Xəbər bülleteni №30



Yüklə 4,17 Mb.
səhifə1/7
tarix28.01.2017
ölçüsü4,17 Mb.
#6690
  1   2   3   4   5   6   7
Xəbər bülleteni № 30

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Aprel 2016
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı

21.04.2016



prezident-ferman
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması haqqında prezident fərmanı imzalanıb (Mərkəz). Publik hüquqi şəxs olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini ölkə prezidenti həyata keçirir.

Mərkəzin icra orqanının funksiyaları Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktorun səlahiyyətində olur.

Transparency.az xəbər verir ki, aprelin 20-də təsdiqlənən nizamnaməsinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin missiyası ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir.

Qurumun Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 5 ildir. Şuranın sədri və üzvləri ödənişsiz qaydada ictimai əsaslarla fəaliyyət göstərirlər.

Mərkəzin nizamnamə fondu 1 milyon manatdır.

Lisenziyalar və icazələr qanununun tətbiqinə fərman verildi, siyahılar təsdiqləndi

21.04.2016

prezident sarayi 2
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunu imzalayıb və onun qüvvəyə minməsi ilə əlaqədar fərman verib (Lisenziyalar və icazələr qanunu). Transparency.az xəbər verir ki, dövlət başçısı həmçinin lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısını, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısını, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısını təsdiqləyib.

Aprelin 20-də imzalanan fərmanla dövlət başçısı Nazirlər Kabinetinə beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdikləri, Azərbaycan Respublikasında tanınan icazələrin siyahısını, onların Azərbaycan Respublikasında tanınması qaydasını bir ay müddətində təsdiq etməyi tapşırıb.

İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr” portalının əsasnaməsinin layihəsini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə bir ay müddətində hazırlamalıdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tərkibi dəyişdi

21.04.2016

qht-shurasi 1Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib. Prezident İlham Əliyevin aprelin 20-də imzaladığı sərəncamla dövlət orqanlarından Quliyev Vüsal İlham oğlu (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri), Məmmədov İlqar Kamil oğlu (Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi) Hacıyev Zakir Yusif oğlu  (Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini) QHT Şurasına üzv olublar.

Qeyri-hökumət təşkilatlarından isə üzvlər bu şəxslərdir: Məmmədov Sahib Məlik oğlu (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri), Eyvazova Nərgiz Xələf qızı (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri), Həsənli Emin Əliyar oğlu (Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri), Qonaqov Rufiz Rəhim oğlu (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri), Quliyev Azay Əjdər oğlu (Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri), İsmayılov Şahin Əmir oğlu (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri), Xəlilov Anar Əhməd oğlu (Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri), Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti).

Transparency.az bildirir ki, QHT Şurasının əvvəlki tərkibindən Tahir Süleymanov, Vüqar Məcidli, İlqar Məmmədov, Gülnarə Hüseynova, Vüqar Qədirov, Rəna Mirzəzadə, Dilarə Vəliyeva kənarda qalıblar.

2008-ci ildə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurasına həmin vaxtdan Azay Quliyev sədrlik edir. Azay Quliyev 1971-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini, həmin təhsil ocağının doktoranturasını bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2005-ci ildən Milli Məclisin üzvüdür.

“Elitar” Gənclər Klubunun, Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli QHT Forumunun prezidenti olub.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi quruldu

21.04.2016

tnAprelin 20-də prezident İlham Əliyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasına fərman verib. Agentliyin yaradılması ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə əsaslandırılıb.

Nazirlər Kabineti Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddini bir ay müddətində müəyyən etməlidir.

Transparency.az bildirir ki, əsasnaməsinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır. Agentliyə rəhbərlik təhsil nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktorun səlahiyyətindədir.

Dolların kursu dəyişməyib

21.04.2016

pul 01Mərkəzi Bank aprelin 21-də ABŞ dollarının kursunu dəyişməz saxlayıb. 1 dollar ötən gün olduğu kimi 1,5128 manata satılır.

Transparency.az xəbər verir ki, avronun rəsmi məzənnəsi enib. Ötən gün 1,7188 manat qiymət qoyulmuş 1 avro aprelin 21-də 1,7087 manata təklif olunur.

Rusiya rublunun rəsmi kursu isə ötən günlə müqayisədə qalxıb. 1 rubl 0,0232 manatadır. Ötən gün kurs 0,0228 manat idi (Məzənnələr).

Dənizkənarı Bulvar İdarəsinin aparatı 45 nəfərdən ibarət olacaq

21.04.2016

bulvar
Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsini və strukturunu təsdiq edib. İdarənin aparatının işçilərinin say həddi 45 ştat vahidi müəyyən olunub.

Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar dövlət büdcəsinin vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə və digər mənbələr əsasında fəaliyyət göstərir.

Transparency.az xəbər verir ki, əsasnaməsinə görə, idarənin fəaliyyətinə prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. İdarə rəisinin prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini var.

Bu il yanvarın 15-də prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb. Fərmanla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilib, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Dövlət başçısının sərəncamları ilə Əfqan Sərdar oğlu Şahmarov Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib, həmin posta İlqar Əziz oğlu Mustafayev təyin olunub.

Ekoloji cəzalar statistikası açıqlanıb

21.04.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 1-dən 15-nə qədər apardığı yoxlamalarla  bağlı hesabat yayıb. Nazirliyin rəsmi məlumatına əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 146 akt və protokol tərtib olunub. Həmin nöqsanların aradan qaldırılması üçün icrası məcburi 37 müddətli göstəriş verilib.

Ümumilikdə 37 iş üzrə 43 min 450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 339 min 403,8 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 252 iş üzrə 56 min 97,51 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına və məhkəmələrə 19, icra qurumlarına isə 16 iş göndərilib.

Mərkəzi Bankın hərracında 2,9 milyon dollar satıldı

21.04.2016

amb 1Aprelin 21-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb, 8 banka 2,9 milyon dollar satıb.

Transparency.az-ın məlumatına görə, Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 479,5 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

Daşıma və istehsalda nə qədər bahalaşma var?

21.04.2016

kargoDövlət Statistika Komitəsi iki istiqamət üzrə qiymətlərin necə dəyişdiyini açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma milli valyutada 45,1 faiz bahalaşıb.

Mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,8 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 3,1 və 3 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava nəqliyyatında 4,9 faiz, dəmir yolu nəqliyyatında 2,5 faiz, dəniz nəqliyyatında 2,1 faiz, avtomobil nəqliyyatında 0,9 faiz artıb, ölkədaxili yükdaşıma qiymətlərində isə dəyişiklik baş verməyib.

Başqa bir hesabata əsasən, yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8 faiz, o cümlədən mədən sənayesi üzrə 9,4 faiz, emal sənayesi üzrə 8,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik olmayıb.

BMT baş katibi gələsi olmadı

21.04.2016

pan gi mun 2
BMT baş katibi Pan Gi Munun Cənubi Qafqaza səfəri təxirə salınıb. Novator.az-ın məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Dyujarrik aprelin 21-də belə açıqlama verib.

Pan Gi Munun Cənubi Qafqaz səfəri aprelin 25-də Ermənistandan başlamalı idi. BMT baş katibi sonra Gürcüstana və Azərbaycana baş çəkəcəkdi.

Stefan Dyujarrik bildirib ki, baş katib Cənubi Qafqaza səfər etməyi çox arzulayırdı, amma qəfil ortaya çıxan səbəbdən o həmin vaxt başqa yerdə olmalıdır: “Pan Gi Munun Cənubi Qafqaz səfərinin vaxtı yenidən müzakirə ediləcək”.

Pan Gi Mun indiyədək Ermənistan və Azərbaycana səfər etməyib.

Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII qlobal Bakı forumu keçiriləcək. Forumun təşkilatçıları sırasına BMT də daxildir.

AZƏRTAC-ın arayışına görə, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək forumda yüksək səviyyəli rəsmilərin toplantısı, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub.

BMT-nin baş katibi Pan Gi Mun da foruma gəlməli idi. Foruma Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan da dəvətlidir.

Birinci rübdə 2045 müəssisə və təşkilat yaradılıb

21.04.2016

dsk 12016-cı ilin yanvar-mart aylarında ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb. Yeni müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

İlin birinci rübündə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 min 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Hesabatı Dövlət Statistika Komitəsi yayıb.

Lukaşenkodan bəyanat: “MDB-nin ləğvi ilə bağlı təkliflər var”

21.04.2016

lukashenko1
“Müstəqil Dövlətlər Birliyini saxlamaq zəruridir, amma onu müasir reallığa uyğunlaşdırmaq lazımdır”. Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 21-də xalqa və parlamentə müraciətində belə deyib.

Novator.az-ın məlumatına görə, Lukaşenko MDB-də baş verən proseslərin mənfiyə doğru getdiyini vurğulayıb: “Üzvlərin sayı azalır, bəzi ölkələr arasında münasibətlər pisləşir. Azərbaycanla Ermənistan arasında münaqişə bunun təsdiqidir. Hətta MDB-nin ləğvi ilə bağlı təkliflər səsləndirilir”.

Belarus prezidenti bildirib ki, Minsk birliyin təkmilləşdirilməsini zəruri hesab edir, amma MDB-nin beynəlxalq qurum kimi saxlanmasının tərəfdarıdır: “Bizim anlamımızda MDB-nin təkmilləşdirilməsi onu dövlətlər üçün daha güclü, cəzbedici etmək və müasir reallığa uyğunlaşdırmaq deməkdir”.

Lukaşenko Avrasiya İqtisadi İttifaqında da kifayət qədər problemin olduğunu deyib: “Avrasiya İttifaqında bütün maneələri aradan qaldırmaq üçün çox iş görməliyik. Qarşıda enerji daşıyıcılarının ümumi bazarının formalaşdırılması məsələsi dayanır”.

1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılmış MDB-yə Azərbaycan, Moldova, Belarus, Ukrayna, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan üzvdür. Gürcüstan bu birlikdən 2008-ci ildə ayrılıb. Qurumun icra orqanı Minskdə yerləşir.

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Hərb və say

21.04.2016



ordu 1Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti əməliyyatlar zamanı Azərbaycanın 31 hərbçi itirdiyini açıqlayıb. Cəbhə xəttində aprelin 2-də 12, aprelin 3-də 3, aprelin 4-ü və 5-də 16 hərbi qulluqçunun şəhid olduğu bəyan edilib. Ondan sonra Müdafiə Nazirliyi şəhid olanların sayı barədə yeni məlumat vermir, adları açıqlamır.

Bəzi mənbələr, məsələn, Xəzər Hərbi Tədqiqatlar İnstitutu əməliyyatlar zamanı Azərbaycanın 95 hərbi qulluqçusunun (50 əsgər, 12 müddətdən artıq hərbi xidmət qulluqçusu, 11 gizir, 22 zabit) şəhid olduğunu iddia edir.

Aprelin 19-da prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 2-dən 5-dək qoşunların təmas xəttində göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var”. Ancaq say və adlar açıqlanmayıb.

Ehtiyatda olan general-leytenant, Azərbaycanda korpus komandiri və nazirin məsləhətçilər şurasının üzvü olmuş Yaşar Aydəmirov Transparency.az-a deyib ki, Müdafiə Nazirliyindən açıqlanması umulan informasiyalar hərbi sirdir: “Döyüş bölgəsində müxtəlif silahlardan, artilleriya sistemindən istifadə edilib, əlbəttə ki, şəhidimiz, yaralımız olacaq. Hər bir şəhidimizin xatirəsi əzizdir. Azərbaycan şəhidi bir daha sübut etdi ki, xalq torpaq naminə hər zaman ölümə belə gedəcək. İtkilərimizin sayı isə böyük rəqəm deyil, qoşunumuzun çox xırda bölmələri ilə düşmənə həmlə edilib.

Prezidentin təltiflərinə gəlincə, hərbi sahədə açıq və gizli fərmanlar olur. Adlar açıqlanarsa, dislokasiya yerlərində bəzi komandirlərin kimliyi üzə çıxa bilər. Qarşı tərəf bu məlumatlarla tanklarını kimin, necə vurduğunu, həmin şəxslərin hansı istiqamətlərdə yerləşdiyini təyin edə, beləcə bir çox informasiyanın üstü açıla bilər”.

Politoloq Ərəstun Oruclunun fikrincə, informasiya çatışmazlığı cəmiyyətdə dövlət və hakimiyyət orqanlarına etimadı zəiflədir: “Döyüş getdiyi müddətdə itkilərin sayının açıqlanmaması tez-tez istifadə olunan taktikadır və əsasən iki məqsədlə edilir: cəmiyyətdə ruh düşkünlüyü yaratmamaq, düşmən tərəfə itkilərlə bağlı təbliğat imkanları verməmək. Lakin bu halda şayiələr yayılıb üstünlük qazanmağa başlayır. Belə hallarda dövlət strukturları, onların ictimaiyyətlə əlaqələr departamentləri və mətbuat xidmətləri cəmiyyətlə, media ilə müntəzəm əlaqədə olmalı, çevik informasiya siyasəti yürütməlidir. Azərbaycanda isə bunun tam əksini görürük və adı çəkilən strukturların fəaliyyətində peşəkarlığın zəruri səviyyədə olmaması cəmiyyətdə digər mənbələrə, hətta kifayət qədər şübhəli mənbələrə, onların yaydığı yanlış məlumat və şayiələrə meydan açır.

İnformasiya siyasətini bir və ya bir neçə qurum və nazirliklə yaxşılaşdırmaq mümkün deyil. Dövlətin və hakimiyyətin media, söz və ifadə azadlığına münasibəti əsaslı şəkildə dəyişməli, bu istiqamətdə bütün maneələr aradan qaldırılmalıdır. Əks halda müharibə şəraitində olan dövlət informasiya mübarizəsində həm daxili, həm də xarici müstəvidə geriləyə bilər”.

Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, cəbhədəki son döyüşlər və nəticələr hələ uzun müddət müzakirə mövzusu olacaq: “Çünki 1994-cü ilin atəşkəs sazişindən bəri belə ciddi toqquşma və hər iki tərəfdən canlı qüvvə və ağır texnika itkisi yaşanmamışdı. Müharibənin əsrlərlə təsdiq olunmuş bir qaydası var ki, adətən real itkilər haqqında məlumatlar çox gec açıqlanır. Buna normal yanaşmaq lazımdır. Müdafiə Nazirliyi əməliyyatlarla bağlı bütün məlumatları açıqlasa, zərərli nəticələr verə bilər. Niyəsini isə peşəkar hərbçilər yaxşı anlayır. Hər şey zamanı gələndə açıqlanacaq. Müharibə şəraitində olan ölkədə belə məsələlərə diqqətlə yanaşılmalıdır”.

Transparency.az-a danışan “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru, hərbi ekspert Cəsur Sümərinli deyib ki, Müdafiə Nazirliyinin cəbhə xəttində baş verən son əməliyyatlarla bağlı informasiya məxfiliyinin səbəbi aydın deyil: “Xüsusilə də şəhidlərin adlarının və onların ümumi sayının açıqlanmaması Müdafiə Nazirliyi üçün tamamilə yolverilməz hadisədir. Hesab edirəm ki, itki statistikasının gizlədilməsinin əsas səbəbi odur ki, Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı bu qədər itki olacağını gözləməyib, döyüşün aparılması ilə bağlı hesablamalarda maksimum 20-30 şəhid verilməsi gözlənib. Amma real itkilər az qala 3 dəfə artıq olduğu üçün qurum bu rəqəmi gizlətmək məcburiyyətində qalıb”.

Prezidentin hərbi qulluqçuları son təltifinə gəlincə, ekspert konkret adların ictimaiyyətə açıqlanmamasını da yanlış addım hesab edir: “Azərbaycanın müstəqillik tarixində heç zaman belə qəribə hal olmayıb. Xalq qəhrəmanlarını, igid oğullarını niyə sosial şəbəkələrlə tanımalı, Milli Qəhrəman və digər yüksək adlar verilən şəhidlərin kimliyi niyə gizli saxlanmalıdır?

Müdafiə Nazirliyinin saytında xüsusi bir bölüm, məsələn, “Şəhidlər – adlı statistika” yaradılmalı, orada istər birinci Azərbaycan-Ermənistan müharibəsi zamanı, istərsə də atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana şəhid olan minlərlə Azərbaycan hərbçisinin adları, barələrində qısa informasiya əksini tapmalıdır. Bu mütləq olmalıdır”.

Əkrəm Əylislinin maddəsi dəyişdi, iş prokurorluğa getdi

21.04.2016



ekrem eylisli 1
Yazıçı Əkrəm Əylisli hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. İstintaq daha öncə xuliqanlıqda şübhəli bilinən (Cinayət işi ) yazıçını bu dəfə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham edir. Həmin maddəyə görə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu il martın 30-u səhər Əkrəm Əylisli Venesiyada keçirilən beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün təyyarə ilə Azərbaycandan çıxmaq istəyib. Ancaq paytaxt Bakının hava limanında sərhədçilər onu, həmçinin böyük oğlu İlyası saxlayıblar. Əkrəm Əylisli Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsinə aparılıb. 15 saat saxlandıqdan sonra o, sərbəst buraxılıb.

Əkrəm Əylisli mediaya bildirib ki, sərhədçilər onu pasport nəzarətinə buraxmayıblar, çıxışına qadağa qoyulduğunu deyiblər, sonra gömrükçülər əl yükünü yoxlayıb onu polisə təhvil veriblər.

Rəsmi versiyaya görə isə Əkrəm Əylisli hava limanında ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovu vurub.

Aprelin 21-də “Azadlıq” radiosuna danışan vəkil Elçin Sadıqov deyib ki, bu gün yazıçı ilə birgə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub. Şöbədə onalra cinayət işinin hakimiyyət nümayəndəsinə qarşı zorakılıq əməli üzrə davam etdiriləcəyi haqda məlumat verilib. Hava Nəqliyyatında Polis İdarəsi işi Bakı Şəhər Prokurorluğuna göndərib.

3 il öncə Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi tənqidlərlə üzləşib, prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib. Bu yaxınlarda prezident İlham Əliyevə açıq məktubla müraciət edən Əkrəm Əylisli ona davamlı təzyiqlər edildiyini vurğulayıb, kömək istəyib.

Xarici İşlər Nazirliyi Ermənistanın son hücumlarının nəticələri ilə bağlı bəyanat yayıb

21.04.2016



xinAprelin 21-də Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin ayın 2-dən başlayan hücumlarının aprelin 18-dək olan nəticələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, aprelin 2-də Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan görüb. Bundan başqa 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub.


Yüklə 4,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin