İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə7/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Məmmədquluzadə Tağıyev, Nağıyev, Muxtarov kimilərini, varlı olduqlarına görə “özümüzünkü” saymayırdı, onları kasıb-kusubu, zəhmətkeşi, fəhlə qismini təsərrüf etməkdə, öz mə’dənlərində işçiləri ilə amansız rəftar etməsində ittiham edirdi. O, onları “dövlətli ağalar” adlandırırdı, halbuki, yəqin ki, özü, inqilabdan sonra, yeni quruluşda, böyük vəzifə alacağına ümid bəsləyir və bəlkə də özü ağa olmaq istəyirdi.

Belə inqilabçılarının təbliğatına görə qara fəhlə və naxırçı zəhmətkeş, ağa, bəy və sahibkar isə havayı yeyən adam olub. Atamın danışdığına görə o çağın, Nikolay vaxtının qeyrətli, qoçaq bəylərinin hər birisinin yüz, iki yüz min qoyunu olan sürüləri olub. Çoban bir tək ailəsini dolandıra bildiyi halda, o bəylər o boyda təsərrüfatı idarə edə bilirdilər.

Neft mədənlərinin qabiliyyətli, təsərrüfatçı sahibi qazandığı pulla bütöv bir şəhəri həyat vəsaiti ilə tə’min edə bilərdi, fəhlə isə öz sənəti hesabına elə ancaq bir tək ailəsini dolandıra bilirdi. Mənə görə, həqiqətdə, bəy, ağa, sahibkar daima huşyar olmalı, yatarsa, bir anlığa gözünü yumarsa onun təsərrüfatını idarə edən birisi, kəndçisi, fəhləsi sərvətini, var-yoxunu dağıdıb talayarlar.

Əvvəllərdə başa düşə bilmirdim ki, nə üçün hər-hansı bir adam gedib nökər sənətini seçir, kiməsə nökər olur? Nə üçün gedib özü ağa olmur? Sonradan başa düşdüm ki, nökərin ağıl səviyyəsi ona təsərrüfat qurub, ağa olmağa imkan vermir. Ona görə iş tapmaq üçün kiminsə qulluğuna girməyə məcburdur. Nankor olmayan, vicdanlı nökər həmişə dua etməlidir ki, “Allah ağamın ömrünü uzun eləsin, çünki onun hesabına çörək pulu qazanıram”.

Məncə Məmmədquluzadə kimi adamlar, intelligentlər belə düşünürdülər, “Biz Qraf Tolstoy, Puşkin kimi ulu adamların kitablarını oxumuşuq, bu Tağıyev isə bir tək Qur’andan başqa bir kitab oxumayıb. Biz kasıb yaşayırıq, amma o, pulun içində üzür! Hanı ədalət?” Onların inqilab həvəsi elə bundan, paxıllıqıq hissindən doğurdu.

İnqilabçı naşir deyirdi ki, “... xalqı gərək yazmaqnan və kinayə sözlərnən xabi-qəflətdən oyadıb başa salaq”.

Məcmuənin bir başqa məzhəkəli rəsmində iki məktəb çəkilmişdi, biri mollaxana, digəri isə təzə, Avropa üsullu məktəb (“üsuli-cədidə” məktəbi). Mollaxananın qapısından çıxan uşaqlar heyvan şəklində, at, eşşək, dəvə kimi, təzə üsullu məktəbin qapısından çıxanlar isə adam şəklində, Avropa paltarları geyinmiş, ruslara oxşayan uşaqlar kimi təsvir olunmuşdular.

M.Ə.Sabirin də təzə üsullu məktəbi tərifləyən şe’ri var idi, halbuki özü mollaxanada təhsil almışdı. Məncə isə mollaxanalarda tətbiq olunan ilk, ibtidai tə’lim, Qur’an oxumaq fənni, müsəlman uşaqlar üçün çox vacibdir. Keçmişdə uşaq, məktəbdə, əvvəlcə, iki il ərzində Qur’anı düzgün oxumağı öyrənməli idi. Qur’anı oxuyub qurtarmağa “Qur’anı xətm etmək” deyərdilər. Bununla ibtidai təhsil tamam olurdu. Hər uşaq alim ola bilməz, ancaq onun müsəlman olması vacibdir.

Tədqiqatçıların bütün yazdıqlarına baxmayaraq mən Sabir ilə Məmmədquluzadənin dost olmalarına inanmıram -- Sabir başqa, Məmmədquluzadə başqa. Mən eşitmişdim ki, Sabir Məmmədquluzadənin yanına ilk dəfə gələndə əlində bir dəftər öz şe’rlərini gətirmişdi. Dəftərçədə olan bütün şe’rlər Nəsiminin, Füzulinin dini, irfani qəzəllərindən ilhamlanmış, onların tə’siri altında yazılmış şeylər idi. Məmmədquluzadə onları dərc etməkdən boyun qaçırmışdı. O, şairə belə dedi, biz məcmuəmizdə dinə, dindarlara, ruhanilərə, irticaçı qüvvələrə qarşı mübarizə aparırıq. Siz isə mənə dini təbliğ edən şe’rlər gətiribsiniz. Köhnə dünyanın qalıqlarını, din adamlarını və onların mollaxanalarını pisləyən şe’r yazsanız, o cürlərini dərc etməyə razılıq verə bilərəm, onları qəbul edərəm.

Deyilənə görə naşir, 1905-ci ilin oktyabr ayında Tiflisdə gedən nümayişlərə qoşulmuşdu. Bir dəfə o, üstündə, hürufatla “Yaşasın azadlıq!” şüarı yazılmış qırmızı bayrağı götürüb Şeytanbazar adlanan, müsəlmanların yaşadığı məhəlləyə, nümayişə getmişdi.

Bu inqilabçı naşir, o vaxtı Qafqazdakı milli hadisələri, erməni-müsəlman davasını iki qonşu, qardaş xalqlar arasında gedən “vəhşi və mə’nasız küçə qırğınları” kimi qiymətləndirmişdi.

O, özünün “Xeyr-dua” adlanan məqaləsində vətənə qayıdan İran fəhlələrinə müraciət edib deyirdi: “Ey yazıq İran fəhlələri... fəhlə həmyerlilərinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndərirlər. Əgər onlar da buradakı yoldaşlarının yolu ilə getmək, zalımlar tərəfindən boyunlarına salınmış boyunduruqdan azad olmaq istəsələr, o zaman, Rusiyadakı yoldaşları yadigar olaraq onlara öz bayraqlarını və bu bayraqda yazılmış müqəddəs şüarı verirlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun:

“Bütün ölkələrin proletarları, birləşin!”

“Qoy oxusunlar və birləşsinlər!”

Nəhayət Məmmədquluzadənin çox arzuladığı proletar inqilabı baş tutdu. Məscidlər dağıdıldı, mədrəsələr bağlandı, dini ədəbiyyat, Qur’an kitabları tonqallarda yandırıldı...

Bu yaxınlarda bir əhvalat eşitdim. Bu, Bakı kəndləri sakinlərinin babalarından eşitdikləri hadisələr idi. Deyilənə görə Qızıl Ordunun əsgərləri kəndlərdə əllərinə keçən müsəlman ruhanilərini quyulara atır və quyuların ağzını mıxlayaraq taxta ilə bağlayırdılar. Sakinlər bir neçə gün ərzində quyudakıların fəryad səslərini eşidirdilər. Ancaq bolşeviklərin qorxusundan onların köməyinə heç kəs gəlmirdi.

Yəqin ki, belə xəbərləri eşidən C.Məmmədquluzadə sevincindən çırtma vurub oynayırdı. Deyirdi: “Ay can, ay can! Gecə-gündüz elədiyim arzulara çatmışam! Bu pis, dini-mövhumat kitabları yandırıldı, ruhanilər qətlə yetirildi, Tağıyevlərin, Nağıyevlərin bütün mülkləri, sərvətləri əllərindən alındı və şura hökumətə təhvil olundu!”

Belə deyirlər ki, sovetin ilk illərində, o, Azərbaycan SSR-nin Mərkəzi İcraiyyə komitəsinin üzvü olub. Halbuki, onu yaxından tanıyanların sözünə görə o, sovet dövründə, Bakıda aclıq çəkirdi, səfalət içində yaşayırdı.


İnqilabdan qabaq bu adam yalan danışırdı, deyirdi ki, güya Nikolay vaxtı müsəlmanlar, zəhmətkeş camaat acından ölür. Halbuki çar dövründə, Qafqazda müsəlmanlar ən varlı, ən nüfuzlu, ən hörmətli əhali təbəqəsi olub. Rus padşahı Hacı Zeynalabdin Tağıyevi şəxsən tanıyırdı, ona hörmətlə yanaşırdı. Qafqaz müsəlmanları aclığın, səfalətin nə olduğunu inqilabdan sonra, sovet hakimiyyəti dövründə bilib, gördülər. Bəlkə o vaxt, kasıb yaşayanlar, rus, erməni və yəhudi fəhlələri olub ki, bunlar müsəlmanların var-dövlətini, firavan yaşamasını görəndə paxıllıq edib, onlara qarşı ürəklərində kin saxlayırdılar. İnqilab müsəlmanlara deyil, bunlara lazım idi.

Çar hakimiyyəti devriləndən sonra, qarışıqlıqdan istifadə edən bu “qardaş xalqlar”ın nümayəndələri, yə’ni ki, erməni, rus, yəhudi fəhlələri müsəlman bəylərinin, dövlətli adamlarının evlərinə girib, sandıq-sandıq qızıl və cavahirat yığışdırıb aparırdılar, soyğunçuluqla məşğul olurdular.

MƏMMƏD ƏMİN RƏSULZADƏ KİMDİR?
Keçən əsrin əvvəllərində Osmanlıda, İranda və Rusiyada müsəlman ziyalıları fərqli-fərqli xarici tə’sirlərə mə’ruz qalmışdılar. O çağ Osmanlı Dövlətində qərbpərəst siyasət aparan gizli bir təşkilat usyan, inqilab edib hakimiyyətə gəlmişdi. Avropa mətbuatında, bu hərəkata, “Gənc Türklər” (“Jön Türk”) adi verilmişdi. Bu dəstənin əsil adı “İttihad və Tərəqqi” təşkilatı idi və bunlar, özlərini, riyakarcasına, türk millətçiləri, “pantürkistlər” kimi qələmə verirdilər. Halbuki, bu “pantürkist” məfkurəsinin baniləri, onun nəzəriyyəsini yazanların əksəriyyəti osmanlının yerli yəhudiləri olub, məsələn Emanuel Karosso kimi. Bu inqilabın mərkəzi, qəlbi Salonik şəhəri idi ki, onun əhalisinin böyük əksəriyyəti Osmanlı Dövlətinin yəhudi əsilli rəiyyətindən ibarət idi.

Osmanlı camaatı arasında türkçülük təbliğatını təbliğ edən gizli dərnəklər bunu, Böyük Britaniya və Fransa təcavüzkar dövlətlərin sifarişi ilə edirdilər. Onların məqsədi osmanlının torpaqlarında dinimizə zidd olan irqçi, millətçilik təbliğatını aparıb, türkləri İslam bayrağı altında deyil, türkçülük bayrağı altına toplanmağa sövq etsinlər. “Gənc Türklər” bu dövlətlərin xeyrini güdərək Osmanlı türklərinin qulaqlarına pıçıldayırdılar ki, onlar gərək bundan sonra türkçülük məfkurəsini özlərinə bir din kimi qəbul etsinlər, türkçülük qayəsinə istiqamət alsınlar.


Osmanlının bayrağı həmdə İslami xilafətin bayrağı idi ki, cürbəcür müsəlman xalqları onun altında cəm olmuşdular, birləşmişdilər. Aydın məsələdir ki, türkçülük fikirlərinin təbliği vasitəsi ilə düşmənlər müsəlmanların birliyini pozmaq istəyirdilər. “Gənc Türklər” deyirdilər ki, bizə, türklərə Ərəbistan səhraları lazım deyil, bizə əslikar türk torpaqları Qafqaz, Türküstan, Çinin uyğurlar yaşayan əraziləri lazımdır.

Birinci Dünya Müharibəsi ərəfəsində, ingilis dövlətinin xeyrinə işləyən yəhudi əsilli “Gənc Türk”, Munis Tekinalp (əsil adı Moiz Kohen) “Türklər bu müharibədən nə qazana bilərlər” adlı məqalə yazıb, orada Osmanlı Dövlətini Rusiyaya qarşı müharibə etməyə təhrik edirdi, Qafqaz və Türküstan torpaqlarını fəth etməyə çağırırdı. Əslində bu, Britaniya dövlətinin gizli tədbiri idi. Məqsəd, öz düşmənlərinin, bu nəhəng dövlətlərin, Osmanlının və Rusiyanın arasını vurmaq, onları bir-birinə qarşı vuruşdurmaq və nəhayətdə zəif salmaq idi. İngilisin casusları türkçülük təbliğatını yaymaqla yanaşı Osmanlı Dövləti torpaqlarında yaşayan xalqları: ərəbləri, yunanları, aysorları, kürdləri və erməniləri azad olmağa, Osmanlı hakimiyyətinə qarşı üsyan edib, müstəqil dövlətlər qurmağa təhrik edirdilər.

İngiltərənin rəhbərləri türkçülük təbliğatının Rusiya və İran dövlətlərindəki türkdilli xalqlar arasında da yayılmasını istəyirdi. İngiltərə və ona oxşar başqa Qərb təcavüzkar qüvvələr Rusiyanın və İranın böyük güclü dövlətlər kimi aradan getməsini, onların yerində kiçik, öz ayaqları üstə dura bilməyən, zəif ölkələrin əmələ gəlməsini istəyirdi. Türkçülük təbliğatını və buna oxşar başqa millətçilik təbliğatını aparmaq işi isə yerli gizli təşkilatlara həvalə olunmuşdu.

Həm marksist, həm də pantürkist təbliğatının arxasında Qərb dövlətləri dururdu. Onlar inqilab ixracatı ilə məşğul idilər. Osmanlıda, Rusiyada və İranda baş verən daxili çəkişmələr, üsyanlar İngilisin, Fransanın, Almaniyanın xeyrinə idi, bu, onların arzuladıqları şey olub. Cəmiyyətdə baş verən hərc-mərclik, qarışıqlıqlar və üsyanlar xarici qəsbkarların xeyrinə idi, bu, nəhayətdə, təcavüzün qabağını açırdı.

Çar vaxtı, bizə yaxın coğrafiyada, Bakıda da, bu cür gizli, təxribatçı, inqilabı fəaliyyətlər gözə çarpırdı. Camaat arasında inqilab, üsyan etmək təbliğatı aparılırdı. Bu şəhər, mason mahiyyətli təşkilatların, yə’ni ki, sosialistlərin, marksistlərin, daşnakların və pantürkistlərin fəaliyyət mərkəzinə çevrilmişdi.

Qafqazda pantürkistlərin ən məşhur və tanınmış nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə idi. O, “Gənc Türklər”in, “İttihad və Tərəqqi” təşkilatının türkçülük əqidəsini təbliğ edirdi. Bunlar “ittihad”, yə’ni “birlik” deyəndə müsəlmanların birliyini deyil, türklərin birliyini istəyirdilər. Bu gizli təşkilatın, onun türk cildinə girmiş yəhudi əsilli üzvlərinin məqsədi aydın idi. Bunlar türkün zehninə millətçilik “virusunu” salıb, onu yoldan azdırmaqla, həm özlərinin, həm də Qərbin xeyrini güdürdülər. Yəhudi əsilli osmanlılar bu dövlətin, xilafətin dağılmasını arzu edirdilər. Çünki onda onların Fələstinə toplanması imkanı yaranırdı ki, bu da nəhayətdə sionist yəhudi dövlətinin qurulmasına gətirib çıxardacaqdı.

Bu hərəkata qoşulmuş türkləri anlamaq bir az çətin iş olur. Bunları sadəlövh, hər sözə inanan, aldadılmış adamlar hesab etmək olar. Ancaq, əslində, bunlar heçdə sadə adam olmayıblar. Məncə bu təşkilata qoşulan türklərin öz şəxsi maraqları, öz dünya görüşləri olub. Bunlar əqidəcə dinsizlik mövqeyini tuturdular. Bu dəstə dinə qarşı soyuq münasibət bəsləyir, dini boş bir şey hesab edirdi. Bu səbəbdən belə adamlar müsəlmanları, xalqı öz qibləsini dəyişməyə, İslamın əvəzinə yeni bir əqidə seçməyi, millətçiliyi, türkçülüyü yeni bir din kimi qəbul etməyə çağırırdılar.

Rəsulzadə də bu növ adam olub. O, dindar, namaz qılan, oruc tutan birisi olmayıb. Yə’ni ki, müsəlman olmayıb. O, özünün bu dinsiz mövqeyini düzgün sayaraq, özünü qabaqcıl bir adam zənn edərək, bütün millətin onu tə’qib etməsini, onun ardınca getməsini arzu edirdi. M.Ə.Rəsulzadə Qərb irqçi nəzəriyyəçilərinin sözlərini təkrar edərək xaçpərəst aləmini “aləmi-mədəniyyət” adlandır, qeyrisini isə, yə’ni İslam aləmini mədəniyyəti olmayan bir qit’ə hesab edirdi.

İngilis dilində “revizionist” sözü var. Hərfi mə’nası “bir şeyi təzədən gözdən keçirdən adam” deməkdir. Qərbin hakim dairələri “revizionist” adlanan tədqiqatçıları sevmirlər, çünki elələri rəsmən qəbul olunmuş məfkurənin, tarixin və siyasətin təzədən gözdən keçirilməsinin, təzədən yazılmasının tərəfdarlarıdırlar. Qərbdə “azad söz” təbliğatı aparılmasına rəğmən oranın həbsxanalarında böyük bir qisim revizionist alimlər, tarixçilər dustaq həyatı keçirirlər. Bu məhkum olunanların günahı o olub ki, onlar rəsmi təbliğata, rəsmi tarixə müxalif fikir söyləyib, əsərlər yazıblar.

Mən də, burada, o revizionistlər kimi, bizim tarixçilərin M.Ə.Rəsulzadə haqqında yazdıqlarına, rəsmi təbliğatın danışdığı sözlərə zidd olan fikirlər söyləmək istəyirəm.

Bir zərb-məsəl var, mənə dostu söylə, sənin kim olduğunu söyləyim. Rəsulzadənin yazdığı xatirələrə əsasən onun dostları arasında “Koba” və “Kamo” ləqəbli inqilabçılar olub. Koba sonradan başqa ləqəb götürmüş Stalindir (İosif Vissarionoviç Cuqaşvili) və Kamo isə erməni əsilli məşhur “inqilab qəhrəmanı” Simon Arşakoviç Ter-Petrosyandır.

Stalin və Kamo Tiflisdə və Bakıda inqilabın ehtiyacları üçün banklar yarır, varlılardan pul çəkir, adam qaçırdır, sonra aldıqları girov pulu müqabilində buraxır, şirkətlərdən xərac tələb edirdilər. Stalin, şəxsən özü, bu cür işlərlə məşğul olan bir quldur dəstəsinin başında dururdu.

Rəsulzadə öz xatirələrində bu inqilabçıları, yaxın tanışlarını həbsxanadan necə qurtulması haqqında belə yazır:
Bakıda “Nicat” cəmiyyətinin rəyasət heyətində yer tuturdum. Bu, rəsmi icazə ilə fəaliyyət edən bir cəmiyyət idi. Onun pərdəsi altında bir gizli dəstə gizlənirdi. Bu cəmiyyət çarlığa qarşı sui-qəsd fəaliyyəti ilə məşğul olan bütün bu növ dəstələrlə təmas halında idi.

Şərik olduğum bir müəssisə üzvü S. mənə müraciət edib deyir ki, Kobanı (Stalini) Bakının Bayıl həbsxanasından qaçırmaq istəyirik. S. qaçırılma işinin maliyyələşdirilməsi üçün məndən borc pul istədi. Biz yoldaşlarla birlikdə məsləhətləşdik və nəticədə, istənilən pulun verilməsində bir maneə görülmədi.


Bir başqa hadisə barəsində yazır ki, bir neft mə’dənində apardığı təxribat işinə görə Stalini öldürmək istəyirdilər. Rəsulzadə bu işə müdaxilə edib, onun canını bu təhlükədən qurtardı.

Başqa bir yerdə o, yazır ki, mən, 1911-ci ildə, İstanbulda çarizmdən qaçan bir mühacir həyatı yaşayarkən orada Kamo (S.A.Ter-Petrosyan) ilə görüşdüm.

Bir gün qəzetdə bir komitəçinin yaxalandığı haqqında oxuyanda, qəzetdəki təsvirdən yaxalananın Kamo olduğunu təxmin etdim. Dərhal “İttihad və Tərəqqi” mərkəzində tanışımın yanına getdim. Ondan işə müdaxilə etməsini xahiş etdim.

İki gün sonra Kamo buraxıldı. O, mənə təşəkkür etdi və sonra üstündə tapılan bombaları da ona qaytarılmasını istədi. Mən isə ona dedim ki, bu lap ağ oldu. Bombaları sonra, bir təhər, bir yerdə taparsan, əsas odur ki, tez buradan çıx get.

Rəsulzadə inqilabdan sonra bu erməni inqilabçısı ilə, birdə, Kremldə görüşür. Kremlə girmək əngəli baş verəndə Kamo onu içəri buraxdırır. Ona bələdçilik edib Stalinin oturduğu otağa aparır.

Orada, Stalin, Rəsulzadə və o zamanın Sovet İttifaqı prezidenti Kalinin arasında İran haqqında söhbət baş tutur. Söhbət əsnasında Stalin Kalininə: “Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana birləşdirmək istəmirsiniz?!”. O isə dərhal cavab verdi: “Yox, yox, istəmirəm”.

Rəsulzadə bunun ardınca yazır ki, bu danışıq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran Azərbaycanını da sovetləşdirmək tədbirlərinə aid ortada dolaşan söyləntilərin çox da səbəbsiz olmadığına bir dəlil idi. Bu danışıq məsələsinin, hər necənsə, sovet yuxarı dairələrində müzakirə edilmiş olduğunu göstərirdi.

Çar Rusiyasının süqutundan sonra peşəkar inqilabçılar qarışıqlıqdan istifadə edərək hakimiyyəti öz əllərinə almağa cürət etdilər. Rəsulzadə, həmçinin, onlar kimi təşəbbüs göstərdi, müstəqil “Azərbaycan Cümhuriyyəti” adında bir dövlətin yaranmasını e’lan etdi.

O biri inqilabı dəstələrin – bolşeviklərin, menşeviklərin, daşnakların və gürcü millətçilərin güvəndikləri silahlı və sursatlı hərbi qüvvələri olduğu halda, Rəsulzadə və onun həmkarları tamamı ilə arxasız idilər. Mənim fikrimcə onun yaratdığı dövlət, kağız üzərində adı olub, özü olmayan bir dövlət olub.

Sadə adamlar elə düşünür ki, hərgah hər hansı bir əraziyə bir ad verilib və bayraq qayırılsa, demək, dövlət var. Halbuki dövlətin dövlət olması üçün ona hər hansı bir addan və bayraqdan daha vacib şeylər lazımdır. Onun bir ərazisi, bu ərazini qoruyan ordusu, güclü hərtərəfli iqtisadiyyatı, müstəqil milli siyasət aparan hökuməti olmalıdır. Müsavatçılarda bunların heç biri olmayıb. Bu hökumət e’lan etdiyi dövlətin ərazilərinə nəzarət etmirdi. O vaxt Cənubi Qafqazda ağalıq edənlər ağ ordu, bolşeviklər, daşnaklar, gürcü millətçiləri və ingilislər olub. Müsavatçılar isə “quru bəylər” olublar, yə’ni ki, onları varı, sərvəti olmayan təkcə bir “bəy” adı olanlara oxşatmaq olardı.

Rəsulzadənin millətə verdiyi töhfələri yalnız onun uydurmuş olduğu şübhəli bir ad (“Azərbaycan”) və zolaqlı parça olub.

Əvvəllərdə mən öz-özümə düşünürdüm ki, görəsən bu bayrağın üzərindəki səkkizguşəli ulduzun, onun güsələrinin səkkiz olmasının hər-hansı rəmzi bir mə’nası varmı? Sonradan radioda eşitdim ki, Rəsulzadənin fikrinə görə bu ulduzun səkkiz bucaqları qədim dövr səkkiz türk gövmünün, tayfasının sayına işarə edir. Yə’ni bu, nəsə, pan-türkist, turançılıq məfkurəsi ilə əlaqəli bir şeydir.

Millətçılık istər bu almanın, rusun, ərəbin, farsın və ya türkünkü olsun düzgün mövqe’ deyil, müsəlmançılıqla isə, tamamı ilə, düz gəlməyən bir şeydir. Əslində bu millətçilik əqidəsi, “xəstəliyi” bizə kənardan gəlib, onu qəsdən Xristian dünyasından müsəlman ərazilərinə yayıblar, müsəlmanların arasına nifaq, ədavət və dava salmaq üçün, müsəlmanın birliyini pozmaq üçün.

Əgər bu ulduz türk millətçiliyinin, türkçülüyün rəmzidirsə, bəs onda, tarixən, həmişə bu ərazidə yaşayan, respublikanın kürd, ləzgi və talış müsəlmanları hara getdi; bəyəm onların burada yaşamağa haqqi yoxdur? Bundan belə çıxır ki, bu masonun fikrinə görə həm bu bayraq, həm də bu respublika onlarınkı olmayıb, yalnız türkdilli əhalininkidir.

O vaxtın sağlam düşüncəli müsəlmanları ona deyirdilər ki, siz, azərbaycanlılıq şüarı ilə müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla, İslamın əsaslarını sarsıdırsınız. Elə bu axırıncıların sözünü təsdiq edən fikir odur ki, bu ərazidə türklərdən də başqa müsəlman xalqları yaşayır. “Bu türk dövlətidir, türklərin dövlətidir” deyilsə, bu onları pərişan edə bilər, halbuki, “bu müsəlman dövlətidir, müsəlmanların dövlətidir” sözünə onların heç bir e’tirazı olmaz. “Bütün xalqlara müstəqillik verilməlidir” şüarı parçalanmaya gətirib çıxardar. Məsəl üçün Dağıstanda iyirmiyə yaxın cürbəcür dillərdə danışan müsəlman xalqları yaşayır. Hərəsi ayrıca dövlət qursa bu zəif ölkələr gec-tez xarici qəsbkar dövlətlərin təcavüzünə mə’ruz qalar və nəhayətdə onlar dövlətçiliklərini itirərlər. Ancaq Dağıstanın ərazisində çoxsaylı milli dövlətlər deyil, ümum müsəlman dövləti yaradılsa və ümumi bir rəsmi dövlət dili qəbul edilsə o güclü olar və təcavüzə qarşı mübarizə apara bilər.

Rəsulzadə “Gənc Türklər”in ardıcılı idi ki, bunların elə ancaq adı türk olub, əslində bunların əksəri, ələlxüsus nəzəriyyəçiləri yəhudilər, sionistlər olub. Bunların işi, sənəti həm o vaxt, həm bu gün fitnə-fəsad olub, müsəlman xalqlarının arasına nifaq salmaq, müsəlmanları doğru yoldan, İslam yolundan azdırmaq olub.

İngilislərin bir zərbi-məsəli var. Şəkər çörəyinin dadını bilmək üçün onun bir parçasını yemək kifayət edər. Elə ki, hələ neçə il bundan qabaq Rəsulzadənin ermənilərin başçısına yazdığı məktubu oxuyanda onun kimliyi mənə aydın oldu. Müsavatçılar dövründə Rəsulzadəyə Cənubi Qafqazın hər yerindən minlərlə məktublar gəlirdi ki, müsəlmanlar ondan gileylənir, “Hanı dedin bizim başçımızsan. Bəs ermənilər bizi qırırlar, bunun qarşısını niyə almırsan?” yazırdılar. Bu cür çoxlu məktublar alandan sonra o, qərara gəlir ki, ermənilərin başçısına bir müraciət etsin. Təxminən bu cür məktub yazır. “Ay, filankəs, sən müsəlmanları bu şəkildə qırırsan. Bu cür də olmaz axı! Sən lap ağ elədin. Axı biz dostuq, eyni yolun adamıyıq. Ancaq bu işləri görəndə, sən məni müsəlmanların gözündə nüfuzdan salırsan. İndi mən onlara nə cavab verim. Səndən çox xahiş edirəm, belə işlər eləmə.”

Yə’ni belə çıxır ki, bu adamı yüz minlərlə müsəlmanın, vətəndaşın erməni daşnakları tərəfindən öldürülməsi işi bir o qədər narahat etmir. Onu daha çox narahat edən onun nüfuzdan düşmə təhlükəsidir. Bu adam erməni millətçisinə “biz dostuq”, “biz eyni yolun adamıyıq” deyir. Görəsən o hansı yoldur? Erməninin yolu, məqsədi aydındır – müsəlmanları qırmaq. Bəs bu Rəsulzadənin yolu nədir, məqsədi nədir? Bəlkə Rəsulzadə bu erməniyə demək istədiyi budur – “Səndə İslamın düşmənisən, məndə. İslama qarşı olan nifrətdə biz şərikik, həmrahıq”. Ya da “Həm sən, həm də mən mason, inqilabçı, milliyətçı, demokrat, mütləqiyyət və xilafət düşməniyik”.

Elə müsavatçıların hamısı bu cür adam olublar. Məsəl üçün müsavat hökumətinin parlamentinin sədri Əlimərdan Topçubaşov bir yerdə demişdi ki, məndən olsa mən həm sünnisini, həm şiəsini, həm hənəfisini, həm də cəfərisini dar ağacından asardım.

O dövrün bir müəllifi yazırdı:


Azərbaycan muxtariyyəti artıq siyasi bir proqram şəklində meydana atılmışdı. “Müsavat” firqəsi bu proqramı tə’qib edirdi. Bolşeviklərin “Bakinski raboçi” qəzeti bizimlə etdiyi bir münaqişədə: “Azərbaycan muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razı olur. Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazar taparlar” – deyirdi.

Bu elə də oldu. Bu qəzet işçiləri düz deyirdilər ki, bu müsavatçılarda sağlam, ayaq üstə dura bilən bir dövlət qurmaq bacarığı yox idi. Onların fikrinə görə bunların bu, muxtariyyət, müstəqillik macərası millətə çox baha başa gələcək və nəhayətdə bunun sonu uğursuz olacaq.


Bunun ardınca müəllif yazırdı:
İrəvan tərəfdə baş verən qanlı hadisələr nəzər-diqqəti cəlb edirdi. Əvvəlcə rus ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daxilində, sonra da Qars və İrəvan vilayətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-ama mə’ruz qaldıqlarına aid biri-digərindən daha dəhşətli xəbərlər alınırdı.

Bir tərəfdən Bakı qətli-amı, digər tərəfdən də İrəvan və Qars faciələrinə mə’ruz qalan Cənubi Qafqaz müsəlmanlarının o günlərdə keçirdiyi qorxunc hadisələr haqqında bir az fikir hasil etdirmək üçün 1918 tarixli protokollarından çıxarılmış sətirləri aşağıda qeyd edirik: “Tiflisə gələn rum (Türkiyə yunanı – A.M.) mühacirləri Qars vilayətindəki müsəlmanların halını belə təsvir edilir: Türk ordusu qarşısından ricət edən erməni əsgəri dəstələri qarşılarındakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir və təsəvvürü naqabil bir dəhşət və fəlakətə düçar edirdilər. “Qalib” erməni ordusu hərbi qənimətlər, yə’ni süngü ucuna taxılmış südəmər çocuqlarla keçdikləri yollar üzərində müsəlman qadınlarını çılpaq soyundurdular... rumluların rəvayətinə görə bu cəhənnəm əzabını görmüş, çıldırmış qadın və çocuqların ürək parçalayan iniltilərini, ixtiyarların ümidsiz nalələrini dinləmək olmurdu. Səksən iki kənddən artıq bir vilayət bu təsviri naqabil fəlakətə düçar olmuşdur... İrəvan vilayətindən gələn xəbərlər dəhşət e’tibarilə bundan əskik deyildir. “Seym” tərəfindən İrəvan hadisatını təhqiq və fəlakətzədələrə müavinət məqsədi ilə göndərilən heyəti-mürəxxəsə rəisi-vəkili İbrahim ağanın raportuna nəzərən İrəvan vilayətində 211 müsəlman kəndi yer ilə yeksan edilib, qaçqınların (mühacirlərin) ədədi yüz minə çatırdı.


Müəllif əlavə edir ki, bu hadisələrin təsadüfi deyil, müstəqil Ermənistana milli bir əksəriyyət qazanmaq üçün qabaqcadan hazırlanmış bir plan üzərinə icra olunduğu təxmin olunurdu.

Şərqi Anadoluda və Qafqazda ermənilərin etdikləri dəhşət və vəhşətlər üzündən müsəlmanlar əzab çəkdikləri zaman, bu müsavatçı ermənilərin rəhbərinə “dostuq” deyir, “bir yolun adamıyıq” deyir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin