Telman Orucov


İstiqlaliyyət uğrunda mübarizə



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

İstiqlaliyyət uğrunda mübarizə 
 
Tezliklə  silahlı  münaqişə  başlandı.  General  Qeyc  bu  vaxtadək  ətrafda  baş 
verənlərə,  ölkənin  silahlı  müqavimət  göstərməyə  hazırlaşmasına  heç  də  laqeyd 
baxmırdı və əlbəttə ki, bunlara nəzarət etməyə cəhd edirdi. Aprelin 19-da o, səkkiz 
yüz  adam  göndərdi  ki,  Konkordda  əyalət  qüvvələrinin  öz  silahlarını  topladığı  hərbi 
anbarları  tutsun.  Bu  hadisə  bütün  ölkəni  ayağa  qaldırdı.  Hərbi  dəstə  bu  tapşırığın 
yerinə  yetirilməsini  başa  çatdırmamışdan,  silahlı  adamlar  onları  yolun  hər 
döngəsində mühasirəyə alır və onlara atəş açırdılar. Təlim keçməmiş kəndlilər onlara 
qarşı çıxa bilmirdilər, lakin tələ qururdular. Silahlı dəstə Bostona qayıtmağa tələsdi 
və  onlar  üç  yüzə  yaxın  yoldaşlarını  ölmüş,  yaralanmış  və  ya  əsir  düşmüş  şəkildə 
itirmişdilər. Onların hərəkəti və onlara hücum edilməsi barədə xəbər hər yana yayıldı 
və  yolun  hər  tərəfi  Bostona  tərəf  hərəkət  edən  əyalət  minitmenləri  -  bir  dəqiqədə 
hazır olan könüllü dəstə belə adlanırdı, - ilə doldu. Silahlı dəstəyə atəş açan və onları 
öz  xəttindən  qovub  çıxaran  adamlar  bir  daha  evinə  qayıtmadı.  Vuruş  qurtarandan 
sonra gələnlər isə gözləyirdilər ki, şəhərdən hansı cavab veriləcəkdir. 20 aprel səhəri 
kiçik ordunun şəhəri mühasirəyə alması kimi bir hadisənin baş verdiyi məlum oldu.  
20-si  gününə  açılacaq  gecə  lord  Danmor  Virciniyada  dənizçi  hərbi 
qüvvələrini silahlı qaydada gəmidən sahilə çıxardı və Vilyamsburqdakı barıt anbarını 
tutdu.  Burada  da  əhali  ayağa  qalxdı  və  Henri  özü  bir  kapitan  kimi  buna  başçılıq 
etməyə  başladı.  Onlar  dənizçilərlə  qarşılaşmadılar,  burada  bir-birinə  yaxın  kəndlər 
yox  idi,  bunun  əvəzində  onlar  qrafadan,  öz  qubernatorlarından  tələb  etdilər  ki, 
tutulmasına və götürülməsinə göstəriş verdiyi barıtın əvəzini ödəsin.  
Bostondakı kəndli ordusu isə on altı minə çatdı və şəhəri müşahidədə saxlayıb 
gözlədi  ki,  koloniyaların  Filadelfiyadakı  Baş  Konqressi  onlara  kömək  edəcək  və 
komandan olan şəxsi verəcəkdir. Konqress toplanan günü - 10 may 1775-ci ildə İton 
Allen  Tikonderoqadakı  fortun  mühafizə  olunmayan  qapısında  gəzişirdi.  O, 
Vermontdan  gəlmiş  kiçik  dəstəyə  başçılıq  edirdi  və  Kontinental  Konqress  naminə 
həlledici  bir  yeri  ələ  keçirmişdi.  Lakin  o,  heç  kəsdən  bir  səlahiyyət  almamışdı.  İki 
gün  sonra  o,  bu  yolla  Kraun  Poyntu  da  ələ  keçirmişdi.  Konqress  iclasında  özünü 
"Komitələrin  Konqressi"  kimi  apararaq,  müşavirə  və  protest  üçün  yığışmışdı.  Onlar 
yaxşı  idarəetmə  xahiş  edirdilər,  onların  dəlilləri  koloniyaların  imtiyazlarına  xidmət 
edirdi. Polkovnik Vaşinqton Konqressə özünün əyalət hərbi geyimində gəlmişdi. O, 
həmişə  Konqressə  də  bir  əsgər  kimi  xidmət  etmişdi.  Konqressin  komitələri  demək 
olar ki, hərbi hazırlığa dair məsələlər barədə hər gün onunla məsləhətləşirdi.  
Burada sərhədlərin hindulara qarşı mühafizə edilməsi, kontinental qüvvələrin 
təşkili, komissarlıqların idarə olunması, minitmenlərin yığılması, həmçinin əsgərlərin 
paltar  məsələsi  və  ehtimal  olunan  istehkamların  layihələri  və  s.  müzakirə  edilirdi. 
Onlar müzakirə aparan vaxt öz koloniyaları artıq açıq qiyama cəlb olundu.  
İyunun 1-də Virciniya öz Burqesslər palatasının axırıncı assambleyasını görə 
bildi.  Həmin  ayın  8-də  Vilyamsburqda  kütlənin  ikinci  dəfə  partlayan  hiddətini 
görməmişdən  əvvəl,  Danmor  bir  fərari  kimi  Alihəzrətin  çayda  dayanmış  silahlı 
gəmisində  öz  paytaxtından  qaçdı.  Bu  vaxtdan  etibarən  koloniya  bir  daha  özünün 
təyin  etmədiyi  heç  bir  hökumətə  malik  olmadı.  Koloniyanın  Filadelfiyadakı 
nümayəndələri də bilirdilər ki, onlar üçün geriyə dönmək yolu yoxdur.  

 
119 
10  may  1775-ci  ildə  Filadelfiyada  İstiqlaliyyət  hollunda  İkinci  Kontinental 
Konqress öz işinə başladı. Buraya bu yerlərin ən yaxşı beyinləri toplaşmışdı. Keçmiş 
Konqressin  köhnə  üzvlərindən  çoxu  burada  iştirak  edirdi.  Lakin  bir  sıra  güclü 
şəxsiyyətlər  ilk  dəfə  idi  ki,  burada  öz  yerlərini  tutmuşdular.  Onların  arasında 
virciniyalı  gənc  Tomas  Cefferson  var  idi,  onun  qabiliyyətinin  yüksəlişi  başlanırdı. 
Burada bütün geniş dünyada şöhrət tapmış yeganə amerikalı olan Bencamin Franklin 
və  kralın  təqibinə  məhəl  qoymayan,  üstəlik  Konqressin  sədri  seçilən  Con  Henkok 
iştirak edirdi.  
Konqress  mühafizəkar  orqan  idi.  Onun  üzvlərindən  az  hissəsi  -  Adamslar, 
Franklin  və  güman  ki,  Cefferson  və  Henkok  vicdanlı  qaydada  inanırdılar  ki, 
"İngiltərə  ilə  barışıq  barədəki  bütün  ümidlər  artıq  arxada  qalmışdır".  Bir  il  əvvəl 
keçirilən digər konqress kimi o yalnız böyük komissiya və ya komissiyaların birliyi 
idi.  Konqress  yalnız  güdülən  niyyətləri  açıqca  elan  etmək  və  inciklikləri  yoluna 
qoymağı  tələb  etmək  üçün  çağırılmışdı.  Həm  də  ona  sövq  edilirdi  ki,  mövcud 
şəraitdə Konqress Milli Hökumətin bəzi funksiyalarını öz üzərinə götürsün. Bu çox 
mühüm  akt  idi ki,  Konqress  Boston  ətrafında  mübarizə  aparan  ordunu "Kontinental 
ordu" kimi qəbul etdi və ona baş komandan təyin etdi. Con Adamsın təklifi ilə Corc 
Vaşinqton  ordunun  baş  komandanı  seçildi.  Parlaq  çıxışında  Adams  bu  vəzifə  üçün 
yüksək  peşəkarlıq  zəruriliyini  qeyd  etdi  və  nitqinin  sonuna  yaxın  öz  seçimini  dilə 
gətirdi. Vaşinqton yaxında oturmuşdu, natiqin sifətini diqqətlə müşahidə edirdi və öz 
adının çəkildiyini eşitdikdə, bunu gözləmirmiş kimi tez ayağa qalxdı və qonşu otağa 
keçdi.  Vaşinqton  yekdilliklə  komandan  seçildi.  Bu  seçimin  iki  səbəbi  var  idi. 
Birincisi,  Kontinental  Ordu  təmiz  Yeni  İngiltərə  ordusu  olmaqdan  uzaq  idi  və  hiss 
olunurdu  ki,  komandan  Cənubdan  seçilməlidir  ki,  həmin  bölmənin  daha  möhkəm 
köməyi və rəğbəti əldə edilsin, həm də qalxa biləcək qısqanclıq hissi sakitləşdirilsin. 
İkincisi,  mümkün  olan  seçimlərdən  Vaşinqtonun  ən  yaxşısı  olduğuna  hamı  səmimi 
qaydada əmin idi. Onun hərbi reputasiyası ölkədəki digər ikinci bir adamda yox idi. 
O,  çox  gənc  olanda  qubernator  Dinviddinin  göstərişi  ilə  ucsuz-bucaqsız 
Pennsilvaniyaya onun gözəl səfəri, həm də Konqressin keçirildiyi vaxtdan tam iyirmi 
il  əvvəl  Breddokun  ordusunun  məğlub  olması  zamanı  onun  xilas  olması  hadisəsi 
unudulmamışdı.  O,  bu  vaxt  Virciniya  militsiasının  komandiri  idi,  həm  də  yenilməz 
xarakterinə görə diqqəti cəlb etmişdi. O, özünə nəzarət etməyi bacarırdı, hər şeydən 
əvvəl isə qeyri-adi dərəcədə ədalətli idi. 
İyunun 15-də Konqress yenicə Baş Komandan seçilən polkovnik Vaşinqtona 
göstəriş  verdi  ki,  Bostonu  qaydaya  salsın  və  cəbhədə  komandanlığı  öz  üzərinə 
götürsün.  İki  gün  sonra  britaniyalılar  və  əyalət  adamları  Banker  Hilldə  qanlı  və 
inadkar döyüşdə qarşılaşdılar. Mayın 25-də general Qeycə okeanın o tayından güclü 
kömək  gəldi  və  Bostondakı  nizami  qüvvələrin  sayı  səkkiz  minə  qədər  artdı,  bura 
Qeyc  şurasının  üç  generalı  da  əlavə  olundu.  Bunlar  Uilyam  Hau,  Henri  Klinton  və 
Con  Bərqoyn  idi.  Britaniya  komandanları  yaxşı  görürdülər  ki,  onların  Bostondakı 
mövqeyi komandanlıq etmək üçün olduqca əlverişlidir, buradan həm şimala, həm də 
cənuba  nəzarət  etmək  olardı.  Topları  Çarlston  və  Dorçester  yüksəkliyində 
yerləşdirmək  üçün,  nəhayət  Çarlston  yüksəkliyini  tutmağı  qərara  aldılar,  çünki  bu 
nöqtə ən yaxın və təhlükəli mövqe idi. Lakin onlar buna bir əyləncə kimi baxırdılar. 

 
120 
Elə bil ki, əyalət adamları əvvəlcədən bu plana daxil idilər. 17 iyunun erkən səhəri 
əyalət adamları xəndəklər və redutlar qazmaq işinin üstündə yaxalandılar.  
Britaniyalılar isə təpəni tutmaq üçün heç bir ehtiyatlılıq tədbiri görmədən üç 
min adama sudan keçməyi əmr etdilər. Təpənin ətəyini amerikanlar birbaşa hücuma 
qarşı  istehkamla  möhkəmləndirmişdilər.  Bu  britaniyalılara  min  nəfər  adama  başa 
gəldi.  Lakin  koloniya  qüvvələri  geri  çəkilməyə  məcbur  oldu.  Onlar  saysız-hesabsız 
idilər,  ancaq  barıtları  qurtarırdı.  Britaniya  qüvvələrinə  on  min  adam  əlavə 
olunmuşdu. Qeyc üsyanı yatırtmaq üçün öz qüvvəsinə şübhə etmirdi. O, Adams və 
Henkok istisna olmaqla, hamını əfv edəcəyini vəd etmişdi. Onlar silahını yerə qoyub 
öz  sədaqətlilik  mövneyinə  qayıtmalı  idilər.  Kim  silahla  tutulsa,  ölümə  məhkum 
ediləcəkdi.  Qeyc  Boston  torpağında  özünü  təhlükəsiz  hesab  edirdi.  Lakin  ətrafı 
dövrələyən təpələrdən düşmən bombaları onun düşərgəsinə və donanmasının üzərinə 
düşə bilərdi. Buna görə də o, bu təpələrdən bir neçəsini tutmaq istədi.  
Boston  17  min  əhalisi  olan  şəhər  idi.  Şimala  tərəf  uzanan  yarımadada 
yerləşirdi,  şimalda  dar  su  boğazı  keçirdi.  Bu  boğaz  Çarlston  yarımadasını  Çarlston 
boynu adlanan keçidlə materiklə birləşdirirdi. Yüksək yoxuşda yerləşən təpə Banker 
Hill adlanırdı.  
Amerikan  ordusu  qitə  hissəsini  tutmuşdu  və  böyük  yarımdövrə  şəklində  60 
mil  məsafədə  uzanmışdı  -  Kembricdən  Mistay  çayına  qədər.  Bu  orduya  sonuncu 
müharibənin veteranı olan general Artemas Uard komandanlıq edirdi, onun qərargahı 
Kembricdə  idi.  Qeycin  Çarlstondan  yuxarıdakı  təpələri  tutmaq  niyyətini  eşitdikdə, 
Uard 1200 nəfərlik qüvvəni 16 iyun gecəsi Banker Hilldə istehkam qurmağa və onu 
tutmağa göndərdi və beləliklə ingilisləri qabaqladı.  
Britaniyalılar  sahilə  çıxdılar.  Onlar  üç  min  nəfər  idi  və  Haunun  başçılığı 
altında günorta saat 3-də amerikanların mövqelerinə tərəf təpəyə çıxmağa başladılar. 
Bu  ağılsız  hərəkət  olmaqla,  özünə  sui-qəsd  idi.  Təpənin  başından  atəş  açılmırdı, 
amerikanlar  soyuqqanlı  qaydada  atəşə  başlamırdılar.  Britaniyalılar  yaxınlaşanda 
amerikanların  cərgələrindən  atəş  alovu  qalxdı  və  düşmənin  qabaq  cərgəsini  xırda 
hissələrə parçaladı. 15 dəqiqə sonra ingilislər yenə təpəyə həmlə etdilər, lakin atəşə 
dözə bilmədilər və təpədən aşağı düşməyə başladılar. Dağın döşündə yüzlərlə həlak 
olmuş və yaralanmış əsgər var idi. İngilislər minə qədər adam itirdilər, amerikanlara 
isə  nisbətən  az  ziyan  dəymişdi.  Hau  süngülərdən  istifadə  etməyi  qərara  aldı. 
Amerikanların  muşketi  süngüsüz  idi  və  indi  döyüş  qeyri-bərabər  qaydada  gedirdi. 
Treskott nəhayət geri çəkilmək əmrini verdi və britaniyalılar döyüş meydanına sahib 
olmaqla orada qaldılar.  
Redutu  axırıncı  tərk  edənlərdən  biri  general  Cozef  Uorren  idi,  o,  qaçmağa 
laqeyd  yanaşırdı  və  buna  görə  geridə  ləngimişdi.  Bu  ona  öz  həyatı  hesabına  başa 
gəldi.  İngilisin  atdığı  güllə  onun  beynini  dağıtdı.  Bütün  döyüş  ərzində  amerikanlar 
onun ölümünə görə daha çox pis oldular.  
Britaniyalılar Banker Hilldə qalib gəlsələr də bu onlara baha başa gəldi. Onlar 
1054  adamı  öldürülmüş  və  yaralanmış  şəkildə  itirdilər,  onlardan  onda  biri  zabitlər 
idi.  Hau  ayağından  yaralanmışdı.  Qələbə  ingilislərə  Bostonu  daha  dörd  aylığa 
əllərində  saxlamağa  imkan  verdi.  Mənəvi  effekt  isə  bütünlüklə  amerikanların 
tərəfində  idi,  onların  itkisi  449  nəfər  idi.  Banker  Hill  müharibənin  hər  bir 
münaqişəsində vətənpərvərlərin sıx birləşdirici harayına çevrildi.  

 
121 
Vaşinqton Banker Hill döyüşündən iki həftə sonra Kembricə gəldi və sonrakı 
günü  iri  qarağacın  altında  o,  rəsmi  olaraq  Kontinental  Ordunun  komandanlığını  öz 
üzərinə  götürdü.  Bu  ağac  həmin  qəhrəmanlıq  dövrünün  yaşayan  abidəsi  idi.  Yeni 
komandanı ordu sevinclə qarşıladı. Zabitlərin içərisində Rod Aylenddən olan Natanel 
Qrin kimi çox qabiliyyətli adam var idi. Nyu Hempşirdən xarakterləri bir-birinə əks 
olan iki nəfər gəlmişdi, onlar öz ölkələrinin salnaməsində daimi ad qoyub həyatdan 
getdilər.  Bunlardan  biri  Con  Sallivan  idi,  o,  zənginliyi,  mədəniyyəti  təmsil  edirdi, 
digəri  isə  Con  Stark  idi,  o,  öz  temperamentini  Banker  Hilldə  göstərmişdi.  Burada 
həmçinin  Boston  kitab  satıcısı  Henri  Noks  var  idi,  o,  tezliklə  Vaşinqtonun  ürəyinə 
yol tapdı və bir neçə il onun ilk kabinetinin üzvü - müdafiə naziri oldu. Ən maraqlı 
şəxsiyyət isə Daniel Morqan idi. O, Virciniya snayperlərinin lideri idi. Cavanlığında 
o, Britaniya zabitini təhqir etdiyinə görə, beş yüz çubuq zərbəsi almışdı, lakin onun 
ruhu təslim olmamışdı. O, hindu qatil dəstəsinin əlindən at belində qaçmışdı. Sonra 
muşket  gülləsi  onun  boynunu  deşib  keçmişdi.  İndi  o,  Vaşinqtonun  ordusuna 
qoşulmuşdu və müharibə dövründə azadlıq naminə igidliklə xidmət göstərdi.  
Polkovnik  Vaşinqton  özünün  rəsmi  səlahiyyətlərini  iyunun  19-da  qəbul 
etmişdi  və  artıq  21-də  şimala  getmək  üçün  at  belində  idi.  İyulun  3-də  isə  o, 
Kembricdə komandanlığı qəbul etdi. Con Adams və Yeni İngiltərədən olan başqaları 
onu  baş  komandan  postuna  təklif  edərkən,  təkcə  Amerikanın  təcrübəli  əsgərinin 
xidmətlərinə  əmin  olduğuna  görə  deyil,  həm  də  bu  vəzifəyə  Cənubdan  adam  təyin 
edilməsi ideyasını əsas götürmüşdülər. Bu isə koloniyaların birləşməsi və əməkdaşlıq 
etməsinin zəruriliyinə aydın sübut rolunu oynayırdı. Onlar bildiklərindən də yaxşısını 
seçmişdilər.  Bu,  əlbəttə,  kiçik  məsələ  deyildi.  Bu  yeni  yaranan  ordunu  onun 
düşmənləri  kəndli  kütləsi  və  qiyamçılar  birliyi  hesab  edirdi.  Vaşinqton  özü  də 
bundan  çox  da  məmnun  deyildi.  O,  əsgər  əvəzinə  paltarsız,  intizama  tabe  olmayan 
kotançı  oğlanları  və  fermerləri  gördü.  Pennsilvaniyadan  olan  Cozef  Rid 
Filadelfiyadakı  Konqressdə  iştirak  edən  Virciniya  nümayəndələrinə  yazırdı  ki, 
"burada Virciniyadan gəlmiş bir neçə yaxşı oğlan vardır, lakin onlar çox uzundurlar. 
Biz  başa  düşürük  ki,  onlar  koloniyanın  əla  adamlarıdır".  Payızda  Vulfun  Kvebekə 
hücumunun iştirakçısı olan gənc irland əsgəri, polkovnik Montqomeri şimal tərəfdəki 
Kontinental  hərbi  qüvvələrinə  komandan  təyin  edildi.  O,  Şampleyn  gölünə  şimal 
çıxışlarını  mühafizə  edən  fortları  tutdu  və  Monrealı  işğal  etdi.  Bu  vaxt  polkovnik 
Benedikt Arnold Kvebekin qapısında idi və Montqomeri irəlilədi ki, onunla birləşsin. 
Lakin  1775-ci  ilin  31  dekabr  gününə  açılan  qarlı,  boranlı  gecə  onun  ordusu  vadidə 
özünə dayaq nöqtəsi tutmamışdan əvvəl, general Montomeri həlak oldu.  
Həmin  ilin  oktyabrında  Uilyam  Hau  Britaniya  qüvvələrinin  baş  komandanı 
kimi general Qeyci əvəz etdi. Lakin bu dəyişiklik az fərq əmələ gətirdi. 1776-cı ilin 
martında isə artıq Vaşinqton hücum etməyə hazır idi. Bütün qış qayğılarından sonra 
o,  xahiş  etdiyi  sayda  topa,  silaha,  anbarlara  və  arabalara  malik  idi.  5  martda 
britaniyalılar  Dorçester  yüksəkliyində  əyalətlərin  güclü  qüvvəsini  gördülər.  Bir  il 
əvvəl Banker Hilldə adamları və kəndliləri görərkən təəccübləndikləri kimi, indi də 
heyrətləndilər. Vaşinqton işləri gecələr görürdü və belə gec vaxtda britaniyalılar ona 
mane ola bilmirdilər. Vaşinqton bütün günü və sonrakı gecə öz müdafiə mövqelərini 
başa çatdırdı. Artıq martın 6-da britaniyalılar bilirdi ki, bu yüksəklikləri risq etmədən 
və  itki  vermədən  tutmaq  mümkün  olmayacaqdır.  İtki  verməyi  isə  onlar  heç 

 
122 
xoşlamırdılar.  Dərin  kədər  içərisində  Hau  qərara  gəldi  ki,  gecikmədən  evakuatsiya 
etmək  lazımdır  və  artıq  martın  17-də  o,  gəminin  göyərtəsində  idi  və  səkkiz  min 
nəfərlik ordu və həmçinin min nəfərə qədər orada qalmağa cəsarət etməyən loyalist 
gəmilərdə  şəhəri  tərk  edirdi.  Onlar  anbarları  və  topları,  yarağı  və  muşketləri, 
tüfəngləri  və  top  mərmilərini  və  hər  cür  növdən  olan  ehtiyatları  qoyub  Bostondan 
qaçdılar və Vaşinqton heç vaxt ağlına gətirmədiyi miqdarda hərbi və maddi qənimət 
ələ  keçirdi.  Amerikadakı  Britaniya  ordusu  Halifaksa  çəkildi.  Alihəzrətin  ordusu 
koloniyalarda heç yerdə özünə dayaq nöqtəsi tapa bilmirdi. Vaşinqton özü də Banker 
Hilldən sonra geri çəkilməyi mümkün hesab edirdi və ilk müvəffəqiyyəti bu vaxt hər 
yerdə inqilaba çoxlu dostlar qazandırdı.  
Bahar  yayın  istisinə  keçdiyi  kimi,  bu  vaxt  istiqlaliyyət  ruhunun  xeyli 
yüksəlməsi  gözə  çarpırdı.  1775-ci  ilin  payızında  Konqress  kraldan  nəsə  bir  söz 
eşitməyi  gözləyirdi.  Alihəzrət  Konqressi  qanuni  orqan  kimi  tanımadığından, 
nümayəndələr  itaət  petitsiyasını  bir  orqan  kimi  deyil,  koloniyaları  ayrılıqda  təmsil 
edən  hörmətli  şəxslər  kimi  imzaladılar.  Bu  sənəddə  həmin  dövrdə  müstəqilliyi 
vurğulayan  bir  işarə  belə  yox  idi.  Petitsiya  Londona  avqustda  çatmışdı.  Cavab 
oktyabrın sonunda gəldi və bu heyrətləndirici zərbə idi. Kral Corc petitsiyanı almağa, 
onun  içərisindəki  məlumatı  görməyə  meyl  etdi.  Lakin  kral  başqa  yolla  cavab  verdi. 
O, qəzəblənirdi ki, kolonistlər proklamasiyanı qiyam vəziyyətində bəyan etmişlər və 
uzun müddət onun himayəsi altında ola bilməzlər. Hiddətlənmiş monarx Amerikada 
vuruşmaq üçün ehtiyac duyulan qoşunları vətənində yığa bilmədiyinə görə, Hessen-
Kassel  hökmdarı  Lendqreyvdən  və  digər  alman  hökmdarlarından  Amerikada  öz 
təbəələri  ilə  vuruşmaq  üçün  çox  sayda  əsgər  xahiş  etdi  ki,  onları  muzdla  kirayəyə 
götürsün.  Hessenlər,  -  onlar  belə  adlanırdı,  -  əsasən  vicdanlı,  səmimi  adamlar  idilər 
və onlar Amerikaya yalnız ona görə gəlmişdilər ki, onları sadəcə olaraq insanlıqdan 
kənar olan öz ağaları satmışdılar.  
Özlərinin "Zeytun budağı" petitsiyasının rədd edilməsi, kralın proklamasiyası 
və əcnəbi muzdluların kirayəyə götürülməsi barədəki xəbərəlr Amerikaya oktyabrın 
sonuncu  günlərində  çatdı,  çox  dərin  və  geniş  yayılan  sensasiya  yaratdı.  Bu  sübut 
edirdi  ki,  kral  kolonistləri  tabe  etməklə  qorxuzmaq  istəyir.  Lakin  o,  bunu  edə 
bilməyəcəkdi.  O,  yalnız  xalqın  ona  qarşı  hiddətini  dərinləşdirdi  və  minlərlə  laqeyd 
adamlar bu məsələ ilə əlaqədar patriotlara çevrildilər. Bu vaxtdan etibarən Konqress 
cəsarətli  tonda  danışmağa  başladı.  Əcnəbi  millətlərlə  əlaqələri  yoxlamaq  üçün 
Konqress komissiya təşkil etdi. Müxtəlif koloniyalara özü üçün hökumət təsis etməyi 
məsləhət gördü və Cənubi Karolinanı onun sularının içərisində olan ingilis gəmilərini 
tutmağa  sövq  etdi.  Konqress  həmçinin  bütün  millətlər  üçün  Amerikan  limanlarını 
1776-cı  ilin  martında  açdı  və  koloniyalara  məsləhət  gördü  ki,  toriləri  tərksilah 
etsinlər.  Bu  vaxt  müstəqillik  ordusunun  əleyhinə  heç  nə  eşidilmirdi,  kralla  barışıq 
barədə  də  heç  bir  söhbət  getmirdi.  1776-cı  ilin  yanvarında  “Common  Sence”  - 
"Sağlam  düşüncə"  adlı  bir  əlamətdar  pamflet  meydana  çıxdı.  Bu  pamflet  Tomas 
Peynin qələminin məhsulu idi. Yazının sadə, sual doğurmayan üslubu minlərlə adamı 
bu proseslərə cəlb etdi.  
1776-cı  ilin  aprelində  müstəqillik  haqqında  bütün  söhbətlər  özəl  xarakter 
daşıyırdı.  Bu  xalqın  düşüncələrində  dəyişiklik  baş  verdiyini  göstərirdi.  Şimali 
Karolina  ilk  rəsmi  hərəkət  etmək  şərəfini  daşıdı.  12  apreldə  bu  koloniya 

 
123 
Konqressdəki nümayəndələrinə təlimat verdi ki, "digər koloniyaların nümayəndələri 
ilə  müstəqilliyi  bəyan  etmək  və  əcnəbi  müttəfiqlər  formalaşdırmaq  məsələsində 
razılığa gəlsinlər". 

 
124 
«İstiqlaliyyət Deklarasiyası». İstiqlaliyyət mübarizəsinin ilk illəri 
 
1776-cı  ilin  mayında  Kontinental  Konqressin  bundan  sonra  toplaşan  üçüncü 
illik sessiyası bir sıra koloniyalara təkid etdi ki, müstəqil dövlətlər kimi öz müntəzəm 
və  daimi  hökumətlərini  yaratsın.  Tac  altında  olan  hökumətlər  dağıldıqdan  sonra 
təhlükəsizlik komitələri dəyişilərək icra orqanına çevrilməli və "əyalət konqressləri" 
isə qanunvericilik orqanı olmalı idi. Onlardan çoxu ləngimədən bu məsləhəti qəbul 
etmək  istəyini  nümayiş  etdirdi.  Konqressin  bu  əhəmiyyətli  məsləhətini  təcəssüm 
etdirən  qətnaməsi  açıq  bəyan  edirdi  ki,  "tac  altında  olan  hər  cür  növdən  olan 
hakimiyyət  bütünlüklə  məhv  edilməlidir"  və  idarə  etmənin  bütün  qüvvələri,  bütün 
idarəçilikləri  koloniyaların  xalqlarından  gələn  hakimiyyət  altında  fəaliyyət 
göstərməlidir.  Bu  sözlər  öz-özlüyündə  bütünlüklə  Böyük  Britaniyadan  ayrılmaq 
barədə  bəyanata  bərabər  idi.  Hətta  loyalistlərin  tacın  güclü  hökumətini  təşkil  etdiyi 
koloniyada  belə  bu  bir  fakt  idi  ki,  həmin  hökumət  açıq  şəkildə  kənara  atılmışdır. 
Yayın ortasında belə hesab olundu ki,  daha yaxşısı budur ki, İstiqlaliyyət haqqında 
rəsmi bəyanat verilsin. Şimali Karolina ilk koloniya idi ki, öz nümayəndələrinə belə 
təlimat  verdi  ki,  məhz  bu  sonuncu  və  qıcıqlandırıcı  addımı  atsın.  Lakin  digər 
koloniyaların çoxu onun arxasınca getmək istəmirdi.  
Konqress  bu  dövr  ərzində  surətlə  tarix  yaradırdı.  O,  müharibə  ilə  əlaqədar 
olaraq  suveren  hakimiyyəti  öz  üzərinə  götürdü.  15  may  1776-cı  ildə  Konqress  Con 
Adamsın təklif etdiyi qətnamələri qəbul etdi. Bu sənədlərə görə bir sıra koloniyalara 
səlahiyyət  verildi  ki,  taxt-tacdan  asılı  olmayan  ştat  hökumətlərini  təsis  etsinlər. 
Onlardan  Virciniya  və  Nyu  Cersi  belə  də  etdi.  Bu  bütünlüklə  suverenlik  aktı  idi  və 
bunun  məntiqi  nəticəsi  kimi,  taxt-tacdan  Müstəqillik  Deklarasiyasına  əl  atılması 
zəruriyyəti yarandı. Millətin yaranmasını da belə nəhəng həyati subyekt həyata keçirə 
bilərdi. Konqress təklikdə bu vəzifənin öhdəsindən gələ bilməzdi. Bu məsələni həmin 
subyekt yalnız onun sahibi olan xalqdan alınmış mandat əsasında həll edə bilərdi.  
Konqressin  üzvlərinin  əksəriyyəti  İngiltərə  ilə  sonuncu  əlaqələrin 
pozulmasına  rəğbət  bəsləyirdi.  Bu  partiyanın  lideri  Samyuel  Adams  idi.  O,  Otis  və 
Uorren  kimi  başlanğıcdan  müstəqilliyə  dəstək  verən  az  sayda  adamların  sırasında 
olmuşdu.  O,  həqiqi  vətənpərvər  olmaqla  yanaşı,  ləngiməyi  məsləhət  görürdü, 
barışıqlığa cəhd göstərirdi.  
Virciniyadan olan elçilər iyunun əvvəlində gəlib çıxdılar. Həmin koloniyanın 
görkəmli nümayəndələrindən biri olan Riçard Henri Li Konqress qarşısında dayandı 
və  özünün  tərtib  etdiyi  qətnaməni  təntənəli  qaydada  təklif  etdi:  "Birləşmiş 
Koloniyalar  vardır  və  hüquqa  görə  onlar  azad  və  müstəqil  dövlətlər  olmalıdır  və 
onlar  Britaniya  taxt-tacına  sədaqətdən  bütünlüklə  azad  olurlar".  Koloniyalar 
bütünlükdə  bunu  eşitmişdilər  və  Linin  qətnaməsi  qısa  müzakirədən  sonra  üç  həftə 
ərzində  stolun  üstündə  qaldı.  Dünyaya  göndərməkdən  ötəri  yararlı  formada 
Deklarasiya  hazırlamaq  üçün  komissiya  seçildi.  Bu  komissiya  bülletenlə  seçildi  və 
Tomas  Cefferson  ən  çox  səs  aldığına  görə,  o,  komissiyanın  sədri  və  ölməz  sənədin 
müəllifi oldu.  
1  iyulda  Nyu  York  istisna  olmaqla,  bütün  koloniyalar  lazım  olan 
səlahiyyətləri öz  müvafiq nümayəndələrinə verdi və həmin iclasda  Linin qətnaməsi 
geri  götürüldü.  İki  gün  ərzində  mövzu  müzakirə  edildi,  bu  vaxt  başlıca  natiq  Con 

 
125 
Adams  idi.  Heç  şübhəsiz  onun  Konqressdəki  çıxışı  inqilaba qədər  olan  dövrdəki  ən 
kəskin  çıxış  hesab  olunurdu.  2  iyulda  günorta  on  iki  koloniyanın  yekdil  səsi  ilə 
müstəqillik  barədə  qətnamə  qəbul  edildi.  Nyu  York  səs  vermədi.  Hər  bir  koloniya 
ancaq bir səsə malik idi. Nümayəndələrin əksəriyyəti bu səsi də verdi. 
Bu  ərəfədə  Cefferson  Konqressin  həmin  hisslərini  qısaldılmış  şəkildə  yararlı 
formaya  salmışdı.  O,  "İstiqlaliyyət  Deklarasiyasını"  yazdı.  Sənəd  çox  yüngül 
düzəlişlərlə 12 koloniyanın səsi ilə 1776-cı ilin 4 iyul axşamı qəbul edildi. Konqress 
layihəyə  iki  mühüm  düzəliş  etmişdi.  Qul  ticarətini  məhkum  edən  maddənin  özü və 
digər  bir  maddədən  isə  ingilis  xalqının  məhkum  edilməsi  sözləri  Deklarasiyanın 
mətnindən çıxarıldı. Komissiyanın Deklarasiyanı tərtib edən digər üzvləri Bencamin 
Franklin,  Con  Adams,  Rocer  Şerman  və  Robert  Livinqston  idi.  Komissiyada  eyni 
koloniyadan  iki  üzv  ola  bilməzdi.  4  iyul  günü  yeni  yaranan  millətin  milli  bayramı 
kimi  tanındı.  Nyu  York  on  iki  koloniyaya  9  iyulda  qoşuldu  və  13  koloniya  1776-ci 
ilin  bu  vaxtından  yekdil  oldu.  Deklarasiya  praktiki  olaraq  parlamentə  və  ingilis 
xalqına toxunmurdu, bütün fikir ayrılığı və narazılıqlar üçün biabırçılıq kralın üstünə 
atılmışdı.  Demək  olar  ki,  qısaca,  əsəbi  şəkildə,  ehtiraslı  hisslərlə  Deklarasiya 
Alihəzrətin  siyasi  cinayətlərini  sadalayırdı  və  onu  despot  və  tiran  kimi  xaraterizə 
edirdi. Sənəd koloniyaları taxt-taca bütün sədaqətdən azad edirdi və onları imperiya 
hakimiyyətinə yiyələndirirdi.  
Deklarasiya nöqsanları ilə birlikdə, (əlbəttə, sənəd heç də tənqiddən yuxarıda 
deyildi),  xalq  iradəsinin  əsl  ifadəsi  idi.  Adamlar  öz  addımının  ciddiliyini  başa 
düşməmiş  deyildi,  məsuliyyətin  nəhəngliyini  onlar  məhz  öz  üzərlərinə  götürürdü. 
Onlar bilirdi ki, uzun və qanlı müharibə başlamalıdır, - bu dilə gəlməyən əzablar və 
qurbanlar  demək  idi,  ailənin  ocağı  başında  boş  kürsülərin,  dul  qalmış  anaların  və 
atasız uşaqların meydana gəlməsi demək idi. Lakin onlar geriyə çəkilmədilər. Onlar 
bu vaxt yeni millətin doğulmasını, kommersiya və siyasi azadlığı, özünü idarəetməni 
tutqun şəkildə görürdülər. Məşhur ingilis yazıçısı demişdi ki, "Amerika heç vaxt öz 
müstəqilliyini  elan  edən  gündəki  kimi  böyük  olmamışdı".  Bu  böyük  hərəkət 
haqqında  xəbər  onu  gözləyən  şəhərə  şadlıq  içərisində  çatdı.  Poçt  atçapanları  bu 
böyük  xəbərlə  bütün  istiqamətlərdə  yola  düzəldilər  və  çox  yerdə  xalq  çağlayan 
entuziazm  nümayiş  etdirirdi.  Nyu  Yorkda  III  Corcun  ictimai  meydandakı 
qurğuşundan olan heykəli pyedestaldan uçuruldu və əridilib ondan güllə düzəldildi. 
Deklarasiya  ordunun  bütün  briqadalarında  oxundu.  Bu  sənəd  kafedralardan,  ictimai 
platformalardan oxunurdu. Hər yerdə alqış səsləri ilə, prosessiyalarla qarşılanırdı, top 
atəşləri  və  zəng  səsləri  ilə  müşayiət  olunurdu,  tonqallar  və  illyuminasiyalar 
yandırılırdı.  
Son on beş ildə - 1761-ci ildə köməklik göstərişi verildikdən sonra, xalqın bir 
nifrətinin  üzərinə  digəri  gəlirdi.  Onlar  qaranlıqda  əlləri  ilə  irəlini  yoxlaya-yoxlaya 
addımlayırdılar, böyük şahmat taxtasında sonrakı gedişi etmək iqtidarında deyildilər. 
İndi məqsəd var idi, mükafat üçün onlar hər şeyi - öz "həyatlarını, öz talelərini və öz 
müqəddəs vicdanlarını" karta qoymağa hazır idilər.  
1776-cı  ilin  unudulmaz  ilk  günü  inqilabi  salnamədə  iki  hadisə  ilə  yadda 
qalmışdı  -  bunun  biri  qubernator  Danmorun  Virciniyanın  qəzəblənmiş  xalqı 
tərəfindən  dənizə  qovulması  idi.  İkinci  hadisə  isə  Kembricdə  Kontinental  ordu 
üzərində bayrağın ilk dəfə dalğalanması idi. Yanvar ayının sonunda general Klinton 

 
126 
Bostondan  cənub  koloniyalarını  saxlamağa  göndərildi.  May  ayında  o,  cənub 
sularında Piter Parkerin flaqmanından və on gəmidən ibarət olan ingilis donanmasına 
qoşuldu. Bu donanma lord Kornvallisin komandanlığı altındakı qoşunları daşıyırdı. 
Lakin  məmnuniyyət  hissləri  ilə  yanaşı  hələ  böyük  problemlər  də  qalırdı. 
Uilyam  Hau  artırılmış  qüvvə  ilə  geri  dönməli  idi.  Onun  qayıdacağını  Vaşinqton 
qabaqcadan  görürdü.  Lakin  Hau  Bostona  yox,  Nyu  Yorka  dönəcəkdi  ki,  Hadson 
çayının geniş qapı yoluna nəzarət etsin. Onun uzun vadiləri və çayın baş tərəfi Corc 
gölünün  və  Şampleyn  gölünün  sularına  yaxın  idi  və  bu  şəhər  ölkənin  ürəyindən 
keçən  mühüm  strateji  xəttin  üstündə,  heç  şübhəsiz,  ümidsiz  qiyamçı  olan  Yeni 
İngiltərə ilə yaxınlıqda olmaqla, içərisində tacın minlərlə dostu olduğu güman edilən 
orta  koloniyaların  arasında  idi.  Amerikanlar  isə  Haunu  təlim  keçməmiş  və  tələsik 
silahlandırılmış və çətinliklə yığılan əsgərlərdən ibarət olan ordu ilə qarşılaşmalı idi. 
Bu ordu kiçik hissələrə parçalanır və hər üç aydan yenidən bir yerə yığışırdı. Ən pisi 
isə  orasında  idi  ki,  Nyu  Yorkun  arxasındakı  ölkə  Bostonun  ətrafında  olduğundan 
fərqli olaraq, fəal loyalistlərdən təmizlənməmişdi.  
Vaşinqton öz qərargahını aprel ayında Nyu-Yorka köçürmüşdü və demək olar 
ki,  ümidsiz  olan  bu  vəzifənin  icrasına  həmişə  ona  xas  olan  bir  enerji  ilə  girişmişdi. 
Lakin  burada  miqdarı  bəlli  olmayan  casuslar  var  idi  və  hər  bir  kənd  isə  general 
Haunun  gəlib,  Vaşinqtona  bədbəxtlik  gətirəcəyini  gözləyən  düşmənlərlə  dolmuşdu. 
İstiqlaliyyət  haqqında  formal  Deklarasiya  iyul  ayında  Konqressdə  qəbul  edildikdən 
sonra vəziyyət bir qədər çətinləşmişdi. Belə ki, Vaşinqton qabaqcadan görürdü ki, bu 
sənəd müqaviməti açıqca qiyam etirafı kimi qələmə verir və geriyə qayıtmağa və ya 
kompromissə yol qoymur.  
Britaniyalıların ilk cəhdi cənubda Çarlstona qarşı oldu. Piter Parkerin başçılığı 
altında  İngiltərədən  gələn  və  Kornvallis  qrafı  tərəfindən  komandanlıq  edilən  təzə 
qüvvələri  gətirən  donanma  Halifaksdan  olan  nəqliyyat  və  hərb  gəmilərinə  qoşuldu. 
Axırıncılara  isə  Henri  Klinton  başçılıq  edirdi.  Onlar  dənizdən  və  qurudan  Sallivan 
adasına  hücum  etməyi  planlaşdırmışdılar,  bu  yolla  qələbə  çaldıqdan  sonra, 
Çarlstonun  özünü  işğal  etməyi  nəzərdə  tuturdular.  Lakin  onlar  keçidə  güc  gələ 
bilmədilər,  gəmilərdən  ikisi,  onlardan  biri  Parkerin  flaqman  gəmisi  idi,  bir  də  geri 
qayıtmadı. Polkovnik Moultri və polkovnik Tomson həm donanmaya, həm də sahilə 
çıxmış dəstələrə zərbə endirdilər və britaniyalılar yenidən şimal tərəfə yollandılar ki, 
Nyu  York  üzərində  qüvvələri  cəmləşdirsinlər.  İyunun  28-də  -  bu  Çarlstona  hücum 
günü idi, - Haunun nəqliyyat gəmiləri Nyu Yorkda aşağı buxtaya toplaşmağa başladı. 
Bir  neçə  gündən  sonra  burada  sahilə  çıxmağı  gözləyən  otuz  minlik  ordu  var  idi. 
Vaşinqtonun  öz  sərəncamında  olan  qüvvələrlə  onların  sahilə  çıxmasının  qarşısını 
alması  mümkün  deyildi.  Vaşinqton  ancaq  şəhərdə  və  ya  Bruklin  yüksəkliklərinin 
xəndəklərində  yerləşməklə,  gözləyə  bilərdi.  Bruklin  yüksəklikləri,  Dorçester  və 
Çarlston yüksəklikləri Bostona nəzarət edən kimi, Nyu Yorka nəzarət edirdi.  
Bir  aya  yaxın  Uilyam  Hau  da  gözlədi,  o,  ilk  dəfə  sülh  və  razılıq  barədə  öz 
missiyasını  yerinə  yetirməyə  cəhd  edənədək  onun  qüvvələri  gəmidə  idi.  Onun 
qardaşı  admiral  lord  Hau  iyul  ayında  ona  qoşuldu.  İngiltərə  hökuməti  amerikanlar 
üçün məqbul sayılan sülhü bağlamağa səlahiyətli adamları seçə bilmirdi. Haular kimi 
daha  artıq  sözü  eşidilən  adamları  tapmaq  da  çətin  idi.  Onlar  namuslu  adamlar 
olmaqla yanaşı, güclü borc hissinə malik idilər. Lakin onlar heç bir güzəşt təklif edə 

 
127 
bilmədilər. Onlar yalnız tam tabe olmaq müqabilində əfv vəd edirdilər. Bu təklifi lord 
Hau  açıq  intibahnamədə  bildirdi  və  nəhayət  Filadelfiyadakı  Konqressə  məktub 
göndərdi.  Uilyam  Hau  22  avqustda  öz  dəstələrini  sahilə  çıxardı  və  Vaşinqtonu 
Bruklin  yüksəkliklərindən  uzaqlaşdırmaq  üçün  hazırlıq  gördü.  23  avqustda  isə 
intibahnamə  vasitəsilə  ümumi  əfv  haqqında  digər  təklifi  etdi.  Dörd  gün  sonra  o, 
amerikan  qüvvələrini,  onların  müdafiə  mövqeləri  olan  Lonq  Aylendə  qovdu  və 
nəhayət  yüksəklikləri  onlardan  ötəri  praktiki  olaraq  möhkəm  mövqe  rolundan 
məhrum etdi.  
Vaşinqtonun Bostondakı, Moultrinin isə Çarlstondakı uğurları sevinc dalğası 
yaratmışdı.  Yarım  il  sonra  isə  arası  kəsilməyən  bədbəxtliklərdən  depressiya  hissi 
əmələ  gəldi.  Avqustda  Steytn  adasında  Britaniyanın  32  min  veteranı  var  idi.  Bu 
qüvvələr Vaşinqtona qarşı dururdular, o, düşmənin məhz Nyu Yorkda zərbə vurmaq 
istədiyini anlamışdı. Düşmənçiliyin başlanmasından əvvəl admiral Hau lord Nortdan 
yenicə  aldığı  "Zeytun  budağını"  təklif  etdi.  Kral  öz  silahını  yerə  qoyan  və  qayda-
qanunun  bərpasına  kömək  edən  bütün  qiyamçıları  bağışlamağı  təklif  edirdi.  Bu 
xüsusi  qasidlə  "eskvayr  Corc  Vaşinqtona"  göndərilmişdi.  Adicə  Corc  Vaşinqton 
plantator  vətəndaş  kimi  milli  məsələləri  həll  etmək  üçün  heç  bir  səlahiyyətə  malik 
deyildi  və  məktub  "general"  Vaşinqtona  ünvanlanmaqla  əlaqə  yaratmağa  meyl 
edilirdi.  
Dramadakı  sonrakı  səhnə  düşmənçiliyin  açılmasını  təsvir  edirdi.  Vaşinqton 
Manhetten  adasını  və  şəhərə  nəzarət  edən  Bruklin  yüksəkliyini  tutdu.  O,  Qrini 
Bruklin  yüksəkliyini  istehkama  çevirməyə  göndərdi,  onun  ordusunun  yarısı  isə 
Patnemin komandanlığı altında idi. Hau Bruklin yüksəkliyinə hücum etməyi qət etdi. 
27 avqustda onlar Sallinvanın başçılıq etdiyi amerikanlarla qarşılaşdılar. Sallivana ilk 
dəfə çoxlu sayda hessenlər hücum etdilər. Digər amerikan qoşunlarına general Qrant 
və bir az sonra isə Kornvallis hücum etdi. Dörd saatlıq ümidsiz müqavimətdən sonra 
amerikanlar mövqeyi itirdilər və Lonq Aylend döyüşü kimi tanınan vuruş başa çatdı. 
İki  tərəfin  hər  birindən  dörd  minə  yaxın  adam  öldürülmüş  və  yaralanmışdı. 
Britaniyalılar 1100 adamı əsir götürmüşdülər. 
Vaşinqton  çox  məyus  olmuşdu  və  bu  münasibətlə  demişdi:  "Allah,  bu  gün 
mən  neçə  igid  yoldaşlarımı  itirməli  idim".  Vaşinqton  Manhettendən  qoşunlarını 
gətirib, on min adamı müdafiəyə qaldırdı. Gecə çox faydalı idi, tutqun duman hərəkət 
edən  ordunu  gizlədirdi.  Hau  29  avqustda  sürətli  qaydada  Vaşinqtonu  mühasirəyə 
alsaydı,  yəqin  ki,  onu  və  onun  on  min  adamını  əsir  götürə  bilərdi.  Lakin  onun 
gecikməsi bəla əlaməti idi.  
Vaşinqton öz adı ilə adlanan fortu tərk etməyə  məcbur oldu. Konqress yenə 
müdaxilə  edərək,  Fort  Vaşinqtonun  zəruriyyət  olmadan  verilməsini  əsassız  hesab 
etdi. Bu səhv bədbəxtlik gətirdi və baha başa gəldi. Fortu saxlamaq mümkün deyildi. 
17  noyabrda  Hau  bütün  ordu  ilə  hücuma  keçdi,  amerikanları  500  adam  itirdikdən 
sonra təslim olmağa məcbur etdi. Çox sayda əsgər təslim oldu, polkovnik Maqau üç 
min adamla, böyük miqdarda topla, muşketlə, hərbi anbarlarla düşmənin əlinə keçdi. 
Fort Vaşinqtonun verilməsi patriotlar  üçün dəhşətli zərbə idi  və bu baha başa gələn 
dərs heç vaxt unudulmadı.  
Nyu  Cersini  britaniyalılar  əllərində  möhkəm  saxlayırdılar.  Kiçik  qoşun 
Prinstonda, digəri isə Nyu Brunsvikdə idi. 1200 hessen isə polkovnik Rellin başçılığı 

 
128 
altında  Trentonu  işğal  etmişdi.  Bu  vaxt  Filadelfiyadan  düşərgəyə  könüllülər  gəldi. 
Sallivan  Linin  Şimali  Kaslda  saxladığı  qoşunlarla  gəldi.  Vaşinqton  cəsarətli  zərbə 
vurmağı  qərara  aldı.  O,  gecə  ikən  Delaver  çayını  keçdi  və  Prinstonda  hessenlərə 
hücum etdi. Vaşinqton özünün planlaşdırdığı layihəni icra etdi.  
Milad  bayramının  soyuq  gecəsi  2400  nəfərlik  kiçik  ordu  buzlu  su  və  çayın 
sürətli axını ilə öz mübarizəsinə başladı. Topları dartmaq üçün çoxlu at bu işə cəlb 
edilmişdi. Göy buludlu idi, qar yağırdı və sonrakı saatlar da çox qaranlıq idi. Saat 4-
də heç bir itki vermədən ordu Cersi sahilinə çıxdı. Bura Trentondan 9 mil aralı idi, 
yollar  dəhşətli dərəcədə pis vəziyyətdə idi. Sallivanin və Qrinin komandanlıq etdiyi 
iki  diviziya  eyni  vaxtda  ayrı-ayrı  yollarla  kiçik  paytaxta  gəlib  çıxdı  və  düşünülən 
hücum  başlandı.  Düşmən  bütünlükdə  hazır  deyildi.  Top  mərmiləri  onları  yataqdan 
qaldırdı. Lakin tezliklə onlar mənəvi cəhətdən yara aldılar. Döyüş qızğın və həlledici 
idi  və  bir  saatın  vur-tut  dörddə  üçü  müddətində  başa  çatdı.  Amerikanların  qələbəsi 
qəti idi. İki yüzdən az hessen qaça bilmişdi, yüzü öldürülmüşdü və yaralanmışdı. 950 
adam  isə  əsir  götürülmüşdü.  6  top,  1200  muşket  və  digər  sursatlar  ələ  keçirilmişdi. 
Əsir  götürülmüş  hessenlər  Filadelfiyanın  küçələrindən  keçirildilər  ki,  adamlar 
amerkanların zəfərini gözləri ilə görsünlər. Xalq qələbəyə görə Allaha alqış deyirdi 
və azadlıq mübarizəsi üçün cəsarət ruhu qazanırdı. Kornvallis amerikanların qələbəsi 
xəbərini  eşitdikdə  İngiltərəyə  səfərindən  imtina  etdi  və  Trentona  tələsdi.  Vaşinqton 
yenidən  daşmış  çayı  həmin  yerdən  keçdi  və  bir  həftə  sonra  o,  yenidən  daha  iri  və 
ümidverən  ordu  ilə  Trentonda  göründü.  Kornvallis  bütöv  qüvvələrini  Vaşinqtonun 
üstünə  tökməyi  qət  etdi.  O,  amerikanların  bütün  ordusunu  əsir  götürmək  istəyirdi. 
Lakin onun adamları yorulmuşdu və artıq axşam idi. O, səhəri gözləmək istədi, lakin 
öz  planının  uğurlu  olacağına  heç  vaxt  şübhə  etmirdi.  O,  ruhunun  yüksək  nöqtəsinə 
dönərək  dedi:  "Nəhayət  biz  qoca  tülkünü  qovmağa  başladıq  və  səhər  tezdən  onu 
kisəyə  salacağıq".  Lakin  tülkü  tutulmaq  üçün  çox  hiyləgər  idi.  Vaşinqton  bütün 
ordusunu  sakitcə  düşmənin  arxasına  keçirdi  və  işıqlı  gündə  onlar  Prinstona  tərəf 
sürətlə  irəliləyirdi.  Ordu  şəhərə  yaxınlaşanda  britaniyalılarla  qarşılaşdı.  Güclü  atəş 
açılandan  sonra  britaniyalılar  süngü  ilə  patriotların  üzərinə  cumdular.  Süngüsüz 
patriotlar  bağdan  keçib  qaçmağa  başladılar.  İngilislər  onları  təqib  edirdi  və  bu  vaxt 
Vaşinqtonun başçılıq etdiyi əsas ordu ilə üz-üzə gəldilər. Vaşinqton atəş səsini eşidib 
bu yerə tələsmişdi. Bu döyüş baş döyüşə çevrildi.  
Prinstondakı  bu  döyüşdə  Vaşinqton  qəribə  fiziki  igidlik  göstərdi. 
Pennsilvaniya  militsiyası  köməyə  gəldi.  Sonrakı  anda  tüstü  dumanı  süvariləri 
gizlədirdi,  atlar  və  onları  çapanlar  gözdən  itmişdi.  Qorxu  titrəyişi  patriotların 
cərgələrindən keçdi. Lakin tüstü dağıldıqda salamat olan komandan dəlicəsinə sevinc 
qışqırıqları  altında  ordunun  içərisindən  çıxdı.  Britaniyalılar  tezliklə  qaçmağa  üz 
qoydular  və  döyüş  başa  çatdı.  Kornvallis  yenə  də  məəttəl  qalmışdı  ki,  onun  ovu  3 
yanvarda  bir  daha  əlindən  qaçdı.  Üç  həftəyə  Vaşinqton  azadlıq  üçün  möcüzəli  iş 
gördü.  Böyük  Fridrix  bu  üç  həftə  ərzində  əldə  edilənləri  hərb  tarixində  ən  parlaq 
nailiyyət  adlandırmışdı.  Azadlıq  ulduzu  o  qədər  yaxın  görünürdü  ki,  elə  bil  ki 
yenidən zenitə tərəf yüksəlirdi.  
Cəsarət və dahilik ümidsizliyi ümidə çevirdi. Amerikalılar ordularının bu qəfil 
zəfərini  xeyli  vaxt  unutmadılar.  Onlar  Prussiyalı  Böyük  Fridrixin,  bunun  əsrin  ən 
parlaq  kampaniyası  olması  barədəki  sözlərini  də  unutmurdular.  Trentonda  və 

 
129 
Pristondakı  gözlənilməyən  və  qəfil  hücumlar  müharibənin  bütöv  cəhətlərini 
əsgərlərin nəzərində dəyişirdi. Trenton və Prinston vuruşlarının öz-özlüyündə elə bir 
nəticəsi  olmadı.  Lakin  bu  vuruşlar  müharibəni  hər  mənada  eksperimental  səhnədən 
xeyli uzağa apardı.  
Bu  vuruşlar  Britaniya  komandanlarına  isə  onların  hansı  növ  ruh  və  istedad 
sahibləri  ilə  iş  görməli  olacaqlarını  öyrətdi.  İndi  onların  vəzifəsi  təkcə  qalibiyyətli 
yürüşlərlə  və  ölkəni  sadəcə  olaraq  işğal  etməklə  müharibəni  başa  çatdırmaq  deyil, 
ehtiyatlı  strategiya  kampaniyalarının  aparılmasına  dair  uzun  sürən  planlarla  buna 
yaxınlaşmaq idi.  
Britaniyalıların  işğalları  ölkənin  əcnəbi  əsgərlərlə  dolmasına  səbəb  oldu,  elə 
bil  ki,  onlar  zəbt  etmək  icazəsini  almışdılar.  İngiltərə  1774-cü  ildə  koloniyalarda 
inqilabçılarla  üz-üzə  gəldikdə  kral  hərbi  qüvvələrində  17,5  min  əsgər  var  idi. 
Yenidən əsgərliyə adam cəlb etmək lazım gəldikdə, olduqca az adam ordu sıralarına 
cəlb  edildi.  Hökumət  hərbi  mükələfiyyət  tətbiq  etməyə  cəsarət  etmədi.  Amerikaya 
kömək kimi general Hau göndərildi, lakin qüvvə yığa bilmədiklərindən əlavə ingilis 
əsgərləri  göndərmək  mümkün  olmadı.  Bunun  əvəzində  çox  böyük  miqdarda  alman 
hərbi  dəstələri  göndərildi,  onların  tərkibində  təlim  keçmiş  zabitlər  var  idi.  Onlar 
əsasən  Hessen-Kassel  landqraflığından  və  digər  alman  knyazlıqlarından  idi. 
Kolonistlər  isə  alman  əsgərlərinin  hamısını  hessenlər  adlandırırdılar.  Britaniya 
komandirləri  ingilis  və  əcnəbi  olmalarından  asılı  olmayaraq  evləri  qarət  edən, 
qadınların  ləyaqətini  tapdalayan  öz  əsgərlərinin  biabırçı  hərəkətlərindən  əziyyət 
çəkirdilər.  
1777-ci  il  başlanğıcından  müharibənin  və  inqilabın  məskən  saldığı  ilk  il 
təsirini bağışlayırdı. İlin əvvəlində Konqress Vaşinqtona praktiki olaraq hər bir işdə 
diktator  səlahiyyətləri  verdi,  bu  müharibənin  aparılması  ilə  bağlı  idi.  Vaşinqton 
ordusu  aybaay  dağılırdı  və  dəyişilirdi.  Konqress əslinə  qaldıqda  lazım  olan  gücə  və 
nüfuza  malik  deyildi.  Konqress  hərbi  dəstələrə  çox  kiçik  məbləğdə  pul  verirdi. 
Əsgərlər  paltar  və  ərzaqla  olduqca  pis  təmin  olunurdu,  ona  görə  də  adamlar  hərbi 
xidmətdən  qaçırdılar.  Vaşinqton  demişdi  ki,  1777-ci  ilin  yayında  məhz  qaçanlar 
hesabına o, orduya cəlb olunanlardan daha çox adam itirmişdi. Bu təkcə inzibatçılıq 
çətinlikləri  idi.  İlin  sonu  isə  göstərdi  ki,  mübarizə  digər  səhnədə  ümid  verməklə 
gündəliyə daxil olur.  
İngilislər  həmin  ili  üç  tərəfdən  Hadson  vadisinə  zərbə  endirməyi  və  Yeni 
İngiltərənin  koloniyaları  ilə  onların  Konfederasiyası  arasındakı  əlaqələri  kəsməyi 
nəzərdə  tuturdular.  General  Bərqoyn  səkkiz  min  qüvvə  ilə  Şampleyn  gölünə 
yaxınlaşırdı. General Hau cənubdan Hadsona tərəf hərəkət edərək polkovnik Lecerin 
qüvvələri ilə görüşməli idi. Otuz üç mindən artıq adam bu böyük mərkəzi vadidəki 
hər şeyi, həm şimalda, həm də cənubda, onların planı həyata keçdikdə süpürüb atmalı 
idi. Lakin bu həyata keçirilə bilmədi. Britaniya sərkərdələri bunu anladılar ki, onların 
ordusu üçün ölkənin içəriləri elə bir fayda verməyəcəkdir.  
Bu müharibə müəyyən suallar ortaya çıxarırdı. Fransa kralı ilə İngiltərə kralı 
arasındakı müharibəni başa düşmək olardı, bu müharibə iki düşmən xalq arasındakı 
mübarizə  idi.  Lakin  indiki  müharibə  ingilislərin  öz  başçılarına  qarşı  apardığı 
müharibə  idi.  Bunu  heç  cür  başa  düşməyən  hindular  deyirdilər  ki,  "Siz  bir  qandan 
olan iki qardaşsınız".  

 
130 
Saraqotadakı ilk döyüş 1777-ci il sentyabrın 19-da baş verdi. Arnold üç min 
adamla  Qeytsə  kömək  etmək  üçün  getdi  və  Qeyts  özünün  on  min  nəfərlik  ləng 
tərpənən qoşunu ilə bu köməkdən imtina etdi. Lakin Arnoid yenidən döyüşə atıldı və 
gecə düşənə qədər döyüşü davam etdirdi. Hər iki tərəf qalib gələ bilərdi. Lakin uğur 
amerikanlara tərəf əyildi. Onlar döyüşdə üç yüz adam itirmişdilər, düşmənin itkisi isə 
sayca iki dəfə çox idi.  
Qeytsin  Arnoldun  köməyini  rədd  etməsi  təhqiramiz  idi  və  bunu  onun 
qısqanclığı  ilə  izah  etmək  olardı.  O,  döyüş  barədə  Konqressə  məlumat  göndərəndə 
belə,  raportda  Arnoldun  adını  çəkməmişdi.  Ordu  isə  bu  sərkərdəyə  öz  tərifli 
qiymətini  verdi  və  bu  Qeytsdə  paxıllıq  hissini  oyatdı.  Onların  arasında  sözləşmə 
başladı və Qeyts Arnoldu komandanlıqdan azad etdi. Arnold Pennsilvaniyaya getmək 
istəyirdi, lakin zabitlər onun qalmasını xahiş etdi və o, razılaşdı.  
On  səkkiz  gün  sonra  birinci  döyüşün  aparıldığı  yerdə  ikinci  döyüş  başlandı. 
İngilis  komandanı  Bərqoyn  Qeytsə  ehtiram  bəsləmirdi,  onu  "qoca  mamaça" 
adlandırırdı.  9  oktyabrda  britaniyalılar  bütünlüklə  məğlub  oldular.  Bərqoynun  ən 
qabiliyyətli  komandirlərindən  biri  olan  general  Freyzer  ölümcül  yaralandı.  Axşam 
döyüş öz sonluğuna yaxınlaşanda yaralı bir alman əsgəri Arnolda atəş açıb, onun sol 
qıçını güllə zərbəsi ilə dağıtdı. Bunu görən əsgərlər öz süngüləri ilə almanın üstünə 
cumdular  və  süngünü  onun  bədənindən  keçirməyə  cəhd  edəndə,  Arnold  qışqırdı: 
"Allah  xatirinə  ona  xətər  toxundurmayın!  O,  yaxşı  yoldaşdır!"  Həmin  adama  aman 
verildi.  Bu  vaxt  Arnold  özü  də  ölə  bilərdi.  Əgər  belə  olsaydı  o,  Amerika 
salnaməsində  şərəfli  adla  qalacaqdı.  Lakin  onun  sonrakı  karyerası  ilk  anlardakı  bu 
şərəfi də bütünlüklə məhv edib, onu xəyanət və biabırçılıq rəmzinə çevirdi.  
General  Hau  şimal  əvəzinə  cənuba  hərəkət  etdi.  O,  düşünürdü  ki,  qiyam 
qaldırmış Konfederasiyanın "paytaxtı" Filadelfiyanın tutulması ona heç də az mənəvi 
fayda gətirməyəcəkdir. Və o, güman etdi ki, Bərqoynun şimalda ona  ehtiyacı olduğu 
vaxtdan  əvvəl  bu  vəzifəni  asanlıqla  həll  edə  bilər.  İyunun  əvvəlində  o,  Cersiləri 
keçməyə  cəhd  etdi.  Lakin  Vaşinqton  Morristaundan  hücum  edərək,  ona  flanqdan 
təhlükə  yaradırdı.  Bu  onu  tərəddüd  etməyə  və  geri  çəkilməyə  vadar  etdi.  O,  Nyu 
Yorka  qayıtdı  və  öz  səkkiz  min  adamını  nəqliyyat  gəmilərinə  oturdub,  su  yolu  ilə 
cənubdan  Filadelfiyaya  yollandı.  Bu  avqustun  25-də  baş  verdi.  Bu  vaxt  şimal 
meşələrində Bərqoynun ona böyük ehtiyacı vardı. O, Çesapik körfəzi ətrafında uzun 
yol  keçməli  oldu  və  Merilenddə  sahilə  çıxdı.  Vaşinqton  onu  Brendivayn  çayının 
arxasında qarşıladı. O, Haunu yalnız ləngidə bilərdi. Məğlubiyyət amerikanları uzun 
müddətə qorxuda bilməzdi. Vaşinqton qələbədən sonra olduğu kimi, məğlubiyyətdən 
sonra  da  inadkarlıqla  və  səmərəli  hərəkət  edirdi.  Sentyabrın  27-də  Uilyam  Hau 
Filadelfiyaya girdi. Vaşinqton ona hücum etməmişdən əvvəl o, burada möhkəmləndi.  
Bu  vaxt  Bərqoyn  Sarraqotada  tələyə  düşmüşdü.  Oktyabrın  əvvəlində  Henri 
Klinton Bərqoynun vəziyyətini yüngülləşdirmək üçün Nyu Yorkdan hərəkət etməyə 
başladı. O, çayla şimala güclü donanma və üç min nəfərlik ordu aparırdı. Lakin bu 
artıq  gec  idi.  Bərqoynun  təslim  olması  labüd  idi.  Britaniyalılar  üçün  kampaniyanın 
təmiz  nəticəsi  şimal  ordusunun  itirilməsindən  və  Filadelfiyanın  işğal  edilməsindən 
ibarət oldu. "Filadelfiya Hau tərəfindən tutulmuşdur" sözlərini təkrar edən Bencamin 
Franklin, ona həmin xəbər veriləndə, buna gülürdü.  

 
131 
Bu  uzun  və  ləng  gedən  il  həm  yaxşı,  həm  də  bəd  əlamətlərlə  dolu  idi. 
Beynəlmiləl qüvvələr qiyam qaldıran koloniyaların tərəfində çıxış etməyə başladılar. 
Əvvəlcə  fransızlar  və  ispanlar  onların  ənənəvi  rəqibi  və  düşməni  olan  İngiltərə 
əleyhinə  amerikanlara  kömək  etməyə  hazır  olduqlarını  bildirdilər.  1776-cı  ilin 
yayından iki hökumətin gizli agentləri fransızların və ispanların köməyi barədə vəd 
vermişdilər.  1777-ci  ilin  əvvəlindən  ordu  və  sursatla  dolu  gəmilər  Amerikaya 
yollanmağa başladı. Bu tədbirə özəl pullar xərclənirdi, lakin hökumətlərə məlum idi 
ki, bu işlərin arxasında özləri durmalıdır. Bir az sonra Fridrix Prussiyalı digər alman 
dövlətlərindən  Amerikada  İngiltərəyə  xidmət  göstərmək  üçün  muzdla  tutulan  hərbi 
dəstələrin Prussiya ərazisindən keçməsini qadağan etdi və özünün xeyirxah əməlini 
fransız  və  ispan  pullarına  əlavə  etdi.  Fransızlar,  hətta  alman  və  polyak  zabitləri 
könüllü surətdə Amerika ordularında xidmət etməyə gəldilər.  
Beynəlxalq  köməyə  amerikanların  böyük  ehtiyacı  var  idi.  "İstiqlaliyyət 
Deklarasiyası" qəbul edildikdən sonra Konqress Parisdə olan Liyə və Dinə qoşulmaq 
üçün Franklini ora göndərdi. O, müharibədən hələ çox əvvəl amerikanlar arasındakı 
Avropa  sivilizasiyası  ilə  bağlı  olan  yeganə  adam  idi.  O,  bir  filosof  və  epiqram 
yazıçısı  kimi  böyük  şöhrət  qazanmışdı.  Fransız  cəmiyyətinin  bütün  sinifləri, 
kübarlardan  tutmuş  kəndlilərə  kimi  onun  dühasına  ehtiram  bəsləyirdi.  O,  "göydən 
ildırımı  və  tiranların  əlindən  skipetri  tutub  almışdı".  Bu  sözləri  məşhur  fransız 
maarifçi-filosofu,  iqtisadçısı  və  dövlət  xadimi  Tyurqo  Bencamin  Franklin  haqqında 
demişdi. Bu, Amerika üçün həqiqətən bəxt məsələsi idi ki, belə mühüm missiya üçün 
həmin vaxt Franklin seçilmişdi. Bir ildən artıq müddətdə o, Fransa sarayı tərəfindən 
Birləşmiş Ştatların tanıması üçün böyük zəhmət çəkdi. Əvvəlcə fransızlar belə uzağa 
getmək istəmirdilər. Lakin xarici işlər naziri Verjen Amerikaya ildə iki milyon frank 
pul ödəmək barədə gizli saziş imzaladı. Bu maddi kömək hər rüb veriləcəkdi və ölkə 
bu  pulla  öz  ticarətini  qaydaya  salacaqdı.  Həmçinin  ordu  sursatları  ilə  yüklənmiş  üç 
gəmi  göndərildi,  onlardan  ikisi  salamat  gəlib  çatdı,  lakin  üçüncüsü  britaniyalılar 
tərəfindən əsir götürüldü.  

 
132 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin