Lüğətdə verilmiş sözlər A


Qaz ehtiyatlarının hesablanması metodları



Yüklə 91,45 Kb.
səhifə2/5
tarix28.01.2017
ölçüsü91,45 Kb.
#6688
1   2   3   4   5

Qaz ehtiyatlarının hesablanması metodları - laydakı qaz ehtiyatlarının hesablanmasında tətbiq edilən metodlar. Bu metodlar müxtəlifdir və qazın laydakı halından (sərbəst, qaz papağı, neftdə həll olmuş) asılı olaraq tətbiq edilir. Ən çox tətbiq edilən həcm və təzyiqin düşməsi metodlarıdır. Həcm metodu layda su təzyiqi rejimi olduqda tətbiq edilir və layın təbii qazla tutulmuş həcmi hesablanır. Təzyiqin düşməsi qazlı məsamələrin ilkin həcminin istismarı zamanı sabit qaldığı laylarda tətbiq edilir.

 

Qaz yanacaq - bax: Yanar qazlar.

 

Qaz karotajı - neft və qaz yataqlarının təyinində istifadə edilən geokimyəvi metodlardan biri. Gilli məhlulda qaz və yüngül maye karbohidrogenlərin miqdarının təyin edilməsinə əsaslanır. Yer səthində gilli məhluldan qazın ayrılması üçün deqazatordan istifadə olunur. Qazın miqdarı qaz analizatorunda təyin edilir. Gilli məhlulda təbii qazın konsentrasiyasının dəyişməsinə əsasən quyu boyu keçilmiş neftli və qazlı laylar müəyyənləşdirilir.

 

Qaz kəməri - bax: Magistral qaz kəməri.

 

Qaz generatoru - termik emal nəticəsində bərk və maye yanacaqdan yanar qaz alan aparat.

 

Qaz mühərriki - qaz yanacağı ilə işləyən daxiliyanma mühərriki.

 

Qaz planlaması - neft və qaz yataqlarının axtarışı metodu. Neft və qaz yataqlarından yer səthinə miqrasiya edən qaz halındakı karbohidrogenlərin təyininə əsaslanır. Q.p. aparılarkən 2-3 m. və ya daha dərindən (10-50 m. və daha çox) qaz və ya qaz əldə etmək məqsədi ilə süxur nümunəsi götürülür. Tədqiqat sahəsində nümunə götürmə nöqtələri bir-birindən bir neçə yüz metr aralı profil üzrə yerləşdirilir. Alınmış qaz nümunələrinin analizi nəticəsində «qaz anatomiyası», yəni karbohidrogenlərin yüksək və qanunauyğun yerləşmiş konsentrasiyaları müəyyən edilir. Tədqiq edilən sahədə qaz anatomiyasının varlığı neft və ya qaz yataqlarının olmasını göstərir.

 

Qaz papağı - tərkibində qaz olan neft yatağı layının üst qatı. Yatağın istismarı zamanı çıxarılan karbohidratların miqdarını artırmaq üçün bəzən neftlə çıxan qazı qaz papağına vururlar.

 

Qaz sənayesi - yanacaq sənayesi sahəsi; təbii qaz yataqlarının kəşfiyyatı və istismarı, qazın kəmərlər ilə uzaq yerlərə nəql edilməsi, kömür və şistdən süni qaz alınması, qaz emalı, sənayenin müxtəlif sahələrinə və kommunal-məişət təsərrüfatına qaz verilməsi ilə məşğul olur. Q.s-nin yaranması XVIII əsrin sonu XIX  əsrin əvvəlinə aiddir.

 

Qaz təchizatı - xalq təsərrüfatının ehtiyacları üçün qaz yanacağının mütəşəkkil surətdə verilməsi və paylanması. İstehlakçılar təbii, süni və mayeləşdirilmiş qazlarla təchiz olunur. Q.T.-na təbii qazın çıxarılması, süni qazın alınması, qazların təmizlənməsi, nəql edilməsi, saxlanılması, istehlakçılara paylanması üçün lazım olan kompleks qurğular, maşın və cihazlar daxildir.

 

Qaz şəbəkəsi - qazın nəql edilməsi və istehlakçılar arasında paylaşdırılması üçün boru kəməri, həmçinin bu kəmərlərdə istifadə edilən qurğu, aparat və armaturlar sistemi; yaşayış məntəqələrində qaz təchizatı sisteminin əsas elementi.

 

Qazayırma - qaz qarışığını öz tərkib hissələrinə və ya müxtəlif fraksiyalara ayırma prosesi. Sənayedə qazayırma havanı və müxtəlif qaz qarışıqlarını fərdi komponentlərə ayırmaq üçün geniş tətbiq edilir.

 

Qazdaşıyan gəmi - mayeləşdirilmiş qazların (propan, butan, amonyak və s.) daşınmasında istifadə olunan gəmi. Qaz sisternlərdə özünün qaynama temperaturuna bərabər temperaturda və 1 - 1,8mn/ m 2  təzyiq altında, yaxud 50 C temperaturda və 0,65 mn/m2 təzyiq altında nəql edilir. Sisternlər silindrik, sferik və ya düzbucaqlı prizma formasında olur; xarici, yaxud daxili səthləri istilik izolyasiya qatı ilə örtülür.

 

Qazbalonlu avtomobil - mühərriki sıxılmış, yaxud mayeləşdirilmiş qazla işləyən avtomobil.

 

Qazma - Yer qabığında süxurları qazma aləti ilə dağıtmaqla quyu, lağım və ya şaxta lüləsinin qazılması prosesi. Dağıdılmış süxuru yer səthinə çıxartmaqdan, dərinə getdikcə quyu divarlarını möhkəmlətməkdən, quyu lüləsinin keçdiyi süxurları geoloji və geofiziki cəhətdən tədqiq etməkdən, quyu lüləsinə polad borular endirib, quyu divarı ilə borular arasındakı boşluğa sement məhlulu vurmaqdan və s. əməliyyatlardan ibarətdir.

 

Qazma aləti - qazmada işlədilən alət. Qazma baltası, qazma ştanqı, genəldici və s. - qazma alətidir.

 

Qazma baltası - qazma zamanı quyu dibində süxuru mexaniki dağıdan qazma alətinin əsas elementi. Bir qayda olaraq qazıma kəmərinin ucuna bərkidilir, qazma qurğusunun yaratdığı oxboyu və dairəvi qüvvə kəmərlə baltaya verilir. Müasir qazmada əsasən, üç şaroşkalı Q.b. tətbiq edilir (bax: şaroşkalı balta).

 

Qazma başlığı - bax: Qazıma baltası.

 

Qazma boruları - neft və qaz quyularının qazılmasında işlədilən xüsusi borular. Suxurdağıdan aləti quyuya endirmək və qaldırmaq, fırlanma hərəkətini ötürmək, baltaya düşən oxboyu qüvvəni yaratmaq, yuyucu məhlulu və ya sıxılmış havanı quyu dibinə vurmaq üçün tətbiq edilir. Adi, ağırlaşdırılmış  aparıcı Q.b. olur. Adi Q.b. poladdan və ya alüminum ərintilərindən, dairəvi enkəsikli və tikişsiz hazırlanır, divarlarının qalınlığı 4,75-11mm olur və bir-biri ilə qazma qıfılı, yaxud xüsusi (iri konusvari) yivli yarımqıfılla birləşdirilir. Q.b.-nın möhkəmliyini artırmaq üçün ucları qalınlaşdırılır. Ağırlaşdırılmış polad Q.b.  dairəvi, yaxud kvadrat enkəsikli, divarlarının qalınlığı 16-50 mm. və daha çox olur, onlar da yivlə birləşdirilir, bu boru kəmərinin aşağı hissəsinin sərtliyini artırır və balta üzərində yük yaradır. Aparıcı Q.b. boru kəmərinin yuxarısında yerləşdirilir və ona qazıma qurğusundan fırlanma hərəkəti ötürülür. Q.b. xüsusi qazıma qıfılı və qazma muftası vasitəsilə birləşdirilərək qazıma kəməri əmələ gətirir.

 

Qazma buruğu - quyuların qazılmasında qazma alətini, quyudibi mühərrikləri və qoruyucu boruları quyuya endirib-qaldırmaq, həmçinin qazma prosesində aləti asılı vəziyyətdə saxlayan tal sistemini bərkitmək üçün istifadə olunan qurğu. Q.b.-nin hündürlüyü quyunun layihə dərinliyindən asılı olaraq seçilir. Azərbaycanda ilk Q.b. mexaniki qazma üsulunun tətbiqi ilə əlaqədar olaraq 1872-ci ildə quraşdırılıb. Q.b. əvvəllər taxtadan düzəldilirdi.

 

Qazma qurğusu - quyuların qazılması üçün avadanlıq kompleksi. Qazma üsullarına müvafiq olaraq növlərə ayrılır: fırlanma, vibrasiya vurma və s. Qazma dəzgahı, qazma buruğu (dor), güc intiqalı və endirmə-qaldırma əməliyyatını mexanikləşdirmək üçün avadanlıqlardan ibarətdir. Neft, qaz və dərin geoloji-kəşfiyyat quyularının qazılmasında stasionar Q.q.-dan istifadə olunur.

 

Qazma dəzgahı - bax: Qazma qurğusu.

 

Qazma gəmisi - dənizin dərinliyinin 100-200 m. olan yerlərində struktur-axtarış, dərin kəşfiyyat işləri aparmaq, həmçinin çox dərin akvatoriyalarda dənizdibi süxurların fiziki - mexaniki xassələrini öyrənmək məqsədi ilə süxur nümunələri götürmək üçün quyular qazan gəmi. Q.g.-dən dünyada ilk dəfə 1934-cü ildə Xəzər dənizində istifadə olunub. Q.g.-nin mərkəzində qazma qurğusu üçün xüsusi şaxta açılır və qazma buruğu quraşdırılır. Q.g.-nin əsas qovşağı qurğunu qazıma nöqtəsində saxlayan dinamik və ya lövbərli sistemdir.

Qazmanın geofiziki öyrənilməsi - bax: Karotaj.

 

Qazma məhlulu - bax: Gilli məhlul.

 

Qazma turbini - bax: Turbobur.

 

Qazma şaxtası - qazıma gəmisinin mərkəzində olan açıq oyuq (oradan bilavasitə dənizdə qazıma işləri aparılması üçün istifadə olunur).

 

Qaz-kompressor stansiyası - təbii qazın çıxarılması, kəmərlə nəql edilməsi, saxlanılması və emalı zamanı onun təzyiqini artıran stansiya. Aşağıdakı növlərə bölünür: magistral qaz kəmərlərinin baş Q.-k.s, magistral qaz kəmərlərinin aralıq Q.-k.s., qazın laya vurulması üçün Q.-k.s.  yeraltı qaz anbarlarının Q.-k.s. Əsas texnoloji parametrləri: məhsuldarlıq, güc, qazın sıxılma dərəcəsi və maksimal təzyiqdir.

 

Qaz - kondensat yatağı - yüksək lay təzyiqi və temperaturunda karbohidrogenləri qaz halında olan yataq.

 

Qaz neft seperatoru, trap - neftlə birlikdə çıxan qazları sıxlıq fərqinə görə neftdən ayıran aparat. Qazın ayrılması və kənar edilməsi üçün təzyiqi aşağı salır, maye axınını şırnaqlara ayırır, sürəti azaldır, axının istiqamətini dəyişdirir. Quyudan çıxarılan məhsul Q.- n.s.- nin orta hissəsinə daxil olur. Neft Q.- n.s.- nin aşağı hissəsindən axıdılır, qaz isə neftin qaz kəmərinə düşməməsi üçün ən yuxarı hissəsindən çıxarılır.

 

Qazoyl - neftin distilləsində kerosin fraksiyası ilə yüngül yağ fraksiyaları arasında alınan məhsul 200-4000C temperatur arasında qaynayır. Əsasən dizel yanacağı istehsalında və s. məqsədlər üçün işlədilir.

 

Qazolin, qaz benzini  - neftin distilləsində və ya sənaye qazlarını tərkib hissələrinə ayırdıqda maye halında alınan yüngül karbohidrogenlər qarışığı. Asanlıqla alovlanıb yana bilən, partlayış cəhətdən təhlükəli mayedir. 30-2000C-də qaynayan fraksiyası karbüratorlu daxiliyanma mühərrikləri üçün yanacaq kimi, 70-1000C-də qaynayan fraksiyası bitki yağları və qatranlı maddələrin ekstraksiyasında həlledici kimi, 30-800 C-də qaynayan fraksiyası (petrol efiri) isə laboratoriyalarda həlledici kimi işlədilir.

 

Qazoturbovoz - qaz - turbin mühərriki ilə işləyən lokomativ.

 

Qazoturboxod - qaz- turbin mühərriki ilə işləyən gəmi.

 

Qazpaylama stansiyası - qazın təzyiqini, ondan təhlükəsiz istifadə üçün lazımi səviyyəyə qədər alçaldan stansiya.

 

Qaztəmizləmə -  sənaye qazlarının tərkibindəki qatışıqların təmizlənməsi. Qazı sənayedə mexaniki, elektrik və fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexaniki və elektrik Q. üsullar qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür. Q. üsulları kimya, neft-kimya zavodlarında, İES-lərdə, metallurgiya sobalarında geniş tətbiq edilir.       

 

Qaz holder - qazı toplamaq, saxlamaq və qaz kəmərlərinə, yaxud qaz emalı qurğularına vermək üçün stansionar polad quruluş.

 

Qazmanın geofiziki öyrənilməsi - bax: Korataj.

 

Qazma məhlulu - bax: Gilli məhlul.

 

Qamma - karotaj - radioaktiv karotaj metodlarından biri. Quyu divarı boyunca yerləşən süxur laylarında qamma - şüalanmanın intensivliyinə əsaslanır.

 

Qamma-metod- geofiziki kəşfiyyat metodu. Radioaktiv elementlərin (uran, torium, radium və s.) və kömürlü, neftli layların axtarış və kəşfiyyatında, quyuların qamma karotajla tədqiqində tətbiq edilir. Radioaktiv elementlərdə qamma-şüaların ayrılma intensivliyinə əsaslanır. Bu metodun neft yataqları və radioaktiv mineralların axtarışında böyük əhəmiyyəti var.

 

Qapalı istismar - quyudan çıxan neft və qazın tam qermetik boru kəmərləri ilə istehlakçıya çatdırılması üsulu. Q.i. sxemində quyu məhsulu (neft və qaz) 0,5-0,1 MH/m2 təzyiqlə ayrı-ayrı boru kəmərləri ilə ölçmə qurğusuna axıdılır. Sonra neft-qaz qarışığı ümumi kollektorla mədənin yığma məntəqəsinə gedir və qaz neftdən seperatorlarda ayrılır. Daha sonra neft susuzlaşdırma qurğusuna, qaz isə qaz emalı zavoduna göndərilir. "Quru" qaz emal edilərək qaz kəmərinə verilir. Neftdən ayrılan su təmizlənir və nasosla laylara vurulur. Q.i. neft məhsullarının buxarlanma itkisini və yanğın təhlükəsini azaldır, neftlə birlikdə çıxan qazı yığmağa imkan verir.

 

Hidrafon, seysmik qəbuledici - dənizdə seysmik kəşfiyyat zamanı su qatlarından keçən və əks olunan səs dalğalarını tutmaq üçün akustik cihaz.

 

Qolvari yataq - qədim çay dərələrinin linzavari qumlu çöküntülərindəki neft-qaz yatağı.

 

Qoruyucu kəmər - polad boru kəməri; yeni qazılmış neft quyularının divarlarını bərkitmək, onu süxur təzyiqindən qorumaq, neftli, sulu, qazlı layları bir-birindən ayırmaq, onların dağılmasının qarşısını almaq, istismar zamanı neft və qazın itkisiz çıxarılmasını təmin etmək, təkrar istismar üsulunda isə laya maye və qaz vurmaq üçün tətbiq edilir. Q.k. birləşmə növünə görə qaynaqlı və ya yivli olur.

 

Qrifon - neft geologiyasında qaz, neft, su və palçıq xaric edən konus formalı kiçik çalalar. Bu cür Q.-lar palçıq vulkanlarının yayıldığı sahələrdə daha çox olur və onların əsas konusu üzərində yerləşir.

 

Qudron - neftin distilləsi prosesində yanacaq və yağ fraksiyaları çıxarıldıqdan sonra qalan (neftə görə 15-30%) özlü qara kütlə. Bir neçə növü var. Sənayedə Q.-dan neft bitumları almaq, sadə mexanizmləri yağlamaq üçün rezin sənayesində və yol çəkilişində istifadə edilir. Çoxqatranlı Q.-dan krekinq və destruktiv parçalama  (hidrogenləşdirmə və kokslaşdırma) yolu ilə benzin, dizel yanacağı və s. alınır.

 

Quyu - Yer səthində mexaniki vasitələrlə qazılan, diametri uzunluğundan dəfələrlə kiçik olan silindrik gövdə. Quyular qazılma məqsədlərindən asılı olaraq müxtəlif növlərə ayrılır. İstismar Q.-ları neft, qaz, yeraltı sular və s. çıxarılması üçün qazılır. Qazılmış süxur hissəcikləri yuyucu maye və ya havanın köməyi ilə yer səthinə qaldırılır və mexaniki qurğular vasitəsilə kənar edilir. Kəşfiyyat və dərin istismar Q.-larını metal qoruyucu kəmərlə bərkidilir və sementləyirlər. Neft və qaz Q.-larının ağzını yuyulmaqdan və süxurların uçulması təhlükəsindən qorumaq məqsədi ilə Q.-ya uzunluğu 3-50 m olan qoruyucu borular endirilir. Q. istiqamətinin şaquli və maili olmasını təmin etmək, Q.-ya su, neft və qaz axmasının və Q. divarının uçulmasının qarşısını almaq üçün Q.-nun sonrakı gövdəsinə ikinci qoruyucu boru kəməri - konduktor endirilir. Q. divarı ilə qoruyucu boru kəməri arasında qalan sahəyə (boru arasına) sement məhlulu vurulur. Q.-lar layihə dərinliyinə qədər qazıldıqdan və məhsuldar horizontların (neft, qaz və s.) olmasını aşkar edən geofiziki işlər aparıldıqdan sonra Q.-ya istismar kəməri endirilir.

 

Quyunun əsaslı təmiri - tamamlanmış quyuya bərpaedici və təmizlik işləri aparmaq məqsədilə təkrar müdaxilələr.

 

Quyuların yeraltı təmiri - bax: Yeraltı təmir.

 

Quyuların sementlənməsi -  bax: Sementlənmə.

 

Qumdaşı - qumun gilli, karbonatlı və silisiumlu materiallarla sementləşməsindən əmələ gələn çökmə süxur. Q. neft, qaz və yeraltı suların kollektor süxurlarındadır.

 

Qüllədəki işçi - buruq qülləsinin üstündə işləyən, buruğ briqadasının üzvü.

 

 

D



 

Debit - vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazma quyusu, adi quyu və s.) alınan maye və ya qaz həcmi. Mayenin D.-i m3/san, yaxud m3/saat, m3/gün-lə hesablanır. Neft quyularının D.-ə nəzarət etmək üçün istismar zamanı D.-in dəyişməsini göstərən əyrilər qurulur. Bu əyrilərlə neft ehtiyatının sənaye kateqoriyası təyin edilir. Əyrilər metodu müəyyən vaxt ərzində neft hasilatının statistik hesabatına əsaslanır. Riyazi hesablamalar vasitəsilə D.-in zamandan asılılıq əyrisinə əsasən quyular qrupunun və bütövlükdə layın neft ehtiyatının hesablanmasının əsasını təşkil edən D.-in azalma əmsalı müəyyən edilir.

 

Demulsasiya - emulsiya əmələgətirmənin əksi olan proses, yəni bir-birinə qarışmayan iki mayedən birinin digərində kiçik damcılar şəklində bərabər yayılmasından ibarət dispers sistemin dağılıb parçalanması. D-dan neftin susuzlaşdırılmasında, duzdan təmizlənməsində və kimya sənayesinin bir sıra sahələrində istifadə olunur.

 

Depressator - neft məhsullarının donma temperaturunu aşağı salar. D. əsasən aşağı temperaturda işləyən mühərriklər üçün hazırlanan sürtkü yağının donma temperaturunun aşağı düşməsi zamanı götürülən yağın növündən, eləcə də D.-un təbiəti və miqdarından asılıdır.

 

Dehidrogenləşdirmə - üzvi birləşmələrin molekullardan hidrogen ayırıb çıxarma prosesi. D.-dən neftin emalında yüksək oktanlı benzin istehsalı üçün geniş istifadə olunur.

 

Dəniz yatağı - bax: Dəniz neft mədəni.

 

Dəniz neft mədəni - su hövzələrinin altında yerləşən yataqlardan neft və qazın səmərəli çıxarılması və nəql olunmasını təmin edən qurğular kompleksi. Dəniz akvatoriyalarında neft və qaz yataqlarının mənimsənilməsi, geoloji axtarış və hidrotexniki işlərin yerinə yetirilməsi, topoqrafik planaalma və dəniz dibinin mühəndis -geoloji tədqiqi, ərazinin geofiziki kəşfiyyatı, neft və qaz yataqlarının aşkar edilməsi üçün dərin axtarış və kəşfiyyat qazıması, istismar quyularının qazılması, neft və qazın çıxarılması, yığılması, nəql olunması üçün sualtı və suüstü qurğuların tikilməsi ilə əlaqədardır. Avropada ilk dəniz quyusu 1925-ci ildə Azərbaycanda-Xəzər dənizində qazılıb.

 

Dərin özüllü qazma qurğusu - dərinliyi 200 m-dən artıq dəniz neft yataqlarının istismarı üçün tətbiq edilən qazma qurğusu. O, stasionar və ya üzən neft platformaları üzərində quraşdırılan neft qazma avadanlıqlarından ibarət olur.

 

Dərinlik nasosu ilə neftçıxarma - nefti quyu dibindən Yer səthinə çıxartmaq üçün ən geniş yayılmış üsul. Bu üsulla dərinliyi 3500 m-ə qədər olan quyulardan neft çıxarılır. Dərinlik nasosu adi birtəsirli porşenli nasosdur. Dərinlik nasosu ona hərəkət verən mühərrikin Yer səthində, yaxud quyu dibində yerləşməsindən asılı olaraq ştanqlı və ştanqsız olur.

 

Dizel yanacağı - dizeldə işlədilən maye neft yanacağı iki qrup D.y. növündə istehsal olunur: 1) böyük sürətli dizellər üçün özlülüyü az olan distillat yanacaqları, 2) yavaş sürətli dizellər üçün özlülüyü yüksək olan qalıq yanacaqları.

 

Dinamik səviyyə - neft istismar kəmərinin daxilindəki maye səviyyəsi, quyudibi təzyiqi hesablamaq üçün ölçülür. D.s. lay təzyiqindən və çıxarılan mayenin miqdarından asılıdır.

 

Dinamoqram (neft çıxarmada) - neft quyularının dərinlik nasosu ilə istismarında nasos ştanqlarının yerdəyişməsindən asılı olaraq, onların asqı nöqtəsində yükün dəyişilmə qrafiki D. gəzdirilən dinamometrlə və ya telodinometrik sistem vasitəsilə dispetçer məntəqəsindən qeydə alınır. D.-ın formasının dəyişilməsi, dərinlik nasosu qurğusunda nöqsan olduğunu göstərir.

 

Distillə sütunu (rektifikasion sütun) - hündür sütuna bənzər rezervuar. İçində xam neft qızdırılır və buxarlanan komponentlər xüsusi qablara kondensasiya edilir. D.s.-dən neft məhsullarına qatışan əlavələri kənar etmək üçün də istifadə edirlər.



Distillə qurğusu - neft emalı üçün qurğu. Burada xam neftin birinci emalı baş verir.

Distilləetmə - neft emalı prosesinin birinci mərhələsi. Distillə zamanı, xam neft distillə (rektifikasion) sütununun aşağı hissəsində qızdırılır. Temperatur artdıqca xam neftin qaynama temperaturları müxtəlif olan hissələri, ardıcıl olaraq sütunun əvvəlcədən müəyyən olunmuş hissəsinə sıxlıqlarından asılı olaraq qalxır və rektifikasiya sütununun boşqablarında kondensə olur, sonra oradan təkrar emal üçün çıxarılırlar. Distilləetmənin sonrakı mərhələlərində də, neft məhsullarından qarışıqların kənar edilməsi üçün istifadə olunur.

 

Dolamaçarx - keçmişdə neft quyularının qazılmasında istifadə olunan quyuağzı avadanlıq.

 

Duzsuzlaşdırma - xam neftin tərkibindən duzun çıxarılması, əsasən neftayırma prosesindən qabaq edilir.

 

 



E

 

Energetika - enerji ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən təsərrüfat sahəsi. Əsas enerji ehtiyatları - kömür, yanar şist, neft, təbii qaz, torf, odun, su enerjisi, külək və günəş enerjisi, Yerin daxili istiliyi və nüvə enerjisi.

 

Ekstraksiya - maye və bərk maddə qarışıqlarını həlledici vasitəsilə qismən və ya tamamilə öz tərkib hissələrinə ayırmaq. E. kimya, neft emalı və s.-də geniş tətbiq edilir.

 

Elevator - neft quyularının yeraltı təmirində boru və ştanqları quyuya endirərkən onları tutan polad xamıt.

 

Elektrik karotajı - axtarış və kəşfiyyat məqsədilə qazılmış quyularda süxurların xüsusiyyətlərinin və ardıcıllığının elektrik üsulu ilə öyrənilməsi. E.k.-da quyunun kəsilmiş boyu süxurların fərz olunan xüsusi müqaviməti (pk) və quyuda öz-özünə yaranan (təbii) polyarizasiya potensialı (PS) təyin olunur. Bu parametrlərin təyini quyuya buraxılan karotaj qurğusu və quyu ağzında yerləşdirilən karotaj stansiyası vasitəsilə aparılır və E.k. diaqramında (karotaj lentində) müvafiq əyrilərlə ifadə edilir. E.k. diaqramının təhlili layların sərhədlərini, onların ardıcıllığını, neftliliyini və qazlılığını öyrənməyə imkan verir.

Elektrik dolma nasosu - bax: Dərinlik nasosu ilə neftçıxarma.

 

Elektrobur - neft quyularını qazmaq üçün elektrik mühərriki ilə işləyən və valında qazıma baltası olan maşın. E.-la - ilk quyu 1940-cı ildə Bakıda Qala sahəsində qazılıb. E.-dan istifadə etdikdə boru kəmərinin fırlanması aradan qaldırılır. Elektrik enerjisi quyu dibindəki mühərrikə qazma borularının içərisində yerləşdirilmiş kabel vasitəsilə verilir və balta fırlanmağa başlayır. Cərəyanı kabelə ötürmək üçün, fırlanğıcla işlək boru arasında yerləşdirilən xüsusi quruluş kabeli dolaşmağa qoymur, quyudakı alətin fırlanmasına və qaldırıb-endirilməsinə imkan verir.

 

Elektrik kəşfiyyat metodu - geofiziki kəşfiyyat metodlarından biri. Yer qabığını təşkil edən süxurların  elektrik xassələrinin (əsasən xüsusi müqavimətin) fərqlənməsinə əsaslanır.  Neftli - qazlı strukturların axtarışı, müxtəlif geoloji quruluşlu sahələri bir-birindən ayırmaq üçün müqavimət metodlarından və alçaq tezlikli dəyişən cərəyan metodlarından daha çox istifadə olunur.

 

Estakada - yer və ya su səthindən müəyyən hündürlükdə nəqliyyat vasitələrinin, adamların, müxtəlif kommunikasiya xətlərinin (su, qaz, boru kəmərlərinin və s.) keçməsi üçün tikilən körpü tipli qurğu dayaqlardan və aşırım konstruksiyasından ibarətdir. Mədən E.-larının tikilməsi dəniz-neft mədənlərinin inkişafında mühüm mərhələdir.

 

Etillənmiş benzin - etilli benzin - antidetonasiya xassələrini yüksəltmək üçün etil mayesi qarışdırılmış benzin. Başqa neft növlərindən seçilsin deyə, etil mayesini boyayırlar. Yanacağın oktan ədədi və nə məqsədlə işlədiləcəyindən asılı olaraq onun hər kiloqramına 1,5-4 ml etil mayesi qarışdırılır.

 

Exolot - səs dalğasının maneyəyə çatıb, müəyyən olunmuş vaxt intervalında geri qayıtmasına əsasən hər hansı bir məsafəni hesablamaq üçün qurğu.



Ehtiyatlar - neft yatağı layında və ya qaz yatağında tapılmış karbohidratların (neft və təbii qaz) miqdarı.

 

 



İ

 


Yüklə 91,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin