Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu



Yüklə 69,17 Kb.
səhifə9/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
Mövzu 12.

Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu. Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiy­yətlərə malik olan müəllim şəxsiyyətinin for­malaşması mühüm əhəmiyyətə malikdir. Həmin key­fiyyətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir. Qabaqcıl müəl­limlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlar­da yüksək şüurluluq, əxlaqi keyfiyyətlər, ümumi mədəniyyət və s. kimi keyfiyyətlər müşahidə edirik. Pedaqoji qabiliyyətlərlə birlikdə bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qazanmaq imkanı verir. Müəllimin öz fəaliyyətində müvəffə­qiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyət­ləri də mühüm yer tutur. Bu keyfiyyətlər möhkəmlənir və müəllimin şəxsiyyətinin daimi əlamətlərinə çevrilir.

Müəllimin iradi qüvvəsinin ən parlaq ifadə­lərindən biri onun məqsədyönəlişliliyi, daima böyük pedaqoji vəzi­fələri həll etməyə yönəlməsindən iba­rətdir. İradəli müəllim təkcə şagirdin qarşısına tələb qoymaqla kifa­yətlənmir, eyni zamanda həmin tə­ləbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.

Müəllim təkidli olmalıdır. Təkidlilik tək­cə müəllimin şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün zəruri deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneə­ləri aradan qaldırması, fasiləsiz olaraq öz üzərin­də işləməsi, öz ixtisasını artırması üçün də zəruridir.

Pedaqoji işin müvəffəqiyyəti üçün müəllimdə dözümlülük, hövsələnin olması da zəruridir. Əgər müəllim özünü əla ala bilmirsə, o, sinfi də ələ ala bilməyəcəkdir. Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi bacarmalıdır.

Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək lazımdır. Bunlar həqiqi müəllimə xas olan müsbət keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəf­fəqiyyət qazansa da, hələ çox iş görmək lazım gəldiyini başa düşür.

Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.Uşinski təlim və tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət verərək onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi keyfiy­yətlərə, möhkəm iradəyə və xarakterə malik olmasını tələb edirdi. O, hər şeydən əvvəl tərbiyəçinin tər­biyə etdiyi insanı hərtərəfli bilməsinin, onu dəqiq öyrənməsinin zəruriliyini, həmin biliklər olmadan tərbiyə işini düzgün təşkil etməyin mümkün olma­dığını göstərir. “Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir… o, insanı bütün yaşlarda,… bütün vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında… öyrənməlidir… yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur”.1

Müəllim şəxsiyyətinin bu kimi keyfiyyətlərə malik olması onun pedaqoji fəaliyyəti üçün zəruridir.

Müəllim şagird kollektivinə rəhbərlik edir. Onun təlim və tərbiyəsi ilə məşğul olur. Ona görə də istər-istəməz müəllimlə şagird arasında qarşı­lıqlı münasibətlər mövcud olur. Müəllim öyrədir, tərbiyə edir, şagird öyrənir, müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnir. Bu prosesdə müəllim eyni zamanda şagird şəxsiyyətinin təşəkkülü və inkişafına əsaslı təsir göstərir.

Şagird şəxsiyyətinin təşəkkülünə müəllimin öz şəx­siy­yəti də lazımi təsir göstərir.

Pedaqogika tarixinə nəzər saldıqda görkəmli pedaqoq və ictimai xadimlərin müəllim şəxsiyyətinin uşaqların təlim və tərbiyəsində, o cümlədən onlarda şəxsiyyətin təşək­külündə mühüm rol oynaması barədə fikirlərinə rast gəlirik.

A.İ.Gertsen göstərir ki, şagirdlərə təkcə müəllimin biliyi deyil, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir edir.

K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazır: “Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslan­malıdır. Çünki tərbiyənin gücü yalnız insan şəxsiyyətinin canlı mənbəyindən nəşət edir. Heç bir nizamnamə və proqram, heç bir süni yaradılmış müəssisə, nə qədər mahiranə düşünülsə də tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz”.1

Təcrübə göstərir ki, doğrudan da müəllim şəx­siyyətinin şagirdlərə tərbiyələndirici təsirini başqa heç bir şey əvəz edə bilməz. Müəllimin şəxsi nümunəsi, onun şəxsiyyəti şagird şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır.

Müəllimin şəxsiyyəti uşağın əqlinin, hiss və iradəsinin inkişafına, onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil, məktəbi qurtardıqdan sonrakı dövr­lərdə də bəzən həmin şagirdlərin şəxsiyyətinə müs­bət təsir göstərir, ona təkan verir. Belə ki, bəzən orta məktəbin sonuncu siniflərində oxuyan oğlan və qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir sahədə olduğu kimi şəxsiyyətinin keyfiyyətlərinə görə də öz müəllimlərinə oxşamağa çalı­şırlar, bütün işlə­rində, fəaliyyətlərində buna can atırlar. Sevimli müəllimlərinin şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir. Ona görə də müəllim şəxsiyyətində elə müsbət keyfiy­yətlər formalaşmalıdır ki, onlar şagird­lər üçün əsil nümunə götürüləcək obyekt olsun.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin