Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
  1   2   3   4   5   6   7   8   9   ...   24


 
 
 
MİR CƏLAL 
 
 
 
 
 
 
 
 
 
SEÇİLMİŞ      ƏSƏRLƏRİ 
"ŞƏRQ-QƏRB" 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2005 
 
 
 


 
MÜNDƏRİCAT 
 
Ön söz.............................................................................................................5 
 
HEKAYƏLƏR 
 
Həkim Cinayətov..........................................................................................17 
İstifadə..........................................................................................................19 
Təzə toyun nəzakət qaydaları ......................................................................28 
Bostan oğrusu...............................................................................................37 
Dostumun qonaqlığı.....................................................................................45 
Söyüd kölgəsi...............................................................................................52 
Müalicə ........................................................................................................52 
Kəmtərovlar ailəsi........................................................................................60 
Susuzluq.......................................................................................................67 
Vətən yaraları...............................................................................................72 
Leyla.............................................................................................................79 
Ər və arvad...................................................................................................87 
İki ananın bir oğlu .......................................................................................93 
Badam ağacları...........................................................................................100 
Gərək olar...................................................................................................112 
Özündən naxoş...........................................................................................119 
İclas qurusu ................................................................................................123 
Plovdan sonra.............................................................................................127 
Elçilər qayıtdı.............................................................................................138 
Nazik mətləb...............................................................................................149 
İnsanlıq fəlsəfəsi.........................................................................................157 
Xarici naxoşluq...........................................................................................166 
Ehtiram ......................................................................................................171 
Heykəl uçulanda ........................................................................................177 
Ay İsmayıl, başa sal!..................................................................................180 
Niyə ovdan ayaq çəkdim............................................................................184 
 
ROMAN 
 
Açıq kitab...................................................................................................189 
 
  
 
 


 
 Bu kitab "Mir Cəlal. Seçilmiş əsərləri. İki cilddə. I və II cildlər" (Bakı, 
Azərnəşr, 1986, 1987) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
Tərtib edəni və 
ön sözün müəllifi:  
 
Yaqub İsmayılov 
 
 
 
 
 
 
 
 
 
 
 
894.3613 - dc 21  
AZE 
Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, 384 səh. 
 
XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli 
hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, 
bir-birindən gözəl və  mənalı onlarca əsəri  ədəbiyyatımızın qızıl fonduna daxil 
olmuşdur. 
Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" 
romanı toplanmışdır.  İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və  işıqlı olan 
müəllifin bu hekayələrində  həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin 
mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir. 
Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli "Açıq 
kitab" romanında isə dövrün əsas qüsuru kimi "gəldiyevçilik"  əsl bədii-fəlsəfi 
ümumiləşmə səviyyəsində ifşa olunur. 
 
 
 
 
 
 
ISBN 9952-418-91-1 
© "ŞƏRQ-QƏRB", 2005 
  


 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti 
İLHAM ƏLİYEVİN 
"Azərbaycan dilində latın qrafikası 
ilə kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqında" 
12 yanvar 2004-cü il tarixli sərəncamı 
ilə nəşr olunur və ölkə kitabxanalarına 
hədiyyə edilir 
  


 
ÖN SÖZ 
 
Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində 
şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik ömrünün tam 
yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq 
işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çox şaxəli sahələrin hər 
üçü yanaşı inkişafda bir-birini tamamlayıb zənginləşdirmiş  və 
dolğunlaşdırmışdır. Mir Cəlalın elmi məntiqi bədii ilhamına, həyata 
sənətkar baxışına, estetik duyğu-düşüncələr sisteminə uyğun gəlirdi, bilik 
potensialı, zəka və  təfəkkür işığı  sənətini də  təbii məcraya yönəltməyə 
kömək edirdi. Alim-müəllim Mir Cəlalı düşündürən bir çox mətləblər, 
müəyyən elmi-pedaqoji fıkirlər bədii yaradıcılığında da qoyulub, əsasən 
həyati surətlər və obrazlı vasitələrlə həll olunurdu. 
O, milli şifahi  ədəbiyyatın, klassik və müasir bədii nəsrin  ən yaxşı 
ənənələri  əsasında yetişib, mahir hekayə ustası  və romançı kimi 
yüksəlmişdir. 
Müəllifin adamlarımızı mərhələ-mərhələ inkişafda əks etdirən, güldürə-
güldürə düşündürüb fəaliyyətə  çəkən onlarca hekayə  və novellası, 
ədəbiyyatımızın qızıl fonduna düşmüş bir çox romanı, ciddi monoqrafik 
tədqiqatları, dərin elmi-nəzəri mülahizələri, gərəkli dərs vəsaitləri, aktual 
problemlərə dair maraqlı  məqalə, çıxış, oçerk və publisist yazıları geniş 
istifadə olunan faydalı və etibarlı mənbələrdir. 
Mir Cəlal (Cəlal  Əli oğlu Paşayev) 1908-ci il aprelin 26-da Cənubi 
Azərbaycanın  Əndəbil kəndində anadan olmuşdur. Lakin sonralar Gəncə 
şəhərinə gəlmiş, ibtidai təhsilini burada almış, uşaqlıq və ilk gənclik illərini 
burada keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, 
qurtaranda Gədəbəy yeddiillik məktəbinə müəllim göndərilmişdir. 1929-
1930-cu illərdə l saylı  Gəncə  şəhər məktəbində direktor vəzifəsində 
çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat 
fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət 
Elmi Tədqiqat  İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 
"Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA 
Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi 
götürülmüş, 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət 
Universitetində müəllimlik etmişdir. 1940-cı ildə "Füzulinin poetik 
xüsusiyyətləri" tədqiqatına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə 
"Azərbaycanda  ədəbi məktəblər (1905-1917)" əsərinə görə  fİlologiya 
elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq,  


 
alimlik, müəllimlik sənətini yanaşı - əlaqəli davam etdirərək uzun müddət 
respublika Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 
şöbə müdiri, 1961-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət 
Universitetində kafedra müdiri və müəllim işləmişdir. O, Füzuli irsinin 
sovet dövründə ilk gözəl tədqiqatçılarından biri, XX əsr Azərbaycan 
ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan 
nüfuzlu alim, respublikanın  əməkdar elm xadimi, milli kadrların 
hazırlanması, gənc nəslin yetişməsi və  təlim-tərbiyəsi sahəsində böyük 
əməyi olan istedadlı pedaqoq idi. Xalqına qeyrət və vicdanla xidmətlər 
göstərmiş Mir Cəlal 1978-ci il sentyabrın 28-də vəfat etmişdir. 
Ədəbiyyata 20-ci illərin axırlarında  şeirlə  gələn Mir Cəlalın bədii 
istedadı nəsr növündə parlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap 
olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" (1932) 
adlandırdığı ilk oçerklər kitabında o, müasir həyat və insanlarla bağlı 
müşahidələrini canlı dillə qələmə alırdı. Lakin Mir Cəlalın ədəbi fəaliyyəti 
üçün hekayə və roman janrları əsas olmuşdur. O, hər şeydən əvvəl, mahir 
hekayə ustasıdır. Sovet dövrü Azərbaycan  ədəbiyyatında hekayə janrının 
inkişafında böyük xidmətlər göstərmişdir.  İnsanda sağlam duyğular, xoş 
arzu-ümidlər oyadan, gerçəkliyə baxışa həqiqət işığı, tənqidi ruh və ayıqlıq 
hissi gətirən, haqsızlığa, nöqsan, eybəcərlik və  mənfiliyə qarşı mübarizə 
keyfiyyəti aşılayan bədii gülüş  ədibin yaradıcılığında mühüm tərkib hissə, 
əsas estetik əlamət və məziyyətlərdəndir. 30-cu illərdə ədəbiyyata "Mirzə", 
"Həkim Cinayətov", "Mərkəz adamı", "Kağızlar aləmi", "Təzə toyun 
nəzakət qaydaları", "Bostan oğrusu", "Kələntərovlar ailəsi", "Anket 
Anketov" tipli dəyərli hekayələr gətirmiş Mir Cəlal tənqid oxunu hədəfə 
qarşı  cəsarətlə yönəldə bilirdi. Özünəməxsus realist qələmlə savadsız 
mirzələri, başgirləyən müəllimləri, cinayətkar həkimləri, "mərkəz adamı" 
Əntərzadələri, arvad alıb boşamaqla varlanan Balaxanları, mənəviyyatca 
pozulub "murdar cənazə"yə çevrilən Səadət xanımları, "nəzakət" pərdəsi 
altında çirkin simalarını gizlədənləri, bürokrat Anket Anketovları  vəziyyət 
və şərait konkretliyində rüsvay edib, oxucuya tanıdırdı. 
Mənfı ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan 
qardaşlar da, "dəm-dəsgah hərisi" və  əsiri  ər-arvadlar da müəllifin 
diqqətindən yayınmırdı. Onun gülüşə böyük əhəmiyyət verdiyi, komik 
duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ("Müəllim", "Qızıl 
Gəncə", 1930, N°3) başlayaraq getdikcə güclənmişdir. "Kağızlar aləmi" və 
"Anket Anketov"da bürokratik iş üsulu və düşüncə tərzi tənqid-ifşa obyekti 
seçilmişdi. 
 Rəisi olduğu trestdə adamları  şəxsi ləyaqətinə, bacarığına, xarakterinə


 
görə yox, "liçni delo"suna görə növlərə ayıran, canlı insanlara "iş 
qovluqlarının səyyar kölgələri" kimi baxan, hər kəsin tərcümeyi-halında 
"əmma" tapıb onu özündən asılı etmək istəyən Anket Anketov bürokrat tipi 
kimi ümumiləşdirilmişdir. 
Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə yönəltmək, 
obrazı konkret əməlləri, duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə 
canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir. 
Müəllifın əlvan mövzulu hekayələrində həyat bir rəngli deyil, müxtəlif 
sahələri,  əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatları, 
dərin mətləbləri, aktual və gərəkli hadisələri ilə tədqiq olunurdu. 
Yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də 
çox vaxt mənalı gülüş, tənqidi ruh vardı. "Qonaqpərəst", "Dost görüşü", 
"Vicdan  əzabı" və "Müalicə"dən ibarət "Həkim hekayələri" (1938-1939) 
silsiləsində yazıçı yalnız mənəviyyatca yox, fıziki cəhətdən də sağlam 
adamlar yetişdirməyi vacib sayır, bədii  əyaniliklə  zərərli vərdiş, yanlış 
etiqad və əxlaqi naqislik hallarına qarşı çıxırdı. O, bəzən sərt, kəskin, bəzən 
mülayim-yumşaq, ayıldıcı-saflaşdırıcı gülüşə arxalanırdısa, bəzən də lirik-
psixoloji motiv və məqamlara üstünlük  verirdi. 
Mir Cəlal  ədəbiyyata "yenişələn insan" surətləri də  gətirdi.  Əməkçi 
insanın, xüsusən Azərbaycan qadınının taleyi, fıkri-mənəvi təkamülü ədibi 
ciddi düşündürən problem idi. Bu baxımdan "Dəzgah qızı", "Gözün aydın", 
"Badamın ləzzəti", "Nanənin hünəri" forma və  məzmun xüsusiyyətləri, 
bədii detalları, müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi. Amma onlar 
əsasən sovet ideologiyası, sosialist varlığının tələb və  vəzifələri 
mövqeyinden qələmə alınmışdı. Qadının yenilik axtarışları, hüququ uğrunda 
mübarizə  cəhdləri,  şəxsi-ictimai təşəbbüskarlığı sosial mühit və amillərin 
təsiri, yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi. 
1941-1945-ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı, 
"Yollar", "Anaların üsyanı", "Vətən yaraları", "Şərbət", "Mərcan nənə", 
"Havalı adam", "Silah qardaşları" kimi çoxlu hekayələr yazdı. Bunların 
bəzisində  səfərbərlik ruhu və  cəbhəyə yollanmaq əzmi  əks etdirilirdisə, 
digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmaq 
niyyəti əsasdı. Söz yox ki, Mir Cəlal da bütün ölkəni Vətən kimi qəbul edir, 
onun müxtəlif milli tərkibli ordusuna ümidlər bəsləyirdi. Ona görə əsgərin 
həm fıziki, həm də  mənəvi qüdrəti, onu mübarizəyə  çəkən amillər 
araşdırılırdı. "Vətən yaraları" o zaman böyük rəğbətlə qarşılandı, 
döyüşçülərin, "oxucuların əlindən düşməyən bir əsər" oldu. 


 
 Mir  Cəlal hərbi-vətənpərvərlik mövzusunda yazdığı kimi, arxa cəbhə 
adamlarından, onların iş, arzu və qayğılarından, sevinc və  kədərindən də 
həssaslıqla danışırdı. Ədəbi-estetik qayəsinə uyğun olaraq o, hekayələrində 
konkret lövhə  də  çəkir, ümumi təsvirə  də keçir, odlu publisistikaya, həzin 
lirikaya, bədii gülüşə də müraciət edirdi. Həyatla ölümün təzadından təsirli 
səhnələr də yaradırdı. "Anaların üsyanı'nda coşqun publisistika ilə  təsirli 
lirika uyuşub birləşirsə, "Xəbər-ətərsiz"də  həm konkret hissi, həm də 
ümumi publisist təqdim  əsasdırsa, "Odlu mahnılar" lirik-romantik süjeti, 
həzin ahəngi, incə ruhu ilə səciyyəvidirsə, "Çəkmə", "Ər və arvad" mənalı 
yumor və satira xüsusiyyətləri ilə seçilirdi... 
Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə 
müraciət edir, seçdiyi mövzu-mətləbi aydın estetik baxışla işləyib bədii 
şəklə salmağa can atırdı. "Od içindən çıxanlar" (1945) silsilə hekayələrində 
gözləri ilə  dəhşətlər görmüş insanlar haqqında söhbət açır, onların 
fədakarlığını, arzu və  məqsədlərini işıqlandırırdı. Digər bir sıra 
hekayələrində isə müharibə siyasətini pisləmək, xalqları zülmə,  əsarətə, 
haqsızlığa qarşı, sülh və azadlıq uğrunda mübarizəyə çağırış ideyası əsasdır. 
Bu əsərlər içərisində "Badam ağacları" xüsusi seçilir və nəsrimizin qiymətli 
nümunəsi kimi diqqəti cəlb edir. Real fakt, mənalı  təfərrüat və canlı 
xarakter vasitəsilə, möhkəm süjetdə  təbii  əks olunmuş hadisə  və  vəziyyət 
əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı. Ədibin realist üslubunu
təsvir-təcəssüm üsulunu əlvanlaşdıran bir keyfiyyət burada da gözlənilirdi. 
Həyat faktının, ictimai hadisənin, mənəvi-psixoloji ovqatın inikası, ideya-
bədii məzmunun tələbi ilə əlaqədar hekayədə incə lirika da, kəskin satira da 
var; bəzən ayrılıqda, bəzən də qovuşuq halında. 
Tərbiyə problemi, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlalın 
yaradıcılığında xüsusi yer tutur. Ağıllı, namuslu, mərd övlad, həqiqi 
vətəndaş böyütmək haqqında düşünən, zəhmət çəkən, yollar axtaran ata-
anaları, baba-nənələri, müəllim-tərbiyəçiləri sənətkar məharətlə təsvir edir, 
çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı. Tərbiyə 
məsələlərində çalışırdı ki, quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə, 
həssas müəllim-yazıçı duyğu və düşüncələrinə  əsaslansın. Diqqətə layiq 
uğuru da o zaman qazanırdı ki, qabaqcıl mövqedən qələmə aldığı əsərində 
fıkirlə hissin, əqllə emosiyanın, bədii təfəkkürlə elmi mülahizənin, 
yazıçılıqla müəllimlik məharətinin vəhdətinə nail olurdu. Ümumiyyətlə, 
tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə  və surətlər 
qələmə alırdı ki, onlar oxucunu düşündürüb, mənəviyyatca saflaşdırır, 
düzgün istiqamətləndirir, məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi. 
"Əsgər oğlu", 
  


 
"Ulduz", "Plovdan sonra", "Elçilər qayıtdı", "Nazik mətləb", "Naxış",     
"Vicdan mühakiməsi", "Müdafiə vəkili" və s. belə hekayələr idi. 
İnsan həyatı  və  təbiətini gözəl görmək Mir Cəlalın ictimai-estetik 
ideallarının özəyini təşkil edir, mənfıliyə qarşı mübarizə  zərurətini də 
şərtləndirirdi. "Səyyah xanım", "Xarici naxoşluq", "Dil və  əməl", "Heykəl 
uçulanda", "Rola girib", "O yana baxan", "Məhəbbət, yaxud qəlp pul", 
"Hesab dostları", "Neçə cür salam var", "Möhür və  məhəbbət" 
hekayələrində, adlarından da göründüyü kimi, müəllifı daha çox həyatın 
neqativ halları, mənfılik və eybəcərliyin müxtəlif təzahürləri narahat edir. 
Müsbət ideal belə məqamlarda əsasən tənqidi münasibət vasitəsilə verilirdi. 
Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin 
dərki, məzmun və mahiyyəti ilə üzvi şəkildə bağlanırdı. Bir çox hallarda 
qarşılaşdırma üsulundan, bədii təzad və ziddiyyətlərdən məharətlə istifadə 
edilirdi. 
Mir Cəlalın müxtəlif səciyyəli çoxlu hekayələri içərisində realizmi səthi 
olanları da var. Amma ədib çox zaman çalışırdı ki, dərinə nüfuz etsin, 
ziddiyyətləri araşdıranda dolaşıq və dumanlı təsvirlərə uymasın, təmiz, sadə 
və aydın dildə yazsın. Sənətin, yeri gələndə işarə və simvollarla danışmaq 
səlahiyyətini də unutmurdu. 
Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və  təbii 
yazırdı. Bu, onun üslub xüsusiyyəti idi. Bütün bunları başqalarına da 
tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə  və redaktə zamanı 
köməyini  əsirgəmirdi. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir 
Cəlalın  əsərlərindən aldığı xoş, güclü, unudulmaz təəssüratın başlıca 
səbəbini, hər  şeydən  əvvəl, onun üslubundakı  səmimiyyət, sadəlik və 
təbiiliklə bağlayır, bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək 
qiymətləndirirdi. 
Bu da təsadüfi deyil ki, Mir Cəlal hekayələrindən birində kiçik məclis 
üzvləri arasında mühüm həyat probleminə dair başlanmış mübahisə  və 
müzakirələri qocaman müəllimin dili ilə yekunlaşdırır, ürəkdə olanları 
cəsarətlə, açıq-aydın deyə bilməyi dünyada ən böyük xoşbəxtlik sayır, son 
dərəcə aktual səslənən düşündürücü, geniş mənalı nəticəyə gəlirdi: "Məncə 
bütün ölkələr, xalqlar, dövlətlər, başçılar öz vətəndaşlarına bu böyük və çox 
nadir neməti bəxş etsələr, dünyada zülm, kədər yox olar, ədalət bərpa olar, 
yer üzü işıqlanar, cənnətə dönər, insanlar "yüngülləşər", gözəlləşər, mələyə 
dönər! 
Yoxsa bu olmayınca əsl tərəqqi, kamil mədəniyyət, həqiqi sərbəstlik boş 
söhbətdir. Bu olmayınca beyinlərdən  şiş, ürəklərdən yara, ciyərlərdən 
vərəm, zehinlərdən tüstü-duman, qəlblərdən kin-küdurət tamam 
kəsilməyəcək!" ("Xoşbəxtlik barəsində", 1964). 

10 
 
Qocaman müəllim əslində Mir Cəlalın özü idi. O, həmişə xalqını azad, 
xoşbəxt, mədəni, savadlı, intellektual səviyyəli və xoş güzəranlı görmək 
istəmiş, bu nəcib, ali arzu-ümidlə  də  fəaliyyət göstərmiş, yazıb yaratmış, 
əlindən gələni əsirgəməmişdir. Təbii ki, ömrünün axırınadək ardıcıl məşğul 
olub, bir sıra klassik nümunələrini yaratdığı hekayələri zəngin irsində 
mühüm yer tutur, dəyərini, aktuallığını və müasirliyini qoruyub saxlayır. 
Mir Cəlal həm də istedadlı romançı idi; qələmindən "Dirilən adam" 
(1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), 
"Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" 
(1952-1957) kimi romanlar çıxmışdır. 
Azərbaycan romanının inkişafında, məzmun və formaca 
zənginləşməsində onun da xidmətləri az olmamışdır. Romanlarından 
üçünün mövzusu keçmiş, üçününkü isə müasir həyatdan alınmışdır. Maraqlı 
süjet qurmaq, hadisələri və obrazları  təbii məcrada qələmə almaq, mətləbi 
yığcam, konkret və lakonik formada ifadə etmək bacarığı bu əsərlərin hər 
birində özünü göstərir. Müşahidə  dəqiqliyi və  dərinliyi, həyat hadisələrinə 
yaxından bələdliyi, insan psixologiyasını yaxşı duyması  və bilməsi  ədibin 
sənətini səciyyələndirən xüsusiyyətlərdəndi. 
1941-ci ildə tamamlanan, lakin müharibə başlandığı üçün 1944-cü ildə 
("Vətən uğrunda", №2, 3, 4-5) çap olunan "Açıq kitab" müəllifin nisbətən 
az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Əsərin süjeti bilavasitə ziyalı 
mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30-cu illərin 
mürəkkəb hadisələrindən də  bəhs olunur. Dövrün bir sıra nöqsan və 
mənfilikləri cəsarətlə açıqlanır, "gəldiyevçiliyin" ictimai xarakteri dürüst 
müəyyənləşdirilirdi. 
O zaman haqqında müxtəlif mülahizələr söylənən roman həm yüksək 
qiymətləndirildi, həm də  kəskin tənqid olundu. Bəziləri onu "həqiqətin 
üzünə dik baxan əsər", Mir Cəlalı  "ədəbiyyata həyat gətirən yazıçı" 
adlandırır, bəziləri də "Açıq kitab"a başqa cür yanaşır, müəllifi həyat 
həqiqətini təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi 
realist  ənənələrdən uzaqlaşmaqda, zəif və sönük əsər yazmaqda 
günahlandırırdı. 
İllər keçdi. "Açıq kitab" həqiqəti  əsasən inandırıcı  və düzgün 
canlandırdığı üçün yaşadı,  ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər 
kimi daxil oldu. Çünki doğrudan da "Mir Cəlal həmin  əsərində  həyata və 
həqiqətə sadiq yazıçı, insan psixologiyasını  dərindən bilən, onu təsvir və 
təmkinlə  əks etdirən, müasir varlığı  dərin məhəbbətlə sevən sənətkar kimi 
çıxış etmişdi" (Qulu Xəlilov). Burada həyat həqiqəti məharətlə  qələmə 
alınmış, varlıq tam halında konkret yaradıcılıq məqsədi baxımından 
işıqlandırılmışdı. 

11 
 
"Açıq kitab" satirik roman olsa da, lirik və dramatik məqamları da az 
deyil. Mir Cəlal həyatı  əks etdirdiyi, həyatın təzadlarını açdığı, insan 
münasibətlərinin konkret vəziyyət və şərait daxilindəki xarakterini, gözəllik 
və çirkinliyin mahiyyətini göstərdiyi üçün həmin cəhətlər çox vaxt əlaqəli 
şəkildə real təzahürünü və bədii təcəssümünü tapmışdır. 
Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının 
bədbəxtliyi üzərində qurmaq ehtirası  Kərim Gəldiyevin simasında 
məharətlə  tənqid və nifrət hədəfinə çevrilmişdir. Obrazın... “əzməsən 
əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin 
təkində də olsa enməyi bacar!" kimi "həyat fəlsəfəsi" var ki, onun hər şeyə - 
varlığa, ailəyə, qadına, dosta, yoldaşa, işə münasibəti də ordan qidalanır. 
Özünə rahat güzəran yaratmaq üçün heç nədən çəkinməyən tipin 
fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq, 
hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və  xəyanət etmək kimi 
xüsusiyyətlər təşkil edir. Romanda Geldiyevin düşdüyü mühit də, ona 
havadar çıxanlar da real boyalarla verilir. Əvvəllər törətdiyi cinayətlərin 
üstü açılacağını görüb, "oxumaq" niyyəti ilə o, rayondan şəhərə qaçmış, 
instituta girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə "dostlar" və tanışlar 
əhatəsində davam və inkişaf etdirir. Gəldiyev "müasir" bürüncəkli rəzil, 
təhlükəli və zərərli varlıqdır. Şəhərdə də qala bilməyib yenidən "əkilməyə" 
çalışan, meşədə quru qarağac kötüyü üstündə əyləşib xəyala dalan Gəldiyev 
daxilində bir səs eşidir: "Bir də göyərsəydim". Bu, mənalı  işarə  və ciddi 
xəbərdarlıqdı. Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, "münbit" 
zəminə düşən kimi imkan tapıb təzədən "cücərə" bilərlər. Belələrinə qarşı 
ayıq-sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim edilmiş mülahizə 
deyil, hadisə  və  vəziyyətlərin inkişaf məntiqindən təbii yolla çıxarılan, 
sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir. 
Mir Cəlalın yaradıcılığında başlıca tədqiq və inikas obyekti, hər şeydən 
əvvəl, insandır, onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə  və 
fəaliyyətidir.  İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi sənətkar Mir 
Cəlalı da daim ciddi düşündürmüş  və  əksər hallarda o, məqsədinə nail 
olmuşdur. Müəllifın realist qələmlə canlandırdığı surətlər bir-birinə 
oxşamır, hərəsinin öz daxili aləmi həyata öz baxışı, öz təfəkkür tərzi, 
orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və, ümumiləşdirən keyfiyyətləri 
var. 
İstər müsbətin təsdiqində, ona yol açılmasında, istərsə  də  mənfınin 
inkarında, onun aradan qaldırılmasında müəllif qabaqcıl mövqedən çıxış 
etməyə, düzgün prinsiplərə arxalanmağa çalışımışdır. 
Mir Cəlal  əsərlərində süjet inkişafını  ləngidən təfərrüatlardan qaçmağa 
cəhd edir, hadisə  və  mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri 

12 
 
bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də yumoristik tərzdə oxucuya 
çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti, 
şəxsi-ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın; 
onlar münasib bədii cizgi və vasitələrlə səciyyələnsin. Ədibin əlvan, zəngin 
sənət qalereyasında yaddaqalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru 
("Dirilən adam"), Mərdan, Bahar, Sona, Hacı  İbrahim Xəlil ("Bir gəncin 
manifesti"), Vahid, Sadıq kişi, Kərim Gəldiyev, Rübabə ("Açıq kitab"), 
Kərimzadə, Səlim, Nəriman ("Yaşıdlarım"), Yunis ("Təzə  şəhər"), Sabir, 
Əntiqə, Bəndalı ("Yolumuz hayanadır") və başqaları  həmin yolla 
yaradılmışdır. 
Mir Cəlalın  əsas hekayə  və romanları  həyati problemlər qaldıran, 
mənəvi-əxlaqi və ictimai-sosial məsələlər əks etdirən oxunaqlı, məzmunlu, 
tərbiyəvi  əsərlərdir. Xalqımızın inkişaf yolunun və mübarizə tarixinin bir 
çox mənalı və ibrətli səhnələri burada öz əksini tapmışdır. 
Şifahi xalq ədəbiyyatı  və klassik bədii irsin bir çox qabaqcıl, realist 
ənənələrinin Mir Cəlal yaradıcılığında yeni məzmun və formada yaşaması, 
inkişaf etməsi təsadüfi deyil. Çünki Mir Cəlal irsdən faydalanarkən 
məsələyə heç vaxt formal yanaşmamış, zahiri təsirə qapılmamış, həqiqi 
sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi hərəkət etmişdir. Orijinallıq 
küll halında özünü həmin əsərlərin ideya-bədii keyfiyyətlərində, hadisələrə 
sağlam müəllif baxışında, obyektiv qiymət və təsvirlərdə göstərmişdir. 
Xalq yaradıcılığı ilə canlı  və  qırılmaz  əlaqə  ədəbi  əsərin yaşamaq 
hüququnu təmin edən mühüm şərtlərdəndir. Ona ğörə də hər bir dövrün söz 
ustaları  məqsədlərinə müvafiq tərzdə, müxtəlif ölçü-şəkildə  həmin zəngin 
xəzinədən istifadə edib gözəl  əsərlər yaratmağa çalışmışlar. Folklordan 
istifadənin vasitə və yolları isə müxtəlifdir. Yazıçı folklordan mövzu, süjet, 
motiv də götürə bilər, əsərində məsəl, atalar sözü, bayatı və sair nümunələr 
də işlədə bilər. Lakin bu nümunələrin işlədilməsi hələ öz-özlüyündə hünər 
sayılmamalıdır. Söz sənət və sənətkar haqqında getdiyi üçün məsələ şifahi 
ədəbiyyatdan alınmış nümunələrin sayında, müxtəlifliyində, bolluğunda 
deyil, onlardan harada, necə, nə  məqsədlə istifadə etməkdə, hadisənin 
mahiyyətini açmaq üçün onları tutarlı bədii vasitəyə çevirməkdə, mətləbin 
üzərinə işıq salıb ümumiləşdirici nəticə çıxarmaq və yekun vurmaqda onlara 
əsaslanmağı bacarmaqdadır.  Əlaqə-faydalanma özünü yalnız ayrı-ayrı 
folklor "ünsürləri"nin, nümunələrinin, vasitələrinin işlədilməsində, onlardan 
bəzən olduğu kimi, bəzən də  dəyişdirilmiş  şəkildə istifadə edilməsində 
deyil, sözün geniş  mənasında, yaradıcılığın ümumi ruh və mahiyyətində 
göstərməlidir. Əsas məsələ şifahi xalq 
  

13 
 
ədəbiyyatının, eləcə  də klassik ədəbiyyatın incəliklərinə, zənginliklərinə, 
məna gözəlliklərinə, dərindən bələd olub, onu bədii yaradıcılığın inkişaf, 
öyrənmə  və faydalanma mənbələrindən birinə çevirə bilməkdir. Həmin 
qaynaqlardan qidalanıb milli zəmin üzərində "bərəkətli"  ədəbi məhsul 
yetirməkdir.  Ədəbi mirasa yaxşı  bələd olmaq və ondan yaradıcı 
bəhrələnmək sənətkarın mənəvi dünyasını, bədii təxəyyül və fərdi üslubunu 
zənginləşdirir,  əsərinə milli-ictimai keyfiyyətlər gətirir, canlılıq, kolorit və 
xəlqilik ruhu aşılayır. 
Mir Cəlal da ədəbi mirasdan həmin sağlam və düzgün yaradıcılıq 
prinsipi,  ədəbi-estetik meyar əsasında istifadə etməyə, zəngin xəzinə ilə 
əlaqəsini qüvvətləndirməyə çalışımışdır. Məna zənginliyi, fikir dolğunluğu 
və ifadə gözəlliyi ilə seçilən atalar sözü və məsəllər yazıçıya həm də sözə 
qənaət etməyi, aydın, yığcam, səlis və obrazlı yazmağı öyrədir. 
Ümumiyyətlə, folklordan, xüsusən, onun bu "aforistik təfəkkür" növündən 
Mir Cəlal da çox şey öyrənib faydalanmışdır. Bir çox atalar sözü və 
məsəllər ədibin bəzi əsərlərinin bir növ ideya özəyini təşkil edir. Məsələn, 
"Oğul" hekayəsində "Kölgədə bitən ağacın kölgəsi olmaz" kəlamı epiqraf 
kimi götürülüb, hər kəsin öz zəhməti, qabiliyyəti sayəsində ucalması, 
hörmət və şöhrət qazanması, xalq və cəmiyyət üçün faydalı olması fikri əks 
etdirilir. "Yalan ayaq tutar, yeriməz" aforizmi "Yalan yeriməz" hekayəsinin 
meydana gəlməsinə  səbəb olmuşdur. "İbrətli sözlər" silsiləsindən "Pul 
tapmışdım" hekayəsinin əsasında "Haram pul ev dağıdar", "Xatalı adam"da 
isə "Çağırılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə" hikməti dayanır
 
və s.
 
Qeyd edək ki, sənətkarın folklordan faydalanma imkanları, vasitə  və 
üsulları geniş, müxtəlif olduğundan bu, xüsusi tədqiqata möhtac bir 
məsələdir. 
Yaradıcılığının digər aparıcı qolunu elmi və tənqidi fəaliyyəti təşkil edir. 
O, bu sahədə  də heç kəsə  bənzəməyən üslubu ilə seçilmiş, özünəlayiq 
önəmli yer və mövqe tutmuşdur. Klassik irsin, xüsusən Füzuli sənəti və 
sənətkarlığının araşdırılması, habelə XX əsr Azərbaycan  ədəbiyyatı  və 
ədəbi məktəblərinin öyrənilməsi  ədibi xüsusi maraqlandırırdı. "Füzulinin 
poetik xüsusiyyətləri" (1940) yığcam  əsəri ilə o, böyük şairin sənətkarlıq 
hünərini təhlil etmək, dil-üslub vasitələrini aydınlaşdırmaq vəzifəsini 
qarşısına qoydu, Azərbaycan filologiyasında yüksək qiymətləndirilmiş "ilk 
mühüm addım" atdı. "Füzuli sənətkarlığı" (1958) kitabı isə alimin iyirmi 
illik tədqiqatının yekunu, gərgin əməyinin və səmərəli axtarışlarının nəticəsi 
idi. 

14 
 
Söz yox ki, alim zəngin  ədəbiyyatımızın müxtəlif dövrləri, mühüm 
hadisələri, maraqlı simaları haqqında az yazmamışdır. Amma o, daha çox 
XX  əsr Azərbaycan  ədəbiyyatının görkəmli mütəxəssisi sayılırdı. Çünki 
həmin dövrün ədəbi-mədəni həyatını bütövlükdə  tənqid etmək,  ədəbi-
ictimai prosesin vacib məsələlərini, ayrı-ayrı yazıçıların yaradıcılıq 
xüsusiyyətlərini araşdırıb öyrənmək sahəsində çox səmərəli işləmişdir. 
Onun bu baxımdan səciyyəvi və  əhəmiyyətli olan "Azərbaycanda  ədəbi 
məktəblər"i yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində  də az rol 
oynamamışdır. 
Mir Cəlal eyni zamanda müasir ədəbi-nəzəri, elmi-tənqidi fıkrimizin 
inkişafına ürəkdən can yandıran güclü qələm və ağıllı təfəkkür sahibi idi. O, 
Azərbaycan ədəbiyyatının 70-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm 
və  xəlqilik axtarışlarına,  ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və 
imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri 
aparırdı. 
Zəngin  ədəbi-mədəni irsinin bir hissəsi - 1939-1970-ci illərə aid bəzi 
məqalələri "Klassiklər və müasirlər" (1973) kitabında toplanmışdır. Kitab 
müəllifin axtarış  həvəsi, elmi təfəkkürü, tədqiq-təhlil qabiliyyəti haqqında 
aydın və canlı təsəvvür oyadır. 
Mir Cəlal S.Vurğun, M.S.Ordubadi, Mirzə  Cəlil,  Ə.Haqverdiyev, 
S.Rüstəm,  Ə.Məmmədxanlı,  Ə.Cəmil,  İ.Əfəndiyev və başqaları haqqında 
yazdığı  məqalələrdə yeni söz demiş, sənətkarlıq sirləri kəşf etmiş, dəyərli 
mülahizələr söyləmişdir. 
F.M.Dostoyevskinin məşhur bir kəlamı var: "Biz hamımız Qoqolun 
"Şinel'indən çıxmışıq". Mir Cəlal da müasir nasirlərimizi nəzərdə tutaraq, 
"Biz hamımız Mirzə  Cəlilin "Poçt qutusu"ndan çıxmışıq" deyirdi. Bu, bir 
aforizm kimi səslənir və ədib onu tez-tez təkrar etməyi xoşlayırdı. O, Mirzə 
Cəlili özünə ustad sayır, yaradıcılığını hamıdan yaxşı duyur, sevir, tədqiq 
edir və yüksək qiymətləndirirdi. 
Həqiqət naminə onu da qeyd edək ki, bir çox yazıçılarımız Mir Cəlalın 
sərrast qələmi, xeyirxah və obyektiv təhlili nəticəsində daha da 
populyarlaşmış, hətta bəzi başabəla tənqidçilərdən müdafiə oluna bilmişlər. 
Onun bəzən kiçik bir replikası, tutarlı bir müqayisəsi, obrazlı bir cümləsi 
tədqiq obyektinin mühüm bir cəhətini, yaradıcılıq xüsusiyyətini dürüst 
müəyyənləşdirməyə kömək edirdi: Filan yazıçı həyatdan, filan isə kitabdan 
gəlmişdir; Əhməd Cəmil az yazır, fəqət saz yazır; Ə.Məmmədxanlı özünün 
məharətli qələmi ilə  bəzən az ağlabatan vaqiələrə belə oxucunu inandıra 
bilir və s. və i.a. 
  

15 
 
Mir Cəlalın mühüm bir xidməti də  ədəbiyyat tarixi və  dərsliklərinin 
yaradılması ilə bağlıdır. O, "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (2-
ci cild), "Azərbaycan ədəbiyyatı tarixi"nin (2-ci cild), "XX əsr Azərbaycan 
ədəbiyyatı" və  "Ədəbiyyatşünaslığın  əsasları" kitablarının  əsas 
müəlliflərindən, yaradıcı  və  təşkilatçılarından biridir. Rus ədəbiyyatının 
böyük simaları haqqında da alimin dəyərli fikirləri vardır. 
Təvazökarlığı gözləməyən, elmi etikadan kənara çıxaraq lovğalanan 
tələbələrə Mir Cəlal ibrətli və faydalı tövsiyələr də edirdi: - Bəzi cavanlar 
bir əsər yazmağa, bir tədqiqat aparmağa başlayan kimi sinəsini irəli vərərək 
deyir: - Bu elm sahəsi məndən başlanır, onun ilk təməlini mən qoyuram. 
Bu, çox pis xasiyyətdir. Qardaş, birdəfəlik bilin ki, heç nə sizdən, nə  də 
məndən başlanır. Ədəbiyyatşünaslığın hansı sahəsini götürsəniz, görərsiniz 
ki, bizdən əvvəl yaşamış kişilər hər şeyi demişlər, tədqiq etmişlər, bizimki 
olsa-olsa ümmana bir damla əlavədir. Məsələn, elə Aristoteli xatırlayın. 
Ədəbiyyat nəzəriyyəsi sahəsində onun dediklərinə bir neçə  əsrlər  ərzində 
bəşəriyyət çoxmu əlavə etmişdir? Əlbəttə, yox! 
Mir Cəlal zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, nümunə 
götürməli, davam və inkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda 
dərin realizm gücünə malik sosial kəsərli bədii nümunələr, klassik və 
müasir mənəvi sərvətlərə,  ədəbiyyat tarixi və  nəzəriyyəsinə dair maraqlı 
tədqiqlər, məqalələr, fıkirlər mövcuddur. Bütün bunlar təsdiq edir ki, Mir 
Cəlal zəngin miraslı yaradıcı  şəxsiyyət kimi milli ədəbiyyatmız, elm və 
mədəniyyətimiz tarixində yaşamağa layiqdir. O, ad və  şöhrət ardınca 
qaçmadı. Xalqına xidmət idealına arxalanaraq təbiətinə uyğun sadəlik və 
təmkinlə işlədi, yazıb yaratdı və xatirələrdə əbədiləşdi. 
Yaqub İsmayılov 

16 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
HEKAYƏLƏR

17 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin