F. Q. Vahidov, T. B. Ağayev


XIV fəsil.  İctimai rəyin sosiologiyası



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   131
sosiologiya

XIV fəsil. 
İctimai rəyin sosiologiyası
1.  İctimai rəyin mahiyyəti 
2.  İctimai rəyin ifadə olunma vasitələri 
3. KİV ictimai rəyin formalaşmasının qüdrətli amilidir 
XV fəsil. 
Hüquq sosiologiyası
1. Hüquq sosiologiyasınm predmeti 
2.  Şəxsiyyətin hüquqi sosiallaşması 
3.  Şəxsiyyətin hüquqi davranışı 
4. Qanunvericilik sosiologiyasının bəzi cəhətləri 
XVI fəsil. 
Ailənin sosiologiyası
1. Ailənin mahiyyəti 
2. Ailənin funksiyaları 
3. Ailə strukturlarınm tipologiyası 
4. Nikah anlayışı və boşanma 
XVII fəsil.  Mənəvi həyatın sosiologiyası
1. Təhsilin sosiologiyası 
2. Elmin sosiologiyası 
3. Dinin sosiologiyası 
4. Mədəniyyətin sosiologiyası 
 
Ədəbiyyat siyahısı 
 



 
 
ÖN SÖZ 
 
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. Bu problemlərin həllinə bütün bilik sahələri öz 
töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövhlük olardı. Ona görə 
də yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək istiqamətində  gərgin, fəal elmi 
axtarışlar aparılmalı, optimal fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji biliklər sisteminin rolu indi 
artıq heç kəsdə şübhə doğurmur. Çünki respublikamızda dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlobal 
miqyasda yeni sosial hadisələrin, meyllərin, problemlərin meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini 
qətiyyətlə tələb edir. Nəzərə almaq lazımdır ki, sosioloji elmin özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni 
sanballı tədqiqatlar meydana çıxır, sosioloji təhlilin metodologiyası  və metodları təkmilləşdirilir, müasirləşdirilir. 
Sosiologiyaya dair ədəbiyyatın getdikcə  zənginləşməsi də xüsusi qeyd olunmalıdır. Zənnimizcə, bu ənənənin 
kökləri XX əsrin 60-cı və 70-ci illərinə təsadüf edir. C. T. Əhmədlinin və V. Ə. Paşayevin «Burjua sosiologiyasının 
tənqidi» (1968), C. T. Əhmədlinin və J. Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri bu baxımdan 
diqqəti cəlb edir. Həmin  əsərlər Azərbaycan oxucusunu sosiologiyanın bir sıra vacib problemləri ilə tanış edir; 
burada sanballı sosioloji tədqiqatlar aparmağın zəruriliyi  əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri 
yığcam  şəkildə  nəzərdən keçirilir. Həmin  əsərlər məlum dövrün bəzi ideoloji ehkamlarından azad olmasa da, 
sosioloji tədqiqatların müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir. 
60-cı illərin sonu-70-ci illərin əvvəllərində bünövrəsi qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni 
imkanlar  əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən sosiologiyanın 
əvvəlki dövrə məxsus qadağalardan xilas olması, demokratiyanın inkişafı, milli dövlətçilik ənənələrimizin bərpası 
və s. - bütün bunlar sosioloji elmin inkişafı üçün yeni perspektivlər açmışdır. 
Bir sıra dərsliklərin, dərs vəsaitlərinin, metodik tövsiyələrin 
[3 - 4] 
və s. nəşri həmin perspektivlərin 
reallaşdırılması yolunda atılan ciddi addımlar kimi qiymətləndirilə bilər. Məsələn, «Sosiologiya» (dərs vəsaiti, 
müəlliflər kollektivi, 1994-ci il), «Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası» (dərs vəsaiti, Rüfət Quliyev, 
1995-ci il), «Sosiologiya» (dərs vəsaiti, H. Musayev və M. İsayev, 1996-cı il), «Sosiologiya» (mühazirələr mətni, 
S. Məmmədova və A. Məmmədova, 1998-ci il), «Sosiologiya» (dərs vəsaiti, M. Pənahova və K. Kazımova, 1999-
cu il), «Sosiologiyanın nəzəri problemləri» (dərs vəsaiti, M. Əfəndiyev və A. Şirinov, 2001-ci il), «Sosiologiyada 
ölçmə və məlumatların təhlili» (ümumi nəzəriyyə məsələləri - dərs vəsaiti, C. T. Əhmədli və A. A. Rəhimov, 2002-
ci il), «Sosiologiyaya dair sxemlər» (mühazirələrin konspekti, metodik vəsait, tərtibçi T. Ağayev, 2002-ci il), 
«Sosiologiya» (dərs vəsaiti, K. A. Əzimov və R. M. Həsənov, 2003-cü il), «Sosiologiya» (dərslik, müəlliflər 
kollektivi, 2005-ci il), «Sosiologiya» (dərs vəsaiti, F. Vahidov və T. Ağayev, 2005-ci il), «Sosiologiya» (dərslik, 
müəlliflər kollektivi, 2006-cı il) və s. Bundan əlavə, monoqrafik xarakterli xeyli tədqiqat əsəri meydana gəlmişdir. 
Ümid edirik ki, sosiologiyaya dair ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir. 
Sosiologiyanın inkişafı baxımından bir məqama da diqqət yetirilməlidir: sosiologiyanın təsisatlaşdırılması 
prosesi intensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan Sosial elmlər və psixologiya fakültəsində (Bakı 
Dövlət Universiteti) sosiologiya ixtisası üzrə kadrlar hazırlanır; sosiologiya kafedrası həm Azərbaycan, həm də rus 
bölməsində  təhsil alan tələbələrlə  və magistrantlarla müntəzəm məşğul olur. «Sosiologiyanın nəzəriyyəsi, 
metodologiyası  və tarixi», «Sosial struktur, sosial institutlar və proseslər» ixtisasları üzrə aspiranturada yüksək 
ixtisaslı mütəxəssislər hazırlanması sahəsində artıq müəyyən uğurlar qazanılmışdır. AMEA-nın Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir, konfranslarda, dövri 
nəşrlərdə - jurnallarda sosiologiyaya dair xüsusi bölmələr ayırd edilir, müxtəlif sorğu mərkəzləri təşəkkül tapır və s. 
Lakin sosiologiyanın inkişafı müəyyən ziddiyyətlərlə, 
[4 - 5]
 problemlərlə bağlıdır. Bunlardan bəzilərini 
qeyd etməyə ehtiyac duyuruq. 
Əvvəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zənginləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə 
bütövlükdə sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış  əsasıdır.  İnsanların sosiol varlığının, 
cəmiyyətin fəaliyyət və inkişafının  ən mühüm məqamları burada öz əksini tapır. Cəmiyyətin öyrənilməsinə öz 
məzmunu, öz məntiqi və spesifikası ilə seçilən sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf etmiş 
ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir. 
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi 
surətdə  əsaslandırılmaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin pozulması, sualların tərtibində 
zəruri tələblərə riayət olunmaması, nəticələrin, faktların təhlilində  və  şərhində siyasiləşməyə meyllilik və s. bu 
qəbildəndir. Sorğuların hazırlanmasında və həyata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektivlik və 
etiklik prinsipləri bir-birini tamamlamalıdır. 
Üçüncüsü, sosiologiya ixtisasının məzunlarının işlə  təmin olunmasında müəyyən problemlər, çətinliklər 
mövcuddur. Etiraf etməliyik ki, ənənəvi ixtisas sahibləri bu cəhətdən daha əlverişli vəziyyətdədirlər. Bəziləri hətta 
sosioloqun hansı işdə çalışa biləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq peşəsinə yiyələnmiş 



 
şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndələri 
tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz qanuni və layiqli yerini tutmasına müəyyən 
müqavimət göstərilir. 
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətləndirici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə, 
ümumiyyətlə. bələd deyildir. Görünür, sosiologiyanın uzun illər  ərzində ali və orta ixtisas məktəblərində  tədris 
olunmaması təsirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər hallarda sosioloji bilik sahələrinə o qədər 
də ciddi həvəs, maraq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadrların azlığı özünü aydın surətdə 
hiss etdirir. Sosiologiyaya dair populyar nəşrlər də yox dərəcəsindədir. 
Sosiologiya artıq ali məktəblərdə  tədris olunan fənlər sırasında özünəməxsus yer tutmuşdur. Müstəqil 
Azərbaycanımızın inkişafının sosial problemlərinin həllində, cəmiyyətin ümumi sağlamlaşmasında sosiologiyanın 
rolu tam etiraf olunur. O, cəmiyyəti bütöv halda öyrənən bilik sahəsi kimi gənclərin dünyagörüşünün 
formalaşmasına, onların ideya-siyasi və  mənəvi-əxlaqi mövqelərinin müəyyənləşməsinə  fəal təsir göstərir. 
Sosiologiya elminin problemlərinə  bələd olmaq sayəsində  tələbə  gənclər bugünkü mürəkkəb, ziddiyyətli ictimai 
prosesləri daha dərindən dərk etmək imkanı qazanacaqlar. Sosiologiyadan dərs vəsaitinin hazırlanması  həmin 
imkanı reallaşdırmağa kömək etmək məqsədi güdür. 
Sosiologiyadan dərs vəsaiti mövcud tədris planlarına tam uyğun  şəkildə hazırlanmışdır. Müxtəlif 
ixtisaslarda təhsil alan tələbələr bu vəsaitlə tanış olmaq sayəsində ümumi sosiologiyanın problemlərini aydın 
təsəvvür edəcək, problemlərin həlli yollarını və xüsusiyyətlərini daha adekvat, məntiqli qavraya biləcəklər. Aydın 
məsələdir ki, tələbə  gənclər təkcə bu vəsaitlə kifayətlənməməli, ayrı-ayrı mövzular üzrə  məsləhət görülən 
ədəbiyyatı diqqətlə, səylə öyrənməlidirlər. Belə gərgin iş sayəsində tələbə mürəkkəb sosial münasibətlər aləminə 
dərindən nüfuz edə bilər, bu aləmin sirlərinə bələd ola bilər. Güman edirik ki, sosial gerçəkliyimizi daha obyektiv 
dərk etmək baxımından sosiologiya üzrə hazırlanmış vəsait tələbələrimizə müəyyən fayda verəcəkdir. 
Dərs vəsaiti on yeddi fəsli əhatə edir. I, II, III, IV, XI, XII, XIII, XIV və XVII fəsillər dos. F. Q. Vahidov, V, 
VI, VII, VIII, IX, X, XV və XVI fəsillər isə dos. T. B. Ağayev tərəfindən yazılmışdır. 
Oxuculardan xahiş olunur ki, vəsait haqqında irad və təkliflərini BDU-nun sosiologiya kafedrasına təqdim 
etsinlər. İrəlicədən təşəkkürümüzü bildiririk. 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin