Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


KİMMER – İSKİT – SAK DÖVLƏTİ



Yüklə 1,81 Mb.
səhifə4/15
tarix04.01.2017
ölçüsü1,81 Mb.
#4500
1   2   3   4   5   6   7   8   9   ...   15

KİMMER – İSKİT – SAK DÖVLƏTİ
E.ə. Vlll-Vll əsrlərə aid mixi kitabələrdə kimmerlər Azərbaycan və Ön Asiya sakinləri kimi göstərilsə də, Herodot e.ə. V əsrdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmışdır. Sonrakı dövrlərdə yaşamış digər antik müəlliflər də onları Qara dəniz sahillərində yaşayan xalq kimi xarakterizə etmişlər. Tarixin atası, eyni zamanda, onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqazdan Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır.

Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər. Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə, bu xalq irandilli idi. Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya "İlliada" və "Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan "at südü sağanlar" kimi bəhs etmişdir. At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə adətə rast gəlinməmişdir. Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə bilər:



"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar."

Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır.

Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:

Vaxtilə Kimmer kralının Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kənarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlər, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır”.

Kimmerlərin türklüyünü sübut edən faktlardan biri də onların adlarına özbək “Xannamə”sində rast gəlinməsidir. Həmin əsərdə kimmer xanı və vəzirindən söhbət açılır. Hətta türklərin ulu babası hesab edilən Yafəsin oğlu Kimerin (Qamərin) Oğuz xanın vəziri olduğu bildirilir. Bu barədə Bahəddin Ögəl yazır ki, “Xannamə”də Yafəsin oğlu Kimerin Oğuz xanın və sonrakı türk padşahlarının yanında vəzirlik etdiyini görürük.

Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər (Kimer) idi və qamərlər, yəni kimmerlər onun soyundandır. Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşdular. Olduqları üçün də onların adı bir müddət ölkəmizin onlarla qohum olan və onların hakimiyyəti altında yaşayan digər xalqlarına da, o cümlədən iskit və saklara da şamil edilmişdir.

Mixi yazılar bu versiyanı bütünlüklə təsdiq edir. Məsələ burasındadır ki, 1933 - cü ildə Aşşurbanipalın (e.ə. 668 - 663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R. Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor iddia etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan kutilərin və sakların üzərində də hökm sahibi imiş.

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev, Mirəli Seyidov, Mahnud İsmayıl, Yusif Yusifov, Firidun Ağasıoğlu və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.

Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V. V. Struve, Q. A. Melikaşvili, İ. M. Dyakonov, V. İ. Abayev, B. B. Piotrovski, E. İ. Krupnov, B. A. Litvinski, V. F. Minorski, E. A. Qrantovski, M. İ. Poqrebova, A. M. Xazanov, B. V. Terexov, A. N. Terenojkin, İ. V. Pyankov, O. A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər.

Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov və B.A. Litvinov qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir. Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.

Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" və ya "Şakaşen" kimi qeyd olunan ərziyə işarə etmşlər. İ. M. Dyakonovun İran dilləri materialına istinadən "şaka şuana", yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir. İ. M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir. Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur.

Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:



"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."

Mütəxəssislər ilk dəfə 371 - ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu-zand tərəfindən adı "Şakaşen" kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından getdiyini bildirirlər. Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində qoyulduğunu yazmış Musa Kağankatlının sözləri ilə əsaslandırırlar və şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay adlanması faktı da təsdiq etməkdədir.

Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. Arrianın bu məlumatını şərh edən İ. Dyakonov və İ. Əliyev bildirirlər ki, sözügedən döyüşdə albanlar və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.

Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır. Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət bildirən Qiyasəddin Qeybullayev olmuşdur.

İ. Dyakonov və İ Əliyevin fikrincə, Herodotun “ortokoribant” adlandrdğı saklar ilə Kür və Araz hövzəsinin Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklarla qədim fars mənbələrindəki şişpapaqlı saklar eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev yazır:

"R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada məskun idilər. Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak qruplarının mübahisəli məskunlaşma məsələsinə toxunmayacağıq. Yalnız onu qeyd edək ki, "tiqraxauda sak" Kür və Araz çayları arasında deyil, Midiya ərazisində yaşayan sak qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan sakların yaşadıqları ərazi də Sakasena adlanır."

Qiyasəddin Qeybullayevin eyni Sakasenadan iki eyniadlı dövlə və ya ölkə kimi danışması sovet tarixşünaslığndan bizə miras qalmış bir yanlış konsepsiyadan – Midiyanın (Madayın) guya sadəcə Arazdan cənubdakı torpaqları əhatə etməsi və Quzey Azərbaycana heç bir aidiyyatı olmaması fikrindən qaynaqlanır. Halbuki, irəlidə görəcəyimiz kimi, Midiya (Maday) dövləti, Qəzvin – Həmədan – Tehran bölgəsində ortaya çxsa da, sonrakı dövrlərdə Azərbaycanın tamamın əhatə etmişdir. Təsadüfi deyil ki, orta əsrlər Avropa səyyahları, əski qaynaqlara dayanaraq, Şirvandan da Midiya kimi bəhs etmişlər.

Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir:

"Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak-massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar.

Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, "tarixin atası" çağırılan Herodot vermişdir. XlX yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdarda məlumat barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, "gündəlik siyasətə" tabe edilmişdir."

Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir:



"E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkibində sak tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır."

Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:



"Ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlmələri barədə müxtəlif fikirlər vardır.

1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş iskitlərdir və yaxud onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa-kasena Ön Asiya iskit xaqanlığının özəyi olmuşdur. Bu fikri İ. Dyakonov, E. Krupnov, K. Trever, İ. Əliyev, V. Minorski, A. Xazanov və digər alimlər dəstəkləmişlər...

2. Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra iskitlərin böyük bir hissəsi Qafqaz dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, iskitlər Ön Asiyadan Quzey Qafqaza e.ə. 584 - cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda, əsasən Sakasena ərazisində qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli iskitlərdir, Sakasena iskit xaqanlığının tərkib hissəsi olmamışdır, saklarsa "qalan iskitlərdir".

3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə, saklar Güney Qafqaza müstəqil surətdə, e.ə. Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V. Struvedir. O, Strabonun Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına iskitlərdən müstəqil surətdə Əhəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman Sakasenanı iskit xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz."

Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, "iskitlər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə, iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.



Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar. Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə "sak" adı e.ə. Vll əsrin ortalarına aid Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı."

Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, iskitlər Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi qaynaqda qeyd edilən "İskitlər Manna ölkəsinin vilayətində yaşayırlar" sözlərinə istinadən iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715 - ci ilə aid Aşşur mənbəsində qeyd edilən "Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər" sözlərinə istinadən vurğulayır:



"Kimmer, iskit və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır. Mixi qaynaqlarda antik mənbələrin" kimmer" adı "qimiraya" (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala" rayonu) yer adları qalmışdır. Saklar əsasən Azərbay-canın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada "şiş papaq" saklar yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan (türk. bala "çöl, düzən"; mənası "Sak düzü") adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu - Vll əsrin əvvəllərində Qafqaz dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də məskunlaşmışdılar."

Qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışıqlıq yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlərimiz bugünə qədər əski rus – sovet konsepsiyasına sadiq qalaraq, iskit-sakların Azərbaycana e.ə. Vlll-Vll əsrlərdə guya kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə düşmür. Sözügedən xalqların etnuk mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli-başlı xaos hökm sürməkdədir. Odur ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.

Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşünaslıqda "iskit" adına münasibətdə açıq-aşkar tam sərbəst bir yanaşma hiss edilir:

"İskit və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı - ayrı əyalətlərinin adları kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə, çox güman ki, qohum olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər iskit və sak etnonimlərinin hansı halda konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin iskitləri ilə qarışdır-maq lazım deyildir. İskitlərin və sakların eyniləşdirilməsi antik müəlliflərin məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın əsas səbəbi olmuşdur."

Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında iskit əvəzinə hər yerdə "işquz", Firidun Ağasıoğlu isə "sak" etnonimini "saqa" və "saqat" formasında yazmış və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl "işquz" formasından istifadə edərkən elmdə mövcud olan və "iskit" termininin Aşşur mixi yazılarındakı "işquz" etnonimindən törədiyi məntiqini əsas götürən fikrə əsaslanmışdır. Bu metod ilk baxışdan doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki "işquz" etnonimi konkret bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. "İşquz" terminindən törədiyi söylənilən "iskit" terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə "skolot" adlandırdıqları Qara dəniz iskitlərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur mənbələrinə istinadən "qimmir" kimi söz açır:



"Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (iskitlər) tərəfindən şərqə doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar."

Firidun Ağasıoğlunun işlətdiy "saqat" termininə gəlincə, qeyd edək, bu dilçi alim "sak" etnonimini "saqa" kimi yazıb - oxumağın daha doğru olacağını düşünməkdə, "iskit" terminin də "saqa" və "at"(ut) cəm şəkilçisinin birləşməsindən yarandığını, "iskit" əvəzinə "saqat" (saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə qəbul edilmiş "kimmer" termininin əvəzinə də daha doğru olan "qamər" yazmağı lazım bilmişdir:



"Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən, sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub."

Eynən Mahmud İsmayıl, Yusif Yusifov, Qiyasəddin Qeybullayev və bir çox digər alimlər kimi iskit və sakları Azərbaycan ərazisinə kənardan gəlmiş xalq hesab edən Firidun Ağasıoğlunun işlətdiyi "qamər", "saqa" və "saqat" terminləri doğru, məntiqi və cəlbedici görünsə də, artıq qəbul edilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.

Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında "iskit" etnonumi "skif" formasında işlənməkdədir və bu forma uzun illər, rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək, Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q.Qeybullayevin içindən sitatlar təqdim etdiyimiz kitabında bəzən "iskit", bəzənsə "skif" yazılmışdır. "İskit" termininə gəlincə, bu, Türkiyədə qəbul olunmuş formadır və son dövrlər Azərbaycan elmi ədəbiyyatında da geniş istifadə edilməkdədir. Biz də doğru olmamasına rəğmən, eyni formadan istifadə etməyi lazım bildik. Çünki bu forma artıq Azərbaycan ədəbiyyatında "vətəndaşlıq hüququ" qazanmışdır. Hərçənd ki, onu "skit" formasında işlədənlər də vardır. Bu baxımdan Yusif Yusifovu misal çəkə bilərik.

Qeyd edək ki, ingilis dilində sözügedən etnonim "scyth" formasında yazılmaqda, "skiz" kimi oxunmaqdadır. Türkiyə və Azərbaycan ədəbiyyatında işlək olan "iskit" termini ingiliscədəki "scyth" yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, yəni "scyth" yazılış formasını özlərinə məxsus şəkildə "skif" kimi oxumuş və bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, eyni forma uzun müddət Azərbaycan elmi ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar ki, bütünlüklə imtina edilmişdir.

Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan "skiz" forması daha yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki "işquz" etnonimindən ya birbaşa, ya da sələfləri vasitəsilə əxz etmiş, fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir. Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir. Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə iskitlər barədə Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T. Sulmirski bldirir ki, "iskit" terminini ilk dəfə məhz Hesiod işlətmişdir.

Herodotun əsərlərində rast gəldiyimiz "iskit" etnoniminin düzgün oxunuşunun "skuthai", yəni "skuzay" olduğunu əsaslandıran İ.Dyakonov bu fikrini Aşşur mənbələində adlarına "asquzay" (aşquzlar), Babil mənbələrində "işquzay" (işquzlar), qədim yəhudi mənbələrində isə "aşquz" kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan mənbələrindəki "iskit" (skiz) adının bu etnik qrupun adından qaynaqlandığını bildirmişdir.

Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev yazır:

"Vll əsrə aid aşşur mənbələrində iskitlər "aşquzay" (aşğuzay) və "işquzay" (işğuzay) adlandırılır. İ. M. Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə verdikləri addır. Çünki aşşurlar yeni gələn tayfalara özlərindən yeni ad verə bilməzdilər... İ. M. Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan "iskit" kəlməsi aşşurların "aşquzay", "işquzay" kəlməsindən törəmişdir. Lakin etnonimin əvvəlindəki "a","i" hərflərinin guya aşşur dilinin əlavəsi olduğunu və guya "d" səsinin "z" hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir."

"Çar iskitləri" adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən etnonimi qədim sami (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil, sələfi Aristey vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmişdir. Tədqiqatçı "skuz" oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin "quz" (oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki, qədim sami mənbələrində adlarına rast gəldiyimiz işquzlarla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx bağlılıq var və bu fikri bizdən çox-çox öncələr söyləmişlər. Bu barədə sırası gəldikdə söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq sami mənbələrində konkret etnik qrup kimi qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə iskitlərə, daha dəqiq desək, xaqan iskitlərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək mümkün deyil. Çünki antik müəlliflər "iskit" ("skuz" kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar. Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz "çar (xaqan) iskitləri"nə aid olduğunu bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, "çar iskitlərinin" oğuzlar olduğu barədə Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə qalmayacaq.

Konkret olaraq saklar barədə bizə nələr məlumdur?

Yuxarıda artıq qeyd edildiyi kimi, "sak" etnoniminə ilk dəfə e.ə.Vll əsrin ortalarına aid Aşşur mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşquz) da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı-ayrı etnik qruplar kimi tanımaqda və təq-dim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin adı da "qimiraya" kimi çəkilmişdir.

Maraqlıdır ki, Aşşur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı olan etnik qrup bəzən "kimmer" (qimiraya), bəzən isə "sak" adlandırılır. Bu barədə E.Qrantovski yazmışdır:

"1933 - cü ildə Aşşurbanipalın (e.ə. 668 - 663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme bu yazıda (146-cı sətirdə) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir. Lakin sonralar X. Tadmor sübut etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan iskitlərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı olub." .

Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd, ola bilər ki, həmin dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşlar. Mətndən başqa bir ehtimal da doğur: Burada ya "sak" konkret bir etnik qrupun adıdır, "kimmer" etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin - sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların ümumiləşdirici adı kimi çıxış edir.

Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlanırsa, kimmerlərin adı e.ə. Vlll əsrə , kutilərin adı isə e.ə. lll - ll minilliklərə aid mənbələrdə qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik. Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, "sak" etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görəcəyimiz kimi, həm antik dövr tarixçilrinin məlumatları, həm də arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.

Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri-fəal olmaları və aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiyasi arenada daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə saklar bütün qohum etnik qruplarını öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen - bol bəhs etdiyi halda, nə kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bisitun kitabəsinin farsdilli mətnində "sak" yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, "kimmer" (qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini itirmiş və saklardan asılı vəziyyətə düşmüşdülər. Əslində isə, kimmerlərin kutilərlə birlikdə sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç kəsə məlum deyildilər.

Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahillərinə sıxışdırmışdır. Lakin tarixin atası bu hadisəni iki versiyada nəql etmişdir. İkinci versiyaya görə iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar. Lakin mütəxəssislər həmişə birinci versiyaya üstünlük vermiş və bu iskitlərdən gəlmə xalq kimi söhbət açmışlar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və sakların ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir. Bu barədə bir qədər sonra.

Herodot Qara dəniz sahillərində yaşayan iskitləri "skolot" adlandırır. Skolotların tədqiqi bu əsərdə qarşıya qoyulan hədəflərin obyektlərindən biri olmasa da, iskitlərin dil və etnik mənsubiyyəti barədə müəyyən təsəvvür əldə etmək üçün onlar barədə də bir neçə kəlmə söyləməmiz lazımdır.

Qiyasəddin Qeybullayev "skolot" etnonimi barədə yazır:

"Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış "skolot" etnoniminin "iskutay", "iskuday" (Müəllif “işquz” etnonimini belə oxumaq lazım olduğunu düşünür) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim (ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox türk xalqlarında qorunub saxlanılan ad olan)"eskel", eşkil", "iskil", "eskil" etnonimindən və qədim türk dilindəki "-ut", "-"ot" cəm şəkilçisindən yaranmışdır, ikincisi, "skolot" bütün iskitlərin deyil, yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olub."

Deməli, alimin haqlı olaraq qeyd etdiyi kimi, "skolot" adı "eskel" etnonimi və "-ut" cəm şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhbət gedir. Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini "sekel" adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk- -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır:



"Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən, 1553 - 1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi. Bu mətnlər əvvəllər, çox güman ki, tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi. Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə - Vilhelm Tomsenə göndərdi. Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü. Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi. Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı."

Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi. Mətnin dilini Tomsen "qədim macar dili" adlandırdı. Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da, özlərinin türk mənşəliliyini unutmamışdılar.

Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan - avxat, katair, traspi və paralat soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev avxatların bu günə qədər qırğız türklərinin etnik qruplarından biri olan avaqatlar, paralatlların isə Cənubi Rus düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir.

Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sakların bir qismi Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya keçmişdə "kimmer" adlanan utiqurlardan və hunlardan söhbət açarkən onlarla qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir.

Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponimlər də sübut etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının aşşur mənbələrində "qimiraya" (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki Qımır və Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir. Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli, eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən qalma yer adlarıdır. Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü, Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmerlərlə bağlı olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır. Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) 5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və Kiçik Kəmərli kəndlərinin kimmerlərin adını bu günə qədər yaşatdıqlarını vurğulayır, İranın müxtəlif bölgələrində yerləşən Kəmər (2 dənə), Kəmərabad, Qomar,Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin bugünə qadər " qamər" adlandığını diqqətə çatdırmağı da unutmur.

Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq desək, Manna sakinləri kimi söz açmaqdadır. Bu etnik qrupun e.ə Vll əsrdə Kür - Araz ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S. T. Yeremyana görə, iskitlər bura gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar.

Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki, kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz kimi, müəyyən bir dövrdə bu qruplar üçün "kuti" və "kimmer" adlarıı ümumi ad idi. Sonrakı dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici adla tanınmışlar. Bu hal fars - Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün bu qruplar eyni ad altında, yəni "sak" (saka) adı altında qeyd edilmişdir. Halbuki, bu xalqlardan yalnız biri gerçək saklar idilər.

Kimmerlərin və Qara dəniz iskitlərinin (sekellərin) irandilli deyil, türkdilli olduğunu yuxarıda göstərdik. Sakların da türkdilli olduğunu irəlidə göstərəcəyik.

Artıq qetd etdiyimiz kimi, saklardan fərqli olaraq kimmerlərin adına aşşur mənbələrində e.ə. Vlll əsrdən etibarən rast gəlinməkdədir. Bu mənbələr onları Aşşur sərhədlərində qeydə almışlar. Onların ardınca Ön Asiyada işquzlar peyda olurlar. Aşşurlar onları bir-birindən fərqləndirərək, onlardan birini "qimirri", digərini isə "işkuz" adlandırırdılar. Aşşurlara ayrıca saklar da məlum idi. Babil mənbələində isə Əhəmənilərin tarix səhnəsinə çıxışına qədər işquz və sakların adı ümumiyyətlə heç işlənməmiş, onların əvəzinə hər yerdə "qimirri", (yəni kimmer) yazılmışdır. M. A. Dandamayev və V. Q. Lukoninin fikrincə, bu hal ondan qaynaqlanırdı ki, birincisi, Babil ədəbiyyatında arxaikləşdirməyə meyl güclü idi, ikincisi, Ön Asiyaya yürüşlər təşkil edən ilk Şərq xalqı məhz kimmerlər olmuşlar.

Herodotun yazdığına görə, farslar bütün iskitləri "sak" adlandırırdılar. Onun haqlı olduğunu Bisitun kitabəsinin farsdilli yazıları bütünlüklə təsdiq edir. Burada saklarla qohum olan bütün etnik qruplar ümumiləşdirici "saka" adı ilə adlandırılır. Yunanlar isə bütün bu xalqları "iskit" hesab edirdilər. Bu üzdən də bir çox çağdaş müəlliflər özlərini çətinə salmamaq üçün "İskit-saklar", digərləri isə "kimmer-iskit-saklar" terminindən istifadə etmişlər. Mixi yazılarda isə bütün bu xalqların, o cümlədən onlarla etnik və dil baxımından qohum olan madayların (midiyalıların) "umman manda" (Manda ordusu) adlandırılması halı ilə də üzləşmək mümkündür. Məsələn, Nabopallasarın "Xronika"sında Midiya hökmdarı Kiaksar "umman Manda" hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə "madayya" (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə "Manda hökmdarı" ünvanı başqa bir Midiya hökmdarına-Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhürdə isə "umman Manda"lıların məğlub edildiyi göstərilir.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin