SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
  1   2   3   4   5   6   7   8   9   ...   34


 
SƏBUHİ ƏHMƏDOV 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN TARİXİNDƏN YÜZ  
ŞƏXSİYYƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Ayna Mətbu Evi” 
Bakı – 2006 


 
Tarix  elmləri  namizədi,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Azərbaycan  tarixi Muzeyinin heraldika şöbəsinin müdiri. Respublikanın daxilində 
və xaricində çap edilmiş 70-dən artıq elmi və elmi işlərin müəllifi. 
Əsas  əsərləri:  “Ağqoyunlu  qoşunları”  (2002-ci  il),  “Şirvanşahlar  
dövlətinin hərbi dəniz  donanması (IX-XIII əsrlər)” (2003-cü  il rus və Azərbaycan 
dillərində,  N.Əliyevlə  birlikdə),  “Azərbaycan  hərbi  tarixi  (ən  mühüm  hərbi-siyasi 
hadisələrin  xronoloji  xülasəsi)”,  (2004-cü    il,  rus  və  Azərbaycan  dillərində, 
N.Əliyevlə  birlikdə),  “Azərbaycanın  orta  əsr  silahları  (arxeoloji  materiallar 
əsasında)”,  (2005-ci  il  E.Cəfərov  ilə  birlikdə),  “Ak-Koyunlu-Osmanskaya  voyna 
(1472-1473  qodı)  (2006-cı  il,  Y.Ağayevlə  birlikdə)”  kitabları,  “Azərbaycan 
bayraqları” (2005-ci il, N.Vəlixanlı, Z.Dulayeva, R.Səfərova ilə birlikdə) kataloqu, 
“Azərbaycanın  hərbi  işi  tarixi  (I  cild)”    (2006-cı  il  M.Süleymanov,  Y.Ağayev, 
S.Məmmədovla  birlikdə) hərbi məktəblər üçün dərs vəsaiti. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Müəllifdən 
 
Azərbaycan  tarixində  yüzlərcə  parlaq  şəxsiyyət  olmuşdur.  Onların  hər 
birinin  həyatı,  yaradıcılıq  yolu  bugünkü  nəslə  örnək  ola  bilər.  Elə  bu  kitabı  da 
yazmaqda  məqsəd  vətənimizin  görkəmli  şəxsiyyətləri  barədə  danışmaq, 
Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından 
göstərməkdir. 
Topluya Azərbaycanın qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun 
və keşməkeşli yolda izlərini qoymuş şəxiyyətlər haqqında yığcam məlumatlar daxil 
edilmişdir.  Elə  şəxsiyyətlər  haqqında  ki  tarixi  hadisələrdə  bilavasitə  iştirak  edib-
etməmələrindən  asılı  olmayaraq  əməlləri  ilə  onların  gedişinə  təsir  göstərmişlər. 
Sultanlar və şahlar; üsyançılar və inqilabçılar; sərkərdələr və  məmurlar; rəssamlar 
və ailmlər; həkimlər və şairlər; fbəstəkarlar və xeyriyyəçilər - bu insanların oxucu 
qarşısında  canlandırılan  taleləri  Azərbaycanın  tarixini  əyani  surətdə  təsəvvür 
etməyə imkan verir. 
İşə  təzə  başladıqda  tərəfimizdən  topluya  adları  salınacaq  tarixi 
şəxsiyyətlərin  geniş  siyahısı  tərtib  edilmiş  və  bu  siyahıda  yüzlərcə  (!)  görkəmli 
şəxsiyyətimizin adları qeyd olunmuşdu. İş prosesində biz tez-tez unudulmaz alim, 
gözəl insan, professor Əkrəm Cəfərin bu sözlərini xatırlayırdıq: "İnsanın ata-anası 
olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim 
millət  kimə  deyərlər?  Öz  tarixini  bilməyən  millətlər  yetimdir.  Öz  dahilərindən, 
böyük  adamlarından  xəbərsiz  yaşayanlar  yetim  hesab  edilir.  Biz  elə  xalqıq  ki, 
böyük  dahilər,  dünya  miqyasında  şöhrət  tapan  adamlar  yetirmişik,  amma  başqa 
millətlər onlara sahib olmaq istəyiblər". 
Toplunun  məhdud  həcmi  bizə  siyahıya  adları  salınmış  bütün 
azərbaycanlılar  barədə  danışmaq  imkanı  vermədi.  Bu  səbəbdən  də  oxucunun 
diqqətinə təqdim edilən topluda 100 böyük azərbaycanlı haqqında məlumat vermək 
qərara  alındı.  Düzü,  ümumi  siyahıdan  100  nəfərin  adını  seçmək  çox  çətin  bir 
məsələ  idi.  Odur  ki  biz  müəyyən  bir  prinsiplə  hərəkət  etmək  qərarına  gəldik.  Bu 
prinsip dörd mühüm şərtə əsaslanırdı. 
Birinci  şərt.  Bizə  görə,  100  nəfər  sırasında  adı  dillər  əzbəri  olan 
şəxsiyyətlərlə yanaşı, bu və ya digər səbəbdən adları kölgədə qalmış, fəaliyyətləri 
əsasən mütəxəssislərə məlum olan şəxsiyyətlər də nəzərdən qaçırılmamalıdır. 
İkinci şərt. Topluya yalnız ömrünü başa vurmuş, həyat yolu tamamlanmış 
şəxslərin  adları  salınmalıdır.  Belə  ki,  yalnız  haqq  dünyasına  qovuşmuş  insanların 
həyat  yolunu  tam  nəzərdən  keçirmək,  tarixin  gedişində  onların  rolunu  və  yerini 
müəyyənləşdirmək mümkündür. 
Üçüncü şərt. Qeyd etdiyimiz kimi, məqsədimiz tarixi şəxsiyyətlərin həyat 
və yaradıcılığı prizmasından Azərbaycanın keçmişini göstərmək olmuşdur. Belə ki, 


 
topluya  adı  salınan  tarixi  şəxsiyyətlərimizi  xronoloji  ardıcıllıqla  verərkən  biz 
müəyyən tarixi dövrü əhatə etməyə çalışmışıq. Başqa sözlə desək, hər tarixi dövrə 
aid  1  -  2  dövlət  xadimi  və  ya  görkəmli  sərkərdə,  1  -  2  alim,  I  -2  mədəniyyət 
xadiminin  (yəni  hər  dövrdə  4  -  8  şəxsiyyət)  olması  əsas  götürülmüşdür.  Əlbəttə, 
riyaziyyat  qoxusu  gələn  bu  cür  yanaşma  bütün  şəxsiyyətlər  barəsində  danışmağa 
imkan verməmişdir. Məsələn, XIX əsrin sonu  - XX əsrin əvvəllərinin mədəniyyət 
xadimlərinin  siyahısı  tərtib  edilərkən  onların  sırasından  Həsən  bəy  Zərdabi  (ilk 
milli  qəzetimizin  naşiri)  və  Cəlil  Məmmədquluzadə  (təkcə  Azərbaycanda  deyil, 
Yaxın  və  Orta  Şərqdə  tanınan  və  sevilən  on  populyar  jurnalın  naşiri)  seçilmiş, 
ancaq bir çox digər görkəmli şəxsiyyətlərimiz siyahıdan kənarda qalmışdır. 
İş  prosesində  daha  bir  şərtə  -  dördüncü  şərtə  əməl  etmək  məcburiyyəti 
yaranmışdır.  Belə  ki,  bu  və  ya  digər  sahəni  təsvir  edərkən  eyni  vaxtda  fəaliyyət 
göstərmiş  onlarca  dahi  şəxsiyyətimizi  görürdük.  Məsələn,  XX  əsrin  20  -  30-cu 
illərinin  ədəbiyyatı  barədə  məlumat  vermək  lazım  gəldikdə  50-yə  yaxın  (!) 
görkəmli  adlandırıla  bilən  şəxsin  adları  üzə  çıxdı.  Onlardan  topluya  1  və  ya  2 
nəfəri  salmaq  məcburiyyəti  bu  şəxslər  sırasında  ən  birincilərin  və  ya  daha  çox 
yenilik  gətirənlərin  seçilməsinə  səbəb  oldu.  Nəticədə  onlarca  görkəmli 
şəxsiyyətimiz  topludan  kənarda  qaldı.  Ümid  edirik  ki,  bu  qəbildən  olan  növbəti 
kitabda bu topluya adları salınmamış insanlar barəsində məlumat vermək mümkün 
olacaq. 
100  nəfərin  siyahısı  tərtib  edildikdən  sonra  hər  bir  şəxs  barədə  olacaq 
oçerkin  forması  müəyyənləşdirilmişdir.  Forma  seçilərkən  kitabın  əsasən  orta 
məktəblərin son sinif şagirdlərinə ünvanlandığı nəzərə alınmışdır. 
Deyirlər ki, "tarix - böyük ustadın rəsm əsəridir". Yuxarıda sadaladığımız 
şərtlər nəticəsində  biz  bu rəsm  əsərinin təkcə  ayrı-ayrı fraqmentlərini verə  bildik. 
İnanmaq  istərdik  ki,  bu  fraqmentlər,  azacıq  da  olsa,  gənc  nəsildə  Azərbaycanın 
tarixi şəxsiyyətləri haqqında müəyyən təsəvvür yaradacaqdır. Yalnız öz keçmişini 
bilən,  onunla  fəxr  edən  insanlar  respublikada  aparılan  quruculuq  işlərini  milli 
zəmində  müvəffəqiyyətlə  başa  vurmağa  qadirdirlər.  Dahi  bəstəkar,  yazıçı, 
musiqişünas-alim Üzeyir Hacıbəyli hələ XX əsrin əvvəllərində demişdir: "Binanın 
son daşı heç vaxt bünövrə daşını inkar edə bilməz; etsə də, özü yuxarılarda dayana 
bilməz". 
 
S.Ə.Əhmədov 
 
 
 
 
 


 
Azərbaycan  ərazisində    yaranmış  ilk 
dövlət  Manna  dövləti  hesab  olunur.  Manna    bir 
dövlət  kimi e.ə. IX əsrdə formalaşmağa başlasa da  
onu 
mərkəzləşmiş 
dövlətə  çevirən  İranzu 
olmuşdur.  Ciddi  tədbirlər  və  keçirdiyi  islahatlar  
nəticəsində  İranzu  ölkədə  separatçılığın  qarşısını 
almış, daxili sabitliyi təmin etmiş, iqtisadi inkişafa 
təkan  vermiş,  güclü  ordu  yaratmış  və  bütün    bu 
tədbirlərin    öz  dövlətini  regionun  ən  qüdrətli 
dövlətlərindən  biriinə  çevirmişdir.  Onu  adı 
Azərbaycan 
tarixinə 
mərkəzləşmiş 
dövlər  
tərəfdarı olan siyasi xadim kimi yazılmışdır.  
 
İranzu 
      (e.ə.740-719) 
Azərbaycan  ərazisində  ilk  dövlətçilik 
ənənələri 
Urmiya 
gölü 
ətrafında 
yerləşən 
vilayətlərdə 
formalaşmağa 
başlamışdır. 
Bu 
vilayətlərə  qonşular  hələ  e.ə.  XIV  əsrdən  yürüşlər 
etmişlər.  İşğal  təhlükəsi  ilə  üzləşən  Urmiyaətrafı 
vilayətlər - Zamua, Gilzan, Allabria, Messi, Manna, 
Parsua,  Uişdiş,  Qızılbunda,  Andiya,  Zikertu, 
Sanqibudu  və  Puluadi  birləşmək  məcburiyyəti  qarşısında  qalmışlar.  Vahid  dövlət 
yaratmaq cəhdini ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-
ci  ildə  tayfa  başçısı  Nur-Adad  Zamua  vilayəti  daxilində  bütün  tayfaları 
birləşdirmişdir. Vahid dövlət "Manna dövləti" adını almışdır. 
Lullubey-kuti  tayfalarının  birindən  öz  adını  götürmüş  Manna  dövləti 
cənub-qərbdə  Assuriya  dövləti,  qərbdə  Urartu  dövləti,  cənubda  Zaqroelam 
qurumları və cənub-şərqdə Maday vilayəti ilə həmsərhəd olmuşdur. Hərbi cəhətdən 
daha  güclü  olan  Assuriya,  Urartu  və  Babilistan  Manna  üçün  böyük  təhlükə 
törədirdi. E.ə. IX əsrin 80-ci illərindən başlayaraq assur qoşunları, demək olar, hər 
il Mannanın vilayətlərinə yürüşlər təşkil edir, lakin güclü müqavimətlə üzləşirdi. 
E.ə.  IX  əsrin  sonlarından  başlayaraq  Manna  iki  cəbhədə  mübarizə 
aparmağa  məcbur olur: Assuriya qoşunları ilə bərabər, Mannaya Urartu qoşunları 
da  yürüşlər  edir.  Mannada  güclü  mərkəzi  hakimiyyətin  olmaması,  tayfa 
başçılarının  ədavəti  onlara  qarşı  mübarizəni  zəiflədirdi.  Müxtəlif  xarakterli 
istehkamları olan mannalılar düşmənə güclü zərbələr vururdular. 


 
Manna  çarları  öz  müstəqilliyini  qorumaq  və  ərazi  bütövlüyünü  təmin 
etmək  məqsədi  ilə  diplomatik  səylərini  də  davam  etdirirdilər.  Təxminən  e.ə.  VIII 
əsrin  40-cı  illərində  Manna  dövləti  Assuriya  ilə  müttəfiq  olub  Urartuya  qarşı 
müharibəyə başlamışdır. Bu yolla o nəinki öz müstəqilliyini saxlamış, hətta Urartu 
qoşunlarını işğal olunmuş torpaqlarından qovmuşdur. 
Manna  dövlətinin  on  qüdrətli  dövrü  çar  İranzunun  hakimiyyəti  illərinə 
təsadüf edir. İranzu hələ gənc yaşlanndan xarici düşmənlərlə toqquşmalarda iştirak 
etmiş, mahir döyüşçü və sərkərdə kimi özünü göstərmişdir. 
O  həmçinin  bir  sıra  qiyamçı  hakimlərin  öncə  çarına  qarşı  çıxışlarının 
şahidi  olmuş,  belə  çıxışların  yatırılmasında  iştirak  etmişdir.  E.ə.  740-cı  ildə  çar 
elan  edilən  İranzu  anlayırdı  ki,  ölkənin  mövcudluğuna  ən  böyük  təhlükə  ayrı-ayrı 
tayfa və vilayət başçılarının separatçılıq meyilləridir. Ölkədə olan pərakəndəlik nə 
iqtisadiyyatı  inkişaf  etdirməyə,  nə  də  düşmənə  qarşı  mübarizə  aparmağa  imkan 
verirdi. 
İranzu  separatçılığın  qarşısını  almaq  üçün  öncə  bütün  vilayətlərə  öz 
canişinlərini  başçı  qoyur.  Canişinlər  çarın  sadiq  məmurları  sırasından  təyin  edilir 
və  daim  mərkəzi  hakimiyyəti  dəstəkləyirdilər.  Canişinliklər  sisteminin  tətbiq 
edilməsi mərkəzləşmiş dövlət qurulması yolunda ilk addımlardan hesab olunur. 
Ölkədə sabitliyə nail olduqdan sonra İranzu iqtisadi əlaqələri gücləndirir, 
əkinçilik, maldarlıq, sənətkarlıq və ticarəti inkişaf etdirir. O, sadə xalqın həyatı ilə 
yaxından  tanış  idi  və  odur  ki  iqtisadi  tədbirləri  ilə  onların  güzəranını 
yaxşılaşdırmağa  çalışır.  Təsadüfi  deyil  ki,  Mannada  iqtisadiyyatın  bütün  sahələri 
sürətlə inkişaf edir. 
Mərkəzləşmiş  dövlət  aparatının  qurulması  savadlı  insanlara  olan  ehtiyacı 
artırırdı  və  odur  ki  İranzunun  hakimiyyəti  illərində  Manna  dövlətində  yüzlərcə 
məmur  hazırlanmışdı.  Qonşu  ərazilərdə  olduğu  kimi,  Mannada  mixi  yazılardan, 
bəzən də heroqliflərdən istifadə olunurdu. 
İqtisadi  inkişaf  sayəsində  dövlətin  gəlirlərini  artıran  İranzu  güclü  qoşun 
yaratmışdı.  Manna  çarı  İranzu  qoşunlarını  Assuriya  nümunəsi  əsasında  təşkil 
etmiş,  at  arabaları  və  piyada  dəstələri  tərtib  etmişdi.  Manna  dövlətinin  qoşunları 
ayrı-ayrı  vilayətlərdən  gətirilən  dəstələrdən  ibarət  idi.  Dəstələr  silah  növünə  görə 
deyil, hansı vilayətə  mənsub olduqlarına görə bölünürdülər; yəni bir dəstədə həm 
döyüş arabaları, həm süvarilər, həm də piyadalar olurdu. İranzu piyada dəstələrin 
əhəmiyyətini  artırmış,  onları  ağır  silahlanmış  və  yüngül  silahlanmış  dəstələrə 
bölmüşdü.  Lakin  daimi  qoşunların  olmaması  və  dövlətin  hərbi  qüvvəsinin  ərazi 
yığma  dəstələrindən  təşkili  müharibələri  qısamüddətli  edirdi:  döyüşçüləri  əkin 
sahələrinə qaytarmaq vacib idi. Bu amil həm də İranzunun bir sərkərdə kimi böyük 
insan tələfatına gətirən irimiqyaslı döyüşlərə girişməməsinin əsas səbəbi idi. İranzu 


 
əsasən sürətli reydlərdən ibarət əməliyyatlar keçirməyi və dayaq məntəqələri olan 
qalalar inşa edilməsini üstün tuturdu. 
Mərkəzi hakimiyyətin güclənməsi və iqtisadi inkişaf ölkə ərazisində şəhər 
və  qalaların  sayının  artmasına  səbəb  olurdu.  Dövlətin  paytaxtı  İzirtu  şəhəri 
regionun ən iri sənət və ticarət mərkəzlərindən sayılırdı və Mannanın hərbi-inzibati 
və siyasi mərkəzi idi. Hər belə yaşayış məntəqəsi çarın ayrı-ayrı vilayətlərdə dayaq 
məntəqəsi  olmaqla  yerli  hakimləri  nəzarət  altında  saxlamağa  və  xarici  düşmənə 
qarşı mübarizə aparmağa imkan verirdi. Artıq bu dövrdə od siqnalizasiyası sistemi 
yaradılmışdı:  düşmənin  yaxınlaşdığını  görən  sərhəd  qalasının  döyüşçüləri  hündür 
yerdə  tonqal  qalayır  və  ölkənin  dərinliklərində  olan  şəhər  və  qalaları  xəbərdar 
edirdilər. Qalalarda iri ərzaq və silah anbarları yaradılmışdı. 
Ölkənin hərbi və iqtisadi qüdrətinin artması İranzuya beynəlxalq siyasətə 
daha  fəal  qarışmağa  imkan  verirdi.  Dövlətlərarası  əlaqələri  qurarkən  İranzu  ilk 
növbədə  ölkəsinin  maraqlarını  üstün  tuturdu.  Assuriya  dövləti  ilə  dostluq 
münasibətləri  yaradan  İranzu  Mannanı  regionun  nüfuzlu  hərbi-siyasi  qüvvəsinə 
çevirmişdi.  Öz  hərbi  qüvvələri  və  Assuriyanın  müttəfiqlik  köməyinə  arxalanan 
İranzu  Urartu  ilə  müharibəyə  başlayır.  Qısa  müddət  ərzində  onun  qoşunları 
əvvəllər  Urartu  tərəfindən  zəbt  edilmiş  Urmiya  gölündən  qərbdə  və  şimalda 
yerləşən  torpaqları  geri  qaytarır.  İranzunun  əmri  ilə  burada  sərhəd  xətti  boyunca 
qalalar  inşa  olunur.  Şimal-şərq  istiqamətində  irəliləyən  Manna  qoşunları  Xəzər 
dənizinə  çatır  və  ona  "Günəş  batan  dəniz"  adını  verirlər.  Şimal  istiqamətində 
Manna döyüşçüləri Araz çayınadək irəliləyirlər. Qonşu dövlətlərlə toqquşmalardan 
qalib  çıxan  İranzu  dövlətinin  ərazisini  xeyli  genişləndirir.  Beləliklə,  Mannanın 
şimal sərhədləri Araz çayı, cənub sərhədləri Parsua vilayəti, cənub-şərq sərhədləri 
Midiya vilayəti, şərq sərhədləri Xəzər dənizinə çatır. 
İranzu  e.ə  718-ci  ildə  vəfat  edəndə  varisinə  güclü  dövlət  qoyub  gedir. 
Manna  dövləti  iqtisadi  və  mədəni  cəhətdən  yüksək  inkişaf  səviyyəsinə  çatmış, 
hərbi baxımdan möhtəşəm, qüdrətli dövlətə çevrilmişdi. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E.ə.  VII  əsrdən  başlayaraq  Azərbaycan 
ərazisinə  şimal  tərəfdən  kimmer,  skit,  sak 
tayfaları köçməyə başlmışlar. Onlar burada 
məskunlaşmış  və  yerli  əhaliyə  qaynayıb-
qarışmışlar. 
Bu 
zaman 
Şimali 
Azərbaycanda, 
Araz 
çayı 
sahilində 
massaget    tayfaları  yaşayırdı.  E.ə.VI  əsrdə 
İran Əhəməni dövlətinin başçısı II Kir  bu 
tayfaları  bu  tayfaları  tabe  etmək  məqsədi 
ilə  şimala  yürüş  edir.  Massagetlər    tayfa  
başçıları  Tomrisin  (bəzi  mənbələrdə  - 
Tomris)  başçılığı  ilə  inadlı  müqavimət 
göstərirlər.  E.ə.  530-cu  ildə  həlledici 
döyüşdə II  Kir  məğlub edilir və öldürülür. 
Azərbaycan 
tarixinə 
Tomris  ölkənin 
azadlığı 
uğrunda 
mübarizə 
aparan 
sərkərdə-qadın kimi daxil olmuşdur.
 
 
Tomris 
(e.ə. VI əsr) 
E.ə.  VII  əsrdən  etibarən  Şimali  Qafqaz,  Krım  yarımadası  və  Qara  dəniz 
sahillərində yaşayan qədim türkdilli xalqlar - kimmer, skit, saklar cənuba doğru köç etməyə 
başlayırlar.  Onların  böyük  qismi  Qafqaz  dağlarını  aşaraq  Azərbaycan  ərazisində 
məskunlaşır.
 
Azərbaycanın  şimal  və  qərb  rayonlarında  kimmerlər  məskən  salırlar.  Onlardan 
bizim  dövrümüzədək  Qımır,  Qımırlı,  Qəmərli,  Kəmərli  adları  ilə  tanınan  kəndlər  yadigar 
qalmışdır.
 
Sak  tayfaları  şimal-qərb  rayonlarında,  həmçinin  Kür  və  Arazın  qovuşduğu  yerdə 
və  Araz  çayından  Urmiya  gölünün  şimalınadək  uzanan  ərazilərdə  məskunlaşırlar.  Onların 
məskunlaşdığı  ərazilər  Balasakan,  yəni  "sak  düzü",  Sakatala,  yəni  "sak  otlağı"  (indiki 
Zaqatala), Sakasena, yəni "saklara bənzəyənlər" adları ilə tanınırdı.
 
Skit 
tayfa 
birlikləri 
əsasən  indiki  Cənubi  Azərbaycan  ərazilərində 
məskunlaşmışlar. Tədricən yerli əhali ilə qaynayıb-qarışmış tayfalar Azərbaycanı özləri üçün 
vətən  sanmış,  əzəldən  burada  yaşayan  əhali  ilə  bərabər  ölkəmizdə  quruculuq  işləri  ilə 
məşğul olmuş, ərazilərimizi düşmənlərdən qorumuşlar.
 


 
Kimmer, sak, skit tayfa birliklərinə onlarca ayrı-ayrı tayfalar daxil idi. Bu tayfalar 
arasında  sak  tayfa  birliyinin  tərkibində  olan  massagetlər  seçilirdilər.  Onlar  əsasən  Şimali 
Azərbaycanda - Araz çayı sahilində məskunlaşmışdılar.
 
E.ə.  V  əsrdə  yaşamış  qədim  yunan  tarixçisi  Herodot  "Tarix"  əsərində 
massagetlərin təsvirinə böyük yer ayırmışdır.
 
Massagetlər  köçəri  həyat  tərzi  sürür,  əsasən  maldarlıqla  məşğul  idilər.  Mal-qara, 
süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, 
məhsullarını  onlara  satır, özlərində  olmayan  məhsulları  isə onlardan  alırdılar.  Köçəri  həyat 
tərzi  sürmələrinə  baxmayaraq  sənətkarlıq  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı.  Massagetlər 
ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına 
görə  mərhumun  yanına  qab-qacaq,  silah,  bəzək  əşyaları  qoyurdular.  Ən  hörmətli  şəxslərin 
qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə
 
müxtəlif  bahalı  əşyalar  -  qızıl  və  gümüş  qab-qacaq,  daş-qaşlarla  bəzədilmiş 
bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu.
 
Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu, həmçinin 
qadınlar  və  yeniyetmələr  də  silah  işlətməyi  bacarırdılar.  Massagetlərin  ordusu  təkcə 
süvarilərdən ibarət idi.
 
E.ə.  VI  əsrin  40-cı  illərində  massagetlərin  tayfa  başçısı  vəfat  etmiş,  onun  oğlu 
kiçik  olduğundan  müvəqqəti  olaraq  tayfa  başçısı  vəzifəsinə  onun  həyat  yoldaşı  Tomris 
seçilmişdir. Massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olmuşdur.
 
İran  Əhəməni  dövlətinin  banisi  II  Kir  işğalçı  siyasət  yürüdərək  qısa  müddət 
ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdir. Yüz minlərlə 
döyüşçüsü  olan  Əhəməni  ordusunda  süvarilər,  piyadalar,  dəvə  süvari  dəstələri,  daşatan 
qurğular  da  var  idi.  Midiya,  Lidiya,  Babil  kimi  dövrün  möhtəşəm  dövlətlərinin 
mövcudluğuna  son  qoyan  II  Kir  dünyanın  hakimi  olmaq  fikrinə  düşmüşdü.  Qərbdə 
rəqiblərini məğlub etdikdən sonra o, şimala - Araz çayına doğru üz tutur. Onun fikri burada 
yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.
 
II  Kir  massagetlərin  başçısı  Tomrisə  məktub  yollayaraq  ondan  tabe  olmağı  tələb 
edir.  Məktubu  alan  Tomris  dərhal  tayfanın  ən  müdrik  və  təcrübəli  şəxslərindən  ibarət 
ağsaqqallar şurası çağırır və məktubu səsləndirir. Massagetlər ya II Kirin tələbini qəbul edib 
qul  olmalı,  ya  da  onun  tələbini  rədd  edib  ağır  müharibəyə  hazırlaşmalı  idilər.  Azadlıqsevər 
massagetlər ikinci yolu seçirlər - Tomris II Kirə rədd cavabı verir.
 
Rədd  cavabı  alan  II  Kir  bərk  qəzəblənir  və  böyük  ordu  ilə  şimala  doğru  yürüşə 
başlayır.  Qoşunlarının  başında  II  Kir  özü  dururdu,  o,  massagetləri  qırmaq,  onlann  qanını 
şəxsən axıtmaq istəyirdi. II Kirin orduları Arazı keçərək şimala doğru irəliləyirlər.
 
Massagetlərin  qoşunları  tədricən  geri  çəkilirlər.  Onlar  kəşfiyyatçılarından  düşmənin 
sayca  çox  üstün  olması  barədə  məlumat  almışdılar.  Ona  görə  də  massagetlər  geri  çəkilərək 
düşməni  sərhəddən  uzaqlaşdırmaq,  sonra  kəskin  zərbələrlə  onun  qüvvələrini  zəiflətmək  və 
 
nəhayət, son zərbə ilə düşməni tam  məhv  etmək qərarına gəlirlər. Massagetlərin ordusu üç 
hissəyə  bölünür:  birinci  hissə  Əhəməni  qoşununun  qarşısına  çıxır  və  onu  öz  ardınca  susuz, 
səhralıq  yerlərlə  aparır.  Bu  hissənin  başında  Tomrisin  oğlu  dayanırdı  və  o,  vaxtaşırı 
Əhəmənilərə  zərbələr  vuraraq  onlan  sanki  döyüşə  səsləyir  və  yenidən  geriyə  çəkilərək 
ölkənin dərinliklərinə aparırdı. Bu hissəni təqib edən II Kir elə zənn edirdi ki, onun önündə 

10 
 
bütün  massaget  ordusu  cəmləşib.  Əslində  isə  massagetlərin  əsas  qüvvələri  Əhəməni 
ordusunun  sağında  və  solunda  cəmləşmişdilər.  Əhəməni  qoşunu  sərhəddən  uzaqlaşdıqdan 
sonra massagetlərin bu qoşunları hücuma keçərək II Kirin ərzaq və su ehtiyatlarını məhv edir, 
onun öz ölkəsi ilə əlaqələrini tam kəsir.
 
Təhlükəni  başa  düşən  II  Kir  müharibəni  tezliklə  bitirmək  qərarına  gəlir.  Onun 
qoşunları irəli atılır və massaget ordusunun birinci hissəsinə çatır. Döyüş zamanı massaget 
döyüşçülərinin  əksəriyyəti  və  onların  başçıları  -  Tomrisin  oğlu  həlak  olur.  Lakin  onlar 
vəzifələrini  yerinə  yetirmişdilər:  düşmən  ordusu  öz  ölkəsindən  xeyli  uzaq  düşmüş  və 
mühasirəyə alınmışdı. Oğlunu itirmək Tomris üçün nə qədər ağır olsa da, o, ordusunda ruh 
düşkünlüyü yaranmaması üçün bunu biruzə verməməyə çalışır.
 
Massaget  qoşunları  II  Kirin  ordusunu  sağdan  və  soldan  dövrəyə  alır.  Geriyə 
qayıtmağa  çalışan  II  Kirin  ordusu  ilə  massagetlərin  arasında  ağır  döyüş  baş  verir. 
Massagetlər  torpaqlarını,  vətənlərini  qoruduqlarını  anladıqları  üçün  böyük  rəşadətlə 
vuruşurlar. Üstəlik, onlar həlak olmuş yoldaşlarının qisasını almağa can atırlar. İşğal məqsədi 
ilə  Azərbaycana  gəlmiş  Əhəməni  döyüşçüləri  isə  canlarını  xilas  edib  Arazı  keçməyə 
çalışırlar. Sayca az, lakin mənəvi baxımdan üstün olan, qələbə ruhu ilə yaşayan massagetlər 
qalib gəlirlər. Əhəməni qoşunları darmadağın edilir, II Kir öldürülür. 
Döyüşdən  sonra  Tomris  II  Kirin  cəsədini  tapdırır  və  onun  boynunu  vurdurur. 
Tomrisin  əmri  ilə  II  Kirin  kəsilmiş  başı  qanla  dolu  çuvala  atılır  və  bu  zaman  o,  məşhur 
kəlamını deyir: "Sən qan içməyə gəlirdin. Doyunca iç".
 
Tomris  və  onun  döyüşçüləri  böyük  qurbanlar  hesabına  olsa  da  torpaqlarını 
düşmən tapdağına vermirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

11 
 
E.ə. IV  əsrin 30-cu illərində  bütün Şərqdə 
yeni  fateh - Makedoniyalı İsgəndər güclü  ordu ilə 
Əhəməni İran dövlətinə  qarşı  hücuma   keçmiş və 
bir  neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı 
məğlubiyyətə  uğradaraq,  Şərqə  doğru  yürüşünü  
davam  etdirmişdir.  İsgəndər  qısa  müddət  ərzində 
Aralıq  dənizinin  Hind    çayına    qədər  ərazilərini 
zəbt    etmişdir.  Bütün  Şərq  hökmdarları  arasında 
təkcə  Atropat    adlı  şəxs  onunla  dil  tapa  bilmişdir. 
Vaxtilə 
Əhəmini 
qoşunları 
ilə 
birgə  
makedoniyalılara  qarşı  vuruşmasına  baxmayaraq, 
İsgəndər    onu  yerli  hakim  kimi  tanımış  və  onun 
iran  torpaqlarına,  indiki  Cənubi  Azərbaycan 
ərazisinə  toxunmamışdır.  Atropat    öz  torpaqlarını 
iqtisadi  və  mədəni  baxımdan  inkişaf    etdirmişdir. 
E.ə.  323-cü    ildə  İsgəndər  vəfat  edəndə  və  onun 
dövləti  parçalananda  Atropat  öz  dövləti  – 
Atropatenanın müstəqilliyini bəyan edir və tezliklə 
Atropatena regionun ən qüdrətli  dövlətinə çevrilir.  
Azərbaycan  tarixinə  Atropat  çətin  tarixi 
şəraitdə  müstəqillik  qazanmış  hökmdar  və 
mərkəzləşmiş  dövlət  tərəfdarı  olan  siyasi  xadim 
kimi daxil olmuşdur. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin