Bu zirvəyə çatmaq üçün 85-illik şərəfli bir yol keçilib



Yüklə 25,2 Kb.
tarix02.01.2022
ölçüsü25,2 Kb.
#2428

Tibb Universitetində Bilik Günü qeyd olundu

Əhliman Əmiraslanov: “Bu zirvəyə çatmaq üçün 85-illik şərəfli bir yol keçilib”

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinə start verildi. Ənənəvi olaraq bu il də, ATU-da Bilik Gününə həsr olunmuş təntənəli mərasim təşkil olunmuşdu. Tədbirin açılışında ATU rektoru, akademik Əhliman Əmriaslanov çıxış edərək tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

Rektor Ə.Əmiraslanov ölkəmizdə Bilik Gününün keçirilməsi ənənəsinin bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı: “Bilik Gününün keçirilməsi ənənəsi elmi biliklərə, təhsilə, səhiyyəyə göstərilən dövlət qayğısı sayəsində ildən-ilə daha da möhkəmləndirilmişdir. Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı ümummilli liderimizin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsini, bu siyasətin əsas özəyini təşkil edir. Məqsədyönlü şəkildə aparılan dolğun islahatlar sayəsində bu inkişaf, bu tərəqqi tezliklə öz bəhrəsini verdi və arzu olunan səviyyəyə çatdırıldı. Son 12 il ərzində ölkəmizdə elmin inkişafına, təhsil sisteminin, səhiyyənin tərəqqisinə dövlət qayğısı siyasəti cənab Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilərək geniş vüsət almışdır”.

Akademik Ə.Əmiraslanov bildirdi ki, ölkəmizin qədim tarixi ənənələrə malik ali tibb təhsili müəssisəsi olan Azərbaycan Tibb Universitetinə göstərilən dövlət qayğısı bu ali tibb təhsili ocağını dünyanın qabaqcıl ali təhsil müəssisələri sırasına çıxarıb: “Bugünkü nailiyyətlərin əldə edilməsi uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların, gərgin əməyin, çəkilən zəhmətin sayəsində mümkün olub”.

Azərbaycan Tibb Universitetinin bu zirvəyə çatmaq üçün 85-illik şərəfli bir yol keçdiyini qeyd edən rektor Əhliman Əmiraslanov bu tarixin ən yaddaqalan məqamları haqqında da qısaca məlumat verərək universitetin həm ağır, həm də şad günləri haqqında danışdı: “Azərbaycan Tibb Universiteti müstəqillik illərində ona göstərilən dövlət qayğısı sayəsində böyük nailiyyətlər qazandı və dünyada tanınan sanballı ali məktəblərdən birinə çevrildi. 1991-ci il fevralın 4-də Azərbaycan Dövlət Tibb İnstitutuna Tibb Universiteti statusu verildi. 1996-cı ildə ATU-nun Londonda çıxan Dünya Təhsil Birliyinin reyestrinə daxil edilməsi bu ali tibb təhsili ocağının beynəlxalq aləmdəki nüfuzunu xeyli artırdı. Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan əsas stimullardan biri də onun özünə məxsus bazalarının və möhtəşəm klinikalarının yaradılması oldu”.

Ə.Əmiraslanov 1998-ci il sentyabrın 28-də ATU-nun 11 mərtəbəli tədris binasının açılışını və bu mərasimdə ümummilli liderin şəxsən iştirak etdiyini xatırlatdı: “2000-ci ildə isə ulu öndər Azərbaycan Tibb Universitetinin yaradılmasının 70-illik yubileyində iştirak etdi və açılışını etdiyi ATU-nun 500 yerlik unikal akt zalının tribunasından öz təbriklərini, müqəddəs ürək sözlərini professor-müəllim heyətinə, tələbələrimizə, bütün səhiyyə işçilərinə çatdırdı. 2002-ci ildə isə ulu öndər Heydər Əliyev ATU-nun ilk klinikası olan stomatoloji klinikanın yaradılmasının himayədarı oldu.

Sonrakı illərdə ümummilli liderimizin sədaqətli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dahi Heydər Əliyev ənənələrini davam etdirərək Azərbaycan Tibb Universitetində daha 3 möhtəşəm klinikanın – onkoloji, tədris-terapevtik və tədris-cərrhiyyə klinikalarının yaradılmasını şəxsən özü və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təşkil etdilər”.

Daha sonra qeyd olundu ki, ATU-da 85 il ərzində 70 mindən çox həkim və əczaçı, hərbi həkim və hərbi feldşerlər, bakalavr və magistrlər, aspirant və kliniki ordinatorlar, doktorant və dissertantlar hazırlanıb. Bununla yanaşı, hər il müxtəlif xarici ölkələrdən gəlmiş yüzlərlə dinləyicilər də ATU-nun elmi potensialından istifadə edərək diplomlara layiq görülürlər. Hər il yüzlərlə məzunumuz dünyanın ən qabaqcıl ölkələrində müsabiqədən müvəffəqiyyətlə keçərək diplomlarını təsdiq etdirir, ixtisasları üzrə işlə təmin olunurlar.

ATU-da yaradılmış 4 möhtəşəm klinika universitetimizin əsas maddi-texniki bazasını təşkil edir. Bu klinikalar elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat ATU-da elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir.

Çıxışının sonunda rektor Ə.Əmiraslanov bütün Azərbaycan xalqını həm “Bilik Günü”, həm də Azərbaycan Tibb Universitetinin yaradılmasının 85-illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi: “Bunların hamısı sizin üçündür, Azərbaycan xalqı, Azərbaycan övladları üçündür, Azərbaycanın həm bu günü, həm də gələcəyi üçündür”.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bilik Gününə həsr olunmuş tədbirdə iştirak etdiyindən məmnun olduğunu bildirdi. A.Əsgərov rayon İcra Hakimiyyəti aparatı adından ATU-nun tələbəsi adını yeni qazanmış gəncləri təbrik etdi.

İcra Hakimiyyətinin başçısı A.Əsgərov Tibb Universitetinin nəinki respublikada, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında təhsil və tədrisin keyfiyyəti, nüfuzu, tələbələr üçün yaratdığı şəraiti ilə seçildiyini söylədi: “Biz tam əminliklə Nəsimi rayonunu ölkənin “tibb mərkəzi” adlandıra bilərik. Çünki burada Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, ATU-nun Klinikaları, bir sıra dövlət və özəl xəstəxanalar yerləşir”.A.Əsgərov belə bir gözəl ərazidə yerləşən Tibb Universitetində tələbələrin yaradılmış şəraitdən faydalanacağını, bu məkanlarda gələcəkdə peşəkar səhiyyə işçilərinin yetişdiriləcəyindən əmin olduğunu qeyd etdi.

Səhiyyə Nazirinin müavini Elsevər Ağayev isə Azərbaycanda və dünyanın hər bir yerində təhsilin böyük önəm daşıdığını bildirdi. Nazir müavini Bilik Günü ilə yanaşı, ATU rəhbərliyini və kollektivi, həmçinin bütün tələbələri 85 illik yubiley münasibətilə təbrik etdi: “85 il - yadda qalan bir tarixdir! Hazırda biz bu tarix boyunca əldə olunan nailiyyətlərin şahidiyik. İndi Azərbaycanda tibb təhsili islahatlar dövrünü yaşayır. Əgər hələ 2000-ci ildə açıq ürək əməliyyatı bizə çətin bir əməliyyat kimi görünürdüsə, indi ATU-nun klinikalarında bundan da çox qəliz və mürəkkəb əməliyyatlar uğurla icra olunur”. Elsevər Ağayev ATU tələbələrini təbrik edərək onlara gələcəkdə daha da yüksək nailiyyətlər qazanmalarını arzuladı.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova isə özü tələbəlik illəri ilə bağlı xatirələrini səsləndirdi: “Mən hər dəfə Tibb Universitetinin tədbirlərində iştirak edəndə çox sevinirəm. Bu, mənim üçün qürurverici hissdir. Özüm də 40 il əvvəl buralarda sizin kimi əyləşmişdim. Təbii, o gündən indiyə kimi çox şeylər dəyişib. Həmin dövrdə tədbirlər daha formal keçirilirdi. İndi isə belə toplantılara yanaşma da dəyişib”. M.Həsənova ATU kollektivini və yeni üzvlərini həm Bilik Günü, həm də 85 illik yubiley münasibətilə təbrik etdi.

Daha sonra akademik, Bioüzvü və biofiziki kimya kafedrasının müdiri Dilqəm Tağıyev ATU-nun ötən illər ərzində qazandığı uğur və nailiyyətlər haqqında fikirlərini açıqladı. Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun müalicə profilaktika fakültəsinin I kursuna qəbul olan tələbə Nurlan Məcidov isə Tibb Universitetində təhsildən gözləntilərini səsləndirdi.



Toplantıda universitetin professor-müəllim heyəti, tələbələr, o cümlədən, bu il tələbə adını qazananlar, çoxsaylı valideynlər iştirak edirdilər. Tədbirin sonunda bu il ATU-nun I kursuna qəbul olan gənclərin bir qrupuna tələbə biletləri təqdim olundu.
Yüklə 25,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin