QƏRƏNFİl dünyamin qizi mətbuat-miLLİ HƏMRƏYLİYƏ gedən yolumuz



Yüklə 1,11 Mb.
səhifə8/14
tarix02.12.2016
ölçüsü1,11 Mb.
#674
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Vahid, aləmdə bir insanlığa xidmət qalacaq,

Varmı bir şey aparan qəbrə kəfəndən başqa?

***


Üzeyir bəyin Parisə qardaşı Ceyhun bəyə yazdığı 7 dekabr 1931-ci il tarixli məktubundan: “Ceyhun əzizim, bir necə aydır sənə az pul göndərməli oluram. Çünki Qəribsoltana hər ay əlli manat pul verirəm. Indiyə kimi iki yüz manata qədər vermişəm...”.

Bildiyimiz kimi, Həsən bəy Zərdabinin qızı Qəribsoltan anası Hənifə xanım rəhmətə gedəndən sonra qardaşı Midhətlə qalır. Midhəti də 1935-ci ildə həbs edərək “xalq düşməni” adı ilə sorğusuz-sualsız güllələyirlər. Qəribsultanı isə “xalq düşməni”nin bacısı olduğu üçün ruhi-xəstə adı ilə təhqir edərək işdən qovurlar.

Beləliklə, Qəribsoltan xanım bu böyük şəhərdə qalır tək-tənha. Bütün ömrünü-gününü, varını-yoxunu milləti üçün fəda edən Zərdabinin qızı aylarla düşür “Baş bilən kişi”lərin qapılarına... Amma nə fayda. Köməyə yenə də Üzeyir bəy gəlir...

7 sentyabr 1915-ci ildə “Yeni iqbal” qəzetin də Üzeyir bəy yazırdı ki: “Millətpərəstlik, milli iftixar kimi ali və nəcib hisslər hələ bizim qəlbimizdə yer tapmayıbdır. Çünki qəlbimiz başqa hisslərlə doludur...”. Üzeyir bəy bu sözləri bir əsr bundan əvvəl deyirdi. Bəs görəsən bu gün necədir? Millətpərəst, vətənpərvər ola bildikmi? Vətəni, torpağı öz canımız kimi sevə, qoruya bildikmi?

Cəfər Seyyid Əhməd “Sevə bilsək” sərlövhəli adlı məqaləsin də yazırdı ki: “...o sadət nuru, hər tərəfdə, hər ocaqda, hər işdə parlasa, bir-birimizi nurlandırsa, isitsəydi çox dərdlərimizin əlacını tapa bilərdik”.

***


1984-cü il idi. Jurnalistika fakültəsinin birinci kursunda oxuyurdum. Mətbuatşünas alim Qulam Məmmədlinin Üzeyir bəy haqqında “Həyat və yaradıcılığının Salnaməsi” adlı kitabı yenicə çapdan çıxmışdı. Bu münasibətlə Qulam müəllimlə görüşüb fakültəmizdə çap olunan “Jurnalist” qəzetinə məqalə hazırladım. Söhbət əsnasında Qulam müəllim Üzeyir bəylə bağlı çox maraqlı faktlar açıqladı. Deyi ki: “Üzeyir bəy çox qürurlu, əyilməz şəxsiyyət idi. Həm də çox təmkinli, hər bir hərəkəti və sözü ölçüb-biçən, yerini bilən idi. Məddahlıqdan uzaq olan bu xüsusiyyətlərinə görə Mir Cəfər Bağırov Üzeyir bəy heç xoşlamazdı, həmişə müsavat dövrü fəaliyyətini onun üzünə vurardı. Bununla da Üzeyir bəyin əyilməz şəxsiyyətini əymək, onu bolşevik məddahına cevirmək, müsavatın və onun liderlərinin ünvanına təhqirlər söyləyən yeni bir “ziyalı” yetişdirmək istəyirdi. İstədiyini ala bilmədikdə Üzeyir bəyə qarşı laqeyidlik, saymamazlıq başlayırdı. Amma Üzeyir bəyi məhv edə də bilmirdi. Xüsusən də 1938-ci ildən sonra bu fikrindən tamamilə daşınmalı olur. Çünki 1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan İncəsənət dekadasında Stalin “Koroğlu” operasına tamaşa etmiş və onu yüksək qiymətləndirmişdi. Bu hadisə də Bağırovun Üzeyir bəyə münasibətini dəyişmədi. O, yenə də Üzeyir bəyə qarşı yalnız üzdə səmimi idi. Fikir verin. 18 sentyabr Üzeyir bəyin doğum günüdür. Nəyinki, tədbirlər, yubleylər kecirilirdi, hətta dövrü mətbuatda da Üzeyir bəy unudulurdu. Lakin iki gün sonra 20 sentyabr çox böyük canfəşanlıqla 26 Bakı komissarlarının həlak olduqları gün kimi geniş qeyd olunurdu. Mən o illərdə bir çox qəzet və jurnallarda redaktor, məsul katib, şöbə müdiri işləmişəm. Əksər yazıçlarımız, şairlərimiz, alimlərimiz bu münasibətlə yazılarını çap etdirmək üçün bir canfəşanlıq edirdilər ki, gək görəsən. Bağırova xoş gəlmək üçün bu yazıların da müsavatçıları ittiham edir, onların ünvanına böhtan və hədyanlar söyləyirdilər. Belə vaxtlarda Üzeyir bəy sakitcə bu hadisələri müşahidə edirdi. Sən demə bu zahiri sakitliyin arxasında, Üzeyir bəyin qəlbində çox böyük bir tufan tüğyan edirmiş...”.

Cəhənnəmə çağrış

Deyilənlərə görə 1930-1940-cı illər ərzində ziyalıların Azərbaycan Mərkəzi Komitəsinə çağrılması cəhənnəmə çağrışdan da betər imiş. Üzeyirşünasların söylədiyinə görə bir dəfə gecənin bir aləmində Mərkəzi Komitədən Üzeyir bəyin evinə zəng gəlir, onu təcili Mərkəzi Komitəyə çağırırlar. Üzeyir bəy də xəstə imiş. Bərk həyacanlanır, şəkəri qalxır, tələsik geyinib gedir ki, görək nə olub. Çox cətinliklə özünü Mərkəzi Komitəyə catdırır. Deyirlər ki, “yoldaş Stalin zəng vurubmuş, deyib mənim salamımı çatdırın Hacıbəyova”.

Bu zəngi vuran və VURDURAN, nə qədər uzaq imiş insanlıqdan. Bu İBLİS qiyafəli, nadürüstlər niyə düşünmürlər ki, axı Üzeyir bəy də bu millətin oğludur. Dahi Mirzə Cəlil demiş: “Biz axı niyə beləyik?!”. Allah sənə qəni-qəni rəhmət eləsin Üzeyir bəy. Amma gözəl demisən ha: “...biz gərək əvvəlcə özümüz-özümüzə bir nəzər yetirək, öz içimizi və öz çölümüzü düzəldək...”.

Məqalə və felyetonlarından bəlli olur ki, Üzeyir bəy Şura hökumətini elə ilk gündən qəbul etməyib. “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyr! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “isvoloç” deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəkdir”.

Söydü də. 70-il anamızı da, bacımızı da necə istədi elə də söydü. Biz də Mirzə Cəlilin sözü olmasın “Çanım sənə fəda ey urus “ deyib təşəkkür etdik.

***


“Tarixi unutqanlıq milləti məhvə aparar” deyiblər. Üzeyir bəy kimi tarixi şəxsiyyətlərimizin, qüdrətli qələm və düşüncə sahibimizin amal və əməllərini unutmaq dünənimizi unutmaq deməkdir. Onsuz da yetərincə dünənimizdən uzaq düşmüşük ...

Üzeyir bəyin iki əziz Zülfüqarı...

bir nəslin iki Zülfüqarı

Azərbaycan musiqi, teatr mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan Hacıbəyli qardaşları sanki dünyaya gələndə musiqişünas doğulmuşlar. Zülfüqar, Üzeyir, Ceyhun Hacıbəyli qardaşları mədəniyyətimizin, maarifimizin, mətbuatımızın, ictimai fikrimizin inkişafında elə bir silinməz iz qoydular ki, illər, əsrlər kecsə belə yenə onların parlaq siması görünməkdədir və görünəcəkdir.

Bu yazıda onlardan biri, Zülfüqar bəy haqqında bəhs etmək istərdim. Əvvala onu qeyd edim ki, Üzeyir bəyin Zülfüqar adlı iki əzizi olub. Biri qardaşı Hacıbəyli Zülfüqar Əbdülhüseyn oğlu, o biri isə Üzeyir bəyin əminəvəsi, ən yaxın uşaqlıq və tələbəlik dostu Hacıbəyli Zülfüqar Məmmədbəy oğlu.

Amma çox təəssüflər ki, hələ də bəzi tədqiqatlarda Hacıbəyli Zülfüqar Məmmədbəy oğlu Üzeyir bəyin qardaşı kimi yazılır. Axı Üzeyir bəyin atasının adı Əbdülhüseyn olub. Hansı ki, bu haqda üzeyirşünas alimlərimiz Qulam Məmmədli və Mirabbas Aslanov dəfələrlə öz əsərlərində məlumat verib. “Əməkdar jurnalist” Flora Xəlilzadə də “Bir nəslin iki Zülfüqarı” (Bax: “Azərbaycan” qəzeti 23 avqust 2012) sərlövhəli məqaləsində bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.

Əminəvəsi və ən əziz dostu Zülfüqar

...Əminəvəsi Zülfüqar elə Üzeyir bəylə bir ildə 1885-ci ildə anadan olub. Üzeyir bəyin ən yaxın uşaqlıq və gənclik dostu olan Zülfüqar Firidun bəy Köcərlinin bacısı oğlu idi. Onları bir-birinə daha çox yaxınlaşdıran maarifə, musiqiyə olan maraqlarından, sevgilərindən irəli gəlirdi. Firidun bəyin evində mütəmadi görüşmələri bu dostluğun təməlini qoydu. Hər ikisi Firidun bəyin təklifi ilə ilk təhsillərini “Rus-tatar” məktəbində, sonra isə Qori Seminariyasında davam etdirdilər. Vətəndən uzaqda Qori şəhərində dərslərə birlikdə hazırlaşması, asudə vaxtlarını birgə kecirmələri onları bir-birinə daha çox bağlayır.

Qoridə təhsili başa vurub vətənə dönən bu iki dost, qohum böyük arzularla-amallarla pedaqoji fəaliyyətə başlayırlar. Zülfüqar Gəncədə Sənət məktəbində cəmi iki il işləyir. Qəfil ağır xəstəlik onu öz cənginə alır, Zülfüqar 21 yaşında vəfat edir. Onun ölümü Üzeyir bəyə çox böyük zərbə olur. Bir müddət sarsıntı kecirən Üzeyir bəy hətta xəstələnir də.

Qardaşı-Zülfüqar

Zülfüqar bəy Əbdülhüseyn kişinin böyük oğlu idi. 1884-cü ilin aprel ayında Şuşada dünyaya göz açmış Zülfüqar ilk təhsilini də Şuşada alıb. Təbii ki, kicik qardaşları Üzeyir və Ceyhunda da maarifə, musiqiyə, teatra marağı o yaratmışdı.

İlk dəfə olaraq 1915-16-cı illərdə Zülfüqar bəy ilk Azərbaycan operalarından olan “Aşıq Qərib”də muğamlara əsaslanaraq, xalq musiqi folkloru ilə Avropa musiqisini əlaqələndirməyə çalışmışdı. Öz librettoları əsasında bəstələdiyi “Əlli yaşında cavan”, “Evliykən subay” musiqili komediyaları o illər daha məşhur idi.

1916-cı ildə Üzeyr və Zülfüqar “Hacıbəyli qardaşlarının opera-operetta artisləri dəstəsi” təşkil edilmişdi. Bu haqda “Açıq söz” qəzeti 31 avqust 1916-cı il tarixli sayında oxucularına belə məlumat verirdi: “Üzeyir bəy Hacıbəyli tərəfindən öz təhti-idarəsində olmaq üzrə “Hacıbəyli qardaşlarının opera-operetta dəstəsi” adında bir truppa təşkil edilmişdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxildir”.

1918-ci ilin noyabrında isə Cümhuriyyət Hökumətinin təşkil etdiyi Dövlət teatrının binasında Hacıbəyli qardaşları teatr truppası tamaşalarının açlışı oldu. Bu illərdə Hacıbəyli qardaşları teatr truppasınaın fəaliyyətinə, əsasən Zülfüqar bəy rəhbərlik edirmiş.

Ümumiyyətlə, Zülfüqar bəy Üzeyir bəyə, Ceyhun bəyə nisbətən daha çox teatra bağlı olub. Qardaşlarına nisbətən mətbuatla az ünsiyyətdə olub. 20-ci yüzilliyin əvvəllərində “Övraqi-nəfisə” adlı bir jurnala naşirlik edib.

Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövrü mətbuat orqanı olan “Övraqi-nəfisə” 11 mart 1919-cu ildə nəşrə başlayıb. “Növruz” mətbəəsində çap olunan jurnalın naşiri bəstəkar Zülfüqar Hacıbəyli, redaktoru Əliabbas Müznib olub. 12-14 səhifədən ibarət olan jurnal həcm etibarı ilə “Molla Nəsrəddin”dən bir az fərqlənir. Yalnız teatr, musiqi, incəsənət aləmi ilə bağlı olan jurnalda tamaşalar haqqında resensiyalar, elanlar, məqalələr, fotoşəkillər və rəngli şəkillər üstünlük təşkil edir.

Cəmi 6-ı sayı işıq üzü görən jurnalın sonuncu sayı 1919-cu ilin avqustunda çap edilib. Mətbuat tariximizdə yeganə mətbu orqanıdır ki, çox sadə, səlis bir dildə yazıb və heç bir siyasi hadisələrə müdaxilə etməyib. Yalnız Azərbaycanda teatr və musiqinin inkişafını təbliğ edib.

***

...1943-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi kimi şərəfli ada layiq görünən bəstəkar Zülfüqar bəyin, “Şah əsəri” məşhur dirijor və bəstəkar, dünya şöhrətli Niyazi idi. Yəqin ki, bu günkü gəncliyin əksəriyyəti bilmir ki, Niyazi Tağızadə kimi tanıdıqları Maestro Niyazi Üzeyir bəyin böyük qardaşı Zülfüqarın oğludur. Qaldı ki, Niyazinin ana soyadını daşımasına, onun maraqlı bir tarixcəsi var. Niyazinin anası Böyükxanımın yeganə bir qardaşı Heydərəli inqilabçı olduğu üçün faciəli şəkildə qətlə yetirilir. Bundan sonra Niyazi anasının arzusu ilə Tağızadə soyadını daşımalı olur.



***

... Üzun illər kicik qardaşı Ceyhuna həsrət qalan Zülfüqar bəy sanki Ceyhunun da iyini Üzeyir bəydən alırdı. Üzeyir bəyin qəfil xəstələnməsi, sonra da ölümü onu çox məyus edir. Əslində Zülfüqar bəy təkcə qardaşını yox, həm də ən yaxın məslək, amal yoldaşını itirmişdi. Buna tab gətirməyən Zülfüqar bəy 1950-ci ilin sentyabrın 30-da dünyasını dəyişir.

“Kaspi” qəzeti, 2014

VƏFALI HƏYAT VƏ SƏNƏT YOLDAŞI

Üzeyircan, bəsdi daha, bəlkə bir az dincələsən. Mən sənə bir pürrəngi cay gətirim” –deyə Məleykə xanım mətbəxə yollandı.

Düz 38 il Üzeyir bəy sabahını Üzeyircan ilə acardı, axşamını Üzeyircan ilə bitirərdi. “Üzeyircan”. Məleykə xanım bu sözü o qədər istəklə, sevgilə söylərdi ki, Üzeyir bəy ən ağır anında belə hər şeyi unudardı. Məleykəni doğrudan da Tanrı ona bir mələk cilidində göndərdiyini sanaraq Ona şükür edərdi.

Məleykə xanım da usanmadan-yorulmadan, sevgilə, nəvazişlə Üzeyir bəyin qulluğunda dururdu. Bu yalnız bir omür-gün yoldaşı olduğundan deyil, həm də Üzeyir bəy şəxsiyyətinə olan hörmətdən, izzətdən doğan bir qayğı idi. Deyilənlərə görə Üzeyir bəy gecələr işləməyi xoşlayırmış. Odur ki, saatlarla yazı masasının, pianonun arxasında calışardı, Məleykə xanımda qulluğunda durardı. Üzeyir bəy nə qədər təkid etsə də Məleykə xanım yatağına girməzdi. Üzeyir bəyə kah cay, kah süd hazırlar, bir az dincini almaq üçün onu işdən ayırardı...

***

19-cu yüzilliyin ortalarında Tiflisdə yaşayan Terequlovlar əslən Volqaboyu tatarlardan idi. 1845-ci ildə Tiflisə göçmüşdülər. Maarifpərvər, xeyirxah ailə Tiflisdə ilk dəfə olaraq qızlarla-oğlanların bir yerdə oxuması üçün “Rus-tatar” məktəbini açmışdılar.



1893-cü ildə dünyaya göz açan Məleykə ağlı kəsəndən ailədə kübar bir mühitdə böyümüşdü. Böyük bacısı Badigülcamalın musiqiyə, təhsilə olan marağı təbii ona da təsir etmişdi. Odur ki, “Rus-tatar” məktəbində ilk təhsil alan Məleykə, 1893-cü ildə Tiflisdə Birinci Qızlar Giminaziyasında təhsilini davam etdirir və təhsilini başa vuran kimi pedaqoji fəaliyyətə başlayır.

***


Sən demə taleh Üzeyir bəyi Tiflisə yalnız təhsil almağa gətirməyibmiş. Həm də sədaqətli sevgisinə, gələcək ömür-gün yoldaşına qovuşdurmağa gətirmişdi. O, sevgi ki, heç bir cətinlik, hətta övladsızlıq belə bu sevgini ayıra bilmədi...

Üzeyir bəy Qori Müəllimlər Seminariyasında oxuyarkən sinif yoldaşlarından biri də Məleykə xanımın qardaşı Əli Terequlov olub. Təbiətən çox mehriban, xoş xasiyyət olan Üzeyir tez bir zamanda sinif yoldaşlarının əksəriyyətinin sevimlisinə cevrilir, o cümlədən Əlinin də. Xüsusən də Üzeyir bəyin musiqiyə olan marağı onun Əli ilə dostlaşmasına səbəb olur. Onlar dərsdən sonra seminariyada birlikdə dərslərə hazırlaşar, seminariyanın həyətində gəzişərdilər. İstirahət günləri isə Əli Üzeyir bəyi Tiflisin görməli yerləri ilə tanış edər, hərdən isə Üzeyir bəyi evlərinə qonaq aparardı...

Bu tale yazısı idimi, ya Tanrı qisməti Üzeyir bəy bu evdə xoşbəxtliyin tapdı. Mələk simalı Məleykəsinə qovuşdu. Gələcək xoşbəxt bir ailənin və dahi bir cütlüyün ilk görüşü bu evdə oldu. İllər sonra Üzeyir-Məleykə izdivacının təməli də bu evdə qoyuldu.

Hətta Üzeyir ailənin o qədər sevimli bir üzvünə cevrilir ki, ailənin böyük qızı Badigülcamalla–Müslüm Maqomoyev 1906-cı ildə aprel ayında Tiflisdə qanuni nigaha girəndə bu sənədi Qafqaz müftisi ilə yanaşı Müslümün ən yaxın dostu Üzeyir bəy imzalayır.

Qarabağ-Azərbaycan musiqisinin, mədəniyyətinin TACI, Üzeyir ilhamının beşiyi. Daha sonra Qori seminariyası. Əli Terequlovla tanışlıq və Müslüm Maqomayevlə dostluq... Bunlar Üzeyir bəyin Tanrı tərəfindən BAXTINA yazılmışdı. gözəl, bir BAXT! “Bu gün bizimçün tarix olanlar, o vaxt onlarçün tale idi”. Baxtlarına çıxmış Xoş bir TALE... Xoşbəxtlikdən bu bacanaqlar illər sonra təkcə bir ailənin, nəsilin deyil böyük bir xalqın qüruruna çevrildi. Qoridə qoşa oxumaqları, qoşa bacılara Məleykə və Badugülcamal Terequlovalara evlənməkləri, qoşa ilk operalarımızin yaranışı...

Deməli Terequlovların bəxti bir daha onda gətirdi ki, ailənin gələcək iki gürəkəni də bu ailəyə xoşbəxtlik bəxş etdi. Böyük bacı Badigülcamal Müslüm Maqomayevlə, kicik bacı Məleykə -Üzeyir Hacıbəyli ilə ailə qurdular. Deməli hər iki bacı dünyaya gələndə Tanrının xoş vaxtına düşmüşdü.

***

Üzeyir bəy 1904-cü ildə seminariyanı bitirib Vətənə qayıdarkən sanki qəlbinin yarısını Tiflisdə Məleykə xanımın yanında qoyub gəldi. Bir müddət bu sevgini qəlbində pünhan saxlasa da sonda hər şeyi anası ilə bölüşdü. Xoşbəxtlikdən valideyinləri də Üzeyirin bu istəyinə qarşı çıxmadılar.



1909-cu ildə soyuq bir qış günündə dekabrın 20-də Üzeyir bəy Məleykə xanımla ailə qurdu. Altı il Bakının müxtəlif yerlərində kirayə yaşayan gənc ailə 1915-ci ildə kicik də olsa bir evə sahib oldular (Hazırda bu ev Üzeyir bəyin ev muzeyidir). Gənc ailənin ilk günlər maddi sıxıntı çəkdiyi günlər də oldu. Amma Məleykə bunu Üzeyirin üzünə vurmadı, onu qınamadı. Əksinə ürək-dirək verdi. Hər şeyin yaxşı olacağına inandırdı.

Məleykə xanım Bakıya gələndən sonra da pedaqoji fəaliyyətini davam etdirib. Amma vaxtının çoxunu ailəsinə, xüsusən də Üzeyir bəyin qulluğunda durmağa həsr edib. Bu dahi insanın hər bir şıltaqlığına da səbrlə, sevgilə yanaşıb. Odur ki, ömürlük Üzeyir bəyin qəlbini, ruhunu “işğal” edir. 39 il Məleykə xanım Üzeyir bəylə qoşa ailə həyatı yaşayır. Tanrı onlara bir övlad bəxş etməsə də deyilənlərə görə çox xoşbəxt çütlük olublar. Ramazan Xəlilovun dediyinə görə (Məleykə xanımın qohumu) Məleykə xanım dəfələrlə Üzeyir bəyə başqa bir xanımla ailə qurmağı təklif etsə də Üzeyir bəy buna razılıq verməmiş və ailədə bu mövzuda söhbət edib Məleykə xanımın qəlbini incitməyi qadağan etmişdir.

Əslində Məleykə xanım Üzeyir bəyin təkcə ömür-gün yoldaşı deyildi. Yaxın sirdaşı, sənət yoldaşı idi. Saatlarla musiqidən, ədəbiyyatdan, sənətdən söhbət edərlərmiş. Üzeyir bəy əsərlərini ilk olaraq Məleykə xanıma oxuyarmış, onunla məsləhətləşərmiş. Eyni amalda, eyni məsləkdə olmaları onları bir-birinə daha çox bağlayırdı. Bakıda Konservatoriyanı açdıqda Üzeyir bəyin məsləhətilə Məleykə xanım orada nəzəri biliklərə iyiələnir.

***


Üzeyir bəy ailənin ikinci oğlu olmasına baxmayaraq ailənin bütün yükünü öz üzərinə götürmüşdü. 1910-cu ildə anası Şirinbəyim xanımı birdəfəlik olaraq yanına köcürür. Çox erkən yaşlarında dul qalmız iki bacısını və onların övladlarını ömrünün sonuna kimi öz evində saxlayır və baxır. Ramazan müəllimin dediyinə görə Məleykə xanım Üzeyir bəyin anasına, bacılarına və onların övladlarına Üzeyir bəydən də çox diqqət göstərirdi, qayğı ilə yanaşırdı. Bu Üzeyir bəyin Parisə Ceyhun bəyə yazdığı məktubdan da hiss edilir.

Bir dəfə Üzeyir bəy Məleykə xanımla Parisə Ceyhun bəyin yanına getmək istəyir. Amma anasını heç kimə etibar etmədiyi üçün bu istəyini istək olaraq qəlbində saxlayır. Parisə gedə bilməyəcəklərini Ceyhun bəyə məktubunda belə yazırdı: “Məlikə ilə yanınıza gəlmək istəyirik. Amma ana çox qocalıbdır. Onu burada qoyub getsək daha da yaman, çünki onun canı ancaq bizdə rahat olur. Zülfüqargildə qalanda naxoşlayır, onlar ilə dolana bilmiyor. Bizim getməyimiz onun həm əziyyətini artırar, həm də qəm və qüssəsini. Odur ki, Məlikə də onu qoyub getməyimizin əlehinədir”.

Bəradərin Üzeyir. 22.IX. 1922.

1948-ci ilin bir soyuq qış günündə Üzeyir bəy dünyasını dəyişdi. Məleykə xanım 19 il Üzeyirsiz “yaşadı” bu dünyanı. Bir üzgünlük, boşluq hiss etsə də bunu duydurmadı, hiss etdirmədi ətrafındakılara. Qəlbində Üzeyircanı ilə danışdı, xısınlaşdı... Üzeyircanlı günlərinin xatirələri ilə “yaşadı”. “Yaşadı” ki, Üzeyir bəyin “Arşın mal alan” (1948) musiqili komediyasının klavirinin Bakıda, “Koroğlu” operasını klavirini isə Moskvada (1952) nəşr etdirsin. “Yaşadı” ki, Üzeyircanın yarımcıq arzularını başa vursun, işlərinin sahmana salsın. Amma “Üzeyircan”sız bunlar çox cətin idi...

Məleykə xanım 1966-cı ildə həm sağlığında, həm dünyasını dəyişəndən sonra belə bir an dilindən düşməyən Üzeyircanına qovuşdu.

“İşıq” jurnalı, N-3 2014



MÜSLÜMÜN -GÜL CAMALLI BADİGÜLCAMALI

Badigülcamal. Bu nə ad? Görən kim qoymuşdu bu adı ona? Gül camalına, sərv boyuna, ala gözlərinə, şux qamətinə neçə də yaraşırdı bu ad. Elə bu gül camalı 18 yaşlı Müslümü Məcnun etmədimi...

“Bu seva baş tutmaz. Mən səndən dörd yaş böyüyəm. Özü də ərdə olmuşam” –deyə Badigülcamal ilk dəfə Müslümə yox cavabı versə də gözü-könlü hələ də onda idi. Elə Müslümün məhəbbəti qəlbində onu başqasına ərə verdilər.

Taleyinmi qisməti idi, ya Badigülcamalın gecələr xəlvətcə xısın-xısın tökdüyü göz yaşlarınınmı o, cəmi bir neçə ayın gəlini oldu. Əri vəfat edən Badigülcamal qara libasda ata evinə döndü...

Müslümsə hələ də qəlbində bu sevdanı yaşadır və bir gün ona qovuşmaq arzusu ilə yaşayırdı.

***


Badigülcamal Tiflisdə məşhur Terequ1ovların ailəsində döğulub, böyüyüb-başa catmışdı. “Rus-tatar” məktəbindən sonra Birinci Qızlar Seminariyasında oxuyan Badigülcamal seminariyada təkcə yaxşı oxumağı ilə deyiil, gözəlliyi ilə də çoxlarının diqqətini cəlb etmişdir. Mehriban, şən, hazırcavab olan Badigülcamal qardaşı Əlinin seminariya yoldaşlarının da sevimlisi idi.

...1904-cü ilin əvvəlləri. Müslüm Maqomayev əziz dostu Üzeyr Hacıbəyli ilə bir necə aydan sonra Seminariyanı bitirəcək. Çoxları buna sevinsə də nə Müslüm, nə də Üzeyir bəy sevinmirdi. Çünki hər ikisinin ilk sevdası burada Tiflisdə idi. Onlardan ayrılmaq hər ikisi üçün çox cətin idi. Amma getməli idilər. Seminariyanın qayda-qanunu belə idi hara göndərsəydi orada da gedib işləməli idilər.

5 avqust 1904-cü ildə Qafqaz Tədris İdarəsindən Müslümə belə bir məktub gəlir ki: “Müəllim Əbdül Müslüm Maqomayev- Siz 1904-cü il sentyabrın 1-dən Bekovic kəndindəki Prixod məktəbinə müəllim təyin edilirsiniz”.

Müslüm bunu istəməsə də Bekovic də çox könülsüz fəaliyyətə başlayır. Bir il burada cətinliklə qalan Müslüm ərizə yazıb Azərbaycana köçürülməsini xahiş edir. Xoşbəxtlikdən onu Lənkərana üç sinifli məktəbə müəllim təyin edirlər. 1905-ci ilin sentyabrından burada müəllimliyə başlayan müslüm yenə də rahatlığını tapmırki-tapmır. Sevgi dolu ürəyi, duyğuları, düşüncələri, ilhamı qalır Tiflisdə-Badi-gülcamalın yanında. Bir müddət cavabsız qalan məktublarına birdən cavab gəlir. Çox xəsisliklə yazılan məktub cəmi iki-üç cümlədən ibarətdir. “Aldım məktubunuzu. Sağ olun. Tiflisdə havalar pis keçmir. Vaxtınız olnada yazın”. Bu cümlə Müslümü ruhlandırdı, qanadlandırdı, qəlbində qəribə bir inam yaratdı. Yenə Tiflisə məktub yağışı başladı. Sonra isə Müslüm “qanadlanıb uçur” Tiflisə doğru. “Görünür dünyada talelərin cazibəsi deyilən bir sehr var imiş”.

***

1906-cı ilin 4 avqustu.Tiflisdə sünni məscidində Qroznı şəhərinin sakini Əbdül Müslüm Maqomed oğlu Maqomayevlə tiflisli Badigülcamal Həsən qızının qanuni nigaha girən günü. XOŞBƏXT bir ailənin təməl daşının qoyulduğu gün. 31 il qoşa ömür sürməyi qismət edən gün. Sonra amansız ölüm Müslümü çanı qədər sevdiyi Badigülcamalından alaraq , onu 25 il Müslümsüz qoyacaq ...



İndi isə onların xoşbəxt günləridir. Müslüm musiqi ilə daha mükəmməl məşğul olmaq üçün can atır Bakıya. Bunun üçün üz tutur Qafqaz Tədris İdarəsinə. “Bu şəhadətnamə verilir Rusiya İmperiyasının təəbəsi Əbdül Müslüm Maqomayevə. O, Bakı şəhər gimnaziyasında evdə dərs deyəcək müəllim kimi yoxlanılmış, yazı və çoğrafiyadan şifahi imtahanlarda yaxşı bilig göstərmişdi. Buna görə də Əbdül Müslüm Maqomayevə yalnız öz həmdinlərinin evlərində coğrafiya dərsi demək şərti ilə ev müəllimi rütbəsi götürməyə icazə verilir.

Tiflis, 24 iyun 1909-cu il”.

Beləliklə, 1911-ci ildə Müslüm ailəsilə birlikdə köçür Bakıya. Bakıda Sabunçuda “Səadət” məktəbində işləyən Müslümü bir il sonra “Nicat” cəmiyyəti Türk operasına dirijor dəvət edir. Bir necə il kecir qəzetlər, jurnallar Müslümdən yazır, teatrlar da operaları bir-birini əvəz edir...

Tale ikinci dəfə Badigülcamalın üzünə gülmüşdü. Müslümlə, evladları Cəmaləddin və Maqomədlə çox xoşbəxt idi. Müslümün evcanlılığı, ailəyə bağlılığı ona daha xoş gəlirdi. İşləri nə qədər çox olsa da Badigülcamala, uşaqlara qayğısını, diqqətini hər an büruzə verirdi, onların ən kicik istəyini yerinə yetirməyə can atırdı. Axı indi Müslüm çox hörmətli, məşhur bir adam idi. Hər yerdə hamı onu hörmətlə, izzətlə qarşılayırdı. Bütün bunlar Badigülcamalın icində bir rahatlıq yaratdı.

***

...18 sentyabr həm Müslümün, həm də Üzeyir bəyin doğum günü idi. Badigülcamal bu günü gözəl qeyd etmək üçün az qala bir ay əvvəl hazırlıqlara başlardı. Bu ziyafət əvvəl böyük bacanaq Müslüm geldə, sonra isə Üzeyir bəy geldə davam edərdi. Necə xoşbəxt günlər idi. Badigülcamal pərvanə kimi frlanardı Müslümün başına, hər bir istəyini həmən yerinə yetirərdi...



1937-ci ilin dəhşətli bir yay günü. Ağır və uzun sürən xəstəlik VƏRƏM böyük bəstəkar, sevimli ömür-gün yoldaşı, mehriban ata -Müslümü əbədi olaraq gülcamalı sevgilisindən, əziz övladlarından, mehriban qohumlarından, dostlarından ayırdı.

1903-cü ildə 18 yaşında Müslüm Badigülcamala yazdığı məktubun sonunda belə bir cümlə yazıb: “Əzizim, bağışlayın ki, qala bilmədim”. Onda Badigülcamal hələ Maqomayeva deyildi- Terequlova idi. Onda Müslümün Badigülcamaln yanında qala bilməməsi onu bu qədər yandırıb-yaxmamışdı. İndi isə Badigülcamal üçün həyat donmuşdu. Çünki, o, hər şeyini, sevgi dolu xoş günlərini, gönül dünyasını itirmişdi!

“Kaspi” qəzeti, 2014

AXI BİZ NİYƏ BELƏYİK?”



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin