Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə4/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

Qəbul otağı
Bilet paylayanın köməyi ilə avtobusdan düşüb keçidə yaxınlaşdı və işıqforun yanmasını gözlədi. Müxtəlif rəngli, cürbəcür markalı maşınlar keçidə çatmamış dayanıb sıra-sıra düzüldükdən sonra ehtiyatla səkidən enib yolun qarşı tərəfinə keçdi və çoxmərtəbəli binanın önünə gəldi. Ətrafına baxıb öz-özünə düşündü ki, yəqin bu, Azad qadın heykəlidir, bu da nazirliyin binası olar. Sonra çəkingən addımlarla yaxınlaşıb binanın iri, şüşəli qapısından içəri daxil oldu. Mərmər nərdivanları qalxanda da, böyük zala girəndə də həm dirsəkli əsasının dəmir ucluğu, həm də taxma ayağının rəzəsi döşəməyə dəyib şaqqıldayır, onun utanmasına səbəb olurdu. Hara gedəcəyini bilmədiyindən söz soruşa biləcəyi birini görmək umuduyla sağa-sola boylanarkən yaxınlaşan növbətçi polis nəfərini gördü. Qürbətdə yerlisini görmüş qəriban kimi sevindi, ixtiyarsız bir hərəkətlə köynəyinin yaxasını düymələmək istəyirmişcəsinə çəkişdirərək:

– Sabahınız xeyir, Sosial Təminat Nazirliyi bu binada yerləşir?

– Bəli. Sizə kim lazımdı?

– Vüqar müəllim.

– Qəbula yazılmısınız? Xəbəri var gələcəyinizdən?

– Xeyir. Məni Tibbi-Sosial Ekspertiza Komissiyasından göndəriblər, onunla görüşməliyəm.

– O nə komissiyadı?

Bir az pərt olsa da, büruzə vermədi, komissiyanın rusca adının qısadılmışını dedi:

– VTK-dan.

– Hə, belə de... Onda siz qapıdan çıxıb bu tərəfə keçin, - deyə əli ilə binanın yan tərəfini göstərdi, – orda nazirliyin qəbul şöbəsi yerləşir, nə probleminiz varsa, əvvəlcə qəbul şöbəsində əyləşənlərə anladın, lazım olsa, Sizi qəbula yazarlar, bundan sonra Vüqar müəllimlə, lap nazirin özü ilə də görüşə bilərsiniz.

Təşəkkür edib polisdən ayrıldı, gəldiyi qapıdan çıxıb sağa döndü, deyilən tərəfə yaxınlaşıb üstündə “Qəbul otağı” yazılan qapıya yanaşdı. Bir neçə nəfər qapının yan- yörəsində dayanıb siqaret çəkir, yan-yana düzülmüş samovar dudkeşi kimi tüstüləyə- tüstüləyə bir-birinin dərd-sərləri ilə maraqlanır, məsləhətlər verirdilər. Yaxınlaşıb salam verdi, onlar da aralarına yeni qatılan bu cavan oğlanın salamını aldıqdan sonra kənara çəkilib ona yol verdilər.

Əsasına söykənərək içəri boylandı. Bura olduqca geniş, işıqlı bir otaqdı. Sol və arxa tərəfdə hündür, ikitağlı qapılar olsa da, bu qapılar bağlı idi. İçəridə ağız deyəni qulaq eşitmir, şikayətə gələnlər məmurlarla, ya da öz aralarında söhbət edirdilər. Bir anlıq tərəddüddən sonra qapının yarım addımlığında dayanmış qırx yaşlarındakı gözlüklü bir adamın yardımı ilə iki kiçik pilləni qalxıb içəri daxil oldu.

Qapıda göründüyündə dönüb ona baxan insanların nəzərlərindən utanmış olacaqdı ki, çiyinləri sallandı, beli donqarlaşdı və üzünə bir qırmızılıq yayıldı. Alt dodağını dişləri ilə sıxaraq utancaq baxışlarla divar boyu düzülmüş masaları, masa arxasında əyləşən daz, yarımdaz və saçlı məmurları, salonun qapıya tərəf qismindəki kətillərdə əyləşib dərdini demək üçün növbə gözləyən qocalı-cavanlı ondan çox insanı diqqətlə seyr etdi. Sanki onların içində bir tanış, ya da dərdini anlada biləcəyi kimisə axtarırdı. Əsasına söykənərək divara sarı iki addım atıb dayandı, dönüb kürəyini divara söykədi və bütün ağırlığını sağlam ayağının üstünə saldı. Cəld bir hərəkətlə əsasını əli üstündən fırladıb qucağına aldı. Sol tərəfində əyləşən saçları çallaşmış və bir az da seyrəkləşdiyi ilk baxışdan görünən bir adam qalxıb onun qolundan tutdu, özünə tərəf çəkərək:

– Keç əyləş, -dedi.

– Sağ olun, istəmirəm, belə rahatdı…

– Rahat nədi, rəhmətliyin oğlu, əyləş dedim sənə…

Əlli yaşlarında, ucaboy, enlikürək bir adamdı və sanki əmir verirmiş kimi danışaraq onun qolundan tutdu, çəkib öz yerində oturtdu:

– Ayaqlarım sağlamdı heç olmasa, ayaqda qalmaq mənimçün məsələ deyil.

– Sizin qolunuza nə olub, - deyərək onun dibdən kəsilmiş sağ qoluna baxdı.

– İş qəzasıdı.

– Yeni olub?

– Yox, iyirmi ilə yaxındır.

– Allah özü köməyiniz olsun!

– Amin, hamımızın... Bəs sənə nə olub?

– Elə mənimki də iş qəzasıdı, - deyib kinayə ilə gülümsədi, dərindən bir ah çəkib başını aşağı saldı.

– Harda işləyirdin?

– Orduda.

– Müharibədə itirmisən ayağını?

– Yox, yaşım müharibəyə çatacaq qədər çox deyil…

– Zabit idin?

– Yox, MAXE.

– MAXE nədir?

–Müddətdən artıq xidmət edən.

– Hə, bildim. Harda işləyirdin?

– Cəbhə bölgəsində.

– Minaya düşmüsən?

– Yox, Allah göstərməsin.

– Bəs nə olub?

– Snayper mərmisi dəyib budumdan…

– Həkimlikdən-zaddan başı çıxan biri yoxuydu orda? Mərmi dəyən ayağı niyə kəsiblər?

Sonra da öz-özünə deyindi:

– Həkim var indi? Tibb İnstitutunda oxuyanlar hamısı papalarının gül balalarıdı. Ya pulunan, ya da tapşırığınan gözəl-gözəl oxuyub olurlar həkim, - səsində açıq- aşkar istehza hiss olunurdu, - sonra da başlayırlar kasıb-kusubun balasını kəsib tikə- tikə öyrənməyə....

Cavab vermədi, qaşlarını çatıb sərt bir görkəm aldı. Anlaşılırdı ki, nədənsə bu Tibb İnstitutu və həkim söhbəti onu heç açmamışdı. Handan-hana dilləndi:

– Həkimlikdən başı çıxanın orda nə işi var? Olsa-olsa, hospitaldadır, ya da ən yaxşı halda hissənin tibb məntəqəsində. Ayrıca bölüyün dayaq məntəqəsində heç həkim ştatı da olmur axı.

– Bəs sənin ayağını kim sarıdı?

– Sanitar varıydı orda, o sarıdı. Sağ olsun yenə, o da olmasaydı, qanaxmadan ölərdim yəqin.

– Bəs necə oldu ki, yaralandın?

– Xidmət etdiyim yerdə ermənilərin postu bizimkindən yuxarıda idi...

– Alardız da oranı...

– Əvvəl elə bizimki imiş də...

– Əvvəl deyəndə yəni nə vaxt?

– Atəşşkəsdən sonra.

– Bəs niyə ermənilər aldı? Onlar bizimkilərdən güclüydü?

– Məsələ kimin güclü olmasında deyil, çünki o postu güclə yox, bicliklə almışdılar.

– Ermənilər sizdən ağıllı çıxıblar?

– Ağıllı yox, sadəcə, bilirsiz, əvvəl cəbhədə qayda-qanun yox idi... Məsələn, əsgər vaxtı mənim özümün ilk dəfə posta çıxmağım yadıma gəlir. And içəndən dərhal sonra bizi maşınlara doldurub ön xəttə apardılar. Taborun müşahidə məntəqəsində hamını bölüklərə ayırdılar, mən ikinci bölüyə düşdüm. Bölüyün dayaq məntəqəsinə gəldikdən sonra sabahı gün birbaşa posta göndərildim. Taqımın sığınacağına çatar-çatmaz əlimə tüfəng verib posta çıxartdılar. Həmən gün axşama qədər tək oldum və toran düşənə yaxın yanıma gələn köhnə əsgərlərdən biri ilə də gecəni orada qaldım. Ancaq bu köhnə əsgər bütün gecəni yatdı. Səhərə kimi nə qədər tək oturmaq olar? On səkkiz yaşı yenicə tamam olmuş bir uşaqdım, nə əsgərlikdən ciddi bir anlayışım vardı, nə də başqa şeydən. Yorğunluğun üstünə yuxusuzluq da gələndə adamın çiyinlərinə dağlar qədər ağırlıq çökür. Oyaq qal, qala bilirsənsə, - deyib oturduğu yerdəcə dikəldi, yanında ayaq üstə dayanan müsahibinə bir nəzər saldıqdan sonra yenə gözlərini döşəməyə dikdi.

– Sən də yatdın?

– Hə, amma nə vaxt yuxu tutub yatmışam, xatırlamıram, ayılanda artıq səhər açılırdı. Nə isə, demək istədiyim o deyil, həmən postda bir əsgər varmış, bu bədbəxt nəfsinə düşgün, bir az da xaraktercə zəif imiş. Erməni də əvvəl buna siqaret, sonra meyvə, nə bilim konserv-filan atıb.

– Erməni hardan bilirmiş posda onun olduğunu?

– Birinci dəfə bu çağırıb onlardan birini, bilirsiz necə? Mən köhnə postda olmadım, amma deyirlər ki, bizimkiylə ermənilərin arası hardasa on beş - iyirmi metr olarmış, ya olmazmış, bax elə yaxın imiş. Hə, nə isə, bu onlardan birinin başını görüb haylayır, sonra da əli ilə siqaret işarə edir. Onlar da yarı qutu “Astra” göndərir, sonra da soruşurlar ki, axber, adın nədi? Bu bədbəxt də deyir.

– Dayan, niyə icazə varıydı postda onlarınan danışmağa?

– Yox, yoxuydu, amma mən sizə atəşkəs vaxtlarından danışıram, o vaxtlar hələ orduda dərəbəylik idi.

– Guya indi elə deyil?

– O vaxta baxanda, yox.

– Hə, o köpəyoğlu sonra neynəyib?

– Nə isə, o adam gələn dəfə də posta gedəndə çağırıb ki, ara, erməni, bir siqaret ver. Ermənilər baxır ki, həmən adamdı, yenə də siqaret atırlar. Amma bu dəfə qutunun içinə qızarmış toyuq budu da qoyurlar. Adamın da dişi şirəyə batır. Bir müddət ermənilərlə dostluq elədikdən sonra buna deyirlər ki, bir gün gəl bizim postda oturaq yeyək-içək. Bu bədbəxt da deyir, yox, siz gəlin.

– Ermənicə bilirmiş?

– Yox əşi, əl-qol işarəsiynən danışırmışlar. Hə, nə isə, - deyib burnunu çəkdi və sonra davam etdi, – onları posta dəvət edir. Əvvəlcə ermənilərdən biri silahsız, əlində bir çanta dolusu yemək-içməklə gəlir, bunlar oturub bir-iki tikə yeyəndən, adama da əlli-əlli konyak vurandan sonra erməni öz tərəflərinə işarət verir, səssiz-səmirsiz gəlib müşahidə məntəqəsini ələ keçirirlər.

– Bəs sonra?

– Sonra da… “Döy başına, yan, Koroğlu!”… Müşahidə məntəqəsi əldən getdi, üstəlik o əsgəri də əsir tutdular. Sonralar əvvəlkindən yetmiş-səksən metr aşağıda, əvvəlcə sığınacağın olduğu yerdə yeni müşahidə məntəqəsi tikib, ondan da xeyli bəridə yeni sığınacaq düzəltdilər.

– Səni həmən yeni yerdə vurublar?

– Hə, biz artıq onlardan aşağıda dayandığımız üçün sığınacaqdan müşahidə məntəqəsinə gəlib-gedən yol hər nə qədər ziqzaq formalı səngər kimi qazılsa da, yenə də təhlükəliydi. Ayrıca onların düz önümüzdə deyil, bir az sağ tərəfimizdəki yüksəklikdə snayper postları da var idi. Məni də həmən snayper postundan vurmuşdular.

– Səngərin içindəykən snayper səni ayağından necə vura bilmişdi?

– Ön xətt boyunca daşdan tikilən möhkəmləndirilmiş atəş nöqtələrimiz var idi. Bayaqdan post deyəndə də elə bunları nəzərdə tuturam, ermənilər də gülləni əslində mənə yox, həmən vaxt postda duran başqa əsgərə atırdılar. Amma hədəfi vura bilmədilər, möhkəmləndirilmş atəş nöqtəsinin divarına dəyən güllə çovuyaraq dizimin üstündən girib sümüyümü qırdı, - bunu deyib əli ilə güllə dəyən yeri göstərdi.

– Sən onda harda idin ki?

– Postları yoxlamağa çıxırdım, onda gördüm, ayaqlarım yuxarı qalxdı, üzüstə dəydim yerə. Əvvəlcə ağrı-filan hiss eləmədim, ayağa qalxmaq istəyəndə ayağım saxlamadı, təkrar yıxıldım. Bir də gördüm ki, qan götürüb məni… Nə isə, səsimə uşaqlar gəldi, ayağımı sarıyıb, bir dənə də piramidol vurduqdan sonra sığınacağa apardılar. Taborun bir UAZ-ı varıydı, sonra da ona qoyub gətirdilər hospitala. Reanimasiyada özümə gələndə nə görsəm yaxşıdı? Gördüm ki, qalmışam tək ayaq...

Sözünü bitirib dərindən bir ah çəkdi.

– Fikir eləmə, bacoğlu, Allahın min dərdi varsa, min bir də dərmanı var, - deyib salamat əli ilə onun çiynini oxşadı və davam etdi:

– Mən özüm əvvəl yaxşı imkanlı olmuşam. Moskvada yaşayırdım. Orda bazarda otururdum. Pulum burdan yox, burdan idi, - bunu deyib əli ilə öncə boğazını, daha sonra başının üstünü işarə elədi, - sonra bankrot oldum, çıxıb gəldim Azərbaycana. Burda, Sumqayıtda bir ev aldım, özüm də Boru-Prokat zavodunda işə düzəldim. Ancaq heç o qədər işləmək də nəsib olmadı. Cəmi bir dəfə maaş cədvəlinə qol çəkdim, ikincisinin vaxtı gələndə artıq xəstəxanada idim...

– Nə oldu ki qolunuza?

– Tok vurdu, - bunu deyib bir ah çəkdi.

Qısa sürən sakitlikdən sonra salamat əlini dizinə vurdu:

– Hə, bacoğlu, hərənin bir dərdi var, heç kimə deməz, ağlar. Tok vurandan sonra bir-iki ay xəstəxanada yatdım, nə də olsa, qolumu kəsmişdilər, çıxdıqdan sonra da pensiyayla dolana bilmədik. Əvvəl ona-buna borclandıq, sonra da borcluların əlindən məcbur qalıb ev-eşiyi satdıq… Nə qədər ki, uşaqlar balacaydı, kiralarda sürünmək adama o qədər də təsir eləmirdi. Ancaq indi elə deyil, daha uşaqlar böyüyüblər, maşallah böyük oğlan evlənməlidi, amma imkansızlıqdan qalmışam…, - sözünü yarıda kəsib gözlərini aşağı dikdi, dizinin üstündə oynatdığı yumruğunu sıxıb davam elədi:

– Mən bu hallara düşəcək adammıydım? İllərdi o idarə sənin, bu idarə mənim, gəzib dolanıram… Bunlar da sağ olsunlar, adamı elə bir ötür-ötürə salırlar ki, arada fırlanmaqdan baş hərlənir,.. - susub başını yuxarı qaldırdı, sanki tavana baxırdı, amma gözləri yumuluydu və təkəmseyrək qalmış dişlərinin arasından fısıldadı:

– Allah heç kimi bunlara möhtac eləməsin...

Ömründə ilk dəfəydi ki, bura gəlirdi. Bəlkə də bu qədər utanıb sıxılmağının səbəbi elə bu idi. Masaların arxasında əyləşən məmurlara və onlarla az qala dalaşırcasına mübahisə edən yarımcan insanlara baxdıqca hara gəldiyini unudur, çaşıb qalırdı. Qəbul otağını ağzına qədər dolduran bu qələbəliyin içində gözlə görünən əlilliyi olmayan demək olar ki, yox idi. Bu onun diqqətini çəkdi. “Allahım, bu nədi, elə bil əlillər evidi”, - deyə düşünüb qeyri-ixtiyari salamat birinin olub-olmadığını gözləri ilə araşdırmağa başladı. Artıq yerini ona verən ağsaqqalı da unutmuş, bütün diqqəti ilə kiçik araşdırmasına dalmışdı. Birdən əsəbi bir qadın bağırtısı duyub başını yana çevirdi. Bu, altmış yaşlarında, nimdaş, amma təmiz və səliqə ilə geyinmiş, ağappaq saçları qısa kəsilmiş, dolğun, gözlüklü bir xanım idi. Var gücü ilə bağırırdı:

– Fransa səfirliyinə gedəcəyəm, Fransa səfirliyinə! Hamınız yalançısınız, naziriniz də özünüzdən betər yalançının, alçağın biridir!

Masa arxasındakı məmurların onu susdurmaq üçün qabaca donquldanmaları, həmən ardından isə digər şikayətçilərin bu qadına dəstək verən səsləri eşidildi.

– Susdurun bu arvadı, yenə gəldi, ağzına gələni tökəcək eşiyə, mədəniyyət yox, tərbiyə yox!

Bir başqa yarımdaz, ortayaşlı məmur ucadan dedi:

– Ordan polisi çağırın, gəlsin atsın bayıra bunu!

Dombagöz biri isə:

– Kənd eşşəyindən bundan artıq nə gözləyəsən? Yaşı yetmişə çatıb, hələ özünü adam içində aparmağı qanmır! - deyə mızıldandı.

Amma qadının dəstəkçiləri də səslərini kəsmək istəmirdilər:

– Düz edir, biz boynumuzü büküb səsimizi çıxarmırıq, ona görə də, hamısı minib belimizə! Bir söz deyəndə də adamı ələ salırlar.

Yenidən ağsaçlı qadının səsi eşidildi. Bu dəfə danışarkən artıq üzünü qəbul şöbəsinin çalışanlarına deyil, şikayətə gələnlərə doğru çevirmişdi. Səsi titrəyir, əlindəki qırmızı haşiyəli ipək yaylıqla gözlüyünün altından gözlərini silirdi:

– Başınıza dönüm, mən özüm ali təhsilli adamam, yoldaşım da neçə illərdi ölüb. Bir gəlinim, iki də nəvəmlə kiralardayam. Var-yox bir oğlum varıydı, o da könüllü getdi Qarabağa, kaş getməz olaydı! Vallah, bu vəzifə sahibləri, ağzı isti yerdə olanlar elə eləyirlər adam peşman olur övladını düşmən qabağına göndərməyə, - bunu deyib bir an nifrət dolu nəzərlərlə bayaq onunçün kənd eşşəyi deyən dombagöz məmura baxdıqdan sonra sözünə davam etdi:

– Bunların nə vecinə, maaşları maaş, paketləri paket!

Son söz ağzından çıxanda taxma dişlərini qəzəblə qıcamışdı, divar boyunca düzülən masaların arxasında əyləşmiş məmurları süzən baxışlarında bayaq dombagözə baxarkən açıq görünən nifrət ifadəsi donub qalmışdı.

Ağbirçək əsəbindən titrəyərək sözlərinə davam etdi:

– Bunların duzu qurudu! Başlarının üstündə kirəmit damları, altlarında xarici maşınları! Hansı biri dolanışıq dərdi çəkir? Hansı birinin hər qapı döyüləndə ürəyi çırpınır ki, “Allah, ev yiyəsi gəldi, bu dəfə nə deyib qaytaracağam?”

Mən özüm qırx ilin müəlliməsiyəm, aldığım maaş kira puluna ancaq yetir, bir gəlinimin maaşıynan da dolana bilmirik, ay qadanızı alım. Çox şey istəmirəm ki, bu dövlətdən. Deyirəm, madar bir oğlum varıydı, onu da verdim gedib öldü sizinçün, indi rahat kreslolarınızda əyləşib bizi adam yerinə qoymursunuz, canınız sağ olsun, biz kənd eşşəyiyik, ağlımız yox, huşumuz yox, yenə müharibə olsa, yenə balalarımızı göndərəciyik sizin uşaqlarınızın da əvəzindən gedib dəlik-deşik olsunlar, əllərini, qollarını itirib qayıtsınlar biz bədbəxt anaların üstünə. Amma sizinkilər sakitlik vaxtı buralarda, ara qarışanda da gedib xaricdə zövq-səfalarını sürsünlər. Nə də olsa, onların canı qiymətlidir axı…

Qadın əsəbindən sarsılır, bütün bədəni titrəyirdi. Yanaqları allanmış, gicgahlarının, boynunun yoğunlayıb üzə çıxan damarlarından hər biri bir ürək kimi döyünürdü. Titrək barmaqları ilə çantasının ağzını açdı, eşələyib çıxartdığı ağ rəngli həbi dilinin altına qoyaraq bir neçə saniyə susdu. Hiss olunurdu ki, dərmanın sorulmasını gözləyir. Lakin sonunadək gözləməyə səbri çatmadı, həyəcanından tıxana-tıxana, cümlələrin birini yarımçıq qoyub digərinə keçməklə danışır, bir şey barədə danışarkən də sozü başqa səmtə döndərirdi. Xüsusən dombagözün “kənd eşşəyi” sözü onu bərk tutmuş, bu qədər özündən çıxmasına səbəb olmuşdu. Qan basmış gözləri ilə ətrafını seyr edir, bəlkə də o an qatil olmaq üçün uyğun birini axtarırdı. Bağırmaqdan qıcıqlanan boğazını arıtlayıb davam etdi:

– İndi dünən asfalt görüb bu gün mənə kənd eşşəyi deyənlərin xəbəri yoxdu ki, mən elə burda, Bakıda doğulmuşam. Atam-anam kənddən gəlib, amma mən burda doğulmuşam, burda oxumuşam, yenə deyirəm, qırx ildi də müəllimə işləyirəm!

Indi bu sonradangörənlər balalarını asqırsa, Türkiyəyə, qrip olsa, Almaniyaya göndərirlər, onların canları şirindi axı! Nə özlərini, nə də balalarını burdakı həkimlərə əmanət eləməzlər! Amma mənim kimi bədbəxtlər dağ kimi oğullarımızı göndərdik cəbhəyə, meyidi gəldi, şikəst gələnlər də sevindi ki, şükür sənə, ilahi pəvərdigara, heç olmasa, balamız yuvasına döndü…

İndi o şəhid balamın balaları qalıb qapılarda, bir çarə eləyən yoxdu! Hələ şikayətə gələndə mənə, şəhid anasına utanmadan kənd eşşəyi deyirlər. Niyə deyirlər? Çünki sakitcə susub oturmuram, - bir an nəfəs alıb davam etdi, artıq səsinin tonunu da endirmişdi, - əvvəllər mən də abrıma qısılırdım, gəlirdim, deyirdilər, get üç ay sonra gəl, gedirdim, üç ay sonra gəlirdim. Deyirdilər, hələ filan səbəbdən ev paylanmır, get beş aydan sonra gəl, gedib beş aydan sonra gəlirdim. Telefonumu götürüb deyirdilər, şəhid ailələri üçün binanın təməli atılacaq, nömrəni qoy, siyahıya almada çağırarıq gələrsən, deyirdim, baş üstə… - sözünün burasında dayanıb ah çəkdi, başını bulayıb gözlərini yerə dikdi və öz-özünə danışırmış kimi davam etdi:

– Elə ona görə deyirlər də kənd eşşəyi…, hər dediklərinə inanırdıq, utanma-sıxılma yoxdu ki, bunlarda…

Bayaqdan söz atıb onu susdurmaq istəyən məmurlar da artıq səslərini kəsmişdilər. Başlarını aşağı salıb məşğulmuş kimi görünməyə çalışır, bir tərəfdən də otaqda nələr olub-bitdiyini gözdən qaçırmamaq üçün gözaltından hər şeyi nəzarətdə saxlayırdılar. Şikayətçilərsə passiv seyrçi rolunda çıxış edir, demək olar ki, olub- bitəni izləməkdən başqa bir iş görmürdülər. Birdən orta yaşlı bir kişi otağın yuxarı küncünü göstərərək ağbirçəyə:

– Xanım, başınızın üstündə kamera var, bəlkə də yuxarıdan sizə baxırlar, səsinizi-zadınızı eşidərlər, arğımaz başınıza duz bağlamayın.

Ağbirçək onu diksinti dolu bir nifrətlə süzdü:

– Qorxma, məni tutsalar, sizin burda olmadığınızı deyəcəyəm.

– Mən elə demək istəmədim.

– Necə demək istədiniz?

– Sizin üçün… dedim, yəni Allah göstərməsin, sonra başınız ağrıyar.

– Ay oğul, siz nədən danışırsız? Nə baş ağrıması? Mənim başım qalıb ki, ağrıya da? Qoy yuxarıdan da kim eşidir, eşitsin! Mən oğurluq eləmirəm, başqasının haqqına dəymirəm, rüşvət almıram! - yumruğunu sinəsinə vurdu:

– Mən şəhid balamın mənə əmanət qoyub getdiyi balalarının haqqını istəyirəm!

Sözünün burasında yenidən dombagöz məmura tərəf döndü:

– Heç olmasa, o şəhidin balalarına bir ev verin. Vallah, özümə istəmirəm. Iki oğlu qalıb, onlarçün istəyirəm. Onlardan da biri bu il əsgərliyə gedir. Nə adamımız var, nə də pulumuz ki, yaxşı yerə saldıraq, baxarsız, mən ölü, siz diri, o uşaq da gedib düşəcək döyüş bölgəsinə, bəlkə elə o da orda öldü, gəlmədi, nə bilmək olar...

Bunu deyib susdu. Ancaq o qədər əsəbiləşmiş, o qədər dolmuşdu ki, kəsib- kirimək bilmirdi. Yanaqlarını isladan göz yaşlarını quruladı, burnunu çəkib sözünə davam etdi:

– Pis şey demirəm ki, deyirəm, imkan verin nazirinizlə görüşüm. Budu, illərdi ki, bura ayaq döyürəm, nə edə bilmisiz? Quru vəd verib camaatın başını aldatmaqdan başqa nə işə yarayırsınız? Yazın qəbula, gedim nazirlə görüşüm.

Bu yerdə yenə üzünü tamaşaçı kimi əyləşmiş digər şikayətçilərə döndərdi:

– Mən bunları başa sala bilmirəm, deyirlər, sənin şikayətini biz özümüz nazirə çatdırarıq.

Bunu deyib quruyan boğazını arıtladı və davam etdi:

– Daha mənim yaşım idarə qapılarında gözləyəcək qədər az deyil, xəstə adamam, şəkər bir tərəfdən, təzyiq bir tərəfdən…, artıq dozə bilmirəm, bax, deyirəm, biri barmağını qatlasın, desin indiyə qədər özümə bir şey istəmişəmsə, istədiyim şəhidimin mənə əmanət qoyub getdikləri üçündür. Keçən il nazirin də qəbulunda oldum. Özü də mənə söz verdi ki, ən qısa zamanda evlə təmin olunacaqsınız…

Sonra yenə dişi aslan kimi kükrədi:

– Bunların qısa müddəti nə qədərdi, bilən varsa, desin, biz də bilək. Mənim nəvələrim kiralarda nəmin, suyun içində çürüyür, - əli ilə dombagöz məmuru göstərdi, - bunların naziri deyir ən qısa müddətdə evlə təmin olunacaqsınız, indi də o nazirin işçiləri mənə deyirlər ki, hələ gələn il də ev paylanmayacaq. Sizin nazir yalançıdı, yoxsa siz nazirinizi saymırsınız?

Bu sualı verərkən yenə baxışlarını divar boyunca düzülüb oturmuş məmurların üzərində gəzdirdi. Sonra ağlayan gözlərini qurulaya-qurulaya şikayətə gələnlərin gözlərində dəstək aradı. Amma aradığını tapa bilmədiyindən olacaqdı ki, bir anda umudsuzluğa qapılıb çiyinlərini salladı, başını aşağı dikib əlində buruşdurduğu qırmızı haşiyəli yaylıqla burnunu sildi, sonra da burun dəliklərindən axan göz yaşlarını yuxarı çəkdi. Qızılı sağanaqlı gözlüyünü düzəldib boş bir kətilə çökdü, artıq kimsənin üzünə baxmırdı. Allanmış yanaqlarından, səyriyən dodaqlarından bəlli olurdu ki, ağlamamaq üçün özünü məcbur etməyə çalışır. Birdən daha artıq dözə bilməyib əli ilə dizinə vurdu, ayağa qalxıb bağırmağa başladı, digər tərəfdən də hönkürə-hönkürə ağlayır, nə dediyi o qədər də anlaşılmırdı:

– Fransa səfirliyinə gedəcəyəm! Fransa səfirliyinə! Gedib deyəcəyəm ki, bu xarabada şəhid ailələrini adam sayan yoxdu! Bu boyda hökümət öz şəhidinə sahib çıxıb onun yetimlərinə veriləcək təkgözlü bir daxma tapa bilmirsə, onda heç bu ölkənin vətəndaşlığı da mənə lazım deyil! Nazirlikdə çalışanlar qohum-əqrabalarına ev yox, blokları alıb paylayırlar! Mən nəvələrimi də götürüb gedəcəyəm Fransa səfirliyinə! Deyəcəyəm, bu ölkənin naziri də şəhid anasını ələ salır. Deyir, ən qısa zamanda ev verəcəyik, üstündən bir il keçib, işçiləri deyir hələ gələn il də heç kimə ev verilməyəcək! Mən bilmirəm, bu xarabada kimin sözü keçərlidi? Ya da kim yalançıdı? Nazirləri, yoxsa məmurları? Qoy mənə vətəndaşlıq versinlər, verməsələr, elə səfirliyin qabağındaca üstümə benzin töküb özümü yandıracağam!

Dişlərini qıcayıb boğula-boğula:

– Yandırmasam, dədəmin qızı deyiləm! Özümü də yandıracağamm, nəvələrimi də! - deyə bağırdı.

Şikayətə gələnlərdən birinin anası ağbirçək xanımın qoluna girib bayıra çıxartdı:

– Gəlin, gəlin havaya çıxaq, hava vursun bir az toxdayın. Bunlar hamısı belə qəlbsiz, insafsızdırlar. Mən özüm də uşağın problemlərindən yana illərdir ayaq döyürəm bura. Amma bu gün get, sabah gəllər lap məni təngə gətirib. Axırda bir gün bezib uşağı da götürüb gedəcəyəm Ermənistana, deyəcəyəm övladım qanmayıb, pox yeyib mən anasıynan ki, sizə güllə atıb. Bunun cəzasını Azərbaycanda yetərincə çəkdirdilər, hətta o qədər artıqlaması ilə çəkdirdilər ki, dözə bilmədik, sizə pənah gətirdik. Bir böyüklük eləyib bağışlayın bizi… Vallah, gedəcəyəm, billah, gedəcəyəm!

Belə danışa-danışa iki xanım qəbul otağının qapısından çıxıb həyətə düşdülər. Artıq qapını arxalarınca örtdüklərindən nə danışdıqları da eşidilməz oldu.

Onlar otaqdan çıxar-çıxmaz içəridəkilər artıq onun dediklərini unutmuşdular. Çünki hərənin dərdi, şikayət səbəbi özünə görə hamınınkından daha ağır, daha dözülməz idi.

O, əsasını qucaqlayıb devikən gözlərlə ətrafına baxır, hara gəldiyini unutmuş kimi çaşqınlıqla dörd bir yanını süzürdü. Bayaq yerini ona verən qolsuz kişi dombagöz məmurun önündəki kətilə əyləşmiş, kim bilir, neçənci dəfəydi ki, dərdini anladırdı:

– Salam, Bayram müəllim!

Dombagöz qolu yoxun salamını belə almağa lüzum görmədən:

– Vətəndaş, probleminiz nədir?- deyə quru bir səslə soruşdu.

– Mən altı ildir ki, bura ayaq döyürəm, hər gələndə də bir bəhanəylə yola salıb deyirsiniz ki, get, sonra gəl…

– Mən səni birinci dəfədi görürəm.

– Necə yəni birinci dəfə, Bayram müəllim, ən azı on dəfə elə sizin yanınızda olmuşam, - bunu deyib qarşısında əyləşdiyi məmurun domba gözlərinə baxdı. Artıq onun xarakterinə az-çox bələd olduğuna görə idi ki, təəccüblənməmişdi.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin