Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə8/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

Payız axşamlarının birində yenə Rahab işdən gec gəlmişdi. Son vaxtlar olduğu kimi, yenə də yorğun və halsız idi, amma bütün yorğunluğuna baxmayaraq, evə girmədən öncə çəkmələrini yaxşıca təmizləyib cütlədi, üzünü çıxışa tərəf qoyub yanında dayanıb onu gözləyən xanımına:

– Qoy qalsın burda, hava vursun, -dedi.

Onun zabit gödəkcəsini saxlamaqda olan xanımı:

– Yaxşı, dəymərəm, gəl evə, soyuqdu, xəstələnərsən.

Rahab içəri keçən kimi xanım çəkmələrin üzünü tərsinə çevirib içəri keçdi. Evdə kişinin ayaqqabılarının üzünü çölə tərəf qalmasının yaxşıya əlamət olmadığı haqqında qoca qadınlardan eşitdiyi söz yadına düşmüş, içi ürpənmişdi, elə Rahabın çəkmələrinin üzünü də ona görə xəlvəti çevirdi ki, bir şey hiss etməsin, çünki o bunu etdiyi zaman Rahab gorsə, səbəbini söyləmək məcburiyyətində qala bilərdi ki, bunu da qətiyyən arzulamırdı. İçəri girdiyi zaman Rahab köynəyinin düymələrini aça-aça ona döndü:

– Uşaqlar hanı?

– Yatıblar hamısı, bir Nihad oyaq qalmışdı, səni gözləyirdi, onu da elə indicə yuxu tutdu, aparıb yatırtdım yerinə. Sən nə əcəb gecikmisən belə?

– İşdəydim. Aydanla Şəbnur dərslərini hazırlayıblar?

– Hə, bu gün Aydanın müəlliməsi də hazırlığın pulunu istəmişdi, göndərdim.

– Nə qədər göndərdin?

– Qırx manata danışmışdıq, elə o qədər də göndərdim.

– Barı bir şey öyrədə bilir?

– Hə, bir az irəliləyiş var.

– Bu müəllimlər də lap ağını çıxarıblar, valideyn məcbur qalıb uşağı yanlarına hazırlığa qoysun deyə dərsləri başdansovdu keçirlər

– İndi hamısı elədi də, ay Rahab…

– Müəllim özündə məsuliyyət hiss eləyib normal səviyyədə dərsini keçsə, son siniflərə qədər uşağın hazırlığa-zada getməsinə nə ehtiyac var? Elə bil bu aclara müəllimlər günündən 8 marta, ad günlərindən balalarının nə bilim nə gününə qədər daşıdıqlarımız yetmir, bir də bəhanə uydururlar ki, ay filankəs, sənin uşağın zəifdi, qoy yanıma hazırlığa, ayda da bu boyda pul ver, daha düşünmürlər ki, uşaq zəifdirsə və hazırlığa qoymaqla düzələcəksə, onda demək ki, sən müəllim olaraq yaxşı dərs keçmirsən.

– Nə dərsi keçəcəklər e? Hamısı cavan-cavan qızlardı, əksəriyyəti də məktəbə gələndə elə gəlir deyəsən bəs sərgiyə gəlir. Qoltuğunda planşet, qulağında telefon… heç dərs keçirlər ki? Axı heç özlərinə də sərf eləmir dərs keçmək.

Nə isə e, Nətavan, qoy bu il də burda oxusun, dördüncü sinifdən sonra çıxarıb qoyarıq normal məktəblərdən birinə

– İnşallah.

Çoxdandı görüşmürlərmiş kimi bir neçə saniyə qarşı-qarşıya durub baxışdılar, daha sonra Natəvan:

– Yemək gətirim?

– Hə, acından ölürəm, nə bişirmisən?

– O günü kəsdiyin hinduşqanın döş ətindən küftə eləmişəm, günortadan da yemək qalıb, hansından istəyirsən, gətirim.

– Küftə gətir.

– Bu dəqiqə.

Xanımı cəld bir hərəkətlə evdən çıxdı, az sonra çardağın altındakı mətbəxdən qab-qacaq səsi eşidilməyə başladı. O, əlindəki təpsidə yeməklə içəri girdiyi zaman Rahab da əynini dəyişib yüngül ev paltarında masanın arxasına keçərək əyləşməkdə idi. Xanımı qapıdan içəri girdiyi zaman ona:

– Evdə araq var idi, qalmayıb ki?

– Niyə qalmır ki, qalır, bu evde səndən başqa da içki içən var?

– Onu da gətir.

Təpsidəkiləri masanın üzərinə düzə-düzə:

– Rahab, bu gün rəngin də avazıyıb, nə olub sənə? Niyə demirsən? Biz ailə deyilik? Bilirəm ki, sənin nəsə dərdin var, amma heç kimə açıb demirsən, dünən telefonla danışırdıq, Ariz də soruşurdu səni, deyir gəlinbacı, qardaşım son vaxtlar yaman qəribə olub, dedim hə, qardaş, heç mən də başa düşə bilmirəm onu…

– Yaxşı, get arağı gətir, deyəciyəm nə olduğunu, -Rahab bunu deyib çörək diliminin kənarından qopartdığı balaca parçanı ağzına qoydu, küftənin suyundan bir qaşıq götürüb yeməyə başladı, ancaq ağzındakı sanki çörək deyil, daşmış kimi bir iki dəfə taqətsiz hərəkətlə çeynədikdən sonra əlindəki qaşığı boşqabın kənarına qoyub ağzındakı tikəsini udaraq sakitcə dayandı. Mətbəxdəki soyuducudan arağı gətirib gələn xanımı onu sakitcə oturub gözlərini önünə zilləmiş halda gördü, əlindəki içki şüşəsini və badəni masanın üzərinə qoyaraq:

– Hə, Rahab qadan alım, indi de görüm nə olub?

– Gecikdin…

Susdular, az sonra Rahab:

– Götür süfrəni, yemirəm.

Natəvan masanın üstündəkiləri təpsiyə qoya-qoya:

– Axı sən hinduşqa ətini çox istəyirdin, niyə yemirsən? Heç olmasa, ətindən bir tikə götürəydin.

– Natəvan, yığışdır süfrəni.

– Çay gətirim?

– Gətir.

– Bu dəqiqə.

Az sonra ikisi də əyləşmiş, çaylarını içirdilər. Natəvan nəsə barədə danışmaq istəyir, uyğun mövzu axtarırdı, nəhayət, nəsə tapmış kimi sevinərək:

– Nihadın toyunu nə vaxt eliyək?

– Qoy görək, rəhmətliyin ili çıxsın hələ…

Natəvan onun şəhid olan əziz dostunu, Pərvini nəzərdə tutduğunu bildiyindən yenə mövzunu dəyişmək ehtiyacı hiss etdi, amma uyğun bir şey tapa bilmədiyindən susdu. Ortalığa sakitlik çökdü…

Pərvin keçən yay cəbhə xəttində, düşmənin hücumunu dəf edərkən qəhrəmancasına həlak olmuş, hələ otuz dörd yaşındaykən şəhadət şərbətini içmişdi. O, Rahabla müdavimlikdən bəri, on beş ilə yaxın idi ki, bir yerdə xidmət etmiş, nəinki dost, qardaşdan yaxın olmuşdular. Pərvin ucaboy, enlikürək, qollu-biləkli, cəsur və olduqca mərd, ürəkli oğlan idi. Onun şəhadəti nəinki Rahabı, eləcə də hərbi hissələrində çalışan hər kəsi yasa boğmuş, hissənin istisnasız olaraq bütün şəxsi həyəti öz yaxınını itirmiş kimi qan ağlamışdı. Pərvinin hər zaman gülən gözləri, təbəssüm əskik olmayan buğdabəniz sifəti, sanki gülmək üçün yaradılmış dodaqları sadəcə sevənlərinin deyil, bütün onu tanıyanların yaddaşına həkk olunmuş, usta bir heykəltaraşın əlindən çıxmışa bənzər kimi donub qalmışdı. İndi Rahab şəhadətini bir an belə unuda bilmədiyi bu əziz dostunun ili çıxmadan nəinki biricik oğlunun sünnət toyu, hətta ən kiçik şənlik haqqında belə necə düşünə bilərdi?

Handan-hana Natəvan:

– O günü məktəbə getmişdim, Aydanın müəlliməsi çağırmışdı.

Rahab ona tərəf baxmadan:

– Nə məsələydi?

– Heç, valideyn iclası idi, orda bilmirəm hardansa söz düşdü, Nihadı sünnət etdirməyimizdən danışmışam, ölüblər gülməkdən.

– Müəllimələr?

– Yox e, nə müəlliməsi? Aydanın sinif yoldaşlarının anaları da orada idi, onlarla ordan-burdan danışırdıq, söz gəldi çıxdı kirvələrə, mən də Nihadı necə sünnət elətdirdiyimizdən danışdım, hamısının əli qalıb ağzında, bir gülüşürdülər ki, gəl görəsən.

– Mənə də de, mən də gülüm.

– Elə danışırsan ki, elə bil sən orda yoxuydun.

– Yenə də olsun, sən de, həm də eynən məktəbdəki qadınlara danışdığın kimi de.

Natəvan həyat yoldaşının üzünə baxdı, heç nə anlamamış kimi bir an duruxub qaldıqdan sonra:

– Sən canın, ciddisən?

Gözləri ilə masa örtüyünün naxışlarını sanki samanlıqda iynə axtarırmış kimi diqqətlə izləyən Rahab gülümsünərək:

– Hə, -deyə cavab verdi. Rahabın bu əhvalatı xatırlamaq, həm də onun dilindən eşidərək xatırlamaq istədiyini anlayıb sanki başqasına, heç xəbəri olmayan birinə danışırmış kimi anlatmağa başladı:

– Bu il fevralın on ikisində Rahab təlimdən gəldiyinə görə işə getməmiş, bir günlük evdə qalmışdı, -hekayəsinin daha başlanğıcında onu gülmək tutdusa da, özünü ələ alıb davam etdi:

– Hə, nə deyirdim, Rahab evdə qalmışdı, səhər yeməyindən sonra mənə “Uşağı hazırla, aparaq kəsdirək” -dedi. Dedim Rahab, qadan alım, elə ikimiz gedəciyik? Bəs kirvəsi kim olacaq? Dedi nə kirvə? Nə isə, Nihadı geyindirdim, Aydan məktəbdə idi, Şəbnuru da yolüstü məktəbə qoyub getdik Sumqayıta, xəstəxanaya. Orada cərrah Rahaba dedi ki, bəs uşağın kirvəsi hanı, gəlsin tutsun kəsim, Rahab da nə desə yaxşıdır? Həkim, kirvəni neynirsən? Kirvə elə anasıdır.

Daha artıq özünü saxlaya bilməyib gülməkdən uğunan Natəvan:

– Rahab, sən canın, elə danışa bilmirəm, mən artist-zadam sənin üçün? Səhnədə dayanıb monoloq demirəm ki? Daha deməyəcəm, bu qədər bəsdi! -deyib zarafatca ayaqlarını yerə döydü.

– Yaxşı, yaxşı, əsəbiləşmə… Rahabın dodaqlarında anlaşılmaz bir təbəssüm donmuş, yarıaçıq dodaqlarının arasından görünən ağappaq dişləri bir-birinə sıxılaraq qıcanmışdı.

Natəvan onun heç zarafat edəcək halda olmadığını görüb susdu, ayağa qalxaraq:

– Mən bir cücələrə baxım, -dedi.

– Hə, bax, sonra da yerimi aç, yatacağam.

– Yaxşı, istəyirsən birinci yatağını rahatlayım.

– Yox, işində ol.

İki dəqiqə sonra cücələrinə baş çəkib qayıdan Natəvan:

– Gəl, yerini açıram.

– Hə, bir də yadıma düşmüşkən, srağagün çəkdirib gətirdiyim şəklimi də gətir indidən qoyum cibimə, yadımdan çıxmasın, sabah verəcəyəm metal lövhənin üstünə döysünlər.

Natəvan paltar dolabının üstündən albomu götürüb içindən Rahabın istədiyi fotoşəkli seçib götürdü, ona uzadaraq:

– Bunu deyirsən, hə Rahab, -dedi.

– Hə, Rahab xanımından aldığı rəsminə uzun-uzun, diqqətlə baxdı, sanki uzun illərdir ki, görmədiyi bir tanışının şəklinə baxırdı. Hərbi geyimdə, dövlət bayrağının yanında ayaqüstə, dərin hörmət hissi ilə dayanan bu gəncin ən çox da çiynindən asılmış silahını və döşündə parlayan medallarını incələyirdi. Onun sinəsinə yaraşıq, duruşuna əzəmət qatan bu dörd medalın, Azərbaycan silahlı qüvvələrinin yaranmasının doxsan illiyi, Azərbaycan silahlı qüvvələrinin doxsan beş illiyi, Azərbaycan Respublikası silahlı qüvvələrinin yaranmasının on illiyi və xüsusi xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medalına baxarkən bu təltifləri, habelə aldığı digər fəxri fərman və təşəkkürnamələri xatırlayır, sinəsi qürur hissi ilə qabarırdı. Sol əlinin işarət barmağını fotoşəkildəki medalların üstündə gəzdirə-gəzdirə “Bu medalları döşündə gəzdirmək hər oğlana nəsib olmur” -deyə içindən keçirtdi. Medalların ilkini aldığı an canlandı gözlərində…

2001-ci ilin payızı idi, hissənin şəxsi heyyəti mərasim üçün düzülmüşdü. Qüvvə komandanı da düzülüşdə iştirak edirdi. Xüsusi təyinatliların vətən və millətimiz qarşısındakı əvəzsiz xidmət və qəhrəmanlıqları haqqında onun qısa çıxışından sonra sıra təltiflərə gəldi. Rahabın adı çağrıldığında həyəcanla “Mən!” -deyə bağırdı, “Azərbaycan Respublikası silahlı qüvvələrinin yaranmasının on illiyi medalını almaq üçün mərkəzə” komandasını eşitdiyində isə sevincindən az qala qəlbi dayanacaqdı. Qaçaraq qüvvə komandanının dayandığı yerə altı addım qalmışa qədər yaxınlaşdı, daha üç sıra addımından sonra hərbi salam verib:

– Cənab polkovnik, gizir Muradov Azərbaycan respublikası silahlı qüvvələrinin on illiyi medalını almaq üçün gəlmişdir, -deyə məruzə etdi…

Qüvvə komandanının onu təbrik edərək medalı öz əlləri ilə hərbi geyiminin döşünə taxdığı anı təkrarən yaşayır, iftixar hissi ilə sinəsi qabarırdı.

Rəsmə baxarkən ordakı oğlanın çiynindəki silah və döşündə parlayan medallarından başqa daha bir şey diqqətini çəkdi, öz-özünə, amma yaraşıqlı oğlandır, deyə düşündü. Sonra da asta səslə təsdiqlədi, doğrudan yaraşıqlı oğlandır... O, rəsmdə təsvir olunan şəxsdən gah özü kimi, gah da başqasıymış kimi bəhs edirdi. Boy desən onda, buxun desən onda, qaraqaş, qaragöz, şokolad kimi oğlandır… Sonra üzünə yaxınlaşdırdığı şəkildən gözünü çəkmədən, maşallah, enli kürəkləri, əzələli qolları hərbi geyimin altından belə hiss olunur, Allah nəzərdən saxlasın…, -deyə ürəyindən keçirdi.

Fotoşəkli yanında dayanıb onu izləyən xanımına uzadaraq:

– Natəvan, bunu bir kağıza səliqə ilə bükdükdən sonra qoy formamın döş cibinə, sabah işdən gələndə rəssama verəcəyəm döysün lövhənin üstünə, -dedi.

Xanımı onun əlindən şəkili alaraq dönüb bükmək üçün kağız axtarmağa getdi, Rahab da adəti üzrə, yatmadan öncə təmiz hava almaq üçün həyətə çıxdı.

İki gün sonra işdən qayıdarkən əlində gətirdiyi bəzəkli kağız torbanı hər zamankı kimi, onu darvazanın ağzında qarşılayan xanımına uzatdı:

– Bax gör necə çıxıb?

Torbanın ağzını açaraq rəsmi ordan çıxaran Natəvan:

– Ay Allah, necə də qəşəngdir, necə gözəl işləyiblər belə...

– Bir gör kimin şəklidir o?

– Rahab, toy şəklimizi də belə döydür də, nolar?

– Yaxşı, toy şəklimizi də döydürərəm, uşaqlarla birlikdə çəkdirərik, onu da, qoy hələ bir- iki gün keçsin, bu aralar işdən vaxtım olmur.

– Yaxşı.


Danışa-danışa evin kandarına gəldilər. Bu gün Rahabın kefi kök idi, elə bil son zamanlardakı laqeydlik və yorğunluq getmiş, yerinə dinclik gəlmişdi. Xanımı ondakı bu dəyişikliyi hiss etdi deyə kefini qaçıracağından ehtiyat etmiş olacaqdı ki, heç nəyi büruzə vermədi. Evin giriş qapısına çatan Rahab qabağına qaçan qızlarını öpüb, saçlarını oxşadıqdan sonra oğul balası ilə bir az boks oynadı, zarafatca yumruqlaşdı, daha sonra çəkmələrini soyunaraq təmizlədi və son vaxtlardakı adəti üzrə üzünü çölə doğru qoyub içəri keçdi. Natəvan da öz növbəsində, yenə həmişə olduğu kimi kişinin ayaqqabılarının üzünün çölə durmasının yaxşı əlamət olmadığı barədə eşitdiklərini xatırlayaraq hiss elətdirmədən ayağının burnu ilə həyat yoldaşının çəkmələrinin üzünü yana çevirib onun ardınca içəri keçdi.

Rahab baxmaq üçün xanımına verdiyi və daha sonra əldən-ələ gəzərək Nihadda dayanan döydürülmüş fotoşəkli alıb masanın baş tərəfinə qoydu və əynini dəyişmək üçün yan otağa keçdi.

Bu vaxt balacalar da şəklin başına yığışaraq onların atalarının hamının atasından yaraşıqlı, güclü-qüvvətli olması barəsində fikir mübadiləsi edir, onun haqqında iftixar hissi ilə danışırdılar. Qızların diqqətini atalarının döşündə parlayan medalları çəkirdi. Nihad ən çox silahı ilə maraqlanır, bacılarına:

– Görərsiniz, mən də böyüyəndə atam kimi tüfəyim olacaq, erməniləri bircə- bircə öldürəciyəm, -deyirdi.

Aydan balaca barmaqlarını atasıının rəsmindəki medalların üstündə gəzdirə- gəzdirə:

– Ay ata, nolar, gəl şəkil çəkdirək, -dedi.

Rahab keçib divana əyləşərək xanımına səsləndi:

– Natəvan fotoaparatı gətir, balalarımınan şəkil çəkdirəciyəm.

Uşaqlar analarının gətirdiyi rəqəmsal fotoaparatla həm birlikdə, həm də hərəsi ayrı-ayrılıqda ataları ilə onlarla şəkil çəkdirdilər. Onlar atalarının qucağında oturur, boynuna sarılır, öpür və ağla gələ biləcək hər formada şəkillər çəkdirir, sevinc və şıltaqlıqlarından bir yerdə dura bilmirdilər. Nəhayət, Natəvanın acıqlı səsi onları özlərinə gətirdi:

– Bu günlük bəsdi, bir az da sonra çəkdirərsiniz, atanız öldü acından!

Bunu deyən Natəvan əlindəki fotoaparatı Aydana verib:

– Apar qoy yerinə, -dedi və həyat yoldaşına dönərək:

– Rahab, yeməyi gətirim?

– Hə e, lap acından ölürəm, bu köpəyuşağı da başımı qatmağa vaxt tapdı.

– Bu dəqiqə, ay Rahab, sən yuyunana qədər mən də yeməyi hazırlayaram.

Tez-tələsik süfrəni hazırlamağa çalışan Natəvan bir tərəfdən yeməyi qızması üçün qazın üstünə qoymuş, digər tərəfdənsə, mətbəxdən çörək və salat gətirməkdə idi. Rahab əynini dəyişib əl-üzünü yumaq üçün çölə çıxdığında xanımı artıq xörək dolu boşqabları təpsiyə qoyub gətirirdi, qapıda rastlaşdılar. Rahab:

– Ay Natəvan, Allah köməyin olsun, hardan bildin ki, ürəyim kotlet istəyir?

Onun bu sualına gülümsəyərək cavab verən xanımı:

– Məgər mən orda deyiləmmi? -dedi.

– Əlbəttə, ordasan, -deyə cavab verən Rahab əvvəlcə qeyri-ixtiyari şəkildə əlini ürəyinin üstünə qoydu, sanki verdiyi cavabdan əmin deyildi və xanımının orda olub-olmadığını yoxlamaq istəyirdi, daha sonra üz-üzə dayandığı ömür-gün yoldaşının saçlarını oxşayaraq:

– Sən mənim hər şeyimsən, sadəcə, həyat yoldaşım, balalarımın anası, dünyadakı tək sirdaşım deyilsən, Natəvan, hər şeyimsən, hər şeyim, Allah sənsizliyi mənə göstərməsin…, -dedi və qəfil dolan gözlərini gizlətmək üçün iri bir addım atıb xanımının yanından keçdi.

Həyat yoldaşının bu sözlərindən mütəəssir olan Natəvanı xəyallar qanadlarına alıb illər öncəsinə apardı.

O, hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyir, lakin bu arzusunun heç vaxt reallaşmayacağını da bilirdi, çünki atası qısqanc adam idi və iki dünya bir olsa da, sevimli qızının bu ağır peşəni seçməsinə razı olmazdı. Amma onun ürəyində əsgər geyiminə qarşı bir arzu, bir istək var idi. Arada zarafatla Rahaba:

– Mən sənə yox, sənin formana vurulmuşdum, -deyər, ömür-gün yoldaşını qıcıqlandırardı.

İndi də özü şahid olmasa da, Rahabın dediyi, sanki o da oradaymış kimi baş verən hadisələri xatırlamışdı...

2001-ci il idi, məzuniyyətini keçirmək üçün kəndlərinə gələn Rahab bir axşam sonbeşik qardaşı Ruzifin fotoalbomuna baxırdı. Birdən onun diqqətini Ruzifgilin çəkdirdikləri son kollektiv şəkildə ayaqüstə dayanmış Ruzifin önündə stulda əyləşən qız cəlb etdi, dirsəkləndiyi yerdəcə gözlərini əlində tutduğu şəkildən ayırmadan yanında əyləşmiş qardaşına:

– Ayə, Ruzif, bu kimdi belə?

– Hansı? -deyə suala sualla cavab verən Ruzif qardaşının soruşduğu sinif yoldaşını gorə bilmək üçün önə əyildi.

– Bu da, bunu deyirəm, sənin önündə əyləşən

– Natəvandır da...

Gözlərini şəkildən ayırıb Ruzifə baxan Rahab:

– Hansı tərəfdə olurlar?

– Qəbristanlığın yanında, asfaltın qırağında, - sonrab da əlave etdi:

– Onu neynirsən?

Qardaşının sualına gülümsəməklə cavab verən Rahab əlindəki şəkilə bir daha diqqətlə baxıb albomdakı yerinə qoydu, ayağa qalxıb pəncərədən açarları götürdü və Ruzifə:

– Gəl düş qabağıma.

Sakitcə qalxıb qardaşının arxasınca gedən Ruzif gəlib onunla birlikdə avtomobilə əyləşdi. Maşınını işə salıb həyətdən çıxan Rahab Ruzifin boynunun kökündən bir şapalaq vurdu:

– Bilirsən hara gedirik?

Ruzif gülümsünərək:

– Yox, hardan bilim?

– Natəvangilə!

– Ora nəyə?

– Heç, elə-belə, evlərini göstərəcəksən.

Ruzif qardaşının üzünə baxdı, gözlərindəki parıltını hiss etdiyində sevinclə:

– Eee, başa düşdüm…

Ertəsi gün Natəvangilin məhəlləsində dolanan Rahab nəhayət ki, onu gorə bildi. Natəvan yanında bir gəlinlə bulaqdan su gətirirdi. Çiynindəki səhəngin ağırlığına baxmayaraq qamətini düz tutub irəliləyən bu qız yanındakı gəlinlə nədənsə danışıb gülür, arabir boş qalan əli ilə yanağına tökülən ipək saçlarını toplayıb qulağının arxasına keçirirdi. Günəş vurduğundan qıyılmış gözləri, arabir büzülən dodaqları hələ on beşində olan bu qızın gözəlliyinə daha bir incəlik qatır, güldüyündə görünən ağappaq dişləri onu daha da sevimli göstərirdi. Onlar gəlib Rahabın yanından keçəndə göz-gözə gəldilər, Natəvan kənd qızlarına məxsus, bir az da yaşının verdiyi utancaqlıqla gözlərini süzdürdü, dərhal sonra da qıpqırmızı qızardı, Rahabsa həmişəki təbəssümü üzündə həyatda rəsmindəkindən daha gözəl olan bu qıza heyran-heyran baxırdı…Onlar yanından keçib getdikdən sonra gəlib maşınına əyləşdi, mühərriki işə salıb arxalarınca bir az gəldikdən sonra dayandı, Natəvanın həyət qapılarından içəri keçənədək gözləri ilə izləyib evə döndü, çatar-çatmaz anasına:

– Ana, əl çəkmirdin ki, evlən, evlən, daha evlənirəm, indi siz də toya hazırlaşın.

Heyrətdən ağzı bir qarış açıq qalan anası:

– Bıy, ay bala, başıma xeyir, kimi alırsan elə?

– Natəvanı.

– Natəvan kimdi?

– Ruzifin sinif yoldaşı yoxdu, burda qəbirstanlığın yanında qalırlar.

– Başıma xeyir, ay bala, o hələ uşaqdır ki, mən də deyirəm bəs kimi deyir.

– Böyüyəcək da, ay ana!

Doğrudur, ilk dəfə görəndə Natəvan onu tanımır və elə ona gorə də, bu qəşəng oğlanla qarşılaşmalarını sadəcə olaraq xoş təsadüf sayırdı, lakin daha sonralar onu məhəllələrində bir neçə dəfə gördü, məktəb açıldıqdan sonra da vaxt tapıb rayona gedən Rahabı məktəbin həyətində görürdü. Bütün bunlara baxmayaraq, gözlərini üzərində hiss etdiyi bu oğlanın kimliyini hələ də bilmirdi. Nəhayət, 2002-ci ilin yazında Rahabgilin ailəsi Natəvana elçi düşdü, amma o, tanımadığım oğlana getmərəm deyib iki ayağını bir başmağa geyindi. Ayrıca, xəyalları da var idi, hərbçi olmasa da, haradasa oxumaq, təhsil almaq istəyirdi. Sonunda, oğlan evindən qadınlar Natəvanın anası ilə razılaşdılar ki, Rahab evə gəlsin və qız kənardan da olsa, baxıb son qərarını versin. Həftə sonu kəndə gədən Rahab gələcək qayınatasının evdə olmamasından da istifadə edərək onlara getdi. Pəncərədən, pərdənin ardından onu görən Natəvan yerindəcə quruyub qaldı, Rahab həyətə girərək orda dayanmış, sevgilisini gorə bilmək üçün ora-bura boylanırdı. Əynindəki təmiz və səliqəli əsgər geyimi, par-par parıldayan çəkmələri may günəşinin altında yay gəlmədən qaralmış alnına dağılan qara saçları bu hündürboy, şux qamətli oğlanın duruşuna daha da əzəmət qatırdı. Natəvan gözlərindən başlayan bir istiliyin oncə qəlbinə axdığını, oradan da dalğa- dalğa bütün bədəninə yayıldığını hiss etdi… Artıq qərarını vermişdi, bu hərbçi oğlanla evlənəcəkdi, hərbçi ola bilməsə də, öz arzularını, xəyallarını Rahabın cismində gerçəkləşdirəcək, ən azından sevgilisi, digər yarısı hərbçi olacaqdı. Doğrudur, Rahab o vaxt heç Natəvanı gorə bilmədi, amma evlərinə döndüyündə xanımların gətirdiyi xəbər onu sevincə boğmağa, havalara uçurmağa yetmişdi. Bəli, qız razı idi. Qısa müddət sonra ailələr arasında söz kəsildi, üzük və yaylıq verildi, elə həmən ilin dekabrın yeddisində isə nişanlandılar…

Nişanlı günləri kənd qaydasına uyğun olaraq səs-səmirsiz keçdi. Ayaqaçdıdan sonra demək olar ki, hər bazar evə gələn Rahab işlədiyi yerdə tikiş tuta bilmir, bir həftə getməsə, özünə yer tapa bilmirdi. Bir gün Natəvana:

– Gəlib səni görmək üçün hər həftə bir qohumumu öldürürəm, nənə-baba da qalmayıb artıq, -demişdi.

Ayrılığa daha artıq dozə bilməyən Rahabın istəyi ilə əvvəlcə payıza qərarlaşdırılmış toyun vaxtını irəli çəkib avqustda evləndilər.

Evləndikdən sonra onların birlikdə saysız xoş və elə o qədər olmasa da, az sayılmayacaq qədər çətin günləri olmuşdu. Ancaq bu iki insan əsil həyat yoldaşı necə olur sualının cavabını öz yaşam tərzləri, bir-birlərinə arxa-dayaq olmaları ilə vermiş, həyatın cürbəcür sınaqlarından əl-ələ tutaraq keçmişdilər.

Toylarından qısa müddət sonra, sentyabrda Rahab çalışdığı hərbi hissənin yaxınlığındakı qəsəbədə kirayə ev tutub xanımı ilə birlikdə ora köçdü. Bura kiçicik bir şirin həyət evi idi. Həyətdəki qoca, tükü tülənmiş köpəklə pişik o qədər mehriban yaşayırdılar ki, çox vaxt pişik köpəyin belinə çıxıb oradaca yatırdı. Bir müddət həyət evində qaldıqdan sonra yaxınlıqdakı binaya köçdülər, çünki Rahab bəzən gecələri növbədə qaldığından gənc xanımı hər səsdən, hər şaqqıltıdan səksənir, yalqız keçirdiyi gecələrdə bəzən çimir almadan sabaha çıxırdı… Nəhayət, son duraqları bura, indi yaşadıqları evləri, öz ocaqları olmuşdu.

Elə olmuşdu ki, Rahab işdən göndərildiyi təlimlər və kurslar səbəbiylə aylarla evdən aralı qalmış, amma xanımı əsil Azərbaycan qadınına yaraşan mətanət örnəyi göstərərək onun yoxluğunu övladlarına hiss etdirməmiş, dərslərindən tutmuş sinif yoldaşları ilə yaşaya biləcəkləri problemlərə qədər həyatın qarşılarına çıxara biləcəyi bütün çətinliklərlə maraqlanmış, hər dərdlərini sanki Rahab evdəymiş, o maraqlanırmış kimi diqqətlə həll etmişdi. Ömür-gün yoldaşının işinin ağır və stresli olduğunu bildiyindən o işdən gələnədək uşaqların dərslərini həll edir, ayrıca bütün ev işlərini bitirməyə çalışırdı ki, Rahab evdə olduğu zaman onun qulluğunda könlüncə dura bilsin. Bütün bunlardan əlavə, bu fədakar ana, cəfakeş xanım hər il min bir əziyyətlə də olsa, qırxa yaxın hinduşka bəsləyib böyüdər, yeni il qabağı satardı ki, evlərinin büdcəsinə mümkün qədər maddi köməyi toxunsun. Hərdən ya qonum- qonşudan, ya da ətrafındakı tanıdığı qadınlardan bəziləri ona tənə vurar, “Ay qız, üç körpə uşaqla hələ bir də hinduşka saxlayırsan? Ərinin maaşı bəs eləmir? Canına yazığın gəlsin”, -deyə onu öz aləmlərində danlamağa, ağıl verməyə çalışardılarsa da, o əsla bu sözlərə qulaq asmaz, bir qulağından alıb o birisindən ötürərdi.

Bəli, belə idi onların həyatları, nikahda deyildiyi kimi, yaxşı gündə, pis gündə də bir-birilərinə dəstək və kömək etməyi düşünərək yaşayırdılar bu fani dünyada…

Natəvan onun birdən-birə kövrəldiyini hiss etmədi, bəlkə də hiss etmiş, amma söyləməməyi üstün tutmuşdu, Rahab da bunu heç vaxt öyrənə bilməyəcəkdi.

Axşam yeməyi bir xeyli şən keçdi, atalarının xoş əhval ruhiyyəsi övladlarına da sirayət etmiş, onların da son vaxtlardakı çəkingənlikləri yox olmuşdu. Yeməkdən sonra Rahab əvvəlcə Aydanı yanına çağırıb onun belinə qədər düşən uzun saçlarını oxşadı, ovcuna toplayaraq öpüb qoxladı, burnundan, yanaqlarından işarət və orta barmaqlarını qatlayıb birləşdirərək astaca çimdiklədi, daha sonra isə dərslərini soruşaraq ertəsi günə hazır olub-olmadığını yoxladı. Aydanının sorğu-sualı bitdikdən sonra sıra Şəbnura gəldi. Bir az da onunla oynadıqdan sonra dərslərini soruşaraq onu da oynaması üçün bacısının yanına göndərib Nihadı çağırdı:


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin