Elman Cəfərli Təbriz Ağayev



Yüklə 1,47 Mb.
səhifə6/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#7196
1   2   3   4   5   6   7   8   9   10   11

- Dekabrın 5-də sovet ordu hissələri tərəfindən vəhşicəsinə dağıdılan “Meydan” istiqlala gedən olduqca əzablı, lakin şərəfli bir yolun, keyfiyyətcə yeni mərhləsinin başlanğıcı oldu.

- 70 illik Sovet totalitar sisteminin xalqın ürəyində olan dəhşətli qorxu buzunu əsaslı şəkildə sındırdı. Millətin illərlə bağlı qalan dilini açdı. Azərbaycan xalqı 70 ildə ilk dəfə olaraq totalitar sistemin anti-demokratik, anti-insani xarakterini kəskin bir dillə tənqid etməyə başladı.



- Meydan hərəkatı Sovet dövlətinin bayağı milli siyasətinin puçluğunu göstərdi. Leninin milli siyasət ideologiyasının boş sözdən savayı bir şey olmadığını xalqa anlatdı. Xalqımız ilk dəfə duyub hiss etdi ki, Lenin milli siyasəti pərdəsi arxasında SSRİ-də qatı millətçilik, milli şovinizm cücərib boy atmış və bundan bəhrələnən ermənilər bütün dövrlərdə özlərinin avantürist xülyaları, “Böyük Ermənistan” iddiaları ilə yaşayırmışlar. Bu da onu göstərir ki, erməni millətçiləri Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağı bizdən qoparmaq üçün rus şovinistləri, daha doğrusu rus şovinist kommunistləri ilə çoxdan sövdələşmələr aparmışlar.

- Meydan hərəkatı Azərbaycan xalqının milli birliyinin, milli həmrəyliyinin və milli özünüdərkin rəmzinə və təntənəsinə çevrildi.

- Bütöv, vahid, qüdrətli Azərbaycan ideyaları aşılandı. Bu meydanda alim də, şair də, ictimai xadim də, fəhlə də, kəndli də əl-ələ verərək düz 17 gün əsil əzmkarlıq nümayiş etdirdi.

- Bu meydanda milli özünüdərk, azərbaycançılıq, vətəndaşlıq və vətənpərvərlik ideyaları birləşdi. Burada rus da, türk də, ləzgi də, talış da, avar da, tat da, kürd də... bir sözlə, Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı adını daşıyan hər kəs Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda Azərbaycan naminə birgə mübarizə apardı.

- Meydan Azərbaycan xalqının düşmənə qarşı birgə mübarizəsinin, sarsılmaz döyüş əzminin simvoluna çevrildi. İnqilabi qaydaları öyrətdi. Tam əminliklə demək lazımdır ki, 4 dekabr meydan döyüşü bizə 20 yanvar 1990-cı ilin dəhşətli gecəsində qaniçən sovet ordusunun qarşısında duruş gətirən yenilməz ruh yetişdirdi. 1988-ci ilin 4 dekabrında rus əsgərlərinin dəyənəyinin ağrılarına mətanətlə cavab verən oğullarımız 1990-cı ilin Qanlı Yanvar gecəsi sinələrini polad tanklara sipər elədi. Azərbaycan oğullarının bu şücaətini, qorxmazlığını və dözümlülüyünü meydan formalaşdırmışdı.

- Meydan hərəkatı Azərbaycan xalqının içindən öz milli liderini, milli mənlik və ləyaqətlə böyümüş milli siyasətçilərini yetişdirdi. İndi hamımızın yaxşı tanıdığımız milli dirçəlişdə və milli istiqlal savaşında özünəməxsus yeri olan Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi, Nəsir Ağayev, Etibar Məmmədov, İsa Qəmbər, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Zakir Quliyev, Famil Mehdi, Nəcəf Nəcəfov və onlarla digər mübariz siyasi meydana məhz Meydan hərəkatından gəldilər.

- Meydan hərəkatı Azərbaycan xalqının milli zənginliklə qidalanan kök üstündə siyasiləşməsinin əsasını qoydu. İlk inqilabi dalğalar, siyasi çıxışlar və siyasi təşkilatlar öz təşəkkülünü meydanda tapmışdılar. Meydan hadisələri millətə göstərdi ki, azadlığa gedən yolun ilk cığırı siyasi kamillikdən başlayır.

- Meydanda ilk dəfə olaraq sonradan yaranan və torpaqların, eləcə də Xalq Hərəkatı liderlərinin müdafiəsində əvəzsiz xidmətlər göstərən Milli Müdafiə Komitəsinin əsası qoyuldu. Məhz meydanda yaranmış mühafizə dəstəsi gələcək MMK-nın əsasını təşkil etdi ki, MMK da öz növbəsində Milli Ordunun yaranması və formalaşmasına gətirib çıxardı.

- Meydan hadisələri millətin içindəki dönükləri, xainləri, düşmən dəyirmanına su tökənləri, imperiyaya nökərçilik edənləri saf-çürük elədi. Millət bu meydanda və ondan sonra kimin kim olduğunu, kimin ardınca gedib, azadlığa doğru yürüşə qoşulmaq istiqamətini müəyyənləşdirdi.

- Meydan hərəkatı susdurulduqdan sonra onun fəallarına qarşı başlanan, siyasi repressiyalarla müşayiət olunan dövrün əvvəlində hərəkatda bir süstlük, ətalət duyulmağa başladı. Lakin az sonra hadisələrin gedişi göstərdi ki, əslində bu sükut nisbi xarakter daşıyır və heç bir irtica qüvvəsi Azərbaycanda başlamış olan Milli Azadlıq Hərəkatını boğa bilməyəcək...

1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ də mənfur düşməni öz iddiasından çəkindirmədi. 1989-cu ilin əvvəllərində bir qədər sakitləşən ermənilər, həmin ilin yazından yenə də sərsəm iddialarını təkrarlamağa başladılar.

Bakıda isə Meydan hərəkatından sonra nisbi sakitlik yaransa da, yarı açıq, yarı gizli fəaliyyət davam edirdi. 1989-cu ilin mayında artıq AXC-nin təşəbbüs qrupu formalaşaraq fəaliyyətə başladı. Tanınmış ziyalılar—İsmayıl Şıxlı, Ziya Bünyadov, Anar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu və digərləri Bakıda fəaliyyət göstərən bütün təşkilatların birləşməsinə çalışsalar da, 1988-ci ilin sentyabrında Xudu Məmmədovun vəfatından sonra artıq belə bir birliyin baş tutmayacağı məlum oldu. Bunun səbəbi bütün bu təşkilatların ambisiyalı mövqeyi ilə bağlı idi. Amma biz bu fikirlə qətiyyən razı deyilik. Çünki adı çəkilən insanlar, Xəlil Rza, istisna olmaqla, azadlıq eşqi ilə alışıb – yanan xalqın, xüsusən də gənc nəslin tələblərinə artıq cavab vermirdilər. Xalqa həqiqəti söyləməkdən qorxmayan, ölümün gözünə dik baxmağı bacaran liderlər lazım idi. Bəxtiyar Vahabzadə və digərlərinin mayak kimi çıxış etdikləri dövr artıq çoxdan keçmişdi. Bu da təbii idi. Çünki hər dövrün öz tələbləri var.

Azərbaycandakı demokratik hərəkat və müstəqillik uğrunda gedən mübarizə bir neçə mərhələdən və yadda qalan keçidlərdən ibarət olmuşdur.

1988-ci ildə yaranmış Milli-Azadlıq Hərəkatı dalğası, respublikada baş verən ictimai-siyasi vəziyyət və hakimiyyətsizlik mövcud hakimiyyəti yıxmaq əzmində idi. Lakin hakimiyyət uğrunda mübarizə aparanların bacarıq və qabiliyyəti yüksək səviyyədə deyildi. Belə bir vaxtda, yəni kütləvilikdən siyasiləşməyə doğru yön alan AXC-ni Xalq Hərəkatı dalğası hakimiyyətə gətirdi.

Qustav Lebon “Xalqların və kütlələrin psixologiyası” əsərində qeyd edir ki, nə inqilablar, nə konstitusiyalar, nə də despotizm heç bir xalqa onda olmayan xarakteri verə bilməz, eyni zamanda ondan ala bilməz. Çünki, dönə-dönə deyilib ki, hər bir xalq yalnız özünə layiq idarəetmə formasını əldə edir. Onun başqa idarə üsuluna nail olması çətin ki, mümkün olsun... Təkcə daxili aləmlərinə görə müxtəlif xalqlar bir rejim altında yaşaya bilməzlər. İrland, ingilis, slavyan, macar, ərəb, fransız yalnız sonsuz çətinliklər və aramsız inqilablar hesabına bir qanun altında saxlanıla bilərlər. Müxtəlif xalqlardan ibarət olan böyük imperiyalar gec-tez məhvə məhkumdur... Xalqların psixologiyasının dərindən öyrənilməsi siyasət üçün çox faydalı ola bilər”.


20 YANVAR HADİSƏSİ VƏ ƏRƏFƏDƏ BAŞ VERƏNLƏR
Nəsir bəy 20 yanvar hadisəsi və ərəfədə baş verənlər barədə bunları söyləyir:

1989-cu ilin yanvar ayında DQMV-də Xüsusi İdarəetmə Komitəsinin yaradılması, ona ermənipərəst Arkadi Volskinin rəhbərlik etməsi, elə həmin ilin mayında Azərbaycan rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağın təsərrüfat srtukturlarının Ermənistana və digər respublikalara tabe etdirilməsi Azərbaycanın real təhlükəyə sürüklənməsinə şərait yaradırdı və faktiki olaraq respublikanın DQMV ilə əlaqələrinin tam qırılmasına gətirib çıxarırdı.

Digər tərəfdən, Ermənistandan bölgəyə silahlı dəstələr yeridilməyə başlandı, bu isə orada yaşayan Azərbaycan türkləri üçün olduqca təhlükəli idi. Respublika rəhbərliyinin vilayətdə yaranmış vəziyyətə müdaxilə edə bilməməsini və bütün məsələlərin həllində yalnız Moskvanın göstərişi ilə hərəkət etməsini, mərkəzin isə ermənipərəst mövqeyini görən və rəsmi dairələrə inamını itirən xalq Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün hansısa bir ictimai-siyasi təşkilatın yaradılması zərurəti qarşısında qaldı. Belə bir təşkilat isə AXC oldu, Meydan hərəkatı zamanı özülü qoyulan bu təşkilat tədricən formalaşmağa başladı.

1989-cu ilin mart ayında AXC Təşəbbüs qrupunun və “Varlıq” təşkilatının təşəbbüsü ilə AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzi və Əlaqələndirmə Şurası yaradıldı. Nəhayət, 1989-cu ilin 16 iyulunda Bakıda yarımleqal şəkildə AXC-nin təsis konfransı keçirildi. Konfrans 15 nəfərdən ibarət İdarə Heyətini, Məşvərət Şurasını, Ali Məclisini və təşkilatın sədrini seçdi. Siyasi baxışlarına görə uzun müddət təqib və təzyiqlərə məruz qalan, 70-ci illərdə DTK tərəfindən həbs edilən, keçmiş dissident, şərqşünas alim Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Konfrans eyni zamanda AXC-nin İdarə Heyətini və Ali Məclisini seçdi, Proqram və Nizamnaməsini qəbul etdi.

AXC-nin ilk Nizamnaməsini və Məramnaməsini Nəsir bəy hazırlayıb. Nəsir bəy bu barədə deyir:

“1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin birinci qurultayı çağırılanda öncə onun proqram və Nizamnaməsinə hazırlıq yığıncağı keçrildi. Daha sonra Buzovnada geniş hazırlıq toplantısı oldu. Ağabala Alxasov adında bir şəxsin evində keçirildi toplantı. Bu adam Azərbaycan Xalq Hərəkatına böyük köməklik edib. Lakin sonrakı dönəmlərdə bu adamla münasibətlərim kəskinləşdi. Mənim hakimiyyətə gətirmiş olduğum qüvvələr elə hərəkət etdilər ki, Ağabala Alxasov məndən incidi. Ancaq Nizamnamənin qəbulu ilə bağlı hazırlıq iclasının bütün əziyyətini Ağabala bəy çəkmişdi. Hazırlıq iclasında Nizamnamə komissiyasının sədri kimi mən, Arif Rəhimoğlu və Aydın Kərimov iştirak edirdik”. Həmin proqrama əsasən AXC kütləvi ictimai təşkilat olmaqla, onun əsas məqsədi respublika həyatının müxtəlif sahələrinin yenidən qurulmasına, demokratikləşməsinə, Azərbaycanda hüquqi dövlətin bərqərar olmasına nail olmaqdan ibarət idi. Bundan başqa respublikada mövcud iqtisadi məsələlərə, milli problemlərə və.s münasibət bildirilən bu proqramda Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaqmaq şərtilə onun iqtisadi və sosial inkişafına, milli dəyərlərinin qorunmasına səy göstərmək qərara alındı. Çox güman ki, o vaxt məsələnin bu cür qoyuluşu dövrün siyasi gerçəkliyinə uyğunlaşdırılmışdı.

AXC-nin Təsis Konfransından az sonra təşkilatın rəhbərliyinə məlumat daxil oldu: SSRİ Ali Sovetinin DQMV-də vəziyyətlə bağlı, məhşur Ukrayna yazıçısı Oleynikovun rəhbərliyi ilə yaratdığı komissiya Qarabağa gəlib və bu günlərdə Şuşada əhali ilə görüş keçirəcək. AXC İdarə Heyəti təcili toplandı və həmin komissiyaya öz fikirlərinin çatdırmaq məqsədilə Şuşaya getmək üçün 8 nəfərdən ibarət qrup yaratdı. Qrupa aşağıdakılar daxil oldu: Əbülfəz Elçibəy (AXC sədri), Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Zərdüşt Əlizadə, Rəhim Qazıyev, Leyla Yunusova (AXC İH üzvləri), B.Fərzəliyev ( AXC NTK-nın üzvü) və Təhmasib Novruzov (AXC Ağdam şöbəsinin əlaqəçisi, Ali Məclisin üzvü).

AXC-nin ilk tədbirlərindən olan Ağdam-Şuşa-Laçın səfəri təşkilatın nüfuzunu xeyli gücləndirdi. Bu səfər həm təşkilatın, həm də, ümumən xalqın mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Səfərə Ağdamdan başlayan qrup rayonda rayon əhalisi ilə bir neçə görüş keçirdi. Yerli əhali tərəfindən rəğbətlə qarşılanan AXC nümayəndələri, rayon rəhbərlərinin etirazına baxmayaraq, xalqla birlikdə Mədəniyyət sarayının zalında Oleynikov və digər deputatlarla keçirilən görüşdə iştirak etdi. AXC adından çıxış edən Nəcəf Nəcəfov tribunadan özünü AXC İH-nin üzvü kimi təqdim edəndə bütün zal ayağa qalxdı və salon 15 dəqiqə sürəkli alqışlara qərq oldu. Nəcəf Nəcəfov qısa və konkret bəyanatla AXC-nin mövqeyini bildirdi və tribunadan endi.

Şuşadan Laçına gələn nümayəndələr eynilə böyük rəğbətlə qarşılandılar. Bu, AXC-nin xalq arasında ilk günlərdən böyük nüfuza malik olduğunu sübut edir.

1989-cu il iyul ayının sonunda respublikada baş verən hadisələr artıq milli demokratik hərəkatı yeni mərhələyə - kütləvi ictimai hərəkat mərhələsinə qədəm qoymasından xəbər verirdi. Belə ki, iyulun 29-da Bakıda başlanan kortəbii mitinqlər sonradan avqustun 5-12-si və daha sonradan AXC-nin rəhbərliyi ilə keçirildi. Bu mitinqlərdə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasının çağırılması və DQMV Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin dayandırılması, respublikanın siyasi suverenliyi, iqtisadi müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunması, Bakıda qadağan saatının ləğv edilməsi kimi tələblər irəli sürülürdü.

Respublika rəhbərliyi bu tələblərə heç bir reaksiya vermədiyi üçün avqustun 14-də, 21-i və 22-də xəbərdarlıq, sentyabrın 4-də isə bir həftəlik ümummilli tətillər keçirildi. Bu tətillərin, xüsusən də sentyabrda keçirilən bir həftəlik tətilin mütəşəkkil keçirilməsi, artıq AXC-nin güclü bir təşkilata çevrildiyini sübut edirdi. AXC Tətil Komitəsinin sədri Etibar Məmmədovun yüksək bacarıqla idarə etdiyi tətil hərəkatı SSRİ-nin iqtisadi tənəzzülünə əsaslı şəkildə təsir göstərirdi. Beləliklə, AXC-nin getdikcə böyüyərək nüfuzlu bir təşkilat kimi formalaşması istər-istəməz Azərbaycanın rəhbərliyini onunla hesablaşmaq məcburiyyətində qoyurdu. Məhz buna görə də 1989-cu il 15 sentyabrında Azərbaycan SSR Ali Sovetinin sessiyasının qərarı ilə DQMV-də Xüsusi İdarəetmə Komitəsi ləğv olundu, sentyabrın 23-də isə respublikanın suverenliyi haqda Konstitusiya Aktı qəbul edildi.

Bundan başqa, uzun müddət Azərbaycanın kommunist rəhbərləri tərəfindən etinasız münasibət göstərilən AXC, 1989-cu ilin 5 sentyabrında respublika hökuməti tərəfindən rəsmi qeydiyyata alındı.

Milli Azadlıq Hərəkatı dövründə ən mühüm hadisələrdən biri də Azərbaycanda Müstəqil Xarici İnformasiya Mərkəzinin yaradılması oldu. BDU-nun baş elmi işçisi Mehdi Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən bu mərkəz qısa bir müddətdə “Azadlıq”, “Amerikanın səsi”, “Bi-Bi-Si” kimi məşhur beynəlxalq radiostansiyalarla əməkdaşlıq əlaqələri yaradıldı. Bu isə Azərbaycanda gedən ictimai-siyasi proseslər, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətində qismən də olsa təsəvvür yaranmasına şərait yaradırdı. Ümumiyyətlə, Xalq hərəkatının respublikada kütləviləşməsində və nüfuz qazanmasında bu mərkəzin böyük xidməti olmuşdur.

Təəssüf ki, tezliklə AXC-nin liderləri arasında fikir ayrılığı əmələ gəldi. Bu AXC Ali Məclisinin oktyabrın 27-28-də keçirilən I sessiyasından sonra özünü xüsusilə biruzə verdi. Nəticədə AXC rəhbərliyi “liberallar”a (İsa Qəmbər, Pənah Hüseyn, Hikmət Hacızadə, Zərdüşt Əlizadə və başqaları) və “radikallar”a (Etibar Məmmədov, Nemət Pənahov, Rəhim Qazıyev) parçalandı. Əslində burada təəccüblü bir şey yox idi. Tarixən mövcud olmuş bütün hərəkatlar öz inkişafının müəyyən mərhələsində bənzər olayla üzləşmişlər və bu gün də üzləşirlər. Təsadüfi deyil ki, Azərbaycanda XX əsrin əvvəllərində vücuda gələn və Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranması ilə nəticələnən hərəkat da vaxtilə eyni eyni halı yaşamışdı ki, bu barədə Mirzə Balanın məlum kitabının “Radikallar və liberallar” başlıqlı bölümündən məlumat almaq mümkündür. Budəfəki bölünmə isə istiqlal ideyasının Xalq Cəbhəsinin əsas siyasi xətti elan edilib-edilməməsi ilə, daha doğrusu bunun vaxtının gəlib çatıb-çatmaması ilə bağlı idi.

Məlumat üçün bildirək ki, AXC -nin proqramında bu barədə fikir yer almırdı və təşkilatın məqsədinin SSRİ daxilində suverenlik olduğu qeyd edilirdi. Yalnız məlum 20 Yanvar hadisəsindən sonra AXC – nin proqramında dəyişiklik edildi və təşkilatın əsas məqsədinin Azərbaycanın müstəqilliyi olduğu yazıldı. Bundan öncə isə bu məsələ ətrafında ciddi diskussiyalar gedirdi və bu ideyanın rəsmi sənəddə qeyd edilməsinə əsasən Zərdüşt Əlizadə, Leyla Yunus, İsa Qəmbər, Yusif Səmədoğlu və başqaları qarşı çıxırdılar. Etibar Məmmədov və Nemət Pənahlı isə istiqlal ideyasının qızğın tərəfdarı idilər. Əslində bu ideya həmin dövrdə öz radikallıqları ilə fərqlənən “Birlik” Cəmiyyəti (sonradan Azərbaycan Milli Demokrat “Yeni Müsavat” Partiyası) və Qızılbaş Xalq Cəbhəsi (sonradan Milli Qurtuluş Partiyası) kimi təşkilatlar tərəfindən tam gücü ilə təbliğ edilirdi və bu təşkilatların üzvləri məhz bu məsələyə görə AXC rəhbərliyini xəyanətdə suçlayırdı.

Əlbəttə, məsələ təkcə bunda deyildi. Ortada vəziyyətin günü-gündən pisləşdiyi Qarabağ hadisələri də vardı və bu istiqamtdə də bir sıra radikal tədbirlrin alınmasına böyük ehtiyac duyulurdu. Fikir ayrılığı burada da özünü göstərirdi. Nəticədə AXC daxilində iki bir – biri ilə kəskin rqabət aparan qanad ortaya çıxdı.

Təbii ki, bu iki qanadın arasında münasibətlərin kəskinləşərək qarşıdurmaya çevrilməsi istər AXC-nin, istərsə də bütövlükdə xalq hərəkatının sonrakı fəaliyyətinə mənfi təsir göstərdi. Az sonra, 1989-cu ilin dekabrında AXC-nin idarə heyətinin fəaliyyəti dayandırılaraq Müvəqqəti təşkilat qrupu yaradıldı. Təşkilat qrupuna Əbülfəz Elçibəy, Nəcəf Nəcəfov, Hikmət Hacızadə, Rəhim Qazıyev və Etibar Məmmədov daxil idilər. Təşkilat qrupu AXC-nin qurultay səlahiyyətli konfransını hazırladı və konfrans 7-8 yanvar 1990-cı ilində keçirildi.

AXC Məclisinin 1990-cı il 8 yanvarında İdarə Heyətinin yeni tərkibinin seçilməsi “liberallar”ın qələbəsi ilə nəticələnməsi cəbhədaxili qarşıdurmanı daha da gücləndirdi. Bu seçkilərdən əvvəl isə radikalların və onların tərəfdarlarının hücumlarına etiraz əlaməti kimi Leyla Yunusova və Zərdüşt Əlizadə AXC sıralarını tərk etdilər. Sonralar Leyla Yunusova Zərdüşt və Araz Əlizadə qardaşları ilə birlikdə Sosial-Demokrat Partiyasını yaratdılar. Nemət Pənahlı isə uzun müddət təkbaşına fəaliyyət göstərməyə üstünlük verdi.

1989-cu ilin dekabr ayının sonlarında dövlət sərhədlərinin dagıdılması da xalq hərəkatının fəaliyyət tarixinə mühüm bir hadisə kimi daxil oldu. Ayrı-ayrı siyasətçilər tərəfindən heç də birmənalı qarşılanmayan Naxçıvan-İran sərhədlərinin dagıdılması (31 dekabr 1989-cu il) hər halda iki əsrə yaxın bir dövrdə xalqda zorla formalaşdırılmış qul psixologiyasının darmadagın edilməsində, millətin özünəinam hissinin bərpa olunmasında, Güney Azərbaycanda yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsində xüsusi rol oynadı.

Sonradan, yəni 2 il sonra Heydər Əliyevin təşəbbüsü ilə əvvələr Naxçıvan Ali Məclisində, sonra isə Azərbaycan Respublikası Milli Məclisində həmin günün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi qərara alındı. O gündən etibarən Dünya Azərbaycanlılarının Həmrəylik günü rəsmi qeyd olunmağa başlandı.

Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi, səriştəsizliyi, Xalq Cəbhəsinin isə sosial bazasının genişlənməsi, onun xalq arasında mövqeyinin möhkəmlənməsi 1989-cu ilin sonu 1990-cı ilin əvvəllərində Azərbaycanda faktiki olaraq ikihakimiyyətlilik şəraitinin yetişdirirdi. Xalq hərəkatının get-gedə inkişaf edərək, mütəşəkkil bir təşkilata çevrilməsi, xalq arasında onun nüfuzunun getdikcə yüksəlməsi təbii ki, imperiyanın ciddi narahatlığına səbəb olurdu. Onlar xalq hərəkatını ləğv etmək üçün hər cür vasitəyə əl atırdılar. Odur ki, 1990-cı ilin yanvarından başlayaraq imperiyanın xüsusi idarələri Bakıda pozuculuq fəaliyyətlərinin genişləndirməyə başladılar. Onlar Ermənistandan gələn qaçqınların əli ilə erməni əhaliyə qarşı müxtəlif təxribatlar törətməyə, bundan sonra isə, imkan olarsa, yerli əhali ilə qaçqınlar arasında, elcə də azərbaycanlılarla rusdilli əhli arasında qarşıdurma yaratmağa cəhd edirdilər. Belə bir vaxtda, AXC-nin bəzi liderləri imperiyanın təxribatçılıq tədbirlərinə aldanaraq Milli Müdafiə Şurası yaratmaqla, Əbdürrəhman Vəzirovun gəncləri silahlandırmaq təklifini dəstəkləməklə ciddi səhvlərə yol verdilər. İmperiya nökərləri bu səhvdən məharətlə yararlandılar.

Yanvarın 13-də AXC-nin Milli Müdafiə Şurasının yaradılmasının elan edildiyi mitinq hələ davam etdiyi zaman şəhərdə imperiya strukturlarının təşkil etdiyi erməni talanları başlandı. Məqsəd respublikada baş verəcək qırğının qarşısını almaq, guya öz vətəndaşlarının təhlükəsizliyinin qorumaq bəhanəsilə Bakıya Sovet ordu hissələri yeritmək, şəhərdə fövqaladə vəziyyət elan edərək xalq hərəkatını məhv etmək üçün əlverişli şərait yaratmaqdan ibarət idi. Məhz buna görə də o vaxt Bakı və onun ətrafında yerləşdirilmiş 12 min nəfərlik milis və daxili qoşun hissələri təxribatçılar tərəfindən təşkil edilmiş erməni talanlarının qarşısını almağa cəhd etmədi. Yeri gəlmişkən, törədilmiş bu təxribatın qarşısını məhz AXC aldı.

Artıq yanvarın 16-da şəhərdə sabitliyin bərqərar olunması imperiyanın planlarını puça çıxardı. Lakin bu hadisə ərəfəsində Mixail Qorbaçovun DQMV-də və digər rayonlarda fövqaladə vəziyyət, Bakı və Gəncədə isə qadağan saatı tətbiq etmək haqqındakı fərmanı respublikadakı vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 17-19-da Bakıda keçirilən fasiləsiz mitinqlərdə bu fərmanın ləğv edilməsi, Ə.Vəzirov başda olmaqla respublika rəhbərliyinin istefasi tələb olunurdu. Azərbaycan Respublikasının partiya və hökumət rəhbərləri 17 yanvar, axşam saat 19.00-dan etibarən bütünlüklə işdən kənarlaşdırılmış, fəaliyyətləri dondurulmuşdu. 18-19 yanvarda heç bir dövlət idarəsi—Nazirlər Kabineti və MK aparatı işləmirdi. Hakimiyyət Primakovun rəhbərliyi ilə Kiriyenko, Polyaniçkonun əlində cəmləşmişdir. Bu zaman ancaq Vaqif Hüseynovun başçılıq etdiyi DTK işləyirdi. Şəhərə hücum planı da DTK-da hazırlanırdı.

Ordunun şəhərə girməsi yanvarın 20-nə planlaşdırılmamışdı. Amma ordu hansı gündəsə mütləq şəhərə daxil olmalı, “qanun-qayda” bərpa edilməliydi. Bunu 19 yanvar axşam saat 5.30-da Primakov da demişdi. O, Etibar Məmmədovun təkidi ilə MK-dan çıxaraq, MK-nın qarşısında gedən mitinqə gəldi və elan etdi ki, camaat dağılısın, yollardan barikadalar götürülsün. “Mən söz verirəm, şəhərə qoşun girməyəcək”. Bu zaman xüsusi öyrədilmiş araqarışdıranlar, daha doğrusu DTK agentləri Primakovun üstünə cumaraq onu döymək istəmişdilər. Bu münaqişədə onun paltosunun yaxası cırılmışdı. Qızışmış kütlənin əlindən alınıb MK binasına salınan Primakov elə oradanca zəng edərək Bakıya dərhal qoşun yeridilməsini tələb etmişdir. Bunu sabiq MK katibi Yakovlyev da öz müsahibələrində dönə-dönə təsdiqləmişdi”.

Nəsir bəyin anlatdıqlarından belə məlum olur ki, həmin dövrdə Bakıda ermənilərin müəyyən fəallığı müşahidə edilirdi. Belə ki, Şimal DRES-ində, Buzovnada yaşayan ermənilər gündüzlər gözə görünməsələr də gecə səhərə qədər evlərinin işığı yanırdı. Buzovnada “Finski” deyilən evlərin birində olan Artur və Edik adlı ermənilər hərbi mundirlə gəzərdilər. Onları gəzdirən “Vilis” maşınının çox zaman nömrələri palçıqlı və görünməz olardı. Bu şəxslər və bu maşın hərəkatçılar tərəfindən nəzarətə götürülmüşdü. Günlərin bir günü həmin “Vilis” izlənilərkən məlum olur ki, 5 kq-lıq dəmir konserv qablarında müxtəlif kolibrli güllələri onlar Zaqulba dəmir yolunun yaxınlığında basdırıblar. Bu güllələri tapan, əldə edən şəxs onu sahə müvəkkilinə göstərir:

“O, zaman sahə müvəkkili də “başının ağrımaması” üçün bu cinayəti ört-basdır edir. Nəticədə bu güllələri mənə gətirirlər. Mən yazılı məlumat və izahat aldıqdan sonra güllələri aktlaşdırıb, təhvil aldım. Sonra o zaman Əzizbəyov rayon DTK-də müavin işləyən Eldar Əliyevdən xahiş etdim ki, bu güllələri ekspertizadan keçirib, təyinatını bizə bildirsin. Nəhayət, təqribən 15 gündən sonra Moskvadan gələn ekspertiza rəyinə əsasən məlum oldu ki, bu güllələr ABŞ-da istehsal edilmişdir. Pulemyot silahının və “Kolt” markalı tapancanın güllələridirlər. Tapılan güllələrin sayı 2 mindən artıq idi. Təbii, bu güllələr özü-özlüyündə heç nəyə yaramırdı. Onları istifadə etmək, yəni atmaq üçün silahlı da olmalı idi. Deməli, Bakıda və Bakı ətrafında olan ermənilər mərkəzləşmiş qaydada fəaliyyət göstərir və təlimatlandırılırdılar. Bu “güllə məsələsinin” Buzovna qəsəbəsində açılması yeganə fakt deyildi. Bu proses Azərbaycanın ermənilər yaşayan bütün məntəqələrdə baş verirdi. Sadəcə olaraq, hüquq-mühafizə orqanları ittifaq dövlətinə bir qul kimi tabe olduqlarından, bu məsələlər xalqdan gizli saxlanılırdı. İşin ən dəhşətli tərəfi isə bu idi ki, sözügedən fəaliyyətlə məşğul olan ermənilər açıq şəkildə Moskva tərəfindən himayə edilirdilər və bizimkilər də onları həbs edə bilmirdilər. Həbs etdikdə isə yuxarıdan gələn əmrə əsasən azad etməyə məcbur olurdular.

Dəfələrlə Türkan məsçidində, kitabxanasında, Zirədə İsmixan Fərəcovun evində, Bülbülə, Əmircan, Saray, Maştağa, Binə məsçidlərində yerli təşkilatların iştirakı ilə görüşlər keçirildi. Narahatlığımıza səbəb olan başqa bir xüsus da Sovet Ordusunda qulluq edən azərbaycanlıların ruslar tərəfindən incidilməyə başlanması faktı idi. İncidilən əsgərlər haqqında Milli Azadlıq Hərəkatının öndə gələnləri məlumatlandırılırdı. Mən və əqidədaşlarım öz növbəmizdə Sovet Ordusunda baş verən bu iyrənc hallarla xalqımızı mətbuat vasitəsilə xəbərdar edirdik. İncidilən minlərlə əsgərlərdən biri də Nardaranda yaşayırdı. Bu faktı dəqiqləşdirmək üçün Nardarana getdim. Şair Zəkinin iştirakyla bir necə Nardaran ağsaqqalı ilə söhbət apardıq. Onlara vəziyyətin nə dərəcədə ağır olduğunu izah etdik. Müzakirələrdə Hacıağa Nuriyev, Kərim, Hacı Rafiq, Şair Zəki, İslam Əli, Hacı Əlikram, Hacı Vaqif və Cəbrayıl Əlizadə iştirak edirdilər. Onlarla bir neçə dəfə görüşüb söhbətlər apardıq. Nəticədə onlar belə qərara gəldilər ki, mənim iştirakım ilə rayon rəhbərliyini Nardaranın girəcəyində olan mədəniyyət evinə dəvət edib gənclərimizin hərbi xidmət məsələləri, eləcə də işıq-qaz və digər sosial problemlərə əlaqədar yığıncaq keçirsinlər. Bu yığıncağa ciddi şəkildə hazırlıq aparıldı. Çünki rayon rəhbərliyini çıxılmaz vəziyyətdə qoya biləcək və bütün kəndlərdə əks-səda doğura biləcək tədbirin keçirilməsinə nə Zabratda, nə Sabunçuda, nə Bakıxanovda, nə Balaxanıda, nə də hər hansı bir digər kənddə deyil, məhz Nardaranda nail olmaq olardı.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin