Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


AZƏRBAYCAN SƏLTƏNƏTİ XV –XVll ƏSRLƏRDƏ



Yüklə 1,81 Mb.
səhifə15/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
1   ...   7   8   9   10   11   12   13   14   15

AZƏRBAYCAN SƏLTƏNƏTİ XV –XVll ƏSRLƏRDƏ

XV əsr Azərbaycan tarixinə yerli Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti kimi düşmüşdür. Bunlardan birincisi 1437 - 1467-ci, ikincisi isə 1467-1501 - ci illəri əhatə edir. Cahan şah birincilərin, Uzun Həsən isə ikincilərin ən böyük hökmdarları olmuşlar. Bu sülalələrin hakimiyyəti dövründə Azərbaycan Səltənətinin (İmperatorluğunun) ümumi sahəsi 3 milyon kvadrat kilometr civarında olmuşdur.

1501-ci ildə Azərbaycan Sətənətində Ağqoyunlular hökumətini Səfəvilər hökuməti əvəz etdi. Əsası l Şah İsmayıl Səfəvi (Xətai) tərəfindən qurulan Səfəvilər sülaləsi Azərbaycan səltənətini 1736 - cı ilə qədər idarə etmişdir.

Şiəliyi dövlət siyasəti halına gətirən Səfəvilərin hakimiyətə gəlməsi ilə hələ Ağqoyunlular dövründən geosiyasi məqsədlərlə Osmanlılarla zaman-zaman baş verən toqquşmalar intensiv xarakter aldı. Məsələnin kökündə yenə də geosiyasi səbəblər, ilk növbədə isə ipək yoluna nəzarət uğrunda mübarizə dururdu. Çox təəssüf ki, bu məsələ çox zaman diqqətdən kənarda qalır və məsələ sünni-şiə qarşıdurması kimi şərh edilir. Hərçənd ki, bu məsələnin də rolu az olmamışdır.

İlk öncə ondan başlayaq ki, ümumtürk tarixində xüsusi rolu olmuş XVl əsr bu möhtəşəm tarixin ən maraqlı dövrlərindən biri idi. Yaranışdan bu yana hər baxımdan bütün millətlərdən üstün olmuş türklər bu üstünlüyünü sözügedən əsrdə də sürdürmüşlər. Təsadüfi deyil ki, XVl əsrin ən başında da dünyanın ən qüdrətli dövlətləri idilər. Qüdrət baxımından ilk yerdə Osmanlı imperatorluğu, ikinci yerdə Azərbaycan imperatorluğu, ardınca Misir Məmlük imperatorluğu, Hindistan Moğol imperatorluğu və Türküstan dövləti gəlirdi. Hər biri böyük türk dövləti olan bu imperatorluqların özlərindən başqa heç bir önəmli rəqibləri yox idi. Onların Böyük İpək Yolunun üzərində olması dünya ticarətinin önəmli hissəsinə nəzarət etmələrinə gətirib çıxarmışdı.

Osmanlılar sələfləri Səlcuqluların xristian torpaqları hesabına genişlənmə siyasətini davam etdirir və Avropanın içlərinə doğru irəliləyirdilər. Bu isə avropalıları XV əsrdən etibarən Azərbaycan imperatorluğu ilə sıx diplomatik əlaqələr quraraq bu dövləti Osmanlılara qarşı mövqe almağa təşviq və sövq edirdi. Qərbdən Misir - Məmlük və Osmanlı imperatorluqları, şimaldan Krım xanlığı, Şirvanşahlar və Türküstan dövlətləri, şərqdən isə Hindistanın Moğol imperatorluğu ilə qonşu olan, qərbdə sərhədləri Aralıq və Qara dənizlərə, cənubda Hind okeanına qədər uzanan Azəbaycan imperatorluğunun kifayət qədər böyük ərazisi və əhalisi olsa da, imperatorluğun ərazisini daha çox genişləndirməyi hədəfləyən Ağqoyunlu hökuməti genişlənmək üçün bu türk dövlətlərindən birini hədəfə almalı idi. Avropalı missionerlərin səyi ilə belə bir hədəf kimi Osmanlı dövləti seçildi və Ağqoyunlular Osmanlıya qarşı xristian Avropa ilə koalisiyaya girdilər. Baş verən qarşıdurmalarda Osmanllar hər dəfə Ağqoyunluları məğlub edərək sülhə zorlaya bildilər. Sonralar bu siyasəti Səfəvlər davam etdirdilər.

Səfəvilər də sələfləri Ağqoyunlular kimi Osmanlıları iqtisadi blokadada saxlamağa çalışırdılar. Əvəzində isə Osmanlılar Şirvanşahlar dövlətini dəstəkləyir və Səfəvilərin Qafqaz üzərindən Avropa ilə ticarət yolunda əngəllər yaradırdı. Nəticədə də Hindistan, Orta Asiya və Çinlə Avropa arasında əsas ticarət yolu Azəbaycan və Misir-Məmlük imperatorluqlarının ərazisindən keçir, Osmanlılar bundan kənarda qalırdılar. Osmanlılar da nə isə etmək məcburiyyətində idilər. Hər şey Osmanlıların Misirlə savaşa başlayıb bu ölkəni ələ keçirməsi ilə nəticələndi. Beləcə, Azərbaycanın Misir üzərindən Avropa ilə ticarət yolu kəsildi. Əvəzində isə Səfəvilər Şirvanı tutub öz imperatoluqlarının ərazisinə qatdılar və bu yolla şimaldan Avropa ilə ticari əlaqə saxlamağa, beləcə, ipək yolu ticarətində önəmli rolunu qorumağa nail oldular.

Misirin Osmanlıların əlinə keçməsi Türkiyəyə ərəb ölkələri ilə ticarəti genişləndirmək imkanı verdi. Maraqlıdır ki, bu hadisəyə qədər “Türkiyə” (Dövlət ət-Türkiyyə) Misir - Məmlük imperatoluğunun adı idi, bundan sonra isə həmin ad Osmanlı imperatorluğuna şamil edilməyə başlandı. Sözügedən hadisədən sonra Osmanlılar Məmlüklərin himayəsində olan Abbasilərin xəlifəliyinə son verərək, bu missiyanı öz üzərlərinə götürdülər və xəlifə simasında bütün İslam dünyasının mənəvi – dini hakiminə çevrildilər. Osmanlı dövləti xilafətə çevrildi.

Səfəvilər isə Azərbaycan imperatorluğunu buna alternativ olaraq, İmamət elan etdilər və şiəliyi imperatorluğun rəsmi ideologiyasına çevirdilər. Bunula da geosiyasi mübarizə məzhəblərarası mübarizə şəklini aldı. Nəticədə isə Azərbaycan imperatorluğu İslam dünyasından təcrid olunmuş vəziyyətə düşdü. Səfəvilərin gətirdiyi şiəlik cəfərilik deyildi, şiəliyin Türkiyədə “ələvilik”, İranda isə “əliallahlıq” adlanan qolu idi.

Məlumat üçün bildirək ki, ələvilik türklərin İslamdan öncəki dinləri olan Tenqriçiliyin və şamanizmin bəzi elementlərini özündə birləşdirən, fəqət islami şəkildə olan bir məzhəbdir. Bu məzhəbin nümayəndələri məscid və camelərə getməz, namaz qılmazlar. Əvəzində qadın – kişi birlikdə “cəm evləri” adlandırılan xüsusi ibadət evlərində toplanar, özlərinə məxsus ibadətlər keçirirlər. Şərabı haram saymazlar. Həzrət Əlini və digər şiə imamlarını müqəddəs hesab edən ələvilər Ramazanda oruc tutmurlar, əvəzində məhərrəm ayında 12 imamın şərəfinə 12 gün İslam orucundan fərqlənən xüsusi oruc tutur, həccə getmir, əvəzində şiə imamlarının Nəcəf, Kərbala, Məşhəd və s. şəhərlərdəki qəbirlərini ziyarət edirlər. Mehdi Sahib əz-Zəmana iman edir, digər şiələr kimi onun qeybə çıxmış 12-ci imam olduğunu hesab edir və onun gələcəyi günü gözləyirlər. Sünnilərə gizli və ya açıq nifrətləri ilə fərqlənir, Həzrət Ömər və Həzrət Osmana lənət oxuyarlar.

Bu şiə məzhəbi son əsrlər içərisində bir qədər dəyişikliyə məruz qalmışdır. İslamın əsas şərtlərindən namaz, həcc, və oruca əməl etmədikləri və şərab içdikləri üçün şiələr dışında digər müsəlmanlar əsrlərcə onları müsəlman saymamış və kafirlərə bərabər tutmuşlar. Elə bu səbəbdən də Səfəvilər ətraf müsəlman dövlətlər tərəfindən xoş qarşılanmamışdır. Əvəzində isə Xilafət durumunda olan Osmanlı dövlətinə və Osmanlılara böyük rəğbət var idi. Səfəvilərin dövründə Azərbaycan dövləti xristianlarla işbirliyini daha da genişləndirmiş və Osmanlılarla, eləcə də digər qonşu Türk-İslam dövlətləri ilə amansız və qanlı müharibələr aparmışdır. Bu isə ölkənin gücünün tükənməsinə və liderlik potensialını tədricən qeyb etməsinə gətirib çıxarırdı.

Səfəvilərə başlarına 12 imamın şərəfinə bağladıqları qızılı (qırmızı) zolağa görə qızılbaşlar, onların dövründə Azərbaycan imperatorluğuna isə Qızılbaş dövləti deyirdilər. Fəqət digər müsəlman türklər “qızılbaş” sözünü kafir mənasında həqarətlə işlədirdilər. Hətta bu sözün söyüş mənasında işlədiyini də söyləmək olar.

1736-cı ildə Azərbaycanda Səfəvilərin hakimiyyətinə son qoyan Nadirqulu xan Əfşar Azərbaycan şahı oldu. O, hakimiyyətə gələr-gəlməz, Azəbaycada Səfəvilərdən öncə olduğu kimi sünni-hənəfi məzhəbini bərqərar etmək və Türk-İslam dünyasını birləşdirmək istəsə də, yerli əyanların şiddətli müxalifəti ilə üzləşdi. Odur ki, bu fikirdən vaz keçdi. Fəqət ələviliyi ləğv edib, əvəzində cəfəriliyi hakim məzhəbə çevirə bildi.

Cəfərilik Zeydiliklə birlikdə İslamın dörd əsas məzhəbinə öz yaxınlığı ilə seçilən 2 şiə məzhəbindən biri idi. Bu məzhəbin nümayəndələri bəzi fərqli görüşlərə sahib olsalar da, İslamın 5 əsas şərtinə əməl etdikləri üçün onlara münasibət ələvilərdən köklü surətdə fərqlənirdi. Yəni onlar da müsəlman kimi qəbul edilirdilər. Nadir şah cəfəriliyi Azərbaycanın rəsmi məzhəbi elan etdikdən sonra xəlifəyə, yəni dünya müsəlmanlarının liderinə-Osmanlı sultanına məktub yazıb ondan Türk-İslam dünyasının birliyi naminə cəfəriliyi İslamın 5-ci rəsmi məzhəbi kimi qəbul etməyi xahiş etdi, bunu edərsə, onu xəlifə kimi tanıyacağını və ona tabe olacağını bəyan etdi. Lakin çox təəssüflər olsun ki, sultanın bunu xoş qarşılamasına baxmayaraq, Osmanlı üləması bu təklifə qarşı çıxdı və şiəliyin bidət olduğunu əsas gətirərək, tarixi fürsətin həyata keçməsinə imkan vermədi. Nəticədə Türk-İslam dünyasının bir bayraq altında birləşməsi fürsəti əldən çıxdı. Bu isə, təbii ki, Avropanın və Rusiyanın maraqlarına cavab verirdi.

Osmanlı - Səfəvi müharibələrinin ən əsas geosiyasi hədəflərindən biri İraq ərazisi olmuşdur. Bu ərazi əsrlər boyu Azərbaycan səltənətinin tərkib hissəsi idi və həmin ərazi Misir-Məmlük imperatorluğu ilə sərhəddə yerləşdiyindən Azərbaycan üçün hər zaman ticari baxımdan son dərəcə böyük önəm daşıyırdı. Misirin və Məmlük türklərinin əlində olan digər torpaqların Osmanlıların əlinə keçməsi ilə İraq böyük ölçüdə önəmini itirsə də, həm əhalisindən toplanan vergilər baxımından önəm daşıyırdı, həm də Hind okeanına çıxmağa və Azərbaycan imperatorluğundan yan keçməklə, yəni dəniz yolu vasitəsilə Hindistan Moğol imperatorluğu ilə ticarət əlaqəsi qurmağa can atan Türkiyənin qarşısında əsas maneə idi. Təbii ki, Osmanlılar bu torpağa sahib olmaq üçün, Səfəvilər isə onu onlara verməmək üçün əlindən gələni edirdilər. Yəni İraq uğrunda qanlı müharibələr aparılırdı və bu müharibələr Osmanlıların qələbəsi və Türkiyənin Hind okeanına çıxış əldə etməsi ilə nəticələnmişdi. Bu hal ticarət yollarının önəmli hissəsinə sahib olan Azərbaycanın geosiyasi üstünlüklərini daha da azaltdı.

Nadir qısa müddətdə Azərbaycan Səltənətinin Osmanlılar, əfqanlar və ruslar tərəfindən işğal edilmiş torpaqlarını, o cümlədən Tiflis və İrəvanı qaytarmağı bacardı, səltənətin ərazisini Orta Asiya, Əfqanısatan, indiki Pakistan və Hindistan torpaqları hesabına genişləndirdi. Fəqət tarixə sonuncu türk cahangiri kimi düşən bu böyük şəxsiyyətin ölümündən (1747-ci il) sonra onun varisləri bu böyük ərazini qoruya bilmədilər, Azərbaycan nəinki müstəmləkələrini itirdi, üstəlik özü də xanlıqlara parçalandı.

Azərbaycan Türk – İslam Renesansı Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə də, yəni XV – XVl əsrlərdə də davam etmiş, fəqət Səfəvilrin hakimiyyətinin son illəri tarixə Azərbaycan renesansının sona çatdığı dövr kimi düşmüşdür.

Sözügedən əsrlərdə ölkəmizdə ağlasığmayacaq dərəcədə geniş bir məktəb və mədrəsə sistemi yaranmış və təhsil, demək olar ki, təkcə Azərbaycanın deyil bütün səltənətin (imperatorluğun) ərazisini əhatə etmişdir. Mənbələrdən belə aydın olur ki, həmin əsrlərdə məktəblərdə din dərsləri ilə yanaşı, coğrafiya, riyaziyyat, məntiq, fəlsəfə, nücum (astronomiya) və s. elmlər tədris olunurdu. Elmlər təkcə tədris edilmir, həm də əvvəlki əsrlərdə olduğu kimi, tədqiq edilirdi. Yəni elmi araşdırmalar davam edir, alimlərimiz yeni – yeni elmi əsərlər yazır və kəşflər edirdilər.

O dövrdə Şəmsəddin Məhəmməd Təbrizli, filosof və münəccim (astronom) Seyid Yəhya Bakılı, coğrafiyaşünas və tarixçi Əbdürrəşid Bakılı, İdris Bitlisli, Fazil Nüqtaşi, təbib Ramazan Lənkəranlı, filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvani böyük şöhrət tapmışdılar. Ağqoyunlu iqtidarı dövründə təkcə saray kitabxanasında 58 elm xadimi çalışmaqda idi. XVl əsrdə Təbrizdə yaradılmış kitabxana dövrün ən böyük kitabxanalarından biri idi.

Öncəki əsrlərdə olduğu kimi, XVl əsrdə də tarixi əsərlərin yazılmasına böyük diqqət ayrılırdı. Hökmdarlar bu yolla öz adlarını əbədiləşdirməyə çalışırdılar. Həmin dövrün ən məşhur salnaməçi və tarixçisi şah l Təhmasibin sarayında qulluq edən və onu bütün hərbi yürüşləri zamanı müşayiət edən Həsən bəy Rumlu idi. Onun qələminə məxsus 12 cildlik “Əhsən ət –təvarix” (Tarixlərin ən üstünü) adlı əsər dövrün tarixi proseslərini öyrənmək baxımından ən əsas mənbələrdən biri hesab edilir. Səfəvilər dövründə Avropada Don Juan adı ilə məşhur olan və bir çox Avropa müəllifinin əsərlərinin qəhrəmanı olan Oruc bəy Bayatın (o, şah Abbasın dövründə Azərbaycanın Avropadakı səfiri idi) ispan dilində qələmə aldığı və hələ sağlığında dərc etdirdiyi məşhur “Kitab”ını, eləcə də fars dilində qələmə alınan, müəllifi bilinməyən “Şah İsmayıl Səfəvinin tarixi” kitabını da yad etmək lazımdır.

Bundan başqa, dövrün tarixini öyrənmək baxımından Hüsaməddin oğlu Qiyasəddin Hüseyninin (1475 – 1536) əsərləri də böyük informativ bazaya sahibdir. Onun çoxcildlik əsərlərinin bir hissəsi Səfəvilərin iqtidara gəlməsi və Azərbaycan İmperatorluğunun hakiminə çevrilməsinə və Səfəvi hökumətinin siyasətinə həsr edilmişdir. Onun əsərlərində səltənətin (imperatorluğumuzun) Ağqoyunlu hökuməti dövründəki xarici və daxili siyasətinə dair də çox qiymətli məlumatlar bulunmaqdadır.

Deyilənlərə Şərəf xan Bitlisinin ikicildlik “Şərəfnamə” adlı əsərini də əlavə etmək lazımdır. Bu əsərdə Səfəvilərin apardıqları yanlış siyasətlər nəticəsində səltənətin zəifləməsindən və bölgələrdəki separatist hərəkatlar barədə müfəssəl bilgi verilmişdir.

XV – XVl əsrlərdə tibb elmi də inkişaf etməkdə davam etmişdir. Dövrümüzədək Əbdülfəth Təbrizli, Əli Təbrizli, İmadəddin Mahmudi kimi tanınmış tibb alimləri və həkimlrinin adı ulaşmışdır. Eyni sözləri dövrün tanınmış xəttatları Ubeydulla Mirəli oğlu Təbrizli, Əli bəy Təbrizli, Mahmudbağır Ordubadlı, Nizaməddin Ərdəbilli, Mirabdulla bəy Danişmənd, Əli Rza Təbrizli və s. haqqında da söyləmək olar.

Ən böyük uğura isə ədiblərimiz imza atmışdılar. XV əsrin ikinci yarısında Nizami Gəncəlinin “Xosrov və Şirin” poemasnın motivlri əsasında “Fərhadnamə” kimi misilsiz bir sənət əsəri yaradan Arif Ərdəbilli və özünün “Mehr və Müştəri”si ilə böyük şöhrət qazanmış Əssar Təbrizli, eləcə də türk və fars dillərində yazdığı şerləri hər yerdə sevilə - sevilə oxunan Şah Qasım Ənvar (1335 – 1433) daha çox məşhur idilər. Eyni dövrdə Təbrizli Kişəvəri də öz lirik şerləri, Xətai Təbrizli “Yusif və Züleyxa”sı, Həqiri “Leyli və Məcnun”u, Xələfi “Xəmsə”si, Bədr Şirvanlı və Ziyai Ordubadi divanları ilə tanınmışlar. “Xəmsə” yaradan şairlərdən biri də Əşrəf Marağalı idi.

Dövrün tanınmış şairlərindən söz açarkən, əsərləri ilə şiəliyi yaymaqla məşğul olan Şah İsmayıl Səfəvini (Xətaini) də yad etmək lazımdır. Onun “Divan”ı, “Nəsihatnamə”si, “Dəhnamə”si çox məşhur idi. O, eyni zamanda dövrünün tanınmış bəstəkarlarından biri kimi tanınmışdır. XVl –XVll əsrlərdə həm də böyük bəstəkarlar kimi şöhrət tapmış böyük türk hökmdarlarından (Sultan Səlim, Hüseyn Bayqara, Gəray xan və s.) biri də Şah İsmayıl olmuşdur və onun bəstələdiyi əsərlər də şerləri kimi dövrümüzədək ulaşmışdır. Dövrün musiqişünaslarından söhbət düşmüşkən, XVl əsrin məşhur xanəndəsi, gözəl muğam ustası Hafiz Lələnin də adını xüsusi çəkmək lazımdır.

Maraqlıdır ki, həmin dövrdə xanəndələr müxtəlif müəlliflərin əsərlərini səhnələşdirərək muğam – tamaşalar da qurardılar. Təsadüfi deyi ki, XVl əsr fransız səyyahı və missioneri Şarden Azərbaycanda olarkən, burada öz təbiri ilə desək, “Avropadakı operaları xatırladan tamaşaları seyr etdiyini” söyləmişdir.

Əsası Hülaküoğulları dövründə (Xlll-XlV əsrlər) qoyulan miniatür sənəti də XVl əsrdə öz inkişafınn kulminasiya nöqtəsinə çatmışdı. Azərbaycanlı rəssamlar bütün dünyada böyük şöhrət qazanmışdılar. Əsərləri bu günə qədər Sankt – Peterburq, London, Leypsiq və Venesiya muzeylərində mühafizə edilən Soltan Məhəmməd Təbrizli daha çox məşhur idi. Onun başçılıq etdiyi Təbriz rəssamlıq məktəbi onlarla dahi miniatürçü rəssamı yetişdirmişdir. Onlardan Kamaləddin Behzad, Mirmüsaviri, Mirzeynalabdin Təbrizli, Mövlanə Müzəffər Əli, Mövlanə Məhəmmədhəsən Təbrizli, Mövlana Əla bəy Təbrizli, Əbülbaqi Kitabnəvis və digrlərinin adını göstərmək olar.

Azərbaycan rəssamlarından Əmir Dövlətyar və onun şagirdləri Əbdülmüsavir, Pirəhməd Baqişmali, Seyid Əhmd Nəqqaş, Pirseyid Əhmd Təbrizli və başqalar da böyük şöhrət qazanmışdılar.

Memarlıq sahəsində də bir çox sənət abidələrinə imza atılmışdır. Bu abidələrdən 1465 – ci ildə Cahan şah Qaraqoyunlunun əmri ilə Təbrizdə inşa edilmiş Göy məscidi, 1483 – cü ildə Yaqub şah Ağqoyunlunun Təbrizdə tikdirdiyi “Səkkiz Behişt” saray kompleksini (Bu kompleksə həmçinin min çarpaylıq xəstəxana, böyük kitabxana, məscid, cıdır meydanı və s. daxil idi), Qaraqoyunlu və Ağqoyunlu iqtidarları dövründə Təbrizdə inşa edilmiş örtülü “Qeysəriyyə” bazarını, Həsən Padşah camesini, Nəsriyyə və Məqsudiyyə mədrəsələrini göstərmək olar. XVl əsrin məşhur abidələri isə Şirvanşahlar saray kompleksi, bir çox şəhərlərdə tikilmiş hamam, came, mədrəsə, körpü və türbələr idilər.

Həmin dövrdə tətbiqi – dekorativ incəsənətin inkişafında da xüsusi bir mərhələ olmuşdur və bu gün XV – XVl əsrlərdə, eləcə də ondan öncəki və sonrakı əsrlərdə Azərbaycanda yaradılmış minlərlə sənət əsəri dünya muzeylərinin və şəxsi kolleksiyalarn bəzəyinə çevrilmişdir. Eyni dövrdə kökü minilliklərin dərinliklərinə uzanan ozan - aşıq sənəti və dastan yaradıcılığı da özünün kulminasiya nöqtəsinə çatmışdı.

Azərbaycan İntibahından (renesansından), daha doğrusu, onun XVl əsr nümayəndələrindən söz açarkən, şübhəsiz ki, ilk növbədə Məhəmməd Füzulinin adını çəkmək lazım gəlir. Nizami Gəncəli ilə birlikdə Azərbaycan və dünya ədəbiyyatının iki əlçatmaz zirvəsindən birini təşkil edən Məhəmməd Füzulinin əsərləri, çox təəssüflər olsun ki, dilinin çətinliyi, fəlsəfi fikrinin dərinliyi ilə xarici dillərə tərcümə üçün, demək olar ki, münasib deyildir və bu üzdən də dünya miqyasında hələ yetərincə təbliğ edilməmişdir. Bu üzdən də Nizamidən fərqli olaraq, onun adı dünyada dar mütəxəssislər qrupundan başqa çox az adama məlumdur.

Azərbaycan Renesansının son nüməyəndələri XVll əsrdə yaşamış dahi şair Saib Təbrizli və böyük rəssam və sənətşünas alim Sadiqi bəy Əfşar olmuşlar.


AZƏRBAYCAN İMPERATORLUĞUNUN SÜQUTU VƏ YA SON SÖZ ƏVƏZİ
Artıq qeyd etdiyimiz kimi, Nadir şahın xəyanətkarcasına qətlə yetirilməsi ilə Vətənimizin qara günləri başlamış, ölkə çox sayda xanlıqlara parçalanmışdı. Bütün bunlar Ağa Məhəmməd şah Qacarın taxta çıxmasına (1749 - cu il) qədər davam etdi. Həmin dövrə qədər isə əslən fars (lor) olan Zəndilərin Azərbaycan səltənətinin böyük hissəsini ələ keçirərək, həmin ərazilərdə qondarma “İran dövləti” qurmağa çalışdıqları qaranlıq bir dövr də olmuşdur. Məhz Zəndilərin səyi nəticəsində “İran” adı siyasi və geosiyasi termin kimi ortaya çıxmış və tədricən Azərbaycan imperatorluğunun irandillilərlə, əsasən də farslarla məskun bölgələrinə şamil edilməyə başlamışdı. Anti – türk və anti – Azərbaycan mahiyyəli fars milliyyətçiliyinin yenidən dirçələrək genişlənməsi də məhz həmin dövrdən çiçəklənməyə başladı.

Qacarlar tez bir zamanda Zəndilərin özbaşnalığına son qoymağa, separatizmə meylli bütün Azərbaycan xanlarını ram edərək bugünkü İran, Azərbaycan, Qərbi Azərbaycan (1918 - ci ildən sonra Ermənistan) və Gürcüstan (Tiflis xanlığı) ərazilərində Azərbaycan imperatorluğunu bərpa etməyə nail olsalar da, 1813 – 1828 - ci illər ərzində imperatorluğun Araz çayından şimaldakı əraziləri Rusiya tərəfindən işğal edildi. Həmin ərazilərin bir qismi hesabına Gürcüstan və Ermənistan dövlətləri yaradıldı. Qalan hissəsində isə hazırda Azərbaycan Respublikası bərqərar olmuşdur. Dərbənd və ətrafı isə hələ də rus işğalı altındadr.



Ağa Məhəmməd şahla başlayan Qacarlar sülaləsi (1749-1925) son azərbaycanlı – türk imperatorluq sülaləsi olmuşdur. Üst - üstə 7 şahın hökmranlığını əhatə edən bu sülalənin hakimiyyəti dövründə, əslində Azərbaycan imperaorluğundan deyil, İran və Azərbaycan konfederasiyasından danışmaq daha doğrudur. Fakt budur ki, həmin dövrdən etibarən imperatorluq artıq “Azərbaycan səltənəti” deyil, “Məmaliki məhruseyi İran və Azərbaycan” (İran və Azərbaycan ölkələri konfederasiyası) və ya sadəcə “Məmaliki məhrusə” (konfederasiya, birləşmiş dövlələr), adlanır, Qacar şahları isə “şahe - məmaliki məhruseyi İran və Azərbaycan” və ya “şahe - məmaliki məhrusə” titulu daşıyırdılar. Qacarlar sülaləsinin sonuncusu Əhməd şah Qacar idi ki, onun dövründə fars (gilək) mənşəli Rza xan Pəhləvi ingilis və rusların yardımı ilə Qacarları devirərək, Azərbaycan imperatorluğuna son qoydu və bu imperatorluğun ərazisində İran dövlətini qurdu. O, 1936 - cı ildə Millətlər Məclisinə müraciət edərək, öz dövlətinin adının dəyişərək bundan sonra İran adlanacağını bəyan etmişdir. Həmin dövrdən etibarən imperatorluğun adındakı “məmaliki məhrusə” və “Azərbaycan” kəlmələri bir kənara atıldı və “İran” adı dövləin yeni adı kimi rəsmiləşdirildi. Pəhləvi şahı da “şahənşahe – İran” (İran imperatoru) titulunu qəbul etdi. Beləcə, təkcə Azərbaycan imperatorluğu deyil, ümumiyyətlə 5 minillik zəngin tarixə sahib Azərbaycan - türk dövlətçiliyi müvəqqəti olaraq tarixin arxivinə verilmiş oldu.
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin