Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011


Ol qəmzə ki, bağrım oldu əfgar ondan



Yüklə 1,75 Mb.
səhifə3/12
tarix01.12.2016
ölçüsü1,75 Mb.
#533
1   2   3   4   5   6   7   8   9   ...   12

Ol qəmzə ki, bağrım oldu əfgar ondan,


Hər ləhzə ərər zəifü bimar ondan,

Lə’lin ki ərər, xəstə könül zar ondan,

Neylək ki, sana var ərmiş azar ondan,

* * *

Ol şux ki, bir dəm mana həmdəm olmaz,


Zəxm ursa dəxi vəslinə mərhəm olmaz,

Eşqində könül nəsibi cüz qəm olmaz,

Könül götürə desəm, könül həm olmaz.

* * *

Ey çərxi-cəfagər, nə sitəmlər qıldın?


Canımı nişaneyi-ələmlər qıldın,

Mühlik nəbsim odun aləmlər qıldın,

Üzrünü necə qovum, kərəmlər qıldın?

* * *

Ağlama, ey göz kim, ol sərvi-səmənbər gələcək,


Köyməgil, ey can ki, ol xurşidi-ənvər gələcək,

Ey könül, bimarlıqdan qəm yemə kim, başına

Bir Məsiha tək hədisi-ruhpərvər gələcək.

* * *

Əşki-tufanı əgər cismim götürdü köyündən,


Ah kim, ta göz yumub açdım çıxardı köyündən,

Yox ki, sürdü köyündən ol sel mən avarəsin,



Nəxli-ümidim, nihalın həm qopardı köyündən.

RİSALƏ
(qisa ixtisarla)
Pak və bülənd tanrı bu pəs bəndəsinin sultanlığı zamanında bir neçə kişiyə xoşbəxtlik bəxş edibdir və bu fəqir isə məclisində onların hüzurunu yuxarı tu­tubdur. Oların varlığından isə bu dövr əhli-zamanlardan yuxarı və bu zaman bü­tün dö­vr­lərdən artıq olub, bunun özü həm çox şükürlər etməyə əsasdır, vəli on­dan sözləyi­ci­nin dili laldır və qələm dili şikəstəhaldır. Onların ən elmlisi və əf­zə­li elm dənzinin pak dürrü, vəlilik fələklərinin şö’lə saçan günu, qoşqu gövhər­lə­ri­nin düzüm yiyəsi həzrəti şeyxülislam Mövlana Əbdürrəhman Camidir (qoy Al­lah-təala ona sağlıq ver­sin və sax­la­sın!). Bərklik və fırlanış məkanında yüz min göz ilə aləm əhlinə seyr edən bu qədimi bünyadlı fələyin gö­zünə bunun ki­mi nadir fikir-xəyallı rast gəlməmişdir. Ca­hanın başına fırlanan aləmi gör­kə­­zən günəşin, bəlkə də fə­lək­ləri fırlanan günəşin şö’ləsi hərgiz onun tək taysızın üs­tünə düşəmişdir. Qoşqu gövhərlərindən cahan sədəfi qiymətba­halı dürdən dol­du, qissə ləllərindən atlas fələklərə zinət və bəzək verildi. Dürlü elmlərdəki əsər­ləri sansız və hər əsə­rində mə’na xəzinələri hüdudsuzdur.
Şeir

Çü mizan təbi olub gənc sənc, 

Ona bir tərəzi gəlib pənc gənc.

Ki heyran qalıb, nəzm qılan çağı,

Ona yox ki Xosrov, Nizami dəxi.
Qəzəlləri coşdurucu, beytləri çox bədiidir. Pak və bülənd tanrı çox illər onun yol görkəziçilik sayəsini davamlı, bu davamlı döv­lə­tə isə onun tək dövlət­lini həmişəlik tutsun. Qoşqu düzücülərdən bədii dillilik övcünün Süheyl ulduzu o­la bilən başqa kişilər də var [ki,] qoşqu dastanının bədii­liyində, düzümünün bərkliyinin bəyanı ilə əhəmiyyətlidir. Onlar tək fələk üz verən deyildir. Hazır həm heç yerdə onlar tək kişi görünən deyildir. Heratda (Al­lah-­təala onu afət­lər­dən qorusun!) və onun ətrafında könlə gəlişinə görə, şöy­lə də sözləri doğru və xə­bərli kişilərin arzumuza yetiriş­lə­ri­nə görə, işləri – mə’na dür­lərini düzüm çı­zığına çəkmək və diqqət gövhər­lərinə vəzn libasının zinət və bə­zəyini verən təx­minən minə yaxın kişi var. Heç bir dövrdə elin minindən onu və heç vaxt yüzündən bi­ri bun­lar tək olmamışdır. Bu adı bəyan edilənlər və vəsfi yazı­lan­­lar farsca qoşqu düzüş məclisində bəzm quran və farsca yazış dənizi­nə tanışlıq görkəzən kişilərdir. Əmma bu günə qədər heç ki­şi mə’na qızlarına tür­ka­nə libas geydirən deyildir və ol na­zəninləri bu ziba xələt ilə görünüşə gör­kəz­məyə gətirən deyildir, həm də bu müşk ətirli rə’na gözəllər pünhanlıq öy­lə­rinin tə­biətində çılpaqlıq­dan yana örtüklü qalandırlar. Bu huri şəkilli gözəllər hüllə­sizlik­dən yana naz cilvəsini edə bil­məmişlər. Bu bəxtiyar zamanda və bu müba­rək dövrdə bu natəvan olan mənim bayrı el-gü­nümdən və sadə xalqımdan qul­luq qatarından gögəl­daşlıq (süd qardaşı – R.Ə.) dərəcəsinə yetən, xidmət ediş yörəlgəsindən söhbətdəşlik sərmayəsini kəsb edən, hərəm kəbutəri tək xəlvət pərdəxanasında məhrəm o­lan, şərab ördəyi tək gecə söhbətində həmdəm olan, haq sözü deməkdən çəkinməyən Nəvai təxəllüsü ilə məşhur və şeir­lərində bu tə­xəllüsü yazan Mir Əlişir (Allah-təala şan-şöh­rə­tini artır­sın!) türki dilin ölən cə­sədinə İsa dəmi ilə ruh verdi. Şol ruh ta­panlara türki yörəlgəli sözlərin tarla­rın­dan və ipək­lərindən toxu­nan hüllələri və qiymətbahalı xələtləri gey­dir­di. Söz gü­lüstanında növbahar qəlbindən axıb gələn yağıntı­lar ilə rəngbərəng güllər aç­dı. Qoşqu dənizinə fikir buludundan ruhlandırıcı damcılar ilə dürlü-dürlü dürlər saç­dı. Hər sinif şeir meydanında at çapdırsa, ol yur­dı dil qı­lıncı ilə öz əli­nə ke­çirdi. Onun nəzminin-qoşqusunun vəsfində dil kəltə və bəyan acizdir. Onun şu göstərilən mə’nadakı məsnəvilərindən bir neçə beyt könlə gəlir. Ol şudur:

Məsnəvi
Mən ol mən ki, ta türk bidadıdır,

Bu dil birlə ta nəzm bünyadıdır.
Fələk görmədi mən kimi nadiri,

Nizami kimi nəzm ara qadiri.
Nə nəzmidir ərsəm məni dərdnak

Ki, hər ləfzi ola onun dürrü pak.
Xuda yetirər anca surət mana,

Ki olmaz bitirəm fürsət mana.
Bu meydanda Firdövsi ol gərd ərər

Ki, gər gəlsə Rüstəm cəvabın verər.
Rəqəm qıldı fərxundə «Şahnamə»yə

Ki, sındı cəvabında hər həmayə.
Müsəlləm durar guya ki bu işi

Ki, müriz gəlməz durar hər kişi.
Dedi öz dili birlə ol kani-gənc

«Ki, si sal bordəm bə «Şahnamə» rənc».
Onu derə olsa haçan rəğbətim,

Ərər anca haq lütfündən qüvvətim.
Ki gər neçə təb kəfil olsa saray,

Bitirər mən otuz ilin otuz ay.
Əgər xas məna gər eyham ərər,

Onun gündə yüz beyti həlvam ərər.
Nə «Şahnamə» kim, «Xəmsə»yə ursam əl,

Onun pəncəsi sarı yetirsəm əl,
Ümidim bu kim, eyləbən fəthi-bab,

Qolum verəm ol pəncəmə dəxi tab.
Otuz ilə onu nizam demiş,

Qaşımda ərər iki-üç illik iş.
Haçan onu der, bəzmi düzər mən,

Deməyi xəlayıqə görkəzər mən.
Bu beytlər onun qəlbindan baş urub çıxan vaxtlarında il­k baş­da el qaşında şairanə laf urmalar və öygülü yanramalar olub görü­nərdi. Həqiqətdən də, ol bu bəxtiyar fürsətdə və bu gün-gündən artan dövlətdə «Xəmsə»nin pəncəsinə əl ur­du və onu qutarmağa ix­las-təala etdi. Şeyx Nizami qoşquçu xəlayiqin ustadı ol­sa da, öz «Xəmsə»sini bəlli olduğuna görə, otuz ildə tamamlayıbdır. «Xəm­sə»­nin beytlərinin sayını otuz mindən on səkiz minə qədər qısal­dıb düzən Mir Xosrov (Dəhləvi – R.Ə.) isə məşhur oluşuna görə, altı-yeddi ildə qurtarıbdır. Bu bədiilik meydanının yenilməz batırı, süxənvərlik cəngəlinin şiri isə çox əf­sanələrə – ərtəki – hekayələrə könül çəkici təf­sirlər və könlə ya­tan düzəlişlər ver­məyinə baxma­dan, bünyadının başlanğıcın­dan axırına qədər hamana iki il­dən ötmədi. Deyilən vaxtlar hesaba girsə, altı aya yetmədi demək müm­kündür. Onun əfsa­nə­lərinin rəngbərəngliyini, beytlərinin ca­du­­la­yı­cılığını, düzüm­lə­rinin bərkliyini və mə’nalarının nəfis­liyini oxuyan kişi bilər və görən kişi anlar.

Yenə məsnəvi üsulunda deyil, bəlkəm ərəb süxənvərlərinin və əcəm bədii sözlülərinin bəzək verən və divan edən hər dürli qoşqu görünüşlərinin əhlisinə bu həm qələm sürtüb, onlara həmlə urub­dur. Onun bəyanı divanının fihristində – məz­mu­nunda bəyan edi­ləndir və yazılandır. Yox, divan deyil! Allah, Allah! Ol sapı-qatarı sözlərdən dolu gövhər olan cəngdir və pak mə’nalardan dolu ul­duz olan fələk vərəqləridir.


Demə divan, qəmü dərd əhlinə afət de onu,

Köyməkü şöleyi-qəm birlə qiyamət de onu.
Hansı qoşqusu eşq əhlinin canına od urmaz, hansı məz­munu hicran qoşu­nunun cismini köydürməz, bəlkə külüni göyə sovur­maz?! Hansı misrası fəraq ciyər xununun bağır qanını damdırmaz, hansı sözü hicran biçarəsinin göz yaşı seli i­lə səbr-qənaət qoşu­nunu axdırmaz?! Nəzm-qoşqu iq­limində hansı gürga­nə- qala köç gətirəndə özünə qarşı eşik açılmadı?! Hansı ulu yurda qəlb-şeir qo­şunu ilə çapo­vul­luq edəndə onu basıb almadı?! Bu gün nəzm-qoşqu sütun­larının yer üzündə qəhrəman odur. Onu bu yurdları ba­sıb al­mağın sahibgiranı desək olar.
Şeir

Ərər söz mülkünün kişvər satanı,

Hanı kişvər satan Xosrov nişanı.
Demə Xosrovnişan kim, qəhrəmanı,

Ərər gər çin desən sahibgiranı.
Bunun kimi əcaib əsərlərin və tazə görünüşlü qoşquların coş­qun-daşqını bu dövlətdə və şö’lə salışı bu sultanlıqda oldu. Pak və bülənd pərvərdigar onu bu fə­lək misilli dərgahın qulluğunun ixlas-canibkeşi və bu fəriştə xasiyyətli həlim za­tın öygüçülərinin keşik­çisi etdi. Bu da çox şükürlər etməyə əsasdır.
Rübailər
Ya rəb, hansı şükrünü əda qılım mən,

Nə dil bilə onu ibtida qılım mən.

Yüz canım əgər olsa fəda qılım mən,

Desəm ki, əda oldu, xəta qılım mən.
Ya rəb, məni qulluğuna qadir eylə,

Gər yetsə bəlayü dərd, sabir eylə.

Yadına dəxi içimi təhir eylə,

Əncamına həm dilimi zakir eylə.
Sultan Hüseyn Mirzə Bayqaranın risaləsi dolu xeyir bilən tamam oldu. Pəs və fəqir Əliverdi bin Söhbətqulu.

MEHRİ XATUN

(1460-1516)
Türk ədəbiyyatı qədim, köklü və zəngindir. Məsələn, Os­manlı dövründə qələmə alınmış təzkirə və cünklərdə 3.200 şairin adı çə­ki­lir. Əgər buraya Azərbaycanda, Orta Asiyada və digər türk böl­gə­lə­rində yaşayıb yaratmış saz-söz sahiblərini də əlavə etsək (ki, Os­manlıdan çox-çox olar) bu rəqəm bəlkə də 10.000-ə yaxın­la­şar. Bu rəqəm içində qadınların xüsusi çəkisi çox cüzidir. Beş-altı əsr bun­dan əvvəl isə türk dünyasında qadın şairlər­in sayı bar­maq­­la sa­yı­lacaq qədər azdır – təxminən iyirmi-otuz nəfərdir. Çünki islam di­ni, sosial həyat və cəmiyyət qa­dının yaradıcı zəkasının parlama­sı­na im­kan verməmişdir. Pərdə arxasında imperatorları, sultanları, şahları idarə edən qadının həyatın müxtəlif sahələrində, o cümlə­dən də ədə­biyyatda söz sahibi ola bilməməsinin əsas səbəbi budur. Lakin bütün dini və sosial qadağaları vurub keçən qadınlar da ol­mamış deyil. Təxminən min il əvvəl Gəncədə öz şeiri-sənətilə yük­sələn Məhsəti bü­­tün qadın şairlərə örnək olmuşdur. Onu da­ha son­rakı dö­nəmlərdə Zəynəb Xatun, Mehri Xatun, Ayşə Hübbi Xa­tun, Gül­bədən Bəyim, Leyla xanım, Cahan Xatun Üveysi, Hey­ran xa­nım, Xurşid Banu Natəvan kimi parlaq istedad sahibi qadın­lar izlə­miş­lər. Bunların arasında Mehri Xatunun özəl bir yeri var.

Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun­dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amas­ya şə­hə­rində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Hə­sən Amas­­yə­vi (Məhmət Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəl­lüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəl­vəti şeyxi idi.

Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili al­mış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şe­irinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrü­nün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəl­liyi və də­rin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çə­lə­binin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haq­qında yazmışdır: «Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə ülə­manı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.» Bu qabi­liy­­yə­ti sa­yə­sində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bil­mişdir.

Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarə­çi­lik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Ma­nisa­da vali­lik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstan­bul ki­mi Os­­­manlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mər­kəz­lərində, o cümlədən Amаsyada və Ma­nisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir. Bun­­da şei­ri-sənəti hi­mayə edən, bir çox hallarda özləri də şeir yazan şah­za­də­lərin müs­təsna rolu olmuşdur. Sultan II Bəyazidin özünün, sonra isə oğ­lu Əhmə­din Amasyada vali olduqları dövrdə bu ədəbi mü­hit­də bir çox məş­hur şairlə ya­naşı adlı-sanlı qadın şairlər də yetiş­miş­dir. On­ları bir­ləşdirən ümumi özəllik parlaq istedad sahibi, ey­ni za­man­da savadlı, varlı və nüfuzlu ailələrə mənsub olmalarıdır.1

Bunların arasında Mehri Xa­tun­dan əvvəl və sonra yaşamış iki şairəni xüsusi qeyd etmək olar. Onlardan biri Zeynəb Xatundur (ö. 1471-74?). Atası qazı olduğu üçün yaxşı təhsil ala bilmiş, öz döv­rün­də fаrsca və türkcə yаzdığı qəzəl­lərlə tanın­mışdır. Mənbələrdə divan tərtib edərək Fatehə təqdim etdiyi ba­rədə bilgilər olsa da, bu di­­van indiyədək tа­pılmаmışdır. Onun bəzi qə­zəl­­lərinə nəzirə məc­muələrində rаst gəl­mək müm­kün­dür. II Bə­ya­­zidin şahzadəsi Əh­mədin Amаsya va­liliyi dönə­min­də həmin çev­rə­­dəki şairlər ara­sın­da olmuş, lakin sonralar ərinin və çevrəsinin basqısı altında şeiri tərk edə­rək inzi­va­­ya çəkilmiş­dir. Onun Mehri Xa­tuna parlaq bir ör­­nək təşkil et­di­yinə heç bir şübhə yoxdur.

Mehri isə öz növbəsində əslən аmаsyalı olan başqa bir qadın şa­­irə – Ayşə Hübbi Xatuna (ö. 1589/90) təsir etmişdir. O, II Səli­min şah­zadəliyi döv­ründə onun müəllimi olan Şəms Əfən­dinin аr­vаdı və Beşiktaşlı Yəhya Əfəndinin nəvəsidir. Şəms Əfəndi 1551-ci ildə vəfat edin­cə, Аyşə Xаtun padşah mü­sa­hibəsi və nədi­məsi ol­­­muş, bu vəzifə­si­ni III Murad zama­nında da dаvаm etdirmişdir. Təzki­rə­lərdə şeir­lərindən verilən bəzi örnəklərlə yаnаşı ərəb dilin­dən çe­vir­di­yi „İmad ül-ci­had» adlı bir əsəri vardır. Qəza və qazilik möv­zu­sundakı düşün­cə­lə­rini ehtiva edən bu əsərdə bəzi qəzəlləri də yer almaqdadır1.

Bu qadın şairlərin ədəbiyyatda qadına xas özəl bir üslub yara­dıb-yaratmadıqları mübahisə mövzusudur. Lakin daha incə və lətif şeirlər yaratdıqları hamı tərəfindən qəbul edilir. Onların yaradıcı­lı­ğında nəzirəçilik gələnəyinin, yəni bəyəndiyi şeirlərə nəzirə yaz­ma­ğın rolu böyük olmuşdur. Məsələn, Meh­ri Xa­tun bir çox müasi­rinin, xüsusən də Nəcati, Güvahi, Af­i­tabi və Mü­nirinin qəzəllərinə nəzirə yazmışdır. Savadlı və istedadlı şairənin, heç kimə könül ver­məyən və bütün evlilik təkliflərini rədd edən gözəl qadının cü­rəti və dik­başlığı, kişilərə meydan oxuması onlar tərəfindən qıs­qanc­lıqla qar­şılanmışdır. Hətta Nəcati ilə Mehri Xatun arasında poetik duel də yaşanmışdır. Təzkirələrdə verilən məlumatlara görə bunun bir neçə səbəbi olmuşdur. Bunlardan biri də Nəcatinin sultandan Meh­ri Xatuna nəzərən daha az ən’am almasıdır.

II Bəyazid (1481-1512) dövrünə aid «Ən’amat dəftəri»ndə sul­­tanın bütün şairlərə verdiyi ən’amların axça ilə miqdarı, xə­lət­­lə­rin isə parça-qu­maş növü qeyd edilmişdir. Həmin siyahıdan an­la­­şıl­­dığına görə, yalnız 1503-11-ci illər arasında sultan tərə­findən şa­irlərə 478.500 axça ehsan edilmişdir. Şairlərdən Mövlana İdris 112.000 axça, Katibi 34.000, Səbai 30.500, Ruhi 25.000, Firdövsi 21.000, Maili 20.000, Mehri Xatun və Səfai adama 13.000 axça, Ömər Çələbi və Cövhəri adama 6.000, Nəcati 5.000 axça almışdır. Bu siyahı 500 axça ilə Məsud bin Mühiddinə qədər davam edir1.

Sultanlar tərəfindən şairlərə verilən maddi dəstək ən’am, xələt və ülufə şəklində sonrakı əsrlərdə də davam etmişdir. Bəzi hallar­da isə sultanların şairlərə diqqəti ehsan və bəxşişlərlə yanaşı onları hər hansı vəzifəyə təyin etmək, vəzifədə olanları daha yuxarı mə­qamlara çıxarmaq şəklində təzahür etmişdir.

Görünür, Nəcati onun şeirlərinə nəzirə yazan bir qadının daha çox ən’am almasını içinə sindirə bilməmişdir. Ehtimal ki, elə bu mü­nasibətlə üç hərfli iki kəlmənin – eyb və hünərin ayrı məna da­şı­dıqlarını vurğulayaraq Mehri Xatuna xitabən yazmışdır:



Ey mənim şeirimə nəzirə deyən,

Çıxma rahi-ədəbdən, eylə həzər,
Demə kim, iştə vəznü qafiyədə

Şeirim oldu Nəcatiyə həmsər.
Hərfi üç olmaq ilə ikisinin
Birmidir filhəqiqə eyb ü hünər?

Mehri Xatun qadını xor görən bu düşüncəyə bir şeirində belə ca­vab ver­mişdir (müənnəs qadın, müzəkkər kişi deməkdir):

Bir müənnəs yeydir kim, əhl ola,

Min müzəkkərdən ki, ol naəhl ola.

Bir müənnəs yey ki, zehni pak ola,

Min müzəkkərdən ki, biidrak ola.

Şairə öz həmkarının könlünü daha sonra bu misralarla alaraq onun böyük sənətkar olduğunu etiraf etmişdir:


Mehri, Nəcati şeirinə dersən nəzirə, leyk

Sən bir gəda vü müflis, o bir padişah ilə.
Mehri Xatun haqqında ədəbi çevrədə və bəlkə də xalq ara­sın­­da yayılan dedi-qodular bu füsunkar qadının (hər halda, bir nakam məhəbbət üzündən) ömrü­nün sonuna qədər ərə getmə­mə­silə və bü­­tün taliblərini rədd etməsilə də bağlıdır. Məşhur şair və təzkirə­çi Aşiq Çələbinin ver­diyi məlumata görə, o, bir çox adlı-sanlı igid­lə­rin, hət­ta Paşa Çələbinin də ev­lən­mə tək­li­fini nəzakətlə rədd etmiş, şair Zati bu müna­sibətlə küfrə va­ran ifa­dələrlə dolu bir qitə yaz­mışdır.1 Bunu Mehri Xatunun şəxsi taleyinin uğursuzluğu ola­raq qiymətləndirməklə yanaşı, ədəbi taleyinin şansı kimi dəyərlən­dir­mək yanlış olmaz. Çünki ailə həyatı qurduğu təqdirdə ədəbi fə­a­­liy­yətini nə şəkildə davam etdirəcəyi barədə mühakimə yürüt­mək o qə­dər də asan məsələ deyil.

Mehri Xatunun şeirlərindən analaşıldığına görə, o bəzi ki­şi­lərə bəslədiyi rəğbəti, dostluq duyğularını zaman-zaman misralara çe­virmişdir. Bunların arasında şair Nəcatini, Si­nan Paşanın oğlu İs­­kən­dəri və Əbdürrəh­man Müəyyidzadəni qeyd et­mək olar. An­caq sonradan məlum ol­du­ğuna görə, bunlar sırf platonik səciyyə da­şı­mışdır. Üstəlik, şairə bəzi şeir­lə­rini sırf kişi mövqeyindən yaz­mış, qadın gözəlliyini vəsf et­mişdir. Bu da məşhur türkoloq Ham­mer-Purqştal tərəfindən onun «türk Sa­fosu» adlandırılması ilə nə­ticə­lənmişdir. (Yunan əsatirində Safo özü kimi başqa bir qadın olan Afroditaya aşiq olmuşdur). Türk ədə­biyyatşünası Sənnur Sezən bu adda bir kitab yazmışdır.1



Bütün ömrü boyu Amasyada yaşayan Mehri Xatun öz doğma şə­hərinin gözəlliklərini, Ladiq, Köniçək kimi görməli yerlərini bir rəssam kimi təsvir və tərənnüm etmişdir. Bəzi şeirlərində bu şə­hər­­də möhnət çəkdiyini qeyd etsə də, onda dərin bir Amasya sev­gi­si se­­zilir. Şairə yalnız bir dəfə İstanbula gedəndə Konstan­ti­niy­yə­nin da­ha gözəl olduğunu etraf etmişdir:
Keçmiş ki, heyf, Mehri, Amasiyyədə ömrün,

Kostantinədə, aqil isən, getmə, qal imdi.
Mehri Xatun 1506/07, bəzi məlumatlara görə isə 1514-cü ildə vəfat etmiş, babası şeyx Pir İlyasın türbəsində dəfn edilmişdir. Şa­rənin ölümündən sonra təzkirəçilər vicdani bir narahatlıqla onun mə­­sumluğu, saflığı, xoş rəftarı və təmiz əxlaqı barədə bir-birindən gözəl fikirlər söyləmiş­lər. Məsələn, Gəlibolulu Əli "Zənni-dəhr fi­ri­binə (zəmanənin müvəqqəti­li­yinə) aldanmayıb dünyaya mərda­nə­liklə gəlib getdi" deyə yazmışdır. Xınalızadə Həsən Çələbi isə öz fi­kirlərini belə ifadə etmişdir: "Gərçi Mehri yaşadığı dönəmdə zə­rif­lər və şairlərlə söhbətdə və dostluqda sevgi və şəfqət üzrə olur­­­­du, la­kin onun möhürlü kisəsinin günəşinə yabançı əli ərmə­miş, na­­­mus və iffət pərdəsinə xərək əli dəyməmişdir". Lətifinin Mehri ba­rədə söylədikləri də çox poetik, bir o qədər də səmimidir: «Də­ni­zin dərinliyindəki incilərdən üstün dərəcədə təmiz olan, vüs­lət hə­rəmini yabançıdan, o gizli xəzinəni qara ilandan qoruya­raq, nə nisan damlalarından gümüş sədəfini qaldırmış, nə də bir araya gəl­mə şəbnəmindən rəngli qöncəsini su ilə doyurmuş və bilcümlə, nə kimsə onun iki yarım narından dad almış, nə də kimsə onun gü­müş hovuzuna balıq salmışdır".

* * *

Merhi Xatunun bugün əldə bir divanı (onu Sultan II Bə­yazidə göndərmişdir), ümumən 255 şeiri vardır. Əlavə olaraq, Sultan Əh­mədə həsr etdiyi qəsidənin içində ayrı rədiflərlə daha dörd şeirinin, «sana» rədifli qəzəlinin içində bir əlavə şeirinin olduğunu nəzərə al­saq, Mehrinin şeirlərinin miqdarı 260 olar. Bun­lardan 205-i qə­zəl, qa­lanları qəsidə, təx­mis, müstəzad, mü­nacat və dördlük for­ma­­sın­da yazılmış əsərlərdir. Əruzun müxtə­lif bəhr­lərində qələmə alı­n­an bu şeirlər öz məzmununa görə stan­dart divan ədəbiyyatı nü­mu­nə­­lə­ridir. Onların arasında eşqə-məhəb­bətə, gülə-bülbülə, şa­ma-pər­vanəyə, həsrətə, hicrana, aşi­qin və­fa­­sızlı­ğı­na, məşuqun göz yaş­la­rına, rəqi­bin, əğyarın hiylə­gər­liyinə, taleyin aman­sız­lığına, döv­ra­nın qəddarlığına, bəxtinin qaralığına həsr olunmuş şeirlər üs­tünlük təş­kil edir. Poetik fü­qur­lar və obrazlar da bütünlüklə Şərq po­eziya­sı sti­lin­dədir: gül və gülüstan, şeyda bülbül, rəna dilbər, ma­­­hi-tə­ban, sər­­vi-xura­man, ləli-ləb, ləli-bədəxşan, çeşmi-giryan, abi-hey­van, ahü fə­ğan, cövrü cəfa, zülfi-səmənsa, külbeyi-əhzan, xaneyi-qəm, tiri­-xə­dəng, xar-tikan, yarın kuyi, kuyin itləri, astana və s. Bu­rada oriji­nal olan şey şairənin öz üslubu, deyim tərzi, poe­tik tə­fəkkürüdür.

Burada Mehri Xatun poeziyasının bəzi xüsu­siy­yət­ləri barədə danışmaq istəyirik.



Dilin sadəliyi Mehri Xatun yaradıcılığının ən əsas xüsusiy­yəti­dir. Bu ba­xımdan o, Füzulidən və Nəvaidən daha çox Nə­simiyə və Həbi­bi­yə, Babura və Sultan Hüseyn Bayqaraya yaxındır. Şe­ir­lərin­də izafət tərkiblərinin azlığı da diqqəti cəlb edir; üç tər­kibli izafət­lər olduqca seyrəkdir. O, bəzən izafət qəlibini çevirərək türkcə ve­rir. Məsələn, xəyali-dilbər kimi daşlaşmış bir izafəti «dil­bər xə­yalı» kimi işlədir:

Çün dilə dilbər xəyalı gəldi mehman olmağa.

Yaxud səhni-gülüstan izafətini türk dilinin qaydalarına uyğun olaraq "gülüstan səhni" şəklinə salır:


Gülüstan səhninə gəldi bu gün bir qönçələb gülrux.
Şairin dilində bu tipli ifadələr çoxdur.

Mehri Xatunun şeirlərinə sadəlik, axıcılıq və dərin lirizm ha­kim­dir, onlar asan əzbərlənir və yad­da qalır. Məsələn, olmasın rə­difli qəzələ nəzər salaq:


Kimsələr mənciləyin eşqə giriftar olmasın,

Kimsənin mənciləyin sevdiyi əğyar olmasın.
Kimsənin yarı gözündən dur olub yad olmasın,

Kimsələr qəm xanəsində çarü naçar olmasın.
Kimsələr dilxəstə olub düşməsin yardan cüda,

Kimsənin şəhrində aləm gözünə dar olmasın.
Kimsələrin gül kimi yarı üzünə gülməsin,

Kimsələr bülbül kimi fəryad edib zar olmasın.
Dilərəm haq həzrətindən Mehri kimi, dostum,

Gecə-gündüz zarı qıl, yarın sana yar olmasın.

Qəzəllərin böyük əksəriyyətində sevən, yanan, yarına qur­ban olmaq istəyən qəlbin hər cür fədakarlığa, hətta ölümə hazır oldu­ğu­­­nu görürük:
Gör necə dərdə yesir oldun, ey biçarə başım,

Bulmadım, qaldı sənin dərdinə bir çarə, başım...
Üzümü xak edəyin getdiyi yollara həbib,

Səni həmsər edəyin basdığı daşlara başım.

Görə dursun bu gözüm barı ölüncə üzünü,

Kəfənin boynuna taxıb vara, yalvara başım.
Müddəi nüktələriylə sinəmin qüssələri,

Mehriyi öldürə bir gün, səni qurtara başım.

Şairə bəzi qəzəllərində isə doğrudan-doğruya ölüm ar­zulayır:

Əhd etmiş idin Mehriyi öldürməyə, cana,

Bənzər, bəyim, ol əhdlə peyman unuduldu.

***

Qəhri-əğyar ilə bıçaq sümüyə ərmişdi,

Cövri-yar ilə bu gəz keçdi sümükdən iliyə.
Rahi-eşqində ömür keçdi mülazimlik ilə,

Ya gəl öldür, ya qəbul eylə məni bəndəliyə.

Öz mehrini sevgilisindən axıra qədər əsirgəməyən Mehri çox zaman əməyinin heçə getdiyini dilə gətirir:

Baş qoşub, zülfünə, Mehri, quru sevdalar ilə,

Yel kimi yeldi yolunda, yelə verdi əməyi.

Mehri Xatun poeziyasının xüsusiyyətləri barədə, əslində, çox danış­maq olar. Ancaq bu qısa önsözdə hər şeydən bəhs etməyə im­kan yoxdur. Oxucular kitabı oxuyarkən bu zərif qəlbli nalan və na­kam qadının ürək çırpıntılarını, incə, hərir mehrini, onun sehrli qə­ləminin möcüzələri­ni özləri görəcək və təqdir edəcəklər.

Hazırda elm aləminə Mehri Xatun divanının dörd əlyazma nüs­xəsi məlum­­dur. Bunlardan biri Aya-Sofyada (124 şeir), biri İs­tanbul Uni­versitetində (216 şeir), biri İstanbuldakı Milli kitabxa­nada (128 şeir), digəri isə Sankt-Peterbuqda saxlanır.

Mehri Xatunun divanı ilk dəfə Moskvada tanınmış rus türko­lo­qu Yelena Muştakova tərəfindən geniş önsöz və şərhlərlə birlik­də çap olunmuşdur1. Şairin öz və­tə­ni Türkiyədə onun yaradıcılığı haqqında xeyli məqalə yazılsa da, divanının elmi-tənqidi mətni ha­zırlansa da2, təəssüf ki, divanın özü hələ də nəşr edil­məmişdir. 2004-cü ildə Türkmənistan Elmlər Aka­demiyasının Mil­li Əlyaz­malar İnstitutu Mehri Xatunun divanını çapdan buraxmış­dır3. Ka­kajan Atayev və Rəhmanberdi Qodarovun hazırladıqları bu nəşr ümumən qənaətbəxş olsa da, orada bəzi söz­lər düzgün oxun­mamış, xüsusilə Türkiyə türkcə­sinə məxsus kəl­mə­lər doğru anala­şıl­­mamış, durğu işarələrinin gəli­şi­-gözəl qoyul­ması nəticəsində mətnin dərk edilməsi xeyli çətinləşmiş­dir.

Mehri Xatun yaradıcılığı Azərbaycanda, təəssüf ki, bilin­­mir. Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyya­tı ka­fedra­sı­nın dərs proqramında bu bənzərsiz sənətkara ayrıca saat həsr edilmir, yalnız ümumi ic­malda adı çəkilir və qısa məlumat verilir. Bunun başlıca səbəbi odur ki, şai­rin Azərbaycanda kitabı bir yana, heç bir şe­iri belə işıq üzü gör­mə­mişdir. Halbuki ümumtürk ədəbiyyatı­nın ən böyük qadın şairi məhz Mehri Xatundur. Ona görə də şairənin 550 illiyi münasibətilə bu kitabı çapa hazırladıq. Ümid edirik ki, bun­dan sonra Mehri Xatun yaradıcılığı ciddi şəkildə tədris və təd­qiq ediləcək, geniş oxucu kütləsi bu istedadlı, zərif qadının yara­dı­cı­lı­ğı ilə yaxından tanış olacaq, onun adı daim Məhsəti, Heyran xa­nım və Na­tə­vanla bir cərgədə çəkiləcəkdir.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin