Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   55   56   57   58   59   60   61   62   63
Qafur Rəşad Mirzəzadə


316
Əsrimizin başlanğıcında milli hərəkatların başlanması həyatın bütün sahələrində
canlanma yaratdı. İctimai hadisələrin cərəyanını izlərkən istər-istəməz belə bir qənaət
hasil olur ki, xalqı milli dirçəliş hərəkatının sürətli gedişinə qoşmaq üçün qabaqcıl
ziyalılardan hər biri imkanı daxilində faydalı əməli işlə məşğul olmuş, həmvətənlərinin
tərəqqisinə müəyyən töhfə verməyə nail olmuşdur. Vətənə və xalqa xidmət etməyi
həyatının amalına çevirən ziyalılardan biri də Qafur Rəşad Mirzəzadədir. O, ictimai
fəaliyyət meydanına əsasən əsrin əvvəllərində gəlmişdir. Maarif və ədəbi hərəkata gec
qoşulmasına baxmayaraq, ədib qısa müddətdə özünü geniş eridusiyaya malik ictimai
xadim kimi tanıda bilmişdir. Onun publisistməqalələri, coğrafiya, riyaziyyat və ana
dilinin tədrisinə dair vəsaitləri xüsusilə ən uzun ömürlü uşaq jurnalı «Məktəb»in nəşri
sahəsində xidmətləri XX əsr Azərbaycan ədəbi və elmi ictimaiyyətinin diqqətini cəlb
etmişdir.
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ilin may ayının 6-da Şamaxı
şəhərində anadan olmuşdur.  1894-cü ildə şəhər məktəbin qoyulana qədər üç ilədək
molla məktəbində təhsil almışdır.  1901-ci ildə Şamaxı şəhər məktəbini bitirən Qafur
Bakıya gəlib III Aleksandrın adını daşıyan gimnaziyada N.Nərimanovun iştirak etdiyi
komissiyada imtahan verir və xalq maarifi sahəsində orta təhsillə ibtidai məktəbdə
müəllim işləmək hüququnu qazanır. Ali təhsil almaq Qafur Rəşada ancaq 20-ci illərdə
nəsib olmuşdur.
O, 1920-22-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunda təhsil alır, 1923-cü ildə isə
Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur,  1927-ci ildə
oranı bitirir. 1926-cı ildə ADU-da, 1929-cu ildə Zaqafqaziya Pambıqçılıq İnstitutunda,
1932-ci ildə Sənaye Akademiyasında, 1934-cü ildə isə Azərbaycan Sənaye İnstitutunda
fəaliyyət göstərən Q.Rəşad bütün qüvvə və bacarığını ilk növbədə ali təhsilli kadrların
hazırlanmasına sərf edir.
1943-cü ildə Şamaxıya ezam olunan Q.Rəşad orada xəstələnir, həmin ilin noyabr
ayının 26-da Bakıda vəfat edir.


317
Qafur Rəşad Mirzəzadənin bütün fəaliyyəti Azərbaycan xalqının mədəni
tərəqqisinə yardım göstərmək işinə həsr olunmuş, bu yolda o, bütün qüvvəsini sərf
etmiş: bir tərəfdən xalq müəllimi kimi çalışmış, o biri tərəfdən milli məktəblərin mütaliə
və dərs kitabları ilə təmin olunmasında zəhmətini əsirgəməmişdir. Bu mübarizədə onun
pedaqoqluq, jurnalistlik, metodistlik bacarığı üzə çıxmışdır.
Qafur Rəşad qüvvətli vətəndaşlıq hissinə malik ehtiraslı maarif və mətbuat
xadimi olmuşdur.
1908-ci ildə çap etdirdiyi ilk publisist əsəri «Ayineyi-millət»  («Oyanız
qardaşlar!») onun fəaliyyət məramnaməsi kimi qəbul oluna bilər. Azərbaycan həyatının
zəruri problemlərinə toxunan ədib əsərdə milli məktəblərin çoxalması, oğlan və qızların
elmə cəlb edilməsi kimi vacib məsələlərə toxunur, mətbuatın genişləndirilməsi ideyasını
birinci dərəcəli məsələ kimi irəli sürürdü.
Kitab:
«Düşmən bir olsa dəfi asandır eyləmək,
Vay ol zaman ki, yüz qoya hər bir kənardan» –
misraları ilə başlayır, əvvəldən axıra qədər cəhalət və nadanlığa qarşı mübarizənin
zəruri olduğunu təbliğ edir.
«Ayineyi-millət» əsəri ilə Qafur Rəşad Mirzəzadə özünü hərtərəfli inkişaf etmiş
ziyalı kimi təqdim edə bilmişdir. O, irəli sürdüyü müxtəlif məsələləri Şərq ədəbiyyatının
görkəmli nümayəndələri Firdovsi, Rumi, Xaqani, Nizami, Füzulidən gətirdiyi misallarla
əsaslandırır, beləliklə, onların təsir qüvvəsini daha da artırırdı.
Qafur Rəşadın «Ayineyi-millət» əsəri bir növ tarixi-coğrafi aspektdə yazılmışdır.
Burada dünya xalqlarının həyatında baş verən tarixi hadisəlrdən, həmin xalqların
mədəniyyətindən, adət-ənənələrindən danışılır və oxucuda müxtəlif ölkələr haqqında
tarixi-coğrafi təsəvvür yaradılır. Lakin bu məlumat sadəcə etnoqrafik səciyyə daşımır,
xüsusi məqsədə xidmət edir. Belə ki, ədib müxtəlif xalqların əzablı tərəqqi yolunu İslam
mövhumatının təzyiqi altında əzilən həmvətənlərinə trixi ibrət dərsi kimi təqdim edirdi.


318
Əsər boyu klassik və müasir şairlərin yaradıcılığından gətirilən sitatlar, poetik
nümunələr kitabın bədii təsirini gücləndirir, nəsrlə nəzmin, elmi təhlillə təhkiyənin
poetik vəhdəti əsəri daha da maraqlı edir, ona nəsihətamiz, didaktik xarakter aşılayır.
Ürəyi xalqın tərəqqisi hissi ilə vuran alimi xalq «dərd»i düşündürür. O,
həmvətənlərinə aşağıdakı şəkildə müraciət edir:
«Millətdaşlarım! Diqqət ediniz pişrovumuz (başçımız – V.Ə.) Seyyid-əd Səqlinin
məsləkinə! Diqqət ediniz də, zülam abad altına girib günəşi inkar edənlərdən həzər
ediniz; məşhur Fransa ədibi Viktor Hüqo «günəşi inkar etməyə korluq fəlsəfəsi
deyirlər» - diyor. Zəmanəmizə nəzəri tədqiq ilə diqqət edərək görərsiz ki, bu gün maarif
fövqəladə tərəqqi edibdir. Bu bir zamandır ki, bunun naminə 20-ci əsr diyorlar. Bu isə
ən müqtədir mühərrirlərin qələmlərindən, ən müəssir alimlərin nitqindən daha təsirlidir,
çünki «özünə tabe olmağa cümləni məcbur ediyor»…[1, 13-14]
Dünyagörüşü etibarilə maarifçi olan müəllif xalqın nicat yolunu elmdə görür. O,
əsərdə «mədəniyyətə çatmaq üçün elmə yiyələnmək lazımdır» fikrini təbliğ edir.
Bəşəriyyətin əldə etdiyi bütün nailiyyətləri elmin və alimlərin zəhmətinin məhsulu
hesab edir. Əsərdə müraciət edək:
«Yemək vücudun qidası olan kibi, elm və mərifət də ruhun qidasıdır. Vücud
qidasız yaşaya bilmədiyi kibi, ruh da qidasız yaşamaz…
İştə baxınız: Sədilər, İbn Sinalar, Namiq Kamallar, Əli bəylər, Viktor Hüqolar,
Jan Jak Russolar, Tolstoylar… məhbubi qulubi-arifin olmaqlarına ümdə səbəb elm
deyilmi, nədir?» [1, 31]
«Ayineyi-millət» Qafur Rəşadın mübarizə məramnaməsi idi. Ədib burada irəli
sürdüyü məsələləri həyata keçirmək üçün əməli fəaliyyətə başladı. Xalqın tərqqisinə
yardım edən müxtəlif sahələrdə işləməyə başladı.
Qafur Rəşadın xüsusi əhəmiyyət verdiyi və böyük zəhmət sərf etdiyi sahələrdən
biri məktəb dərsliyi yaratmaq idi. O, əsasən dilçilik, coğrafiya və hesab fənlərinə aid
dərslik
yazmaq
sahəsində
fəaliyyət
göstərmişdir.
Onun
«Rəhbəri-sərf»
(M.S.Axundovla),  «Hesab məsələləri»  (Ə.T.Əfəndizadə ilə),  «Qafqaz coğrafiyası»


319
dərslikləri ana dilində milli dərslik yaratmaq sahəsində müvəffəqiyyətli addım oldu. Bu
dərsliklər limin müxtəlif elm sahələrini yaxşı bildiyini nümayiş etdirməklə yanaşı, həm
də onun pedaqoji, xüsusilə tədris metodikası məsələlərinə yaxşı bələd olduğunu sübuta
yetirdi. Alim dərsliklər üzərində işini davam etdirərək onları ildən-ilə təkmilləşdirib hər
birini bir neçə dəfə nəşr etdirir.
Xalqına xidmət etmək arzusu ilə yaşayan Q.R.Mirzəzadə məktəblərdə dərs
deməklə yanaşı, demokratik mətbuat orqanlarında da çıxış edir, qabaqcıl ideyaları xalq
arasında yorulmadan təbliğ edirdi. Q.R.Mirzəzadə ictimai həyatın müxtəlif məsələlərinə
aid məqalələr çap etdirsə də, publisistika onun əsas yaradıcılıq laboratoriyası idi. XX
əsrin demokratik ictimai-siyasi publisistikasında Q.R.Mirzəzadənin öz dəsti-xətti var:
«Təzə həyat»,  «Nicat»,  «İqbal»,  «Azərbaycan» və s. mətbuat orqanlarında çıxış edən
Qafur Rəşadın məqalələrində xalqı maarifləndirmək məsələləri mühüm yer tuturdu. O,
yeni təlim və tərbiyə metodlarını təbliğ edir, təzə məktəblər açmaqla xalq kütləsini
savadlandırmaq ideyasını ehtiramla müdafiə edirdi. Q.R.Mirzəzadənin publisist
fəaliyyətində onun dərsliklərin keyfiyyətinə həsr olunmuş resenziyaları da maraqlıdır.
Bu baxımdan onun 1923-cü ildə «Maarif və mədəniyyət» məcmuəsində «Tənqidi və
biblioqrafiya» rubrikasında çap olunmuş «Təlim kitablarımız» adlı məqaləsinə diqqət
yetirək. Məqalədə həmin illərdə çap olunmuş dərsliklərdən, onların uğurlu və qüsurlu
cəhətlərindən danışılır. Təlim kitablarımızın azlığını nəzərə çarpdıran müəllif tənqidin
obyektiv olmasını tələb edərək Samət adlı bir yoldaşın onun «Coğrafiya»  (I hissə)
kitabını düzgün tənqid etmədiyini göstərir, həmin illərdəki təlim kitablarımızın düzgün
elmi-pedaqoji qiymətini verir. O yazır: «Təlim kitablarımız azdır, az-çox işlənənləri də
qüsurludur, burasını müəlliflərimiz danmayırlar. Fəqət mümkün olduqca bu ehtiyacların
rəfinə çalışmaq fəaliyyəti hiss olunur; beş il geriyə baxsaq, müvəffəqiyyətlərin əldə
edildiyini görərik» [2]
Q.R.Mirzəzadənin elmi bioqrafiyasında dilçilik və lüğətşünaslıq məsələləri
mühüm yer tutur. Alimin dilçiliyə aid iki əsəri var:  «Rəhbəri-sərf»  (1910,  1918),
«Təfsirli xalq lüğəti» (1921). «Rəhbəri sərf» (M.S.Axundovla) yuxarıda qeyd etdiyimiz


320
kimi, qrammatika dərsliyidir, XX əsrin əvvəlində Azərbaycan məktəblərində geniş
surətdə istifadə olunmuşdur.
Yeddi hissədən ibarət olan bu dərslik heç də öz metodiki dəyəri, tərtib prinsipləri
etibarilə bugünkü dil dərsliklərindən geri qalmır. Kitabda cümlə, onun tərifi, durğu
işarələri, səslər və hərflər, əlifba, vurğu, nitq hissələri, fel, onun zamanları, məsdər,
köməkçi nitq hissəsi olan ədat haqqında məlumat və bunları mənimsətmək üçün
mövzuya aid çalışmalar, tapşırıqlar verilmişdir.
Əsrin əvvəllərində mətbuat orqanlarında konkret mənası məlum olmayan sözlərə
tez-tez rast gəlmək olurdu. Bunların mənalarını xalqa asan yolla anlatmaq məqsədilə
Q.R.Mirzəzadə bir izahlı lüğət hazırlamağı zəruri saymışdı. Bu, «Təfsirli xalq lüğəti»
idi. Lüğətdə ölkələr, şəhərlər, xarici terminlər, qədim toponimlər haqqında izahlar
verilirdi. Elmi materialın zənginliyi və faktlar çoxluğu ilə seçilən bu əsər Azərbaycan
lüğətçiliyi tarixində mühüm yer tutur. Əsərdən bir ensiklopediya kimi uzun müddət
istifadə olunmuşdur.
Hələ gənclik illərindən Qafur Rəşad başa düşürdü ki, Vətənə gərəkli adam olmağı
arzulamaq azdır. Bunun üçün hərtərəfli biliyə malik olmaq, elmin müasir səviyyəsinə
yüksəlmək, rus dili və ədəbiyyatını, xarici dilləri öyrənmək lazımdır. Belə bir
hazırlıqdan sonra Vətənə fədakarlıqla xidmət etmək, onu irəliyə doğru inkişaf etdirmək
uğrunda mübarizə aparmaq olar. O, belə tərbiyə olunmuşdu. Onun bütün həyatı, qaynar
yaradıcılığı, hərtərəfli inkişafı alovlu bir vətənpərvərin fəaliyyətindən xəbər verir. O,
doğma ölkəsi haqqında şəxsi müşahidəsi sayəsində xeyli məlumat toplamış, sonralar
zəngin təəssüratlarını ümumiləşdirmiş, Qafqazın mövqeyi, suları, florası haqqında
biliyini sistemləşdirərək yüksək vətənpərvərliklə diyarın elmi tədqiqinə başlamışdır.
O, 1910-cu ildə ana dilində ilk dəfə olaraq «Qafqaz coğrafiyası» əsərini yazır…
Kitabda Qafqaz və onun dağları, bu ərazinin nohurları, gölləri, suları haqqında
coğrafi oçerklər verilmişdir.
Alimin «Coğrafiya»  (I qism) dərsliyi də öz elmi, metodiki səviyyəsi ilə dəyərli
əsərlərdən hesab olunur.  1920-ci ilin əvvəllərində Q.Rəşadın dərsliklər yazması,


321
dərsliklər tərtib etməsi xalqına, xalqın balalarına, ali və orta məktəblərin tələbə və
şagirdlərinə diqqətinin, qayğıkeşliyinin nəticəsi və sözün əsl mənasında bir pedaqoq-
alimin vətənpərvərliyi idi.
«Coğrafiya»  (I qism) dərsliyində Yerin tərkibi, Yer üzü, dağlar, zəlzələlər,
yarımadalar, dənizlər, körfəzlər, boğazlar, dənizlərin faunası, yağmur suları, nəbatat və
s. haqqında elmi məlumat verilir. Qafur Rəşadın coğrafiya dərsliklərindəki mövzulara
aid verdiyi şəkillər onların mükəmməl əyani vəsait olmasını göstərir.
«Ümumi coğrafiya» adlı ali məktəblər üçün nəzərdə tutulan dərsliyində
Q.R.Mirzəzadə başqa elmlər kimi coğrafiyanı da öyrənməyin həyati əhəmiyyətindən
danışır və xalqı bu fənni öyrənməyə çağıraraq yazır: «Coğrafiyanı öyrənməyin faydası
böyükdür. Yer insanın məskəni olduğuna görə, coğrafiyanı öyrənmək – Yeri öyrənmək
deməkdir. Bir adama evinin içini, məhəlləsini, küçələrini bilmək dəxi o dərəcədə
lazımdır. Buna görə də insanlar hər günkü işlərində coğrafiya bilmək lüzumunu hiss
edirlər» [3, 5]
Pedaqoji kamillik, elmi-nəzəri hazırlıq alimin coğrafiyaya aid bir sıra dəyərli
əsərlər yaratmasına zəmin yaradır. Onun «Qafqaz coğrafiyası»  (1910),    «Ümumi
coğrafiya»  (1912),  «Coğrafiya»  (II qism)  (1923),  «Azərbaycan coğrafiyası»  (1923),
«Coğrafiya» (III qism) (1924), «Coğrafiya» (IV qism) (1925) adlı əsərləri indi də elmi-
nəzəri səviyyə və ictimai əhəmiyyəti ilə diqqəti cəlb edir.
Q.R.Mirzəzadə ictimai xadim, publisist-demokrat, böyük vətənpərvər idi. O,
coğrafiyaya aid maraqlı məlumatlar yazıb, qeyd edirdi ki, Vətənin rifahı naminə ölkədə
məktəblər açmaq, ana dilində dərsliklər çap etmək lazımdır.
Əsrin əvvəllərində milli hərəkatların başlanması Azərbaycanda ictimai-siyasi və
mədəni həyatı canlandırdı. Mətbuat xalqın tələbatına çevrildi. «Dəbistan» (1906-1908),
«Rəhbər» (1906-1907) və «Məktəb» (1911-1920) jurnallarının meydana çıxması milli
uşaq mətbuatının inkişafında böyük rol oynadı.
«Məktəb» jurnalı 1911-ci il noyabrın 29-da Q.R.Mirzəzadənin naşirliyi və
redaktorluğu (Ə.T.Əfəndizadə ilə) ilə nəşrə başladı. Jurnal ilk nömrəsində öz istiqaməti


322
haqqında deyirdi: «Bu gün ən möhtac olduğumuz şeylərdən biri də uşaqlara məxsus bir
məcmuə olduğu şübhəsizdir. Bizim bu «Məktəb»i nəşr etməklə məqsədimiz məktəb
şagirdlərinin irəliləşmələrinə acizanə bir xidmətdir.
«Məktəb»i oxuyacaq şagirdlərin biliyi geniş bir dairədə olarsa, o vaxt biz
məqsədimizə yetişmiş oluruq».
Q.R.Mirzəzadənin həyat və yaradıcılığında ən görkəmli yeri redaktorluq
fəaliyyəti tutur. Azərbaycan jurnalistikası, redaktorluq sənəti öz görkəmli
nümayəndələri ilə seçilir. Zərdabi ənənəsini davam etdirən Q.Rəşad jurnalın məzmunlu
çıxması üçün əlindən gələni edirdi. Redaktorluğa ürəkdən yaradıcı iş kimi yanaşan
Qafur Rəşad jurnalın səhifələrində ədəbiyyatımızın görkəmli nümayəndələrinin
əsərlərinin, lətifələr, atalar sözləri və məsəllər, təmsillər, öyüd və nəsihətlər dərc
olunmasına xüsusi diqqət yetirirdi.
Ədəbi-pedaqoji «Məktəb» jurnalı Q.R.Mirzəzadənin redaktorluq ustalığı
sayəsində rus və dünya ədəbiyyatına geniş fer verir, ədəbi əlaqələrin inkişafında bədii
tərcümənin rolunu əsasən düzgün qiymətləndirirdi.
Jurnalda Tolstoy, Pleşşeyev, Baransoviç, Belausov, Qoqol, Krılov, Çexov,
Turgenev, Jukovski, Puşkin, Kuprin kimi rus ədəbiyyatı, həmçinin Şərq və Qərb
ədəbiyyatı nümayəndələrindən tərcümələr, təbdil və iqtibaslar çap olunurdu.
Azərbaycan mətbuatı tarixində ədəbi-bədii tərcümə ilə ardıcıl məşğul olan ziyalı
kimi tanınan Qafur Rəşad bir tərəfdən etdiyi tərcümələri redaktor olduğu «Məktəb»
jurnalında çap etdirir, digər tərəfdən kitab şəklində buraxdırırdı.
Qafur Rəşadın «Dəbistan» (1907, №8) jurnalında çap olunan «Kimyagərlər» adlı
tərcüməsi rus ədəbiyyatından verilmiş müəllifsiz hekayədir. Hekayədə rus xalqının
adət-ənənəsi qələmə alınmışdır.
«Q.R.» imzası ilə çap olunan «Kimyagərlər» adlı hekayəsi, Tolstoydan
tərcümələri Qafur Rəşadın tərcüməyə yüksək qiymət verməsini təsdiq edir.
«Məktəb» jurnalı «Tərcümeyi-hal» başlığı altında görkəmli adamlar haqqında
yazılar verirdi. Bu yazılar uşaqların bilik səviyyəsinə uyğun gəlirdi. Jurnalın 1915-ci il


323
2-ci nömrəsindəki Şahbələddin Mərcani haqqındakı oçerki Q.R.Mirzəzadə yazmışdı.
Növbəti nömrədə (1915,  №3) IX əsrin II yarısında yaşamış ərəb filosofu Fərabi
haqqında tərcümeyi-hal oçerkinin müəllifi də Qafur Rəşad idi.
«Məktəb» uşaq jurnalı «Tərcümeyi-hal» materialları çap etməklə şagirdlərin
dünyagörüşünün zənginləşməsinə kömək göstərirdi. Azərbaycan və dünya elm və
mədəniyyət xadimləri haqqında yazılar həmin şəxsiyyətlərin həyat və yaradıcılığını
araşdırmaq üçün hazırda qiymətli mənbədir.
«Məktəb» uşaq jurnalı Azərbaycan pedaqoji fikrinin inkişafına təsir göstərdiyi
kimi, Azərbaycan ədəbi əlaqələrinin, bədii tərcümənin inkişafında da tarixi rol
oynamışdır.
Qafur Rəşadın özünəməxsus tərcümə prinsipləri var idi. Mütərcim öz bədii zövqü
və dünyagörüşünə, həmin dövr uşaqlarının yaş səviyyəsinə, psixologiyasına uyğun
gələn əsərləri tərcümə edirdi. L.Tolstoy əsərlərinin Azərbaycan uşaq bədii nəsrinin
inkişafına kömək edəcəyini nəzərə alaraq «Məktəb» jurnalında ona bütün ədiblərdə çox
yer verilmişdir.
Q.Rəşadın «Bir-birinə məhəbbət ediniz», «İnsana çoxmu yer lazımdır?», Barmaq
boylu uşaq«, «İnsanlar nə ilə yaşayırlar?», «Qəryədə», «Üç sual», «Baha oturur» və s.
tərcümələri çap olunmuşdur. «Qəryədə» uşaq hekayəsində ictimai haqsızlıq dünyasının
əzabları,  «İnsana çoxmu yer lazımdır?» hekayəsində insanın tamahkarlıq kimi mənfi
xüsusiyyəti pislənirdi. Q.Rəşad tərcümələrə orijinalda olmayan əlavlər edir, Tolstoy
əsərlərinin məzmun və ruhunu saxlamağa çalışırdı. Qeyd edək ki, əlavələrin əsərin
Azərbaycan dili və bədii təfəkkürünə müvafiq oması, əsərin ideyasının tərcümə zamanı
müasir səslənməsinə təsir göstərirdi.
Azərbaycan uşaq ədəbiyyatının inkişafında ədəbi əlaqələrin rolu böyükdür.
Burada Tolstoydan edilən tərcümələrin də öz xidməti var. Tolstoy əsərləri bir tərəfdən
uşaqların əqli, əxlaqi tərbiyəsinə kömək göstərirdisə, digər tərəfdən milli ədəbiyyatın
inkişafına təsir göstərirdi. Məhz bu cəhətlərə görə başqa professional tərcümələr kimi
Q.Rəşad da tərcüməyə siyasi və mədəni iş kimi baxırdı.


324
Onun tərcümələrini vərəqlədikcə orijinala sadiqliyin şahidi oluruq. Lakin bu
sadiqlikdə bədiilik itmir, çevrilmiş nümunə orijinal əsər təsiri bağışlayır. Mütərcimin
Tolstoydan tərcümə etdiyi «Barmaq boylu uşaq» hekayəsinə müraciət edək.
Tərcümədə:
«Bir fəqir kişinin yeddi oğlu vardı. Bunlar hamısı balaca idi. Ən balacası anadan
olanda barmaq boylu olduğu üçün onun adını Barmaq boylu uşaq qoymuşdular. Barmaq
boylu uşaq balaca olduğu halda, çox hiyləgər idi»  (Q.Rəşad.  «Barmaq boylu uşaq».
Məktəbdə və evdə oxumaq üçün asan dildə yazılmış bir hekayə, I çap, Bakı,  1911,
səh.1),
Orijinalda:
«U odnoqo bednoqo çeloveka bılo semero detey malğ mala menğşe. Samıy
menğşoy bılğ tak malğ çto koqda on rodilğsə, on bıl ne bolğşe palğüa i ottoqo eqo zvali
malğçik s palğçik» [4, 7].
Mütərcim bədii məzmunu hər sözün, abzasın tərcüməsində deyil, ümumi mətnin
tərcüməsində saxlamışdır. Göstərilən nümunələrin müqayisəsində ğbir cümlə orijinalda
yoxdur: «Barmaq boylu uşaq balaca olduğu halda çox hiyləgər idi». Bu məzmuna xələl
gətirmir, əksinə əsərin bədiiliyini daha da artırır.
Tolstoyun bu hekayəsində, daha doğrusu bu nağılda yoxsul kəndlinin həyatı
realist planda təsvir olunur. Valideynlər aclıq zamanı öz övladdarını meşəyə göndərirlər.
Ehtiyac onları məcbur edir ki, uşaqlarını meşədə azdırsınlar, qazaqdıqları pula özlərinə
bir şey alsınlar. Tolstoyun «barmaq boylusu» adamyeyənin bütün var dövlətini deyil, öz
ailəsini məhrumiyyətdən xilas etmək üçün qızılı və yeddi verstlik çəkmələri götürür.
Rus xalq nağılı «Barmaq boylu uşaq və adamyeyən» əsasında yazılmış «Barmaq
boylu uşaq» hekayəsinin tərcüməsində mütərcim nağıl kolaritini saxlamışdır.
Bu müvəffəqiyyəti Qafur Rəşadın Tolstoydan etdiyi digər tərcümələr haqqında da
demək olar.  «İnsanlar nə ilə yaşayırlar» hekayəsinin tərcüməsində mütərcim əsasən
orijinala sadiq qalmışdır.  «Allahın əmri ilə göylərdən yerə gələn mələk Mikayıl «yer
üüzündə insanlar nə ilə yaşayırlar» sualına cavab tapır»: - «Məhəbbətlə». İnsanların


325
həyatının əsası, onlar arasındakı ünsiyyətə səbəb məhəbbətdir. Hekayə maraqlı süjet
xəttinə malikdir. Tərcümədə bu xüsusiyyət öz həllini tapmışdır. Hekayə 1912-ci ildə
Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur. Həmin hekayə uşaqların əxlaqi-
mənəvi inkişafına, psixoloji tərbiyəsinə xeyirxah təsir göstərən bir əsərdir.
Q.R.Mirzəzadənin 1913-cü ildə nəşr olunmuş «Dövlətli sərçə və dişli siçan» əsəri
də diqqəti cəlb edir. Əsər 1916-cı ildə təkrar nəşr olunmuşdur. Bu hekayə də Q.Rəşadın
nəsr yaradıcılığının əsasən bədii tərcümədən ibarət olmasına əsas verir. Kitabçada
tərcümə haqqında heç bir qeyd yoxdur. Hekayə orijinal əsər kimi verilmişdir.
Müəllif hekayə ilə demək istəyib ki, yoldaşlıq etdikdə heç vaxt yoldaşın payına
göz dikmək lazım deyil.
Qafur Rəşad geniş elmi erudisiyaya malik mahir pedaqaoq, həm də poetik
istedada malik şəxsiyyət olmuşdur.  «Ayineyi-millət» haqqında da müəyyən məlumat
verdik. Əsər Q.Rəşad yaradıcılığı, habelə milli publisistikamızı araşdırmaq üçün bu gün
də əhəmiyyətlidir.
XX əsr Azərbaycan coğrafiyaşünaslıq elmi, publisistikası, dövri uşaq mətbuatı,
ədəbi əlaqələr və bədii tərcümənin, bir çox başqa fəaliyyət sahələrinin təşəkkülü və
inkişafında böyük xidmətləri olan Qafur Rəşad Mirzəzadənin həyat yoluna nəzər
saldıqda görürük ki, o, nəinki coğrafiyaşünas, redaktor, tərcüməçi, hesab və dil
məsələləlri ilə maraqlanan, publisist, pedaqoq, həmçinin səmimi duyğularla yaşayan
mübariz insan olmuşdur.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin