Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


MANNA (MAHAN) VƏ MADAY (MİDİYA) ƏHALİSİNİN DİNİ



Yüklə 1,81 Mb.
səhifə7/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
1   2   3   4   5   6   7   8   9   10   ...   15

MANNA (MAHAN) VƏ MADAY (MİDİYA) ƏHALİSİNİN DİNİ

DÜNYAGÖRÜŞÜ
Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Musa Kağankatlının yazdığına görə, fars - Sasani şahı Yəzdəgirdin Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:

Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”

Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir.

Bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa "Avesta" ilə bağlı deyildır. Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin "Avesta" və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin "Şahnamə"sinin təsiri ilə ortaya çıxmışdır.

Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda "Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, "Şahnamə"nin qələmə alındığı dilin nümunələridir:



--------------------------------------------------------------------------------------------

"Avesta"da "Şahnamə"də

--------------------------------------------------------------------------------------------

1. Ahura Məzda Hörmüzd

--------------------------------------------------------------------------------------------

2. Anqra Manyu Əhrimən

--------------------------------------------------------------------------------------------

3 Dayva Div

--------------------------------------------------------------------------------------------

4 Qayomarta Kəyumərs

--------------------------------------------------------------------------------------------

5. Yima Cəmşid

--------------------------------------------------------------------------------------------

6. Zaratuştra Zərdüşt

--------------------------------------------------------------------------------------------

7 Aryana İran

--------------------------------------------------------------------------------------------

8 Turyana Turan

--------------------------------------------------------------------------------------------

9 Franqasyan Əfrasiyab

--------------------------------------------------------------------------------------------

10 Xuvaşxatra Keyxosrov

--------------------------------------------------------------------------------------------

"Avesta"nın dili ilə yeni fars dili arasında göylə yer qədər fərq var və bu dillərdə eyni məfhumları ifadə edən söz və adlar da bir-birindən çox fərqlənir. Belə ki, "Avesta"da xeyir tanrısının adı Ahura Məzda, şər tanrısının adı isə Anqra Manyu ikən, "Şahnamə"də onlar müqabil olaraq Hörmüzd və Əhriməndir. Azərbaycan ədəbiyyatında Hörmüzd və Əhrimən adlarına sıx-sıx rast gəlindiyi halda, nə Ahura Məzda, nə də Anqra Manyu adlarına bircə dəfə də rast gəlinməmişdir. Eləcə də "div" sözü nağıllarımızda çox işlənir, fəqət "dayva" kəlməsinə yaxın bircə kəlmə belə yoxdur. "Şahnamə"dən hər kəsə bəlli olan Kəyumərs, Cəmşid, Zərdüşt, Əfrasiyab, Keyxosrov kimi adlarla həm folklorumuzda, həm də yazılı ədəbiyyatımızda üzləşə bilirik, halbuki, onların “Avesta”dakı ilkin variantları - Qayomarta, Yima, Zaratuştra, Tranqrasyan və Xuvaşxatra kimi adlar yalnız və yalnız dar mütəxəssilər dairəsinə məlumdur. Eləcə də ədəbiyyatımızda "Avesta"dakı Aryana və Turyana ölkə adlarna heç rast gəlinmir. "Şahnamədəki İran və Turan adları isə hər bir Azərbaycan türkünə məlumdur.

Təkcə bu fakt "Avesta"nın Azərbaycan türklərinə heç bir aidiyyatı olmadığını, əcdadlarımızın ədəbi yaradıcılığına zərrə qədər də təsir etmədiyini sübut edir. Odur ki, ədəbiyyatımızda izlərinə rast gəlinən zərdüştilik motiv və süjetləri islamdan sonrakı təsirlər kateqoriyasına daxil edilməli və yeni fars ədəbiyyatının təsiri kimi gözdən keçirilməlidir. Təbii ki, "Məlikməmməd nağılı"ndakı və digər nağıllarımızdakı div surətləri də islamdan sonrakı dövrün əlavələridir.

Nizami Cəfərov haqlı olraq deyir:



"Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan ədəbiyyatı qədim türk ədəbiyyatının diferensiyasının nəticəsidir. Bu isə o deməkdir ki, qədim türk ədəbiyyatında ehtiva olunmayan onun etnokültüroloji hüdudlarından kənara çıxan hər hansı ədəbi abidə Azərbaycan ədəbiyyatının hadisəsi sayıla bilməz. Azərbaycan ədəbi-ictimai təfəkkür tarixinin sonrakı dövrlərində "Avesta" ideyalarının müəyyən dərəcədə ehtiva olunması bu abidənin İran mədəniyyətinin faktı olmasını inkar etmir."

Dilçi alim Firidun Ağasıoğlunun da fikrincə, "Avesta"nın və Zərdüştün nə Azərbaycana, nə də türklərə heç bir dəxli yoxdur. Bu, fars, İran abidəsidir. Bunu belə bilmək, belə də qəbul etmək lazımdır. Məhərrəm Qasımlı da eyni fikirdədir.

Bu gün Azərbaycanda tədqiqatçılar arasında hər bir qədim sənət abidəsində zərdüştiliyin izlərini axtarmaq və görmək meyli çox güclüdür. Suraxanıdakı atəşgədəni də zərdüştiliyin, yəni atəşpərəstliyin abidələrindən biri kimi görən və buna inanalar heç də az deyil. Halbuki. bu abidənin hind dilində yazılmış kitabəsindən açıq-aydın görünür ki, bu abidə bir-neçə əsr öncə hindli zəvvarlar tərəfindən tikilmiş Şiva məbədidir. Bu məbədin hindlilərin müharibə və intiqam tanrısı Şiva məbədi olmasını onun üzərindəki üçdişli də sübut edir. Məsələ burasındadır ki, üçdişli Şivanın simvollarından biridir. Bir sözlə, Suraxanıdakı abidənin nə atəşpərəstliklə, nə də zərdüştiliklə heç bir əlaqəsi yoxdur.

Belə iddia edilirdi ki, guya sözügedən məbəd əski zərdüşti məbədinin bünövrəsi üzərində ucaldılmışdır. Fəqət 2010 – cu ildə aparılan arxeoloji qazıntılar həmin tikilinin tarixinin XVlll srdən qədimə getmədiyini, söylənilən iddiaların da puç olduğunu göstərdi.

Bir çoxları Ibn Xordabehin “Kitab əl – məsalik vəl məmalik” adlı kitabnda atəşpərəstlərin əsas məbədinin – Azərguşnəsbin Azərbaycandakı Şiz şəhərində yerləşdiyi barədəki məlumatı əldə əsas tutaraq, Azərbaycan əhalisinin atəşpərəst olduğunu iddia edirlər. Bu məbədin Sasanilər, yəni fars hakimiyyəti dövründə Azərbaycanda tikilmiş olması Azərbaycan türklərinin zərdüşti olması anlamına gəlməz, necəki bu gün Azəbaycanda çox sayda kilsə və sinaqoqun olması Azərbaycan türklrinin xristian və yəhudi olduqlarına dəlalət etmir. Ölkəmizdə o dövrdə irandilli azlıqlar, o cümlədən farslar da yaşayırdılar və sözügedən mənbədə ibadət üçün türklərin deyil, məhz fars şahlarının, özü də Mədaindən piyada gəldiklri bildirilməkdədir.

Eləcə də kökü ən azı 5 min il öncəyə qədər uzanan və hələ qədim şumerlər tərəfindən qeyd edilən Novruz bayramını da zərdüştiliklə bağlamağa çalışanlar var. Bəzi tədqiqatçıların fikrincə, novruz bayramı zamanı tonqal üzərindən atlanılması zərdüştiliklə bağlıdır. Lakin bu fikir kökündən yanlışdır. Cünki mərasim zamanı tonqal üzərindən atlananlar "Ağırlığım, uğurluğum odda yansın!" - deyirlər ki, zərdüştiliyə görə oda belə demək günahdır. Çünki bu dinin kanonlarına görə atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə müqəddəs odu murdarlaya bilər. Od üstündən hoppananların isə belə demələri odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.

Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə fərqlənir. Vll əsrin yunan müəllifi Feofilat Simokattanın yazdıqları da çox maraqlıdır.

"Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə "Tək Tenqri" adlan-dırdıqları yeri və göyü yaradana edirlər. Ona at, qoc və öküz qurban verirlər.”

Maraqlıdır ki, Zərdüştün öz “Avesta”sında verdiyi məlumatdan Alp Ər Tonqanın (Franqrasyanın) da Tək Tenqriyə sitayiş etdiyi, ona at, qoç və öküz qurban verdiyi məlum olur. Fəqət Zərdüşt türklərə nifrət edən bir fars milliyətçisi idi və bu üzdən də türklərin Tenqrisini iblis, yəni Əhrimən kimi qələmə vermişdir.

Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki (Firdovsi “Şahnamə”sindəki) adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqu" da deyirdilər. "Menqu" qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində "Tenqri Menqu" ifadəsi "Tanqra Menqu" kimi səslənməkdədir.



--------------------------------------------------------------------------------------------

Qədim türkcə Yakut türkcəsində Avestada

--------------------------------------------------------------------------------------------

Tenqri Menqu Tanqra Menqu Anqra Manyu

--------------------------------------------------------------------------------------------

Zərdüştün verdiyi məlumatdan o da aydın olur ki, turanlılar, o cümlədən Alp Ər Tonqa, onun atası Pəşəng (“Avesta”da Besak) həm də Anahidə at, qoç və öküz qurbanı verirdilər. Anahid isə türk mifologiyasından fars mifologiyasına keçən Umayın (Umay Ene, Umay Ana, Umay Nənə, şumerlrdə İnini) farslaşdırılmış adıdır. Deməli, Alp Ər Tonqa, elcə də işquzlar, yəni iç oğuzlar Tenqri ilə birlikdə Umayı da əziz tutmuşlar. Maraqlıdır ki, Orxon – Yenisey abidələrində Umay Tenqri il birlikdə yad edilir. Məsələn, Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə belə deyilir:



"Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc."

Tarixi mənbələrdən belə aydın olur ki, tək Tanrıya inam, başqa sözlə, Tenqriçilik türklərin əsas dini olmuşdur. Professor Osman Turan özünün türk cahan hakimiyyəti məfkurəsi tarixi" adlı 2 cildlik kitabının l cildinin 48- ci səhifəsində yazır:



"Hunlar dövründə "tanrı" kəlməsi həm göyü, həm də Allahı ifadə edirdi.Bu dövrün hökmdarlarına verilən "tanrı qulu" ünvanı da türklərin ilahi hakimiyyət şüurunun formalaşmasını, göylə bağlı olduğunu və tək Allah inancına doğru bir təkamülün mövcudluğunu göstərir. Eləcə də göytürklər dövründə göylə əlaqəsi olmaqla bərabər, mücərrəd mənası ilə, tək bir Tanrının varlığı inancı çıxmışdı."

De Quiqnes isə özünün "Türklərin ümumi tarxi" kitabında bildirir:



"...Türklər bu dövrdə yüksəliş və süqutlarını, qabiliyyətli və ya qabiliyyətsiz xaqan və bəylərin özləri-özlərinə vasitə olmasını ilahi himayə və cəzanın nəticəsi olduğuna və Tanrının qadiri-mütləq olduğuna inanırdılar."

İbn Fədlan da bu barədə öz müşahidələrini qeydə almışdır:



"Bir türk zülmlə üzləşdiyi və çətinliyə düşdüyü zaman göyə baxıb, "Bir Tan-rı" deyərək dua edir.”

Türklərin tək Tanrı inancları barədə ilk yazılı mənbə Fransadan tapılan və eradan əvvəl 2500 - ci ilə aid edilən "Qlozel" kitabələri hesab edilməlidir.Oradakı türkcə qələmə aiınmış bir cümlə xüsusi diqqət çəkir:



"Oda tapınarkən Tək Tanrını bulduq.

Bu cümlədə ifadə edilən fikir təqribən 3200 il sonra Bizans salnaməçisi Feofilakt Simokattanın söylədikləri ilə, demək olar ki, üst-üstə düşür.

Eyni inancın tatarlar arasında da hakim inanc olduğunu söyləmək üçün əldə bəzi əsaslar var. Məsələn, tatarların arasında missionerlik fəaliyyəti ilə məşğul olmuş İohan de Plano Karpini 1246 - cı ildə yazmışdır:

"Onlar görünən və görünməyən bütün şeylərin yaradıcısı olan tək bir Tanrıya inanır, onu həm bütün ləzzət və sərvətlərin, həm də əzabların yaradıcısı hesab edirlər. Fəqət onlar Onu həmd və ayinlərlə zikr etmirlər."

Vilhelm de Rubruk da tatarlaın inanc sistemi barədə təqribən eyni şeyləri söyləmişdir:



"Mən soruşdum:

-Siz Allaha necə inanaırsınız?

Onlar cavab verdilər:

-Biz yalnız bir və tək olan Tanrıya inanııq.

Soruşdum:

-Siz onun mənəvi - ruhani, yoxsa maddi bir varlıq olduğuna inanırsınız?

Dedilər:

-Biz onun mənəvi - ruhani bir varlıq olduğuna inanırıq.

O zaman mən yenə soruşdum:

-Siz onun heç bir vaxt insan qiyafəsinə girmədiyinə inanırsınızmı?

Onalar cavab verdilər:

-Heç vaxt!"

Teologiya tarixi üzrə böyük mütəxəssis Derferin fikirləri isə çox böyük maraq doğurur:



"Göy Tanrı dini öz forma və məzmununa görə, Ön Asiya mənşəli dinlərlə, xüsusən də xristianlıqla bənzər xüsusiyyətlərə malikdir... Lakin bu din, deyəsən, həm xristianlıqdan, həm də musəvilikdən daha qədimdir... İşin ən maraqlı tərəfi isə budur ki, bu dinə sitayiş edən Sibir və Altay türkləri içərisində Bibliya süjetlərindən, demək olar ki, heç nə ilə fərqlənməyən süjetlər də yer almaqdadır.”

Türklərin böyük əksəriyyətinin sitayiş etdikləri Göy Tanrı dininin əsasının Həzrət Nuh əleyhissəlam tərəfindən qoyulduğu heç bir şübhə oyatmır. Hər halda, həm Tövrat, həm İncil, həm də Qurani-Kərim bu şəxsin Tanrı elçisi olsuğunu və Tövhid dinini, yəni təktanrıçılığı təbliğ etdiyini təsdiq etməkdədir.

Maraqlıdır ki, qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür:

--------------------------------------------------------------------------------------------

İslam terminologiyası Tenqriçilik terminologiyası

--------------------------------------------------------------------------------------------

1. Allah Tenqri

2. Peyğəmbər, nəbi Yalavac,Yalmac

3. Rəsul Elçi

4. Kitab (müqəddəs kitablardan biri) Biti, Bitiq

5. Cənnət, Uçmaq

6. Cəhənnəm Tamuğ

7. Din xadimi, ruhani Tenqirkən

8. İbadədgah (məscid, came) Tenqirlik

9. Qurban Yağışlıq

10. İbadət Tapıq

11. Sitayiş Tapınmaq

12. Müqəddəs Iduq, İduq-Qut

13. Oruc Baçaq

14 Şəriət Törü, Törə

15. Ruh, Can Qut

16. Günah Yazuq, Yazınc

17. Həmd Alqış

18. Axirət Mengü ajun

19. Mələk Yumışçı

20. Qeyb Örtüklük

21. Ehsan Basan

22. İblis Yekkə

23. Namaz qılmaq Yükünmək

--------------------------------------------------------------------------------------------

Məsələn, qədim türklər Allaha "Tenqri" demişlər və bu kəlmə təmiz türk-cədir. Bu kəlməyə Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinir."Peyğəmbər" və "nəbi" kimi ərəb və fars mənşəli sözlərinin qarşılığında isə "yalavac" və ya "yalmac" kimi təmiz türk kəlmələri işlənmişdir:



"Tenqri yalavac itdi.”(Kaşğarlı Mahmud)

Mühəmməd yalavac xəlaiq başı.”(Yusif Balasaqunlu)

Qədim türklərdə rəsul mənasında "elçi " kəlməsinin olduğu da məlumdur. Bu kəlmənin işləndiyi mətnlərdən biri 1 - ci Yenisey abidəsidir ki, orada belə bir maraqlı cümlə yer almaqdadır:

"Tenqri elkə elçisi erdim." (Elimə, xalqıma Tanrı elçisi kimi döndüm.)

Qədim türk dilində yazı və kitab mənalarını verən "biti" və "bitiq" kimi sözlər xüsusi hallarda səmavi kitab mənasında da işlənmişdir ki, bu halda, çox güman ki, Gök Tanrı dininin nə zamansa mövcud olmuş və sonradan itmiş müqəddəs kitabı nəzərdə tutulur.

Ana dilimizdə mövcud olmuş "uçmaq" və" tamuğ" kimi kəlmələr isə müqabil olaraq cənnət və cəhənnəmi ifadə etmişlər. Bu terminlərə klassik Azərbaycan ədəbiyyatında, o cümlədən Şah İsmayıl Xətai və İmadəddin Nəsimidə də rast gəlinir.

Bundan başqa qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir. Məsələn, din xadimi - tenqirkən, ibadətgah - tenqirlik, qurban - yağışlıq, ibadət - tapıq, sitayiş - tapınmaq, müqəddəs - ıduq, oruc - baçaq, şəriət - törü və ya törə, ruh - qut, günah - yazuq, həmd - alqış, axirət - mengü ajun, mələk - yumışçı, qeyb - örtüklük, ehsan - basan, iblis-yekkə və sairə.

Maraqlıdır ki, bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Bu baxımdan qurban mənasında işlənən "yağışlıq" kəlməsi böyük maraq döğurur. Bir vaxtlar yağış "çağırmaq", yağış "kəsmək" və "Qodu-Qodu ayinlərinin icrası zamanı günəş tanrısı Qoduya verilən xəmiraşı, bal və yağ qurbanlarını ifadə edən bu kəlmə sonrakı dövrlərdə, yəni təktanrıçılığa keçdikdən sonra həm də Göy Tanrıya kəsilən at, öküz və qoyunları da ifadə etmişdir.

Qədim türklərin təktanrıçılığa keçməmişdən öncə günəş tanrısına da eyni qurbanları verdikləri, yəni at, öküz və qoyun kəsdikləri məlumdur. Məsələn, Musa Kağankatlının yazdığına görə, massaqet türkləri günəşə sitayiş edir və ona sözügedən qurbanları verirdilər.

İstər Orxon - Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini də təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır. Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxuda gördüklərini Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

O mənə toxunaraq, məni quşa çevirdi,

Qanad taxtı çiynimə, adəti quş qanadı.

Üzümə baxdı, baxdı, sonra məni apardı,

İrkallanın evinə - zülmət evinə vardı."

X-Xl əsrlərdə Orta Asiyada qələmə alınmış bir Quran təfsirinin leksikonunu gözdən keçirən rus şərqşünası Borovkovun yazdığına görə, sözügedən təfsirdə bütün Quran terminlərinin türkcə olduğunu vurğulamış və türk dilinin dini terminologiya baxımından zənginliyindən duyduğu heyrəti gizlədə bilməmişdir.

Yeri gəlmişkən qeyd edək ki, bu əsərdə əsasən, təmiz oğuz kəlmələrindən istifadə edilmişdir və bu kəlmələrin bir çoxu ədəbi ümumtürkcənin müvafiq terminologiyasından fərqlənir:

--------------------------------------------------------------------------------------------

Ümumtürk ədəbi dilində Oğuz türkcəsində Mənası

--------------------------------------------------------------------------------------------

Yalamac Savçı Peyğəmbər, nəbi

----- Ev budunu Əhli-Beyt

Bu baxımdan təfsirdə yer alan və peyğəmbər mənasında işlədilən "savçı" sözünü misal çəkmək olar. Ümumtürk ədəbi dilindəki "yalamac" kəlməsinə uyğun gələn bu kəlmə sırf oğuz terminidir. Diqqəti çəkən başqa bir ifadə isə Qurandakı "Əhli-Beyt" ifadəsinin qarşılığında işlədilmiş "ev budunu" sözbirləşməsidir. Həzrət Məhəmmədin ev sakinlərini, yəni ailə üzvlərinin cəmini ifadə etmək üçün istifadə edilmiş bu sözbirləşməsi son dərəcə uğurlu seçilib. Bu sözbirləşməsi oğuz türkcəsi nümunəsi olmaqla yanaşı, həm də ümumtürk mahiyyəti daşımaqdadır.

Azərbaycanda şamanizmin izləri də ən qədim zamanlardan izlənməkdədir. Bəziləri yanlış olaraq şamanizmlə Göy Tanrı dinini eyniləşdirirlər. Əslində isə şamanizm bir din yox, spritualist maqiya sənətidir.

Elmi ədəbiyyatda daha çox yayğın olan "şaman" kəlməsi türk sözü deyil, tunqus-mancur mənşəli bir termindir. Onun mənşəyini sanskrit dilinə bağlayanlar da var. Türklər isə şamana ən qədim zamanlardan "qam" demişlər. Bu kəlməyə Turfandan tapılan qədim uyğur mətnlərində, Yusif Balasaqunlunun "Qutaduqu - Bilik" və Mahmud Kaşğarlının "Divan ül - Lüğət ət - Türk" kitablarında, eləcə də "Kodeks Kumanikus " və "Kitab ül - İdrak"da rast gəlinir. "Qam" kəlməsi Radlovun "Qədim Türk lüğəti”ndə də yer almaqdadır. Bir çox dillərdə, o cümlədən hind - Avropa dillərində rast gəlinən "maq" kəlməsi də bu kəlmənin metatezası ilə ortaya çıxmışdır.

Yusif Balasaqunluya görə, qam xəstəni sağaldan həkim, Mahmud Kaşğarlıya görə isə, qeybdən xəbər verən, falçılıq edən adamdır. Görkəmli türkoloq Radlov isə bu sözü "şaman" kimi tərcümə edir və onun daha geniş məna daşıdığını bildirir.

Təbil şamanın vazkeçilməz aləti və əlamətidir. Təbilin içi və xarici müxtəlif naxış və rəsmlərlə bəzədilir. Həmin naxış və rəsmlər nəsildən nəslə ötürülərək, demək olar ki, heç dəyişmir. Yəni bu halda ənənəviliyə ciddi əməl olunur. Məsələn, Koybal şamanlarının təbillərinin birinin üzərində çəkilmiş maraqlı bir rəsm Qobustan təsvirlərindən biri ilə inanılmaz dərəcədə bənzərlik təşkil edir.

Hər iki rəsmin piktoqrafik yazı nümunəsi olması və eyni elementlərdən təşkil edilməsi diqqəti xüsusi ilə cəlb edir, eyni zamanda Sibir və Altay türklərinin şamanizm ənənələrinin qədim Qobustan ovçularının ovsunçuluq ənənlərindən qaynaqlandığını sübut edir.

Sənətşünas alim Nəsir Rzayev deyir:



"Qobustanda, Böyükdaşın aşağı mərtəbəsində 9 № - li daşdakı Tunc dövrünə aid petroqlifdə piktoqram xarakterli böyük təsvir kompozisiyası verilmişdir. Bu təsvirdə qədim rəssam əl - ələ vermiş silahsız adamların iki cərgədən ibarət bir sədd təşkil edərək sağ tərəfdəki çəpərlə keçinin yolunu kəsməsini əyani surətdə nəql edir. Heyvanın boğazına ip keçirilmişdir. Mürəkkəb kompozisiyalı bu piktoqramda qədim rəssam təsvir vasitələrinin köməkliyi ilə qəbilədə baş vermiş mühüm bir hadisə - heyvanların əhliləşdirilməsi barədə qəbilə üzvlərinə xəbər verir. Tunc dövrünə aid bu petroqlifdə insanlar siluet şəklində, heyvanlar isə konturlu xətlərlə kiçik miqyasda, həm də çox sxematik və statik vəziyyətdə təsvir edilmişdir."

Şamanizmin Katanov və Alekseyeva kimi görkəmli tədqiqatçılarının fikrincə, təbildəki təsvir də piktoqrafiya nümunəsidir və burada üçlü dünya sistemi barədə şamanist təsəvvürlər öz əksini tapmışdır.

Şaman təbilləri bir qayda olaraq, dağ keçisi dərisindən düzəldilir. Ətrafı qayın ağacından olur. Təbilin səsi boğuq çıxsın deyə, çubuğunun başına samur və ya dövşan ayağının dərisi taxılır.

Şamanist xalqlarda qamlar iki qrupa ayrılır: ağ qamlar və qara qamlar.

Ağ qamlar Ülgenin hakim olsuğu işıq aləminə, yəni xeyirxah ruhlara qamlıq edirlər. Onların qiyafələri nisbətən az bəzəkli və sadə olur. Onlar özləri ilə təbil daşımırlar. Qara qamlar isə yeraltı dünyanın və zülmətin hakimi Erliyə, ona bağlı olan şər ruhlara qamlıq edirlər. Onların geyimi saysız amuletlər, rəmzlər, muncuqlar metal lövhələr, heyvan və quş sümükləri, quş lələkləri və sairə ilə bəzədilmiş olur. Çox zaman papaqları və libasları elə bəzənir ki, nəticədə şaman quşa bənzəmiş olur. Lakin bunsuz da onun guya yuxarı və aşağı dünyalara uça bildiyinə inanılır.

Şaman vəcdə gəlmiş halda olarkən, dua edərsə, dinləyənlər "dediklərin olsun, Qam ata!" - deyirlər. Məhz bu müraciət formasındakı ifadəyə, yəni "Qam ata" ifadəsinə Bisitun kitabəsinin Elamdilli mətnində, midiyalı üsyançıdan söhbət açılan yerdə rast gəlirik. Bu mətndə üsysnçı "kam adda", yəni "Qam ata" adlandırılır.

Eradan əvvəl Vlll - Vl əsrlərdə Cənubi Azərbaycan ərazisində madayların qurmuş olduqları qüdrəli Midiya dövlətinin, eləcə də ondan əvvəl, eradan əvvəl lX - Vll əsrlərdə həmin ərazidə mövcud olmuş Manna dövlətinin şahlarının adlarının təhlili onların şamanist olduqlarını söyləməyə ciddi əsas verir.

Məlum olduğu kimi, əksər xalqların milli adları içərisində həmin xalqın sitayiş etdiyi dindən qaynaqlanan adlar önəmli yer tutur. Məsələn, yəhudilər içərisində Tövratdan götürülmüş Moşe, Aaron, İsaak, İzmail, Yakov və sair peyğəmbər adları geniş yayılmışdır. Eyni adlar müsəlmanlarda da Qurandakı səsləniş formasında yayğındır: Musa, Harun, İshaq, İsmayıl, Yaqub və s.

Xristian ruslar arasında məşhur olan İvan, Matvey, Pyotr, Pavel və s. bu kimia adlar da İncildən qaynaqlanır. Müsəlmanlar içərisində Yusif, Yunus, Adəm, Məhəmməd, İsa və s. peyğəmbər adları ilə yanaşı, Əbubəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn və sairə din böyüklərinin adlarına da sıx - sıx rastlanır. Eyni zamanda biz uşaqlarımıza Allahın 99 gözəl adlarından olan Rauf, Qafar, Kərim, Rəhman, Rəhim və s. teofor adlar da qoyuruq.

Övladlara teofor adlar, yəni Tanrının və ya tanrılaın adlarından düzəldilmiş adlar vermək ən qədim zamanlardan bütün xalqlara xas olub. Ən çox da belə isimləri hökmdar nəslindən olan uşaqlara verərdilər. Məsələn, qədim Misir fironu Ramzesin adında Misirin baş tanrısı - günəş tanrısı Ranın adına rast gəlirik. Mitridat adında farsların günəş tanrısı Mitranın adı gözə çarpır. Babil hökmdarı Marduk – Apla - İddinin adında babillilərin baş tanrısı Mardukun adını görməmək mümkün deyildir. Elam şahı Humbaniqaşın adında isə Elamın baş tanrısı Humbanın adını görürük.

Manna və Midiya şahlarının adlarında isə türk-şaman pantenuna daxil olan adlar açıq-aydın sezilməkdədir. Bu isə həmin dövrlərdə Cənubi Azərbaycanda şamanizmin hakim ideologiya olduğunu göstərməkdədir:

--------------------------------------------------------------------------------------------

Mana-Midiya hökmdarlarının Mənbə Şaman panteonuna daxil

adları olan adlar

--------------------------------------------------------------------------------------------

1.İranzu Aşşur-Babil Oranəəzi (Tuva)

2.Aza Aşşur-Babil Aza (Tuva, kumandin)

3.Ullusunu Aşşur-Babil Ulu Toyon (yakut)

4.Ahşeri Aşşur-Babil Ajiray (yakut)

5.Deyok Herodot Dayık (Altay)

Dayaukku Aşşur-Babil Dayuççı (teleut)

6.Kaştariti Aşşur - Babil Xarsatördö (yakut)

Xşatrita

7.Kiaksar Herodot Kööskara (Altay)

8.Astiaq Herodot

İştivequ Aşşur-Babil İstemi Bögü (?)

Tarixi mənbələrdən adı məlum olan ilk Manna hökmdarı İranzu olmuşdur. Bu antroponimi Melikaşvili Qafqaz, Dyakonov isə İran dilləri əsasında izah etməyə calışmışlar. Fəqət bir nəticə əldə etməmişlər.

Halbuki, Aşşur - Babil mixi yazılarında qeydə alınmış bu adın analoquna cüzi fərqlə türk - şaman panteonunda Oranəəzi formasında rast gəlirik. Bu mifik varlıq Tuva türklərinin inanc sistemində yer almaqdadır və onun adı Tuva türkcəsində "kainatın yiyəsi, ağası" mənasını verir.

İranzudan sonra Mana taxtına onun böyük oğlu Aza sahib olmuşdur. Onun adına isə eyniylə şaman panteonunda rast gəlinir. Aza Tuva şamanlarının inanc sistemində aşağı dünyanı təmsil edən ruhlardan hesab olunur.

Azadan sonra onun yarinə qardaşı Ullusunu hökmdar olmuşdur. Ullusunu adına yakut türklərinin şaman panteonunda Ulu Toyon formasında rast gəlinməkdədir. Yakut mifologiyasına görə qara şamanlar Ulu Toyona tabedirlər. Yakut türkcəsində "Ulu Toyon" böyük cənab deməkdir.

Adı dövrümüzədək gəlib çıxan növbəti Manna hökmdarı Ahşeridir. Aşşur mənbələrindən məlum olan bu ad yakut şamanlarının Ajiray adlandırdıqları ruhun adının yad dildə bir qədər təhrif edilmiş formasıdır.

Xronologiya baxımından sonrakı yerdə Herodotun Deyok adlandırdığı, Aşşur - Babil mixi yazılarında isə adı Dayaukku kimi çəkilən hökmdar gəlir. Herodota görə o, Midiya, Aşşur-Babil mənbələrinə görə isə Manna hökmdarı olmuşdur. Bu hökmdarın adı Dayık formasında Altay türklərinin şaman panteonunda da yer almaqdadır. Altay türkcəsində Dayık "qurucu" deməkdir. Maraqlıdır ki, teleut türkləri bu mifik varlığın adına Dayuççı deyirlər ki, bu da Deyokun Aşşur-Babil mənbələrində qeydə alınmış adına, yəni Dayaukku adına uyğun gəlir.

Mənbələrdən adı məlum olan növbəti hökmdar Midiya xaqanı Kaştaritidir. Herodot bu xaqanın adını “Fraort” kimi çəkmiş, mixi yzılarda isə bu ad Kaştariti və ya Xşatrita kimi qeyd edilmişdir.Yakut şaman panteonunda isə eyni ada Xarsatördö şəklində rast gəlirik.

Herodotun yazdığına görə, Kaştaritidən sonra oğlu Kiaksar Midiya xaqanı olmuşdur. Bu ad da Altay kijilərin şaman panteonunda Kööskara kimi qeydə alınmışdır. Adın Altay türkcəsindəki mənası köksü, sinəsi poladdan olan, yəni polad sinəli, polad kökslü deməkdir.

Herodot sonuncu Midiya hökmdarının adını Astiaq, Aşşur-Babil mənbələri isə İştivequ kimi çəkməkdədirlər. Bu ad, çox güman ki, şaman panteonu ilə bağlı deyil və onun əsli sonrakı dövrlərdə türk xaqanları içərisində geniş rast gəlinən İstemi Bögü olmuşdur və şamanizmlə bağlı deyildir.

Unutmaq lazım deyil ki, Manna və Midiya xaqanlarının adları dövrümüzədək yad mənbələrdə ulaşmışdır və təbii ki, bir qədər təhrif olunmuşdur. Bunula belə, şaman panteonunda rast gəlinən adlarla o qədər böyük yaxınlıq var ki, deyilənlər heç bir şübhə oyatmır.

Bu sözlərlə demək istədiyimiz isə budur ki, eyni ad ayrı-ayrı xalqların dillərində fərqli cür səslənir. Məsələn, İncildə İohan kimi qeyd edilən adı ruslar İvan, fransızlar Jan, İtalyanlar Covanni, ingilislər isə Con kimi tələffüz edirlər. Tövratda İosif kimi çəkilən ad isə italyanlar tərəfindən Cüzeppe, fransızlar tərəfindən Jozef kimi təlffüz edilir. İspanların tələffüzündə eyni ad Xose, ərəblərin tələffüzündə isə Yusif kimi səslənir.

Nəzərə almaq lazımdır ki, türk şaman panteonundakı adları rus alimləri XlX- XX əsrlərdə qeydə almağa başlamışlar. Bu isə o deməkdir ki, Manna və Midiya hökmdarlarının qeydə alındığı dövrlə həmin dövr arasında 2500-3000 il keçmişdir. Buna və Manna-Midiya şahlarının adlarının dövrümüzədək yad dillərdə gəlib çatmasına baxmayaraq, ortadakı fərq o qədər cüzidir ki, heyrət etməyə bilmirsən, Deməli, Mana və Midiyada şamanizmin hakim ideologiya olması öz təsdiqini tapır. Məhz buna görə də farslara qarşı midiyalıların üsyanına şaman başçiliq etmişdi. Təsadüfi deyil ki, Manna və Midiya (Maday) dövlətlərinin sələfi olmuş Aratta dövlətinə də şaman başçılıq edirdi ki, bu barədə artıq məlumat vermişik.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin