Mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr



Yüklə 77,84 Kb.
tarix28.04.2017
ölçüsü77,84 Kb.
#15959


Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı və “Azərsu” ASC-nin iştirakı ilə
2011-ci il 11 noyabr tarixində
SU TƏCHIZATI VƏ KANALIZASIYA XIDMƏTI SAHƏSİNDƏ Şəffaflığın artırılması
mövzusunda keçirilən
Dəyirmi Masanın yekunu və verilən tövsiyələr
Ön söz
Bu tövsiyələr “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) maliyyə dəstəyi əsasında həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi (ALAC) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində hazırlanmışdır və donorların rəsmi mövqeyini əks etdirməyə bilər.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

“Azərsu” ASC ölkə üzrə 1,061 milyon abunəçini içməli su ilə təmin edir. Bunlardan 1,031 milyonu əhali, 30 minə yaxını isə qeyri-əhali istehlakçılarıdır.

“Azərsu” ASC Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd – Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd su təchizatı və kanalizasiya xidməti sahəsində nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və “Azərsu” ASC-yə təqdim edilib. Tövsiyələrin hazırlanmasında aşağıdakı şəxslərin fikirlərindən istifadə olunub.




  • Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” İB-nin İcraçı Direktoru;

  • Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru;

  • Ələkbər Ağasıyev, Konstitusiya Araşdırmalar Fondunun eksperti;

  • Mirvari Gəhramanlı, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri.




  1. Sudan istifadə qaydaları”nın yeni layihəsi

Mövcud vəziyyət

Analiz

Ümumiyyətlə, “Azərsu” ASC-nin istehlakçılarla münasibətlərinin hazırda qüvvədə olan hansı Qaydalar əsasında qurması barədə internet qaynaqlarında, “Azərsu” ASC-nin rəsmi saytında (http://azersu.az) hər hansı bir məlumat tapmaq mümkün deyil. “Azərsu” ASC-dən rəsmi şəkildə bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə qaydaları”nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib.

“Azərsu” ASC-dən verilən rəsmi açıqlamaya inansaq, “Sudan istifadə qaydaları”nın yeni layihəsi aidiyyatı qurumlara təqdim edilsə də, həmin layihə ictimaiyyətin geniş təbəqələrinə təqdim edilməmişdir. Layihə KİV, internet qaynaqlarında, hətta “Azərsu” ASC-nin rəsmi saytında (http://azersu.az) yerləşdirilməmişdir ki, onun haqqında fikir yürütmək mümkün olsun. Halbuki, “Sudan istifadə qaydaları”nın yeni layihəsi vətəndaş cəmiyyəti institutlarının, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirəyə çıxarılmış olsa idi, bunun layihəyə yalnız yararı dəymiş olardı. Bundan başqa, yeni layihənin qəbul olunması vaxtı da bəlli deyil, buna görə yeni layihə qəbul olunana kimi köhnə qaydaların (əgər belələri mövcuddursa) “Azərsu” ASC-nin rəsmi saytında yerləşdirilməsi məqsədəmüvafiqdir.

  1. İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə” layihəsi

Mövcud vəziyyət

Analiz

“Azərsu” ASC-dən rəsmi şəkildə bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə qaydaları”nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib. Güman etmək olar ki, həmin layihədə su təchizatı və kanalizasiya xidməti sahəsində də yeni müqavilə layihələri öz əksini tapmışdır.

Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsindən verilən açıqlamalara görə, Şəbəkənin ekspertləri tərəfindən hazırlanmış “İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə” şərtlərinin əksəriyyəti “Azərsu” ASC-nin dövlət qurumlarına təqdim etdiyi layihədə öz əksini tapmışdır. “Sudan istifadə qaydaları”nın yeni layihəsi yuxarıda göstərilən səbəblərdən əlimizdə olmadığına Şəbəkənin hazırladığı birtipli Müqavilə şərtlərinin nə dərəcədə qəbul olunması barədə fikir yürütmək mümkün deyil.

  1. İstehlakçılarla müqavilələrin bağlanılması

Mövcud vəziyyət

Analiz

“Azərsu” ASC-nin rəsmi saytının (http://azersu.az) “Qoşulma qaydası” bölümünün “Müraciət” səhifəsində aşağıdakılar göstərilmişdir:

“Fərdi yaşayış evlərinin sahibləri su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün “Azərsu” ASC-nin yerli Sukanal İdarələrinə (Sahələrinə) ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

1. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin surəti;

2. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti.”


“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı istehlakçı ilə müqavilə bağlamağa borcludur. Hal-hazırda xidmət sahəsində yaşanan ən ciddi problemlərdən biri “Azərsu” ASC kimi inhisarçı qurumların istehlakçılarla müqavilə bağlamaqdan yayınmasıdır.

“Azərsu” ASC-nin rəsmi saytının (http://azersu.az) “Qoşulma qaydası” bölümünün “Texniki şərtin verilməsi” səhifəsində aşağıdakılar göstərilmişdir:

“Ərizə daxil olduqdan sonra “Azərsu” ASC-nin aidiyyəti strukturunun əməkdaşı sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaq ayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizati və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun müvafiq texniki şərti Cəmiyyətin və ya aidiyyatı struktur bölməsinin rəhbərliyinə təsdiq üçün təqdim edir.

Fərdi yaşayış evləri üçün texniki şərtin verilməsi ödənişsizdir. Buna görə sifarişçidən hər hansı formada ödəniş tələb etmək qəti qadağandır.”


Bəzən fərdi yaşayış evləri üçün texniki şərtin verilməsinə görə qeyri-qanuni ödənişlər tələb edilir, halbuki buna görə sifarişçidən hər hansı formada ödəniş tələb etmək qəti qadağandır.

“Azərsu” ASC-nin rəsmi saytının (http://azersu.az) “Qoşulma qaydası” bölümünün “Müqavilə bağlanması” səhifəsində aşağıdakılar göstərilmişdir:

“Təlabatçıya texniki şərt verildikdən sonra istehsalçı ilə istehlakçı arasında alqı-satqı müqaviləsi bağlanır. Müqavilə “Azərsu” ASC-nin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sistemlərinə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

Müqavilədə abonentin ünvanı, su xəttinə birləşmə ünvanı və borunun diametri, quraşdırılmış sayğacın markası, nömrəsi və möhürün (plombun) nömrəsi qeyd olunur, abonentə göstərilən su və kanalizasiya xidmətlərinin tarifləri əks olunur.

Müqavilədə göstərilir ki, istehsalçı abonenti dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməli, çirkab sularını qəbul edib təmizləyici qurğulara ötürməlidir.

Müqavilədə göstərilir ki, abonent müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını bir ay müddətində ödəməli, sayğacın və möhürün (plombun) bütövlüyünü təmin etməli, sayğacın işində qüsur yarandıqda və ya sıradan çıxdıqda, möhürlər (plomblar) pozulduqda dərhal yerli Sukanal Idarələrinə (Sahələrinə) məlumat verməlidir. Onlar vəzifə borclarını yerinə yetirmək üçün “Azərsu” ASC-nin nümayəndələrinin abonentə məxsus əraziyə və ya mənzilə maneəsiz daxil olmasına şərait yaratmalıdırlar.

Müqavilədə onun qüvvədə olma müddəti, həmçinin ləğvi qaydaları da öz əksini tapır.”



“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsindən belə anlaşılır ki, istehsalçı öz istehsalat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Lakin hamımız şahidiyik ki, əhalinin içməli su təchizatına və kanalizasiya xidmətlərinə olan ehtiyacı keyfiyyətli səviyyədə və fasiləsiz təmin edilmir. Bununla da su istehsalçısı tərəfindən müqavilənin əsas şərtlərindən birinə əməl olunmur. Ümumiyyətlə, saytda qüvvədə olan birtipli müqavilənin nümunəsi yerləşdirilməmiş, müqavilənin şərtləri heç bir istinad göstərilmədən verilmişdir.

“Azərsu” ASC-nin rəsmi saytının (http://azersu.az) “Qoşulma qaydası” bölümünün “Qoşulma” səhifəsində aşağıdakılar göstərilmişdir:

“Fərdi yaşayış evlərinin su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrası “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən yerinə yetirilir və buna görə istehlakçıdan heç bir ödəniş tələb olunmur.

Qeyri-əhali qrupu istehlakçılarının su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrası “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına yerinə yetirilir. Bu zaman “Azərsu” ASC ilə abonent arasında əldə olunan razılığa əsasən hər iki tərəfin öhdəlikləri müəyyən edilir.”


Fərdi yaşayış evlərinin su və kanalizasiya xətlərinin mövcud şəbəkələrə qoşulması ilə əlaqədar işlərin icrasına görə istehlakçıdan bəzi vaxtlarda qeyri-qanuni ödənişlər tələb olunur.

Ümumiyyətlə, http://azersu.az saytının “Qoşulma qaydası” bölümünün hansı rəsmi qaydalara istinadən tərtib olunması məlum deyil. Saytı ziyarət edən şəxsdə belə bir təsəvvür yarana bilər ki, saytın həmin bölümü ixtiyari şəkildə tərtib olunmuşdur. Halbuki saytın məhz bu bölümündə konkret qaydalara istinad edilməsi, birtipli müqavilənin formasının yerləşdirilməsi zəruridir.



TövsiyəLƏR

  1. Azərsu” ASC tərəfindən hazırlanmış “Sudan istifadə qaydaları”nın yeni layihəsi “Azərsu” ASC-nin rəsmi saytında (http://azersu.az) yerləşdirilsin və onun vətəndaş cəmiyyəti institutları, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirəsi təşkil olunsun.

  2. İctimai müzakirələr zamanı verilmiş müvafiq təkliflər, həmçinin, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin ekspertləri tərəfindən hazırlanmış “İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə”nin şərtləri “Azərsu” ASC tərəfindən dəstəklənərək “Sudan istifadə qaydaları”nın yeni layihəsinin təsdiq olunması prosesi surətləndirilsin.

  3. Fiziki şəxs olan istehlakçılarla müqavilələrin bağlanması vəziyyəti araşdırılıb müqavilələr bağlanılsın və digər müvaviq tədbirlər görülsün.

  4. Sudan istifadə qaydaları”nın yeni layihəsi qəbul olunana kimi köhnə qaydaların (əgər belələri mövcuddursa) və qüvvədə olan birtipli müqavilənin nümunəsinin “Azərsu” ASC-nin rəsmi saytında yerləşdirilməsi təmin edilsin.

  1. Azərsu” ASC-nin fəaliyyətində mövcud olan problemlər

Mövcud vəziyyət

Analiz

Xidmət səviyyəsinin qeyri-qənaətbəxş olması, əhalinin içməli su təchizatına və kanalizasiya xidmətlərinə olan ehtiyacının keyfiyyətli səviyyədə və fasiləsiz təmin edilməməsi

Bakı şəhərinə daxil olan içməli su mənbədən paylama şəbəkələrinədək bir neçə mərhələdə MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələbləri əsasında analiz olunur. Belə ki, yeraltı və yerüstü su mənbələrindən götürülən su əvvəlcə mənbənin özündə 2874-82 saylı QOST-un standartları əsasında emal olunur və kəmərlər vasitəsilə paytaxtın su təchizatı şəbəkəsinə daxil olur. Paytaxta daxil olan suyun keyfiyyət göstəriciləri həmçinin “Bakı Sukanal” İdarəsinin mərkəzi laboratoriyasında təkrar təyin olunur. Nəql olunma və anbarlarda saxlama zamanı suyun keyfiyyət dəyişikliyinə nəzarəti təmin etmək məqsədilə analizlər götürülür.

“Azərsu” ASC-dən verilən açıqlamalara görə, içməli suyun başlıca sanitar-bakterioloji göstəriciləri bağırsaq çöplərinin sayıdır və analiz zamanı bu normalara xüsusi diqqət yetirilir. Amma bütün bunlar yalnız mərkəzləşdirilmiş qaydada su sistemi ilə təmin olunmuş şəhərlərə və qismən də rayon mərkəzlərinə aiddir. Mərkəzləşdirilmiş su sistemi olmayan rayonlarda əhali içməli suyu quyulardan, suvarma kanallarından, çay və göllərdən götürür ki, həmin mənbələrdə heç bir ekoloji təmizləmə aparılmır, əhalinin böyük əksəriyyətinin içdiyi suyun keyfiyyəti yoxlanılmır.

“Azərsu” ASC ölkənin yalnız 49 rayonunda mərkəzləşdirilmiş su sisteminə aid ərazilərdə suyun keyfiyyətinə nəzarət edə bilir. Bu rayonların isə cəmi 16-da mövcud su anbarlarında xlorator qurğuları işləyir və anbarlara daxil olan su xlor vasitəsilə saflaşdırılır. Qalan 33 rayonda əhalinin içdiyi su quru xlorla duruldulur. Bu zaman hər kubmetr suya 0,2-0,3 milliqram quru xlor qatılır. Artezian quyularından götürülən suyun bulanıqlığı isə hər litrə 0,5-1,5 milliqram xlor vurulmaqla aradan qaldırılır. Hazırda regionların əksəriyyətində içməli suyun yalnız bulanıqlığı və sudakı bağırsaq çöplərinin zərərsizləşdirilməsinə xüsusi diqqət yetirilir.

Müstəqil ekspertlər isə nəinki kənd yerlərində, heç iri şəhərlərdə və hətta paytaxt Bakıda əhalinin istifadə etdiyi içməli suyun tərkibinin təmizliyinə tam əmin deyillər. Kənd yerlərində əhalinin istifadə etdiyi suyun nəinki mənşəyi, heç fiziki-kimyəvi və bakterioloji keyfiyyət göstəriciləri yoxlanılmır. Mərkəzləşdirilmiş su sisteminə çıxışı olan paytaxt əhalisinin də əksəriyyəti çiy su içməyə qorxur. Şəhərdə yaşayanların çoxu içməli sudan istifadə etməzdən əvvəl onu tənzif, pambıq və ya su daşından süzür. Ümumiyyətlə şəhər sakinlərinin 90 faizi mənzillərə verilən suyu qaynatmamış içmir, çünki Bakıya gələn ən təmiz suyun icərisində də çöküntü adi gözlə görünə biləcək səviyyədədir.

Ekspertlər Azərbaycanda içməli suyun keyfiyyətinin 1982-ci ildə keçmiş SSRİ-nin qəbul etdiyi standartlar əsasında yoxlanmasını da düzgün hesab etmir. Azərbaycan BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların üzvü kimi əhalinin davamlı və təhlükəsiz içməli su ilə təminatına dair öhdəliklər götürüb. Ona görə də suyun keyfiyyət normaları Ümumdünya Səhiyyə Təşkilatının standartlarına əsaslanmalıdır. Amma Azərbaycanda bunlar indi mövcud olmayan dövlətin standartları ilə nizamlanır. Halbuki əksər MDB ölkələrində, o cümlədən Rusiyada suyun keyfiyyətinə dair yeni standartlar və texniki şərtlər qəbul olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən verilən açıqlamaya görə, yaxın gələcəkdə içməli suyun keyfiyyətinə dair Azərbaycanın özünün Milli Standartları olacaq. Hazırda belə bir normativ sənədin işlənməsi istiqamətdə iş gedir və yaxın zamanlarda belə bir milli standart hazırlanacaq.

Ümumiyyətlə, “Azərsu” ASC-nin rəsmi saytının (http://azersu.az) “Suyun keyfiyyəti” bölümündə suyun keyfiyyəti ilə bağlı heç bir məlumat verilmir, həmin bölümün 6 səhifəsindən yalnız 2 açılır, geridə qalan səhifələr isə açılmır.


Təchizatçı qurumlar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl olunmaması

Bax yuxarı

Xidmət haqqlarının qeyri-qanuni olaraq mənzillərdə yığılaraq tam və ya qismən mənimsənilməsi

Əhali istehlakçıları su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini onlara təqdim edilən bildirişlər əsasında bank və poçt şöbələrində, Paypoint ödəniş terminallarında, İnternet vasitəsi ilə plastik kartlarla ödəməlidirlər. Su kəməri təsərrüfatında nəzarətçinin abonentdən pul alması qəti qadağandır. Buna baxmayaraq, belə neqativ hallar hələ də mövcuddur. Bəzi hallarda bu məsələyə istehlakçıların özü laqeyd münasibət bəsləyir, bundan başqa, nəzarətçiləri çoxdan tanıdıqlarına görə onlara etibar edirlər ki, bu da xidmət haqqlarının yerində, yəni istehlakçı ilə bilavasitə nəzarətçi arasında ödənilməsinə və daha sonra nəzarətçi tərəfindən mənimsənilməsinə yol açır.

Sayğac quraşdırmanın aşağı səviyyədə olması və ləng aparılması, sayğac göstəricilərinin qeydiyyata alınması sahəsində olan problemlər

“Azərsu” ASC-nin rəsmi saytında yerləşdirilmiş məlumata görə, “Azərsu” ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 011 849 əhali abonentin 484 675 və ya 47,9 % sayğacla təmin olunub. Belə ki, əhali qrupu üzrə sayğaclaşma “Sumqayıt Sukanal” İdarəsi üzrə 64,4 %, “Bakı Sukanal” İdarəsi üzrə 56,91 %, “Abşeron Sukanal” İdarəsi üzrə 48,64 %, “Birləşmiş Sukanal” MMC üzrə 36,94 %, “Gəncə Sukanal” TSC üzrə 2,02 %, “Ağdaş Sukanal” TSC üzrə 0,12 %, “Göyçay Sukanal” TSC üzrə 0,06 %, “Şəki Sukanal” TSC üzrə 0,02 % təşkil edir. Bu rəqəmlərə şərh verməyə heç bir ehtiyac qalmır. Sayğac quraşdırılarkən əhalidən bəzi hallarda qeyri-qanuni olaraq pul tələb edilir.

Borcun hesabatı və ödənişlərlə əlaqədar sənədləşmədə şəffaflığın olmaması, rəsmi borc bildirişlərinin istehlakçılara hər ay paylanmaması

Abonentlərə borcun hesabatı ilə əlaqədar sənədlər natamam şəkildə verilir, yəni sənədləşmə borc və aparılmış ödənişlərlə əlaqədar məlumatları qismən əhatə edir. Bəzən göstərilməyən xidmətlərə görə borc hesabatı təqdim edilir, bu da daha çox kanalizasiya xidmətləri sahəsində baş verir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Beləliklə, qanunun bu tələbi pozularaq təchizatçının istehlakçıya borcu və istehlakçının aparmış olduğu ödənişlər barədə dolğun məlumat verilmir. Yəni istehlakçıda özünün kredit tarixi barədə təfsilatı ilə məlumatı olmur. Belə vəziyyət əsas borcun əlavə ödənişlə əlaqədər sənədləşməsində şəffaflığın olmamasına səbəb olur. Bundan başqa, su nəzarətçiləri müvafiq ölçü cihazları ilə təchiz olunmur. İşin bu cür təşkili müasir standartlara cavab vermir, bu səbəbdən bildirişlər hər ay təqdim olunmur. Bildirişlərin hər ay paylanmaması su nəzarətçiləri tərəfindən başqa qanunsuz hərəkətlərə yol açır. Məsələn, 1 fevral 2011-ci il tarixindən sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik səviyyəsində müəyyən edilib. Ölkədə suyun qiyməti yanvarın 31-də bahalaşdırılsa da, su idarələrinin işçiləri əhalini aldadır və yanvar ayının su pulunu da yeni tariflə tələb edirlər. Yeni tariflər 1 fevral 2011-ci il tarixindən qüvvəyə minsə də, su idarələrinin əməkdaşları əhalidən suya görə borcunu yeni tariflə alırlar.



Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası zamanı yaranan problemlər

Debitor borcların silinməsini nəzərdə tutan Prezident Fərmanı ilə əlaqədar əhali ilə üzləşmə aparılmalı idi. İki tərəfin iştirakı ilə qarşılıqlı akt yazılmalı, borcun silinməsi orada öz əksini tapmalı idi. Çox təəssüf ki, belə aktlar tərtib olunmur, mübahisəli məsələlər yenədə qalır.

İstehlakçıların əleyhinə həqiqətə uyğun olmayan aktlara əsasən qeyri-real borcların hesablanması

Həmin aktların məhkəməyə qədər mübahisələndirilməsi proseduru dəqiq müəyyən edilsə, şikayətlərin araşdırılması sahəsində şəffaflığın, ictimai nəzarətin olması təmin edilsə idi, qeyri-real borcların hesablanmasının qarşısını almaq mümkün olardı.

Şikayətlərin araşdırılması sahəsində şəffaflığın, ictimai nəzarətin olmaması, sorğulara (ərizə və şikayətlərə) ya cavab verilməməsi, ya da natamam cavab verilməsi

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1-ci maddəsinə əsasən, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Bundan başqa, həmin qanunun 7-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Yəni vətəndaşa əsaslandırılmamış, natamam cavab verildikdə müraciət baxılmış hesab oluna bilməz. Göründüyü ki, burada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1 və 7-ci maddələrinin tələbləri kobud şəkildə pozulur.



Nəzarətçilərin istehlakçılarla qeyri-etik davranışı, bilavasitə istehlakçılarla təmasda olan nəzarətçilərin öz vəzifə səlahiyyətlərindən sui istifadə etmə halları

Nəzarətçilərin vəzifəsindən sui-istifadə etmə halları müxtəlif şəkildə baş verir. Nəzarətçilər zaman-zaman ifşa olunub ya işdən kənarlaşdırılır, ya da cinayət məsuliyyətinə cəlb olunmaları üçün materiallar hüquq mühafizə orqanlarına göndərilir.

Təhlükəsizlik qaydalarına riayət olunması və istehlakçıların hüquqları ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin aşağı səviyyədə olması

Görünür ki, “Azərsu” ASC-yə bu sahədə fəaliyyətini gücləndirməyə onun korporativ maraqları mane olur.

“Azərsu” ASC istehlakçilara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli məqsədilə 24 saat fasiləsiz fəaliyyət göstərən Qaynar Xətt Xidməti yaradılıb. “Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, həmçinin magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 955 nömrəsinə zəng edib Qaynar Xəttə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür. Mənzillərində yaranan xırda problemlərlə (sayğacda texniki nasazlıq, nəzarətçilər sayğac göstəricilərini çıxartmadıqda və bildirişlər təqdim etmədikdə, ödəniş və borcla bağlı hər hansı anlaşılmazlıq olduqda və s.) əlaqədar abonentlərin yerli Sukanal Sahələrinə müraciət etmələri tövsiyə edilir.

“Azərsu” ASC-də neqativ hallardan, konkret vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən şikayət ediləcək “Qaynar xətt” fəaliyyət göstərmir. 955 nömrəli “Qaynar xətt”in təyinatı isə tamam başqadır.

TÖVSIYƏLƏR

  1. Su təchizatı və kanalizasiya sahəsində göstərilən xidmətin keyfiyyət və təhlükəsizlik səviyyəsi artırılsın, buna cavabdeh olan vəzifəli şəxslərə tələ blər sərtləşdirilsin, günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması təmin edilsin.

  2. İçməli su ilə əlaqədər qanunlarda əlavələr və dəyişiklər edilsin, Suyun keyfiyyətinə dair Milli Standartların qəbul olunması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən tezləşdirilsin.

  3. Suyun keyfiyyətinə dair Milli Standartlar qəbul olunana kimi MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələblərinə bütövlükdə ölkə ərazisində, xüsusilə də mərkəzləşdirilmiş su sistemi olmayan rayonlarda ciddi şəkildə əməl olunsun.

  4. Azərsu” ASC-nin əhali qrupuna aid istehlakçılara göstərilən xidmətlər sahəsində inhisarına son qoyulsun, bu sahədə yeni su təchizatı müəssisələri (iki-üç) yaradılsın ki, bu sahədə sağlam rəqabət olsun və bu da son nəticədə əhaliyə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir etsin.

  5. 955 nömrəli qaynar xəttdə ayrıca olaraq məmurların qanunsuz hərkətlərindən şikayət edilməsi üçün xətt ayrılsın və daxil olmuş şikayətlərin sayı, xarakteri, görülmüş tədbirlər, o cümlədən günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması, hansı inzibati tənbeh tədbirlərinə məruz qalması haqqında ictimaiyyətin məlumatlandırılması təmin edilsin.

  6. Mənzillərdə abonentdən pul alan nəzarətçilərə qarşı cinayət-hüquqi tədbirlərin görülməsi təmin edilsin.

  7. Abonent Etirazları üzrə Komissiyanın fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının, QHT nümayəndələrinin iştirakı təmin edilsin.

  8. Su təchizatı işçilərinin Etik Davranış Kodeksi, yeni vəzifə təlimatları qəbul edilsin.

  9. Sayğac quraşdırılması prosesi surətləndirilsin və 2012-ci ilin iyun ayına kimi başa çatdırılsın.

  10. Sayğac göstəricilərinin kompüter qeydiyyatına alınması prosesinin sadələşdirilsin, nəzarətçilər müvafiq ölçü cihazları ilə təchiz olunsunlar.

  1. İctimaiyyətlə əlaqələr

Mövcud vəziyyət

Analiz

“Azərsu” ASC-nin rəsmi saytı fəaliyyət göstərir. (http://azersu.az)

Yuxarıda göstərdiyimiz kimi, saytın tərtibatında çoxlu qüsurlar var. Saytın “Mətbuat” bölümü iki hissədən ibarətdir – “Press-relizlər” və “Çıxışlar”. “Press-reliz” bölümündə bir dənə də olsun press-reliz yoxdur, “Çıxışlar” bölümündə isə cəmi bir çıxış yerləşdirilib.

TÖVSIYƏLƏR



  1. Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) rəy sorğuları keçirilsin, rəy sorğusunun keçirilməsinə ekspert-mütəxəssislər, KİV, QHT və vətəndaş cəmiyyəti institutları nümayəndələri cəlb edilsinlər.

  2. Radionun FM dalğalarında kommunal xidmətləri (o cümlədən, su təchizatı) sahəsində mövcud olan vəziyyətlə əlaqədar əhali arasında ekspress rəy sorğuları keçirəcək, əhalinin üzləşdiyi kommunal problemlərdən bəhs edəcək verilişin açılması məqsədəmüvafiq hesab olunur.



Yüklə 77,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin