Mövzu: 10 ƏDƏBİ DİL, onun normalari



Yüklə 233,5 Kb.
səhifə3/17
tarix24.12.2023
ölçüsü233,5 Kb.
#192421
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu -10

Qrammatik normalar. Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Qrammatik normalara aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir. Məsələn; arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.

Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Amma bu qaydaya həmişə əməl olunmur. Məsələn, M.M.Nəvvabın pedaqoji görüşləri ilə bağlı yazılmış avtoreferatda yanaşı gələn iki səhifədəki on beş abzasın hamısı “M.M.Nəvvab” sözü ilə başlanır. Belə hal, heç şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır.


Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.


Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məsələn;





  1. Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:




  1. Bir neçə maşın torpaqları həyətə tökdülər.




    1. G.Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üstündə yaşayırlar.




  1. Hər bir ailə qurmaq istəyən gənclər uçota götürülür.




  1. İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar:




  1. Ustalar 1400 oturacaq stullar təmir etdilər.




  1. Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər.

Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.





  1. Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:




  1. Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri).




  1. Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı).

ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar:





  1. Ona müvəffəqiyyət uğuru arzu edirəm.




  1. Bu fəaliyyət XX əsrin əvvəlində daha da fəallaşdı.




  1. Kompüterdə kompüteri öyrənirəm

4. Yaşarın yazdığı yazını oxudum və s.


Orfoqrafik normalar. Orfoqrafiya yunan sözü olub orhos doğru, düzgün, qraphos yazıram deməkdir. Bu, orfoqrafiyanın lüğəvi mənasıdır. Onun bir termin kimi mənası söz və qrammatik formaların vahid və sabit yazı qaydalarının məcmusu, toplusu deməkdir: “Orfoqrafiya – yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir” (18, 226). Milli dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.


Dilimizin orfoqrafiyası cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə bağlı dəfələrlə yeniləşmiş, köhnə, dildə əsası qalmayan ünsürlər atılmış, bu yolla yazı qaydaları dürüstləşdirilmiş və təkmilləşdirilmişdir. Orfoqrafiyamızın təkmil-ləşdirilməsi istiqamətində aparılan dəyişikliklər, yeniliklər hər dəfə layihə şəklində respublikanın ali və orta məktəblərində, yazıçıların, mətbuat orqan-larının və digər əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə olunmuş, bu müzakirələrdə söylənilən faydalı, elmi təkliflər nəzərə alınaraq, orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu dəyişikliklərlə bağlı orfoqrafiya lüğətlər də hər dəfə yenidən tərtib edilərək nəşr olunmuşdur. İlk orfoqrafiya lüğəti 1929-cu ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları əsasında) nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfo-qrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq söz daxil edilmişdir. 1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 58 minə qədər sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını əks etdirə bilmək baxımından, təbii ki, köhnəlmişdir. Lüğətin tərtibindən keçən vaxt ərzində elm, texnika və mədəniyyətin inkişafı, ictimai quruluşun dəyişilməsi, sosial həyatın digər sahələrindəki tərəqqi və yeniliklərlə əlaqədar dilimizin lüğət tərkibi də xeyli zənginləşmişdir. Dildə bunun əksinə də proses baş vermişdir: bir sıra söz və terminin işlənmə tezliyi zəifləmiş, onların bir çoxu ünsiyyətdən çıxmışdır. Bütün bu hadisələr yeni tərtib olunacaq orfoqrafiya lüğətində öz əksini tapmalı idi.


Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya qaydaları bu sahədəki ehtiyacı ödəmək baxımından olduqca önəmli bir rol oynadı. Hal-hazırda yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti çapdan çıxmışdır. Lüğət öz həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir.


Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58.000 sözü əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80.000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.

Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət ərzində baş vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətində öz əksini tapmışdır. Şübhəsiz, dil daimi inkişaf edir, onda yeni sözlər yaranır və ünsiyyət prosesində istifadə olunur. Bu sözlərin də tərtib olunacaq növbəti lüğətə salınması zəruri hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, ümum-milli liderimiz H.Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 13-cü maddəsinin 2-ci bəndində yazılır: “Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsdiq edən lüğətin (orfoqrafiya lüğətini) nəşr olunmasını təmin edir”.


Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda yeni orfoqrafik qaydaların təsdiqi, ona müvafiq təkmil lüğətin, dildə hər gün yaranan və kənardan daxil olan söz və ifadələrin yazılışını göstərən yeni sorğu kitabları “Yeni sözlərin orfoqrafiya lüğəti”, “Necə yazılmalıdır?”, “Bitişik, yoxsa ayrı?”, “Biz düzmü yazırıq?”, “Orfoqrafiyamızda mübahisəli məsələlər” və s. başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı dəyişiklikləri, yenilikləri operativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımın-dan əhəmiyyətli, vacib sayılmalıdır.


Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.


Fonetik prinsip – Orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs.: qardaş, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yaşıl, altı və s. Fonetik prinsip yazıda həm asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə asandır ki, yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir, ona görə ki, bu prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, uyğunsuzluğa yol vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun, səsləndiyi kimi yaza bilmərik. Çünki bir sıra söz, yaxud şəkilçi dildə müxtəlif şəkildə tələffüz olunur. Məs.: asan, asand, hasan, hasant; ev, əv, öy; pendir, pəndir, pənir; deyil, degil, dögül, dəyil; pəncərə, pencərə; darvaza, dərvaza s. Eləcə bəzi şəkilçilər adi danışıq dilində yazıldığından fərqli şəkildə tələffüz edilir. Məs.; - lar/-lər şəkilçisi: -zar/-zər (qızzar, dənizzər); -dar/-dər (atdar, işdər); -nar/-nər (adamnar, gəlinnər) və s. Yaxud sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi qoşulduğu sözün son səsindən asılı olaraq bir neçə formada tələffüz olunur. Məs.: -qarrı (qarlı), addı (adlı), şannı (şanlı), qazzı (qazlı) və s.


Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsə-lədən danışarkən yazırdı: “Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-çox inkişaf tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər” (M.Mahmudbəyov. “İmlamız”, Bakı, 1911, səh.2). Buna yol verməmək üçün fonetik prinsipin çatışmayan cəhətini tamamlayan başqa bir prinsipə - morfoloji prinsipə əsaslanmaq zərurəti meydana çıxır.





Yüklə 233,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin