Lüğətdə verilmiş sözlər A



Yüklə 91,45 Kb.
səhifə4/5
tarix28.01.2017
ölçüsü91,45 Kb.
#6688
1   2   3   4   5
Neft anbarı - nefti və onun emal məhsullarını saxlamaq üçün rezervuar və ya rezervuar sistem. Yerüstü, yarıyeraltı və yeraltı növləri var.   

Yerüstü N.a. adətən metaldan olub, silindrik (şaquli, üfiqi) sferik və damşəkilli formada hazırlanır. Açıq rəngli neft məhsulları xüsusi konstruksiyalı polad rezervuarlarda saxlanılır. Yarıyeraltı N.a.-nı adətən dəmir-betondan (tutumu 500-30000 m3) hazırlayırlar. Konstruksiyası silindrik və düzbucaqlı, həmçinin xəndək tipli olur. Yeraltı N.a.-ından  (100 m və daha dərinliklərdəki daş duz çöküntülərində yerləşdirilir) adətən benzin, dizel yanacağı və kerosin kimi neft məhsullarını müvəqqəti saxlamaq üçün istifadə edirlər. N.a.-nın yaranma tarixi Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olub.

 

Neft bazası - nefti və neft məhsullarını qəbul etmək, yığıb saxlamaq, bir nəqliyyat növündən digərinə yükləmək, yaxud istehlakçıya buraxmaq üçün bina və qurğular kompleksi. Boşaldılıb-yükləyici N.b. (nefti bir nəqliyyat növündən başqasına, yaxud da həmin növdən olan nəqliyyata yükləmək üçün), zavod nəzdində N.b. (emal olunacaq nefti, neft məhsullarını qəbul edir, saxlayır, emal üçün hazırlayır) və paylaşdırıcı N.b.(bilavasitə müəyyən ərazidə yerləşən müəssisələri kiçik taralarda neft və neft məhsulları ilə təchiz edir və s.) növləri var.

 

Neft qazları - neftlə birlikdə yerdən çıxan müxtəlif karbohidrogen qazlarının qarışığı. Seperasiya vasitəsilə neftdən ayrılır. 1 t neftlə çıxan qazın m3 ilə həcminə (normal şəraitdə) qaz faktoru deyilir. Neft kimyası sənayesi üçün qiymətli xammal hesab edilir, qismən yanacaq kimi də istifadə olunur. Həmin qazlardan maye spirt, plastik kütlə, süni kauçuk və s. alınır.

 

Neft quyularının istismarı - neftin quyudan fontanla və ya mexanikləşdirilmiş üsulla çıxarılması. Hazırda dünyada nasosla N.q.i. daha geniş yayılıb. Ölkəmizdə ümumi neft quyularının 75%-i bü üsulla işlənilir. Bu onunla əlaqədardır ki, quyu nasoslarının konstruksiyası sadə olmaqla bərabər, onlar iş zamanı xüsusi xidmət tələb etmir və quyuların iş rejiminin qurulmasında çətinlik törətmir.

 

Neft quyusu - bax: Quyu.

 

Neft daşları - Bakı şəhərinin Əzizbəyov rayonunda şəhər tipli qəsəbə (1952-ci ildən), Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə, polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi, ondakı daşların üzərində neft-qaz nişanələrinin olması ilə əlaqədar N.d. adlandırılmışdır. 1946-cı ildə N.d. rayonunda geoloji kəşfiyyat işlərinə başlanmış, ilk kəşfiyyat quyusu 1949-cu ildə qazılmışdır. Laylara su vuraraq süni təzyiq yaratmaq üsulu ilk dəfə N.d.-da sınaqdan keçirilmişdir.

 

Neft emalı - neftin mexaniki qatışıqlardan təmizlənib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesi (neftin distilləsi). N.e.- neft emalı zavodlarında distillə qurğuları vasitəsilə aparılır. Müasir distillə qurğularının illik məhsuldarlığı 6 milyon tona yaxındır. Bu zavodlarda emal ediləcək neft, su və duzdan təmizləmək üçün az miqdarda deenulqator qatışdırılmış su ilə yuyulur. Əmələ gələn emulsiya 100-140, bəzən də 1600C-yə qədər qızdırıldıqdan sonra elektrik dehidratorlarına verilir. Yüksək temperatur, elektrik sahəsi və deemulqatorun birgə təsirindən emulsiya qısa müddətdə parçalanır, ayrılan su, onda həll olunan duzlarla birlikdə sistemdən çıxarılır. Nəticədə neftin tərkibində suyun miqdarı 0,05-0,20%-ə, xloridlərin miqdarı isə 0,5-5,0 mq/l-ə enir.

 

Neft emalı qazları - neftayırma qurğularında və ya neft məhsullarının termik və katalitik emalı proseslərində əmələ gələrək, əsasən kiçik molekullu karbohidrogenlərdən ibarət olan qaz qarışıqları. N.E.q.-nın çoxunda doymamış karbohidrogenlərin və hidrogenin miqdarı yerdən neftlə birgə çıxan, eləcə də təbii yanan qazlardakından xeyli artıq olur. N.E.q. tərkibindəki doymamış karbohidrogenlər (etilen, propilen və s.) neft kimyası sənayesi və motor yanacaqlarının yuksək oktanlı komponentlərini almaq üçün xammaldır.

 

Neft ixrac edən ölkələr təşkilatı (OPEK) - 1960-cı ildə yaradılmışdır. Əsas məqsədi OPEK-ə daxil olan ölkələrin iqtisadi inkişafını sürətləndirmək və beynəlxalq inhisarlardan müdafiə etməkdir. OPEK-ə BƏƏ, Venesuela, Qabon, Qətər, Ekvador, ƏXDR, İndoneziya, İraq, İran, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı daxildir. İqamətgahı Vyanadadır (Avstriya).

 

Neft yağları, mineral yağlar - neftdən alınan və əsasən sürtkü yağı kimi işlədilən iri molekullu karbohidrogenlərin qarışığı N.y- ından hidravlik maye, yağlayıcı-soyuducu maye, elektriki izolyasiyaedici mühit, yumşaldıcı maddə kimi və s. məqsədlə istifadə edilir. N.y.-nın iki əsas təsnifat sistemi var: istehsal üsuluna görə və işlədildiyi sahələrə görə.

 

Neft yataqlarının işlənməsi - yataqdan səmərəli istifadə etmək məqsədi ilə, ilkin istismar dövründən başlayaraq layda maye və qazın hərəkət prosesini idarə etmək, lay enerjisini tənzimləmək və s. kimi kompleks tədbirlərin həyata keçirilməsi.

 

Neft kəməri - neft və neft məhsullarının hasilat və ya işlənmə yerindən istifadə, həmçinin digər işlənmə yerinə və ya nəqliyyat vasitəsinə yükləmək məqsədilə göndərmək üçün qurğular kompleksi. Nəqliyyat neft kəmərinə (nefti mədəndən magistral neft kəmərinə, emal məhsullarını zavodlardan magistral neft məhsulları kəmərinə və s.) nəql etmək üçün magistral neft kəmərinə, mədən, zavod və neft bazası boru kəmərinə (daxili neftvurma üçün) ayrılır.

 

Neft-kimyəvi sintez - neft və təbii yanar qazların karbohidrogenləri əsasında sintetik kimyəvi məhsullar (plastik kütlə, kauçuk, lif, yuyucu maddələr və s.) alınması. N.-k.s. üzvi kimya, fiziki kimya, kimya texnologiyasının nailiyyətlərinə əsaslanır. N.-k.s. üçün xammal, neftin və təbii yanar  qazların ayrı-ayrı fraksiyaları (metan, butan qaz benzini və s.) və ya onlardan alınan fərdi karbohidrogenlərdir.

 

Neft kimyası - üzvi kimyanın bir bölməsi. Neftin və neft fraksiyalarının tərkibini, fiziki-kimyəvi xassələrini və kimyəvi emal üsullarını öyrənir.

 

Neft kimyası sənayesi - ağır sənaye sahəsi; başlıca olaraq neft və təbii yanar qaz emalı məhsulları əsasında sintetik material və məmulat istehsalını əhatə edir. N.k.s. müəssisələrində sintetik kauçuk, əsas üzvi sintez məhsulları (etilen, propilen, yuyucu maddələr və s.) rezin məmulatı texniki- asbest məmulatı hazırlanır.

 

Neft ləkəsi - su akvatoriyasının neft və neft məhsulları ilə çirklənməsi. Neft ləkələri su hövzəsinin ekoloji balansını pozur, maddələr mübadiləsinə mane olur və buna görə dəniz fauna və florasına ziyan vurur.

 

Neft maşınqayırması - bax: Kimya və neft maşınqayırması.

 

Neft mədəni - neftin və onunla birgə olan qazların Yerin dərin qatlarından çıxarılması üçün quyu, boru kəmərləri və müvafiq avadanlıqlardan ibarət texnoloji kompleks. N.m.-də quyulardan hasil edilən məhsullar (neft və onunla birgə çıxan qaz, habelə lay suları) qrup halında ölçmə qurğusuna verilir. Neftin miqdarı ölçülür, ondakı suyun və hasil olunmuş 1 t neftə düşən qazın miqdarı hesablanır. Bu ölçmələr əsasında hər bir quyu üçün ayrılıqda neftin (t-la) və qazın (m3-lə) sutkalıq debiti müəyyən olunur.

 

Neft mədənlərinin avtomatlaşdırılması - mədən texnoloji qurğuları və nəzarət-uçot proseslərinin informasiya-ölçü cihazlarının istifadəsi ilə və müasir riyazi üsullar, kibernetik hesablama-ölçü cihaz və kompleksləri əsasında avtomatlaşdırılması N.m.a. üçün keçmiş SSRİ-də ilk dəfə olaraq XX əsrin 30-cu illərində Bakı neft mədənlərində təcrübə xarakteri daşıyan tədqiqatlar aparılmışdır.

 

Neft məhsulları - neftin emalından alınan karbohidrogenlərlə onların bəzi törəmələrinin qarışığı və ya fərdi kimyəvi birləşmələr. Onlardan yanacaq, sürtkü yağı, elektroizolyasiya materialı, həlledici, yol örtüyü, neft-kimya sənayesi üçün xammal kimi və başqa məqsədlər üçün istifadə edilir. N.m.-nin əksəriyyəti ayrı-ayrı karbohidrogen komponentlərin qarışığından ibarətdir. N.m.-yə duru yanacaq və qaz yanacağı daxildir, həmçinin neft yağları öz həcmi və əhəmiyyətinə görə N.m.-nin 2-ci böyük qrupunu təşkil edir. Onların çoxu sürtkü yağlarıdır. N.m.-nin mühüm bir qrupu bərk karbohidrogenlər- parafin, serezin, petrolatum və s. daxildir. Müxtəlif həlledicilər, neft koksu, duda və s. qiymətli N.m-dir. Bakının neftayırma zavodlarında hal-hazırda 100-dən çox müxtəlif növlü neft məhsulu istehsal edilir.

 

Neft məhsullarının aromatikləşdirilməsi - neftin yüngül fraksiyalarındakı naften karbohidrogenlərini dehidrogenləşdirmə və açıq zəncirli karbohidrogenləri dehidrosikləşdirmə yolu ilə onlarda aromatik karbohidrogenlərin miqdarını artırmağa yönəldilmiş kimyəvi emal üsulları.

 

Neft məhsullarının təmizlənməsi - neftin emalından alınan distillat və qalıqlarının tərkibindən arzu olunmayan birləşmələrin çıxarılması. Sənayedə kimyəvi, fiziki-kimyəvi və katalitik təmizləmə üsullarından istifadə edilir. N.m.t.-dən alınan birləşmələr və əmələ gələn tullantılardan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur.

 

Neft sənayesi - ağır sənaye sahəsi; neft və qaz yataqlarının kəşfiyyatını, quyular qazılmasını, neft və neft-qaz hasilatını, neft qazının emalını, neftin boru kəmərləri ilə nəqlini əhatə edir.

 

Neft suları - neft yataqlarının suları. Məhsuldar horizontlarda nefti müşayiət edir. Neftli layda yatımına və neft yatağına olan münasibətinə görə N.s. yan (konturarxası), daban, yuxarı, bağlı və neft yataqlarının işlənməsi zamanı layda təzyiqi saxlamaq üçün vurulan süni sulara ayrılır.

 

Neft Fondu - neftin satışından, nəqlindən və emalından toplanan və müəyyən təyinatlar üçün sərf olunması nəzərdə tutulan kapital toplusu.

 

Neft fontanı - quyudibi təzyiqin təsiri ilə neft və qazın quyudan çıxması. Qapalı və açıq növlərə ayrılır. Açıq n.f. yanğın cəhətdən təhlükəli olub, neft yatağının işlənməsinə və çıxarılan neftin keyfiyyətinə mənfi təsir göstərir. Qapalı n. f. isə tənzim edilir.

 

Neft şirkəti - neftin kəşfiyyatı, hasilatı, satışı və nəqli ilə məşğul olan istehsalat müəssisəsi.

 

Neftayırma zavodu - müxtəlif neft məhsulları əldə etmək üçün neft komponentlərini (tərkib hissələrə) ayıran müəssisə.

 

Neftayırma sənayesi - neft emalı və neft məhsulları istehsalı ilə məşğul olan ağır sənaye sahəsi. N.s. neft kimyası ilə sıx bağlıdır.

 

Neftin distilləsi - neft məhsulları və ya onların komponentlərini almaq üçün neftin qaynama temperaturları arasındakı fərqə əsasən, öz tərkib hissələrinə (fraksiyalara) ayırma. Neftin emalının ilk mərhələsi olan bu proses, qızdırılma nəticəsində neftdən əmələ gələn buxar fazasının maye neftdən tərkibcə fərqlənməsinə əsaslanır. N.d.-də birdəfəlik və ya tədricən, buxarlandırma, rektifikasiyalı və ya reaktifikasiyasız fraksiyalandırma, atmosfer təzyiqi altında və ya vakuumlu distillə üsulları tətbiq edilir.

 

Neftin ikinci üsulla əldə olunması - süni üsullarla neftin və ya qazın hasilatı. Lay təzyiqinin saxlanması qazın, suyun və ya digər maddələrin laylarla vurulması hesabına aparılır.

 

Neftin ilkin üsulla əldə olunması - ancaq təbii proseslərdən istifadə olunmaqla neftin və ya qazın hasilatı.

 

Neft markaları - neftin keyfiyyətini xarakterizə edən klassifikasiya dərəcəsi. Dünya birjalarında keyfiyyət nişanına görə neftin markası «layt» və «brent» adı ilə fərqləndirilir. Azərbaycan nefti dünya bazarına «Azəri layt» markası ilə çıxarılır. «Layt» markalı neftin qiymətinin «brent» markalı neftdən bahalılığı onun keyfiyyətinin yüksək olması ilə əlaqədardır.

 

Neftin üçüncü üsulla əldə olunması - neftin üçüncü üsulla hasilatı birinci və ya ikinci üsullarla istismar olunan layların üstündə yerləşən lay hissəsindən neftin və ya qazın çıxarılması. Çox vaxt mürəkkəb texnoloji üsullardan istifadə etməklə aparılır, məs., neftin özlülüyünün azaldılması üçün layın qızdırılması və ya neftin əridilməsi üçün kimyəvi maddələrdən istifadə və s.

 

Neftçıxarma - neftin və onunla birgə çıxan qazların Yer təkindən çıxarılması (hasilatı), toplanması və qabaqcadan emala hazırlanması (yəni sudan və bərk qatışıqlardan təmizlənməsi) prosesi.

N. prosesini üç mərhələyə ayırmaq olar:

- Neft yataqlarının işlənməsi;

- Neft quyularının istismarı;

- Neftin, onunla birgə çıxan qaz və suyun toplanması, neftdən su və mineral duzların ayrılması, neftlə birgə çıxan qazların toplanması.

 

Niqrol - transmissiya yağlarından biri, bax: Neft yağları.

 

Nümunə -  süxurun xüsusiyyətlərini öyrənmək məqsədi ilə qazma zamanı qazılan yataqdan süxur nümunəsinin götürülməsi.         

 

 



O

 

Oktan - doymuş karbohidrogen, xarakterik iyli rəngsiz mayedir. -56,80C-də donur, 125, 670C-də qaynayır; sıxlığı 200-də 0,7025 q/sm3, oktan ədədi 17-19-dur. Neftdə, distillə benzinlərində (10%-ə qədər) və sintetik benzində (çoxlu miqdarda) olur.

 

Oktan ədədi - motor yanacaqlarının (benzin və kerosinin) antidetonasiyası xassələrinin şərti göstəricisi. Yoxlanılan yanacaq, O.ə. şərti olaraq 100 qəbul edilmiş izooktan və o qəbul edilmiş N- heltanın qarışığından ibarət etalon yanacaqlarla müqayisə edilir. Həmin yanacaq demonasiyaya davamlılıq cəhətdən hansı etalon yanacağa uyğun gəlirsə, ondakı izoktanın faizi yoxlanılan yanacağın O.ə. qəbul olunur.  

 

Operator - layihənin aparıcı və məsul icraçısı. Məsələn, BP şirkəti Bakı -Ceyhan neft kəməri layihəsinin operatoru hesab olunur.    

 

 

Ö



 

Ölü neft - tərkibində qaz olmayan neft.

 

Özlülük - mayenin müəyyən temperaturda axımlılıq qabiliyyəti.

 

Özühərəkət edən platforma, dəniz qazma platforması - böyük buy sisternlərin  köməyi ilə idarə olunur. Dəniz qabarması zamanı bu sisternalar su ilə dolur və platformanı dənizin üzərində saxlayır.

 

P



 

Paker - quyunun ayrı-ayrı laylarını (neftli, qazlı, sulu, geoloji- kəşfiyyat məqsədli) bir-birindən ayırmaq, qapamaq və hermetikləşdirmək üçün vasitə və ya qurğu. Layları ayrılıqda istismar etməyə imkan verir. Quyuya borularla endirilir. Quyudibiayırıcı və izolyasiyaedici növləri var.

 

Palçıq vulkanı - vulkan palçığı materiallarından təşkil olunmuş zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı qaz, vulkan palçığı, suxur qırıntıları, su (bəzən neftli) püskürür. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq zonalarında yayılmışdır.

 

Parafin - neft məhsulu - molekulunda 9-40 karbon atomu olan, əsasən, normal quruluşlu doymuş karbohidrogenlər qarışığından ibarətdir. Bərk parafin ərimə temperaturu 45-700C əsasən parafinli neftlərin yağ distillatlarından alınır, kimya (xammal kimi) və elektrotexnika sənayəsində izolyasiya materialı kimi, ətriyyat və yeyinti sənayelərində, tibbdə işlədilir.

 

Parafinsizləşdirmə - neft fraksiyalarından (dizel yanacağı və sürtkü yağları istehsalında) N-parafin karbohidrogenlərinin çıxarılması. P. nəticəsində məhsulun keyfiyyəti yüksəlir, donma temperaturu aşağı düşür. Dörd P. üsulu vardır.

 

Perespektivli lay - geoloqların fikrincə tərkibində neft və ya qaz olan lay.

 

Piroliz - yüksək temperaturun təsirindən destruksiya nəticəsində üzvi maddələrin kimyəvi parçalanması. P. dedikdə adətən neftin və neft qazlarının termik parçalanması nəzərdə tutulur (bax: həmçinin Krekinq). P. üzvi sintez üçün xammal əldə edilməsinin mühüm sənaye üsullarından biridir. P. üçün əsas xammal neft qazları (etan, propan) benzin və kerosin-qazoyldur. Əsas P. məhsulları doymamış karbohidrogenlər, etilen, propilen və butadienlə zəngin olan qazlardır. Həmin qazlardan plastik kütlə, sintetik lif, sintetik kauçuk və s. məhsul növlərinin istehsalı üçün müxtəlif polimerlər alınır.

 

Plazma ilə qazma - xüsusi konstruksiyalı plazmatromla, plazmaburla qazma üsulu.

 

Platforma - dəniz üzərində yerləşən və dəniz yataqlarını istismar etmək üçün nəzərdə tutulmuş kompleks avadanlıq.

 

Plotforminq - neft məhsullarının katalitik emalı növlərindən biri; avtomobil benzini və aromatik karbohidrogenlərin yüksək oktanlı komponentlərini almaq üçün işlədilir. P. hidrogen axınının təzyiqi altında pratili alüminium- oksid katalizatorunun iştirakı ilə aparılır (ətraflı məlumat üçün bax: Riforminq).

 

Preventor - qazma quyusunun ağzını kipləşdirmək və neft, yaxud qaz fontanları tullantılarının qarşısını almaq üçün quyunun ağzında quraşdırılan tərtibat.

 

Propan - doymuş karbohidrogenlərdən biri. Rəngsiz, iysiz, yanıcı qazdır. -42,10C-də mayeləşir, -187,70C-də donur. Hava ilə qarışığında 2,1-9,5% (həcmcə) P. olduqda partlayışa səbəb ola bilər. Təbii yanar qazlarda, neftlə birgə çıxan və neft emalı qazlarında olur. P.-dan həlledici kimi (məs. Neft məhsullarının parafinsizləşdirilməsində) istifadə edilir.

 

Propilen, propen- doymamış karbohidrogenlərdən biri, zəif iyli, rəngsiz, yanıcı qazdır; -47,70C- də mayeləşir, -1850C-də donur. Sənayedə neft fraksiyalarının pirolizindən və propanı katalitik hidrogensizləşdirməklə alınır. Kimya sənayesi üçün ən mühüm xammal növlərindən biridir. Ondan qliserin, aseton, fenol, butadien və s. alınır.

 

 

R



 

Reaktiv mühərrik yanacağı - aviasiya reaktiv mühərrikləri üçün istehsal olunan yanacaq. Ən çox işlədilən R.m.y. azkükürdlü neftlərin birbaşa distilləsindən alınan kerosin fraksiyasıdır. Termik sabitliyi yüksək olan yanacaq almaq üçün neftin birbaşa distillə fraksiyaları selektiv surətdə hidrogenləşdirilir.

 

Reaktiv- turbin qazma qurğusu - bax: Reaktiv- turbin qazması.

 

Reaktiv turbin qazması - reaktiv turbin qazma quyusunun köməyi ilə böyük diametrli şaquli quyuların qazılması üsulu. Bu üsul neft, qaz, texniki, ventilyasiya və s. quyuların yuxarı intervallarını qazmaq, neft və digər faydalı qazıntı yataqlarında istismar və ventilyasiya lüləsi, habelə hidrotexniki qurğular tikmək üçün istifadə olunur. R.t.q.-da baltaların diametri qazılan quyunun diametrindən xeyli kiçik olur.

 

Rezervuar - maye və qazları saxlamaq üçün qurğu. R. yer üstündə, yerdə və yer altında quraşdırılır. Əsasən metal və dəmir-betondan hazırlanır. Silindrik, sferik və prizma formasında düzəldilir.

 

Riforminq - yüksək oktanlı benzin və aromatik karbohidrogenlər almaq məqsədi ilə neftin benzin və liqroin fraksiyalarının yenidən emalı prosesi. Benzol, toluol, ksilol almaq üçün, əsasən R. qurğularından istifadə edilir.

 

Royalt vergisi - bax: Mədən vergisi.

 

Rotorla qazma - fırlanma qazmasının növü, bu üsulda balta quyuda qazma kəməri vasitəsilə quyu ağzında qoyulmuş rotorla fırladılır. Kəşfiyyat, istismar quyuları və xüsusi məqsədlə quyu qazılmasında tətbiq edilir. R.q.-nın üstünlükləri: xüsusilə dərin qazmada baltanın işləmə müddəti çoxalır; qazma baltasına lazım olan boyuna yükü vermək mümkündür; təzyiq itkisi az olur və s. Mənfi cəhətləri: enerji sərfi çox olur, qazma boruları tez işdən çıxır və s.

 

Ruberoid - dama döşənən hidroizolyasiya materialı. Xüsusi dam kartonuna tez əriyən neft bitumları hopdurub, sonra hər iki üzünə çətin əriyən bitum yaxmaqla alınır.

 

 

S



 

Seysmik karotaj - quyularda suxurların seysmik xüsusiyyətlərinin elastik dalğaların sürətlərini, onların əksolunma, keçmə və udulma əmsallarını təyin etməklə tədqiqi. S.k.-nın 2 növü var: düz  s.k. və tərs s.k. Süxurların tərkibinin öyrənilməsində neftli-qazlı layların seçilməsində və quyuların texniki vəziyyətinə nəzarət edilməsində işlədilir. S.k. Azərbaycan respublikasında neft və qaz yataqlarının kəşfində geniş tətbiq edilir.

 

Seysmik kəşfiyyat - partlayış və ya mexaniki zərbə ilə yaranmış elastik dalğaların Yer qabığında yayılması xüsusiyyətlərinin öyrənilməsinə əsaslanan geofiziki kəşfiyyat metodları. S.k.-ın iki əsas metodu var: əks olunan dalğalar və sınan dalğalar. S.k. struktur və regional geoloji məsələlərin həllində neft, qaz və s. faydalı qazıntı yataqlarının axtarışında  və s. tətbiq olunur.

 

Sementləmə, quyuların sementlənməsi - qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın sement məhlulu ilə doldurulması. S. neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədi ilə aparılır. S.-dən neft və qaz quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s. hallarda da istifadə olunur.

 

Separator - sıxlıqlarından asılı olaraq quyudan çıxarılan filtiratın tərkibində olan qazı, suyu və nefti quyu ağzında ayıran qurğu.

 

Setan - doymuş karbohidrogen; 18,20C-də əriyən və 286,80C-də qaynayan rəngsiz mayedir. S.-dən dizel yanacağının keyfiyyətini müəyyən etmək üçün etalon kimi istifadə edilir.

 

Setan ədədi - mühərrikin silindrində dizel yanacağının alışıb yanma xassəsini müəyyən edən şərti xarakteristika. Müasir dizel yanacaqlarının S.ə. 40-55 arasındadır.

 

Səyyar qazma qurğusu - bax: Qazma qurğusu.

 

Səmt qazı - lay süxurlarını doydurmuş azad və ya həll olunmuş qazlar.

 

Sənaye yağları - sənaye və məişətdə maşın, cihaz və s. mexanizm növlərini yağlamaq üçün işlədilən neft yağları. Özlülüyündən asılı olaraq S.y.-ni üç qrupa ayırırlar: yüngülorta və ağır. S.y-nə bu üç qrupun yağlarından əlavə nəzarət- ölçü cihazlarını yağlamaq üçün işlədilən cihaz yağları , həmçinin hidravlik və vakuum yağlrı da daxildir.

 

Silindr yağları - buxar maşınlarının, silindr, ştok və klapanlarını yağlamaq üçün işlədilən aztəmizlənmiş neft yağları.

 

Sintetik kauçuk sənayesi - bax: Neft kimyası sənayesi.

 

Sintetik maye yanacağı - sintez yolu ilə alınaraq daxiliyanma mühərriklərində işlədilən yanacaq növü. Təbii qazlardan və daş kömürün qazlaşdırılmasından alınan karbon 2-oksidlə (CO) hidrogen (H2) qarışığından sintez edilir.

 

Sistern - maye və səpələnən materialları saxlamaq və daşımaq üçün qapalı tutum. Yerləşdirilməsinə görə yeraltıyarı yeraltı və yerüstü növləri var. Dəmiryol sisterni silindrik formalı qaynaqlanmış metal rezervuardan ibarət vaqondur. Mayeni boşaltmaq üçün xüsusi axıdıcı qurğu ilə təchiz edilir.

 


Yüklə 91,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin