Mən” obrazı Gənclik sosial-psixoloji hadisə kimi


Mənlik şüuru və onun əsas xüsusiyyətləri



Yüklə 101,77 Kb.
səhifə4/7
tarix16.12.2023
ölçüsü101,77 Kb.
#183681
1   2   3   4   5   6   7
SevincHəsənovaPsixologiya

Mənlik şüuru və onun əsas xüsusiyyətləri
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi ilə bağlıdır. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir:
İnsan özünü bütün ətraf aləmdən, yəni “mən”ini, “qeyri-mən”dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.
1. “Mən obraz” – insanın özü haqqında təsəvvürləri (buna başqa sözlə psixoloji avtoportret də deyilir.)
2. Özünüqiymətləndirmə – insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirməsi.
3. Potensial davranış reaksiyaları – insanın “Mən obrazı” və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
“Mən”in kəşf olunması.
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun mənbəyi, qaynaqları əvvəlki yaş dövrlərinə təsadüf edir.
Müasir psixologiyada mənlik şüurunun formalaşması prosesinin köklərini araşdırarkən, birinci növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Körpə uşaq doğrudan da özünə güzgüdə və ya fotoşəkildə nə vaxt tanımağa başlayır? Bu suala cavab vermək heç də asan deyildir. Əgər 1-2 yaşlı uşağın güzgü qarşısında o turdub ondan: “Bu kimdir?” – deyə soruşsaq – o, düzgün cavab verməyə də bilər. Təkcə bu fakta əsasən demək olarmı ki, uşaq özünü güzgüdə tanımır? Şübhəsiz ki, demək olmaz. Çünki, uşağın suala cavab verə bilməməsi başqa amillərlə, məsələn, onun nitqinin inkişaf səviyyəsi ilə bağlı ola bilər. Lakin fakt faktlığında qalır: müşahidələr göstərir ki, uşaqlar özlərini hələ körpəlik yaşında güzgüdə tanıyırlar, lakin özlərinin özləri haqqındakı təəssüratını sadəcə olaraq sözlə ifadə edə bilmirlər. Bəs, körpə uşağın güzgüdə özünün tanımasını nitq vasitəsi ilə deyil, başqa yollarla, qeyri-verbal yolla necə təsbit etmək olar?
16-22 aylıq uşaqlarda eksperimentlər aparılmışdır. Ana uşağın üzünü silərkən barmağı ilə onun burnuna qırmızı rəng vurur. Uşağı güzgünün qarşısında otururdurlar. Əgər uşaq əlini güzgüdəki şəklə deyil, öz burnuna vururdusa psixoloqlar bunu uşağın güzgüdə özünü tanıması əlaməti hesab edirdilər. Eksperiment prosesində 16 aylıq uşaqlardan heç biri əlini burnuna toxundurmur. Halbuki, 22 aylıq uşaqlardan hamısı əlini burnuna toxundururdu.
Müəyyən olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18 aylıq olanda tanıyırlar. Özünü güzgüdə tanımaq 22 aylıq uşaqlar üçün artıq adi işdir.
Uşaqlarda idrak prosesləri inkişaf etdikcə onların özləri haqqındakı təsəvvürləri mürəkkəbləşir. Nitqin rolunu bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, uşağın öz “mən”ini ifadə etməsi nitqin inkişafı ilə bilavasitə bağlıdır.
2 yaşdan uşaq təxminən 200-300 söz bilir. 3 yaşında onun fəal lüğət ehtiyatı bir il ərzində təxminən 5 dəfə artır: 1200-1500 sözə çatır. Uşağın uşağın nitqində “mən” şəxs əvəzliyi daha geniş və qrammatik cəhətdən düzgün işlənməyə başlayır. Məs; 2 yaşındakı uşaq “Lalə qaçdı”, “Lalə yıxıldı” kimi ifadə edirdisə, 3 yaşın əvvəllərindən etibarən “Mən qaçdım”, “Mən yıxıldım” deyir.
Adın “mən” şəxs əvəzliyi ilə substantivləşməsi uşaqlarda mənlik şüurunun formalaşması, xüsusilə onların şüurunda əmələ gələn keyfiyyət dəyişikliklərinin (özünü başqalarından fərqləndirməsi, başqaları ilə müqayisə etməsi və s.) tədricən öz əksini nitqində tapması baxımından son dərəcə maraqlıdır. Bu əsasda da uşağın yaşlılarla qarşılıqlı münasibətdə mürəkkəbləşir, onun davranışında şəxsiyyət amili mühüm əhəmiyyət kəsb etməyə başlayır. Balaca oğlan və ya qıza elə gəlir ki, o, hər şeyi edə bilər. Bu yaş dövründə “mən özüm” uşağın ən mühüm və başlıca tələbinə çevrilir. Lakin yaşlılar uşağın bu tələbinə əhəmiyyət vermədikdə, o, şıltaqlıq və tərslik etməyə başlayır ki, bu da “3 yaş krizi” və ya böhranın psixoloji mənzərəsində əsas yer tutur.
6 yaşında özünü göstərən mühüm xüsusiyyətlərdən biri uşaqlarda “bədənin sxemi” haqqındakı təsəvvürlərin formalaşması ilə əlaqədardır. Müəyyən edilmişdir ki, 6 yaşından sonra cərrahiyə yolu ilə barmağı, əli, ayağı və s. kəsilmiş pasientlərin demək olar ki, hamısı bədənin müəyyən bir hissəsinin çatmadığını hiss edirlər. Halbuki, 6 yaşına qədər barmağı və ya əli kəsilmiş, eləcə də anadan barmaqsız, əlsiz və ya ayaqsız doğulmuş adamlarda belə bir duyğu müşahidə olunmur. Beləliklə də fantom duyğular 6 yaşdan sonra, yəni bədənin sxemi haqqındakı təsəvvürlər formalaşandan sonra əmələ gəlir.
Uşağın özünü məhz perseptual obyekt kimi fərqləndirməsi və bədənin sxeminin formalaşması onda həyat zonaları haqqında təsəvvürlərin formalaşması üçün əlverişli şərait yaradır. “Yaxşı nədir, pis nədir” mövzusunda uşaqlarla aparılan söhbətlər onların müvafiq təsəvvürlərini daha da dəqiqləşdirir. Valideyn “paltarını geyin, eyibdir” , “ora getmə, oğlanlar çimir” kimi qısa, aydın, lakin emosional boyalarla zəngin irad və tövsiyyələrlə uşaqlarda yeni əmələ gələn həya hissinə istiqamət verir. Bu zaman yaşlılar uşaqların diqqətini daha çox davranış və rəftarın mənəvi tərəflərinə cəlb edirlər. “Paltarını gey, eyibdir” əmrinin əxlaqi mənası da məhz bundan ibarətdir.
Uşaqlar öz hərəkətlərinin mənəvi tərəfini dərk etdikcə, onların yaşlılarla və yoldaşları ilə münasibətləri daha da mürəkkəbləşir. Onların ünsiyyət və rəftarı, necə deyərlər “mənəvi meyarları” müəyyən olunmağa başlayır. Bu baxımdan kiçik məktəbli yaşı dövründə mühüm dəyişikliklər baş verir.
Kiçik məktəblilərdə əmələ gələn yeni xüsusiyyətlərdən biri refleksiya ilə bağlıdır. Onlar özlərinin fikir və əməllərinə bir növ kənardan baxmağa, öz hərəkət və əməllərini başqalarının gözü ilə qiymətləndirməyə başlayırlar. Bu əsasda da kiçik məktəblilərdə refleksiya formalaşır.
Refleksiya, qeyd edildiyi kimi, özünüdərketmə prosesidir. Bu o deməkdir ki, refleksiyanın yaranması ilə mənlik şüurunun formalaşmasında keyfiyyətcə yeni mərhələ başlayır. Həmin mərhələ isə kiçik məktəbli yaşına təsadüf edir.
Refleksiyanın əmələ gəlməsi ilə kiçik məktəbli özünün fikir və əməllərini obyektiv surətdə təhlil etməyə başlayır. Onun başqa adamlarla qarşılıqlı münasibətlərinin xarakteri dəyişir. Bu baxımdan qızlarda həya hissinin özünəməxsus təzahür formaları haqqında V.A.Suxomlinskinin müşahidələri maraqlıdır. O, “Vətəndaşın doğulması” kitabında yazır: “Qızların və oğlanların cinsi yetişkənliyinin eyni vaxtda başlamaması tərbiyə işini həm də ona görə yüngülləşdirir ki, qızlar oğlanlardan utanırlar. Aşağı sinifdə uşaqlar yayda bir yerdə çimirdilər, gölün sahilində həvəslə qaçır, nəm qumdan müxtəlif tikintilər qurur, suda oynayırdılar. Lakin qızlar üçüncu sinifi bitirdikdən sonra təkliyə can atmağa başladılar. Oğlanlar qızların onlarla bir yerdə çimmək istəməmələrinin səbəbini başa düşmürdülər. Oğlanlardan biri deyirdi: “Siz xudbinsiniz”. Qızlar cavab vermirdilər, yanlız gülümsəyirdilər. Sanki oğlanların dərk etmədikləri şeyi onlar başa düşürdülər. Qızlarda analıq müdrikliyinin məhz belə oyanması tərbiyəni asanlaşdırır”.
Yeniyetməlik yaşında isə qızların oğlanlardan, oğlanların isə qızlardan utanması adi haldır. Bəs bunu nə ilə izah etmək olar?
M ənlik şüuru sözün əsil mənasında yeniyetməlik yaşı dövründə formalaşır. Lakin o, birdən-birə əmələ gəlmir. Əvvəlki yaş dövrlərində körpə uşağın özünü güzgüdə tanıması, “bədən sxeminin” təşəkkülü, refleksiyanın əmələ gəlməsi ‐ bunların hamısı mənlik şüurunun yeniyetməlik yaşı dövründə keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə daxil olmasını şərtləndirir.
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqca, özünüqiymətləndirmə təlabatı, özünü başqaları ilə müqayisə etmək meyli xüsusi məna kəsb edir. Bunun da nəticəsində yeniyetmə özü üçün öz “Mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılarla münasibətinə, yaşlılarla, yoldaşları və mənsub olduğu kollektivin üzvləri ilə qarşılıqlı münasibətlərinə öz təsirini göstərir.
Yeniyetmədə mənlik şüurunun formalaşması onun öz davranışını, özünün mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır.
İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların – yaşlıların (müəllim, valideyn və qonşuların), kollektiv üzvlərinin, yoldaşlarının onun haqqındakı mülahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır. Bu baxımdan yeniyetmənin başqalarının və özünün qiymətləndirmə meyarlarına, əxlaq normalarına yiyələnməsi onda mənlik şüurunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Yeniyetmənin öz şəxsiyyətini dərk etməsi tədrici xarakter daşıyır. O, əvvəlcə təlim fəaliyyətinin icrası ilə bağlı olan keyfiyyətləri (əməksevərlik, təkidlilik, diqqətlilik, səy), sonra başqa adamlarla münasibətləri ifadə edən keyfiyyətləri (yoldaşlıq hissi, həssaslıq, təmkinlik, tərslik), sonra isə özünə münasibəti ifadə edən keyfiyyətləri (şəxsi ləyaqət, şərəf hissi, prinsipiallıq və s.) dərk etməyə başlayır.
Yeniyetmənin mənlik şüurunun xüsusiyyətlərini aydınlaşdırarkən bir cəhəti ayrıca qeyd etmək lazımdır ki, yeniyetməlik yaşı dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə məhz burada axtarmaq lazımdır. Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların – yaşlıların və yoldaşların ona münasibəti arasında ziddiyyətdən nəşət edən münaqişələr meydana çıxır.
Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbatı yaranır. Bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqı etalon müstəsna rol oynayır.
İlk gənclik yaşı – mənlik şüurunun yaranmasının tamamilə xüsusi mərhələsini təşkil edir.
VIII – XI sinif şagirdləri həyati əhəmiyyəti olan müxtəlif suallarla rastlaşırlar: “Mən kiməm?”, “Mənim dünyada yerim nədən ibarətdir?”, “Mənə ətrafdakı adamlar necə yanaşırlar?”, “Mən özüm adamlara necə yanaşıram?”. Bu və başqa suallara cavab axtarılması gənc oğlan və qızların özünü şəxsiyyət kimi dərk etməsi, özünü təsdiq etməsi prosesinə çevrilir.

Yüklə 101,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin