Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   13   14   15   16   17   18   19   20   ...   99
SÖZÜN DƏRDİ
Həyata  göz  açıb,  dünyanı  dərk  edən  gündən  bəşər  övladının  dərdə 
düşdüyünün,  dərddən  yanıb-yaxıldığının  şahidi  olmuşam. Amma  sözün 
dərd içində çapaladığını və fəryad etdiyini görməmişdim. Yəqin ki, əziz 
oxucular məndən sual edib soruşa bilərlər ki, söz niyə dərdə düşüb və onun 
dərdə düşməyinin səbəbi nədir? Nədən insan xəlq olandan anlaşılmazlıqlar 
içində fəğan etdiyi bir halda onun dilindən qopan sözlər də özündən beşbetər 
günə  qalıb?  Mən  bilmirəm  başqa  xalqlarda  necədir?  Çox  dəqiq  bilirəm 
ki,  bizim  ölkədə  söz  həqiqətən  də  dərdə  düşüb. Axı  bütün  ağrı-acıların 
beşiyi də deyəsən söz özüdür. Deyirlər: “Gedər bıçaq yarası, getməz söz 
yarası”, çünki sözdən başlayır insanın uğuru da, qəlbinə vurulan yaranın 
ağırı da! Söz insanı alçaldar, müvəffəqiyyətinə əl çaldırar. Onu zirvələrə 
qaldırar, dildən öz vaxtında çıxmayanda zirvələrdən kəllə-mayallaq yerə 
saldırar. Ona görə sözlə oynamaq, onunla zarafat etmək düşündüyümüz 
qədər  də  asan  deyil.  Söz  ehsan  deyil  ki,  dünyasını  dəyişənin  dostu  da, 
düşməni də dadsın o ehsanı! O bədənində gəzdirdiyin can deyil ki, cismin 
ağrıyanda təbibə, dərmana üz tutasan ki, o sənin, azacıq da olsa, ağrılarına 
şəfa bulsun. Söz insanın həm əziz dostu, həm də qəvi düşmənidir. Mən 
bu  yaxınlarda  “Kredo”  da  çapdan  çıxmış  “Sözüm  haqqı,  dözüm  haqqı” 
məqaləmdə demişdim ki, söz adamı həm xeyir tərəfə, həm şər tərəfə çəkə 
bilər,  ona  görə  də  onunla  çox  diqqətli  və  ehtiyatlı  davranmaq  lazımdır. 
Əks halda o insanı gülüş hədəfinə və yaxud qanlı düşmənə çevirə bilər. 


34
O  da  canlıdır,  o  da  bizim  hər  birimiz  kimi  qayğı,  sayğı,  ülfət,  mərifət, 
ən  nəhayət,  böyük  məhəbbətlə  sevir.  Bu  məhəbbəti  onu  dildən  çıxaran 
sahibindən  görməyəndə  quduzlaşır,  azğınlaşır,  qəzəb  içində  aşıb-daşır, 
bəzən də ucuzlaşır, cılızlaşır, sönükləşir, üzü bizdən dönükləşir…
İstəkli oxucular, mən bu gün bir söz adamı kimi yox, dinləyici, tamaşaçı 
və oxucu kimi mənə əzab verən dərdləri sizinlə bölüşmək istəyirəm. Yəqin 
ki, güman edirəm bu dərdlər sizi də azdan-çoxdan narahat etməmiş olmaz. 
Ən əvvəl televiziya və radio kanallarımızda üzdən iraq, ət tökən teleşou 
proqramlarında səhərdən axşama qədər at oynadan, sözü, bəstəkarı, mü-
ğən nisi özü olan, birtəhər səsilə sənətkarlıq iddiasına düşənləri heç cürə 
başa düşə bilmirəm. Evlərində olan ab-havanı, ev əşyalarını, zinətli bər-
bəzəkləri  geniş  tamaşaçı  toplumunun  gözü  qarşısında  nümayiş  etdir-
mək  ən  azından  bu  adamların  səviyyəsizliyindən  xəbər  verir.  Axı  bu 
tamaşaçıların  içində  kasıblıqdan  da  aşağı  səviyyədə  yaşayan  ailələr  var. 
Bu  insanların  əsəblərilə  oynamaq  tamaşaçı  məhəbbəti  qazanmaqdırmı? 
Artıq biz onların simasız üzünü görməkdən, olmayan səsini eşitməkdən 
zara  gəlmişik.  Niyə  dahi  Üzeyir  Hacıbəyovun,  Müslüm  Maqomayevin, 
Qara Qarayevin, Arif Məlikovun, Tofiq Quliyevin, Şəfiqə Axundovanın, 
Elza  İbrahimovanın,  Emin  Sabitoğlunun,  Ələkbər  Tağıyevin,  Cavanşir 
Quliyevin, Qulu Əsgərovun, ustad xanəndə və bəstəkar Əlibaba Məmmə-
dovun, Məmmədbağır Bağırzadənin və adını sadalamadığım bir çox ünlü 
sənətkarlarımızın  nəfəsindən  və  istedadından  doğan  sənət  incilərimiz 
bu  günə  qədər  bizim  canımızda,  qanımızda  dərin-dərin  kök  atıb  ruhu-
muzun  və  mənəviyyatımızın  kamilliyinə  xidmət  edir.  Sözü,  musiqisi, 
səsi  mənim  deyib,  səhərdən  axşama  qədər  ekranlardan  düşməyən  bu 
üzdəniraq  müğənnilərin  dəstək  aldığı  adamlar  düşünmürlərmi  fəlsəfi  və 
mənəvi  kamilliyilə  zəngin  olan  milli  dəyərlərimizə  xələl  gətirirlər?  Bə-
zən  dəyərlərimizin  varlığına  xələl  gətirməsələr  də,  gənc  nəslin  düşüncə 
tərzinin formalaşmasına ciddi zərbə vururlar. Mənim musiqi təhsilim yox-
dur, amma onu bilirəm ki, musiqidə mahnı janrı heç də asan janr deyil. 
Yəqin ki, bəstəkarlarımız bunu çox gözəl bilirlər. Bu janrda öz möhürünü
imzanı qoymaq üçün sənin istedadın olmalıdır. İstedadsız, səriştəsiz əqldən 
süzülən  mahnı  təbsiz  yazılan  şerə  bənzəyir.  Sözlər  qupquru,  ürək  tellərini 
titrətmir. Belə bəstəkarların yazdıqları mahnılarda ritm var, ancaq melodiya 
yoxdur. Mahnı çalınır, bitən kimi sözü də, özü də bir göz qırpımında yaddan 
çıxır. Musiqi bitənə kimi müğənni əl-qol atır, olmayan səslər çıxarır, mahnının 


35
sözü də, özü də adamın ürəyini sıxır. Elə bilməyin ki, mən estradanı sevmirəm. 
Xeyr,  mənim  klassik  musiqidən  tutmuş  xalq  musiqisinə,  muğamata,  aşıq 
musiqisinə, dünya musiqisinin ən yaxşı incilərinə sonsuz eşqim və ehtiramım 
var. Dəyəri olmayan sözləri və bəstəsi ilə radio və televiziya məkanlarından 
səsləri və özləri düşməyən kəslərdən gedir söhbət. Bu kəsləri isə ekranlara 
və  radio  qovşaqlarına  təqdim  edənlər  sözdən  istifadə  edir.  Bədbəxt  söz  isə 
hönkür-hönkür ağlayır, bu göz yaşı onun içinə axır. Onun hönkürtüsünü bir 
özü bilir, bir də onu xəlq eləyən Allahı… 
İndi isə SMS barədə öz fikrimi bildirmək istəyirəm. Bu SMS deyəsən 
aparıcılarına  və  orda  işləyən  işçilərin  başına  bəla  olub,  çünki  indiki 
zəmanədə  ədəbiyyatımızda  və  tariximizdə,  elmimizdə  görkəmli  yer  tu-
tan şəxsiyyətlərimiz SMS vasitəsilə ya dahi olur, ya da yox, çünki bu ona 
verilən  səslərin  çoxluğu  ilə  bağlıdır.  Dahi  adını  qazanmaq  üçün  gərək 
ki,  çoxlu  SMS  qazansın,  əks  halda  tarix  boyu  millətin  yaddaşında  dahi 
kimi iz qoymuş şəxs də dahilikdən çıxmalı olacaq. Belə ki, ona veriləcək 
dahi adının taleyi SMS-dən asılıdır. Adlarıyla tarixin yaddaşında qalmış 
bu şəxslərə divan qurub, divan tutmaq, görəsən, nə dərəcədə düzgündür? 
Və yaxud hər hansı televiziya verilişi gedərkən ekranın aşağı hissəsində 
şıdırğı SMS yarışması başlayır. Kimi özünə nişanlı axtarır, kimi özünə dost 
axtarır, kimi kimə evlənmək təklif edir, kimi kimə məhəbbətini bildirir? 
Bilmirsən ki, televiziyada gedən verilişi izləyəsən və yaxud ekranın aşağı 
hissəsində baş alıb gedən bu biabırçı yazışmalara diqqət kəsiləsən. Bütün 
bu  proseslər  hamısı  da  bədbəxt  sözlə  baş  verir.  Bütün  bunlara  diqqət 
kəsiləndə  adam  özünün  hansı  ölkədə  yaşadığını,  hansı  millətə  və  hansı 
dinə  məxsusluğunu,  hansı  millətin  təmsilçisi  olduğunu  unudur,  sanki 
hansısa yad bir planetə düşmüsən. Nə burda abır-həya, nə ismət, nə böyük-
kiçik yeri bilmək, heç nə yoxdur. Çoxsaylı tamaşaçının gözü qarşısında 
kimlərsə  kimləri  evlənməyə,  ərə  getməyə,  dost  olmağa,  bilmirəm  hara, 
niyə çağırır? Bütün bu hali-hekayətlər də hamısı SMS vasitəsilə, başıbəlalı 
sözün  iştirakıyla  həyata  keçirilir.  Görəsən,  bu  yazışmalar  hələ  həyatın 
ağrı-acısından  o  qədər  də  baş  çıxarmayan,  yaşının  azlığıyla  əlaqədar 
həyat  təcrübəsi  olmayan  gənc  oğlan  və  qızlarımıza  necə  təsir  edər?  Bu 
yaxınlarda  bizim  qonşuluğa  SMS  vasitəsilə  bir  qız  qaçıb  gəlib.  Özü  də 
deyir ki, ərə gəlmişəm, indi hamı belə ərə gedir. Həm valideynlərinə, həm 
də  ər  evinə  qan  uddurur.  Budurmu  inkişaf  etmiş  ölkələrlə  ayaqlaşmaq? 
Bizə inkişaf etmiş ölkələrin mənəviyyatı yox, elmi ilə, savadıyla ölkəsinin 


36
yüksəlişi üçün atdığı addımlar lazımdır. Yoxsa oğlanların qulağına sırğa 
taxıb  saç  uzatması,  qızların  yarıçılpaq  halda  ekranlarda  istedad  adıyla 
fəğan etməsi hansısa milləti təlqin etməkdən savayı bir şey deyildir. Adam 
özününküləşməkdən çıxdıqda çox rüsvayçı görünür.
Bu yaxınlarda televiziya kanallarının birində “Yasaq sevgilər” adlı bir 
veriliş gedirdi. Aparıcı cavan bir qız idi. Televeriliş boyu tamaşaçılar da 
ara-sıra zəng edir, öz fikirlərini bildirir. Mövzu belə qoyulmuşdu ki, sənin 
ailən oldu, olmadı, sən kiməsə vurulub, kimisə sevə bilərsən. Bir tamaşaçı 
qadın zəng edib evlənən gündən 20 il ərini aldatdığını və ərinin dostuyla, 
evli bir kişilə yaşadığı haqda televiziya vasitəsilə aləmə car çəkdi. İyirmi 
il ərinin papağını yerə soxan bir qadının fikrini camaata car çəkməklə bu 
televeriliş  nə  məqsəd  güdürdü?  Bunun  gənc  ailə  quranlara  və  qurmaq 
istəyənlərə  nə  kimi  xeyri  ola  bilər?  Bu  bizim  mənəviyyatımıza  nə  kimi 
xidmətlər edə bilər? Hələ həyatın ağrı-acısını dadmayan, bərkinə-boşuna 
düşməyən bu gənc aparıcı qız yasaq sevginin adamın, xüsusən də ona aludə 
olan bəzi qızlarımızın, qadınlarımızın başına hansı bəlalar aça biləcəyinin 
fərqinə varırmı, görəsən? Öz ərini 20 il aldatmış o hiyləgər qadının dünya-
ya gətirdiyi övladları, görəsən, ondan necə tərbiyə alıb? Onlar vətənə lay-
iqli övlad ola bilərmi? Və bu kimi verilişlər həyata gözünü təzəcə açmış 
gənclərə hansı tərbiyəni aşılayır? Burada hansı sevgidən söhbət gedə bilər? 
Bu yalnız ağılsız hissin və heyvani ehtirasın törətdiyi fəsaddır. Bu da çox 
vaxt  böyük  faciələr  və  fəlakətlərlə,  hətta  insan  ölümüylə  də  nəticələnir. 
İnsanın heyvandan bir fərqi olmalıdır, ya yox? Bəs dini kitablar niyə insanı 
canlıların ən alisi sayır? Bəli, çünki Tanrı tərəfindən ona şüur verilib və 
bu şüur da bəşəriyyəti idarə edir. Əgər insan öz hisslərinin əsirinə çevrilsə 
və  onu  məhəbbət  adlandırsa,  onda  onun  sabahından  nə  olacaq?  Söhbət 
burda bizim ölkədən gedir, mənim qeyri-ölkə və millətlərlə işim yoxdur, 
çünki hər millətin özünüaparma tərzi var. Bu da onun kimliyini həyat boyu 
büruzə  verir.  Görəsən,  ekran  qarşısından  və  radionun  pultu  arxasından 
insanlarımıza bu kimi cəfəngiyyatları təbliğ edənlər bilmirlərmi ki, əksər 
halda xalqın nifrət və qınağına tuş gəlirlər?
Hazırda  telekanallardan  və  radio  qovşaqlarında  səhərdən  axşama 
qədər meyxana deyənlər, bədihəçilər at oynadır və özlərini də şair adıyla 
millətə təqdim edirlər. Əvvəla, hansısa qafiyəni tutub getmək şairlik demək 
deyil. Meyxana ilə şairliyi bir-birinə qatmaq ən azı ustadlarımızın ruhu-
na  hörmətsizlikdir.  Onlar  bir-biriylə  tamamilə  əks  qütblərdə  dayanırlar. 
Şairlik  adına  layiq  olanlarımız  ədəbiyyatda  öz  sözünü  deyib  və  indi 


37
də  deməkdədirlər.  Düzdür,  onların  içində  hazırda  bu  adın  öhdəsindən 
gəlməyənlər çoxdur, necə deyərlər, sözü qurtarıb və yaxud əvvəldən heç 
olmayıb  “yarım-yarım”  deyənlərimiz  yox  deyildir.  Meyxana  deyənlərin 
əksəriyyəti sözü elə bədbəxt günə qoyurlar ki, hətta onu söyüş səviyyəsinə 
gətirib çatdırmaqdan belə çəkinmirlər. Bu da birbaşa efirdən və televiziya 
kanallarından,  çoxmilyonlu  dinləyicinin  və  tamaşaçının  gözü  qarşısında 
baş  verir.  Bu,  nəinki  şairin,  yazıçının,  bütünlükdə  söz  adamının,  həm 
də mənəviyyatımızın qədir və qiymətini bilən hər bir kəsin ürəyinə tox-
unur. Mən tamamilə meyxanaya qarşı çıxmıram. O da hansısa insanların 
zövqünə müvafiqdir. İnsanlarda xarakterlər müxtəlif olduğu kimi, zövqlər 
də müxtəlifdir, amma o kəslərdən xahişim budur ki, onlar özlərinə heç ol-
masa şair deməsinlər, çünki şair adı çox ağır bir addır, o adın öhdəsindən 
hər şeir yazan gələ bilməz, o da ola meyxana, bədihə deyən...
Gün ərzində radio və televerilişlərimizdə aparıcıların sözün axırında “ğ, 
q” səsi əvəzinə “x, f” səsini işlətmələri, sözlərinin içində yerli-yersiz “ç” 
səsinin qulaqlarımızı dəlməsi ədəbi dilimizin xüsusiyyətlərindən xəbərsiz 
olmasından və az mütaliə və yaxud heç mütaliə etməməsindən xəbər verir, 
habelə mikrofon mədəniyyətinin olmaması, qışqıra-qışqıra danışmaqları. 
Axı mikrofonun qabağında qışqırmaq niyə lazım? Efirdən səslənən hər bir 
aparıcının gözəl danışıq qabiliyyəti olmalıdır. Aparıcıda nəsə çatmayan-
da və ədəbi dilin xüsusiyyətlərindən xəbəri olmayanda bu o saat verilişin 
əvvəlindən özünü çılpaq şəkildə büruzə verir. Bəlli olur ki, aparıcı hansısa 
bölgənin dialektinin içində batıb qalıb və o dialektdən heç vəchlə çıxa bilmir. 
Ədəbi dilimiz isə onun danışığında yox dərəcəsindədir. Bu təkcə aparıcılara 
yox, ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın keşiyində duran 
bir qisim adamlara da aiddir. Onlar da efirdə çıxışları zamanı dillərindəki kəm-
kəsirlər özünü açıq məziyyətlərilə nümayiş etdirir.
Ümumiyyətlə, zəngin ədəbiyyatımız olmasına baxmayaraq bizim söz 
cəhətdən dilimiz kasaddır. Az bir qisim insanlarımız var ki, onların zəngin 
danışıq qabiliyyəti var, ancaq onların da çoxu bölgə dialektlərindən qopa 
bilmir, çox vaxt da bunu özlərinə fəxr sayırlar. Mənə elə gəlir ki, bizi uşaq 
vaxtdan evdə valideynlərimiz, məktəbdə isə müəllimlərimiz qorxudur. Ona 
görə nitq mədəniyyəti bizdə bu qədər zəifdir. Bir də kitabxanalardan uzaq 
düşmək, mütaliə etməmək, az bədii ədəbiyyat oxumaq və yaxud heç oxu-
mamaq da bu bəlanı törədən səbəblərdəndir. İndi ali təhsilli cavanlarımızın 
çoxu bir-iki bədii kitab oxuyub, ya yox?


38
Əksəriyyətinin də kompüter və internetə başı qarışıb. Kompüteri bil-
mək və onu idarə etmək hər birimizin müasirlik baxımdan borcudur, çünki 
onu bilmədən indi heç bir işdə çalışmaq mümkün deyil. Lap elə yaradıcılıqla 
məşğul  olanlarımız  da  kompüteri  bilsələr,  bu  onların  yaradıcılıq  işlərinin 
sürətli getməsinə kömək edər. Belə ki, onun dairəsi, gücü, tutumu makinanın 
imkanlarından min dəfələrlə çox və əladır. Əla isə hər kəsin işinin irəliləyişində 
uğurlu vasitədir, amma o mütaliə etmək üçün vasitə deyil. Mütaliə kitab vasi-
təsilə həyata keçirilməlidir və o insana ruhu oxşar bir dad və qida verir. Bu 
qidanı özündə əxz etdirmək üçün buna uşaqlıqdan alışmaq lazımdır. Mən 
qeyri-azərbaycanlılarla uzun müddət işlədiyim üçün o insanların, xüsusən 
rusların  kitaba,  qəzetə  sonsuz  maraqlarının  şahidi  olmuşam.  Onların 
süpürgəçisindən tutmuş ali təhsillisinə qədər əllərində daim kitab, jurnal, 
qəzet gördüm. Bizimkilər isə bir yerə cəm olanda ya bahalı əşyalardan, 
pul-paradan, ya kimlərinsə varından, sərvətindən bəhs edərdilər. Mən buna 
çox vaxt uzun yolu gəmi vasitəsilə qət edərkən təsadüf edərdim və bu da 
məni ruhən çox ağrıdardı…
Bizim  evdə  öz  televiziya  kanallarımızla  bərabər  rus  televiziyasını 
izləmək  üçün  də  imkan  var.  Mən  onların  televiziya  kanallarında  gedən 
verilişlərində uşağından tutmuş böyüyünə kimi necə gözəl danışıq qabi-
liyyətlərinin  olduğunu  həmişə  heyranlıqla  və  həsədlə  izləyirəm.  Bu  da 
onların,  yəqin  ki,  mütaliə  vərdişlərinin  zənginliyindən  xəbər  verir.  Mən 
onların hər zaman imperialist fikirlərinə nifrət etsəm də, özlərinin dillərinin 
və nitqlərinin gözəlliyinə xidməti və bu müsbət cəhətlərini misal gətirməyi 
dil mədəniyyətimizdən söz açdığım üçün vacib saydım.
Dilimizdəki  söz  kasadlığı  təkcə  televiziya  və  radio  kanallarımızda 
baş alıb getmir, bu həm də müasir ədəbiyyatımızda özünü bariz şəkildə 
büruzə verməkdədir. İndi əksər çapdan çıxan kitablara tez-tələsik təqdimat 
mərasimləri  keçirilir.  Cavan  yazarlarımız  bədii  ədəbiyyat  oxumur,  bu 
onların yazdıqları bədii mövzunun söz kasadlığında özünü nümayiş etdirir. 
Bu yaxınlarda cavan yazarlardan birinin romanını oxumağa başladım. 
Birinci  fəsli  maraqla  mütaliə  etdim,  ikinci  fəsil  tamam  ayrı  bir  süjet 
xəttindən, üçüncü fəsil bir ayrı süjet xəttindən bəhs edirdi. Beləliklə, 120 
səhifəlik roman adlandırılan bədii əsər hər fəsildə ayrı bir mövzudan bəhs 
edirdi. Deməli, bu müəllifin nəinki romandan, heç onun xüsusiyyətlərindən 
xəbəri yoxdur. Bəlkə də ömründə bir roman belə oxumayıb. Əgər oxusaydı 
o bilmiş olardı ki, roman geniş bir zaman dairəsində çoxlu obraz bolluğuyla 


39
fərqlənən bədii nəsrin bir formasıdır. Bəlkə bu formaya bir yenilik gətirib, 
bir oxucu kimi mənim xəbərim yoxdur? Təqdimatlar keçirilir, bəzi təqdimat 
mərasimlərində müəllif öz yeni çapdan çıxmış kitabını da bəzən mərasimə 
gələnlərə ərməğan edir, amma mərasimdən adamlar dağılışanda kitabların 
çoxu  masaların  üstündə  qalır. Adi  etik  davranış  qaydalarına  belə  məhəl 
qoymadan kitab müəllifinin ürəyini qırmaqdan belə çəkinmirlər. Düzdü, 
bu ürəyi qırmaq dil ilə olmur, kitabı masanın üstündə atıb getməklə baş 
verir. Əgər bu müəllifin yaradıcılığı səni qane etmirsə bəs niyə onun təşkil 
etdiyi  mərasimə  gəlmisən?  Gəlmisənsə,  bəs  niyə  kitabı  atıb  gedirsən? 
Burdan  belə  nəticə  çıxarmaq  olar  ki,  kitabı  masa  üstündə  atıb  gedənlər 
özləri kitab yazmasına baxmayaraq, kitab oxumurlar. Əslində indiki vaxt-
da, demək olar ki, heç kim heç kimin kitabını oxumur... Sonra bu təqdimat 
mərasimi keçirilirsə, müəllif özünü buna layiq bilirsə, qoy bunu kitabx-
analarda, mədəniyyət ocaqlarında oxucu qarşısında keçirsin, oxucu da bil-
sin ki, filankəs oxunan müəllifdir və onun filan kitabı çıxıb. Yoxsa yazar 
bir neçə yazarı yığıb onların qabağında özünün yazdığını nümayiş etdirir. 
Bu da yəqin yazar üçün bir təsəllidir. Bəlkə bu təsəlli də biganəliklərdən 
narahat  olan  ürəyinə  bir  məlhəmdir.  Zənnimcə,  söz  xiridarlarının  bir-
birinin sənətinə hörmətsizliyi bütövlükdə ulu SÖZƏ edilən biganəlikdən 
irəli  gəlir.  Bu  biganəlik  ədəbi  aləmdə  mükafat  yarışmalarından  tutmuş, 
yazarın yaradıcılığına yaraşıb-yaraşmadı, ağızdolusu təriflərə qədər ged-
ib  çıxır.  Bu  təriflər,  təltiflər,  mükafatlar,  nəinki  ədəbi  aləmin  iştirakçısı 
və  təşkilatçısı  olan  adamı,  hətta  sözün  özünü  də  yıxır.  Ədəbiyyatımız, 
mədəniyyətimiz, mənəviyyatımız isə sözün özündən keçir. O təriflər də öz 
sahibinə yaraşmayanda fəryad qoparır, bu fəryadın əks-sədası sonradan öz 
fəsadlarıyla mənəviyyatımızda tüğyan edir.  
Əziz  oxucular,  işğal  altında  olan  torpaqlarımızın  ağrısından  dərd 
içinə  təkcə  özümüz  düşdük,  amma  başıbəlalı  sözümüz  isə  ona  etdiy-
imiz haq sızlıqlardan dərdə düşüb. Görürsünüz ki, sözün nə boyda dərdi 
var? Bu dərd ən əvvəl bizim dilimizdən, dil vasitəsilə ədəbiyyatımızdan, 
mədəniyyətimizdən  və  mənəviyyatımızdan  keçib  düz  ürəyimizə  zərbə 
vurur. Bu zərbənin ağrısını ürək hələm-hələm çəkə bilmir. Bu ağrıya tuş 
olanların çoxusu bir oxucu kimi, ən azından mənim sadaladıqlarımı qərib-
liyə salmazlar. Əslində vicdanım ağrıdığı üçün mən bunları qələmə aldım. 
Bir para əhvali-vaqiyyələrimizdən bəhs etdim, bəlkə də çox uzağa getdim. 
Təkcə özümüzü yox, həm də sözümüzü dərddən xilas etmək lazımdır, çün-


40
ki bizim canımızda, qanımızda ata-babalardan keçmə bir ətalət var. Bu, 
bugünkü işi sabaha qoymaq ətalətidir. Allah bu ətalətdən xilas etsin bizi! 
Əgər bu ətalətdən xilas yolunu taparıqsa, onda nə özümüz, nə də sözümüz 
dərd  içində  olar.  Sözün  dərdi  –  keçər  səddi,  əyər  qəddi.  Bunu  duyanlar 
mərddi, duymayanlar özləri bu dünyaya dərddi! Allah heç kəsin nə özünü, 
nə də sözünü dərdə salmasın. Amin!
  21.04.2009 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin