QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz


bu gün mətbuatımızda ona nə qədər ehtiyac duyulur?



Yüklə 1,11 Mb.
səhifə3/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   2   3   4   5   6   7   8   9   ...   14

bu gün mətbuatımızda ona qədər ehtiyac duyulur?

Bildiyimiz kimi, jurnalistika təkcə informasiya verməklə kifayətlənməməlidir. İctimai, siyasi, iqtisadi, mədəni həyatda baş verən bütün problemlərin aradan qaldırılmasında, həlli yollarının tapılmasında, düz istiqamət verilməsində hətta cəmiyyətin səfərbər edilməsində publisistika çox önəmli yer tutur. Klassik publisistikamıza nəzər yetirəndə bir daha şahidi oluruq ki, xalqın milli özünədərk və özünəqaydış hisslərinin aşlanmasında klassik publisistikamız dahiyanə nümunələr yaratmışdır. İstər 20-ci yüzilliyin əvvəllərində, istər sonlarında milli müstəqilliyimizin, azadlığımızın qazanılmasında döyüşkən publisistikamız əvəz edilməz rol oynamışdır.

Bəs bu gün niyə mətbuatımız əsasən informasiya verməklə kifayətlənir?! Axı bu gün də publisistikanın müraciət və həll edəcəyi bir çox sahələr var. Buna görə klassik publisistikamızdan öyrənəcəklərimiz də çoxdur...

Azərbaycanın XX əsr ictimai fikir tarixində görkəmli yer tutan, Azərbaycan ədəbiyyatının, mətbuatının görkəmli və böyük fitri istedada malik publisistləri olmuşdur. H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, F.Ağazadə, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Vəzirov, M.B.Məhəmmədzadə, Ş.Əfəndizadə və başqa görkəmli sənətkarlarımız publisistika ilə də məşğul olaraq, ideya və düşüncələrini publisistik məqalələrində əks etdirmişlər. Zəngin, çoxşaxəli ədəbi irs qoyub getmiş bu ədiblərin publisistik yaradıcılığı bu gün də ictimai, siyasi tərbiyəvi əhəmiyyətini itirmədiyi üçün aktualdır və tədqiqinə ehtiyac duyulur. Çünki onların publisistikası dərin və güclü məntiə malikdir. Klassik publisistikamızın bu əvəz edilməz nümunələri, millətin qarşlaşdığı problemləri, dərdləri dərindən öyrənməyə yönəlmiş aktual mövzulara həsr edilmiş və böyük türk xalqlarının azadlıq mübarizəsinə xidmət etmişdir.

İctimai, siyasi, iqtisadi ziddiyyətlərin kəskinləşdiyi və inqilabi mübarizələrin son dərəcə qızışdığı dövrdə, 20-ci yüzilliyin əvvəllərində xalqın milli dərdləri, milli özünədərk və özünəqaydış ideyaları romantik və realistlər ədəbi məktəbin publisistlərinin yaradıcılığında öz möhtəşəm ifadəsini tapmışdır. Bu publisistikaya istər dünyaya, istərsə də Şərq ictimai fikrinin inkişafına əvəzolunmaz nümunələr bəxş etmiş, “zaman-zaman publisistik sözün qüdrətindən istifadə etməklə öz dövürlərinin problemlərinə çox aydın və kəskin münasibət bildirmiş” klassik publisistikamız daxildi. Ona görə də Azərbaycan publisistikası 20-ci yüzilliyin əvvəllərindəki səviyyəsi və cəsarətli çıxışları ilə heyrət doğurur. Həmin dövrdə Azərbaycanda baş verən bütün ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, türkçülük ideyalarının qaldırılması və təbliği publisistikanın həm mövzu dairəsini, həm də sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırdı.

Və burada istər realist, istər romantik ədəbi məktəbin publisistləri mühüm rol oynamaqla yanaşı, həm də milli mənafe uğrunda aparılan mübarizədə birləşməyi də bacardılar. Dövrün görkəmli publisisti Ömər Faiq Nemanzadənin təkcə “Dərdimiz və dərmanımız” publisist yazısısını oxumaq kifayətdir ki, onun bu günümüz üçün nə qədər aktuallıq kəsb etdiyi anlaşılsın. Publisist məqaləsində müsəlmanların savadsızlığını, geriqalma səbəblərini aradan qaldırmaq üçün maarifin, mədəniyyətin təbliğinin vacibliyini vurğulayaraq dövlətliləri, ziyalıları iş görməyə dəvət edir.

Publisist hər vəclə oxucusunu inandırmağa çalışırdı ki, elm insanı zülmətdən, cəhalətdən çıxarır, köləlikdən azad edir. Bir qayda olaraq mövcud problemlərin kökünü cəhalətdə, nadanlıqda, savadsızlıqda görən müəllif bu bəladan qurtarmaq üçün elmin faydasını məqalələrində açıq-aydın şərh edərək valideyinləri qonşu erməni, yəhudi, rus millətlərindən örnək götürməyə, çətin də olsa övladlarını oxumağa, məktəbə sövq etməyə səsləyirdi.

Müəllif bu baxımdan bədii publisistikanın ən önəmli, ən ustad nümunələrini ortaya qoymaqla bədii publisistikanın özünəməxsus xüsusiyyətlərindən ustalıqla istifadə edib. Bədii detallar, daha inandırıcı tapıntılar, oxucuya ünvanlanmış fakt, tövsiyə və məsləhətlər, məzmun və bir sıra digər keyfiyyətlər onu daha da kamilləşdirir, sənət səviyyəsinə yüksəldir. Azərbaycan yazıçı publisistikasında da belə nümunələr saysız-hesabsızdır.

M.F.Axundzadənin tədqiqatçılar tərəfindən Azərbaycan publisistikasının “İncisi sayılan” “Kəmalüddövlə məktubları” əsəri, H.Zərdabinin “Əkinçi”, “Kaspi”, “Həyat”, “Dəbistan” mətbu orqanlarında çap edilən saysız-hesabsız publisistik məqalələri orijinallığı, cazibədarlığı ilə bu gün də diqqəti cəlb edir.

“XIX əsrin ortalarında M.F.Axundzadəylə başlayan, N.Vəzirovla davam edən və XX əsrin əvvəllərində Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.Ə.Möcüz və digərləri tərəfindən davam etdirilən yazıçı publisistikası milli özünüdərk və milli özünəqaydış prosesinin güclən-məsində mühüm rol oynamışdır”. Amma burada bir faktı qeyd etmək çox vacibdir ki, XX əsrin əvvəllərində məhz milli özünəqaydış və milli özünüdərk prosesinin güclənməsində Y.V.Çəmənzəminli, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.Ə.Möcüz publisistikasından ideya-siyasi baxımdan qat-qat çox güclü, təsirli Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.B.Məhəmmədzadə və M.Ə.Rəsulzadənin siyasi publisistikası olmuşdur. Görünür hələ də bəzi tədqiqatçılarımız sovet ideologiyasının təsirindən uzaqlaşa bilmədikləri üçün publisistikamızda, xüsusən də siyasi publisistikamızda kimin-kim olduğunu aydınlaşdıra bilmirlər.

Məhz Azərbaycan mətbuatı tarixində ilk dəfə xalqa milli kimliyini, keçmişini və milli azadlığı uğrunda mübarizəyə qalxmasını “Həyat”ı, “İrşad”ı, “Füyuzat”ı, “Açıq söz”ü yaradan publisistlərimiz anlatdı və onların da başında Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsuılzadə və başqaları dururdu.

Unutmayaq ki, publisistikamızın bədii-ictimai fikir tariximizdə azərbaycançılıq ideologiyasının ən parlaq səhifəsini yaratmış C.Məmmədquluzadə və yaxud Azərbaycan milli mətbuatında istiqlal düşüncələrini möhkəmləndirən siyasi publisistikanın ölməz nümunələrini tarixə həkk edən M.Ə.Rəsulzadə, milli məsələyə həsr edilən ən dəyərli publisistik nümunələri yaradan Ü.Hacıbəyli və Ö.F.Nemanzadə publisistikasına bu gün nə qədər ehtiyacımız var. Azərbaycan publisistikasında özünün dil-üslub rəngarəngliyi ilə fərqlənən bu ədiblərin publisistikası həm də yüksək publisist sənətkarlığı baxımından da müqayisə ediləbiləcək dərəcədə deyil. Həm satirik, həm də ciddi-elmi, siyasi, bədii publisistikanın ölməz klassik nümunələrini yaratmış C.Məmmədquluzadə, Ö.F. Nemanzadə, H.Vəzirov, C. və Ü.Hacıbəyli qardaşları, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və M.Ə.Rəsulzadənin publisistikası həm sənətkarlıq baxımından, həm də üslub baxımından bu gün bizlərə bir örnəkdir. Onların publisistikası müraciət etdikləri mövzunun aktuallığı və çözülməsi baxımından da fərqlidir.

Baxmayaraq ki, onların ədəbi mühitə gəldiyi dövr də çox mürəkkəb, ziddiyyətli və mübarizələrlə zəngin bir dövr idi. Xüsusən 1905-07-ci il hadisələri, daha sonra Birinci Dünya Müharibəsi, 1917-ci il təzadları və nəhayət Azərbaycanda milli istiqlal uğrunda mübarizənin aparılması və qələbəsi. Söz yox ki, bu zaman Azərbaycanda milli intibahın oyanışına doğru bir mübarizə başlanmışdır. Bu mübarizənin önündə xalqın böyük və istedadlı qələm sahibləri üstünlük təşkil edirdilər. Heç də təsadüfü deyil ki, mübarizəni ümumxalq səviyyəsinə qaldıran milli mətbuatımız və onun yazarları oldular. Onlar isə ölkədə yetişməkdə olan böyük bir publisist ordusunu təşkil edirdilər. Məlumdur ki, “publisistika bədii ədəbiyyatın hadisələri ən tez və ən real əks edən, həyatla ayaqlaşmağa can atan janrıdır”.

Deməli, publisistika müəlliflə oxucu arasında bir mükalimədir, dialoqdur. Elə bu baxımdan publisistik əsərlərdə əsas, ideoloji mövqe daha tez diqqəti cəlb edir. Publisistin nəyi müdafiə və ya rədd etdiyi, hansı ictimai meyilin nümayəndəsi olduğu tez bilinir. Bütün bunlarla yanaşı publisistika oxucunu müəyyən fikirlərə inandırmaq, ya müəyyən fikirlərdən döndərmək üçün müəllifin əlində daha çevik və daha kəsərli bir silahdır. Məhz onları publisistikaya gətirən də bu xüsusiyyətlər idi ki, cəmiyyətlə sıx təmasda olmaq, mütərəqqi fikirləri xalqa tez çatdırmaq və xalq arasın da yaymaq.

İstər “Molla Nəsrəddin”, istər “Füyuzat” ədəbi məktəbinin yaradıcıları və davamçıları da məhz bu xeyirxah niyyəti həyata keçirmək üçün publisistikaya üz tutdular. “Onların məqalələrindəki publisist ton da sadəcə ictimai-siyasi məzmunda olmur, həm də köklü bədii-estetik keyfiyyət daşıyır, tarixi-fəlsəfi və ədəbi-elmi biliklərin tutumu ilə seçilirdi”. Bu baxımdan dahi Mirzə Cəlilin “Cümhuriyyət”, “Azərbaycan” məqalələri, başdan-ayağa türkçü-turançı Ə.Hüseynzadənin “Nicat məhəbbətdədir”, “Röya”, “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar”, Ə.Kamalın “Simurğun qanadları altında” kimi yazıları, H.Vəzirovun, M.Hadinin çoxsaylı məqalələri buna sübut olacaq nümunələrdəndir.

XX əsr Azərbaycan bədii publisistikasından bəhs olunarkən “Füyuzat”çılar üçün “önəmli o idi ki, çağdaş mədəni-mənəvi həyatımızın ağrıları ...ön plana çəkilsin”. O, zaman bu mədəni-mənəvi ağrılarımızdan biri və ən başlıcası savadsız xalqı elmə, maarifə cəlb etmək, xalq arasında onun təbliği məsələsi idi ki, yuxarıda adlarını qeyd etdiyimiz publisistlərimizin əksəriyyətinin publisistik məqalələri əsasən bu mövzunun təbliğinə həsr edilib.

20-ci yüzilliyin əvvəllərində yazıb-yaratmış Azərbaycan yazarlarının ədəbi-bədii, elmi irsi, o cümlədən publisistik yaradıcılığı tədqiqatçılarımız tərəfindən geniş tədqiq edilərək oxucuların ixtiyarına verilməli və elmi ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Məhz bu publisistika milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, Vətənə və müqəddəs torpağa, böyük türkçülük və azərbaycançlıq ideyalarınına söykənən, onun təbliğinə yönələn motivlərlə zəngindir. Ölkəmizdə böyüməkdə olan gənclərin milli ruhda, milli zəmində tərbiyə olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğu indiki şəraitdə bu publisistikaya neçə böyük ehtiyac duyulur.

Məşhur rus yazarı V.Q.Belinskinin gözəl bir fikri var. “Ədəbiyyat və tərbiyə” bu iki məfhumu günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir”-söyləyən ədib nə qədər haqlı imiş. Bu baxımdan klassik publisistlərimizin yaradıcılığı diqqəti daha çox çəkir. Onların şəxsiyyəti, adamlara olan münasibəti, milli ənənəyə bağlılığı hər zaman gənclik üçün nümunə məktəbidir və qələmlərinin məhsulu olan hər bir əsərləri, publisistik məqalələri sənət nümunələri kimi bədii idrak vasitəsidir.

Nəzəriyyəçi alim filologiya elmləri doktoru, professor Cahangir Məmmədli demiş: “Zaman keçəcək, onilliklər, yüzilliklər bir-birini əvəz edəcək, hər şey dəyişəcək, dünya yeni yönə, yeni zövqlə istiqamətlənəcək, ancaq xalqın milli-mənəvi dəyərlərinə öz müqəddəs münasibəti heç vaxt dəyişməyəcəkdir”. Deməli, təpədən-dırnağa maarifpərvərlik, vətənpərvərlik, millətsevərlik, azadlıq hissləri ilə zəngin olan bu klassik publisistlərimizin yaradıcılığı da daima dərin minnətdarlıqla yad ediləcəkdir.

Doğrudur çox təəssüflər ki, sovet dövründə romantik ədəbi məktəbin nümayəndələri olan publisistlərimizin yaradıcılığına və şəxsiyyətinə münasibət siyasiləşdirilərək qeyri-obyektiv, hətta çox qərəzli də olmuşdur. “Bu da hər zamanın, dövrün ictimai mübarizələrin xüsusiyyətlərindən, mündəricəsindən, ideallarından asılıdır. Hər dövr, nəsil öz məqsədləri, ictimai meyilləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır”.

Unutmayaq ki, romantik ədəbi məktəbin publisistləri uzun illər ədəbi tənqidin diqqətini hər zaman cəlb etmiş və ədəbi tənqidçilər dövrün tələbini əsas götürərək onların yaradıcılığında ziddiyyət axtarmşlar. Amma onlar unutmuşlar ki, əgər romantiklərin əsərlərində ziddiyyət varsa, o da ictimai həyatdan irəli gəlirdi.

Ümumiyyətlə, Azərbaycan da sovet tənqidinin təşəkkülü və yüksəlişi “vulqar-sosioloji mərhələ” deyilən dövrdə də romantiklərin yaradıcılığına münasibətdə özünün bütün zəif cəhətlərini subyektiv maksimalizimi, metodoloji və estetik təzahür ifratları ilə meydana çıxarmışdı”. Amma bu heç də o demək deyil ki, Azərbaycan sovet ədəbi tənqidçilərinin xidmətlərini heçə endirmək lazımdır. Qətiyyən! Çünki, az da olsa romantikləri “müasir dövrlə və tarixlə əlaqələndirib, elmi-metodoloji cəhətdən düzgün qiymətləndirməyə” can atanlar da olub.

Bədii sözün qüdrətini duyan bu publisistlər xalqın gələcəyi və azadlığı uğrunda mübarizədə mətbuatın gücünü dərk edərək bütün varlığları, sözləri, qələmlərilə mübarizə aparıdlar. Yazdıqları məqalələrin hamısı dolğunluğu, kəskinliyi, mövzunun vacibliyi ilə seçilirdi. Odur ki, baxışlarındakı ardıcıllıq, bütövlük və dərin mühakimə dərhal nəzərə çarpır.

Bu klassiklərimizin publisitikasında gənc yazarlarımız üçün örnək ola biləcək bir məqam var ki, bu da onların ədəbi tənqidə, sözə məsuliyyətlə yanaşmağı tələb edən mülahizələridir. Bu mülahizələr hər an aktuallığını itirməyəyərək qələm, söz əhlindən məsuliyyətli olmağı tələb edir. “Bir tənqid ki, məhəbbət və səmimiyyətdə xüdfüruşluq və xüdkamlıq nəticəsi olaraq yürüdülərsə, o yürüməz, daha doğrusu yürüyəməz, yürüşə belə, əmin olmalı ki, səbatsız olur”-söyləyən publisist tənqiddə də sağlam əqidəli olmağı, qərəzsizliyə yol verməməyi təklif edirdi. Müəllif söz sahibindən sözünə layiq olmasını və onun əhəmiyyətini dərk etməyə qadir olmasını tələb edərək yazırdı: “Söz söyləyən yaxşı bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olmalıdır. Hər söz sahibinin sözü ilk öncə ruhu ilə, vicdanı ilə üzləşməli, müvəffəqiyyət etməli, sonra müxatibə söylənilməlidir”. Bu gün sözün məsuliyyətini hiss etmədən nə istədi yazan jurnalistlərimiz üçün neçə gözəl məsləhətdir.

Klasiklərimizin publisistikasında azadlıq ideyalarına rəğbət, onun uğrunda mübarizə hər an özünü büruzə verib. Cəmiyyəti, insanları, azad, xoşbəxt görmək onların ən böyük, ən müqəddəs idealı idi və bütün yaradıcılığları boyu bunu təbliğ ediblər. Dövrün görkəmli publisisti Üzeyir Hacıbəyli yazırdı: “Azadlıq insanı ucaldır, gözüaçıq, cəsur və nəcib edir”.

Bütün yaradıcılığı boyu xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı kimi müqəddəs amallarla yaşayan Üzeyir Hacıbəyli bu bəlalardan qurtulmaq, azad olmaq üçün elmə, maarifə sahib olmağı tövsiyə edirdi: “Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir gərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir məmatdır”.

Yuxarıda da qeyd etdik ki, bu klassik publisistlərimizin əksəriyyətinin ədəbi mühitə başladığı dövrə nəzər yetirsək ətrafda baş verən siyasi hadisələr, ictimai etraz, zülm və haqsızlıq əleyhinə aparılan mübarizələr və s. diqqəti daha çox cəlb edir. Bütün bunları dəf etmək üçün publisistlərimiz ilk növbədə azlıqda qalan xalqları əsarətdə saxlayan “mövcud siyasi quruluşu devirmək deyil, onu bir qədər mülayimləşdirmək tələbi ilə çıxış edirdilər”. Əvvəl bu siyasəti yürüdən ziyalılar sonra çox haqlı olaraq bir mənalı şəkildə xalqın tam azadlığı uğrunda mübarizəsinə qalxdlar.

Təbii bu mübarizədə realistlər və romantik ədəbi məktəblərin publisistlərinin yeri daha önəmli oldu. Hər iki ədəbi məktəbin nümayəndələri Azərbaycan ədəbiyyatına və mətbuatına bir çox yeniliklər gətirməklə yanaşı, (realistlər-özünütənqid, romantiklər-özünütəsdiq) onun formalaşmasına, zənginləşməsinə də çox dəyərli töhfələrini verdilər. “Ədəbi-ictimai fikir tariximizdə “Molla Nəsrəddin” tənqidi realizmin, “Füyuzat” isə romantizmin yaradılmasında, təşəkkül, inkişaf və təbliğində başlıca rol oynamışdır”.

Görkəmli alim Əziz Mirəhmədovun təbrincə desək: “XX əsr ədəbiyyatımızı nəinki “Molla Nəsrəddin”siz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir”.

Azərbaycan ədəbi mühitinə bir çox yeniliklər gətirən romantiklərin düşüncə və mühakimələrindəki sərbəstlik də ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında, mətbuatında böyük marağa səbəb oldu. Çox təəssüflər ki, “tarixin və taleyin acı “məzhəkələri” üzündən sovet totalitar rejimi dövründə bu iki jurnalın yaratdığı ədəbi məktəblər və onun üzvləri, mollanəsrəddinçilərlə füyuzatçılar bir-birinə qarşı qoyulmuş, yanlış olaraq barışmaz siyasi qüvvələr kimi qiymətləndirilmişdir”.

Əslində isə bu iki ədəbi məktəblər arasındakı “genetik doğmalıq, metodoloji fərq, üslub ayrılıqları” obyektiv şəkildə öyrənilərsə hər ikisinin ədəbiyatımızın, mətbuatımızın və bütövlükdə ədəbi mühitimizdəki tarixi kökləri və bağlılığı üzə çıxar. Azərbaycan da romantizim və realizim ədəbi məktəbinə mənsub jurnalist, publisist bir sözlə istedadlı qələm sahibləri yetişirdi və onların sayəsində mətbuatda “maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid” aydın hiss olunurdu. “Ümmətçilikdən millətçiliyə” keçidin sürətlə davam etdiyi bir zamanda millətin formalaşmasında mühüm rol oynayan mətbuat əsasən bu iki məktəbin nümayən-dələrinin sayəsində inkişaf edirdi.

Bildiyimiz kimi, milli tariximizin böyük mənəvi hadisəsi olan türkçülüyün, turançılığın bir ideologiya kimi təbliği məhz ilk dəfə 20-ci yüzilliyin əvvəllərində Azərbaycanın görkəmli, mütəfəkkir şəxsiyyəti Ə.Hüseynzadə tərəfindən ictimai, siyasi, ədəbi fikir tariximizə gətirilmiş və onun məslək yoldaşları romantiklər tərəfindən davam etdirilmişdir. Ona görə də milli mənəvi bütövlüyə nail olmaq və daha yeni mütərəqqi mədəni səviyyəyə yüksəlmək tələbi mətbuatımızda və ədəbiyyatımızda 1910-cu ildən sonra romantiklərin yaradıcılığında qətiyyətlə müdafiə olunurdu. Ə.Hüseynzadə Azərbaycan ədəbi-elmi fikir tarixində “ilk dəfə olaraq konseptual şəkildə türklük prinsiplərini müdafiə edir və türk xalqlarının dil ortaqlığına əsaslanaraq” bu ideologiyanı Azərbaycan mətbuatı tarixində ilk olaraq “Həyat” qəzetində təbliğinə başlamış olsa da daha geniş olaraq “Füyuzat” jurnalında davam etdirmişdir. Sonra isə “Füyuzat” ədəbi məktəbinin yetirmələri olan romantiklər milli duyğularımızı tərbiyə etmək, türklük əxlaqı və düşüncə tərzini qorumaq, yaşatmaq üçün mətbuatda, ədəbiyyatda mübarizəyə qalxdılar.

Ədəbi irsi ümumxalq sərvəti sayan “Füyuzat”çılar bu “mənəviyyat daşıyıcısının” qorunmasına və nəsildən-nəsilə ötürülməsinə çalışırdılar. Bu haqda romantik şair M.Hadi 1914-cü ildə “İqbal” qəzetinin 714-cü sayında yazırdı: “Şairlərin, ədiblərin mətrukat və müvərrisatı-qələmiyyəsi el malıdır. Nasıl ki, şeri-üdəbanın özləri də insaniyyət malıdır. Bu gün hər şeydən ziyadə ədəbi, ictimai fikir sərvətlərinə, dimağ məhsullarına möhtac olan millətimiz günah deyilmidir ki, böylə əsərlərdən nəsibədar olmasın!”.

Bildiyimiz kimi, “Azərbaycan ictimai fikrində Birinci Dünya Müharibəsi illəri ərzində milli azadlıq və vicdan azadlığı problemindən sonra qadın azadlığı problemi, o zamanın təbirilə desək, hürriyyəti-nisvan məsələsi aktual əhəmiyyət kəsb edirdi”. Bütün müsəlman xalqlarında olduğu kimi, Azərbaycan xalqında da qadın hüquqsuz idi. Bir əşya kimi alınar və satılardı, günü-güzəranı ağlamaqla, sızlamaqla keçərdi. Ona görə də qadınların o zaman təhsil alması çox müşkül bir məsələyə çevrilmişdi. Bəziləri bəhanələr edərək, onların təhsil aldıqdan sonra böyüklərinə, ərlərinə itaətsizlik göstərəcəyini iddia edərək buna qəti yol vermirdilər.

Belə bir zamanda Azərbaycanda onların hüquqları uğrunda mübarizə aparan publisistlər arasında C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, M.Ə. Rəsulzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, Ş.Əfəndizadə, F.Ağazadə, X.İbrahim, Y.V. Çəmənzəminli və başqaları daha fəal idilər. Nəticədə tədqiqatçıların fikrincə “1914-1917-ci illərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığı müşahidə edilirdi”. Doğrudan da dövrü mətbuata nəzər saldıqda bunun şahidi oluruq ki, bu illərdə qadınlar cəmiyyətlər və təşkilatlar yaradır, öz hüquqlarını tələb və müdafiə etmək üçün mətbuatda məqalələr yazır, çıxışlar edir, millətin həyatında fəal mövqe tutmağa calışırdılar.

Deməli, klassik publisistlərimiz xalqı, cəmiyyəti narahat edən hər bir məsələnin həll edilməsi üçün öz səylərini əsirgəməmişlər. Odur ki, bu gün də, sabah da bu zəngin irsdən bəhrələnmək üçün dönə-dönə onların yaradıcılığına müraciət etməliyik.

“Kaspi” qəzeti, 2 iyul 2014
KÖYLÜ QIZININ FACİƏSİ

Əfəndiyeva Gülarə İbrahimxəlil qızı 1905-ci ildə Şəkinin Baş Göynük kəndində anadan olub. İlk təhsilini də orada alan Gülarə xanım ilk pedaqoji və siyasi işinə də orada başlayıb. 1920-30-cu illər dövrü mətbuatında “Gülarə Göylü qızı” imzası ilə yazıb-yaradan jurnalist, publisist, redaktor, ictimai-siyasi xadim, pedaqoq Gülarə Qədirbəyova kimi tanınıb. 1939-cu ildə “xalq düşməni” kimi Sibirə sürgün olunan Gülarə xanım 1942-ci ildə orada da dünyasını dəyişib.


Doğrusunu deyim ki, hər dəfə 1937-ci illərlə bağlı yazı hazırlayarkən məni çox qəribə və qəribə olduğu qədər də maraqlı bir sual narahat edir ki, təpədən dırnağa, bütün varlığı ilə, can-başla hakim partiyaya, qulluq edən, bolşevizm ideyalarına sadiq qalan bu sadiq əsgərlər (əslində sadiq qullara çevrilən insanlar) niyə birdən-birə faciələrlə, dəhşətlərlə, iztirablarla dolu olan 37-nin qurbanına çevrildilər. Axı onların arasında elələri var idi ki, partiyanın yolunda hətta canlarından kecməyə belə hazır idilər. Məsələn, o dövrün görkəmli jurnalisti, publisisti, siyasi xadimi Ayna Sultanova bolşevik partiyası sıralarına qəbul edilərkən “...heç bir çətinlik, hətta ölüm məni qorxutmur bu yolda. Lazım gələrsə partiyamız uğrunda canımdan kecməyə belə hazıram”-demişdir. Bəs sonra? Sonra nələr baş verdi ki, yolunda çanlarını belə əsirgəməyən sadiq əsgərlər “xalq düşməni”nə “əks inqilabçı”ya çevrildilər və 37-nin qurbanı oldular?

Axı onların böyük əksəriyyəti siyasi xadim olmaqla yanaşı həm də bir qələm əhli kimi öz yazılarında sadiq qulu olduqları partiyanın ideologiyasını canla-başla təbliğ edirdilər. Ruhulla Axundov, Əli Nazim, Mustafa Quliyev, Hənəfi Zeynallı, Şamil Salmanov, Həmid Sultanov, Ayna Sultanova, Hökumə Soltanova, Gülarə Qədirbəyova (Gülarə Köylü qızı) və daha kimlər, kimlər...

Adlarını sadaladığım və sadalamadığım onlarla, yüzlərlə sadiq qullarına hakim partiya yüksək vəzifə vermiş, hər şeylə təmin etmiş. Bəs onda onlar niyə bu hakim partiyaya xəyanət etsinlər ki?

...Bu illərdə baş verən hadisələrlə bağlı arxiv sənədlərini, dövrü mətbuatda çap olunan materialları diqqətlə nəzərdən geçirəndə aydın olur ki, xəmiri yalanla, böhtanla, iftirala yoxrulmuş bolşevik partiyası öz məqsədlərini həyata keçirmək üçün hər bir cirkaba əl ataraq ideoloji təbliğat adı ilə istədiklərinə nail olduqdan sonra cəkinmədən onları məhv edərək azərbaycan xalqını ziyalısız qoymaq, onu gölə vəziyyətinə salmaq və xalqı mənəvən məhv etmək idi. Hakim partiya özü oxutduğu, yetişdirdiyi insanları sonra da özü nəsil-nəcabətilə birlikdə məhv edərək özünə haqq qazandırmaq üçün bəzən öz –özünü təkzib də edib...

Bolşevik və sonralar kommunist partiyasının ən etibarlı, sədaqətli orqanı olan “Pravda” qəzetinin 7 yanvar 1937-ci il tarixli sayında azərbaycanlı jurnalist, publisist, siyasi xadim Gülarə Köylü qızı haqqında böyük həcimdə bir məqalə çap edilib. Məqalə müəllifinin səxavətlə şərq qadınının ən layaqətli nümayəndəsi kimi geninə-boluna xoş sözlərlə təbliğ edərək köylərə qaldırdığı Gülarə xanım cəmi bir il, bir aydan sonra 1937-ci ilin fevral ayında “xalq düşməni” kimi həbs edilib, ölüm düşərgəsi olan Sibirə sürgünə göndərilərək gedər-gəlməzin qurbanı olur.

Diqqətlə fikir verin. Gülarə Qədirbəyova (Ayna Sultanova kimi) sədaqətlə qulluq etdiyi hakim partiyanın göstərişi ilə 1926-cı ildən 1937-ci ilin yanvarına kimi Azərbaycanda mədəni-maarif adı ilə hakim partiyanın ideologiyasını təbliğ edərək yetərincə yüksək vəzifələrdə qulluq edib.

Azərbaycan SSR Mərkəzi İcrayə Komitəsi yanındakı Qadınlar komitəsinin müdiri, Xalq Maarif Komissarlığı yanındakı Siyasi-Maarif Şöbəsinin müdiri, Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru, Respublika Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, “Şərq qadını” jurnalının redaktoru olan Gülarə xanım niyə ona “səxavət göstərən”, irəliyə cəkən, vəzifə sahibi edən bir partiyaya xəyanət etsin ki? Əslində o, bu “xəyanət”i etməyi, heç ağlına gətirirdimi? Əsla yox!

...1939-cu ilin 20 yanvarında Gülarə xanımın istintaq işinin bitməsi haqqında protokol tərtib edilərkən, protokolla tanış olan Gülarə xanım oraya bu sözləri əlavə edir ki: “Mən partiyanın namuslu sadiq üzvü olaraq qalıram”.

1939-cu il fevralın 1-də Azərbaycan SSR prokurorunun müavini Selivestrov, martın 28-də XDİK yanında Xüsusi Müşavirə katibliyinin 1-ci şöbəsinin müdiri leytenant Borovkov və Xüsusi Müşavirə katibliyinin rəisi kapitan Markeyev bu ittihamnaməni təsdiq edirlər. Həmin il iyunun 9-da isə Xüsusi Müşavirə qərar çıxarır. Bu qərar 14 nömrəli protokolda öz əksini tapır və qərara əsasən Gülarə Qədirbəyovanı antisovet təşkilatında (guya) iştirak etdiyinə görə beş il müddətinə həbs düşərgəsinə göndərirlər. Protokola baxarkən diqqətimi bir fakt cəlb etdi. Həmin müşavirənin gündəliyini Azərbaycan SSR XDİ komissarını əvəz edən baş leytenant Xoren Markaryan tərtib edir.

Məlum! Markaryanların, Selivestovların, Vorovkovların, Markeyevlərin bizə münasibəti tarixən qərəzli və amansız olub. İnkişafımız, mədəniyyətimiz, qürurumuz, ləyaqətimiz hər an onları narahat edib. Əlbəttə Gülarə xanım kimi gözəl-göycək, xanım-xatın, savadlı, ağıllı bir Azərbaycan qadınının yüksəlməsi nə Markaryanların, nə də Selivestovların ürəyincə idi. Ona görə də onların Gülarə xanıma bu münasibəti gözlənilən bir hal idi. Amma məni içimdən yandıran, içimi sızladan Gülarə xanımın istintaq materialları arasında qanı-qanımızdan, canı-canımızdan olan həmvətənləri Həmid Sultanovun, Mirzə Məmməd Qasımovun (o zaman Sabirabad rayon Mərkəzi Komitəsinin katibi olub), Azərbaycan SSR Prokurorluğunun kadrlar şöbəsinin rəisi Bilqeyis Həşimzadənin Gülarə xanım haqqında böhtan, iftira dolu dedikləri, yazdıqları məktublar, izahatlar, ərizələr oldu. Hətta Bilqeyis xanım 1937-ci ildə iki dəfə fevralın 25-də və iyunun 17-də M.C.Bağırovun adına ərizə yazaraq bildirirki, Gülarə Köylü qızı bir zamanlar Əhməd Cavadla, Hüseyn Cavidlə dostluq edib, yaxın qohumları əksinqilabçlarla yaxınlıq edir və s.

... Arxiv materiallarından məlum olur ki, Gülarə xanım “Şərq qadını” jurnalı ilə hələ əməkdaşlıq edərkən Həmid Sultanovun ömür-gün yoldaşı Ayna Sultanova ilə çox yaxın rəfiqə olub.

Yıxılana balta calmaq, gələnə çəpik, gedənə təpik vurmaq axı bizim kökümüzə, soyumuza yad olan bir hal deyilmi?! Qədim tarixə, zəngin mənəviyyata malik olan bizlərə yaraşırmı bu mənəviyyatsızlıq???

Gülarə xanım Ayna Sultanovadan sonra 1931-ci ildən “Şərq qadını” jurnalına redaktorluq edib. Elə jurnalın ilk qadın müxbiri də Gülarə Göylü qızı olub. “Yeni fikir”, “Kəndli qəzeti”, “Ədəbiyyat” qəzetləri ilə sıx əməkdaşlıq edən Gülarə xanımın daha çox müraciət etdiyi mövzu qadın azadlığı olub. “Qadınlarımız və cəmiyyət”, “Qadınlarımız azad olmalıdır”, “Qadln azadəliyi və ziyalılarımız”, “Kənd şuraları və kəndli qadınları” “Azərbaycanın zəhmətkeş qadınları”, “Şərq qadını və maaarif” kimi publisistik məqalələrində yüzlərlə azərbaycanlı qadınlıarının problemlərindən, qayğılarından və s. məsələlərdən bəhs edirdi.

20 yaşından ictimai-siyasi işlərdə yaxından iştirak edən Gülarə xanımın ilk ailə taleyi də uğursuz olur. Yenidən ailə qurur. Bu dəfə isə ömür-gün yoldaşı Asəf Rəhmanov “xalq düşməni” kimi həbs edilərək 1938-ci ildə yanvarın 3-də güllələnir, qardaşı Kərəm Qazıyev Müsavat Partiyasının üzvü kimi sürgün edilir. Bütün bunlar azimiş kimi qara kabus Gülarə xanımı da caynağına keçirir...

Gülarə xanım haqqında görkəmli tədqiqatçı alim, rəhmətlik Əziz Mirəhmədov “Azərbaycan jurnalistləri və naşirləri” adlı əsərində yazırdı ki: “G.Köylü qızı sovet dövründə yetişmiş ilk fəal qadın jurnalistlərindən idi”.

Elə sovet hökumətinin ilk qurbanlarından da biri Köylü qızı oldu. Çünki, hakim partiya ona istədiklərini bütövlüklə verməsə də, ondan istədiklərini yetərincə almış, onun xalqına öz övladının əli ilə əks təbliğat apararaq istədiklərinə nail olmuşdu. Gülarə Köylü qızı da Əli Nazim, Ruhulla Axundov, Mustafa Quliyev, Hənfi Zeynallı kimi səhv yolda olduğunu duya bilərdi. Ona görə də indi onun Sibirin ölüm düşərgəsinin “ağuşuna” atılan vaxtıdır!

Yüzlərlə, minlərlə olan bu faktlar bizi bu gün müstəqil dövlətimizi qorumağa, ona dəsdək olmağa, yadların fitnə-fəsadına uymamağa niyə sövq etmir?

“İşıq” jurnalı, N-3 1013

MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA

203 nömrəli binanın 17 nömrəli mənzilin də Məryəm xanımdan müsahibə götürürdüm. Yaşı 90-ı haqlamış bu xanım aram-aram danışır, danışdıqcada sanki kimsənin eşidəcəyindən ehtiyat edərək tez-tez gözlərini qapı-pencərəyə zilləyib hürkək və qorxunc baxışlarla ətrafa boylanırdı. Və birdən lap astaca (sanki pıcıltı ilə) dedi ki: “Qızım, deyirlər hökumət dağılır, Moskva da ...” sözlərinin arxasını gətirmədi. Sanki dediklərinə də peşman olmuş kimi tez susdu və yazıq-yazıq üzümə baxdı...

Əslində Məryəm xanımın belə təlaş, qorxu icində olması səbəbsiz deyildi. Çünki, ömrünü-günün SSRİ deyilən bir dövlətin qurulmasına fəda edən bu qadın hökumətindən “mükafat”ı olaraq 37-nin faciəsini almışdı. 1937-ci ildə həbs edilərək ölüm düşərgəsi olan Sibrə sürgün edilən, həbsxana qorxusu, sürgün acısı canına hopmuş və illər sonra da bu fəlakətin acılarından, qorxusundan azad ola bilməyın Məryəm xanım kim idi?

19-cu yüzilliyin sonunda ölkəmizdə “ilk on üç seminarist ziyalılarımızdan biri olan” görkəmli müəllim, tanınmış jurnalist, xeyirxah maarifpərvər insan, Teymur bəy Bayraməlibəyovun ailəsində dünyaya gələn doqquz övladından biri, idi Məryəm. 1898-ci ildə Məryəm dünyaya gələndə atası Teymur bəy Lənkəranda məktəbdə müəllim işləyirdi. Görkəmli ədəbiyyatşünas alimimiz Firidun bəyin təbirincə desək: “Lənkəranda üsuli-cədid ilə dərs deməyin binasını qoyan” Teymur bəy təkcə öz övladlarını deyil, xalqını, onun gənclərini təhsilli, mədəni görmək arzusu ilə ömrünün sonuna kimi mübarizə apardı.

İlk təhsilini atasından alan Məryəm sonra təhsilini Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində davam etdirib. 1913-cü ildə bu məktəbi əla qiymətlərlə bitirib “Müqəddəs Nina məktəbi”nin IV sinifinə daxil olub. Məktəbdə azərbaycanlı qızlar az olsa da təhsilə maraqları, həvəsləri daha güclü idi. Odur ki, bu məktəbi qızıl medalla qutarıb müəllimlik peşəsinə sahib olan azərbaycanlı qızlardan biri də Məryəm Bayraməlibəyova olub.

Amma Məryəm xanımın arzusu daha mükəmməl tibb təhsilinə sahib olmaq idi. Bu arzusunu reallaşdırmaq üçün üz tutur Moskvaya və Tibb İnstitutuna daxil olur. Onun burada oxuması üçün bütün maddi cətinlikləri Murtuza Muxtarov öz üzərinə götürür. Çox təəssüflər ki, Rusiyada baş verən Oktyabr inqilabı Məryəmin bu arzusunu başa catmağa qoymur. İnqilabı vəziyyət ölkədə çox ziddiyyətli bir durum yaradır və Məryəm məcbur olaraq təhsilini yarımcıq qoyub vətəninə qayıdır.

1918-ci ildə Lənkaranda atasının müdir olduğu məktəb də ilk dəfə olaraq qızların təhsil alması üçün qız sinifi təşkil edir və müəllimliyə başlayır. Kasıb ailələrin qızlarını da təhsilə cəlb etmək üçün Məryəm xanım atasının köməkliyi ilə ilk dəfə Lənkaranda Qadın Xeyriyyə Cəmiyyəti yaradır.

...Bir gün səhər məktəbə gələn Məryəm xanım görür ki, məktəbin həyətini zabitlər zəbt edərək təlimlər kecir. Təbii ki, zabitlərin məktəbin həyətində təlimlər kecməsini görən valideyinlər qızlarını məktəbə qoymayacaqlar. Bu isə Məryəm xanımın cətinliklə məktəbə cəlb etdiyi qızların yenidən məktəbdən uzaqlaşmasına səbəb olurdu. Ona görə də o, öz etrazını bildirmək üçün Lənkaran şəhərinin general-qubernatoru Cavad bəy Məlik-Yeqarovun qəbuluna gəlir.

Gözəl, savadlı, Azərbaycan qızının bu cəsarəti qubernatorun diqqətindən yayınmır, o əmr verərək zabitləri məktəbin həyətindən çıxarır. Məryəm xanım qubernatora təşəkkürünü bildirib gedir. Lakin onun bu gəlişi qubernatorun ürəyində qəribə bir hisslər yaradır. Qubernator özü də hiss etmədən Məryəm xanıma vurulur...

Cavad bəy Məlik-Yeqarov əslən Şuşadan idi. Xaricdə mükəmməl hərbi təhsil alaraq vətəninə dönmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin qələbə calmasında böyük əməyi olmuşdur. Cümhuriyyətin Həmkarlar İttfaqının təşkilatçlarından biri olan Cavad bəy həm də Parlamentin üzvü idi. Cümhuriyyət dövründə Lənkaran şəhərinin general-qubernatoru təyin edilən Cavad bəyin yerli camaat arasında çox böyük hörməti var idi. Yerli ziyalılar arasında daha çox Məryəm xanımın atası Tüymur bəylə ünsiyyətdə olan general elə bir gündə ailənin böyük qızı Məryəmə elçi düşür...

... Xoşbəxt günləri barmaqla sayıla biləcək bu gənc ailənin qara günləri 1920-ci ilin aprel işğalından sonra başlayır. 1921-ci ildə Cavad bəy hökumətin təkidilə ailəsi ilə birlikdə Bakıya köçür. Lakin bu köç heç də onlara xoşbəxtlik gətirmir. 1921-ci ilin may ayından 1931-ci ilə kimi Cavad bəy 8-iz dəfə həbs edilir, hər dəfə də ağır işgəncələrə məruz qalaraq buraxılır. 1931-ci ildə isə onu yenidən həbs edərək 10 il müddətinə uzaq şimala sürgün edirlər. Əzablı sürgün həyatı 1942-ci ildə gənc zabitin həyatına son qoyur, o sürgündə üç körpə övladından, gənc və gözəl xanımından nigaran halda dünyasını dəyişir.

Bu nigaranclıq əbəs yerə deyildi. İndi növbə onun gənc xanımında idi. Üç övladı ilə tək qalan “xalq düşməni”nin arvadı olan Məryəm xanım hələ də bu olaylardan baş aça bilmirdi. Yenicə BDU-nin hüquq fakültəsində təhsilini başa vuran xanım hələ ədalət axtarışında idi. Baş verən hadisələri bir anlaşılmazlıq kimi düşünən bu gənc xanım hələ də “böyük qardaşların” bunlardan xəbərsiz olduğu ümidilə yaşayırdı.

Çünki, Moskvada geçirilən I Müəllimlər qurultayında, çıxış edən ilk Şərq qadını olan Məryəm xanım burada Vladimir İliç Leninlə və onun xanımı Krupskaya ilə görüşüb, danışarkən millətinin gələcəyinin xoş günləri arzusu ilə ayrılaraq, xoş ümidlərlə vətəninə dönmüşdür. Bir necə il sonra isə vətəndə faciələrlə, fəlakətlərlə dolu bir “ömür” yaşamağa məhkum edildi. Lakin bütün bunların elə yuxarıdan baş verdiyini çox gözəl anlayan Tüymur bəy yalnız qızının ailəsinə yox, bütün Azərbaycan ziyalısına qənim kəsilmiş bu “böyük qardaşın” hiyləsinə dözə bilməyib 1937-ci ildə ürəyi partladı. Məryəm üç görpə uşaqla kimsəsiz qaldı. Qohum-əqrabə də bu “xalq düşməni”nin ailəsinə yaxın durmağa cəsarət etmədi.

1937-ci ilin isti bir yay gecəsi Məryəm xanımı həbs edib, Bayıl həbsxanasına aparırlar. Ona ağıla gəlməz işgəncələr verərək kimlərinsə üzünə durmaq, hansısa təşkilatlarla əlaqədə olmaq təklifləri irəli sürülür. Hər gün təkrar edilən ittihamlar, işgəncələr bu xanımı elə sarsıldır ki, artıq nə dediyini, nə etdiyini özü də dərk etmirmiş. Və bütün bu olanlardan baş aça bilməyən Məryəm xanımın yalnız ağlamağa gücü catır. (Bir necə ildən sonra ağlamaqdan Məryəm xanım gözlərinin nurunu itirir). Artıq “canlı ölü” olan bu xanımı bir necə aydan sonra Arxangelskiyə sürgün edirlər.

Bakıda Bayıl həbsxanasında gördüklərindən beş qat artıq “sürpürüz”lərlə sürgün həyatında rastlaşan Məryəm xanım hər gecə Tanrıya dua edir ki, onu kimsəsiz, sahibsiz qoyub gəldiyi üç övladına bağışlasın, canını almasın, ona səbir, dözüm versin. 11 illik sürgün həyatından sonra 1948-ci ildə Bakıya qayıdan Məryəm xanımı “böyük qardaşları”na sadiq olan nökərlərimiz övladları ilə görüşməyə qoymur. Ta 1956-cı il bəraətinə kimi. Bəraətdən sonra Məryəm xanım övladlarına qovuşa bilir.

... Məryəm xanımla görüşüb, söhbətləşəndə bir kitab göstərdi mənə. Görkəmli alim Sabir Məmmədovun (Gəncəli) “Azərbaycanın maarifpərvər qadınları” adlı balaca bir kitab idi. Kitabda Məriyəm xanım haqqında da məqalə var. Məqalədə qarandaşla qara haşiyəyə alınan iki çümlə diqqətimi cəlb etdi. “Lenin, Oktyabr şəfəq gətirdi Azərbaycan yurduna. Hökumətimiz onu unutmamış, əməyini çox yüksək qiymətləndirmişdir”. (Mənə elə gəldi ki, Məryəm xanım bu iki cümləni qələmlə haşiəyə almaq yox, pozmaq istəyib, lakin yenə qorxu güc gəlib).

Sabir müəllim bu cümlələri yazanda artıq çoxdan 37-nin qurbanlarına bərayət verilmişdi. Bəs onda niyə həqiqiəti yazmırdı ki? Leninin, Oktyabrın Azərbaycana gətirdiyi şəfəq bumu idi ki, ölkənin bütün ziyalısı məhv edilərək ziyası söndürüldü. Lenin, Oktyabr Azərbaycana şəfəq yox zülümət gətirdi, Sabir müəllim. Hökumət dediyiniz Məryəm xanımın əməyini beləmi yüksək qiymətləndirdi? Ailəsini dağıtdı, gənc, sevimli, ömür-gün yoldaşını əlindən aldı, atasının ürəyini


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin