H Ə m ş Ə xani m 3 pərdə 5 şəkildə komediya



Yüklə 424.9 Kb.
səhifə1/4
tarix09.03.2017
ölçüsü424.9 Kb.
  1   2   3   4
H Ə M Ş Ə X A N I M
3 pərdə 5 şəkildə komediya


İştirak edirlər:
Cəbi Cüməzadə - Toxuculuq fabrikində direktor əvəzi

Zərnişan – onun arvadı

Təsadüf – onların oğlu

Şəfiqə - toxucu qız, briqada başçısı

Diləzbər - toxucu qız, briqada başçısı

Azər – usta köməkçisi

Həmşəxanım – xadimə

Firuz – texnoloq

Hündür Ələsgər – yükdaşıyan

Muxtar – elektrik texniki

Toxucu qızlar


BİRİNCİ PƏRDƏ

Birinci şəkil
Üvertüra birinci pərdə qalxır. Direktorun kabineti və gözləmə otağı görünür. Tutduğu qəzetin arxasında gizlənmiş direktor əvəzi Cəbi Cüməzadə telefonlar qoyulan balaca stolun qırağında əyləşib. Gözləmə otağında zəng çalınır. Həmişəxanım qoltuğunda kitab, əlində süpürgə qaça-qaça gələndə dəhlizdə yıxılır. Böyrünü tutaraq ufuldayır.
H ə m ş ə x a n ı m. Aman ey!.. Birtəhər oldum. (Qalxır.) Qoymaz ki! Qoymaz ki, işimizi görək. Yumurtası tərs düşmüş toyuq kimi sakit otura bilmir. O yerdə ki, müdiri başqası əvəz elədi, vay işçilərin halına. (Başını içəri salır.) Cəbi Cüməzadə, nə deyirsiniz?

C ü m ə z a d ə. (qəzeti üzündən çəkmədən). Sən kimsən?

H ə m ş ə x a n ı m. Həmşəxanım.

C ü m ə z a d ə. Gözlərim aydın.


H ə m ş ə x a n ı m pərt çıxır
H ə m ş ə x a n ı m. Müdirimiz də Moskvaya kursa getməyə vaxt tapdı. Barı yerinə bir fərli adam qoysaydı, dərd yarı idi. Bilmirəm, bu Cüməzadəni hardan tapıb bizə caladılar. (Yenə zəng çalır. Həmşəxanım Cüməzadənin otağına keçir.)

H ə m ş ə x a n ı m. Bəli

C ü m ə z a d ə. (qəzeti üzündən çəkmədən). Arvad, nə istəyirsən?

H ə m ş ə x a n ı m. Bəs məni çağırmadınız?

C ü m ə z a d ə. (qəzeti üzündən çəkir). Xeyr. Yox! Nırç! Sən xoflanmısan, orta hesabla, nədir?!
Həmşəxanım qəfildən nə isə görüb qəşş edir.
H ə m ş ə x a n ı m. Yoldaş Cəbi Cüməzadə...bu dəqiqə yerdə qalanlarda axışıb gələcək kabinetinizə.

C ü m ə z a d ə. Niyə? Nə olub? Buynuz çıxarmışam?!

H ə m ş ə x a n ı m. (gülməyini güclə boğur). Sən demə zəng düymələrinin üstündə oturub qurdalanırsınız. Eşidirsiniz, bütün fabriki cingilti götürüb başına, ha... ha... ha... Cüməzadə yerə atılır. Həmşəxanım çıxıb sil-süpürlə məşğul olur. Diləzbər gülərək qapıdan boylanır.

D i l ə z b ə r. Olar?

C ü m ə z a d ə. (acıqlı). Ay qız qurtardıq da! Mən heç kəsi çağırmamışam, zəng xətlərində balaşa kontakt olmuşdu, onu da düzəltdik.

D i l ə z b ə r. Yoldaş Cüməzadə, fərz eləyin mən özüm gəlmişəm.

C ü m ə z a d ə. Fərz eləyək ki, fərz elədim. Sonra?

D i l ə z b ə r. (içəri girir.) Sizdən ciddi bir xahişim var.

C ü m ə z a d ə. Fərz elə ki, eşidirəm səni. Sözün?

D i l ə z b ə r. Əgər mümkünsə, mənim iyirmi beş dəzgahda işləməyimə icazə verin.

C ü m ə z a d ə. Niyə? Canından bezmisən?

D i l ə z b ə r. Xeyr. Yerimdə saymaq istəmirəm. Mən bu barədə texnoloq Firuzl yoldaşla da danışmışam. Etitaz eləmir. Axı Şəfiqənin briqadası ilə bizimki yarışır. O da iyirmi dörd dəzgahla işləyir, mən də...

C ü m ə z a d ə. Gələrəm, sexdə danışarıq.

D i l ə z b ə r. Sağ olun.

C ü m ə z a d ə. Fərz eləyək, xoş gəldin. (Diləzbər, ardınca Cüməzadə çıxır. Fasilə zəngi çalınır.) Həmişə, məni soruşsalar, saat ikidə olacağam.

H ə m ş ə x a n ı m. Baş üstə.


Cüməzadə dəhlizdə Şəfiqə ilə rastlaşır.
Ş ə f i q ə. Yoldaş Cüməzadə, əyirici fabrik bizə sapı cirə- duz kimi göndərir. Briqadamda məkiklər bomboşdur. Belə getsə, bir azdan dəzgahlarımız işsiz dayanacaq.

C ü m ə z a d ə. Darıxma məşğul olarıq.

Ş ə f i q ə. Vaxt gözləmir, yoldaş Cüməzadə. Toxucu üçün hər dəqiqə parça deməkdir.

C ü m ə z a d ə. Ay qız, elə danışırsan ki, guya təqsirkar mənəm. Gedib əyiruci sexin rəisi ilə danışacağam?

Ş ə f i q ə. O sizin öz işinizdir.

C ü m ə z a d ə. Indi acmışam, nahara çıxıram.

Ş ə f i q ə. Onu bilin ki, insana vaxtaşırı qida, maşına benzin gərək olduğu kimi, dəzgaha da sap gərəkdir. (Gedir.)

C ü m ə z a d ə. Buna bax a... Mənə cib-cib öyrədir. (Gedir.)


Kabinetdə telefon zəng çalır. Həmşəxanım keçib süpürgəni dikəldərək direktor stulunda əyləşir, dəstəyi götürür.
H ə m ş ə x a n ı m. Bəli. Eşidirəm. Xeyr, direktor deyil. Əvəzi də deyil. Süpürgəçi-katibədir danışan. Bəli, bu da təzə çıxıb. (Kənara.) Öz aramızdır, bu direktorluq da ey... bu katibəlik də bir matah şey deyil. (Dəstəyə.) Hə...Bıy! Ələsgər, sənsən? Tanımadım, yanıma gəlmək istəyirsən? Saat ikiyəcən. Buyur, gözləyirəm. (Dəstəyi qoyub mütaliyə edir. Telefon səslənir. Dəstəyi götürmədən cavab verir.) Bəli, eşidirəm. (Zəng çalınır.) Bəli! Bəli! (Cəld dəstəyi qaldırır.) Əleykəsalam. Amma onu bilin ki, siz direktorla yox, süpürgəçi - katibə ilə danışırsınız. Ona görə ki, yəqin bunu bilsəydiniz mənə “siz”, “siz” deməzdiniz. Qəbuluma düşmək istəyirsiniz? Buna bax, mən ələ salmalı adam deyiləm. Necə? Məni tanıyırsınız? Bəli, Həmşəxanım. Buyurun. Saat ikiyəcən. (Dəstəyi qoyub fikirləşir.) görəsən qəbuluma düşmək istəyən bu qadın kimdir? Eh... bircə il bu toxuculuq fabrikinin rəhbərliyini tapşıraydılar mənə, onda bilərdim neylərdim. Birinci növbədə Cüməzadənin əmrini verib çıxardardım. Bütün dəzgahlar saat kimi işlərdi. (Keçib katibə otağından çaydanı götürür.) A... Bəs bunun qapağı hanı? (Axtarır.) Harda qoymuşam görəsən...
Gedir. D i l ə z b ə r, ardınca da A z ə r gəlir.
A z ə r. Diləzbər.

D i l ə z b ə r. Nə var?

A z ə r. “Getmə dəli ceyranım, ayaq saxla, sözüm var,

Qurban sənə bu canım, ayaq saxla, sözüm var.

D i l ə z b ə r. Hə, ayaq saxladım, nə deyirsən, Azər?

A z ə r. (yaxınlaşır). Sən bilən bu dəqiqə camaat nahara getdiyi bir vaxtda təklikdə əlimə düşdüyün bu məqamda sənə nə deyərdim?

D i l ə z b ə r. (utanır). Bilirəm... Yenə deyəcəksən ki...

A z ə r. Deyirəm, sən də acmış olarsan. Gedək adama bir borş, bir kotlet yeyək.

D i l ə z b ə r. (tutulur). Məni elə buna görə saxlamısan?! Borşu, kotleti sənsiz də yeyə bilərəm
Getmək istəyir, Azər biləyindən yapışır.
A z ə r. Dayan, Diləzbər. Çoxdandır sənə ayrı söz demək istəyirəm. Məni bu qədər incitdiyin bəsdir.

Azər sənin eşqinlə

Min xəyala dalıbdır.

Eylə mənə bir nəzər,

Diləzbər, ay Diləzbər.

D i l ə z b ə r. Neçə vaxdır demirəm,

Ürəyimdə qalıbdır

Fikrimdə axşam, səhər,

Təkcə sənsən, sən Azər.

A z ə r. Sənin şəhla gözlərin

Qəlbimə od salıbdır.

Gəl söylə bir xoş xəbər,

Diləzbər, ay Diləzbər.

D i l ə z b ə r. Ixtiyarı əlimdən

Məhəbbətin alıbdır.

Adı dilimdə əzbər

Təkcə sənsən, sən Azər.

B i r l i k d ə. Mənim şanım-şohrətim

Məhəbbətdə qismətim

Təkcə sənsən, Diləzbər,

Təkcə sənsən, sən Azər.

A z ə r. Axır ki, dilim, ürəyim boşaldı. Heç olmasa bu gecə məhəbbətinlə uyuyub rahat yataram.

D i l ə z b ə r. (kənara baxır). Gedək, Azər. Həmşəxanım bibi gəlir. Qoy o bizi bir yerdə görməsin. Sonra utandığımdan üzünə baxa bilmərəm.

A z ə r. Bibi? Məgər sən Həmişəxanıın qardaşı qızısan?

D i l ə z b ə r. Yox... Elə evlərində qaldığım üçün ona bibi deyirəm.

A z ə r. Gedək, sənə də qurban olum, bu gündən sonra bibişkana da.


Gedirlər. H ə m ş ə x a n ı m qayıdır. Çay süzüb içir. Muxtar gəlib kabinetə boylanır.
H ə m ş ə x a n ı m. Muxtar, çaynikin qapağını görmənisən?

M u x t a r. Yox, Cəbi qağa haradadır?

H ə m ş ə x a n ı m. Cibbimdə. Yenə də xəbərçiliyə gəlmisən?

M u x t a r. Arvad, əməlli danış! O nə sözdür?!

H ə m ş ə x a n ı m. Tanımıram səni?! Şpiyonun dal ayağısan!

M u x t a r. Mən bu fabrikin elektrikiyəm.

H ə m ş ə x a n ı m. Ay, yalansa səni elektrik vursun.
H ü n d ü r Ə l ə s g ə r maşın açarlarını əlində oynada-oynada gəlir.
Ə l ə s g ə r. Kimi görməmişəmsə salaməlyküm.

H ə m ş ə x a n ı m. Əleykiməsalam

M u x t a r. (qeyzlə onları süzür). Vay!.. Vay!.. Vay!.. (Gedir.)

Ə l ə s g ə r. Həmşəxanım, gör bu katibə stolu necə də yaraşır sənə, bəh! Bəh! Bəh!

H ə m ş ə x a n ı m. Daha demə, Ələsgər. Böyüdüblər vəzifəmi. Əşi, bu katibə gedib (qarnını işarə edir) özüm üstüörtülü deyirəm ey... Dekretdədir. Başa düşdün?

Ə l ə s g ə r. Rəhmətliyin qızı. Daha bunun harası sekretdədir. Üstüaçıq deynən, ikicanlıdır də.

H ə m ş ə x a n ı m. Cəbi Cüməzadə yerinə müvəqqəti adam götürmədi. Xahiş elədi, hərdən buralara da mən baş çəkim.

Ə l ə s g ə r. (zarafatla). Adamı elə - belə böyüdürlər də, Həmşəxanım. Görürsən ki, süpürgəçi keçdi – katibə oldu, direktorun xoşuna gəldi – kadrlar şöbəsinin müdiri qoydu.

H ə m ş ə x a n ı m. Ondan sonra da görürsən direktor endi sex rəisi oldu.

Ə l ə s g ə r. Bir az da üzü aşağı itələdilər, mənim kimi yükdaşıyan oldu. (Gülürlər.)

H ə m ş ə x a n ı m. Bura bax, (Dili çaşır.) Hündür Ələsgər... (Gülür.) A kişi, sən ki, bəstəboysan, bu hündür nədir yapışdırıblar adının böyrünə?

Ə l ə s g ə r. Həmşəxanım, səndən qabaq bu fabrikdə bir dənə də Ələsgər var idi. Yalan olmasın, bax... bu boydana (Göstərir.) bizi dəyişik salmamaq üçün ona pota Ələsgər, mənə hündür Ələsgər deyirdilər. O vaxtdan adım belə qalıb. Yox, əgər indi, söz məsələtün, sənin hündürdən xöşun gəlmir, alçaq Ələsgər de.

H ə m ş ə x a n ı m. A... Elə şey olar? Alçaq neyçün. Hə... Onu soruşacaqdım, axı. Eşitdim lotoreya biletin”Zoporojes” udub. Minib gəzirsən, səsə salmırsan?

Ə l ə s g ə r. (şövqə gəlir). Bəli. Daha onun üstünü vurma, Həmşəxanım!

Belə yolla maşın udmaq ki var ey,

Ayrı cür şeydi, sən öl.

Kim ki, öz bəxtinə şək-şübhə edir,

O adam keydi, sən öl.

Yola çıxcaq maşınım quş tək uçur,

Qarğadır, leydir, sən öl.

Siqnalım dil-dil ötür avazınan,

Elə bil neydi, sən öl.

Saxlayıb yolda araq yox, su da iç,

Nəşədir, meydir, sən öl.

Görəsən rulda Ələsgər necə dartır özünü,

Sanki lap bəydi, sən öl.

H ə m ş ə x a n ı m. Ay maşallah!

Ə l ə s g ə r. Atalar deyib, kişini cavan saxlar yaxşı arvad, bir də...

H ə m ş ə x a n ı m. Yaxşı at.

Ə l ə s g ə r. At yox, saz maşın. İndi Həmşəxanım, məni cavanlaşdıran işin yarısı düzəlib, yarısı qalıb. Bir məsələ var, o da baş tutsa, əhd eyləmişəm... bığ qoyacağam.

H ə m ş ə x a n ı m. (eyhamla). Sən bığını qoy, o da düzələr.

Ə l ə s g ə r. Srağa gün fabrikə maşınla gəlmişdim. Evə gedəndə bu qızlar bəyəm daraşmadılar mənə. Maşın oldu arı pətəyi. Iyirmisi birdən yalvardı ki, məni apar. Dedim, insafınız yoxdur, vicdanınız olsun, bu bezrazmer deyil ki, dartam kökəlsin. Hamınızı hopdum necə mindirim “Zaporojes”ə yerləşərəm mən, bir də söz məsələtün, sən Həmşəxanım. Lazım bilsək, iki nəfər də qeyrisini götürərik.

H ə m ş ə x a n ı m. Qeyrisi lazım deyil. Elə ikimiz.

Ə l ə s g ə r. Nə deyirəm ki.

H ə m ş ə x a n ı m. Yaxşı, bu tezlikdə sürməyi necə öyrəndin?

Ə l ə s g ə r. Uşaqlıqla yelsebet, motosklet çox sürmüşəm.

H ə m ş ə x a n ı m. Nə qədər getmisən?

Ə l ə s g ə r. Üç min kilometr. Plombunu təzəcə açmışam. Həmşəxanım, Ələsgər canı, maşın deyəndə “Zaporojes”dir. Əşi, “Volqa” nədir, “Moskviç” nədir onun qabağında?

H ə m ş ə x a n ı m. Daha ağ eləmə də. “Volqa” nı ötə bilməz.

Ə l ə s g ə r. Gəl höcətləşək, bu bazar günü çıxaq səninlə Şamaxı yoluna. Mən “Volqa”nı ötməsəm... bığ qoyaram! Tormuz zad bilmir ki. Elə rulun dalında oturduğunu görürsən. Motor ki, arxadan itələyir, “vıyy” qoyur üstünə, götürülür yerindən. Saatda həşdad necədir səninçün?! Doxsan, necədir səninçün?! Yüz! Yüz on! Yüz əlli... minus otuz...

H ə m ş ə x a n ı m. A kişi ayağını tormuza bas, xata-zad çıxararsan.

Ə l ə s g ə r. Qorxma, bir dənə gözmuncuğunu “Zaporojes”ə bağlamışam, bir dənə də özümə.

H ə m ş ə x a n ı m. Nə rəngdədir maşının?
Ələsgər dər-divara göz gəzdirir, axtardığı rəngi tapa bilmir.
Ə l ə s g ə r. Həmşəxanım, sarıkök, xına görmüsən?

H ə m ş ə x a n ı m. Görmüşəm.

Ə l ə s g ə r. Bir barmaq o sarıkökdən götür, həvəngdə əz ( Şlyapasını çıxarıb ona verir). Tök bu kasadakı ilıq suyun içinə, üstünə də bir çimdik xna əlavə elə, sonra qarışdır.

H ə m ş ə x a n ı m. (göstərir). Qarışdırdım.

Ə l ə s g ə r. Qoy bir az qalsın, dəm alsın. (İkisi də durub gözləyir.) Hə, nə rəng oldu?

H ə m ş ə x a n ı m. Sarıkök- xınayı

Ə l ə s g ə r. Götür bir dənə də toyuq yumurtası sındır.

H ə m ş ə x a n ı m. Sındırdım.

Ə l ə s g ə r. Ağını tulla

H ə m ş ə x a n ı m. A... Neyçün tullayım, içərəm də

Ə l ə s g ə r.Yaxşı ağını iç. Sarısını sal o kasaya

H ə m ş ə x a n ı m. Saldım.

Ə l ə s g ə r. Qaşığı götür, bir də əməlli qarışdır.

H ə m ş ə x a n ı m. Qarışdırdım.

Ə l ə s g ə r. Nə rəng oldu?

H ə m ş ə x a n ı m. (fikirləşir). İnnnabı

Ə l ə s g ə r. Hə...Atan rəhmətlik. Bax o rəngdədir maşınım. (Şlyapanı alıb başına qoyur.)

H ə m ş ə x a n ı m. Sağlıqla işlədəsən. (Gözü onun ayaqlarına sataşır.) Çəkmələrin də mübarək, Ələsgər.

Ə l ə s g ə r. Çox sağ ol. Bunları təzə almışam özümçün. Təzə deyəndə ki, bir beş-altı kilometr getmişəm.
Z ə r n i ş a n gəlir.
Z ə r n i ş a n. Olar.

H ə m ş ə x a n ı m. Buyur.

Ə l ə s g ə r. Mən gəlmişdim gedək bir yerdə nahar eləyək, olmadı.
Gedir.
Z ə r n i ş a n. Salam, Həmşəxanım bacı.

H ə m ş ə x a n ı m. Salam, əyləş.

Z ə r n i ş a n. Tanış olaq.(Əlini uzadır.) Zərnişan. Mən vaxtını çox almayacağam.

H ə m ş ə x a n ı m. Belə bilirəm, bizim fabrikdə işə girmək istəyirsən, eləmi?

Z ə r n i ş a n. (oturur). Xeyr. Mən Cəbinin yoldaşıyam.

H ə m ş ə x a n ı m. Cəbi Cüməzadənin arvadısan?

Z ə r n i ş a n. Bəli, səndən ciddi bir təvəqqəm var. Xahiş edirəm mənim bura gəlməyimi, nə danışdığımı ərim bilməsin

H ə m ş ə x a n ı m. O barədə tamam xatircəm ol. Bax... Yanımda, uzağa getmirəm, elə Cəbi Cüməzadənin hulqumuna bıçaq qoyub, başını bədənindən ayırsalar ha... heç kəsə demərəm. Xasiyyətim belədir.

Z ə r n i ş a n. Həmşəxanım bacı, səndən nə gizlin, bizim kişi çox şorgözdür. Elə onun ucbatından da keçən ay köhnə vəzifəsindən götürüb bura göndərdilər.

H ə m ş ə x a n ı m. (qəhqəhə çəkir). Yaman da tədbir görüblər! Cəbi Cüməzadə şorgöz, bizim fabrikdə də qız inkubator cücəsi kimi. Amma adamın allahı var, hələlik mən öz barəmdə ondan bir şey görməmişəm.

Z ə r n i ş a n. Cəbi, sizin katibənin yerinə Bənövşə adlı birisini götürmək istəyirdi. Qoymadım. Ax!.. Bircə o ilan çalmış girimə keçəydi, mən bilərdim neylərdim. Dedim, Cəbi, əlini döşünə qoy! Onu görməyəcəksən! Müdir qayıdıb gələnəcən elə Həmşəxanım bacı öz işini də aparar, katibəni də əvəz edər. Savadlı qadındır.

H ə m ş ə x a n ı m. Bu kişilərin nə cavanına, nə də qocasına etibar yoxdur. Ələlxüsus yayda. Canlarına ki, balaca isti dəydi, civə kimi bir yerdə dayana bilmirlər. Biri elə bizim hündür Ələsgər...

Z ə r n i ş a n. Kim?

H ə m ş ə x a n ı m. Heç, sözünü de.

Z ə r n i ş a n. Eh... O Bənövşə əndamıyanmışa bənd olanı Cəbi evdən yaman soyuyub. Neçə vaxtdır kino nədir, teatr nədir – bilmirəm. Keçən yaş günümdə insafsız bir dəstə gül alıb məni təbrik eləmədi. Qabaqdan bayram gəlir. Yadına düşəcəyəmmi? Yox. danışdım dərdim təzələndi.

H ə m ş ə x a n ı m. Ürəyini qısma.

Z ə r n i ş a n. Olan – olmaz bir oğlumuz var. Onun da tərbiyəsini korlayıb. Orta məktəbi güclə qurtardı. Ikinci ildir avara - sərgərdan gəzir. Fikirləşdik, bəlkə evlənsə ağıllanar. Neçə qapıya getdik, qız verən olmadı.

H ə m ş ə x a n ı m. Hə... Demək, Cəbi belə Cəbi imiş.

Z ə r n i ş a n. Sən allah, Həmşəxanım, bu kişinin üstündə möhkəm göz ol. Gördün ki, ayağını qırağa uzadır, çək ipindən.

H ə m ş ə x a n ı m. (qalxır). Zərnişan xanım, sən icazə ver, müdirimiz gəlincəyədək mən o Cəbini elə yumşaldım ki, lap stəkana töküb içməli isgəncəbi olsun. Razısan?

Z ə r n i ş a n. Onu düzəltmək çətin məsələdir. Axı neyləyəcəksən?

H ə m ş ə x a n ı m. (yan-yörəsinə baxır). Bir azdan Cəbi Cüməzadə gəlib oturacaq yerində. Sən get fabrikin böyründəki avtomatdan zəng çal. O Bənövşənin adından danış. Gürüş təyin elə. Başa düşdün? Dalısıynan işin olmasın.

Z ə r n i ş a n. Vəssalam?

H ə m ş ə x a n ı m. Vəssalam! Yubanma. Sabah nəticəsini bilərsən.


Pıçıldaşa – pıçıldaşa gedirlər. F i r u z l a Ş ə f i q ə gəlir.
F i r u z. Mən heç kəsdən çəkinmirəm, Şəfiqə. Istəyirsən lap fabrikin damına çıxıb aləmə car çəkim ki, “Ay camaat, mən Şəfiqəni sevirəm!”

Ş ə f i q ə. Firuz, mən istəmirəm ki, bizim bu münasibətimizdən başqalaraı xəbərdar olsun.

F i r u z. Axı niyə?

Ş ə f i q ə. Ona görə ki, fabrikdə mənim adıma nə yaxşı söz deyilsə, səndən biləcəklər.

F i r u z. Qoy kim nə düşünür düşünsün. Sən onsuzda fabrikimizin fəxrisən, Şəfiqə. Eh... Səninçün o qədər arzularım var ki!

Arzu şəlalədir, tükənməz ardı,

Bilməzdim sevgidə nə hikmət vardı,

Sənsiz həyatımın gülü solardı,

Ömrümün qisməti, inanırsanmı?

Ş ə f i q ə. Mən bu qismətə,

İlk məhəbbətə,

Könül vermədən,

Əhdi-peymana

Necə inanım?

F i r u z. Şirin arzularım gəlməsin gözə,

Yandırıb qəlbimi döndərdin közə,

Mən səni sevməsəm, yoxsa hər sözə,

Inanmazdım qəti, inanırsanmı?

Ş ə f i q ə. Düz ilqarını

Etibarını,

Hələ görmədən,

Mən bir oğlana,

Necə inanım?

B i r l i k d ə. Hər söz nahaqdır

Sevgi sınaqdır.

Söylə gürüm sən,

Bu imtahana

Inanırsanmı?

Necə inanım?

F i r u z. Şəfiqə, sağlıq olsun, sən məni bərkdən-boşdan sınayarsan. Indi isə qəzetdən gəlmiş müxbiri sexinizə aparıb işinizlə tanış elə. Öz barəndə nə yaxşı şey bilirsənsə, hamısını danış, qoy yazsın.

Ş ə f i q ə. Ay Firuz, axı mən öz-özümü necə tərifləyim? Necə deyim ki, beş aydır iyirmi dörd dəzgahla qüsursuz işləyirəm? Gündə yeddi yüz metr parça toxuyuram?

F i r u z. Heç utanmaq lazım deyil, Şəfiqə. Onu bil ki, ayrı-ayrı adamların başucalığı sexin müvəffəqiyyətidir. Sexlərin yaxşı işləməsi isə ümumi fabrikin şöhrətidir. Onu da de ki, seximizə keçən il peşə məktəbindən gəlmiş Diləzbəri də mən öyrətmişəm. Ilk günlər on - on iki dəzgahı idarə etməyə çətinlik çəkirdi. Indi o briqada rəhbəridir, mənimlə yarışır. Iyirmi beş dəzgahla sərbəst işləyir.

Ş ə f i q ə. Iyirmi beş yox, iyirmi dörd.

F i r u z. Səhv edirsən, Diləzbər yarımca saat əvvəl iyirmi beşinci dəzgahı da qəbul etdi.

Ş ə f i q ə. (tutulur). Necə? Be - lə de...

F i r u z. Diləzbər zirək qızdır. Onun gəlişi ilə srxdə bir canlanma yaranmışdır.

Ş ə f i q ə. (fikirli). O qızla yarışmaq mənim üçün gündən-günə çətinləşir.
F i r u z. Yarış mübarizədir. Bu isə adamlardan zəhmət, bilik və bacarıq tələb edir. (Gedirlər, həmşəxanım qayıdır,)

H ə m ş ə x a n ı m. Hə... İndi tamaşa edərsiniz mən o Cəbi Cüməzadənin başına nə oyun açacağam.



Cüməzadə gəlir.
C ü m ə z a d ə. Həmşə, məni soruşan olmayıb? (Həmşəxanım dinmir.) Həmşə, səninləyəm, məni soruşan olmayıb?! (Həmşəxanım yenə də dinmir. Cüməzadə ucadan.) Karsan, eşitmirsən?

H ə m ş ə x a n ı m. Kar deyiləm, eşidirəm. Cəbi Cümə.

C ü m ə z a d ə. (heyrətlənir). Ay arvad, o nədir? Mən Cəbi Cüməyəm?

H ə m ş ə x a n ı m. Bəs mən Həmşəyəm? Yadınızda yaxşı saxlayın, mən fasiləsiz, vxodnoysuz həmişə xanımam!

C ü m ə z a d ə. Pah atonan! (İbarə ilə.) Möhtərəm fasiləsiz, vxodnoysuz Həmşəxanım əgər mümkünsə, sizə əziyyət deyilsə, cavab verin: məni soruşan-filan olmayıb?

H ə m ş ə x a n ı m. ( Eyni ibarə ilə.) Möhtərəm müdirəvəzi Cəbi, Cüməzadə, sualınıza cavab vermək mümükündür və bu bizə əziyyət deyil. Sizi soruşan-filan olmayıb.

C ü m ə z a d ə. Ay arvad, qələt eləmədim ki, orta hesabla səni özümə müvəqqəti katibə qoydum. Bundan sonra mənimlə qoz-qoz oynayacaqsan?
Telefon zəng çalır. Həmşəxanım dəstəyi götürmədən.
H ə m ş ə x a n ı m. Bəli, bəli. Eşidirəm. (Cəld dəstəyi götürür.) Bəli, bəli... Xeyr. süpürgəçi – katibədir. Yoldaş Cəbi Cüməzadəni? Siz kimsiniz? Hə... Bu dəqiqə...

Cüməzadə kabinetə keçib telefonla danışanda Həmşəxanım tez bir vərəq kağız götürüb içəri girir. Güməzadə onu görmür.

C ü m ə z a d ə. Hə... Bənövşə! Mənim göyərçinim salam, xöş gördük. Sənin gözəlliyin. Elə mən də darıxmışdım sənin üçün. Bu axşam neyləyirəm? Lazımamsa bekar ola bilərəm. Sirkə? Kio - ya baxmaq istəyirsən? Mənim gözlərim üstə. Səkkizin yarısında. Elə sirkin qabağında. Sağ ol. Mən də... (Dəstəyi öpür.) bu Bənövşə yaman döşümə yatır. Zalım qızı rezin kimi şeydir. (Həmşəxanımı görüb diksinir.) Həmşəxanım sən burdasan?..

H ə m ş ə x a n ı m. (ciddi). Burdayam. Özü də hamısını eşidirdim. (Kağızı ona uzadır.) Buna qol çəkin... Yaxşı deyil sizin üçün, yoldaş Cüməzadə!

C ü m ə z a d ə. Hə?

H ə m ş ə x a n ı m. Arvadınızı evdə qoyub başqa qadınla sirkə getmək.

C ü m ə z a d ə. Sən xərifləyirsən nədir? Bəs mən kiminlə danışırdım?

H ə m ş ə x a n ı m. Hələ görməmişik əlli yaşında kişi də öz arvadına “mənim göyərçinim” desin. Sizin qadının adı Bənövşədir, Zərnişan? Heç eybi yoxdur!


Çıxır. Cüməzadə narahat halda otaqda var-gəl edir.
C ü m ə z a d ə. Yaman yerdə axşamladıq. Bu bizim arvadı hardan tanıyır? Zərnişanın qulağına çatsa, həşir – qiyamət qopacaq. Ancaq ondan qorxmuram. Qaynatam eşitsə pis olacaq. Məni bu fabrikə onun xahişi ilə götürüblər. (Başını tutur. Telefon zəng çalır. Dəstəyi qaldırır.) Bəli.. Kimi? Eh!.. (Qapını aralayır.) Həmşə... Həmşəxanım, zəhmət olmasa, dəstəyi götürün, sizi istəyirlər.
Həmşəxanım danışanda Cüməzadə eşidir.

H ə m ş ə x a n ı m. Alo? Kimdir? Ələsgər, sənsən? Hə... Hə... Ay saqqalı ağarmış, elə boş-boşuna minək bu “Zaporojesə”, düşək şəhərin canına? Yox. Mən bu axşam səni sirkə dəvət edirəm. Kio. Başın var olsun. Saat səkkizin yarısında. Elə sirkin qabağında görüşərik. (Dəstəyi qoyur.)

C ü m ə z a d ə. Baho! Bu arvad məni abırdan salacaq. Onu mütləq dilə tutub, yola gətirməliyəm. (Qapının arasından mülayim səslə.) Həmşəxanım...

H ə m ş ə x a n ı m. (ciddi). Eşidirəm.

C ü m ə z a d ə. Zəhmət olmasa, beşcə dəqiqə yanıma gəlin. (Həmşəxanım qalxıb kabinetə keçir.) Əyləşin o yumşaq kresloda.

H ə m ş ə x a n ı m. (oturmur). Tələsirəm, qısa eləyin.

C ü m ə z a d ə. Yaxşı də, mısmırığını sallatma. Daha öldürməyəcəksən ki, bizi...

H ə m ş ə x a n ı m. Mən nə eləyəcəyəm, yaxşı bilirəm!

C ü m ə z a d ə. Arvadıma deyəcəksən? İclasda danışacaqsan?

H ə m ş ə x a n ı m. Hələ üstəlik o Bənövşəni də məhşər ayağına çəkdirəcəyəm.

C ü m ə z a d ə. (tərini silir), Biz daha sirkə gedəsi olmadıq. Səndən acizanə xahiş edirəm:

Açma bu sirrimi gəl,

Sən canın, Həmşəxanım.

Evdə tufan qoparar,

Eşitsə Zərnişanım.

H ə m ş ə x a n ı m. Kaş görəydim o günü,

Nə qiyamət caz olar!

Hansı qeyrətli kişi,

Bu cür arvadbaz olar?!

C ü m ə z a d ə. Bizim arvad, bilirəm,

Soyacaqdır dərimi.

Heç aman verməyəcək,

Yolacaq tüklərimi.

H ə m ş ə x a n ı m. Lap əcəb eyləyəcək,

Başın onda daz olar,

Hansı qeyrətli kişi,

Bu cür arvadbaz olar?!

C ü m ə z a d ə. Yaxşı, nə deyirsən, nə istəyirsən, orta hesabla, Həmşəxanım, mən hazır. Ancaq bir daş altda, bir daş üstdə.

H ə m ş ə x a n ı m. Əlini cibinə sal görüm.

C ü m ə z a d ə. (qorxa-qorxa pul çıxarır). On verərsəm, bəsdir??

H ə m ş ə x a n ı m. On mənimçün az olar.

C ü m ə z a d ə. Yaxşı, bir beş də götür.

H ə m ş ə x a n ı m. Az alan qanmaz olar.

C ü m ə z a d ə. Əlli versəm, necədir?

H ə m ş ə x a n ı m. Onda kefim saz olar

C ü m ə z a d ə. Məni lap tərlətdin,

Bu qədər naz olar?!

H ə m ş ə x a n ı m. Hansı qeyrətli kişi,

Bu cür arvadbaz olar?!
Pərdə
İKİNCİ PƏRDƏDƏN QABAQ




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə