Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə5/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Reformist Abbas Mirzə
“Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar həyata keçirməkdədir.Yüksək orqanizasionlu birliklər oluşdurmuşdur. Topxanası qüsursuzdur və böyük bir sürətlə də gəlişməkdədir. Təbrizdə bir dəmir əritmə mərkəzi yapdırmışdır. Ayrıca bir silah ürətim mərkəzi də çalışmaqdadır. Savaş qalaları Avropa modelinə uyğun yapılmaqdadır. Azərbaycanın mədənlərini kullanıma hazır etmişdir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi basqı altındadır. Ancaq özü sadə yaşamı tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya və başqa sosial xidmətlərə həsr etməkdədir...”

Bu sözləri yazan davam edir:

“Reformlar davam edir. Belə getsə yaxın gələcəkdə Qacar dövləti Avropa piyadələri səviyəsində hərbi orqanizasiyon oluşduracaq.”28 Bu raportu yazan Abbas Mirzənin dostudur mu, əcəba?

Əksinə, bu raportu yazan Abbas Mirzənin düşməni və Qafqazın hakimi General Yermolovdur. Qacar dövlətinin özünü savuna bilməsini mümkün edəcək bu reformlar Yermolovu rahatsız etməkdə idi. Yermolov bu reform sürəcini durdurmaq üçün Abbas Mirzənin düşmən qardaşı Məhəmmədəli Mirzə (Dövlətşahi) ilə ilişkiyə girməyi düşündü. Məhəmmədəli Mirzə yaxşının pisin fərqinə varmadan Abbas Mirzəyə qarşı düşmənlik edirdi. Nə olursa-olsun Abbas Mirzənin bütün hərəkətlərinə qarşı idi. Dövlətşahi Abbas Mirzənin yenilikçı tutumunu sevməyən bütün din adamlarını, narazı xanları öz ətrafına toplamış və Qacar soyuna mənsubiyət duyğusundan da daha üstün hədəf təqib edirdi. Çünkü bu duyğudan yola çıxacaq olsaydı, Qacar soyundan olmayan xanları və mollaları öz müttəfiqinə dönüşdürə bilməzdi.

Abbas Mirzənin şahzadəlik məsələsi Ağaməhəmməd Xan Qacardan miras qalan Qacar Yasasına görə dəyişilməz bir durum olduğu üçün Yermolovun Abbas Mirzəni devirmə planları baş tutmurdu. Əyyaşlıqla və digər bu kimi zövqlərlə başını qatmış yaşlı Fətəli Şah isə ölümündən sonra nə olacağı haqda heç düşünmürdü. Dövlətinin özündən sonraki taleyi ilə ilgili bir planı yox idi. Bəziləri belə söyləyirdilər ki, Şah, “tac-taxt onu əldə edə bilənin olacaqdır”,- demişdir. Şah artıq çox yaşlanmışdı və hər an ölə bilərdi. Bu da Rusiyanı çox rahatsız etməkdə idi. Çünkü Şahın ölümündən sonra Abbas Mirzə tac-taxta sahib olsaydı, durum dəyişilə bilərdi. Abbas Mirzə ölkənin digər yerlərində olan , özəlliklə də Məhəmmədəli Mirzənin əmrindəki ordunu da Rusiya ilə savaşa sövq edib, əldən gedən torpaqları geri qaytara bilərdi. Yermolov bütün bu oluşumu əngəlləmək üçün bir plan gəlişdirmişdi. Plana görə Rusiyanın Gürcüstanda olan birlikləri İrəvanı işğal edəcəkdi. Bu işğalı durdurmaq üçün Abbas Mirzə birliklərini savaşa sövq etmək məcburiyətində qalacaqdı. Bu fürsətdən istifadə edərək başkəndə dönüş yolunu qapatacaqdı və digər tərəfdən, də Məhəmmədəli Mirzənin şahlığa gedən yolunu din xadimlərinin və digər Abbas Mirzə düşmənlərinin yardımı ilə açacaqdı. Yermolov Abbas Mirzədən bir dəfəlik qurtulmaq üçün belə bir plan tasarlamışdı.29

Ordusunu modern disiplinə tabe edən, Azərbaycanda böyük reformlar gerçəkləşdirən Abbas Mirzə, savaş nə qədər gec başlarsa, o qədər ölkəsinin xeyirinədir deyə düşünürdü. Çünkü gün keçdikcə müxtəlif sahələrdə reformlar gerçəkləşdirir və güclənirdi. Bütün bu güclənməni böyük savaşın başlanacağı gün üçün hazırlıq kimi anlayırdı. Yermolov da belə anlayırdı.

Ruslar tərəfindən işğal edilən ərazilərin xanları öncə ruslarla bir şəkildə anlaşacaqlarını sanırdılar. Lakin rusların onların hər tür müxtar hərəkətkərinə qarşı sərt tutumu nədəni ilə bu xanlar Təbriz dərbarına sığınmışdılar. Abbas Mirzə bunlara Azərbaycanın müxtəlif yerlərində torpaq verərək dəstəyini əsirgəməmişdi. Lakin sonradan bu xanların arzuları böyüməyə başladı. Tehrandaki saray intriqalarına qatılıb və Şahzadəyə qarşı çıxmağa başladılar. 1825-ci ilə qədər xanlar, Şahzadənin düşmənlərinə, xüsusən onun əsas düşmənləri olan qardaşlarına çox böyük yardım etdilər. Abbas Mirzənin reformlarını öz mənafelərinə qarşı görən hər kəs bu düşmənlərin cərgəsində idi. Mollalardan tutmuş vəzirlərə, xanlara və Şahzadənin qardaşlarına qədər geniş bir kütlə Abbas Mirzənin qərbləşmə hərəkətinə qarşı idilər. Həftədə bir kəz rəiyyətlərin şikayətlərini dinləyən Abbas Mirzə düşmənlərinin ona qarşı nə kimi planlar hazırladıqlarını anlamışdı.

1815-1825-ci illər Şahzadənin ən verimli və mutlu illəri idi. O illərdə Təbrizin küçələrində, bazarlarında görünən insanların davranışlarında mutluluq və güvən sezilməkdə idi. O illərdə Təbriz Tehrandan daha əhəmiyətli görünməkdə idi. Çünkü Təbriz tacirlər üçün daha güvənilir və para qazandıran şəhərə dönüşmüşdü. Bütün bunların səbəbkarı olaraq Şahzadəni görən Azərbaycan əhalisi Şahzadəyə öz doğma padşahları kimi baxırdılar. Təbrizin bir neçə məhəlləsində yeni hamamlar təsis edilmiş, şəhərə içməli su çəkilmiş, İstanbula mal aparan tacirlərin gecələmələri üçün yeni karvansaralar tikilmiş və onların güvənliyi ilə ilgili hər tür önləmlər alınmış, imkanlar sağlanmışdır. Abbas Mirzə özəl həkimi ingilis Karmək vasitəsi ilə Təbrizdə ilk kəz su çiçəyi xəstəliyinin tədavisi üçün mərkəz təsis etmişdi. Bu da Azərbaycan çocuqlarının sağlığı üçün atılan ilk böyük addım idi. Abbas Mirzənin sağlıq alanındaki reformları, özəlliklə Tehrandaki baş molları rahatsız edir və bu tətbiqatdan küfr qoxusu gəlir deyə Şahı uyarırdılar. Lakin Abbas Mirzə düşlədiyi gəlişmiş Azərbaycanı gerçəkləşdirmək üçün bu reformların miqyasını genişlətmək zorunda idi. Bu səbəbdən də Azərbaycan əyanlarının oğullarını təhsil almaq üçün Avropaya göndərdi. Hər tür yeniliyə qapalı olan qaranlıq ruhlu ortama və Tehranın əngəlləmələrinə qarşı Abbas Mirzə böyük bir özənlə islahatlara durmadan davam edirdi. Bəzi təsisatların yapılmasına özü şəxsən nəzarət edirdi. İlk kəz olaraq Abbas Mirzə Azərbaycanda kitab yayın mərkəzi (çapxana) təsis etdirdi. Daş üsulu çapxana təsis edildikdən sonra həm yeni iş mərkəzinin açılması, həm də müxtəlif kitabların çap edilməsi baxımından Azəbaycanın başkəndi Təbriz öz tarixi statusunu dəyişdirməkdə və modernləşməkdə idi. Abbas Mirzənin bu reformları Təbrizi mədəni dünyanın bir parçası etməkdə idi. Bütün bu yeniliklər həm mənafeləri, həm də cəhalətləri üzündən xürafi ənənələrə bağlı olan böyük mollalar ordusunu, xanları, feodalları əsəbləşdirməkdə idi.



1820-ci ildə Xoy yeni tarixi bir hadisəyə şahid oldu. Şəhərin meydanında fəaliyətə başlayan bir yun makinası hər kəsi heyrətləndirmişdi. Təkbaşına 20 kişinin işini görən bu makinanın Xoyda fəaliyətə başlaması Batı həyat tərzinin, iş və işçi məfhumunun şəhərdə anlaşılmasına yardımçı olmaqda idi. Bu makinanın ürətdiyi ilk başlarda yalnız keçədən ibarət idi. Lakin bu da həm köçərilərin ehtiyaclarını bərtərəf etməkdə, həm də şəhəri ticarət mərkəzinə çevirmə baxımından çox önəmli idi.O günün ehtiyacları açısından baxıldığında bu tür işlərin nə qədər önəmli olduğu anlaşıla bilər. Abbas Mirzə böyük bir sevinclə ətrafındakılara deyirdi ki, bir gün gələcək, artıq bu tür şeyləri idxal etməyəcəyik. Azərbaycan öz istehsal imkanları ilə bütün Şərqin ehtiyaclarını təmin edəcək. Bu sözlər onun hərbçı olmasına rəğmən bir ekonomist düşüncəyə sahib olduğunu da göstərir. Tehranın ona qarşı xəsisliyinə, əngəlləmələrinə, intriqalarına qarşılıq olaraq Şahzadə biricik qurtuluş yolu kimi Azərbaycanın iqtisadi, tekniki baxımdan qalxınmasını planlayırdı. Abbas Mirzə ağlında daşıdığı böyük savaşı başlamadan öncə güclü ekonomisi, əhalisinin çoxu savadlı və Avropada təlim almış mütəxəssislərdən bərxurdar olan olan bir Azərbaycan, düşünən, düşündürən, xurafatdan arınmış fərqli bir Azərbaycan ölkəsi yaratmaq istəyirdi. Hər bir açılışda Şahzadə özü iştirak edirdi. Lakin bu açılışlardaki izdihamlarda Tehrandan dəstək alan bəzi insanlar da bu reformlara qarşı şüarlarla bağırmaqdan geri qalmırdılar. Bunlar kafir işləridir, din əldən gedir deyə bağıranları Abbas Mirzə sərt şəkildə cəzalandıra bilmirdi. Çünkü onlar böyük şəbəkə olaraq Tehran molları və Şahzadənin qardaşları ilə irtibatda olan insanlardı. Şahzadə onları susdurmaqla yetinirdi. Özəlliklə Azərbaycan din alimlərinin, din xadimlərinin də təsirindən yararlanırdı. Lakin heç bir şəkildə din xadimlərinə güvənmirdi. İstər Azərbaycanlı olsun istər başqa yerli. Çünkü O bilirdi ki, din xadimlərinin dəyişilməsi mümkün olmayan qaranlıq qafaları elmə, bilgiyə və yeniliyə qarşıdır. Ən önəmli reformlardan biri də Azərbaycanın şəhərləri və kəndləri arasında itizamlı post şəbəkələrini qurması idi. Bu yeni şəbəkədə çaparlara gərəkən bütün ehtiyaclar nəzərə alınmışdı. Mehmanxana kimi istirahət evləri, münasib yeməklər, çaparlıq üçün uyğun atlar və digər bu kimi ehtiyaclar reformlara nəzarət edən heyyət tərəfindən yoxlanılmış və Şahzadəyə bilgi verilmişdi. Rəiyyətlərin toyuğunu, yumurtasını vergi olaraq zorla alan kənd ağaları Abbas Mirzənin təhdidi üzərinə bu işlərindən vaz keçmişdilər. Vaz keçmişdilər, ancaq reform düşmənləri cərgəsinə qatılmışdılar. Şahzadə Azərbaycanın sınırları ötəsində də hörmət qazanmışdı. Bəzi böyük şəxsiyətlər və ölkədə karizması olan bir çox insan da ona dəstək verirdi. Bunlardan ən önəmlisi tarixi kitab olan “Maaser-e Sultani”nin (Padşahanə xatirələr) müəllifi idi. Keçən səhifələrdə bu şəxs haqqında bilgi verilmişdir. Bu şəxs Dənbəli xanidanı soyundan idi.

***
1805-1826-cı illər arasında o qədər səfir Tehrana və Təbrizə gəl-get etdi ki, onların hamısının adını saymaq yorğunluğa səbəb olar. Lakin bütün bu səfirlərin yazdığı xatirələr, Abbas Mirzə ilə bağlı verdikləri bilgilər, bizim, Şahzadə haqqında gerçək məlumat sahibi olmamıza yardımçı olmaqdadır. Bu bilgilər o dönəmin özəlliyini, Şahzadənin karakterini, ideallaını və təsəvvürlərini öyrənmə açısından açar rolu oynamaqdadır. Bu arada İngiltərə, Rusiya, Fransa gizlin servislərinin Qacariyənin gələcəyi ilə ilgili olaraq mərkəzi kəşfiyatlarına verdikləri bilgilər və raporttlar diqqəti cəlb etməkdədir. Hər üç dövlətin gizlin kəşfiyatlarının raporttlarına görə Abbas Mirzə padşah olduqdan sonra Qacariyənin başkəndi Tehrandan Təbrizə daşınacaqmış. Bunun üçün isə bir çox gerçək verilərə dayanan məntiqi dəyərləndirmələri mövcud idi: 1. Abbas Mirzə Təbrizlə özdeşləşmişdir. Öz çevrəsini Təbrizdə qurmuşdur. O, artıq bütün yardımçılarını və iqtidar ekipini Təbrizdə oluşdurmuşdur və bu ekipi ilə ölkə genelində iqtidarını tətbiq etmək istəyəcək. 2. Abbas Mirzə Təbrizin gəlişməsi ilə bağlı çox işlər görmüşdür. Bu işləri özünün gələcək başkəndi olaraq düşlədiyi şəhər üçün görməkdədir. 3. Fətəli Şahdan sonra şah olacaq Abbas Mirzə üçün ən uyğun iqtidar mərkəzi Təbriz olaraq görünməkdədir. Çünkü Təbriz mərkəzli bir iqtidar sahibi olan Abbas Mirzə həm rəqiblərini asanlıqla ortadan qaldıra bilər, həm də Azərbaycanda başlatdığı reformunu ölkə genəlinə daşıya bilər. 4. Abbas Mirzə özünü Azərbaycana çox borclu bilməkdədir. Bu borcluluğun qarşılığı olaraq başkəndi Azərbaycana daşımaq kimi gizlin fikrini söhbətləri sırasında sezmək mümkündür. 5. Abbas Mirzənin Azərbaycanda gerçəkləşdirdiyi reformlar səbəbi ilə artıq xarici ölkələr də Təbrizə gələcəyin baş kəndi kimi baxmaqdadırlar. Özəlliklə dünyanın böyük gücləri Təbrizi başkənd olaraq görəcəklərinə indidən alışmışlar. Çünkü onlara görə başkənd Təbriz olacağı təqdirdə bu ölkə ilə diplomatik münasibətlərin saxlanılması daha rahat şəkildə olacaqdır. Təbrizdəki reformlar səbəbi ilə bu şəhər həm Tehrandan, həm də digər şəhərlərdən daha çox Qərb mədəniyətinə yaxınlaşmışdır. Şəhərin qərbləşməsi üçün altyapı Abbas Mirzə tərəfindən hazırlanmışdır. Bu da onun başkənd olması ilə ilgili olaraq uluslararası baxışın və əfkar-i ümuminin sağlanması anlamındadır.

Təbrizi ziyarət edən bir çox səfirlər Şahzadənin yanında həddi-büluğa çatmış iki oğlunu və bir də gənc bir qardaşını görməkdələr. Şahzadə bu gənc qardaşını öz oğulları qədər çox istəyirmiş. Məlik Qasim Mirzə adında olan Abbas Mirzənin bu qardaşı sonralar Urmunun hakimi olacaqdı. Onun haqqında Kont de Sers çox xoş sözlər söyləmişdir. Abbas Mirzə boş zamanlarını onlara həsr edir və təhsilləri ilə maraqlanır, müəllimlərindən bilgi alırdı. Abbas Mirzənin kiçik oğlu Cahangir Mirzə atasına bir çox səfərlərdə eşlik edir, olayları vaqeə nevis kimi qələmə alırdı. Ondan “Tarixe no (Yeni tarix)” adında bir kitab miras qalmışdır.

Dağlıq kəndlərdə yaşayan kəndlilər belə, Şahzadənin istiqbalına varmaqdan çəkinmirdilər. İngilis diplomat Ker Porter bir kürd qaçaqçılarının başçısından eşitdiyi sözləri bu şəkildə qələmə almaqdadır: “Şahzadənin əmniyət və güvən sağladığı kənd adamları Şahzadə keçərkən bütün ailələri ilə bir yerdə onun istiqbalına varır və ona dua edirdilər. Şahzadə bu yoxsul kəndlilərdən sovğat almağı yasaqladığı üçün onlar Şahzadəyə yaşıl yarpaq verir, yollarına gül səpirdilər. Lakin elə bu kəndlilər bilsəydilər ki, Kirmanşahın hakimi bu tərəflərdən keçməkdədir, qorxularından ən qorxunc dərələrdə qaçıb gizlənərdilər.”30

Kürdlər xırman vaxtı gizləndikləri yerlərdən çıxıb Azərbaycan kəndlərinə hücum edib, talan edirdilər. Abbas Mirzə bunlarla həm silahlı savaşa girir, həm də bir çox kürdləri başqa yerlərə köçürüb, onlara tarımla uğraşmaları üçün torpaq verirdi. Ancaq hərbi birliklərə də onlara diqqət etmələrini əmr etmişdi. Urmu kəndlərini kürd qaçaqçılarının yağmalamasından qurtaran Abbas Mirzəyə Azərbaycanın bu bölgəsində ayrıca bir sevgi var idi. Bu bölgələr həm də Avşar soyunun bol olduğu yer idi. Çox məğrur davranan Avşarlara Abbas Mirzənin ehtiyacı var idi. Süvariliyi bir kültür olaraq ta qədimdən özləri ilə bərabər daşıyan Avşarlar Abbas Mirzənin istəyinə müsbət cavab verib ordunun süvarilər qisminə qatılırdılar. Abbas Mirzənin çətin günlərində də bəlli oldu ki, Avşarlar ənənələrdən gələn ehtiraslarını öz içlərində boğaraq Şahzadənin islahatlarına qarşı çıxmamışlar.

***


1817-ci ildə Qafqazın hakimi general Yermolov Qacariyəyə bir elçi göndərmə konusunda mərkəzi razı sala bildi. Yermolov, Qacar dövləti haqqında hər kəsdən daha çox bilgili olduğunu iddia edirdi. Bu üzdən də Rusiyanın Qacariyə ilə olan ilşkilərini ən doğru şəkildə yürüdəcəyini düşünürdü. Yermolovun hədəfi Qacariyənin Rusiya ilə sınır şəhərlərində konsulluq açmaq idi. Digər tərəfdən, Rus ordusunun Mavəra-ün Nəhrə (Çay ötəsinə) hücum etməsi üçün Xorasandan keçməsi haqda Şahı ikna etmək istəyirdi. Lakin Yermolovun gizlin saxladığı ən mühüm amacı Osmanlıya qarşı Qacariyə ilə ittifaqa girmək istəməsi idi. Onun heç bir istəyi gerçəkləşmədi. Şah Osmanlıya qarşı Rusiya ilə ittifağa girmək istəmirdi, Abbas Mirzədə da belə bir istək yox idi. Digər tərəfdən, Rus ordusunun Xorasandan keçməsinə də nə Şah nə də Abbas Mirzə razı olmadılar, çünkü ordunun buradan keçərkən bu torpaqları işğal etməyəcəyi konusunda heç bir qarant yox idi. Konsulluqların açılması isə bir sürə sonraya ertələndi.

Yermolovun Moris Dukutezbov adlı çox önəmsiz bir katibi bu səfəri ayrıntıları ilə qələmə almışdır.Bu katibin yazdığından anlaşılır ki, o, Yermolovla Şahzadə arasındaki düşmənlikdən xəbərsiz imiş.

Rus heyyətinin yolu İrəvandan keçməkdə idi. Bu heyyət 1807-ci ildən etibarən İrəvan əyalətinin elbayı olan Hüseyn Xan Sərdar vasitəsi ilə Qacar dövləti ilə təmasa girməkdə idi.

Həm Təbrizdə, həm də Tehranda Birinci Aleksandrin səfirini böyük bir istiqballa qarşıladılar. İstiqbalın möhtəşəm olmasının ən böyük səbəbi Qacar dövlətinin Rusiyanın təkliflərinin heç biri ilə razılaşmaması idi. Digər tərəfdən, Abbas Mirzə fürsətdən istifadə edib öz ordusundaki yeni düzən və disiplini düşmənin elçisinə göstərmək istəyirdi. Səfir Təbrizin bir neçə ağaclığında sadə bir törənlə qarşılanmadı. Qırx top, səksən süvari və səkkiz min piyadə ilə qarşılandı.31

Şahzadə, Təbrizdəki sarayında elçini qəbul etdi. Bu saray Şahzadəyə bağışlanan Təbriz əyanlarından birinə mənsub idi. Şahzadənin bir neçə addım arxasında artıq çox yaşlanmış Qaimməqam görünməkdə idi. Elçi, Şahzadəyə İmperatorun öz dəstxətti ilə yazılmış məktubu verdi. Heyyət, Şahzadəni tərk etdiyində, Abbas Mirzə olduğu yerdə durdu və sadəcə əlləri ilə vida əlaməti göstərib əl sallayaraq, onları yola saldı. Yermolov heç bir şeyi qaçırmadan diqqətə alırdı. Çünkü o, Moskovaya yazdığı raporttlarında “Abbas Mirzə reformlarında başarılı olur və güclənirsə Rusiyaya qarşı savaş açacaq” kimi öngörülərdə bulunmuşdu. Abbas Mirzə Yermolovun gəlişi üçün topların atəş edib və gözlə görünə biləcək bəlli hədəflərin vurulmasını istəmişdi. Özü də topçu olan Yermolov, Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görə duyduğu şaşqınlığını gizlə də bilmirdi.

Dukutezbovun verdiyi bilgilərə görə o zaman Şahzadənin yanında bulunan Hind ordusuna mənsub ingilislər də varmış. O, bu adamların adını bu şəkildə yazmaqdadır: Albay Lindsi, Albay Mekintaş, Minbaşı Hart, Yüzbaşı Vilak* və Doktor Karmək. Rusiya heyyəti bunlarla daha yaxın münasibət qurmağa çalışdı.

1814-cü il İngiltərə-Qacariyə anlaşmasına görə Hindistan ordusuna mənsub albaylar Şahzadənin yanında bulunmalı və təcrübələrini ordunun eyitimi üçün səfərbər etməli idilər. Şahzadə bu albayları daima yanında bulundururdu. Ancaq Vilak həm də bunun ötəsində öz dövlətinə daha başarılı olduğunu, başqa işlərin də öhdəsindən gələ biləcəyini göstərmək istəyirdi. Bu üzdən də Hind ordusundan gəlmiş heyyətin geri dönüşü üçün hər tür çaba göstərməkdə idi və sonunda da bu işi başardı. Vilakın Abbas Mirzə ilə yaxşı münasibəti yox idi. Bu illər ərzində Şahzadə Vilak heyyətindən Şərq dilləri uzmanı olan Dromond Kəmpil adında bir doktorla dostluq münasibəti qurmuşdu. Eləcə də Ker Porterlə yaxın münasibəti var idi. Ker Porter boş vaxtlarında rəssamlıqla məşğul olurdu.

Ker Porter 1820-ci ildə Şahzadənin yanında Təbrizdən Tehrana yolçuluq etmişdi. Uzun yolçuluq onları bir az bir-birinə yaxınlaşdırmışdı. O, öz xatirələrində bu səfərlə ilgili geniş bilgi verməkdədir. Yol boyunca Şahzadə Napoleonun devrilməsindən duyduğu rahatsızlığı etiraf etmişdir. Ker Porter bu yolçuluq əsnasında Şahzadənin bəzi törələrə qarşı duyduğu nifrəti də öyrənmişdi. Özəlliklə Şahzadə bəzi böyük vəzifəli şəxslərin qarşısında heyvan qurban kəsmə törəsinə nifrət edirmiş. Şahzadə vardığı yerlərdə qurban kəsməni yasaqlamasına qarşın, yol boyunca ona hədiyə edilən təmiz bal və bəzi incə qabları böyük zövqlə qəbul edirdi. Ker Porter Şahzadənin Təbrizdəki sarayında Doktor Dulafos adında bir yabancı ilə də tanış olur. Lakin bir çox dünya ölkələrini gəzmiş bu yabancının milliyəti haqqında bilgi verməməkdədir. Uzun yolculuqdan dolayı ortaya çıxan yorğunluq yolçuluğun düzənini pozmuşdu. Karvanın çox önündə yürüyən Şahzadənin qadınları bir sürəliyinə başqa yolçularla bərabər yolçuluq etmək zorunda qaldılar. Onlar dörd xanım idi. Gözəl atlar üstündə, zərrin paltarlar geymiş bu qadınların surətləri də örtülmüşdü. Çox qısa sürəliyinə bərabər yürüyən yolçuluqdan sonra təkrar onlar önə varıb və gərəkən məsafəni aldılar. Şahzadə elə bir tutum izləmkdə idi ki, kimsə onun ailəsi haqda intriqa qaynağı olacaq bilgi edinəməsin. Bu səbəbdən də o günə qədər kimsə Ker Porter qədər onun ailəsi haqda bu qədər bilgi edinəməmişdi. Sultaniyəyə çatdılar. Sultaniyədə Şahzadə, Ker Porterə bu yer haqda bilgi verdi ki, bu əski şəhər təqribən beş yüz il öncə Xudabəndə adı ilə bilinən Sultan Ulcayto tərəfindən təsis edilmiş, lakin bütün çabalara rəğmən bu şəhər torpağa batmış, yox olmuş və ondan sadəcə bəsit görüntülər miras qalmışdır.

Ker Porterin verdiyi bilgilərdən anlaşılır ki, o zaman Zəngan möhkəm qalalarla çevrələnmiş kiçik bir şəhər imiş. Porter, Abbas Mirzənin qardaşlarının ona qarşı olan həsədləri haqda da bilgi verməkdədir. Xəmsə*nin elbayı (valisi) Abbas Mirzənin kiçik qardaşlarından biri olan Abdulla Mirzə idi. Baxmayaraq ki, Abbas Mirzənin vəliəhd olduğunu bilirdi və kural icabı vəliəhd burdan keçərkən onun istiqbalına varmalı idi, lakin Abbas Mirzəni qarşılamasın deyə, Xəmsəni tərk edib, Tehrana getmişdi. Bu da Şahzadəyə qarşı böyük bir həqarət sayılırdı. Abbas Mirzə bu həqarətə etinasız qalmadı. Zənganda bulunduğu müddətcə heç bir hədiyyəni qəbul etmədi və lazım olan şeyləri özü aldırtdı.

Ancaq Qəzvində böyük bir istiqbal törəni gerçəkləşdi. Qəzvinin elbayı Əlinağı Mirzə böyük bir törənlə böyük qardaşının istiqbalına vardı. İki qardaşın görüş zamanı bir-birlərinə göstərdikləri ilgi onların qarşılıqlı səmimiyətlərini ortaya qoymaqda idi.



Kərəc, Tehranın qırx ağaclığında və eyni adlı bir çayın kənarında yerləşmişdir. Fətəli Şah səltənətinin ilk illərində burada böyük bir şəhər yapdırmaq istəmişdi. Lakin sonradan bu istəyindən vaz keçmişdi. Bu gün Kərəcdə Qacar dönəminə aid olan əsərlərdən sadəcə Süleymaniyə sarayının qalıtları qalmaqdadır.

Süleymaniyəyə çatdıqlarında Abbas Mirzə çox dakğın görünürdü. Ker Porter, Abbas Mirzənin belə əndişli görünməsinin səbəbini Doktor Dulafusdan sorur. Məlum olur ki, Şahzadənin əndişəli görünməsinə səbəb olan onun özəl həkimi Doktor Kəmpilin ağır xəstə oluşu imiş. Bir neçə Doğu dillərini bilən Doktor Kəmpilin ağır xəstələnmiş və ölüm yatağında yatmaqda idi. Doktor Dufulas və Ker Porter Kəmpili yaxından görüb halını bilmək üçün onun ziyarətinə getdilər. Hər ikisi onu gördüklərində sağalacağına dair umudlarını itirdilər. Lakin yenə də Kəmpil onların gəlişinə sevinmişdi. Onlar xəstədən ayrılmaq zorundaydılar. Çünkü Abbas Mirzə ilə bərabər Tehrana getməliydilər. Abbas Mirzə Kəmpilin sağalma ehtimalının olmadığını onlardan eşitdikdən sonra daha çox üzüldü. Abbas Mirzə özəl həkimi Kəmpilin ziyarətinə getdi. Ona sağalma və sağlıq diləklərini ilətib ayrıldı, Tehrana yola düşdü. Yol yarı olmadan Kəmpilin ölüm xəbərini ona söylədilər. Abbas Mirzə üzünü ingilislərə tutaraq dedi: Bilmirəm qürbətdə can verən Sizin yurddaşınız üçün, yoxsa öz dostumun ölümü üçün ağlayım. Müsafirlər Abbas Mirzənin gözlərindən axan yaşa tanıq oldular.


***

Vəliəhd yay aylarını Xoyda keçirir və ordusunun böyük bir bölümü şəhərin kənarında yerləşirdi. Onun hər ilin yayında Xoyda olması bu şəhərin böyüməsinə, ticarət mərkəzi olmasına səbəb olmuşdu. Şəhərdə bir çox ağac əkilmiş və şəhərin görünümü qısa bir müddətdə dəyişmişdi. Abbas Mirzə üçün Xoy ayrıca hərbi bir önəm daşımaqda idi. Çünkü daima savaşa hazır halda bulundurduğu ordusunun eyitimi və məşqləri bu şəhərin çevrələrində olurdu.

1806-ci ildə Osmanlı paşaları ilə savaşa dönüşən ixtilaf hələ də həll olmamış qalmaqda idi. Zamanla bu ixtilaf böyüməyə başlayıb və 1821-ci ildə geniş çaplı savaşa dönüşdü, ancaq bu dəfəki lokal bir savaş deyildi. Savaş Quzey batıdan Güney Batıya qədər uzun bır sınır boyunca başlamışdı. Kirmanşahın elbayı (valisi) Məhəmməməli Mirzə Dövlətşahi böyük bir təərrüzə başlamışdı. Dövlətşahi öz süvarilərini sürətlə sınıra çatdırmağı başarmış və çox asan müvəffəqiyyət əldə etmişdi. Çünkü qəflətən hücuma uğrayan Bağdad elbayı Davud Paşa həm hazırlıqsız yaxalanmışdı, həm də qarşı qoya biləcək önəmli gücü yox idi. Qacar tərəfi bu savaşa çox hazırlanmışdı. Burada belə bir sual ortaya çıxır ki, bu qədər iqtidar hərisi olan Dövlətşahi nədən Bağdadı işğal etməmişdir? Əcəba xarici dövlətlərin müdaxiləsimi olmuşdur, yoxsa İraq din xadimlərimi bu savaşa qarşı çıxmışdılar? Çünkü Şiənin inancının önəmli rəhbərləri bu ərazilərdə uyumaqdadır. Bu şəhərləri savaş yolu ilə ələ keçirmək üçün Hülaku Xan qədər dinsiz olmaq gərəkirdi. Lakin Dövlətşahi şiə gələnəklərinə çox bağlı idi. Din xadimlərinin fətvaları ilə hesablaşırdı. Özəlliklə də Abbas Mirzənin yerini almaq üçün din xadimlərinin dəstəyini almış durumda idi. Əcəba din xadimlərimi Dövlətşahinin İraqı savaşla istila etməsini önlədilər? NəcəfKərbəla kimi şəhərlərin top atəşinə tutulması şiə məzhəbinin müqəddəsatına toxunmaq anlamında idi. Lakin bütün bu dəlillərin ötəsində ən önəmli məsələ onun cismi vəziyətinin dəyişməsi idi. O zaman 35-36 yaşlarında bulunan Dövlətşahi çox güclü bünyəsi ilə məşhur idi. Ancaq ürək ağrısı onu yaxaladı və çox keçmədən ağır bir qızdırmaya mübtəla oldu. Bu üzdən də Bağdad paşası ilə böyük savaşa girmədən geri dönmək zorunda qaldı. Geri dönüb və xəstəliyinə şəfa axtarmaq istəyirdi. Kərənd kəndində hiss etdi ki, ölmək üzrədir. Bu kənddə köhnə və artıq istifadə edilməyən sökük bir qalanın divarlarına söykənib can verdi. Onun cəsarəti və şücaəti inkar edilməz idi, lakin həsəd onu məhv etmişdi. Dövlətşahinin ölümü Abbas Mirzəni ona qarşı yönəlmiş həsədlərdən rahat etmədi. Dövlətşahinin həsəd mirasını başqa qardaşları daşımaqdaydılar.

Ancaq bu savaşın önəmli qismi Qars, Bayəzid, Ərzurum çevrələrində getməkdə idi. Savaşa səbəb olan problemləri diplomatik yolla da çözmək mümkün idi. Lakin Osmanlı tərəfi savaşmaqda qərarlı görünürdü. Özəlliklə də kürd qaçaqçılar Azərbaycan kəndlərini talarkən Osmanlı tərəfindən dəstək görürdülər. Azərbaycan tacirləri soyulur və kəndlilərin, köçərilərin sürüləri qarət edilirdi. Bütün bu soyğunçular isə Osmanlı ərazisində yaşayan kürdlər idi. Qacar dövlətinin bunları önləmə uyarılarına Osmanlı diqqət etmirdi.

Abbas Mirzə bu dildaş qonşu ilə savaşmaq istəmirdi. Bu üzdən də barış yolu ilə məsələnin həllinə çalışırdı. Lakin 1807-ci ilin payızından etibarən İrəvanın elbayı olan Sərdar Hüseyn Xan belə düşünmürdü. Çünkü İrəvan elbayı üçün Osmanlı ilə savaş daha faydalı idi. Sonralar bəlli olur ki, Rusiya da İrəvan elbayını bu savaşın böyüməsinə təhrik etmiş, və´dlərdə bulunmuşdur. Bu illər ərzində İrəvan elbayının imkanları böyümüşdü. Özəl strateji önəmi olan İrəvan üçün Fətəli Şah da diqqət yetirməkdə idi. İrəvanın güclü olması Rusiyaya qarşı çox əhəmiyətli idi. Ruslar İrəvanda birikmiş bu savaş imkanlarını Osmanlıya qarşı kullanıb ortadan qaldırmaq istəyirdilər. Çünkü Rusiyanın sonraki planlarına qarşı İrəvandaki hərbi üslər təhdid ünsürü kimi görünürdü.

Hüseyn Xan Qəzvində yaşayan Qacar soyunun bir boyuna mənsub idi. Lakin zəngin bir soydan deyildi. Ancaq savaş qabiliyəti yüksək olduğu üçün Ağaməhəmməd Xan zamanından müxtəlif postlarda olmuş, tərəqqi etmiş və nəhayət İrəvan elbaylığına qədər yüksəlmişdi. İşini qulluqçuluqdan başlayaraq genişlətmişdi. Morier onu 1814-ci ildə görmüşdür. Bu zaman çox yaşlı olan İrəvan elbayı hələ də gənclik duyğusundan məhrum deylmiş. Hüseyn Xan kəsinliklə Abbas Mirzədən xoşlanmırdı. Şahzadənin reformları onu çox əsəbləşdirirdi. Çünkü Azərbaycandaki həyat tərzinin yaxşılaşması bir gün Fətəli Şahı təhrik edə bilərdi ki, İrəvanın da yönətimini Azərbaycanla bir yerdə Abbas Mirzəyə tapşırsın. Bu üzdən də Abbas Mirzəyə qarşı için için düşmənlik duyğusu bəsləməkdə idi və intiqam almaq üçün münasib fürsət axtarırdı. Anadolunun köçəri türk Heydəranlu tayfası bir neçə bahar idi ki, sürülərini gətirib Səlmasın örüşlərində otarırdı. Hüseyn Xan bunu ən uyğun savaş aracı kimi kullanaraq onları əziyyət etməyə başladı, buna qarşılıq isə Ərzurum elbayı Məhəmməd paşadan gəldi. Məhəmməd paşa bu torpaqları Osmanlıya qatmaq istədi. Məhəmməd paşa deyirdi ki, Heydəranlu tayfasının çoxu orada yaşayır. Bu üzdən də bizim sürülərin oralarda otlamasına müsaidə edilməlidir. Abbas Mirzə öncə barış yolunu denədi. Bu səbəbdən də Təbrizin böyüklərindən birisini heyətlə bərabər müzakirə üçün göndərdi. Lakin Məhəmməd Paşa elçi ilə çox pis rəftar etdi. Onların əllərinin bağlanıb zindana atılması əmrini verdi. Abbas Mirzəyə da bir məktub yazaraq yenə də iddia etdi ki, o torpaqlar Osmanlıya aiddir.

Abbas Mirzə savaşa girmək üçün atasından izn istədi. Abbas Mirzə Azərbaycan ordusuna hücum əmri verdi. Osmanlı paşası bu miqyasda həmləni gözləmirdi. Abbas Mirzənin ordusu qısa sürədə Səlmasın civarını Osmanlılardan boşaltdı. Öz hücumunu davam edən Şahzadə VanÇaldıranı da ələ keçirdi. Özəlliklə çaldıranda Osmanlı ordusu böyük məğlubiyətə uğradı, bir çox əsir alındı və iki qəbzə top da ələ keçirildi. Savaş əsnasında Şiə din xadimlərinin anlaşaraq verdikləri fətvalar ortaya çıxdı. Din xadimlərincə müsəlmanlar arasında savaş olmamalı idi. Bu savaş davam edərsə İslamın düşmənləri bu durumdan yararlana bilərdi. Din xadimləri tərəfindən gələn bu yoğun barış istəkləri üzərinə Abbas Mirzə bütün Osmanlı əsirlərini heç qarşılıq istəmədən sərbəst buraxdı. Lakin Şahzadənin bu davranışı sərəsgəriyə**yə təsir etmədi. Paşa bir tərəfdən Torpaq qalanı ələ keçirmək istərkən, digər tərəfdən, də Ərzurumda güc birikdirirdi. Bütün yaxın şəhərlərdən Paşa üçün yardım gəlirdi. Çox keçmədən bəlli oldu ki, Məhəmməd Paşa əlli min nəfərlik bir ordu təşkil etmiş və böyük hücuma hazırlaşır.

Abbas Mirzənin Xoyda barındırdığı ordusunun sayı çox deyildi. Verilərə görə Şahzadənin Xoydaki ordusunun miqdarı on mindən artıq deyilmiş. Abbas Mirzə Təbrizdən və başqa yerlərdən yardıma gələn ordunu bəkləmədən bu ordunun komutanlığını üstlənib hücuma başladı. Çox böyük bir sürətlə Osmanlı sınırlarını basıb keçdi. Şahzadə, savaşı Osmanlı torpaqlarında davam etmək istəyirdi. Özəlliklə Ərzuruma gəlməkdə olan Osmanlı birlikləri bu şəhərə çatmadan Ərzurumu ələ keçirmək istəyirdi. Şahzadə, Osmanlı ordusunun həm teknik, həm düzən və həm də kəmiyyət olaraq Qacar ordusundan daha üstün olduğunu bilməkdə idi. Bu üstünlüyü sürətli bir əməliyatla ortadan qaldırmaq istəyirdi. Şahzadənin ordusu gündə otuz ağac irəli gedirdi. Bu da Fransa heyyətindən miras qalan təlimatın məhsulu idi. Bu savaş Abbas Mirzənin planladığı kimi yürüdü. Şahzadə bu savaşda qalib oldu. İngilis tarixçilərin yazdığına görə durum belə olunca Osmanlı tərəfi barış təklifində bulunmuş. Osmanlı tərəfindən önərilən barış planının ilkin maddəsində Abbas Mirzənin Osmanlı torpaqlarını tərk etməsi qeyd olunurdu. Abbas Mirzə hər an rusların hücumunu göz önündə bulundurduğu üçün bu təklifi qəbul edib və geri çəkildi. Abbas Mirzə savaşın davam etməsindən yana deyildi. Çünkü savaş davam etdikcə rusların qarşısında savunma gücü də azalırdı. Abbas Mirzə özünü və ordusunu məğlub olduğu savaşın intiqamını ruslardan almaq üçün hazırlayırdı. Barış anlaşması 1823-cü ildə “Ərzurum antlaşması” ilə sonuclandı. Bu antlaşmaya görə hər iki tərəf bir-birlərinin sınırlarını rəsmən tanıyırdılar.

1821-1823-cü illər Osmanlı-Qacar savaşının ayrıntıları haqda Abbas Mirzədən qalan bir neçə məktub bilgi verməkdədir. Bir Azərbaycan ordusu əsgərinin ən az üç Osmanlı əsgəri ilə savaşdığı bu savaşın ayrıntıları haqda ən mötəbər bilgi sadəcə Şahzadənin ömrünün sonlarında yazdığı bir neçə məktubda əyan olmaqdadır. Bu məktublar da olmasaydı Azərbaycan ordusunun necə və nə şəkildə qalib gəldiyi sirlər dumanlığında qalacaqdı. Abbas Mirzədən miras qalan otuz məktubdan ancaq üçü bu savaş haqqında ipucları verməkdədir. Bu məktubların bəziləri tam savaş meydanında yazılmış bir psikolojini andırmaqdadır. Şahzadə, Çobanoğlu adında bir savaş meydanından ad çəkməkdədir ki, bu ad sadəcə Abbas Mirzənin məktublarında və bir də General Paskeviçin xatirələrində qeyd olunmaqdadır. Başqa heç bir qaynaqda bu ada rastlanılmamaqdadır. Abbas Mirzə, oğlu Məhəmməd Mirzəyə yazdığı məktubunda Çobanoğlu savaş meydanındaki zəfərini Laçın Xan ləqəbli bir komutana borclu olduğunu yazır.32 Laçın Xan ləqəbli bu Azərbaycan ordusu komutanlarından olan bir nəfər adının və kimliyinin gizlin qalmasını və yalnız ləqəbinin bəlli olmasını Abbas Mirzədən xahiş etmişdir! Ancaq Abbas Mirzə öz məktublarında bu komutanını o qədər önəmsəyir, onun haqqında o qədər qürurla danışır ki, belə bir şəxsiyətin tarixdə məchul qalması adamı heyrətləndirir. Bu böyük insan kim imiş ki, heç şohrət arxasınca olmadan Azərbaycan üçün bu qədər fədakarlıq etmiş, baş komutandan da istəmiş ki, onun adı gizlin qalsın və yalnız gərəkdiyində ləqəbi tələffüz edilsin. Tarix bu tür şəxsiyətlərə az rastlanmışdır. Böyük bir imperatorluğun, Osmanlı ordusunu məğlub edən bir komutan adının çəkilməsini istəməmişdir!

Bu şəxsiyətin kimliyi haqqında təsbit və təsəvvürdə buluna bilməmiz üçün 19-cu əsrin əvvəllərindəki olayları incələməmiz lazım olacaq. Yəni Şərqi Gürcüstanın Rusiyaya ilhaq edildiyi zamanlara dönməmiz gərəkəcək.

Birinci Erklinin oğlu Şahzadə Aleksandr Mirzə öz qardaşı oğlu Təhmurəslə Qacar dövlətinin ərazisində yaşaya bilmələri üçün Fətəli Şahın iznini almışdı. Onlar Qarabağ savaşı zamanı Təbrizdə yaşayırdılar. Şahzadə ilə çox yaxın münasibətdəydilər. Bu mühacirlərin yalnız olduqlarını və ya Abbas Mirzənin sarayında özlərini utanqac qonaq kimi aparmalarını, məğlub və aşağılıq kompleksi içində olduqlarını düşünmək yanlışdır. Tərsinə, Baqratiyon şahzadələri öz ailə üzvləri ilə bərabər tərəfdarlarını da gətirmişdilər. Bunların bir neçə yüz süvari oluşdura biləcək imkanları varmış.

Keçən səhifələrdə də gördüyümüz kimi, Şah və Abbas Mirzə Şərqi Gürcüstandaki xalq ayaqlanmaları qiyamlara çox ümid edirdilər. Gürcüstandan Qacariyəyə ilk mühacirət Qacar-Rusiya savaşı zamanı başladı.

İllər keçdi və Qacariyə zəfər qazanmaq yerinə böyük məğlubiyətlərə məruz qaldı. Gülüstan antlaşması da imzalandı. Lakin Abbas Mirzənin Baqratiyon şahzadələrinə qarşı olan hörməti heç azalmadı. 20 il boyunca Təbrizdə yaşayan Baqratiyon şahzadələri artıq Azərbaycan kimliyinə alışmış və Azərbaycanın bir parçası olmuşdular.1821-1822 illər arasında Abbas Mirzə Osmanlı ilə savaşarkən Baqratiyon ailəsinə mənsub başqa bir şahzadə də Abbas Mirzəyə gəlib və onu qəbul etməsini istədi. Abbas Mirzənin duz çörəyini dadıb və onun duz çörəyinə sadiq qalacağına and içdi. O, XII Qeorgi oğullarından birisi idi. XII Qeorgin Gürcüstana hökm edən son əmir idi. Bu şahzadə Gürcüstanda ruslara qarşı dirənənlərə qatılmış, ancaq bu tür mübarizə ilə o böyük və qocaman imperatorluğun geri püskürtülməsinin mümkün olmayacağını anlamış və ölkəsini tərk edib Təbrizə yola düşmüşdür. Lakin o zaman Qacariyə ilə Rusiya savaş halında olmadıqları üçün bu işini gizlincə görməkdə idi. Əlbəttə bu şahzadə bir çox yandaşları ilə bərabər gəlmişdi. Hətta sınırdan keçərkən ruslar onların məğlubedilməz və vur-qaç savaşının uzmanları olan köçərilər olduqlarını sanmış və işləri olmamışdır.

Bu gürcü şahzadəsinin öz kimliyini gizlin saxlamasının başqa bir səbəbi də var idi. O, Gürcüstanda qalan evladını öz zəngin mirasından məhrum etmək istəmirdi. Çünkü onun Rusiyanın ən sevimsiz düşməni Abbas Mirzənin yanında olması bəlli olsaydı, ruslar dərhal onun mal varlığına əl qoyacaqdı. Bu üzdən də Azərbaycan ordusuna qatıldığında Azərbaycanda çox yayğın olan və bahadurluq anlamı daşıyan Laçın Xan ləqəbini almışdır. Laçın Xan bir tərəfdən Azərbaycanda yaşaya bilməsi üçün Abbas Mirzədən xahiş etmişdi ki, onun haqqında Fətəli Şahla danışsın, digər tərəfdən də kimliyinin açıqlanmaması üçün ricada bulunmuşdu.

1823-cü ilin yayına dönəlim. Abbas Mirzə öz ordusunu Çobanoğlunda yerləşdirmişdi. Ancaq Abbas Mirzənin məktublarının incələnməsi ilə Çobanoğluna hakim olan rahatsızlıq və iztirablı halları anlamaq mümkündür. Abbas Mirzə mənsəb sahiblərini çağırmış və bir məşvərət şurası təşkil etmişdi. Casusların Osmanlı ordusu ilə ilgili gətirdiyi bilgilər dəyərləndirilirdi. Bəzi bilgilər çox aşırı səviyədə idi. Güya Ərzurum paşası yetmiş minlik ordu və yüz qəbzə topla hücuma hazırlaşırmış. Necə qərara gəlməli idilər? Sürətlə bölgədən uzaqlaşmalımı idilər, yoxsa çox sayıda olan Osmanlı ordusuna hücummu etməli idilər? Şahzadə hücumdan yana idi. Ancaq mənsəb sahibi komutanların çoxu hücuma qarşıydılar. On il sonra Abbas Mirzə yazdığı məktubunda hücumun baş tutmasında Laçın Xanın etkili olduğunu yazacaqdı: “Laçın Xan malını, cavan oğlunu fəda edərək mənim həyatımı qurtardı. Mənə zəfər şərəfi qazandırdı”33 və “Əgər bircə gün gec gəlsəydi nə mən olacaqdım, nə sən, nə də ölkəmiz”34 Göründüyü kimi bu məktublarda Şahzadənin dərin kədəri və Laçın Xanın onun uğrunda nə qədər fədakarca davranması his edilməkdədir. Abbas Mirzə, bütün oğulları və gürcü yandaşları ilə bərabər savaşa qatılmaqda qərarlı olan və qarşılığında da heç bir şey istəməyən gürcü şahzadəsi ilə necə davranacağını bilmirdi. Bu gürcü şahzadəsinin yalnız bircə istəyi var ki, əgər bu savaşda öləcək olursa, adı və kimliyi açıqlanmasın. Başqa bir istəyi də Abbas Mirzənin onu süvarilərin komandanı etməsi idi.

Savaş sırasında Laçın Xanın oğlu Aleksandr Mirzə ölür. Oğlunun ölümünə şahid olan Laçın Xan savaşdan geri çəkilmir. Abbas Mirzə məktubunda yazır ki, “yurdundan sürgün olmuş və Çobanoğlunda ölən bu gəncin ölümünə bütün ordu, hətta atlar da ağlayırdı.”35


***
Osmanlı ilə savaş və zəfər Azərbaycan ordusu üçün böyük özünə güvən sağlamışdı. Şahzadə bu savaşdan sonra Azərbaycan ordusuna olan güvənini bütünləşdirmişdi. Abbas Mirzə, Ərzurum barış anlaşmasının həmən imzalanmasından yana idi. Tam bu sıralarda on iki il sonra Şahzadənin ölümünə səbəb olacaq xəstəlik baş qaldırmışdı. Şahzadənin oğlu Cahangir Mirzə yazır ki, Abbas Mirzə, onu öldürəcək xəstəliyin ilk bəlirtisini Ərzurum antlaşması ərəfəsində his etmişdir. Heç şübhəsiz ki, bu xəstəlik şahzadənin çocuqluq zamanında yaxalandığı, lakin Abbas Mirzənin güclü iradəsi hesabına ram edilmiş və sonradan təkrar baş qaldıran xəstəlik idi. 1810-1812-ci illər arasında Şahzadənin özəl həkimi doktor Karmək onu ölüm ayağına qədər gətirən bir xəstəlik haqqında bilgi verməkdədir. Bu xəstəlik zamanı Şahzadə altı ay ayağa qalxa bilməmişdir. Doktor Karməkin o zamanki diaqnozunda Şahzadənin sümük vərəminə tutulduğu qeyd olunmaqdadır. Eyni zamanda Şahzadənin qara ciyər xəstəliyi də var imiş.

Cahangir Mirzə və digər ailə üzvləri öz xatirələrində Şahzadənin bu xəstəliyə yaxalanması ilə ilgili dəqiq zaman bəlirtməməkdədirlər. Verilən bilgilər əsasında bilmək olmur ki, Şahzadə Osmanlı-Qacar savaşından öncə, yoxsa sonra bu xəstəliyə yaxalanmışdır.36




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin