ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə23/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Birinci cəmiyyətə, İrəvan şəhər əhalisinin ödədiyi vergi daxil idi. Bu cəmiyyət də özlüyündə beş müxtəlif qollara ayrılırdı: a) Müsəlman cəmiyyəti-1200 tümən; Qızılqala əhalisi- 54 tümən, 5 minaltun; b) Erməni cəmiyyəti- Məlik Saakın tabeçiliyində olan cəmiyyət- 400 tümən; yüzbaşı Parseq Keqamovun tabeçiliyində olan cəmiyyət isə 40 tümən; c) Qaraçılar (Boş-E.Q.)- 30 tümən. Bu cəmiyyətə daxil olanlar xəzinəyə ildə 1.724 tümən, 5 minaltun vergi ödəyirdi. İldə dörd dəfə yığılan bu vergi pulu əhalinin özü tərəfindən icra edilirdi və ümumi yığıncaqda toplanırdı. İkinci cəmiyyətə, Eçmiədzin kilsəsinin ödədiyi vergi aid idi. İrəvan xanları müəyyən vaxtlarda bu kilsəyə güzəştə gedərək, erməni din xadimlərindən vergi almırdılar. Lakin xanlıqda böhran yarandıqda, erməni keşişləri xanlara xəyanət etdikdə bu vergi yenidən bərpa olunurdu. Erməni din xadimləri yerli əhaliyə xəyanət edərək Kartli-Kaxetiya çarlarına və rus qoşununa rəğbət bəslədiyinə görə xanlar tərəfindən böyük təzyiqlərə məruz qalırdılar. Məlumata görə, Hüseynqulu xanın dövründə kilsə xəzinəyə ildə 400 tümən pul verirdi. Üçüncü cəmiyyətə, makulu Əli xandan alınan vergi daxil idi. O, Şərur mahalının Ərəbli, Qarahəsən və Diadin kəndlərini Hüseynqulu xan tərəfindən verilmiş tiyul hüququ əsasında idarə etdiyindən hər il xəzinəyə 300 tümən ödəyirdi. Onu da qeyd etmək yerinə düşərdi ki, «İrəvan xanlığı» əsərində bu vergi səhvən Maku xanlığından toplanılan vergi kimi göstərilmişdi (30,34). Dördüncü cəmiyyətə, köçəri həyatı keçirən elatlardan alınan vergi aid idi. Bu elatlar da öz növbəsində üç qola ayrılırdı: birinci qola daxil olan Azəri türkləri- Böyük Çoban Qara elatı 350 tümən, Saraclılar 150 tümən, Dəmirçili 50 tümən, Kərimbəyli 150 tümən, Qafarlı 200 tümən, Şıxlar 100 tümən, Milli, Qaraçarlı və Əlikəndlilər birlikdə 300 tümən, Seyidli 200 tümən, Ağsaqqallı 240 tümən, Dərəkənd-Parçenis ayrumları 800 tümən, Talın ayrumları isə 240 tümən ödəyirdi. İkinci qola kürd elatları daxil idi. Onlardan zilanilər 4000 tümən, Çal Əli ailəsi 267 tümən, 7 minaltun və 5 şahı, Sakenlilər 219 tümən, 6 minaltun, Tuşmal ağanın idarəçiliyində olan 102 ailədən ibarət Bilxixanlılar 210 tümən, İsa ağanın tabeliyində olan 82 ailə 174 tümən, 5 minaltun, Xali xanlı ailəsi 280 tümən, Qızılbaş uşağı 127 tümən, Misir kəndli kürdləri 151 tümən; Üçüncü qola Şərur qaraçıları daxildir ki, onlar da 10 tümən məbləğində vergi ödəyirdilər. Ümumilikdə elatlar hər il xəzinəyə 8.219 tümən, 8 minaltun və 5 şahı pul ödəyirdilər. Beşinci cəmiyyətə əhalinin binaçı vergisi ödəyən hissəsi daxil idi (binaçı-bina sözündən olub bünövrəsi olan deməkdir-E.Q.). Bu vergi yalnız hərtərəfli imkanı olan əhalinin müəyyən hissəsindən alınırdı. Binaçı vergisini təyin etmək üçün xan ilk növbədə təbəələrinin işlərinə və gəlirinə diqqət yetirirdi. Belə ki, xan şəxsən hər bir kəndin vəziyyətini, gəlirlərinin fərqini, torpağın keyfiyyətini, suya olan tələbatını, otlaqların məhsuldarlığı ilə maraqlanaraq binaçı vergisi vermək iqtidarında olan həyətləri müəyyən edirdi. Binaçı vergisi xana yaxın olan iki köməkçisi tərəfindən toplanırdı.

Binaçı vergisi icbari olsa da, quraqlıq düşdükdə, dolu yağdıqda, əkin sahələrinə çəyirtkə ziyan vurduqda və daşqın olduqda bu vergi alınmırdı. Lakin vəziyyət düzəldikdən sonra binaçı vergisi bərpa olunurdu. Yalnız Şərur mahalının əhalisi məhsulu xanla yarıbayarı böldüyünə görə binaçı vergisindən azad edilmişdi. Hətta siyasi vəziyyətlə əlaqədar olaraq xanlığa pənah gətirmiş qaçqınlar da bu növ vergini verməli olurdular. Xan onları torpaq, istehsal alətləri və qoşqu heyvanları ilə təmin edərək, müəyyən müddətə vergidən azad edirdi. Sonradan onlar binaçı vergisi verməyə məcbur edilirdi.

İrəvan xanlığında binaçı vergisi verən kəndlilər iki növə bölünürdülər: bəhrəkərlər və yarıkərlər. Bəhrəkərlər xanın xəzinəsinə ildə 10 tümən, yarıkərlər isə 3 tümən məbləğində binaçı vergisi verməli idilər. Hüseynqulu xanın dövründə bəhrəkər kəndlərində 539 ailə, yarıkərlərdə isə 300 ailə bu vergini ödəyirdi. Ermənilər də bu cür vergi verirdilər. Onların sayı 253 ailədən ibarət idi. Bu ailələr ildə xanın xəzinəsinə 1.539 tümən, 6 minaltun və 16 1/2 şahı binaçı vergisi ödəyirdilər. Ümumiyyətlə, bütün xanlıqda binaçı vergisi verən ailələrin sayı 1093 nəfər təşkil edirdi. Onlardan da hər il xəzinəyə 7.836 tümən, 1 minaltun və 16 1/2 şahı binaçı vergisi daxil olurdu.

Altıncı cəmiyyətə pulla ödənilən hədiyyələr daxil idi. Belə hədiyyələr İrəvan xanlığında «peşkəş» adlanırdı. Peşkəş hörmət naminə xana və yaxud onun yaxın adamlarına verilirdi. İ.Şopen bu vergiyə rüşvəti də əlavə etmişdi. O, yazır ki, rüşvət hər hansı məqsədə çatmaq üçün vəzifəli şəxslərə «hədiyyə» adı altında verilirdi. Lakin bu səhv bölgüdür və rüşvəti «peşkəş»lə bir sıraya qatmaq düzgün deyil.

Peşkəş adətən Novruz bayramı zamanı hədiyyə olunurdu. Sərdara hər il Maku hakimi Əli xan 200 tümən, Eçmiədzin kilsəsi 150 tümən, İrəvan şəhərinin Azəri türkləri 70 tümən, erməni əhalisi 30 tümən, Zəngibasar və Qırxbulaq mahallarının Azəri türkləri 70 tümən, erməni əhalisi 18 tümən, Gərnibasar və Vedibasar mahalları 70 tümən, Şərur mahalı 70 tümən, Sürməli mahalının Azəri türkləri 70 tümən, ermənilər 30 tümən, Sərdərabad mahalı 42 tümən, Körpübasar mahalı 70 tümən peşkəş vermişdi. Peşkəşdən əlavə, İrəvan şəhər əhalisi xana ildə 60 ədəd kəllə qənd, Şərur əhalisi isə bəzi hallarda pul vergisi əvəzinə dəyəri 460 tümən 6 minaltun olan 1000 taçkir buğda və 1428 taçkir çəltik verməli idi. Dərəkənd-Parçenis və Saatlı mahallarının ağsaqqalları ayrı-ayrılıqda ildə xana dəyəri 40 tümən olan dayça peşkəş olaraq verirdilər. Peşkəş verənlər siyahısına kürd ağaları, ağsaqqalları və məmurları da daxil idi. Beləliklə, xan hər il yerli əhalidən 1.320 tümən 6 minaltun dəyərində peşkəş alırdı.



Qeyd etmək lazımdır ki, Eçmiədzin kilsə xadimlərinin yuxarıda dəyəri göstərilən peşkəşinin miqdarı Hüseynqulu xanın dövrünə aiddir. Əvvəllər də erməni kilsə xadimlərinin xana və onun yaxın adamlarına peşkəş verməsi haqqında mənbələrdə məlumata rast gəlmək mümkündür. İrəvanlı Semyon özünün «Cambr» əsərində yazır ki, «növruz bayramı günü biz xana, bütün əyanlara və saray xidmətçilərinə pul və digər şeylər hədiyyə verməli idik. Bütün bu hədiyyələrin dəyəri 20 tümən idi» (153,221). Daha sonra əsərin müəllifi qeyd edirdi ki, «Hər il xan oktyabr ayında əyanları ilə birlikdə Eçmiədzinə gəlirdi. Xan qiymətli hədiyyə alardı və bizə siyahı verərdi. Siyahıda hansı ağaya nə qədər hədiyyə verilməsi göstərilərdi. Bütün bu hədiyyələr bizə 50 tümənə başa gələrdi» (153,222). Qeyd olunan bu məlumat XVIII əsrin 60-cı illərinə, Hüseynəli xanın dövrünə aiddir.

Yeddinci cəmiyyətə ermənilərin üzüm bağları daxil edilmişdi. Şəriət qanunlarına görə müsəlmanlara spirtli içkilər hazırlamaq və içmək qadağan olunurdu. Lakin dini qadağaya baxmayaraq, sərdar və onun yaxın adamları məclislərdə şərabdan istifadə edirdi. Bu tək saray adamlarına deyil, eyni zamanda əhalinin müəyyən hissəsinə də aid idi. Şərab həm xarici, həm də daxili bazarda böyük gəlir gətirdiyindən xan ermənilərdən buna görə vergi alırdı. Beləliklə, Qırxbulaq mahalının Çalmakçı kəndinin üzüm bağlarından 150, Kanakir kəndindən 100, Qızılqala kəndindən 90, Zəngibasar mahalının Şirabad kəndindən 100, Körpübasar mahalının Əştərək kəndindən isə 240 tümən vergi toplanırdı.

Səkkizinci cəmiyyətə xanın məmurlarının xeyrinə toplanan vergilər daxil idi. Bu vergilər aşağıdakılardır: a) Mahal naiblərinin xeyrinə toplanılan vergilər. Onlar xəzinədən məvacib almasına baxmayaraq, əhalidən də bu məmurların xeyrinə vergi toplanırdı. Sürməli mahalında mirbölüyün xeyrinə Azəri türklərindən 40 tümən, erməni məliklərinin xeyrinə isə ermənilərdən 30 tümən alınırdı; b) Mahal naibləri mirzələrinin xeyrinə toplanan verginin miqdarı ildə 50 tümən idi; v) Su işinə baxan mirabların xeyrinə ildə yığılan vergilər: İrəvan şəhər əhalisindən 145 tümən, Gərnibasar mahalından 58 tümən, Vedibasardan 29 tümən 7 minaltun 10 şahı, Körpübasardan 30 tümən, Şərurdan 30 tümən və Sürməlidən 30 tümən toplanırdı. Bundan əlavə, mirabın xeyrinə Cərnibasar və Vedibasar mahallarının kəndliləri ümumi dəyəri 200 tümən olan 730 taçkir buğda, 158 taçkir arpa, 144 taçkir çəltik, Şərur mahalı kəndliləri isə ümumi dəyəri 64 tümən olan 40 batman çəltik, 120 taçkir buğda, 240 taçkir arpa və 10 batman inək yağı ödəyirdilər. Bütövlükdə hər il mirabların xeyrinə 584 tümən 7 minaltun 10 şahı vergi toplanırdı. c) Qulluq pulu qulluğa görə məmurların xeyrinə əhalidən toplanan vergi idi. Hər il əhalidən pulla yığılan 6 şahıdan əlavə xəzinəyə natural şəkildə vergi də daxil olurdu. Həmçinin xəzinəyə ödənilən hər xalvar pambıq və tütünün bir hissəsindən əlavə, əhalidən 2 tümən alınırdı. Hüseynqulu xanın dövründə meyvə bağlarından, darı, arpa və çəltikdən alınan məbləğin mahallar üzrə miqdarı aşağıdakı qayda üzrə idi: Zəngibasar və Qırxbulaq mahallarından 113 tümən 7 minaltun, Gərnibasar və Vedibasarda 158 tümən 9 minaltun, Sürməlidən 120 tümən, Saatlıdan 2 tümən, Sərdarabaddan 67 tümən 5 minaltun, Körpübasardan 85 tümən 4 minaltun 5 şahı. Bu vergi cəmi 547 tümən 5 minaltun 5 şahı olurdu. Pambıqdan toplanan məbləğin miqdarı Zəngibasar və Qırxbulaq mahalları üzrə 200 tümən 9 minaltun, 12 şahı, Gərnibasar və Vedibasar mahalları üzrə 113 tümən, 3 minaltun, 5 şahı, Sürməlidə 226 tümən 4 minaltun, Saatlıda 28 tümən 4 minaltun, Sərdarabad üzrə 186 tümən 4 minaltun, 4 şahı, Körpübasar üzrə isə 56 tümən olmaqla ümumi məbləği 811 tümən 5 minaltun 1 şahı idi. Tütündən təkcə Sürməli mahalı üzrə 24 tümən vergi alınırdı; d) kənd əhalisindən fərqli olaraq İrəvan şəhər əhalisindən «keşikçi pulu» adlanan xüsusi vergi yığılırdı. Bu vergi gecə vaxtı həm bazarda, həm də şəhərdə asayişi qoruyan keşikçi dəstələri üçün toplanırdı. Onun miqdarı ildə 72 tümən hesablanırdı; e) İrəvan xanlığında biçinçilərdən də xüsusi vergi yığılırdı. Hər bir biçinçi xəzinəyə 34 şahı ödəməli idi. Mahallar üzrə bu verginin miqdarı belə idi: Gərnibasar və Vedibasar mahalları 50 tümən, Şərur mahalı 65 tümən, Sürməli mahalı 131 tümən 6 minaltun 14 şahı, Sərdarabad mahalı 37 tümən, Zəngibasar, Qırxbulaq və Körpübasar mahalları birlikdə 116 tümən 3 minaltun 6 şahı xəzinəyə pul ödəyirdi. Biçinçilərdən alınan verginin miqdarı ildə 400 tümən edirdi. Hüseynqulu xanın dövründə xəzinəyə ödənilən vasitəsiz verginin miqdarı 23.076 tümən 7 minaltun 12 1/2 şahı və yaxud 92.307 gümüş rubl, 5 qəpik idi (415,968-979).

İrəvan xanlığında dövlət xəzinəsinə vasitəsiz vergilərdən əlavə vasitəli vergilər (dolayı yolla xəzinəyə daxil olan vergi-E.Q.) də daxil olurdu. Vasitəsiz vergilərdən fərqli olaraq, vasitəli vergilərin yığılması xan tərəfindən icarəyə verilirdi. Hər il xəzinəyə aşağıdakı miqdarda vasitəli vergilər ödənilirdi:



1)Qulp duz mədənindən alınan vergi. Məhəmməd xanın dövründə bu mədənlərdən xəzinəyə 3.00 tümən, Hüseynqulu xanın döründə isə 3500 tümən;

2)Dükanlardan alınan vergi 1.300 tümən;

3)Boyaqxanalardan alınan vergi 1245 tümən;

4)Sabun bişirənlərdən və qəssabxanalardan alınan vergi 1.208 tümən 5 minaltun;

5)Dövlət bağlarından 835 tümən və sərdar üçün müəyyən miqdarda meyvələr;

6)Dövlətə məxsus dəyirmanlardan və çəltik həvəngdəstəsindən 766 tümən;

7)Mizan-çəki pulu 715 tümən;

8)Karvansaralardan 700 tümən;

9)Hamamlardan 390 tümən;

10)Bazar meydanından 348 tümən;

11)Pul kəsənlərdən 300 tümən;

12)Ayaqqabıya nal vuran dəmirçilərdən 225 tümən;

13) Aksizdən 110 tümən;

14)Göyçə gölündən balıq ovuna görə 100 tümən;

15)Tütündən 72 tümən;

16)Dəri aşılamasından 50 tümən;

17)Bostan torpağından 20 tümən;

18)Kəndlərin icarəyə verilməsindən 525 tümən;

19)Darğa vəzifəsinə görə 819 tümən vergi alınırdı.
İrəvan xanlığında əsas vasitəli pul vergilərindən biri də «rəhdar» vergisi idi. Bu gömrük vergisi ölkəyə gətirilən və aparılan mallardan alınırdı və xəzinənin gəlirinin əsas sahələrindən biri hesab olunurdu. İrəvan xanı Qulaməli xanın II İrakliyə yazdığı bir məktubda «rəhdar» vergisinə belə qiymət verilmişdi: «İrəvan ölkəsinin (xanlığının-E.Q) əsas gəliri rəhdarxanaların icarəyə verilməsindən, yollardan ticarət məhsulu keçərkən tacirlərdən toplanılan rəhdarlıq vergiləridir» (39,76-77). Xanlığın hər bir bucağında-qala qapısından tutmuş çayların keçidlərinə qədər, hətta dini ocaqlara gedən yolların hamısında xanın adamları, rəhdarları və bacdarlar durub, gedib-gələnlərdən ağır vergilər alırdılar (30,47). Rəhdar vergisinin yığılması xüsusi adamlara icarəyə verilirdi. Xanlığın ayrı-ayrı yerlərində bu vergini toplamaq üçün rəhdar məntəqələri yerləşdirilmişdi. Belə məntəqələr İrəvan şəhərində, Köpübasar, Sürməli, Şərur, Sərdarabad və Gərnibasar mahallarında fəaliyyət göstərirdi. Hətta gizli qaçaq malçılığın qarşısını almaq üçün sərdarın əmri ilə Abaran mahalının Sudakənd kəndində və digər yerlərdə xüsusi gözətçi qüvvələri yerləşdirilmişdi. Onlar gətirilən mallardan xüsusi haqq alırdılar. Hər dəvə və yaxud at yükündən 20 gümüş qəpik, eşşək yükünün isə yarı qiymətini alırdılar. Şərurda isə gözətçilər gətirilən və aparılan hər at yükündən özbaşına olaraq 2 şahı (4 qəpik) alırdılar (415,882-883).

Azərbaycanın ayrı-ayrı xanlıqlarından, Kartli-Kaxetiyadan, İran və Osmanlı dövlətlərindən gətirilən mallardan müxtəlif miqdarda rəhdar alınırdı. Hətta yerli tacirlər də vergi ödəyirdi. Lakin əcnəbi tacirlərə nisbətən yerli tacirlərə güzəşt edilirdi. İrəvanın yerli tacirlərinin gətirdikləri hər cür parçanın bir arşınına 50 qəpik, əcnəbi tacirlərdən isə ikiqat vergi alınırdı. Azərbaycanın digər xanlıqlarından və İrandan gətirilən müxtəlif yük mallarından- xalça, şal və digərlərindən, eyni zamanda şəkər, qəhvə, nabat, şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal, xurmadan 1 rubl 60 qəpik, hər yük ipək və dəridən 4 rubl, tünd boyaqdan 3 rubl 20 qəpik, pambıq parçadan 60 qəpik, kişmiş, noxud, nar və üzüm şirəsindən isə 54 qəpik vergi alınırdı (415,883).

Kartli-Kaxetiyadan gətirilən mallardan- alma, armud, xurma, əncir, kişmiş, qoz, zoğal, badam və s. meyvələrdən olan yükdən 54 qəpik, taxta yükündən isə 20 qəpik vergi alınırdı (415,883).

Osmanlı dövlətindən gətirilən mallardan: müxtəlif növ parça, yağ, yun, zəy, marena, araq, çaxır, bal, mum və s. malların yükündən 1 rubl 60 qəpik, qoz və digər meyvə yükündən 80 qəpik, tir, taxta və taxta piyalə yükündən 20 qəpik, qalın tir yükündən isə 2 qəpik vergi alınırdı (415,883-884).

Xanlıqda gətirilən mallardan əlavə, aparılan mallardan da vergi alınırdı. Aparılan hər cür növ parça, yun, zəy, marena yükündən 1 rubl 60 qəpik və gözətçilərin xeyrinə isə 1 rubl 12 qəpik, çəltik yükündən 40 qəpik, gözətçilərin xeyrinə 40 qəpik, İrəvan şəhərindən Kartli-Kaxetiyaya aparılan duz yükündən 32 qəpik, kişmiş yükündən 80 qəpik, gözətçilərin xeyrinə isə 1 rubl 20 qəpik, boyaq bitkisinin hər yükündən 3 rubl 20 qəpik, gözətçilərin xeyrinə 1 rubl 12 qəpik, ipək yükündən 4 rubl, gözətçilər üçün 1 rubl 12 qəpik, pambıq yükündən 80 qəpik və gözətçilərin xeyrinə isə 1 rubl 92 qəpik, mahallardan xaricə aparılan bütün malların yükündən isə 2 qəpik vergi alınırdı (415,884).

İrəvan xanlığında şəhər və mahallar üzrə rəhdar vergisindən gələn gəlir müxtəlif idi. Məsələn, «rəhdar» vergisi İrəvan şəhərində 2.500 tümən, Gərnibasar və Vedibasar mahallarında 90 tümən, Şərur mahalında 110 tümən, Sürməli mahalında 300 tümən, Sərdarabad mahalında 20 tümən və Körpübasar mahalında isə 374 tümən təşkil edirdi. Rəhdar gömrük vergisi xəzinəyə ildə 3.394 tümən gəlir gətirirdi (415,980).

Beləliklə, İrəvan xanlığında vasitəli və vasitəsiz pul vergisindən xəzinəyə ildə 39.709 tümən 2 minaltun, 12 1/2 şahı və yaxud 158.837 gümüş rubl 5 qəpik ümumi gəlir gəlirdi (415,967-986).

Pul vergisi ildə iki dəfə- payızda məhsul yığımından sonra və fevralda pambıq təmizləndikdən sonra yığılırdı. Verginin toplanmasının öz qaydası vardı. Belə ki, vaxtın tamamında xanın yasavulları mahal naiblərinin mirzələri ilə birlikdə kəndləri gəzərək vergi toplamaq üçün ağsaqqallardan iltizamnamə alırdılar. Bundan sonra kəndin böyükləri yarımillik vergini yığaraq onu xəzinəyə təhvil verir və əvəzində qəbz alırdı. Mahal naibləri əhalidən toplanan qəbzləri xəzinəyə təhvil verərək, ümumi qəbz alırdılar. Elatlardan da bu qayda ilə pul vergisi toplanırdı (415,986-987).

İrəvan xanlığında əhalidən pulla alınan vergidən başqa natural şəkildə də vergi alınırdı. Bu vergi əkilən məhsuldan, müxtəlif növ mal-qaradan, yundan, yağdan, odundan, kömürdən, toyuq və yumurtadan ibarət idi.

Xanlıqda məhsulla alınan əsas vergi «malcəhət» vergisi idi. Digər xanlıqlardan fərqli olaraq İrəvan xanlığında bu vergi növü «bəhrə» adlanırdı. Bəhrə məhsulun 1/5-dən 1/3 qədərində idi. Bəhrə iki qismə- «bəhrəçeyi-divani» və «bəhrəçeyi-malikanəyə» bölünürdü. Kəndlilərin dövlət xəzinəsinə ödədiyi bəhrə «bəhrəçeyi-divani», mülkədarlara ödənilən isə «bəhrəçeyi-malikanə» adlanırdı. (233,266-267; 229,439). Bütün taxılçılıqla məşğul olan kəndlilər bu vergini məcburi verməli idi. Bəhrə vergisini yarıkər və bəhrəkər torpaqlarından alınırdı. Bu torpaqlar həm xəzinəyə, həm də mülkədarlara məxsus idi. Xəzinəyə məxsus yarıkər torpaqlarında işləyən kəndlilər xan tərəfindən toxumla, kotanla və digər lazımi vasitələrlə təmin olunduğundan məhsulun 1/2 hissəsi ona çatırdı. Ümumilikdə, İrəvan xanlığında xəzinə və mülkədara məxsus kəndlər dörd qrupa- bəhrəkər, yarıkər, rəncbər və icarəyə götürülmüş kəndlərə bölünürdü. Hər kəndin özünəməxsus vergi miqdarı vardı (415,988-990). Bəhrəkər kəndlərindən toplanmış məhsulun 1/3 hissəsi sərdara çatmalı idi. Mülkədarlara məxsus yarıkər kəndlərindən yığılan məhsulun 1/2 hissəsi mülkədara, bəhrəkər torpaqlarından yığılan məhsul isə sərdarla mülkədar arasında bölünürdü. Bu məhsulun 6/30 sərdara, 4/30 hissəsi isə mülkədara çatırdı (223,516; 415,987-990).

Rəncbər kəndlərindən alınan vergilərin miqdarı ayrı-ayrı mahallar üzrə müxtəlif idi. Məsələn, Zəngibasar mahalının Çarbağ kəndinin əhalisi çəltik və pambığın 2/3 hissəsini, digər məhsulların isə üç hissəsini, Şərur mahalının Çamaxtir kəndinin əhalisi çəltiyin 2/3 hissəsini, digər məhsulların yarısını, Körpübasar mahalının Muğancıq kəndinin əhalisi isə bütün məhsulun 4/5 hissəsini vergi ödəyirdilər (415,988-989).

Xanlıqda icarəyə verilmiş kəndlər də mövcud idi. Adətən sərdarın özü mülkədarlardan icarəyə kəndlər götürürdü. Əvəzində mülkədarın icarə haqqını ödəyirdi. Məsələn, o icarə etdiyi Uluxanlı, Behbudabad, Əbülkənd və Seyidkənd kəndlərinin gəlirindən istifadə edir və əvəzində hər il mülkədarlara 7 1/2 xalvar buğda, 7 1/2 xalvar arpa, 12 batman pambıq və 30 batman soğan, Vedibasar mahalının dağılmış Qarabağlar kəndinə görə 10 xalvar buğda, Gərnibasar mahalında Sirboğan, Abbasabad, Köşəkli və Purço kəndlərinə görə 10 xalvar buğda, Yeqvard kəndi üçün isə Eçmiədzin kilsəsinə 3 xalvar buğda icarə haqqı ödəyirdi (415,988-989).

Bununla bərabər, İrəvan xanı coğrafi vəziyyətinə, keyfiyyətsiz torpağına görə bəzi bəhrəkər kəndlərinə və elatlara güzəştə gedərək ancaq xəzinə torpaqlarından yığılan məhsulun 7/30–ni almaqla kifayətlənirdi. Abaranda və Alagöz dağının yüksək yerlərində yerləşən Axsaqqallılara güzəştə gedərək vergiyığanların xeyrinə vergi alınmırdı və əvəzində onlar məhsulun 6/30 hissəsini vergi ödəyirdilər. Belə vəziyyətdə olan mülkədar kəndlərinə də güzəşt edilirdi. Onlardan ümumi məhsulun 4/30 3/30 hissəsi miqdarında vergi alınırdı. Bəzi kəndlər vergi ilə bərabər hərbiyə dəstə də verirdi. Məsələn, Dərəkənd-Parçenis mahalının əhalisi ildə 800 tümən vergi ödəməklə bərabər, ordu üçün 200 süvari dəstəsi də toplayırdı. Sərhəd yaxınlığında, dağlıq yerlərdə yaşayan ayrumlardan heç bir vergi alınmırdı. Lakin onlar başçıları üçün müəyyən vergi - hər ev 1 batman yağ, 1 yük saman və 1 yük odun verməli idilər (415,990-991).

Xanlıq dövründə müxtəlif kənd təsərrüfatı məhsullarından dövlət xəzinəsinə gələn gəlirin miqdarı Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına verdiyi vergi siyahısı üzrə müəyyən edilmişdi. Lakin bu məlumatın dəqiqliyinə şübhə edildiyindən, 1829-cu ildə yenidən ümumi gəlir haqqında yoxlama keçirilmişdi. Nəticədə, vəzir Mirzə İsmayılın vergi cədvəlinə əsasən dövlət xəzinəsinə hər il gələn kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 305.218 rubl, 51 qəpik, 1829-cu il vergi cədvəlinə görə isə 314.027 rubl 4 qəpik miqdarında olmuşdu (415,1119-1120).

İrəvan xanlığında qeyd olunan vergidən əlavə, parakər adlanan mükəlləfiyyətdən də gəlir əldə edilirdi. Belə ki, məhsuldar torpağı və suyu bol olan kəndlərin əhalisi sərdar üçün müəyyən miqdarda müxtəlif növ məhsul əkməyə borclu idilər və yığımdan sonra məhsulun müəyyən hissəsini ona ödəyirdilər. Yığılan buğda və arpanın beş hissəsi, çəltiyin yeddi hissəsi və pambığın hər xalvar toxumundan əmələ gələn məhsulun təmizlənmiş 60 batmanı sərdara çatırdı. Parakər mükəlləfiyyətindən xanın xeyrinə gələn verginin ümumi dəyəri 84.435 tümən, 4 minaltun, 12 şahı və yaxud 337.745 rubl 84 qəpik təşkil edirdi. Bu vergi ödəməsində ayrı-ayrı mahalların bəzi kəndləri iştirak edirdi. Mahallar üzrə kəndlərin və evlərin sayı aşağıdakılardır:

Qırxbulaq mahalı-11 kənd - (343 həyət)

Zəngibasar mahalı-21 kənd- (1.043 həyət)

Qarnibasar mahalı-38 kənd- (787 həyət)

Vedibasar mahalı-12 kənd- (576 həyət)

Şərur mahalı- 41 kənd- (1.035 həyət)

Sürməli mahalı- 44 kənd- (1.644 həyət)

Saatlı mahalı-5 kənd- (160 həyət)

Seyidli-Axsaqqallı-14 kənd- (311 həyət)

Sərdarabad mahalı- 19 kənd- (745 həyət)

Körpübasar mahalı- 28 kənd- (1.297 həyət).

Ymumiyyətlə, xanlıqda parakər mükəlləfiyyətini yerinə yetirməklə vergi verən 10 mahalın 233 kəndində 8.211 həyət qeydə alınmışdı (415,1125).

Adları çəkilən vergilərdən əlavə, ildə xəzinəyə müxtəlif adda digər vergilər də daxil olurdu. Bu əsasən elatlardan alınan vergilər idi. İ.Şopenin tərtib etdiyi kameral siyahıyaalınmada köçəri və köçmə maldarlıqla məşğul olan elatların vergi və mükəlləfiyyətindən ətraflı bəhs edilmişdir. İ.P.Petruşevski elatların yerinə yetirdiyi vergi və mükəlləfiyyəti beş qismə bölür: 1) Xana və tayfa rəislərinə məxsus örüş yerlərindən istifadəyə görə mal-qaradan, yağdan, pendirdən və yundan alınan vergi; 2) bir hissəsi natural, digər hissəsi pul şəklində sürüdən alınan vergi; 3) Müxtəlif şərtlərlə xana məxsus sürünün qorunması və otarılması; 4) Köçmə zamanı ağır yükləri daşımaq üçün xana və tayfa rəislərinə yük heyvanlarının verilməsi; 5) feodal yığma qoşununda hərbi xidmət (çərik) (233,315).

1829-1832-ci illərdə tərtib edilmiş kameral təsvirdə göstərilir ki, sərdar adətən vəziyyətə görə bütün elatlardan hər yüz qoyun və keçidən bir böyük və bir xırda olmaqla heyvan alırdı (415,1126-1127). Zilani kürdləri 100 minlik sürüdən 500 tümən dəyərində qoyun verirdi (415, 1127). Hər 1000 qoyundan 5 1/2 tümən hesab etməklə digər kürd cəmiyyətlərinin ödədikləri vergilər isə bunlardır: Sakentlilər- 8,500 baş qoyun və keçidən 48 tümən 1 minaltun 5 şahı; Bilxixanlılar və Tuşmal ağanın heyvanlarının bir hissəsi- 11.000 baş qoyundan 60 tümən 5 minaltun; İsa ağaya məxsus 5.750 ədəd qoyuna görə 31 tümən 3 minaltun, 10 şahı; Xəlilxanlılar 15.250 qoyuna 83 tümən 3 minaltun; Qızılbaşuşağı 3.500 qoyuna 19 tümən 2 minaltun 10 şahı; Misirkəndlilər 7.700 qoyuna 40 tümən 1 minaltun 10 şahı. Yekunda bu kürd cəmiyyətləri 51.700 baş qoyuna 282 tümən 6 minaltun 15 şahı dəyərində xəzinəyə vergi ödəyirdilər (415,1127).

Kürd elatlarından əlavə, Azəri türk elatları da vergi verirdilər. Həmin elatlara məxsus 100 minlik sürüdən 500 tümən dəyərində xəzinəyə vergi ödənilirdi. Beləliklə, bütün elatlara məxsus 251,700 xırdabuynuzlu sürüdən xəzinəyə ildə 1.282 tümən 6 minaltun 15 şahı vergi daxil olurdu (415,1127).

İ.Şopenin tərtib etdiyi siyahı elatların yerinə yetirdiyi yeni mükəlləfiyyət növü ilə bizi tanış edir. Bu mükəlləfiyyət – dişbədiş və amani (amanat) adlanır. Dişbədiş o mükəlləfiyyətə deyilirdi ki, sərdar müəyyən miqdarda öz sürüsünü elatlara otarmaq üçün verirdi. Elatlar isə xanın tələbi nəticəsində verilmiş miqdarda sürünü geri qaytarmalı və eyni zamanda hər sağılan qoyundan xana ildə yarım batman yağ, bir stil yun ödəməli idi. Yeni döğulmuş bala isə saxlanılmağa verilirdi. Hətta kameral təsvirdə xana məxsus ayrı-ayrı elatlara verilmiş sürülərin sayı da qeyd olunmuşdu. Göstərilən sürülərin sayı bunlardır: Böyük Çobanqaralarda 2.484; Kərimbəylərdə 519; Şeyxlərdə 500; Saraşlılarda 1.000; Biryükilərdə 5.000; Əli Şərurluda 200; Qafarlıda 1.138. Sərdar bu sürülərdən ildə 5.420 1/2 batman yağ və 504 batman yun alırdı (415,1127).

Amani mükəlləfiyyətinə görə, iri buynuzlu heyvanların balası və xırdabuynuzlu heyvanların yunu sərdara məxsus idi. Bundan əlavə, xan hər sağılan qoyundan 7 1/2 stil yağ, hər camışdan 6 batman və hər inəkdən isə 4 batman ildə vergi alırdı. Elatlarda amani mükəlləfiyyətində olan xırdabuynuzlu heyvanların sayı Çobanqaralarda 4.219 baş, Qafarlılarda isə 4.206 baş olmaqla 8.425 başdan ibarət idi. (415,1128).

Xanın mal-qarasına məvacib alan çobanlar baxırdı. Məvacib natural və yaxud xüsusi qaydada verilirdi. Belə ki, 500 baş naxırı otaran iki çoban ildə 20 quzu və 120 batman buğda alırdılar. Çobanbaşıya isə min və yaxud beş min baş sürüyə görə xüsusi məvacib təyin edilmişdi (415,1128).

Vergilərdən əlavə, elatlar xana yük heyvanları da verməli idi. Zilani kürdləri hər il xana 1000 baş öküz və 50 baş dəvə, digər elatlar isə 6000 baş yük heyvanı verirdilər. Xan yük heyvanlarından Qarsa, Bəyazidə, Xoya, Naxçıvana və Tiflisə pambıq, çəltik, və digər yüklər göndərmək üçün istifadə edirdi. İrəvan xanı hər il yük heyvanlarından 4.782 tümən, 6 minaltun və 10 şahı gəlir əldə edirdi (415,1128).

Hər il elatlar yun və yun məmulatından xana 925 tümən, 2 minaltun, 10 şahı dəyərində 3.701 batman yun, 62 tümən 5 minaltun dəyərində isə yundan toxunmuş 250 cüt kisə vergi verirdilər (415,1129).

Mal-qaradan hər il sərdara Zilani kürdləri 500 batman, Sakenlilər 102 batman, Bilxanlılar 192 batman, Xəlilxanlı 183 batman, Qızılbaş uşağı 42 batman, Misir kəndli 87 batman, Ayrumlar 200 batman yağ verirdilər. Bundan əlavə, sərdarın özünə məxsus mal-qaradan da yağ əldə olunurdu. Dişbədiş mükəlləfiyyətində olan qoyunlardan ildə 5.420 1/2 batman, əmanidən isə 3.154 batman yağ xana çatırdı. Bu yağın ümumi dəyəri 2.985 tümən 1 minaltun 5 şahı idi.

İrəvan xanlarının əmrinə əsasən, elatlardan lazım gəldikdə qoşun üçün silahlı süvari dəstələri də yığılırdı. Bu dəstələr müharibələrdə ən çevik dəstələr sayılırdı. Belə ki, Zilani kürdləri-1.000 atlı, Cəmadinlər-250 atlı, Böyük Çoban Qara, Saraşlı, Dəmirçili, Kərimbəyli, Qafarlı və Şeyxlər birlikdə 300 atlı, Qarapapaqlılardan Göycə mahalında (Nağı xanın başçısı olduğu qarpapaqlar) 1000 atlı, Dərəçiçək mahalı (Mərdan xanın başçısı olduğu qarapapaqlılar) 600 atlı, Ayrumlar 200 atlı, Ağsaqqallılar 90 atlı, Seyidli və Taşanlılar 160 atlı olmaqla elatların xan qoşunu üçün verdiyi süvarilərin sayı 3.600 nəfərə bərabər idi. Hər bir atlını saxlamaq üçün təxminən 24 gümüş rubl tələb olunurdu. Ümumilikdə elatların verdiyi süvarilərə 86,400 gümüş rubl lazım gəlirdi (415,1130). Burada qeyd etmək yerinə düşərdi ki, vergi və mükəlləfiyyətin bütün ağırlığı sadə elatların üzərinə düşürdü. Elat əyanları (sultan, bəy, ağa və s.) hərbi xidmət istisna olmaqla bütün vergi və mükəlləfiyyətlərdən azad edilmişdilər (233,315).

Qeyd edilən vergilərdən əlavə, irəvanlılar odun və kömür vergisi də ödəyirdilər. Kəndlilərin vəziyyətinə görə bu vergilərin miqdarı müxtəlif cür olurdu. Belə ki, binaçı vergisi ödəyən hər bir bəhrəkər sərdara ildə 3, yarıkərlər isə 1 1/2 yük odun verməli idi. Beləliklə, 539 bəhrəkərdən 1.617 yük, 300 yarıkərdən 450 yük, Ağsaqqallılardan 200 yük, 125 nəfər binaçı vergisi verən Seyidlilərdən 375 yük, Misxanlı cəmiyyətindən 150 yük odun, bundan əlavə, xan ildə Ağsaqqallılardan 200 yük, Misxanlılardan isə 100 yük kömür alırdı. Ümumilikdə odun və kömürün dəyəri 639 tümən 8 minaltun 12 1/2 şahıya bərabər idi;

İrəvan xanı ayrı-ayrı mahallardan 9.822 toyuq, 19.644 yumurta vergisi alırdı. Bu verginin ümumi dəyəri 147 tümən 2 minaltun idi. Lakin Şərur mahalında bu vergi çəltik həvəngi ilə əvəz edilmişdi. Bu mahalın əhalisi hər çəltik həvənginə görə ildə 55 tümən vergi ödəyirdi. Nəticədə, toyuq, yumurta və çəltik həvəngindən alınan verginin ümumi dəyəri 202 tümən 2 minaltun edirdi.

Natural şəkildə alınan vergi kəndlərin və rəiyyətlərin güzaranından asılı olaraq toplanılırdı. Mənbənin verdiyi məlumata görə, «… sərdar vergini əkin sahəsinə, kotanlarının sayına görə deyil, əldə edilmiş məhsulun keyfiyyətinə və vergi verənin vəziyyətinə uyğun tələb edirdi. İrəvan xanlığında belə sistemin (vergi-E.Q.) əsas qaydaları aşağıdakılardır:

a) Zəngin və əlverişli ərazidə yerləşən kəndlər, əhalinin yaşayışına görə, həyətlərə bölünürdü. Bu həyətlər 1-dən 6-ya qədər olurdu. Bunlar binaçı adlanırdı və ildə 10 tümən və yığılan məhsulun 3 hissəsini verməli idilər. Belə kəndlilər bəhrəkərlər adlanırdı.

b) əhalisi olan və bir qədər əlverişsiz ərazidə yerləşən kəndlərin əhalisi, toxumu borc verdiyinə görə sərdara yığdıqları məhsulun yarısını ödəyirdi. Bunlara yarıkərlər deyirdilər. Lakin Zəngibasar mahalında bu cür kəndlər 3 tümən binəçı vergisi ödəyirdilər.

c)Sərdar sahəsi daşlı və tamamilə əlverişsiz ərazidə yerləşən kəndlərin əhalisindən və köçmə maldarlıqla məşğul olan elatların əkinçiliklə məşğul olan hissəsindən məhsulun 30 hissəsindən 7 hissəsini vergi alırdı. Məhsulun qalan 23 hissəsini isə əkinçiyə güzəştə gedirdi (388,501).

Məhsul vergisi xan nökərləri olan sərkərlər tərəfindən toplanırdı. İrəvan xanlığında 150 vergiyığan sərkər vardı (415,1136). Lakin xanın vergiyığanlarından əlavə, hər bir mahalın öz vergiyığanı da olurdu. Xanın sərkərləri hər il məhsul yığımı zamanı kəndlərə göndərilərək yerli sərkərlərlə məhsulun miqdarını müəyyənləşdirir və yığılan məhsulun oğurlanmasının qarşısını alırdılar. Kəndlərə göndərilmiş nökərlər əhalinin hesabına yaşamalı idi. Bununla xan onları məvaciblə və yeməklə təmin etmək əziyyətindən azad olurdu.

Hər bir mahalın payına düşən vergiyə mirbölük cavabdeh idi. Belə ki, məhsul yığıldıqdan sonra hər bir mirbölük mahalın vergi hesabatını xana təqdim edirdi. Xan hesabatı keçənilki hesabatla müqayisə edirdi. Əgər gəlir çox idisə, xan mirbölüyə təşəkkür elan edirdi. Əks halda gəlir azlığının səbəblərini müəyyən etmək üçün istintaq qurulurdu. Gizli istintaq başlanır və vergi az verən kəndlərin sərkərləri dəyişdirilirdi. İrəvan xanları vergiyə ciddi yanaşdığından bir-biri ilə yola getməyən mirbölük və sərkərləri tez-tez dəyişirdilər. Lakin vergiyığanlar xanın onlara olan etimadından mütəmadi istifadə edirdilər. Onlar əhalini ələ alaraq məhsulun oğurlanmasında özləri iştirak edirdi. Məsələn, xanın yaxın adamlarından olan Cəfər xan üç mahaldan 5.000 tümən gəliri mənimsəmişdi. Xan öz vergiyığanlarını yaxşı tanıdığından buna ciddi əhəmiyyət vermirdi, yalnız özünəməxsus mülkiyyətə toxunduqda adamlarını cəzalandırırdı. Gəlir itkisi həmin vergiyığanların mülkiyyətini müsadirə etməklə və onları ciddi cərimələməklə doldurulurdu (388,501; 223,516).

Vergi yığılarkən əhali həmişə yalanla və alçaqlıqlarla üzləşirdi. Həm xanın, həm də mirbölüyün adamlarının soyğunçuluğu ilə rastlaşan əhali onlara müxtəlif vasitələrlə müqavimət göstərirdi. Əhali varlı düşmənlərinə qarşı ölçü götürərək hiyləgərliyə hiylə ilə, yalana yalanla, tamaha tamahla, xəsisliyə xəsisliklə cavab verirdilər (388,501).

Kəndlilər vergidən əlavə sahibkar üçün əvrəz və biyar adlanan mükəlləfiyyəti də yerinə yetirməli idi. Əvrəz bütün kənd camaatının birlikdə sahibkarın təsərrüfat və ev işlərində icra etdikləri mükəlləfiyyətə deyilirdi. Əhali bu mükəlləfiyyəti yerinə yetirməyə məcbur idi. Əvrəzi yerinə yetirən kənd caamatı elliliklə bu mükəlləfiyyəti yerinə yetirir və sahibkarın xeyrinə ev, dəyirman tikərkən və s. işlər görərkən bir-birinə xəbərdarlıq etdikdən sonra başa çatdırırdılar. Bəzi sahibkarlar bu mükəlləfiyyəti pulla əvəz edirdi. Biyar isə məcburi günlərdən əlavə əhalinin sahibkarın təsərrüfat işlərində icra etdikləri mükəlləfiyyət idi. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da biyar 3 gündən 6 günə, əvrəz isə 2 günə bərabər idi (233,278-279).

Beləliklə, İrəvan xanlığında istər nəgd pulla, istərsə də natüral şəkildə xəzinəyə gələn ümumi gəlirin miqdarı 653.150 rubl təşkil edirdi (415,1136). Lakin Hüseynqulu xanın dövründə xəzinəyə vergidən gələn gəlirin ümumi miqdarı haqqında olan bu məlumat son məlumat deyildi. Hələ 1813-cü ildə İrəvanda olan ingilis səfirliyinin katibi Moryer də ildə xəzinəyə daxil olan verginin ümumi miqdarı haqqında məlumat vermişdi. O, verginin miqdarını belə göstərmişdi: hər iki növ pul vergisi 150.000 tümən, rəhdar vergisi 12.000 tümən, duzdan 6.000 tümən, şahın fövqaladə vəziyyətlə əlaqədar verdiyi xərc 6.000 tümən və sərdarın özünün məvacibi 600 tümən. Yekunda bütün xanlığın ümumi gəliri 174.000 tümən və yaxud 696.000 gümüş rubl təşkil edirdi (415,1136).


V FƏSİL

ƏHALİ

5.1. Əhalinin sayına təsir göstərən amillər

İrəvan xanlığı əhalisinin etnik və say tərkibinin öyrənilməsi əsas məsələlərdən biridir. Mənbələrdə xanlıq əhalisinin sayı haqqında məlumatın kasadlığı problemin hərtərəfli həllində böyük əngəl yaradır. Xanlığın yaranmasından XIX əsrin əvvəllərinə qədər əhalinin sayı və etnik tərkibi haqqında heç bir məlumata rast gəlmədik. Yalnız XIX əsrin əvvəllərindən başlayaraq mənbə və tarixi ədəbiyyatda əhalinin sayı haqqında konkret rəqəmlər göstərilir. Rəqəmlər isə ziddiyyətlidir. İrəvan xanlığının əhalisi haqqında ətraflı məlumat işğaldan sonra, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmada qeydə alınmışdı (415). Lakin bu siyahıyaalınma da əsl tarixi gerçəkliyi əks etdirmir. Bunun bir neçə səbəbi vardı. Birincisi, münaqişə və müharibələrlə əlaqədardır. Azərbaycanın qərb hissəsində yaranan bu xanlığın mövcud olduğu illərdə baş vermiş ara müharibələri, təcavüz və müdaxilələr, Qacar yürüşləri, 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri dövründə əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qonşu ölkələrə qaçmağa məcbur olmuşdu. İkincisi, müxtəlif illərdə kütləvi epidemiya xəstəliklərinin yayılmasıdır ki, bu da əhalinin sayının aşağı düşməsinə səbəb olmuşdu. Sonuncu səbəb isə XIX əsrin əvvəlliərindən başlayaraq İrəvan xanlığının ərazisinin kiçilməsi və onun tərkib hissəsi olan Şuragöl və Pəmbək mahallarının və digər ərazilərin Rusiya dövlətinin tərkibinə ilhaq edilməsidir. Məhz kameral siyahıyaalınmada bu iki mahalın əhalisi göstərilməmişdir.

Müxtəlif mənbələrdə İrəvan xanlığının siyasi vəziyyəti ilə əlaqədar olaraq onun əhalisinin say və etnik tərkibinə mənfi təsir göstərən amilləri özündə əks etdirən bəzi faktlara rast gəlmək mümkündür. Belə faktların mötəbərliyinə əsaslanaraq əhalinin etnik tərkibində Azəri tüklərinin üstünlük təşkil etdiyini və işğaldan sonra rus məmurları tərəfindən 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmada Azəri türklərinin sayının bilərəkdən azaldığının səbəblərini aydınlaşdırmaq olar. XVIII əsrin 60-70-ci illərində İrəvan xanı Hüseynəli xan Kartli-Kaxetiya çarı II İrakliyə qarşı apardığı müharibələrdə xanlığın əhalisi böyük itkilərə məruz qalmışdı. Xüsusilə, 1779-cu ildə II İrakli üçüncü dəfə İrəvan xanlığına hüçum edərkən minlərlə sakini Kartli-Kaxetiyaya əsir aparmışdı (71,153). Əsir aparılanların çoxusu yollarda aclıqdan və dözülməz hava şəraitindən ölmüşdü (67,23). Sonralar Hüseynəli xan qalanlarını geri qaytarmaq üçün dəfələrlə II İrakliyə müraciət etsə də, yalnız bir hissəsini geri qaytara bilmişdi (39, 74-75). 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları İrəvan xanlığına hücum edərkən yerli əhalinin xeyli hissəsi qonşu ölkələrə qaçmışdılar. Lakin onların çoxusu qaçarkən aclıqdan və dözülməz hava şəraitindən yollarda ölmüşdü (67, 89-90).

XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqaza müdaxiləsi bölgənin, həmçinin İrəvan xanlığının əhalisinin say tərkibinə mənfi təsirini göstərmişdi. Rusiyanın hərbi və mülki məmurlarının yazdıqları məlumatda İrəvan əhalisinin rus qoşunlarının hücumundan ehtiyat edərək kəndlərini başlı-başına buraxaraq qonşu ölkələrə qaçmaları haqqında ətraflı faktlara rast gəlmək mümkündür. General mayor Lazarevin Qafqaz qoşunlarının baş komandanı Knorrinqə 1801-ci il iyulun 13, 15 və 28-də göndərdiyi məlumatında göstərirdi ki, Rusiya təsirinin güclənməsi və çar II İraklinin nümayəndəsinin yeritdiyi siyasətdən narazılıq edən Pəmbək əyalətinin 14 kəndinin 5-6 min əhalisi evlərini tərk edərək İrəvan xanlığının mərkəzi ərazilərinə sığınmışdılar. İrəvana sığınan əhali etnik baxımdan azəri türkləri idi. General-mayor Lazarevin təkidi ilə əhalinin bir hissəsi geri qayıtsa da, böyük hissəsi bundan imtina etmişdi (336,598-599; 338,599; 339,599-601). 1804-cü ildə pəmbəklilər Rusiya itaətini qəbul etmək istəmədiyindən yenidən üsyan qaldırdılar. İyulda Pəmbək bəyləri Rəhim bəy və Səid bəy öz tərəfdarları ilə bölgəni tərk edərək Qars paşalığına qaçmışdılar. Knyaz Sisianov onları geri qaytarmaq üçün dəfələrlə Qars hakimi Məhəmməd paşaya müraciət etmişdi (257,911; 258,911; 259,911; 261,911-912).

Rusiya-İran müharibələri dövründə həm şimaldan, həm də cənubdan hücuma məruz qalan İrəvan əhalisi kütləvi surətdə qonşu olkələrə qaçırdılar. 1804-cü ilin mayında şah qoşunları İrəvana hücum edərkən azəri türklərindən və ermənilərdən ibarət 2000 ailə Qars paşalığına qaçmağa cəhd göstərmişdi. Lakin rus komandanlığının gördüyü tədbirlər nəticəsində həmin ailələr Kartli-Kaxetiya ərazisində yerləşdirilmişdi. Birinci İrəvan döyüşü başa çatdıqdan sonra 1000 ailə geri qayıtsa da, qalanı orada həmişəlik məskunlaşmışdı (206,614-615).

Rus qoşunlarının İrəvan xanlığına hücumları zamanı əhalinin əmlakını, mal-qarasını çapıb-talaması kəndlərin boşalmasına gətirib çıxarırdı. Onlar əhalini qorxutmaqla İrəvanı Rusiyanın təbəəliyinə keçməyə məcbur etmək istəyirdilər. Belə hadisələr istər-istəməz əhalinin say tərkibinə mənfi təsir göstərirdi. Rus qoşunlarının vəhşi hərəkətləri komandanlığın göstərişi ilə həyata keçirilirdi. 1811-ci il oktyabrın 27-də baş komandan markiz Pauluççi general-mayor Lisaneviçə göndərdiyi məktubunda yazırdı: «Bununla belə, sizə tapşırıram ki, bu ekspedisiyada müxtəlif dağıntılarla yerli əhalini elə güclü qorxuya salmaq lazımdır ki, bu irəvanlıların yaddaşında uzun illər qalsın…» (321,120; 322,121; 214,121-122). Digər baş komandan A.Yermolov da sərhəd qoşunlarının başçısı təyin etdiyi general D.Davudova belə məzmunlu göstəriş vermişdi. Onun başçılığı ilə rus qoşununun İrəvan xanlığına hücumu zamanı sərhədə yaxın səkkiz kənd qarət edilib dağıdılmışdı (114,381).

İrəvan əhalisinin müharibələrdən bezib kütləvi şəkildə yerlərindən didərgin düşməsi, qonşu ölkələrə qaçması o dövrdə adi hala çevrilmişdi. Baş komandan A.Paskeviç qraf Neselroda 1827-ci il iyulun 27-də göndərdiyi məlumatında yazırdı ki, «Mən kilsədə olanda buranın əhalisi haqqında məlumat topladım… Araşdırmanın nəticəsi aşağıdakılardır: bizim gəlişimizə qədər İrəvan xanlığının 16 mahalında maldarlıqla və əkinçiliklə məşğul olan 20 Azəri türk tayfası (elat-E.Q.) yaşayırdı. Axırıncı qismə ermənilər də daxil idi. Bizim qoşunun ərzaq toplamaq ümüdünü puç etmək, taxılı yığmağa imkan verməmək üçün sərdar oturaq əhalini Arazın cənubuna köçürmüşdü. Qorxuya düşmüş köçərilər, digər xırda tayfalar (elatlar-E.Q.) dükanları talan edərək ailələri və sürüləri ilə örüş yerlərini tərk edərək Osmanlı ərazisinə keçmişdilər. Qarapapaqlardan 100 ailə, ayrumlardan 300 ailə Qarsa, güclü Uluxanlı tayfasından (elatından-E.Q.) 600 ailə Bəyazidə, Cəlali kürd tayfasının (elatının-E.Q.) bir hissəsi isə Muşa qaçmışdı. Digər qarapapaqlılardan 800 ailə Həsən xana qulluq edən Nağı xan və İsmayıl bəyin başçılığı ilə Araz çayından cənubda düşərgə salmışdı. Cəmadinli kürdlərindən 70 ailə, birunilərdən 400 ailə, çobanqaralardan 200 ailə, Hüseyn ağanın başçılığı ilə 1000 ailə zilani kürdləri onlarla birlikdə idi» (218,547). Baş komandanın məlumatına görə, axırıncı Rusiya-İran müharibəsi dövründə azəri türklərindən və kürdlərdən ibarət olan 3470 ailə xanlığı tərk edərək qonşu ölkələrə pənah aparmışdı. Rus qoşununun hücumundan qorxub qonşu ölkələrə qaçanlar əsasən müsəlman əhalisi olmuşdu.

Xanlıqda baş verən kütləvi epidemiyalar da əhalinin sayına mənfi təsirini göstərmişdi. 1806-cı ilin payızında İrəvan xanlığında yayılmış qızdırma xəstəliyindən əhalinin çoxu qırılmışdı. Həmin ilin oktyabrın 21-də erməni Arşakov general-mayor Nesvetayevə göndərdiyi məktubunda şahın İrəvan xanı təyin etdiyi Əhməd xanın xəstəlikdən öldüyünü bildirərək yazırdı ki, «orada (qalada-E.T.) yerləşən yerli əhali və qoşun qızdırma xəstəliyinə tutulmuşdu. Bu xəstəlikdən xeyli adam ölmüşdü» (270,421; 326,380). Maku xanının Xoylu Gəfərqulu xana yazdığı məktubu da həmin ildə xəstəlikdən İrəvanda çoxlu əhalinin öldüyünü təsdiq edirdi. O, Gəfərqulu xana yazırdı ki, «əgər İrəvanda olan vəziyyətlə maraqlanırsızsa, irəvanlıların hamısı xəstələnərək ölürlər. Əhməd xanın özü də xəstədir» (304,429). Əhalinin kütləvi surətdə qırılması ilə nəticələnən belə epidemiya 1829-1832-ci illərdə yerli əhalinin siyahıyaalınması zamanı da baş vermişdi. 1829-cu ildə yayılan taun xəstəliyi bir sıra kəndləri bütövlüklə məhv etmişdi. Siyahıyaalmanı aparan heyət səhər yuxudan durarkən yerləşdikləri düşərgənin ətrafında çoxlu meyidlərin olduğunu göstərmişdi. 1830-cu ildə baş qaldırmış vəba xəstəliyi əhalini ölümcül sınağa çəkmişdi (415,1-2).


5.2. Əhalinin etnik və say tərkibi

İrəvan xanlığının əhalisi etnik baxımdan yekcins olmayıb, burada azəri türkləri, ermənilər, maldarlıqla məşğul olan kürdlər və qaraçılar yaşayırdı. Xanlığın əhalisinin böyük əksəriyyətini azəri türkləri təşkil edirdi. Erməni müəllifləri heç bir mötəbər tarixi faktlara əsaslanmadan hər vasitə ilə bunu inkar etməyə çalışırlar. Məsələn, İrəvan xanlığının tarixini araşdırmağa cəhd göstərən V.R.Qriqoryan yazır ki, «Xanlıq əhalisinin əksəriyyətini ermənilər təşkil etmişdilər» (130,37). Digər erməni tədqiqatçısı T.X.Akopyan bu fikri təsdiq edərək qeyd edir ki, «İrəvan əhalisinin əksəriyyətini ermənilər təşkil etmiş və burada yaşayan farslar və türklər isə başqa ərazilərdən köçürülmə nəticəsində sayı artırılmışdı. Bununla belə, xanlıqda onların sayı azlıq təşkil etmişdi» (62,79-80). V.A.Parsamyan isə daha irəli gedərək yazırdı, «Rusiyaya birləşdirilənə qədər Ermənistanın şərq hissəsində (İrəvan və Naxçıvan xanlıqlarında-E.Q.) əhalinin sayı 169.000 bərabər olmuş, bunlardan 34% erməni, 50% Azəri türkü, 16% isə kürdlər olmuşdu» (227,12). Müəllif əsərində Azəri türklərinin çoxluq təşkil etdiyini etiraf etsə də, burada təhrifə yol verir, ermənilərin sayını artırmaqla, Azəri türklərinin sayını xeyli azaltmışdı.

Lakin qaynaq və tarixi ədəbiyyatda bunun əksini sübut edən qiymətli məlumatlar vardır. Bu qaynaq və tarixi əsərlərdə İrəvan xanlığının əhalisi haqqında konkret rəqəmlər göstərilməsə də, etnik baxımdan xanlıqda azəri türklərinin üstünlük təşkil etməsini sübut edən faktlara rast gəlmək mümkündür. Məsələn, 1784-cü il iyulun 10-da Axalsıx hakimi Süleyman paşa İrəvan başçılarına göndərdiyi məktubda İrəvan əhalisini yerli türklər adlandırmışdi (195,198). Səyyah Z.Şirvani «Bustanüs-səyahə» əsərində yazırdı: «O (İrəvan) Arran mülkindədir. Azərbaycana məxsusdur… Əhalisi türkdilli və şiə məzhəbindədir. Azacıq isəvi (xristian) də vardır… (420,124). 1828-ci il aprelin 2-də qraf Paskeviç Baş qərargah rəisi qraf Dibiçə ünvanladığı məlumatda xanlıq əhalisinin 3/4 hissəsinin müsəlmanlar təşkil etdiyini bildirmişdi (220,488-491). Daha sonra o, 16 noyabr 1828-ci ildə Bludova yazdığı başqa bir gizli məlumatda İrəvan xanlığının əhalisinin 2/3 hissəsinin Azəri türklərinin olduğunu qeyd etmişdi (217,259-260). İrəvan xanlığını erməni dövləti kimi qələmə vermək istəyən erməni din xadimləri də İrəvanda ermənilərin azlıq təşkil etməsini gizlədə bilməmişdilər. Arxiyepiskop Arqutinski P.S.Potyomkinə yazdığı məktubunda İrəvanda çox az erməni yaşadığını etiraf etmişdi (165,44). Rus hərb tarixçisi N.Dubrovin «İstoriya voynı i vladıçestva russkix na Kavkaze» əsərinin birinci cildində «bütün İrəvan xanlığında əhali arasında azəri türklərinin çoxluq təşkil etdiyini» yazırdı (147.326). M.Vladikin ermənilərin İrəvanda köçürülmə nəticəsində çoxaldığını etiraf edərək yazırdı ki, «İrəvan quberniyasında məskunlaşan ermənilərin əksər hissəsi buranın qədim sakinləri deyildi. Onlar 1828 və 1829-cu illər müharibəsindən sonra bura köçürülmüşdü» (88,17). Daha sonra müəllif fikirini «Erməni əyalətinin əhalisi 1827 və 1829-cu illər müharibəsindən sonra İran və Türkiyədən çıxmış ermənilərlə artırılmışdı» (88,333) cümləsi ilə təsdiq edir.

İşğaldan sonra ermənilərin İrəvana və Azərbaycanın digər ərazilərinə köçürülməsi və yerləşdirilməsi İrəvanın demoqrafik durumuna güclü təsir göstərmişdi. Gəlmə ermənilər Azəri türklərin yaşadığı kəndlərə doldurulurdu. S.Qlinka yazırdı: «Müharibə qurtardıqdan sonra İrandan ermənilərin kütləvi köçürülməsinə başlandı (126,45). Ermənilərin köçürülməsinin təşkilatçılarından olan A.S.Qriboyedov «Erməniləri ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından hiddətlənmiş müsəlmanlar içərisində yaranan təşvişi aradan qaldırmaq və düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy etdiyini» yazırdı (129,134). V.L.Veliçko «Qafqaz» əsərində Rusiyanın hər dəfə şərq dövlətləri ilə müharibələri zamanı ermənilərin sayının daha da çoxaldığını etiraf etmişdi (86,84). N.N.Şavrov isə köçürmə məsələsinin Cənubi Qafqazda demokrafik vəziyyətə təsirini təsvir etməklə yanaşı, konkret rəqəmlər göstərir. O, yazırdı: «Biz müstəmləkəçilik fəaliyyətinə Zaqafqaziyada rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… Sonra 1826-1828-ci illər müharibəsindən keçən iki il ərzində, 1828-ci ildən 1830-cu ilə kimi biz Zaqafqaziyaya İrandan 40.000-dən çox, Türkiyədən isə 84.000 erməni köçürmüş və onları erməni əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında… yerləşdirmişik. Bu məqsədlə onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış, müsəlmanlardan 2.000.000 rubldan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilər tərəfindən məskunlaşdırıldı. Qeyd etmək lazımdır ki, rəsmi 124.000 erməni, qeyri-rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin sayı 200.000 ötüb keçib… Beləliklə, indi (XX əsrin başlanğıcında-E.Q.) Zaqafqaziyada yaşayan 1.300.000 erməninin 1.000.000-dan çoxu diyarın köklü sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdı» (412,63-64). Əslən erməni olan amerika alimi D.Bornotyan da İrəvan ərazisində çox az erməninin yaşadığını etiraf edir. O, qeyd edirdi: «İrəvan xanlığında ermənilər nəinki əhalinin əksəriyyətini təşkil etmirdi, hətta müsəlmanlarla eyni sayda deyildi» (123,125).

İndi isə konkret statistik məlumatları nəzərdən keçirək. İlk növbədə tarixi müqayisə aparmaqla İrəvan xanlığında etnik cəhətdən kimin üstünlük təşkil etməsini müəyyən edək. XVIII əsrin birinci rübünə aid osmanlı mənbələri bu məsələ haqqında təsəvvür yaratmağa imkan verir. 1728-ci ildə Osmanlı dövləti tərəfindən tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan əyalətinin əhalisinin sayı və etnik tərkibi haqqında statistik məlumat vardır. Lakin bu xanlığın əhalisi haqqında gerçək mənzərəni əks etdirmir. Çünki XVIII əsrin əvvəllərindən İrəvan əhalisi böyük itkilərə məruz qalmışdı. Belə ki, I Şah Soltan Hüseyn (1694-1722) Mahmudi kürdlərinin vaxtaşırı hücumlarına son qoymaq və yerli hakimin mövqeyini möhkəmləndirmək məqsədilə 1706-cı ildə İrəvan ətrafında yaşayan bayatlardan 300 yaxın ailəni Makuya köçürmüşdü (24,25). Həmçinin 1724-cü ilin yayında Osmanlı dövləti Azərbaycana müdaxilə edərkən İrəvan şəhəri və onun ətraf kəndləri güclü dağıntıya məruz qalmış və çoxlu insan tələfatı olmuşdu. «Müfəssəl dəftər» əsasında İrəvan əhalisi haqqında bəhs edən H.Məmmədov «… osmanlılar İrəvan əyalətinə hərəkət edərkən seçdikləri əsas hədəf şiələr olduğu üçün qətlə yetirilənlərin çoxunun müsəlman olmasının şübhə doğurmadığını» yazırdı (33,18). İşğaldan sonra isə osmanlı üsul-idarəsi ilə barışmayan əhalinin xeyli hissəsi vətənlərini tərk edərək Səfəvi dövlətinin hakimiyyəti altında olan torpaqlara köçmüşdülər (409,107-109; 68,8-17). Lakin itkilərə baxmayaraq, Azəri türkləri yenə də əhali arasında çoxluq təşkil edirdi.

Lakin erməni əhalisi Osmanlı yürüşündən az əziyyət çəkmişdi. Belə ki, İrəvan şəhəri işğal olunarkən sultan III Əhmədin fərmanına əsasən ermənilərin dini mərkəzi Eçmiədzin kilsəsinə və onun ətraf kəndlərində məskunlaşan erməni əhalisinə toxunulmamışdı (68,7).

XVIII əsrin 20-ci illərində İrəvan əyalətində ərazi-inzibati dəyişikliyi zamanı abad kəndlərin 1.423, boş qalmış kəndlərin 89, məzrələrin (sakinləri olmayan kəndlərin əkin sahəsi-E.Q.) sayının 120 olduğu ortaya çıxmışdı (33,22). «Müfəssəl dəftər»ə görə, İrəvan əyalətinə İrəvan şəhəri və Qırxbulaq, Körpü, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Məzrə, Sürməli, İqdır, Aralıq, Şərur, Sədərək, Zarzamin nayihələri və Şuragöl livası daxil idi (33,9). Bu nayihələrdə və livasda əhalinin 43.784 nəfəri (61,2%) azəri türkləri, 27.799 nəfəri (38,8%) isə xristianlar təşkil edirdi. Xristianlar əsasən erməni və qaraçılardan ibarət idi.

«Müfəssəl dəftər»ə görə, şəhər əhalisi bütün əyalət əhalisinin 4,7 %-ni təşkil edirdi. Onların 428-i Azəri türkü və 224-ü xristian ailəsi və 9 subay xristian idi (33,18-19). Hər ailə 5 nəfərdən hesablansa, İrəvan şəhər əhalisi 3269 nəfər edir. Xristianlar arasında say hesabına görə qaraçılar üstünlük təşkil etmişdi. «Anonim erməni xronikası»nda İrəvan şəhərinin «Təpəbaşı məhəlləsi»ndə 100 xristian qaraçı ailəsinin yaşadığı göstərilmişdir (33,12). Daha sonra «Anonim xronika»da osmanlılar İrəvanın «Dərəköy» (Dərəkənd-E.Q.) məhəlləsinə hücuma keçən zaman digər məhəllələrdə yaşayan qaraçılardan 300 nəfərin köməyə gəldiyini təsvir edir (68,13). Burada İrəvan şəhər sakinlərindən olan xristianların əksəriyyətinin qaraçı, cüzi hissəsinin isə ermənilər olması qənaətinə gəlmək olar. Bunu sübut edən mənbə də mövcuddur. Belə ki, İ.Ori 1701-ci il iyulun 25-də yazdığı məktubunda İrəvan şəhərində yaşayan 300 erməninin yalnız ticarətlə məşğul olduğunu göstərmişdi (69,213).

Lakin İrəvan şəhər əhalisinin sayı barəsində XVII əsr səyyahlarının verdiyi məlumatı «Müfəssəl dəftər»in göstəriciləri ilə müqayisə etdikdə şəhər əhalisinin kəskin azaldığının şahidi oluruq. 1647-ci ildə osmanlı səyyahı Övliya Çələbi İrəvan şəhərində 2.060 evin olduğunu qeydə almışdı (411,155). Hər evi təxmini beş nəfərdən hesablasaq şəhərdə 10.300 nəfər yaşadığını görərik. 1673-cü ildə İrəvan şəhərində olmuş fransız səyyahı J.Şardən İrəvan qalasında 800 evin olmasını və qalada yalnız səfəvilərin yaşadığını yazırdı (52,21). Faktlardan görmək olar ki, İrəvan şəhər əhalisinin tərkibi XVIII əsrin 20-ci illərində üç dəfə azalmışdı. Beləliklə, şəhər əhalisini ümumi hesaba daxil etsək «Müfəssəl dəftər»ə görə, bütün əyalətdə 74.952 nəfər qeydə alınmışdı (33,18-19).

Məşhur sərkərdə və dövlət xadimi Nadir şah Əfşarın (1736-1747) XVIII əsrin 30-cu illərin əvvəllərində tarix səhnəsinə çıxması, onun osmanlılarla apardığı müharibələr, şah seçildikdən sonra ölkədə həyata keçirdiyi inzibati-ərazi dəyişikliyi, ağır vergi siyasəti İrəvan əyalətinin quruluşuna və əhalinin say tərkibinə mənfi təsir göstərmişdi. Məsələn, 1735-ci ilin sentyabrında Nadir İrəvan əyalətini osmanlı hakimiyyətindən geri alarkən, bu əyalətdən 300 ailəni Xorasana köçürmüşdü (395,7; 409,146). Əgər nəzərə alsaq ki, İrəvanda hakimiyyət Səfəvi şahlarının təyin etdiyi, Nadirə müxalif Qacar tayfasına məxsus hakimlərin əlində idi, onda köçürülənlərin Qacar ailəsinə məxsusluğunu qeyd etmək olar. Köçürmə siyasəti yeritməklə Nadir şah əyalətlərdə özünə düşmən qüvvələri zəiflətmək, Xorasanda belə qüvvələri nəzarət altında saxlamaq məqsədi güdürdü. Digər tərəfdən, Nadir şahın ölkədə apardığı inzibati-ərazi islahatı İrəvan əyalətinin ərazisini xeyli azaltmışdı (186,249).

İrəvan xanlığı əhalisinin say durumu haqqında mənbə və tarixi ədəbiyyatda əksini tapmış konkret rəqəmləri nəzərdən keçirək. İngilis tarixçisi J.Peri yazır ki, Kərim xan Zəndin (1759-1779) hakimiyyəti dövründə İrəvan şəhərində əhalinin sayı 20.000-ə çatırdı (123,124). XVIII əsrin 80-ci illərində Rusiya dövlətinin Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Burnaşov İrəvan xanlığında 3.000 xristian ailəsinin yaşadığını qeyd etmişdi (82,19). Təəssüf olsun ki, müəllif Azəri türklərinin sayı haqqında heç nə yazmır. S.Bronevski XIX əsrin əvvəllərində İrəvan xanlığında 18.000 ailənin yaşaması haqqında məlumat verirdi (81, c.2, səh. 60). Əgər hər bir ailə üzvü beş nəfərdən hesablansa, xanlığın əhalisinin təxminən 90 min nəfərdən ibarət olduğunu qeyd etmək olar. P.Butkovun verdiyi məlumat isə daha çox maraq doğurur. O, Azərbaycanda yaşayan erməni əhalisinin sayına toxunarkən təkcə İrəvan xanlığında 3.000 nəfər erməninin yaşadığını göstərmişdi (84, c.2, səh143). 1813-cü ildə İrəvanda olmuş İrandakı ingilis səfirliyinin katibi Moryerin yazdığına görə, xanlığın 100 minlik əhalisinin 18.700 nəfəri 15 yaşından 50 yaşına qədər olan kişilər təşkil etmişdi (415,542). İkinci Rusiya-İran müharibəsinin iştirakçısı M.E.Koçebuya görə, 1826-cı ildə İrəvan xanlığında 15.800 ailə yaşayırdı. Bunlardan 12.000 ailə azəri türkləri, 3.800 ailə isə ermənilər idi (185,26). Baş komandan, İrəvanın işğalını başa çatdırmış Paskeviç mərkəzə göndərdiyi məlumatında İrəvan xanlığında 1827-ci ildə 10.000 azəri türk, 3.000 erməni ailəsinin yaşadığını qeyd etmişdi (161,205). Beləliklə göstərilən bu statistik məlumatlar bir daha sübu edir ki, xanlıq əhalisinin etnik cəhətdən əksəriyyətini azəri türkləri, çox az hissəsini isə ermənilər təşkil etmişdi.

İrəvan xanlığının mahallarından olan və müharibələr nəticəsində ondan alınaraq müstəqil sultanlığa çevrilən Pəmbək və Şuragöl mahallarının əhalisi bu statistik rəqəmlərə daxil edilməmişdi. Pəmbək və Şuragöl mahalları sərhəddə yerləşdiyindən Rusiya-İran müharibələri dövründə hərbi əməliyyatlar meydanına çevrilmişdi. Bu səbəbdən Pəmbək və Şuragöl əhalisinin sayı tez-tez dəyişirdi. Statistik məlumata görə, 1804-cü ildə Pəmbəkdə 2832 kişi cinsindən olan əhali qeydə alınmışdı. Bunlardan 1529-u azəri türkü, 926-ı yerli erməni, 377-i isə gəlmə erməni idi (211,228; 326,422). 1826-cı ildə buranın 22 kəndində 208 azəri türk, 547 erməni həyəti qalmışdı (175,21).

Şuragöl mahalında da vəziyyət eyni cür idi. XVIII əsrin birinci yarısında Nadir şahın hakimiyyəti dövründə aparılmış kameral siyahıyaalınmaya görə, Şuragöl mahalında 109 kənd qeydə alınmışdı. Bu kəndlərin hamısı azəri türkləri olmuşdu (174,43). 1805-ci il məlumatında Budaq sultanın hakimiyyəti altında 524 ailə, yaxud 2773 nəfərin yaşadığı göstərilir (325,274). Müharibələrlə əlaqədar olaraq, 1809-cu ildə burada 250 ev qalmışdı (318,484). Gülüstan sülh müqaviləsi bağlandıqdan sonra əhalinin geri qayıtması nəticəsində Şuragöldə ailələrin sayı yenidən çoxalaraq 1000-ə çatmışdı. 1826-cı ildə Şuragölün 16 kəndində 176 azəri türk, 529 erməni ailəsi yaşamışdı (175,19). 1826-1828-ci illərdə baş vermiş sonuncu müharibə dövründə burada ailələrin sayı kəskin surətdə aşağı düşərək 200-ə qədər azalmışdı (109,142). Gətirilən rəqəmdən görmək olar ki, vaxtilə Azəri türklərindən ibarət olan əyalət Rusiya nəzarətinə keçdikdən sonra ermənilərlə doldurulmuşdu. Artıq 1830-cu ildə Şuragöldə erməni kəndlərinin sayı 10-a çatmışdı. Ədrnə sülh müqaviləsindən sonra buraya Osmanlı ərazisindən ermənilər köçürülmüşdü (193,4).

Sadalanan faktlar İrəvan xanlığı işğal olunduqdan sonra burada həyata keçirilən kameral siyahıyaalınmada əhalinin sayının düzgün hesablanmadığını göstərir. Xanlıqda maldarlıqla məşğul olan və köçəri həyat sürən elatların sayı haqqındakı məlumat da şübhə doğurur. Məhəmmədhəsən Vəlili (Baharlı) yazır ki, «Köçəri əhalinin miqdarı düz deyildir. Çünki siyahı tutulan vaxt bunların çoxu oturaq məhəllələrdən uzaq qışlaqlarda bulunurdular, o səbəbə siyahıya düşməmişlər» (54,17). M.Vəlilinin (Baharlı) hesablamalarına görə işğaldan əvvəl İrəvan xanlığında əhalinin sayı 115.000 nəfər olmuşdu (54,23).

Qeyd etmək lazımdır ki, Türkmənçay müqaviləsindən sonra 1828-ci il martın 21-də çarın verdiyi fərmanla Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək hər iki xanlığın daxil olduğu «Erməni vilayəti» yaradılmışdı. Köçürülən erməni ailələrinin bir hissəsi bu vilayətdə yerləşdirilmişdi.

1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən, İrəvan xanlığında yaşayan əhalinin etnik və say tərkibini nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, İrəvan xanlığında əhali əsasən şəhər və kəndlərdə yaşayırdı. Kameral siyahıyaalınmada İrəvan xanlığında bir şəhər, 15 mahalın olduğu göstərilsə də, siyahıyaalınmanın təhlili şəhər və kəndlərin sayınının hərtərəfli əhatə etmədiyini ortaya çıxarır. Kameral təsvirdə diqqəti cəlb edən əsas məsələlərdən biri vaxtilə yerli əhalinin yaşadığı və tamamilə dağıdılmış kəndlərdir. Bu kəndlərdə heç bir yaşayış qeydə alınmamışdı. Bundan əlavə, yaşayış qeydə alınan kəndlərin xeyli hissəsində də yerli əhali göstərilməmiş, boş qalmış kəndlərə isə Cənubi Azərbaycandan, İrandan və Osmanlı dövlətindən köçürülən ermənilərin yerləşdirilməsi ilə kifayətlənmişdir.

Qeyd etmək yerinə düşərdi ki, tərtib edilmiş siyahıyaalınmada xanlıqda əhalinin böyük əksəriyyətini təşkil edən azəri türkləri «müsəlman» adı altında göstərilmişdi. Müsəlmanlar əsasən azəri türklərindən və kürdlərdən ibarət idi. Qaynaqda müsəlmanlar müxtəlif tayfa və cəmiyyətlər adı şəklində öz əksini tapmışdı. Azəri türkləri qacar, bayat, qazax, qarapapaq, ayrum və başqaları olmaqla 18, kürdlər isə 14 tayfa kimi qeyd olunmuşdu (415,526-536).

İrəvan əhalisinin əksəriyyəti əsasən qacarlar idi. A.Bakıxanov əsərində yazırdı: «İrəvan..əhalsi və əmirlərinin çoxu qacar nəslindən olduğu üçün…dağıstanlılar bu ərazi sakinlərinə indi də qacar deyirlər» (76,173). R.İsmayılov «Azərbaycan tarixi» əsərində bu fikri təsdiqləyərək qeyd edir ki, «Dağıstan ləzgiləri… İrəvan… əhalisini indiyədək «Qacar» deyə adlandırırlar» (34,73). Kürdlərin hamısı, azəri türklərinin bir hissəsi yaylaq-qışlaq həyatı keçirən maldarlıqla məşğul olurdu.

Kameral təsvirdə xanlıq dövründə və işğaldan sonra əhalinin sayı müqayisəli şəkildə göstərilmişdi. Əvvəlcə xanlıq dövründə əhalinin sayını nəzərdən keçirək. Bu dövründə İrəvan şəhərində 2.400, kəndlərdə isə 11.000 ailə yaşamışdı. Lakin burada oturaq əhalidən başqa, köçəri həyat sürən və maldarlıqla məşğul olan 2.984 kürd ailəsi də vardı. Beləliklə, bütün xanlığın əhalisi 16.384 ailə və yaxud 81920 nəfərdən ibarət olmuşdu (415,540-541).

Şəhər əhalisi. Rus qoşunları tərəfindən işğal olunduqdan sonra İrəvan şəhəri tanınmaz şəkildə dağıntıya və güclü insan tələfatına məruz qalmışdı. Hadisələri öz gözləri ilə görən şahidin yazdığına görə, «hücumdan sonra İrəvanın görünüşü çox dəhşətli idi. Dağıdılmış evlər tüstülənirdi. Qalanın cənub-şərq hissəsinə gedərkən dağıdılmış divar və qüllələrdən təəccübləndim. Mənə elə gəlirdi ki, mühasirə toplarının dörd gündə gördüyü işi, heç allahın özü dörd əsrdə görə bilməzdi» (418,85-86). Məhz bunun nəticəsində şəhər əhalisinin sayı xeyli azalmışdı. Əgər işğaldan əvvəl şəhər əhalisinin sayı 2.400 ailə idisə, işğaldan sonra bu rəqəm 2374-ə qədər azalmışdı. Bu ailələrin 802-si İrəvan şəhərinin «Şəhər», 594-ü «Təpəbaşı», 411-i isə «Dəmirbulaq» məhəlləsində yaşayırdılar. Ailələrin 3749-u kişi, 3582-si qadınlardan ibarət idi. Ümümilikdə, azəri türklərinin sayı 7331 nəfər təşkil edirdi. Erməni əhalisinə gəldikdə isə 521 yerli erməni ailəsi və yaxud 2174 nəfər qeydə alınmışdı. Erməni ailələrinin tərkibi 1119-u kişidən, 1055-i isə qadından ibarət idi. İrəvan şəhərində sayı 195 nəfərdən ibarət olan 46 qaraçı ailəsi yalnız «Təpəbaşı» məhəlləsində yaşayırdı. Beləliklə, siyahıyaalınmada İrəvan şəhərində 2751 ailə və yaxud 11463 nəfərin olması qənaətinə gəlinmişdir. Bunlardan 5897-i kişilər, 5566-ı isə qadın idi (415,543-546). 1829-1832-ci illər kameral siyahıyaalınmaya görə, İrəvan şəhərində yaşayan yerli əhalinin say və etnik tərkibini 5.1 cədvəldə əyani şəkildə göstərilmişdir:

cədvəl 5.1.


İravan şəhəri


Azəri türkləri
Ermənilər
Qaraçı

Ailələrin sayı

Cinslərin sayı

Ailələrin sayı

cinslərin sayı

Ailələrin sayı

Cinslərin sayı

Kişi

Qadın

Yekun

Kişi

Qadın

Yekun

kişi

qadın

Yekun

Şəhər məhəlləsi

802

1627

1527

3199

244

530

486

998












Tənəbaşı mahalları

594

1333

1204

2537

277

589

587

1176

46

101

94

195

Dəmirbulaq məhəlləsi

411

786

806

1595

-

-

-

-













Yekun:

1807

3749

3582

7331

521

1119

1073

2174










195

Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin