Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1,75 Mb.
səhifə4/12
tarix01.12.2016
ölçüsü1,75 Mb.
#533
1   2   3   4   5   6   7   8   9   ...   12

š qəzəllər ›
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gəlmişəm üz sürəyü, doğru qılıb rah sana,

Dilərəm ərz qılam halımı, ey şah, sana.


Anca ədl issi şahənşahi-cahansan ki gələr,

Asitanana günəş xidmətə hərgah sana.


Canü dildən oxur, ey ruxları gül, mədh sana

Ruzi-şəb bülbüli-can sübhü səhərgah sana.


Yaxdı, yandırdı, şəha, təşnə dili qeyrət odu,

Zülməti-qəmdə qoyma, Xızır ola həmrah sana.


Növcavan edə Züleyxa kimi, ey Mehri, səni,

Qıla gər lütf ilə Yusif nəzərin şah sana.




Hərfi-ba
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Neylədim, netdim, günahım bilməzəm bu mən qərib,

Gördüyüncə üz çevirər, üzümə baxmaz həbib.


Gah ki bir göz ucuyla mərhəba eylərdi yar,

Yenə bənzər ki, araya fitnə buraxdı rəqib.


Can zəif oldu fəraqından, mədəd qıl, dostum,

Xəstədil dərdinə lütf et, gəl, əlac et, ey təbib.


Zülfünün çəngəlinə urma rəqibi xəşm edib,

Hey, bu bir kəlbi-ləindir, tax bunun boynuna ip.


Taleyin yoxdur gözəllərdən, ey Mehri, çarə nə?

Qisməti-ruzi-əzəldə sana bu olmuş nəsib.




Hərfi-ta
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Cana, yetir bu canıma, cövri-cəfalar et,

Zəcr isə cana ancaq ola, gəl vəfalar et.


Möhnətlər ilə qarşına öldükcə aşiqin,

Sən oyna, gül rəqib ilə xoş-xoş səfalar et.


Aşiqlərini bigünah öldürmə, dostum,

Öldür rəqib kafiri, barı qəzalar et.


Lütf eylə, qıl əlac bu gün, ey təbibi-can,

Dil xəstədir fəraqınla, gəl dəvalar et.


Şirin ləb ilə ağzına söymüş, ey Mehri, yar,

Ömrü çox olsun, əl götür, imdi dualar et.




Hərfi-se
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Eşq babından mənimlə eylədi ol yar bəhs,

Canla verdim cavabın, etmədi təkrar bəhs.


Müşkülüm həll olmaz idi guşeyi-dərsxanədə,

Etməsəm hüsnün kitabından, şəha, hər var bəhs.


Ey müdərris, çünki sən təhsili-canan etmədin,

Qilü qal içrə qılıb sən eyləmə naçar bəhs.


Müshafi-hüsnünü zülfündən sual etmiş rəqib,

Eyləmək caizmidir Qur’andan küffar bəhs.


Elmi-eşqi biz, ey Mehri, şöylə təhsil eylədik,

Şimdi hər aşiq bizim ilə etməyə qorxar bəhs.




Hərfi-cim
Fāilātün fāilātün fāilātün fāilātün
Bir dəm ol dilbər cəmalından iraq olmaq nə güc,

Bir nəfəs cananəsiz aləmdə sağ olmaq nə güc.


Gülüstanda qönçənin yanında xar olmaq nə xoş,

Lalə kimi bülbülün bağrında dağ olmaq nə güc.


Mən gədasını qoymazlar üz sürəm dərgahinə,

Padişahın asitanında yasaq olmaq nə güc.


Çeşmi xəşm etdikcə, cana qəmzəsi xəncər çəkər,

Məst əlində, dostlar, qılınc, bıçaq olmaq nə güc.


Gülşəni-hüsni-kənarın tutdu, Mehri, xətti-yar,

Bülbülün tazə gülüstanında zağ olmaq nə güc.




Hərfi-ha
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dostum, ərz et cəmalın, canımız bulsun fərəh,

Küfri-zülfünü görüb, imanımız bulsun fərəh.


Çün dilə dilbər xəyalı gəldi mehman olmağa,

Peşkəşi-can verəlim, mehmanımız bilsun fərəh.


Cami-lə’lindən nigarın, saqiya, bir badə sun,

Məclisimiz gərm olub, dövranımız bulsun fərəh.


Zülməti bir cür’ə ilə xaneyi-dildən götür,

Ol səfadan külbeyi-əhzanımız bulsun fərəh.


Xubların vəsfin, ey Mehri, şöylə təqrir eylə sən,

Kim oxursa dəftəri, divanımız bulsun fərəh.




Hərfi-xi
Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Bu könlüm zövrəqin aldı bu gün bir qönçələb gülrux,

Yaşım dəryasına saldı bu gün bir qönçə ləb gülrux.


Bəlləndi qəddi-naz ilə, sallahıb sərəfraz ilə,

Gülüstan səhninə gəldi bu gün bir qönçələb gülrux.


Bəlakeş bülbülüm bildi, fəğanımdan səfa buldu,

Üzümə gül kimi güldü bu gün bir qönçələb gülrux.


Dilə gərçi cəfa qıldı, birinə min vəfa qıldı,

Bizə vəslin əta qıldı bu gün bir qönçələb gülrux.


Alıb şirin zəban ilə əlindən Mehrinin varın,

Aha, gəldim deyü yeldi bu gün bir qönçələb gülrux.




Hərfi-dal
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Eylədi yar məni dərdiylə avara, mədəd,

Ölərəm, etməz isə həsrətlə çarə, mədəd.


Öldürərəm der imiş zülfünə çeşmin məni yar,

Vermə cəllad əlinə, as məni ol dara, mədəd.


Çeşmi-məstin yenə nahaq yerə qan eyləməsin,

Suçunu bildirə qətlin sana bir para, mədəd.


Şərbəti-lə’lin imiş xəstə dilə, dost, şəfa,

Dəmidir, eylə dəva bu dili-bimara, mədəd.


Bir nəfəs qıldı ki, Mehri, verə can firqət ilə -

Çıxmasın həsrət ilə hey, mədəd ol yara, mədəd.




Hərfi-zəl
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Yox sanardım aləm içrə can ilə sərdən ləziz,

Hey nələr varmış cahanda dəxi bunlardan ləziz.


Ləzzətin uşbu cahanın şnmi bildik, hasili

Yox imuş ruyi-zəmində vəsli-dilbərdən ləziz.


Ləblərin soğduqca, cana, ağzıma şəkər yağar,

Şöylə şirin loxmadır paludeyi-tərdən ləziz.


Aşiqə baş ağrıdıb ərz etmə, naseh, cənnəti,

Ləblərin sorduq nigarın abi-kövsərdən ləziz.


Şimdi bu tutikəlama mübtəladır, Mehri kim,

Söyləsə şirin sözi qəndi-mükərrərdən ləziz.




Hərfi-ra
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Atəşi-eşqə ol aşiqlər ki, canın yaxdılar,

Buldular vüsləti-əbəd, çün kim cahanın yaxdılar.


Yanmasınmı aşiqi-biçarələr pərvanə vəş,

Mahrular çünki hüsni-şəm’danın yaxdılar.


Hicr ilə sanma səni yaxdı vücudum xublar,

Ey neçə dil mülkətinin xanimanın yaxdılar.


Lə’linə öykündüyüçün lalə rüxsarına şəm’,

Laləyə dağ urdular, şəm’in zəbanın yaxdılar.


Dililə can verdi Mehri tərcüman dilbərlərə,

Aldılar könlün əcəb, bu tərcümanın yaxdılar.



ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR

(1483-1526)

«Bütün Şərq fatehlərindən fərqli olaraq o çox-çox insanpərvər idi... Adamlar onun barəsin­də başqa mənada nə düşünürlərsə düşünsünlər, biz bu böyük qəlbli və ünsiyyətcil nəhəngə dərin rəğbətlə yanaş­maq­dan başqa onun haqqında heç nə düşünə bilmə­rik».

B.N.Morlend.

«Müsəlman Hindistanının aqrar sistemi» kitabından.
Məlum olduğu kimi, dünyanın ən zəngin, köklü dillərindən bi­ri olan türk dili üç böyük qrupa – oğuz, qıpçaq və qarluq qrup­la­rı­na­ ayrılır. Hər qrup da tarixi inkişaf mərhələsindən asılı ola­raq öz­lüyündə bir ne­çə qola bölünür. Məsələn, qarluq qrupuna hazırda öz­bək, uyğur, sarı uyğur, salar və sair dillər daxildir. Vax­tilə möv­cud olmuş qaraxani və çağatay dilləri isə qar­luq türkcəsinin tarixi etaplarıdır. Üstəlik, bu dillərdə zəngin ədə­biyyat yaranmışdır. Qa­raxani dönəmində Mahmud Kaşğari «Divanü lüğat-it-türk»ü, Yu­sif Balasağunlu isə «Qutadğu bilig»i yazmışdır. Bunlar ortaq türk ədəbiyyatının və türk dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün böyük önəm daşıyan əsərlər qələmə alınmışdır.

XX əsrdə Tür­ki­yənin humanitar elmlər sahəsində yetirdiyi ən bö­yük şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü ça­­ğatay türkcə­sini «Monqol istilasından son­ra Çingizin övladları tərə­findən qu­rulan çağatay, elxani və Altın Ordu imperatorluq­la­rı­nın mədəni mərkəzlərində XIII-XIV əsr­lər­də inkişaf edən və tey­mu­rilər döv­ründə, bilxassə XV əsrdə, klassik bir mahiyyət ala­raq zən­­gin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya ləhcəsi» kimi sə­ciy­yələn­dirmişdir. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, Ətai, Xo­cəndi, Sarayi, Xarəzmi, Hüseyn Bay­qara, Qütbi, Əli­şir Nə­vai, Bay­ram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər ya­ratmışlar. Bunların arasında şanlı türk hökmdarı və döv­lət xa­di­mi, baburilər dövlətinin və ya Böyük Moğol imperiyasının bani­si, şair, nasir, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zə­hi­rəddin Məhəmməd Babur şahın xüsusi yeri var.

Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur. Onun atası, Fərqanə hakimi Ömər Şeyx Mirzə böyük Əmir Tey­mu­run nəticəsi, anası Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhra­­rın ya­nına gələrək körpəyə ad qoymasını xahiş etmişdir. O, əv­­vəlcə «Zə­hirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir az dü­şünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağır­dır, qoy on­lar «Babur Mirzə» desinlər» demişdir. Babur sözü əski türkcədə bəbir, pələng mənasına gəlir.

Baburun anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük ba­cısı, Monqolustan xanı Yunusun qızı idi. Babur ana nənəsi İsən Döv­lət bəyimin yanında böyümüş, ondan tərbiyə almışdır. Bu qa­dın bütün Orta Asiyada qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir dü­şən­də şahzadələrdən biri ona təcavüz etmək istəmiş, İsən Dövlət bə­yim kə­nizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə tullamışdı. Səhər mə­sələ məlum olanda o, ha­­­mı­nın hüzurunda belə demişdi: «Bu adam şə­riəti pozaraq mə­nim na­musuma toxunmaq istədi, mən də onu öl­dürdüm. Buna gö­rə bir suçum varsa, çəkməyə hazıram». Öldürü­lən şahzadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bildirmiş və bütün əsir­ləri azad etmişdi.

Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on ya­şın­­da ikən Əndicana vali təyin edir. Bundan iki il sonra bir qə­­za nəticəsində, daha doğrusu, Axsi qalasında uçurumun üstündə gö­yər­çinləri seyr edərkən müvazinətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 iyun 1494-cü ildə 12 ya­şında Fərqanə taxtına çıxır.

Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Səmərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və Bədəxşanda dayısı Sultan Mahmud Mirzə, Monqo­lustanda babası Yunus xan, Kabildə II Uluğbəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların başında Şah İsmayıl Xətai, özbəklərin başında Şeybani xan durudu. Hin­dis­tanda isə hər vilayətdə, hətta hər şə­hərdə bir mirzə (bu söz əmirzadə sözünün qısaldılmış vari­antı olub, əsasən, Əmir Teymurun törəmələrinə şamil edilirdi), xan və ya bir racə hakim idi.

Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmi­sin­dən və dayısından qorumaq məcburiyyətində qalır. Ağlı-fərasəti və ətrafındakı yaxın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayısına güzəştə getməklə təhlükəni sovuş­durur. Yavaş-yavaş güclənən Babur 1497-ci ildə Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət burada fəaliyyətsiz qa­lır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş kimi, Babu­run ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir olub «Babur, ağır xəstədir, dili tutlub, ağzına pambıqla su da­mızdırırlar» deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrin­də­ki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, lakin şəhərin ələ keç­diyini öyrənərək Xo­cəndə gəlib dayısına sı­ğınır. Onun köməyi ilə Axsi və Əndicanı ge­ri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndicanı qurtarmağa mü­vəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, lakin ba­cı gözü ilə baxdığı əmisi qızı (Sultan Əh­məd Mirzənin qızı) Ayşə bəyimlə ev­lən­mə­li olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu tərk edir.

Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə sa­vaşan Babur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-ci ilin ya­yında Sə­ripul müharibəsində ona məğ­lub olub Səmərqəndə qaçır. Şeybani xan bu dəfə Səmərqəndi mü­hasirəyə alır və tutur. Ba­bur şəhəri tərk edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlənir. Bəxti gətir­mə­yən və hər şe­yini itirən gənc Babur yanındakı bir neçə nəfərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda pa­yi-piyada Daş­kəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzə­yə sığınır. Bu sıralarda onun digər dayısı Əhməd xan Monqolustan­dan Daşkəndə gəlir. İki qardaş Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bə­zi yerləri ələ keçirərək Əndicana yaxınlaşır, qoşun­la dincəldiyi zaman qəfildən basqına uğrayır, çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zərbəsilə ba­şından ağır yara­lanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtu­lur. Sonra onlar­dan ayrılaraq, yolboyu xarabalıqlarda gizlənə-giz­lənə bir təhər da­yılarının yanına qayıda bilir.

Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam et­di­­rir, onları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqa­nənin cənubundakı dağlara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xorasana Hüseyn Bayqa­ranın yanına get­mək üçün əksəriyyəti qadınlardan və uşaqlardan ibarət olan 250 nə­fər­lik qafilə ilə 1504-cü ilin iyun ayında yola çıxır.

Qunduzu hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə qarşılayır, şahın qardaşı Baqi Çağanyani baş­da olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ət­rafında böyük bir ordu toplanır. Babur isti­qaməti dəyişdirərək bu dəfə Xorasana deyil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda çox sevdiyi Mahım bəyimlə evlənir.

Şah İsmayıl Xətai 1510-cu ildə Şeybani xanı öldürür. Ən əsas düşmənlərdən birinin aradan çıxması ilə Babur şah əski torpaq­la­rı­nı, yəni ata mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İsmayılla müqavilə bağlayır, onun adına xüt­bə oxutdurur və sikkə kəsdirir. Lakin sünni əhali Baburun bu hə­­rəkətini bəyənmir. Xətainin hərbi qüvvələrinin yardımı ilə Hisa­rı, Buxaranı və Sə­mərqəndi ələ keçirən Babur osmanlı-səfəvi sa­va­şı ilə əlaqə­dar Şah İsmayılın öz qoşununu yeri çağırması üzün­dən tut­duğu tor­paqları yenidən itirir. Xətainin Çaldıran sava­şında os­manlılara məğ­lub olması Ba­burun bütün ümidlərini puça çıxarır. Çarə­siz qa­lan Babur dörd illik fasi­lədən sonra Kabilə geri qayıdır və bütün diq­qətini bu coğ­rafiyaya yönəldir. 1519-cu ildə siyasi məq­sədlərlə Şah Mənsurun qızı Bibi Mübarə­kə-Əfqani Ağaçə ilə evlə­nir.

Babur 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pən­cabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aq­ra (1526) şəhərlərini ələ keçirir. Nəticədə Əf­qanıs­tanı, Bəlucistanı və şima­li Hindistanı öz hökmranlığı altına alaraq Böyük moğol­lar im­peri­ya­sının təməlini qoyur.

Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Pa­ni­pat yaxınlığında məğ­lub edərək 5 may 1526-cı ildə Dehlini tutan Ba­bur raçputların baş­çısı Rana Sanqa ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşun­la­rı­nı Kan­van­da darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünva­nı­nı al­ır. Babur 1527-29-cu illərdə öz nəzarətin­dəki yerlərdə üs­yanları yatıraraq, müstəqil knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökmdarını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.

Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də ba­­taq­lıq qızdırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir neçə dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tə­rəfi­n­dən aşpaz Əhmədin əli ilə verilən ağının təsiri nəticəsində Ba­­burun və­ziyyəti gündən-günə ağırlaşır.

Baburun qızı Gülbədən bəyim özü­nün «Hümayunnamə» adlı ki­tabında atasının həyatının son ayları­nı müfəssəl şəkildə təsvir et­mişdir. Onun yazdığına görə, şahzadə Hümayunun çox ağır şə­kil­də xəstələnməsi Babura öz dərdini unut­durur. O, xü­susi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanır, Hü­ma­yunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bunu gerçək­ləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hü­mayunun vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvə­zində Baburun xəs­təliyi get­dik­cə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övlad­larını (oğulları Hümayun, Kamran, Əs­kəri və Hindal mirzə­ləri, qız­ları Gül­rəng, Gülçöhrə və Gülbədən bəyimləri), bəylərini və sərkər­də­lə­rini yanına çağırır. Hamının hüzurunda böyük oğlu Hü­mayunu padşah təyin edir, elə həmin gün – 26 dekabr 1530-cu il­də 48 ya­şında əbədiyyətə qovu­şur. Aqrada dəfn olunur, sonralar vəsiy­yə­tinə uy­ğun olaraq qəbri Ka­bilə köçürülür. 1646-cı ildə ba­burilər sülaləsinin üzvlərindən biri olan Ca­han şah onun Baği-Ba­bur adlı bağda yerləşən qəbri üzə­rində bir türbə tikdirir.

Burada Babur tərəfindən qurulan, tarixi ədəbiyyatda Babu­rilər, Bö­yük moğollar və ya Gürganilər dövləti adlandırılan imperiyanın son­­ra­kı tarixi haqqında da qısa məlumat vermək istəyirik. Babur­dan son­ra onun böyük oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıx­mış, lakin 1540-cı ildə qardaşları ilə giriş­diyi iqtidar mübarizə­sində məğlub olaraq Səfəvilərə sığınmış, yalnız 1555-ci ildə onla­rın köməyi ilə Dehlini alaraq hökmdar olmuşdur. Onun yerinə ke­çən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hindistan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iq­tisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Sə­fəvilər, özbəklər və portuqaliyalılarla siyasi əlaqələr qurmuş­dur. Onun oğlu Səlim Ca­hangir şah dönəmində (1605-27) ingilislər Hindistana ayaq açmış­lar. Cahan şahın hakimiyyəti illərində (1628-58) öl­kə­də mədə­niy­yət, xüsusilə memarlıq sahəsində böyük uğurlar qa­za­nıl­mış, dün­ya­nın yeddi möcüzəsindən biri olan Tac-Mahal məq­bə­rə­si tikil­miş­­­dir. Övrəngzib Aləmgir şah dövründə (1658-1707) im­periya in­­­kişaf etsə də, ondan sonra tənəzzül, daxili çə­kişmə, taxt qovğa­la­rı və üs­yanlar başlamışdır. Şahi-Aləm Bahadır şah (1707-1712), Ca­­han­gir İskəndər şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-cu ildə taxt üç dəfə əldən-ələ keç­miş, Rə­fiütdərəcat şah və II Cahan şah qısa müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakitlik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə yeni­dən xaosa sü­rük­lən­mişdir. Əhməd Bahadır şah (1747-53), II Aləmgir şah (1753-59) və III Aləm Şah (1759-1806) za­manı ingi­lis­lər çox fəal­laşmış və 1766-cı ildə imzalanan Allahabad müqa­viləsi ilə ölkənin idarəsini öz əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Ba­hadır şa­hın (1837-58) hakimiyyəti formal xa­rak­­ter daşımışdır. 1858-ci il­də Baburilər səltənətinə son qoyulmuş, Hindistan rəsmən İngiltərə­nin müstəmləkəsi, 1877-ci ildə isə Vik­toriya Hindistanın kraliçəsi elan edilmişdir.

* * *

Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanma­sı bir sı­ra amillərlə bağlıdır. Hər şeydən əvvəl, ulu tanrının inayəti ilə hökm­dara xas olan bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə uyğun olan ilahi mənşəli xariz­ma­dır. Onun Çingiz xan və Əmir Teymur nəslinə mənsub ol­ması türk­­lərdə hökmdara bağlı­lıq duyğusu ilə birləşərək xalqda Babura, Ba­burda isə özünə sar­sıl­maz bir inam aşıla­mışdır. On yaşından eti­barən döv­lət idarəçi­liyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi olması onun bütöv şəxsiyyət kimi yetişməsində, xarak­te­ri­nin for­ma­laşmasında mühüm rol oynamışdır. Buna fitrətdən sa­hib oldu­ğu iti zəka, ana­litik ağıl, parlaq istedad da əlavə edilin­cə, ortaya düha səviyyəsində mü­kəmməl bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təhsil almağa vax­tı olmayan bir insanın elmin müxtəlif sahələrində bu qədər dərin bilik qa­za­na bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq çalışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, din­cəl­diyi zaman çadırında, arxayın vaxtlarda saraydakı kitabxana­sında daima kitab oxu­muş, ya­zı yazmışdır. Özünün qeydlərinə gö­rə, bir dəfə çadırın­da yazı yazmaqla məşğul olarkən qəfildən gur yağmur yağmış və qo­pan fırtına çadırı sovurmuş, onun əlyazma­ları və kitabları islan­mış­dır. Babur sabaha qədər yatmayaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.



Hərb sənətində görkəmli sərkərdə, mahir tak­tik və strateq, qı­lınc oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bə­ra­bəri olmayan cəngavər, memarlıq və peyzaj memarlığı sahə­sin­də gözəl mütə­xəs­sis, botanika, zoologiya, coğrafiya, astronomi­ya üzrə hey­rətli də­rəcədə dərin bilik sa­hibi, eyni zamanda gözəl şair, nasir, ədə­biyyat­şü­nas, əruz nəzəriyyəçisi, tərcüməçi, musiqişünas, bəs­təkar, tarixçi və et­noqraf ki­mi şöhrət qazanmaq tarixdə çox az adama nə­sib ol­muş­dur.

Polad iradəli Babur qorxu nə olduğunu bilməmiş, gözünü bu­daqdan əsirgəməmiş, prinsip­lə­rindən əsla vaz keçməmişdir. Düş­mə­nin adı-sanı, hərbi qüdrəti qar­­şısında titrəmə­miş, zəiflik göstər­məmişdir. Mülkü, vilayətləri, torpaqları bir neçə dəfə əlindən çıx­sa da, onları geri qaytarmaq uğrunda əzmlə müba­rizə aparmış­dır. Üstəlik, bütün savaşlarda ko­mandan olmaqla yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfə­lərlə yaralanmışdır. Bu hərə­kət or­dunu ruhlandırmış, onun şəxsiy­yəti ətrafında bir əsrar haləsi yarat­mış­dır. Hətta bir yürüşdə şid­dətli qar fırtınasına yaxalananda ya­xın­dakı mağaraya sığınmaq ba­rədə israrlı təklifləri qəbul etməmiş, hamı kimi çuxur qazaraq qar altında gizlənmişdir. Səfərlərdə əs­gərlərlə bərabər yemə­k yemiş, bütün məhrumiyyət və məşəqqətlə­rə onlar­la birlikdə qatlanmışdır.

Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevil­məsinin bir səbəbi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sər­kər­dələrin və əsgərlə­rin adı ilə bağlama­sıdır. Babur ət­raf­ındakı insanların könlünü fəth etməyi bacarmış, hər kəsin mə­ziyyətlərini, xidmətlərini layiqincə qiymətləndirmiş, bəzi silahdaş­ları­na şeirlər həsr etmiş, onları öymüşdür.

Babur ədalətli bir şah kimi haqsızlığa qarşı həmişə barışmaz olmuş, yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalan­dır­mış, xalqın taxılını, mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli təbəənin bir küpə yağını zəbt et­diyi üçün öz əsgərini ölüncəyə qədər şallaqlatmışdır. Baburun bu xa­siyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əsgərləri də eyni aqibə­tə uğramışlar.

Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth etdiyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, di­ni ibadət yerləri, ha­­mamlar, saraylar, ictimai binalar in­şa etdir­miş, bu qurğuların bir qismi­ni şəxsən özü layihələndir­miş, memar­ların və mühəndislərin çalış­malarına daim nəzarət etmiş, la­yi­hə­ləri yox­layaraq öz dəyərli məsləhət və göstərişlərini ver­miş, bun­la­rın qısa müd­­dət­də və keyfiyyətlə yeri­nə yetirilməsinə çalışmış, inter­yer ve eks­teryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.

Ticarət yol­ları üzərində karvansara­lar, düşərgələr tik­dir­miş, çeşmə­lər çək­dir­miş, quyular qazdırmış, yolçular üçün iaşə mər­kəz­­­lə­­ri, heyvanlar üçün yem anbarları, asa­yi­şi və təhlü­kə­sizliyi tə­min etmək məq­­­sədilə indiki mənada po­lis məntəqələri ya­ratmış, mə­safələri göstərməklə yol işarələri qoy­dur­muşdur. Onu əmri ilə Ka­bildən Aq­raya qədər olan məsafə də­qiq ölçülmüşdür. Baburun sa­yəsində Hindistanda memarlıqda və incəsənətdə ortaq hind-türk (Orta Asiya) üs­lubu ya­ranmış, qarşı­lıqlı mə­dəni mü­badilə baş ver­mişdir.

Babur şah yaşıllığa da xüsusi diqqət yetirmişdir. Gördüyü ek­zotik bitkilərin və güllərin əkildiyi parkların və bağların planlaşdı­rıl­­ma­sı zamanı Or­ta Asiyadakı çarbağ sistemini tətbiq etmış, gözəl hovuz­lar və fəvvarələr düzəltdir­miş­dir. Məsələn, İbrahim Lodinin üzə­­­rin­də qələbə şərəfinə Kabil-bəxt adlanan nəhəng bir park sal­­dır­mışdır. Onun Zərəfşan, Baği-vəfa, Baği-səfa, Həşt-behişt adı verdiyi bağlar da öz qeyri-adi gülləri və ağacları ilə seçilmişdir. Bunların əksəriyyəti əsrlərlə qorunaraq bugünə qədər gəlib çat­mışdır. Baburun əmri ilə Orta Asiyadakı bə­zi meyvələr, özəlliklə ən yaxşı qovun və üzüm növləri Hindis­tanda da be­cərilməyə baş­lan­mışdır. Bu ölkədə indi də ənquri-sə­mərqəndi adlı üzüm növü çox məşhurdur.

Böyük siyasi xadim və alim Cə­va­hirləl Nehru Ba­burun bu fəa­liy­yətinə yüksək qiy­mət ve­rərək yaz­mışdır: „Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yaran­dı, yeni stimullar hə­yata, incə­sə­nə­tə və memarlığa nəfəs ver­di, mə­dəniyyətin digər sa­hələri isə qar­şılıqlı təmasa keç­di. Babur valehedici şəxsiyyət idi, İn­tibah dövrü­nün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, in­cəsənəti, ədə­biy­yatı sevirdi, həyatdan zövq almağı xoşla­yırdı». Bu fikri elə hə­min dövrlərdə Orta Asiyada və Hin­dis­tanda qələmə alınmış „Ta­rixi-Rə­şidi», „Hümayunnamə», „Ta­ri­xi-Hüma­yun şah», „Ək­bər­na­mə», „Tə­bəqəti-Əkbəri», „Ta­ri­xi-Fə­riş­tə», „Ca­­han­girnamə» ki­mi ta­rixi qaynaqlarda göstərilən faktlar da təs­diq edir.

Zəhirəddin Məhəmməd Babur cəmiyyətin bütün təbəqə­ləri ilə daim əlaqədə olmuşdur. Xüsusilə alimlərlə, şairlərlə, din adamları ilə tez-tez görüşmüşdür. O, Əlişir Nəvai və digər şairlər haqqında xoş sözlər söyləmiş, bir çox sevdiyi şairin və müasirinin müəm­malarını və beytlərini öz divanına daxil etmişdir. Babur eyni za­manda alimlərlə yaxınlıq etmiş, böyük astronom Uluğ bəyin rə­səd­xanasına getmiş, orada aparılan tədqiqatlarla yaxından tanış ol­muşdur. O həmçinin Nəsirəddin Tusinin elmi yaradıcılığı, Marağa rəsədxanası, eləcə də hind və yunan astronomları barədə çox dərin məlumat sahibi olduğunu göstərmişdir. Ömrünün son dövründə su­­­fi­liklə ciddi maraq­lanmış, bu sahəyə aid ədəbi-bədii əsərləri mü­taliə etmişdir.

Babur bədii yaradıcılığı onun şəxsiyyətinin, humanizminin və xarakterinin başqa bir tərəfidir. Bu barədə irəlidə geniş söh­bət açı­lacaq. Təbii ki, o, şair və hökmdar olaraq içki və əyləncə məclislə­ri də qurmuşdur. Bunun üçün kifayət qədər çox səbəb olmuşdur: hərbi zəfərlərin qeyd edilməsi, ova getmək, ovdan qayıtmaq, müx­təlif idman yarışları keçirilməsi, yüksək rütbəli qonaqların, səfir­lərin gəlişi, bay­ramlar, seyranlar, dövlət ərkanı ilə məsləhətləş­mələr, yəni divan toplantıları, dost­larla görüşmək ehtiyacı, nəha­yət, həyat­dan zövq almaq arzu­su. İncə ruh­lu Babur musiqi alətlə­rin­də çal­ma­ğı ba­car­mış, musiqi bəstələmiş, hətta oxumuşdur. Bu cür məc­lislər içki­siz ötüşə bil­məzdi. Babur arada içkiyə dərin gös­tər­miş, hətta mübtəla ol­muşdur. 28 yaşından etibarən getdik­cə ar­tan dozada iç­ki içmiş, in­tensiv olmamaqla birlikdə həşışdən də is­ti­fa­də etmişdir. Yalnız 1528-ci ildə, ölümün­dən iki il əvvəl tövbə edə­rək bu iki pis alış­qan­lığından vaz keçmişdir.

Baburun şəxsiyyətindən danışarkən onun bəxtini və şansını da qeyd etmək lazımdır. O, ilk gənclik illərində dəfələrlə hər şeyini itirmiş, kömək­siz və arxasız qalmışdır. Hər dəfə bir möcüzə sa­yə­sində yenidən dir­çəlmiş, əvvəlkindən də qüvvətli olmuşdur. Bu iş­də bəxtinin yavər getməsi ilə yanaşı dərin zəkası və mahir diplo­mat olması onu xilas etmişdir. O, döyüş meydanlarında dəfələrlə ölüm­lə üzləşsə də, hətta ağır şəkildə yaralansa da, müxtəlif xəstə­liklər keçirsə də, həyatda qalmış, nəhayət, bəxti və bacarığı sayə­sində dünyanın ən möhtəşəm imperiyalarından birini qura bilmiş­dir. Yaşadığı tam olmayan qırx səkkiz il ərzində neçə uzun ömrə sığmayacaq qədər böyük işlər görmüş­dür. Az yaşamasına gəlin­cə, «Allah sevdiyi qullarını öz yanına tez aparır» deyə bir ifadə vardır. Bəlkə bu fani dün­yanı erkən tərk etmək özü də bir şansdır.
* * *
Babur özünün bəzi həmkarları – Qazi Bürhanəddin, Şah İsma­yıl Xətai, Cahan Şah Həqqi, Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman və başqaları kimi həm hökmdar, həm də şairdir, əlavə olaraq, parlaq istedadlı nasir və mahir tərcü­mə­çi, poetikaya, islam hüququna (fiqhə), musiqiyə və hərb sənəti­nə dair dərin məz­munlu risalələr mü­əllifidir. O, „xətti-baburi» adı verdiyi xüsusi bir əlifba da kəşf etmişdir.

Babur çağatay ədəbiyyatının Əlişir Nəvaidən sonra poeziyada ən uca zir­vəsidir. O, poeziyanın bütün janr­larında qələmini sına­mış, qəzəllər, məs­nəvilər, rübailər, tüyuğ­lar, mətlələr, müəmma­lar, qitələr yazmışdır.

Babur iki divan müəllifidir. Bunlardan birincisi 1519-ci ildə tər­tib edilmiş „Kabil divanı», ikincisi 1528-29-cu ildə Aqrada tər­tib olunmuş „Hind divanı»dır. Hazırda müxtəlif yerlərdə bu iki di­va­nın bir sıra əlyaz­ma­ları qorunur. Bir-birindən həcm və ehtiva et­di­yi əsərlərin sayı etibarilə fərqlənən əlyazmaların ən mükəm­məli İs­­tanbul Universitetinin (kataloq nömrəsi 3743) kitab­xanasındaki nüsxədir. „Divani-Babur şahi-çağatayi» adlı bu nüsxə 105 vərəq­dir. 119 qəzəli, başqa janrlarda yazılmış əsərləri və Xo­ca Übey­dul­lah Əhrarın „Risaleyi-validiyyə»sini əhatə edir.

İkinci əl­yaz­ma Parisdə Milli Kitabxananın türkcə əl­yaz­malar kolleksiya­sın­da (kataloq nömrəsi 1230) saxlanır. Cəmisi 50 vərəq­dir, haşi­yələrdə türkcə və farsca xeyli qeydlər var. Bu­radakı şeir­lə­rin sa­yı universitet əlyazmasındakından xeyli az­dır: cəmi 87 qəzəl və di­gər janr­­lar­da qə­ləmə alınmış əsər­lər var.

Top­qapı sarayındakı əlyazma da (nömrə­si R.741) həcmcə ki­çikdir (55 vərəq). Səlövhədə əsərin adı „Di­vani-sultanül-əzəm Ba­bur Mirzə əleyhir-rəhmətü vəl-ğürfan» şək­lində yazılmışdır. Bu­rada şairin 111 qəzəli və başqa şeirləri toplanmışdır.

Digər bir nüsxə İstanbulda 100-cü il Atatürk bələdiyyə kitab­xa­nasında qorunur. Müəllim Cövdət (əl)yazmaları kataloqunda K. 332 nömrəsi ilə qeydə alınan bu nüsxə „Divani-Babur Mirzə» ad­lanır. 74 vərəqdir. Həcmindən və burada verilmiş əsərlərin (82 qə­zəl və başqa şeirlər) sayına baxaraq bu nüsxənin Topqapı nüsxə­sin­dən köçürülmüş olduğu ehtimal edilir.

Hindistanın Rampur şəhərindəki Nəvvab kitabxanasında sax­la­nan nüs­xə cəmisi 20 səhifədir. Burada Xo­ca Übeydüllah Əhrarın „Risaleyi-validiyyə»sinin tərcüməsi və Baburun özü­nün bir qəzəli, bir neçə məsnəvisi, rübaisi və mətləsi, „Əruz risaləsi»ndən bir par­ça, farsca bir neçə rübai, qitə və mətləsi verilmişdir. Bu nüsxənin yeganə özəlliyi odur ki, buradakı bir rübai Baburun öz xəttilə ya­zıl­mışdır. Bu barədə Cahan şahın haşiyədə xüsusi qeydi var.

Tehranda Səltənət kitabxanasında qorunan nüsxə isə, əslin­də, bir külliyyatdır. Bu külliyyat 5 bölümdən ibarətdir. Birinci bölüm­də (s. 1-186) şairin tövhid, nət və dini şeirləri yer alır. İkinci bö­lümdə (s. 187-377) vəzn və bəhrlər haqqında mənzum və mənsur qismlər, üçüncü bölümdə (s. 379-455) şeir vəznləri haqqında mən­sur hissə, beşinci bölümdə (s. 457-1012) Baburun xatirələri (fars­ca tərcüməsi ilə birlikdə) verilmişdir. Son bö­lümdə isə (s. 1013-1036) şairin bəzi qəsidələri və bir risaləsi var.

Məşhur baburşünas Dr. Bilal Yücəl „Babur divanı» kita­bında (Ankara, 1995) bütün nüsxələri ətraflı təsvir etmişdir. Türk alimi­nin bu kitabı dərin elmi məzmununa və faktların də­qiqliyinə gö­rə se­çilir. Türkmən alimi Rəhimməmməd Kürənov „Babur divanı»nı (Aşqabad, 2005) məhz Bi­lal Yücəlin ki­tabı əsasında hazırlamışdır. Biz bu iki kitabla yanaşı şairin Özbə­kistanda nəşr olunmuş „Se­çil­miş əsərləri»ndən də (Daşkənd, 2008) faydalandıq. Ədalət na­minə demək lazımdır ki, Bilal Yücəlin kitabı baburşünaslıqda ən mötə­bər mənbədir.

Bilal Yücəl bütün nüsxələri tutuşdurmaqla Baburun diva­nında 122 qə­zəl ol­du­ğu ortaya çıxarmışdır ki, onlardan biri çarpaz qəzəl­dir. Şairin bu anda el­m aləminə 18 məs­­nə­visi, 216 rübaisi, 1 mü­əm­ması, 19 qitəsi, 15 tü­yu­ğu, 79 mət­­ləsi, 7 məs­nu şeiri, 16 nata­mam qəzəli, 3 nəzmi, 16 mü­­sərrə beyti, 11 müfrədi, 4 kiçik mən­sur parçası məlumdur. Divana da­xil edilən bu mənsur parçalar şa­irin başqa əsərlərindən alınmışdır. Bunlar­dan başqa, onun farsca yazdığı 2 qə­zəl, 12 rü­bai, 8 qitə, 17 mətlə və 1 mənsur parça var. Beləliklə, Baburun divanında 600-dən artıq əsərdən vardır. Biz bu kitaba farsca yazıları daxil et­­mədik, türk­cə şe­­ir­lərdən 56-sı baş­qa şairlərə aid olan müəmma­la­rı, 4 kiçik mən­sur parçanı və bəzi beyt­ləri çıxmaqla 500-dən çox əsəri müasir di­li­­mi­zə uy­ğun­laş­dı­raraq verdik. Əlavə olaraq, Baburun «Etiqadiy­yə» ri­salə­sini və şa­irin tər­cümə et­diyi «Ri­saleyi-vali­diy­yə»ni də kitaba saldıq.

Burada Babur divanının bir özəlliyini də qeyd etməliyik: əvvə­la, di­vanda dibaçə yoxdur. İkincisi, qəzəllər, məsnəvilər, rübailər, tüyuğlar və digər janrdakı əsərlər ərəb əlifbasına uyğun olaraq al­fa­be­tik ar­dıcıllıqla deyil, gəlişigözəl düzülmüşdür, hətta çox za­man bir-biri­nə qarışmışdır.

Biz kitabı hazırlayarkən orijinala imkan daxi­lində sədaqət gös­tər­dik, şeirlərin azərbay­canca yaxşı səslənməsi və rahat an­la­­şıl­ma­sı üçün «köp» və «ana» tip­li söz­ləri qafiyə kimi işlən­dikləri mə­qam­lar xaricində assosi­a­si­ya yaratmamaları üçün «çox» və «ona» şəklində verdik, bəzi yer­lər­də isə -ay, -əy tipli şə­kilçiləri anlaşıl­dığı üçün olduğu kimi sax­la­dıq. Qəzəl, qismən də qəsidə, rübai və tüyuğlar bölməsində sə­hi­fə altında qəliz ərəb-fars sözləri lüğətini yer­ləşdirdik, çünki müta­liə­ni yarımçıq kəsib bu və ya digər sözün mənasını kita­bın sonun­da­kı lü­­­ğətdə axtarmağın nə qədər xoşa­gəl­məz iş olduğu ha­mı­mıza mə­­lum­dur. Hər ehtimala qarşı sonda bö­yük bir lüğət verməyi də la­zım bil­dik.

Baburun poeziyası mövzu baxımından çox əlvandır. Onun ən əsas mövzusu, təbii ki, eşq və məhəbbət, həsrət və hicrandır. La­kin bununla yanaşı şairin bir çox lirik əsəri avtobioqrafik məzmun daşıyır. Burada hərbi yü­rüşlərə, içki məclislərinə, dostlarına, mə­murlarına və yaxın adamlarına, zövcələrinə, özü­nün şəxsi qüsurla­rına həsr etdiyi şeirlər də az deyil. Baburun şeirləri sanki tənha bir guşədə düşünülərək yazılma­mış, söhbət əsnasında, hamının yanın­da bədahətən söylənmişdir. Onlarda sonsuz bir sa­də­lik və təbiilik müşahidə olunur. Həmin dövrün Azərbaycan poeziyasına xas olan əbruyi-xəm, xəncəri-xunriz, şəhdi-ləb tipli sadə iza­fətlər Ba­burun əsərlərində az-çox olsa da, firaqi-ləbi-canan, pən­beyi-dağı-cünun ki­mi mü­rəkkəb tərkiblər çox seyrəkdir. Əvəzində Baburda ü/vü, yəni və bağlayıcısı ilə işlənən sıralama silsiləsi güclüdür. Məsələn:
Təkəllüm eyləyəndə diliyü dişiyü ləbi,

Biri əqiqü, biri inciyü, biri mərcan.
Könlünü zarü, məni xarü, təni dar edən

Biri cəfayü, biri qürbətü, biri hicran.
Tənü könül bilə göz, vəslü nazü hüsnü üçün,

Biri xərabü, biri valehü, biri heyran.
Tamam ömründə Babura üç söz deyibdir:

Biri söyüncü, biri qattığü, biri yalan.
Baburun qəzəlləri çox lirik və axıcıdır. Bu, sadəliklə birləşincə, çox kamil sənət nümunələri meydana gəlir. Məsələn, daxili qafi­yə­li bu qəzəl məzmun və formaca gerçək bir in­ci tə­siri bağışlayır:

Xəttin ara üzarın – səbzə içində lalə,

Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.
Bütün pərilər, ey can, gərdində zarü heyran,

Guya ərər nümayan ay dövrəsində halə.

Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar,

Cövrü cəfanı bisyar qıldın mana həva­lə.
Hicrində, ey pəriru, gözümdən uçdu uyğu,

Hər gecə dana doğru işimdir ahü nalə.
Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var,

Eşqində Babur yazar bu növ yüz risa­lə.

Hər şeyə hakim hökmdar-şairin həsrət, hicran və qüssədən na­lə çəkməsi, şi­ka­yət etməsi onun incə qəlbinin, sevən ruhunun, in­­sa­ni duyğularının, ürək çırpıntılarının gerçək təzahürüdür:


Necə dövran qüssəsi olar mənim canıma xas,

Kaş ki, ölsəm dəxi, bu qüssədən olsam xilas.
Yaxud fələyin gərdişindən şikayət edən, könlü xəstə aşiqin və­ziy­yətini göstərən bu beytə nəzər salaq:

Çərxin mən görməyən cövrü cəfası qal­dımı?

Xəstə könlüm çəkməyən dərdü bəlası qal­dımı?
Baburun bəzi qəzəlləri öz şuxluğu, oynaqlığı ilə diqqəti cəlb edir. Məsələn, bu qəzəldə olduğu kimi:
Cövrdə nadir, zülmdə mahir,

İşvədə qadir, qəmzədə ustad.
Yar qəmindən, hicr ələmindən,

Səbr kəmindən naleyü fəryad.

Baburi-bidil, ey büti-qatil,

Cövrünə mail, zülmünə mötad.

Baburun qəzəlləri arasında qeyri-adi formada yazılmış bir çar­paz qəzəli var. Əslində, bu, iki qəzəlin beytlərinin iç-içə keçirilmiş şəklidir. On beytlik bu qəzəlin 1-3-5-7-9-cu beytləri bir müstəqil qəzəl, 2-4-6-8-10-cu beytləri isə başqa bir müstəqil qəzəldir. Şair misralardakı sözləri elə ustalıqla düzmüşdür ki, bir misranın tərsi­nə oxunması nə­ticəsində di­gər qəzəlin misrası ortaya çıxır. Bu qə­zəl Baburun məz­munla yanaşı formaya verdiyi böyük əhəmiyyəti gös­tə­rir. (Həmin qəzəl bu kitabda 121-ci nömrə altında veril­miş­dir). Qəzəldən iki beytə baxaq:



Çü Babur sana quldur, nəzər qıl, ona zinhar,

Tapılmaz yenə bir qul, onun tək sana, ey can.
Ey can, sana onun tək bir qul yenə tapılmaz,

Zinhar ona nəzər qıl, quldur sana çü Babur.
Şairin məsnəviləri, rübailəri, tüyuğları, qitələri, mətlələri, nata­mam qəzəlləri arasında da çox gözəl nümunələr var. Oxucular öz­lə­ri bunu görəcəklər. Biz burada yalnız bir neçə misal göstərməklə kifayətlənmək istəyirik. Babur beytlərinin birində yazır:
Olmadı hərgiz necə ol bivəfa yarım mənim,

Gər mana yar olsa ol, olar xuda yarım mənim.
Babur klassik türk nəzm şəkli olan tüyuğ janrında da qələmini sınamışdır. Onun tüyuğları sayca az olsa da, onların arasında çox gö­zəl örnəklər var. Ədəbi ənənəyə görə, tüyuğlar çox zaman cinas qafi­yəli olur. Aşağıdakı tüyuğ da onlardan biridir:
Ta könül verdim oşol kaysarıya,

Varalım bilmədim kay sarıya,

Dostlar, yara məni saqındırın,

Salsanız nagah ayaq Kaysarıya.
Bu tüyuğda Babur üç cinas işlətmişdir. Birinci misradakı kay­sarıya sözü gözəllərin qeysəri və ya qeysərlərə layiq qız mənasın­da, ikin­ci misradakı kay sarıya sözü hansı tərəfə mənasında işlən­mişdir, son misradakı Kaysarıya sözü Kayseri şəhərini ifadə edir.

Şairin böyük sənətkarlıqla qələmə aldığı rübailər isə ictimai-fəlsəfi məzmunu ilə diqqəti cəlb edir. Onlardan bir nümunə:


Yad etməz imiş kişini qürbətdə kişi,

Şad etməz imiş könlünü möhnətdə kişi,

Könlüm bu qəriblikdə şad olmadı, ah,

Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.
Babur şeirlərinin bəzilərini öz dost­larına, mə­mur­la­rına, silah­daşlarına həsr etmişdir. Onun bir rübaisi isə zövcələri Gül­ruxa və Ma­­hı­ma ünvanlanmışdır. Ancaq şair bunu elə ustalıqla yazmışdır ki, onu intonasiyadan asılı olaraq həm gül­­rux Mahım, yəni gül üzlü Ma­hım, həm Gülrux mahım, həm də Gülrux və Mahım kimi anla­maq müm­kündür:
Hicranda, səba, yetdi fələyə ahım,

Gər ol sarı varsan bu dürur dilxahım

Kim, ərzi-dua niyaz ilə qılarsan,

Gər sorasa mən xəstəni Gülrux, Mahım.
Baburun məsnəviləri, özəlliklə səbaya müraciətlə yazdığı məs­nəvilər Şah İsmayıl Xətainin məşhur «Dəhnamə»sini xatırladır. Bunların arasında hər hansı bir əlaqənin olub-olmaması xüsusi bir tədqiqat mövzusudur.

Böyük şairin yaradıcılığında Şərq ədəbiyyatının poetik fü­qur­ları – məcaz, istiarə, təşbeh, eyham, təfrə, istixrac, ləff, nəşr, mü­ba­li­ğə və s. geniş şəkildə işlədilmişdir. Bu mənada o, Şərqin ən müq­tədir sənətkarlarından biridir.

Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında risalələr çox mühüm yer tutur. Bunlardan «Əruz risaləsi» (1523-25), adından da göründü­yü kimi, ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Ri­salə əruz vəzni haqqında türkcə və farsca yazıl­mış əsərlərdən fərq­lidir. Müəllif əsas diqqətini türk əruzuna yönəltmiş, bizə xas olan şe­ir şəkillərindən tüyuğ, qoşuğ, tarxani, öləng və digər janr­ları ət­raflı təh­lil etmişdir. Babur əruzun 21 bəhri və 272 vəz­ni haq­qında geniş məlumatla yanaşı türkcə və farsca nümunələr vermiş­dir.

Şairin digər bir risaləsi «Mübəyyəni-zəkat»dır (1521). Burada islamın hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, əşar, xə­rac və s.) haqqında məsnəvi tərzində məlumat verilir. «Ki­tab nəz­minin səbəbi» qismindən anlaşıldığına görə, Ba­bur bu əsəri öv­ladları Hümayuna və Kamrana öyüd-nəsihət vermək məqsədilə qə­ləmə almışdır.

Şairin „Etiqadiyyə» risaləsi də dini möv­zu­dadır. Babur bu əsə­rində dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində bildiyini nü­­mayiş et­dirmişdir.

Mütəfəkkir şair 1504-cü ildə «xətti-baburi» adlı xüsusi bir əlif­ba da kəşf etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qurani-kərim yazdırmışdır.

Bunlardan başqa, Babur tarixi mənbələrdə qeyd olunan iki ri­salə də qələmə almışdır. «Musiqi elmi» və «Hərb işi» adlanan bu əsərlər, təəssüf ki, indiyə qə­dər tapılmamışdır.
* * *
Qazi Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında «Ba­­burnamə» (digər ad­ları: «Vəqaye» və «Ba­bu­run xatirələri») əsəri mühüm yer tutur, ona görə də bu əsər haqqında xüsusi da­nış­maq la­zımdır. Türk və islam ədəbiy­ya­­­tın­da me­muar janrında ya­zılmış ilk əsər olan «Ba­burnamə» 1494-1529-cu il­lər ara­sında Or­ta Asi­yada, Əfqanıstan­da və Hindistanda baş verən bütün ha­di­sələri, müəllifin öz həyatı­nı, o dövrün bütün siyasi xadim­lə­rini, elm və ədə­biyyat nümayən­də­lə­ri­ni əhatə edir. Kitabda o regionun flora və faunası, coğ­rafiyası, et­no­qrafik özəllikləri barədə geniş məlumat var. Əsərin ondan ar­­tıq əlyazma nüsxəsi mövcuddur.

«Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-sə­da do­ğur­muş­dur. Təkcə Əkbər şahın sarayında üç dəfə farscaya tər­cü­mə edilmişdir. Yek­dil rəyə görə, ən yaxşı tərcümə Əbdür­rəhim xa­ni­­-xanana məxsusdur (1586). O, Babu­run yaxın silahdaşı, məş­hur türkmən sərkərdəsi, çağatay, türk­mən, eləcə də bizim ədə­biy­yatın klassiki Bayram xanın oğludur. Baharlı boyuna mənsub olan Bayram xan əvvəlcə bir müd­dət Şah İsma­yıl Xətainin ya­nın­da qulluq etmişdir.

«Baburnamə»nin şöhrəti qısa müddət ərzində Avropaya da ya­yılmış, Vitsen onun haqqında hol­land dilində (1705), C.Ley­­den və V.Erksin in­gilis dilində (1826), Pave de Kurteyl fransız di­li­ndə (1871) yazılar yazmış, bəzi hissələ­rini tərcümə etmişlər. Əsər ilk dəfə 1857-ci ildə məşhur rus türkoloqu N.İ.İl­minski tərəfindən Kazanda çapdan buraxılmışdır. A.N.Samoy­loviç isə 1917-ci ildə Sankt-Peterburqda «İmperator Baburun şeirləri» adlı kitabı rus di­lində nəşr etdir­mişdir.

«Baburnamə»nin ilk tam tərcüməsi ta­nınmış ingilis alimi An­net Su­san­na Beveric tərəfindən 1905-ci ildə həyata keçiril­miş­dir. O, əsərin Hey­də­r­abad nüsxəsinin faksimile­sini sinko­qra­fi­ya üsulu ilə çap etmiş, tərcüməsini vermiş, on səhifəlik önsöz yaz­mış, kitabın axırına şəxs, qəbilə, tayfa, boy ad­­ları və coğrafi adlar gös­tə­ricisi əlavə etmişdir. Annet xanım Baburun xa­tirə­lərini Gib­bo­nun və Nyu­to­nun memuarları ilə müqayisə etmişdir. Daha son­ra böyük özbək alimi Əbdürrauf Fitrət 1928-ci ildə «Baburnamə»dən bə­zi fraqmentləri çap etdirmişdir. Əsər ordi­na­rius professor Rəşid Rəhməti Arat tərəfindən türk di­linə (1940), Bevericin ingiliscə tərcüməsinin əsasında Mixail Salye tərəfin­dən rus dilinə çevrilmiş, 1943-cü ildə Daşkənddə, 1958-ci ildə isə Moskva­da çapdan bu­raxılmışdır. «Baburnamə» ümu­mən dörd də­fə ingilis (1826, 1905, 1921, 1922), üç dəfə fransız (1879, 1980, 1985), bir dəfə alman (1878), bir dəfə ispan (2005), bu yaxınlarda isə hind və Çin dillə­ri­nə çevrilmişdir.

Baburun irsinin öyrənilməsinə özbək alimləri də mühüm töh­fələr ver­mişlər. «Baburnamə» 1948-ci ildə Daşkənddə iki cild halında məşr edilmiş, 1959-cu ildə isə Baburun seçilmiş əsərləri işıq üzü görmüş, 1956-66-cı illər­də üçcildliyi çap olunmuşdur. Tanınmış babur­şünas Parsa Şəmsi­yev 1960-cı il­də bir neçə nüsxə əsasında «Baburnamə»nin elmi-tənqidi mətnini hazırla­mışdır. 1982-ci ildə M.Salyenin rusca tərcüməsi yenidən oxuculara təq­dim edilmişdir.

1980 və 1985-ci illərdə «Baburnamə» UNESCO xətti ilə S. Əzim­ca­no­vanın (Özbəkistan), Əbdülhey Həbibi (Əfqanıstan) və Mühibül Hə­sənin (Hin­distan) redaktorluğu, ta­nınmış fransız türkoloqu Lui Bazenin ön sözü ilə fransız dilində iki dəfə nəşr olunmuşdur. 1994-cü ildə yapon şərqşünası İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.

Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından ma­raq­landırmışdır. Fransız ya­zı­çıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 1940), ABŞ yazıçısı V.Qak­soni (Nyu-York, 1980) Babur haqqında roman­lar yaz­mışlar. Təbii ki, bu əsərlərin əsasında «Baburnamə»dəki faktlar da­yan­mışdır. Məşhur ədib Mu­ni­lalə isə Baburun həyatından bəhs edən 6 ro­man qə­ləmə almışdır. Bu əsərlər arasın­da ən populyarı ame­rikalı yazıçı Ha­rold Lam­bın 1961-ci ildə Nyu-Yorkda çap­dan çıxan «Babur the Tiger. First of the Great Mogols» kitabıdır. Həmin ki­tab müxtəlif ölkə­lərdə dəfə­lərlə nəşr edilmiş, 2000-ci ildə Moskvada rus di­lin­də «Бабур-тигр. Вели­кий за­во­е­ва­тель Востока» adı ilə çap olun­muşdur.

Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Ay­bək, B.Bay­ka­bulov və Xurşid Dövran qələmə aldıqları poema­la­rında, Pi­rim­qul Qədirov «Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Ba­buri­namə» poves­tində Baburun ölməz surətini can­landırmışlar.

Baburun yadacılığı, xüsusilə «Baburnamə» əsəri ilə bir çox ölkələrin alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erk­sin, L.M.Pull, S.M. Ed­­vards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Tal­bot, İ.Ma­no, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şar­ma, A.K.Sinqh, N.Veselov­ski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədə­bi irsinin təd­qi­qin­də mühüm iş­lər görmüşlər.

Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yara­dı­cı­lı­ğını öyrən­mək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edil­mişdir. Toplanan minə ya­xın ki­tab və sənəd «Babur və dün­ya sivilizasi­ya­sında onun yeri» adlı xa­tirə mu­ze­yində qoru­nur. Bu kitablar ara­sında Baburun müxtəlif dillərə çevrilmiş əsərləri ilə yanaşı «Ba­burnamə»nin tərcümələri, Böyük moğol impe­ri­yası­nın tarixi haq­qında qələmə alınmış tədqiqatlar xüsusi yer tutur. U.Erksinin öz­bəkcəyə çevrilmiş «Hindistanda Baburi döv­ləti» (Daşkənd, 1997) və P.Şar­manın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi funda­mental araşdırmalar xüsusilə diqqə­tə­layiqdir. Əndicanda salınmış Babur parkında onun rəmzi qəbri qo­yulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır.


* * *
«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan bi­rinci hissə­də Baburun taxta çıxdığı  10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş verən hadisələr öz əksini tapır. Bu on il ər­zində Babur taleyin bir sıra ağır sı­naqlarına məriz qalmış, ata mül­künü dəfələrlə itirmiş və qazanmış, axırda ye­nə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir.

«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə bö­yük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak etmiş, nə­ha­yət, bəlli bir coğrafiya üzərində öz səltənətini qura bilmişdir. Maraqlıdır ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ət­raf coğrafiyada ən müqtədir hökmdar olan Şey­ba­ni xanla mütəmadi olaraq çar­pışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmiş­dir. 1510-cu ildə Şey­bani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Ba­bur Ka­bili əlində saxlamaqla əski torpaqları uğrunda mübarizə aparmışdır. Bundan da bir şey çıx­mayınca Hindistana yönəlmişdir.

«Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı il­dən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisə­lərini əhatə edir. Əs­lin­də, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin vaxt­dan sonra Hindistana beş dəfə yürüş etmiş, Pən­cabı (1519/20), Qənda­harı (1522), Lahoru (1523), Dehlini və Aq­ranı (1526) ələ keçirmiş, Əf­qa­nıs­tanı, Bəlucistanı və şima­li Hindistanı öz hökm­ranlığı altına alaraq Böyük moğol­lar im­peri­ya­sının təməlini qoymuşdur. Əsə­rin «Hindistan» qismində Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Pa­ni­pat savaşı, hind raçput­la­rın baş­çısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfa­ları və benqallarla sa­vaşı öz əksini tapmışdır.

Baburun xatirələri beş yerdə qırılır. Xorasana getmək üzrə vətənini tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsil­ir, 909-cu ilin (1504-05) ha­disələri isə bütünlüklə yoxdur.

Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on il 7 aylıq fasi­lə­­dən sonra 925-ci ildə tək­rar başla­yır. Yəni kitabda 1508-ci ilin mayından 1519-cu ilin 3 yanvarınadək olan dövrün ha­disələri yoxdur.

Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci il­dən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan his­səsi də yoxdur.

Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı əhatə edən və açıq­lanmayan bir kəsinti də var.

Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sen­t­yabr 1529-cu il) sonuncu dəfə kəsilir. Ondan son­ra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları it­mişdir. Babur 937-ci ilin 5 cümadüyül­əv­vəl günü (25 de­kabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş ve­rən ha­di­sələ­rin qısa ic­malını mətnaltı haşiyələrdə verərək mənzərəni qa­ba şə­kildə tamamla­mağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.

Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlu­mat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə almış, xüsusi gündəlik tutmuş­dur. Lakin əsərdə bunu təsdiq edən ciddi bir işa­rə yox­dur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda ya­­zıb bitir­mişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri günbəgün təsvir edir, hətta səhər, günorta, ikindi, axşam, gecə baş verən ha­disələri də müfəssəl nəql edir. Bəzi məqamlarda bu və ya digər hadisə və ya şəxs haqqında təhkiyəni kəsən müəllif bu barədə sonra məlumat verəcəyini bildirir. Tək bir yerdə isə (3 mart 1529-cu ildə) bunu qeyd edir: «Xoca Yəh­yanın nəvəsi Xo­ca Kə­­lan isə məndən yazmaqda olduğum Vəqayeni istəmiş­di. Surətini çı­xart­­dır­mışdım, onu da Şəhrək vasitəsilə göndərdim».

«Baburnamə»də faktiki materail, bir-birinə qarışan ha­disələr, alış­ma­­dığımız adlar həd­siz də­rə­cədə çoxdur, lakin buna baxma­yaraq əsər son­suz maraqla, bir macə­ra ədəbiyyatı nümunəsi kimi zövqlə oxunur. Baburun di­linin sadəliyi, obraz­lılığı, müşahidə­lə­ri­nin zərifliyi, qeyri-adiliyi, dəbdəbə­dən uzaq təhkiyə tərzi, səmi­miyyəti insanı heyran edir.

Babur hər şey haqqında obyektiv və dəqiq yazmışdır. Müa­siri olduğu və ya özündən əvvəl yaşamış hökmdarlar, onların nə­sə­bi, həyatı, xasiyyəti, savaş­la­rı və mey­dan müha­ri­bələri, adbaad göstərməklə arvadları və cariyə­ləri, oğulları və qızları, əmirləri və bəy­ləri, saraylarında yaşa­yan alimlər, şa­ir­lər, rəssamlar, müsiqi­çilər, xəttat­lar və baş­qa sənətkarlar haqqın­da geniş və maraqlı məlumatlar vermişdir. Gə­zib gördüyü yerlər­dəki tarixi abidələr, ay­rı-ayrı xalqlara, tayfa və qəbilə­lərə xas olan etnoqrafik özəllik­lər, adət-ənə­nə­lər, yeməklər, geyim­lər onun nəzərindən yayın­mamışdır. Babur təbiətin gö­zəlliklərini, fərqli coğ­rafi ərazilərdə bitən ağac və gülləri, meyvə və bit­ki­ləri, heyvanları, quşları, ba­lıq­ları da ey­ni həssaslıq və diqqətlə təsvir et­miş­dir. O, musiqi, xüsu­sən də muğamlar haqqında dərin məlumat sahibi ol­du­ğunu göstər­mişdir. Bu məna­da «Baburnamə» o dövrün bir ensiklopedi­ya­sı sayıla bilər.

Babur hətta öz şəxsi qüsur­la­rını göstərməkdən, özünə tən­qi­di yanaş­maqdan, bəzən də istehza et­mək­dən çəkin­məmişdir. Onun içki məclisləri, məcun, kəmali, tiryək qəbul etməsi də xatirələr­də öz əksini tapmışdır. Babur öz ta­beliyindəkilərə və qohumlarına da obyektiv qiy­mət vermişdir. Hətta öz əmisi uşaq­­ları ona qarşı xə­yanət edəndə, dövlət çevrilişi təş­kil edib tax­tı onun əlin­dən almaq istəyəndə belə Babur onları bağışlamışdır.

Babur bir çox yerdə əmilərinin, dayılarının, xalalarının ona və anasına qarşı haq­sız­lıq etdiklərini vurğulamış, onlardan etibar və şəfqət qörmədik­lə­rini qeyd etmişdir: «Bunları yaz­maq­dan məq­sədim şikayət deyil, gerçək­ləri söylə­mək­dir, bu söylə­nən­lər­dən məqsəd özümü tərif deyil, gerçəkləşmiş olan­ları bə­yan et­mək­dir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi yazmağı gə­rəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşi­dilib görülmüşsə onları söylədim, qohumlardan və yad­lardan da nə qüsur və ya mə­ziyyət görül­müş­sə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də qı­na­masın».

«Baburnamə»də yüzə yaxın şeir parçası var. Bunların bir qismi şairin öz əsərləri, bir qismi başqa şairlərin, əsasən də Sədi Şirazinin şeirləridir. Ye­ri və mə­qamı gəldikcə Qurandan alıntılar, farsca və türkcə bir neçə ata­lar sözü var. Farsca şeirlərin və atalar sözlərinin orijinalını kitabda sətri tərcümələri ilə bir­likdə verməyi məqsədəuyğun saydıq.

Bu mötəşəm əsəri ana dilimizə çevirərkən onun türkcə (Rəşid Rəhməti Arat), rusca (Mixail Salye) tərcümələri ilə ya­na­şı Parsa Şəmsiyev tərəfindən hazırlanmış özbəkcə-çağatayca nəşrin­dən istifadə etdik. Baburun dili, xüsu­sən də mürəkkəb cümlələr sintak­tik baxımdan farscanın təsiri altındadır. Mi­sal üçün: «Sabahı divanda Qulubəy kim, Kaşğarğa Sultan Səid xan qaşına el­çilikkə barıb idi, kəlib mülazimət qıldı». Sadə cümlələr isə tam tükcədir. Ona görə də bəzi cümlələri daha dəqiq anlamaq üçün onları türkcə və rusca mətnləri ilə tutuşdurmaq lazım gəlirdi. Bundan başqa, həmin dövrdə həyatın müx­təlif sa­hə­lərində işlənmiş çox­saylı ter­min və təbirlərin qarşılığını tap­maq asan deyildi. Bu baxımdan türk­cə və rusca tərcümələr bizə müstəsna dərəcədə kömək etdi. Əsərin koloritini qorumaq üçün bəzi termin və deyim­ləri olduğu kimi saxladıq və kitabın so­nunda verilən qeydlər və izahlar qis­mində on­­ların mənasını açıqladıq.

Şübhəsiz ki, bu böyük həcmli mürəkkəb əsərin tərcüməsi nöqsan və qüsurlardan da xali deyildir. Bizim arzumuz bu tər­cü­­mədən sonra daha mü­kəmməl tərcümələrin meydana çıxma­sı­dır. Yoxsa ki, ucuz şöhrətə və birin­ci­lik palmasına sa­­hib ol­maq kimi bir istəyimiz, əlhəmdülillah, yoxdur və ola da bilməz. Bizim türk­lüyə təmənnasız xidmətdən başqa bir qayəmiz yoxdur.

Mötərizə içində qara şriftlə a-b ilə verilən rəqəmlər Heydər­abad nüs­xə­sinin səhifələrini gös­tərir.

Yekun olaraq demək olar ki, ortaq türk ədəbiyyatının ən par­laq si­­ma­la­rından biri olan Zəhirəddin Məhəmməd Babur çağatay ədə­biyyatında poe­ziyada Əlişir Nəvaidən sonra ikinci ən uca zir­və, nəsr sahəsində isə birinci, fəth olunmamış zirvədir. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, həmişə də bununla fəxr et­mişdir. Türklüklə və Baburla fəxr etmə növbəsi in­di bizdədir. Ba­burun şəx­­siyyətinin və əsərlərinin tanıdılması və təb­liği türk ziya­lılarının bi­rinci dərəcəli vəzifələrindəndir. Zira gənc nəslə türk ulu­­larını tanıt­madan, onun tarixi yaddaşını təzələmədən keçmişlə bugün, bu­gün­lə gələcək arasında sağlam körpü qurmaq mümkün deyil. Halbuki mü­a­sir dövrdə, qloballaşan dünyamızda buna bö­yük ehtiyac var.

Dünya tari­xinə türk adını öz kəskin qılıncı və zərif qələmi ilə qızıl hərflərlə yazmış Zəhirəddin Məhəmməd Ba­bu­run bu­gü­nə qədər ölkəmizdə yalnız bir kitabı nəşr edilmişdir. Mü­tə­xəs­sislər xaricində onun sənəti ilə çox az adam tanışdır. Bu acı ger­çəklə üz­ləşmək mümkündür, ancaq onunla ba­rışmaq olmaz. Ona görə də biz Baburun «Seçilmiş əsərləri»ndən sonra onun məşhur «Baburnamə»sini də ana dilimizə tərcümə və nəşr etməyi qə­rara aldıq. Ürəkdən inanırıq ki, Azərbaycan oxucuları və ədəbi icti­maiy­yə­­­t Baburun bu kitabını da böyük rəğbətlə qarşılayacaq, bu azman şair-hökm­darla bağlı ədəbiyyat, ədə­biy­yatşünas­lıq və təd­ris sa­hə­sində uzun müddət­dən bəri mövcud olan boşluq, gec də olsa, dol­durula­caqdır.
qəzəllər 
Canıma od saldı ol rüxsareyi-ziba yenə,

Könlümə ol zülf oldu mayeyi-sevda yenə.


Görsədib rüxsarü zülfün ol pəri-peykər ma­na,

Canü könlümü qılıbdır valehü şeyda yenə.


Yar köyündəki dam, sənsən mana püştü pə­nah1,

Sayeyi-lütfünü sal, çün sana gəldim tayanə.


Şadlığıyü fərağatı qoyub, aşiq olub,

Möhnəti-qəmi qılıb mən özümə peyda yenə.


Yara qul mən degəc Baburu rüsva eylə­di,

Tanrı mən tək bəndəsini qılmasın rüs­va yenə.


 
Gətirsə yüz bəlanı oşol1 bivəfa mana,

Gəlsin əgər üzümü çevirsəm, bəla mana.
Necə məni ol rəfiq bilə kim qılar bəsa2,

Mehrü vəfa rəqibə, cövrü cəfa mana.


Biganə olsa aqil, məni tilbədən, nə tanq1,

Çün oldu ol pəri sifətim aşna mana.


Ahü yaşımdan arta dürur zəf2, ey təbib,

Bildim, yaraşmaz indi bu abü həva mana.


Dərdim görüb müalicədə zaye etmə ömür,

Kim canda dərdi-eşq dürur bidəva mana.


Ta yar kimi istərü könlünə kim yaxar,

Təşviş bicəhət dürur axır sana, mana.


Babur, olub dürur iki gözüm yolunda dörd,

Gəlsə nə oldu qaşıma, bir-bir mana, ma­na.


 
Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq,

Kim ki, ondan yaxşı yox, göz tutma3 ondan yaxşılıq.
Gər zamanı nəfy4 qılsam, eyb qılma, ey rəfiq,

Görmədim hərgiz, nedəyin, bu zamandan yaxşılıq.


Dilrübalardan yamanlıq gəldi məhzun1 kön­lümə,

Gəlmədi canıma heç arami-candan yaxşılıq.


Ey könül, çün yaxşıdan gördün yamanlıq əs­rü-köp,

İndi göz tutmaq nə yəni hər yamandan yaxşılıq.


Varı2 elə yaxşılıq qılgil ki, bundan yaxşı yox,

Kim deyələr: dəhr ara qaldı fılandan yaxşılıq.


Yaxşılıq əhli-cahandan istəmə, Babur kımi,

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq.

 
Məndən özgə xəstələrə ləlindən dərman verər,

Mən verərəm canü, ol ömr özgələrə can verər.


Aşiqiyəm, ol qılar əğyara məhbubluq,

Dərdməndi mən, vəli ol özgəyə dərman verər.


Oxunda peykan1 iməs, bir qətrə heyvan suyu­dur2,

Yetgəc ök3 cansız tənimə, can oşol peykan verər.


Qan yaşımı hicrində, şeirimi vəsfində gö­rün,

Kim bu yanlığ4 dürrü gövhər hansı bəhrü kan5 verər.


Olalı qəddinə mail vəslindən məhrumam,

Babura, ol hüsn nəxli6 bar7 məgər hirman8 verər.

 
Tilbə könlüm kim, sənin cəngindədir9, yad eyləgil,

Bir nəvaziş bilə könlümü mənim şad eylə­gil.


İşrət içrə hər haçan kim, çəng alsan əlinə,

Firqətində qalan əyri qamətim yad eylə­gil.


Söz eylər bir nəşatəngiz1 çəng2, ey dil­rü­ba,

Binəva könlümü qəm cəngindən azad eylə­gil.


Məclis içrə çəng bilə dartıb avaz, ey pə­ri,

Səbrü huşum, cüzü3 övraqını4 bərbad eylə­gil.


Çəngdə hər gün küy çalan yarın çü yoxdur, Babura,

Yerə baş çalmaq bilə özünü mötad5 eyləgil.


 
Olmadım ömrümdə bir dəm xatiri-xürrəm bilə,

Gər əlimdən gəlsə bir dəmi keçirməm qəm bilə.
Necə olar yar hicranıyü dövran möhnəti,

Nəqdi ömrüm, ah, kim ötdü qəmü matəm bilə.


Zahir olar hər nəfəs hər tün saçının hicrində,

Odlu ahım dud kimi1 çıxsa piçü xəm2 bilə.


Ey könül, ta kim görüb mən ol pəridən iltifat,

İxtilat etmək3 mana yaxmaz4 bəni-adəm bilə.


Qət edib Babur varından çün sana gətirdi üz,

Boş deyil yek ru olsa cümleyi-aləm bilə.

 
Dişin dür, ləbin mərcan, qəddin gül, xəttin reyhan,

Üzün hur(i), saçın ənbər, sözün mül, mənim Multan.


Multan mənim, sözün mül, ənbər saçın, üzün hür,

Reyhan xəttin, qəddin gül, mərcan ləbin, dişin dür.


Təfaxür gözüm, könlüm qılarlar məgər vardır,

Gözünə könül valeh, üzünə gözüm heyran.


Heyran gözüm üzünə, valeh könül gözünə,

Vardır məgər qılarlar könlüm, gözüm təfaxür.


Təfəkkür necə qılsam, tapılmaz sənin mislin,

Pəri tək səni gördüm, iməs sən məgər insan.


İnsan məgər iməs sən, gördüm səni pəri tək,

Mislin sənin tapılmaz, qılsa necə təfəkkür.


Bəladür mana hicrin, dəvadır mana vəslin,

İtabın mana afət, hədisin mana dərman.


Dərman mana hədisin, afət mana itabın,

Vəslin mana dəvadır, hicrin mana bəladür.


Çü Babur sana quldur, nəzər qıl, ona zinhar,

Tapılmaz yenə bir qul, onun tək sana, ey can.


Ey can, sana onun tək bir qul yenə tapılmaz,

Zinhar ona nəzər qıl, quldur sana çü Babur.

rübailər 
Gəldi ramazanü, mən dəxi badəpərəst,

Eyd olduyü zikri-mey qılaram peyvəst,

Nə rövzeyü, nə namaz illər-aylar,

Tünü gün, meyü məcun bilə divanəyü məst.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin