M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə18/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

Saklar

Sak adı ilk dəfə e.ə.VII əsrin ortalarına aid Assur mixi yazılarında, sonra isə VI əsrin sonunda Bisütun kitabəsində çəkilmişdir. (2; 103) «Saklar əsasən Azərbaycanın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada «şişpapaq» saklar yaşayırdılar. Mingəçevirdə tapılmış üzük-möhürlərdən birinin üzərində başında şiş papaq və əynində səciyyəvi sak geyimi olan sak-tiqrahauda təsvir edilmişdir». (1; 214) Saklar Arazla Kürün qovuşduğu çayarasında da yaşayırdılar. Erkən orta əsr qaynaqları buranı Balasakan adlandırmışdır. Buradan qərbə tərəf Kürün Azərbaycan hissəsində sakasinlər yaşayırdılar. Y.Yusifov sakasinlərin müasir Bərdədən Qafqaz dağlarına qədərki ərazidə (İ.Əliyev isə indiki Gəncə-Qazax rayonları ərazisində - 1; 214) yerləşdiklərini, onlardan qərbdə - İberiya ərazisində isə skitlərin quqar tayfasının (türk. ‘kök ər’) məskunlaşdığını (Tövratda skitlərə verilən ad) qeyd etmişdir.(2; 104) Herodot sakların dörd ərazidə yerləşdiklərini yazır: Xəzərin şərqindən yuxarı - Qara Boğaz Gölə qədər; indiki İran və Əfqanıstan sərhədində; Həmədanla Urmiya arasında; Azərbaycan ərazisində. Azərbaycanda Sakasen adlanan ərazi sakların yurdları sayılır.(58; 55) Tarixçilərin yazdıqlarına görə, onların məskun olduğu ərazi Mannanı və Van gölünün ətrafını əhatə edirdi. Lakin çarlığın mərkəzi indiki Gəncəbasar ərazisində olmuşdur.


Herodot göstərir ki, farslar bütün skifləri sak adlandırırlar. Herodota görə də, skif və sak sözləri eyni mə’nalıdır. Skif sözünü ellinlər, sak sözünü farslar işlədirmişlər. (58; 54) Lakin Herodotu tam nəzərdən keçirdikdə, skiflərin tərkibində çox müxtəlif tayfaların olduğunu nəzərə aldıqda skiflərlə sakları eyniləşdirmək olmur. Skif termini ellin dilində saklarla yanaşı, bütün başqa tayfaların da ümumi adı olmuşdur. Ola bilər ki, Herodot Cənubi Qafqazdakı saklarla skifləri bərabərləşdirir. Bisütun yazılarında saklar «bizimkilər» və «dənizin o tərəfindən olanlar» kimi iki qrupa ayrılır. (58; 53)
Qaynaqlar sakları müxtəlif cür adlandırmışlar: haumavarqa, tiqrahuda, dəniz arxası sakları və s. Haumavarqa - ‘hauma’ (içki növü) və ‘varqa’ - (b-v keçidi ilə ‘bişirən’) sözlərindən ibarətdir; bu sözə əsasən, demək olar ki, saklar slavyan tayfaları ilə qarışıq olub. Tiqrahauda sözünü qədim fars dilində tiqra ‘iti’ və hauda ‘dəbilqə’, ‘dəmir papaq’ sözləri ilə izah etmişlər. Əslində isə tiqrah sözü türkcə - tiq/dik sözündən və dərəcə bildirən -rah (-raq) şəkilçisindən ibarətdir - dikrək (gödərək, tösmərək kimi); uda (huda), yəqin ki, ‘papaq’ deməkdir. Buna görə də tiqrahauda sözünü əsas tutaraq Midiyada yaşayan sakların adlarının fars dilində olduğunu düşünməyə əsas yoxdur. Yunanlar bunları ortokoribanti adlandırmışlar ki, bu da «şiş(dik) papaq» deməkdir. (7; 373)
Rus və Avropa iranşünasları sak sözünü də İran dilləri əsasında izah etməyə çalışmışlar. V.İ.Abayev bu qənaətdə olmuşdur ki, sak etnonimi osetin dilindəki sak ‘maral’ sözündəndir. O.Jemerenye belə hesab edir ki, sak sözü qədim İran dillərində ‘getmək’, ‘qaçmaq’ mə’nasındadır. Q.B.Beyli qədim tayfa adında ‘kişi’ anlayışını qeyd etmişdir. (bax: 37; 445,300) Q.Qeybullayev belə hesab edir ki, bunlar iranşünasların fantaziyasından başqa bir şey deyildir. Y.Yusifov da öz mülahizəsini bildirmişdir. Onun fikrinə görə, sak sözü ‘sağmaq’ fe’lindəndir və (madyan) ‘sağan’ mə’nasındadır. (2; 118) Bizim fikrimizcə, bu söz metateza ilə kas sözündən yaranmışdır və onu bu qeyd edilənlərin heç biri əsasında izah etmək olmaz.
E.ə.I minillikdə sakların əsas yaşayış yerlərinin Orta Asiya və Qazaxıstan çölləri olduğu göstərilir. Həm də göstərilir ki, saklar bu ərazilərin köklü sakinləri olmuş, tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət yaratmışlar. Maraqlıdır ki, Orta Asiyada yaşayan sakların adı e.ə.VI əsrdə yaradıldığı güman edilən «Avesta»da çəkilir və bu mənbədə saklar həm də Tur adlandırılır, yaşadıqları əraziyə isə Turan deyilir. (6; 151) Çox maraqlı bir cəhət də budur ki, e.ə III minillikdə İtaliyanın şimalında minillik böyük dövlət yaratmış tursakalar da (turlar və sakalar) eyni etnonimləri daşıyır. Eyni adlı tayfalar - turlar və sakalar İtaliyanın şimalında və Orta Asiyada məskun olmuşlar. Azərbaycan aradadır və Azərbaycan ərazisinə onların e.ə.VIII-VII əsrlərdə gəldiyi söylənilir. Burada sual doğuran düşündürücü məsələlər çoxdur: əgər İtaliyanın şimalında 5 min il əvvəldən tursakalar böyük mədəniyyət yaratmışlarsa və Orta Asiya tursakaları bu ərazinin (Orta Asiyanın) köklü sakinləridirsə, bunlar nə vaxt və harada ayrılmışlar? Qeyd olunur ki, Orta Asiya saklarının yalnız 20 faizi monqoloid irqə aiddir, 80 faizi avropoid irqə mənsubdur. Bəs necə olub ki, Orta Asiyanın köklü sakinləri monqoloid deyil, avropoiddir? Bunları düşündükdə başqa bir hikmət, başqa bir həqiqət ortaya çıxır. Kimmer, skif və sak tayfaları içərisində ən qədim və köklü tayfa saklardır. Sakların ilkin vətəni Ön Asiya olmuşdur. Sonralar onların bir hissəsi şərqə - Orta Asiyaya, bir hissəsi qərbə - İtaliya ərazilərinə hərəkət etmişlər.Turlar və sakalar eyni mənşəli iki tayfa da ola bilər, eyni tayfanın iki adı da. Q.Qeybullayev qeyd edir ki, «saklar həm də turanlar adlanmışdır. Maraqlıdır ki, Cənubi Azərbaycanda həm sak (Sakan, Sakani, Sakane, Şaqali, Şakabad və b.), həm də turan etnonimini (Turan, Turanqala, Turani, Turanpoşt və s.) əks etdirən, əhalisi azərbaycanlılardan ibarət olan kəndlər vardır». (6; 159-160) Turan sözü elmi və bədii ədəbiyyatda əzəmətlə səslənmiş və geniş türk ərazilərini bildirmişdir. Lakin bu anlayış daha çox İran anlayışı ilə müqayisə və qarşılaşdırma əsasında böyümüşdür. Tur sözü bəlkə də güclülük timsalı kimi sak sözünün tə’yini olmuşdur - öyrənilməlidir. Amma bir məsələ daha maraqlıdır: əgər tursakalar Ön Asiyada parçalanıb şərqə və qərbə hərəkət etmiş və şərq qanadı artıb çoxalmaqla e.ə. son minillikdə yenidən öz vətəninə - Ön Asiyaya dönmüşsə, nə üçün onların Azərbaycan ərazisində tayfa bölümlərinin adı çəkilmir? Ola bilməzdi ki, turlar və sakalar Azərbaycan ərazisinin ilkin sakinləri olsunlar, lakin ilkin miqrasiya illərində ölkəni bir nəfər kimi tam tərk etmiş olsunlar.
Bizim fikrimizcə, sakların çox az bir qismi şərqə və qərbə köç etmiş, onların əsas kütləsi Azərbaycanda qalmış, həm də şimallı-cənublu Azərbaycan ərazilərində çox geniş yayılmışlar. Bunlar kas tayfasıdır. Kaslar və saklar eyni tayfadır, adları da eynidir - yalnız adda metateza baş vermişdir. Kaslar həm də kaşşu (elamca) adlanır, saklar həm də şaka adlanır: kas, kaş - sak, şak eyni sözün müxtəlif tələffüz formalarıdır. Bunlardan ilkini kaslar olmuşdur. Arxa sıra kar «k» səsi daha qədim sayılır. Həm də Azərbaycan ərazisində bu adla tanınmış ən qədim tayfa kaslar hesab olunur. Deməli, kasların ilkin parçalanması ən azı tunc dövrünə aiddir. Bir dəlil də Orta Asiyada saqay dilinin xakas dilinin dialekti hesab olunmasıdır. Bu sözlərdə saq sözü də, kas sözü də vardır - kök tayfa dili xa-kasdır, ona görə də saq-ay onun dialekti sayılır.
Kasların parçalanması o qədər uzaq keçmişə aiddir ki, bir kökdən olan bu tayfalar qonşuluqda artıq yad və fərqli ən’ənələri olan tayfalar kimi yaşayırlar. Azərbaycanın indiki Muğan və Salyan düzlərində kaspilər məskun idi və bu ərazi Kaspiana adlanırdı. Herodotun göstərdiyi XI əyalət Kürlə Arazın qovuşduğu yerdən Xəzərədək olan ərazinin cənubunu əhatə edirdi və burada bir sıra başqa tayfalarla birlikdə saklar da yaşayırdılar. Q.Qeybullayev göstərir ki, sakların əsas kütləsi Orta Asiyada olduğundan onlar bura şimaldan deyil, Xəzərin cənubu ilə gələ bilərdilər. Beləliklə, əslində, iki qohum tayfa - saklar və kas(pi)lər qonşuluqda yaşayırdılar. Orta Asiya mühiti saklara at əti yeməyi öyrətmişdi. Antik mənbələrdə kaspilərin ətrafında «at əti yeyən»lərin olduğu göstərilir. Bunlar saklar idi və tarixçilərin zəndinə görə, onlar sonralar kaspiləri sıxışdırmışlar, ona görə də əvvəlki Kaspiana sonralar Balasakan (‘Sak düzü’) adlanmışdır və bu sakların izləri kimi Astara ərazisində Sakaşon, Sakşon toponimləri qalmışdır.
Bir sıra alimlər sakların türk mənşəli tayfa olduğunu xüsusi qeyd etmişlər. H.Hote onları türk, İ.Minns monqol hesab etmişdir. İran tarixçisi Məhəmməd Həsənxan Kür və Araz arasında yaşamış sakları turanlar (türklər) adlandırmışdır. A.N.Bernştam daha inamla yazmışdır: «Saklar etnik tərkibcə müxtəlifdir. Bizim gümanımıza görə, ən güclü türk yadrosu saklar arasında olmuşdur». B.A.Litvinski göstərir ki, «Avesta»da saklar bir neçə ad altında təsvir olunmuşdur və ən çox işlənəni tur sözüdür. Ümumiyyətlə, Orta Asiyanın oturaq iranlılara düşmən olan köçəri tayfaları tarixən tur adlanmışdır. Bu barədə V.Qenqer, P.Markvart, X.Nüberq, V.İ.Abayev, B.A.Litvinski və başqalarının əsərlərində də geniş danışılmışdır. (37; 92)
Turlar ilə arilər arasında ziddiyyət olmuşdur. Bir çoxları bunu həyat tərzi və dini görüşlərlə bağlamışlar. Ən ağlabatan mülahizə odur ki, bunlar etnik cəhətdən fərqli idilər - turlar türk idilər. Bəlkə «Avesta»da haqqında danışılan turlar gəlmə deyil, kaslardan qalma saklardır? Tədqiqatçıların bir qismi bu fikirdədir ki, tur sözü «Avesta»da ‘türk’, turan sözü ‘Türküstan’ mə’nasındadır. Q.Qeybullayev yazır: «Mə’lum olduğu kimi, türk etnonimi ikikomponentlidir: tur + topluluq-cəm şəkilçisi-k və buna görə də tur və məkan və kəmiyyət bildirən iranmənşəli -an şəkilçisindən ibarət Turan sözünə bərabərqiymətlidir».(37; 93)
Firdovsinin «Şahnamə» əsərində Turan dedikdə Amu Dəryadan Orta Asiyaya qədərki türk əraziləri nəzərdə tutulur və bu əsərdə aydın şəkildə deyilir ki, turanlılar türkcə danışırdılar.
Başqa cür düşünənlər də var. Bir mühafizəkar fikrə görə, VI əsrin II yarısında türklər Orta Asiyada artıb-çoxalmış, irandilli sakları türkləşdirmişlər.(37; 416,46) 300-400 ilin ərzində bu qədər geniş yayılmış (guya irandilli olan) tayfanın birdən-birə türkləşməsi heç kimi inandıra bilməz.

Sakların türkmənşəli olduğunu göstərən mühüm dəlillərdən biri də sak şəxs adlarıdır. Moisey Xorenasi, Poliyen, Pompey Troq, Herodot, Kursi Ruf və başqalarının əsərlərində Paruyr, Amorq, Eslak, Sparqapit, Tomiris, Skunha, Sirak, Tanay, İşpakay və s. sak şəxs adları qalmışdır. Moisey Xorenasi Paruyru «sak oğlu» adlandırır, göstərir ki, o, e.ə.612-ci ildə Nineva şəhərinin alınmasında sak başçısı kimi Kiaksara kömək etmişdir. Skunha - e.ə.521-ci ildə farslara qarşı üsyan qaldırmış Orta Asiya saklarının başçısının adı. Q.Qeybullayev fars dilinə müvafiq olaraq başda e saitinin düşməsi və sonda h samitinin əlavəsi ilə bu sözün əslində Eskunay şəklində olduğunu, türkcə es ‘ağıl’, ‘zəka’ və qun, kun ‘knyaz’ sözlərinə ayrıldığını (-ay - Altay dillərinə məxsus şəkilçidir) qeyd etmişdir. Fikrimizcə. -es ‘əsmək’ sözündən, -qun (ğun) və -ay şəkilçilərindən ibarətdir - Coşqunay, Qırğızlarda Tolğanay adları kimi. Q.Qeybullayev Orta Asiya sak kəşfiyyatçısının adını (e.ə.513) - Sirak sözünü çirak ‘ağıl’ mə’nasında izah etmişdir. Qeyd etməliyik ki, sirak sözü qədim türk tayfa adlarındandır. Cəbrayıl rayonundakı Sirik kəndi onların adı ilə bağlıdır. Tanay - türkcə tonq, tanq ‘sübh çağı’ sözü və ay şəkilçisinə ayrılır. Söz tanımaq fe’lindən də ola bilər. İşpakay sözünün türkcə eş, iş ‘dost’, ‘yoldaş’, boka ‘pəhləvan’, ‘qüvvətli’, ‘qoluzorlu’ sözlərindən düzəldiyi göstərilir. (6; 154) İkinci komponent bəy sözü də ola bilər. Qadın xaqan adı olan Tomiris (e.ə.530) antroponimini bir qədər əvvəl izah etmişik. Tomirisin türk olduğunu göstərən mühüm bir əlamət də onun türklərə məxsus tuluqdan istifadə etməsidir. Sparqapit (Tomirisin oğlu, e.ə.530) şəxs adını Q.Qeybullayev es ‘ağıl’, birok ‘bir’, ‘yeganə’ və bit ‘böyü’, ‘boy at’ sözlərinə ayırmışdır. Bizim fikrimizcə, bu söz ‘qohumları əlaqələndirən ər’ mə’nasında ləqəbdir. Kartazes (e.ə.IV əsr) - İskəndərə Orta Asiyada müqavimət göstərən sak çarının adı; türkcə kartaş ‘qardaş’ sözündən və yunan adlıq hal şəkilçisi -es-dən (yunan dilində ş olmadığı üçün z işlənmişdir) ibarətdir. Ermənilərə başçılıq etmiş sak çarının adı Eslak da türkcə es ‘ağıl’ və ya monqolca işi ‘müdrik’ sözündən və -lak şəkilçisindən ibarətdir. Rəşidəddinin «Oğuznamə»sində Esli xan adına uyğun sayılır (indi qadın adı Əsli kimi).


Q.Qeybullayev tuvalarda, qazaxlarda, özbəklərdə, türkmənlərdə, xakaslarda və b. türk xalqlarında sak adı ilə bağlı çoxlu etnonim müəyyən etmişdir. Tatarıstanda, Ermənistanda, Azərbaycanda, Türkiyədə, İranda saklarla bağlı Şəki adlı yaşayış məntəqələri vardır. Bunların hamısı sakların türk mənşəli olduğunu göstərən əlamətlərdir. Bir spesifik əlamət də onların türklərə məxsus şiş papaq qoymalarıdır. Babək də belə şiş papaq qoyurmuş. Ümumən keçə düzəltmək və keçə papaqlar hazırlamaq türk məişəti ilə bağlı sayılır. İ.M.Dyakonov hələ e.ə. III minillikdə Midiya ərazisində əhalinin keçə papaq qoyduğunu qeyd etmişdir.
Sakların Azərbaycanda məskunlaşması ilə bir sıra toponimlər - Qarabağda Artsaq ‘saq dağlıq ərazisi’, Zəngəzurda Sisakan ‘Si sakları’, Muğan düzündə Balasakan ‘Sak düzü’ toponimləri yaranmışdır.(2; 104, 38; 50-51) S > z keçidi ilə Zakatala - Saka tala ‘Sak düzü’, Zakandərə - Sakan dərə ‘Sak dərəsi’ mə’nasındadır. Sakasinlər isə -sin,-şin ‘adam’ elementi ilə ‘saka bənzər’, ‘sak adamı’ deməkdir.(2; 104) Bunların hamısı türkcə izah olunur.
Saklara məxsus geniş yayılmış toponimlərdən biri Gəncə sözüdür. Adətən bu sözü fars dilindəki gənc ‘xəzinə’ sözü ilə bağlayırlar. Təbii ki, bu cür izah doğru ola bilməz. Ona görə ki bu söz sakların bir qolu olan Gəncək tayfasının adı ilə bağlıdır və bu sözün cək/zək hissəsi ‘sək’, ‘sak’ sözüdür. Qədim mənbələrdə Gəncənin Qan-zak adlanması da bununla bağlıdır. Sakların adı ilə bağlı olan Gəncə yaşayış məntəqə adının türk aləmində geniş yayılması da bunu təsdiq edir. Orta Asiyada orta əsrlərdə Gəncək adlı bir neçə şəhər olmuşdur. Cənubi Azərbaycanda Gəncabad, Gəncə, Gəncərud kəndlərinin adları bu tayfanın adı ilə bağlıdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda gəncə, qəncə adlı tayfalar və Gəncə adlı çoxlu yaşayış məntəqələri vardır. Keçən əsrdə Şimali Qafqazda Gəncə-Aul, Gəncəçay, Gəncə kəndləri olmuşdur.
Pəhləvi dilindəki bir mənbədə Aturpatakandakı Gəncənin əsasını Əfrasiyabın qoyduğu göstərilir. Q.Qeybullayev qeyd edir ki, bu, «Avesta»da adı çəkilən və farsların qatı düşməni sayılan Franqrasian adlı şəxsdir. Bu şəxs «Şahnamə»də Əfrasiyab adlandırılmışdır (Ehtimal edilir ki, Franqrasian ‘Əfrasiab’ adının yazılış formasıdır). Müəllif Əfrasiab sözünü abra ‘xilas edən’, ‘qoruyan’, ‘saxlayan’, ‘ehtiyacdan qurtaran’, -si (-çi) şəkilçisi və əp, əb ‘bacarıqlı’, ‘mahir’, ‘fərasətli’, ‘işcil’ sözlərinə ayırmış (6; 159), türkcə əslini «Abrasiəb» şəklində (‘bacarıqlı qoruyucu’ mə’nasında) bərpa etmişdir. Sözü başqa cür də izah etmək olur. Qədim türkcədə apraş/opraş sözü ‘dağıtmaq’, ‘yırtmaq’ mə’nasındadır; (33; 231) apa sözü isə türklərdə titul bildirən sözdür, daha çox qədim türk başçılarına, sərkərdələrinə aid olmuşdur (25; 46) Bu cəhətdən söz Apraş apam (Ap-ra-ş apa-m) şəklində ‘mənim (düşməni) dağıdan, məhv edən əcdadım, ata-babam’ mə’nasını verir: Ap/op - ‘udmaq’, apra/opra - ‘yırtmaq’, ‘dağıtmaq’, ‘məhv etmək’ deməkdir (25; 368); -ş fe’ldən ad düzəldən şəkilçidir. P>f, ş>s, m>b keçidləri ilə Apraşiapam sözü Əfrasiyab şəklinə düşmüşdür. Görünür, ad deyil, ləqəb olmuşdur. Əfrasiyab tarixi şəxsiyyət və sakların başçısı hesab edilir. Nizaminin «Xosrov və Şirin» əsərində Məhinbanunun Xosrovu nəzərdə tutaraq Şirinə dediyi:

Əgər o,
aydırsa, biz bir afitab,


O, Keyxosrovdursa, biz Əfrasiyab (38;106)-

sözlərində də İran və Turan qarşılaşdırılması vardır.


Cənubi Qafqazda yaranmış Skif çarlığı əslində Sak çarlığı idi. Mərkəzi isə indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bu çarlıq «Bibliya»da «Aşkenaz çarlığı» adlanır. Aşkenaz sözü də sak sözünü mühafizə edir: aŞKenaz - şk - şak/sak. Q.Qeybullayev bu məqamda, nədənsə, Aşkenaz sözü ilə Aşkuzay, İşkuzay sözlərinin yaxınlığına diqqət yetirmir. Qeyd etməliyik ki, bunların hamısının (Aşkenaz, İşkuzay, Aşkuzay sözlərinin) kökündə ŞK səsləri durur ki, bu da həmin sözlərin şak/sak sözü olduğunu göstərir.
Saklar indiki Ermənistan ərazisinin bir hissəsində və Azərbaycanın Şəki, Şakaşen, Sisakan, Arsak bölgələrində yaşamış və iz qoymuşlar. Şəki sözü tarixən müxtəlif şəkildə yazılmış və müxtəlif şəkildə tələffüz edilmişdir: Ptolomey (II əsr) Osika kimi işlətmiş, Parfiya dilində (III əsr) Suki, Erməni coğrafiyasında (VII əsr) Sekan, VI əsrə aid bir mənbədə Şəki, ərəb coğrafiyaçılarının əsərlərində (IX-X əsrlər) Şəkkan kimi qalmışdır. Hamısında kök SK samitləridir. Sakasena - indiki Gəncə bölgəsini əhatə etmişdir. Bu əyalətin sakları e.ə. IV əsrdən mə’lumdur Atropatena və Türkiyə ərazilərində də Sakasena olmuşdur. Sakasena adının sonundakı sen hissəsini farsca şauana ‘yer’ sözündən əmələ gəlmiş «şen» hesab edirlər. Ermənilər bundan erməni sözü kimi yapışaraq qədim Gəncə bölgəsində yaşadıqlarını iddia edirlər. Bu sözün və Sakasena əyalətinin Türkiyə və Atropatena ərazilərində də olması onların bu iddialarının yanlış olduğunu sübut edir. Sözün sonundakı sin türkcə şin sözünün fonetik variantıdır və Alşın, Bulqasın, Kabukşın, başqırdlarda Kuqarsin, Üskiyə mahalında Macarşin, Xuvarlı mahalında Avarsin kənd adlarında da qalmışdır. Toponimin əsli Saksin və ya Şakşin sayılır. (6; 162) Sin/şin - ulu dildən gələn, lakin artıq türk forması almış morfemdir.
Zəngəzur əraziləri də vaxtilə sakların məskunlaşdığı ərazi olmuş və Sisakan adlanmışdır. Sözdə sak etnoniminin olduğunu vaxtilə N.Y.Marr söyləmişdir.
Tarixçilər Sisakanı erməni hakimlərinin idarə etdiyini güman etmişlər. Q.Qeybullayev bu məsələni ətraflı araşdırmış və Sisakan hakimlərinin erməni olmadığını, türk mənşəli saklardan ibarət olduğunu üzə çıxarmışdır. Sisakan etnonimi aydın şəkildə göstərir ki, bu ərazi sak yurdu olmuşdur, hakimləri isə Aranşahlar adlanmışlar. »Albaniya tarixi»ndə göstərilir ki, 607-ci ildə Alban kilsəsi ilə erməni kilsəsi arasında ixtilaf güclənəndə Sisakan əhalisi albanlar tərəfə keçmişlər.
Sisakan etnonimi Si-sak-an şəklində ayrılır: si sözü sakların bir tayfası olmuşdur (6; 163), söz bütövlükdə ‘Si sakları’ mə’nasındadır. Ermənilər bu sözü Syuni şəklində yazmış, qədim Urartu dilindəki siuni sözü ilə eyniləşdirmişlər. Siuni Urartu dilində ‘su mənbəyi, göl’ mə’nasında əyalət adı olmuşdur. (8; 264,265) Syuni (əslində, Siuni) sözü isə tayfa adını bildirir (erməni dilində su sözü sov kimi qalmışdır və Sevan sözü də buradandır, 6; 164) Beləliklə, Sisakan sözünün fars şəkilçisi ilə Sisa-kan şəklində ayrılması düz deyil, sözü Si-sak-an şəklində (‘Si sakları’) ayırmaq lazım gəlir.
Q.Qeybullayev yazır: «IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri «Saklı» (ərəb mənbələrində «Səhl») ləqəbini daşıyırdılar. «Səhl» (yə’ni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi. O, Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri «məlik» adlanırdılar. Səhl ibn Sunbat da məlik idi və «Kitabi-Dədə Qorqud»da Şöklü Məlik («Şəkili Məlik» adının təhrifi), ehtimal ki, məhz Şəki hakimi Səhl Sunbatdır». (6; 165)
Xürrəmilər hərəkatı dövründə (IX əsrin əvvəli) artıq «Dədə Qorqud» formalaşmış olardı. Odur ki burada, yəqin ki, başqa bir məlikdən söhbət gedir.
Sisakanda Si sülaləsindən olan əksər hakimlərin adları da türkmənşəlidir. Məsələn, Ərən (ermənicə yazılışı Aran, Erən) - xalis türk sözüdür; 1-ci əsrin 60-cı illərində Alban hökmdarının da adı Aran olmuşdur. Pisak adında pi türkcə ‘başçı’, ‘knyaz’, ‘şahzadə’ və sak, çak ‘ayıq’, ‘sayıq’, ‘ehtiyatlı’; Vasak -(Basak) ‘basmaq’ fe’li əsasında ‘qalib’, ‘fateh’ mə’nasında izah olunmuşdur. (6;166) Bizcə, bunlar (Pisak, Vasak) eyni adlardır və hər ikisində pi, ba - ‘başçı’ deməkdir, sak isə tayfanın adıdır - söz ‘sak başçısı’, ‘sak hakimi’ (hərfən: ‘baş saq’) deməkdir.
Sakların yerləşdiyi ərazilərdən biri qədim Qarabağ əraziləri olmuşdur. Onların adı ilə bu ərazi Artsaq adlanmışdır. Artsaq - art ‘dağlıq ərazi’, ‘yüksəklik’ və sak sözü ilə ‘dağlıq ərazi sakları’ mə’nasındadır.
Aşağıdakı tayfa adları da bilavasitə sak etnoniminin iştirakı ilə yaranmışdır:
Saqarti(lər) - İranın şimal-qərbində Midiya tayfasının və həmin tayfanın yaşadığı vilayətin adı; Sakasinlər - müasir Bərdədən Qafqaz dağlarına qədərki ərazidə məskunlaşmış tayfanın adı - ‘saka bənzər’ deməkdir. Massaget - ‘baş saqlar’ mə’nasındadır: b>m keçidi ilə: bas sözü baş sözü; sondakı -et cəm bildirən -at şəkilçisidir:
Skiflər amazonkaları eorpata adlandırmışlar. Bu söz eor -’ər’ və pata - ‘batmaq’ fe’lindən ibarət olub ‘ər öldürən’ deməkdir. (58; 21) Herodot özü də amazonkalar haqqında deyir: «Kəbin qaydalarına gəldikdə onlar belədir: qız düşmən öldürməyincə ərə getmir. Bir qismi ərə getmədən qocalıb ölür, belə ki, ümumi qaydanı yerinə yetirə bilmir». (Q.IV,117) Z.Həsənov bu barədə qeydlərini ümumiləşdirərək göstərir ki, savromatlar, yə’ni amazonkalar ata tərəfdən skiflərlə bağlı olub, skif dilində danışmışlar, ana tərəfdən isə oyorpat/eorpatlar - ‘əröldürənlər’ adlanmışlar. (58;60)

Beləliklə, bütün bu araşdırmalar - kimmerlərin, skiflərin, sakların geyim və həyat tərzi, antropoloji və etnik xususiyyətləri, toponim, etnonim və antroponimlərinin linqvistik təhlili göstərir ki, bu tayfalar türkmənşəli olmuş, Şimali və Cənubi Azərbaycan ərazilərində geniş məskunlaşmaqla Azərbaycan xalqının, Azərbaycan dilinin təşəkkülündə bilavasitə iştirak etmişlər.

 

 

Qrammatik xüsusiyyətlər



- ay şəkilçisi - Altay-monqol dillərinə məxsus müraciət bildirən söz və ya adlıq hal forması: aşquzay, işquzay sözlərində, Tarqitay, İşpakay adlarında olduğu kimi;
- it,-at,-ot - qədim türk cəm şəkilçisi: skol-ot; Massag-et sözlərində -ot, -et;
- lıq(-dıq) - isimdüzəldən şəkilçi; pontik skif sözü (bun ‘şorpa’, ‘horra’ və -dık (-lıq) şəkilçisi);
- ir -indiki zaman şəkilçisi: Goytosir allah adı goy/gok ‘göy’, ‘mavi səma’ və tes-ir ‘deşir’ sözündən;
- aq - fe’ldən ad düzəldən şəkilçi; Xonaxis sözünün kökü qonmaq fe’lindən -ax (-aq) şəkilçisi ilə Qonaq sözü (-is yunan şəkilçisidir); Pollak - ‘bələ-k’, ‘hədiyyə’, ‘bəxşiş (allahın hədiyyəsi)’ mə’nasında - bələmək sözündən;
-li - sifətdüzəldən şəkilçi; çav ‘ad-san’, ‘şöhrət’ və -li şəkilçisi ilə Çavli sözü;
-q,-k -sifətdən isimdüzəldən şəkilçi; Orik şəxs adı türkcə ari-q, ari-k ‘təmizkar’, ‘saf’, ‘ləkəsiz olan’ mə’nasında;
-an - cəm şəkilçisi: tur-an - türklər; tür-k və turan sözlərinin sinonimliyi;
-qun - fe’ldən ad düzəldən şəkilçi: Eskunay sözü es ‘əsmək’, - qun (-ğun) və -ay şəkilçilərindən - Coşqunay, Tolqanay adları kimi.
-laq - addan ad düzəldən şəkilçi: Eslak sözündə es türkcə ‘ağıl’ və ya monqolca işi ‘müdrik’ sözü və -lak şəkilçisi ilə ‘ağıllı’, ‘müdrik olan’;
-ra - Ap/op kökündən ap-ra/op-ra - ‘yırtmaq’, ‘dağıtmaq’, ‘məhv etmək’ (25; 368);
-ş - fe’ldən ad düzəldən şəkilçi: abra-ş/obra-ş sözündə -ş şəkilçisinin -si-xa - fe’l düzəldən şəkilçi: av(maq) - ov(maq) sözündən avxa (maq);
-la - fe’l düzəldən şəkilçi: paralat tayfa adı para (bir şeyin yarısı) sözündən paralamaq fe’li;
-t - tə’sirli fe’l düzəldən şəkilçi: avxa(maq) fe’lindən avxa-t(maq) (‘ram etmək, əhliləşdirmək’).Bu şəkilçi paralat tayfa adında da vardır: para-la-t - ‘paralatmaq, qat-qat ayırmaq’ mə’nasında. Hər iki halda -t şəkilçisi öz funksiyasını itirmiş və sözə daşlaşmış şəkildədir.

 

 



Ədəbiyyat

1.Azərbaycan tarixi.- (İ.Əliyevin redaktəsi ilə), I cild, EA-nın nəşri, «Elm», 1998.


2.Azərbaycan tarixi. I cild (Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3.A.Leo Oppenxeym. Drevnəə Mesopotamiə.-Moskva, »Nauka», 1980.
4.V.Həbiboğlu.Qədim türklərin dünyagörüşü.-Bakı,1996.
5.Adile Ayda. Etrüskler (Tursakalar) türk idiler. Ankara,1992.
6.Q.A.Qeybullayev.Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
7.Y.B.Yusifov. Qədim Şərq tarixi.-Bakı Universiteti Nəşriyyatı,1993.
8.İ.İ.Mehaninov. Annotirovannıy slovarğ urartskoqo (biaynskoqo) əzıka. -Leninqrad,1978.
9.Solmaz Qaşqay.Manna dövləti.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1993..
10.İ.M.Dğəkonov. İstoriə Midii,-M.-L., 1956.
11.Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair.- Bakı, Elm, 1994.
12.İ.Aliev. Oçerk istorii Atropatenı.- Baku, 1989.
13.Z.Budaqova, T.Hacıyev. Azərbaycan dili, Bakı, 1992.
14.O.N.Tuna. Sumer və türk dillerinin tarihi ilgisi ile türk dilinin yaşı meselesi.-Ankara,1990.
15.Azərbaycan Sovet Ensiklopediyası, IV c., Bakı, 1980.
16. Rəfik Özdək. Türkün qızıl kitabı. -I kitab, Yazıçı, 1992.
17.Xrestomatiə po istorii Drevneqo Vostoka.-M.,1963.
18.Q.Kazımov.Sənət düşüncələri. -Bakı, 1997.
19.F.A.Cəlilov.Azərbaycan dilinin morfonologiyası.-Bakı, «Maarif»,1988.
20.M.D.Qıpçaq. Türk say sistemi. -Bakı, 1996
21.Ə.Dəmirçizadə. 50 söz. Bakı, «Gənclik», 1968.
22.İ.M.Dğəkonov,S.A.Starostin.Xurrito-urartskie i vostoçno-kavkazskie əzıki.-Drevniy Vostok.Gtnokulğturnıe svəzi, XXX, Moskva,1988.
23.İ.Aliev.İstoriə Midii,Baku,1960.
24.Q.A.Melikişvili.Nairi-Urartu.-Tbilisi, 1954.
25.Drevnetörkskiy slovarğ. -Leninqrad, «Nauka», 1969.
26.E.A.Qrantovskiy.Rannəə istoriə iranskix plemen Peredney Azii, M.,1970.
27.Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi.-Bakı,1979.
28..R.M.Boehmer. Volkstumund Stadie der Man naer.s.18-19;
29.İ.M.Dğəkonov.Əzıki drevney Peredney Azii.-Moskva, «Nauka», 1967.
30.Q.A.Melikişvili. Urartskiy əzık. -Moskva, 1964.
31.T.H.Ratbhun. An Analisis of the Skeletal Material excavated at Hasanlu,İran, «Universitü of Kansas», 1964
32.İ.Bayramov.Qərbi Azərbaycanın türk mənşəli toponimləri.-Bakı, Elm, 2002.
33.Mahmud Kaşğari.Divanü-lügat-it-türk, tercümesi.Çeviren Besim Atalay, I, Ankara, 1939.
34.Mahmud Kaşğari.Divanü-lügat-it-türk, tercümesi.Çeviren Besim Atalay, II, Ankara, 1941.
35.Sravnitelğnıy slovarğ tunquso-manğçjurskix əzıkov.-II, Leninqrad, 1977.
36.Ə.Rəcəbov, Y.Məmmədov.Orxon-Yenisey abidələri.-Bakı,Yazıçı,1993.
37.Q.A.Qeybullaev. K gtnoqenezu azerbaydjanüev, t. I, Baku, Glm,1991.
38.N.Gəncəvi. Xosrov və Şirin. -Bakı, 1947.
39.K.Tallqvist. Assurian Personal Names, Helsingfors, 1918. («Akta Sosietatis Skientiarum Fennikae.vol.XLVIII, №, 28, 2
40.Azərbaycan tarixi.I,Bakı,1958.
41.Mirzə İbrahimov. Azərbaycan dili.-EA-nın nəşriyyatı, 1957.
42.Kalankatuklu Moisey. Albaniya Tarixi. -Bakı, Elm, 1993.
43.Qerodot.İstoriə,Moskva, 1971.
44.Strabon.Qeoqrafiə.-Moskva, 1964.
45.Rauf Arifoğlu.Korlanmış və itirilmiş.- «Yeni Müsavat», 23 aprel 2003, № 206.
46.Azərbaycan tarixi.-Bakı,1993.
47.O.T.Molçanova. Glement «tay» v toponimii Sredney Azii i smejnıx territoriy.-»Onomastika Sredney Azii»,Moskva,1978.
48.Bartolğd.Soçinenie.-V, Moskva,1968.
49.Q.Kazımov.Qurbani və poetikası.-Bakı,1996.
50.A.İ.Dovatur, A.P. Kallistov, İ.A.Şişova - Narodı naşey stranı v istorii Qerodota.M., 1982.
51.İ.M.Dğəkonov.Assuro-vavilonskie istoçniki po istorii Urartu,-VDİ,1951, № 2, s.65.
52.R.Fray.Naselenie İrana, -M., 1972.
53.M.İ. Artamanov.K voprosu ob gtnoqeneze v sovetskoy arxeoloqii.-KSİİMK, vıp. XXIX, M., 1949.
54.E.Herzfeld.The Persian Empire. Wiesbaden, 1968, s.25
55.A.İ.Terenojkin. Skifskaə kulğtura. -Sb. Problemı skifskoy arxeoloqii, -M., 1971.
56.Çingiz Qaraşarlı.Əfsanənin izi ilə. «Ulduz», 1989, № 2.
57.Çingiz Qaraşarlı.Troyalılar kim idi? Məqalələr toplusu, IV, Azərbaycan Dövlət Dillər İnstitutu, Bakı, 2000.
58.Zaur Qasanov. Üarskie skifı.-Liberti publishing house, Nyu York, 2002.
59.Strabon.Qeoqrafiə,I,2;27,28-Vestnik drevney istorii, 1947, № 4.
60.Qerodot. İstoriə. IV.V sb.: İstoriki Qreüii, M.,1976.
61.Afina Əlizadə. Prof.Ə.Dəmirçizadə və «Divanü-lüğat-it türk» əsəri. -Pedaqoji Universitetin əsərləri, № 1, Bakı,2001.
62.G.V.Sevortən. Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. -İzd. «Nauka», Moskva, 1974.
63.Dr.R.Oğuz Turkkan. Bizden olan ve olmayan kavımlar.-Türk Dünyası Tarihi Dergisi.-Ekim 87, sayı 10.
64.Lev Qumilyov. Qədim türklər.-Bakı, «Gənclik»,1993.
65.B.A.Serebrennikov.Priçinı rezkoqo umenğşeniə çisla affiksov mnoqokratnoqo deystviə i sokraheniə sferı ix upotrebleniə v törkskix əzıkax.- «Sovetskaə törkoloqiə», 1975, № 6.

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin