Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


KUTİLƏR VƏ MAHAN (MANNA) DÖVLƏTİ



Yüklə 1,81 Mb.
səhifə2/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
1   2   3   4   5   6   7   8   9   ...   15

KUTİLƏR VƏ MAHAN (MANNA) DÖVLƏTİ
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdən "kuti" kimi çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III - II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir. Aratta dövlətinin də əsas sakinlərindən olan kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Yusif Yusifovun yazdığına görə, tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə türk mənşəli Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər.

Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir. Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmaqdadır. O, kuti hökmdarlarının daşıdıqları Yarlaq adını qədim türk yazılarındakı Yarlakar Kan Ata adı ilə, İbra adını "Kitabi - Dədə Qorquddakı İmrə adı ilə, Kurum adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum xanın adları ilə, Elulameş adını oğuzlar içərisində yayğın olan Elalmış (İlalmış) adı ilə və s. tutuşduraraq, kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur.

S.N. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan toponimidir:

"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən "mahilum" yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura."

Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:



"Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. Bu yeri "Axlat məhəlləsi" adlandırırlar."

Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700 - 5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883 - cü ildə müəyyənləşdirə bilmişlər. Fərat sahilində, yerli ərəblərin "Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış forması) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də, bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893 - 1896 – cı illərdə davam etdirilən qazıntılar qədim Şumer şəhərini gün üzünə çıxardı.

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdaddan yuxarıda, Bugünkü Türkiyə ərazisində yerləşirdi. Bu gün də Anadoluda eyni adı daşıyan bölgə var. Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.

Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında ("Qorqud Kitabı"nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, "Qorqud Kitabı"ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.

Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Kitabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir."

Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi. Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Artıq qeyd edildiyi kimi, Şumer - Akkad mənbələrində adlarına "kuti" (quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və görünür, onlar səhv etmirlər.

Görəsən, şumer mənbələrindəki Mahan ölkəsi sonrakı minilliklərdə adına Aşşur-Babil və qədim yəhudi mənbələrində "Manna (Man, Minni, Munaş) ölkəsi" kimi rast gəldiyimiz ölkə deyil ki, axı, bu ölkə bəzən mixi yazılarda Qutium, yəni "kutilər ölkəsi" də adandırılır? Bu suala heç bir tərəddüd etmdən müsbət cavab vermək olar.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövləti e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində formalaşmışdır. Halbuki, yuxarıda artıq qeyd etdiyimiz kimi, bu dövlətin adına e.ə lll minilliyə aid şümer mənbələrində “Mahan” formasında rast gəlinmişdir. Əlbəttə, bu, adların təsadüfi bənzəyişi də ola bilərdi. Fəqət Manna dövlətinin başqa bir mənbədə Şumer, Elam və Hett dövlətləri ilə birlikdə yad edilməsi şumer mənbələrindəki Mahan ilə Aşşur – Babil və Uratu mənbələrindəki Manna (Mana, Man, Munaş) dövlətinin eyni dövlət olmasına heç bir şübhə yeri qoymur. Söhbət Bibliyadakı, daha dəqiq desək Əhdi – Ətiqdəki məlumatdan gedir. Məlumat üçün bildirək ki, e.ə l minillikdə nə Şumer, nə də Hett dövlətləri artıq yox idi. Hett dövlətinin e.ə ll minillikdə mövcud olduğunu nəzərə alsaq, Bibliyada e.ə ll minillikdə baş vermiş hadisədən söz açıldığını tam əminliklə söyləmək olar.

İstər Manna (Man, Maan, Mahan) dövlətinin, istərsə də onun əsas sakinləri olan kutilərin (oğuzların) adı mixi yazılarda e.ə. Vll əsrə qədər hallanmaqda davam etmişdir. Azərbaycan tarixşünaslığında bu dövlətin e.ə X-lX əsrlərdə formalaşdığı və ərazisinin də sadəcə Urmiya gölü ətrafını və ona yaxın əraziləri əhatə etdiyi qəbul edilmişdir. Halbuki, qədim mənbələrin dərindən incələnməsi sözügedən dövlətin sərhədlərinin Cənubi Azərbaycan torpaqlarından başqa paytaxtı Partav (Bərdə) olan və Kür-Araz ovalığını əhatə edən Zikkertu (Saqarta, Saqaşen) vilayətini, Nisir (Nəhcir) dağının yerləşdiyi və Naxçıvan və ətrafını əhatə edən Zamua vilayətini, Qərbi Azərbaycan (bugünkü qondarma Ermənistan) ərazisini əhatə edən Aza vilayətini, əsas şəhərlərindən biri Simqur (Şəmkir) olan Kürdən şimalda və şərqdə yerləşən Simqur vilayətini, eləcə də indiki Dağıstanı (Andiya) və Çeçenistanı (Durdukka) içinə aldığını söyləməyə tam əsas verir.

Mannanın ən qüdrətli çağlarında o dövrlərdə Biştu (Pəştu) adlanan indiki Əfqanıstana və Parsua adlana Fars əyalətinə də sahib olduğu məlum olur. Lakin bu, çox da uzun sürməmişdir. Çünki sözügedən dövlət tez-tez Urartu və Aşşur (Assuriya) kimi qüdrətli qonşularının təcavüzünə məruz qalırdı ki, bu da ölkə daxilindəki əyalətlərdə mərkəzi hökumətə qarşı üsyanların baş verməsini və separatizmi stimullaşdırırdı. Eyni zamanda, Mannanın bütövlükdə Aşşurdan asılı vəziyyətə düşdüyü və ya torpaqlarının çox hissəsinin Urartu tərəfindən işğal edildiyi dövrlər də olmuşdur. Bu barədə sırası gəldikdə söhbət açacağıq.

Firidun Ağasıoğlu yazır:

"Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir. Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir."

Yusif Yusifov isə bildirir:

E.ə lll minillikdə Urmiya gölünün qərb və cənub - qərb hissəsində kuti (yaxud quti) tayfa birləşmələri mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşmsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer İkiçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.”

Mənbələrdən belə məlum olur ki, Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200 - e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L. Helpen e.ə. 2622-ci ili, E.Meyer, Ş.Günaltay e.ə. 1250-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki, F.Ağasıoğlu da bu fikrə şərik çıxır. Məlumat üçün bildirək ki, Akkad mənbələrində Kutium, yəni kutilər ölkəsi adının sinonimi kimi “Umman Manda” (Manda odusu) ifadəsi də işlənmişdir. Sonrakı dövr mənbəlrində (e.ə. l minillik) eyni ad kimmer, iskit, sak və madaylara (midiyalılara) da şamil edilmişdir. Görünür buradakı Manda ifadəsi Mahan (Manna, Man, Munaş) adının akkad variantı olmuşdur.

Çox güman ki, Aratta dövlətinə də Mahan dövləti, yəni kutiər (oğuzlar) son qoymuş və Şumer və Akkad kimi Aratta da Mahanın bir vilayətinə çevrilmişdi. Hər halda, e.ə. l minilliyə aid Aşşur və Urartu mənbələrdə Arattadan (Urartu mənbələrində Alateye, türkcə Aladağ) Mannanın (Mahanın) bir əyaləti kimi söz açılır.

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdır:



"Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi."

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir.

Firidun Ağasıoğlu bu halı, tam haqlı olaraq, qədim türk - oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:

"Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ. M. Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarlarını) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alışmadıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük. İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.

Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5 - i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. Bunlardan sonuncu - Tirikan devrilmiş, digər 4 - ü isə, görünür, ya vəzifədə ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar..."

Şübhəsiz ki, Firidun Ağasıoğlu tam haqlıdır, fəqət onun böyük bir imperiyanın başçılarnı “elbəyi” adlandırması ilə razılaşmaq mümkün deyil. Çünki türklərdə bəy titulu hər hansı bir türk ölkəsinin kiçik bir ərazisinin hakimlərini ifadə edirdi. Türkcə imperatora xaqan deyirdilər. Odur ki, Kuti – oğuz imperatorluğunun seçilən başçıları bəy və ya elbəyi yox, xaqan idilər. Təsadüfi deyil ki, Oğuz xan mənbələrdə məhz “Oğuz Kaan”, yəni Oğuz Xaqan adlandırılır.

Alimin aşağıdakı sözləri ilə isə razılaşmamaq mümkün deyil:

"Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "El" sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki, Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur."

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin "primitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan ölkəmizin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi İslamın qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:



"Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur."

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk - oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur.

Füzuli Bayat mövzu ilə bağlı yazır:

"Bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da ulu toyla qurtarır. Dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşayiət olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göründüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur."

Süleyman Əliyarov izlərinə "Dədə Qorud"da rast gəlinən demokratiya və Parlament sistemi barədə deyir:



"Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı "kəngəş bəyləri"nə tam uyğundur; Rəşidəddinin "kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası) oğuz tarixində doqquz "qocadan" - kəngəş bəylərindən ibarət olmuşdur."

Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn "El" termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən "toy" və "qurultay" terminləri ilə yanaşı "kengəş" (şura, parlament) kəlməsinin də olması və Avropa dillərindəki "konqres" (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir.

Şübhəsiz ki, bütün bunlar kuti - oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər. Eyni fikri sübut edən başqa fakt da var. Yuxarıda qeyd edildiyi kimi, yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5 - 5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix "Oğuznamə"lərdə söylənilənlərlə üst-üstə düşür. "Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi" adlı çox maraqlı monoqrafiyanın müəllifi J. Dögin (1721 - 1800) yazır:

"Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)... fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu... Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 ildə yaşamış olacaqdır."

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920 - ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:



"Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır."

Xatırladaq ki, L. Halpen kutilərin İkiçayarasındakı hakimiyyətlərinin başlanğıcını e.ə. 2622 - ci, E.Meyer və Ş.Günaltay e.ə. 2550 – 2374 - ci illərə aid etmişlər.

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir. Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində möv-cud olmuş Aratta dövlətindən söz açılmaqdadır.

Yusif Yusifovun yazdığına görə, mixi yazılarda Aratta dövlətinin adına eradan əvvəl lll minilliyin birinci yarısından başlayaraq l minilliyə qədər vaxtaşırı məlumat verilmişdir. Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.

Fikrimizcə, Rəşidəddin "Oğuznamə"sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən "Oğuznamə"də oxuyuruq:

"Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədər bütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində "meydana gələn", "dikələn" bir şeyə səbalan deyilir."

Yeri gəlmişkən qeyd edək ki, istər uyğur “Oğuznamə”sində, istərsə də “Oğuznamə”nin Rəşidəddin tərəfindən qələmə alınmış müsəlman variantında şumer mətnlərindəki məlumatlar ilə üst – üstə düşən daha bir maraqlı məqam var. Söhbət Oğuz xaqanın Urum ölkəsinin xanı ilə (Urum xanla) savaşından gedir. Şumer mətnlərində də, daha dəqiq desək, “Luqalbanda və Hurum dağı” adlı əsərdə də Aratta ilə bağlı Hurum (Urum) dağından söhbət gedir.

Əbu Bəkr əl - Tehrani əl - İsfahaninin yazdıqlarından belə məlum olur ki, oğuzlar həmin ərazidə minillər öncələrdən yaşamışlar. Həmin müəllif və onun əsəri barədə tanınmış tarixçi alim Yaqub Mahmudov yazır:

Azərbaycan ən qədim zamanlardan başlayaraq tarixin bütün dövrlərində əsas Türk məskəninin önəmli parçası, qədim Oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarn ən qədim yerli xalqı olmuşdur. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1453-1478) əmri ilə yazılmış və indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalmış Əbu Bəkr əl - Tehrani əl - İsfahaninin “Kitabi Diyarbəkriyyə” adlı kitabında açıq şəkildə yazılmışdır ki, Azərbaycan ən qədim Türk - Oğuz yurdlarından biridir. Qədim oğuzlar və hətta Oğuz xanın özü də, xanlar xanı Bayundur xan, bunlardan sönrakı dövrlərin məşhur Oğuz-Türk sərkərdələri, hətta Qıpçaq xanın özü də Azərbaycanda yaşamş və burada ölmüşlər.”

Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (s) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır.

Bütün bu deyilənləri, yəni türklərin Azərbaycanın ən qədim sakinləri olması faktını ərəb mənbələri də təsdiqləməkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin "Xəbərlər" əsərində (Vll əsr) yazılır ki, xəlifə l Müaviyə (661 - 680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da "Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır" - deyə cavab vermişdir. Eyni fikir 1126 - cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:



"Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir" .

Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120 alimin kollektiv əməyinin nəticəsi olan "Bəşəriyyətin ümumi tarixi" kitabının "At-ropatena" bölümündə yazılanlar da böyük önəm daşımaqdadır:



"...Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər yaşamaqdadır.

Elmdə kutilərin dilini Elam – Zaqroş (?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur. Bu barədə Nizami Xudiyev yazır:



"Ön Asiyanın qədim dillərində - yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki, bu, türk etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada... müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər.

Azərbaycan ərazisində mövcud olan... bu ən qədim tayfaların dil mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q. Hüzinq lullubi, həm də kuti dilini elam dilinə, sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q. Kameron həmin dillərin elam dilinə aid olduğunu göstərmişdir. A. Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir. Q. A. Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr - elam dil qrupuna daxil etmiş və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E. Hersfeld elamları, kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ. M. Dyakonov kuti və lullubi dillərini elam dillərinə aid etmiş və eyni zamanda kutilərin dili ilə Qafqaz albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar edib kutilərin dilini şimal-şərqi Qafqaz qrupuna daxil etmişdir. İ. Əliyev kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və i. a."

Maraqlıdır ki, bu gün dilçilik elminə nə "Elam - Zaqroş", nə də "Zaqr - elam" adlı dil qrupları məlum deyildir. Bu "qrupları" böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində tam delitant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası yoxdur. Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər həmin dili dravid dilinə qohum sayırlar.

Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri maraq doğurmaqdadır:

"Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala görə (Z. Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən "uti" etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya "k" səsi düşmüşdür. Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər."

Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər. Alimin fikrincə, həm kutilər, həm də utilər (utu, itu) türkdilli olmuşlar. O yazır:



"Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta / Utem (-m şəkilçidir) ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə hərbi xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil olunmuş "uti" tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk mənşəli "utiqur" (uti xalqı) adını təmsil edir."

Biz utilərin utiqurlarla eyniləşdirilməsini də doğru saymırıq və utiqurlarla bağlı fikrimizi kimmerlərdən söz açarkən söyləyəcəyik.

Elmi ədəbiyyatda, artıq yuxarıda qeyd etdiyimiz kimi, kutiləri utilərlə, utiləri də bu gün Azərbaycanın Qəbələ və Oğuz rayonlarınada yaşamaqda olan udinlərlə eyniləşdirmək cəhdləri olmuşdur. Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar olduğunu göstərən Yusif Yusifov eyni mənbələrdə udinlərin də adına fərqli bir etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir.

Uti və udinlərin ayrı - ayrı etnik qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində yaşadıqları Musa Kağankatlının "Alban tarixi" kitabından da açıq aydın sezilməkdədir. Musa Kağankatlı özünün "Alban tarixi" kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın (Ərənin) adını çəkərək bildirir ki, albanlar, utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər. Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər. Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar. Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır:



"Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa, yəni ermənilərə, albanlara və gürcülərə əlifba düzəldən ... şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir... Qüdsdən qayıdanda Ərməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir... O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya, Lpiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda... İncili təbliğ edir."

Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki, onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:



"Hazırda Azərbaycanda yaşamaqda olan qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar özlərini "udi" adlandırırlar... Udi etnonimini, ilk dəfə Herodot və Strabon tərəfindən Midiya sakinləri kimi yad edilən utilərlə bağlayırlar.

Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z. İ. Yampolskinin yazdığına görə, "Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı". Belə bir fikir də var ki, alban əlifbası udin dili əsasında yaradılmışdır. İ. Q. Əliyev də utiləri Albaniyanın başlıca qəbiləsi hesab edirdi. V. L. Qukasyan isə bildirmişdir ki, "uti-udinlər Qafqaz Albaniyasının tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər."

Bu fikirlərlə razılaşmayan və haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən, alban əlifbasının da udin dili əsasında deyil, qıpçaq-qarqarların dili əsasında yaradıldığını çoxsaylı mənbələrlə isbat edən Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi hələlik tam müəyyənləşdirilməmişdir:



"Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun "Uti"si, Ptolomeyin cənubdakı, Atropatena ərazisindəki "Otiena"sı, qədim erməni mənbələrinin Kür - Araz hövzəsində qeydə aldığı "Uti" və Ermənistanda (Qərbi Azərbaycanda), Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır."

Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L. M. Meliksetbekov irəli sürmüşdür. O, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq göstərmişdir ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər.

Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.

Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa Kağankatlı onların "Uti" adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdiklərini yazmışdır. Etiun/udinlər isə qədim Uratu ərazisindən köçərək Musa Kağankatlının "Udin" adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də qafqazdilli idi.

Elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Parta (Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir. Mənbələrdə sözügedən şəhər Saqarta vilayətinin paytaxtı adlandırılmaqdadır. Bu da Aşşur mənbələrindəki Zikertu ilə yunan mənbələrindəki Saqartanın və sonrakı mənbələrdəki Sakasenanın (Şakaşenin) eyni şey olduğunu sübut etməkdədr.

Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur:


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin