Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   16   17   18   19   20   21   22   23   ...   99
ŞERİMİZ – SEYRİMİZ
Haqqın  dərgahına  üz  tutan  bir  yol  var…  Bu,  Böyük  Yaradanın  öz 
bəndələrindən  gizli  saxladığı  ruh  dediyimiz  gözəgörünməz  məfhumun 
Ulu Tanrıya uzanan yoludur. Bu yol insanın müvəqqəti yaşam haqqından 
başlayır.  Yaşam  haqqının  müddəti  cismimizdə  özünə  məkan  tapan  can 
dediyimiz  varlığın  vasitəsilə  olur.  Sağlığımızda  tənimizdə  can  şəkilində 


48
bizi müşayiət edən bu varlıq, Allahın bizə verdiyi müddət bitdikdən sonra, 
öz donunu, yəni bədəni yerdə qoyub dərgaha doğru ruh timsalında uzun bir 
yolun yolçusuna dönəcək. Böyük Yaradanın bir “Ol” işarəsindən yaranmış 
bizlərin  bir  qismi  sağlığımızda  bu  dünyanın  bütün  naz-nemətlərini 
acgözlüklə zəbt və qəsb etməklə məşğul oluruq. Bir qismimiz isə aclıq, 
yoxsulluq, zəlalət içində ömrümüzü başa vururuq. Az bir qisim doğulub öz 
varlığını dərk edən gündən milliyyətindən asılı olmayaraq mənəvi dünyanın 
dərvişinə çevrilir. Elə dini kitablarda da elmlə, mənəviyyatla bağlı kəslər 
Allaha yaxın hesab edilir. Əgər bu pakanə xidmətdirsə… Mənəviyyatın bir 
qolunu təşkil edən ilhamlı, həqiqi bədii yaradıcılıq insanın ruh dünyasıyla 
birbaşa bağlı məsələdir. Adamın beynini, qəlbini silkələyən hansı hissdir 
ki, o əlinə qələm götürüb bu ehtiyacın ağrı-acılarını, istək və düşüncələrini, 
qənirsiz  eşqindən  doğan  çalxantıları  vərəqlərin  üstünə  səpələməyə  baş-
layır. Bu səpələnmələrdən bədii ədəbiyyat bərqərar olur. Özü də hər xal-
qın özünəməxsusluğu, çalarları, bənzətmələri, oxşamalarıyla… Bədii ədə-
biyyatın bir qolu da nəzmdir, yaradıcı kəs öz fikir və düşüncələrini şerin 
müxtəlif formalarıyla oxucuya çatdırır. Mən də bu sahənin cızmaqaraçısı 
olduğum üçün əziz oxucularla və qədir bilən söz adamlarıyla öz fikirlərimi 
bölüşmək istəyirəm. Şeir nədir? Şeir bəlkə İlahinin ilham verdiyi kəslərə 
gizli pıçıltılarıdır ki, həmin kəs də bu pıçıltıları gözəgörünməz qüvvənin 
köməyilə  ağ  vərəqlər  üstünə  səpələyir.  Ümumiyyətlə,  qədim  zamanlar-
dan  şeir  yazan  kəslərə  heç  də  birmənalı  baxmamışdılar.  Onlar  daşqalaq 
da olunmuş, “dəli” adıyla damğalanmış, min bir müsibətlərə düçar olmuş, 
təhdidlərə,  təhqirlərə,  hətta  ölümlərə  məruz  qalmışlar.  Öz  təfəkkürləri 
öz başlarına bəla olan bu insanların ağrı-acıları özlərindən sonra bizlərə 
ərməğan olmuş yaradıcılıq çeşmələrindən də bəllidir. Biz bu yaradıcılıq 
çeşmələrindən qaynaqlandıqca fikir adamlarının yaratdıqlarında bütünlüklə 
dövrlərin əks-sədası duyulmaqdadır. 
Elə bizim dövrümüzdə də şeir yazana heç də birmənalı baxılmır, hətta 
satış  köşklərində  də  satıcılar  şeir  kitablarından  qaçır  və  bu  kitabların 
satılmamasından şikayət edir, çünki şeir ruhla bağlı məsələdir, nəzmi heç 
də hamı nəsr kimi qəbul etmir. Oxucular çox vaxt şerin dilini, onu başa 
düşməməyi və yaxud heç şeri xoşlamamasını etiraf edir. Bəlli həqiqətdir 
ki, həqiqi şerin dili rəvan olduğu kimi də çətindir, düşündürəndir. Onu hər 
adam qavraya və dərk edə bilmir. 


49
Sonuncu  peyğəmbər  Məhəmməd  əleyhissəlamın  vasitəsilə  bizlərə 
çatdırılan müqəddəs Kitabımız Quranda şairlər haqqında ayə var. Bu ayədə 
deyilir  ki,  Mən  peyğəmbərlərə  vəhy  verdim,  şairlərə  isə  ilham.  Ancaq 
şairlərə ilham təkcə, Allah-taala tərəfdən yox, şeytan tərəfdən də verilə bilər. 
Yəni ilham adama şeytanın vəsvəsəsindən də gələ bilər. Ayədə qələmini 
düzlüyə çalmayan kəslər cəhənnəmin yeddinci qatında cəhənnəm əzabıyla 
hədələnir.  Bir  milyarddan  yuxarı  insan  qüvvəsinin  tapındığı  müqəddəs 
Kitabımızda  deyilən  bu  fikirlər  söz  adamını  məsuliyyətli  olmağa,  sözlə 
bəşəri rəftara dəvət edir. Elə müqəddəs Quranımızı da Haqq-taala bizlərə 
peyğəmbər  əleyhissəlamın  vasitəsilə  qafiyəli  nəsrlə  çatdırıb.  Ona  görə 
islama dönüşün ilk əvvəllərində bütpərəst ərəblər müqəddəs Quranımızı 
şeir,  peyğəmbərimizi  isə  şair  adlandırırdılar.  Sonradan  Allahın  sevgili 
peyğəmbərimizə  vəhylə  bəxş  etdiyi  Quranımızın  elmi-dini  kitab  olduğu 
dünyaya bəlli oldu. Daha axıcı, daha ürəyəyatımlı olması üçün, insanların 
ürəyinə  yol  tapması  üçün  Haqq-taala  nəzmə  bənzər  qafiyəli  nəsrlə 
Kitabımızı xəlq etdi. Sözün böyüklüyü, ucalığı da ondadır ki, o bizdən asılı 
olmayaraq haqq tərəfindən yaranıb və canla birgə bizim cismimizə daxil 
olub. Heç də beş-on şeir yazmaq, öz şəxsi hisslərinə qapılıb sözləri şerə 
bənzər şəkildə kağızlar üstünə səpələmək şairlik demək deyildir. Həqiqi 
şairlər sözü, qafiyəni, melodiyanı, hissi-həyəcanı axtarmaz. Bütün bunlar 
onu özləri gəlib tapar. Özü də Allahın verdiyi vaxtın hər məqamında ilham 
dediyimiz gözəgörünməz qüvvə könül qapısını salamsız-kəlamsız aça bilər. 
Təb  adamıyla  üz-üzə,  göz-gözə  qalar.  Onu  sonu  görünməz  sarsıntılara, 
çalxantılara, titrəyişlərə məruz qoyar. Şeir adamının təfəkkürü daim bulaq 
kimi qaynayıb daşmaqda olur. Onun üçün misradan, beytdən məhrəmanə, 
sevgili, istəkli heç nə yoxdur. Yazan kəs özünü bütün bu istəklərlə bir za-
man  çərçivəsində  hiss  edirsə,  yazmasa  dözə  bilmirsə,  sözlər  misralara, 
misralar beytlərə çevrilib onun ciyərini göyüm-göyüm yandırırsa, qəlbinin 
içində qəm mələyi oturub hər şeydə bir məna, məzmun axtarırsa, demək 
ona ya Haqq-taala, ya da şeytan tərəfindən ilham peyda olub. Allah ru-
hunda ehtiyac duyub yazmaq istəyənləri şeytani-ilhamdan hifz etsin!
Müasir ədəbiyyatımız sovet dövründə quruluşun diktəsi ilə barmaqla 
sayılası yazıçı və şairlərlə müşayiət olunurdusa, müstəqilliyimizi qazan-
dıqdan sonra yazar insanlarımızın sayı qədərindən də artıqdır. Ədəbiyyatda 
olan insanlarımızın çoxu, hətta bu artımdan həddindən artıq narahatdırlar. 
Amma  fikrimizcə,  narahat  olmağa  dəyməz,  çünki  sovet  dövründən  baş-


50
qa  hər  dövr  bu  mürəkkəbliklərlə  qarşı-qarşıya  olub,  ancaq  sonradan 
məlum  olub  ki,  narahatçılığa  əsas  yoxdur.  Bu  qüvvənin  içindən  beş-on 
adam ədəbiyyat səhnəsində qala bilib. Bəli, ən böyük nəzarətçi əlahəzrət 
zamandır.  Onun  əlində  böyük  xəlbir  var.  Bu  xəlbirdən  keçənlər  böyük 
sözün adamı sayılıb. Böyük sözün adamı zaman-zaman dövrünün istək, 
arzu-diləklərini  ağıl  süzgəcindən  keçirib,  ürəyinin  təlatümlərinə  büküb 
ağappaq vərəqlərin üstünə səpələyib. Dəryanın qəvvası içində sədəflərdə 
gizlənən ağ mirvarilər kimi... Bu mirvarilərin xırdası da olub, böyüyü də, 
zərifi  də  olub,  kobudu  da.  Məhrəmanə  istəklərin  ilıq  şəfəqinə  büküblər 
bu  inciləri,  oxucu  hisslərini  silkələmək  üçün,  sevgili  ürəkləri  təlatümə 
gətirmək üçün. Mənsub olduğu dinin, dilin, vətənin, millətin ab-havasını 
oturdub  ədəbi  düşüncələrə  həqiqi  yazar  dediyimiz  kəslər.  Ayrı-ayrı  za-
manlarda isə insanlar nağıllarda, dastanlarda, laylalarda, bayatılarda və bir 
çox ədəbi incilərdə öz keçmişini, kimliyini axtarıb. Bu axtarışlar isə çox vaxt 
müsbət mənada öz bəhrəsini verib, çünki hər bir xalqın, millətin kimliyi onun 
keçmişini əks etdirən ədəbi, bədii dəyərlərlə ölçülüb və ölçülür.
Deməli,  bütünlükdə  yaradıcılıq  Allahdan  gələn  bir  nemətdir.  Böyük 
yazar,  şair  Allah  vergisilə,  istedadıyla  bağlıdır.  Sovet  vaxtında  ədəbi-
bədii yaradıcılığa böyük əhəmiyyət verərdilər. Ona görə ki, yaradıcı ad-
amlar həqiqəti, haqq yolunu yox, sovet ideologiyasını millətlərin beyninə 
yeritməli  idilər.  Milli  üslubda  yazanlara  millətçi  damğası  vururdular 
və təqib edirdilər. Milli mənliyi olmayanlar tarı skripka ilə əvəz etməyi 
çağıranda  şəhid  şairimiz  Müşfiq  “Oxu  tar”  şerini  yazdı.  Bu  cür  amal-
lara  tabe  olmayanlar  1937-ci  illərdə  qılıncdan  keçirildilər,  gülləbaran 
edil  dilər,  mənlikləri  tapdalandı,  ailələri  darmadağın  olundu,  yazdıqları 
məhv  edildi,  amma  millətin  ürəyində  və  beynində  özləri  də,  özlərindən 
sonra bizlərə ərməğan olmuş yaradıcılıqları da dastan oldu, özü də böyük 
mehri-məhəbbətlə sevildilər. Bu gün də onların işıqlı simaları bizlər üçün 
fəxr,  qürur  timsalıdır.  Düşünürük  nə  yaxşı  ki,  Hüseyn  Cavidlər,  Əhməd 
Cavadlar,  Mikayıl  Müşfiqlər,  Hacıbaba  Nəzərlilər,  Seyid  Hüseynlər, 
Salman  Mümtazlar  olub,  yoxsa  ədəbiyyatımız  necə  yetim  və  kasıb  gö-
rünərdi. Allah  neməti  olan  yaradıcılığı  sovet  ideologiyası  peşəyə  çevir-
di.  Bolşevik  beşiyi  olan  Moskvada  M.Qorki  adına  Ədəbiyyat  institutu 
açdılar. Bu institutun əsas qayəsi ondan ibarət idi ki, millətlərin milli ru-
hunu öldürmək, yaradıcı kəsləri bu ruhun ab-havasıyla tərbiyələndirmək. 
Beynəlmiləl  adıyla  imperiyanın  sovet  bayrağı  altında  yaşayan  insanları 


51
nəinki öz dinindən, hətta soy-kökündən də uzaq salmaq, dili, dini, milliyyəti 
bilinməyən sovet insanını yetişdirmək idi məqsədi... Sovet insanı isə rus 
dilinə və rus mənəviyyatına tabe olmalı idi. Bu institutu qurtarmayanları 
heç  yaradıcı  kəs  kimi  saymırdılar.  Bu  institut  bizlərə  şəkilçiylə  qafiyə 
yaratmağı  öyrətdi…  Elə  o  vaxtdan  da  peşəkar  şairlər,  yazıçılar  əmələ 
gəlməyə başladı. Şərq şairləri dünyada ən qədim və nüfuzlu idi. Şərqdə şerin 
hər növü və bu şeir növlərinin də öz adları var idi. İslami dəyərlərimizlə 
əlaqədar əruz şeir forması ərəb ədəbiyyatından nəzmimizə daxil olubsa, 
heca halal türk şeir üslubumuzdur və bu şeir üslubunda laylalarımızdan, 
bayatılarımızdan üzü bəri gəraylı, qoşma, dodaqdəyməz, beşlik və bir çox 
şeir  növlərilə  ünlü  şairlərimiz  öz  qələmlərini  sınayıb.  Şerin  əzəli  beşiyi 
olan şərq qaldı bir kənarda, şərqdən şeir yazmağı öyrənən Avropa Rusiya 
da daxil olmaqla hegemonluğu öz əlinə keçirdi. Bədii yaradıcılıqla məşğul 
olmaq istəyənlərin bir çoxunun içində qərblilər kimi yazmaq və qərbsayağı 
ədəbiyyat  yaratmaq  eşqi  oyandı.  Milli  ruhu  öldürmək  üçün,  bizi  milli 
mədəniyyətdən  uzaqlaşdırmaq  üçün  yavaş-yavaş  ədəbiyyatımızda  şeir 
formalarının adı da dəyişdirilməyə başladı. Məsələn: 
     1. Elegiya – Mərsiyyə, Həzinnamə və yaxud həzin şeir. 
2. Esse-Xülasə (Esse esensiya sözündəndir və mənası cövhər deməkdir)
3. Ballada – Ədəb, dastan, musiqi oxumaq və çalmaq üçün musiqi əsəri
4. Şeir məclisi – Parnas
5. İbrətli hekayə və yaxud hədis – Pritça
6. Qəhrəmannamə və yaxud qəhrəmanlıq dastanı – Epopeya
7. Dastan – Epos 
8. Novella – Hekayə 
9. Cızma – Oçerk və sair.
 Avstraliyanın aborigenləri bu adları götürsəydilər biz bunu təbii sayardıq, 
çünki onların ədəbiyyatı yox idi. Bizim ədəbiyyata qərbdən və ruslardan 
gələn bu ifadələri salmaq, deməli, Azərbaycan ədəbiyyatına düzgün qiymət 
verməməkdir. Başqa ədəbiyyatlarla müqayisədə Azərbaycan ədəbiyyatını, 
Azərbaycan dilini, onun türkcəsini alçaltmaqdır. 
Göründüyü  kimi  istənilən  qədər  ədəbiyyatımıza  yatırılmış  bu  sözlər 
dilimizə yatmır və olduqca ögey səslənir və günbəgün bu ifadələrin sayı 
artır. Siz sual edib deyə bilərsiz ki, ərəb və fars dillərindən də dilimizdə 
sözlər qatar-qatardır. Unutmayaq ki, biz min ildən yuxarı islam dəyərləri 
ilə püxtələşmiş bir qövm, xalqıq. Şərq ənənələri, şərq dillərindən keçmə 


52
sözlər  bizə  doğmadır.  Qərb  sözlərinin,  xüsusən  rus  ifadələrinin  ədəbiy-
yatımızda yerləşdirilməsi, həm şerimizi, həm nəsrimizi qara günə qoyur. 
Başqa dillərdən sözlər işlədəndə bizim öz doğma dilimizdə işlənən sözlər 
ölür və dil lüğətimiz zəifləyir. Bu ifadələri ədəbiyyatımıza gətirənlər bu-
nunla da özlərini rəhmətlik Üzeyir bəyin Məşədi İbadı demişkən “obra-
zovanski” sayırlar. Bu yaxınlarda mənə gənc bir xanım şeir kitabı təqdim 
etdi. Kitabın bədii dəyərini qoyaq bir kənara, çünki onsuz da əksər gənc 
yazarlarımızı  nə  qafiyə,  nə  vəzn,  nə  ölçü,  nə  məzmun  maraqlandırır  və 
bunu geridəqalmışlıq əlaməti sayırlar. Heç kəs kimi yazmamağı qarşılarına 
məqsəd qoyan bu kəslər, görəsən, ilhamın nə olduğu barədə təsəvvürləri 
varmı? Qafiyəsiz, vəznsiz, ölçüsüz, ahəngsiz söz yığınını şeir hesab edib 
şeir aləmində inqilab etmək istəyənlər qərbsayağı cəh-cəh vururlar. Bəlkə 
onlar heç ana laylasının nə olduğunu da bilmirlər, çünki çox güman ki, 
anaları  onlara  heç  layla  da  çalmayıb,  çalsaydı  bilərdilər  ki,  milli  ruhun 
çeşməsi bu laylalardan beynimizdə, qanımızda çalxantılar yaradıb. Həmən 
çalxantıların sıçrayışları şerimizdə boy göstərib. Odu, atəşi ürəkləri ehti-
zaza  gətirib.  Bu  gənc  xanımın  kitabında  pritçanı  oxudum.  Bu  pritça 
sözü  hansı  azərbaycanlı  oxucusuna  doğmadır?  Məgər  bizim  özümüzdə 
sözlər azdırmı ki, biz ədəbiyyatımızı bu qədər yad sözlərlə doldururuq? 
Cavan  yazarların  bir  çoxu  qafiyədən  qaçır,  sözləri  qafiyəsiz  bir-birinin 
ardınca  düzməyi  köhnəlikdən  qaçmaq  sayırlar.  Şəkilçiylə  avropalılar  və 
ruslarsayağı şeir yazmaq istəyənlər bilməlidilər ki, onların yazdıqları nə 
qərbə, nə də mənsub olduğu millətə xoş gəlir. Nümunə üçün deyə bilərik 
ki,  Mirzə  Şəfi Vazehin  şerində  özünəməxsusluq  olmasaydı,  şərq  şerinin 
axıcılığı,  isti  nəfəsi  duyulmasaydı,  almanlar  onun  yazdıqlarını  asanlıqla 
özününküləşdirərdi,  çünki  hər  kəs  mənsub  olduğu  millətin  ruhunda  il-
hamla cəh-cəh vursa, onu həm öz xalqı, həm də bütün dünya sevər. Bir 
qisim insanlarımız elə güman edir ki, bədii yaradıcılıqda nə qədər əcnəbi 
söz işlətsələr, o qədər onlar oxucuların gözündə qeyri-adi istedad sahibi 
olarlar. Mən başa düşə bilmirəm nəyə görə Azərbaycan oxucusu dilinə yat-
mayan pritça sözünə baxıb dərin-dərin fikir dəryalarına qərq olmalıdır? Ay 
həzərat, görəsən, bizim dilimizdə pritçanın, elegiyanın, essenin, balladanın, 
parnasın mənası nədir?! Bəlkə bunlar bununla dünyəvi şair olmaq fikrinə 
düşüblər? Dünyəvi şairlər ən əvvəl mənsub olduqları xalqın, elin, elatın 
istək və arzularını tərənnüm ediblər. Bu baxımdan da dünyanın yaddaşına 
həkk  olunublar.  Əruzda  da,  hecada  da,  sərbəstdə  də,  mənsur  şeirdə  də 


53
qafiyə  olmayanda  bu  söz  yığını  olur.  Başım  çıxmır  ya  biz  azərbaycanlı 
deyilik,  ya  onlar  azərbaycanlı  deyillər.  Şerimizi  ögey,  yad  sözlərlə  dol-
durmaq nəzmimizi zənginləşdirmir, əksinə zibilləyir. Belə şeirlər adama 
hansısa qərb ədəbiyyatından tərcüməni xatırladır.
Ümumiyyətlə,  hazırda  ədəbiyyatımızda  yaradılan  bədii  nümunələrə 
yox,  müəlliflərin  tutduqları  mövqelərə  diqqət  yetirilir.  Belə  şairlərin 
yaradıcılığına  yox,  tutduqları  vəzifələrə  qiymət  ön  plana  keçir.  Deməli, 
şairin  vəzifəsi  yoxdursa,  o  tam  şair  sayıla  bilməz. Azərbaycanda  nəsilli 
şairlər, yazıçılar əmələ gəlib. Necə ki, Hindistanda millət kastaya bölünüb, 
yadıma düşür hind kinosu olan «Avara» filmində Rac Kapurun dediyi sözlər 
– “oğrunun oğlu oğru, prokurorun oğlu prokuror olmalıdır”. Azərbaycanda 
bu başqa sahələrdə olduğu kimi yaradıcı kəslərin arasında da yayılıb. Bu 
kastaya girmək demək olar ki, mümkün deyil. Kastanın içində deyilsənsə 
nə sənin sözün, nə də özün sayılmayacaq. Bu faciədir. Bu faciə təkcə iste-
dad sahibinin yox, bütöv mənəviyyatımızın faciəsidir.
Heç  bir  mədəniyyət  başqa  xalqın  mədəniyyətindən  üstün  deyil,  hər 
xalqın  özünəməxsusluğu  lazımdır.  Yadımdadır,  mənim  təxminən  4-5 
yaşım olardı. Mən rəhmətlik atama “papa” deyə müraciət etdim. O bizi 
ətrafına  topladı  və  dedi  bundan  sonra  mənə  ata,  ananıza  isə  ana  deyə 
müraciət edəcəksiz. Baxmayaraq biz rusların əsarəti altında yaşayırıq. Biz 
rus deyilik, bizim öz millətimiz və öz milli dəyərlərimiz var. Ruslar çox-
dur, “papa” deyənlərin sayı da çoxdur. Mənim heç bir millətlə ədavətim 
yoxdur,  amma  siz  mənim  övladlarımsız,  mən  necə  istəyirəm  mənə  belə 
də müraciət etməlisiz. Bir də sizdən ricam budur ki, mənsub olduğumuz 
din islam dinidir. Müsəlmançılığın əsas qayələrindən biri kəlmeyi-şəhadəti 
bilməkdir.  Bu  gündən  kəlmeyi-şəhadəti  hər  biriniz  öyrənməli  və  yatağa 
girməmişdən qabaq onu pıçıltıyla deməlisiz və sonra yuxuya getməlisiz. 
O gündən biz valideynlərimizə ata və ana deyə müraciət etdik və kəlmeyi-
şəhadət isə beynimizin ən önəmli taxçasında yerləşdi. Mənim atam heç bir 
ali təhsil görməmişdi, bəy nəslinə görə babası, atası təhdid və müsibətlərə 
düçar  olmuş,  ailədə  əmimdən  savayı  heç  kim  ali  təhsil  ala  bilməmişdi, 
sadəcə, sürücü işləyirdi. Ədəbiyyatı çox sevirdi, Füzulidən, Sabirdən əzbər 
şeirlər deyərdi. Rəhmətə gedəndən sonra bildim ki, atam özü də əruzda 
şeirlər yazıbmış, amma heç birini özündən sonra saxlamayıb cırıb atırmış. 
Bizim  doğulduğumuz  bölgə  isə  Bakının  yüz  kilometrliyində  yerləşirdi. 
Siyəzəndə də ruslar çox idilər. Ancaq bu çoxluq bizim nə dilimizə, nə də 


54
əqidəmizə təsir etdi. Atam hamımızı Azərbaycan dilində orta və ali təhsil 
almağımızı tövsiyə etdi. Bu gün də atamın tövsiyəsi bədii yaradıcılıqda 
öz dilimi şirincə qavramaqda mənə yardımçı olub. O bizə deyirdi ki, öz 
dilini  və  mədəniyyətini  biləndən  sonra  nə  qədər  dil  və  mədəniyyətlər 
mənimsəsən o qədər də sənin üstünlüyünü göstərəcək. Hər bir millət öz ru-
hunun üstündə köklənməlidir. Bizimsə ruhumuz islami dəyərlərlə bağlıdır, 
hətta bir çox rəhmətə getmiş xalq yazıçı və şairlərinin övladları radio və 
telekanallardan ata və analarından bəhs edəndə onlara “papa, mama” deyə 
müraciət edirlər. Onda istər-istəməz belə sual doğur: “Milli dəyərlərimizi 
təbliğ və tərənnüm etmiş bu insanlar evlərində, görəsən, övladlarıyla hansı 
dildə danışmışdılar?” Bu hələ indi də radio və telekanallarda aparıcıların, 
verilişə dəvət alan bir çox şəxslərin dilindən səslənməkdədir. Neçə illərdir 
müstəqilliyimizi  qazandığımıza  baxmayaraq  Azərbaycanda  indiyə  kimi 
özünü  ziyalı  sayan,  guya  milli  mənafelərdən  çıxış  edən  ziyalılar  var 
ki, bu ölkədə yaşayırlar, ancaq öz ana dilini bilmirlər. Ona görə də indi 
Azərbaycanda ana dilini yaxşı bilməyən və ya heç bilməyən şair və yazıçılar 
boy verib. Onların yazdıqları şeir və nəsr yaradıcılıqlarını oxuyanda xarici 
dildən tərcüməyə bənzəyir. Şairin, yazıçının əsas dili ona doğma olan ana 
dili olmalıdır. Çox dil bilmək çox millətlərin mədəniyyətindən xəbərdar 
olmaq  deməkdir,  amma  ana  dilindən  yan  keçməmək  şərtilə.  Böyük  im-
periyalar hansı xalqı öz içində əritmək istəyirdilərsə, onun mədəniyyətinin 
və dilinin üstünə düşürdülər. Bunu isə imperiyalar öz qadınları hesabına 
edirdi. İmperiya qadınları imperiya tabeliyində olan millətlərin kişilərinə 
ərə gedirdilər. Öz dillərini, dinlərini həmin millətlərdən doğulan uşaqların 
beyninə yeridirdilər, hətta imperiya imperiyanı öz qadınlarının vasitəsilə 
çökdürürdü. Öz gözəl qızlarını həmin sarayların şahzadələrinə ərə verir-
dilər.  Bir  nümunə  kimi  göy  türklərin  aqibətini  göstərmək  olar.  Çinli 
qadınların göy türklərdən doğduğu uşaqlar sonradan göy türklərin özünə 
qarşı çevrildi və bu göy türk imperiyasının çökməsinin əsas amillərindən 
biri oldu. Təsdiq etmək lazımdır ki, Rusiya imperiya olmuşdur və indiyə 
kimi  də  imperiya  olaraq  qalır.  Ona  görə  bu  gün  də  öz  mədəniyyətini, 
mənəviyyatını və dilini çalışır ki, öz ərazisində və ona sərhəd olan qonşu 
ölkələrdə yaysın. Bunun üçün ilan kimi dəridən, qabıqdan çıxır. Bizim ölkə 
də həmin qonşu ölkələrdən biridir və iki əsrə qədər rus mədəniyyətinin, 
dilinin, mənəviyyatının əsarəti altında olmuşuq. Bu gün də o əsarətin izləri 
qalmaqdadır. Mən bu gün də elə adamlar tanıyıram ki, rus mədəniyyətinin 


55
üstündə böyüdüyünü fəxrlə car çəkir. Onlarda mən nə milli hiss, nə milli 
ruh, nə də milli mənəviyyat gördüm. Kosmopolit heç vaxt azərbaycanlı 
ola, azərbaycanlı kimi düşünə bilməz, həmişə də həmvətənlərinə həqarətlə 
baxar. Bunu çoxları işğal dövrü ilə bağlayır, amma hər bir insanın içində 
bir “mən” olmalıdır, bu mən onun milli kamilliyinə xidmət etməlidir. Axı 
bu qədər mükəmməl və heyrətamiz musiqisi, muğamı, ədəbiyyatı olan bir 
xalqın nəyi başqa millətlərdən əskikdir? İndi biz 18 ildir ki, müstəqilliyi 
qazanmışıq  və  öz  köklərimizə  qayıtmalıyıq  ki,  bizə  xaricidə  “raşın” 
deməsinlər. 
Ailədə doğulan uşaq birinci növbədə valideynlərinə ata, ana deyə mü-
raciət  etməlidir.  Təzə  doğulan  uşaqların  soy  adları  ruslardan  gələn  soy 
şəkilçilərdən təmizlənməlidir, fikrimizcə bu dövlət siyasətinə çevrilməlidir. 
Başqa  dildə  yazıb-yaradanlar,  demək  olar  ki,  millət  tərəfindən  doğma 
yazıçı, şair kimi qəbul olunmur. Mən deməzdim ki, Çingiz Aytmatov qırğız 
yazıçısıdır. O, rus yazıçısı, avropa yazıçısı ola bilər, amma qırğız yox, çün-
ki  qırğız  yazıçısı  olmaq  üçün  gərək  qırğız  dilində  yazıb  yaratmalı  və  o 
xalqın dilində geniş yayılmalı idi. Baxmayaraq o əsərinə manqurtu gətirdi. 
Mən bununla tərcümə əsərlərinə qarşı çıxmıram, başqa millətlərə məxsus 
əsərləri tərcümədən oxumaq olar, amma sən hansı millətə məxsussansa, 
o  millətin  də  dilində  yazıb  yaratmalısan,  ən  azından  millətin  ürəyində 
özünə  yer  eləmək  üçün. Tərcümə  əsərləri  isə  heç  zaman  əsli  kimi  ruhu 
oxşamır.  Bu  millətçilik  deyil,  bu  əsl  həqiqətdir.  Əsl  həqiqəti  demək  və 
yazmaq həmişə acı olub. Dahi Nizami Gəncəvi fars dilində yazıb-yaradıb. 
Gəncədə doğulub, böyüyüb təlim-tərbiyə görüb, ancaq farslar indi də onu 
özlərindən  hesab  edir.  Etiraf  etmək  lazımdır  ki,  bizim  üçün  Füzulinin, 
Nəsiminin, Xətainin, Yunus İmrənin dili daha şirindir, çünki onların şirin 
türkcədə  yaradıcılıqları  var.  Bu  daha  çox  bizim  ruhumuzu,  qanımızı, 
canımızı oxşayır, amma Nizami nə qədər dahi olsa da biz onu tərcümədən 
oxuyuruq. Hər bir tərcümə isə tərcümə edən şəxsin ruhuyla, savadıyla və 
tərcümə etdiyi dili nə qədər bilməsilə bağlıdır. Nizami Gəncəvidən edilən 
tərcümələr  də  tərcüməçinin  istedadının  gücündədir,  Nizaminin  gücündə 
yox. Bu da farslara əsas verir ki, onu fars şairi adlandırsınlar. Biz hər bir 
tərcümədə əsəri yazanın yox, tərcüməçinin isti nəfəsini duyuruq. Mən bu-
nunla  demək  istəmirəm  ki,  mən  tərcümə  ədəbiyyatını  sevmirəm.  Başqa 
xalqların dilindən yüksək səviyyədə edilmiş tərcümələri bu gün hamımız 
sevə-sevə  oxuyuruq.  Dahi  rus  şairi  A.S.Puşkinin  “Yevgeni  Onegin”ini 


56
bizə  qənirsiz  fitri  istedada  malik  olmuş  böyük  şairimiz  Səməd  Vurğun 
sev dirib. Puşkinin məhəbbət poemasından yüksək səviyyəli tərcümələrlə 
hələ  orta  məktəbdə Vurğun  fitri  istedadının  sayəsində  bəhrələndik.  Ona 
görə ki, Səməd Vurğun baxmayaraq sovet ideologiyasına xidmət etmişdi, 
böyük ilham sahibi idi. Ona görə Puşkin dühasıyla Vurğunun aşıb-daşan 
ilhamı bu tərcümədə özünü bariz şəkildə nümayiş etdirdi. Yaxın tarixə aid 
N.V.Qoqolu  nümunə  gətirmək  olar.  İndiyə  kimi  ruslar  və  ukraynalıların 
arasında onu hansı millətin yazıçısı saymaq haqqında mübahisələr gedir. 
Qoqolun  yazdıqları  tamamilə  Ukrayna  xalqının  ruhuyla  bağlı  olsa  da, 
yazdığı dil rus dili olub. Bu yazılarda Ukrayna ab-havası qabarıq şəkildə 
hiss olunmaqdadır, ancaq rus dilində yazıb-yaratdığı üçün ruslar onun heç 
cür Ukrayna xalqına aid olmağını qəbul etmək istəmirlər, çünki bircə yazısı 
da Ukrayna dilində yoxdur. Əgər, o, öz dilində də nə isə yazıb qoysaydı, heç 
olmasa Ukrayna dilində bir əlyazması qalsaydı bu gün ruslar ona bizimki 
deyə bilməzdi. Bütün bunları ona görə misal gətirdim ki, gənc yazıçı və 
şairlərimiz öncə öz ana dilini mükəmməl bilməli, sonra bədii yaradıcılıqla 
məşğul  olmalıdır.  Başqa  dildə  yazıb-yaratmaq  həmin  dilin  ədəbiyyatını 
və mədəniyyətini bəhrələndirməkdir. Öz dilində yazıb-yaradanları isə heç 
bir imperialist qüvvə gələcəkdə mənimki deyib qamarlaya bilməz. Füzuli 
yaradıcılığını  ana  dilində  əsas  tutduğu  üçün,  bu  gün  onun  şeirləri  bizə 
daha doğma, daha şirindir və heç bir qeyri-millət deyə bilməz ki, o bizim-
dir,  çünki  dahi  Füzuli  türk  dilində  öz  kimliyini  əsrlər  arxasından  aləmə 
car çəkib. Sübut edib ki, təkcə farsın dili yox, türkün dili də şeir dili ola 
bilər. Fars dilinin şərqdə şeir dili kimi qəbul edilməsinin nəticəsi o olub ki, 
bu gün Nizami Gəncəvi yaradıcılığını geniş oxucu toplumu tərcümədən 
oxumağa məcburdur. Bu orta əsrlərin anlaşılmazlıqlarıdır. Mən bununla öz 
Xəmsəsilə dünyanı heyrətdə qoymuş dahi Nizamini mühakimə etmirəm, 
onun yaşadığı dövrdə bizim ərazidə təzə təşəkkül tapmış müsəlmançılıq, 
şərq  hökmdarlarının  ərazisi  sayılan  şahlıq-xanlıq  üsul-idarəsi  hökm  sü-
rürdü. Onun dövrü üçün fars dili şeir, ərəb dili isə dövlət idarəçiliyi dili 
sayılırdı.  Bu  gün  isə  biz  bu  məsələlər  barədə  dərindən  düşünməliyik. 
Gələcək nəsillərə öz dilimizin, mədəniyyətimizin əmanəti xatirinə.
Müstəqillik böyük nemətdir. Şükür Allaha ki, indi yazılanlar nə fars, nə 
rus adı ilə gedir, nə qalibiyyətlərimiz, nə uğurlarımız varsa hamısı doğma 
Azərbaycanımızın adı ilə bağlıdır. Bu günə qədər də Təbriz miniatürləri 
və xalçaları qərbə fars adı altında tanıdılır, çünki millətimizin çox hissəsi, 


57
cənublu qardaşlarımız fars əsarəti altındadır, amma müstəqillik qazanan 
bizlər isə indi öz xalçasını, öz musiqisini, bütünlükdə mənəvi sərvətlərini 
qərbə  öz  adı  altında  təqdim  edirik.  Bunun  qiymətini  və  qədrini  biz 
hamılıqla bilməliyik və bu mənəvi yükün ağırlığına dözməyi bacarmalıyıq. 
İllərlə həsrətində olduğumuz müstəqilliyimizi müvəqqəti maddi, mənəvi 
çətinliklərə qurban vermək olmaz. Vətəni rahatlığa dəyişmək olmaz. Vətən 
ümid  və  qürur  yerimiz,  haqqına  tapındığımız  alın  tərimiz,  ruhumuzun 
odu-ocağı, anamızın isti qucağıdır! Bu gün bizim ixtiyarımız yoxdur bir-
birimizə müxalif olaq, çünki bizim bir qəvi-düşmənimiz var, o da erməni 
və  erməninin  arxasında  dayanmış,  ürəyində Allah  xofu  olmayan  azğın, 
şeytani  qüvvələrdir!  Torpaqlarımız  işğaldan  azad  olunana  qədər  biz  bu 
amal uğrunda birgə çarpışmalıyıq, çünki bizi özümüz qədər heç bir xarici 
qüvvə  istəyə  bilməz. VƏTƏNİ  göz  bəbəyi  kimi  qorumalıyıq. Vətəndən 
kənarda yaşamaq olar, ağıllı, istedadlı, işgüzar adamlar yaşayırlar da, amma 
yaşadığın yer Vətən torpağı kimi ayağın altında möhkəm olmaz, sənin biliy-
ini, təfəkkürünü isti qarşılayarlar, amma özünü heç zaman özlərinə doğma 
sanmazlar.  Doğma  sanılası  bir  yerimiz  var,  o  da  sinəsi  min  bir  yerdən 
yaralı, torpağı paramparça olmuş doğma Azərbaycanımızdır. Vətən torpağı 
hələ tam azad deyil. Onun tam azadlığı işğaldan qurtulan günü olacaq. Bu 
azadlıq üçün birləşməliyik. Dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan 
türkünün gələcək birliyi naminə! Bu birliyin rıçaqları bu gün Azərbaycanda 
yaşayan  hər  bir  azəri  türkünün,  hər  bir  azərbaycanlının  əlindədir.  Bu 
rıçaqlar – məhəbbət, sevgi, istək, mənlik, ləyaqət, mənəvi təmizlik və bir-birini 
sevmək, öz canı qədər əziz tutmaqdır. Mənim bütün bunları dilə gətirməkdə 
məqsədim kimlərinsə bostanına daş atmaq və kimlərəsə öyüd, tərbiyə vermək 
deyildir. Sadəcə olaraq, ulu Sözün, qoca Şərqin bətnindən doğulan əsrarəngiz 
Şerin  özünəməxsusluğunu  qorumaq  naminə  bu  yazını  qələmə  aldım.  Şerin 
formasını  dəyişmək  və  ora  dilimizə  yatmayan  ögey  sözlər  doldurmaq  kəşf 
deyil,  kəşfi  onun  mənasında  və  məzmununda  axtarmaq  lazımdır.  Əziz  söz 
adamları, sizləri də bu məsələlər barədə dərin-dərin düşünməyə dəvət edirəm. 
Bütün dünyanı və əsrləri heyrətdə qoymuş, qoca Şərqin isti nəfəsindən qopan 
müqəddəs Şerimizin gələcəyi naminə!.. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin