Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Xəstənin gülümsəməyini doktor, yəqin ki, başladığı söhbətin artistdə oyatdığı müsbət emosiyanın nəticəsi kimi qəbul eləyirdi



Yüklə 192,11 Kb.
səhifə64/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   60   61   62   63   64   65   66   67   ...   71
Xəstənin gülümsəməyini doktor, yəqin ki, başladığı söhbətin artistdə oyatdığı müsbət emosiyanın nəticəsi kimi qəbul eləyirdi.

Bu söhbətlə artisti ürəkdən sevindirdiyini düşünürdü. Və bundan daha da ruhlanıb, kürəkənini 340 il bundan əvvəlin əhvalatları ilə get-gedə daha coşqun həvəslə məlumatlandırmağa çalışırdı: “1674-cü il, 24 iyun, Əylis. Bu gün çərşənbə günü Ədilbeycan vəziri” – tacir Azərbaycan sözünü hər yerdə belə yazır - Mirzə İbrahimin göndərdiyi Bəzzat bəy adlı darğa başının 10 nəfər atlısı ilə Əylisə gəldi. Bu adamların Əylisdə qalmağının hər günü bizə 3000 diana başa gəldi. Əylisdə 2 ay qalıb, 80 tümən və xeyli əşya toplayıb getdilər”.

“1679-cu il, 15 oktyabr, Əylis. Urduvarlı” – Ordubadın o vaxtkı adıdır – “Mirzə Yusifin oğlu Mirzə Əbülhüseyn İsfahanda məhkəmə işində işləyirdi. Orda Şeyxülislam rütbəsi alıb, gəlib Urduvarın qazisi oldu. Bu adam insana zülm etməkdən həzz alır. Hamını qorxudub rüşvət alır. Özü də hər gün araq içir”.

“Bu gün Xosrov ağa Əylisə varid olub, özünün Qoxtanın ağası təyin olunduğunu xalqa bəyan elədi. Meqridən, Şoruttdan, Leqramdan” – indiki Nehrəmdi– “xeyli adam gətirmişdi. Əylisin məliki Hovanesin başına min cür oyun açdılar. Yazığı eşşəyə mindirib, zurna çala-çala hər yerdə dolandırdılar. Sonra 100 tümən pul alıb yaxasından əl çəkdilər”.

Sonra doktor Abasəliyev portfelindəki vərəqləri bir müddət ora-bura çevirə-çevirə:

-Sən işə bax, - dedi, - növcavan, 1969-cu ilin iyul ayının 22-də Əylisə qar yağıb, təsəvvür eləyirsən?1677-ci ildə Əylisə, iyun ayının 3-dən ta avqustun axırınacan, bir damcı da yağış düşməyib. 1680-ci ilin may ayında Əylisə elə bir sel gəlib ki, çaya yaxın evlərin hamısı suyun altında qalıb. Sonra elə bir quraqlıq olub ki, Naxçıvandan Təbrizəcən heç yerdə içməyə də su tapılmayıb. 1667-ci ildə Əylisdə 200-dən çox uşaq çiçək xəstəliyindən tələf olub. 1679-cu ilin iyun ayında Yerevanda elə bir dəhşətli zəlzələ baş verib ki, hətta Əylisdə də bəzi evlərin, kilsələrin divarları çatlayıb. Zakari Aqulisinin gündəliyində Əylisdəki kilsələrin hamısı adbaad yazılıb. Vang kilsəsi müqəddəs Foma kilsəsidir. Bunu bilirsən. Vurağırt Vardakert sözünün təhrif olunmuşudur. Vurağırtdakı o vaxt bizim gəzdiyimiz kilsə müqəddəs Stepanos kilsəsidir. Bizim Daş Kilsə dediyimiz müqəddəs Hovanes kilsəsi, deyəsən, Zakari Aqulisinin elə öz sağlığında tikilib. Ya da o dövrdə təmir edilib, təzədən istifadəyə verilib.. 1665-ci il noyabrın 5-də Gündəlikdə belə göstərilib. – Doktor Abasəliyev yenə bir müddət portfelindəki kağız-kuğuzla əlləşdi. – “1668.4 yanvar. Bu gün Əylisdə zəlzələ oldu”.



1668. 26 fevral. Bu gün Əylisdə göyün qərb tərəfində kometa göründü. O bizə günahlarımıza görə başımıza gələcək fəlakətlərdən xəbər verirdi”. “1668. 22 sentyabr. Bu gün Xormastundan” – Xormastun, yaxud Xorom rumların yaşadığı ölkə adıdır, XVI-XVII əsrlərin erməni və gürcü tarixçiləri indiki Türkiyə ərazisini belə adlandırıb- Əylisə gələn bir şəxs xəbər gətirdi ki, müqəddəs Məryəmin hüzur günü Toqatda, Nisrada, Bolidə, Bursada və Mirzəvanda elə bir dəhşətli zəlzələ baş verdi ki, yer çatlayıb cadar-cadar oldu”. “1668. 21 dekabr. Əylisin müqəddəs Foma monastrının baş keşişi arximandrit Petros monastırın dörd bir yanına uca hasar çəkdirir. Qüllə və günbəzlərin tikintisində gəcdən, çay daşından və bişmiş kərpicdən istfadə olunur. Kürdüstandan” – Türkiyədəki Van, Bitlis, Diyarbəkir vilayətlərinin ərazisinə o vaxt Kürdüstan deyilirmiş - “ustalar gəlib. İçəridəki divarlara daş üzlük vurulur. Monastıra su çəkilir. Allah cəmi işləyənlərin qoluna qüvvət versin”.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin