Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq


 XX əsr Azərbaycan  ədəbiyyatında  şair, nasir, dramaturq, ədəbiyyatşünas,  tərcüməçi kimi tanınan Abdulla Şaiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
am pftmt

5. XX əsr Azərbaycan  ədəbiyyatında  şair, nasir, dramaturq, ədəbiyyatşünas, 
tərcüməçi kimi tanınan Abdulla Şaiq (1881-1959) həm də bacarıqlı uşaq yazıçısıdır. 
Özünün dediyi kimi, o, həm pedaqoji fəaliyyəti ilə, həm də  ədəbi  əsərləri ilə  gənc 
nəsli yeni ruhda tərbiyələndirmək məqsədini qarşıya qoymuşdur. 
Ədəbiyyat təsirli tərbiyə vasitəsidir.  Xüsusən uşaq ədəbiyyatı tərbiyə işində 
qüvvətli rol oynayır. Biliyi və  həyat təcrübəsi məhdud olan balaca oxucu “dilsiz 
müəllim” olan kitabdan olduqca çox şeylər öyrənir. Həm də bunu quru 
mühakimələrlə yox, canlı surətdə öyrənir. Bu, konkret obrazlı təfəkkürə malik balaca  
oxucu üçün çox vacib məsələdir. Digər tərəfdən,  ədəbiyyat təkcə  ağıla yox, habelə 
hissiyyata yönəlir, uşağa xəyal vasitəsilə təsir göstərir. Ağıl və hissiyyat birləşdikdə 
isə hər hansı ideya oxucuya daha tez çatır və daha möhkəm yadda qalır. 


 
86
Böyük rus tənqidçisi V.Q.Belinski uşaq kitablarının tərbiyəvi rolundan 
danışaraq demişdir: “Uşaq kitabları  həyat həqiqətlərini öz balaca oxucularına 
çeynənmiş  nəsihət və soyuq əxlaqi təlimat  şəklində deyil, quru hekayələr halında 
deyil, həyat və hərəkətlə dolu, canlı, hissi hərarətə malik hekayə və lövhələr halında, 
zərif, azad, oynaq, sadə  və  rəngli bir dil ilə çatdırmalıdır. Bu zaman uşaq kitabları 
tərbiyə üçün ən möhkəm bir əsas və  ən təsirli bir vasitə ola bilər” (Seçilmiş 
məqalələr, Bakı, 1948, səh.132).  
Uşaq əsərlərinin böyük tərbiyəvi rolunu yaxşı başa düşən A.Şaiq, başqa şair 
və yazıçılarla (M.Ə.Sabir, A.Səhhət və b.) birlikdə, Azərbaycan uşaq  ədəbiyyatını 
yeni-yeni əsərlərlə zənginləşdirmişdir. A.Şaiqi uşaq ədəbiyyatına gətirən, hər şeydən 
əvvəl, onun yüksək vətənpərvərlik hissləri olmuşdur. Ədib özü bu münasibətlə belə 
yazırdı ki, şair – həm müəllim, həm də mürəbbidir. Xalqını  və onun gələcəyi olan 
balaları sevən hər  şair, hər yazıçı böyüklər üçün əsər yazdığı kimi, əziz balaları da 
unutmamalıdır. Onların da payını ayırıb verməlidir.  
Uşaqlar üçün əsər yazmaq asan deyildir. Bundan ötrü uşaqların daxili aləmini, 
maraq dairəsini yaxşı bilmək, həyata bir növ “uşağın gözü ilə baxmaq”, onu 
düşündürməyi bacarmaq tələb olunur. Təsadüfi deyildir ki, V.Q.Belinski uşaq 
yazıçısı üçün yalnız istedad deyil, həm də xüsusi bir düha lazım olduğunu 
göstərmişdir. 
Uşaqlar üçün əsər yazmaq – məsuliyyətli, həm də  şərəfli işdir. Uşaqlar 
olduqca həssasdırlar. Uşaqlıq təəssüratı qüvvətli olub, bütün ömür boyu mühafizə 
olunur. V.Q.Belinskinin dediyi kimi, uşaqların mum kimi yumşaq və qavrayıcı, təmiz 
və  təravətli beyinlərini yalnız faydalı  və yararlı  təsirlərlə  zənginləşdirmək böyük 
səadətdir.  
A.Şaiq də belə yazıçılardan olmuşdur. Onun şerləri milyonlarla gənc qəlbi 
yüksək mənəvi hisslərlə, saf duyğularla zənginləşdirmişdir.  Ədibin tələbəsi  şairə 
M.Dilbazi bu münasibətlə yazır: “Şaiq  şeri insanın ruhunu gəncləşdirir, saflaşdırır, 
onu gəncliyə, uşaqlığın nağıllı-laylalı dünyasına qaytarır. Bu sənət insana yüksək 
məqsədlərlə doğulduğunu öyrədir” (“Azərbaycan gəncləri” qəzeti, 05.05.1971). 
A.Şaiqin uşaq  əsərləri üçün səciyyəvi cəhət onların dilinin sadəliyi və 
aydınlığıdır. Onun fikrincə sayılan dildə sadəlik, yığcamlıq, anlaşıqlıq hər cür əsər 


 
87
üçün, xüsusən uşaq  əsərləri üçün zəruri  şərtdir. Uşaqla hər dildə danışmaq olmaz, 
onunla, necə deyərlər, onun öz dilində danışmaq lazımdır. Əks halda əsərin ideyası 
balaca oxucuya çatmaz. A.Şaiqin bu cəhəti nəzərə alıb, uşaq  şerlərini sadə dildə, 
oynaq vəzndə yazmağa çalışmışdır: 
Ay pipiyi qan xoruz, 
Gözləri mərcan xoruz! 
                                             
(Xoruz) 
                                          Və ya: 
Ala-bula boz keçi, 
Ay qoşa buynuz keçi! 
                                                    (Keçi) 
A.Şaiq uşaqlarla onların öz dilində, həm də onlara yaxın olan şerlərdən 
danışmağı bacarır. Onun əksər uşaq şerləri yığcamlığı, aydınlığı ilə uşaq qəlbinə tez 
yol tapır. Təsadüfi deyildir ki, Şaiqin bir çox şerləri uşaqların dilinin əzbəridir. 
A.Şaiqin  ədəbi irsi məktəbəqədər yaşlı  uşaqların tərbiyəsi üçün zəngin 
material verir. Onun bir çox şerlərindən uşaqların təbiətlə tanışlığı  və nitq inkişafı 
üçün müvəffəqiyyətlə istifadə etmək olar. Məlum olduğu kimi, təbiət – həyata təzəcə 
göz açan, ona yenicə  bələdləşən körpə  uşaqlar üçün sirli bir aləmdir. “Bu nədir?” 
refleksinin təsiri ilə  uşaq bu aləmi öyrənməyə can atır. Quşlar, heyvanlar, bitkilər 
aləmi, təbiətin  əsrarəngiz gözəlliyi uşağı özünə  cəlb edir. Təbiət uşaq üçün təkcə 
estetik zövq mənbəyi deyil, həm də idrak mənbəyidir. Təbiətlə tanışlıq uşaqların 
həyati təsəvvürlərini genişləndirir, onlarda düzgün dünyagörüşün formalaşmasına 
kömək göstərir. 
Uşaqların təbiətlə tanışlığında bədii  ədəbiyyatın  əvəzedilməz rolunu duyan 
A.Şaiq təbiəti tərənnüm etmiş, onlara fəsillər, heyvanlar, quşlar, bitkilər, sadə şəkildə 
təbiət hadisələri haqqında məlumat verməyə çalışmışdır. Onun bir çox şerləri 
(“Bahar”, “Payız”, “Payız gecəsi”, “Qışın nəğməsi” və b.) balacaları ilin fəsilləri ilə 
tanış edir. Bu şerləri uşaq bağçasının böyük və məktəbə hazırlıq qruplarında oxumaq 
və qismən əzbərlətmək məsləhətdir.  
A.Şaiqin bitki və heyvanlara dair lirik şerləri uşaqları  mədəni və  vəhşi 
bitkilərə, vəhşi və ev heyvanlarının həyat tərzi ilə tanış edir. A.Şaiq, müəllim-yazıçı 
kimi, uşaqları bitkilərə, heyvan və quşlara qayğı ilə yanaşmağa çağırır. Şairin 1928-ci 


 
88
ildə yazdığı “Qərənfil”, “Bənövşə”, “Qızılgül”, “Zanbaq” kimi şerləri uşaqları gül və 
çiçəklərlə tanış etmək cəhətdən maraqlıdır. “Qərənfil”  şerində  uşaqlar qərənfilin 
çəhrayı, ağ, qırmızı, sarı rəngdə, həm də yaşıl saplaqlı olduğunu öyrənirlər: 
Qərənfiləm mən, 
Gözəl güləm mən, 
Yaşıl saplaqlı 
Bir sünbüləm mən... 
“Bənövşə”  şerində  uşaqlar az ömürlü, gözəl  ətirli, boynu bükük bənövşə ilə 
tanış olurlar. “Qızılgül”  şerində yaşıl belli, qızıl telli, ətri hər yanı tutan, süfrələrin 
bəzəyi olan qızılgül uşaqların gözü qarşısında canlanır. “Zanbaq” şerində şair balaca 
oxucuları ağ ipəyə oxşayan, gümüş kimi parıldayan, ətrafa ətir saçan zanbaqla tanış 
edir.  Şair kiçik lirik lövhələrlə, bir tərəfdən uşaqları gül və çiçəklərin konkret 
əlamətləri ilə tanış edir. 
Göstərilən şerlər məktəbəqədər yaşlı uşaqların anlaq səviyyəsinə müvafiqdir. 
Uşaq bağçasının tərbiyə proqramında “Qərənfil” və “Zanbaq” şerlərinin ikinci kiçik 
qrupda, “Bənövşə”, “Qızılgül” şerinin böyük qrupda əzbərlənməsi tövsiyə olunur. 
Nəzərdən keçirilən  şerlərdə A.Şaiq gül və çiçəkləri “öz dillərində 
danışdırmaq” kimi maraqlı ədəbi priyomdan istifadə etmişdir. Bu cəhət onun bir çox 
başqa uşaq  şerləri üçün də  səciyyəvidir.  Şairin heyvanlara və quşlara həsr etdiyi 
şerlərin bir qismi də (“Kəpənək”, “Torağay”, “Arı”, “İt” və b.) həmin priyomla 
yazılmışdır. Bu şerlərdən balacalar arının çiçəklərdən şirə çəkməsini, pətək tökməsini 
və bal hazırlamasını (“Arı”), torağayın kol-kosda, dayaz çaylarda yaşadığını, 
çəyirtkə, qurd-quş yediyini (“Torağay”), atın yallı olduğunu, gözdən ceyrana, 
qulaqdan isə dovşana oxşadığını (“At”), itin hürərək ev-eşiyi qoruduğunu (“İt”), 
quzunun mələdiyini, ana qoyundan süd əmməsini (“Quzu”) öyrənirlər. 
Göstərilən  şerlərdən yalnız “Kəpənək” uşaq bağçası proqramında böyük 
qrupda əzbərlənmək üçün tövsiyə olunur, lakin adı çəkilən digər şerlərdən də böyük 
və  məktəbə hazırlıq qruplarında oxumaq və qismən  əzbərlətmək üçün istifadə edilə 
bilər. 
A.Şaiqin 1906-cı ildə yazdığı “Xoruz”, “Keçi”, “Dovşan” və “Uşaq və 
dovşan”  şerləri uşaqları heyvan və quşlarla tanış edən səmimi  şerlərdir. Uşaqların 


 
89
dilinin  əzbəri olan bu şerlər oynaq və axıcı yazılmışdır. Bunlar bağça yaşı üçün ən 
münasib şerlərdir. Proqramda həmin şerlər (sonuncu şer istisna olmaqla) birinci kiçik 
qrupda uşaqlara oxunmaq üçün tövsiyə olunmuşdur. Həmin  şerləri orta qrupda 
uşaqlara əzbərlətmək məsləhətdir. 
Uşaqlara heyvan və quşlar haqqında düzgün təsəvvürlər aşılamaq baxımından 
A.Şaiqin hekayələri, xüsusən mənzum hekayələri və təmsilləri müəyyən əhəmiyyətə 
malikdir. 
A.Şaiq yaradıcılığı balacaları ətrafla tanış etmək üçün də xeyli material vardır. 
Məktəbəqədər tərbiyə işində ətrafla tanışlıq mühüm yer tutur. Uşaqların əqli, əxlaqi, 
əmək və estetik tərbiyəsinin ilk təməli onları  əhatə edən mühitin təsiri ilə qoyulur. 
Uşaq həyatı, insan münasibətlərini ilk əvvəl ona yaxın olan ətraf mühitdən öyrənir. 
Bu mühitdə isə valideynlər, bağça işçiləri, uşağı əhatə edən qonşular, yaşlı adamlar, 
ətrafdakı hadisələr, doğma məhəllə, doğma yurd başlıca yer tutur.  
Ətrafla tanışlıq işində gəzinti və ekskursiyalarla yanaşı, uşaq əsərlərindən də 
istifadə edilə bilər. A.Şaiqin bir çox şerləri bunun üçün yaxşı material verir. “Uşaq 
bağçası”, “Bağça” şerləri uşaqları bağça həyatı ilə, müdir və tərbiyəçilərin əməli ilə 
tanış etmək cəhətdən faydalıdır. Uşaqları yaşlıların  əməyi ilə tanış etmək işində 
“Yeni köməkçi”, “Çoban mahnısı”, “Dəmirçi nəğməsi” şerləri müəyyən əhəmiyyətə 
malikdir. “Oyan oğlum” və “Məktəbdə”  şerlərindən məktəbə hazırlıq qrupu 
uşaqlarını psixoloji cəhətdən məktəbə hazırlamaq məqsədi ilə istifadə etmək 
mümkündür. “Təmizlik”  şeri uşaqlara gigiyenik vərdişlərin aşılanması  vəzifəsinə 
xidmət edən gözəl uşaq  şeridir.  Şerin axıcıllığı, sözlərin ustalıqla seçilməsi,  əsasən 
ikisözlü misraların bacarıqla cüt-cüt qafiyələndirilməsi şerin tez əzbərlənməsini təmin 
edən şərtlərdəndir: 
Səhər durunca, 
Əlimdə fırça, 
Sildim dişimi, 
Bildim işimi... 
Proqramda bu şerin ikinci kiçik qrupda əzbərlənməsi nəzərdə tutulmuşdur.  
Göründüyü kimi, A.Şaiqin uşaq  əsərləri məktəbəqədər yaşlı  uşaqların  əqli 
tərbiyəsində böyük imkanlara malikdir, lakin həmin  əsərlərin  əhəmiyyəti təkcə 


 
90
bununla məhdudlaşmır. Bu əsərlər balacaları əxlaq tərbiyəsi üçün də zəngin material 
verir. Yuxarıda adlarını  çəkdiyimiz “Uşaq bağçası”, “Bağça”, “Çalışan qazanar” 
şerlərindən uşaqların yoldaşlıq və intizam tərbiyəsi məqsədilə istifadə etmək olar.  
A.Şaiqin uşaqlar üçün yazdığı  mənzum hekayə  və  təmsillərində  tərbiyə 
məqsədləri ön plana çəkilmişdir. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” 
mənzum hekayələrində yazıçı  şəxsləndirmədən, yəni heyvan surətlərinin müəyyən 
adamları təmsil etməsi priyomundan istifadə etmişdir. Əxlaqi ideyanın uşaqlara daha 
tez çatması  və  əsəri cansıxıcılıqdan qurtarmaq üçün Şaiq nağıl janrından istifadə 
etmişdir. Kiçik uşaqlar nağılı çox sevirlər. Nağıl öz maraqları süjet xətti ilə, canlı 
surətləri ilə uşağı daha çox cəlb edir.  
Nağıl üslubunda yazılmış hər üç mənzum hekayədə A.Şaiq heyvan tipləri ilə 
ictimai mənalı hadisələri təsvir etmişdir. O, xalqın alleqorik təsəvvürləri ilə  zəngin 
şən yumor və  kəskin satiradan istifadə etmişdir. Təkəbbürlü tıq-tıq xanımın ölümü 
balaca oxucuda gülüş doğurursa, sadəlövh leyləyin və toyuq-cücənin aldanması ürək 
ağrısı, tədbirli qarğanın yaxşılığı sevinc, hiyləgər tülkünün ikiüzlülüyü, qəddarlığı 
qəzəb doğurur. Hekayələrdən yüksək  əxlaqi-tərbiyəvi nəticələr çıxır: lovğalıq, 
hiyləgərlik, ikiüzlülük, axmaqlıq pisdir. Əksinə, ağıllı və ayıq olmaq yaxşı sifətdir. 
“Tıq-tıq xanım” mənzum hekayəsi  “Dozanqurdu” adlı xalq rəvayətindən 
götürülmüşdür. Tıq-tıq xanım küsəyən, lovğa adamları təmsil edir. O, başına “soğan 
qabığından çadra” örtüb, ayağına “fındıq qabığından başmaq” geyib özünə yoldaş 
axtarmağa çıxır. Tıq-tıq xanım nə zəhmətkeş çobanı, nə də tülkünü bəyənir. Nəhayət, 
müəyyən şərtlərlə Siçan bəylə dostluq etməyə razılaşır. Lakin dostluğu uzun sürmür. 
Lovğalığı, küsəyənliyi onu ölümə aparır. 
Əsərdən çıxan nəticə belədir: yersiz küsəyənlik, lovğalıq adama zərər vurur.  
“Yaxşı arxa” mənzum hekayəsində tülkü hiyləgər, ikiüzlü adamları  təmsil 
edir. leylək isə  ağılsız, hiylədən tez aldanan şəxsləri göstərir. Kələkbaz tülkü 
sadəlövh leyləyi “atasından qalma” çinarı  kəsəcəyi ilə  hədələyərək, onun iki istəkli 
balasını yeyir. Bunu görən xeyirxah qarğa leyləyi başa salır ki, tülkü ağacı  kəsə 
bilməz. Üçüncü dəfə “payını” almağa gələn tülkünü leylək qovur. Tülkü başa düşür 
ki, leyləyi qarğa öyrətmişdir. Tülkü bu dəfə qarğanı tutub yemək üçün hiylə işlədir: 
özünü ölülüyə vuraraq onu dimdikləyən qarğanı tutur. Lakin qarğa tülkünü aldadıb 


 
91
qaça bilir.  
Əsərdən belə bir nəticə  çıxır ki, hiyləyə tez aldanan adamlar ziyan çəkirlər. 
Ağıllı adamlar belələrinə kömək etməli, arxa olmalıdırlar. 
“Tülkü həccə gedir” mənzum hejayəsində bu ideya bir daha qüvvətlənir. 
Qocalıb  əldən düşmüş tülkü toyuq-cücələri aldadıb yemək üçün hiyləyə  əl atır. O, 
özünü elə göstərir ki, guya öz əvvəlki işlərindən peşiman olmuşdur; daha toyuq-
cücələrlə  işi olmayacaqdır. Tülkü paltarını  dəyişib, ağlaya-ağlaya çölləri dolaşır. 
Tülkünün peşiman olmasına inanan toyuq-cücənin üstünə cumur, onların çoxunu 
boğur. 
A.Şaiqin belə  mənzum hekayələri uşaqlara qüvvətli təsir göstərən qiymətli 
əsərlərdir. Bu təsir nə ilə izah edilə bilər? Bu suala prof. M.Cəlal belə cavab verir: 
“Şaiq uşaqları lövhələrlə düşündürməyi bacarır. O, vətən sevgisi, bəşəri məhəbbət, 
əmək sevgisi, ata-ana məhəbbəti, yoldaşlıq hissi, sədaqət, doğruluq, saflıq, 
mərdanəlik, etibar, alicənablıq kimi xüsusiyyətləri təbliğ edən əsərlərin hər birində bu 
duyğuları müstəqil dil ilə  tərifləmir, canlı insan və ya alleqorik surətlər, maraqlı 
sərgüzəştlər vasitəsilə verməyə çalışır” (39, səh.247). 
Yüksək  əxlaqi ideyalar A.Şaiqin təmsillərində yaltaq və hiyləgər tülkü pis 
vəziyyətdə qalır (“Tülkü və xoruz”), lovğa siçan gülünc hala düşür (“Dəvə və siçan”), 
zəhmətkeş arı öz gümüş xallı qanadları ilə öyünən kəpənəyə qarşı qoyulur (“Arı və 
kəpənək”), tamahkar tülkü itlərə yem olur (“Tülkü və dəvə”), dəvə öz ağlı ilə qurdun 
və tülkünün əlindən canını qurtarır (“Dəvə, tülkü və qurd”). 
Qeyd olunan mənzum hekayə  və  təmsillərdən məktəbəqədər tərbiyə  işində 
istifadə etmək mümkündür. Bu üç mənzum hekayələrin hər üçünün məktəbə hazırlıq 
qruplarında oxunması  nəzərdə tutulmuşdur. Uşaqların nitq inkişafı baxımından 
hekayələrdəki bəzi münasib parçaların əzbərlədilməsi faydalıdır. Təmsilləri isə böyük 
və məktəbə hazırlıq qruplarında nağıl etmək və qismən oxumaq məsləhətdir. Əxlaqi 
nəticələri uşaqları hazır  şəkildə demək yox, onların fəal iştirakı ilə  çıxartmaq 
məqsədəmüvafiqdir. 
A.Şaiq müxtəlif janrlarda yazdığı əsərləri ilə balacaların qəlbinə saf duyğular, 
nəcib sifətlər aşılamağa çalışmış və zəngin bir irs qoyub getmişdir. Bu qiymətli irsi 
öyrənmək  və  ondan  məktəbəqədər  tərbiyə  işində  istifadə  etmək mühüm və aktual 


 
92
vəzifə kimi qarşıda durur. 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin