H Ə m ş Ə xani m 3 pərdə 5 şəkildə komediya


İNTERMEDİYA Küçədir. Əlində çətir tutmuş Diləzbərlə Azər gəlir



Yüklə 424,9 Kb.
səhifə2/4
tarix09.03.2017
ölçüsü424,9 Kb.
#10791
1   2   3   4

İNTERMEDİYA
Küçədir. Əlində çətir tutmuş Diləzbərlə Azər gəlir.
A z ə r. Sən sevgilim, şöhrətimsən, şanımsan,

Kənar gəzmə inciyərəm, canımsan,

gəl, gəl...

D i l ə z b ə r. Səndən ayrı uzaq gəzə bilmərəm,

Istəsəmdə buna dözə bilmərəm

gəl, gəl...

B i r l i k d ə. Nə zamandır ixtiyarım səndədir,

gəl, gəl...


Xoş günlərim, növbaharım səndədir.

gəl, gəl...


A z ə r. Diləzbər, anam mənə rahatlıq vermir, hər gün soruşur: onu haçan gətirəcəksən evimizə.

D i l ə z b ə r. Kimi?

A z ə r. Səni deyir. Arvad məndən çox tələsir.

D i l ə z b ə r. (utanır). Nə danışırsan, Azər.

A z ə r. Diləzbər, sən məni qınama. Bu vaxtadək tələsmirdim, ona görə ki, ev yox idi. Yerli komitənin sədri Firuz deyir, fabrikdən onsuzda hərənizə bir mənzil verməliydik. Sizin məhəbbətiniz bizim də xeyrimizə oldu. Indi ikinizə biri bəsdir. Diləzbərin payına düşən mənzillə də başqasını təmin etdik.

D i l ə z b ə r. (zarafatla). Azər, belə görürəm sən subaylıqdan bezirsən.

A z ə r. Xeyr. Mən subaylıqdan bezmirəm. Sənsizliyə dözmürəm.

D i l ə z b ə r. Yox, bu tezliklə mən evlənməyə razı deyiləm. Axı nə olub?

A z ə r. Istəyirəm keçməsin

Bircə dəqiqəm sənsiz.

Təzə mənzil darıxır,

Həm mənsizdir, həm sənsiz.


Kim olar bu həyatda

Könlümə həmdəm sənsiz.

Təzə mənzil darıxır,

Həm mənsizdir, həm sənsiz.


Insafa gəl düşün bir,

Çəkmərəmmi qəm sənsiz?

Təzə mənzil darıxır,

Həm mənsizdir, həm sənsiz.

D i l ə z b ə r. (mehribanlıqla ona qısılır), Daha get, Azər. Buracan məni ötürdün, bəsdir. Işdən çıxmısan, yorğunsan.

A z ə r. Mən deyənə razısanmı, Diləzbər?! (Diləzbər kirpiklərini endirib qaldırır.) Sağ ol! Sabahdan toya hazırlıq işləri başlanır!


A z ə r gedir. Diləzbər Təsadüflə qarşılaşır. Qızın ona baxdığını görən Təsadüf dayanır.
T ə s a d ü f. Sizi iki, yaxud, üç dəqiqə yubatmaq olarmı?

D i l ə z b ə r. Əgər çox vacibdirsə, buyurun.

T ə s a d ü f. Icazə verin mənə elə mənalı nəzər fırlatmağınızın real səbəbini bilim.

D i l ə z b ə r. (gülümsəyir). Mən... Bağışlayın, elə - belə baxdım.

T ə s a d ü f. Inanmıram. Elə - belə və mənalı nəzərlər? Bu ki, təzaddır.

D i l ə z b ə r. Qorxuram deyəm, xətrinizə dəysin.

T ə s a d ü f. Deyin. Mən haqsız tənqidlərə çox məruz qalmışam. Son vaxtlar o mənimçün bir növ sport olmuşdur. Inanın ki, elə şair kimi də tənqiddə bərkimişəm. əvvvəllər belə deyildim.

D i l ə z b ə r. Demək siz şairsiniz?

T ə s a d ü f. Özü də lap xalisindən! Naturalnı. Netto!

D i l ə z b ə r. Bağışlayın, adınız nədir?

T ə s a d ü f. Elə isə tanış olaq: adım Təsadüfdür.
Diləzbərin çətirinin ucundan tutub sıxır.
D i l ə z b ə r. (gülür). Təsadüf?

T ə s a d ü f. Bilirsinnizmi, mənim valideynlərin evləndikdən sonra əlbət ki, onların toyu yadıma gəlmir... uzun müddət uşaqları olmayıb. Günlərin bir günündə gözlənilmədən, təsadüfən mən doğulmuşam, hədsiz seviniblər. Zavallılar adımı da Təsadüf qoyublar.

D i l ə z b ə r. Maraqlıdır...

T ə s a d ü f. Bəli, mənim tərcümeyi-halım son dərəcə maraqlı və mənalıdır.

D i l ə z b ə r. Təsadüf... Belə şair eşitməmişəm.

T ə s a d ü f. Eşitməzsiniz də. Çünki mənim təxəllüsüm var. Şeyirlərimin altında ayrı cür imza edirəm.

D i l ə z b ə r. Təxəllüsünüz necədir?

T ə s a d ü f. T.nöqtə Hünərli. Tanıdınızmı?

D i l ə z b ə r. Xeyr.Hərçənd şair azdır. Ancaq bu saat şeir yazanlar o qədər çoxalıb ki, heç özləri bir-birini tanımırlar.

T ə s a d ü f. Səhv etmirsiniz. Lakin mən o tayfadan deyiləm. Yaxşı, bəs siz öz adınızı söyləmədiniz?

D i l ə z b ə r. Adım... İksdır.

T ə s a d ü f. Bu tanışlığa ürəkdən şadam. (Qımışır,) İndi deyin, bayaq mənə niyə o cür baxdınız?

D i l ə z b ə r. (qısıla-qısıla). Doğrusu... saçınız, bakenbardınız elə uzundur ki, sizi tanış bir qıza oxşatdım.

T ə s a d ü f. Xeyr. Mən əslində erkək cinsindənəm. O ki, qaldı bakenbardlarıma, onlarsız mən özümü yarımçıq hesab edirəm.

D i l ə z b ə r. Elədir. Saqqal da qoysaz komplektiniz lap tamamlanar.

T ə s a d ü f. Var elə bir fikrim. Bilirsinizmi, mənim əqidəmcə saqqal bakenbardın məbədidir. Bığ isə insana təmamilə lazımsız bir detaldır. Xüsusən şairə artıq yükdür. Saqqal əgər öz ağırlığı ilə çənəni aşağı dartır və şair ağzının açılmasını asanlaşdırırsa, bığ əksinə, üst dodağı yuxarıdan basıb, ağzı örtülməyə məcbur edir. Elə buna görə də qədim şairlərin, filosofların, natiqlərin böyük bir qismi bığlarını qıxdırıb, saqqallarını uzatmışlar. Bütün bunlardan sonra ürəkdən gələn bir səmimiyyətlə sizə demək istəyirəm ki:

Yanağın tər göbələk,

Desələr ki, lalədir,

Inanma, ay qız, ay qız.

Dodağın kokteyl tək,

Desələr piyalədir,

Inanma, ay qız, ay qız.

Saçını çiyninə tök,

Desələr şəlalədir,

Inanma, ay qız, ay qız.
Diləzbər ondan xəbərsiz gedir.
Gözümdən getmə, mələk.

Ölərəm mən yalqız

Ay qız, ay qız ay qız.

(Başını qaldıranda Diləzbəri görmür.) Qəribədir, o, birdən – birə kimyaya dönüb təbəxxür etdi! Metamorfoza! Hara qaçdın mənim İksim?

Fitlə marş çala-çala gedir.

İKİNCİ PƏRDƏ
İKİNCİ ŞƏKİL
Cəbi Cüməzadənin evi. Eyvanda stol, stul, telefon qoyulmuşdur.Təsadüf əlində kağız-qələm həyətdə gəzişərək şeir qoşur.
T ə s a d ü f. “Cahanda qranit tək bir parça qaranlıq...” (Küçədən Ələsgərin maşınının siqnalı eşidilir.) Eh!.. Bu səs-küydə mən yox, Uitmen də dirilsə, əsər yarada bilməz.
Ələsgər həyətə girir.
Ə l ə s g ə r. (Təsadüfə.) Bacım, Cəbi Cüməzadənin evi buradır?

T ə s a d ü f. (acıqla). Tutalım ki, buradır.

Ə l ə s g ə r. Səhv etmirəmsə, sən Cüməzadənin kiçik baldızısan.

T ə s a d ü f. (qeyzlənir). Xeyr!

Ə l ə s g ə r. Ayıb olmasın, bəs nəyisən?

T ə s a d ü f. Oğlu! Erkək fərzəndi!

Ə l ə s g ə r. Bıy! (Çeyməyini çıxarıb diqqətlə ona baxır.) Bu oğlanmış ki. Görürəm axı, səsin rayon avtobuslarının siqnalı kimi yoğun çıxır. Bala, atandan, anandan hansı evdədir?

T ə s a d ü f. Paxan gedib, maxan evdədir.

Ə l ə s g ə r. Adə, paxan, maxan nədir? Mən atanı, ananı soruşuram.

T ə s a d ü f. Ay əmi, niyə başa düşmürsən? Ağzımda deyirəm ki, maxan evdədir. Yəni anam.

Ə l ə s g ə r. (kənara). Bu nə dildə danışır! (Təsadüf gəzinir.) Belə bir təhərsən ey... bədbəxt hadisə - zad üz verməyib?

T ə s a d ü f. Mən hamiləyəm!

Ə l ə s g ə r. Ay bala, deyəndə ki, zənən xeylağısan, boynuna almırsan! Yaxşı, atası kimdir uşağın?

T ə s a d ü f. O gözəgörünməz ilham...

Ə l ə s g ə r. Alimentin qorxusundan görünməz də!

T ə s a d ü f. Səhərdən - axşamacan çeynədiyim, yediyim karandaş ucudur əmi.

Ə l ə s g ə r. Yerikləyirsən, qızım. Xətrin lavaşana da, turş alça da istər.

T ə s a d ü f. (gülür). Əmi, anlamadın. Mən şairəm, arvad deyiləm. Böyük sənətkarlardan biri deyib ki, yazıçının beyninə təzə mövzu düşdümü, olur hamilə. Ta o əsəri yaradıb qurtaranatək yaradıcılıq ağrısı çəkir. Indi mən də o vəziyyətdəyəm.

Ə l ə s g ə r. Ə, get ağlına dua yazdır. Mən ağzıəyrini boynunun ardından tanıyıram. Bu dərrakə ilə səndən şair çıxsa... mən bığ qoyaram! (Azacıq uzaqlaşır.Təsadüf yenə şeir qoşur,)

T ə s a d ü f. “Cahanda qranit tək bir parça qaranlıq,

qaranlıqda işıq və sükunət.

Qaranlıq - könlüm,

işıq – məhəbbətimdir”.

Əla!


Ə l ə s g ə r. (başını bulayır, öz-özünə). Həmşəxanım məni gözləyir. Gedim çağırım gəlsin. (Gedir.)

T ə s a d ü f. “İdealım... İdealım... Adyalım...” Yox bundan sonra qafiyə ilə yazmayacağam. O köhnəlmiş, tapdalanmış formadır. Təzə modada vəznsiz, qafiyəsiz anlaşılmaz şeirlər quraşdıracağam. Qoy heç başa düşməsinlər. Mən intellektual şairəm!



Z ə r n i ş a n eyvana çıxır. Oğluna qulaq asır.
İdeal... Bakenbard...Honenhagen...Gözəl sözlərdir, heyif ki şeirə girmir.

“İdealım dumalı asvalt və sürüşkən yol

yolda iki qaraltı...

bakenbard kimi...”

Tapdım sən öləsən! (Yazır.) Əladır!

“Bakenbard kimi,

biri sağda,

biri solda...”

Yaxud əksinə.

“Gedirik... gedirik,

hara gedirik, özümüzdə bilmirik.

Məhəbbətim – fakel –

Başımızın üstündə yanır.

Aləm, körpə təbəssümü tək

işıqlanır...

işıqlanır...

işıqlanır...”

lüks! (İmza atır.) T nöqtə Hünərli. Bunu sözsüz danışıqsız çap edəcəklər! Mən adi şeir yazmaq istəyirdim gözəl məhəbbət simfoniyası çıxdı! Metamorfoza!!

Z ə r n i ş a n. A bala, Təsadüf, fakel nədir? Bakenbard nədir?

T ə s a d ü f. Fakel – məşəldir, bakenbard - kişi birçəyi.

Z ə r n i ş a n. Onda elə adan balası kimi məşəl, birçək yazda.

T ə s a d ü f. Olmaz. Sən bu priyomları başa düşməzsən. Mən intellektual şairəm. Dünən bir qəribə qıza vurulmuşam, ona yazıram bu şeiri.

Z ə r n i ş a n. (sevincək aşağı enir), Axır ki, istədiyini tapdın, bala. Barı gözəldirmi?

T ə s a d ü f. Təxminən gözəldir.

Z ə r n i ş a n. Xoşuna gəlir, hə?

T ə s a d ü f. Yarısı xoşuma gəlir, yarısı yox. Lakin nöqsanlı yerlərini ixtisar və redaktə etmək mümkündür.

Z ə r n i ş a n. Təsadüf, sən nə danışırsan. Xalqın qızının ətini əndamını kəsəcəksən?

T ə s a d ü f. Ətini yox. saçlarını oğlansayağı vurdurub, qırmızı boyaca, şalvar, yaxud mini yubka geysə, zövqümü oxşar.

Z ə r n i ş a n. Onlar sonranın işidir, adı nədir qızın?

T ə s a d ü f. Adı, Diləzdir. Onu da özü demədi, qonşularından soruşub, öyrəndim. Bibisi ilə yalqız yaşayır, o mələk, nağıllardakı kimi.

Z ə r n i ş a n. Hansı peşənin sahibidir?

T ə s a d ü f. Elə mənasız şeylərlə maraqlanmağa dəyməz. Təki o, məni duysun, qiymətləndirsin. Qoy paxan gəlsin, çəkinmədən deyəcəm. Daha mənə təklik əl vermir.

Z ə r n i ş a n. Lap bu tezlikdə?

T ə s a d ü f. Mənim əl yazılarımı toplayıb, səliqəyə salmağa bir adam lazımdır ya yox?


O, fitlə marş çala-çala gedir
Z ə r n i ş a n. Kaş bir abırlı yerdən olaydı!
Evə keçir. Ə l ə s g ə r H ə m ş ə x a n ı m l a gəlir.

Ə l ə s g ə r. Zərnişangilin mənzili budur. Sən keç söhbətini elə, mən də maşına benzin doldurum, gəliram. Bax... (Siqnalının səsini yamsılayır.) Belə siqnal versəm, bil ki, səni çağırıram.

H ə m ş ə x a n ı m. Yaxşı, sən allah, dirsəyini pəncərədən çıxarıb, birəlli sürmə. (Evə keçir.Ələsgər gedir. Bir azdan gülə-gülə Zərnişanla eyvana gəlirlər.) Hə... gərək dünən görəydin o Cüməzadə qorxusundan pulları başıma şabaş kimi necə yağdırırdı.

Z ə r n i ş a n. Ancaq bu yolla onu Bənövşədən ayırmaq mümkün olmayacaq. Xəlvətdə yenə görüşəcəklər.

H ə m ş ə x a n ı m. Darıxma, onun da çarəsini qılacağam. (Pulları çıxarıb Zərnişana verir.) Halal xoşun olsun. Get, acığına özünə qəşəng bir paltar al, geyin.

Z ə r n i ş a n. Birdən soruşdu bu hardandır, nə deyim?

H ə m ş ə x a n ı m. De, anam alıb.

Z ə r n i ş a n. Məni işləməyə qoysa, heç onun əlinə baxarammı?

H ə m ş ə x a n ı m. Fikir eləmə. Gələn ay səni öz fabrikimizdə işə də düzəldəcəyəm.

Z ə r n i ş a n. (sevinir). Nə yaxşı olardı.


Cüməzadə Muxtarla həyətdə görünür.
Z ə r n i ş a n. Odur, özü də gəldi.

M u x t a r. Hə... Cəbi qağa, qoy onu da deyim, ürəyimdə qalmasın. O hündür Ələsgər var a... Vay!.. Vay!.. Vay!.. Həmşəxanımdan kəsir belə olmayan kimi. Səhərdən axşamasan xəlvətdə pıç-pıç, pıç – pıç... Srağagün bu gözlərimlə gördüm: bir dənə göy “Zaporojes” içində hündür Ələsgər, yanında da Həmşəxanım. Yel kimi ötüb keçdilər yanımdan, salam da vermədilər. Elə bil heç mən adam deyiləm.

Cü m ə z a d ə. Muxtar, gör sən necə əfəlsən ki, yalan danışmağı da bacarmırsan. Adə, hündür Ələsgərin maşını göydür, sarımtıl?

M u x t a r. Hə... Üstünə kölgə düşmüşdü, sonra bir az uzaqlaşdı, gördüm siz deyən rəngdədir. Bunlar belədir də... toxuculuq fabrikini döndəriblər məhəbbət fabrikinə. Hərə birinə aşiq olub.

H ə m ş ə x a n ı m. (eyvandan). Ay səni elektrik vursun, Muxtar!

Cü m ə z a d ə. Gözlərini bağlayıblar, ürəyindən qıfıl asıblar? Sən də tut, birini sev.

M u x t a r. Qızlar mənə yaxın düşmürlər. Deyirlər sən Cəbi Cüməzadənin quyruğusan.

Cü m ə z a d ə. Yəni mənim quyruğum Ələsgərcən də olmadı? Yaxşı, yeri get, daha həyətə girmə, Zərnişan görsə, yenə abrını ətəyinə bükəcək.

M u x t a r. Vay!.. Vay!.. Vay!.. Mən külbaş kimə yaxşılıq elədim, əvəzində yamanlıq gördüm.
Gedir. C ü m ə z a d ə evə keçir. Z ə r n i ş a n pərdənin arxasında gizlənir. Cüməzadə eyvanda Həmşəxanımı görcək qorxuya düşür.
Cü m ə z a d ə. Həmşəxanım?

H ə m ş ə x a n ı m. (özünü bilməməzliyə qoyur). Ay əleykəssalam

Cü m ə z a d ə. Sən burda neyləyirsən?

H ə m ş ə x a n ı m. Zərnişanla söhbətim var.

Cü m ə z a d ə. Nə söhbət?

H ə m ş ə x a n ı m. Özümüz bilərik. Arvadların işinə niyə qarışırsan?

Cü m ə z a d ə. Həmşəxanım, ağzının qaytanı yoxdur?! Bəs dünən o məsələyə əncam çəkmədik? Şərtimiz necə oldu?

H ə m ş ə x a n ı m. Şərti sizlər pozursunuz. O tərəf farağat oturmur. Dünən yenə neçə dəfə zəng çalıb sizi xəbər alıb. (Bənövşəni təqlid edir.) “Cəbi Cüməzadə ordadır? Hara gedib, haçan gələcək?”

Cü m ə z a d ə. Zərnişana bir söz deməmisən?

H ə m ş ə x a n ı m. Deməmişəm, indi deyəcəm.


Zərnişan arxadan səbir gətirir.
C ü m ə z a d ə. (Həmşəxanıma). Sağlam ol. Yaxşı mən indi neyləməliyəm?

H ə m ş ə x a n ı m. Götürün dəstəyi, Bənövşənin nömrəsini yığın, mən nə desəm, siz də ona deyin... Yoxsa...

C ü m ə z a d ə. Yoxsa nə?

H ə m ş ə x a n ı m. Yoxsa vallah, açaram sandığı, tökərəm bir-bir pambığı mən Həmşəxanım, bax, bu canım, and - imanım, yox yalanım, burda bir əngəl, elə cəncəl, elə bir hay, elə bir vay salaram, cümlə qonum – qonşu axar, hamsı baxar heyrətinən, qeybətinən, qəşş edərəm ləzzətinən, onda mənə yalvaracaqsız, eləmi?

Cü m ə z a d ə. Bəs o gün sən mənə söz vermədin, arvad, evi bərbad, adı bədzad, niyə tezliklə unutdun, məni atdın, pulu tutdun, heç utanmırsan o cür bəd əməlindən, o dilindən, niyə qaçdın ki, sözündən, təzə bir hoqqa çıxardırsan özündən, beləmi?

H ə m ş ə x a n ı m. Siz də fabrikdə çox sözlər verib dalından qaçmısınız.

Cü m ə z a d ə. Bəlaya düşmədik, orta hesabla! Həmşəxanım, unutma ki, hal – hazırda mən fabrikin direktor əvəzi, sənsə süpürgəçisən! Nə haqla mənimlə bu dildə danışırsan?!

H ə m ş ə x a n ı m. (çağırır), Zərnişan... (Zərnişan hay verir.) Bura gəl, sözüm var.


Zərnişanın gəldiyini görən Cüməzadə him-cimlə Həmşəxanıma susmağı işarə edir.
Z ə r n i ş a n. A... Cəbi, sən də gəlmisən? Buyur, Həmşəxanım bacı, nə deyirdin?

H ə m ş ə x a n ı m. (sözünü dəyişir). Zəhmət olmasa mənə bir stəkan çay süz.

Z ə r n i ş a n. Bu dəqiqə. (Gedib yenə pərdənin dalında dayanır.)

Cü m ə z a d ə. (arxadan ona eşitdirir). Ay qız, mürəbbə də gətir, Həmşəxanım üçün. (Həmşəxanıma.) Yaxşı, elə bil zəng vurdum, axı mən ona nə deyim?

H ə m ş ə x a n ı m. Siz zəng vurun, mən sufliyorluq eləyəcəyəm.

Cü m ə z a d ə. (çarəsiz zəng çalır). Alo? Alo? Kimdir? Sənsən? Hə. Mənəm. Əşi, Cəbidir də!.. (Həmşəxanım qalxıb qulaq asır. Cüməzadə dəstəyi onun qulağına söykəyir.) Eşitdin? Arxayın oldun?

H ə m ş ə x a n ı m. Hə, indi ona deyin, mənim göyərçinim, sən bu gündən Cəbi Cüməzadə adda adam tanımırsan.

Cü m ə z a d ə. (dəstəyə). Bu gündən Cəbi Cüməzadə adda adam... (Dili gəlmir.) tanımırsan.

H ə m ş ə x a n ı m. Mənim arvadım var, yekə oğlum var.

Cü m ə z a d ə. Mənim arvadım var, yekə oğlum var. (Acıqlanır.) Ay qız, neyləyim bunu əvvəldən də bilirdin!

H ə m ş ə x a n ı m. Deyin, ayıb olsun səninçün!

Cü m ə z a d ə. Ayıb olsun səninçün! Səninlə deyiləm, evdəkilərnənəm. (Həmşəxanım gözlərini ağardır.) Hə lap elə səninləyəm! (Qızışır.) Xeyr, sərxoş – zad deyiləm. Ağlım da başımdadır. Qurtardıq səninlə, orta hesabla! (Dəstəyi qoyub tərini silir.) Dincəldin? Qarnının ağrısı kəsdi?


Zərnişan çay, mürəbbə gətirir.

Z ə r n i ş a n. Cəbi, sənin üçün də çay süzüm?

Cü m ə z a d ə. Mənə çay yox, sərin su gətir!
Küçədən Ələsgərin maşınının siqnalı eşidilir.
H ə m ş ə x a n ı m. Gəldi. Mən daha gedim.
Zərnişanla evə keçirlər. Ə l ə s g ə r həyətə gəlir.
Ə l ə s g ə r. (aynabəndə tərəf baxır). Kimi görməmişəmsə, salaməleyküm.

Cü m ə z a d ə. (həyətə boylanır), Ələsgər? Sən buralarda nə gəzirsən?

Ə l ə s g ə r. Mənim həyətim sizin üçün bulvardır? Görüşməyə ayrı yer tapmadız?! Sən öləsən, bunlar məni dəli eliyəcəklər, orta hesabla.
Gedir. T ə s a d ü f fitlə marş çala-çala həyətə girir.
Ə l ə s g ə r. Bura bax, qurtardın?

T ə s a d ü f. Bəli, məni təbrik edə bilərsən.

Ə l ə s g ə r. Əlində-ovcunda qalsın. Adını nə qoyacaqsan?

T ə s a d ü f. Onu hələ fikirləşməmişəm. Ancaq altda bir valideyn kimi mənim imzam durur.T... nöqtə Hünərli.

Ə l ə s g ə r. İmzanı dəyiş.

T ə s a d ü f. Necə? Dəyişim? Bəs nə yazım?

Ə l ə s g ə r. Yaz. T... nöqtə Zirrama!


Gedir. Zərnişan Həmşəxanımı ötürəndə başına yaş yaylıq salmış Cüməzadə həyətdə görünür.
H ə m ş ə x a n ı m. (Cüməzadəyə). Yadımdan çıxdı, sizdən soruşum, çaynikin qapağını görməmisiz?

Cü m ə z a d ə. (acıqlı). Mən başımı itirmişəm, bu çaynukin qapağını axtarır!


Həmşəxanımla Zərnişan küçəyə çıxır. Təsadüf atasına yaxınlaşır.
T ə s a d ü f. Paxan, onu bilirsənmi məndə qəribə müşahidə qabiliyyəti var.

Cü m ə z a d ə. Nə demək istəyirsən?

T ə s a d ü f. Gözlərindən aydın oxuyuram, bu dəqiqə sənin kefin kök, damağın çağdır.

Cü m ə z a d ə. (kənara). Belə qabiliyyətin başına dəysin. (Oğluna.) Düz tapmısan, bala.

T ə s a d ü f. Onunçün də mən bu xoş əhval-ruhiyyədən istifadə edərək sənə bir sirrimi açmaq istəyirəm.

Zərnişan qayıdır.
T ə s a d ü f. (oynayır). Dünən gördüm bir madonna,

Məni yoldan saxladı o,

Elə bil ki, snayperdi,

Düz sinəmdən oxladı o.

Z ə r n i ş a n. Eşqə düşübdür oğlumuz,

Gözün aydın olsun Cəbi,

Gərək ona elçi gedək

Açaq deyək biz mətləbi.

C ü m ə z a d ə. (zarıyır). Sevibdirsə çox mübarək

Haçanacan qalsın o tək?!

T ə s a d ü f. Ey, ça-ça-ça! Çox mübarək!

Daha bəsdir mən qaldım tək!



Küçədən Ələsgərin maşınının siqnalı eşidilir.
P ə r d ə

İNTERMEDİYA
Küçədir. Cü m ə z a d ə M u x t a r l a keçir.

M u x t a r. Hə... Cəbu qağa, qoy onu da deyim, ürəyimdə qalmasın. O Azər var a... Vay!.. Vay!.. Vay!.. Yaxşı işləməyinə baxmayın, o da bir nömrədir. Özünü gözə soxur. Elə direktor burda olanda da belə idi.

C ü m ə z a d ə. (dayanır). Ay Muxtar, Sən bu fabrikdəkilərin hamısını bir-bir pisləyirsən. Axı, orta hesabla özün necə adamsan, ey?..

M u x t a r. (mat qalır). Bu nə sözdür, Cəbi qağa? Elə bilirəm siz məni ağzımöhkəm, mərd bir eloğlu kimi yaxşı tanıyırsız!


F i r u z gəlir.
F i r u z. Salam, yoldaş Cüməzadə, Ayın otuzunda axşam saat 8- də sizi toya dəvət edirəm. Əlbəttə öz xanımınızla.

M u x t a r. “Öz xanımınızla” deyəndə özgəninki ilə gəlməyəcək ki.

C ü m ə z a d ə. (Muxtarı dala itələyir). Təbriklər, təbriklər. Gəlin də yəqin Şəfiqədir.

F i r u z. Xeyr, bu başqasıdır.

C ü m ə z a d ə. (tutulur). Firuz, xoşum gəlmir sənin bəzi-bəzi hərəkətlərindən!

F i r u z. Niyə ki?

C ü m ə z a d ə. Ə, ayıbdır! O qızı yerindən elədin, indi də başqası ilə evlənirsən?

M u x t a r. Mən də bilmirəm!

F i r u z. (gülür). Məni başa düşmədiniz, yoldaş Cüməzadə. Evlənən bizim fabrikdə ikinci sexdən usta köməkçisi Azərdir. Toy onunkudur. Mənsə Yerli komitənin sədri, həm də bir dostu kimi bu işə vəkil edilmişəm.

C ü m ə z a d ə. Hə... belə de. Azərin əsl evlənən vaxtıdır. Özü də cavan. Komsomol...

F i r u z. Elə sevdiyi qız da komsomolçudur. Gənclərin toyunu fabrikimizin yeməkxanasında eləmək istəyirik. Hətta onu da nəzərdə tutmuşuq ki, gəlini direktorun maşınında gətirək.

C ü m ə z a d ə. Demək o gecə qalıram mən piyada? Hə, nə olar!..

M u x t a r. Cəbi qağa, bəs nəyə minib gələcəksiniz?

C ü m ə z a d ə. Özümə! (Gedir, yenə qayıdır). Firuz, sabah bu barədə bir də götür-qoy edərik.

F i r u z. Yaxşı. (Gedir.)

M u x t a r. Gördüz, Cəbi qağa? Vay!.. Vay!.. Vay!.. Məni toya çağırmadı, a!..

C ü m ə z a d ə. Sən o məclisdə lap yuxarı başda əyləşəcəksən.
Gedirlər. A z ə r l ə D i l ə z b ə r gəlir.

A z ə r. Elə şey soruşursan ki, adam cavab verməyə çətinlik çəkir. “Məni sevdiyini necə izah edirsən?..” Məsəl üçün... Mən bir dəfə sexə girəndə neçə yüz qızın içərisində səni ayrı cür görürəm. Hamıdan qəşəng, hamıdan mehriban... Uzaqdan gözlərinin ifadəsini sezməsəm də, hərəkətlərindən ürəyini duyuram. Bilirəm, kefin kökdür, ya qanın qaradır. Dəzgahların gurultusundan heç nə eşidilməsə də dodaqların tərpənəndə qəhqəhən qulaqlarımda səslənir. Hətta elə bil ilıq, ətirli nəfəsini hiss edirəm. Barmaqların çərçivələrə çəkilmiş min-min saplar arasında gəzəndə arfa çalan bir gözəli xatırladırsan...

D i l ə z b ə r. Bəs başqa qızları necə görürsən?

A z ə r. Hamısını bir gözdə.

T ə s a d ü f. (gəlir.) Aha! Odur! Bəs yanındakı oğlan kimdir?

D i l ə z b ə r. Azər, sənə haqqında danışdığım formazon budur. Deyəsən yenə məni gözləyir.

A z ə r. Sən uzaqlaş. Mən ona bir-iki söz deyəcəm. (Diləzbər gedəndə Təsadüf ona yaxınlaşmaq istəyir. Azər çığırır.) Göyçək oğlan!

T ə s a d ü f. Mənimləsən?

A z ə r. Burda səndən savayı göyçək oğlan yoxdur ki?! O qıza nə vermisən, ala bilmirsən?

T ə s a d ü f. Ürəyimi.

A z ə r. Nahaq yerə. O ürək verməli adam deyil.

T ə s a d ü f. Sən onun vəkilisən?

A z ə r. Xeyr. Elə bir yerdə işləyirik. Düzünə qalsa mənim ondan zəhləm gedir.

T ə s a d ü f. Bəs qoluna niyə girmişdin?

A z ə r. Bilirsən, o çox sırtıq qızdır. Məni məcbur elədi. Eh... Sən ona hələ yaxşı vaxtında rast gəlmisən. Özünü gündə bir rəngə salır. Bax... yubka geyir burdan. Papiros çəkir. Konyak içir...

T ə s a d ü f. Burda təəccüblü bir şey yoxdur, əsl müasir qızdır.

A z ə r. Bir bibisi də var, əzrail ondan xoşxasiyyətdir.

T ə s a d ü f. Bibisini almayacağam ki

A z ə r. Özün bil. Məndən deməkdir. (Diləzbərin dalınca qaçır.)

T ə s a d ü f. Aha.... Bunun başqa fikri var... Yox, onu görməyəcəksən! Bu acığa Diləzbərə tezliklə elçi göndərməliyəm.



Fitlə marş çala-çala gedir.

ÜÇÜNCÜ ŞƏKİL
Birinci şəkildəki yer. H ə m ş ə x a n ı m oxuya-oxuya otağı yığışdırır.
H ə m ş ə x a n ı m. Təzədən sevilmək düşüb xətrimə,

Kaş bir qız olaydım on beş yaşında.

Yenə kəndimizin cavanlarıyla

Gəzib görüşəydim bulaq başında.

Biri meyl etmişdi mənə keçən il,

Ölürdü dərdimdən, ötürdü dil-dil.

Könlümə yatmadı, düzü elə bil

Biclik yazılmışdı o göz – qaşında.

Barı qalan ömrüm keçməsin hədər,

Darıxıram evdə otursam əgər,

Yaxşı ki, ara-bir hündür Ələsgər

Özüylə gəzdirir məni maşında.

Eh... Bu saqqalı ağarmış Ələsgərin də sirrindən baş açmaq olmur. Oturur-durur, sözü-söhbəti nədir: korbirator elə gəldi, radiator belə getdi. Daha bir demir ki, razılığını alıb mindirmişəm Həmşəxanımı “Zaporojes”ə, aparın plyajda çimdirim gətirim. Srağagün yarım saat benzokalonkada növbəyə dayanmışıq. Mən də fikirləşirəm ki, yəqin səfərimiz dənizədir. Benzin götürdü, sürdü taksimotornıya. Təkərim boşalıb, dedi, özüm nasoslayanda belim sərpir. Orda bir adam tapaq, verim doldursun. Eh! Cin vurmadı başıma? Saxlatdırdım maşını telefonnu küçənin tən ortasında, düşdüm aşağı. Dedim, o nasosu bəri ver! Aldım, kaçayla ki, kaçaylayasan. Bir də başımı qaldıranda gördüm, qaş qaralıb. Əyləşdik maşına, döndərdi dala. Soruşdum, Ələsgər belə niyə? Mənə nə cavab versə yaxşıdır: çeşməyim evdə qalıb, axşamlar gözüm yaxşı seçmir. Çıxarıb öz eynəyimi taxdım gözünə. Dedim razmerimiz elə bir olar, sür plyaja! Yenə bir bəhanə tapdı: Axşamın xeyrindən, sabahın şəri yaxşıdır... Yandım, töküldüm...


Yüklə 424,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin