MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə15/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   11   12   13   14   15   16   17   18   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

3.2. Əmtəə (bazar) təsərrüfat
Tarixən əmtəə istehsalı təşkilinin üç forması (tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər. Bu proses daxilində istehsalçıların öz əməkləri fəaliyyət göstərir, yə'ni istehsal vasitələrinin sahibləri özləri istehsal edirlər. Sadə əmtəə təsərrüfatı tipində məhsul bazarda satılmaq üçün istehsal olunur.
Sadə əmtəə təsərrüfatı ilə xırda istehsalçılar - sənətkarlar və kəndlilər məşğul olurlar. Bu təsərrüfat formalarında istehsalçıların özləri istehsal vasitələrilə bilavasitə birləşirlər. Belə bir təsərrüfat formasında istehsal vasitələri üzərində olan mülkiyyət sahibi istehsaldan təcrid olunmur, istehsalçı həm istehsal vasitələrinin sahibi kimi, həm də istehsalçı kimi çıxış edir. Deməli, sadə əmtəə təsərrüfatında istehsal mülkiyyət sahiblərinin şəxsi əməyinə əsaslanır. Belə bir təsərrüfat tipində əmtəə istehsalı istehsalçılar tərəfindən ayrı-ayrılıqda həyata keçirilir.
Əmtəə təsərrüfatı əmtəə istehsalına əsaslanan, istehsalçılar və istehlakçılar arasında olan qarşılıqlı fəaliyyəti bazar vasitəsilə təmin edən iqtisadiyyatın təşkilinin ictimai formasıdır. Əmtəə təsərrüfatı şəraitində istehsalçılar müstəqil, fərdi, ayrı-ayrılıqda məhsul istehsal edir, müəyyən bir əmtəə istehsalı üzrə ixtisaslaşır, ictimai tələbatlar alqı-satqı, bazar vasitəsilə təmin edilir, əmtəə-pul mübadiləsi hökm sürür.
Tarixi təcrübə göstərir ki, müxtəlif mülkiyyət sahibləri arasında olan mübadilə əmtəə mübadiləsi şəklini alır. Təsərrüfat fəaliyyətində iqtisadi müstəqillik xüsusi, kollektiv, icma, korporativ mülkiyyət sahibləri arasında da ola bilər. Göstərilən amillərin inkişaf səviyyəsindən və xarakterindən asılı olaraq əmtəə istehsalı modeli, ümumiyyətlə, bazar sistemi formalaşır.
Əmtəə istehsalı modelinin ilkin, geniş inkişaf etmədiyi bir şəraitdə mərkəzləşdirilmiş dövlət hakimiyyətinin iqtisadi və siyasi hökmranlığı mövcud idi. Bazar iqtisadiyyatı ünsürlərinin fəaliyyət göstərdiyi iqtisadi sistemdə mülkiyyətin dövlət hakimiyyətilə qovuşması iqtisadi dinamizmin inkişafını ləngidir, geriyə salır və yoxsulluq yaradır.
Əmtəə istehsalının digər, daha çox inkişaf etmiş forması kapitalist təsərrüfatıdır.
Hər şeydən əvvəl belə bir sual meydana çıxır: müasir kapitalizm və hal-hazırda dünya miqyasında qəbul olunmuş sivilizasiyalı bazar sistemi necə yaranmışdır?
Marksizm təliminə görə kapitalizm sadə əmtəə təsərrüfatından törəmişdir. Bu nəzəriyyə göstərir ki, kapitalizm iqtisadi sistemində əmtəə istehsalı münasibətləri ümumi hal kəsb edir. Bu o deməkdir ki, kapitalizmin bütün inkişaf mərhələlərində insanlar arasında olan münasibətlər əmtəə münasibətləri formasında çıxış edir. Əmtəə münasibətləri ümumi münasibətlər forması kimi çıxış etməklə yanaşı müstəqildir. Bu münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar bütün digər münasibətlərin əsasını təşkil edirlər. Deməli, bu münasibətlər hüceyrə şəklində kapitalizmin əsas xüsusiyyətlərini və ziddiyyətlərini özündə əks etdirirlər. Digər tərəfdən isə sadə əmtəə münasibətlərindən tarixi inkişafın müəyyən bir mərhələsində və məntiqi ardıcıllıqla kapitalizmin mürəkkəb istehsal münasibətləri formalaşıb inkişaf edir.
Kapitalizm daima və fasiləsiz olaraq əmək məhsulunu əmtəə formasında istehsal edir. Məhz buna görə də həm tarixi, həm də məntiqi baxımdan əmtəə münasibətləri kapitalizmin qərarlaşmasının və sonrakı inkişafının başlanğıc nöqtəsi kimi çıxış edir. Eyni zamanda əmtəə təsərrüfatının ziddiyyətləri kapitalist əmtəə istehsalının ziddiyyətlərilə üst-üstə düşür. Əgər kapitalizmdən əvvəlki cəmiyyətlərdə əmtəə münasibətləri məhdud və tabeçilik xarakteri daşıyıb natural təsərrüfat çərçivəsi daxilində fəaliyyət göstərirdisə kapitalizmdə bu təsərrüfat forması hakim mövqe tutur və ümumi hal alır.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist-sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar-kapitalist nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, kapitalist-sahibkar iri istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.
Sadə və kapitalist əmtəə təsərrüfatlarının ümumi cəhətləri də vardır. İstehsalı müstəqil təşkil edən istehsalçıları ictimai əmək bölgüsü, əmtəə istehsalı, bazar vasitəsilə əlaqə saxlamaq birləşdirir. Əmtəə istehsalının ümumi qanunları kapitalizm təsərrüfatında öz əhəmiyyətini saxlayırlar, lakin bu qanunlar müəyyən modifikasiyaya uğrayırlar. Çünki əmtəə təsərrüfatında inkişaf etmiş bazar sistemi fəaliyyət göstərir.
İnkişaf etmiş kapitalist əmtəə münasibətlərinin bazar sisteminin yaranması müəyyən qanunauyğunluqlara malikdir. Belə bir iqtisadi bazar modelinin yaranması, hər şeydən əvvəl, dövlət hakimiyyətindən asılı olmayaraq torpaq üzərində xüsusi mülkiyyətin formalaşması ilə əlaqədardır. Beləliklə, xüsusi sahibkarlıq fəaliyyətinin inkişafı iqtisadiyyatda yeni törənən ünsürləri stimullaşdıraraq istehsalın səmərəliliyini artırmışdır. Xüsusi mülkiyyət nəticəsində törənmiş ünsürlər iqtisadi artımı təmin edə bilmişdir. Məhz buna görə də bazar iqtisadi modelinin birincisindən - sadə əmtəə istehsalçılarından fərqli olaraq, ikinci model - sahibkar-kapitalistlərin xüsusi mülkiyyətə əsaslandığı inkişaf etmiş bazar iqtisadi modeli meydana gəlmişdir.
Bazar iqtisadiyyatının ikinci modeli birincidən fərqli olaraq şəxsiyyətin dövlətdən üstünlüyü ilə xarakterizə edilir ki, bu model daxilində inkişafa əsas və həlledici hərəkət verən qüvvə xüsusi mülkiyyət hesab olunur.
Kəndlilərin və sənətkarların bazar üçün istehsal etdikləri sadə əmtəə təsərrüfatından fərqli olaraq inkişaf etmiş əmtəə istehsalı olan kapitalist iqtisadi sistemində bütün əmək məhsulları ilə yanaşı istehsal amilləri də əmtəəyə çevrilir. Kapitalist əmtəə təsərrüfatında bazar münasibətləri də ümumi xarakter daşıyır. Bu təsərrüfatda bütün iqtisadi sistem əşyalaşır, iqtisadi münasibətlər insanlar arasında «şeylərin» münasibəti kimi çıxış edir.
Əmtəə istehsalının yüksək səviyyəyə çatması kapitalizmin bir istehsal üsulu kimi qərarlaşması ilə əlaqədardır. Lakin kapitalist istehsal üsulunun yaranması ilkin kapital yığımı ilə də bağlıdır.
İlkin kapital yığımının birinci tərəfi ondan ibarətdir ki, bilavasitə istehsalçıların istehsal vasitələrindən məhrum olması çox zəif getdiyindən sadə əmtəə istehsalında keyfiyyət dəyişiklikləri baş vermir və bunu hələ ilkin kapital yığımı adlandırmaq olmaz. İlkin kapital yığımının bu mərhələsinin sürətləndirilməsində dövlət mühüm rol oynayır. Belə ki, dövlət zorakılıq yolu ilə bilavasitə istehsalçıları - kəndliləri torpaq mülkiyyətindən məhrum edir.
İlkin kapital yığımının ikinci tərəfi ondan ibarətdir ki, pul vəsaiti azlığın əlində yığılır və ilkin kapitalistlər meydana çıxır.
İlkin kapital yığımının əsas mənbəyi pul sərvətinin toplanmasıdır. Pul sərvəti müstəmləkəçilik sistemi, dövlət istiqrazları sistemi, vergi sistemi, proteksionizm sistemi vasitəsilə əldə edilmişdir. İlkin kapital yığımının nəticəsində kapitalist-fermerlər və sənaye kapitalistləri yaranır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin