Ii fəSİl bəDİİ NƏSRİNİn uğurlari



Yüklə 399 Kb.
səhifə1/4
tarix03.02.2017
ölçüsü399 Kb.
#7503
  1   2   3   4
II FƏSİL
BƏDİİ NƏSRİNİN UĞURLARI
1. ilk addımlar. HEKAYƏLƏRDƏ EPİK VƏ LİRİK SƏHNƏLƏR.

İlyas Əfəndiyevin ədəbiyyata gəldiyi 30-cu illərin axır­ları Azərbaycan nəsrinin mövzu və bədii sənətkarlıq cəhətdən sür‘ətlə inkişaf etdiyi bir dövr idi. İnqilabi hadisələrin təsviri, yeni kəndin dirçəlişi, qadın azadlığı, ailə-məişət problemləri və s. mövzular bu illərdə yaranan nəsr əsərlərinin əsas mövzusunu təşkil edirdi. 30-cu illərdə Əbülhəsən, M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev, S.Rəh­man, Mir Cəlal, Ə.Məmmədxanlı və b. ədiblərin bu mövzularda qələmə aldıqları hekayə, povest və romanları Azərbaycan ədəbiyyatının ciddi uğurları hesab olunurdu.

Azərbaycan hekayəsi daha sür‘ətlə inkişaf edirdi. Özü­nün forma və məzmun rəngarəngliyi ilə nəzəri cəlb edən bu janrda, real həyat lövhələrini, cəmiyyətdəki yenilikləri, insan psixologiyasındakı dəyişilikləri təsvir edən hekayələrlə bərabər, satirik, yumoristik, romantik və lirik əsərlərin bir sıra gözəl nümunələri də meydana gəlirdi.

Bu illərdə, bir tərəfdən, təzəcə yazıb yaratmağa başlayan yeni nəslin nümayəndələri, digər tərəfdən, hələ inqilabdan əvvəl nəsrimizi inkişaf etdirmiş C.Məm­məd­qu­lu­zadə, Ə.B.Haqverdiyev, S.S.Axundov, A.Şaiq kimi sənətkarlar ədəbiyyatımızı zənginləşdirirdilər.

Azərbaycan şifahi xalq ədəbiyyatından, klassik və müasir yazıçıların yaradıcılığından bəhrələnərək hekayələr yazmağa başlayan İ.Əfəndiyev də tezliklə ədəbiyyatın ümumi axarına qoşulur və çox keçmir ki, onun fəal xadimlərindən birinə çevrilir.

İ.Əfəndiyevin bir yazıçı kimi fəaliyyətə başladığı bu dövrdə ədəbiyyat siyasi və ideoloji mübarizənin qızğın döyüş meydanı hesab edilirdi. Yazıçı ilk növbədə «sənət­karlıq» imtahanından daha əvvəl «siyasi və ideoloji» sınaqdan çıxmalı idi, sosialist realizmi metodu çərçivəsindən kənarda yazıçı söz deyə bilməzdi.

Yalnız bircə dəfə qəzetdə dərc olunmuş və sonralar ədibin heç bir kitabına daxil edilməmiş, yazıçının öz sağlığında belə yaddan çıxaraq unudulan «Berlində bir gecə»1 hekayəsində İ.Əfəndiyev iki gəncin bir-birinə bəslədikləri zərif, insani münasibətin lirik təsvirini vermiş və beləliklə də 50 -60-cı illərdə böyük müvəffəqiyyətlə davam etdirdiyi lirik hekayə yaratmaq yollarında ilk uğurlu addımını atmışdır.

«Gənc Verter gecədən xeyli keçmiş Berlinin ən pis küçələrindən birində olan balaca otağına daxil oldu. Nəş‘əli idi. Bu gecə həyatında birinci dəfə idi ki, sevgili görüşündən gəlirdi. Könlü bu ilk sevginin şirin həyəcanları ilə dolu idi. Hər şeyi unutmuşdu. Gözləri qarşısında ancaq üç gün bundan əvvəl tanış olduğu o utancaq, xoş baxışlı qızın xəyalı gülümsəyirdi... Ah həyat nə gözəl imiş... İndiyə qədər dünyada belə xoş duyğuların varlığından xəbərsiz olduğuna heyrət edirdi».

Misal gətirdiyimiz bu parça İ.Əfəndiyevin oxucularla birinci ünsiyyəti-ilk mətbu hekayəsi olan «Berlində bir gecə» əsərinin əvvəlindən götürülmüşdür. Hekayə qələmə alınarkən yazıçının 24 yaşı vardı. Maraqlı cəhət odur ki, yazıçının ilk hekayəsinin qəhrəmanı Verter də 24 yaşındadır.

Maraqlı və oxunaqlı süjet xəttinə malik olan hekayədəki hadisələr Berlində cərəyan edir. Həyatın hər üzünü görmüş, onun ağrı-acısını dadmış, gənc ikən saç-saqqalı ağarmış, üz-gözü qırış-qırış olmuş, səadətilə bərabər sağlığını da itirmiş bu gənc «öz komasında oturub bənövşələrin rayihəsi qədər xəfif və sevimli» xəyallara dalır, sevdiyi qızın görüşündən aldığı şirin təəssüratla yaşayır. Yazıçı əsərin qəhrəmanı ilə oxucunu tanış edir, «Gələcəyin Nyutonu, bəlkə də Şekspiri olacaq» bu iste‘­dad­lı gəncin həyat tarixçəsini səhifələyir. Mə‘lum olur ki, Verter 4-5 yaşlarında olarkən atası müharibə cəbhələrində həlak olmuş, bu xəbəri eşidən ana faciəyə tab gətirməyib «mum kimi əriyib» ölmüşdür. Yetim qalmış Verter Berlinin küçələrində səfil günlər keçirir, gündüzlər küçədə ağaların çəkmələrinin tozunu təmizləyir, bir tikə çörək qazanır, gecələr isə darülfununda oxuyub təhsil alır. Amma zaman onun arzularını puç etmişdir. O, həyatın ağır yükünü daşıya bilmir, özünü qatarın altına atmaq, çayda boğub öldürmək istəyir. Lakin sevgilisinin görüşünə gedəcəyini yada salır. İntihar etmək fikrindən əl çəkir...

Yazıçı əsərin qəhrəmanı ilə oxucuları tanış etdikdən sonra, Verterin daxili aləmi, onun keçirdiyi hiss və həyəcanlarını qələmə alır, həyatın hər cür əziyyətlərinə qalib gələn məhəbbətin gücünü təsvir edir. Gənclər gələcəyə ümid bəsləyir, görüşürlər. Görüş zamanı qız həyatdan usanmış Verterdən soruşur: «Sənə nə olub, nə üçün rəngin ağarıb? Verter suala birdən-birə cavab verə bilmir, gülümsəmək istəyir, lakin təbəssüm əvəzinə gözləri yaşarır. Sevgilisinin saçlarını öpərək - «mən tamam sağlamam» - cavabını verir.

Belə bir sonluqla bitən hekayənin əsas ideyası ondan ibarətdir ki, məhəbbət, həyat sevgisi, yaşamaq eşqi dünyada hər şeydən qüvvətlidir. O, ölümə belə qalib gəlməyə qadirdir. Özünü öldürmək istəyən Verterin «Ah, həyat nə gözəl imiş» nəticəsinə gəlməsi əsərin əsas qayəsini təşkil edir.

Oxucunu belə bir məsələ maraqlandırır ki, görəsən nə üçün Azərbaycan kəndini yaxşı bilən İ.Əfəndiyev birinci hekayəsinin mövzusunu Azərbaycanın həyatından deyil, faşizmin qol-qanad açdığı Almaniyadan götürmüşdür?

Heç şübhəsiz ki, mövzusu real həyat hadisələrindən alınmış həmin hekayədə təsvir edilən hadisə «xoşbəxt sovet həyatı» üçün «xarakterik» deyildi və yəqin ki, bu səbəbdən də yazıçı qələmə aldığı hadisələriin coğrafi məkanını dəyişərək kapitalist aləmi üçün xarakterik olan Almaniyaya köçürmüşdü.. Digər tərəfdən, kapitalist cəmiyyətinin ifşa edilməsi həmin illərdə sovet ədəbiyyatının aparıcı mövzularından biri idi. Hitlerin hakimiyyət başına keçməsi ilə əlaqədar olaraq dünya xalqlarının gələcək taleyi məsələsi bir sıra xarici ölkə yazıçılarını, o cümlədən Azərbaycan ədiblərini də maraqlandırırdı : Faşizm taununa və beynəlxalq irticaya qarşı mübarizə mövzusu həmin illərdə Azərbaycan ədəbiyyatında da öz əksini tapmışdır. Görünür gənc İ.Əfəndiyev də bu dövrdə Azərbaycan yazıçılarının qələmə aldıqları «Rot-Front», «Ölüm kürsüsü», «Madrid», «İnti­qam», «Cəlladları durdur», «And» və bu mövzuda yazılmış baş­qa əsərlərlə tanış idi və bu mövzunu uğurla davam etdirmişdir.

Azərbaycan yazıçılarının bu illərdə dərc etdirdikləri həmin əsərlərdə, 30-cu illərdə Almaniyada baş verən bir sıra ictimai-siyasi hadisələr, faşizmin bütün dünya xalqları üçün dəhşətli və qorxulu bir hadisə, bəşər mədəniyyətinin qəddar düşməni olduğu göstərilmək və ifşa edilməklə bərabər, namuslu, zəhmətkeş alman xalqının yüksək mədəniyyəti, iste‘dadlı övladları ehtiramla yad edilmiş, Hitlerin yalnız «ikinci dərəcəli» xalqlar üçün deyil, «ali silkə» mənsub olan almanların özləri üçün də bir bəla olduğu göstərilmişdir.

Qeyd edək ki,gənc ədibin 1941-ci ilin oktyabr ayında, keçmiş Sovet İttifaqı xalqlarının faşist Almaniyasına qar­şı müharibə apardığı bir dövrdə dərc etdirdiyi «Hen­ri­­xin üsyanı»2 hekayəsinin də mövzusu Almaniya ilə bağ­lı­dır. Əsər çox müasirdir və əsrimizin 90-cı illərində baş verən hadisələrlə səsləşir. Əgər hekayədəki «böyük Al­ma­niya» ideyasını «böyük Ermənistan» uydurması ilə, əsə­­rin qəhrəmanı Henrixin adını, hər hansı bir Karapetlə əvəz etsək, oxucuda belə bir təsəvvür yaranar ki, hekayə əs­ri­mizin 40-cı illərində deyil, 90-cı illərdə yazılmışdır.

Hekayədə göstərilir ki, «böyük Almaniya» ideyası ilə bütün alman xalqının qanını zəhərləmiş Hitler gəncləri əlinə silah götürməyə məcbur etmişdir. Vaxtilə Henrixin atası da «böyük Almaniya» uğrunda vuruşmuş və Birinci dün­ya müharibəsi cəbhələrində həlak olmuşdur. İndi onu da «böyük Almaniya» uğrunda vuruşmağa göndəriblər. Lakin Hen­rix kimin üçün, nə üçün vuruşduğunu dərk etmir. Almaniya onun üçün bir ölüm yuvasına, cəhənnəmə çevrilmişdir. O, na­haq qan tökmək is­tə­mir, almanların ədalətsiz müharibə apar­dığını dərk edir. Yazıçı hekayəni belə bir sonluqla bitirir: «...Henrix əlindəki süngünü «İrəli!»-deyə əmr edən alman zabitinin sinəsinə sapladıqdan sonra qızıl or­du döyüşçülərinə müraciət edir: - Vurun bizi, yoldaşlar! Siz haqlısınız». Hekayə qəhrəmanının bu addımı yazıçı uydurması olmayıb, əksər alman gənclərinin gəldiyi nəticə idi.

İ.Əfəndiyevin «Gözlənilməz sevgi»3 hekayəsi yazıçının oxucularla ikinci görüşü idi. Yazıçı psixoloji səpgidə yazdığı bu hekayəsində gözəl bir qızın, zahirən heç də gözəl olmayan, lakin çox iste‘dadlı, zəngin daxili aləmə malik olan bir gənci qəlbən sevməsini qələmə almışdır. Yazıçı, körpə yaşlarından quzu otaran, həyatın hər üzünü görmüş, 6 qardaşı və atası «xingal kimi doğranmış» hekayə qəhrəmanı Həsənin xarici görünüşünü belə təsvir edir: «...Ucaboy oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı».

V.Hüqonun «Gülən adam»-ından daha eybəcər olan həmin ob­razın port­retilə ta­nış olduqca, böyük ədib C.Məm­məd­qulu­zadənin qəhrəmanı Xudayar bəyin təsviri yada düşür. Yazıçı bir rəssam bacarığı ilə hekayə qəhrəmanının xarici görünüşünü cızdıqdan sonra yazır: «Özünü olduqca sakit və ciddi aparmasına baxmayaraq az zaman içərisində fövqəl‘adə iste‘dadı ilə hamımızı heyran etdi. Ən güclü mate­matik, ən yaxşı radist idi. 40 nəfər yaxşı şahmatçı ilə eyni zamanda oynayar və həmişə 90-95 prosent aparardı. Bütün lektorlarımız ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər... O, hamıdan gözəl geyinir, başını dik və məğrur tutaraq gəzir, həmişə teatrlarda birinci sırada otururdu.»

İ.Əfəndiyev Həsənin bir sıra başqa müsbət keyfiyyətlərindən xəbər verdikdən sonra, bizi hekayənin ikinci qəhrəmanı ilə tanış edir: «Həsən nə qədər çirkin idisə, Gülarə o qədər gözəl idi. İri qara gözləri cəsarətlə yanırdı, qəşəng cizgili nazik dodaqları vardı, xoş üzündən gülüşlər əskik olmazdı, uzun tünd şabalıdı rəngli saçları arxasında qıvrılırdı. O, özünü şax tutaraq kimsəyə məhəl qoymadan getdiyi zaman bütün studentlər arxasınca baxırdılar. Bu qızın hər şeydə birinci olmaq arzusu qızğın idi».

Hekayədə lirik bir axıcılıq var və yazıçı böyük ustalıqla qəhrəmanlarının daxili aləmilə, onların keçirdikləri psixoloji anlarla, «məhəbbət üçün mütləq qara gözlər lazım deyilmiş» qənaətinə gələn Gülarənin ciddi, yenilməz məhəbbətlə Həsəni sevməsi, «sizdəki yüksək qəlb mənim üçün hər şeydən qiymətlidir. Onu məndən əsirgəməyin, Həsən!» - məzmunlu məktubu ilə, gül balasını böyüdən xoşbəxt ana ilə bizi tanış edərək hekayəsini nikbin sonluqla tamamlayır.

İlk hekayəsində olduğu kimi «Gözlənilməz sevgi» əsərin­də də iki gəncin saf və təmiz məhəbbəti tərənnüm olunmuşdur.

İ.Əfəndiyev həmin hekayə haqqında deyir: «Mən «Göz­lənil­məz sevgi» hekayəsində bə‘zi yoldaşların düşündüyü kimi xari­ci görünüşü çirkin bir adamın sevib-sevilə bilməyəcəyi haqqında mübahisə açmaq fikrində olmamışam. Bura­da mənim əsas məqsədim həqiqi sevginin varlığına inam və bu sevginin dünyada hər şeyə qadir olduğunu göstərmək cəhdindən ibarət olmuşdur. Bu fikri sonrakı hekayələrimdə də inkişaf etdirməyə çalışmışam».4

İ.Əfəndiyevin ilk hekayələr məcmuəsi Azərnəşr tərəfindən buraxılmış «Kənddən məktublar»5 kitabıdır. Gör­kəmli yazıçı Sabit Rəhman tərəfindən redaktə olunmuş, xalq rəssamı Kazım Kazımzadənin gözəl bədii tərtibat verdiyi kitaba gənc yazıçının ilk yaradıcılıq uğurları olan «Kənddən məktublar» povesti ilə yanaşı «Qarımış oğ­lan», «Uxajor», «Qızbəs xala» və «Mirzə İman» adlı dörd hekayəsi daxil edilmişdir. Yazıçı həmin əsərlərdə şahidi olduğu, görüb duyduğu hadisələri yumoristik və satirik bir ovqatla qələmə almış, ictimai həyatda baş verən dəyişilikləri yığcam şəkildə oxuculara təqdim etmişdir. Yeni həyatla köhnə dünya arasında mübarizə getdiyi bir zamanda laqeydlik və qeyri-fəallıq göstərənlər, həyatla ayaqlaşa bilməyənlər, həyatın irəliləyişinə, inkişafa mane olmaq istəyənlər, ailə-məişət məsələlərinin həllində düzgün mövqe tutmayanlar yazıçı tənbehindən yan keçə bilməmişlər. Belə adamları «axar çayın üstündəki çör-çöpə» bənzədən müəllif göstərir ki, adam onlara yaxınlaşmağa belə qorxur ki, indicə səni sancacaq».

İ.Əfəndiyevin ilk povestində C.Cabbarlı yaradıcılığının, xüsusilə «Füruzə» hekayəsinin tə‘siri açıqca hiss olu­nur. Şəhərdə yaşayan dostuna kənd həkimi Qanbay tərəfindən yazılmış 8 məktubdan ibarət olan povestin qəhrəmanı 14 ildən sonra yenidən kəndə qayıdır, orada qarşılaşdığı yenilikləri məktub vasitəsilə dostuna çatdırır. Ya­zıçı «məktublardan» epistolyar janr kimi deyil, ədəbi priyom kimi istifadə edir, maraqlı lövhələr yaradır.Əgər povestin ilk səhifələrində kənddə baş verən yeniliklərlə, vax­tilə «öskü­rəndə uçan daxmaların» ikimərtəbəli daş, kər­pic evlərlə əvəz edilməsi, asfalt küçələrin salınması, qaranlıq daxmaların elektrik işığına qərq olması, qolçomaqların sıxışdırılması, ümumiyyətlə kənd həyatının təsviri ilə tanış oluruqsa, əsərin sonrakı fəsillərində yazıçı canlı insan xarakterlərinin, obrazların daxili aləminin, onların bir-birlərinə olan münasibətlərinin təsvirinə daha çox fikir verir. Zərifə ilə Qanbayın məhəbbət tarixçəsini səhifələyir, «bəy qızı Zərifənin gözəl bir bahar çiçəyi arını özünə cəlb etdiyi kimi naxırçı oğlu Qanbayı özünə cəlb etməsi», Zərifənin qarda­şı Ta­­hir bəy tərəfindən Qanbayın döyülüb təhqir olunması, iki gənc arasında sevdanın baş tutmamasını göstərir. «Sanki o sevgi o gecə Tahirin zərbələri ilə döyülmüş, əzilmiş, nəhayət üzünün qanına qarışaraq axıb getmişdi, lakin bir xatirə kimi yaşamışdır». Əsərin qəhrəmanı o günləri belə xatırlayır: «Mən Cıdır düzündəyəm. Duman çəkilmiş Kirsdən sərin bir yel əsir. Səmada ulduzlar sayrışır. Sakitlikdir... Bir gecədir, bir də mən. Gecə, qaranlıq ... Qəl­bim bomboşdur...Mən öz paltarımda meşoğa salınmış kimi görünürdüm. Zərifə məni qucaqlayaraq gizlicə cibimə pul qoymuşdu ki, özümə təzə kostyum tikdirəm». Lakin o vaxt baş tutmayan məhəbbətin alovu sönməmiş, 14 ildən sonra yenidən baş qaldıraraq öz bəhrəsini vermişdir. Bütün bu hadisələri lirik boyalarla təsvir edən hissələr povestin ən maraqlı səhifələrindəndir.

Akademik Kamal Talıbzadə qeyd edir ki, «İlyas Əfəndiyev ədəbiyyata öz baş mövzusu ilə - məhəbbət mövzusu ilə gəlmişdi. O, məhəbbəti hamı kimi yox, özü kimi təsvir edən cavan iste‘dad kimi gəlmişdi».6Həqiqətən də ədib bir sıra əsərlərində məhəbbəti nasir kimi deyil, şair kimi tərənnüm etmişdir.

Povestdə yadda qalan maraqlı səhifələrlə yanaşı bə‘­zi qeyri-dəqiq, o qədər də inandırıcı olmayan təsvirlərlə də rastlaşırıq. Əsərin axırında, Zərifənin xaricə qaçmış qar­da­şı Tahirlə rastlaşarkən bir-birinə güllə atması, bəy qızı olduğu üçün Qanbayda Zərifəyə qarşı «bəlkə də ­­o düş­məndir» deyərək şübhələrin baş qaldırması əvvəlki təsvirlərlə uyuşmur. Lakin povestdəki hadisələrin təbii inkişafı, Qanbayla Zərifə arasındakı məhəbbətin cəlbedici və tə‘sirli təsviri əsərdəki belə «xırda» nöqsanları arxa plana çəkir.

Yazıçının ilk kitabında «Kənddən məktublar» povesti ilə yanaşı müxtəlif hekayələri də verilmişdir. Bu hekayələr povestlə eyni dövrdə yazılmasına baxmayaraq, sənətkarlıq cəhətindən ondan zəifdir. Düzdür, ədib hekayələrində «bütün ömrü boyu haradasa qurdalanan», Çexovun «Qılaflı adam» hekayəsinin qəhrəmanı kimi hər şeyə şübhə ilə baxan, «ailə qurmaq halva yemək deyil ki» fikrinə söykənərək evlənməkdən qorxan, sevməkdən vahimələnən 40 yaşlı «cavanları» tənqid ətəşinə tutur /«Qarımış oğlan»/, əy­yaşlığı ilə fəxr edib öyünən, yeni-yeni «zirvələri fəth edən» lovğa, yalançı Süleyman kimi tipləri /«Uxajor»/, pambıq tarlasına bəzənib-düzənib, qalstuk taxaraq, gün yandırmasın deyə əlində çətirlə gələn, günlərini küncdə-bucaqda boş lağ-lağı ilə keçirən, arvadı və üç uşağı olmasına baxmayaraq kəndin gözəllərindən olan Saraya iki dəfə elçi göndərən, müəllim işləsə də elm və mədəniyyətdən xəbərsiz kənd «ziyalısını» /«Mirzə İman»/ ifşa edir. Lakin hiss olunur ki, gənc yazıçının bədii palitrasının lirik boyaları satirik və yumoristik rənglərə nisbətən daha parlaqdır.

Bütün bunlarla bərabər, məhz bu hekayələr, yaradıcılıq yollarında ilk addımlarını atan gənc İ.Əfəniyevə ilk şöhrət qazandırmış, sənətə öz səsi, öz nəfəsi olan, oxucularını intizarda qoymağı bacaran, onlara təkcə bədii zövq verməklə kifayətlənməyib düşünməyə məcbur edən bir iste‘dadın gəldiyindən xəbər vermişdir. Bu hekayələrdəki şirin təhkiyə, canlı insan obrazları, ürəkoxşayan təbiət təsvirləri İlyas Əfəndiyev yaradıcılığının xoşagələn cəhətləri idi.

Digər tərəfdən, «Kənddən məktublar» kitabının tezliklə­ oxucuların qəlbinə yol tapması, onun «masaüstü yox, yastıq­al­tı kitaba» (K.Talıbzadə) çevrilməsi onunla əlaqədar idi ki, burada Qarabağ obalarından qalxan tüstünün qoxusu, İsa bulağının göz yaşı kimi şəffaflığı, şahanə Qarabağ atlarının kişnərtisi, dağ yamaclarında bitən kəkotunun ətri duyulurdu.

Yaradıcılığının ilk illərində İ.Əfəndiyevi zəhmət adamlarının həyatı və taleyi daha çox düşündürürdü. Özündən əvvəl kənd mövzusuna müraciət etmiş görkəmli nasirlərin yaradıcılığından bəhrələnən, onu böyük bacarıq və ustalıqla davam etdirən yazıçı kənddə baş verən yenilikləri, ailə və məişətdəki çatışmazlıqları ümumiləşdirirdi.

İ.Əfəndiyevin ilk hekayələri ədəbi tənqidin nəzər-diqqətindən yayınmamışdı. Həmin illərdə ədəbi-tənqid sahəsində uğurlu addımlar atan görkəmli ədəbiyyatşünas alim Əkbər Ağayev «Kənddən məktublar» kitabı haqqında resenziyasın­da qeyd edir ki, həm tema, həm də ideya cəhətdən bu hekayələr bir-birindən tamamilə fərqlənirlər. Hələ 1940-cı ilin əvvəlində İ.Əfəndiyev haqqında ilk dəfə fikir söyləyən, yazı­çı­nın müasir hadisələrə meylini, «dilin səlis və aydın» olmasını yaxşı hiss etmiş Ə.Ağayev göstərir ki, mövzuların müasirliyi bu hekayələrin olduqca şirin oxunmasına səbəb olur. Oxucu burada bu günün insanlarını, içində yaşadığı cəmiyyətin adamlarını, hər gün qarşılaşdığı yaxın dost və tanışlarını görür. Tənqidçi kitabın məziyyətlərini ümumiləşdirərək, «Bu hekayələr öz oxucusunu öyrətmək, tərbiyələndirmək, insanın inkişafına yardım etmək gücünə malikdir... Vətənpərvərlik, sayıqlıq, cəsurluq, düşmənə qarşı amansızlıq, əməyə yeni münasibət, yeni sevgi və s. bu kimi məsələlər bu hekayələrdə əsas yeri tu­tur» ­-de­yir və məqaləsini belə yekunlaşdırırdı: «Kənddən məktublar» kitabı öz müəllifinin yaradıcılığını bütün əlamətlərilə və xüsusi orijinallığa malik, ümid verən talant olduğunu göstərir. Onun gələcəyi isə bu yazıçılıq talantının necə və hansı istiqamətdə inkişaf etməsindən ası­lıdır». Bununla belə tənqidçi İ.Əfən­di­ye­vin yaradıcılığında rast gəldiyi bə‘zi qüsurları da qeyd edirdi: «Bir hekayəçi kimi İlyasın hələlik gözə çarpan birinci nöqsanı onun həddindən artıq hissiyyata qapılması və sentimental bir stilə meyl etməsidir. Doğrudur, onda təbiət təsvirləri, personajlar olduqca qüvvətli verilir, bu yaxşı cəhətdir. Lakin...lirik təsvirə qapılaraq həyat hadisələrini intim bir mə‘na axarında verir».

Ə.Ağayevin İ.Əfəndiyev haqqında böyük uzaqgörənliklə söylədiyi «yazıçı iste‘dadı», «dilin şirinliyi», «yazı üs­lu­bu­nun orijinallığı» barədəki fikirlərini təsdiq etmək üçün 50-60 il gözləmək lazım gəlmədi. Gənc ədib artıq Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərilə orijinal yaradıcılıq dəst-xəttinə malik olan bir yazıçı kimi özünü təsdiq etdi.

Böyük Vətən müharibəsi bütün ədəbi prosesə olduğu kimi İ.Əfəndiyevin yaradıcılığına da yeni bir mövzu - faşizmə qarşı mübarizə mövzusu gətirdi. Bu illərdə yazıb-yaradan bir sıra sənətkarlar kimi, İ.Əfəndiyev də xalqımızın tarixi keçmişinə, əfsanə və nağıllara müraciət etməli oldu, düş­mənə qarşı nifrət oyadan, yaddaqalan bir neçə gözəl hekayə yaratdı. Yazıçı burada obrazların bilavasitə cəbhədə göstərdikləri xariqüladə qəhrəmanlıqlarını deyil, müharibənin insan psixologiyasında, mə‘­nə­vi­yya­tın­da yaratdığı təbəddülatı göstərməyə daha çox meyl etmişdir. «Aydınlıq gecələr», «Cəbhə dostları», «Qəh­rə­ma­nın­ nişanlısı», «Tar ça­lın­­dı», «Kiçik bir poema», «Sən ey qadir məhəbbət», «Qəh­rə­man ilə bülbülün nağılı» və s. belə əsərlərdəndir.

İ.Əfəndiyev müharibə illərində gəncləri vətənpərvərlik ruhunda, əsrlərdən bəri sınaqlardan çıxmış qəhrəmanlıq ən‘ənələri əsasında tərbiyə etmək məqsədilə folklor qəhrəmanlarına və motivlərinə müraciət etmişdir.

Xalqın minillik zəkasının məhsulu olan folklor nümunələrində əcdadlarmızın istək və arzuları, mübarizə tarixi, vətənə məhəbbəti, düşmənə nifrəti, mərdlik, mübarizlik, əməksevərlik, xeyirxahlıq, dostluq, böyüyə hörmət və bu kimi ən gözəl insani keyfiyyətləri əks olunmuşdur. Burada işıqla qaranlığın, xeyirlə şərin, düzlüklə yalanın mübarizəsi təsvir edilir. Ona görə də şifahi xalq ədəbiyyatı bütün dövrlərdə və bütün yazıçılar üçün tükənməz ilham mənbəyi olmuş, ədiblərə həmişə yeni-yeni mövzular vermiş, onları qiymətli bədii əsərlər yaratmağa ruhlandırmışdır. Bu cəhətdən yazıçının «Qarı dağı», «Qəh­rə­man­la bülbülün nağılı», «Apar­dı sellər Saranı» və s. hekayələri daha xarakterikdir.

Müharibə illərində təkcə İ.Əfəndiyevin deyil, Əbülhəsən, Mir Cəlal, M.Hüseyn, Ə.Vəliyev, S,Rəhimov, Ə.Məm­məd­­xan­lı, Y.Əzimzadə və digər yazıçıların da yaradıcılığında hekayə janrı əsas yer tuturdu. Ə.Vəliyevin «Məhək daşı», Əbülhəsənin «Görüş yeri», Mir Cəlalın «Vətən yaraları», Ə.Məm­mədxanlının «Ulduz» və s. əsərlərin mövzusu müharibədən alınmışdır. Bu hekayələrdə müharibənin geniş, canlı lövhələri olmasa da, cəbhə və arxada baş verən hadisələr, döyüşçü surətləri, düşmənə qarşı ümumxalq nifrəti, insanların mə‘nəvi aləmi, nəcib insani sifətlər, sədaqət, mətanət, müharibənin çətinliklərinə sinə gərmək və s. canlı və tə‘sirli verilmişdir. Həmin hekayələr xalqımızı, xüsusən gənclərimizi vətənə və dövlətə sədaqətlə xidmət etməyə, ailədə və dostluqda vəfalı olmağa, xalq işi uğrunda fədakarlıq və qəhrəmanlıq göstərməyə səfərbər edən qüvvəyə malik idi. Lakin müharibə mövzusunda əsərlər yazan başqa ədiblərdən fərqli olaraq, biz İ.Əfəndiyevin hekayələrində müharibənin səhnələrini, qanlı döyüşləri, üz-üzə durub vuruşan, soyuq səngərlərdə gecələyib buza dönən döyüşçüləri görmür, top səslərini eşitmirik. Burada atəş xəttində vuruşan əsgərin hərtərəfli işlənilmiş bədii surəti yoxdur. Bu cəhət ədibin «Kiçik bir poema», «Durna», «Tar», «Qarı dağı» hekayələrində daha qabarıq şəkildə özünü büruzə verir. Lakin yazıçı müharibə mövzusunda əsərlər yazarkən öz yaradıcılıq ən‘ənələrinə sadiq qalır - insanların psixoloji aləmini ön plana çəkir. Arxa və cəbhə adamlarının mə‘nəviyyatında yaranan təbəddülatı göstərməyə xüsusi diqqət yetirir, döyüşçülərin mə‘nəvi keyfiyyətlərinin açılmasına daha çox fikir verir, düşmənə qarşı ümumxalq nifrətini qələmə alır.

Cəbhə həyatını hələ yaxşı öyrənə bilməyən, döyüşçülərin daxili aləminə dərindən nüfuz etməkdə çətinlik çəkən yazıçı bə‘zən qələmə aldığı mövzunun təbii inkişafına, əsərin kompozisiyasına, onun tərbiyəvi əhəmiyyətinə o qədər də fikir ver­mir. 1941-ci ildə qələmə alınmış «Dur­na­nın günahı» belə hekayələrdəndir. Günün tələbinə cavab verməyən, oxucuda düşmənə nifrət hissi aşılamayan, əhəmiyyətsiz əhvalatlar təsvir olunan həmin əsərdə ədib, əri cəbhədə vuruşan kino aktrisası Durna ilə başqa bir aktyor arasındakı intim münasibəti təsvir etmişdir. Həmin mövzu başqa bir dövrdə qələmə alınmış olsaydı, bəlkə də oxucu onun fərqinə o qədər də varmazdı. Lakin müharibənin ilk günlərində belə bir sün‘i süjet hekayə üçün mövzu ola bilməzdi: 20 yaşlı Durna 6 ay ərilə yaşadıqdan sonra Eldar cəbhəyə gedir. Ərindən ayrıldıqdan az sonra o, yad bir kişinin ağuşuna sığınır...Cəbhədə vuruşan döyüşçülərə nə kimi tə‘sir edəcəyini sanki unudan yazıçı bu hekayəni «Gö­rə­sən­, Eldar onu bağışlayacaqmı?»- kimi sün‘i bir cümlə ilə yekunlaşdırır.

Müharibə illərində yaranmış S.Rəhimovun «Qardaş qəbri» , M.İbrahimovun «Heykəl», M.Hüseynin «Çiçəklər», Mir­ Cəlalın «Şərbət», Ə.Məmmədxanlının «Buz heykəl» və s. əsərlərdə vətənə sonsuz məhəbbət, qələbəyə inam, ön cəbhə ilə arxanın sıx əlaqəsi məhərətlə təsvir olunmuşdur. «Durnanın günahı»nda isə bu keyfiyyətlər yoxdur.

İ.Əfəndiyevin müharibə illərində qələmə aldığı əsərlərin müəyyən hissəsi «Aydınlıq gecələr» kitabında toplanmışdır. Burada cəbhədə vuruşan əsgərlərin şücaəti, vətən oğullarının mə‘nəvi aləmi, qələbəyə inam, vətən məhəbbəti, düşmənə qarşı nifrət və qəzəb kimi hisslər bədii boyalarla təsvir edilmişdir. «Sən ey qadir məhəbbət», «Qəhrəmanla bül­bülün nağılı» hekayələri bu cəhətdən daha səciyyəvidir. Yazıçı göstərir ki, müharibə yalnız şəhərləri və kəndləri dağıtmır, o eyni zamanda arzu və istəkləri, məqsəd və niyyətləri də alt-üst edir, ürəkləri də yetim qoyur.

«Sən ey qadir məhəbbət»7 /1943/ hekayəsində cəbhədə gözlərini itirmiş bir rəssam -döyüşçünün acı taleyindən söhbət açılır...Gənc rəssam Elmar yenicə ailə qurub. O, gənc arvadı Güllərin portretini çəkir, lakin müharibə başlandığı üçün Elmar şəkli yarımçıq qoyub cəbhəyə gedir. Döyüşdə böyük şücaət göstərib gözlərini itirən Elmar evə qayıtdıqdan sonra sevdiyi sənəti ilə məşğul ola bilmir, Güllərin ona xüsusi qayğı göstərməsinə, alicənab münasibət bəsləməsinə baxmayaraq özünü ailədə artıq yük hesab edir, bədbinləşir,belə yaşamaqdansa intihar etməyi daha üstün tutur. Bu müdhiş addımı atmağa hazırlaşarkən, Güllərin çaldığı simfoniyanın həzin melodiyası, «qadir məhəbbətin» məlahətli sədası Elmarı əl saxlamağa məcbur edir : «Elə bu zaman həzin musiqi eşidildi və bu musiqi birdən-birə dil açaraq qəribə bir hekayət başladı. Oğlan diksindi, əl saxlayıb, bu hekayətə qulaq asdı»... «Rəssam heyrət və həyəcan içində dayanıb dinləyirdi. O, bu e`cazkar musiqinin tərənnüm etdiyi hisslərdə özünün yarımçıq qalmış əsərində vaxtilə ifadə etmək istədiyi o qüdrətli məhəbbət arasında heyrətli bir oxşayış görürdü». Yazıçı göstərir ki, Elmarın bitirə bilmədiyi rəsm əsərini, onun gənc arvadı Güllər bəstələdiyi simfoniya ilə tamamlayır.

Hekayədə insanın arzu və istəklərini puç edən müharibənin real səhnələri göstərilməsə də qəhrəmanların psixologiyası, onların daxili aləmi, keçirdikləri hiss və həyəcanlar yüksək sənətkarlıqla qələmə alınmışdır.

Hekayənin dili sadə və yığcamdır.

Yazıçı bu illərdə daha tez-tez şifahi xalq ədəbiyyatına müraciət edir, qələmə aldığı mövzuları nağıl və əfsanələrimizlə əlaqələndirir, onları romantik - nağılvari bir şəkildə oxuculara təqdim edir. «Qəhraman ilə bülbülün nağılı», «Apardı sellər Saranı», «Qarı dağı» hekayalərində real həyat hadisələrinin əfsanəvi variantına rast gəlirik. Birinci hekayədə qeyri-bərabər döyüşdə düşmənin 7 əsgərini öldürmüş və ağır yaralanaraq taqətdən düşüb meşədə qalan bir əsgərin şücaəti nağıllaşdırılmışdır. Ağacda oturmuş bülbül, sanki taqətsiz uzanmış döyüşçünün qəhrəmanlığına mahnı bəstələyir. Əsgər bülbülün nəğməsinə qulaq asa-asa gözlərini əbədi yumur. Bu vəfalı quş əsgərin «yuxuya getdiyini» görüb gətirdiyi gülü onun sinəsi üstünə qoyur. Döyüş yoldaşları əsgərin cəsədi üstündə təzə-tər gülü görüb təəcüblənirlər. Yoldaşları onu dəfn edirlər. Bir ildən sonra döyüşçünün qəbri üstündə bir qızıl gül ağacı bitir. Ağacın budağında oturmuş bülbül qəmli-qəmli nəğmə oxuyur.

Cəmi iki səhifədən ibarət olan hekayəni yazıçı belə bitirir: «İndi o vaxtdan bəri hər bahar o tək məzar üs­tün­də­ bir bülbül oxuyur. Onun nəğmələri əzəli və qadir məhəbbətin bitmək bilməyən əfsanələrindən danışır...».

«Apardı sellər Saranı» /1940/ hekayəsində isə ədib başqa bir əfsanəni qələmə almışdı: Soltanın arvadı ölərkən dönə-dönə ərindən xahiş edir ki, yeganə körpəsi Saradan muğayat olsun. Soltan arvadının xahişinə canla-başla əməl edir, qızını tərbiyə edib böyüdür. El-obanın ən gözəl qızı olan Sara Xançobana könül verir, onlar evlənirlər. Ər arvadını Muğanda qoyub özü qoyun sürüsü ilə yaylağa gedir. Bu zaman yadelli işğalçılar doğma yurda hücum edir. Qaniçən Fateh Saranı özünə arvad eləmək istəyir, əvəzində Soltana çoxlu var-dövlət və`d edir. El ağsaqqalı ata yeganə qızını yad nəfəsdən qoruyur, onun düşmən əlinə keçməsinə razı olmur. Qızını kükrəyib daşan çaya atıb həlak edir.

Şifahi xalq ədəbiyyatından bəhrələnərək yazılmış «Qarı dağı» /1944/ hekayəsi8də öz mövzusuna görə müasir həyatla çox səsləşir: Ölkəyə hücum etmiş işğalçı şah başqasının torpağını tutmaq üçün kənd və şəhərləri xarabaya çevirir, dinc əhalini qılıncdan keçirir, minlərlə günahsız adamı qırır. Qaniçən hökmdar qələbə münasibətilə şənliyə hazırlaşarkən, taygöz vəzir Yusif xəbər verir ki, şahın yeganə oğlu Məliktac bərk xəstələnib. Şahın əmrilə məmləkətdə olan bütün təbiblər hökmdarın hüzuruna gətirilir, lakin heç bir kəs xəstəyə əlac edə bilmir. Ballı adlı bir qarını gətirib şaha xəbər verirlər ki, bu qarı bütün dərdlərin dərmanını bilir.Ballı qarı şaha - arxayın ol, mən sənin oğlunu sağaldaram - deyir. Qarının müxtəlif dağ çiçəklərinin şirəsindən düzəltdiyi məlhəm oğlana şəfa verir. Lakin Məliktacı müalicə edib sağaltdığı üçün həmyerliləri qarıya nifrət bəsləyirlər. «Qarı məndən nə istəyirsən?» - deyən şahın sualına ağbirçək cavab verir ki, sənə və oğluna elə bir dərman hazırlaram ki, onu içdikdən sonra, dünya durduqca azar-bezarın nə olduğunu bilməyəcəksiniz. Şah qarının hazırladığı məlhəmin yarısını özü içir, yarısını da oğlu Məliktaca verir. Ata-oğul, hər ikisi dəhşətli ağrılar içində qovrulurlar. Şah soruşur: - «Qarı, nə üçün belə etdin?» - «Mən də anayam, sənin məhv etdiyin yüzlərlə günahsız övladların da anaları var. Mən onların qisasını aldım». Taygöz vəzirin əmrilə əsgərlərin hər biri qarının qapısı bağlanmış komasının üstünə bir at torbası torpaq tökərək qarını diri-diri basdırırlar. Böyük dağ yaranır, o vaxtdan da bu dağa «Qarı dağı» deyirlər.

Qarının xarakterini açan bu hərəkət, onun vətənpərvərliyi, düşmənə nifrəti oxucuda xoş əhval-ruhiyyə oyadır.

Yazıçı bu kiçik hekayəsində obrazların xarakterini böyük məhərətlə açıb göstərir, qaniçən şahın, qəddar vəzirin, ərköyün şahzadənin, Ballı qarının xarakterik cizgilərini inandırıcı boyalarla təsvir edir. Yazıçı qarının şərəfli ölümünü alqışlayır və hekayəni belə bitirir: «Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının koması üstündə böyük bir təpə qalxdı, sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Sonrakı əsrlərin küləkləri, selləri şəhərin xarabalıqlarından heç bir əsər qoymadı. Onun yeri hər bahar qızıl lalələrlə örtülü bir düzənlik oldu. Şəhərdən yadigar yalnız «Qarı dağı» qaldı. O vaxtdan bəri «Qarı dağı»nın altında bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib keçən yolçular onun suyundan içib, ürəklərinin yanğısını söndürürlər....».9

Təxminən 50 il bundan əvvəl qələmə alınmış bu hekayələr öz aktuallığını indi də itirməmişdir.

Yazıçının bu hekayələri vətən torpağı uğrunda vuruşan, erməni faşistlərilə ölüm-dirim müharibəsi aparan igid döyüşçülərə qeyrətli və namuslu el ağsaqqallarını, dastan və əfsanə qəhrəmanlarını, Cavanşir, Babək, Koroğlu və Qaçaq Nəbiləri yada salır, gənclərə xatırladır ki, siz də qəhrəman əcdadlarınız kimi namuslu və qeyrətli, cəsur və qorxmaz olun, onlardan nümunə götürün, ana və bacılarınızın namus və qeyrətini, ismət və mənliyini el qəhrəmanları kimi qoruyun.

İ.Əfəndiyevin ilk hekayələrindəki məziyyətləri nəzərə alan S.Vurğun hələ 1944-cü ildə demişdir: «Biz ədəbiyyatımızın yaratdığı hər bir əsərdən gələn xoş səsi dinləməli və yazıçıya öz yaradıcılığını inkişaf etdirmək üçün faydalı yollar göstərməliyik. İlyas Əfəndiyevin hekayələrindən xoş bir səs gəlir. İlyasın yaradıcılıq addımlarında bir şe‘riyyət səsi eşidilir. Bu da şübhə yoxdur ki, nəsrimizin şe‘rimiz səviyyəsinə qalxmasına, inkişaf etməsinə kömək edən yeni və qiymətli bir addım sayılmalıdır».10


* * *

İstər Azərbaycan yazıçılarının, istərsə də dünya ədəbiyyatı korifeylərinin keçdikləri həyat və yaradıcılıq yollarını diqqətlə izlədikdə belə bir inkaredilməz faktla qarşılaşırsan ki, hansı janrda yazıb-yaratmasından asılı olmayaraq görkəmli sənətkarlar, bir qayda olaraq, iki cəhətdən fərqlənirlər: bunlardan biri, şifahi xalq ədəbiyatından bəhrələnmək, digəri isə uşaq ədəbiyyatının inkişafına ciddi fikir vermələridir. Bu iki cəhət istər Nizami və Füzuli, Sabir və Mirzə Cəlil, S.Vurğun və R.Rza, istərsə də Şekspir və Puşkin, Qorki və Tolstoy, Taqor və Abay, M.Tven və J.Vern kimi sənətkarların yaradıcılığı üçün səciyyəvidir. Söz sənətinin tərbiyəvi əhəmiyyətinə yüksək qiymət verən həmin sənətkarlar bir tərəfdən, öz xalqının azadlığı uğrunda mübarizə aparan folklor qəhrəmanlarını yenidən ədəbiyyata gətirir, onların mərdlik və yenilməzliyini yada salır, gənc oxucularda vətənpərvərlik və qəhrəmanlıq hissləri aşılayır, digər tərəfdən uşaqların və gənclərin bədii zövqünə uyğun, onların mə‘nəvi tərbiyəsinə tə‘sir edən gözəl bədii əsərlər yaradırlar. Bu iki cəhət xalq yazıçısı İ.Əfəndiyev yaradıcılığı üçün də səciyyəvidir.

Ümumiyyətlə, nəzəri ədəbiyyatda və uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan yazıçıların mülahizələrində qeyd edilir ki, «Uşaqlar üçün yazmaq çətindir. Onun özünəməxsus xüsusiyyətləri yazıçıdan fitri iste‘dadla, elmi biliklərə yiyələnməklə yanaşı, uşaq aləmini dərindən öyrənməyi tələb edir. Müxtəlif yaşlı uşaqların maraq dairəsini, estetik zövqünü öyrənmədən onu müəyyən məqsədə doğru yönəltmək, onun fərdi meyllərini inkişaf etdirmək olmaz».11Xalq şairi S.Vur­ğun «Balalarımız üçün gözəl əsərlər yaradaq» adlı iri həcm­li məqaləsində 12uşaqlar üçün yazmağın nə qədər mə‘suliyyətli və çətin bir iş oduğunu, ümumiyyətlə uşaq həyatını, uşaq təbiətini tərənnüm etməyin nə qədər vacib olduğunu öz yazıçı həmkarlarına dönə-dönə söyləmişdir. Bu, onunla əlaqədardır ki, uşaqlar üçün yazan sənətkarlar uşaq aləmini, uşaq psixologiyasını dərindən bilməklə yanaşı, balacaların yaş xüsusiyyətlərini, qavrama qabiliyyətini, zövqünü və təfəkkürünü nəzərə almalıdırlar.

Pedaqoji elmlər doktoru professor Camal Əhmədov yazmışdır: «Uşaq əsərləri humanist ideyalar təbliğ edir, şəxsiyyəti formalaşdırır, nəcib insani hisslər aşılayır, balaca oxuculara cəmiyyət və təbiət hadisələri barədə bilik verir, bu sahədə onların mə‘lumatlarını genişləndirir və tamamlayır. Təsadüfi deyil ki, bizim uşaq ədəbiyyatının başında M.Ə.Sabir, A.Səhhət, S.S. Axundov kimi qüdrətli sənətkarlarımız dayanmış, onların nəcib ən‘ənələri isə görkəmli Azərbaycan sovet yazıçıları tərəfindən inkişaf etdirilib zənginləşdirilmişdir».13

Uşaqlar üçün yazmağın bir sıra çətinlikləri olmasına baxmayaraq çağdaş Azərbaycan ədəbiyyatında elə bir görkəmli sənətkar tapmaq olmaz ki, o, balacalar üçün az da olsa əsərlər yazmamış olsun.

İ.Əfəndiyev ədəbiyyat tariximizə uşaq yazıçısı kimi daxil olmasa da balalarımız üçün bir sıra maraqlı hekayələr yazmışdır.Bu cəhəti də qeyd etmək lazımdır ki, yazıçı yaradıcılığının bütün dövrlərində deyil, yalnız 50-ci illərdə və ondan sonra uşaq ədəbiyyatı nümünələrini yaratmışdı. Ədibin balaca oxucular üçün yazdığı əsərləri «Qoruqlarda»14, «Hekayələr»15 və «Zəmidə bir turac səslənirdi»16 adlı kitablarında toplanmışdır.

İ.Əfəndiyevin uşaq ədəbiyyatının inkişafındakı xidmətləri iki cəhətdən diqqəti cəlb edir. Bunlardan biri, yazıçının uşaqlar üçün orijinal bədii əsərlər yaratması, digəri isə uşaq ədəbiyyatının inkişafı, vəziyyəti və onun nəzəri problemləri ilə əlaqədar irəli sürdüyü elmi-nəzəri mülahizələridir.

Yazıçının uşaq əsərləri arasında «Yasəmən ağacı», «Al­murad baba», «Ceyran ovu», «Murad dayının sevinci», «İz ­ilə», «Zəmidə bir turac səslənirdi», «Yaylaq qonşumuz» və s. hekayələri daha çox diqqəti cəlb edir. Bu əsərlərin mövzu və süjeti əlvan və rəngarəngdir. Burada həyatın müxtəlif sahələrindən götürülmüş maraqlı hadisələr, müxtəlif xarakterli obrazlar vardır. Kənd həyatından söhbət açan bu hekayələrin həcmi kiçik, dili sadə və rəvandır. Yazıçı uşaq qəlbini ələ almağa, onu düşünməyə və həyacanlandırmağa çalışır. Müəllif yaxşı başa düşür ki, kiçik və orta yaşlı uşaqlar təbiət hadisələri, heyvanlar aləmi ilə daha çox maraqlanırlar. Buna görə də bu mövzuların təsvirinə geniş yer verir. İ.Əfəndiyev bu hekayələrində həyata uşaqların gözü ilə baxır, əməksevər və namuslu adamları, üstündə gəzdiyi vətən torpağının gözəlliklərini təsvir və tərənnüm edir, balaca oxucuları ilə onların başa düşə biləcəyi dildə, uşaq psixologiyasına və təxəyyülünə uyğun bir şəkildə danışır. Sadəlik, aydınlıq, yığcamlıq bu hekayələrin əsas xüsusiyyətlərini təşkil edir.

Görkəmli yazıçı M.Hüseyn məqalələrinin birində qeyd etmişdir ki, «uşaq ədəbiyyatının ilk və başlıca vəzifəsi insanın zəhmətinə və yaradıcılığına dərin məhəbbət oyatmaqdır».17 İ.Əfəndiyev uşaq hekayələrində bu məsələnin təsvirinə xeyli yer vermişdir. Uşaqlıq illərinin xatirələri və real həyat hadisələrinin təsvirinə həsr olunmuş həmin əsərlərin qəhrəmanları qoçaq, hər şeylə maraqlanan, qorxmaz, böyüklərə hörmət və kömək edən, təbiətin gözəlliklərindən zövq alan sadə təbiətli balacalardır.

İ.Əfəndiyev Pedaqoji İnstitutu bitirib kənddə dərs dediyi illərdə uşaq psixologiyasını, onların həyatını, istək və arzularını yaxından öyrənə bilmişdir. Məhz uşaq əsərləri yaradan yazıçı yaxşı başa düşürdü ki, «uşaq aləmini həyacanlandırmaq, onu sevindirmək, kədərləndirmək, düşün­dür­mək, fikirləşməyə vadar etmək, bir sözlə , uşaq qəlbini ələ al­maq yazıçıdan ustalıq tələb edir».18

İ.Əfənidiyevin uşaq əsərlərinin oxucu qəlbinə asanlıqla yol tapa bilməsi, məhz yazıçının pedaqoji biliyi, müəl­limlik qabiliyyəti ilə sıx bağlı bir məsələdir. İ.Əfəndiyev bala­calar üçün əsərlər yazmağa başlamazdan xeyli əvvəl uşaq aləmi ilə yaxından tanış ola bilmişdir.

Orta məktəbi ə‘la qiymətlərlə bitirən, oxuduğu illərdə «yalnız müəllimlərin verdiyi biliklərlə kifayətlənməyən», «məktəbə gedənə qədər çoxlu nağıl kitabları oxuyan», uşaq vaxtı nənəsi və anasının danışdığı hədsiz-hesabsız nağıllara və müxtəlif əhvalatlara qulaq asan, folklor nümunələri ilə tərbiyələnən İ.Əfəndiyev bir yazıçı kimi uşaq psixologiyasını, onların maraq və zövqünü yaxşı bilən sənətkar olduğunu yazdığı uşaq əsərləri vasitəsilə sübut etmişdir.

İ.Əfəndiyevin Azərbaycan uşaq ədəbiyyatı sahəsində fəaliyyətə başlaması S.Vurğunun «Balalarımız üçün gözəl əsərlər yaradaq» adlı məqaləsi ilə bağlıdır. S.Vurğun həmin məqaləsində respublikada uşaq ədəbiyyatının vəziyyəti, onun inkişaf problemləri haqqında ətraflı söhbət açdıqdan sonra, yazıçılara müraciət edərək onları balaca oxucularımız üçün yeni əsərlər yaratmağa çağırmışdır. S.Vurğun yazırdı: «Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət - bütün insan xassələri uşaq aləmində mövcuddur. Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman insan üçün yazdığımızı unutmamalıyıq».19 Quru cansıxıcı nəsihətlər Səməd Vurğunun fikrincə, uşaq yaddaşında ani bir qığılcım, ötəri bir hiss kimi tez parlayıb, tez də sönür. Ona görə də ədəbiyyat uşaq şüuruna gurultulu nitqlər demək yolu ilə deyil, uşaq qəlbini təbiətə və insana məftun etmək yolu ilə getməlidir. Uşaqlar, üzərində gəzib boy atdığı torpağı sevməli, doğma xalqı və vətəni ilə, xalqımızın azadlığı uğrunda öz canını qurban vermiş fədakar insanlarla fəxr etməlidir. Ədəbiyyat bu hissləri uşaqlarımızda aşılamalıdır!». - tələbi ilə çıxış edən S.Vurğun gələcəyin alim, şair, bəstəkar, rəssam və b. sənət sahibləri olacaq uşaqların tərbiyəsi probleminə çox ciddi fikir verir və yazıçıları daha dəyərli uşaq əsərləri yaratmağa çağırırdı. S.Vurğun yazıçılara müraciətlə yazdığı «Balalarımız üçün gözəl əsərlər yaradaq» məqaləsi 1944-cü ilin sentyabr-oktyabr aylarında «Kommunist» qəzetində dərc olunmuşdur.20

Bu o illər idi ki, İ.Əfəndiyev artıq «Kənddən məktublar» kitabını çap etdirmiş, müharibə mövzusunda yazdığı bir sıra hekayələri ilə oxucuların qəlbinə yol tapdıqdan sonra uşaqlar üçün əsərlər yazmağa başlamışdı. İ.Əfəndiyev S.Vurğunun çağırış xarakterli bu yazısını dönə-dönə oxumuş, onu özü üçün örnək kimi qəbul etmişdi. Onun uşaqlar üçün yazdığı əsas hekayələr məhz 50-ci illərdə meydana gəlmiş və 1950-ci ildə dərc edilmiş «Qoruq­larda» adlı kitabı vasitəsilə oxuculara çatdırılmışdı.

İ.Əfəndiyev bu hekayələrdə daha yaxından tanıdığı kənd həyatının təsvirinə, əmək adamının torpağa bağlılığına, uşaqların bitki və heyvan aləmi ilə əlaqəsinə, çayların və göllərin mühafizəsi və s. bu kimi məsələlərə üstünlük verməklə, uşaqlarda vətənpərvərlik hissi aşılayır, vətəni sevmək, onunla fəxr etmək kimi saf və yüksək hisslər tərbiyə etməyə çalışır.

Görüb-duyduğu, uşaqlıq illərində qarşılaşdığı bir sıra maraqlı hadisə və faktları uşaq hekayələri üçün mövzu seçən yazıçı bir tərəfdən qoçaqlıq, mərdlik, cəsarət, doğ­ru­çuluq, qayğıkeşlik kimi müsbət insani keyfiyyətlərin uşaq aləmini nə qədər gözəlləşdirdiyini bədii lövhələr vasitəsilə göstərir, digər tərəfdən də qorxaqlıq, yalan danışmaq, tənbəllik, dəcəllik paxıllıq kimi pis xüsusiyyətləri də uşaq dünyasından uzaqlaşdırmağa çalışırdı.

Yazıçının hekayələrində əmək mövzusu mühüm yer tutur. «Zəhmətsiz gözəllik yoxdur» fikrinə əsaslanan yazıçı uşaqlara da bu ideyanı təlqin etməyə çalışır. «Almurad baba», «Qaşqa dayın öyrədilməsi», «Yaylağa köçürük», «Murad dayının sevinci», «İz ilə» və b. hekayələrin qəhrəmanları əmək adamlarıdır. İ.Əfədiyev uzun illər əmək cəbhəsində fədakarlıqla çalışan bu insanları başıuca edən zəhməti təsvir və tərənnüm etməklə uşaqları əməksevərliyə və işgüzarlığa çağırır.

«Murad dayı» hekayəsində oxucu «tunc heykələ oxşayan» əmək adamının canlı portretilə tanış olur. «Murad dayı qırx səkkiz, əlli yaşlarında, ucaboylu, enlikürəkli nə kök,nə arıq, əzələləri qayış kimi möhkəm, qarabəniz, iri, qara bığlı bir adamdır. Onun sol qaşının üstündə çapıq yeri vardır; həmişə qədim dəbdə, şişburun, boğazlı çəkmə, qara mahuddan şalvar və frenç geyir, gümüşü dəridən uzun və təpəsi yastı papaq qoyur. Sapı ceyran ayağı olan qamçısı daima sağ çəkməsinin boğazına sancılı durur. Çöhrəsində həmişə ürəyə yatan bir təbəssüm var... Dişlərinin hamısı ağ və salamatdır... Kənddə heç kəs onun bir sözünü iki etməz. Verdiyi tapşırıq nöqtə-nöqtə yerinə yetirilir; çünki o hər kəsi bir ata kimi sevir və heç kəs də bu sevgini itirmək istəmir».21 Yazıçı sədr Muradın kənddə belə hörmət qazanmasını onun əməksevərliyi və işgüzarlığı ilə əlaqələndirir.

Ümumiyyətlə, uşaqlar təbiət hadisələrilə əlaqədar söhbətələrə, yağışın yağması, göyün guruldaması, çayların daşması, Ayın və Günəşin tutulması, eyni zamanda heyvanlar aləmilə əlaqədar hadisələrə qulaq asmağı çox sevdiklərindən, yazıçı hekayələrinin müəyyən hissəsini bu məsələlərə həsr etmişdir. Burada təsvir edilən qoyun, it, at, ceyran, turac, canavar, ayı və s. heyvanlarla əlaqədar, həmçinin maraqlı təbiət hadisələri haqqındakı mə‘lumatlar azyaşlı oxucuların diqqətindən yayınmır.

Yazıçı «Yasəmən ağacı» hekayəsində məktəblilərin mü­hüm vəzifələrindən olan yaşıllıqların salınması, ağac və gül kollarına qulluq edilməsi, quşların mühafizəsi məsələlərinə toxunmuşdur. Təbiət gözəlliklərinə qarşı qayğıkeş və diqqətli olmaq ideyasını təlqin edən İ.Əfən­diyev, yasəmən ağacının budağını sındıraraq bülbülün yuvasını dağıdan Cəfər və Nadir kimi nadinc, dəcəl uşaqları tənqid edir. Həmin xoşagəlməz hadisəni görən Aslan müəllim uşaqlara deyir: «Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik, biz onun gözəlliklərini məhv etmək üçün doğulmamışıq!».22Bu sözlər hekayənin əsas ideyasını təşkil edir.

İ.Əfəndiyev uşaq hekayələrində başı buludlu uca dağların, yalçın qayaların, qoyunlu-quzulu yaylaqların, əlvan xalıya bənzəyən çəmənliklərin, bərəkətli taxıl zəmilərinin təsvirinə, vətən torpağının tərənnümünə xeyli yer ayırmışdır. Hekayələrin bir qismində isə o, uşaqların tə‘lim-tərbiyəsi məsələlərinə toxunur. Bu cəhətdən «Yaylaq qonşumuz» əsəri yazıçının əvvəlki hekayələrinin heç birinə bənzəmir. Burada ailə tərbiyəsindəki nöqsanlar ciddi şəkildə tənqid olunur. Uşaqların tərbiyəsində ailənin mühüm rolunu yaxşı başa düşən yazıçı tərbiyə problemindəki naqisliyi satirik və yumoristik boyalar vasitsilə işıqlandırır. Burada verilən gülünc vəziyyətlər təkcə uşaqları deyil, daha çox valideynləri düşündürür.

Hekayədə doktor Səfiyevin Turşsuda istirahət edən ailəsinin, arvadı Zərifə xanımın, onun anasının və 12-13 yaşlı oğlu Qubuşun /Qurban/ sərgüzəştləri qələmə alınmışdır. Yazıçı böyük ustalıqlı onların, eyni zamanda moruqsatan Həsənalının, elmi işçi Əminin canlı və dolğun obrazlarını yaradır. Hekayədəki satirik və yumoristik anlar Qubuşun yeməyi ilə bağlıdır. Ana və nənə həyatın mə‘nasını yalnız yeməkdə görürlər, bütün günü onlar yeməkdən başqa heç nə haqda fikirləşmirlər. Qubuşun yemək səhnəsi yazıçının tənqid obyektidir:

«Xala qalxıb kök qaz kimi yanını basa-basa çadıra getdi və azacıq sonra içəridən onun mehriban səsi eşidildi:

-Ye, qadan alım, adam dəli olmaz.

Zərifə xanım isə amansız deyirdi:

-Hamısını yeyəcəksən, vəssalam!

Xala yumşaq səslə xahiş edirdi:

-Bəs bura niyə gəlmişik? Ye, başına dönüm...

Zərifə xanım əlini stula döyərək hədələyirdi:

-Yeyəcəksən, vəssalam!

Xala yalvarırdı: - Qubuş, sən mənim canım ye...

-Bu kiseli də içəcəksən, vəssalam! - Sən papanın canı ye...23

Yazıçı Qurbanın səhər yeməyinin komponentlərini bizə təqdim edir: On ədəd təzə və iri yumurta, bir kasa bal qarışıq qaymaq, bir böyük fincan yumurtalı kakao və s. Nahar yeməyində: «əvvəlcə Qubuşa bir dərin boşqab cücə suyu içirtdilər. Sonra para toyuqla bir iri nimçə yağlı plov yedirtdilər. Onun üstündən bir dərin boşqab küftəli dovğa içirtdilər. Dovğanın üstündən yarım litrdən artıq tutan bir dolça kisel... Kiselin üstündən təzə moruq, yay armudu və qarpız verdilər. Qubuş bunları e‘tirazsız yedi. Meyvədən sonra ona bir neçə şəkər çörəyi, onun üstündən meyvə suyu və s. verirlər.24

Qurban isə bütün bunları anasının əmri, nənəsinin yalvarışları ilə, gilə-gilə göz yaşı axıda-axıda yeməli və içməli olurdu. Belə bir səhnə hər gün təkrar olunurdu.

Yazıçı hekayənin əsas qəhrəmanlarını da bizə təqdim edir: «Xala ilə Zərifə xanım - ana-bala səhərdən axşama qədər yeməklə məşğul olurdular. Ya özləri yeyir, ya Qubuşu yedirirdilər. Ya yemək barədə danışır, ya da yemək hazırlayırdılar. Lakin ana ilə qızın xasiyyəti xeyli fərqli idi. Zərifə xanım xala kimi hər şeylə maraqlanan, söhbətcil deyildi».25 Yazıçı ustalıqla ana ilə bala arasındakı fərqi, onlara xas olan cizgiləri belə təsvir edir:

«Elə bil ki, Zərifə xanım yeməkdən ayrıldıqda bütün həyatdan, cəmiyyətdən ayrılırdı. Lakin ya qəlyanaltı, ya nahar və ya da şam vaxtı yaxınlaşanda, onun üzü birdən-birə canlanır, gözləri nəş‘ə ilə parlayır, sanki qadına yeni gözəllik, ilham gəlirdi. Zərifə xanım hey yeyirdi. Heç kəsə - nə mənə, nə ərinə fikir vermədən, söhbətimizə müdaxilə etmədən yeyirdi. Toyuğun budu, yemişin kəhraba kimi sarı dilimi, Həsənalının dağlardan yığıb gətirdiyi iri qırmızı moruğu, soyutma qoyun ətinin seçmə tikələri onun kök barmaqları arasında çox məlahətli görünürdü. Şair gözəl bir mənzərəyə və çiçəyə necə heyranlıqla baxırdısa, aşiq qarşısında dayanmış sevgilisinin gözlərindən necə vəcdə gəlirdisə, Zərifə xanım da yağlı barmaqları arasında tutduğu tikəyə elə bir həzz ilə baxırdı».26

Zərifə xanımın anası bədii obraz kimi daha canlı və orijinal çıxmışdır. O, bütün günü danışır, lovğalanır, oğlunun var dövlətini, peşəsini tə‘rifləməkdən yorulmur: həkimin 8 otağı olması, otaqların xalça-palazla döşənməsi, onun dörd yerdə dərs deməsi, hər ay, yalnız dərslərdən 15 min manat alması, qapısında hər gün yüzdən çox xəstənin növbə gözləməsi, gündə bal-qaymaq, toyuq-plov, hinduşka kababı yedikləri və s. söhbətlər dilindən düş­mür.­ Bütün bunlar isə oxucuda ikrah hissi oyadır.

İ.Əfəndiyev uşaq əsərlərində təsvir etdiyi hadisə və ya faktları yaradıcılıq süzgəcindən keçirir, mövzuları safçürük edir, onları sadə bir dildə oxuculara təqdim edərkən uşaqların yaş xüsusiyyətlərini, onların qavrama səviyyələrini mütləq nəzərə alır. O uşaqlarla uşaq dilində söhbət edir.

İ.Əfəndiyev uşaqların qəlbinə yol tapan iste‘dadlı bir yazıçı olmaqla bərabər, gözəl təbiət təsvirləri, peyzajlar yaratmağa qadir olan, rəssam təbiətli sənətkar kimi də nəzərə çarpır. «Qoruqlarda» hekayəsində oxuyuruq: «Mən Haramını birinci dəfə görürdüm. Düz-dünya lalə idi. Yaz günəşinin parlaq işığı altında bu lalələr köz kimi qızarırdı. Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı.Bu çiçəklərin hərəsi gün işığında bir rəng çalırdı. Adama elə gəlirdi ki, göz işlədikcə uzanıb gedən yaşıl məxmər üzərinə minlərcə almas, yaqut, mərcan danəsi səpələnib və bunlar günəş işığında od tutub yanır. Alabəzək kəpənəklər, üstündə qara nöqtələr olan mərcan rəngli uçağanlar, şəffaf qanadlı bal arıları çiçəklərin üzərində dolaşır, oraya-buraya uçuşurlar. Atlarımızın qabağından bə‘zən bir çobanaldadan, bə‘zən də sarıköynək və ya bir şanapipik pırıltı ilə uçub havaya qalxırdı»27

Balacalar üçün maraqlı hekayələr yazmış İ.Əfən­di­ye­vin­ uşaq ədəbiyyatı haqqındakı nəzəri mülahizələri də diqqəti cəlb edir. Yazıçı müxtəlif məqalə və çıxışlarında bu məsələyə müəyyən yer ayırmışdır. Belə yazılardan «Uşaqlar üçün yeni əsərlər yazaq»,28 «Gənc nəslin tərbiyəsi uğrunda»,29 «Böyük humanist»,30 «Sizi xatırlarkən»,31 «Uşaq­la­rımız üçün ləyaqətli əsərlər yaradaq!»,32 «Yüksək ideyalı əsərlər uğrunda»,33 «Unudulmaz yazıçı, böyük humanist»34 və s. göstərmək olar. Göstərilən həmin məqalələrdə İ.Əfən­diyev son illərdə uşaq ədəbiyyatının xeyli inkişaf et­di­yini, bir sıra yazıçı və şairlərin yüzlərlə gözəl şe‘r, he­kayə, povest və romanlarının dərc olunduğundan söhbət aç­dıqdan sonra uşaq ədəbiyyatımızdakı mövzu məhdudluğu üzə­rində dayanır:«Uşaqlar üçün yazılmış əsərləri nəzərdən keçirdikdə, hər şeydən əvvəl bu sahədəki mövzu məhdudluğu diqqəti cəlb edir. Bir çox mühüm mövzular demək olar ki, unudulmuşdur. Məsələn, nə üçün uşaq yazıçılarımız sərhədlərimizin keşiyində duran qəhrəman əsgərlərimizin maraqlı həyatından az yazırlar? Uşaqların bu həyatla çox maraqlandıqlarını, bu barədə yazılmış əsərləri böyük bir həvəslə oxuduqlarını unutmaq olarmı?

Unutmaq olmaz ki, ordu həyatından yazılmış dəyərli əs­ər­lərin uşaq tərbiyəsində böyük əhəmiyyəti vardır. Belə əsə­rlər onlarda mərdlik,cəsarət, fədakarlıq kimi gözəl si­fət­lər tərbiyə edir. Onların qəhrəmanlıq ruhunda yetişmə­lə­rinə kömək edir».35Aktuallığını bu gün də saxlayan həmin fik­ri irəli sürdükdən sonra, ədib uşaq ədəbiyyatında əmək möv­zu­sunun hələ olduqca az təsvir və tərənnüm olunduğundan, uşaq­ların məktəb həyatını əks etdirən diqqətəlayiq əsərlərin kifayət qədər olmadığından, tarixi keçmişimizin zəif işıq­landırıldığından, səmimi dostluq və yoldaşlıq duyğularını parlaq şəkildə əks etdirən bədii əsərlərin, xüsusilə uşaq dramaturgiyasının zəif inkişafından söhbət açaraq qeyd edir ki, bunların aradan qaldırılması uşaq ədəbiyyatımızın qarşısında duran ən zəruri məsələlərdən biridir.

İ.Əfəndiyev Azərbaycan uşaq ədəbiyyatının inkişafın­­da xidmətləri olan bir sıra yazıçıların, o cümlədən M.Ə.­Sabir, A.Şaiq, S.S.Axundov, C.Məmmədquluzadə, M.M.Se­yid­za­də, M.Rzaquluzadə, M.Dilbazi, Z.Cabbarzadə, Q.İlkin, T.El­çin və digər qələm sahiblərinin yaradıcılığı haqqında qiymətli fikirlər söyləmişdir. Onun S.S.Axundovun ana­dan olmasının 90 illiyi münasibətilə yazdığı «Sizi xatır­larkən...»36 məqaləsində təkcə Süleyman Sani yaradıcılığına bəslədiyi məhəbbəti deyil, eyni zamanda böyük sələfləri olan Sabir və Mirzə Cəlil ədəbi irsinə münasibəti əks olunmuşdur.

İ.Əfəndiyevin daha çox sevdiyi və yaradıcılığına böyük hörmət bəslədiyi sənətkarlarımızdan biri, Azərbaycan uşaq ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olmuş, ədəbiyyatın bütün janrlarında gözəl sənət nümunələri yaratmış unudulmaz yazıçımız Abdulla Şaiqdir. Yazıçının bu məhəbbəti onun bir sıra məqələ, çıxış və xatirələrində öz əksini tapmışdır. İ.Əfəndiyev qocaman yazıçı haqqında qələmə aldığı iri bir məqaləsini belə başlayır: «Hər bir xalqın mədəni inkişafında irəliyə doğru yeni bir addım atmaq, yeni bir söz demək, yeni bir cığır açmaq həmişə böyük zəhmət, cəsarət və fədakarlıq tələb etmişdir. Bu yeni sözü deyənlər çox zaman mühafizəkar beyinlərin küt tələbləri arasında, nadanlığın, xudpəsəndliyin xaosu içərisində özlərinə zorla yol açaraq irəliləmişlər və bu yenilik onların öz xalqına münasibətindən doğmuşdur. Əslində onlar heç bir fədakarlıq haqqında düşünməmişlər...Onları öz xalqının taleyindən ayrı təsəvvür etmək mümkün deyil. Onlar nə etmişlərsə ancaq xalqın xoşbəxtliyi, tərəqqisi üçün etmişlər. Bu fəaliyyətləri ilə özlərinə abidə qoyduqları da onların ağlına gəlməmişdir.

Abdulla Şaiq yazıçı, maarif xadimi və insan olaraq bizim ədəbiyyat tarixində belə nadir şəxsiyyətlərdən biridir».37

İ.Əfəndiyev məqalədə A.Şaiqin yaradıcılığını geniş təhlil edir, «bir romana bərabər», iki-üç səhifədən ibarət «Məktub yetişmədi» hekayəsi üzərində ətraflı dayanır, A.Şaiqin bir yazıçı kimi püxtələşməsində F.Köçər­linin rolunu qeyd edir və göstərir ki, «Abdulla Şaiqin bir sənətkar kimi ən böyük xidməti, əlbəttə, onun uşaq ədəbyyatı sahəsindəki fəaliyyətidir. O, Azərbaycan ədəbiyyatı tari­xin­­də bu sahənin ilk məşhur yaradıcısıdır. Onun uşaqlar üçün yazdığı kiçik əsərlər, bu gün də ədəbiyyatımızın gözəl nümunələrindəndir. O əsərləri bu gün də uşaqlar sevə-sevə oxuyurlar. Və həmişə də oxuyacaqlar. Bu əsərlərin yaradılmasında yazıçının uşaq psixologiyasını, uşaq təbiətini dərindən duymaq iste‘dadı həlledici rol oynamışdır. Bu əsərlərdə valehedici bir təbiilik, bir cəzibədarlıq vardır».38

İ.Əfəndiyev qocaman yazıçının dramaturgiyası haqqında da fikir söyləyir, bir alim-tədqiqatçı səviyyəsində ayrı-ayrı pyeslərini təhlil edir, məqalasini belə bir fikirlə yekunlaşdırır: «Biz ilk dəfə gözümüzü Abdulla Şaiqin şe‘rləri, nağılları ilə açmışıq. İllər keçəcək, yeni-yeni nəsillər gələcək, Şaiq, bizim üçün olduğu kimi, onlar üçün də həmişə əziz olacaq».

1966-cı ildə Azərbaycan Yazıçıları İttifaqında uşaq ədəbiyyatına həsr olunmuş plenum keçirilmişdir. Ple­numda əsas mə‘ruzənin İ.Əfəndiyevə tapşırılması təsadüfi deyildi. Bunun əsas səbəbi ondan ibarət idi ki, yazıçı son illərdə uşaqlar üçün bir sıra maraqlı hekayələr yazmaqla yanaşı, mətbuatda tez-tez ədəbiyyat və mədəniyyətin, eyni zamanda uşaq ədəbiyyatının aktual məsələlərinə aid elmi-nəzəri məqalələrlə çıxış edirdi. Onu da qeyd edək ki. İ.Əfəndiyev həmin mə‘ruzəsində39 Azərbaycan uşaq ədəbiy­yatının inkişaf yolu və müasir mənzərəsinə bir nəzər sa­lır, tədqiqatçı-alim kimi balalarımız üçün yazılmış əsər­lərin geniş elmi təhlilini verir.

İ.Əfəndiyev haqlı olaraq göstərir ki, Azərbaycan uşaq ədəbiyyatının əsasını M.Ə.Sabir, Mizə Cəlil, A.Şaiq, S.S.­Axundov kimi sənətkarlar qoymuşlar, «onlar uşaq ədəbiyyatına kollektiv əməyə hörmət, zülmə, istismara nifrət, xalq işini hər şeydən üstün tutmaq kimi mövzular gətirmişlər. Onlar uşaq ədəbiyyatını yeni obraz, yeni mövzularla zənginləşdirmişlər.40 Sonra ədib, müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan M.M.Seyidzadə, A.Şaiq, Q.İlkin, T.Elçin, X.Əlibəyli və b. sənətkarların əsər­lərinə qiymət verir, onların yaradıcılıq uğurlarından söhbət açır, çatışmazlıqlarını göstərməkdən çəkinmir. Yazıçı burada uşaq ədəbiyyatının problemlərini tədqiq edən alimə bənzəyir. O, Azərbaycan uşaq ədəbiyyatı sahəsində gözə çarpan bir sıra nöqsan və çatışmazlıqları üzə çıxarır, onların aradan qaldırılması yollarını araşdırır.

Yazıçının mülahizələrinə görə müasir uşaq ədəbiyyatında gözə çarpan nöqsanlar aşağıdakılardır:

1. Mövzu məhdudluğu.

2. Yadda qalan uşaq obrazlarının azlığı.

3. Tarixi keçmişimizin zəif təsviri.

4. Elm və texnika yeniliklərinin ədəbiyyatda bəsit işıqlandırılması.

5. Uşaq pyeslərinin dayazlığı.

6. Uşaq əsərlərinin bədii tərtibatının və nəşrinin çox aşağı səviyyədə olması və s.

İ.Əfəndiyev göstərir ki, «nə üçün uşaq ədəbiyyatı yaltaqlıq, ikiüzlülük, paxıllıq kimi pisliklərin üstündən keçir? Yoxsa bizim cəmiyyətimizdə daha belə hallar yoxdur? Əlbəttə, bu cür düşünmək özünü aldatmaq olardı. Geridə qalmış paxıl, xəbis, acgöz idarə başçılarının kölgəsinə sığınan yaltaqların, ikiüzlülərin bizim cəmiyyətimizə vur­duq­ları ziyan kimə mə‘lum deyil?!» Yazıçı qeyd edir ki, uşaq əsərlərinin mövzu dairəsi nə qədər geniş, nə qədər rəngarəng olsa, uşaqların dünyagörüşünə, zehni inkişafına, mə­dəni yüksəlişinə o qədər müsbət tə‘sir göstərir. İ.Əfən­di­yev uşaq yazıçılarına məsləhət görür ki, biz lap körpəlik­dən uşaqlarımızda xəsislərə, satqınlara, Vətənə və xal­qa xəyanət edənlərə qarşı dərin və amansız nifrət oyat­ma­lı­yıq. Biz özünü, öz xalqını, onun böyük idealını, keçmişini, gələcəyini dərk etməkdə uşaqlarımıza kömək etməliyik.

İlyas Əfəndiyevin Azərbaycanda uşaq ədəbiyyatının inkişafı və müasir vəziyyəti haqqındakı bir sıra fikirlərinə, onun müxtəlif illərdə yazdığı digər məqalələrində, görüş, konfrans, plenum və qurultaylarda etdiyi çıxışlarında da rast gəlmək mümükündür.

* * *


Çoxsahəli yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev bir yazıçı kimi ədəbiyyata oçerklə gəlmişdir. Yazıçının ilk mətbu əsəri «Buruqlar arasında» adlı oçerkidir.411938-ci ildə «Yeni yol» qəzetində işə başlayan İ.Əfəndiyevin ilk qələm təcrübələri /«Buruqlar arasında», «Bataqlıq saldatları», «Aşağı mətbuata rəhbərliyi canlandırmalı», «Namuslu fəhlələrin sırasını çoxaltmalı», «Şərəf və iftixar işi» və s./ həmin qəzetdə dərc edilmişdir.

Yazıçı «Buruqlar arasında» oçerkində Bakının 8 nömrəli neft mə‘dənində çalışan fəhlələrin işindən söhbət açır: «Biz mə‘dənlərarası qatardan düşərək sür‘ət­li addımlarla, böyük həvəslə 8-ci mə‘dənə doğru yönəldik.. Sularda səhər günəşinin qızıl saçaqları titrəyir, qara mazutlu kaçalkalar hey qalxıb enir... Buruqların qaramtıl gövdələri sakit bir əzəmətlə dayanmışdır. Ara-sıra avtomobilin tırıltısı eşidilir... Buruqlar arasında gülər üzlü insanlar görünür. Şən söhbətlər eşidilir. Hər gülər üzdə zəhmətə sevgi hissi duyulur». Bu yazıçının öz oxucuları ilə ilk ünsiyyəti idi; burada İ.Əfəndiyev, komsomol briqadasının üzvləri Fərmanov, Ağasıyev, Kulikov, Pirmaqamedov və b. «mərd ürəkli, sağlam bədənli»fəhlələrlə , onların işlərilə bizi tanış edir.

Yazıçı yaradıcılığının sonrakı illərində oçerk janrında xeyli əsərlər yaratmışdır. Bunlardan «Dalğalar səslənən yerdə»,42 «Gəray Əsədov kolxozu»,43 «Əmək adamla­rı»,44 «Şamama Həsənova»,45«Yeni kənd, yeni adamlar»,46 «Fədakar neftçi»,47 «Bizim adamlar»,48 «Pambıq tar­la­la­rı­nda»,49 «Dağlarda sovxoz»,50 «Sosialist şəhəri Sum­qa­yıt»,51 «Mə­nim qohumum çoban Rəşid»,52 «Qubanın bağ­la­rı»,53 «Şöh­rətli di­yar»,54 və s. oçerkləri göstərmək olar ki, onlar İ.Əfəndiyev he­ka­yələrinin bilavasitə davamıdır.

50-ci illərdə respublikamızın həyatında bir sıra mühüm dəyişikliklər baş verir, yeni sənaye və mədəniyyət mərkəzləri yaranır, böyük tikinti və quruculuq işləri həyata keçi­rilirdi. Sumqayıt kimi nəhəng sənaye şəhəri salınır, Daşkəsən filiz mə‘dənləri işə başlayır. Mingəçevir su-elektrik stansiyasının birinci növbəsi tikilib başa çatdırılır. Kəndlərə işıq çəkilir. Uzun illər su üzünə həsrət qalmış taxıl və pambıq tarlalarına, Muğana, Yuxarı Qarabağa suvarma kanalları çəkilir, kəndlər, kolxoz və sovxozlar abadlaşır. Dənizdə neft istehsal olunmağa başlanır. Xəzərdə neft daşları kimi möhtəşəm bir şəhər tikilir. Müharibənin ağır yükünü öz çiyinlərində daşımış zəhmət adamı silahı əmək alətləri ilə əvəz edib yeni şəraitdə böyük ruh yüksəkliyi ilə qurub-yaratmağa başlayır, təsərrüfatın müxtəlif sahələrində istehsalat qabaqcılları , əmək qəhrəmanları, novatorlar ordusu meydana gəlir, onların şöhrəti bütün respublikaya yayılır, insanların dünyagörüşü, həyata münasibəti tamamilə dəyişir, oxucuların bilik səviyyəsi və mə‘nəvi tələbatı da artır.

Əldə edilən bu nailiyyətlər, həyatın güzgüsü olan ədəbiyyatda da öz əksini tapmalı, müasir oxucunun bədii zövqünü oxşayan yeni-yeni əsərlər yaranmalı idi. Xalqın ictimai həyatı, insanların mə‘nəviyyatında baş verən psixoloji dəyişiliklər, fəhlə və kəndlilərin yaradıcı əməlləri, adamların daxili aləmindəki yeniliklər ədəbiyyatda öz bədii həllini tapmalı idi.

Başqa tarixi dövrlərdə olduğu kimi, 50-ci illərdə də ədəbiyyatın ən operativ və fəal janrı olan xırda hekayə və xüsusilə də oçerk həmin mövzulara daha tez-tez müraciət edirdi. Bu janr təkcə nasirlər üçün deyil, eyni zamanda şair və dramaturqlar üçün də bir tribuna rolunu oynayırdı. Bu illərdə oxuculara təqdim olunmuş Ə.Sadıqın «Bəsti», Əbül­hə­sənin «Ağsu», İ.Əfəndiyevin «Şamama Həsənova», İ.Şıx­lı­nın «Daşkəsən», Mir Cəlalın «Yeni kəndin adamları», S.­Rəh­manın «Qüdrət», M.Əkbərin «Sürəyya», Ş.Abba­so­­vun «Ne­ft paytaxtı» və s. oçerklər 50-ci illərdə əmək adam­larının bə­dii obrazını yaradan ən yaxşı əsərlər hesab olunurdu. Bu oçe­rklərdə gözə çarpan əsas cəhət ondan ibarət idi ki, müəl­liflər burada, təkcə qəhrəmanın istehsalatdakı hünə­ri­ni de­yil, eyni zamanda onu canlı bir insan kimi təsvir edir, ar­zu və istəklərini, kollektivdəki münasibət və iş şəraitini də geniş əks etdirir, insanların gündəlik yaradıcılıq fə­aliyyəti, adamların şüurundakı dəyişiliklər konkret fakt­lar əsasında ön plana çəkilir və ümumiləşdirilirdi. Be­ləliklə də oxucu təkcə ayrı-ayrı qəhrəmanlar haqqında deyil, bütünlükdə respublikanın bir sıra əmək kollektivləri, ti­kinti, sənaye və kənd təsərrüfatındakı yeniliklər haqqında geniş mə‘lumat əldə edə bilirdilər.

Həyatın yeni inkişaf sür‘əti İ.Əfəndiyevin qarşısında da yüksək sənət əsərləri yaratmaq, bu inkişafın nəbzini tut­maq tələblərini qoyurdu. Respublikanın ədəbi həyatında fəal iştirak edən yazıçı bütün bu hadisələrdən kənar qala bilməzdi. Fabrik və zavodlarda, kolxoz və sovxozlarda, təsərrüfatın ayrı-ayrı sahələrində yaradıcı əməyi ilə şöhrət qazanmış, öz işləri ilə başqalarına nümunə olan əmək qəhrəmanları İ.Əfəndiyevi də bir yazıçı kimi maraqlandırırdı.

Həyatı dərindən öyrənmək bu illərdə İ.Əfəndiyevin qarşısında duran başlıca məsələ idi. O, yaxşı başa düşürdü ki, oçerkdə yazıçı təxəyyülü mühüm rol oynasa da onu konret hadisə və faktlara əsasən yazmaq olar. Ona görə də İ.Əfəndiyev həmin illərdə respublikamızın bir sıra rayon və kəndlərinə gedir, əmək kollektivləri və ayrı-ayrı əmək qəhrəmanlarının fəaliyyəti ilə yaxından tanış olur, əmək və zəhmət adamlarının həyatına tez-tez müraciət edərək, bir tərəfdən «Yasəmən ağacı», «Qoruqlarda», «Gö­rüş», «Gülaçar», «Su dəyirmanı», «Yun şal», «Şəhərdən gə­lən ovçu» kimi mövzuca rəngarəng, bir-birindən maraqlı hekayələr yazır, digər tərəfdən Azərbaycan ədəbiyyatında oçerk janrının gözəl nümunələri hesab edilən «Şamama Həsənova», «Dalğalar səslənən yerdə», «Bizim adamlar», «Sosialist şəhəri Sumqayıt», «Muğan mübarizədə», «Mənim qohumum çoban Rəşid», «Qubanın bağları», «Fədakar neftçi», «Pambıqçıların sevinci» və s. oçerklərini yaradır. Yazıçı həmin oçerklərində müşahidə etdiyi, görüb və duyub yaşadığı fakt və hadisələri təxəyyülünün süzgəcindən keçirərək oxuculara təqdim etmişdir.

Başqa janrlarda yazılmış əsərlərində olduğu kimi, yazıçının oçerklərində də müasirlik ruhu çox güclüdür. Hə­yat həqiqətlərinə, real materiallara əsaslanan oçerklər­də obrazlılıq, ümumiləşdirmə, tipiklik kimi xüsusiy­yətləri gözləyən müəllif onları bitkin bədii əsər səviy­yəsinə qal­dırmağa çalışır. «başqa ədəbi janrlardan fərq­li olaraq, oçerk həyat həqiqətini konkret faktlar əsasında təsvir edir. Oçerk həyatda baş verən hadisədən, bir qəhrəmanın və ya kollektivin fəaliyyətindən bəhs edir... Lakin oçerkin konkret faktlar əsasında yazılması o demək deyildir ki, burada bədii ümumiləşdirmələr olmur, yalnız faktlar və dəlillər sadalanır, həyat həqiqəti mexaniki surətdə əks etdirilir... Oçerk müəllifi əsər üzərində işləyərkən baş­qa ədəbi janrlara məxsus təsvir vasitələrindən bacarıqla istifadə etməlidir. Sənətkar oçerkist öz əsərini yüksək bədii bir dillə yazmalı, ayrı-ayrı qəhrəmanları onların xarakteri və dünyagörüşünə uyğun olaraq danışdırmağı bacarmalı, gözəl təbiət təsvirləri yaratmalıdır».55

Yazıçının hekayələrində olduğu kimi oçerklərində də mövzu rəngarəngliyi qabarıq şəkildə özünü göstərir. «Paris kommunası» adına zavodun gəmi tə‘mirçiləri, gecəsini gün­düzə qatan Bakı neftçiləri, ağ qızıl tayaları ucaldan Ağ­daş və Yevlax pambıqçıları, yeni şəhər salan Sumqayıt in­şa­­atçıları, Daşkəsən filizçıxaranları, Quba bağbanla­rı və Lənkəran çayçıları həmin oçerklərin qəhrəmanlarıdır.

Mövzu müxtəlifliyinə baxmayaraq bu əsərlərin hamısının mərkəzində əməkçi insanın canlı obrazı ucalır. Digər tərəfdən, həmin əsərlərdə gözə çarpan əsas cəhət ondan ibarətdir ki, yazıçı heç bir oçerkində «tam istehsalat» əs­ə­ri yaratmağı qarşısına məqsəd qoymur; burada hər hansı bir za­vod, fabrik, kolxoz və sovxozun təsərrüfat sahəsi təsvir olunsa da, oçerkin mərkəzində qurub-yaradan əmək adamının həyatı, onun insanlarla qarşılıqlı münasibəti, keçdiyi öm­ür yolu, taleyi ön plana çəkilir. Yazıçı cansıxıcı rəqəmlər­lə, plan və öhdəliklərin yerinə yetirilməsinin təsvirilə, gu­rultulu cümlə və ifadələrlə oxucunu yormur. Düzdür, bütün oçe­rklərin mərkəzində bu və ya digər bir təsərrüfatın müx­tə­lif sahələri təsvir edilir. Lakin yazıçı mövzu ətrafın­da bir neçə cümlə, bir-iki rəqəm, bə‘zi məsələlər şərh edil­dik­dən sonra, xarakterlərin açılmasına, müxtəlif təsvir­lərə üstünlük verir, bədii əsər üçün xarakterik olan təsvir vasitələrinə keçir, məsələləri ümumiləşdirməyə çalışır.

İ.Əfəndiyev «Dalğalar səslənən yerdə»56 oçerkində təkcə Bakıda deyil, bütün İttifaqda ən böyük gəmi tə‘miri zavodlarından biri olan, 1947-ci ildə Dəniz Donanması Nazirliyi üzrə 1-ci yer tutmuş «Paris Kommunası» zavodunun əmək kollektivinin fəaliyyətini qələmə almışdır : «Biz icazə vəsiqəsini göstərib zavoda daxil olduq. Yağış çiskinləyir. Soyuq külək özünü ora-bura çırparaq qeyzlə uğuldayırdı. Dalğalar bir-birinin ardınca şığıyaraq sahilə dəyib qəzəblə gurlayır. Adamlar, heç bir şeyə əhəmiyyət verməyən bir nəhəng kimi, sükut içində dayanmış gəminin ətrafında ora-bura qaçır, onu sür‘ətlə tə‘mir edirlər. Vaxt azdır! Gəmi tezliklə dənizə qayıtmalıdır». Belə bir mə‘­lu­matdan sonra yazıçı zavod rəhbərliyi ilə söhbətini verir. - «Siz yazıçılar nəzərdən qaçırırsınız ki, siz bir roman və pyes yazıb qurtarana qədər bizim həyatımızda çox şey dəyişir. Demək istəyirəm ki, biz hər saniyə, hər dəqiqə irəli hərəkət edirik! Bu gün gördüyünüz sex, dünənki deyil. Bugünkü fəhlə ilə üç ay bundan sonra gələcək fəhlə arasında fərq vardır. Siz yazıçılar ilhamla yazdığınız kimi, biz də ilhamla işləyirik. Bizim də əməyimiz yaradıcıdır».

Yazıçı burada, zavodun istehsalat problemlərindən daha çox insanlarla, onların arzu və istəklərilə oxucunu tanış edir. Yazıçı «Bizim adamlar»57oçerkində də eyni yolla gedir. Gündəlik planı 250 faiz yerinə yetirən Şmidt adına zavodun müxtəlif sexlərilə, oradakı iş prosesilə bizi tanış etməzdən əvvəl uca boylu, pəhləvan kimi sağlam, möhkəm əzələli fəhlələrdən söhbət açır. Texnikanın son nailiyyətləri əsasında tikilmiş bu nəhəng zavod neft mə‘dənləri üçün ləvazimat istehsal edir. Yazıçı neft sənayesinin inkişafında zavodun rolundan danışır, ayrı-ayrı sexləri gəzir, «od püskürən sobadan yaşıla çalan odlu maye axaraq ətrafa qığılcımlar saçır, qəliblərə tökülərək neft sənayesi üçün mühüm bir alətə çevrilir» - deyərək öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirən fəhlələrin polad əritdikcə özlərinin də polad kimi bərkidiklərini göstərir. İ.Əfəndiyev hələ 1944-cü ildə demişdir: «Ədəbiyyata gəldiyim ilk gündən məni bir yazıçı kimi narahat edən, mənə yaradıcılıq ilhamı verən, əsasən insanın şəxsi taleyi olmuşdur».58 Bu mə‘nada «Fədakar neftçi», «Yeni şəhərdə», «Pambıqçıların sevinci», «Yeni kənd, yeni adamlar», «Mənim qohumum çoban Rəşid», «Şöhrətli di­yar» və s. oçerklərdə İ.Əfəndiyev əmək qəhrəmanının canlı obrazını yaradan bir yazıçı kimi diqqəti cəlb edir. «Zəhmət adamının yaradıcı əməyi Abşeronun sərt təbiətini dəyişir, qumsal torpaqlardan bir-birinin ardınca cavan bağlar göylərə qalxır. Sumqayıta yaxınlaşdıqca böyük bir yaradıcı həyat bütün əzəmətilə adamın gözləri qarşısında canlanmağa başla­yır...­Küçələr adamla doludur. Tikinti materialları yüklənmiş ma­şınlar sür‘ətlə ora-bura gedir, adamlar haraya isə tələsir. Hamının üzündə gümrah, işgüzar bir ifadə var. Tikilməkdə olan Sumqayıtın iş sür‘əti hər addımda hiss olunur».59

Yazıçı «Yeni kənd, yeni adamlar» adlı oçerkində...60 göstərir ki, son üç ildə Ağdamda yüz qırx bina tikilmiş, 150 ev yenidən təmir olunmuşdur. Yeni mehmanxana, böyük mədəniyyət sarayı, hamam, yay kino teatrı, 45 min cücə çıxaran inkubator stansiyası tikilmişdir, dörd yeni park salınmışdır. Mərkəzi küçələrin o tərəf - bu tərəfində ağaclar əkilmişdir. Bu ağaclar indi qol-budaq ataraq baş-başa verib küçənin üzərini yaşıl çadır kimi tutmuşdur... Ağdam gündən-günə tərəqqi edir. Burada müəllimlər institutu, kənd təsərrüfatı texnikumu, pedaqoji məktəb, onillik məktəblər və s. vardır» - kimi mə‘lumatlar verməzdən əvvəl səhərin təsvirilə oxucuları tanış edir - «Yevlax səhər yuxusundan oyanır. Küçələr sərin bir kölgə içindədir. Hava təmiz və aydındır, keçmiş illərdə olduğu kimi tozla dolu deyildir. Buna səbəb Yevlağın son illərdə xeyli yaşıllaşması, küçələrinin asfalt olmasıdır...»

Yazıçı həmin əsərlərində təsvir etdiyi sahəyə aid bir sıra rəqəmlər və faktlarla oxucuları tanış etsə də əsas fikri - «Dərin dərələr kimi sonsuz görünən mavi səmanın altında hər mövsüm bir don geyən bu yerlər indi başdan-başa ağ pambıq açmışdır. Sanki payız, üfüqlərin libasını hədsiz-hesabsız ağ güllərə bəzəmişdir. Zenitdə yanan payız günəşi bu ağ güllərə göz qamaşdırıcı bir parlaqlıq verir. Al-əlvan paltarlı qız-gəlinlər pambıq yığırlar»61 - kimi təsvirlərə yönəldir. O, daha çox qız-gəlinlərin həyat tarixçələrini səhifələyir, onların hər biri haqqında yığcam mə‘lumatları ümumiləşdirir. Bütün bunlar isə həmin oçerklərin maraqlı bir ovqat oyatmasına, onların həvəslə oxunmasına səbəb olur.

İ.Əfəndiyev özünün bir sıra hekayə, povest, roman və pyeslərində zəhmət adamının onlarla canlı, bədii obrazını yaratmışdır. Lakin əmək adamının bilavasitə istehsal sahəsindəki hünərini, quruculuq işlərini, onun canlı obrazını yaratmaq üçün oçerk janrına müraciət etmiş, bu janrın imkanlarından istifadə edərək bir sıra yaddaqalan, qiymət və əhəmiyyətini bu gün də itirməyən əsərlər yazmışdır ki, bunları yazıçının hekayə yaradıcılığından, ümumiyyətlə bədii nəsrindən ayırmaq olmaz.

Müharibədən sonrakı illərdə respublikada yaranmış ədəbi prosesə nəzər saldıqda, bədii nəsrin sür‘ətli inkişafı nəzər-diqqəti cəlb edir. Mövzu dairəsi genişlənmiş bu janrın ideya və sənətkarlıq səviyyəsi də xeyli yüksəlmişdi. Bu illərdə meydana gəlmiş «Abşeron», «Gələcək gün», «Müha­ri­bə», «Gülşən», «Uzaq sahillərdə» və s. əsərlər Azərbaycan ədə­biy­yatının şöhrətini dünya miqyasına çıxarmışdır. Bu dövrdə İ.Əfəndiyevin ailə-məişət və əxlaq məsələlərinə həsr etdiyi hekayələrdə insanlar arasındakı yeni münasibətlər, onların zəngin daxili aləmi yüksək ustalıqla öz bədii həllini tapmışdır.

Qələmini hansı janrda sınamasından asılı olmayaraq İ.Əfəndiyev orijinal yaradıcılıq yolu keçmişdir. Bu, konkret mərhələdə onun orijinallığı, ilk növbədə nəsr yaradıcılığında, xüsusilə də xırda, lirik hekayələrində qabarıq şəkildə özünü göstərir. «Ceyran ovu» /1947/, «Yasəmən ağacı» /1948/, «Görüş» /1951/, «Gülaçar» /1953/, «Su dəyirmanı» /1954/, «Yaylaq qonşumuz» /1955/, «Şəhərdən gələn ovçu» /1956/, «Yun şal» /1957/, «Qırçı və qırmızı çiçək» /1962/ və ca­n­lı həyat lövhələrini əks etdirən onlarla bu kimi hekayələr müasir Azərbaycan nəsrinin gözəl nümunələri hesab edilə bilər. Yaradıcı əmək, insanın zəngin daxili aləmi, onun yenil­məzliyi, ilahi qüvvəyə malik olan saf məhəbbətin tərən­nümü, yeniliklə köhnəlik arasında barışmaz mübarizə, xeyir­xah hisslərin möhtəşəmliyi- həmin hekayələrdə yazıçını ma­raqlandıran və narahat edən əsas mövzulardır. Təhkiyənin şirinliyi, dilin təmizliyi və sadəliyi, hadisələrin cazibəli axarı bu əsərləri oxunaqlı edən əsas xüsusiyyətlərdir.

Yazıçının hər bir hekayəsi maraqlı bir hadisəyə, real həyati fakta əsaslanaraq qələmə alınmışdır.

Dinləyicilərin hörmətini qazanmış məşhur müğənni Sə­nubər xəstələnərək səsini itirir. Sənət aşiqi olan mü­ğənni bu ağır zərbədən bədbinləşir - səsi tutulmuş sənət­kar kimə lazımdır. - deyir. Bundan sonra o nə etməlidir? Sə­nubər özünü itirmir, buna mətanətlə dözür. Mühəndis əri ilə ucqar dağ rayonlarından birinə gedir. Kiçik kitabxanada işə düzələn xanəndə yerli mühitə tezliklə alışır. Kəndin is­te‘­dadlı gənclərini - tar çalan Çərkəzi, qaval vuran Səftəri, rəqs oynayan Kərim və Sonabəyimi öz ətrafına toplayır, öz­fə­aliyyət kollektivi yaradıb onlarla işə başlayır, mədəni təd­birlər, konsertlər təşkil edir. Böyük iste‘dada və bacarığa malik olan gənc kolxozçu qız Gülaçara müğənniliyin sirrlərini öyrədir.

Yazıçı, rayon mərkəzindən uzaqda, dağ kəndlərinin birində yeni salınan qəsəbənin tikinti sahəsində «balaca bir mədəniyyət mərkəzi» yaratmış Sənubərin fəaliyyətini belə təsvir edir: «Gənclər işdən sonra qiraətxana yerləşən böyük çadıra, Sənubərin başına yığışırdılar. Onlar burada kitab, qəzet oxuyur, radioqəbuledicidə verilən konsertlərə, siyasi xəbərlərə qulaq asırdılar. Sənubər bu gənclərin arasında özünü xoşbəxt hiss edər, gəzib-gördüyü şəhərlər haqqında, böyük artistlərin, məşhur xanəndələrin həyatı haqqında onlara maraqlı söhbətlər edərdi. Bə‘zən sevdiyi hekayə və şe‘rləri onlar üçün oxuyardı... Tikinti rəisi Əşrəf Sultanov də boş vaxtlarında çadıra gəlib Sənubərin söhbətlərinə qulaq asar və təzə çıxan kitabların hamısını şəhərdən aldırıb qiraətxana üçün gətirdərdi...»62

Gənc müğənni Gülaçar böyük uğurlar qazanır, onun haqqında mərkəzi qəzetlərdə məqalələr çap olunur, zəhmətkeşlər qarşısında müvəffəqiyyətlə çıxış edir, tikinti kollektivinin qərarı ilə onu Bakıya musiqi məktəbinə oxumağa göndərirlər. Yetişdirməsinin uğurları, alqışlarla qarşılanması Sənubərə öz dərdini unutdurur. «Gülaçar» hekayəsinin qısa məzmunu belədir.

1954-cü ildə qələmə alınmış və yazıçının yaradıcılığında mühüm yer tutan, məhəbbət haqqında lirik poemanı xatırladan «Su dəyirmanı»63 hekayəsində yeniliklə köhnəliyin mübarizəsi, kəndin iqtisadiyyatı və mədəni sahədəki tərəqqisi, insanlar arasında münasibətlər yüksək bir sənətkarlıqla təsvir olunmuşdur. Əsərin qəhrəmanı Eyvaz də­yirmançı Musanın qızı, «kəndin ən ağıllısı, ən gözəli» olan Bəyimi sevir. Qız ona könül verir, lakin qəti cavabda tələsmir. «Kəndin iki yaxşı oğlanından birisisən, ancaq ...qoy mən bir az fikirləşim» - deyərək Eyvazı «bir əsrdən çox gözləməyə» məcbur edir. Belə bir vaxtda kəndə ali təhsilli bir mühəndis - Humay gəlir. Kəndə gəldiyi ilk gündən əhalinin iqtisadi və mədəni həyatilə maraqlanır, bir sıra dəyişiliklər etmək üçün müxtəlif səmərələşdirici təkliflər irəli sürür. Musa kişinin uzun illərdən bəri işlədiyi köhnə su dəyirmanını söküb, əvəzində daha məhsuldar və əlverişli elektrik dəyirmanı tikmək təklifini irəli sürür. Bundan sonra mühəndis Humayla dəyirmançı Mu­sa kişinin arası bərk dəyir. On illərlə işlədiyi su dəyir­manı olmadan Musa kişi necə dolanacaq? Əsərdəki konf­likt bununla bitmir. Humay dəyirmançının qızı Bəyimə eşq e‘lan edir, qızın atasının isə onu görməyə gözü yoxdur. He­kayədə münasibətlər ciddiləşir, kəskin bir xarakter alır və ... yeniliyin qələbəsi ilə yekunlaşır, məhəbbət qələbə ça­lır: atasının e‘tirazına baxmayaraq qız mühəndisi sevir, onlar evlənirlər. Su dəyirmanı sökülüb əvəzində yeni elektrik dəyirmanı tikilir. Yenilik köhnəliyə qalib gəlir.

Hekayənin ana xəttini təşkil edən Eyvaz - Bəyim - Humay xətti böyük sənətkarlıqla işlənilmişdir. Bu gənclər üçün səciyyəvi olan mə‘nəvi saflıq, nəcib və xeyirxah hisslər, sağlam düşüncə, hər birinin yenilik hissilə yaşamaları, onları «müsbət qəhrəmanlar» kimi xarakterizə etməyə imkan verir. Lakin hekayədəki bə‘zi məqamlar - Bəyimin Humayı tanımadan, kəndə gəldiyi 2-3 gündən sonra ona «hə» cavabı verməsi, illərlə tanıdığı Eyvaza isə «səni bir qardaş kimi istəmişəm» deməsi, qızın belə tezliklə ər evinə getməsi «məişətdə inqilab» hesab edilsə də mövzunun bədii inkişafı natamam görünür.

Məhəbbətin tərənnümünə Azərbaycan ədəbiyyatında az əsər həsr olunmamışdır. Bu mövzuda yazılmış əsərlərdən danışarkən İ.Əfəndiyevin «Yun şal» hekayəsinin adını bi­rincilər sırasında çəkməli oluruq. Lirik bir şe‘ri, məlahətli bir nəğməni xatırladan «Yun şal»-da təsvir edilən Südabə və Cəmilin taleyi, onların bir-birinə olan münasibətləri bədii bir axıcılıqla qələmə alınır, oxucunun qəlbinə bir hərarət, istilik gətirir.

Tələbəlik illərində bir-birini sonsuz məhəbbətlə sevən bu iki gənc, Cəmilin «günahı» üzündən vaxtında bir-birinə qovuşa bilməsələr də, Südabənin toxuduğu və anasına göndərdiyi şal bu gecikmiş məhəbbətin reallaşması üçün bir vasitə rolunu oynayır. Cəmil elmi axtarışlarından, şəhərdəki məs‘ul vəzifəsindən əl çəkib Südabənin yanına fermaya işləməyə gəlir.

Südabə qaranlıq qış gecəsi yol gedən Cəmili çıraqla yola salır: «Özünü gözlə! Əgər yolu itirsəniz, mənim işı­ğı­mı tuş tutub geri qayıdın. Çırağı səhərə qədər söndür­mü­rəm. Bizim işıqlar lap Bakı yolunacan görünür».64Cəmil gedir, lakin yolu azmır. Bakıya çatan kimi iş yerini dəyişmək üçün ərizə verib Südabənin yanına tələsir:«Mən irəlilədikcə ...qaranlıq düzdə tək bir işıq qaldı və mən o tək işığı tuş tutaraq, heç yerdə azmadan düz gəlib fermaya çıxdım».

Oxucunun hekayədən çıxardığı əxlaqi nəticə ondan ibarətdir ki, hər kəs həyatda öz işığını tapmalı və enişli-yoxuşlu, qaranlıq həyat yollarında bu işığı tuş tutaraq inamla irəliləməlidir !

İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan mə‘­nə­vi təmizlik, əxlaqi saflıq, nəcib hisslərin tərənnümü, gəncliyin mə‘nəvi dünyasının bədii təsvirinin ön plana çəkilməsi həmin hekayə üçün də xarakterikdir.

Məhəbbət və əmək İ.Əfəndiyev hekayələrinin baş məf­humlarıdır. Yazıçıya görə insan məhəbbət və əməklə yüksəlir. Gənclərin xoşbəxtliyi də bu iki amildən çox asılıdır. Ona görə də ədib gənclərin obrazını yaradarkən onları istehsalatda, iş mühitində, qarşılıqlı sevgi-mə­həbbət «yol­la­rın­da» təsvir etməyə üstünlük verir. Əgər yazıçının qəhrəmanı fiziki cəhətdən kamildirsə, o həyatda əməklə yüksələ bilirsə deməli. məhəbbət sarayının qapılarını da uğurla açıb xoşbəxt ola biləcəkdir...Gənclərin belə bir mühitdə təsvirinə biz real həyat materialı əsasında işlənilmiş «Qırçı və qırmızı çiçək» hekayəsində də rast gəlirik. Həyat tarixçələri və taleləri müxtəlif olan üç adamın həyatından, eyni zamanda bunların hər birinin təsvirindən daha çox yazıçı tərənnümünə «mə‘ruz» qalan, hekayəyə daha çox lirik ovqat bəxş edən qızıl çiçək obrazından söhbət açan «Qırçı və qırmızı çiçək» hekayəsi də oxucuların qəlbinə möhkəm həkk olunmuşdur. Burada yazıçı qoca qırçı usta, onun cavan şagirdi və «başına qırmızı lent bağlamış» bəstəboy sevgilisi ilə bizi tanış edir. Lakin ədib canlı insan obrazlarından daha çox, qalın asfalt küçəni deşib çıxan və yaşamaq haqqını tələb edən kövrək və zərif bir çiçək obrazını ön plana çəkir. Bu çiçəyin zərifliyi və incəliyi yazıçı qələmindən süzülərək hekayənin özünə də keçmişdir: Qoca tənbəki kisəsini çıxarıb tələsmədən qəlyanını doldurdu. Elə bu zaman onun gözləri qırın üstündə bitmiş balaca, qırmızı çiçəyə sataşdı. Qırın əl boyda bir yerindən azca yumurlanıb qalxaraq partlamış və onun ortasından həmin çiçək çıxmışdı. Günəşin təzə işığı altında bu çiçək qırın üstünə düşmüş yaqut kimi alışıb-yanırdı. Yenicə açılmış kiçik, incə yarpaqlar onu qayğı ilə dövrəyə almışdı».65

Qoca usta asfaltı deşib çıxan bu çiçəklə qızın qoluna girib qır tiyanında uzaqlaşan şagirdin hərəkətində bir oxşarlıq, qanunauyğunluq görür. «Qalın asfalt təbəqəni zərif vücudlu çiçəyin deşib yaşamağa can atması, işığa və günəşə boylanması ilə insan həyatı və fəaliyyəti, duyğu və fikri arasında assosiativ yolla bir əlaqə mövcudluğu yaradılır. Bu qədər incə bir çiçəyin varlığında duyulan və görülən qüdrət əsərin ideyası ilə səsləşib, onun ifadəsi üçün münasib başlanğıc, bədii istinad və çıxış nöqtəsi olur».66

Qələmə aldığı həmin hekayələrilə İ.Əfəndiyev nəsrimizə saf hava, poetik ruh, zəriflik gətirmişdir. Yazıçının hekayələrindən söhbət açan Yaşar Qarayev yazır: «İlyas Əfəndiyevin iri nəsr formalarına qədərki əsərləri içərisində iki hekayə xüsusi maraq doğurur. «Yun şal», bir də «Qırçı və qızıl çiçək» -hər iki hekayədə sərlövhədən finaladək sanki yalnız işıq və hərəkət ifadə edən söz, detal və cizgilər bir yerə toplanmışdır. Əvvəldən axıra qədər oxucu üç adi, lakin həm də simvolik obrazdan - yun şal, ixtiyar qırçı və qızıl çiçəkdən yayılan poetik rayihənin ab-havasında nəfəs alır».67

Hekayə ustası İ.Əfəndiyev ilk əsərini dərc etdirdiyi 1939-cu ildən bu janrda son hekayəsini oxuculara təqdim et­diyi 1994-cü ilə qədər çox uzun, məhsuldar və çoxsahəli ya­ra­dıcılıq yolu keçmişdir. Bu yolun başlanğıcında «Ber­lində bir gecə», yolun bu biri başında isə «Hacı Axundun cənnət bağı necə oldu» hekayəsi durur. Həmin iki hekayənin həcmi, sənətkarlıq səviyyəsi, mövzusu və süjet xətləri müx­təlif olmasına baxmayaraq, onları birləşdirən ümumi cəhətlər də var: insan xarakterlərinin dolğunluğu, hadisələ­rin poetik təsviri, bədii materialların lirik-psixo­loji təqdimatı və ən nəhayət, şirin təhkiyə üsulu.

Müəllif adını çəkdiyimiz son hekayəsində «dünyanın cən­nət guşəsi olan» Şuşa şəhərilə bağlı uşaqlıq və gənclik illərini yada salır: «Bahar vaxtı bağa girəndə bu çiçəklər ətrinin simfoniyası adamı bihuş edirdi. Bağ sanki yer üzündə yaranmış cənnətə dönürdü. Lakin bu cənnəti allahlıq iddiasında olan və yer üzündə özü cənnət yaratmaq istəyən Misir fir‘onunun əmri ilə qullar yaratmamışdı! Yer üzündəki bu cənnət bağını Şuşa qalasındakı «Təzə Pir» məscidinin baş ruhanisi Axund Hacı Molla Şükür öz əli ilə əkib becərmişdi».68

Bir sıra başqa əsərlərində olduğu kimi bu hekayəsində də İ.Əfəndiyev təbiət təsvirlərinə geniş yer verir, gözəl peyzaj yaradır : «Bu bağda dünyanın ən gözəl qızılgülləri, sənubərləri, xan qızı Natəvanın tərənnüm etdiyi qərənfillər, uca alma, armud, gilas ağacları bitmişdi. Yazda əvvəl qızılgüllər, yasəmənlər, qərənfillər açırdı. Sonra alma, armud, gilənar ağacları çiçəkləyirdi. Bu ağacların hər birinin meyvəsinə görə çiçəkləri də bir cür ətir saçır, bir cür rəng çalırdı. Alçanın çiçəkləri dümağ, heyvanın çiçəkləri çəhrayıya çalırdı».69

Hekayədə biz xalqımızın zəngin adət-ən‘ənələri ilə sıx bağlı olan Hacı Axundun qollu-budaqlı ailəsi ilə, bu evin xanımları Bilqeyis və Fatma ilə, Əfəndi baba ilə, Axundun nəvəsi, el gözəli Səriyyə ilə tanış olur, respublikada bolşevik rejimi qurulduqdan sonra, bu ailənin başına gətirilən minbir faciə ilə rastlaşırıq: Hacı Axundun var-dövləti əlindən alınır, mülkü, imarəti talan edilir, övladı xalq düşməni kimi güllələnir. Yazıçı bir ailənin təsviri ilə xalqın başına açılan ağlasığmaz oyunları yada salır, sonluqda, o böyük ailənin indi sağ qalmış yeganə nəvəsi , «cənnət bağının mələyi» Səriyyə ilə bizi daha yaxından tanış etməklə bolşevik sisteminə oxucuda qəzəb və nifrət oyadır. İndi Səriyyə « o cənnət bağını viran qoyan ağalara kölə olub, bu başkəsənlər üçün ləzzətli xörəklər bişirir!» İ.Əfəndiyev hekayəni lirik-romantik bir sonluqla başa vurur. «Mətbəxin böyründən keçərkən açıq pəncərədən ayaqüstə dayanaraq stolda nə isə doğrayan ucaboylu, ağ döşlüklü aşbaz qadını gördüm. O, qara gözlərini qaldırıb mənə tərəf baxdı. Bu, Səriyyə deyildi...Bu, əziyyət, təhqir dünyasından baxan, əzablar içində bişmiş bir məxluq idi. O məni tanımasın deyə tələsik keçib getdim. Onun məni tanımaqla sinəsindəki yaraların qövr etməsini istəmədim. Bu, Səriyyə deyildi. Hacı Axundun cənnət bağının gözəllikləri ilə birlikdə mələklər o Səriyyəni də göylərin əbədiyyətinə aparmışlar...»

İlyas Əfəndiyevin hekayələri bir yazıçı kimi ona böyük hörmət qazandırmışdır. Anadan olmasının 80 illiyi münasibətilə dövri mətbuat səhifələrində dərc olunmuş məqalələrin birindən gətirdiyimiz aşağıdakı fikirlə biz də tam razıyıq: «Əsl yazıçının, qələm əhlinin iste‘dadı, böyüklüyü onun yazdığı əsərlərin sayı, həcmi ilə deyil, yaratdığı əsərlərin bədii dəyəri, mə‘na tutumu ilə ölçülür. Bu baxımdan İ.Əfəndiyev xoşbəxt sənətkardır. O romanları, povestləri, pyesləri bir yana, təkcə ayrı-ayrı mövzularda yazdığı əvəzsiz hekayələri ilə ədəbiyyat tariximizdə çoxdan öz layiqli yerini tapmaq haqqını qazanıb».70


Yüklə 399 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin