Müasir fəlsəfə problemləri” şöbəsi MÜASİr fəLSƏFƏ, elm və MƏDƏNİYYƏT: postqeyri-klassik epistemologiYA



Yüklə 2,59 Mb.
səhifə16/38
tarix01.01.2017
ölçüsü2,59 Mb.
#3891
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

İnsanlar arasında qarşılıqlı anlaşma, ünsiyyət, fərdlərarası münasibətlərdə özgələşmə, insani prinsiplərdən uzaqlaşma və s. müasir dünyanın çox ağrılı problemlərindəndir. Görünür, məhz bu səbəbdən də bu gün kommunikativ fəaliyyətin effektivliyi məsələsi bütün dövrlərdə olduğundan daha çox aktual mahiyyət alıb. Yaranışından kommunikasiya insana və cəmiyyətə mənsubdur. Yəni ontoloji aspektdə insanlar qədər qədimdir. İnsanın təkamülü kommunikativ texnologiyaların inkişafı zəminində kommunikativ mədəniyyətin zənginləşməsi ilə müşayiət olunub. Bu da öz növbəsində onun (yəni kommunikasiyanın) sosial sistemlərin bütün sahələrinə təsirini sürətləndirib. Lakin mühüm dəyişikliklər müasir dövrün payına düşür. Ənənəvi və yeni əlaqə vasitələri kompyuterlə birləşərək qloballaşmanın aparıcı prosesinə çevrilib. Bu şəkildə planetar kommunikasiya məkanı formalaşır, kommunikasiya prosesləri total mahiyyət alır. Kommunikasiya vasitələri insana daima dəyişən mühitə alışmağa, bu mühitdə özünü inkişaf etdirməyə kömək edir. Lakin bu sahənin öz həllini gözləyən mühüm problemləri də vardır. Xüsusilə, kommunikasyanın ictimai münasibətlərə deterministik təsiri məsələləri kifayət qədər təhlil edilməyib. Bu sahənin ziddiyyətli inkişafı, onun cəmiyyətdə yaratdığı radikal dəyişikliklər bir sıra dünyagörüşü, nəzəri-metodoloji və sosial problemlərin fəlsəfi təhlilini aktuallaşdırır.


Qərb fəlsəfəsində dil və kommunikasiya məslələrinə dair çoxlu sayda ədəbiyyat mövcuddur və bu sahəyə çox geniş maraq müşahidə olunur. Bununla belə, problemin fəlsəfə tarixində genezisini açan, təkamülünü aydınlaşdıran, eləcə də kommunikasiya proseslərinin metodoloji yanaşmalarında baş verən paradiqmal dəyişiklikləri, bu sahəyə aid tədqiqatların tendensiya və perspektivlərini müəyyənləşdirən işlər azdır. Bu səbəbdən də qarşıda duran məsələlərin həllini həyata keçirmək üçün, əsasən, Qərb filosoflarının araşdırmalarına müraciət olunur. Bu mənada Y.Habermasın tədqiqatları mühüm əhəmiyyət kəsb edir. Alim öz əsərlərində fəlsəfənin tarixində kommunikasiya fenomeni haqqında təsəvvürlərin dəyişilməsindən söhbət açır, metafizik təfəkkürdən postmetafizik təfəkkürə keçidin baş verdiyini əsaslandırır, qeyd olunan hadisələrin müxtəlif məktəb və istiqamətlərin metodoloji yanaşmalarında da özünü göstərdiyini vurğulayır. Y.Habermas özünün kommunikativ fəaliyyət nəzəriyyəsində belə bir ideya irəli sürmüşdür ki, müasir cəmiyyətdə obyektiv olaraq aksentlər sosial proseslərin mənbəyi sayılan kommunikasiya, mədəniyyət, informasiya sahələrinə keçir. Müasir kommunikasiya problemlərinin metodoloji istiqamətləri Habermasın həmfikiri və bəzi məsələlərdə opponenti olan K.-O.Apelin tədqiqatlarının da əsas mövzularındandır.

Dilin kommunikativ-praqmatik aspektlərinin öyrənilməsinə artan maraq müasir Qərb fəlsəfəsinin inkişafını müəyyənləşdirən tendensiyalardan biri kimi özünü göstərir. Bu konsepsiyanın inkişafında analitik, praqmatik, hermenevtik, fenomenoloji, strukturalist istiqamətlərdən çıxış edilərək araşdırılmış ədəbiyyatın mühüm yeri vardır. Bütün bunlara baxmayaraq müasir fəlsəfədə bu mövzu hələ ətraflı öyrənilməyib və qeyd olunan problematika əsaslı şəkildə öz həllini gözləyir. Qeyd edək ki, diqqət mərkəzində olan məsələlərdən biri də ondan ibarətdir ki, bu kontekstdə tədqiqatlarda istiqamətlərin və perspektivlərin müəyyənləşdirilməsi üçün kommunikasiya problemlərinə aid mövcud metodoloji yanaşmalarda refliksiyanın aydınlaşdırılması, müxtəlif məktəb və cərəyanların arasında dialoqun yaradılması kimi məsələlər aktual əhəmiyyət kəsb edir.

Postqeyriklassik elmin gəlişi ilə elmi fəaliyyətin sosial mahiyyətində fundamental dəyişikliklər baş verdi. Bu yanaşma interaktiv proseslərə, elmi istiqamətlərin seçiminə açıqdır. Bu baxımdan postqeyriklassik fəlsəfə getdikcə daha çox praktik məsələlərin təhlilinə istiqamətlənir. Yeni mahiyyət kəsb edən rasionallığın yaranması, həmçinin mədəniyyətin müxtəlif sahələrini, əxlaqı, siyasəti, hüquqi dövlətin sosial institutlarını əhatə edən böhran vəziyyəti kommunikativ diskursun mahiyyətinin müəyyənləşdirilməsi problematikasını aktuallaşdırıb. Qeyd olunan məsələlərlə əlaqədar olaraq kommunikativ rasionallıq probleminin fəlsəfi dərkinə tələbat artıb. Bu tələbat, ilk növbədə, müasir şəraitdə texnikanın ağalığı nəticəsində bəşəriyyətin kritik həddə çatması ilə xarakterizə olunur. Bu gün müasir texnogen sivilizasiyanın ən dəhşətli nəticələrinin və texnokratik təfəkkürün (baxmayaraq ki, bu təfəkkür növünün üstünlükləri də danılmazdır) aradan qaldırılması üçün insanları birləşdirməyə qadir olan diskursiv kommunikativ etikanın mühüm problemlərinin müəyyənləşdirilməsinə və təhlilinə böyük ehtiyac vardır. Bəşəriyyət planetar miqyasda öz törətdiklərinin birgə məsuliyyətini daşıyır. Mövcud situasiya universal əxlaq prinsiplərinin və yeni, ümumi diskursiv etikanın formalaşdırılmasını zəruriləşdirir. Bu, sosial, iqtisadi, siyasi, milli problemlərin güc vasitəsilə həll edilməsinə yönəlmiş mövqelərin aradan qaldırılması üçün vacibdir.

Sürətlə dəyişən dünya insan və cəmiyyət konsepsiyasına yenidən baxmaq zərurətini yaradır. Yəni artıq sübut olunmuş, müəyyən dövr üçün məqbul sayılan baxışlar, məsələlərə münasibətlər mövcud reallıqda özünü doğrultmur. Məsələnin bu tərzdə qoyuluşu, ilk növbədə, sosial təcrübənin tələblərindən irəli gəlir, bundan da ziyadə, son dərəcə sürətlə baş verən dəyişikliklər getdikcə daha çox idarəolunmaz və anlaşılmaz xarakter almağa başlayır. Məlumdur ki, klassik fəlsəfədə təhlillər, əsasən, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsinə isriqamətlənib. Bu ideyalara əsaslanılaraq müvafiq proqnozların verlməsinə şərait yaranır. Lakin XX əsrdə cərəyan edən hadisələr məsələlərə münasibəti kökündən dəyişdi. Elmin inkişafı və sosial təcrübə klassik rasionalizmin kifayətsizliyini aşkar etdi. Bunun da məlum səbəbləri vardır. Belə ki, təbiət və cəmiyyət tədricən qeyri-sabit, əvvəlcədən proqnozların verlməsi mümkün olmayan hala gəlir. Buradan belə bir qənaət yaranır ki, klassik determinizm qeyri-xətti prosesləri tam əhatə edə bilmir. Bütövlükdə isə, bu yanaşmanın əsas qayəsi deteminizm prinsipindən imtina etmək deyil. Burada əsas niyyət hadisələrin həqiqətə daha uyğun şəkildə araşdırılmasını təmin etmək, bütün şərti səbəblərin aydınlaşdırılmasına cəhd etmək, təhlillərin mövcud durumu daha da ətraflı əhatə edə bilməsini həyata keçirməkdən ibarətdir.



Mütəmadi olaraq cəmiyyətdə baş verən təbəddülatlar, dəyişkən, mütərəddid reallıq mövcud şəraitin elmi təhlilinin həyata keçirlməsində böyük çətinliklərlə qarşılaşır. Bunun da əsas səbəbi ondadır ki, nəzəriyyə və konsepsiyalar mühütdə baş verən dəyişikliklərin dinamikasına relevant deyil, yəni artıq təhlillərin aparıldığı dövrdə ortaya goyulan nəticələr öz yeniliyini itirir. Bu mənada kommunikasiya sosial reallıq olaraq baş verən hadisələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin nəzərdən keçirilməsinə imkan yaradır. Bu təqdirdə tədqiqatçı, bütövlükdə, sosial reallığı əhatə edən makrokommunikativ mühitdə məna və mahiyyətlərin situativ və şərtlənmiş xüsusiyyətlərini nəzərə alaraq ümumiləşdirilmiş bir sxemdən istifadə etmək imkanlarına malik olur. Azərbaycan reallığında (bütövlükdə, postsovet məkanında) bu yanaşmadan çıxış etdikdə məlum olur ki, hadisələrin dinamikliyi, çox tez baş verməsi və sürətlə ötüb keçməsi məsələlərin təhlilini çətinləşdirir və heç bir nəzəri konsepsiya mövcud situasiyanı ümumiləşdirmək imkanı yarada bilmir. Lakin, məlumdur ki, hadisələr öz təsirini qoyub gedir və şüurlara çökən fikirlər sonralar digər hadisələrə təsirsiz ötüşmür. Məhz bu cəhət kommunikativ fəaliyyətin aktuallığını önə çəkir və hadisələrin fəlsəfi konseptuallıq kontekstində şərh edilməsinə imkan verir. Bu şəkildə nəzəri mühakimələrin işlənilməsinin müsbət xarakteri ondan ibarətdir ki, tədqiqatları müəyyən bir məna məkanına yönəltmək mümkün olur. Bu şərait başqa bir məqama da yol açır, yəni hər bir hadisə digər hadisələri təkrar etmədən, xüsusi diskurs olaraq nəzərdən keçirilir və mühüm analogiyaların şərh edilməsi reallaşa bilir. Bu istiqamətdə aparılan təhlillər, əsasən, sosial həyatın müxtəlif aspektlərini əhatə edən kommunikativ fəaliyyətin ümumi struktur və xüsusiyyətlərinin aşkar edilməsinə yönəlir.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin