SƏFİRLİYİNİN 2014-cü İL ÜÇÜn sahə VƏ İSTİqaməTLƏR



Yüklə 144,39 Kb.
səhifə3/5
tarix06.09.2017
ölçüsü144,39 Kb.
#29094
1   2   3   4   5

2. İQTİSADİ MƏSƏLƏLƏR

2014-cü hesabat ili ərzində Bolqarıstan hökuməti Azərbaycan ilə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ilk növbədə Azərbaycanın təbii qazının “TAP” və “TANAP” layihələri vasitəsilə Türkiyə-Bolqarıstan, Yunanıstan-Bolqarıstan sərhədi üzərindən Bolqarıstana nəqli məsələsinə üstünlük vermişdir. Həmin məsələlər BR-in sabiq iqtisadiyyat və energetika naziri c-b D. Stoynevin 2014-cü ilin 11-12 fevral tarixlərində AR-ə səfəri zamanı onun AR-in energetika naziri cənab N.Əliyevlə və AR Dövlət Neft Şirkətinin rəhbəri cənab R.Abdullayevlə keçirilmiş görüşlərdə və 2014-cü ilin 18-20 fevral tarixlərində BR-in sabiq baş naziri c-b P.Oreşarskinin ölkəmizə rəsmi səfəri zamanı AR və BR rəhbərləri arasında keçirilmiş görüşdə, həmçinin BR Prezidenti c-b R.Plevnelievin 2014-cü ilin 20 sentyabr tarixində Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi və “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirakı zamanı ölkəmizin Prezidenti cənab İlham Əliyevlə keçirilmiş görüşdə, habelə hesabat ili ərzində AR Dövlət Neft Şirkətinin və BR müvafiq qurumlarının məsul əməkdaşları arasında Bakıda və Sofiyada keçirilmiş bir sıra görüşlərdə geniş müzakirə edilmişdir. Belə ki, 2016-cı ildən etibarən ölkəmizin 200-300 milyon kubmetr təbii qazının Türkiyə ilə Yunanıstan arasındakı mövcud interkonnektor vasitəsilə Bolqarıstana çatdırılması barədə Azərbaycan tərəfi ilə ikitərəfli danışıqlar aparılmış və buna dair ARDNŞ və Bolqarıstanın “Bulqarqaz” şirkəti arasında niyyət protokolu imzalanmışdır. Eyni zamanda ARDNŞ və “Bulqartransqaz” arasında imzalanmış Anlaşma Memarandumuna əsasən Azərbaycan Bolqarıstanda yerləşən “Çiren” qaz yatağının genişləndirilməsi layihəsində birgə işlənmə imkanlarının araşdırılmasında iştirak edəcəkdir. Bununla yanaşı 2014-cü ilin 14-15 aprel tarixlərində, Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyətinin Sofiya şəhərinə səfəri zamanı Bolqar tərəfi, Bolqarıstanın Vratsa şəhərində karbamid istehsal edən zavoda, Varna şəhərində mövcud olan qaz ambarlarının və Bolqarıstanın istilik elektrik stansiyalarının istismarına ölkəmiz tərəfindən sərmayələrin qoyulması barədə təkliflər irəli sürərək, sözügedən obyektlərlə tanış olmaq məqsədilə ölkəmizin bu sahə üzrə məşğul olan mütəxəssislərindən ibarət işçi qrupunu Bolqarıstana dəvət etmişdir.

Qeyri-enerji, xüsusən kənd təsərrüfatı, yüngül sənaye, tikinti sahələrində Bolqarıstanın geniş potensialına malik olduğunu nəzərə alaraq, həmin sahələr üzrə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin genişləndirilməsi istiqamətində hesabat ili ərzində bir sıra işlər görülmüşdür. Belə ki, BR sabiq Baş naziri cənab P. Oreşarskinin 2014-cü ilin 18-20 fevral tarixlərində ölkəmizə rəsmi səfəri zamanı AR və BR rəhbərləri arasında, habelə həmin səfər çərçivəsində Bolqarıstanın nümayəndə heyətinin tərkibində olan, eyni zamanda 2014-cü ilin 22-24 may tarixlərində Bakıda keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində (“Agrihort Azərbaycan-2014”) iştirak etmək məqsədilə AR-ə səfər etmiş BR-in sabiq Kənd təsərrüfatı və qida naziri cənab Dimitar Qrekovun öz azərbaycanlı həmkarı ilə keçirilmiş ikitərəfli görüşlərdə aqrar, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılmasına dair  məsələlər ətraflı müzakirə edilmişdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən Bolqarıstanla iqtisadi sahədə əlaqələrin genişləndirilməsi istiqamətində aşağıdakı sahələr üzrə hesabat ili ərzində müəyyən işlər görülmüşdür:




  • Azərbaycanın təbii qazının Bolqarıstana nəqli məsələsi AR və BR rəhbərləri, həmçinin ölkələrimizin müvafiq qurumlarının rəhbərləri və məsul əməkdaşları arasında keçirilmiş bir sıra görüşlərdə ətraflı müzakirə edilmiş və müəyyən razılaşmalar əldə edilmişdir;

  • Bolqarıstanın kənd təsərrüfatı sahəsində və həmin sahədə təcrübəli kadrların hazırlanması istiqamətində böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi Bolqarıstanla kənd təsərrüfatı – xüsusən südçülük, şərabcılıq, meyvə - tərəvəz, müxtəlif növ yemlər, əkinçilik və peşəkar kadrların hazırlanması sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş, həmçinin keçirilmiş ikitərəfli yüksək səviyyəli (Nazir və müvafiq qurumların məsul əməkdaşları) görüşlərdə bu sahələrin inkişaf etdirilməsini ətraflı müzakirə etmiş və müəyyən razılaşmalar əldə edilmişdir;



  • Bolqarıstanın tikinti sahəsində peşəkar təcrübəyə malik olduğunu və bu sahədə əlverişli imkanların mövcudluğunu nəzərə alaraq, Azərbaycan tərəfindən bir sıra Bolqar tikinti şirkətləri ölkəmizə işləməyə dəvət olunmuşlar. Belə ki, Bolqarıstanda fəaliyyət göstərən “Velomaniya” LTD şirkətinin rəhbəri, iş adamı Draqomir Kuzov, ölkəmizin İsmayıllı rayonunda tikilməsi nəzərdə tutulan velosiped istehsal edən zavoda sərmayələrin qoyulmasını həyata keçirəcəkdir;



  • Ölkəmizin turizm sahəsində əməkdaşlığının genişləndirilməsi məqsədilə, Bolqarıstanın geniş yay və qış turizm potensialına, həmçinin digər Avropa ölkələri ilə müqayisədə ən çox təbii müalicəvi suların mövcudluğuna malik olduğunu nəzərə alaraq, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin genişləndirilməsinə dair Səfirliyimiz tərəfindən Gəncə-Plovdiv, Naxçıvan-Veliko Tırnovo və Qəbələ-Velinqrad şəhərləri arasında turizm əlaqələrinin qurulması məqsədilə, sözügedən şəhərlərin İcra hakimiyyətinin rəhbərləri və bu sahəni dəstəkləyən rəhbər şəxslərlə müvafiq görüşlər keçirilərək ətraflı müzakirələr aparılmışdır.


İkitərəfli qarşılıqlı səfərlər:
Hesabat ili ərzində Səfirliyin fəaliyyəti nəticəsində bir sıra qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir; səfərlər ilə bağlı Səfirliyimiz tərəfindən müvafiq görüşlər keçirilmiş, danışıqlar və yazışmalar aparılmış, təşkilatı məsələlər həll edilmişdir:


  • 2014-cü ilin 11-12 fevral tarixlərində BR-in sabiq İqtisadiyyat və energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Keçirilmiş görüşlərdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilmiş, ölkələrimiz arasında energetika, sərmayələrin qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın mövcudluğu vurğulanmışdır. Bundan əlavə 2013-cü ilin dekabrında “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti qeyd edilmişdir.



  • 2014-cü ilin 18-20 fevral tarixlərində Bolqarıstanın sabiq Baş naziri Plamen Oreşarskinin başçlıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etmişdir. Səfər zamanı Prezident İlham Əliyev Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş və görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin vacibliyi vurğulanmış, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bildirmək istərdik ki, P.Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində BR-in sabiq İqtisadiyyat və energetika naziri D.Stoynev, Kənd təsərrüfatı və qida naziri D.Qrekov, Ətraf mühit və su ehtiyatları naziri İ. Mixaylova, Nəqliyyat naziri D.Papazov və Maliyyə naziri P.Çobanov olmuşlar.




  • 2014-cü ilin 14-15 aprel tarixlərində, Azərbaycan Respublikasının Energetika naziri c-b Natiq Əliyev, ARDNŞ-nin prezidenti c-b Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti c-b Elşad Nəsirov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Sofiya şəhərinə səfər etmişdir. Səfər çərçivəsində N.Əliyev və R.Abdullayev ilə Bolqarıstanın sabiq Baş naziri P.Oreşarski və sabiq İqtisadiyyat və energetika naziri D.Stoynev arasında keçirilmiş görüşlərdə Bolqar tərəfi, Bolqarıstanın Vratsa şəhərində karbamid istehsal edən zavoda, Varna şəhərində mövcud olan qaz ambarlarının və Bolqarıstanın istilik elektrik stansiyalarının istismarına ölkəmiz tərəfindən sərmayələrin qoyulması barədə təkliflər irəli sürərək, sözügedən obyektlərlə tanış olmaq məqsədilə ölkəmizin bu sahə üzrə məşğul olan mütəxəssislərindən ibarət işçi qrupunu Bolqarıstana dəvət etmişdir.




  • 2014-cü ilin 15-16 aprel tarixlərində Bolqarıstanda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nəqliyyat nazirlərinin görüşündə və QDİƏT regionunda Nəqliyyatın abadlaşdırılmasına dair Yekun Bəyannamənin imzalanmasında iştirak etmək məqsədilə AR Nəqliyyat Nazirliyinin aparat rəhbəri c-b Cavid Nəcəfov Sofiya şəhərinə səfər etmişdir.




  • 2014-cü ilin 22-24 may tarixlərində Bakıda keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində (“Agrihort Azərbaycan-2014”) iştirak etmək məqsədilə BR kənd təsərrüfatı və ərzaq naziri Dimitar Qrekovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.




  • 2014-cü ilin 19 iyun tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 30-cu görüşündə iştirak etmək məqsədilə AR Xarici İşlər Nazirinin müavini c-b Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın Varna şəhərinə səfər etmişdir. Görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT İşçi qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə edilmişdir.



  • 2014-cü ilin 19-20 sentyabr tarixində Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi və “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə BR Prezidenti c-b Rosen Plevnelievin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Sentyabrın 19-da ölkəmizin Prezidenti c-b İlham Əliyev ilə BR Prezidenti Rosen Plevnelievin görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş və Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunmuşdur.

İmzalanmış sənədlər və tərəflər arasında baxılmaqda olan sənəd layihələri;
Hesabat ili ərzində Azərbaycanla Bolqarıstan arasında iqtisadi məsələlərə dair aşağıdakı sənədlər imzalanmışdır:


  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;




  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

  • 23 may 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Bolqarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

  • 20 sentyabr 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Bolqarıstan Respublikasının Bulqarqaz şirkəti arasında niyyət protokolu;

  • 20 sentyabr 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Bolqarıstan Respublikasının Bulqartransqaz şirkəti arasında Bolqarıstanda yerləşən “Çiren” qaz yatağının genişləndirilməsi layihəsində birgə işlənmə imkanlarının araşdırılması haqqında Anlaşma Memarandumu.


Həmçinin aşağıdakı sənədlərin layihələrinin tərəflərimiz arasında baxılması istiqamətində Səfirliyimiz tərəfindən müvafiq işlər görülmüşdür:



  • “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron əlaqələr, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi;



  • “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında vergi organlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum” layihəsi.


AR və BR Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakı şəhərində keçirilməsi ilə bağlı görülmüş işlər:
1999-cu ildə təsis edilmiş AR və BR Hökumətlərarası Komissiyanın birinci iclası 2000-ci ildə Sofiya şəhərində, ikinci iclası 2004-cü ildə Bakı şəhərində, üçüncü iclası 2008-ci ildə Sofiya şəhərində keçirilməsi səbəbindən, növbəti dördüncü iclasın 2014-cü ildə Bakı şəhərində keçirilməsi üçün Səfirliyimiz tərəfindən hesabat ili ərzində müvafiq işlər görülmüşdür. Belə ki, tərəflərimiz arasında qarşılıqlı maraq kəsb edən və aktual məsələlərin müəyən edilməsi üçün Səfir E. Kərimovun Hökumətlərarası Komissiyanın Bolqarıstan tərəfindən həmsədri, sabiq BR Nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri cənab D.Papazov ilə, sabiq İqtisadiyyat və energetika naziri cənab D. Stoynevlə və həmin nazirliklərinin məsul əməkdaşları ilə bir sıra görüşləri keçirilmişdir. Həmçinin iclas zamanı imzalanması nəzərdə tutulan Protokolun mətni və iclasın keçirilməsi ilə bağlı protokol və texniki məsələlərin tərəflərimiz arasında razılışdırılması və həlli üçün Səfirlik tərəfindən müvafiq görüşlər, yazışmalar və danışıqlar aparılmış və nəticədə Hökumətlərarası Komissiyanın növbəti dördüncü iclasının 2014-cü ilin iyul ayında Bakı şəhərində keçirilməsi məsələsi tərəflərimiz arasında razılaşdırılmışdır. Lakin, Bolqarıstanda 2014-cü il iyul ayında hökumətin istefa verməsi və növbədənkənar Parlament seçkilərinin keçirilməsi ilə əlaqədar növbəti dördüncü iclasın Bakı şəhərində keçirilməsi 2015-ci ilə təxirə salınmışdır.

Azərbaycanla Bolqarıstan arasında 2014-cü ilin ilk 10 ayı ərzində təşkil etmiş ticarət dövriyyəsi:

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Bolqarıstan Respublikası ilə ticarət dövriyyəsinin həcmi 122 586.97 min ABŞ dolları, o cümlədən idxalın həcmi 61 478.71 min ABŞ dolları, ixracın həcmi 61 108.26 min ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 370.45 min ABŞ dolları olmuşdur.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi aşağı enmişdir. Bunu, aşağıdakı cədvəl üzrə müşahidə etmək mümkündür:

(əvvəlki ilin müvafiq dövrü ilə müqayisə olunmaqla, min ABŞ dolları ilə)



İllər

2013

(yanvar -oktyabr)

2014

(yanvar -oktyabr)

Ticarət dövriyyəsi

135 302.08

122 586.97

İxrac

118 932.64

61 108.26

İdxal

16 369.44

61 478.71


Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
http://customs.gov.az/files/201410.pdf
2014-cü ildə Azərbaycandan Bolqarıstana əsasən neft və neft məhsulları ixrac edilmiş, Bolqarıstandan Azərbaycana isə müəyyən cihazlar, kənd təsərrüfatı və əczaçılıq məhsulları ixrac edilmişdir.

Sahibkarlıq və biznes sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlər:

Hesabat ili ərzində Bolqarıstanın dövlət və biznes strukturlarının nümayəndələri ilə çoxsaylı görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin qoyulması və s. kimi məsələlər müzakirə edilmişdir. Həmçinin il ərzində Azərbaycanda biznes qurmaq arzusunda olan Bolqarıstanın iş adamları və ən iri şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilərək, onlar tərəfindən ölkəmizin iqtisadiyyatına sərmayələrin qoyulması və müvafiq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilmişdir. Bununla yanaşı, hesabat ili ərzində Bolqarıstanda bir qrup iş adamlarından ibarət Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatası yaradılmışdır və sözügedən Palatanın Azərbaycanda nümayəndəliyinin təsis edilməsi barədə ölkəmizə sorğu da göndərilmişdir. Bu məsələ hal-hazırda ölkəmiz tərəfindən baxılmaqdadır. Eyni zamanda sözügedən Palatanın tərkibində Bolqarıstanda fəaliyyət göstərən “Velomaniya” LTD şirkətinin rəhbəri, iş adamı Draqomir Kuzov, ölkəmizin İsmayıllı rayonunda tikilməsi nəzərdə tutulan velosiped istehsal edən zavoda sərmayələrin qoyulmasını həyata keçirəcəkdir. Bundan əlavə cari ilin iyul ayında Bolqarıstanda Bolqarıstan-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulurdu, lakin Bolqarıstanda 2014-cü il iyul ayında hökumətin istefa verməsi və növbədənkənar Parlament seçkilərinin keçirilməsi ilə əlaqədar bu forumun keçirilməsi 2015-ci ilə təxirə salınmışdır.



İqtisadi müzakirələrə dair keçirilmiş görüşlər:

Hesabat ili ərzində Səfir E. Kərimovun, BR Baş naziri Plamen Oreşarski, Əmək və sosial siyasət naziri Xasan Ademov, İqtisadiyyat və energetika naziri Draqomir Stoynev, Nəqliyyat və informasiya texnologiyaları naziri Danail Papazov, Kənd təsərrüfatı və ərzaq naziri Dimitar Qrekov, Ətraf mühit və su naziri xanım İskra Mixaylova, Bolqarıstanın Üzümçülük və şərabçılıq üzrə icraçı agentliyinin icraçı direktoru Krasimir Koev, “Bulqarqaz” və “Bulqartransqaz” şirkətlərinin rəhbərləri, BR XİN-in müvafiq idarələrin rəisləri ilə, Bolqarıstanın Ticarət və Sənaye Palatasının sədri T.Semionovla, habelə dövlət və özəl strukturlarının rəhbərləri və məsul əməkdaşları ilə görüşləri keçirilmişdir. Görüşlərdə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin imkanları ətraflı müzakirə edilmişdir.


Bundan əlavə Səfirlik tərəfindən hesabat ili ərzində aşağıdakı işlər görülmüşdür:


  • XİN-dən daxil olmuş müxtəlif təlimatlar və göstərişlər əsasında BR XİN və aidiyyəti dövlət və özəl qurumlarının rəhbərləri, habelə məsul əməkdaşları ilə müvafiq görüşlər keçirilmiş və keçirilmiş görüşlərin nəticələri barədə məlumatlar Mərkəzə göndərilmişdir;




  • Bolqarıstanın daxili və xarici iqtisadi siyasətinin izlənilməsi davam etdirilmiş və ölkədə baş vermiş mühüm iqtisadi hadisələr və yeniliklər barədə məlumatlar XİN-ə göndərilmişdir;




  • Bolqarıstanın regionlarının iqtisadi imkanlarının öyrənilməsi və Azərbaycanın müvafiq rayonları ilə ikitərəfli iqtisadi əlaqələrinin qurulması məsələsinin araşdırılması istiqamətində müəyyən işlər aparılmışdır. Belə ki, Azərbaycanın Gəncə şəhəri və Bolqarıstanın ikinci şəhəri olan Plovdiv, habelə Naxçıvan - Veliko Tırnovo və Qəbələ - Velinqrad şəhərləri arasında ikitərəfli iqtisadi əlaqələrin qurulması istiqamətində Səfirliyimiz tərəfindən müəyyən (görüşlər, yazışmalar və s.) işlər görülmüş və hal-hazırda həmin məsələlər tərəflərimiz arasında baxılmaqdadır;




  • Bolqarıstanın iqtisadi sahələrlə məşğul olan dövlət qurumları ilə işgüzar əlaqələr davam etdirilmiş, həmçinin BR-ın müvafiq nazirliklərinin nümayəndələri ilə keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, və turizm sahələrində əlaqələrin genişləndirilməsi, habelə bu yöndə qarşılıqlı səfərlərin təşkili məsələləri ətraflı müzakirə edilmiş və müəyyən nəticələr əldə edilmişdir;




  • Azərbaycanda iş əlaqələrini qurmaq arzusunda olan Bolqarıstanın iş adamları ilə, habelə ölkəmizin iqtisadiyyatına sərmayələrin qoyulması imkanlarının araşdırılması və qarşılıqlı biznes əlaqələrinin qurulması məqsədi ilə Azərbaycana maraq göstərən Bolqar şirkətlərinin nümayəndələri ilə müvafiq görüşlər keçirilmiş və qarşı tərəfə onları Azərbaycan haqqında maraqlandıran məlumatlarla bağlı materiallar təqdim edilmişdir;



  • Sofiya Dövlət Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə Azərbaycan dilini öyrənmək istəyən şəxslərə ölkəmizin iqtisadiyyatı və turizmi barədə məlumatlar verilmişdir.



  • Bolqarıstanın iqtisadi yönlü kütləvi informasiya vasitələrinin rəhbərləri və məsul əməkdaşları ilə müvafiq görüşlər keçirilmiş və onlara Azərbaycanın iqtisadiyyatı ilə bağlı məlumat və materiallar təqdim edilmişdir;




  • XİN-dən göndərilmiş Azərbaycanın iqtisadi göstəriciləri haqqında və digər iqtisadi yönlü materiallar Bolqarıstanın müxtəlif dövlət və özəl aidiyyəti qurumlarına göndərilmişdir;




  • Bolqarıstanda keçirilmiş iqtisadi tədbirlərdə, o cümlədən konfrans, forum və dəyirmi masalarda göndərilmiş dəvətnamalər əsasında Səfirliyimizin iştirakı təmin edilmişdir.



ASB, MİAV







3. HUMANİTAR MƏSƏLƏLƏR

3.1 İKİTƏRƏFLİ HUMANİTAR MƏSƏLƏLƏR


İkitərəfli qarşılıqlı səfərlər və görüşlər:

2014-cü hesabat ili ərzində Azərbaycanla Bolqarıstan arasında humanitar sahədə əsasən mədəniyyət, təhsil, elm, sosial siyasət və idman sahələri üzrə əlaqələrin genişlənməsi müşahidə olunmuşdur. Hesabat ili ərzində Səfirliyin fəaliyyəti nəticəsində bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir və müvafiq sənədlər imzalanmışdır; səfərlər ilə bağlı Səfirlik tərəfindən müvafiq görüşlər keçirilmiş, danışıqlar və yazışmalar aparılmış, təşkili məsələlər həll edilmişdir:

2014-cü il fevral ayının 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanmışdır.

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 20-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur. Universitetin rektoru professor Kamal Abdullayev rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, universitetdə "Bolqar dili" və "Bolqarşünaslıq" ixtisasları üzrə mütəxəssislər hazırlanır və 2007-ci ildən bəri beynəlxalq münasibətlər fakültəsində ikinci ixtisası bolqar dili olan 14 tələbə məzun olmuşdur. Professor K.Abdullayev Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili və Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetində olmağından məmnunluğunu ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar dilinin tədrisi ilə fəxr etdiyini vurğulamışdır. Görüşdə həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda təcrübə keçməsi barədə fikir mübadiləsi aparılmışdır.


2014-cü il fevral ayının 20-də Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetinin rektoru c-b Abel Məhərrəmov ilə Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko-Tırnovo Universitetinin rektoru c-b Plamen Leqkostup ilə görüşü keçirilmiş və iki ölkə arasında təhsil sahədə əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılmışdır. Bundan sonra tərəflər Bakı Dövlət Universiteti və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universiteti arasında Anlaşma Memorandumu imzalamışlar.

2014-cü il 14-15 aprel tarixlərində AR Energetika naziri c-b Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfəri zamanı BR Dağ-mədən sənayesi və geologiya Universitetinin rektoru Lyuben İvanov ilə görüşü əsnasında Bolqarıstanın Azərbaycanın  təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor, rəhbərlik etdiyi ali məktəblə ölkəmizin neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əlaqələrinin qurulmasında, həmçinin onların təcrübələrindən yararlanmaqda maraqlı və bu istiqamətdə danışıqların aparılmasına hazır olduğunu qeyd etmişdir. Ölkəmizin nümayəndə heyəti tərəfindən isə BR Dağ-mədən sənayesi və geologiya Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq əlaqələrinin qurulması təklif edilmişdir. Hal-hazırda bu istiqamətlər üzrə ölkəmiz tərəfindən müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il aprelin 27-də ölkəmizdə II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə dövlətimizdə səfərdə olan Bolqarıstan Respublikasının sabiq Prezidenti (1997-2002) Petar Stoyanovu qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulanmış, Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunun ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağı bildirilmişdir.
2014-cü il 22-24 may tarixlərində Plovdiv şəhərinin Kənd Təsərrüfatı Universitetinin rektoru xanım K.Yançevanın Bakı şəhərində keçirilmiş VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində K.Yançeva Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ilə görüşmüş və tərəflər Universitetlər arasında əməkdaşlıq haqqında Saziş imzalamışlar.

2014-ci ilin iyun ayında Bolqarıstanın paytaxtı Sofiyada ölkənin sabiq prezidentləri Jelyu Jelev (1990-1997) və Georgi Pırvanovla (2002-2012) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi Rövşən Muradovun görüşü keçirilmişdir. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə keçirilmiş Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti, qurumla Bolqarıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir. Jelyu Jelev və Georgi Pırvanov əməkdaşlığı genişləndirmək məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvlük dəvətini qəbul etmişlər.



2014-cü il avqustun 15-də Bolqarıstanın Varna şəhər İcra Hakimiyyətininin başçısı İvan Portnixin dəvətinə əsasən Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Varna şəhərində səfərdə olmuşlar. Səfər çərçivəsində nümayəndələrimiz Varna şəhərinin icra başçısı ilə görüşərək, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə haqqında ətraflı məlumat vermiş və Gəncə ilə Varna şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparmışlar.

2014-cü il oktyabr ayının 2-3 tarixlərində Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti, akademik Stefan Vodeniçarov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illər ərzində mövcud olduğu vurğulanaraq, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Akademik A.Əlizadə AMEA-nın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat vermişdir. S.Vodeniçarov da BEA-da akademik universitetlərin yaradılması istiqamətində işlər görülməsindən, elmi inkişaf etdirmək məqsədilə beynəlxalq qurumlarla müqavilələrin bağlanılmasından danışmıdır. Görüşdə əməkdaşlıq çərçivəsində gənc kadrların hazırlanması və növbəti səfərlərin birində tərəflər arasında müvafiq memorandumun imzalanması məsələsi də müzakirə olunmuşdur.

2014-cü il 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş Gənclər siyasəti üzrə birinci Qlobal Forumda iştirak etmək məqsədilə Bolqarıstanın gənclər və idman nazirinin müavini Kalin Kamenov ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində K.Kamenov Bakı Slavyan Universitetində (BSU) olmuş və Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanmışdır. Daha sonra nazir müavini Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyevlə  görüşmüşdür. Rektor BSU haqqında qonağa geniş məlumat verərək Bolqarıstan ali məktəbləri ilə Universitet arasında olan əməkdaşlıq əlaqələrindən, burada fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzindən, həmçinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adina Sofiya universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən danışmışdır.



2014-cü il 9-12 noyabr tarixlərində ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı xanım Aytəkin Hüseynova Bolqarıstanda səfərdə olmuşdur. Bolqarıstanlı tələbələrin ADA Universitetinə cəlb edilməsi və buna dair təqdimatların keçirilməsi məqsədilə Səfirliyimiz tərəfindən A.Hüseynovaya Bolqarıstanın bir çox orta və ali təhsil müəssisələrində görüşlər təşkil edilmiş, habelə təşkilati məsələlərdə kömək göstərilmişdir.

2014-cü il 24-28 noyabr tarixlərində Bolqarıstanda səfərdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərovun bu ölkənin Veliko Tırnovo şəhərinin İcra Hakimiyyətinin başçısı ilə görüşü keçirilmişdir. Görüşdə şəhərlər arasında qarşılıqlı əlaqələrin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.
İmzalanmış sənədlər və tərəflər arasında baxılmaqda olan sənəd layihələri;
Hesabat ili ərzində Azərbaycanla Bolqarıstan arasında aşağıdakı sənədlər imzalanmışdır:


  • 20 fevral 2014-cü il - Bakı şəhərində imzalanmışdır - Bakı Dövlət Universiteti və Müqəddəs Kiril və St. Metodiy adına Veliko Tırnovo Universiteti arasında Anlaşma Memorandumu

  • 23 may 2014-cü il - Bakı şəhərində imzalanmışdır – Azərbaycan Dövlət Aqrar Universiteti və Plovdiv Kənd Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş.


Həmçinin aşağıdakı sənədlərin layihələrinin tərəflərimiz arasında baxılması istiqamətində Səfirliyimiz tərəfindən müvafiq işlər görülmüşdür:


  • “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bolqarıstan Respublikası Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi;



  • “M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası və Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Saziş” layihəsi;



  • “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və Bolqarıstan Respublikası Dövlət Arxiv Agentliyi arasında arxiv işləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi;




  • “Azərbaycan Turizm İnstitutu və Asen Zlatarov adına Burqas Dövlət Universiteti arasında əməkdaşlıq və təhsil sahəsində əlaqələrin inkişafı haqqında Saziş” layihəsi.

Keçirilmiş görüşlər:
Hesabat ili ərzində Səfir E. Kərimovun Bolqarıstan Respublikasının Prezident Administrasiyasının Sosial siyasət, gənclər və idman məsələləri üzrə katibi xanım Deyana Kostadinova, Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Xasan Ademov, Sofiya Filarmoniyasının direktoru Yavor Dimitrov, Çernorizets Hrabar adına Varna Azad Universitetinin Prezidenti xanım Anna Nedyalkova, Sofiya İcra hakimiyyətinin başcısı xanım Yordanka Fandakova və onun müavini Mariya Boyadjiyska, Bolqarıstanın Xarici İşlər Naziri yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova, Bolqarıstan Diplomatik İnstitunun direktoru Tanya Mixaylova, Sofiya Universitetinin rektoru İvan İlçev, Vidin şəhərinin icra başçısı vəzifəsini müvəqqəti icra edən Dobromir Dilov və Vidin vilayətinin rəhbəri Krastyo Spasov, Varna şəhər İcra Hakimiyyətinin başçısı İvan Portnix, Velinqrad şəhər İcra Hakimiyyətinin başçısı İvan Lebanov, Veliko Tırnovo şəhər İcra Hakimiyyətinin başçısı Daniel Panov, Bolqarıstan Respublikasının sabiq Prezidenti (2002-2012) Georgi Pırvanov, Bolqarıstanın Baş naziri Plamen Oreşarski (05.2013-08.2014), Bolqarıstan Elmlər Akademiyasının prezidenti Stefan Vodeniçarov, habelə BR XİN-in müvafiq idarələrin rəhbərləri ilə və Bolqarıstanın dövlət və özəl qurumlarının rəhbərləri, həmçinin məsul əməkdaşları ilə görüşləri keçirilmişdir. Görüşlərdə humanitar sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları ətraflı müzakirə edilmişdir.

Keçirilmiş tədbirlər:

2014-cü hesabat ili ərzində Səfirliyimiz tərəfindən bir sıra mədəni tədbirlər keçirilmişdir:

2014-cü 30 yanvar tarixində Sofiya şəhərində Bolqarıstanın məşhur dirijoru, III Bakı Humanitar Forumun iştirakçısı Kiril Lambovun dirijorluğu ilə Sofiya simfonik orkestrinin ifasında Azərbaycan klasik musiqisinin konserti keçirilmişdir

“28 may – Respublika günü” münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın ən nüfuzlu “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə təqribən 400 nəfər qonaq iştirak etmiş və iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin, Xalq Məclisinin məsul işçiləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV-nin nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan tələbələrimiz, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olmuşlar. Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilmiş və ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmisini əks etdirən sənədli filmlər nümayiş etdirilmişdir. Bununla yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı müxtəlif məzmunlu ingilis və bolqar dillərində kitablar, jurnallar, broşuralar, həmçinin milli suvenirlər hədiyyə edilmişdir.

2014-cü il 31 oktyabr - 02 noyabr tarixlərində Azərbaycan Respublikasnın Yazıçılar İttifqının katibi, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Bolqarıstan - MDB ölkələri ilə Dostluq Federasiyasının rəhbəri Z.Zaharievin dəvəti əsasında Bolqarıstanda səfərdə olmuşdur. Səfər zamanı Bolqarıstanın Kitabxana Araşdırmaları və İnformasiya Texnologiyaları Universitetində bu ali təhsil müəssisəsinin rektoru c-b Stoyan Dençev tərəfindən c-b Ç.Abdullayevin adıçəkilən Universitetin fəxri doktoru (DOCTOR HONORIS CAUSA) adına layiq görülməsinə dair təntənəli tədbir mərasimi keçirilmişdir. Tədbirdə Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova, həmçinin BR Xarici İşlər və Mədəniyyət Nazirlərinin müavinləri, BR Prezident Aministrasiyasının məsul şəxsləri, Bolqarıstanda akkreditə olunan Səfirlər, Universitetlərin rektor və prorektorları və sair rəsmi şəxslər iştirak etmişlər.

2014-cü il noyabr ayının 06-da Səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanın Vidin şəhərində Azərbaycan klassik musiqisinin konserti keçirilmişdir. Konsertdə III Bakı Humanitar Forumunun iştirakçısı Kiril Lambovun dirijorluğu ilə Vidin simfonik orkestrinin ifasında Azərbaycan klassik musiqisi səslənərək, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri həmçinin, Kiril Lambovun “Laçın” improvizasiyası ifa edilmişdir. Bolqarıstanın Vidin Dövlət Filarmonik orkestrinin direktoru IV Bakı Humanitar Forumun iştirakçısı M.Krastev tamaşaçıları salamlayaraq Azərbaycan klassik musiqisinin Dunay çayının sahilində yerləşən Vidin şəhərində ilk dəfə səslənməsini yüksək qiymətləndirmişdir. “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Bolqarıstanın ölkəmizdəki keçmiş səfiri İvan Palçev xalqımıza məxsus qədim və zəngin mədəniyyət abidələrindən, mədəni dəyərlərdən, musiqi irsimizdən söz açmışdır. Tədbirin sonunda Səfir Emil Kərimov konsertin təşkilatçılarına təşəkkürünü bildirərək, iki ölkə arasındakı mövcud mədəni əlaqələrdən danışmış və bu əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan klassik musiqisinin Vidin şəhərində ifa edilməsini yüksək qiymətləndirmişdir.



2014-cü il noyabr ayının 26-da Səfirliyimiz tərəfindən Sofiyanın ən nüfuzlu “Şeraton” mehmanxanasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir. Qəbulda Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin, dövlət və özəl strukturlarının, siyasi partiyaların nümayəndələri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, tanınmış iş adamları, aparıcı KİV-in, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, bu ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak etmişlər. Qəbul Azərbaycanın və Bolqarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Qəbulda Səfir Emil Kərimov çıxış edərək tədbir iştirakçılarına Naxçıvan Muxtar Respublikasının tarixi barədə məlumat vermişdir. Bolqarıstanda səfərdə olan Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin rəhbəri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov ölkələrimiz arasında ənənəvi sıx dostluq əlaqələrindən danışmışdır. O, Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, o cümlədən dünyada ən qədim və gözəl şəhərlərindən biri olan Naxçıvan şəhəri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qəbulda qonaqlara Naxçıvan Muxtar Respublikasının mətbəxinin nümunələri təqdim edilmiş, Muxtar Respublika ilə bağlı video film nümayiş etdirilmiş, həmçinin Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilmişdir. Sonda qonaqlara Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş bolqar və ingilis dillərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş broşürlər, o cümlədən Muxtar Respublikaya aid digər nəşrlər və milli suvenirlər hədiyyə edilmişdir.

2014-cü il dekabr ayının 3-də Sofiyanın ən nüfuzlu “Şeraton” mehmanxanasında Səfirliyimizin və Bolqarıstanın Xarici İşlər Naziri yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, həmçinin Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatına dair tədbir keçirilmişdir. Təqdimat mərasimində Bolqarıstanın dövlət və hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, həmvətənlilərimiz iştirak ediblər. Bakı Dövlət Universitetinin kafedra müdiri, “İnkişaf” Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olduğunu və bu tarixi hadisənin ilk növbədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində baş verdiyini tədbir iştirakçılarına çatdırmışdır. Daha sonra R.İbrahimbəyova qonaqlara kəlağayının tarixi barədə ətraflı məlumat vermişdir. Sofiya Şəhəri İcra Hakimiyyəti başçısının müavini Mariya Boyadjiyska, Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova tədbiri bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olmasını yüksək dəyərləndirmişlər. Təqdimatda qonaqlara Azərbaycan kəlağayısı haqqında film nümayiş etdirilmiş, Azərbaycan kəlağayıları və Səfirliyimizin təşəbbüsü ilə bolqar və ingilis dillərində kəlağayı haqqında nəşr edilmiş broşürlər hədiyyə edilmişdir. Sonda xanım Rəna İbrahimbəyova qonaqlara kəlağayının naxışlanmasını nümayiş etmiş və tədbir iştirakçıları kəlağayının naxışlanması prosesində aktiv iştirak etmişlər. Təqdimat qonaqlar tərəfindən böyük maraq hissi ilə qarşılanmışdır.



Bundan əlavə Səfirlik tərəfindən hesabat ili ərzində aşağıdakı işlər görülmüşdür:


  • XİN-dən daxil olmuş müxtəlif təlimatlar və göstərişlər əsasında BR XİN və aidiyyəti dövlət və özəl qurumlarının rəhbərləri, habelə məsul əməkdaşları ilə müvafiq görüşlər keçirilmiş və keçirilmiş görüşlərin nəticələri barədə məlumatlar Mərkəzə göndərilmişdir;



  • Ölkələrimiz arasında idman sahəsində - xüsusən Bolqar məşqçilərinin və idmançılarının Azərbaycanın bədii gimnastika, ağır atletika və digər idman növləri üzrə yığma komandalarının tərkibində iştirakı ilə bağlı əlaqələr daha da genişlənmişdir. İdman sahəsi üzrə əlaqələrinin genişlənməsi istiqamətində tərəfimizdən qurum rəhbərlərinin qarşılıqlı səfərlərinin, növbəti görüşlərinin həyata keçirilməsi, eləcə də idman sahəsi üzrə qarşılıqlı olaraq nəzəri, praktiki təcrübələrin, birgə tədbirlərin keçirilməsi, ölkələrimizdə idmanın müxtəlif sahələrinin inkişafı üzrə məşqçilərin, idmançıların mübadilələrinin aparılması yönündə müvafiq işlər görülmüşdür;



  • Bolqarıstanın humanitar siyasəti diqqətlə izlənilmiş və bu sahədə baş vermiş mühüm hadisələr və yeniliklər barədə məlumatlar XİN-ə göndərilmişdir;



  • Bolqarıstanın humanitar sahələrdə məşğul olan dövlət və özəl qurumları ilə əlaqələr davam etdirilmiş, həmçinin BR-in müvafiq qurumlarının nümayəndələri ilə keçirilmiş qörüşlər zamanı ölkələrimiz arasında humanitar sahədə ikitərəfli əlaqələrinin genişləndirilməsi, həmçinin bu yöndə qarşılıqlı səfərlərin təşkili məsələləri ətraflı müzakirə edilmiş və müəyyən nəticələr əldə edilmişdir;



  • Azərbaycanla humanitar sahədə əlaqələrin qurulmasında marağlı olan Bolqar nümayəndələri ilə müvafiq görüşlər keçirilmiş və qarşı tərəfə onları Azərbaycan haqqında maraqlandıran məlumatlarla bağlı materiallar təqdim edilmişdir;



  • Bolqarıstanın humanitar yönlü kütləvi informasiya vasitələrinin rəhbərləri, habelə məsul əməkdaşları ilə müvafiq görüşlər keçirilmiş və onlara Azərbaycanın humanitar sahəsi ilə bağlı məlumat və materiallar təqdim edilmişdir;




  • XİN-dən göndərilmiş Azərbaycanın humanitar siyasəti haqqında materiallar Bolqarıstanın müxtəlif dövlət və özəl aidiyyəti qurumlarına göndərilmişdir.




  • Bolqarıstanda keçirilmiş humanitar tədbirlərdə, o cümlədən konfrans, forum və dəyirmi masalarda göndərilmiş dəvətnamalər əsasında Səfirliyimizin iştirakı təmin edilmişdir.


MİHİ, MHSİ, MYNS


Yüklə 144,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin