirən kənd təsərrüfatı istehsalı; 3). kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olan sahələr. Beləliklə, “aqrar-sənaye inteqrasiyası” xalq təsərrüfatının bir-biri ilə qarşılıqlı əlaqədə olan, lakin müstəqil fəaliyyət göstərən müxtəlif sahələrin dialektik vəhdəti kimi çıxış edir [ 248, s. 19]. Geniş planda baxıldıqda kənd təsər­rüfatına maliyyə-kredit, nəqliyyat xidməti göstərən sahələr də ASK-nin forma­laşması və inkişafında yaxından iştirak edir. Lakin bu sahələrin əksəriyyəti ölkə iqtisadiyyatının digər kompleksləri ilə bağlıdır. ASK-nın tərkibinə onun son məh­su­lunun istehsalında iştirak edən iqtisadiyyat sahələrinin hamısı deyil, öz fəaliy­yətinin əsas hissəsini kompleksin işi ilə əlaqədar quran sahələr daxildir [ 81, s. 20].

Durmadan artan dünya əhalisinin ərzaqla təmin olunması zəruriliyi və problemlərinin getdikcə daha çox qlobal xarakter alması aqrar-sənaye kompleksinin hüdudlarının milli iqtisadiyyat çərçivəsindən kənara çıxmasını şərtləndirmişdir. Ərzaq və onunla bağlı sahələrin məhsullarının istehsalı, bölgüsü, mübadiləsi və istifadəsi ümumdünya təsərrüfat sisteminin fəaliyyətinin mühüm tərkib hissəsidir; dünyada gedən dərin iqtisadi və siyasi proseslərin aparıcı istiqamətlərindən biridir. Aqrar-sənaye kompleksində baş verən qloballaşma prosesi ərzaq və onun istehsalı ilə bağlı olan məhsulların satış bazarlarında rəqabəti daha da kəskinləşdirərək istehsalın, ilk növbədə, iri təsərrüfatlarda inkişafını, kənd təsərrüfatı məhsulları tica­rətinin genişlənməsini, əsas ərzaq məhsulları ilə özünü təminetmə dərəcəsinin artmasını təşviq edir. Lakin istehsal, ticarət və istehlak sahəsində baş verən mühüm irəliləyişlər ölkələr və transmilli şirkətlər arasında ziddiyyətlərin də artması ilə müşaiyət olunur.

İkinci dünya müharibəsindən sonra regional iqtisadi inteqrasiya birliklərinin sürətlə bütün dünyaya yayılması bu ziddiyyətlərin labüd nəticələrindən biridir. Belə inteqrasiya birliklərinin ilk və ən inkişaf etmiş forması olan Avropa İttifaqının yaranmasının başlıca məqsədlərindən biri, məhz vahid kənd təsərrüfatı siyasətinin yeridilməsidir. Bu siyasətin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: 1. Avropa İttifaqının dövlətlərüstü orqanlarının vahid aqrar siyasət yeridilməsində məsuliyyəti; 2. kənd təsərrüfatı məhsullarının vahid qiymətlərinin dəstəklənməsi; 3. üçüncü ölkələrlə aparılan kənd təsərrüfatı məhsulları ticarətində birlik dövlətlərinin razılaşdırılmış ümumi ticarət qaydaları; 4 birlik üzvlərinin bir-biri ilə ticarətdə qarşılıqlı üstünlüklər vermələri və birlik daxilində kənd təsərrüfatı məhsullarının sərbəst ticarəti; 5. vahid kənd təsərrüfatı siyasətinin birgə maliyyələşdirilməsi;[ 248, s. 51]. Yalnız onu göstərmək lazımdır ki, Avropa Ittifaqı büdcəsinin 2/3 hissə­si məhz vahid aqrar siyasətin həyata keşirilməsi ilə əlaqədardır [ 304 s. 370]. Beləliklə, dövrümüzün əsas məzmununu təşkil edən qloballaşma prosesinin müasir dövrdə aparıcı xəttə çevrilməsinə baxmayaraq ASK, ilk növbədə kənd təsərrüfatı sahəsində himayəçilik siyasətinin siyasi və iqtisadi gündəlikdən çıxması demək deyildir.

Kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələri ilə inteqrasiya edərək aqrar-sənaye kompleksi yaratması ilə əlaqədar olaraq müasir dövrdə aqrar siyasətin səmərəliliyi əhəmiyyətli dərəcədə qeyri-kənd təsərrüfatı siyasətindən asılıdır. Başqa sözlə, aqrar bölmənin çiçəklənməsi üçün qeyri-kənd təsərrüfatı siyasəti həyati əhəmiyyət kəsb edir. Belə ki, kənd təsərrüfatı məhsullarını emal edən sənaye sahələrinin sürətli inkişafı aqrar bölmənin canlanmasına əlverişli şərait yaradır. Sərt pul və büdcə siyasəti, büdcə kəsirlərinin artması, kredit faizlərinin yüksək olması da fermer təsərrüfatının fəaliyyətinə çox ciddi mənfi təsir göstərir. Sərbəst dəyişən valyuta məzənnəsi sistemində qeyri-real valyuta məzənnəsinin formalaşması fermer təsərrüfatları üçün xüsusən neqativ nəticələr doğurur.

Azərbaycanda bazar iqtisadiyyatına keçid bu sahədə dünya təcrübəsinin öyrənilməsini, aqrar-sənaye kompleks müəssisələrində elmi-texniki tərəqqinin nailiyyətlərinin, təsərrüfatçılıq və istehsalın idarə edilməsinin səmərəli formalarının tətbiq edilməsini, təsərrüfatsızlığın qarşısının alınması, təşəbbüskarlığın aktiv­ləşdirilməsi və s. əsasında istehsalın səmərəliliyinin artırılmasını tələb edir.


    1. Yüklə 7,05 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin