Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə2/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

ALABAŞ
Elçin əllərini arxasına qoyub başını aşaqı əymiş, sanki önündəki gözəgörünməz adamın kürəyinə söykənərək onun tənzimlədiyi sürətlə gah asta, gah da yeyin bir şəkildə hərəkət edirdi. Gəlib darvazanının önünə çatdıqda əsgərlər kimi dabanları üstə ani bir hərəkətlə geriyə dönür, əks tərəfə, ta ənçir ağacının sulanıb şişmiş meyvələrinin aşağı çəkdiyi budaqlarından asılıb yavaş-yavaş yellənən yarpaqlarına toxunanadək irəliləyir, bu iri, yapışqan yarpaqlarla ilk təmas anındaca darvazanın önündə olduğu kimi, yenə cəld bir hərəkətlə geri dönür və bu dəfə də əksinə addımlayırdı.

Həyətə çıxandan bəri davam edən bu get-gəlin neçənci dövrəsi idi? Allah bilir, saymamışdı, əslində nə indi, nə də əvvəlki gəzintilərində bir dəfə də olsun, saymaq ağlına belə gəlməmişdi. Guya saysaydı nə olacaqdı ki? Nə mənası vardı? Onsuz da bir dəfə həyətə çıxıb əllərini arxasında qovuşduraraq gəzişməyə başladımı, yorulmadan evə dönməzdi. Havanın necəliyini heç vecinə də almazdı: istər günəşli olsun, istərsə də külək əssin, ya qar, ya da yağış yağsın, fərqinə varmayıb taqətdən düşənədək gəzişər, yalnız ayaqları yorulub sözünə baxmadıqda evə dönərdi. Bəzən qızmar günəş altında gəzişməkdən tərləyər, alnında, gicgahlarında tumurcuqlanıb böyüyən tər damlaları aşağı yuvarlanar, sinəsindən və kürəyindən süzülüb axardı. Ancaq o, nə kirpiklərindən süzülüb gözlərini acışdıran, nə də burnunun ucundan damlayaraq dodaqlarını isladan duzlu suya fikir vermədiyi kimi, tərdən islanan köynəyini də vecinə almaz, əlləri arxasındaca gəzişməyinə davam edərdi. Bəzən yağış çiləyər, paltarları əynində cumculuq su olardı, ancaq gəzişməyindən qalmazdı.

Hərdən evin qapısından bir baş uzanıb onu çağırdıqda, adətən bu, anası və ya xanımı olardı, eynilə belə cavab verərdi:

– Heç nə olmaz, bir azdan gələcəyəm.

Əlbəttə, onunçün, onun səhhətindən yana rahatsız olduqlarını bilirdi, amma nəvazişdən xoşlanmayan, əksinə, artıq diqqətdən qıcıqlanıb əsəbiləşən bir xarakteri vardı. Elə ona görə də, hər çağrıldığında narazılığını mimikasıyla bildirər, üz-gözünü turşudardı. Sonra da astaca deyinərdi: “Bunlar lap istixana göbələyi kimi qoruyurlar məni… Mən ki dəvəsi ölmüş ərəbəm, xəstələndim, ya yox, nə fərqi var?”

Belə deməyinə baxmayaraq, sağlamlığına diqqət edər, xəstələnməkdən qorxardı. Kim bilir, bəlkə də açıq havada gəzməsinin səbəbi günəşli havanın bədəndə təbii yolla D, soyuq havanınsa C vitamini yaratması haqqında eşitdikləri idi. Bəlkə də son beş-altı ildə həyatının boyuk bölümünü dörd divar arasında keçirən bu gənc havaya çıxanda mümkün qədər vitamin toplamaq istəyirdi? Bəlkə də kimsənin bilmədiyi basqa səbəbləri vardı. Məsələn, həyətdə gəzişirkən daha rahat olurdu və xəyallar aləminə daha rahat dalırdı. Xəyalları onunçün hər şey idi. Bəlkə də bu, həyatın reallıqları ilə barışmaq istəməməsindən, ya da bu reallıqları özündən olduqca uzaqlara qovmaq istəməsindən irəli gəlirdi. Kim bilir, bunların ikisi də ola bilərdi...

Xəyalları hər nə qədər buludlar kimi uzaq, ya da yaxın, amma tüstü tək əllə tutulmaz, üzərində düşünülməyəcək qədər dəyərsiz, boş olsa da, onunçün daim əziz idi. Buna görə də, onları qısqanclıqla qəlbinin bir güncündə qoruyub saxlayır, heç kimlə, hətta ən yaxın, ən doğma adamları ilə belə bölüşmədən sonsuza qədər oradaca tutmaq istəyirdi.

İndi də həyətdə əncir aqacı ilə darvaza arasındakı məsafəni kim bilir, neçənci dəfə idi ki, ölçürdü və bu işlə məşğul kimi görünməsinə baxmayaraq, əslində beyninin ayaqlarından xəbəri yoxudu. Ayaqları əzbərlənmiş qaydada, sanki bir robotmuş kimi ixtiyarsız yeriyir, nə beynindən, nə də qəlbindən buyuruq almadan onu darvaza ilə əncir arasındakı məsafə boyu gəzdirir, beyni və qəlbi də tam basqa şeylər düsünürdü.

Əslində düsüncələri, xəyalları olduqca önəmsiz və bəsit şeylər idi. Məsələnin pis tərəfi də elə bu deyildimi? Hər dəfə bu düşüncə ağlına gəldikcə qəlbini incidir, ruhunu əzirdi. Özü də yaxşı bilirdi ki, xəyalları ilə sadəcə ovunur. Arada gülümsəyib öz-özünə

“Qırxlı uşaq üçün quru əmzik nədirsə, mənimçün də xəyallarım odur” - deyirdi. Sonra da başını tovlayıb dərindən bir ah çəkir, növbəti xəyalına keçirdi.

Bəzən öz xəyal dünyasında iş adamı olur, qurduğu fondlar, yardım təşkilatları möhtaclara, imkansızlara yardım göstərir, ölkədə yollar, körpülər tikdirir, iş yerləri açır, əlindən gəldiyi qədər insanlara kömək edirdi. Belə xəyallarında pulu bitib tükənmək bilməz, xərclədikcə artıb çoxalardı. Aradabir xəyal dünyası tamam başqa səmtlərə yönəlir, vətənini bütün Yaxın Şərqi içinə alan nəhəng və qüdrətli bir dövlət, özünü də bu dövlətin cümhur rəisi görürdü. Hərdən dünya şöhrətli idmançı, aradabir alimdən-zaddan da olurdu. Səhər-səhər hansı ovqatı olurdusa, o günün xəyalları da həmin ovqat üstə köklənirdi. Ovqatını da internetdə tuş gəldiyi hansısa ilginc olay, ya da qardaşı uşaqlarından birinin dediyi hansısa bir söz müəyyən edirdi. Sabit fikirli deyildi, düşüncələrin birini yarımçııq qoyub o birinə keçməyi sevən bir xarakter sahibi idi. Xəyal dünyasındaykən bəzən özünü belə unudar, meşədə oxuyan Sibir xoruzu kimi, ətrafında olub-bitənlərdən xəbəri olmazdı. Axı nə qədər olsa da, xəyallar dünyası qaranlıqlar kimi dərin, fəza tək sonsuz idi və o bu sonu görünməyən ənginliklərdə itib-batmağı sevirdi.

Allah bilir, gəzintisinin neçənci dovrəsindəsə ayağı altında yumşaq bir şey qaldı və əti kəsilirmişcəsinə zingildəyən bir itin səsindən diksinib kənara sıçradı. Öz köpəyini ayaqlamışdı və olub-bitəni anlamayan qara tüklü köpək də onun ayaqlarına yapışmış, başını da onun ayağı üstünə qoyub bu dəfə asta bir səslə, sanki üzürxahlıq edirmiş kimi səsinə bir az da yalvarış tonu qataraq zingildəyirdi.

Qolaylanıb havada tutunacaq bir şey axtardı, əlinə ilişən alça ağacının incə, zərif və yeni-yeni uzanmağa başlayan budağından yapışdı, bir addım geri çəkildi və köpəyini sevələməyə başladı:

– Aslan parçası, bilmədim ki, heç mən səni qəsdən əzərəm? Sən mənim qəşəngimsən, ağıllımsan, bir dənəmsən...

Sahibinin yumşaqlığından güc alan köpək onun ayaqlarını yalamaqa basladı, amma bu dəfə sahibi ona hirsləndi.

– Rədd ol, Alabaş, sənə də üz verəndə astarını da istəyirsən.

Sonra ayağını çəkmək istədi, ancaq olmadı. Köpək bir dəfə gənə sakıkka kimi yapışmışdı, çətin əl çəkib gedərdi. Belə vaxtlarda onu azarlamasa, ona hirslənməsə, yanından uzaqlaşdırması mümkün olan iş deyildi. Hər şeyə rəğmən o, sonuna qədər köpəyini yanından xoşluqla uzqlaşdırmaq istəyər, bəzən yorulanda və ya hövsələsinin olmadığı vaxtlarda ayağının burnu ilə itələyib: “Alabaş, əl çək, yoruldum”, - deyib üzünü döndərərək tərs yönə gedərdi.

Köpəyini incitmək istəmirdi, onu sevirdi və bu səbəbdən olacaq ki, onunla vaxt keçirməkdən sıxılmır, əksinə zövq alırdı.

Necə də sevməyəydi? Onlar köhnə dost sayılırdılar.

Beş il öncə qonşunun köpəyi küçükləmişdi. Elçin gedib küçükləri araşdırmış, içlərində ən sağlam və ən yaraşıqlı olanı seçib gətirmişdi. Boynundan tutub sallaya-sallaya gətirdiyi küçük hələ iyirmi günlük idi. Bacadan keçmişcəsinə başdan-ayağa zil qara olan küçüyün iri qulaqları və uzun quyruğu ilk baxışdan diqqəti cəlb edir, bir az da görüntüsünə qəribəlik qatırdı. Enli sinəsi və incə beli onun gələcəkdə pişik kimi cəld və tazı kimi sürətli olacağından xəbər verirdi.

Elçin həyətə girəndə qonşunun qızları ilə təkqıçlı oynayan qardasının qızı oyunu yarımçıq kəsib onun qabağına qaçmış, əllərini yuxarı qaldıraraq sevinclə atılıb- düşmüş, “Ay daa..., necə də qəşəngdir!” - deyə bağırmış, sonra da əlavə etmişdi:

– Əmi, mənə gətirmisən bu iti?

– Hə, quzum, sənə gətirmişəm.

– Onda ver aparım yemək verim, bəlkə acdı?

– Darıxma, gülüm, verəcəyəm, hələ çox kiçikdir, sən buna baxa bilməzsən, bir az böyüsün, verəcəyəm sənə.

– Böyüyün neynirəm, mən elə beləsini istəyirəm, - deyib qızcığaz dodaqlarını büzmüşdü.

– Yaxşı, əmi qurban, verdim sənə, amma əvvəlcə gərək gedək buna yemək verək ki, böyüsün.

Qızcığaz sevincək əllərini bir-birinə vurmuşdu:

– Sümük verək?

– Yox, quzum, süd verəcəyik. Hələ balacadır axı. Get əmcanıya de, soyuducudan bir az süd versin, sonra da anaya deyərsən, bacının əmziklərindən birini alıb gətirərsən.

Qızcığaz ona verilmiş tapşırıqla – bu sevimli küçüyü bəsləyəcəyi düsüncəsiylə fərəhlənib “Oləə!.. ” -deyə bağırdı və sonra da anasını çağıra-çağıra evə doğru qaçdı, çox keçmədən əlində başına əmzik keçirilmiş şüşə ilə təngnəfəs geri qayıtdı.

Artıq bayaqdan onunla oyun oynayan uşaqlar da oyunlarını buraxıb Elçinin başına toplaşmış, onun qucağındakı küçüyə baxır, bir-biriləri ilə astadan danışırdılar. Arada Elçin oxşadığı küçükdən gözlərini çəkib onlara baxdıqda səslərini kəsir, işarət barmaqlarını ağızlarına soxub gözlərini aşağı dikir, ya da küçüklə maraqlanmırlarmış kimi donlarının ətəyini tutub çəkərək ayaqlarını tərpətmədən bədənlərini saga-sola fırladır, gözlərini ondan qaçırmağa çalışırdılar. Qardaşı qızı Elçinin ətrafında bir sıra düzülən uşaqları yarıb önə, əmisinin yanına keçəndə Elçin sol dizi üstə çöküb küçüyü yavaşca yerə qoydu.

– Əmi, iti evə aparacağıq?

– Yox, quzum, get südü də gətir, sən itinə əmziklə süd verənə qədər mən də onun üçün ev tikərəm.

Qızcığaz dönüb götürüldü. Elə qaçırdı, elə bil indicə üzüquylu yerə uzanacaqdı. Başı yerə dəyəcək kimi idi, bütün gövdəsi bədəninin ağırlıq mərkəzindən öndəyidi və bu da onun daha yeyin qaçmasına imkan verirdi. Təkcə o belə qaçmırdı, bu, əksər uşaqlara xas qaçış tərzi idi və onlar nədənsə belə qaçmağı sevərdilər.

İki dəqiqə sonra qızcığaz əlindəki əmzikli şüşədən küçüyü yedizdirir, tez-tez də əmisini sorğu-suala tuturdu:

– Əmi, indi biz buna nə deyəcəyik? Bu da itin uşağıdı?

Onun bu sualına artıq ayaqda durmaqdan vaz keçib ətraflarında sallağı oturan uşaqların hamısı gülüşdü.

– Hə, gülüm, elədi - deyə əmisinin dodağı qaçdı, - bu da Şahin əmingilin itinin oğludur, ancaq Itin uşağına küçük deyirlər.

– Yəni bu hələ it deyil?

– O bir küçükdur, bir az böyüsün, ənik olacaq, daha sonra bir az da böyüyüb it olacaq.

– Ənik nədi?

– Bax, quzum, indi onu sən yedizdirirsən, düzdü?

– Hə.


– Anasının yanında olsaydı, onu anası yedizdirəcəkdi. Çünki küçük öz yeməyini özü tapıb yeyə bilmir. Bir az böyüyəndən sonra həm anası ona süd verir, həm də öz yeməyini özü tapıb yeyir, onda olur ənik.

– Hə, bildim. Bəs nə vaxt it olacaq?

– Bir az da böyüyəndən sonra it, ya da köpək adlanır.

Qızcığaz susdu, küçüyün önündə çömbəlib onun südü necə içməsinə tamaşa eləməyə başladı, hərdən də çevrəsindəki rəfiqələrinə baxaraq gözlərini süzdürür və sanki “Heç sizin belə küçüyünüz var?” - demək istəyirmişcəsinə küçüyün başını tumarlayır, ya da qulağını barmaqları arasında tutub oxşayırdı.

Əmisi bir az onlara tamaşa elədi, sonra da:

– Gülüm, sən burda itini yedizdir, mən də gedim onunçün ev tikim, - dedi.

Qızcığaz sevinclə “Yaşasın!” - deyə bağırıb havaya sıçradığı üçün əmzik əlindən düsdü, əmziyin rezin ucunu dişləri ilə sıxan küçük isə təbii instinktlə onu buraxmadı. Elçin tez şüşəni tutdu, sonra üzünü qardaşı qızına sarı döndərdi:

– Yaxşı, mən getdim, sənsə şüşəni tut və itinə də bir ad fikirləş!

Elçin bunu deyib evin arxasına keçdi, orda çoxdandır istifadə olunmadığı üçün toz basmış, künc bucağında hörümçəklərin tor atıb yuva qurduğu alət dolabından elektrikli burğunu, elektrikli bıçqını, şurub, çəkic, fırça, boya, metr və bir az da taxta götürüb işə basladı. Bir az keçməmiş qızcığaz yanında bitdi. Qulağından tutduğu küçüyü sürüyə-sürüyə gətirir, zingildəməsinə fikir vermədən onunla danışırdı:

– Gedək görək, əmi sənə necə ev tikir? Deyərik evini gətirib qoyar bizim evin qabağına, mən də hər gün gəlib sənə süd verərəm, yaxşı?

Sanki adamla danışırdı. Uşaq beyni, uşaq düsüncəsi ilə, bacardığı qədər xəyal gücünü də işin içinə qatıb həmsöhbətinin onu basa düsdüyünü göstərən bir əda ilə deyirdi:

– Əmiyə deyək sənə cizgi filmlərindəki kimi ev tiksin, üstünü də ağ rəngdə boyasın, aparıb qoyarıq evimizin qabağındakı çəmənliyə, orda kəpənəklərlə oynarsan. Sonra bir dənə yemək yemə, bir dənə də su içmə yeri düzəltsin, yaxşı?

Əmisi başını işindən ayırmadan:

– Mənim balam küçüyə cizgi filmlərindəki kimi ev istəyir? - deyə soruşdu.

Qızcığaz dinmədi, sakitcə başını aşağı salıb küçüyü oxşamağa başladı.

– Siçan və pişikdəki kimi olsun, gülüm?

Çömbəlmiş qız ayağa qalxıb əllərinin yardımı ilə əmisini başa salmağa çalışdı:

– Əmi, bax, qapının üstü də belə olsun, - deyə əli ilə havada bir qövs cızdı.

– Başa düşdüm, ürəyimin parçası, balam necə istəsə, əmisi də elə tikəcək.

Sonra həyətə tərəf boylanıb:

– Bəs balamın rəfiqələri hanı? - deyə soruşdu.

– Onlar getdilər.

– Niyə qoyurdun getsinlər? Hamımız bir yerdə ev düzəldər, sonra da küçüyə ad fikirləşərdik.

Qızcığaz küçüyünü oxşaya-oxşaya sorğu-sualdan bezdiyini nümayiş etdirirmiş kimi:

– Mən nə bilim, getdilər də... - dedi.

Bir saat sonra artıq itin yuvası hazır idi, hətta üstünü də boyamış, boyası da qurusun deyə gün düşən bir yerə qoymuşdular. Qalmışdı itin ad məsələsi.

– Gülüm, sən küçüyə bir ad düsündün?

– Alabaş qoyaq?

Bunu deyib əmisinə baxdı:

– Axı bunun başı ala deyil.

– Onda Qarabaş qoyaq.

– Quzum, mütləq başı ilə bağlı olmalıdı? Gəl bu küçüyün adını Vasya qoyaq.

– Vasya nə deməkdi ki?

– Heç nə demək deyil, addır.

– Əmiii…

– Yaxşı, gülüm, onda sən istədiyin adı de.

Qızcığaz pərt olmuş, amma bunu bəlli etmədən mızıldanmışdı:

– Yaxşı, adı Vasya olsun.

Küçüyə ad qoyma mərasimi də eləcə başa çatmışdı. Amma o, çox sevdiyi bu qızcığazın qəlbini qırmaq istəmirdi, yaxınlaşıb onun saçlarını oxsamış, əyilərək yanağından öpüb demişdi:

– Yaxşı, qoy itin adı Alabaş olsun, sənin xətrinə başının bir tərəfini boyayarıq ki, adı da yaraşsın, daha adını eşidənlər deməsinlər ki, hanı, axı heç bu itin başı ala deyil...

Qızcığaz əllərini ağzına qoyaraq pıqqıldayıb gülmüş və onun bu sözlərindən çox sevinmişdi. O gündən sonra əmi-bala daha da mehribanlaşmışdılar. Küçüyə birlikdə baxır, yeməyini, suyunu verirdilər. Hərdən işin ağını da çıxarırdılar: Alabaşa çay dəmləyib gətirir, ya da yuvasının üstünə kölgəlik, qapısına pərdəlik asırdılar... Ancaq gördükləri bütün bu işlər əyləncəli idi və ikisinin də xoşuna gəlirdi.

Alabaş böyüdükcə yemək çeşidləri də çoxalmağa başladı. Ona südlə yanaşı, pörtdənmiş sosis, kolbasa və digər yeməklər də verməyə başladılar. Əslində hələlik bunlara elə bir ciddi ehtiyac yox idi. İti də eynilə öz yasadıqları rejimdə bəsləyib ərköyün alışdırırdılar. Axı nə də olsa, o, ev iti idi və digər köpəklərdən seçilməli idi. Səhər yeməyinə şirin çay hazırlayıb boşqaba tökür, içinə də pendir və çörək doğrayıb qatırdılar, günorta və axşamları isə evdə hazırlanan xörəkdən də ona ayrıca pay çəkir, içinə də çörək doğrayırdılar. Ev üçün hər dəfə ət və toyuq alınanda Alabaş da unudulmur, ona da qəssabdan, yaxud dükandan ayrıca ət alınırdı.

Alabaşın küçüklük və əniklik dönəmi həyətdə uşaqlarla, onların topları ilə oynayaraq keçdi, bir az böyüdükcə artıq özünü həyət-bacanın bir nömrəli qoruyanı hiss edirdi. Özəlliklə, pişiklərin qənimi idi. Gözləri daim hasarda olan Alabaşın qorxusundan bir pişik həyətə düsə bilməzdi. Alabaş o qədər ağıllı idi ki, təlim görmüş köpəklərdən heç nə ilə fərqlənmirdi. Səhər və axşam olmaqla gündə iki dəfə təbii ehtiyacları üçün həyətdən çıxar, pişikləri, toyuqlara dən verilərkən paylarını almağa gələn sərçələri, hətta qonşuların həyətə girmiş toyuq-cücələrini qovaladıqda belə kərdiyə girməz, əkin yerinin kənarları ilə hərəkət edərdi. Sahiblərindən biri “Alabaş, ye!” deməsə, önünə atılan əti yeməz, sadəcə yanında qarovul kimi qalıb gözləyərdi, ya da kimsə körpə bir uşağı həyətə qoyub yanından ayrıldıqda onun beşiyi yanında uzanıb bir yerə tərpənməz, körpəni qoyub gedən gələnədək keşik çəkərdi...

Keçən ilki bir olay hamını təəccübləndirmişdi: həyət qapısı açıq qaldığına görə toyuqlardan üçü həyətdən çıxmış, baş alıb getmişdilər. Elçinin anası küçə-bacanı axtarıb, qonum-qonşudan da soraqlaşmış, toyuqlardan bir xəbər ala bilməyib kor-peşman qayıdıb gəlmişdi. Axşamüstü “Bəs bizim toyuqlara nə oldu?” - deyə son bir ümidlə küçəyə çıxanda nə görsə yaxşıdır? Alabaş toyuqların üçünü də qabağına qatıb sağ tərəfdəki döngədən qova-qova gətirir. Toyuqlar pırıldayıb sağa-sola səkmək istədikdə isə onları sinəsi ilə vurub yola qaytarırdı. Təəccübdən qadının ağzı açıq qalmışdı. Necə ola bilərdi ki, adi bir köpəkdə sahibinə qarşı bu qədər sədaqət, bu qədər vəfakarlıq və ən önəmlisi, bir köpəkdən gözlənilməyəcək səviyyədə bu qədər ağıl olsun?

Bu hadisə bütün kəndə yayılmış, Alabaş bir həftə camaatın dilindən düşməmişdi. Onun tək bircə pis xüsusiyyəti var idi: bağlı qala bilmirdi. Hələ iki yaşı olardı, ya olmazdı, orasını yaxşı xatırlamırdı, hasar qonşularının fərəsi həyətlərinə düşmüş, dən yeyən toyuqlarına qoşulmuşdu. Kənarda oturub toyuq-cücələrin buğda dənləməsinə tamaşa edən Alabaş bunu görən kimi bir anda şığıdı, qonşunun fərəsini kürəyindən tutub kənara atdı, daha sonra nə olduğunu anlamayıb düşdüyü yerdəcə qalan fərənin üstünə təkrar cummaq istəyirdi ki, toyuqlara dən verən Elçinin anası:

– Bax hələ, öldürdün ə, ağzı yanmış! - deyə əlinə keçən taxta parçası ilə köpəyin başına vurdu. Mükafat gözlədiyi halda, cəzalandırıldığından heç bir şey anlamayan Alabaşı qovduqdan sonra axsayaraq uzaqlaşmaq isdəyən fərəni tutub ora-burasını əlləyərək:

– Hmmm... ağzıyanmışın dişi batıb da, öləcək, ta qalmaz ki! - deyib əlindən yerə buraxdı. Sonra dönüb Alabaşa çımxırdı:

– Sən öl, səni öldürəcəm! İndi də qonum-qonşunun toyuq-cücəsinə dadandın?

Sonra Elçin iti gəzməyə çıxaranda itin boynuna taxdığı xalta ilə Alabaşı həyət qapısına yaxın bir yerə bağladı və evdəkilərə də tapşırdı ki, heç kim onu açmasın.

Əslində o bilirdi ki, köpəyin məqsədi fərəni yemək deyildi, o sadəcə, sahibinin toyuqlarını və onlara verilən dəni qorumaq istəyirdi. Ancaq son günlərdə Alabaş küçədə uşaqlardan birini dişləmiş, başqa birisinin də üstünə cumaraq qorxutmuşdu. İndiyə qədər onu bağlamağa ürəyi gəlməsə də, fərə olayı artıq səbrini daşdıran son damla olmuş və iti bağlamışdı. Ancaq kaş bağlamayaydı!

İki gün bağlı qalan Alabaş yemək yemədi, heç su da içmədi. Olduğu yerdə sakitcə uzandı, qabaq ayaqlarını irəli uzatdı və çənəsini də ayaqları üstünə qoyub tərpənmədən eləcə yatdı. İkinci günün sonunda artıq dözməyən Elçin anasına dedi:

– Ana, bu it acından-susuzundan öləcək, sən də namaza-oruca ehtiyac qalmadan cənnəti bu dünyada qazanacaqsan...

– Bəs mən nə təhər eliyim, ay bala? O gün İsanın oğlunu tutub, srağagün Fəxrəddinin uşağının üstünə cumub bağrı-dalaq eliyib, indi də Ramazangilin fərəsini dişliyib. Mənə lazımdı Mədinənin ağız qoxusunu çəkəm? Qoy canı çıxsın, bağlı qalsın, ağlı başına gəlsin.

– Ay ana, sən elə danışırsan ki... Axı o, adi bir heyvandır, cəza-məza nə qanır?

– Heç nə qanmırsa, niyə özünü inadkarlığa qoyub?

– Dünən Kazımla danışırdım, onların da itləri bu cinsdəndi axı, deyir ki, bu itlər bağlı qalmır, açmasanız, acından öləcək.

Uzun mübahisədən sonra anasını razı salmış, o da gəlib Alabaşın xaltasını açıb sərbəst buraxmışdı, daha sonra evə gedib əlində gətirdiyi bir tas su və bir parça əti önünə qoyub demişdi:

– Alabaş, ye, sənin inadın məni yendi.

Amma Alabaş çox kinli və inad idi. Daha bir gün uzandığı yerdən qalxmadığı kimi, nə önündəki yeməyə, nə də suya toxunmadı. Dördüncü gün qalxıb yorğun və halsız addımlarla çıxıb getdi və gecə düşəndə geri qayıtdı. Xaltası açıldıqdan sonra da sahibəsi ilə kin güdən Alabaş düz bir ay o çağıranda yanına gətmədi, onun verdiyi yeməkləri də yemədi. Bu olay Alabaşı bağlamaqda ilk və son cəhd oldu.

İndi Elçin çömbəlib Alabaşın iri qulaqlı yöndəmsiz başını, kiçicik bədənini oxsadıqca bütün bunları düşünür və öz-özünə Alabaşı boynundan tutub gətirdiyi gündən bu yana keçən beş ilin bir göz qırpımında necə də hiss olunmadan gəlib keçdiyini, əslində sadəcə beş ilin deyil, bütün həyatının nə qədər qısa müddət öncə başladığını gözlərinin önünə gətirirdi. Zamanın gerçəkdən də nisbi bir anlayış olduğu düşüncəsi ilə öz-özünə danışırdı: “Allahım, sanki otuz il deyil, beş dəqiqə əvvəl doğulmuşam”.

Həyatında xatırladığı ən köhnə hadisə birinci sinifə getdiyi ilk gün idi və sanki o gün də yirmi üç il deyil, bir az öncə olmuşdu.

Zaman haqqında düşünüb onun mütləqliyi ilə nisbiliyini tərəziyə qoyduqda həyatın nə qədər puç, dəyərsiz və anlamsız olduğunu fikirləşir, varlıqla yoxluq arasındakı incə cizginin həssaslığı qarşısında ürpənir, çaşıb qalırdı. Hərdən də düşüncələri yüyənsiz at kimi baş alıb gedir, öz-özünə danışırdı:

– Allahım, bizim yaradılış qayəmiz nədir? Əlbəttə, hər şeyin əslini, astarını, əyrisini-doğrusunu bilən sənsən, hər nə qədər Kitabında “Mən insanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım” yazaraq yaradılış səbəbimizi göstərmiş olsan da, indi bu göstərişinə uyan, sənin istədiyin kimi yaşayan varmı ki? Amma yenə də bir anlıq sənin Kitabından və orda yazdığın varoluş qayəmizdən xəbərdar olmadığımızı düşünək (burda gülümsəyib öz-özünə: “Əməl etmədiyimiz fərz barəsində düşünüb-düşünməməyimizin nə önəmi var ki?” - deyə pıçıldadı). Hətta bir anlıq özümüzü ateist sanaq. Nə çıxar ki, bundan? Hər şeyin nisbi və qeyri-mütləq olduğu bu dünyada bizim dünyaya gəlişimiz, burda olma məqsədimiz və ölümümüz hansı səbəbdəndir və ya hansı mənafe xətrinədir? Bəlkə də biz anamızın bətnində, ya da daha öncə, atamızın belindəykən nə vaxtsa doğulacağımızı bilirdik, amma indi bunun nə önəmi? Kim xatırlayır ki, həmən dövrləri? Bu dünyadaykən nədənsə yaşadığımız dünya üçün nahaq dünya, ölümdən sonra gədəcəyiimizi düşündüyümüz dünya üçün haqq dünyası deyirik. Gerçəkdən yaşadığımız dünya niyə nahaq dünya olsun ki? Ya da hamımızın öləcəyimizi bildiyimiz, hətta bəzən ölmək istədiyimiz, amma Əzrayılı görüncə önündə diz çöküb bu nahaq dünyada daha bir az qala bilmək üçün yalvardığımız bu dünya niyə məhz nahaq dünya olsun ki? Nəfəs aldığımız, duyduğumuz, danışdığımız, yaxşı-pisi ayırd edə bildiyimiz hər şey var olduğu halda, onların hamısının iradəmiz xaricində və insan təfəkkürünün yetməyəcəyi formada çoxboyutlu parametrlərinin də mövcud olduğunu bilmək və bütün bunların nisbiliyini anlamaq nə qədər də əzabvericidir?!

Ancaq başqa bir dünyada eyni şeylərin mütləq olacağını hardan bilə bilərik ki? Məsələn, elə götürək anamızın bətnində, daracıq bir yerdə yaşadığımız, nəfəs aldığımız, davamlı böyüdüyümüz və bir tərərfdən o biri tərəfə üzüb getdiyimiz anları hansımız xatırlayırıq ki? Əgər orda olduğumuz vaxt ağlımız kəsmirsə, onda ana bətnindəki uşaqlar barəsində deyilənlər tamam yalan olmalıdırlar. Doğrudur, üç ay yarımlıq uşağı abort etdirmək istərkən o, baş barmağını ağzına salıb ana bətnində bir küncə qısılır və ya atası əlini anasının qarnına qoyduqda beş aylıq uşaq onun əlini tanıyır, ya da hamiləlik zamanı ananın keçirdyi bütün hissləri körpə də keçirir və bunları da artıq nəinki həkimlər, mənim kimi sadə adamlar belə bilirlər. Amma yenə də dünyaya gəldikdən sonra ana bətnindəki anlarımızla bağlı hansımız nəsə xatırlayırıq ki? O zaman, haqq dünyası dediyimiz yerdə bu dünya ilə bağlı bir şey xatırlayacağımızı hardan bilə bilərik ki?

Düşüncələr onu yoranda fikirləşməkdən, öz-özünə danışmaqdan bezir və “Əşşi, rədd olsun hamısı, dünyanın dərdi mənə qalıb?”- deyə bütün fikirləri beynindən qovmağa çalışırdı.

İndi də düşünməkdən bezdi, çömbəldiyi yerdən qalxdı və onun əlini yalayıb oxşanmaq istədiyini açıqca bildirən Alabaşa belə fikir vermədən gəzişməyə başladı. Alabaş da ondan geri qalmadı, onunla birgə həyətdə dövrə vurur, hansısa bir anlam verə bilməsə də, yiyəsinin hər gün aralıqsız davam edən bu gəzintilərinə qatılmağı öz vəfa borcu bilir və bəlkə də öz it ağlı ilə sahibinə nə qədər sadiq olduğunu bu yolla göstərmək istəyirdi. Kim bilir, bəlkə də bunu gündəlik etmək məcburiyyətində olduğu hərəkət sayır, ona görə də sahibini tək qoymurdu. Hər halda, Alabaşın nə düşündüyünü, bəlkə də heç nə düşünmədiyini onun özündən başqa kimsə bilə bilməzdi... Axı artıq Süleyman peygəmbər öləli min illər olmuşdu və ondan sonra doğulanlardan kimsə də heyvanların dilini bilmirdi ki, bu barədə nəsə soruşasan. Hərdən bu fikirləri özünə də absurd gəlirdi və “Necə olur ki, mən bu qədər axmaqca şeylər haqqında fikirləşirəm” - deyə özünü qınayırdı.

Keçən beş ildə qardaşının qızları da böyümüşdü. Leyla on yaşında ipək saçlı, sürmə gözlü, yumru sifət bir qız olmuşdu. Artıq neçə illərdi ki, daha saçlarınıkeçi buynuzu kimi yığmırdı. Bir vaxtlar xəbəri də olmadan əmziyini Alabaşla paylaşan Lalə indi yeddi yaşında idi. Gözəl, şən, zarafatcıl bir qıza çevrilmişdi. Əmzik məsələsindən də xəbəri vardı. Elə ona görə də, Alabaşa “Süd qardaşım” deyir, arada bir oxşayıcı dillə yanına çağırıb qulağını, quyruğunu çəkişdirir, zavallı köpəyin zingildəmələrindən feyz alıb qəhqəhələrə boğulur, əlindən qurtulmaq üçün tülkü kimi bicliklərə baş vuran köpəyi əməlli-başlı sıxcalamadan buraxmırdı... Dəcəlliyi ilə tanınan bu qızcığaz köpəyi bezdirmə seanslarında onunla alayarımçıq rusca danışar, bağırıb-çağırtısı, şən qəhqəhələri Alabaşın zingiltisini batırardı...

Elçin həyətdə gəzişirdi və sadiq köpəyi də qarabaqara onu izləyirdi. Bəzən ona elə gəlirdi ki, illərdir burada, bu həyətdəcə gəzişir, hətta bəzən elə bilirdi ki, doğulduğu gündən burda gəzişməklə məşguldu. Belə düsünəndə ona elə gəlirdi ki, həyatında baş verən yaxşı, ya da pis nə varsa, hər şey, həyatına girən və həyatından çıxan bütün dostları burda, bu həyətdəcə ya ona yaxınlaşıblar, ya da quyruqlu ulduzdan asteroidlər qopub gedən kimi həyatından çıxıb gediblər. Belə düsünürdü, düsünürdü, daha sonra özü də özünün xəyal gücünün dərinliyinə heyran qalıb “Sən nəyimişsən, bə adam” deyirdi...

Onu kim qatmışdı bu həyətə? Bilmirdi, kim burdan çıxıb getməsini yasaqlamışdı? Bunu da bilmirdi. Əslində heç kim. Kimsə onu bura məcburən gətirməmişdi, özü gəlmişdi, çünki bura öz evləri, öz həyətləri idi. Burdan çıxıb getməsinə də qadağa qoyan yox idi, sadəcə olaraq gədəcək yeri, ya da darıxdığı, görmək istədiyi kimsə yox idi. Gedib-gələn hafizəsi və gettdikcə pisləşən səhhəti ilə onunçün ən yaxşısı elə bu könüllü həbsxana idi. Əski lent kimi orası-burası pozulan yaddaşında nisbətən canlı qalan əsas iki xatirəsi var idi: Alabaş və artıq uzaq keçmişdə qalmış ilk məhəbbəti...

Alabaş vəfalı idi, bəlkə də onun haqqında onun özündən çox bilirdi və onu heç vaxt tək buraxmırdı. Nə vaxt həyətə çıxsa, Alabaş əmrə müntəzir əsgər kimi onu qarşılayırdı. Öncə qarşısında quyruğunu bulayır, ayaqlarını yalayır, daha sonra arxa ayaqlarının üzərinə çökərək üzünə baxırmışcasına altdan yuxarı ona doğru uzatdığı ağzı ilə kəsik-kəsik ulama və müxtəlif tonlu hürüşlərlə artıq yiyəsinin nə demək istədiyini anladığını bildirir, daha sonra da hara gedəcəyini bilirmiş kimi qabağa düşüb həyətin bir başına qaçır və elə oradan da alışdığı gündəlik gəzintilərini başlayırdı. Ayda, iki ayda bir özünü yaxşı hiss etdiyi zamanlarda səhər obaşdan və ya axşam toran düşəndən sonra Alabaşla birlikdə çölə çıxar, kəndin ayaq tərəfindəki dəmir yolunu keçib ucsuz-bucaqsız çöllüyə doğru gedib gəzər, havanın yaxşı vaxtlarında ya bir daşın və ya ot-alafını təmizlədiyi bir parça torpağın üstündə əyləşib dizlərini qucaqlayar, ifadəsiz baxışlarını sonsuz üfüqlərə dikərdi. Çöl-biyabanda keçirdikləri bu vaxtlarda Alabaş sahibinin ayaqları arasına girib uzanar, başını qabağa uzatdığı qabaq ayaqları üstünə qoyub gözlərini yumar, sanki sahibini təqlid edərdi. Belə vaxtlarda Elçin köpəyinə baxaraq onun da nəsə düşünüb-düşünmədiyi barədə öz-özüylə mübahisə edər, amma heç vaxt da bir qərara gələ bilməzdi.

Çənəsini sağ əlinin ovcuna söykəyib sol əli ilə Alabaşın qara başını oxşayar, uzun çömçə qulaqlarının dibini qaşıya-qaşıya onunla söhbətə dalardı. Amma onunla bir it kimi deyil, sanki bir insanmış kimi düşünərək danışar, Alabaşın onu anlayan, amma sevgisindən dolayı sözünü kəsməyib sonadək dinləmək istəyən həmsöhbəti olduğunu öz-özünə təlqin edərdi. Adətən ya yaddaşında ilişib qalan xatirələrindən, ya da gələcəklə bağlı planlarından ona deyərdi. Bir dəfə ona necə siqaret çəkməyə başlamağından danışmışdı:

– Hə, Alabaş, mən səkkizinci sinifdə oxuyurdum. Nə adam kimi oxumağım var idi, nə də evdə bir işə yarayırdım, yəni elə əvvəldən yararsızın biri idim. Qonşumuzun oğlu vardı, Vüqar adında. Məndən bir yaş böyük olsa da, elə ağılda bir gələrdik. Amma bəzi şeylərdə o məndən üstün idi. Məsələn, siqaret çəkməyə məndən öncə başlamışdı. Arabir cibində “Prezident”, çox vaxt isə “Astara” siqareti olurdu. Doğrudur, mən uşaq olanda nəinki filtirli, hətta filtirsiz siqaretlər belə matah idi.

Məhəllə uşaqlarının yarısından çoxuna çəkməyi o öyrətmişdi. Bunu dəqiq bilirəm. Bir dəfə axşamtərəfi oturmuşduq küçənin başında, qoyun gözləyirdik. Bu lənət olası gədə çıxarıb bir siqaret yandırdı, iki qullab vurandan sonra mənə uzadıb:

– Al, bir qullab da sən vur, - dedi.

İstəmədim, amma lağa qoydu ki, sən hələ uşaqsan və bilmirəm, daha nələr. O biri uşaqlar da sanki bir-birlərinin ağzına tüpürüblərmiş kimi başladılar ki, siqareti böyüklər çəkər, bu, uşaq işi deyil, Elçin hələ uşaqdı...

Bilirsən, Alabaş, yeniyetmə dövrü adamın bəzi xarakterik cəhətləri var ki, gərək üstünə getməyəsən. Məsələn, o yaş dövründə uşaq artıq özünü uşaq saymır, valideynlərindən daha ağıllı olduğunu düşünür. Elə pis vərdişlərə də adətən, yeniyetmə vaxtı başlayırlar. Odur ki, yeniyetmə və ilkin gənclik dövrü uşaqların ən çox psixoloji dəstəyə və onlarla dost olmağı bacaran valideyn məsləhətinə ehtiyacı vardır.

İlk sevgi də adətən elə yeniyetmə dövründə adamın başına gəlir. Doğrudur, hər nə qədər buna uşaqlıq məhəbbəti desələr də, məncə, ən gözəl, ən məsum sevgi elə o uşaqlıq məhəbbətidir...

Nə isə... Alabaş, uzun sözün qısası, üzə düşdüm, Vüqarın uzatdığı siqareti alıb bir qullab vurdum. Doğrusu, bir qullabla elə bir şey hiss etmədim, sadəcə boğuldum və gic bir öskürək tutdu məni. Uşaqlar gülüşdülər, el-aləmə masqara olmuşdum. Vüqar siqareti alıb göstərə-göstərə sanki dərs keçirmiş kimi dalbadal iki qullab vurdu, tüstünü ağzından və burnundan buraxa-buraxa siqaret çəkməyin incəliklərini anlatmağa başladı:

– Bax, belə sümür, sonra tüstünün bir azını ağzından ötür, qalanını ehmalca sinənə çək. Tam ciyərlərinə gedəndən sonra ağzını yum və burnundan burax.

Nə başını arğıdım, Alabaş, ikinci dəfə də alınmadı, uşaqlar gülüşüb məni lağa qoydular:

– Get məşq elə, öyrənəndə gələrsən, - dedilər.

Amma iş orda qalmadı. Dil-dodağıma hopan və ilk təcrübədə yanıq cında təsiri bağışlayan tütün qoxusu burnumdan getmir, qoxuya qarşı həssaslığım artaraq məni narahat edirdi. Bir tərəfdən də uşaq ağlımla siqaret çəkməyi öyrənib hər kəsin içində çəkmək, mənim də bacardığımı göstərmək istəyirdim.

Ertəsi gün nənəmgilə getmişdim. Nə görsəm yaxşıdır? Dayımın siqareti masanın üstündə qalıb. Bəlkə əvvəllər də elə masanın üstündə, nə bilim, ortalıqda- filanda olardı. Amma indiyə kimi heç diqqətimi çəkməmişdi. Axı, adamın gözləri bir şeyi axtarmırsa, o niyə diqqətini çəksin ki? Nə isə, Alabaş, siqaretin içindən birini götürüb tualetə getdim, yandırıb qoydum damağıma. Acı tüstünün qor kimi sinəmi yandırıb-yaxmasına, öskürəyin şiddətindən ciyərlərimin ağzıma gəlməsinə fikir vermədən ard-arda üç-dörd qullab vurdum. Bir biləsən, nə günə düşdüm, başım- beynim dumanlandı, öncə bu nikotin sərxoşluğu xoşuma gəldi, nə yalan deyim, hətta ləzzət elədi. Amma siqaretin sonuna yaxın bir başgicəllənməsi, onun ardınca da bir qusma başladı ki, gəl görəsən.

Sənə də başarğısı olmasın, iki gün sonra yenə qoyun qabağında idik. Bu dəfə Vüqarın təklifini nəinki geri çevirmədim, hətta onun iki qullab vurmaq üçün verdiyi siqareti geri qaytarmayıb hamısın özüm çəkdim...

Əvvəllər pulum olmadığına görə siqaret kötüyü çəkməyə başladım. Vüqarın işi məni siqaretə dadandırandan sonra bitmişdi, artıq nəinki təklif etmir, heç istəyəndə də vermir, “Çəkirsən, al qoy cibinə!” - deyirdi. O arada-bərədə onun-bunun mal-qoyun növbəsinə gedib aldığı pulu siqaretə-zada verirdi. Mən heç kimin muzdla işini görmədiyimə görə, evdən verilənlə qane olmağa məcbur idim. Amma bir şey var idi ki, evdən pul verərkən siqaret çəkdiyimi hesaba qatmırdılar. Bəxtimdən, atam da çəkən deyildi. Məcburən ya nənəmgildə masanın üstündə unudulan siqaret qutusundan bir neçəsini aşırmalı, buna imkan olmayanda isə külqabından siqaret kötüyü yığmalı idim. İllər keçdi, böyüyüb məktəbi bitirdim, əsgərliyə getdim... Artıq kiminsə siqaret kötüyünə ehtiyacım qalmamışdı. Əsgərlikdən gələndən sonra evləndim..., sonra da üzə çıxan xəstəlik....

Hə, Alabaş, səni gətirməzdən bir il öncə idi, respublika xəstəxanasında yatırdım. Orda həkimim gözəl, şirin bir xanım idi. Üzünə baxsan, məktəbli sanardın, amma maşallah, o, Tibb Universitetini bitirmiş, artıq xəstəxanada həkim işləyirdi. Mənə nə dedi, bilirsən, Alabaş? İlk müayinədən sonra təyinatımı yazarkən başını qaldırıb üzümə baxdı və:

– Siz siqaret çəkirsiniz?

– Bəli, doktor.

– Daha çəkməyin, çünki cəmiyyət içində yayılmış yanlış düşüncənin əksinə olaraq, siqarət nəinki əsəbləri sakitləşdirmir, hətta insanın bütün əsəb sistemini pozur. Çəkməyə davam edəcəksinizsə, müalicənin heç bir xeyiri olmayacaq, əgər tərgidəcəyinizə söz verirsinizsə, elə bu gündən müalicəyə başlaya bilərik.

Bilirsən mən nə dedim? Cibimdən siqaretlə alışqanı çıxarıb masanın üstünə qoydum və dedim:

– Doktor, artıq çəkmirəm!

Hə, Alabaş, ondan sonra Vüqarın çöpsatanlığı ilə başlanmış siqaret macəramız da bitib getdi.

Elçinin Alabaşla belə söhbətləri çox olardı. Bir dəfə də axşamüstü gəzməyə çıxmışdılar. Buludların arasından arabir görünüb itən günəş qüruba doğru gedir, yarım saat öncə kəsmiş yaz yağmurunun islatdığı torpaqdan qalxan xoş iy insanı valeh edir və günəş şüaları düşən nəm torpaq zağlanmış mis kimi parıldayırdı. Alabaşla dəmir yolunu keçib naxırın otladığı cölə dogru irəlilədilər. Bir az getdikdən sonra ayağının burnu ilə torpağın yağışdan islanmış üz qatını təmizlədi, altdan çıxan quru və isti torpağın üstünə uzanıb dirsəkləndi. Yanına çağırdığı köpəyini bir az oxşayıb sığalladıqdan sonra:

– Yat, Alabaş, - deyə boynundan basıb yerə uzatdı, qulaqlarını çəkişdirə- çəkişdirə yanlarından dolanıb keçən inəklərə tamaşa eləməyə başladı. Bir az sonra köpəyin qulaqlarının dibini ehmalca qaşıya-qaşıya yadına düşən bir hadisəni ona danışmağa başladı:

– Bilirsən, Alabaş, biz uşaq olanda hələ Sovet dövrü idi. Kolxozlar dağılmamışdı. İndiki kimi sərbəstlik deyildi ki, hərə öz istədiyi yerdə çalışsın, yaxud bir yerdən xoşu gəlməyən köçüb gedib başqa yerdə yaşaya bilsin. O vaxtlar yaşayışımız da bugünkü kimi deyildi. Həyat şərtləri daha çətin, gün-güzəran daha ağır idi. İndiki kimi, hər qapıda su, kanalizasiya yoxuydu. Hələ kəndə qaz çəkilməmişdi. Yadıma gəlir, Sovet vaxtı bu boyda kənddə beş-altı avtomobil varıydı...

Bunu deyib gözucu kəndə tərəf baxdı, sonra davam elədi:

– Hə, Alabaş, o vaxtlar təkcə bir şey indikindən yaxşı idi, o da təbiət idi... Sanki onda yay daha isti, qış daha soyuq keçirdi və yaz-payız daha yağmurlu, qış daha qarlı olurdu... O vaxtların meyvələri də başqa cür dadırdı, masanın üzərinə qoyulmuş bir alma, ya da bir heyvanın ətri bütün otağı doldururdu. Hələ bizim bu tərəflərdə kimyəvi gübrələrdən, dərmanlardan isdifadə olunmurdu. Ona görə, torpaqdan yetişən hər şey saf, cənnətdən gəlmişcəsinə gözəl və dadlı idi. Təbiət insanlardan heç nəyi əsirgəmirdi və dörd mövsümdən hər birinin öz gözəlliyi, öz nemətləri vardı.

Bax, Alabaş, o vaxtlar soyuq qış günləri, xüsusən ayazlı gecələr məhəllə uşaqlarından xizəyini götürən klubun dikinə, ya da Həcər yoxuşuna gedər, sürüşmə yerinin sonuna çatana qədər düzəltdiyimiz iki-üç tullamacdan atlana-atlana “Kim yolun sonuna tez çatar!” - deyə öz aramızda yarışar, bir-birimizlə dalaşardıq. Bilirsən tullamac nədi? Hardan biləsən ki? Sürüşdüyümüz yoxuşun iki-üç yerində qarı topalayıb tapdayar, bərkidib yerdən hündür dikə çevirərdik və sürüşə-sürüşə gələndə bu dikdən havaya tullanar, bir qədər göylə gedib təzədən sürüşmə zolağına düşərdik. Başqaları onu tramplin adlandırır, bizsə ona tullamac, ya da tullamaş deyirik.

Ən yaxşı xizəkləri Etibar əminin uşaqları düzəldərdilər. Onlar xizəyin altına ya onluq polad məftili keçirdər, ya da telefon kabellərinin üzünü soyub vurardılar... Onların düzəltdiyi xizəkləri kiminsə xizəyi çətin keçərdi.

Sürücülər qənimimiz idi. Onlar gətirib yoxuşlara kül tökər, sürüşdüyümüzü görəndə söyüb qovardılar. Axı onların maşınları sürüşməkdən buz bağlamış yoxuşlarda ilişib qalır, anadan əmdiklərini burunlarından gətirirdi.

Elçin “Yormuram ki səni, Alabaş?” - deyə köpəyinə sual dolu nəzərlərlə baxdı, sonra davam elədi:

– Hər dəfə sürüşməkdən dönəndə burnumuzun ucu, yanaqlarımız və qulaqlarımız qıpqırmızı qızarar, şalvarımızın islanmış arxası əməlli-başlı buz tutardı. Evə çatar-çatmaz islanmış çəkmələrimizi, corablarımızı soyunub quruması üçün sobanın yanına qoyar, soyuqdan keyimiş əllərimizi sobanın borusunda qızdırmağa çalışardıq. Təbii ki, bu halımızı görən anam da hərəmizə bir-iki sümbə çəkmədən dura bilməz, bizi yandırıb tökərək qızınmağımıza yardım edərdi.

Hə, Alabaş, indi o qış günlərinin həsrətini çəkirəm... Qış üçün yaydan tədbir görmək lazım idi ki, soyuqlar başlayanda cırcıramanın gününə düşməyəsən. Hamı kimi biz də elə edərdik – atam hər qışdan öncə illik ehtiyacımıza uyğun kömür alardı. Bizə qalırdı odun yığıb yaraq və kərmə kəsək. Çünki kömürü qızışdırmaq üçün öncə odun yandırardıq və hər gün bundan yana bir qucaq odun işlədərdik. Kötükləri ayrıca təndirəsərə yığardıq, çünki anam təndir salanda küflənin ağzına kötük qoyar, üstünü də kərmə ilə örtərdi. Axı, badın ağarması üçün gərək əməlli-başlı od-alov olsun.

Çöldən-bayırdan yığdığımız odunu xırda-xırda doğrayıb əl-ovuc damında bir küncə səliqə ilə qalaqlayardıq. Kərməni də öz basmamızdan, ya da tövləmizdən kəsərdik. Ehtiyac olanda gedib kolxoz tövlələrindən də bir xeyli kəsər, sonra da təkrar gedib çevirərdik ki, qurusun, quruyandan sonra da maşına yığıb gətirər, təndirəsərin yanında qalaq qurardıq. Daha sonra anam divarlara yapdığı yapbaları da qalağın üstünə əlavə edər, qalaq hazır olduqdan sonra onu peyinlə suvayardı ki, qar, yağış içinə keçib islatmasın... Daşınanda, ya da kəsiləndə ovulan kərmələrə seçmə dəyərdik, seçmələri də anam ara təndirində yandırar, soyumağa üz tutmuş badı yenidən ağartmaq üçün istifadə edərdi...

Qulaqlarını nə yelləyirsən, Alabaş? Hardan biləsən ki, kərmə nədir? Sən heç onu görmədin ki... İndi artıq heç kim basma eləmir. Bilirsən basma nədi? Tövlədən çıxan peyini arabayla gətirib yan-yana tökürdük ayaq altına. Qalıb tapdanır, bərkiyib quruyur və basma olurdu. O qurumuş basmadan bellə kəsilən peyinə də kərmə deyirdik. Kərmə yerə döşənib ayaq altında qurudulan peyindi, o peyini divara yapıb qurudanda isə daha kərmə yox, yapba adlanırdı. İndi bildin, Alabaş?

Elçin bunu deyib köpəyinin başına yüngülcə bir qapaz vurdu, sonra əlini itin boynuna sarı sürüşdürdüyü üçün qapazı sığala çevrildi:

– Hə, can yoldaşım, bir de görüm, indi yaxşıdı, ya köhnə vaxtlar?

Sonra dərindən bir ah çəkdi və nəsə demək istədiyi halından bəlli olsa da, fikrini bir yerə toplaya bilmədiyi üçün dərindən nəfəs alıb pörtdü, gözlərini aşağı endirdi.

Kefi yaxşı olan vaxtlar gələcəklə bağlı xəyallar qurmağı sevərdi. Xəyallarında hələ gənc ikən dünya əhəmiyətli bir kəşf edər və şirkətlər qurub varlanaraq dünyanın ən zəngin iş adamlarından biri olardı. Ayrıca hər zaman rəqiblərdən bir addım öndə ola bilmək üçün ”Başqasının icadını ondan qabaq tətbiq elə!” prinsipindən faydalanar, dünyanın ən yenilikçi şirkət sahibi kimi tanınardı. Qurduğu bütün şirkətləri “Vətən” adlı bir holdinqin çətiri altında toplardı. Bura elektronika, energetika, ağır və yüngül sənayenin digər önəmli qolları, həmçinin yeyinti, tibb avadanlıqları və əczaçılıq sənayesi, nəhəng kənd təsərrüfatı şirkətləri, habelə dünyanın ən böyük bank-maliyyə qurumları və ticarət şəbəkələri daxil olurdu.

Hər il qatbaqat artan gəlirindən təsis edəcəyini düşündüyü “Vətən” Xeyriyyə Cəmiyyətinə önəmli miqdarda pay ayırar, dünya üzrə yardıma möhtac insanların ümid yeri olardı. Əlbəttə, xəyal etməkdən asan daha nə var idi ki? Ayrıca boş-bekar qalmış bir adamın utopik dünyasından heç kimə bir zərər gəlməzdi. Bu utopik dünyadan yalnız onun özünün xəbəri vardı, başqa heç kim heç nə bilmirdi. Bir anlığa tutaq ki, kimsə bu dünya haqqında nəsə bildi, onda nə olacaqdı ki?! Uzaqbaşı Elçini danlayıb deyəcəkdi ki, “Ə..., deyəsən, boş-bekar qalmısan, axı...”.

O kimsə bunu deyib keçəcəkdi. Əslində elə düzü də bu idi...

Elçini həyət-bacada görməyən anası həmişə onun ardınca dəmiryolunun o üzünə gedərdi. Çünki artıq onun hara gedə biləcəyini yalnız anası yox, evdə hamı əzbər bilirdi. Bəzən onu quru torpaq üstə uzanıb yatmış, bəzən də bir daşın üstündə oturub öz xəyal dünyasına dalmış vəziyyətdə tapar, qoluna girib evə gətirərdilər. Amma bu təsadüfən olurdu, çünki adətən Elçin özü dəmiryolunun o üzündən və ya getdiyi hər hansı bir yerdən vaxtında qayıdar, evdəkiləri artıq intizarda saxlamazdı.

Evlərində kimsənin olmadığı, hərənin öz işində-gücündə olduğu vaxtlar başqa yerə çıxmaz, elə həyətdə gəzişərdi. Xasiyyətini bildikləri üçün hamı çalışardı ki, onu rahatsız etməsin.

Bəzən gəzişərkən Pablo Pikassonun “Dustaqlar gəzintidə” adlı əsərini xatırlayır, əllərini arxasında daraqlayaraq öz-özünə deyinirdi:

– Düstaq olmaq üçün həbsxanaya girmək şərt deyil ki! İnsanları bəzən həyat, bəzən sağlamlıqları, bəzən var-dövlətləri, bəzən də yoxluq və sıxıntıları dustaq edər... Həm də elə dustaq edər ki, həbsxana o dustaqlığın yanında toy-bayrama getməli olar.

“Ömürlük” məhkumları çıxmaqla, qalan dustaqlar həbsdə yatacaqları müddəti bəri başdan bilirlər, ancaq ikinci kateqoriya dustaqlar, yəni həbsxanasız məhkumların böyük çoxunluğu üçün “həbs müddəti” qeyri-müəyyəndir, aydın deyil və bu da istər-istəməz umudsuzluq yaradır. Atalarımız hər nə qədər “Umud ən sonda ölər” - desə də, bu yalnız insanla Əzrayil arasındakı şəxsi münasibətlərə aid bir məsələdir. Qalan məsələlərdə o atalar sözünün heç bir keçərliliyi yoxdur və təssüf ki, bu bir ehtimal yox, yaşanaraq isbat edilmiş bir faktdır.

Xəyal dünyasından ayrıldığında Alabaşın caynağını daş döşəməyə sürtərkən çıxan xırçıltını, nəfəs alışlarını, hətta dilini şappıldadıb ağız-burnunu yalama səsini eşidir, bu vaxtlar yanından keçən və ya bir addım arxada gələn köpəyini oxşayır, tumarlayıb nazlandırırdı. İndiyədək başını qatdığı qardaşı qızları artıq böyümüşdülər və demək olar ki, məktəbdən gəldikdən sonra bütün vaxtlarını ertəsi günün dərslərini hazırlamağa ayırır, boş qalan azacıq vaxtlarını isə əmiləri ilə deyil, qonşunun uşaqları və ya Alabaşla oynayaraq keçirməyi üstün tuturdular.

Əlbəttə, burda qınanacaq bir şey qətiyyən yox idi. Sadəcə uşaqların öz dünyaları vardı, böyüklərin dünyasından daha zəngin, daha gözəl olan bir dünya və təbiidir ki, onlar da öz gözəl, məsum dünyalarında qalmağı tərcih edirdilər. Onsuz da çox keçmədən böyüyəcək, qayğı və dərd-sərlərlə dolu böyüklər dünyasına sahib olacaqdılar. O zaman həsrətini çəkəcəkləri bu uşaq dünyasını indi doya-doya yaşamaları daha doğru deyildimi?

Bəzən qarşısında oturdub dərdləşdiyi, heç sıxılmadan, çəkinmədən, dərdlərini üçüncü şəxsə xəbər verməyəcəyinə tam arxayın olduğu Alabaşıyla söhbət edir, ürəyini doyunca boşaldırdı, çünki ən azından köpəyi qeybət etməyi bacarmırdı.

Belə vaxtlarda tanımayan biri qıraqdan ona baxsa, halına acıyar, düşünərdi ki, yalnızlığın və kimsəsizliyin pəncəsində inildəyən zavallı birisidir. Amma Elçinin özü belə vaxtlarında özünə yox, İsgəndərin bərbərinə yazığı gəlir, onun halına acıyıraq deyirdi ki, o bədbəxtin də Alabaş kimi bir vəfalı köpəyi olsaydı, boynu vurulmazdı...

Hərdən onu keçmişinə bağlayan, sanki uzun tunelin o biri başında öləziməkdə olan işıq kimi görünən ilk məhəbbətini xatırlayırdı.

Üstündən illər, bəlkə də əsrlər ötüb keçmiş bir sevgi macərası idi bu. Əslində buna macəra-filan demək insafsızlıq olardı. Çünki onun sevdiyi qıza münasibəti təktərəfli eşqdən başqa bir şey deyildi və təktərəfli sevgilər də macəra yox, sadəcə romantizm qoxulu yaşantıdan başqa bir şey ola bilməzdi. O vaxtdan çox keçmişdi və artıq sevdiyi qızı güc-bəla xatırlayır, bəzən özünü nə qədər zorlasa da, onun sifətini gözləri önünə gətirə bilmirdi. Əslində o hər nə qədər ilk məhəbbəti olsa da, indi ona qarşı duyduğu hiss mifik bir sevdadan başqa bir şey deyildi. Məktəbdə oxuduğu vaxtlarda onun dərdindən dəli-divanə olmuşdusa da, sonralar o cür romantik hisslərə ürəyində ümumiyyətlə yer qalmamışdı. Aradabir xəyalında canlandırıb xəlvətcə dərdləşdiyi sevgilisi də əslində heç onun özü yox, tamam başqa biri idi. Sadəcə, simvolik olaraq həmən qız gəlirdi xəyallarına... Hərdən bir adla, amma həmişə də dünyanın ən gözəl, ən şirin qadını olaraq gəlirdi. Mifik sevgilisi ilə keçmişdə qalmış gerçək məhəbbəti arasında heç bir əlaqə yox idi və xəyalında canlandırdığı sevgili anlayışı əslində monoton bir həyat və yalnızlıqdan bezməsinin, başqaları kimi, sevib-sevilmə istəməsinin sonucu idi.

Xəyallarında o sevdiyi ilə söhbət edərkən onu “prinsessam” və ya başqa əzizləyici adlarla çağırar, hətta bəzən onun öz kəndliləri deyil, gerçək bir prinsessa olduğuna inanardı. Bu xəyali prinsessa hündür boylu, uzun, qızılı ipək saçlı, kaman qaşlı, ox kirpikli, iri, ala və badamı gözlü, incə burunlu, ətli dodaqlı, yumru sifət və bütün sifət cizgilərini tamamlayan, ayrıca bir gözəllik yaradan incə çənəli bir xanım idi. Ağappaq sifəti, uzun barmaqlı qəşəng əlləri, incə beli, enli çanaqları və sütun ayaqları ilə sadəcə xəyallarda yaradıla biləcək qədər gözəl, bu gözəlliyinə yaraşacaq qədər incə ruhlu və zərif xarakterli bir qadın idi. Onsuz yaşamaq çətin, onunla yaşamaq isə imkansız idi, çünki o, gerçək bir insan deyil, keçmiş sevgilinin xəyal aləmindəki surəti, ya da yarı mələk, yarı insan sayıla biləcək mifik bir varlıq idi.

Oturub düşüncələrə dalarkən, bəzən onunla söhbət edir, dərdləşirdi. Belə vaxtlarda sevgili prinsessanın əlindən tutar, gözlərinin içinə baxardı. Arabir dodaqlarına götürdüyü incə barmaqlı əllərini qəlbinin üstünə qoyar, əli hiss edən qəlbi yerindən çıxacaqcasına çarpar, həyəcanından öləcək kimi olardı.

Bir dəfə yenə xəyallar aləminə dalmış, prinsessa ilə söhbət edirdi. Guya divanda uzanıb başını onun dizlərinə qoymuş, sevgilisi incə barmaqlarını onun gur saçlarında gəzdirir, digər əli ilə köynəyinin düymələrini çəkişdirirdi.

– Öləcəyəm...

– Niyə?

– Sənsizlikdən...



– Dəli-dəli danışma...

– Darıxıram, gözümün işığı, sənsiz qala bilmirəm.

Sevgilisi baş barmağını onun dodaqlarında gəzdirib işarət barmağı ilə burnunun üstündən sıxdıqdan sonra:

– Elə bilirsən mənə asandır?

– Niyə belə gec görüşürük ki?

– Başqa yol varmı ki?

– Birlikdə yaşayaq.

Sevgilisi hər zaman söhbətin bu yerində ah çəkib:

– Elçin!... - deyər və susardı. Bu bir kəlimədə çox şey gizli idi əslində. Onların ikisinin də evli olmağından tutmuş, artıq ikisinin də ayrı dünyaların insanları olmasına qədər.

– Əzizim, başa düşürsən, həmişə səninlə olmaq istəyirəm. Ya yanında yoldaşın, ya qapında kölən,.. heç fərqi yoxdur.

Nəmli kirpikləri öpüşüb ayrılan sevgilisi:

– Öldürmə məni, - deyib əlavə edərdi, - Elçin, lütfən, imkansız şeylərdən danışmayaq...

Üzünə düşən ilk billur damlasının yaratdığı həyəcanla qalxıb oturar, onu özünə çəkib islanmış yanaqlarından öpərdi:

– Canım-gözüm, yalvarıram, belə eləmə. Mənimki sadəcə məsum bir diləkdir. Heç vaxt gerçəkləşməyəcəyini bildiyim bir dilək... Məqsədim səni üzmək, ya da qəlbini sıxıb rahatsız eləmək deyil. Bilirsən, bir dənəm, sənin dırnağına tikan batacağına mənim ürəyimə çalı batmasına razıyam. Məgər səni nə qədər sevdiyimi bilmirsən?

– Elə bilirsən, sənsiz mənə asandır?

– Bilirsən, əzizim, sənsiz olduğum vaxtlarda mənim ən böyük məşğuliyyətim xəyalınla danışmaq, gələcəyimizlə bağlı xəyallar qurmaqdır. Səndən ayrılanda isə istədiyim, amma heç cür gerçəkləşdirə bilmədiyim tək bir şey var.

– Nədi o?

– Sən gedərkən gözlərimdə kölgəni, dodaqlarımda gülüşünü, bədənimdə tərini, burnumda qoxunu saxlamaq istəyirəm.

– Doğrudan da, sən dəlisən, - deyib dodaqlarından öpərdi.

– Sənin dəlinəm, bir dənəm...

– Elçin, qurban sənə, gəl söhbəti dəyişək.

– Əmrin olsun, həyatım!

– Birgə olanda sadəcə danışıb-gülmək, sənsiz keçən zamanlarımda ayrılıqdan yanan ürəyimi vüsal şərbəti ilə sərinlətmək, sənli anlarımı ömrümə yazıb, sənsiz keçən zamanı həyatımdan atmaq istəyirəm.

– Canım, mələyim, bir dənəm, sənin bu sözlərin eynilə mənim də qəlbimdən keçir, ürəyimdən xəbər verir. Səninlə tam razıyam və mənim üsyanım nə sənə, nə də başqasına yox, taleyimizə qarşıdır. Axı niyə belə olmalıydı? Niyə bir-birimizi bu qədər sevərkən yalnız ayda-ildə bir dəfə görüşə bilməliydik? Bilirsən, sevgilim, mənim içimi yandıran da budur.

Elçin bunu deyib susardı, sevgilisini sanki bir daha görməyəcəkmiş kimi başdan- ayağa süzər, sol yanağına ayrı bir şirinlik qatan qəmzəsini, danışarkən qaymaq dodaqlarının arxasından görünən inci dişlərini ayrıca uzun-uzadı gözdən keçirər, dişlərinin bəyazlığı qarşısında çaşıb qalar və təəccüblə gülümsərdi.

Onun alnına dağılan saçlarını toplayıb sığallayan sevgilisi:

– Nə olub, Elçin, niyə elə baxırsan? -deyə soruşardı.

– Heç, səni gözlərimlə tutub saxlamaq istəyirəm.

Sevgilisi gözlərini süzdürüb:

– Hara saxlıyırsan? Qardaşıma deyərəm başını kəsər! - deyə gülər, sonra onun boynuna sarılardı...

Söhbətləri o qədər şirin olardı ki, hər dəfə saatlar boyu çəkər, xəyalında olsa da, misilsiz bir gözəl tərəfindən sevilməyin zövqünü doya-doya yaşamaq istərdi.

Bəzən evli olardılar, kəndlərinin baş tərəfində, yaşıllıqlar içində ikiqatlı, qırmızı çardaqlı, geniş pəncərəli, yaraşıqlı bir evləri olardı. Böyük həyətlərinin dörd yanı hasarla çevrili idi və həyət uzunu hasar boyunca iynəyarpaqlı ağaclar sıx-sıx əkilmiş, bu ağacları suvarmaq üçün damlalı sulama sistemi qurulmuşdu. Səliqə ilə əkilmiş uzunömürlü meyvə ağacları arasına yerləşdirilən şaftalı tingləri ağaclara şahmat görüntüsü verir, onların aralarına qoyulmuş arı pətəkləri isə həyətə daha bir canlılıq qatırdı. Evin önündə yay uzunu sərinləmək üçün hovuz vardı. Evin sağ yanında açıq mətbəx, duş otağı və qışda pətəkləri yığmaq üçün saxlama yeri kimi istifadə etdikləri otaq tikmişdilər. Evlərini və evin ətrafını çevrələyən gül sahələrini yaraşıqlı dəmir barmaqlıqlarla həyətin digər qismindən ayırmış, keçid üçün qəşəng bir qırmızı qapsaq, yəni barmaqlığın boyuna uyğun qapı qoymuşdular.

İpək saçlı, ağappaq bədənli bir oğlu vardı. Gözəlliyini anasından, boy- buxununu atasından alan bu şirin balanı yaşı tamam olan kimi bağçaya, üç yaşında üzgüçülüyə qoymuş, onu pullu məktəblərdə oxudub gələcəyini təminat altına almışdılar. Oğlan məktəbi bitirəndən sonra Harvard (ya da Oksford) universitetinə girmiş, yüksək təhsil almaqla yanaşı, müxtəlif sosial quruluşların da fəal üzvü olmuş, həmçinin idmanda da ard-arda başarılar qazanmışdı.

Xəyallarının əsas mövzularından biri oğlanlarının dünya və olimpiya çempionu olması, şəklinin hər yerdə başa asılması idi.

Universiteti bitirdikdən sonra onu əsgərliyə göndərəcək, Vətən qarşısında borcunu verib döndükdən sonra seçib-sevdiyi bir xanımla evləndirəcək, nəvə görmə sevincini yaşayacaqdılar.

Əlbəttə, bunlarıın hamısı sadəcə olaraq xəyaldan başqa bir şey deyildi, amma bəzən özünü bu xəyallarına o qədər qapdırırdı ki, düşündüklərinin gerçək olduğuna öz-özünü inandırır, gerçəkliyə döndüyündə isə ürəyi sıxılırdı.

Çox vaxt xəyali söhbətlərini bitirməz, ardını sonraya saxlayardı. Çünki belə daha rahat idi, hələ heç nəyin bitmədiyinə, xəyal dünyasındakı hər şeyin nə vaxtsa gerçəkləşəcəyinə inanardı. Onun xəyal dünyası təkcə var olmayanları deyil, həm də olması mümkün olmayacaqları gerçəkmiş kimi düşünür və bu düşüncələrə uyğun duyğulu anlar yaşayırdı.

Xəyal aləmində gəzişərkən hərdən özünü tam unudur, astaca öz-özü ilə danışır, düşündüklərini də yavaş səslə dilə gətirirdi və ona görə də, yanından keçən biri bəzən ayaq saxlayıb nəsə deyib-demədiyini soruşurdu.

Bir sentyabr günü güllər üçün tikilmiş alçaq səkinin kənarında əyləşib əlləri ilə üzünü qapayaraq yenə öz dünyasına qərq olmuşdu. Çatiq qaşlarına və sıxılmış dodaqlarına baxan onun nəsə önəmli bir şey düşündüyünü güman edərdi. Əslində bu dəfə düşüncələri gerçəkdən də önəmli idi: sağlamlığı ilə bağlı ciddi şeylər düşünürdü. Son həkim müayinəsində bəlli olmuşdu ki, xəstəliyinin gedişatına dərman müalicəsi elə bir müsbət təsir göstərə bilmir və qisa zaman sonra artiq hafizəsini itirib hər şeyi unudacaq, kimsəni xatirlaya bilməyəcəkdir. Bu, ağir dərd idi, xəstənin özünün öz halından xəbərdar olması və durumunun ümidsiz olduğunu bilməsi isə daha da acınacaqlı idi. Ancaq nə etmək olardı? Artıq bu xəstəliyə yaxalanmışdı və ömrünün sonuna qədər də onunla yaşamağa məcbur idi. Əslində onu dəhşətə düşürən və ümidlərini qıran şey xəstəliyi deyildi. O qədər də qorxaq və sinik biri olmasa da, Elçin bilirdi ki, bu xəstəliyin son mərhələsində durum lap pisləşir və insan ayaq üstə gəzən ölüyə çevrilir. Onun yerində kim olsaydı, ən azı onun qədər qorxub ürpənərdi.

İndi səkidə əyləşib düşünürdü: onun sonu necə olacaq? Qarşısında iki seçənək vardı: ya taleyin zərbəsinə baş əyib yeriyən ölüyə dönməyi və nə vaxtsa gələcək ölümü gözləməli, ya da indidən həyatla vidalaşıb bütün ağrı-acılardan, xəstəliyi ilə bağlı qorxulardan ani bir hərəkətlə canını qurtarmalı idi. Hansı yolu seçəcəyini bilmirdi, bu barədə hələlik qərarsızdı. Düşüncələrində əcəlini gözləmədən, elə indi, bu dəqiqə həyatla vidalaşmaq fikri ağırlıq qazanır, amma Qutsal Quranın “Özünüzü öldürməyin!” hökmünü xatırladıqca, bu fikrindən vaz keçirdi.

Bir dəfə bir yazıda oxudu ki, Əl-Məidə Surəsində bir Ayə var: “Bir kimsəyə qıymayan, yer üzündə pozğunçuluq yaymayan adamı kim qətlə yetirirsə, sanki o, bütün insanlığı öldürür”. Öz-özünə düşündü:

– Mən ki, kimsəyə qıymamışam, heç bir fitnə-fəsadla da işim olmayıb, əgər özümə qıyaramsa, deməli, bütün insanlığı öldürmüş olaram. Bu da Tanrı qatında böyük günahdı, Allahım, bu ağır suçu mənə yaxın qoyma, məni ondan qoru! Umudum tək Sənədir!”

Bu düşüncədən və bu yalvarışdan sonra özünü öldürmək məsələsi biryolluq sıradan çıxdı. Doğrudur, Elçin o qədər də dərin dini biliklərə sahib biri deyildi, amma dindar bir ailədə böyümüşdü və yetərincə inanclı idi. Elə indiyədək yaşamasında o inancının da rolu vardı. Əgər ateizmə azacıq meyli olsaydı, yəqin ki, indi artıq çoxdan həyatla vidalaşıb sonsuzluğa yollanmışdı.

Arada heç nə düşünmür, üzünü qapadığı əllərinin barmaqları arasından yerə döşənmiş tünd gilənar rəngli daşların üstündəki naxışları sayır, o naxışları bir-biri ilə əlaqələndirərək müxtəlif həndəsi fiqurlar yaradır, gah da xəfifcə əsən payız küləyinin havaya sovurub yerdən-yerə vurduğu saralmış yarpaqlara tamaşa edirdi. Yarpaqları izləyərkən qəribə bir tərzdə onlarla özü arasında bağ qurur, insanların da digər canlı və ya cansız məxluqat kimi konkret vəzifəsi olduğunu, bu dünyaya gələn hər varlığın təbiətdəki bioloji döngüyə öz töhvəsini verərək, yəni çoxalıb, sonra da qocalıb ölərək sıradan çıxdığını düşünürdü. Elə yarpaqların saralması qocalmaq əlaməti deyildimi? Vəzifəsini başa vurduqdan və rolunu tamamladıqdan sonra yeni gələnlərə yer açmaq üçün çürüyüb torpağa qarışmaq yarpağın öləcəyini göstərmirdimi?

Arada, hafizəsi yerində olan vaxtlar yadplanetlilər barədə düşünürdü. Doğrudur, xəstəlik tapmazdan öncə onlarla ilgili bir az oxumuşdu və müəyyən qədər məlumata sahib idi. Amma özünün də anlamadığı bir tərzdə yadplanetliləri düşünən zaman canını bir ürpərti sarardı. Özündən asılı olmayaraq, ətrafına boylanar və bu məxluqatın nə vaxtsa onu aparmaq üçün gələcəyinə inanardı. Arada bu inancı özünə belə gülünc görünsə də, hər halda o, yadplanetlilərdən qorxar, onlarla qarşılaşmağı heç istəməzdi. Əslində heç vaxt belə bir qarşılaşmanın olmayacağına qəti əmin idi, amma yenə də özü öz xəyallarından qorxacaq vəziyyətə gəlmişdi.

Payızı bu qeyri-normal xəyalları ilə başa vurdu. O aralar güzgüyə baxmaq ağlına gəlmirdi, yoxsa ilk baxışdan son bir neçə ayda nə qədər qocaldığının fərqinə varar, dəhşətə düşərdi.

Qışın necə keçdiyini yaxşı xatırlamırdı... Hərdən pəncərənin önündə dayanıb küləyin sovurduğu qara, vıyıldayıb bir-birinə dolaşmağa can atan elektrik məftillərinə, bacalardan çıxıb əyilə-qalxa göy üzünə yüksələn tüstüyə baxaraq ah çəkir, nəmli gözləri ilə harada olduğunu xatırlamaq istəyir, amma əksər hallarda buna müvəffəq ola bilmirdi. Xəstəliyindəki bu sürətli irəliləyiş bəlkə də onun həyatdan bezməsi, yaşama istəyinin qırılması ilə bağlı idi. Arabir həyətə çıxanda soyuqdan büzüşüb yumağa dönmüş Alabaşın qabağına qaçmasına, ayaqlarına dolaşıb yalmanmasına fikir vermir, onun hardan gəldiyini, kimin köpəyi olduğunu xatırlamağa belə çalışmırdı.

Yaza doğru şiddətlənən xəstəliyi qarşısında əməlli-başlı yenik duruma düşən Elçin çox vaxt nə anasını, nə də başqa bir kimsəni tanımırdı. Aylar öncə onu tərk edib gedən və Alabaş qədər vəfası olmayan xanımı keçmişin tozlu səhifələrində yox olub itmişdi. Arabir sinəsində bir yerlərin göynədiyini hiss edirdi. Düzü, bilmirdi bu ürəyidi, ya başqa orqanı... Bəlkə də bu, acılarla dolu ruhunun canına verdiyi ağırlıqdan başqa bir şey deyildi, artıq ruhu vəfasız dünyada girələnməkdən yorulub təngə gəlmiş, çıxıb getməkçün sahibini tələsdirirdi. O heç nə bilmirdi, sadəcə irilib hədəqədən çıxmış, parlaqlaşaraq hər kəsə hüzün və müəmma dolu yalvarışla baxan gözləri ilə “Mən kiməm?” demək istəyirdi. Artıq olduqca gec-gec və zəif bir halda yerinə gələn hafizəsi hər döndüyündə ona əzabdan başqa bir şey gətirmirdi.

Bütün qışı istisnalar xaric həyətə çıxmadan öz otağında keçirdi. Bayramdan sonra anası kömək edib həyətə çıxardığında rəngi ağappaq ağarmış, saçlarına ordan-burdan dən düşmüş, ən pisi isə hərəkətləri pozulmuşdu. Bu yaz artıq gəzişmirdi, harda əyləşdirsələr, ordaca oturub qalır, arabir də qeyri-ixtiyari durub darvazanın dəstəyin çəkişdirir, ancaq aça bilmir və geri dönürdü.

Aprelin sonu, ya da mayın əvvəlləri idi və cücələr yenicə yumurtadan çıxmışdı. Alabaş artıq yalnız Elçinlə maraqlanır və o, həyətdə olduğu vaxt dünya dağılsa belə, bir an da yanından ayrılmır, hətta Elçin evdə olduğu vaxlar belə qapının önündə onu gözləyirdi. Arabir həyətə düsə bilən pişiklər dadanıb cücələri daşıyırdı. Alabaşın zəif bir küçük kimi həyətə gətirilməsindən keçən altı ildə ilk dəfə idi ki, pişiklər cürət edib onların həyətindən cücə aparırdılar. Halbuki daha öncələri cücə oğurluğuna gələn pişiklərin ikisi canından olmuş və bu, digərlərinə də görk olmuşdu. Pişiklərin üstünə cumub onları qovan, iki dəfə də tutub boğan Alabaş sahibinin malına göz dikənlərə qarşı hər zaman amansız idi. Ancaq indi Alabaş bütün günü sahibinin dizi dibindən ayrılmır və onun hansısa istəyini qaçırmamaq üçün qulaqlarını şəkləyib dururdu. Elçindən başqa ayrı heç nə ilə maraqlanmayan Alabaş sanki həyət-bacanı qorumağı unutmuş və toyuq-cücələri də yaddan çıxarmışdı. Bu fürsətdən istifadə edən pişiklər də onların cücələrinə qənim kəsilmişdi.

Təpədəki günəşin açıqda qalan hər şeyi yandırıb-yaxdığı bir iyun günü o hələ də həyətdə kətilin üstündə əyləşib tutağacının nəvazişkar ana kimi onu günəşdən qorumağa çalışan yarpaqlarının gölgəsində boş gözlərlə ətrafını seyr edirdi. Arabir əlindəki şüşədən su içir, o biri əli ilə tərləyən alnını, gicgahlarını silir, köynəyinin yaxalığından tutub çəkişdirirdi. Dizi dibində yatan Alabaşın bir qarış çolə çıxmış dilinin ucundan su damlayır, açıq qalmış ağzı və körük kimi tez-tez yatıb-qalxan boyürləri onun istidən nə çəkdiyini anladırdı. Evin yan tərəfindəki tut ağacının altında bir ayaq üstə dayanıb ləhləyən toyuqlar, çeşmədən damlayan suyun başına toplaşmış it arıları və güllərin dibində vızıldaşan ağcaqanad və milçək sürüləri qızmar yay günü mövzulu peyzaj tablosunu tamamlayırdı.

Anidən əlindəki su şüşəsini atıb qalxdı, darvazaya tərəf getdi, amma bu dəfə yarı yoldan dala qayıtdı, elə əncir ağacına yenicə çatmışdı ki, yenidən geri döndü, iti addımlarla darvazaya sarı yönəldi. Bayaqdan yatdığı yerdən onu izləyən Alabaş nəsə olacağını hiss edibmiş kimi yerindən qalxıb sahibinə sarı qaçdı. Ona yetişdiyində kiminsə unutqanlığından açıq qalmış darvaza qapısını keçib küçəyə çıxan Elçin artıq sağa dönərək irəliləməyə başlamışdı. Qapını keçib küçəyə çıxdığı andan onu itmiş saymaq olardı. Çünki pozulan hafizəsi iləz heç nə xatırlamırdı və hara getdiyindən də xəbərsiz idi. Sadəcə, yol onu haraya aparsa, gedəcək, sonra da ya bir yerdə yıxılıb qalacaq və ya bəxti gətirsə, bir tanıyan çıxıb qolundan tutacaq, evlərinə qaytaracaqdı.

Ancaq bəxti gətirmədi... Bəlkə də belə yaxşı idi, bəlkə də bu daha xeyirli idi. Amma hər halda o hara getdiyni bilmədən irəliləyir, günün şaqqamasında kimsənin olmadığı bu məhəllə arası dar küçələrlə baş alıb gedirdi. Çox öncə yox, elə keçən il olsaydı, getdiyi yolun onu dəmiryol keçidinə apardığını anlayar, hələ yaddaşı tam itmədiyi üçün evlərinə dönə bilərdi. Amma artıq keçən il deyildi, o daha keçən ilki Elçindən fərqliydi.

Bərəlmiş gözləri ilə o yan - bu yana baxır, ətrafını tanımağa çalışaraq, bəlkə heç buna da çalışmayaraq irəliləyırdi. O anda nə düşündüyünü heç vaxt heç kim bilməyəcəkdi. Əslində heç onun özü də bilmirdi. Özünün bilmədiyi bir şeyi başqası necə bilərdi ki?

Həyətdən çıxdıqları andan Alabaş onu yalnız buraxmamış, yanından ayrılmamışdı. İsti günəşin bişirdiyi başını soxa bilmək üçün umudsuzca kölgə axtarır, bir tərəfdən də sahibini gözdən qoymamağa çalışırdı.

Nəhayət, evləri keçib düzənliyə çıxdılar. Az o tərəfdə kiçik gölməçə və qamışlıq, qamışlıqdan həmən sonra isə dəmiryol xətti görünürdü. Dəmiryolundan sonra hələ ev tikilməmişdi və ora günəşin yandırıb qovurduğu bomboz düzənlik idi. Hər şey keçən il qoyub getdiyi kimi idi, heç nə dəyişilməmişdi və bəlkə daha on illər boyu bu düzənlik elə beləcə də qalacaqdı. O, buraları yaxşı tanıyırdı, amma xəstəliyi onu elə hala salmışdı ki, nə gəldiyi yolları, nə də keçən yayadək Alabaşıyla gəzişdiyi bu çölləri anşıra bilmirdi, hətta öz kimliyini belə unutmuşdu, xatırlamırdı.

Qamışlığa çatdıqlarında Alabaş irəli atılıb su gölməçələrinin birindən su içdi, daha sonra qamışların arasından başını uzadıb sahibinə baxdı və arxa ayaqları üstə oturub kəsik-kəsuik hürdü. Sanki yalvarır və getmə demək istəyirdi.

Elçin yorulub ağırlaşmış ayaqlarını ardınca sürüyərək dəmiryoluna doğru irəlilədi. Bir yandan susuzluq, bir yandan da başı üstündəki günəş onu əldən salmış, qupquru qurumuş dodaqları və gicgahlarından süzülən isti tər damcıları onu məcbur edirdi ki, durub dincəlsin. Amma o nə tərləməsinə, nə də dodaqlarının quruyub çatlamasına fikir vermir, ixtiyarsız olaraq məchul bir nöqtəyə doğru hərəkət edir, varmağa çalışdığı yerə çatmadan durub dincəlmək haqqında düşünmək istəmirdi. Çox arıqladığı üçün armud saplağına dönmüş boğazının saxlamağa çalışdığı halsız başı, dişlərinin çoxu töküldüyü üçün açıq olduğu vaxtlarda kahanı xatırladan iri ağzı, ətrafındakı havanın tamamını ciyərlərinə çəkəcəkmiş kimi acgözlüklə nəfəs alan və körük kimi qalxıb-endikcə xışıldayan sinəsi onun görünüşünə bir qəribəlik verirdi.

Sinəsində getdikcə artıb şiddətlənən və yuxarı qalxaraq bir əl kimi hülqumunu sıxıb nəfəsini kəsən sancıdan qurtulmaq istəyir, gah ağrıyan yeri əli ilə ovuşdurur, gah da güc-qüvvətini itirmiş barmaqları ilə ağrını qoparıb atmağa, ondan birdəfəlik xilas olmağa çalışırdı...

Doğru deyiblər, dərd gələndə batmanla gələr... Elçinin də dərdləri batmanla gəlmişdi: ilk öncə ortaya çıxdığı gündən dünyasını alt-üsf edən şizofreniya, sonra içdiyi dərmanların təsirindən qara ciyərində baş verən funksional pozuqluq, ardınca xanımının onu taleyin ümidinə buraxaraq getməsi və nəhayət, ürəyində başlayan ağır tutmalar... Bu qədər dərdi dəvəyə yükləsən, apara bilməzdi. Zavallı Elçin, sısqa bədəni, çoxdan onu tərk etmiş ruhu, dərdin ağırlığı altında bükülmüş beli bu qədər ağrı-acıya necə qatlansın?

O gedirdi, daha doğrusu, sanki dərdlərin əlindən havalanıb qaçırdı. Ruhsuz cismi dünyadan xəbərsizdi, heç nə duymur, heç nə anlamır, yalnız uzaqlarda görünüb itən hansısa bir ilğım onu çağırırdı. Elçin onu çağıran o ilğıma yetməyə tələsir, dayanmadan gedirdi...

Artıq dəmiryolunun iki addımlığında idi. Birdən dodağı qaçdı, relslərin xəfifcə titrəyib tərpənməsi, sanki rəqs edirmiş kimi hərəkətlənməsi ona qəribə gəlmişdi. Bir addım daha atdı və o an öncə kəsik, ardınca da uzun-uzadı fit səsi eşitdi. Amma eşitdiyi səsə önəm vermədi, çünki önəm verəcək halda deyildi: qulaqları sanki dinləmə funksiyasın itirmişdi, aldığı hər səsi boş bir uğultuya çevirib artıq çalışmayan beyninə çatdırır, orda da bu anlamsız səslər yığını toplanıb gicgahlarına və başının üst qisminə vuran çəkic kimi zoqquldayırdı. Gözləri getdikcə artan tempdə titrəyib tərpənən relslərə ilişmişdi və rəqs edən relslər sanki onu əfsunlayıb özünə çəkirdi. Bir an öcə onlara toxunmaq, niyə və nə səbəbə tərpəndiklərini bilmək istəyirdi.

Yorğun olsa da, son gücünü toplayıb relsə doğru iri bir addım atdı... Relsdən başqa heç nə görmür, heç nəyə fikir vermirdi. Hətta dişləri ilə ayağından yapışıb onu saxlamağa və geri çəkməyə çalışan Alabaşı belə duymadı, onu da özü ilə sürükləyib apardı. Elə bu anda yetişən lokomotivin güclü zərbəsi onları havaya tulladı və havada bir qədər uçduqdan sonra aşağı enib relslərin üstünə düşdülər. Havaya uçduğu an ondan çıxan dəlicə bağırtı da, hələ küçük ikən əmzikli süd şüşəsini buraxmayan Alabaşın indi də Elçini buraxmayıb onunla birgə aldığı zərbənin ağrısından çıxardığı zingilti də lokomotivin güclü mühərrikinin uğultusu və əyləc basıldığına görə relslərə sürtünən rebordaların qığılcım qarışıq qıcırtı səsi içində itib getdi.

Rels üzərindəki yaralı bədənlərini doğrayıb keçən qatarın uzun-uzadı yanıqlı fiti Elçinlə vəfalı Alabaşının sonsuzluğa yola çıxmasından xəbər verir, bacadan qalxan qapqara tüstü kənd əhalisini matəmə çağırırdı...




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin