M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə15/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

Fonetik xüsusiyyətlər

Manna toponim, etnonim və antroponimlərində türk dillərinə məxsus bir sıra fonetik xüsusiyyətlər mühafizə olunmuşdur. Sözlərdə daha çox səs əvəzlənmələri müşahidə olunur. Bu hal neçə minillik yolda tayfa dillərinin inkişafı ilə bağlı olduğu kimi, müəyyən dərəcə mixi yazıların oxunuşundan da irəli gəlir. Mixi yazılarda bir çox hallarda kar və cingiltili samitləri düzgün müəyyənləşdirmək mümkün olmamışdır. Lakin əksəriyyət e’tibarilə ağlabatan olan səs keçidlərini öyrənmədən sözlərin mənşəyini müəyyənləşdirmək çətindir. Ona görə də xüsusi adların etimoloji tədqiqində səs keçidlərini dəqiqləşdirməyin müstəsna rolu vardır.


Əvəzlənmələrin bir qismi dilimizin müasir səviyyəsində sözün fonetik tərkibi ilə müqayisə əsasında müəyyən edilmişdir. Bə’zən digər türk dillərində sözün fonetik quruluşu nəzərə alınmışdır. Bir sıra hallarda isə sözün qeydə alındığı qədim mənbələrdə səs keçidləri əsas götürülmüşdür.
Manna xüsusi adlarında aşağıdakı səs keçidləri müşahidə olunur:
d>n keçidi: Ma- da // Ma-na.
Mada və Man(n)a haqqında ilk mə’lumat e.ə.IX əsrin 40-30-cu illərinə aiddir və təqribən eyni vaxtda verilmişdir. Hər iki sözün kökü MA>BA ‘allah’, ‘başçı’, ‘kahin’, ‘rəis’ sözüdür; na və da hissələri fərqlidir. Bu hissələrin hər ikisi yer, məkan, ölkə bildirən söz olmuş, tədricən -da yerlik hal şəkilçisi kimi sabitləşmiş, -na onun assimilyasiyaya uğramış forması kimi qalmışdır.
t>d keçidi: taur - sonrakı mənbələrdə davar, ti (dik) - dik (hündür yer);
d>t keçidi: dalay (tayfa adı)- talay, tele(ut) (Mərkəzi Asiyada tayfa adı);
b>v>m keçidi: : subi-sumbi-suvbi (*Sub tayfa adı);
b>m keçidi: *bağ-mağ (tayfa adı);
k>y keçidi. Ki(r) - Yer;
ş>ç keçidi: uş - üç (üç);
k>q keçidi: kaya - qaya; Kalah - Qalax;
ş>s keçidi: Uşkaya - Üskiyyə (yerin müasir adı);
d>l; t>d>l keçidi: -duq - -luq şəkilçisi; Malak-tu - Malak-du-Malak-lu;
y>q keçidi: Kaşyar - Kaşqar (vilayət və dağ adı);
z>s keçidi: İzibia sözündə izi türk dillərində ‘isti’ sözü hesab olunur;
p>b keçidi: Parfiya, Persida, Parsua sözlərinin kökü ba(y)ır, bö(y)ür sözləridir və bu sözlərdə anlautda p cingiltiləşmişdir;
b>m keçidi: bia- başqa türk dillərində mua (‘su’);
s>ş keçidi ilə sin sözü şın şəklinə düşmüş, qaraşın, sarışın sözlərində qalmışdır.
r>l keçidi: Simar-ri (sibar-li)- yer adı;
Nümunələr əsasında güman etmək olardı ki, Kullar - Kollar (dağ adı) sözlərində k’>k, Bara >Bərə sözlərində a>ə keçidi vardır. Lakin fikrimizcə, bu sözlər tarixən də ikinci komponentlərdə göstərilən şəkildə tələffüz olunmuşdur.
Səs artımı: izi - isti;
Səs düşümü: v səsinin düşümü ilə diftonq yaranması: taur (əsli davar); Sua (Suba çay adı);
Metateza: Tukriş -Turq(k)iş (şəhər adı);
Açıq hecalı sözün qapalı hecalı sözə çevrilməsi: ta - dağ; ti - dik;
Samit səsin qoşalaşması: Mana - Manna;
Səsdüşümü nəticəsində sait uzanması: Pa:rfiya, Pa:rsua, Pe:rsida sözlərinin kökündə ilk hecadakı a, ö, e saitləri (yəqin ki, səsdüşümü nəticəsində) uzun tələffüz edilmişdir.

 

 



Qrammatik xüsusiyyətlər

Tədqiq olunan tayfa dillərinin materialları akkad və assur mənbələrində mühafizə olunduğundan sözdəyişdirici, formadüzəldici şəkilçiləri üzə çıxarmaq o qədər də asan deyil. Xüsusi sözlərin əksərən adlıq hal formasında qeydə alınması da çətinliklər törədir. Bu nisbətdə sözdüzəldici şəkilçilər bir qədər fəal görünür. Toponim, etnonim və antroponimlərdə aşağıdakı şəkilçilər müşahidə olunur:


-li,-lu şəkilçisi; mənsubluq bildirən, yer adı, şəxs adı yaradan sözdüzəldici şəkilçidir. Lal-lu, Hila-lu, Malak-tu (l>d>t keçidi ilə) (şəhər adları); r>l keçidi ilə ‘subasar kolluq’, ‘subasar meşə’ mə’nasında Simar-ri (sibar-li) sözü; Allabria/Alabria sözü: alab/alav (alov) və -ri (-li) şəkilçisi; Tar-di (Tar ‘qamış bina’-li) - ‘qamış binalı’; Metatti xüsusi adı: meta ‘bal’ və -tti (-li) şəkilçisi - ‘Bal-lı’ sözü. Manna hökmdar adı Ualli - Bal-lı;
-duq şəkilçisi: dur (‘durmaq’, ‘dayanmaq’) fe’lindən dur-duq ‘dayanacaq yer’, ‘şəhər’;
-qan şəkilçisi: Şatiraraqan-i sözü satir (pul vahidi), ara(maq) sözləri və -qan şəkilçisi;
-ak (-aq) şəkilçisi; bu şəkilçi vasitəsilə adlardan ad düzəldilmişdir. Sirt (‘kol-koslu dağ beli’) sözünə -ak şəkilçisi artırılmaqla qala adı - Sirdak(k)a; çim (‘sulu yerdə kökləri qarışmış otlar’ - çim-ak ‘çimlik’;
-q şəkilçisi; -aq şəkilçisinin bir variantı olan bu şəkilçi də adlardan ad düzəltmişdir: Urtak(i) adının (Manna hökmdar adı) Urta-q (orta-q) şəklində düzəlməsi;
-un şəkilçisi; bu şəkilçinin vasitəsilə fe’llərdən isim düzəldilmişdir; məs.: tar - ‘daramaq’, ‘ tikmək’, Tar-un - ‘qamış tikili’ (kənd, qala, şəhər);
-iş şəkilçisi; fe’ldən isim düzəldən bu şəkilçiyə yan/yen-iş (yeniş) sözündə təsadüf edilmişdir: Arsiyaniş (dağ adı) - ‘Arsi yenişi’;
Gil yazılarda işlənmiş sin sözü müasir -çı,-çi,-çu,-çü şəkilçisinin əcdadı sayılır. Şumer ay adını bildirən bu söz ilk dövrlərdə Suen şəklində işlənmiş, tədricən sin formasını almaqla həm də ‘adam’ mə’nasını ifadə etmişdir. Şar-sin, Eri-sin, Musa-sin sözlərində ‘adam’ mə’nasındadır: Çar-adam, Ər-adam və s. Sonralar son samitin düşməsi və s>ç keçidi ilə -çı şəklini almış və variantlaşmışdır. Görünür, -çı şəklinə düşərkən də hələ ‘adam’ mə’nasını saxlayırmış - rus dilindəki çelovek sözünün kökündə həmin mə’na qalmışdır. Nostratik söz olsa da, qaraşın (‘qaramtıl adam’), sarışın (‘sarıtəhər adam’) sözlərindən göründüyü kimi, sin türk tələffüz formasıdır;
-an şəkilçisi; bu şəkilçi formadüzəldici fe’li sifət şəkilçisi hesab oluna bilər: Ereşteyena sözü Eres (‘Araz’) və tey-en (‘döy-ən’) hissələrinə ayrılır;

-lar cəm şəkilçisi; Bu şəkilçinin türkmənşəli olduğu və mixi yazılarda türk kəmiyyət şəkilçisi kimi işləndiyi təkzibedilməzdir. Kul-lar (‘Kol-lar’ dağ adı); Lal-lar-ip - kökü ‘lal’ (dilsiz) sözündən ibarət olan bu etnonimdə -lar və -ip şəkilçiləri ilə ikiqat cəmlik yaranmışdır (-ip şəkilçisini artıranlar lallar sözünü kök hesab etmişlər). -lar şəkilçisinin -ip cəm şəkilçisindən əvvəl işlənməsi onun çox qədim olduğunu göstərir;


-at cəm şəkilçisi: Urmiyate sözündə -at kəmiyyət şəkilçisi kimi çıxış edir. Bu cür sözlər göstərir ki, kəmiyyət bildirən -at şəkilçisi dilimizdə qədimdən mövcud olmuş, lakin eramızın VII əsrindən bir sıra başqa ərəb alınmaları ilə Azərbaycan dilində daha intensiv işlənməyə başlamışdır;
-ak şəkilçisi yiyəlik (mənsubluq) bildirən şəkilçi kimi də işlənmişdir: Nin Şuşin-ak - ‘Şuşinin (Suzun) sahibi’ birləşməsində -ak şəkilçisi müasir dilimizdəki yiyəlik hal şəkilçisinə (-ın) müvafiq gəlir. Müasir dilimizdə yiyəlik halın -ın şəkilçisi «tə’yin + tə’yinlənən» modelinin birinci komponentində özünü göstərir. Lakin dilimizin tarixinə «tə’yinlənən + tə’yin» modeli də yad deyil və mixi yazılardakı -ak şəkilçisi bu modeldə özünü göstərir. Bu şəkilçi şumer dilində də eyni funksiyanı yerinə yetirmişdir (2-ci fəslə bax). Bunun özü də şumer-türk varisliyini göstərən mühüm əlamətdir;
Xüsusiləşməyən əlavələrin iştirakı ilə mürəkkəb adların yaranması: İranzu ləqəbi ər (‘igid’, ‘cəsur’) və yanzi (‘hakim’, ‘hökmdar’) sözlərindən yaranmışdır - yanzi sözü ər sözünə xüsusiləşməyən əlavə kimi qoşulmuşdur - Ər yanzi - ‘ər hökmdar’;
Müasir dilimizdə cümlənin xüsusi ad kimi sabitləşməsi halları (Allah verdi - Allahverdi) qədim xüsusi adlarda da müşahidə olunur; məsələn, Nikdiar xüsusi adı Enki-di-ər (‘Enki etdi ər’ - Enki ərlik, cəsurluq verdi) şəklində formalaşmışdır;
Yanaşma yolu ilə mürəkkəb adların yaranması üsulu daha çox müşahidə olunur: Uş+kaya = ‘Üçqaya’, Uiş+diş = ‘Beşdiş’; izi (‘isti’) - bia (‘su’) = ‘İstisu’; Suri (‘itiuc’, ‘üçbucaqşəkilli’) + kaş (‘qaş’) = ‘Surikaş’; Ak (‘ağ’) + şura (‘şur - çay’) = ‘Akşura’ və s.;
Xarxarbarra sözündən aydın olur ki, sonralar yanaşma-uzlaşma əlaqəli birləşmə kimi formalaşan birləşmələr hələ ilkin dövrlərdə yalnız yanaşma əlaqəsi əsasında qurulmuşdur: Xarxar-barra - ‘Qarqar bərə(si)’.

 

 



M A D A: etnik tərkib və dil məsələləri

Son tarix kitablarında çox zərərli bir məsələnin bünövrəsi qoyulmuşdur - Mada qədim İran dövləti kimi izah olunur: «Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı». (1; 217) Mə’lumdur ki, o zamanlar «Cənubi Azərbaycan» anlayışı yox idi. Bu anlayış sonralar təşəkkül tapmışdır və biz «Cənubi Azərbaycan» dedikdə, təbii ki, bütün mə’lum ərazini nəzərdə tuturuq. Ona görə də müəllifin dediyi «Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə» sözlərini həqiqi mə’nada anlasaq, onda madalıların yaşadığı ərazi Azərbaycan ərazisi deyil və madalılar da bizim əcdadlarımız deyillər. Bəlkə texniki səhvdir? Akademik tarixin sonrakı fəslinə - «Cənubi Azərbaycanın midiyalılar (madalılar) tərəfindən işğalı. Manna çarlığının süqutu» fəslinə (X fəsil) baxaq. Fəslin elə adı da göstərir ki, Mada Cənubi Azərbaycandan ayrı təsəvvür edilir. «E.ə. VII əsrin sonunda - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər... Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi».(1; 228) Əgər madalıların ərazisinə Cənubi Azərbaycan ərazilərinin şərq və cənub-şərq torpaqları da daxil idisə (başlanğıcı bu cür olub), onda Mannanın, başqa vilayətlərin işğalından söhbət gedə bilər, daha Mada özü özünü necə işğal edə bilər? Bütövlükdə Cənubi Azərbaycan ərazisinin işğalından söhbət gedirsə, onda madalılar bu ərazidə deyillər. «Mada dövləti... İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi».(1; 231) Bu fikir təsadüfi deyil və eyni şəkildə «Azərbaycan tarixi»-98-in 233-cü səhifəsində də təkrar edilmişdir. Mada İran dövləti idisə, kitabda ona bu qədər yer verməyin nə mə’nası vardı? Manna nə üçün sonralar «Kiçik Mada», yaxud «Atropat Madası» adlanırdı? İ.Əliyev özü qeyd edir ki: «...həm «Midiya» və «Atropatena» (və onlardan düzələnlər), həm də «midiyalı» və atropatenalı» (və onlardan düzələnlər) terminləri əsrlər boyu əksərən bir-birini əvəz edən terminlər kimi işlənmişlər». (12; 25-26)


Mada imperiyasına münasibətdə tarixçilər öz əvvəlki doğru mövqelərindən imtina etməkdədirlər. 1958-ci ildə çap olunmuş «Azərbaycan tarixi»ndə (1-ci cild) Midiyanın doğru olaraq Azərbaycan dövləti olduğu göstərildiyi halda (bax:səh.40; .41-51 və s.), 90-cı illərin tarix kitablarında Mada İran dövləti kimi təqdim edilir.
Manna ilə yanaşı, Mada dövlətinin adı qaynaqlarda e.ə. IX əsrdən qeydə alınmışdır. Farslar isə İran ərazisinə tezi VIII əsrdə gəlmişlər. İran tayfaları uzun müddət Madanın ətraf ərazilərində dolaşmış, Madanın daxilinə nüfuz edə bilməmiş, xeyli müddət bir satraplıq kimi Madanın tabeliyində olmuş, e.ə.550-ci ildə farsların üsyanı nəticəsində Kuruş (Kir) hakimiyyətə gəlmiş, madalılar farslardan asılı vəziyyətə düşmüşlər. Həmin vaxta qədər həm Cənubi Azərbaycanın, həm də indiki İranın müəyyən əraziləri Madanın tərkibində olmuşdur. Bu tərkibdə olan Azərbaycan əraziləri sonralar Atropatın idarə etdiyi keçmiş Manna əraziləri ilə birlikdə Kiçik Mada, Atropat Madası adlanmışdır. Qalan hissəsi İran ərazisinin bir hissəsi kimi qalmışdır. Ona görə də Mada imperiyasından məxsusi İran dövləti kimi danışmaq düzgün deyildir. Manna ilə Mada tayfaları yaxın və qohum olmuşlar. Bu ölkələrin adları da bir kökdəndir:
Mada etnosu Azərbaycan tayfası idi və madalılar türkdilli olmuşlar. Şərqdə Orta Asiyadan qərbdə Halis çayına qədər uzanan Mada imperiyasının ilkin vətəni Azərbaycan idi. Ona görə də Mada Azərbaycan dövlətidir. E.ə.550-ci ilə qədər Mada Azərbaycan mağlarının başda durduğu bir dövlət, böyük bir imperiya olmuşdur. Bu dövlət ilk növbədə Azərbaycan dövləti kimi izah olunmalıdır. Ola bilər ki, İran siyasiləri Cənubi Azərbaycanı hazırda öz dədə-baba yurdu saydığı kimi, Madanı da İran dövləti kimi izah etsin; biz öz tariximizi qorumalıyıq. Lakin akademik tarixdə obyektivlik naminə Azərbaycan təəssübkeşliyi bir qətrə də duyulmur. Müəllif bir çox məsələləri üstüörtülü şəkildə farsların xeyrinə izah etmiş, ruh e’tibarilə Mada imperiyasını fars imperiyası kimi təqdim etmişdir. Bütün faktlar göstərir ki, madalılarla farslar arasında münasibət pis olmuş, madalılar farslarla çox vaxt barışmamışlar. Bu barədə tarixin hifz etdiyi xeyli faktlar vardır. II Kir e.ə.550-ci ildə Madanı asılı vəziyyətə saldıqdan sonra madalılar dəfələrlə öz hakimiyyətlərini bərpa etməyə çalışmışlar. E.ə.522-ci ildə madalı kahin Qaumat (Qaumata) İran hökmdarı Kambisin (Kambizin) Misirdə olmasından istifadə edərək hakimiyyəti ələ almış və 7 aya qədər ölkəni idarə etmişdir. Sui-qəsd nəticəsində hakimiyyətə gələn I Dara (e.ə.522-486) Qaumatı və onun yaxın adamlarını Madanın Nisayya vilayətində öldürtmüş, payaya keçirtmişdir. Qaumat əhalini üç il vergidən və orduda xidmətdən azad etmişdi, bir sıra islahatlar keçirmişdi. Ona görə də Qaumat öldürülərkən «Asiyada hamı təəssüf edir, bir farslardan başqa».(17; 355) Amma akademik tarixi oxuyanda bə’zən daha çox təəccüb etməli olursan: «Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə - Haxamanişilərə qarşı çevrilmiş Mada irticası (kursiv bizimdir - Q.K.) olduğunu yaxşı bilirdilər».(1; 241) Sən öz xalqının, öz vətəninin müstəqilliyi uğrunda, köləlik əleyhinə mübarizə aparasan, sənin 2500 il sonrakı nəslin (əgər bu nəsildəndirsə) bunu «irtica» adlandıra. Özü də bilə-bilə ki, »Qaumata madalıların hökmranlığını bərpa etmək niyyətində idi» və həm də bilə-bilə ki, bu hərəkat «...hökmran fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş xalq hərəkatı, e’tirazı ilə birləşmişdi».(1; 242) Mən Qaumata heykəl düşünürəm, tarixçi də bu cür düşünür.
E.ə.521-ci ildə Fravartiş adlı bir başqa madalı Mada hakimiyyətinin bərpası üçün üsyan etmiş, lakin Dara tərəfindən ağır işgəncə ilə öldürülmüşdür: burnu, qulaqları, dili kəsilmiş, gözləri çıxarılmış və Ekbatan şəhərində payaya keçirilmişdir. Özünü Kiaksarın nəslindən hesab edən Çissataxma da eyni şəkildə üsyan etmiş və eyni cəzalarla öldürülmüşdür. Sonralar da Mada üsyanları davam etmişdir.
Mən şəxsən düşünürəm ki, Mada tayfalarından biri olan mağlar şimallı-cənublu Azərbaycanın, şimallı-cənublu Muğanın ən qədim əhalisidir (müklər onların bir qoludur) və bunlar - mağ kahinləri çox qədim tarixə malik olmaqla, ilk səmavi allahların yaradıcılarıdır. Zaqros dağlarından İkiçayarasına enən şumerlər də onların şagirdləridir. Manna da, Mada da onların adı ilə bağlıdır. Onlar daim müstəqilliyə can atmış, öz yüksək ağlı, kahin qüdrəti ilə buna əksərən nail olmuşlar. Mağ sənəti sonralar müxtəlif ərazilərə yayılmışdır. İndi bütün dünya dillərində işlənən magiya sözü də onlardan yadigardır. Mağları müklərdən ayırıb Muğandan təcrid etmək bizim ən böyük ulularımızı öz əlimizlə özgələrə bağışlamaqdır. Təsadüfi deyil ki, əksər tarixçilər Mada mağlarını İran mənşəli hesab etməmişlər.
İndi Azərbaycanın ağır günləridir. Xarici və daxili düşmənlərin əli ilə müxtəlif etnoslar qızışdırılır. İki yüz ildən artıqdır ki, ölkə parçalanıb. Bir tərəfdən də böyük bir ərazisi düşmən tapdağı altındadır. Rüşvətxorluq, yerliçilik, tayfabazlıq ölkəni daxildən didib-dağıdır. Mə’nəvi cəhətdən sarsılmışıq və bu işdə aşkar düşmənlərlə yanaşı, gizli daxili düşmənlərin də böyük rolu vardır. Bütün bunlara baxmayaraq, hazırkı «...murdar və böhtançı, insan şərəf və ləyaqətini tapdamağı özünə sənət seçmiş, türk və insanlıq düşməni rejimlə mübarizə aparmaq» (bax: 45), çarpışmaq lazımdır. Vaxt gələcək, vahid Azərbaycan qüdrətli və böyük bir dövlətə çevriləcək. Onda Astiaq da lazım olacaq, Astiaq əfsanəsi də, Avesta da, ulu maqlar da. Bunlara sahib durmağa çalışan başqa bir dövlət hələlik güclüdür deyə, acizlik göstərməməli, onun dəyirmanına su tökməməli, tariximizi heç kimə güzəşt etməməliyik. Bu saxta, satqın və riyakar, xalqın tarixinə xəyanətlə dolu «tarixlər» meydana çıxana qədər bizim tarixçilər və başqa elm sahələrini təmsil edən görkəmli ziyalılarımız, alim və yazıçılarımız ulu babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız olduğuna şübhə etməmişlər. Xalq yazıçısı M.İbrahimov 1945-ci ildə Təbrizdə yazırdı: «Mə’lum olduğu üzrə, hələ miladdan 500 il əvvəl, indiki Cənubi və Şimali Azərbaycan torpaqlarında qədim dünyanın qüdrətli dövləti olan Midiya dövləti yerləşmişdi. O zaman bu torpaqlar Midiya və onun üzərində yaşayan xalq Midiya xalqı adlanırdı. Tarix sübut edir ki, midiyalılar azərbaycanlıların qədim babaları olmuşdur. Onların böyük mədəniyyət və sənətə malik olduqlarını bütün tarixçilər yazmaqdadırlar. Midiyalıların mədəniyyət və dili o qədər tərəqqi etmişdir ki, qədim farslar onlara görə çox dala qalmış və ibtidai halda idilər. Dilşünaslar indiki Azərbaycan dilində o zamankı Midiya dilinin qalıqlarını və ünsürlərini tapırlar... Bəs Midiyanın mədəniyyət və sənət asarı və yazıları nə olmuşdur? Onları işğalçılar ya məhv etmiş və ya da qəsb etmişlər. Midiyanın elm və sənət asarını dünyanın bütün muzeylərində tapmaq mümkündür. Çünki Azərbaycan xalqının düşmənləri, onun torpağına göz tikənlər nəinki bizim milli dövlət və siyasi istiqlaliyyətimizi məhv etmiş, həm də elm, sənət asarımızı və ana dilimizi də aradan götürmək istəmişlər. Bu məqsədlə qəsbkarlar daha da irəli gedərək Azərbaycan xalqının mənşəyi və doğma dili haqqında başdan dibə yalan və iftiradan ibarət olan bir «tarix», bir «nəzəriyyə» də uydurmuşlar. Söz yox ki, Azərbaycan xalqını əsarət altında saxlamaq və onun milli şüurunu öldürmək istəyənlərin uydurduğu «nəzəriyyə»lərlə həqiqi tarix və məntiq arasında heç bir əlaqə yoxdur».(41; 57)
Bu sözlər bütünlüklə bu günə də aiddir və indiki bir sıra «tarix»lərin müəllifləri də Azərbaycan xalqının tarixini eyni şəkildə qəsb etməklə məşğuldurlar.
Akademik tarixdə Mada əhalisinin etnik tərkibi və dili haqqında fikirlərə diqqət yetirək: «Bu zamandan (e.ə.590-cı ildən - Q.K.) başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, «madalılar» adlanmağa başladılar. Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə «Mada» və yaxud «Kiçik Mada» adlanmağa başladı». (1; 228) Burada əsas məsələ yerli tayfaların «Mada dilinin ləhcələrini qəbul edərək madalaşması»dır. Oxucu unutmamalıdır ki, mada dili müəllif tərəfindən ölü İran dillərindən hesab olunur. «Yerli tayfalar» dedikdə isə Manna ərazisində və başqa ərazilərdə yaşayan aborigen Azərbaycan əhalisi nəzərdə tutulur. İrandilli gəlmələr, müəllifin fikrincə, bir az əvvəl qeyd etdiyimiz iranlılaşdırma işini madalıların simasında daha da sür’ətləndirirlər, nəticədə, yenə müəllifin fikrinə görə, yerli əhalinin antropoloji quruluşu da, dini də, dili də dəyişir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 232) İfadəyə fikir vermək lazımdır: «öz dillərini itirmiş əhalinin sonrakı nəsilləri». Yə’ni artıq Əhəməni sülaləsinə qədərki dövrdə «yeni etnik törəmə təşəkkül tapmağa başlamışdı». Müəllif «iranlılaşmış» belə bir xalqı «Mada-Atropatena xalqı» adlandırır və nəticədə bu başdan Atropatena xalqının dili və etnogenezi haqqında da öz hökmünü vermiş olur.
Manna e.ə.590-cı ilə qədər müstəqilliyini saxlaya bilmişdi. Bundan sonra Madanın qüdrəti yüksəlir, lakin o qədər də uzunömürlü olmur. E.ə.550-ci ildə Mada da süqut edir. Madanın qüdrətli yüksəlişi təqribən 40-50 il çəkmişdir. Bu az müddət ərzində «fars ləhcələrində danışan» madalılar Mannanın türk əhalisinin dilini necə dəyişə bilərdilər? Hələ bunu demirik ki, Madanın qədim əhalisinin İran ləhcələrində danışdığını iddia etmək üçün də heç bir əsas yoxdur. İran tayfaları gəlməmiş, Mada və onun əhalisi var idi və Manna ilə Mada adaş idilər, yanaşı yaşayırdılar.
Herodot Madanın son padşahı Astiaqa maqların maraqlı bir müraciətini vermişdir. Bu müraciət İ.Əliyevə də mə’lumdur: «Bizim üçün, çar, hər şeydən vacib sənin hakimiyyətini möhkəmləndirməkdir, yoxsa hakimiyyət... farslara keçdiyi təqdirdə m i d i y a- l ı l a r yad adamlar kimi qul edilər, farsların nifrət mənbəyinə çevrilər; əksinə, nə qədər ki sən, b i z i m h ə m q ə b i l ə m i z, çarlıq edirsən, biz o müddətdə hakimiyyətdə iştirak borcumuzdan istifadə edirik və sənin hesabına bizə daha çox hörmət edilir...»(seyrəltmə-fərqləndirmə İ.Əliyevindir).(12; 17)
Buradan bir daha aydın olur ki, Astiaq da iranlı deyil, madalılar da. Madalılar öz tayfalarından olan Astiaqa bu qədər açıq şəkildə müraciət edirlər. Bir tayfa öz həmcinsi və qohumu əleyhinə bu qədər nifrətlə danışmaz. Görünür, hələ Harpaqın xəyanətindən əvvəl madalılar fars təhlükəsini duyurmuşlar. Bu gün olduğu kimi, o zaman da əhalinin etnik tərkib e’tibarilə yerləşməsi az fərqli ola bilərdi - türklər öz ərazilərində, farslar öz ərazilərində və müəllifin iddia etdiyi iranlaşmadan, fars ləhcəli madalaşmadan heç bir söhbət gedə bilməzdi. Herodotun verdiyi bu qədər açıq söhbətə baxmayaraq, İ.Əliyev bu müraciəti verərək bir neçə sətir sonra yenə də yazır: «Heç bir şübhə yoxdur ki, mağlar mənşəcə iranlılardan ibarət idi və əlbəttə, İran nitqinin daşıyıcıları idilər». (12; 17-18) «Tarixçi» adlananın həqiqətə bu qədər düşmən münasibət bəslədiyini təsəvvür etmək dünyanın sonsuzluğunu təsəvvür etmək qədər çətindir.
Mağlar daim azadlıq uğrunda assur köləliyinə qarşı vuruşmalı olmuş, Ön Asiyada Assur dövlətinin 520 illik ağalığına qarşı mübarizə aparmaqla öz azadlıqlarını tə’min edə bilmişlər. Deyokun (e.ə.712-675), Fraortun (e.ə.675-653), Kiaksarın (e.ə. 625-585) və Astiaqın (e.ə.585-550) vaxtında Mada yüksək inkişaf yolu keçmişdir. Ortada yaranan kimmer-skit-sak padşahlığı dövründə də (e.ə. 653-625) madalılar öz üstünlüklərini mühafizə etmişlər.
Madalılarla farslar adət-ən’ənələrinə görə də kəskin fərqlənmişlər. Farslar öz bacıları ilə evlənirdilər (çar Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi), madalılar bu mənfur adətin əleyhinə idilər. Farslar ölülərini quşlara yedirdirdilər, madalılar dəfn edirdilər. Madalıların xüsusi geyimləri var idi, farslar da o geyimdən istifadəyə başlamışdılar. Herodot yazır ki, fars çarı Kserkis Afinaya hücum edərkən ordunun silahları «Midiya silahlarıdır, fars yox». Deməli, farslarla madalıların silahları da fərqli imiş. Mədəni üstünlük də madalılardadır. Farslar Əhəmənilər dövründə vergilərdən azad idi, madalılar ağır vergi altında idilər - ildə saklarla birlikdə 450 talant vergi verməli idilər. (Herodot, I,140; III,62-92) Madalılar bir etnos kimi çox qədim və məşhur idilər. Kalankatuklu Moisey Yafəsin nəslinin şəcərəsi içərisində Qomer (kimmerlər, qəmərlər), Maday (madalılar), Maqoq (aşkuzlar), Yavan, Tubal, Meşek, Tiras və Hetləri vermişdir. Bunların arasında, göründüyü kimi, parslar yoxdur.(42; 14-15) Strabon yazır ki, «Deyilənlərə görə, midiyalılar ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir». Və yenə yazırdı ki, «Ən cəsur adamın çar seçilməsi daha çox Midiya adətidir» (Strabon, XI,13,11)
Bu cür fərqli keyfiyyətləri nəzərə alaraq obyektiv tarixçilər qeyd edirlər ki, madalılarla farsların qohumluğu fikri tamamilə əsassız və uydurmadır. Herodotun əsərində və Bisütun yazılarında madalılarla parslar düşmən xalqlar kimi təsvir edilir. Herodot göstərir ki, Midiya çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir.
Deməli, madalılar etnik mənsubiyyətinə görə farslardan tamamilə fərqlənmişlər.
İ.Əliyev Manna və Mada ərazilərində türk mənşəli tayfa təsəvvür etmədiyi üçün qoyduğu yanlış konsepsiyanı davam etdirə-etdirə mannalıların da, madalıların da, atropatenlərin də irandilli olduğunu əsaslandırmağa çalışmışdır. Mada dövlətinin güclənib Mannanı işğal etməsindən sonra heç bir əsas olmadan madalıların tə’siri ilə Manna əhalisinin sür’ətlə iranlılaşdırıldığını iddia edir. Tarixçilər madalıların irandilli olmadığını öyrənmişlər. Bu, aydındır. İ.Əliyev Mannada türk təsəvvür etmir. Bu da aydındır. Bəs onda «irandilli» mannalıların dilini irandilli olmayan madalılar fars ləhcələrindən birinə necə çevirdilər? Məntiqsizlik bir-birini əvəz edə-edə məntiqi nəticələr çıxarmağa imkan verir: madalıların İran mənşəli olmadıqlarını madalılar özləri və əksər tədqiqatçılar qeyd etmişlər, əgər müəllif iddia edirsə ki, mannalıların dilini madalılar iranlılaşdırmışlar, demək, mannalıların dili İran dillərindən deyilmiş. Mannalılar qafqazdilli də deyildi və qafqazdilli ola bilməzdilər. İ.Əliyev özü mühüm bir tarixi həqiqəti qeyd etməklə yuxarıdakı məntiqsizliyin aradan qalxmasına kömək etmişdir: «...Arazdan və Urmiyadan başlamış və müasir Türkmənistana qədər, Strabonun o mə’lumatını xatırlayaq ki, Midiyanın, Baktriya və Soqdiananın əhalisi «ən kiçiyinə qədər birdilli idi», başqa sözlə, mahiyyətcə birdilli idi, yaxud antik müəlliflərin Midiya və Parfiya dillərinin qohumluğu barədə mə’lumatını nəzərə alaq ki, ciddi nüfuz sahibləri tərəfindən təsdiq olunur və s.» (12;24) Mannalıların türkdilli olduğu sübut olunmaqla yanaşı, bu sözlərdən digər çox mühüm bir problem - parfiyalıların da - türkmənlərin babalarının da türkdilli olduğuna şübhə qalmır.
Akademik tarixin Mada-Atropatena dövlətinə həsr olunmuş IV bölməsində ilk növbədə kadusi, alban, sakasen, kaspi, pavsik, pantimat, dareyt, uti, skif, kuti, lullubi, hurri, mannalı və başqa tayfa və xalqların adları çəkilir, Atropatenanın Kiçik Madaya - indiki Cənubi Azərbaycan ərazisinə (şimalın da bir sıra torpaqları daxil olmaqla) uyğun gəldiyi göstərilir, -bu, tarixdir.
Dil və etnik mənsubiyyət məsələlərinə gəldikdə vəziyyət dəyişir: «Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı».(1; 259) «Mannanın madalılar tərəfindən işğalı diyarın etno-dil taleyində həlledici rol oynamışdır» - deyən müəllif bu məqamda müxtəlif «əsaslar» gətirərək Mada dilinin İran dillərinə aid olduğunu bir daha əsaslandırmağa çalışmışdır. Məsələn, müəllif «dəlil» gətirir ki, Daranın Bisütun yazılarındakı: «Parsa (Farsistan), Mada, habelə başqa dilli ölkələr»- frazasında Parsa ilə Madanın bir yerdə sadalanması onların qohum dillər olduğunu göstərir. Əslində isə tarixi abidənin müəllifi bunları fərqli dillər kimi qeyd etmək üçün yazmışdır. Müəllif inamla yazır: «...madalıların irandilli olmaları müasir elmdə şübhə doğurmur».(1; 260) «...bu dili (Mada dilini - Q.K.) İran dilləri ailəsinin şimal-qərb qrupuna aid edə bilərik. Bu dil əlamətlərinin məcmusuna görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır».(1; 260) Mada dilinin daşıyıcıları, təbii ki, Cənubi Azərbaycan ərazisində yerləşdirilir və göstərilir ki, hazırda Mada dialektlərinin yayılma mənzərəsi pozulmuşdur, çünki «...onların böyük qismi fars və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır». (1; 260)
Bu bölmədə Cənubi Azərbaycanda və onunla həmhüdud ərazilərdə Mada dili (dialektləri) ilə yanaşı, bir sıra başqa tayfaların və tayfa dillərinin olduğu da qeyd edilmişdir. Belə tayfalardan biri indiki Muğan ərazisində yaşamış müklərdir. Müəllif onları mağlarla eyniləşdirməyin əleyhinədir və «Muğan» sözünün məhz müklərlə bağlı olduğunu israr edir. Burada həmçinin müəllif indiki udinlərin babaları saydığı utilər, eləcə də kaspilər, mağlar, «hurri» mənşəli saydığı mantianalılar, «irandilli» saqartalılar, amardlar, sakesinlər, kadusilər, saklar və başqaları haqqında da mə’lumat vermişdir. Yenə müəllifin fikrincə, «...Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada-Atropatena xalqı adlandırmaq olar».(1; 265) Bir az əvvəl söylədiyi (və bizim qeyd etdiyimiz) bir fikri müəllif olduğu kimi burada da təkrar edir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq mahiyyətcə öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış avtoxton əhali qruplarının nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 265) Əldə heç bir əsas olmadığı halda, müəllif məsələni yaddaşda möhkəmlətmək üçün bir daha yazır: «...biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ən’ənəsinə malik olmuş İran dillərindən biri idi».(1; 265-266) Öz «İran dilləri» ideyasını bir daha əsaslandırmaq üçün müəllif bir qədər də irəliyə gedir, ərəb tarixçilərindən misallar gətirir: «...ərəb müəlliflərinin mə’lumatlarına görə, burada yayılmış dillər İran dilləri olmuşdur. Ərəb müəllifləri bu dövrdə Cənubi Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında azəri (adari), pəhləvi (fahlavi«Hələ orta əsrlərdə Azərbaycanda azəri dilində danışırdılar;
Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir;
Azəri dili fars dili deyildir. Bu dil Şimal-qərbi İran dilləri qrupuna aiddir. ...və o, şübhəsiz, hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış dilinə yaxın idi». (1; 267)
İran alimlərinin köməyi ilə müəllif «müəyyənləşdirə bilir» ki, Cənubi Azərbaycan ərazisində talış dilindən başqa, tati, xarzani, takestani, xalxali dilləri də var və bunlar da «Mada dilinin dialektləridir». Bu sonrakı tapıntıya adam lap heyran qalır: «Maraqlıdır ki, Cənubi Azərbaycanın bə’zi kəndlərində hal-hazırda da azəri dilində danışırlar».(1; 267) «Artıq indi iddia etmək olar ki, talış dili problemi azəri dili ilə, Cənubi Azərbaycan ərazisində yayılmış müasir dialektlərlə bilavasitə bağlıdır». (1; 267) (Bü cür uydurma fikirlər göstərir ki, Azərbaycan türk xalqı öz çörəyini bu gün də öz əli ilə öz düşmənlərinə yedirdir!) Bunlarla kifayətlənməyən müəllif B.V.Millerin, Azərbaycana və Azərbaycan türk dilinə qarşı son dərəcə mürtəce mövqe tutan Seyid Əhməd Kəsrəvi Təbrizinin nalayiq fikirlərinə ürəkdən üstünlük verərək yazır: «Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına görə... səhv olaraq azəri dilini fars dili kimi müəyyənləşdirirdi».(1; 268) İqrar Əliyev Kəsrəvidən çox-çox «irəli» gedərək, xalis bir «dilçi» kimi, bu dilin fars dili yox, başqa bir İran dili olduğunu «müəyyənləşdirmiş» və məsələni böyük ustalıqla «dəqiqləşdirmişdir». İ.Əliyev qeyd edir ki, talış dilinə dair fikri (onun Mada dilinə yaxınlığını) tati dili haqqında da demək olardı, lakin çox təəssüf ki, İran tədqiqatçıları E.Yarşater, A.Karəng, Y.Zoka, M.Nəvvabi və başqaları qabağa düşüb deyiblər. Müəllif bir cəhəti də qeyd edir ki, Mada ərazisindəki bütün bu cür tayfalar «etnik simasını itirmiş və assimilyasiyaya uğramış yerli əhalinin nəsillərindən ibarət idi».(1; 269)
İnsan etnik simasını nə qədər itirər! Neçə dəfə itirər! Bunlar hələ təzədən türklərin təzyiqi ilə öz «etnik simalarını itirməli» olacaqlar - amma çox gec - bizim eranın ikinci minilliyinin əvvəlində. Bir millət ki iki dəfə öz etnik simasını itirmiş ola, onun yer üzündə yaşamağa haqqı yoxdur və ya «tarixçi» adlanan milləti bu cür ləkələyirsə, onu dünya ictimaiyyətinə böhtanla bu cür təqdim edirsə, onun bu millətin arasında yaşamağı millət üçün təhqirdir. Nəhayət, müəllif madalıları Azərbaycan ərazisinə gəlmə və irandilli hesab etdikdən sonra göstərir ki, müasir (türkdilli) Azərbaycan xalqı fəxr edə bilər ki, onların əcdadları madalılar onları hindavropalılarla bağlayır.(1; 271) Bir xalqa bundan artıq nifrət eləmək olmaz. İrqi üstünlüyü nəzərdə tutan bu fikir Azərbaycan xalqı üçün daha ağır təhqirdir.
Akademik nəşrin «əsas müəllifi» Avestaya münasibətdə də eyni istiqamətdə getmiş, Avestanın köklərinin bəlkə lap 6-7 min il əvvələ getdiyini, lakin əsasən e.ə. I minilliyin başlanğıcında təşəkkül tapdığını göstərsə də, İran sədaqətini unutmamış, bütün varlığı ilə bu əsərin də İran tayfaları tərəfindən yaradıldığını sübuta çalışmışdır; heç bir dəlil «...Azərbaycanı zərdüşti Avesta tə’limlərinin vətəni saymağa imkan vermir». (1,326)
Zərdüştilik, zərdüşti tə’lim, oda sitayiş bilavasitə Azərbaycanla bağlıdır. Zərdüştiliyə, oda sitayiş sonralar əlavə edilmiş və bu tə’lim müxtəlif etnoslar arasında yayılmışdır. Əksər tədqiqatçılar Mada mağlarını iranmənşəli hesab etməmişlər. Oda, atəşə sitayiş isə daha çox Azərbaycanla bağlı yaranmışdır. Buna görə də Azərbaycanı bu tə’limin, xüsusən də onun yaradıcısı Zərdüştün vətəni hesab etmişlər.

Mannalılarla yanaşı, madalılar da Azərbaycanın qədim etnoslarından idi. Madalılar ilk vaxtlar Aşağı Azərbaycan ərazisində, indiki Qızıl Üzən çayının hövzəsində yaşamış, assurlarla bir neçə əsrlik mübarizədən sonra e.ə.673-cü ildə güclü dövlət yaratmışlar. Mada az vaxtda Ön Asiyanın ən qüdrətli imperiyasına çevrilmişdir. E.ə.624-cü ildə farsları özlərinə tabe etmiş, 612-ci ildə Kiaksarın rəhbərliyi və skiflərin köməyi ilə yırtıcı Assur dövlətinə son qoymuşlar. Xəyanət nəticəsində e.ə.550-ci ildə süqut etmiş, hakimiyyət farsların əlinə keçmişdir.


Mada adı ilk dəfə e.ə. 834-cü ilə aid qaynaqda yad edilir. Ölkənin adı mixi yazılarda Maday, Matay, bə’zən də Amaday şəkillərində, yunan mənbələrində Medo, latın mənbələrində Mido, Bisütun yazılarında Mada kimi işlənmişdir. Elam dilində Madape (-pe - cəm şəkilçisidir) və Maktape şəkillərində qalmışdır.
Manna kimi, Mada da bir etnosun, bir tayfanın adı olmuş, sonralar tayfa ittifaqının, ölkənin və dövlətin adını bildirmişdir. Ona görə də həm etnonim, həm də etnotoponimdir. Madalı dedikdə yalnız madalar yox, dövlətin tərkibindəki başqa tayfalar da nəzərdə tutulur. Bunu İ.M.Dyakonovun aşağıdakı sözləri də təsdiq edir: »Midiya əhalisinin etnik tərkibi, ən azı onun qərb hissəsi bu dövr üçün bizə tam aydındır. Baxmayaraq ki, bə’zi etnik terminlər dəyişilə bilərdi, lakin əlimizdə etnik tərkibin əhəmiyyətli dəyişikliyə uğraması barədə fakt yoxdur və e.ə. III minillikdən I minilliyin əvvəlinə qədər əhalinin tərkibinin sabit qaldığını söyləməyə bizim tam haqqımız var. Bu əhali bütün müddət ərzində Urmiya rayonu ərazisindən Şimali Diala ərazilərinə qədər kuti-lullubilərdən ibarət olmuşdur».
Madalıların dili haqqında müxtəlif fikirlər olmuşdur. Tədqiqatçıların bir qismi madalıların İran dillərindən birində danışdıqlarını qeyd etmişlər; bir qismi isə madalıların elam dilinə yaxın yerli bir dildə danışdıqlarını fərz etmişlər.
E.A.Qrantovski midiyalılar haqqında ziddiyyətli fikirlər söyləmişdir. Bir tərəfdən, midiyalıların iranmənşəli olduqlarının sübuta ehtiyacı olmadığını qeyd edir, o biri tərəfdən, görkəmli alimlərdən misallar gətirərək hətta mada sözünün də İran dillərinə aid olmadığını göstərir. E.A.Qrantovski bu sahədə aparılmış araşdırmaları nəzərdən keçirərək yazır: «Lakin bir sıra tədqiqatçıların fikrinə görə, Midiya tayfaları əsas e’tibarilə qeyri-iranmənşəli olmuşlar və Mada(y) adının özü İran mənşəli deyildir və ya İran mənşəli olmaya bilər.» (26; 181) O, bu sahədə İ.M. Dyakonov və İ.Əliyevin daha çox israr etdiklərini bildirir. Bu fikir İ.Əliyevin ilk yaradıcılıq dövrünə - 50-60-cı illərə aiddir.
E.ə.VIII əsrdə Mada ərazilərində İran elementləri görünməyə başlasa da, onların elə bir ictimai-siyasi mövqeyi olmamışdır. Lakin mübahisələrin davam etdiyi sovet dövrü elə bir dövr idi ki, həqiqəti üzə çıxarmaq, Azərbaycan ərazisində türk tayfalarının qədimliyi faktını mühafizəkar elm adamlarına çatdırmaq çox böyük cəsarət tələb edirdi: Q.Qeybullayevin əsərinə Y.Yusifovun ön sözündə qeyd olunduğu kimi, «...alimlərimiz, xüsusilə tarixçi alimlərimiz xeyli maneələrə, çətinliklərə, təzyiq və hədə-qorxuya, siyasi damğalara mə’ruz qalırdılar. Köhnə konsepsiya tərəfdarları onların haqqında bədnam fikirlər yaradır, yeni istiqamətdə aparılan elmi tədqiqat materiallarını çap etmirdilər. Beləliklə, türk etnoslarının tarixinin qədimləşdirilməsinə böyük sədd çəkilirdi». (6; 4) İndi artıq o sədd yarılmış olsa da, təhqir və çətinliklər toplu halda qalmaqda davam etsə də, həqiqətin dərki prosesində tədqiqatçıları heç nə dayandıra bilmir. Tarix və filologiya sahəsində hər şeyə yeni gözlə baxan 60-cılar hərəkatının görkəmli nümayəndələri (Y.B.Yusifov, M.İsmayılov, Q.Qeybullayev, A.Məmmədov, T.Hacıyev və b.) birinci konsepsiyanın (irandilliliyin) tam yanlış olduğunu sübut etmiş, «elam dilinə yaxın bir dil» söhbətini şübhə altına almışlar. Elam dilində türk elementləri çoxdur və bir sıra alimlər iltisaqi elam dilini də türk mənşəli hesab etmişlər. Əgər bu mülahizə sübut olunarsa, elam dili ilə Mada dilinin qohumluğu da sübut edilmiş olar. Lakin hələlik elam dili kifayət qədər öyrənilməmişdir.
Q.A. Qeybullayevin fikrincə, maday adını daşıyan etnos türk etnosu olmuşdur. Müəllif bunun sübutu üçün eyni quruluşlu türk etnoslarının adlarını (Altay, Baday, Kultay, işquzay və s.) misal gətirmiş, saysız etnotoponim və antroponimlərin etimoloji izahını vermiş, onların türk mənşəli olduğunu üzə çıxarmışdır.
Tarixçilərimizin tədqiq və araşdırmaları göstərir ki, tarixin saxtalaşdırılması prosesi təkcə Azərbaycan türklərinə aid deyildir; başqırd, qazax, qırğız, özbək, türkmən və b. türk xalqlarının da mənşəyi dolaşdırılmışdır.Türk xalqlarının tarixini uzağı e.ə.III əsrdən - Mərkəzi Asiyada Şərqi Hun çarlığının tarixindən başlamağı lazım bilmişlər. «Ümumi fikir belədir ki, Qazaxıstan və Orta Asiyada eramızın VI-VII əsrlərinə qədər türkdilli əhali yaşamırdı. Türk xalqlarının qədim tarixi haqqında saxta fikirlər rus tədqiqatçılarının nəzarəti altında başqırd, qazax, özbək, qırğız, türkmən və b. xalqların tarix kitablarına da yol tapmışdır».(6; 35) Lakin həqiqət budur ki, «...eradan əvvəlki minilliklərdə yaşamış şumerlər, kutilər, lullubilər, kaslar, mannalar, madaylar, kaspilər, albanlar, kəmərlər, işkuzlar, saklar, massagetlər, sarmatlar, quqarlar və b. türkmənşəli etnoslar idilər... Skifləri, sakları, sarmatları, massagetləri, kuşanları və eftalitləri (ağ hunları) iranmənşəli saymaqla, Orta Asiya və Qazaxıstanın indiki türk xalqlarını türkləşmiş iranlılar hesab etməklə rus tədqiqatçıları tərəfindən tarix elmi eybəcər hala salınmış, türklərin bəşər tarixindəki rolu heçə endirilmişdir... Təkcə onu demək bəs edər ki, hunlar, Altay türkləri, avarlar, bolqarlar və xəzərlər Cənub-Şərqi Avropanın, o cümlədən Şərqi slavyanların torpaqlarının almanların əcdadları qotlar tərəfindən, saklar, hunlar, uyğurlar, qırğızlar, kuşanlar, eftalitlər (ağ hunlar) və türkütlər isə Mərkəzi və Orta Asiyanın İran və Çin tərəfindən işğal olunmasının qarşısını almışlar». (6; 35-36) Q.Qeybullayev Yer üzərində türklərin bu yaxşılıqlarını qeyd etməklə, yəqin, onu da nəzərə almışdır ki, əslində, türklər elə bu yaxşılıqların qurbanıdır.
Tarix və dilçilik yavaş-yavaş ulu əcdadların haqqını özünə qaytarmaqdadır. Türk xalqları mixi yazıları oxuya bilən mütəxəssislər yetirməlidir. O vaxta qədər çətinliklər daha çox olacaqdır. Lakin hazırkı dövrdə də saitlər sistemi təqribi müəyyənləşdirilmiş, bəlkə də böyük bir faizi əslinə uyğun olmayan toponim, etnonim və antroponimlər üzərində dərin müşahidə və araşdırmalar aparmaqla həqiqətin böyük bir qismini bərpa etmək mümkündür. O da nəzərə alınmalıdır ki, hələ mixi yazıların çox hissəsi oxunmayıb.
Mixi yazılarda qalan dil faktları ilə yanaşı, Azərbaycanın qədim əhalisi haqqında antik müəlliflərin - Herodot, Miletli Hekatey, Polibi, İosif Flavi, Strabon, Korneli Tatsit, Plutarx, Böyük Plini və başqalarının əsərlərində də xeyli mə’lumat qalmışdır. Herodot Midiya ərazisində bus, paretaken, struxart, arizant, budi və maq tayfalarının rolunu xüsusi qeyd etmişdir. Tədqiqatçıları da daha çox Mada ittifaqına daxil olan bu tayfalar maraqlandırmışdır. İ.M.Dyakonov bu tayfalardan ikisinin - arizant və struxatların irandilli olduğunu güman etmişdir. E.A.Qrantovskinin yazdığından aydın olur ki, o, arizant, struxat və paretakenlərin irandilli olduğuna şübhə etmir. Onun zənnincə, mağların da irandilli olduğu şübhəsizdir, lakin «mübahisə edənlər də» vardır; budilərin və busların etnik mənsubiyyəti isə dəqiq nəticə çıxarmağa imkan vermir. (26; 181) E.A.Qrantovski sonrakı araşdırmalarında tayfaların hamısını irandilli saymış, İ.H.Əliyev isə hamısını kaspidilli, yə’ni qafqazdilli hesab etmişdir. (23; 99) Q.A.Qeybullayev Maday qəbilə ittifaqına daxil olan bu tayfa adlarını (bus, paretaken, struxart, arizant, budi və maq sözlərini) türk etimologiyası əsasında izah etmiş və onların hamısının türkdilli olduğunu göstərmişdir. (37; 252-255)
Madanın əsas əhalisini tarixin ən qüdrətli tayfalarından olan mağlar təşkil etmişlər.
Mağ sözü qədim farslarda maqu, elamlarda makuş, yunanlarda maq şəklində işlənmiş və ‘dini işləri icra edən kahin’ (Əhəmənilər dövründə) kimi mə’nalandırılmışdır. Əksər tədqiqatçılar Midiya mağlarını Turan (türk) mənşəli saymışlar.(7; 395)
Mağlar dünyanın və Azərbaycanın ən qədim tayfalarından biri olmuşdur. Manna, Maday ölkə adları mağların adı ilə bağlıdır. Mağlar həmin ölkələrin aparıcı tayfası və dövlətlərinin yaradıcısı olmuşlar. Türk mənşəli mağlar yalnız Cənubi Azərbaycan ərazisində deyil, şimalda da geniş yayılmışdılar. Mannalılar və madaylar türkmənşəli idilər və onları heç bir tayfa iranlılaşdıra bilməmişdir. Şumerlər onların sələflərindən ayrılmış, kutilərin və lulluların, mannalılar və madalıların özəyi mağlardan ibarət olmuş, hətta sonralar ərəb işğalına qarşı güclü xürrəmi hərəkatının başında da cəsur mağlar durmuşlar. E.A.Qrantovskidən fərqli olaraq, İ.M.Dyakonov da onları irandilli saymamışdır. «Mağlar odpərəst idilər, halbuki farslar heç vaxt oda sitayiş etməmişlər. Erkən orta əsrlərdə odpərəstliyin vətəni Atropatena idi və baş od mə’bədi də Atropatenanın paytaxtı Gəncə (bu, indiki Gəncə deyil - Q.K.) şəhərində yerləşirdi. İranda ən’ənəvi olaraq kahinlər mağlar idilər. Ona görə zaman keçdikcə «mağ» etnonimi kahin mə’nasını kəsb etmişdir. Herodot yazır ki, Midiyanın axırıncı çarı Astiaqın yuxusunu mağlar yozmuşdular.»(6; 118) Bir qədər sonra görəcəyik ki, Manna və Mada ərazilərində müxtəlif etnoslar yaşasa da, bu ölkələrin adları yalnız mağların adını yaşatmaqdadır.
Miletli Hekatey (e.ə. VI-V əsrlər) «Yerin təsviri» əsərində Araz sahilində mük tayfasının yaşadığını qeyd etmişdir. Heç şübhəsiz, Muğan toponimi bu günə qədər həmin tayfanın adını yaşatmaqdadır. «Muğan»- ‘müklər və müklərin yaşadığı ərazi’ deməkdir. 2500 il əvvəlki babalarımızın adı bizim indi çox işlətdiyimiz şərəfli tarixi toponimlərdəndir. Müklər tarix e’tibarilə sonralar meydana çıxmışlar, mağ tayfası daha qədim və məşhur idi. Tarixçilərin bir qismi müklərlə mağları ayırırlar. Əslində isə «mük» və «mağ» sözləri bir kökdəndir.

Mada xalqının dini fikirlərinin daşıyıcısı olan mağlar Madanın aparıcı tayfalarından idi. Bütün kahinlər mağlardan idi, lakin mağ bir tayfa idi, ona görə də hamısı kahin deyildi.


Mağların dini bir növ totemlərdən, animizmdən, fetişizmdən mütərəqqi olub, tədricən səma allahlarına və oradan təkallahlılığa aparan yolun ən mühüm nöqtəsində dayanmışdı. Mağların cəmiyyətdə rolu böyük olmuşdur. Mağlar kahinlər yetirmiş və onlar uzun müddət dini və dünyəvi hakim olmuşlar. Mağların vətəni indi bir hissəsi şimalda, bir hissəsi Cənubi Azərbaycan ərazisində olan Muğan olmuşdur. Qədim dünyanın ən bacarıqlı adamları olan babalarımız mağlar xüsusi hərəkətlər və sözlərlə insanlara tə’sir etmişlər. Magiya ibtidai insanın həyatının bütün sahələrinə güclü tə’sir göstərmişdir. Təsviri sənətin inkişafında da mağların böyük rolu olmuşdur. Mağlar tədricən şamanlara, kahinlərə çevrilmişlər. Ruhlara inanan mağlar müxtəlif sözlər və hərəkətlərlə onu köməyə çağırmış, onların ruhlara müraciəti cadu, sehr hesab olunmuş, tədricən oxuduqları sözlərdən allaha müraciətlə dualar yaranmışdır. İnsanlar arasında təbiətə - aya, günə, torpağa, suya sitayiş güclənmiş, nəslin, qəbilənin başçısına sitayiş ilahi qüvvələrə - allahlara sitayişə çevrilmişdir.
Beləliklə, mağların vətəni Azərbaycandır. Mağlarla bağlı bütün izlər də Azərbaycandadır. Mağların fəaliyyəti son dərəgə qədim və geniş olduğundan magiya bütün dünyaya yayılmışdır. İndi dünya dillərində işlədilən ‘magiya’ sözü bu kökdəndir. Biz bu kökü dünyaya tanıda bilmirik. Demək, Azərbaycan ərazisi ən qədim yaradıcı insanların məskəni olmuşdur. Şumerlər çoxallahlı idilər. Çoxallahlılıq magiyadan sonrakı hadisədirsə, deməli, mağ mədəniyyəti daha qədimdir və mağlar Şumer mədəniyyətinin inkişafına təkan verə bilmişlər.
Biz ilk dəfə olaraq bir məsələni də qeyd etmək istəyirik. Bizim fikrimizcə, mağ və qam sözləri bir kökdəndir və qam sözü mağ sözündə samitlərin metatezası əsasında yaranmışdır. Mağ sözü ilkin və qədimdir. Qamlar maqların sonrakı nəsilləridir. Çox qəribədir ki, Qamata (Qaumata, e.ə.522-də öldürülüb) adı qam sözü ilə başlayır. Qaumata - ‘qam ata’ deməkdir və buna şübhə yoxdur. Digər tərəfdən, Herodot Qa(u)matanın mağ olduğunu qeyd edir. (Qa(u)mata sözünü tərsinə oxuduqda Ata mağ alınır). Deməli, hələ e.ə. VI əsrdə qam sözü metatezaya uğramış formada işlənirmiş. Lakin artıq yeni minillikdə qam sözü tədricən üstünləşmiş, q>k keçidi ilə KAHin sözünün də formalaşmasına səbəb olmuş, q>ş keçidi ilə şaman sözünü yaratmışdır. Deməli, «Kitabi-Dədə Qorqud»da Qam Ğan oğlu xan Bayındır öz kökünü ulu əcdadları Mada mağlarından almışdır.

Mağ sözü Manna və Mada sözlərini doğurmuşdur. Ona görə də Manna və Mada sözləri eyni köklü sözlərdir. Mannalılar tarixçilərin dediyi kimi, heç də izsiz yox olmamış, Mada imperiyası tərkibində qohum və qonşu tayfalarla birlikdə həyat sürmüş, iranlılara qarşı mübarizə aparmış, Əhəməni işğalından sonra da öz etnik və dil mənsubiyyətlərini qorumuşlar. Onların parfiyalılarla bir dildə danışmaları isə qeyd etdiklərimizi təsdiq edir - son tədqiqatlar parfiyalıların da türk mənşəli olduğunu üzə çıxarmışdır. Deməli, Mannanın da, Madanın da, Atropatenanın da əsas əhalisi türkdilli olmuşdur.


İ.Əliyev Azərbaycan ərazisindəki ən qədim tayfalar - müqlər, utilər, kaspilər, ma(n)tienlər, saqartilər, kadusilər, parikanlar, (a)mardlar, mağlar haqqında antik mənbələrin mühafizə edə bildiyi işartılar əsasında mümkün qədər sistemli mə’lumat vermişdir. Müəllif müqləri və mağları fərqləndirməyə çalışmış, Muğan ərazisinin müqlərin adını yaşatdığını və hər iki tayfanın irandilli olduğuqnu qeyd etmişdir. Tarixi faktlardan aydın olur ki, mağlar və müklər bir kökdəndir və türkdilli olmuşlar. İ.Əliyev utiləri qafqazdilli udinlərlə eyniləşdirmişdir. Lakin başqa tarixçilər 14-cü satraplıqda müqlərlə yanaşı yaşayan utilərin şimalda yaşayan qafqazdilli udinlərdən tamamilə fərqli və türkdilli bir tayfa olduğunu sübut etmişlər. (2; 129)
Manna və Mada sözləri haqqında tarix və dilçilik ədəbiyyatında müxtəlif fikirlər söylənmiş olsa da, bu sözlərin inandırıcı etimoloji izahı verilməmişdir. Onların etimoloji kökünü öyrənmək üçün mağ sözünün mənşəyinə diqqət yetirmək lazımdır.
E.A.Qrantovski mada sözünü qədim hind dilindəki madhu - ‘kefləndirici içki’ sözü ilə əlaqələndirmişdir. (26; 181). Q.Qeybullayev Maday etnoniminin türkmənşəli olduğunu göstərmək üçün onun Qazaxıstanda Matay, Atalıq-Matay, Kapçaqay Matay, Gəncə Matay, Tuvada XIII əsrdə Madı, Madı-Qoşun və Mat, Sibirdə və Altayda Maadı, Madar, Maxtar kimi tayfa adları ilə bir kökdən olduğunu üzə çıxarmışdır. (6; 87-88) Bunlar bir həqiqəti də ortaya çıxarır ki, mada tayfası haqqında e.ə.I minilliyin əvvəlindən mə’lumat alsaq da, bu tayfa çox-çox əvvəlki dövrlərdə formalaşmış və bizə mə’lum olmayan bir dövrdə parçalanaraq Mərkəzi Asiyaya hərəkət etmiş, o yerlərdə də öz adlarını qorumuşlar.
E.A.Qrantovskinin Mada sözünü hind dilindəki Madhu, Madhava sözləri ilə əlaqələndirməsi təsadüfi sayılmamalıdır. Qeyd etdiyimiz bu sözlər ‘kefləndirici, məstedici içki’, ‘ekstaz halına düşmə’ mə’nalarını ifadə edir. Bunlar, xüsusilə «ekstaz vəziyyəti» mağlara məxsus olmuşdur. Sözün ‘kefləndirici içki’ mə’nası sonralar mağlardan uzaqlaşan tayfaların saxladığı izlərdir. Bu, Mada sözü ilə mağ sözünün bir kökdən olduğunu sübut edən mühüm dəlillərdəndir. E.A.Qrantovski sakların Haumavarqa adlı tayfasını da misal gətirir, bu sözün ‘çtuhie xaumu’ mə’nası saklarla madalıların mənşə əlaqəsi olduğunu göstərir. Skiflərdə eyni köklü ad olması, onların da qohumluğuna dəlalət edir və s. Deməli, E.A.Qrantovskinin gətirdiyi misallar onun nəzərdə tutduğunun əksinə olan fikri təsdiq edir.
Qeyd etdiyimiz kimi, Manna və Mada sözlərinin izahı üçün mağ sözünə diqqət yetirmək lazımdır. Lakin bu vaxta qədər bu sahədə bizim təsəvvür etdiyimiz istiqamətdə heç bir araşdırma aparılmayıbdır.
Mağ/muğ/mük sözləri bir kökdəndir. Bu sözlər b>m keçidi ilə bağ sözündən əmələ gəlmişdir. BAĞ - Ön Asiyada geniş yayılmış allah adıdır. E.A.Qrantovski bu sözü də iranmənşəli saymışdır. Madanın qərbindəki Musasir ərazisində Baqmaştu və ya Baqbartu allah adı xatırlanır (sözlərin sonundakı bar, maş fərqləri oxu fərqi sayılır). E.A.Qrantovski və bu tipli «İransevər» tədqiqatçılar bu sözlər əsasında nəticə çıxarmışlar ki, «...Musasirdə İran mənşəli baqa (‘allah’) adlı allaha və ya ümumən İran allahı Baqmazdaya sitayiş edilmişdir».(26;.300) P.Rost, M.Ştrekk, İ.Şeftelovits, Y.Praşek və başqaları da Baqmaştunu İran allahı hesab etmişlər. E.Meyer Baqbartum formasını əsas tutaraq göstərir ki, Baqbartu/Baqmaştu ilahədir və Baqbartum sözünün sonundakı tum şəkilçisi qadın cinsini bildirən sami şəkilçisidir. (26; 301) Bu fikri o da təsdiq edir ki, «Aşşura məktub»da Baqmaştu Urartu allahı Xaldinin arvadı sayılır. Assurlar kimi, Musasir əhalisi də Baqmaştunu Xaldinin oxşarı, ikincisi (‘dvoynik’ mə’nasında) olan qadın saymışlar. E.A.Qrantovskinin əksinə olaraq, F.Keniq yazır ki, Baqmaştu Urartu ilahəsidir, Xaldinin arvadıdır, onun adı İran allahı Mazdanın adına uyğun gəlsə də, o, İran allahı deyildir. O, Mazdanın İran allahı olmasına da e’tiraz edir və göstərir ki, mazda sonradan iranlılaşmış formadır. F.Keniq bağ sözü haqqında deyir: «...bağ qadın İştarın iranlılardan əvvəlki adıdır» («baq - doiranskoe oboznaçenie «jenskoy İştar»). (26; 79-95) Bizi burada Xaldinin arvadının Baqmaştu və ya Arubani (26; 301) olması maraqlandırmır. Bizi maraqlandıran bağ’ın zorla iranmənşəli sayılmasıdır. Aydın olur ki, əvvələn, Baqbartu, Baqmaştu formalarının İranla, İran tayfaları ilə heç bir əlaqəsi yoxdur. «Bağa», «Bağatur» sözlərinin türk dilinin qədim qollarından olan etrusk dilində geniş işlənməsi də onun iranmənşəli olmadığını göstərir. (56,91) İranlıların özlərinə çıxmağa çalışdıqları mazda iranlılar bu əraziyə gəlməzdən əvvəl yerli əhalinin tapındığı allah adıdır. Yerli əhali isə lullular, kutilər, sular, turukkilər, kaslar, hurrilər və s. olmuşdur. Ərəbin ‘allah’ sözü yayıldıqdan sonra türkün tanrı sözü qalsa da, bağ sözü allah adı kimi işləkliyini itirmişdir. Lakin bağ sözü ümumən dilimizdə çox geniş şəkildə işlənən sözlərdəndir və digər tərəfdən də, totem xarakterli bir sıra sözlərdə (tısbağa, qurbağa, çanaqlı bağa və sadəcə bağa və s. sözlərdə) qalmaqdadır. İ.M.Dyakonov Q.A.Melikişvilinin əsərinə resenziyasında Baqmaştu və ya Baqbartu adının İran Baqamazda adı ilə eyniləşdirilməsinə e’tiraz edir və bağ sözünün iranmənşəli olduğuna şübhəsini bildirir. (26; 302) Beləliklə, Bağ sözünün ilahə, allah adı olmasına və iranmənşəli əhali bu yerlərə ayaq basana qədər artıq onun bu ərazilərdə çoxdan mövcud olduğuna şübhə qalmır.
Bag sözü II Sarqon dövrünə aid mətnlərdə bir sıra şəxs adlarında da (Bağdatti, Bağparna, Bağatuna, Bağaya) qalmışdır və bunlardan axırıncısının Qərbi Midiya (Mada) ərazisinə aid olduğu yəqinliklə qeyd edilmişdir.(26; 302) E.A.Qrantovski bunu da qeyd edir ki, bağ sözü adətən Mitraya aid olmuşdur və Qərbi İran ərazilərində bu söz ümumən ‘allah’ mə’nasında, həm də xüsusilə Ahuramazdanın ifadəsi üçün işlənmişdir.(26; 203) Nəhayət, E.A.Qrantovski bağ sözünü nəzərə alaraq yazır ki, Anadolu, Suriya ərazilərində, hətta erməni dağlıq ərazisində də tərkibində «İran komponenti» olan (yə’ni bağ sözü olan) allah adları geniş yayılmışdı və həmin xalqlarda çox zaman Zevs, Bel, Ahuramazda eyniləşdirilir. Müəllif «dağlıq Ermənistan» deyir (o vaxtlar belə bir məfhum heç yox idi), amma «Azərbaycan» demir, ona görə ki, Azərbaycanı «İran» məfhumu altında düşünür. Sübuta çalışır ki, İran elementləri qeyd edilən ərazilərdə artıq e.ə. IX əsrin sonlarından vardı, lakin onların elə bir ictimai-siyasi mövqeyi yox idi. Və həm də e’tiraf edir ki, bu ərazilərdə etnik və mədəni proseslərdə iranmənşəlilər digər dil mənsubiyyətinə malik olan tayfalarla birlikdə müəyyən rol oynamışlar.
Beləliklə, bütün bu qeyd edilən ərazilərdə bağ sözü geniş yayılmışdı və Şimal-Qərbi İran ərazilərində (Azərbaycan - Urmiyaətrafı rayonlarda) bu söz ümumən ‘allah’ mə’nasında işlənirdi. Bunlar doğrudur, əsas yanlış ideya isə bağ sözünün və Bağın bir allah kimi iranmənşəli hesab edilməsidir.
Dediyimiz kimi, əksər tədqiqatçılar bağ sözünü və onun ifadə etdiyi ‘allah’ məfhumunu e.ə. VIII əsrdən qabağa, çox-çox qabağa və yerli əhalinin dilinə aid etmişlər. Faktik olaraq aşkar görünür ki, bağ sözü iranmənşəli deyildir və əksinə, iranmənşəlilər «İran yaylası» adlandırılan əraziyə gəldikdən sonra bu sözü və onun ifadə etdiyi məfhumu mənimsəmişlər.
Bağ sözünün qədim Mada ərazisində çox işlənən türkmənşəli allah adı olduğunu başqa tədqiqatçılar da qeyd etmişlər. Məsələn, F.Cəlilov yazır: «Türk dillərində bay/ba; boy/pay/pəy; Azərbaycan dialektlərində bəy/bəg/bay; xəzər dilində bag/beg (Əl-İstəxri), qədim türk yazılarında isə beq şəklində olan bu sözün arxetipini morfoloji yozuma görə bağ şəklində bərpa etmək lazım gəlir... Həmin söz tanrı, qəbilə, qəbilə başçısı, şəxs, kahin, qəbilənin ərazi adı kimi sözlərdə işlədilmişdir... Qədim Ön Asiyada tanrı adı kimi yayılan bağ sözünün həm bayat (MK,III,186), həm də bağa (Malov,1939, 9-10) derivatları qədim türk yazılarında da tanrı anlamını saxlamışdır». (19; 88)
Tədqiqatçıların heç biri bağ sözünün kökünə enə bilməmişdir. E.A.Qrantovski bağ sözünü ba-aq şəklində ayırmaqla onun bəlkə də düzəltmə olduğunu güman etmişdir, lakin kökün mə’nasını təsəvvür edə bilməmişdir. -ag şəkilçisindəki a, təbii ki, artıqdır, türk-Azərbaycan dilində -ıg və -ag şəkilçiləri söz kökü saitlə bitdikdə öz saitini itirməklə kökə qoşulur. Bağ sözü də belə yaranmışdır - ba-ğ şəklində.
BAĞ sözünün kökü ba sözüdür. Ba sözü uzun müddət həm ‘bağlamaq’, həm də ‘bağlı’, ‘allah’, ‘kahin’, ‘rəis’, ‘bəy’ mə’nalarını ifadə etmiş, qədim türk dillərində öz formasını və əsas mə’na izlərini saxlamışdır.(Qədim lüğətdə BA kökü - ‘privəzıvatğ, svəzıvatğ, obəzıvatğ, povəzıvatğ’ mə’nalarındadır - 25; .76) Təbii ki, ərəb allah adı bağ sözünün ‘allah’ mə’nasını tədricən unutdurmuşdur.
Bi/Ba sözü nostratik vahiddir, ‘böyümək’, ‘böyük’, ‘boy atmaq’, ‘bitmək’ və s. mə’nalarda ulu dilin sözlərindəndir (1-ci fəslə bax). Qəbilə daxilində ictimai münasibətlər dəyişdikcə, böyük-kiçik, başçı, rəis, sahib, ağa, varlı anlayışlarının doğulması ilə bu söz də mə’nalarını genişləndirmişdir. Azsavadlı adam da görə bilir ki, bağ forması ən qədim türk formasıdır, ulu dildən birbaşa türk dili istiqamətində inkişaf yolu keçən sözdür və bunun İran dilləri ilə kontakt söhbəti əhəmiyyətsizdir. Azərbaycan həyatında bu sözün misilsiz rolu bu xalqın tarixində nəhəng izlər qoyub - Manna qalıb, Maday qalıb, Bağıstan qalıb, Muğan qalıb, cəsur və azadlıq mübarizləri mağlar qalıb. Bağın bir allah kimi bə’zən ilahə İştarı əvəz etməsi Aratta dövrünün yadigarıdır - İştar Aratta ilahəsi İnannadır. Əlaqə Şumerə gedib çıxır - İnanna Uruk şəhərinin və Arattanın şərik ilahəsidir. Bu ölkələrin hər biri uzun müddət onu öz panteonunda mühafizə etmişdir.
E.ə. XXII yüzillikdə Zoxab (yəqin ki, Zöhab) yaxınlığındakı Saripul qaya yazılarında Lullubi hakimi Anubanininin adı çəkilir və bu söz «allah Anu» - «bizi yaradan» (aniyaha baqaha) mə’nasında izah edilir. Bu hal bir daha göstərir ki, bağ sözü ümumən allah mə’nasındadır və çox qədim sözdür. Ona görə də sonralar Bisütun, Behistun şəkillərinə salınmış məşhur qaya adı daha qədimlərdə, təbii ki, «allahlar yurdu» mə’nasında Baqıstan adlanırmış. Bu söz o dövrlərdə geniş yayılmış və qonşu xalqların dillərinə də keçmişdir.
İ.M.Dyakonov Madanın paytaxtı Ekbatan yaxınlığındakı Bisütun yer adı haqqında Ktesinin «Qora Baqistan - svətinə Zevsa» sözlərini qeyd edərək göstərir ki, «...Bu məşhur Behistun qayası, qədim Bağıstan, «allahlar yurdu», həqiqətən yunanların Zevs adlandırdıqları ali allah Ahuramazdaya həsr olunmuşdur».
Tarixi izlərdən aydın olur ki, Bağıstan yalnız qaya adı kimi deyil, eyni zamanda Azərbaycan ərazisində çox mühüm və mərkəzi vilayətin adı kimi də məşhur imiş. Bunu İ.Əliyev də Makedoniyalı İskəndərdən danışarkən xüsusi qeyd etmişdir: «Aleksandr Madada məşhur vilayət olan Bağıstana (Behustinə) gəldi».(46; 70) Deməli, Bağıstan lap qədimdən mərkəzi vilayət olmuş, buna görə də əksər hadisələrin mərkəzində dayanmışdır.
«Bağ» sözü üzərində ona görə bir qədər çox dayanmalı oluruq ki, qeyd etdiyimiz kimi, Azərbaycan ərazisindəki bir çox vacib etnonim və toponimlər - mağ, müq, Manna, Maday, Muğan sözləri, Bağıstan qaya və vilayət adı, Yer üzərində geniş yayılmış magiya sözü bu sözlə bağlıdır. Qərbi Azərbaycan toponimləri arasında mağ, muğ sözləri ilə bağlı Mağauz, Maqda, Mağancıq, Muğanlı, Muğancıq kənd adları qeydə alınmışdır.(32; 449,450,468) Maraqlıdır ki, mük sözü mağ sözündən, mağ sözü isə b>m keçidi ilə bağ sözündən yarandığı üçün müq tayfa adına e.ə. VI-V əsrlərdə, Manna, Maday adlarına I minilliyin əvvəllərində rast gəlirik. Müqlər haqqında e.ə. VI-V əsrlərdə Miletli Hekatey mə’lumat vermişdir. Deməli, a>ü keçidi sonrakı hadisədir. Bütün bunlar təbii olmaqla yanaşı, həm də bir şeyi sübut edir ki, həmin bu mağ, müq tayfası Azərbaycan ərazisində ən qədim və köklü tayfalardandır və çox güclü tayfalardan olduğu üçün vilayət adı, qaya adı, Azərbaycanın Manna, Mada kimi imperiya adları şəklində tarixdə silinməz iz buraxmışdır. Bu gün də biz bağ, mağ, muğ, Muğan sözlərini intensiv şəkildə işlətməkdəyik. Bir sıra görkəmli Avropa tədqiqatçıları (Qobino, O.Dorm, P.Sayks, Y.Pjilski, A.T.Olmsted, L.Elvel-Saton, F.Yusti və b.) mağların türk etnosu olduğunu qeyd etmişlər.(37; 256)
Mənbələrdə maraqlı bir cəhət üzə çıxarılıb: Tarixçilər müşahidə etmişlər ki, mannalılar haqqında mə’lumat verilən Assur və Urartu mənbələrində mağ etnonimi gözə dəymir, lakin qədim fars və yunan mənbələrində mağ etnonimi işlədilir, manna etnoniminə təsadüf edilmir. Herodot mağları Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri saymışdır. Ona görə də belə nəticə çıxarmaq olur ki, Assur və Urartu mənbələrindəki Manna, Mana qədim fars və yunan mənbələrindəki mağ etnoniminin ekvivalentidir. Buradan manna və mağ etnonimlərinin kök e’tibarilə eyniliyi aydın olur. Q.Qeybullayev T.İ.Hacıyevdən misal gətirərək sözün tarixən nq qovuşuq səsi ilə manqa şəklində işləndiyini, tədricən saf n səsi ilə Manna sözünün, q samiti ilə mağ sözünün formalaşdığını qeyd edir. (6; ,67) Bu fikir bizim düşündüyümüzə yaxındır, lakin eyni deyil.

İlkin söz köklərinin bir samit və bir saitdən ibarət olduğu mə’lumdur. Bu nisbətlə BAĞ sözünün kökü geniş mə’nada ‘bağlamaq’, ‘bağlı’ anlayışlarını ifadə edən və tədricən ‘tanrı’, ‘qəbilə’, ‘qəbilə başçısı’, ‘kahin’ və qəbilənin ərazi adı mə’nalarını qazanmış *BA sözüdür. Dediyimiz kimi, türk dillərinin qədim abidələrində də bu söz öz izlərini saxlamışdır. Bu sözdən bağ sözü yaranmışdır (boq sözü də buradandır). Bağ sözündəki -ğ fe’ldən ad düzəldən şəkilçidir. Türk dillərində çox qədim dövrlərdən özünü göstərən B>M keçidi ilə (bi əvəzliyi mi əvəzliyinə çevrildiyi kimi) BAĞ sözündən MAĞ sözü yaranmışdır.


Manna, Mada sözlərinin əsasında da BA kökü durur. Ba sözü b>m keçidi ilə ma şəklində işləndiyi dövrdə bir tərəfdən, -g şəkilçisi ilə mağ sözü formalaşmış, o biri tərəfdən da,-na morfemləri ilə Mana, Mada etnotoponimləri yaranmışdır.
Bu sözlərin e.ə. IX əsrdə təqribən eyni vaxtda həyat səhnəsində görünməsi də (Manna - e.ə.843, Mada - e.ə.834) onların eyni mənşədən olduğunu, sondakı şəkilçilərlə (-na, -da) fərqləndiklərini və bunların (-na, -da şəkilçilərinin) şivə fərqi olduğunu söyləməyə əsas verir. E.A.Qrantovski Eparna və Epardu sözlərinin yaxınlığından danışarkən göstərir ki, «na və du üçün işarələr (mixi işarələr - Q.K.) müəyyən yaxınlığa malikdir və ola da bilər ki, oxuda və ya nəşrdə səhv buraxılmış (Epardu əvəzinə Eparna yazılmış) olsun». (26; 326) Həm də müəllif qeyd edir ki, Asarxaddonun daha əvvəlki yazılarında du, sonra tapılanlarda aşkar və şübhəsiz na işlənmişdir. Bu fikri o mə’nada Mada, Mana sözlərinə aid etmək olar ki, yer bildirən -da və -na şəkilçiləri də bir kökdəndir, fikrimizcə, -na sonralar -da şəkilçisindən assimilyasiya ilə yaranmışdır. Bunu bir cəhət də təsdiq edir ki, şumer dilində -da məkani-qrammatik hal şəkilçisi kimi çox fəaldır, -na isə bir sıra toponimlərin - ölkə, şəhər, vilayət adlarının sonunda məkan, yer bildirən morfem kimi sonralar Urartu dilində qeydə alınmışdır.
Beləliklə, Manna, Mada sözlərinin kökü eynidir və mə’naları aydındır: BA>MA - ‘bağlamaq’, ‘tanrı’, ‘qəbilə’, ‘qəbilə başçısı’, ‘kahin’, ‘rəis’ mə’nalarında işlənmişdir. ‘Bəy’ sözünün də buradan yarandığı (‘rəis’, ‘başçı’ mə’nalarında) şübhəsizdir. Bu sözlərdəki -na və -da/ta ünsürlərini izah etmək üçün də mənbələr imkan verir: -na qədim urartu (biayn) lüğətində ‘ölkə’, ‘şəhər’, ‘yer’ mə’nası verən morfem kimi mühafizə olunmuşdur: «-na. Suffiks, svəzannıy s naimenovaniəmi mest. Vstreçaetsə neodnakratno, oformləə nazvaniə stran i naselennıx punktov. Çahe vıstupaet v naimenovaniəx qorodov i kulğtovıx soorujeniy, svəzannıx s imenami boqov i üarey». (8; 218) Allah və hökmdar adlarına qoşularaq məkan mə’nalı toponimlər əmələ gətirən bu şəkilçi barədə İ.İ. Meşşaninovun izahatı yerinə düşür, Manna sözünün ‘allah’ mə’nasında BA sözü ilə ‘ölkə’ mə’nasında -NA hissəciyinin birləşməsindən ibarət olduğunu sübut edir. Bu söz daha qədim dövrlərdə «allahlar yurdu» mə’nasında işlənmiş, sonralar «mağlar ölkəsi» kimi şöhrət qazanmışdır. da/ta şəkilçisi isə eyni mə’nanı daha qədim dövrlərdən ifadə etmişdir. Q.Qeybullayev Mada sözünün Matay formasını nəzərə alaraq göstərir ki, -tay türk dillərində ‘ölkə’ mə’nasındadır.» Daha əvvəllər bu fikri V.V.Bartold söyləmişdir». (6; 117) O.T.Molçanova Altayda 246 toponimdə bu sözü tay, day, tey, dey formalarında aşkar etmişdir.(47; 82) Bunlar da təsdiq edir ki, Manna, Mana, Mada, Maday, Matay sözlərinin kökü eynidir, sonluqlar: -na, -da, -day, -tay fonetik cəhətdən az-çox fərqlənsələr də, bir kökdəndir. Fikrimizcə, ulu dilin parçalanması dövründə bir kökdən assimilyasiya yolu ilə ayrılmış bu morfemlərin daha qədim forması *ta olmuş və bu forma şumerdən başlamış bu tərəfə bir çox dillərdə məkani hal şəkilçisi kimi sabitləşmişdir. Tərəf sözünün tə kökündə qalmışdır.
Ümumiləşmiş şəkildə deyə bilərik ki, ölkəmizin ərazisindəki qədim tayfalardan kassitlər və kaspilər adaş olduğu kimi, Manna və Mada da adaşdır. Manna və Mada sözləri e.ə. I minilliyin əvvəllərində tarixin yazı səhnəsində görünsə də, etnonim kimi daha qədimdir. Bağ sözünün, bu sözlə əlaqədar bağa, qurbağa, tısbağa sözlərinin müasir dilimizdə bol-bol işlənməsi aparıcı Mana və Mada etnotoponimlərinin türk mənşəli olduğunu bir daha təsdiq edir.
Mağ, Mada, Mana sözləri eyni köklü olmaqla, mağlar elə mannalılar və madaylardır. Ona görə də mənbələrin bir qismində mağ, bir qismində Manna, Mada sözlərinin işlənməsinə təsadüf edilmişdir. Və ola da bilər ki, tədricən mağ etnik ad kimi, Mana, Mada ölkə adı kimi xüsusiləşmişdir. Lakin ölkə adı da etnonim əsasında təşəkkül tapmışdır. Manna və Mada sözləri eyni tayfanın parçalanması nəticəsində yaranan etnotoponimlərdir.
Tarixi mənbələrə diqqətlə yanaşdıqda aydın olur ki, Azərbaycan ərazisində indi hansı etnos haradadırsa, 3 min, 5 min il əvvəl də əsasən orada olub. Şübhəsiz, dəyişikliklər - gedənlər və gələnlər də olub, lakin, məsələn, türk etnosları indi hansı dairədə çoxluq təşkil edirsə, keçmişdə də elə olub, qədim yaşayış məskənləri öz adlarını qoruyub saxlayıb. Mağ qəbiləsi, muğlar, Muğan heç bir gəliş-gedişin tə’sirindən sarsılmayıb, adını itirməyib, günümüzə qədər mühafizə edib saxlayıb.

Mada tayfa ittifaqına daxil olan digər beş tayfa dillərini E.A.Qrantovski və İ.M.Dyakonov iranmənşəli saymışlar. Q.Qeybullayev türk tayfaları içərisində analoqlarını tapmaqla onların türkmənşəli olduğunu söyləmişdir.


İ.M.Dyakonov arizant tayfa adını iranmənşəli hesab edərək farsların əcdadlarını bildirən ari və Avesta dilindəki ‘tayfa’ mə’nasında zantu sözləri ilə əlaqələndirmişdir. Q.Qeybullayev göstərir ki, Arizant sözü həmin sözün yunanca yazılış tərzidir və mə’lumat verən farsın və ya yunanın fonetikasının tə’siri ilə sözdə təhrif var; söz türk tayfa adını bildirən aris, oris sözündən, türk-monqol dillərində cəm bildirən -t şəkilçisindən ibarətdir və təhrif nəticəsində sözə n səsi artırılmışdır. Müəllif bunun sübutu üçün əlavə faktlar da göstərmiş, sözün əslini Arazat kimi təsəvvür etdiyini və arizantların türkmənşəli olduğunu qeyd etmişdir. (6; 119)
İ.M.Dyakonov struxat sözünü də iranmənşəli saymışdır. Q.Qeybullayev müəyyən etmişdir ki, sözün sonundakı xat komponenti daha çox türklərə məxsusdur: skiflərdə Avxat, müasir türk xalqlarında sarkat və s. Müəllifin fikrinə görə, qədim yunan dilində «ş» və «ç» səsləri olmadığına görə, bu söz də təhrif edilib və ehtimal ki, bu etnonim Şatarkat şəklində olmuşdur. Madada Şetar (e.ə.714), Albaniyada erkən orta əsrlərdə Şatar toponimləri, müasir Şatarlı bu toponimlə eyniköklüdür.(6;.120)
Q.Qeybullayevin fikrincə, parataken etnonimi əslində bortoğan şəklində olmalıdır - boro - ‘boz’, toğan (tuğan) isə tərlan quşunun adıdır və görünür, bortoğan bu tayfanın onqonu olmuşdur. Madada (e.ə.674) Partakanu adlı ölkə, kəngər-peçeneqlər arasında Borotolmat adlı tayfa adı mə’lumdur. Monqollarda (XIII əsr) Bor-Tokan və Aktokan adlı tayfalar olmuşdur. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoqan adlanırmış. Bütün bunlar Paratekan sözünün təhrif edilmiş olduğunu göstərir. (6; 120)
E.A.Qrantovski bus tayfa adını buza ‘bihuşedici içki (pivə)’ sözü ilə bağlamış və həmin sözü iranmənşəli bildiyindən tayfanı irandilli hesab etmişdir.(26;181) Q.Qeybullayev yazır ki, əvvələn, içki adı ilə tayfa adı olmaz, ikincisi də, buza iranmənşəli yox, türkmənşəli sözdür. Müəllif qeyd edir ki, bu sözdə də təhrif olmalıdır: yunan dilində ş, ç səsləri olmadığına görə bu söz buş və ya buç şəklində olmalıdır. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırd və özbəklərdə buçman, Sibir türklərində (XIX əsr) buzman türk tayfa adları mə’lumdur və bunlar göstərir ki, buslar türk tayfa ittifaqına daxil olan tayfalardan biri olmuşdur. (6; 129)
Budi tayfa adı da türkcə izah olunur. Qədim qıpçaqların bir tayfası rus mənbələrində Boudi, XIII əsr monqol tayfalarından biri Budat, skiflərin bir tayfasının adı Herodotda Budin adlanırdı və bunlar budi tayfasının türkmənşəli olduğunu deməyə əsas verir. (6; 121) Bodun, budun ‘xalq’ sözü qədim türklərin ən çox işlətdiyi sözlərdən idi. Ola bilər ki, qonşu türk tayfalarından birinin bu tayfa haqqında işlətdiyi sözdür.
Beləliklə, aydın olur ki, mada tayfa ittifaqına daxil olan tayfalar da əksəriyyət e’tibarilə türkmənşəli olmuşdur. Qeyd edilən bu altı tayfanın türkmənşəli olduğunu təkzib etmək onların iranmənşəli olduğunu sübut etmək qədər çətindir.
Mada ərazisində bir sıra başqa tayfalar da olmuşdur. Həmin tayfalar haqqında antik müəlliflərin mə’lumatı qalmışdır. Q.A.Qeybullayev Mada ərazisində yaşayan tayfalarla bilavasitə madaylar arasındakı fərqi nəzərə alaraq yazır: «Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər - müasir farsların, kürdlərin, talışların, kiləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mə’nasında «midiyalı» dedikdə «maday» etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu ancaq nağıldır, qondarmadır». (6; 224)
Herodot Xəzərin cənub-qərbində, indiki Şimali Azərbaycanın cənub-şərqində - XIV satraplıqda miki, saqarti, saranq, tamane, uti tayfa adlarını çəkir. Mikilər, heç şübhəsiz, müklər - mağlardır. Q.Qeybullayev mikləri talışların əcdadları saymaqla səhv edir. Qeyd etdik ki, mağlar və müqlər mənşə e’tibarilə türkdilli eyni tayfalardır və bu sözlər arasındakı fərq tayfanın müxtəlif ərazilərə yayılması ilə yaranmış şivə fərqləridir. Saqartilər Mannanın şimal ərazilərində məskunlaşmışdılar. Saqartiləri irandilli hesab etsələr də, onlar tamamilə irandilli əhalidən ibarət ola bilməzdi. Saqarti sözünda art türkcə ‘dağlıq ərazi’ deməkdir; belə olduqda, bu tayfanın adı ‘dağlıq ərazi sakları’ kimi anlaşılır. Sakların isə türkdilli olduğu dəfələrlə qeyd edilmişdir. Əyalətin mərkəzinin adı da (Parta) türkmənşəli addır. Onların yaşadığı ərazidə türk utilər də yaşayırdılar. Tamane tayfa adı Sibir türk Tuman tayfa adı, qırğız, qazax və başqırdlarda taban tayfa adı ilə müqayisə edilir. Sarang tayfa adında ng qovuşuq səsi sözün türkmənşəli olduğunu göstərməklə yanaşı, Saran sözünü Şaruan, Şirvan sözünün təhrifi kimi qiymətləndirməyə də imkan verir. Sarangların Herodot tərəfindən göstərilən yaşayış sahəsinin (Orta Asiyada və Midiya ərazisində) şirvanların yaşadığı əraziyə uyğun gəlməsi də bu fikri təsdiq edir. Söhbət Şirvan dövlətindən deyil, əsas şəhəri Gürganın Şirvan şəhəri olan türkdilli şirvan tayfasından gedir. Lakin bu şirvanlar (daha dəqiqi şarvanlar) da nə vaxtsa səpələnmiş, şimala çəkilmiş həmin tayfadandır ki, sonralar ərazi adına çevrilmişdir, ona görə də qeyd edilir ki, Şimali Azərbaycanda, Cənubi Azərbaycanda və Orta Asiyada olmaqla Şirvan toponiminin üç arealı vardır: Q.Qeybullayevin fikrinə görə, şirvanlar saq-massaget mənşəli tayfa olmuşdur. Tədqiqatçılar güman edirlər ki, II əsr müəllifi Ptolemeyin qeyd etdiyi Suran və Sakan toponimləri Şirvan və Şəki toponimlərinin təhrif formasıdır. Şirvan sözü türkmənşəlidir və türk tayfa adlarında (sarmat, saray, sart, sarık və s.) öz əksini tapmış sar etnonimindəndir. Sonralar s>ş keçidi ilə dəyişmiş, Şaruan - Şarvan - Şirvan şəkillərinə düşmüşdür.(6; 128-129).
Utilər (Uti, İtu)isə turukki etnosuna mənsub bir tayfa olmuş və e.ə.V əsrdən Azərbaycan ərazisində geniş yayılmışlar. Etnonim hun tayfalarından olan türk mənşəli utiqur («uti xalqı») adını təmsil edir. Bunlar udinlərdən mənşə e’tibarilə tam fərqli, türkdilli bir tayfadır. Udin adı indiki udinlərə sonralar (XVIII əsrdə) kənar ad kimi verilmişdir.
Herodotun qeyd etdiyi tayfa adlarından biri də Pantimat’dır. Pantimat tayfa adının sonundakı mat morfemi türk tayfa adlarında (sarmat, yaksamat, savromat), şəxs adlarında (teleutlarda Aktumat, Kara-Tumat, telengitlərdə Almat, altaylarda Sari-Almat) geniş yayılmışdır. Sözün pant hissəsinin qədim türk Abant tayfa adını əks etdirdiyi güman olunur. (6; 126) Anlautdakı a saiti mə’lumat verənin və ya katibin qüsurundan qədim yunan əlifbasında öz əksini tapmaya bilərdi. Abant tayfası e.ə. qarqarların arasında olmuşdur. Albaniya ərazisində iki mahal Abant adlanmışdır. Abant çayı sahilində Alban ordusu ilə Qney-Pompeyin ordusu arasında döyüş olmuşdur. Herodotun pantimat kimi qeyd etdiyi tayfanın adı abantimat kimi bərpa olunur.
Xoş niyyətlə, obyektiv şəkildə aparılmış araşdırmalar göstərir ki, Mada ərazisindəki əsas tayfalar türkdilli olmuşlar və onların dillərinin «iranlılaşdırılması» və ya «İran mənşəli» olması barədə israr etməyə heç bir əsas yoxdur. Bu cür fikirlər yalnız türk etnoslarına qarşı daxili barışmazlıq duyğularının gücü ilə söylənmiş uydurma mülahizələrdən ibarət olub, tarixi həqiqətin şüurlu təhrifindən ibarətdir.

 

 



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin